Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   2   3   4   5   6   7   8   9   ...   16

ƏMİ QATİLİ 
 
Ey Füzuli, qalmışam heyrətdə bilməm neyləyim,  
Dövr zalim, bəxt nafərcam, tələb çox, ömr az. 
 
Gecələr yaman olur,  
Gecələrin qoynunda 
Sirlər pünhan olur,  
Gecələrin zülməti 
Udur hər cinayəti.  
Zülmətin qucağından 
Çıxıb doğulan səhər,  
Tezə anadan olmuş 
Adsız körpəyə bənzər.  
Hələ günahı yoxdur, 
Təmizdir göy də, yer də,  
Hələ pakdır, təmizdir 
Körpə kimi səhər də.  
Hələ kir götürməmiş 
Onun təmiz ürəyi,  
Körpənin nəfəsidir 
Səhərin saf küləyi.  
Elə ki, gündüz olur, 
Yaxşı-yaman durulur,  
Əməllərə, işlərə 
Şahid kimi baxır gün.  
Bütün cinayətlərin  
üstünü örtmək üçün 
  

________________Milli Kitabxana______________ 
23 
 
Göylər öz çarqatını  
Sərir yerə gecələr,  
Arxa durur elə bil 
Canilərə gecələr.  
Gecələr yaman olur,  
Gecələrin qoynunda 
Sirlər pünhanı olur.  
Gecələrin zülməti 
Udur hər cinayəti. 
 
Bax, belə bir gecədə, gecənin zülmətində 
Qından çıxdı bir qılınc xanın imarətində. 
Bu qılınc düz köksünə endi İbrahim xanın. 
Duyan bir can daş oldu, gücünə bax zamanın. 
Günəş öz tellərini yayan kimi düzlərə, 
Gecə öz sirlərini danışdı gündüzlərə, 
Bağdad bu bəd xəbərdən çalxalandı bir anda, 
İnsan nələr törədir bu vəfasız cahanda. 
İnsan! Sənin kamalın göylərdən də dərindir, 
Dünyadakı gözəllik sənin əməllərindir. 
Sən qadirsən hər şeyə!  
Bu qüdrət ki, səndə var, 
Bəd əməldən nə çıxar? 
Kim öldürdü xanı, kim? 
Kim tökdü bu qanı, kim? 
Kimdir xanın qatili? 
Bilən bildi, dinmədi, 
"Mənə nə düşüb?" - dedi, 
Xanın qardaşı oğlu o gün keçdi xanlığa, 
Əl atdı yamanlığa. 
Talan etdi sarayın dövlətini, varını, 
Zülfuqar, əmisinin yaxın adamlarını 
Məhv etdirdi, taladı bütün obanı, eli. 
Bağdada hakim oldu o gün əmi qatili: 
Niyə etdi bunları? 
O, niyə məhv eylədi günahsız insanları? 
Bəli, rəyasət eşqi yaman olur, çox yaman! 
Onun əlindən aman, onun felindən aman! 
  

________________Milli Kitabxana______________ 
24 
 
Bu dərdə tutulanlar insanlığa yad olur. 
Adı insan olsa da, insana cəllad olur! 
Şərqin dərdi böyükdür qəditn tarixi qədər, 
Didir biri-birini təriqətlər, nəsillər. 
Qardaş qardaşa düşmən, oğul ataya düşmən, 
Didir biri-birini xaqanlar hikkəsindən. 
Füzuli ömru boyu 
Neçə-neçə qanların, 
Odların, üsyanların 
Burda şahidi oldu. 
Yurda dəyən zərbələr 
Məhəmməd Füzulinin 
Sinəsinə vuruldu. 
O hələ uşaq ikən 
Torpağın yarasını, 
Öz elinin, yurdunun 
Matəmini, yasını 
Duymuş öz ürəyində, 
Doğmuş bu yaralardan 
Minbir söz ürəyində. 
O, hələ uşaq ikən 
Düşünmüş için-için: 
"Bu yollar, təfriqətlər, 
Təriqətlər nə üçün?" 
O, bir şeir də yazdı  
Zülfüqarın adına, 
Şeir düşdü dillərə, tez yayıldı hər yana. 
Rəyasət davasını şeirlə qamçıladı, 
Sözlərdən könüllərə sanki nur damcıladı: 
...Rəyasət! Hökmün çatır bu dünyada hər yerə. 
Sən şərəf' gətirirsən bəzən şərəfsizlərə. 
Sən alçaq bir vücudu qiymətə mindirirsən, 
Sən adi bir insana "dahilik" də verirsən! 
Nələr çəkir adamlar sənin fərmanlarından! 
Bəzən sənin gücünlə, qüdrətinlə bir insan 
Bir top kimi oynadır əlində bu cahanı, 
Mininə ölüm yazır bir quduzun fərmanı. 
Rəyasətlər, rütbələr cinayətlə doludur, 
  

________________Milli Kitabxana______________ 
25 
 
Bəşər başda oturan quldurların quludur.  
Şeir gəzdi dilləri, gəlib çatdı saraya,  
Aldı alinəsəblər Zülfüqarı araya. 
- Xan sağ olsun, Füzuli artıq həddini aşdı, 
Biz heç, budur indi də gəlib sizə sataşdı. 
Dirək oldu göylərə Zülfüqarın nərəsi, 
Güclü bir fərman oldu bir alçağın cır səsi: 
- Azdır ona ölüm də, gərək ona dağ vuram, 
Şeir deyən dilinə od basam, qadağ vuram! 
Tez bir cəza düşünün, ağır cəza! 
Əyanlar 
Hərəsi bir söz deyir.  
Bəyənməyir Zülüqar.  
Vəzir qalxır ayağa: 
- Xan sağ olsun, bu şair 
Müəlliminin qızı Leylanın aşiqidir. 
Siz bu qızı alsanız onun əlindən əgər, 
Füzulinin qəlbinə məhşər dağı çəkilər. 
- Bax bu yaxşı xəbərdir, bu tədbirə mən varam, 
İstədiyim qisası indi ondan alaram. 
Gedin, qızı gətirin, qəmlərim unudulsun,  
Şairin sevgilisi xanmı kənizi olsun! 
 
 
İKİ HÖKMDAR 
 
Vadiyi-vəhdət dsqiqətdə məqami-eşqdir, 
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda, 
 
Xanın elçiləri minbir vəd ilə  
Qoca müəllimi tutdular dilə  
Qızı gətirdilər saraya zorla,  
Hər şeyi sarayda anladı Leyla.  
Yetirdi özünü xacə o saat,  
Baxdı təzə ovun üzünə mat-mat: -  
Allah, bu hurimi, mələkmi – deyə,  
Xacə heyran qaldı bu gözəlliyə.  
Hərəmlər dəydilər biri-birinə, 
 
  

________________Milli Kitabxana______________ 
26 
 
Baxdılar həsədlə rəqiblərinə. 
Gəldi məşşatələr, bir anda gəldi, 
Gəlin otağında meydan düzəldi. 
Onu salamlayıb, xoş dindirdilər, 
Saray ədasıyla geyindirdilər... 
Üzüldü hər yerdən Leylanın əli, 
Eldən ayrı düşdü ellər gözəli. 
Ancaq şirin sözlər, şirin vədələr, 
Təhqirlər, təhdidlər, min cür hədələr 
Onun inadını qıra bilmədi. 
"Mən öz mənliyimi satmaram!" - dedi. 
Xəbər çatdı xana, qəzəbləndi xan, 
Qulaqlar tutuldu bağırtısından: 
- Necə? Yola gəlmir? 
Çəngiyə bir bax! 
Mənim iradəmə təslim olmamaq?! 
Yaxşı! Bu axşam 
Mən özüm onunla hesablaşaram!.. 
Gör nələr yaradır hökmü dövranım: 
Leyla hüzurunda dayanmış xanın. 
Xan, qızı görüncə birtəhər oldu, 
Çatıldı heyrətdən onun qaşları; 
Gözü dumanlandı, nitqi tutuldu, 
Görüncə süzülən lal baxışları. 
Yandı ürəyində ehtiras odu, 
Qəzəbi soyudu, hirsi soyudu. 
Gözəllik! Kim sənə "mən koram" - dedi. 
De, sənin önündə kim baş əymədi? 
Ürəklər başında var yerin sənin 
Qılıncdan itidir kəsərin sənin! 
De, sənin gücündən böyük güc hanı? 
Alan sən olursan ixtiyarını 
İnsanın əlindən bir an içində. 
Bəzən əqidə də, məslək də, din də, 
Sənin atəşinə yanıb kül olur, 
Əməllər, arzular göyə sovrulur. 
Dinindən əl çəkib o Şeyx Sənan 
Boynuna bir anda xaç salmadımı? 
 
  

________________Milli Kitabxana______________ 
27 
 
Qayəsi yolunda ucalan insan  
Gözəllik önündə alçalmadımı?  
Gözəllik daşı da gətirər dilə,  
Hökmünə ram olar vəhşilər belə.  
Xan, qızı göruncə birtəhər oldu.  
Çatıldı heyrətdən onun qaşları;  
Gözü dumanlandı, nitqi tutuldu,  
Görüncə süzülən lal baxışları.  
Baxışlar. 
Nə qədər dərindir hələ,  
Batar o gözlərdə qəvvaslar belə.  
O ilahi gözlər, o ulu gözlər.  
O nərgiz baxışlar, yuxulu gözlər  
Yatan duyğuları yuxudan eylər,  
Bir yol süzüləndə min bir qan eylər.  
Həyat eşqi ilə o dolu gözlər,  
O xumar baxışlar, yuxulu gözlər  
-Böyük bir şairin ilham çırağı  
Alçaq bir qatilin önündə yanır.  
Şairin qəlbinə çəkilən dağı  
Xan öz aləmində intiqam sanır. Xeyr! 
Qisasında yanılmısan sən!  
Bu qisas deyildir əgər düşünsən.  
Lənət oxuyacaq nəsillər sənə,  
Qoy qanad verməsin bu illər sənə.  
Güvənmə taxtına, şərəfsiz insan,  
Sən aylar, sən illər hökmdarısan,  
O sa əsrlərə hökm edəcəkdir,  
Zülm yaşasa da, ömrü gödəkdir.  
Xan, qızı görüncə birtəhər oldu,  
Çatıldı heyrətdən onun qaşları;  
Bədəni uçundu, nitqi tutuldu,  
Görüncə süzülən o baxışları.  
Sarsıtdı sehriylə gözəllik onu,  
Gözəllik önündə əfsunlandı xan.  
İlk dəfə unudub xan olduğunu,  
Özünü bir adi insan sandı xan. 
 
  

________________Milli Kitabxana______________ 
28 
 
Gözündə kiçilir, alçalır onun  
Taxtı, rəyasəti, hökmü, fərmanı.  
İlanı yuvadan çıxaran əfsun,  
Quzuya döndərir zülmkar xanı.  
Xacəni səsləyib: 
- Aparın! - dedi. 
Qızı apardılar hərəmxanəyə,  
O gündən göz yumdu xan da hər şeyə.  
Keçdi bir neçə gün, xanın gözləri  
Röyalar içində dumanlanırdı.  
Xan o gündən bəri, o gündən bəri  
Hər nə görürdüsə yuxu sanırdı.  
Düşünür: görəsən o gözəl sənəm  
Hüsnünün sehrini hardan götürmüş?  
Xan başa düşmürdü nəydi o aləm,  
Nağılını eşitmiş, yuxumu görmüş?  
Xacəni çağırıb yanına bir gün,  
Xan öz ürəyini danışdı bütün.  
Söylədi Leylaya vurulduğunu: 
- Baş hərəm qoyuram - dedi - mən onu... 
Xacə xan əmrini çatdırdı qıza, 
Qız susdu, qəlbindən qan sıza-sıza. 
Leyla     - Bu sözlər xahişmi, yoxsa əmrmi? 
Xacə      -Xahiş! 
Leyla     - Hərəmxanə bəs eyləmirmi? 
Xacə      -Yox! Sən ulduzların ən parlağısan, 
Sənin camalına heyran olub xan. 
O, sevir səni. 
Leyla     - Mən isə sevirəm bir özgəsini. 
Xacə      - Qızım, təpik atma, gəl, öz baxtına. 
Leyla     - Mənim öz bəxtim var. 
Xacə      - Nə deyim xana? 
Leyla     - De ki, üz döndərib məhəbbətimdən, 
Ucuz şöhrətlərə əyilmərəm mən! 
Xacə      - Qızım, inad olma, inadı sındır, 
Anla ki, xan sənin hökmdarındır! 
Leyla     - Xacə, dediyini yaxşı düşün bir, 
Qəlbin hökmdarı məhəbbətidir. 
  

________________Milli Kitabxana______________ 
29 
 
Zindana saldılar Leylanı o gün,  
Dünya zindan oldu Məhəmməd üçün.  
Leyla razı idi öz əməlindən,  
O, zəhər içmişdi eşqin əlindən.  
Məhəbbət yolunda çəkdiyi əzab  
Ona kədər deyil, vüqar gətirdi,  
O, öz həyatını, cavan ömrünü  
Uğursuz taleyin hökmünə verdi.  
O dedi: - Zülmünlə, ey çərxi-dövran,  
Ciyərim qan oldu, yaralanmışam.  
Ancaq demərəm ki, sən bivəfasan,  
Verdiyin cəfanı vəfa sanmışam.  
Onun əzabını çəkdi Məhəmməd,  
Sifariş göndərdi dalbadal xana.  
Ürəyində ağrı, gözündə həsrət,  
O, lənət yağdırdı çərxi-dövrana.  
Yazdı: "Tanımıram nə xan, nə qanun".  
Yazdı: "Düşmən qəvi, taleyim zəbun".  
Yazdı: "Qıyarlarmı, gülə? Qaydadır  
Bülbülü salarlar qəfəsə, ey xan. 
 
Hökmün ki, ölkədə hər yerə çatır,  
Çəkinmə bülbülün ahü-fəğanından.  
Güvənmə hökmünə, təxti-tacına,  
Zamanın yolları düyün-düyündür.  
Zülmün qılıncını götür, sal qına,  
Gülə əl qaldırmaq gücsüzlüyündür.  
Qorxmuram zülmündən, siyasətindən,  
Şairəm, qaraya ağ demərəm mən!  
Səndə zərrə qədər insaf var isə,  
Gülü yox, bülbülü sal o məhbəsə!..  
Məktublar dalbadal axdı saraya,  
Əyanlar aldılar xanı araya.  
Hərə bir söz dedi,  
Çox düşündü xan,  
Yenə də dönmədi öz inadından.  
Dedi: - Tez saraya çağırın onu,  
Anladaq şairə qudurduğunu!.. 
  

________________Milli Kitabxana______________ 
30 
 
Sağında, solunda yaltaq kübarlar,  
Bir yanda Füzuli, bir yanda Leyla;  
Xanın gözlərində od var, alov var,  
Gah sağa boylanır, gah baxır sola. 
Xan - 
Deyirlər, Leylanın Məcnunusan sən, 
Nə deyə bilərsən məhəbbətindən? 
Füzuili - Əsil aşiq mənəm düzü, hökmdar, 
Məcnunun dünyada ancaq adı var.  
Mənəm bu əsrdə eşqin Allahı,  
Məni bənzətməyin Məcnuna zinhar,  
Ahımca olsaydı Məcnunun ahı,  
Yuva tikərdimi başında quşlar? 
Xan - 
Leylanın şəninə onda gərək sən, 
Burda bədahətən şeir deyəsən... Füzuli danışmır... 
- Hə, bəs nə oldu? 
Həcv deyən dilin niyə tutuldu? Füzuli danışmır... 
- Əmr edirəm mən: 
Gərək hüzurumda şeir deyəsən! 
Füzuli  - Bir xan olsanız da bunu bilin siz, 
Mənim hökmdarım siz deyilsiniz. 
Xan - 
Sənin hökmdarın bəs kimdir görən? 
Özgə xanlığınmı tələsisən sən? 
Füzuli  - Leyla namusumdur, Leyla armdır, 
O mənim yeganə hökmdarımdır. 
Ömür dastanımdır o gözəl pəri, 
Hökm onun hökmüdür, əmr onun əmri. 
Gülür gözlərində Leylanın cahan, 
Deyir: - Belə olar sevənlər, ey xan. 
Onun hər kəlməsi eşqin səsidir, 
Aşiqin sultanı məşuqəsidir. 
Hökmdar bu sirri yaxşıca bil sən, 
Sevgi dünyasında hələ tifilsən. 
Xan - 
Sus! 
Füzuli - 
Susa 
bilərmi dolu ürəklər? 
Zəncir götürməyir azad diləklər! 
  

________________Milli Kitabxana______________ 
31 
 
Deyə cavan şair qalxır üsyana.  
Bütün qəzəbini yağdırır xana:  
- Eşit sözlərimi, ey xan, indi sən,  
Mən də sənin kimi bir hökmdaram.  
Sən öz hökmün ilə gəldi-gedərsən,  
Mən ulu sevgimlə həmişə varam.  
Sən də şah, mən də şah... Sən ölkələri, 
Mənsə könülləri fəth edirəm, xan! 
Qılıncdır, nizədir silahın sənin, 
Mənim silahımsa sözdür hər zaman. 
Qılınc bu gün varsa, sabah pas tutar, 
Sözünsə qılıncı həmişə parlar. 
Qılıncla, mizraqla sən danışırsan, 
Mən nəşə doğuran sözlərlə, ey xan. 
İndi ki belədir, gəl, məndən əl çək, 
Axı, çəkişənlər tay olsun gərək! 
Gəl mənim Leylamı alma əlimdən, 
Onsuz nəfəsi yox, quru canam mən. 
Xan - 
Mənə də, ey şair bax bu gərəkdir. 
Səni ömrün boyu inlədəcəkdir  
Bu gün hüzurumda dediyin sözlər,  
Gərək həsrət qala sənə o gözlər.  
Ölüm belə azdır sizə, dayanın,  
İkiniz bir oda yandıqca yanın! 
 
 
AH, O ZALIM OVÇULAR!.. 
 
Oxun gəldikcə sinəmdm sadalardır çıxan bilməm,  
Dil eylər nalə, ya peykan dayər sinəmdə peykanə. 
 
Bu əhvalatdan sonra hələ bir neçə ay da saxladılar  
Leylanı məhbus kimi sarayda.  
Leyla soldu, saraldı, xəzan vuran bağ kimi,  
Sızladı gecə-gündüz yağsız bir çıraq kimi.  
Ürəyinin dərdini dedi o bəxti qara; 
  

________________Milli Kitabxana______________ 
32 
 
Gündüzlər buludlara, gecələr ulduzlara. 
Yuxusu da gecələr uçub ərşə çəkıldi, 
Sübhə qədər gözləri şam çırağa dikildi, 
Dedi: - Sən də yanırsan, mən də... bir fərqimiz var. 
Yanğı elə yanğıdır, bu fərq bizi ayırar: 
Sən gecələr yanırsan, mənsə, mənsə, ey çıraq, 
Həm gecələr yanıram, həm gündüzlər, dərdə bax! 
Zülmlər, işgəncələr sarsıtmr ancaq onu, 
Füzulinin verdiyi o qızıl medalyonu 
Sinəsinə basaraq hıçqırır sübhə qədər; 
Füzulinin yazdığı könül yaxan qəzəllər 
Saray divarlarını dəlib keçir bir anda, 
Bu qəzəllər gül açır qızın dodaqlarında: 
"Aşiyani-mürği dil zülfi-pərişanındadır, 
Qanda olsan, ey pəri, könlüm sənin yanındadır. 
Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib, 
Qılma dərman, kim həlakim zəhri-dərmanındadır. 
Bəs ki, hicranındadır, xasiyyəti, qəti həyat, 
Ol həyat əhlinə heyranam ki, hicranındadır". 
Muğam üstə oxuyur Leyla bu sətirləri, 
Heyran qoyur səsinə o, göyləri, yerləri, 
Bu səs əridir qışın şaxtasımı, qarmı. 
Bu səs dilə gətirir saray divarlarını. 
(Dərdi ağır deyildir dərdini bilməyənin, 
Dərdi yaman ağırdır sevib-sevilməyənin... 
Dərdinə dərd çatarmı 
Həm sevib, həm sevilib  
Eşqi yetim qalanın?  
Həm özü, həm aşiqi  
Bir alçağın əlində  
Qul olub alçalanın!)  
Xan gözlədi,  
Gözlədi, 
Çatmadı arzusuna;  
Qızın inadkarlığı çox ağır gəldi ona.  
Çox düşündü, nəhayət, hiylələrə əl atdı,  
Bir gecə qol gücünə məqsədinə o, çatdı. 
  

________________Milli Kitabxana______________ 
33 
 
Saray əhli car çəkib xəbər yaydı hər yerə: 
Leyla sürgün edilmiş Bağdaddan yad ellərə. 
O gündən də Füzuli dərə aşdı, dağ aşdı, 
Obaları, elləri oymaq-oymaq dolaşdı. 
Şeir dedi, inlədi, o, "Leyla!", "Leyla!" - deyə, 
Yaralı ahu kimi baş vurdu hər şənliyə. 
Keçdiyi hər obadan Leylanı xəbər aldı, 
O, öz məhəbbətiylə ucaldı, hey ucaldı. 
O gördü qasırğa da, gördü şaxta da, qar da. 
Gördüm deyən olmadı Leylanı bir diyarda. 
Günəş saraldı getdi, 
Göylərə daldı getdi. 
Ayı Leylası bildi, 
O da yan aldı getdi. 
Ürək vurur, yorulmur, 
Könül yanır, qor olmur. 
Sənə baxan gözlərim 
Niyə sənsiz kor olmur? 
Füzuli obaları gəzməkdən yorulmadı, 
Ancaq onun səsinə bir səs verən olmadı. 
Məhəbbəti ürəkdə, qəzəlləri sinədə 
Kor-peşiman qayıtdı o, Bağdada yenə də. 
Ürəyində boğuldu Füzulinin haqq səsi, 
Bülbüllərin naləsi, küləklərin nəğməsi, 
Ahəng tutdu aşiqin "naleyi-dilsuzinə". 
Daldı düşüncələrə, xəyallara o, yenə. 
Onun sonsuz dərdləri yetişmədi dəvaya, 
O qayıdıb evinə çəkildi inzivaya. 
Gecə-gündüz düşünmək ona bir adət oldu, 
Təsəllisi bir xəyal, bir də ibadət oldu. 
O, çox mənalar verib dünya qeylü-qalına, 
Göylərdən cavab umdu yerlərin sualına. 
Fələklər göydə çin-çin yandı onun ahından, 
Arzusunun çırağı alışmadı bircə an. 
Ürəyinin naləsi, 
Aman səsi, ah səsi 
Yatanları oyatdı, bəxtini oyatmadı. 

________________Milli Kitabxana______________ 
34 
 
Ahı göylərə çatdı, zalım xana çatmadı. 
Alnında izlər açdı əzabları xış kimi, 
İnlədi çöldə bitən yaralı qamış kimi. 
Şair açıb qəlbini dedi: - Yanan mənəm, mən, 
Günəşə, ulduzlara, aylara düşmənəm mən. 
Onlar öz tellərini elə ki, yerə sərir, 
Mənə min cür fəlakət, faciələr göstərir, 
Siz məndən soruşmayın, mən nələri sevirəm, 
Buludları sevirəm, gecələri sevirəm. 
Ensin yerə buludlar, ensin yerə qaranlıq. 
Ələmləri, dərdləri mən görməyim bir anlıq. 
Ah, o zalım ovçular!,. Ah, o zalım ovçular!.. 
Onlarda insafmı var? 
Yuvasını dağıtdı mənim bülbüllərimin, 
Yuxusunu qaçırtdı yuxulu çöllərimin. 
Bu dünyaya gələli üzüm gülmədi bir gün, 
Dünyadan zövq istəyən, dünyadan əl götürsün?! 
Mən bir zövq görəmmədim nə qədər dünyadayam, 
Qəm dənizi içində yalqız qalan adayam. 
Nə qəlbimin ahları, nə gözümün qan-yaşı, 
Söndürə bilmir mənim sinəmdəki atəşi. 
Əridirəm oduma ürəyi də, canı da, 
Qorxuram ki, yandıram oduma dunyanı da, 
Dəli küləkləriylə, dilə gəlib ney kimi, 
İstərəm ki, təbiət çalsın məniın qəmimi, 
Yerdə odlar qalansın, 
Dəryalar dalğalansın, 
Hayqırsın üsyanımı. 
Görüb eşitdikcə mən, oda yaxdım canımı! 
Necə dözüm bu dərdə, məgər daşam, dəmirəm? 
Mən görmək istəmirəm, eşitmək istəmirəm. 
Görüb eşitdikcə mən artır sinə dağlarım, 
Ətdən gözüm olaydı, daşdan da qulaqlarım. 
Hər şey yalandır, yalan!  
Ömür qəm karvanıdır, 
Talelər ömürlərin əbədi sarvanıdır. 
Böhtanlar vadisində ömür atımı sürdüm. 
Kefdən dəm vuranları, mən ki, yalançı gördüm. 
  

________________Milli Kitabxana______________ 
35 
 
Vəfa umduqlarımdan cəfa gördüm hər zaman,  
Güzgüdən sidq istədim, əyri gördüm özümü.  
Suya dedim dərdimi, axıb keçdi yanımdan,  
O da ağzımda qoydu iki kəlmə sözümü.  
Ey dəhşətli fikirlər, məndən uzaqlaşmayın,  
Siz mənim ürəyimdən kənarda ağlaşmayın.  
Şairəm, qəm içində keçir gecəm, gündüzüm.  
Sevdalı xəyalların övladıyam mən özüm!  
Yalnız yalan gerçəkdir.  
Mən bu haqqı danmıram,  
Mən öz varlığıma da şəkk edir, inanmıram,  
İnanmıram göyə də, inanmıram yerə də,  
Min əfsanə uyduran böyük nəbilərə də.  
Varsa bir inandığım: yalnız eşqdir o da,  
Min dünya kəşf etmişəm, eşqimlə bir dünyada.  
Özüm də heç bilmirəm bu dünyaya nə deyim?  
Nə gecəm bir gecədir, nə gündüzüm bir gündüz.  
Ey mənim məhəbbətim, eşqim, hissim, diləyim,  
Siz həm mənim həyatım, həm də ölümümsünüz!  
Ölüm, sağ görüb məni, atma mənə pəncəni,  
Mən ki çoxdan ölmüşəm, naləm aldatmış səni!  
Aylar keçdi, il oldu, əvəz etdi gün-günü,  
Zaman verdi hökmünü,  
Yaman verdi hökmünü:  
Şah Təhmasib bir gecə hücum çəkdi Bağdada,  
Düşdü yenə qan-qada.  
Zülfüqarın taxtını çevirdilər başına, 
Gecənin zülmətində o, yaşına-yaşına  
Qaçırdı təkbaşına. 
Elə bu vaxt, bu zaman  
Qayıdırdı Füzuli evə yaxın obadan.  
Onlar qarşılaşdilar. 
Görən kimi tanıdı şair onu: 
- Zülfüqar!  
Hara belə qaçırsan, dayan, sənə sözüm var. 
- Aman, şair qoy gedim. 
- Dayan, hələ dayan, xan, 
  

________________Milli Kitabxana______________ 
36 
 
Elə ki, ayrı düşdün öz taxtından, tacından, 
Adi bir adam oldun, getdi şanın, şöhrətin, 
Təxti-tacında imiş bütün gücün-qüdrətin. 
Get, zülmündən qurtarıb, məmləkət azad oldu, 
"Zülm ilə abad olan ədl ilə bərbad oldu". 
" - Padişahi - mülk, dinarü dirhəm rüşvət verib, 
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri. 
... Göstərən səatda dövrani-fələk bir inqilab, 
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri. 
Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən, 
Eyləmiş iqbalimi asari-nüsrət məzhəri. 
... Qanda kim, əzm etsə, mərsumu məvacib istəməz. 
Qansı mülkü tutsa dəgməz kimsəyə şurü şəri..." 
- Söylə, Leyla hardadır? 
- Sarayda. 
- Yalan demə. 
- Mən düzünü deyirəm, saraydadır. 
- Qəlbimə 
Sənin fitnələrindən çəkildi məhşər dağı, 
Heyf! Dünya saxlayır qoynunda hər alçağı. 
Deyə ordan birbaşa saraya gəldi şair, 
Axtardı hücrələri, otaqları birbəbir. 
Girdi hərəmxanəyə, 
Tapılmadı Leylası, "o, hara getmiş?" - deyə 
Düşündü için-için, 
Yenə köhnə yarası təzələndi şairin. 
O gecə Zülfuqar xan 
Qaçan kimi saraydan, 
Qapıları açdılar. 
Qızlar hərəmxanadan çıxıb dağılışdılar. 
Hərə getdi bir yerə, Leyla da azad oldu, 
Sanmayın ki, o, bundan, fərəhləndi, şad oldu. 
Gecənin zülmətində öz-özünə deyirdi: 
"Hara gedim mən indi? 
Evəmi? Bəs atamın necə çıxım üzünə? 
Heç özü də bilməyir, fikri nədir, qəsdi nə? 
Hələ bu heç... Məhəmməd!  
O, nə deyər bəs mənə? 
  

________________Milli Kitabxana______________ 
37 
 
İtirdim ismətimi...  
Gülməzmi hər kəs mənə?  
Yox, yox, mən bu halımla göydən yerə enmişəm,  
Bir alçağın əlində mən ki ləkələnmişəm.  
Mən bədbəxti taleyim yaman saldı çətinə,  
Şairin o müqəddəs, böyük məhəbbətinə  
Layiq ola bilərmi mənim ləkəli adım?  
Heyhat! Gözümdə qaldı bütün arzum, muradım,  
Yox! Bu daha ağırdır bütün işgəncələrdən!  
Məhəmmədin gözünə görünə bilmərəm mən".  
Deyə doğma şəhəri gecə tərk etdi Leyla,  
Kərbəlalı bir qıza qoşulub getdi Leyla.  
Getdi, çıxdı şəhərdən.  
Bir xeyli getdi... Birdən: 
- Yox, mən onu görməmiş hara gedirəm - deyə 
Leyla döndü geriyə: 
- Aman, bacım, izn ver, gedim, görüm mən onu - 
Könlümün ilk dostunu. 
Bəlkə bu lilli sular axdı, heç durulmadı,  
Onu görmək bir daha mənə qismət olmadı.  
Qulağımda bir daha səslənmədi səsi də. 
- Gedək! - deyə qoşulur ona rəfiqəsi də! 
O, keçdikcə şəhərin tanış küçələrindən, 
Təəssüflə ah çəkir, köks ötürür dərindən. 
Düşünür asta-asta: "Küçələr, ay küçələr, 
Mən sizin sinənizi tapdamışam nə qədər. 
Bu yollarla nə qədər mədrəsəyə getmişəm, 
Qayğısız illərimi mən burda əritmişəm. 
Bu yollarda itibdir ömrün şirin dəmi də. 
Bu yollarda tapmışam mən öz sevgilimi də. 
Ah... bu yollar, bu yollar! 
Neçə il bundan qabaq  
Kim deyə bilərdi ki, belə bir gün olacaq?  
Kim deyə bilərdi ki, könlüm düşəcək dara?  
Göz yaşlarım axacaq gül səpdiyim yollara?  
Gülə-gülə keçdiyim bu yollardan bir zaman  
Mən ağlaya-ağlaya keçəcəyəm... ay aman!  
Bir düşdüyüm günə bax! 
  

________________Milli Kitabxana______________ 
38 
 
Taleyin hökmünə bax!" 
Leyla bayaqdan bəri 
Gəzir bütün şəhəri. 
Ancaq rəfiqəsi də 
Gözdən buraxmır onu 
İzləyir öz dostunu 
Belə ağır günündə. 
Mədrəsənin önündə 
Gəlib Leyla dayanır, 
Ötən günləri anır. 
Səslənir qulağında bir inilti, bir ənin, 
O öpür kandarını ona tanış hücrənin. 
Nəzərləri içəri sancılıb durur nədən? 
Məhəmmədi soruşur elə bil o, hücrədən. 
Evlərinin yanından ötərkən yana-yana, 
Ötəri nəzər salır o, balaca eyvana. 
Gəlib çıxır nəhayət 
Balaca bağçasına sevimli Məhəmmədin, 
Məhəbbəti inləyir qəlbində həzin-həzin. 
Pəncərənin önündə o, dayanır lal kimi, 
Gördükləri görünür gözunə xəyal kimi. 
Odur, şair oturmuş balaca miz dalında, 
Quş lələyi əlində, bir dünya xəyalında. 
Yazır, pozur... əriyir önündəki şam kimi. 
"Ah... o yazır, o yazır yəqin mənim eşqimi" - 
Deyə Leyla düşünür: 
- Xeyli keçmiş gecədən, 
Yatmayıbsan hələ sən. 
Mənim böyük şairim, ah yazır, aman yazır. 
O, "Şəbi-hicran" deyir, o, "Şəbi-hicran" yazır. 
Zilləyib gözlərimi pəncərənə baxıram, 
Gülüm sənə baxıram. 
Məhəbbət sapımıza vuruldu bir kor düyün 
Bax, bu saat eşqini kağızlara tökdüyün 
Sevgilin durub sənin, 
Önündə pəncərənin. 
Səninsə xəbərin yox! 
  

________________Milli Kitabxana______________ 
39 
 
Mənimlə bircə anlıq 
Görüşünə sən yəqin 
Həyatını verərdin! 
Başa düşmək olmayır gərdişi, ey sevgilim, 
Tərsinədir dünyanın hər işi, ey sevgilim, 
Səni çox sevdiyimdən, 
Burdan getməliyəm mən. 
Ləkəli bir ad sənə istəmirəm yük olsun! 
Qoy sənin böyük adın həmişə böyük olsun! 
Deyə doğma şəhəri gecə tərk etdi Leyla, 
Kərbəlalı dostuna qoşulub getdi Leyla! 
 
Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin