Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   ...   8   9   10   11   12   13   14   15   16

 
QOCA 
 

 
Ana tanıyıram iyirmi yaşından  
Dul qaldı. 
Bəlalar ötdü başından.  
Dərdi qabaqladı. 
Kədəri ötdü. 
İki nər cüssəli bala böyütdü.  
Biri çatan kimi on yeddisinə.  
Səs verdi vətənin çağrış səsinə  
Getdi od içinə.  
Getdi,  
Gəlmədi.  
Gənc ömrü yarımçıq bitdi, 
gəlmədi. 
Ana kiçiyinə ümid bağladı,  
Dərdini gizlətdi, gecə ağladı.  
O, bircə arzuya, bircə niyyətə  
Verdi ürəyini, verdi büsbütün.  
Dözdü hər ağrıya, hər əziyyətə,  
"Bir övlad böyütdü bir afət üçün".  
Ona toy elədi. 
Ömür yükündən 
Sandı ki, azaddır bu gündən bəri.  
Ancaq o bilmədi, 
elə o gündən  
Başlanır ən böyük müsibətləri. 
 
Ana öz işini tamam bitirdi. 
Bitirdi! 
Hər şeyi, demək, itirdi. 
Vəzifən bitdimi, borc ödəndimi, 
Üz astara dönür, astar üzləşir. 
  

________________Milli Kitabxana______________ 
225 
 
Geyilib atılmış bir paltar kimi  
İnsan da bu zaman gərəksizləşir. 
 
Ayıra bilmədi yoxuşdan diki,  
O, bunu bilmədi, 
Nə biləydi ki, 
Hər hökmün bitəcək iş-güc bitəndə,  
Hörmətin itəcək hökmün itəndə. 
 
Bir vaxt ayıldı ki, dəyişib yerlər,  
Çömçə isti olub indi qazandan.  
El ağzı - 
fal ağzı 
yaxşı deyirlər, 
Köynək yaxın imiş ürəyə candan.  
Bir vaxt ayıldı ki, 
keçib iş işdən, 
Baxışlar soyuyub, üz yaman dönüb.  
Ana başa düşdü, bu tərpənişdən  
Oğul da, deyəsən, anadan dönüb.  
Gördü ki, hökmünü 
O, bircə-bircə  
İtirir... 
Hörməti əlindən gedir.  
Bir vaxt ayıldı ki, bu ilki sərçə  
Bildirki sərçəyə civ-civ öyrədir. 
 
Köhnəlik - qaynana. 
Yenilik-gəlin! 
Hərə öz fikrində haqlı, 
həm doğru! 
Gələn yeni ilə gedən köhnənin  
Sonu görünməyən döyüşüdür bu. 
 
Ana bu ocağa gəlin gələndən,  
Bu qədim yuvada bir qayda vardı:  
Gəlinlər oyanıb hamıdan erkən 
  

________________Milli Kitabxana______________ 
226 
 
Ərləri yedirib yola salardı.  
Ana bu qaydanı müqəddəs bilir,  
Ana bu qaydanı yaman güdürdü.  
Ana bu qaydanı indi hər səhər  
Təzə gəlinindən tələb edirdi. 
 
Gəlinsə yatırdı doqquza qədər,  
Oğul acqarına işə gedirdi.  
Bir gün,  
beş gün, 
on gün! 
Ötdü beləcə.  
Ana nə danışdı, 
Ana nə dindi.  
Gördü ki, oğul da dinmir...  
Bir gecə  
Dözmədi... 
Gəlinə yaman təpindi.  
İki əqidənin, iki cəbhənin  
Döyüşü başlandı sükutdan sonra.  
Ana dözəmmədi...  
Bu təzə gəlin  
Təzə nırx qoyanda köhnə bazara. 
 
Partladı ürəklər, 
Açıldı üzlər. 
Yaman qanad açdı latayır sözlər. 
Gəlin qaynananı bükdü bucağa: 
- Gözünü dünyaya yaxşı aç, - dedi. 
İndi mən sahibəm, mən, bu ocağa. 
İşə bax! 
Yerliyə yersiz qaç - dedi. 
Köməyə çağırdı ana oğlunu. 
Oğul danışmadı... 
Durdu kirimiş. 
Ana bilmədi ki, bu imiş sonu, 
  

________________Milli Kitabxana______________ 
227 
 
Gəlin gələn kimi oğul itirmiş.  
Ara verilmədi evdə davaya,  
Ürəklər partladı qəzəbdən, kindən.  
Oğul barış üçün girdi araya,  
Heç biri dönmədi öz cəbhəsindəıı. 
- Bizim zəmanədə belə deyildi. 
- Saxla! Çoxdan bitib sənin zamanın. 
Ana bilmədi ki, 
Günəş əyildi, 
Öz təzə hökmü var təzə dövranın.  
Elə ki qocaldın,  
Bil öz yerini! 
Oynaya bilmirsən, göz yum hər şeyə.  
Əlacın odur ki, 
Gördüklərini  
Vurasan həmişə görməməzliyə, 
 
Bu da nöqsanıdır Qorqud Dədənin,  
Dördcə naxışında yanıldı nəqqaş.  
Oğulu anadan ayıran gəlin,  
"Gəlin" yox, 
"Ayıran" çağrılaydı kaş! 
 
Oğul arvadına haqq verdi yüz yol,  
Ananın könlündə düyünləndi daş.  
Bir deyən olmadı, ay dönük oğul,  
Axı, üz var idi, saqqal çıxmamış. 
 
Ümidlər, arzular gördü talanmış,  
Ayıran dırnağı ətdən ayırdı.  
Bir deyən olmadı, a canıyanmış,  
Axı, diş yox ikən dodaq ki vardı. 
 
Gördü ki, bu oğul, o oğul deyil,  
Gördü ki, umubmuş zərərdən xeyir.  
Belin ağrısmı, gördü, bel deyil,  
Kəmər inildəyib çəkmək istəyir. 
  

________________Milli Kitabxana______________ 
228 
 
Ürək ağrılarla dolub daşanda  
İnsan başdan-başa gileyləşərmiş.  
Yad qızı ocağa doğmalaşanda,  
Doğmalar get-gedə ögeyləşərmiş. 
 
Ana öz işini tamam bitirdi. 
Bitirdi... 
Hər şeyi, demək, itirdi. 
Bu dünya belədir, 
Baxmır fəryada.  
Vaxt çatdı. 
Köçünü çək yavaş-yavaş.  
Vəzifən bitdimi sənin dünyada – 
Özünü bitmiş bil, özünü, qardaş! 
 
Bu dünya belədir, 
Götürə bilmir 
Saxta bir bəzəyi, saxta bir süsü.  
Nəfs artıq tikəni ötürə bilmir  
Gərəklik - insanın dəyər ölçüsü!  
Gərək bilirlərsə dünyada səni,  
Böyründə-başında dost görəcəksən.  
Elə ki, itirdin gərəkliyini,  
Dünyada hər şeyi itirəcəksən. 
 
Yerləri astaca dəyişir zaman,  
Baxmır nə fəryada, nə göz yaşına.  
Dünənki məqamı əlindən çıxan  
Dünəni bu günün qaxır baına: 
 
- Səni bu dünyaya mən gətirmişəm,  
Sənə döşlərimdən mən süd vermişəm.  
Gecələr yatmadım yatasan deyə,  
Böyüdüb çatdırdım səni ərsəyə. 
 
Mən sənin həm atan, həm anan oldum,  
Axırda beləcə aldanan oldum.  
Anam özünə yad tutdun, oğul,  
Borcunu nə yaman unutdun, oğul? 
 
  

________________Milli Kitabxana______________ 
229 
 
- Adicə bir işdir bala yetirmək  
Ananm analıq təbiətinə.  
Məlum gerçəkləri dilə gətirmək  
Yaraşmır, ay ana, ləyaqətinə. 
 
Əmanət kassası deyil uşaqlar,  
Xərcindən kəsərək qazanc görəsən.  
Artıq gəlirini orda saxlayıb,  
Sonra faiziylə ömür sürəsən. 
 
Uşaq tək baxırıq oğula, qıza,  
Bilmirik böyüyür ilbəil övlad.  
Rahat yaşamaqçün 
sabahımıza  
Dünən verdiyimiz borc deyil övlad. 
 
Yanında böyüyür... 
Ancaq yaxşı bil, 
Oğul da yar üçün, qız da yar üçün.  
Övladlar, övladlar! Bizimçün deyil,  
Biz onlar üçünük, biz onlar üçün! 
 
Övlad - sevgimizdən göyərən nübar,  
Təzədən yaradır övladlar bizi.  
Odur ki borcunu deyil, 
qoy onlar  
Bizə qaytarsınlar öz sevgimizi. 
 
Ay ana, asandır borcu qaytarmaq,  
Sevgini qaytarmaq çətindir, çətin!  
Övladlıq borcunu ödəmək ancaq,  
Əvəzi deyildir hələ sevginin.  
Övlada borcunu yada salanda,  
Ana sevgisini umur oğuldan.  
Məhəbbət! 
Məhəbbət unudulanda,  
Borcunu istəyir borcludan insan. 
 
  

________________Milli Kitabxana______________ 
230 
 

 
Yığılıb məclisə dostlar, tanışlar,  
Oğul ad gününü keçirir bu gün.  
Sağlıqlar baş alır: 
-Bir arzumuz var:  
Daim çiçək açsın qoy sənin ömrün.  
Qapının dalında dayanıb ana,  
Məclisi dinləyir: 
- Sənin zəkana, 
Sənin hünərinə biz ki məftunuq.  
Ana fərəhlənir... 
Ancaq neyləsin,  
İçəri girməyə ixtiyarı yox. 
 
- Bu gözəl dünyaya səni bəxş edən  
Anaya afərin, anaya əhsən!  
Necə fərəhlənir, sevinir ana,  
Qapının dalından baxır oğluna.  
Belə də dərd olar? 
Oğul doğasan, 
Onun şad gününə gendən baxasan?  
Dözmədi...  
İstədi keçib içəri,  
Qışqıra, deyə ki, bayaqdan bəri  
Əhsən dediyiniz ana mənəm, mən,  
Mənəm onu doğub özgəyə verən.  
Saxladı özünü, azca qımışdı. 
Səhərki söhbət 
Yadına düşdü,  
Gəlin demişdi: 
-
 
Cavanlar gələcək, cavanlar ancaq.  
Bugünkü məclisin sənə dəxli yox.  
-
 
Hə, başa düşürəm. 
Nə desin ana, 
Anladı, balanın doğum gününün  
Bir dəxli yox imiş oğul doğana... 
  

________________Milli Kitabxana______________ 
231 
 
Olmadı, olmadı bir deyən ona: 
- Bəs doğum günündə şadlıq etdiyin 
Oğulu kim doğub, ay nankor gəlin? 
- Bu gözəl ölkəyə səni bəxş edən 
Anaya afərin, anaya əhsən! 
Dilxor oldusa da sağlıqdan yana, 
Gəlin susdu... 
Bu yerdə o, dinə bilməz.  
Şəninə təriflər söylənən ana  
Qapı dalındadır, 
bilmədi bir kəs. 
  
- Bu sağlıq üstündə indi gərək sən, 
"Ana" mahnısını çalasan bizə. 
Övladın analıq məhəbbətindən 
Qoy atəş çilənsin ürəyimizə. 
 
Oğul bir inamla qalxdı ayağa,  
Divardan tarını aldı ürəklə.  
Ana ürəyini duya bilməyən  
"Ana" mahnısını çaldı ürəklə. 
 
Bəs niyə kövrəldin, gəlin, ay gəlin,  
Öz mərhum ananmı durdu gözündə?  
Bəs ana qəlbinə niyə dağ çəkdin?  
Axı, bir anasan sabah özün də. 
 
Boylusan... Zaman da yaman dövr edir,  
Sən nə ilk anasan, nə də son ana.  
Bəs ana deyilmi, özün söylə bir,  
O qapı dalında qoyduğun ana? 
 
Sən də bir anasan, gəlin, ay gəlin,  
İndini sabaha girov vermisən.  
Əgər qaynanana elədiklərin  
Gəlsə öz başına, götürərmisən? 
 
  

________________Milli Kitabxana______________ 
232 
 
Nə tez doğmalaşdın sən yad oğluna?  
Ana öz oğlunun çiyninə yükmüş.  
Sən demə, ananın haqqı yox ona,  
Amma yad qızının haqqı böyükmüş,  
O da haqq, bu da haqq! 
Haqsızlığa bax! 
 
Dəyişir yerini necə də haqlar.  
Dövran dolandıqca, dünənki qonaq  
Bu gün sahib olub, səni ayaqlar. 
 
Balanın ad günü yazıq ananın  
Şad günü olmadı, dad günü oldu.  
Başında turp əkdi o, qaynananın,  
O, gəlin olmadı, o, günü oldu. 
 
Gəlin nə dedisə ər qulaq asdı,  
Gəlin qaynananı bucağa basdı. 
 
Göydən ulduz tökdü amansız gəlin, 
Zərbini göstərdi, 
Qələbə çaldı. 
Üçcə ay keçməmiş bu qansız gəlin 
Evdə hakimliyi əlinə aldı. 
 
Ana danışmadı, 
kiridi. susdu. 
Axı, çoxlarını qınamışdı o.  
İndi öz başına gəldi... 
İşə bax! 
Bircə şey düşünür, bircə şey ancaq:  
"Hər şeyə dözərəm, təki tək balam,  
Qəlbi qırıq balam, o kövrək balam  
Fikir eyləməsin, heç darıxmasın.  
Bir də... evin sirri çölə çıxmasın..."  
Ana başa düşdü: Bu haya, küyə  
Dözməz. 
  

________________Milli Kitabxana______________ 
233 
 
Oğluna da o qıya bilməz. 
Yox, yox! Bundan sonra dözüb hər şeyə, 
Gəlinlə bir evdə yaşaya bilməz! 
 
Atdı anasını ikinci oğul  
Anası bir kəlmə dedi: - Çox sağ ol,  
Boğdu içindəki üsyan səsini.  
Dedi: Neyləməli, beləymiş qədər.  
Yığdı boğçasını, düyünçəsini,  
Qocalar evinə köçdü bir səhər. 
 
III Fəsil 
 
Qocalar evi 
 

 
Əyləşir qocalar ikibir, üçbir.  
Qocalar evinin dəhlizlərində.  
Ömür kitabları sətirbəsətir  
Oxunur onların bənizlərində. 
 
Nədənsə danışır solğun baxışlar,  
Orda təəssüf də, təəccüb də var.  
Hansı əzabların şırımlarıdır  
Üzlərdə açılan dərin qırışlar? 
 
Bir ömrün zirvəsi... 
Tərəzi, 
çəki. 
Azmıdır, çoxmudur xeyri şərindən.  
Həyatın qayğısı, həyatın yükü  
Artıq götürülüb çiyinlərindən. 
 
Yoxdur bu dünyadan qəsdi, qərəzi,  
Xoşbəxtmi, bədbəxtmi bu halında o?  
Qurulur içində mizan-tərəzi,  
Görən, nəyi çəkir xəyalında o? 
 

________________Milli Kitabxana______________ 
234 
 
Tərəzi gözləri... tutuşdu, endi,  
O, ürək açmağa sirdaş axtarır.  
Verib cəmiyyətə borcunu... 
İndi  
Haqqını çəkməyə bir daş axtarır. 
 
Borcunu namusla verən kəslərin  
Haqqını mümkünmü daş ilə çəkmək?  
Yox! O ağırlıqda daş hanı? Yəqin,  
O haqqı borcunla çəkəsən gərək. 
 
Gənclik - arzuların uçuş nöqtəsi,  
Qocalıq - qonduğun sonuncu məskən.  
Sənə pıçıldayır ömrün zirvəsi,  
Düşün, nəyi nəyə qurban vermisən? 
 
İndi qazancın nə, uduzduğun nə?  
Görursən axırda hamısı birdir.  
İstər ağlayana, istər gülənə  
Onsuz da bu dünya həmişə sirdir. 
 
Kim aça bilibdir bu sirri, de, kim?  
Çoxu qora ikən mövüc olubdur...  
"Dünya mənimkidir" söyləyən hakim  
Dünyanın əlində mürmüc olubdur. 
 
Bizə təbiətin verdiklərini  
Zaman alır...  
Bizə qocalıq qalır.  
Hər gələn gedənin tutur yerini,  
Zaman təbiətdən intiqam alır.  
Sönüb ocaqları, sönüb odları,  
Dərin düşüncələr baş alıb gedir.  
Həyat yox, 
arzu yox, 
İndi onları 
Düşüncə tərpədir, fikir tərpədir.  
Yata da bilmirlər...  
Sübhədək oyaq. 
  

________________Milli Kitabxana______________ 
235 
 
Oyulur döşəkcə, oyulur balış.  
Adamlar bir yana, 
Sən bir işə bax,  
Qocadan yuxu da bezar olarmış. 
 
Çiynindən düşdümü həyatın yükü,  
Həyatın ləzzəti bitdi büsbütün.  
Arzular eşqinə yox, bunu bil ki,  
İndi yaşayırsan yaşamaq üçün.  
Ölüncə bu yükdən həzər eyləmə! 
Gileylənmə, gəl.  
Çək onu ürəklə! 
Həyat, sən demə,  
Həyatın yükünü çəkərkən gözəl! 
 

 
Qocalar evində səliqə, sahman...  
Otaqda hər kəsin öz guşəsi var.  
Masanın üstündə gözlük, qələmdan,  
Qəzetlər, jurnallar, cild-cild kitablar.  
Dolabın üstündə kibrit və siqar,  
Cürbəcür nüsxəli həblər, dərmanlar.  
Balaca otağın baş divarından  
Cavanlıq şəklini asıb hər biri.  
Güzgüdə özünü gördümü? Bir an,  
Şəkilə zillənir tez nəzərləri. 
 
Bu gün, dünən ilə durur yan-yana,  
Dayanıb arada uçurum - illər.  
Xəyalın xatirə qanadlarına  
Sığınıb, 
Dünənə uçur könüllər. 
Gah ona, 
gah buna dönür baxışlar,  
Təəssüf bu günə, alqış dünənə! 
  

________________Milli Kitabxana______________ 
236 
 
Güzgüyə baxanda əyilən başlar,  
Şəkilə baxanda diklənir yenə.  
Bu günü - qocalıq, sabahı - torpaq,  
Dünənlə yaşayır, dünənlə ancaq! 
 
Üç oğul atası çilingər əmi  
Qocalar evinə yenicə köçmüş.  
Dünyanın kədəri, dünyanın qəmi,  
Elə bil çiynindən qəlbinə çökmüş. 
 
Qocalar evinin qaydalarına  
Nə qədər çalışır uyuşa bilmir.  
Yaman ağır gəlir atılmaq ona,  
Pəncərə önündən bir an çəkilmir. 
 
O, hər gün gözləyir, "yox, ola bilməz,  
Atalar, analar atıla bilməz".  
Çırpınır ürəyi bu dar qəfəsdə,  
Gözləri bayırda, qulağı səsdə. 
 
Beləcə günləri o yola saldı, 
Kişinin gözləri yollarda qaldı. 
"Demək haqq da məndə, günah da məndə... 
Onların bir sözü yalan olmadı. 
Ya haqlı, ya haqsız, mən inciyəndə, 
Bir dəfə könlümü alan olmadı, 
Qolunu boynuma salan olmadı. 
Təkliyin qəmini tək özüm yedim, 
Əhvalım, ovqatmı heç sorulmadı. 
Neçə yol hirslənib "gedirəm" - dedim, 
Bir yol qabağımı kəsən olmadı. 
 
Qalmayıb amanım, qalmayıb heyim,  
Könül xanımanım nə tez uçuldu.  
Öz isti yuvamdan köçüb gəlməyim,  
Sən demə, onların könlündən oldu..." 
  

________________Milli Kitabxana______________ 
237 
 
Bir gün zəng də çaldı evə çilingər,  
Nəvəsi götürdü dəstəyi... 
- Bəli!  
Bilmədi nə desin? 
Yaşardı gözlər.  
Titrədi dodağı,  
Titrədi dili... 
Nəvəsi qışqırdı: - Cavab versənə!  
Avaranın biri. Susdu o yenə.  
Amma tel-tel oldu qəlbi bu səsdən,  
Dedi: - O düz deyir, avarayam mən.  
Dəstəyi asınca ürəyindəki  
Yaralar qövr etdi... 
Doğulan təki 
Qoca, nəvəsinə adını verdi.  
Nəvə babasına çox bənzəyidi. 
 
Düşündü: "Eybi yox, dolanıb dövran,  
Yerbəyer eyləyər tez-gec hamını.  
Alar mənim nəvəm öz atasından  
Bir gün babasının intiqamını". 
 
Qızıl çərçivədə köhnə bir şəkil:  
Rəqs edir ucaboy, gözəl bir oğlan. 
- O kimdir? 
- Yaxşı bax. 
- Gözüm kor deyil. 
Tanıya bilmirəm. 
Hirsləndi rəqqas: 
- Məni tanımırsan? 
Gözlüyünü tax,  
Bir də yaxşı bax. 
- Səni tanıyıram, onu yox ancaq. 
- Hə... bunu düz dedin, nə qaldı bizdən? 
Çoxdan ayrılmışıq öz-özümüzdən. 
Buro-buro deyən günlərim vardı. 
  

________________Milli Kitabxana______________ 
238 
 
Mən idim bəzəyi toy-düyünlərin.  
Qızlar da həsrətlə mənə baxardı,  
Eh, keçən günlərim, keçən günlərim,  
Deyib qoca rəqqas ah çəkdi... 
Yenə, 
Oğrun baxışlarla baxdı şəklinə.  
Qaydadır həsrətlə baxar həmişə  
Cavan gələcəyə, qoca keçmişə. 
 
Cavanın sərvəti - hələ öndədir,  
Qocanın nəyi var - keçmişindədir.  
O: - Keçən günlərə gün çatmaz - deyə  
Siqar tüstüsünü çəkdi sinəyə. 
- Ə... fikir verirəm bayaqdan sənə, 
Çəkirsən dalbadal, çəkirsən yenə. 
Tərgidə bilmirsən, azalt bir qədər, 
Canına yazığın gəlməyir məgər? 
- Nə can? Gün axşamdır, ölümdən danış, 
Artıq nə can qalınış, nə ömür qalmış. 
 
- Deyirsən, tirlənib uzanaq indi? 
Ömrün qalan payı daha şirindi. 
Sən o zəhrimarı bir qədər az çək, 
Gör nə günə salıb səni öskürək? 
Çöldən tapmamısan, axı, bu canı, 
Onun əvəzinə iç o dərmanı. 
- Hansnı; deyirsən? O sarı tozu? 
Özünü aldadıb yaşamaq yetər. 
Dibindən quruyan ağacıq... Bizi, 
Nə gübrə göyərdər, nə su göyərdər. 
- Sus, elə danışma, qorxuram. 
-Nədən? 
- Yox, hələ yaşamaq istəyirəm mən. 
- Bəs mən istəmirəm? 
- Ömür çox gödək! 
- Gec, ya tez, yaranan bir gün gedəcək. 
- İnsan iki dəfə yaşayaydı kaş! 
  

________________Milli Kitabxana______________ 
239 
 
Yaman üşüyürəm... 
-Mən də a, qardaş! 
Neçə dərəcədir istilik görən? 
Hava çox güman ki, soyuyub yenə, 
Bir o dərəcəyə göz yetirsənə. 
Gözlüyü tax. 
- Kişi, görür gözümüz. 
Gözlüyü gözümə sən dürtmə tez-tez. 
O qalxdı, 
boylandı termometrə, 
Çırpdı dizlərinə o, birdən-birə: 
- Sən öl, bir işə bax, iyirmi səkkiz! 
- A kişi, bəs niyə üşüyürük biz? 
- Hava nə istiymiş, xəbərimiz yox. 
- Çölümüz istidir, içimiz soyuq. 
İndi sən gordünmü haqlıyam, lələ, 
Davadan, dərmandan kar aşmaz bizə. 
Boş-boş ümidlərlə, təsəllilərlə 
Özünü aldatmaq yaraşmaz bizə. 
 
- Bircə yay gələydi... 
- Nəyinə gərək? 
Dinmədi, kiridi. 
- Susma, de görək. 
- Qəlbim nəyi isə gözləyir müdam 
Ancaq gözləyəndə yaşayır adam. 
- Bizimçin yaz ilə qışın nə fərqi 
Yüz ilə, on ilə beşin nə fərqi. 
Ölüm kandarında dayanmışıq biz 
İndi bu dünyada gözlədiyimiz 
Yalnız bircə şey var: Ölüm! 
- De, kiri! 
Məlum həqiqəti möcüzə kimi  
Dürtmə gözümüzə, bilirik bunu,  
Bilirik dünyanın puç olduğunu.  
-Kişi, indi zaman o zaman deyil  
Dünyanın başına havamı gəldi? 
 

________________Milli Kitabxana______________ 
240 
 
Kökündən dəyişib hər şey elə bil  
Bizim vaxtımızda belə deyildi.  
İndi havanın da dəyişib qəsdi  
Əvvəllər hər fəslin öz dəmi vardı.  
Nə baş gicəllədən yay elə isti,  
Nə də qış bu qədər soyuq olardı... 
-Vallah, düz deyirsən, dəyişib hər şey 
Nə yer həmən yerdir, nə göy həmən göy. 
Görmürsən, uzanıb indi gecələr 
Vallah, uzaq düşüb gecədən səhər. 
 
Günəş doğanadək o yan-bu yana  
Dönməkdən canım da gəlib cəzana.  
Sevinci, ləzzəti bitdi dünyanın  
Ən gözəl vaxtları getdi dünyanın. 
- Bir sözlə, hər şeyin qalıb tək adı 
Dəyişib ləzzəti, dəyişib dadı 
Hanı o bulaqlar, hanı o sular? 
Mən uşaq olanda qoyun-quzular 
Necə mələşərdi... hanı, bəs hanı? 
Qoyun da, quzu da indi ağzını 
Elə açıb-yumur, mələmir niyə? 
...Qulağı da ağır eşidir deyə 
Elə zənn edir ki, mələmir daha  
Nə qoyun, nə quzu... 
- Pənah Allaha. 
 
- Hələ adamlar da dəyişib tamam 
Düzü, bu işlərə lap mat qalmışam. 
Boylar da kiçilib ürəklər kimi 
Əvvəlki o nəhəng adamlar hanı? 
Tanıya bilmirəm köhnə dünyanı 
Mənim yaşıdlarım bilmirəm nədən 
Çox yaşlı görunür məndən... hə... dünən 
Məktəb yoldaşımı gördüm bağçada 
Yaman vayxırlayıb, qocalıb o da 
Tanıdım kişini mən görən təki 
O isə o qədər dəyişibdi ki, 
  

________________Milli Kitabxana______________ 
241 
 
Məni tanımadı... 
Deyərək qoca 
Şirin nağılına güldü doyunca.  
Sonra birdən-birə o köks ötürdü  
Yoxsa divardakı asma güzgüdə  
Özünü gördü... 
Baxdı, xeyli baxdı, bir az diksindi  
Dedi: - Güzgülər də dəyişib indi.  
O qədim, o gözəl güzgülər hanı?  
Yoxsa gözəlliyin bitdi zamanı? 
 

 
Bir şəkil çıxartdı cibindən qoca.  
Baxdı, xeyli baxdı, baxdı doyunca. 
- Bu oğlum, bu qızım... 
- Bəs bu balaca? 
- Nəvəmdir, bu yeznəm, bu da... 
- Hə, kimdir? 
O, gəlinimdir. 
- A kişi, sənin ki, uşaqların var, 
Sən allah, bəs burda nə azarın var? 
Dedi: - Özümdədir, vallah, hər günah. 
Olmaq istəmədim heç kəsə möhtac. 
Biz dünya görmüşük, deyirəm, Allah 
Sağ gözü etməsin sol gözə nıöhtac. 
 
Elə ki, rəhmətlik arvadım öldü,  
Mənim bu dünyadan əlim üzüldü.  
Yük ola bimədim cavan gəlinə,  
Allah da çox gördü mənə qarımı.  
Bura gəlməyimdə, inan, mən yenə  
Günahkar bilmirəm uşaqlarımı. 
 
Sındırmır özünü, axı, nə gərək?  
Sirrini içində saxlayır qoca.  
Elə ki yatağa girir, 
sübhədək  
Yorğanın altında ağlayır qoca. 
  

________________Milli Kitabxana______________ 
242 
 
Keçirib işığı o qoca rəqqas,  
Girir yatağına... yataq buz, o buz.  
Dikilir otaqdan çölə baxışı,  
Otaq zil qaranlıq, göy ulduz-ulduz.  
Dinləyir, döyükür... 
Bu nədir belə?  
O, inilti səsi eşidir birdən.  
Boylanır yatağa o, diqqət ilə:  
"Yoxsa, o ağlayır?..  
Gör neylədim mən?  
Deyəsən, kişinin qəlbinə dəydim..."  
Ağlayır... Əvəllər mən də beləydim..." 
 
Gecənin yarısı... Çilingər oyaq.  
Rəqqas asta-asta dillənir: - Deyən,  
Sənin ürəyinə toxundum bayaq,  
Əgər belədirsə, keç təqsirimdən 
 
Düzünü söylədim mən sənə ancaq  
Qardaş, aldatmayaq bir-birimizi,  
Düzünü deyək ki, atıblar bizi.  
Gerçəyi gizlədib, düzü danmayaq,  
Övladlar utansın, biz utanmayaq. 
 
Dövranın gərdişi belədir, belə  
Bu dünya əzəldən yaman dünyadı.  
Güclünü qaldırar çiyinlərinə,  
Gücsüzü çiynindən atan dünyadı. 
 
Kimini qaldırar yerdən göylərə  
Kimiııi endirər göylərdən yerə.  
Yaxşını yamana, xeyiri şərə,  
Doğrunu əyriyə satan dünyadı. 
 
Tutma bu dünyanı, tutma təkəlli,  
Nagahan gülüşü yenə təsəlli.  
Nə sevincı bəlli, nə qəmi bəlli,  
Zəhəri şəkərə qatan dünyadı. 
  

________________Milli Kitabxana______________ 
243 
 
Bu necə anadır, düz ilqarı yox,  
Kiminə sığaldır, kiminə yumruq.  
Yeyə bilənlərə bir tikə quyruq,  
Yeyə bilməyənə yavan dünyadı. 
 
Uşaqla oynayar, gənclə bəhs edər,  
Kim ona ağ olsa ona qəsd edər.  
Bizi əldən salar, bizi sinsidər,  
Özü haman dünya, haman dünyadı,  
Doğrusu, bu dünya yaman dünyadı. 
 

 
- Mənim aman-zaman bir oğlum vardı,  
Onu da əlimdən ölüm apardı.  
Ömrün bu çağında qaldım köməksiz,  
Qocalar evini quran var olsun,  
Əlacsız qalmadıq bu məqamda biz.  
Sən də mənim kimi övlad sarıdan  
Deyəsən, məğmunsan?.. 
Duruxdu bir an,  
Ana bilmədi ki, nə desin?.. 
Birdən 
Dönüb dedi: - Mənmi?  
-Hə! 
-Sonsuzam mən. 
"Sonsuzam!" Sözdəki dəhşətə bir bax!  
Yəni, məndən sonra heç kim dünyada  
Mənim çırağımı yandırmayacaq.  
Sonsuzam! Meyvəsiz bir kökəm, soyam,  
Əslimin, nəslimin sonuncusuyam.  
Ana yalan dedi, qəlbindəkilər  
Dilinə gəlmədi.  
Yox, gələ bilməz.  
Nə özü, nə oğlu, nə də gəlini  
Özgələr önündə alçala bilməz.  
Susdu... 
  

________________Milli Kitabxana______________ 
244 
 
Boğazında düyüldü qəhər,  
Saxladı özünü ana birtəhər. 
- Bəs hara gedirsən herdən axşamlar? 
- Körpələr evinə. 
- Orda kimin var? 
- Ora dayaq yerim, ümiid yerimdir. 
Ordakı atılmış bütün körpələr 
Elə bilirəm ki, nəvələrimdir. 
 
Qoca söz demədi, bir siqar eşdi,  
Mətləbi anladı, sozü dəyişdi.  
Yenə danışdılar dağdan, arandan,  
Hər kəs otağına keçdiyi zaman,  
Qoca dedi: - Səndən bir xahişim var  
Ora nə vaxt getsən məni də apar. 
 
Küçənin bu tayı - Körpələr evi,  
O tayj - qocalar sığınacağı.  
İnsan möhtac olur başqalarına  
Bir ömrün ilk çağı, bir də son çağı. 
 
Möhtac olan vaxtda möhtacı atmaq?  
Bu, hansı kitabda yazılıb, deyin?  
Vicdanı unutmaq, insafı satmaq  
Bəlkə, ölçüsüdür müasirliyin?  
Bəzən babaları bəyənməyirık,  
Bəzən biz onlara "cahil" deyirik.  
İnsafı danana aman verməmək,  
Yediyi çörəyə dal çevirməmək,  
Sədaqət, dəyanət, düzlük, ədalər,  
Etibar, kişilik, böyüyə hörmət,  
Ulu babalardan mirasdır bizə,  
Gəlin, bir də baxaq keçmişimizə... 
 
Yaşlılar ölkəsi deyilir nədən  
Ana vətənimiz Azərbaycana?  
Bəs bunun səbəbi nə imiş, görən?  
Həkimlər hərəsi yozdu bir yana.  
Min bir təcrübədə, min bir oyunda, 
  

________________Milli Kitabxana______________ 
245 
 
Alimlər məhəyə vurdu bu sirri.  
Biri havasında, biri suyunda,  
Biri iqlimində gördü bu sirri. 
 
Bir deyən olmadı: - Nə olub sizə?  
Nədir bıı təcrübə, nədir bu sınaq?  
Mən heyrət edirəm heyrətinizə,  
İnsanın haqqıdır uzun yaşamaq! 
 
Mənim də sözüm var: - Ey, dayanın siz,  
Nədir bu təəccüb, nədir bu heyrət?  
Düz deyil, düz deyil yozumlarınız,  
İnsanı yaşadar insana hörmət!  
Uzun yaşamağın sirri - 
yurdumun 
Nə torpağındadır, 
Nə də suyunda. 
Kiçiyə mərhəmət, böyüyə hörmət! 
Səbəbi bundadır, səbəbi bunda! 
Öz yaşına görə hamıya sayğı: 
"Yol böyüyün, amma su kiçiyindi..." 
Böyüyə ehtiram, kiçiyə qayğı 
Yoxsa, bir cəhalət sayılır indi?  
İnsan qocaldımı? 
Başqalarından 
Dönüb kömək umur dilsiz körpə tək.  
Bilmirəm, alətıni, əşyamı insan,  
Gərəksiz olanda atılsın gərək? 
 
Atılmaq! 
Kimsəyə gərək olmamaq! 
Sən heç bilirsənmi bu nə deməkdir? 
İnsanlıq admdan danışıb, ancaq 
İnsanlıq adını ləkələməkdir. 
 
Atalar, analar övladlarına  
Ömürdən pay verir, candan pay verir.  
Yandırır özünü baladan yana,  
Tutub əlimizdən yol da göstərir. 
  

________________Milli Kitabxana______________ 
246 
 
Elə ki qocaldı, əl açır bizə,  
Güvənir, sığmır köməyimizə.  
Danır insan oğlu ötən illəri  
Baxınca bu günün öz zirvəsindən.  
Bir vaxt əlimizdən tutan əlləri  
Bizə açılanda kəsirik bəzən...  
Azdır belələri yaxşı ki, bizdə  
Ancaq qorxuludur olsa da tək-tək.  
Heç vaxt görünməyib ənənəmizdə  
Böyüyün, kiçiyin haqqını kəsmək!  
Həmişə öyrədib, öyrədir zaman:  
Kökdən gəlməyəni yox etmək asan. 
 
IV Fəsil 
 
Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin