Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   ...   8   9   10   11   12   13   14   15   16

RAST 
 
Buxarı başında el ağsaqqalı,  
Əyləşib 
Qəlbini açır süfrə tək.  
Danişır, anbaan dəyişir halı  
Zoğal çubuğunu tüstülədərək.  
Sözləri bəm simdən zil simə düşmüş,  
Danışır bir əsrin öz yarasını.  
Danışır aramla, 
Tilsimə düşmüş 
  

________________Milli Kitabxana______________ 
201 
 
Bir pəri qızının macərasını.  
Dağlarda göynəyən Məcnundur Segah,  
Rast - onun atası... Nəsihət eylər.  
Məcnun səhralara gətirər pənah,  
Ata bu sevdanı məzəmmət eylər.  
 
Rast - müdrik bir ağıl, dərin düşüncə,  
Danışır təmkinlə, aramla tək-tək.  
Segah - bir istəyin, eşqin dalınca  
Mələyə - mələyə qaçan bir ürək. 
Rast - çılğın qəlblərə bir ağsaqqalın 
Nəsihət nidası, öyüd səsidir. 
Bir zaman büdrəyən qəlbin, kamalın 
Ayılıb özünü dərk etməsidir. 
Segah - nalə çəkən, Rast - tədbirlidir, 
Vüqarlı, dözümlü, o səbirlidir. 
Yüz ölçür, bir biçir, 
Düşünür dərin, 
Mühit dənizi tək o ləngərlidir.  
Onun ləngər vuran hər guşəsində  
Dərin düşüncələr daldalanıbdır.  
Gizli fikirlərin sıx meşəsində  
Arzudan, istəkdən od qalanıbdır. 
 
Fikirlər, fikirlər... 
Bir sirdaş olmuş  
İnsana... 
Dərdinə dolandan bəri,  
Rast cavan deyildir, 
O, yaşa dolmuş,  
Müdrik bir ürəyin düşüncələri:  
Həyat nə? 
Ölüm nə? 
Ömür nə? 
Yol nə?  
Qəflət yuxusunu dağıdan nədir? 
  

________________Milli Kitabxana______________ 
202 
 
Qışda yağan qarı, bahar gəlincə  
Sellərə döndərib axıdan nədir?  
Düzdə ayaq açır dağlann qarı,  
Hər vaxtın öz quşu, öz budaqları.  
Yuxudan qaldırıb ulu dağları,  
Bahar havasına oxudan nədir? 
 
Çalır ürəkləri göz baxışıyla,  
Boşalır könüllər göz yaşlarıyla.  
Yerləri, göyləri öz axışıyla  
Haldan-hala salan bu zaman, nədir? 
 
Hökmüylə, qəsdiylə nə deyir zaman?  
Uçurur bir yandan, qurur bir yandan.  
Günəşin başına dolanır cahan,  
Fırlanır, fırlanır, fırladan nədir? 
Ay nə, Gün nədir? 
İlk nə, son nədir?  
Enişi göstərir bizə dağ kimi,  
Qaranı göstərir bəzən ağ kimi  
Dünyanı oynadır oyuncaq kimi,  
Qəsdi bilinməyən bu oyun nədir? 
Ay nə, Gün nədir? 
İlk nə, son nədir? 
 
Bir aqilin hikmətli nəsihətləridir Rast.  
Tarix danışan kölınə rəvayətləridir Rast. 
 
Aqil danışır, canlı misallar çəkir hərdən,  
Bir taleyin ibrətli hekayələridir Rast. 
 
Üşşaqda verir sirli suallar bizə rəng-rəng  
Eşqin də cavabsız qalan hikmətləridir Rast. 
 
Dilkəşdə pıçıldar bizə dünya kədərindən,  
İnsanın ədalətli şikayətləridir Rast. 
  

________________Milli Kitabxana______________ 
203 
 
Öz dərdini qışqırmaz, o, ahəstəcə söylər,  
Lakin əzabın son dəmi, sərhədləridir Rast. 
 
Dünyanı gözəl görmək üçün qurbana hazır,  
İnsanların ilk arzusu, niyyətləridir Rast. 
 
Ey Bəxtiyar, ah atəşi söz rənginə girməz,  
Həm dərdli qürub çağı və həm dan yeridir Rast. 
 
 
HÜMAYUN 
 
Milləndi qığılcım kimi zülmətdə Hümayun,  
Dağ üstünə dağ basdı müsibətdə Hümayun.  
Ülviyyətə, qüdsiyyətə, şeyriyyətə çatmış,  
Fəryadda Segah, gizli şikayətdə hümayun. 
 
ŞÜŞTƏR 
 
Şövkətli, qədim keçmişimin öz dili Şüştər.  
Nakam ananın laylası, yüz pərdəli Şüştər.  
Felində ağıl nuru saçıb dalğalanırkən  
Min ağlı neçin başdan alır bir dəli Şüştər. 
 
BAYATI-ŞİRAZ 
 
Muğamat qəsrinin gözəl gəlini  
Şövkəti-şanıdır Bayatı-Şiraz.  
Mizrabda hönkürən sarı simlərin  
Çılğın cövlanıdır Bayatı-Şiraz  
Sevincdən kədərə, qəmdən nəşəyə  
Keçid meydanıdır Bayatı-Şiraz. 
  

________________Milli Kitabxana______________ 
204 
 
  
AMAN OVÇU 
 
Maral endi sərçeşməyə,  
Sərçeşmədən su içməyə.  
Bilmədi ki, pusqudadır  
Bərəsində "aman ovçu" 
Yaman ovçu, 
Zalım ovçu.  
Qabırğası qalın ovçu.  
Qaçdı, bir az aralandı.  
Şaraq-şaraq!  
Kürəyindən yaralandı,  
Qaçammadı... O dayandı.  
Göy çəmənlik qızıl qandan 
Oda yandı.  
Döndü, baxdı yazıq-yazıq, 
Məlul-məlul,  
Ovçu, sənin qolun sına.  
Necə qıydın bu dağların 
Maralına?  
Gözlərdəki o çarəsiz yalvarışa 
Necə dözdün?  
Aman ovçu,  
Tüfəngini çiyninə sal, 
Bir geri dön,  
Bir ora bax.  
Bu dəhşətə kol titrədi, 
Gül üşüdü.  
Baxışdakı o yalvarış 
Nəğmə oldu, 
Dilə düşdü: 
"Aman ovçu, vurma məni,  
Mən bu dağın maraliyam.  
Yaralıyam, yaralıyam".  
Nəğmələrin istisinə  
Qızındıqca donuruq biz,  
Heykəlləşir heyrətimiz. 
 
  

________________Milli Kitabxana______________ 
205 
 
YAĞ, YAĞIŞ 
 
Ağ yel əsir,  
Ağ buludlar  
Topa-topa,  
Tel-tel əsir. 
Ağ yel əsir.  
Pambıqlanan buludları  
Kola-kosa 
asa-asa 
Ağ yel, ağ-ağ gül bitirir,  
Yağışı da ağ gətirir.  
Göydə bulud damar-damar...  
Bu ağ yağış  
Düz torpağın 
İliyinə 
Damar, damar...  
Oğul-uşaq gülə-gülə 
Çıxar çölə. 
Üz islanar, göz islanar.  
Oğlan qaçar, 
Qız islanar. 
"Yağ, yağışım, yağ yağara.  
Daş ağara, dağ ağara.  
Ağ buludun toy günüdür,  
Gir mağara, 
Yağ, ey yağış, 
Vur nağara..."  
Yağış yağır,  
Ürəymin yanğısına 
Dağın, daşın.  
Tut ucundan sən göyə çıx, 
Bu yağışın.  
Şırıldayır navalçalar,  
Qopub düşür budağından 
Kal alçalar.  
Arxlar daşar, sel oynayar, 
  

________________Milli Kitabxana______________ 
206 
 
Göy əl çalar...  
Sellər yıxar bərələri,  
Dilləndirər 
dibsiz "uzun dərə"ləri... 
Uzundərə 
Şüştərimdən qopub düşdü, 
Sellər, sular çağıldayan 
Uzun-uzım dərələrə.  
Əlvan-əlvan havalardan aldığımız 
Havalar da  
Öz sözüdür könlümüzün, 
Arzumuzun, dərələrə... 
 
Göy tutular. 
Bir tərəfi açıq olar, 
Açıq yerdən gün çırtlayar. 
Deyərlər ki, indi Günəş 
Buludlara oldu günü. 
Açıb qızıl saçlarını 
Günəş yuyur əl-üzünü... 
Bəs bu nədir? Bəs bu nədir? 
Bu da özgə bir nəğmədir. 
Yağış kəsir... 
Qovğası da bitir, demək, 
Göyün, yerin.  
Göyün təmiz aynasına 
Əksi düşür 
Çiçəklərin...  
Çiçək açır sağdan sola 
Göyün tağı.  
Göy üzünə çətir çəkir 
Göy qurşağı. 
"Fatma nənə hana qurur"  
Hanadakı rənglərə bax.  
Kitab kimi o, oxunur 
 
  

________________Milli Kitabxana______________ 
207 
 
Varaq-varaq.  
O, ürəyin gah qüssəli,  
Gah fərəhli hallarımı?  
O, muğamın əlvan-əlvan xallarımı?  
Hər guşədə neçə-neçə 
Rəng çağlayır,  
Səslər elə əngindir ki,  
Açıb geniş qollarını  
Bu dünyanı qucaqlayır.  
Əfsanəvi nənəmizin  
Ürəyinin tellərindən  
Hanasına bənd etdiyi səslərə bax.  
Səslərdəki rənglərə bax,  
Rənglərdəki səslərə bax.  
Gah da olur yağış kəsmir,  
Elə yağır, yağır yenə...  
Nə əkinə gedən olur, nə biçinə.  
Çiyinlərdə həyat yükü dağdan ağır.  
Bir yandan da yağış yağır,  
Səpələnir sola, sağa,  
Aman vermir göz açmağa.  
Neyləməli?  
- Pas atıbdır oraqlar.  
Zəmilırdə diş qıcadır 
Alaqlar. 
Hər qapıdan pay umub  
Qodu gəzir uşaqlar:  
"Qodu, Qodu, dursana,  
Çömçəni doldursana..."  
Əkin-biçin eşqinə,  
Ürək yanır, dil yanır.  
Bizim mahnılarımız  
Bəzən belə yaranır. 
  

________________Milli Kitabxana______________ 
208 
 
Sayaçılar 
 
Düzdə qızıl burküyə  
Dağda borana düşduk.  
Yayda dağa üz tutub,  
Qışda arana köçdük.  
Qışda dəyə evimiz  
Yayda alaçıq oldu.  
Qəlbimiztək evimiz  
Hamıya açıq oldu. 
 
Düşdük qara, sazağa,  
Həm qul olduq, həm ağa.  
Qonduq azad quş kimi  
Biz budaqdan-budağa. 
 
Sərhəd tanımadıq biz,  
Arxalandıq dağlara.  
Ləpirimiz yol açdı  
Yaxma, uzaqlara...  
Qoyun-quzu bəslədim,  
Dağ bizə sirdaş oldu.  
Yaylaqların çiçəyi  
Bizə əyin-baş oldu. 
 
"Nənəm qoyunun ağı  
Dolandı, gəldi dağı.  
Çobana çanq bağı,  
Qızlara cehiz ağı... 
 
Nənəm, a dəli qoyun,  
Dolanıb gəli qoyun.  
Gəlinlər güzəmindən  
Toxuyar xəli, qoyun. 
Nənəm, a nazlı qoyun,  
Qırqovul gözlü qoyun. 
  

________________Milli Kitabxana______________ 
209 
 
Pendiri kəsmə-kəsmə,  
Qatığı üzlü qoyun..." 
 
Dağlardakı suların  
Sesi nəğməmiz oldu.  
 
Dağların sel suyu tək  
Qəlbimiz təmiz oldu. 
Dağlardan aldığımız  
Nəğməni 
Qəlbimizin  
Fəryadına çevirdik.  
Aradan kəsdiyimiz  
Qarğı tütəyə verdik. 
 
Biz nəğməylə oyanıb  
Nəğməylə də yatardıq.  
Biz qoyunu, quzunu  
Nəğmələrlə otardıq... 
 
"Nənəm, a narış qoyun,  
Yunu bir qanş qoyun.  
Çoban səndən küsübdü  
Südü ver, barış qoyun". 
 
Uca dağlar, şiş qayalar boyunca 
Zilə çəkər bayatını çobanlar. 
Bu səsdəki məlahəti duyunca 
Qoyun-quzu ota gələr, dil anlar. 
Kiçik-kiçik arxlarım - 
Bayatılar, sayaçılar, laylalar 
Qayalardan sızılar, 
Dərələrə hay salar, 
Kürə çatar, 
Arazıma can atar, 
Bizim muğam dəryamızı yaradar. 
 

________________Milli Kitabxana______________ 
210 
 
Sevinc bizi güldürürsə, 
Qəm ağladır.  
Sözün özü nə ağlayır, 
Nə də gülür,  
Amma bizi həm güldürür, 
həm ağladır. 
Yox, söz deyil, səsdir, axı,  
Qəhqəhə də,  
Hönkürtü də,  
Min cümlədən daha böyük 
Mətləb yatır  
Bircə qırıq hönkürtüdə.  
Könül səsi könül dələr.  
Nəğmələrin əvvəlidir  
Hönkürtulər, qəhqəhələr.  
Bəlkə insan  
Sevincini, kədərini 
Nəğmələrlə söyləməzdi,  
Bizim kimi hönkür-hönkür ağlasaydı, 
Qah-qah çəkib gülsəydi söz.  
Yox, nəğmələr yaranmazdı,  
Qəlbimizdən keçənləri  
Tamam deyə bilsəydi söz.  
Sözdən əvvəl səs yaranır,  
Nəğmələrdir ilk dilimiz.  
Nəğmələrdir 
Sözümüzün, fikrimizin 
ibtidası,  
Nəğmələrdir 
dilimizin əlifbası. 
 
Daş ürəklərdə yanıb daşları sındırdı muğam.  
Haqqa düşmən olanı haqqa tapındırdı muğam. 
 
Nə güman eyləmisən ondakı tilsimləri sən,  
"Kürü ahıyla qurutdu", "Salı yandırdi" muğam. 
 
  

________________Milli Kitabxana______________ 
211 
 
Onun hər guşəsi bir xatirə, bir canlı kitab,  
Keçilən yolları hərdən bizə andırdı muğam. 
 
Su çilər kinli ürəklərdə qəzəb tonqalına,  
Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam. 
 
O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,  
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam. 
 
Dəfn edin siz məni Zabul segahın mayəsinə,  
Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam. 
 
Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,  
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam. 
 
1975 
  
  

________________Milli Kitabxana______________ 
212 
 
 
 
 
 
 
Anamın xatirəsinə 
I Fəsil 
 
KÖRPƏ 
 

 
Nə isə düşündü 
Duruxdu birdən. 
Seçdi bir fikrini min bir fikirdən. 
Körpəni aramla bükdü qundağa, 
Basdı sinəsinə qalxdı ayağa... 
 
Ümidə yas tutub, ağlayır güman,  
Xeyiri şərləyir, şərə "dost" deyir.  
Sevilib, sonra da atıldığından  
O da balasını atmaq istəyir. 
 
Ancaq... durdu yenə, duruxdu yenə,  
Körpəni astaca qoydu yatağa.  
Sıxdı döşlərini süd şüşəsinə,  
Əmziklə bir yerdə bükdü qundağa. 
 
O, qalxmaq istədi, yenə döyükdü.  
O, bir də düşündü son niyyətini.  
Bildi ki, şüşəylə birgə o, bükdü  
Sonuncu analıq məhəbbətini.  
Dizləri titrədi... 
 
  
 
ATILMIŞLAR

________________Milli Kitabxana______________ 
213 
 
- Bu nədir belə?  
Bir alov qarsıtdı içindən onu.  
Bir neçə damcılıq ana südüylə  
Verdi övladına o, son borcunu. 
 
"Analıq, balalıq bumudur məgər?  
Çəkdim qayğısını bircə həftə mən,  
Yolumun üstündə bala bir çəpər,  
O tərəfdə arzum, bu tərəfdə mən. 
 
Şəhərə gəlmişəm uzaq rayondan,  
Burda dərs oxuyum, sənət öyrənim.  
Məhəbbət dərsindən kəsildim yaman,  
Oldu bu körpə də "qiymətim" mənim. 
 
Atamın adına övladım ləkə,  
Hər dərdə bənzəməz mənim bu dərdim.  
Mən onun başını ucaltmalıykən,  
Mən onun adına ləkə gətirdim. 
 
Tapdandı ismətim, bədbəxt yetimlə  
Necə keçəcəkdir günüm, ruzgarım?  
Neyləyim? 
Atamdan, anamdan özgə  
Mən kimə əl açım, kimə yalvarım? 
 
Axsın ürəyimə qoy göz yaşlarım,  
Kimsənin önündə əyilməməli.  
Nə anam, nə atam, nə qardaşlarım  
Bunu bilməməli, yox, bilməməli!.. 
 
Basıb sinəsinə o, körpəsini,  
Getdi... İki addım atmamış, 
ona  
Qəlbi nəsə dedi... 
Addım səsini  
Bənzətdi o, qapı taqqıltısına... 
 
  

________________Milli Kitabxana______________ 
214 
 
"Bəlkə o gələcək? 
Axı, sevirdi. 
O, mənə nə qədər ümidlər verdi. 
Bəs sonu? 
Bu imiş sevginin sonu? 
Dandı sevgisini, dandı borcunu. 
Kim qaça bilibdir qədərdən yeyin? 
Heç demə, zillətmiş sevgimin adı. 
Qadasnıı alıb sevinc verdiyim. 
Özü verən dərdə ortaq olmadı. 
Necə də ağırmış, necə də ağır, 
Mənim qollarımı qıran bu körpə. 
Məgər təkcə mənim öz günahımdır 
Yolumun üstündə duran bu körpə? 
 
Özgələr bilməsin dedim, dərdimi, 
Özüm öz içimdə yedim dərdimi. 
Ağlaram, 
Səsim yox, 
Hay-harayım yox! 
Ahıma səs verən öz ahım oldu. 
Bu, mənim dünyaya bala payım yox, 
Bu, mənim dünyaca günahım oldu. 
 
İstini yaz bildim, 
Yaz açılmadı. 
Vaxtsız açan çiçək xar olmalıymış. 
Qanunsuz ananın analıq adı 
Elə qanunsuz da pozulmalıymış... 
Mən baxa bilmirəm bir günah kimi, 
Bu təmiz hissimə, məhəbbətimə. 
İndi neyləməli? 
Xəcalətimi  
Girov verməliyəm səadətimə? 
 
Bu sirri gizlətmək mümkünmü?  
Mümkün! 
  

________________Milli Kitabxana______________ 
215 
 
Qəlbin dövrəsinə daş hörülməli.  
Talesiz balamın yaşamasıyçün  
Mənim ana adım öldürülməli! 
 
Mənim ana hissim qəm otağında  
Tutsun mənzilini, tapsın yerini.  
Tapacaq bəlkə də yad qucağında  
Balam öz bəxtini, öz qədərini.  
Nə imiş ölçüsü namusun, arın?  
O hardan başlanar, o harda bitər?  
Dünyada qanunsuz doğulanların  
Yaşamaq hüququ yox imiş məgər? 
 
Əgər qaynağından su bulanırsa,  
Bulaqlar başına nə kül tökməli?  
Atanın, ananın günahı varsa,  
Onun cəzasını övlad çəkməli?  
Bu nədir? 
Bu müdhiş uyğunsuzluğun  
Nə ad verməliyik törətdiyinə?  
Deyirəm, qanunla qanunsuzluğun  
Sərhədi nə imiş, göstərin mənə..." 
 

 
"Şəhərə gəldiyim bir il deyildi,  
Sevildim... 
İnandım, 
sevdim. 
atıldım. 
Ömrürnün düz yolu necə əyildi,  
Yanıb kül olmadım, yanıb ayıldım. 
 
Səhvlər... 
Düşünür hamı xeyrini, 
Mən seçə bilmədim xeyiri şərdən. 
Düz düzü gətirir, əyri əyrini, 
Qorxuram yenidən səhv eləyim mən?! 
  

________________Milli Kitabxana______________ 
216 
 
Bəzən bircə anın yanıltısından  
Bütöv bir ömürü uduzur insan!  
Kimdir yıxılmayan?  
Məgər təkəm mən?  
Bu dərdə düşənlər dünyada min-min..."  
...Səhvinə haqq verib əzab çəkməyən  
Düşür tələsinə ikinci səhvin.  
"İndi neyləməli? 
Ömrüm boyunca 
Bir səhvin oduna külmü olum mən?  
Bəsdir alışdığım, yandığım bunca,  
Başlamaq gərəkdir ömrü təzədən.  
Hələ nə görmüşəm?  
İyirmi bahar,  
Bu yaşda özümü kəfənləyim mən?  
Yox! Belə yaramaz! 
Axar sel-sular 
Kol-kosa ilişən çör-çöpün üstdən.  
Niyə şişirdirəm mən öz dərdimi?  
Yaşamaq!" 
Yaşamaq bir insan kimi  
Kiminə asandır, kiminə çətin. 
 
Dünya süfrəsidir nazi-nemətin.  
Orda qəm çəkənə qəm əksik deyil,  
Orda dəm çəkənə dəm əksik deyil. 
 
"Elə ömrüm boyu gərək ağlayam?  
Mənimçin dünyanın tək qəmi qalmış?  
Elə bil naz-nemət qurtarıb tamam,  
Dərd çəkib, qəm yemək mənəmi qalmış? 
 
Yox! Daha bəsimdir, bəsimdir!" - deyə 
Baxdı, 
O həsrətlə baxdı körpəyə. 
Bələyin üstünə axırdı dən-dən 
Göz yaşı - əzabı, ələmi, dərdi. 
Hara getdiyini heç kəsdirmədən 
Elə addımlayır, elə gedirdi... 
  

________________Milli Kitabxana______________ 
217 
 
Külək vıyıldayır,  
Qar sovururdu.  
O, yenə dayandı,  
O, yenə durdu.  
Bəlkə, yolu azıb? 
Sonuncu mənzil  
Bəllidir... 
Getdiyi bu yolu deyil,  
O, ömür yolunu azıb, çaşdırıb.  
Başını qundağa yaxınlaşdırıb,  
İsidir körpəni od nəfəsilə.  
Bəlkə, son borcunu ödəyir belə.  
Çatdı bir həyətə...  
Döyükdü,  
Durdu 
O, uçunurdu. 
Bir sağa çevrildi, bir sola baxdı,  
Boylanıb həyətdən o, yola baxdı.  
Girdi bir dəhlizə...  
Mərmər pillələr  
Daş üzə bənzər.  
Gözünün ucuyla qundağa sarı  
Baxmadan 
astaca qalxdı yuxarı.  
Meydança üstündə qoyub körpəni,  
Endi pilləni,  
Endi! 
Endimi?  
Körpə anasından ayrıldığını 
hiss etmiş kimi  
çığırdı birdən. 
Elə bil püskürüb od çıxdı yerdən,  
Bürüdü ananı...  
Durdu yerində.  
İldırım şaqqıdı bəbəklərində. 
İstədi qayıda... 
Ancaq qaçdı o, 
Bala naləsindən uzaqlaşdı o. 
 
  

________________Milli Kitabxana______________ 
218 
 
Dondu dodağında bir "can" kəlməsi,  
Qaldı qulağında körpənin səsi.  
Ayaq tappıltısı... 
O, dönmür dala,  
Qaçır, xəyalında qovur an anı...  
O elə bilir ki, bu qaçışıyla  
Açır xoşbəxtliyin qapılarını.  
Üz tutub sabaha bu gündən qaçır,  
O, bu qaçışıyla özündən qaçır.  
O qaçır analıq məhəbbətindən,  
O qaçır özünə öz töhmətindən.  
Qaçır, könlündəki bərədən aşıb...  
Amma yaxşı bilir o, nədən qaçır.  
Özgələr gözündə günahsızlaşıb,  
Təmiz görünməkçün ləkədən qaçır. 
 
Hələ eşidilmir ürəyin səsi...  
İnanır o səsin boğulduğuna.  
Özgələr önündə pak görünməsi  
O, hələ bilmir ki, ləkədir ona. 
 
Qaçır, 
amma bilmir o, nəyə qaçır.  
Ləkədən qaçırkən ləkəyə qaçır.  
İnsan bir ömürdə ikidir, iki  
Atıb körpəsini elə bildi ki,  
Admın üstündən ləkəni atdı,  
Özünə başqa bir tale yaratdı.  
Təmizə çıxartdı o öz adını  
Sabaha uzanan qol-qanadını  
Körpə bağlamışdı... 
Qolunun üstdən  
Onu daş pillənin üstünə qoydu.  
Qolları boşaldı. 
Yolunun üstdən 
Körpə götürüldü...  
Bu nə yoluydu?  
Hara aparacaq bəs bu yol onu? 
  

________________Milli Kitabxana______________ 
219 
 
Nə imiş görəsən, bu yolun sonu?  
Qollar körpəsizdi... 
Ancaq bu gündən  
Qollar ağırlaşdı yüngüllüyündən.  
Körpənin yerinə indi də vicdan  
Asıldı ananın qol-qanadından. 
 

 
Çatdı mənzilinə taqətsiz, bihal,  
Qırıq çarpayıya uzandı dərhal.  
Yumdu gözlərini... 
Gördü yüz yerdən  
Gözünü zilləyir ona körpəsi.  
Açdı gözlərini... 
Pəncərələrdən  
Doldu otağına körpənin səsi.  
Gördü ki, otaqda hər şey qışqırır.  
Açdı pəncərəni, yer-göy qişqırır.  
Qışqırır masanın üstə kitablar.  
Qışqırır qapı da, pəncərələr də.  
Qışqırır çarpayı, qışqırır divar,  
Qışqırır görpənin yatdığı yer də. 
 
Tutdu qulağını sıxdıqca sıxdı,  
O elə bildi ki, səs çöldən gəlir.  
Gördü bu səs deyil, bu qışqırıqdı,  
Bildi ki, qəlbindən, könlündən gəlir.  
Su içdi, boğazda tıxanıb qalan  
Qəhəri ötürə, bir uda, bəlkə.  
Açdı radionu, 
ona yük olan 
Dərdini bir anlıq unuda, bəlkə...  
"Cavan analara söhbət, məsləhət".  
Bu da başqa töhmət, başqa məzəmmət!  
Radionu susdurdu.  
Ayağa durdu... 
  

________________Milli Kitabxana______________ 
220 
 
Söhbət qulağında səsləndi yenə.  
Hər şey elə bil ki, durub qəsdinə,  
Kəsir yolunu.  
Hansı bir qüvvəsə 
özü bilmədən  
Qəfil itələdi içindən onu.  
Görən, birdən-birə ona nə oldu?  
Bayaqkı qəsdini, yoxsa danırdı?  
Baladan qaçdığı bu yollarla o,  
İndi balasıyçün qanadlanırdı. 
 
İndi o yüyürür dala baxmadan,  
Bayaq yüyürmürdü, o sürünürdü.  
Bayaq analığı tapdayıb danan  
İndi ana olub geri dönürdü. 
 
O, boğa bilmədi qəlbin səsini. 
O uçur, 
O qaçır dar döngələrdə. 
Kim bilir, kim bilir, o, körpəsini 
Tapa biləcəkmi qoyduğu yerdə? 
 
Bir oxun başına necə dolanır  
Niyyətin qarası, arzunun ağı.  
Bir insan ürəyi xoşbəxtlik sanır  
Bayaq itirməyi, indi tapmağı. 
 
Yüz rəngli, yüz səsli istəyimizlə  
Bir saat içində yüz adamıq biz.  
İlkini başladın, sonunu gözlə,  
İnkarla təsdiqdə bütöv, tamıq biz. 
 
Gecənin yarısı... Küçələr lal-kar.  
Yağdıqca sulu qar tərləyir yollar.  
Suluqar əriyir... 
Xəcalətindən  
Elə bil tər tökür puçur-puçur yol. 
 

________________Milli Kitabxana______________ 
221 
 
O qaçır, yel kimi burulur tindən,  
O önə qaçdıqca dala qaçır yol. 
 
O çatdı həyətə... yumdu gözünü,  
Mərmər pillələrə atdı özünü.  
Körpəni görmədi qoyduğu yerdə,  
O, bir daşa döndü daş pillələrdə.  
Döşəndi yanına 
körpəyə sarı  
Uzanan o titrək, gücsüz qolları. 
Bu qollar bezmişdi bu gün körpədən,  
Bu qollar körpəyə uzanır indi.  
Bu qollar buz kimi soyuqdu nədən?  
Bu qollar üstündə can yanır indi... 
- İndi mən neyləyim, neyləyim? - dedi. 
Bir-bir qapıları döymək istədi. 
Dayandı... 
Ahının şölələrində  
Elə bil qəfləti bir ulduz doğdu.  
Hardasa qəlbinin gizli yerində  
Sevindi... 
Bir qədər yüngülləşdi o. 
- Mən ki peşman olub döndüm geriyə. 
Qədər öz hökmünü belə döndərir. 
"Bəlkə xeyirlisi beləymiş" deyə, 
İndi öz-özünə təskinlik verir. 
Vicdandan asılıb ürəyi dartan  
Yükün ağırlığı azaldı bir az.  
Özünü aldadıb yaşayır insan,  
Bəlkə, bu alversiz yaşamaq olmaz. 
 
Ancaq bu məqamda bir mətləb də var;  
Bir dəfə aldanan yüz yol aldanar.  
İkinci günaha yol verər insan,  
Birinci günaha haqq verən zaman. 
  

________________Milli Kitabxana______________ 
222 
 

 
Keçdi bir neçə gün qaralı, ağlı,  
Gah açıqqabaqlı, gah qaşqabaqlı.  
O, qəsdən qəşş edib gülürdü bir an,  
Qəlbində mələyib onu sarsıdan  
Körpənin səsini batırmaq üçün,  
Ancaq güclənirdi o səs günbəgün:  
Dəniz nəriltisi, su şırıltısı,  
Yarpaq pıçıltısı, yel vıyıltısı  
Onun qulağında ana axtaran  
Körpə balasının hıçqırığıydı...  
-Mənim daş ürəyim, yoxdur bir soran  
Analıq hissinə bəs necə qıydı?  
O, bir yer istəyir, o, bir yer ancaq  
Uzaq, uzaq olsun bu səsdən uzaq!  
Yox! Qaça bilmədi o bu səslərdən.  
Nahar eyləyəndə sızlardı hərdən  
Döşünün giləsi, döşünün ucu.  
Bu, onun on böyük günahı, suçu.  
Bu nə müsibətdir, gülüşlərində  
Hönkürür qəlbinin hayı, harayı.  
Özü çörək yeyir... 
Amma döşündə  
Sızlayıb ağlayır korpənin payı... 
 
Bu nə müsibətdir, bu ne müsibət,  
Buna tablamağa bir ürək hanı?  
Bu necə dəhşətdir, bu necə vəhşət,  
Necə susdurasan burda vicdanı? 
 
Həyat nə oyundur, nə də oyuncaq,  
Dandığm gerçəyi gerçək bil yenə.  
İnsan bir əlilə yandırır, 
ancaq 
O biri əlilə vurur dizinə.  
O da dizlərinə vurab ağladı,  
Oturub ağladı, durub ağladı: 
 
  

________________Milli Kitabxana______________ 
223 
 
-Qalmadı bir şeyə - dedi - gümanım,  
Saçımı dərd yoldu, qəm daraqladı.  
O qədər ah çəkdim, 
ahım, amanım 
Viranə könlümdə tüstü bağladı.  
Düşüb qasırğaya borana könlüm,  
Azmışam yolumu qəm meşəsində.  
Elə dağ-dağ olub viranə könlüm,  
Arılar şan bağlar hər guşəsində. 
 
Ümidlə, inamla yaşayır ana,  
Günləri, ayları ötüşür belə.  
Küçədə, bayırda uşaq gördümü,  
Baxır diqqət ilə baxır zənn ilə. 
 
Axtarır özünün cizgilərini  
O gah bu uşaqda, gah o uşaqda.  
Kimsəyə açmayır ancaq sirrini,  
Gözləri axtarıb hey aramaqda. 
 
Belədir əzəldən, belədir qayda:  
Tapmaq çətin olur, itirmək asan.  
İndi ağlayırsan... 
Ancaq nə fayda  
Özü yıxılanın ağlamağından! 
 
Bəs körpə? 
Nə yazdı bəxtinə ruzgar?  
Körpələr evinə verdilər onu.  
Atalı, analı yetim balalar,  
Yaxşı ki, bilməyir atıldığını. 
 
Bilmədi... 
Bəs sonu? 
Sonu müsibət! 
Bn dərdi söyləmə qəlbidaşlara.  
Yaxşı ki, hökumət, yaxşı ki, dövlət  
Yenə sahib durur atılmışlara! 
  

________________Milli Kitabxana______________ 
224 
 
II Fəsil 
Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin