Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   ...   8   9   10   11   12   13   14   15   16

İLHAM - FƏRİZƏ 
 
Dözməyib qatilin kəshakəsinə,  
İlham çölə çıxdı güllə səsinə.  
Gördü qırhaqırdı, gördü vurhavur,  
Tanklar adamların üstünə cumur.  
Bağırdı: - Soldatlar, neyləyirsiniz,  
Axı, bunlar ilə siz də birsiniz.  
Axı, bu adamlar silahsizdılar.  
Soldatlar daha da coşub qızdılar.  
... Bu sözlər İlhamın son sözü oldu,  
Ona da bir güllə... o da vuruldu.  
O gecə yatmadı bir an Fərizə,  
İlhamı gözlədi,  
İlham gəlmədi. 
 
  

________________Milli Kitabxana______________ 
301 
 
Dönük taleyilə durdu üz-üzə.  
Qalıb küçə ilə ev arasında,  
Gecəni sübhədək o dincəlmədi...  
Ertəsi... qapqara xəbəri gəldi,  
Ölümün həyata zəfəri gəldi. 
 
Çatmadı əvvəlcə bu xəbər ona, 
İnana bilmədi qulaqlarına. 
Elə ki, inandı... o, lal kəsildi. 
Heykələ döndü. 
Anladı, bildi: 
Qapısı bağlandı, ocağı söndü. 
 
İKİ GÜN SONRA... 
 
Qalınca evində dərdlə təkbətək,  
Özünə qəsd etdi bu təzə gəlin.  
Hansı tərəzilə, daş ilə ölçək  
Eşqini, qəsdini biz bu gözəlin?  
Nə deyim, Fərizə, nə deyim sənə,  
Axı, nə ad verim bu faciənə? 
 
Hələ səadətdən soraq gəlməmiş,  
Yoxsul komanı da sevdin, bəyəndin.  
Gəlinlik paltarın heç köhnəlməmiş,  
Sən nə tez əyninə kəfən geyindin? 
 
Sənin ləyaqətin lal etmiş bizi,  
Zaman aşağıdır dəyanətindən.  
Ey vəfa timsalı, sədaqət rəmzi,  
Sənin bu qəsdinə nə ad verim mən?  
Səsin ərimədi əsrin səsində,  
Nəcabət kökündə həmişə varsan!  
Türk qızı, xəyanət zəmanəsində  
Bu eşqi, vəfanı sən bacararsan. 
 
  

________________Milli Kitabxana______________ 
302 
 
Belə yaşamışdır dünən və bu gün  
Bizim keçmişimiz - oğuzlar, hunlar.  
Ərin namusunu qorumaq üçün  
Keçər balasından Burla xatunlar. 
 
Belə ömür sürmüş nənələr, belə  
Sən də bu çeşmədən su içdin, qızım,  
Ərinin yolunda 
sədaqət ilə  
Cavanca canından sən keçdin, qızım. 
 
Qurban getdi o, Vətənə, sən ona,  
Bu necə görüşdü, necə yarışdı?  
Anlaya bilmirəm, bu dar komana,  
O boyda ürəyin necə sığışdı? 
 
Sizin evinizin həndəvərində,  
Bir "Leyla" ünvanlı mağar quruldu.  
Həmən "Leyla" adlı Şadlıq evində,  
Birinci toy - sizin toyunuz oldu. 
 
"Leyla"da Leylinin qəm macərası,  
Sən onn öncədən duymadın yəqin.  
Sən hardan biləydin, Leyli vəfası,  
Ünvanın olacaq bir zaman sənin. 
 
Sevgi kitabında iri bir nida  
Sənin məhəbbətin, sənin qiymətin!  
Məcnunun Leylisi haqq dünyasında,  
Sənin pişvazına çıxacaq yəqin! 
 
Nə tez qışa döndü sənin baharın,  
Bakı bu matəmə qara bağlamış.  
Sənin damarında nənən Nigarın,  
Həcərin, Leylinin qanı çağlamış. 
  

________________Milli Kitabxana______________ 
303 
 
* * * 
Od tutub alışdı sözlər dilimdə  
Bu qəsd, nə qəsd idi, ey məğrur qadın?  
Sən təkcə özünə qıymadın, həm də  
Bətnində göyərən körpənə qıydın. 
 
O anda sarmaşıb məhəbbətinlə  
Allahdan sən nəyi dilədin, qızım?  
Sən, axı, ərinə sədaqətinlə  
Körpənə xəyanət elədin, qızım. 
 
Sınayar bəndəni Allah, çətində  
Batdın bir günahda iki günaha.  
Xəyanət işlədin sədaqətində  
Körpəyə qıymaqla qıydın sabaha.  
Bəlko... açılmamış solan o gözlər  
Ulu zirvələrə yol açacaqdı.  
Bəlkə o gözlərdən doğacaq səhər,  
Zülmət dünyamıza yol açacaqdı. 
 
Ey mənim yurdumun vəfadar qızı,  
Vəfan cəfa oldu... gör sən neylədin?  
Son öz bətnindəki o günahsızı  
Hələ doğulmamış şəhid eylədin.  
Oğul istəyirəm bu dərdə dözə.  
Təzə şəhidliklə zaman üz-üzə  
Əridə bilmədi bu faciəni...  
Həm də çox çətindir danlamaq səni.  
Sən həm fədakarsan, həm də günahkar  
Bu cür şəhidliyin başqa rəngi var.  
Zaman hər hökmündə "hakiməm" - deyib  
Belə şəhidliyi amma görməyib. 
 
Bilmirəm, nə deyək bunun adına?  
Bütün hüdudları aşan şəhidlik  
İkiqat, ya üçqat? 
Ərdən qadına,  
Anadan balaya düşən şəhidlik. 
 
  

________________Milli Kitabxana______________ 
304 
 
LARİSA 
 
On üç yaşlı körpə bala 
Yazıq anan necə dözsün 
Bu kədərə, bu məlala? 
Məzarının baş ucunda kukla da var. 
Bu gün layla çalmalıykən sən kuklana 
Kuklan sənə layla çalar. 
Sən özün də kukla idin. 
Bu dünyanın əvvəlini, axırını 
Heç bilmədin. 
Kim kuklaya güllə atar? 
Atan oldu. 
İnsanlığı, mərhəməti, 
Ədaləti, həqiqəti 
Bir qərəzə satan oldu. 
 
Anan asmış dərs çantanı,  
Məzarının başdaşına.  
Axı, niyə hay vermirsən,  
Səni dərsə haraylayan yoldaşına?  
Sənin adın dostlarının dil əzbəri.  
Qızım, axı, səni gözlər çoxdan bəri  
Açmadığın kitabların dəflərlərin,  
Səni gözlər partadakı o boş yerin. 
 
Nə bərk oldu yuxun sənin? 
Ataların ah-naləsi, 
Anaların şivən səsi 
Sığmır göyə, sığmır yerə. 
Söylə, niyə oyanmadın 
Bu haraya, bu həşirə? 
Övladıydın iki xalqın, 
Bu dostluğa mən də uydum, sən də uydun. 
Sən dostluğun simvoluydun. 
Bunudamı bu gün bizə çox gördülər? 
Elə bil ki, səninlə bir 
Bu dostluğu öldürdülər. 
  

________________Milli Kitabxana______________ 
305 
 
SÜRƏYYA LƏTİF QIZI 
 
Tanklar keçir küçədən, tanklar, zirehli tanklar. 
Tankların üstündəki soldatların gözündə 
Bizə nifrət odu var. 
Onlar vicdanı atıb, insafı da danıblar. 
Təkcə silahla deyil, onlar bizə qəzəblə, 
Kinlə silahlanıblar. 
Bu şəbərdə hər şeyə onlar sahibdir bu gün 
İstədiyi eyvana, pəncərəyə, qapıya 
atır, ölən qoy ölsün! 
Mətbəxdə çay süzürdü,  
Təranənin nənəsi,  
Birdən bir güllə səsi!  
Yetmiş yeddi yaşında  
Sürəyya nənəmizi  
Pəncərədən atdılar.  
Bir günahsız qarını 
Qanına boyatdılar. 
 
 
BABA MÜƏLLİM 
 
Pəncərənin önündə kimsə inildəyirdi,  
-Kömək edin, ölürəm, kömək edin, - deyirdi.  
Açdı Baba müəllim pəncərəni bir anda,  
Gördü biri yıxılıb qapının kandarında.  
Dərhal atdı özünü telefonun üstünə,  
O, təcili yardıma zəng çalıb dönə-dönə  
Ünvanı başa saldı. 
Evdən sarıq götürdü.  
Yaralının yanına yetişincə nə gördü?  
Qan aparıb yazığı... yara dərin yaradı,  
O, yaranı sarıdı. 
Gördü ki, qonşular da yığılıb ətrafına.  
O, gah ona, gah buna,  
Baxıb dedi: - Neyləyək?  
Axı, bu əldən gedir, 
  

________________Milli Kitabxana______________ 
306 
 
Biz təcili yardımı yenədəmi gözləyək?  
Tez yığışdı cavanlar... köməkləşib birtəhər,  
Yaxın xəstəxanaya xəstəni yetirdilər. 
 
Dönür Baba müəllim yorğun-arğın evinə,  
Şütüsə də güllələr onun dörd dövrəsindən.  
Fikir vermir o, yenə. 
Diksinmir taraq-taraq güllələrin səsindən.  
Birdən ona nə oldu evin həndəvərində?  
O, dayandı, döyükdü, 
Səndələdi yerində.  
Yıxıldı... döşündə qan.  
Elə bu vaxt, bu zaman  
Bir aypara maşını tin başında göründü.  
Maşının işığında ətraf nura büründü.  
Bu təcili yardımın axtardığı kim idi?  
Bu maşın, ah bu maşın,  
Bayaq onun özünün zəng vurub çağırdığı  
Təcili yardım idi. 
Başqasına çağırdı, qismət oldu özünə,  
Belə bir təsadüfün qərəzi nə, özü nə?  
Təcili yardım üçün zəng çalanda o bayaq,  
Nə biləydi, 
ay Allah, 
Bu təcili yardıma özü qismət olacaq!  
Həkirnlərin yardımı amma faydasız oldu.  
Səhər yası tutuldu. 
 
 
ALEKSANDR MARXEVKA 
 
Yaralılar bələnib üzü üstə torpağa,  
Necə dözsün analar bu sitəmə, bu dağa?  
Leş-leş üstə qalanıb,  
Təkərlərin altında gör necə xırpalanıb.  
Həkim Aleksandrın gendən səsi yüksəlir: 
  

________________Milli Kitabxana______________ 
307 
 
-Yol verin, hey yol verin, 
təcili yardım gəlir.  
Soldat bunu görüncə avtomatı tuşladı  
Ayparalı maşına.  
O, istəmir, istəmir 
Can verən yaralılar xilas üçün daşına.  
Həkim öz işindədir.  
Yaralının nəbzini yoxlayırkən... 
döşündən 
 
Həkimi də vurdular.  
Yardıma gəldiyini ona unutdurdular.  
Allah, sən bizi saxla Əhrimənin şərindən,  
Allah, dünya çıxıbdır bəlkə öz məhvərindən?  
Ay Allah, insan oğlu iblisəmi qul oldu?  
Yoxsa, insan binədən elə iblis doğuldu?  
Adamlar niyə satdı namusunu, arını?  
Allah, hansı ölkədə gülləbaran ediblər  
Yardım maşınlarını?  
Axı, vuruşların da,  
Qanlı savaşların da 
Müqəddəs qanunu var:  
Düşmənsə də, dostsa da, yaralıya hər zaman, 
şəfqət əli uzanar. 
Ey insan haqlarını kürsüdən alqışlayan,  
Başqa məmləkətləri ədalət yoxluğundan  
Gecə-gündüz daşlayan,  
Budurmu haqq dediyin? 
Bəs verdiyin vəd hanı?  
Vallah, ələ salmısan sən bu boyda dünyanı.  
"Təcili yardım"ların üstünə dörd tərəfdən  
Od ələmək haqmıdır?  
Yara sarıyanları güllələmək haqmıdır? 
  

________________Milli Kitabxana______________ 
308 
 
HİDAYƏT 
 
Gücsüzlükdən özünü hamı günahkar bilir, 
Bu təhqirə dözməyi xalq özünə ar bilir: 
Uzaq Qardabanidə 
Bakı müsibətini eşidincə Hidayət, 
Hönkür-hönkür ağladı. 
Eşikdəki ağaca qara bayraq bağladı. 
Gürcüstanda yaşayan bizim ellər, obalar, 
Neçə gün yas saxladı. 
"Yardım" - deyə dalbadal uzaq, yaxın kəndlərə 
Zəng elədi Hidayət. 
Qardabani, Borçalı 
Bütün eli, mahalı 
silkələdi Hidayət.  
O, özünü yetirdi şəhidlərin qırxına.  
Xiyabanda əl açib "lənət" - dedi min kərə  
Kor fələyin çarxına.  
Şəhidlərin adını o, oxudu birbəbir.  
Elə bildi hər qəbir,  
Onu ittiham edir: 
"Həramilər Bakıya bulud kimi dolanda,  
Biz köməksiz qalanda 
Sən hardaydm, de harda, ey Vətənin Övladı?  
Öz doğma göyümüzdə qanad açan quşuyduq,  
Ovçu bizi ovladı" Ürəyindən ucalan,  
Öz-özündən öc alan  
Töhmət dolu bu səsdən o diksindi,  
başına 
elə bil od ələndi, 
içindən pərşələndi. 
Şəkillərdən düz onun gözlərinə zillənən,  
Ürəyində millənən  
Baxışlara dözmədi,  
"Onlar haqlıdır" - dedi.  
Əgər mən də bu yurdun, bu xalqın oğluyamsa, 
  

________________Milli Kitabxana______________ 
309 
 
Onlar kimi əhdimə, andıma doğruyamsa, 
Mən niyə əvvəlcədən 
Xəbər tuta bilmədim o dəhşətli gecədən? 
Ağac olub, o anda onların cərgəsində 
Niyə göyərmədim mən? 
O qızıl güllələrə köksümü gərmədim mən? 
Xəcalətı alışdı ürəyinin səsində. 
Gücsüzlük əzabının boğuldu pəncəsində. 
 
Qulağında ittiham, qəlbində danlaq səsi, 
Birbaş Qardabaniyə o, qayıtdı ertəsi. 
Hidayətin önünə çıxdı oğlu - Vüqarı, 
Amma Vüqar bilmədi, 
Bilmədi, atasının sındırılıb vüqarı. 
Vüqarın fərəhiylə Hidayətin kədəri 
Durdu qarşı-qarşıya... 
Oğul gəldi qabağa, ata çəkildi geri, 
Ata baxa bilmədi övladının üzünə. 
O utandı, bilmədi anlaşılmaz bu halın 
Məramı nə, sözü nə? 
O yenə də eşitdi qəlbinin fəryadını: 
"Kişi bilib özümü mən də Vüqar qoymuşam 
Övladımın adını". 
Hanı bizdə kişilik, hanı bizdə o vüqar, 
Bizim mənliyimizi gör necə tapdadılar. 
Tapdandı qeyrətimiz, 
Milli heysiyyətimiz. 
Ah! Bu boyda təhqirə indi necə dözək biz? 
Yatammadı Hidayət sübhə qədər gecəni, 
Ağlı qoydu çəkiyə zamanın hökmü ilə 
ürəyindən keçəni. 
Zaman ilə ürəyi heç uzlaşa bilmədi.  
Tərəzinin gözləri tarazlaşa bilmədi.  
Zaman ilə diləyin,  
Ağıl ilə ürəyin 
Qədim ədavətinə ürək tab gətirmədi.  
Ona aman vermədi 
  

________________Milli Kitabxana______________ 
310 
 
Seyr edə dan yerini. 
Hələ sübh açılmamış bu nankor dünyamıza 
Qapadı gözlərini. 
Qoymadı Hidayəti 
Yaşamağa qeyrəti. 
Onu şəhid eylədi 
Millətinin önündə gücsüzlük xəcaləti. 
Ölümlərin içində 
Ən şərəfli, ən uca mərtəbədir şəhidlik. 
Başqa-başqa şəkildə davam edir şəhidlik. 
 
AĞABƏY 
 
Bağışlayın, əzizlərim, Azərbaycanın azadlığı  
uğrunda mübarizə aparmağa gücüm və iradəm  
çatmadı. Yaşasın azad Azərbaycan! 
 
Ağabəy 
 
Şənbə gecəsinin qətliamına,  
Ağabəy dözmədi, hey qan ağladı.  
Şəhid cavanların batan qanına,  
Qəlbində yas tutub matəm saxladı. 
 
O yandı, göstərmək istədi hər gün,  
Yaralı Vətənə sədaqətini.  
Amma bacarmadı, 
gücsüzlüyünün  
Çəkdi ağrısını, xəcalətini. 
 
Düşündü, sonu var, axı, şərin də  
Boğdu ürəyinin üsyan səsini.  
O, beş ay gözlədi 
zülm üzərində  
Haqqın, ədalətin qələbəsini. 
  

________________Milli Kitabxana______________ 
311 
 
Onun gözlədiyi o gün gəlmədi,  
Qəlbini çarmıxa çəkdi xəcalət.  
Bircə an usanıb o, dincəlmədi,  
Özünə qəsd etdi bir gün, nəhayət. 
 
Çatdı onun gücü ancaq özünə,  
O bildi dərdinə son əlac bunu.  
Verdi ölümüylə sanki Vətənə,  
Vətən qarşısında o, öz borcunu.  
Ağabəy bu yurda bir qurban kimi,  
Qəlbində neçə yol "mücahid" oldu,  
Nəhayət, bu qətlə bir üsyan kimi,  
Şəhidlər naminə o, şəhid oldu. 
 
Görünür, şəhidlik bitməyib hələ,  
Gözürnüz önündə o, davam edir.  
Ağabəy beləcə öz ölümüylə  
Ölü diriləri ittiham edir. 
 
...Dözməyib Vətənin ağır gününə,  
Sən Vətən naminə özünə qıydın.  
Oğul, arxaya yox, sən baxıb önə  
Elə Vətən üçün yaşamalıydın! 
 
Vətən qeyrətini sənin tək çəkən,  
Oğullar gərəkdir indi Vətənə.  
Sənsə həyatına qəsd edib nədən,  
Ömrü müftə verdin!..  
Nə deyim sənə? 
 
Çoxları gözünü zülmə yumurkən,  
Sənin ürəyində dindi qeyrətin.  
Xalqın qatilinə cəza umurkən,  
Sənin qatilinə döndü qeyrətin.  
Bu fitrət, bu tiynət, de, sənə hardan?  
Qəlbində qaynayan hansı diləkdir? 
  

________________Milli Kitabxana______________ 
312 
 
Xəcil yaşamağa səni qoymayan,  
Qeyrətin önündə səcdə gərəkdir!  
Sənin qeyrətinin bircə zərrəsi,  
Min bir qeyrətsizə bəs eləyərdi.  
Sənin ürəyinin bir üsyan səsi,  
Ərzi təməlindən silkələyərdi.  
Qeyrətin əlilə bu Vətən üçün  
Özünü qurbanmı kəsdin sən özün?  
Ay oğul, budurmu dərdin əlacı?  
Hər dərdin başqa cür min əlacı var.  
Vətənin qurbana nə ehtiyacı?  
Vətənin əsgərə ehtiyacı var.  
...Görünür, şəhidlik bitməyib hələ,  
Gözümüz önündə o, davam edir.  
Ağabəy, beləcə, öz ölümüylə,  
Ölü diriləri ittiham edir. 
 
 
GEORGİ RANTİKOVİÇ1
*
 
 
...Erməni Georgi - "Həqiqət" - dedi.  
Ayırdı həmişə yaxşıdan pisi.  
Zorun tüğyanına dözə bilmədi,  
O gerçək carçısı, haqq fədaisi! 
 
- Həqiqət önündə təsliməm, - dedi.  
Qoydu öz yerinə xeyiri, şəri.  
Xalqnın xətrinə haqdan keçmədi,  
Aşdı, vurub keçdi milli hədləri. 
 
Araya ədavət düşdüyü gündən  
Güldü Yerevanın boş niyyətinə.  
Sıyrılıb öz milli təəssübündən  
Ucaldı insanlıq səltənətinə... 
 
 
                                                 
*
Təqaüddə olan köhnə  təyarrəçi, milliyyətcə erməni... O, erməni millətçilərinin haqsız tələblərinə 
dözməyib özünü öldürmüşdür. 
  

________________Milli Kitabxana______________ 
313 
 
O, solun haqqını vermədi sağa,  
Düzlüyə çağırdı bütün dünyanı.  
Georgi dözmədi bu haqsızlığa,  
Özünə qəsd oldu onun üsyanı. 
 
Bir yerdə otlayar quzu qurd ilə  
İnsan həqiqəti haqq bilən zaman – 
Ən böyük məqsədlər, istəklər belə  
Ədalət önündə əyilən zaman. 
 
Sıyrılıb nifrətdən, qərəzdən, kindən  
Alqış həqiqəti haqq bilənlərə - 
Ədalət naminə milliliyindən  
İnsanlıq qatına yüksələnlərə! 
 
* * * 
Yenə sayımmı Yox-yox! 
Çəkmək olmaz bu dərdi?  
Bunların faciəsi bir-birindən betərdi.  
Bu saydığım kəslərin nə günahı var idi?  
Bunlar şəhidlər deyil,  
Günahmı bilməyən bədbəxt qurbanlar idi.  
Bəs şəhidlər kim idi?  
Silahlıyla silahsız!  
Kim kimə təslim idi?  
Bu silahsız bəndələr bircə güllə atdımı  
Bir günaha batdımı?  
Qırıb tökdü kim kimi?  
Silahlıyla silahsız döyüşə bilərdimi?  
Tankların qabağına onlar belə çıxdılar.  
Polad sinələrini lülələrin ağzına,  
Sərhəd kimi sıxdılar.  
Onlar güman etmədi zalim belə çıldıra,  
Silahsızın üstünə silahlı əl qaldıra.  
Bizim bu şəhidlərin sadəlövh gümanlığı  
Oldu qəhrəmanlığı! 
  

________________Milli Kitabxana______________ 
314 
 
* * * 
Qantökən öz tökdüyü qana cavab vermədi, 
Cavab vermək bir yana, "Yox, mən haqlıyam", - dedi. 
Adamların başına od ələmək haqq imiş? 
Səksən yaşlı qarını, on üç yaşlı uşağı 
güllələmək haqq imiş?  
Olmayan bir günahı qan ilə yumaq üçün,  
Bizim hüququmuzu bizdən qorumaq üçün  
Qanımızın günahsız tökülməsi haqq imiş?  
Zorlunun əllərilə haqlının qollarının  
Bükülməsi haqq imiş?  
Məntiqə bax, ay Allah!  
Qanımızı tökənə bundan sonra yenə də 
Biz inanaq, ay Allah?  
Budurmu yaratdığı təzə hüquqi dövlət?  
Budurmu vəd etdiyi müstəqillik, səadət?  
Bəs bu qanunsuzluğun harası qanun oldu?  
Qatıq dönüb süd oldu, əvvəl dönüb son oldu?  
Bu, hüquqi dövlətin bizə bəxş elədiyi,  
hüququymuş, bilmədik.  
Hüquqi dövlətdəki hüquq buymuş, bilmədik.  
Əcnəbi ölkələrdə birini öldürürlər, 
ya ölkədən sürürlər – 
küy-kələk qaldırırsan.  
Öz ölkəndə sən özün günahsız insanları 
məhkəməsiz qırırsan.  
Hamısına bir adla "ekstremist" - deyə, 
hələ damğa vurursan.  
Bu boyda məmləkətdə  
Bütün xalqlar, heç demə, "ekstremist" imiş.  
Hamı xoşbəxtliyindən, nəşəsindən məst imiş. 
  

________________Milli Kitabxana______________ 
315 
 
Şəhidlər 
 
Qatil gülləsinə qurban gedirkən,  
Gözünü sabaha dikdi şəhidlər.  
Üçrəngli bayrağı öz qanlarıyla  
Vətən torpağına çəkdi şəhidlər. 
 
Zalim öyünməsın zülümləriylə,  
Min bir böhtanıyla, min bir şəriylə.  
Həqiqət uğrunda ölümləriylə  
Ölümü kamına çəkdi şəhidlər. 
 
O şənbə gecəsi, o qətl günü, - 
Mümkünə döndərdik çox namümkünü.  
Xalqın qəlbindəki qorxu mülkünü,  
O gecə dağıdıb sökdü şəhidlər. 
 
Tarixi yaşadıb diləyimizdə,  
Bir yumruğa döndük o gecə biz də.  
Yıxıb köləliyi ürəyimizdə  
Cəsarət mülkünü tikdi şəhidlər. 
 
Onlar susdurulan haqqı dindirər,  
Qaraca torpağı qiymətləndirər.  
Donan vicdanları qeyrətləndirər,  
Axı, el qeyrəti çəkdi şəhidlər. 
 
Dözdü hər zillətə, dözdü hər şeyə,  
"Dünyada mənim də haqqım var", - deyə.  
Kütləni xalq edən müqaviləyə  
Qanıyla qolunu çəkdi şəhidlər.  
İnsan insan olur öz hünəriylə,  
Millət millət olur xeyri, şəriylə.  
Torpağın bağrına cəsədləriylə,  
Azadlıq tumunu əkdi şəhidlər. 
 
  

________________Milli Kitabxana______________ 
316 
 
SON 
 
İyirmi yanvarda doğum evləri  
Ölümdən, qırğından xəbərsiz idi.  
O gün Bakımızda gecədən bəri,  
Ölüm ilə həyat üzbəüz idi. 
 
Güllə səslərini çağa səsləri,  
Batırdı o gecə, şükür allaha!  
Doldu şəhidlərin boşalan yeri,  
Naşükür olmayaq, vallah, bir daha! 
 
Gedən oğulların, axan qanların,  
Əvəzi su səpdi yanan qəlbimə,  
O şənbə gecəsi doğulanların,  
Onundan doqquzu oğlanmış, demə.  
Zalimin zəfəri başdan qələtdir,  
Zamanın səsini biz də dinlərik.  
Dünya gücümüzə yaxşı bələddir,  
Biçilə-biçilə əkilənlərik! 
 
Mart, iyun 1990, Bakı-Şəki 
  

________________Milli Kitabxana______________ 
317 
 
MÜNDƏRİCAT 
 
Şəbi-hicran……………………………………………………………………….7 
 
Gülüstan………………………………………………………………………...76 
 
İstiqlal…………………………………………………………………………...82 
 
Ağlar-güləyən…………………………………………………………………...96 
 
Təzadlar………………………………………………………………………..117 
 
Qiymət…………………………………………………………………………161 
 
Muğam………………………………………………………………………...175 
 
Atılmışlar………………………………………………………………………212 
 
İki qorxu……………………………………………………………………….254 
 
Şəhidlər………………………………………………………………………...275 
  

________________Milli Kitabxana______________ 
318 
 
 
 
 
 
 
 
BƏXTİYAR VAHABZADƏ 
 
SEÇİLMİŞ ƏSƏRLƏRİ 
 
II cild 
 
"ÖNDƏR NƏŞRİYYAT" 
 
BAKI-2004 
  

________________Milli Kitabxana______________ 
319 
 
 
 
 
 
 
Buraxılışa məsul:  
           Əziz Güləliyev 
 
Texniki redaktor:                         Rövşən Ağayev 
 
Tərtibatçı-rəssam: 
           Nərgiz Əliyeva 
 
Kompyuter səhifələyicisi:            Rəşad Həmidov 
 
Korrektor: 
                        Elmira Teymurova 
  

________________Milli Kitabxana______________ 
320 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 29.04.2004. Çapa imzalanmışdır 21.11.2004. 
Formatı 60x90 
1
/
16
. Fiziki çap vərəqi 20. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 179. 
 
 
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur. 
Bakı, Aşıq Ələsgər küç., 17. 

Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin