Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   2   3   4   5   6   7   8   9   ...   16

 
"LEYLİ VƏ MƏCNUN" 
 
Ey Füzuli, qılmazam tərki-təriqi eşq kimi,  
Bu fəzilət daxili əhli-kamal eylər məni. 
 
"Hasilim yox səri-kuyində boladan qeyri,  
Qərəzim yox rəhi-eşqində fənadan qeyri. ...  
Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə  
Kimsə yox cizginə, girdabi-bəladan qeyri.  
Nə yanar kimsə mənə atəşi-dildən özgə,  
Nə açar kimsə qapını badi-səbadan qeyri.."  
O saxlayıb qələmi bir ah çəkdi bu zaman,  
Səhər küləkləriylə Kərim girdi qapıdan  
-Sevincindən yaşardı gözləri bu dəm onun,  
Qalxıb atdı özünü qucağına dostunun,  
Bir xeyli baxdı onlar üzünə bir-birinin,  
Sözünü gözlər dedi dolu ürəklərinin.  
Dostlar xeyli susdular,  
Axdı ürəklərindən qanlı sular, lal sular.  
Bu hal bir xeyli keçdi...  
Nəhayət əyləşdilər,  
Gözdən sözə keçdilər.  
Füzuli qəzasını bir-bir ona danışdı,  
Yana-yana danışdı. 
  

________________Milli Kitabxana______________ 
40 
 
O, axırda oxuyub dostuna son şeirini,  
Yerə dikdi yaş dolu o yorğun gözlərini, 
- Dostum, bu şeir deyil, şeir dinləmədim mən, 
İldırımmı çaxırdı sənin sətirlərindən? 
Yoxsa yanaqlarıma dəydi sübhün nəsimi? 
Bu, göyün hıçqırığı, bu, yerin naləsimi? 
Bu, baharın çiçəyi, zimistanın qarıdır.  
Bu, öz oduna yanan qəlbin alovlandır.  
Dostundan gizlətmə, gəl, sən gözünün yaşını,  
Çevir şeir incisinə qəlbinin atəşini.  
"Xəmsə"ni gətirmişəm, budur, sənə hədiyyə,  
Götür, oxu bir daha Füzuli: "Sağ ol" - deyə,  
Öpür, öpür "Xəmsə"ni, dərya kimi çağlayır,  
Sonra o, aram-aram kitabı varaqlıyır.  
"Leyli-Məcnun!"... dayanır, o, burada. 
- Bunu mən, 
Dostum, oxumalıyam bu halımda yenidən.  
Kərim                  - Daha yaxşı duyarsan, sən indi bu dastanı.  
Füzuli                  - Məni sənintək duyan bir dost, havadar hanı? 
Minnətdaram sənə mən, 
Sən Məcnunun Zeydisən!.. 
 
Havayı keçirmədi bir saatı, bir anı. 
Nizami Gəncəvinin "Leyli-Məcnun" dastanı 
Onu vəcdə gətirdi... Təkrar-təkrar oxudu. 
Gah oxudu, gah da ki, əlinə aldı udu. 
Çaldı, 
Çaldı, 
Çox gizli nöqtələr tapdı onda, 
Tapdı axtardığını muğamın xallarında. 
Açıb ona sirrini çox gizli pərdələrin, 
Düşündürdü şairi Nizami dərin-dərin. 
- Hər sətri bir xəzinə, hər sözü bir pəhləvan. 
Heyif. Ana dilində yazılmamış bu dastan, 
Bax, burada gör necə xal vurubdur Nizami, 
Öz böyük arzusunu dondurubdur Nizami. 
  

________________Milli Kitabxana______________ 
41 
 
Daşüzlü qanunların şaxtasında, qarında.  
"Ey qulluq halqaları!" - siz o sənətkarın da  
Qulağını sıxdınız, unutdu öz dilini.  
Danışa da bilmədi, yandırdı söz dilini.  
Yaşasara da həmişə mən ərəb ölkəsində,  
Yaşatmışam xalqımı öz şeirimin səsində.  
Azərbaycan oğluyam... Bilsin bunu, qoy, aləm!  
Mürəkkəbə döndərib kağıza tökməliyəm  
"Vətən", "Vətən" - söyləyən ürəyimin qanını.  
Bu köhnə əfsanəni - Leylinin dastanını.  
Leylamın öz dilində yazam gərək, yazam mən!  
Yeni dastan bağlayım nakam məhəbbətimdən!.. 
 
Füzuli muğam üstdə yazdı "Leyli-Məcnunu",  
Gah neyi ağlatdı o, gah ney ağlatdı onu.  
Muğamın sinəsindən doğdu Füzuli şeiri,  
Elin hicran səsindən doğdu Füzuli şeiri.  
Muğam bir xəzinədir, açarıdır duyğular,  
Muğamda sevinc də var, muğamda kədər də var,  
Muğam mənim xalqımın misilsiz kamalıdır.  
Tarixidir, eşqidir, arzusu, amalıdır.  
Tar səsinə qulaq as...  
Bu səs elin nəfəsi, 
Bu səs gözlərdən axan yaşların damcı səsi.  
Bu səs sükuta dalmış göyü də dilləndirər,  
Ulduzlar da bu səsin önündə baş endirər.  
Dinlərkən onu... yerdən ayağımız üzülür,  
Səslərin laylasında gözlərimiz süzülür.  
Gah göylərə ucalır, gah yerə alçalırıq,  
Xəyalın qanadında özümüzə dalırıq,  
Gözümüzün önündə açılır nələr-nələr,  
Əlvan-əlvan lövhələr. 
Muğam, sənsiz keçməsin ömrümün bircə günü,  
Muğam, sənin önündə ən incə söz gücünü,  
Ən zərif güllar belə itirər öz rəngini.  
Azərbaycan şeirinin yaratdın ahəngini!  
Torpağa can verirsən, 
 
  

________________Milli Kitabxana______________ 
42 
 
Dilsiz daşları belə sən dilə gətirirsən! 
Mən səni dinləyəndə, ah, bu nədəndir müdam, 
Dərdim də yada düşür, sevincim də, ay muğam, 
Ötən xatirələrim cana gəlir, bu dəm mən 
Yaşadığım günləri yaşayıram yenidən. 
Gücün kimi güc hanı? 
Sənin gücün, qüdrətin, 
Ölümə də səsləyir, həyata da insanı! 
Axtardığı Leylanı o, tapmadı həyatda, 
Həyata güldüyündən, 
Ağlatdı zülüm-zülüm 
Füzulini həyat da...  
O, qələmə əl atdı, 
Leylaınn xəyalını kağız üstdə yaratdı:  
"Xəyal ilə təsəllidir, könül meyli - vüsal etməz.  
Könüldən dişrə bir yer olduğun aşiq xəyal etməz".  
Füzuli əyləşib otağında tək,  
Oynaşır üzündə qəm buludları.  
Bayırda cücərib min gül, min çiçək,  
Əriyir qəlbində dağların qarı.  
Qəlbinin gözüylə dünyaya baxıb,  
Dedi: arzulara dar gəlir cahan.  
Leylini, Məcnunu yandırıb-yaxıb,  
Keçirdi zamanın fırtınasından  
Yandı dünya odu onun üzündə,  
Ahını Məcnunun ahına qatdı.  
Zamanı ağlatdı Leyli gözündə,  
Məcnunu zamana üsyan yaratdı. 
 İnlədi, batmadı ancaq o, yasa,  
Düşündü, aləmi düşündürdü o  
Nofəlin parlayan qılıncındasa,  
Bir gün parlayacaq haqqı gördü o.  
Tökdü kağızlara könül varını,  
İlhamı kükrədi, tüğyana gəldi.  
Bir daha oxuyub yazdıqlarını – 
Sənətin gücünə heyran kəsildi.  
Dedi: - Sənətimlə illərdən bəri, 
 

________________Milli Kitabxana______________ 
43 
 
Daşa, torpağa da can verirəm mən. 
Bəngü-badələri, cansız şeyləri, 
Danışan insana çevirirəm mən. 
Mən gah ney oluram, gah dəf, gahsa tar, 
Gah kanon oluram, gah ud, gah setar. 
Ney olsam, ney kimi inlərəm həmən, 
Tar olsam, sim kimi gərilərəm mən. 
Bir anm içində həm qara, həm ağ, 
Həm yaxın oluram, mən həm də uzaq
Həm gecə oluram, həm gündüz, Allah! 
Həm "əyri" oluram, həm də "düz", Allah! 
Gah Qeysin atası olub ürəkdən, 
Leylini "oğluma istəmirəmmi?" 
Leylinin atası olub gah da mən, 
Onun xahişinə "Yox" demirəmmi? 
Məni - Füzulini yaratdı Tanrı, 
Alacaq qoynuna məni də torpaq. 
Məhv olur Allahın yaratdıqları, 
Mənim yaratdığım ölməzdir ancaq. 
Füzulinin şöhrəti yayıldı ölkələrə 
Onun söz inciləri bir gündə neçə kərə, 
Neçə-neçə dodaqda inildədi ney kimi... 
Hər kəs dedi: Füzuli yazıb mənim dərdimi, 
Yandırdı ürəkləri bir qəlbin odu, közü. 
Milyon qəlbin dərdini daşıyan qəlbin sözü, 
Dindirdi mizrab olub milyon qəlbin telini. . 
Füzuli bayraq etdi doğma ana dilini, 
O, bu dildə ilk dəfə "Leyli-Məcnun" yaratdı. 
Leylaya çatmasa da, 
Böyük məhəbbətiylə 
Sonsuz şöhrətə çatdı.  
Füzuli məhəbbəti,  
Onun böyük sənəti  
Məşəl kimi alışdı.  
O, bizə dərdimizi, 
qəmimizi danışdı. 
  

________________Milli Kitabxana______________ 
44 
 
Burda böyük dərdimiz yadıma düşdü mənim:  
Hələ birlik görməmiş  nıənim böyük Vətənim, 
Qəsbkarlar əlində didildi, parçalandı.  
Ancaq sərvəti deyil, ürəyi də talandı.  
Sərvət getsə qəm deyil, sərvət gələr yenə də,  
Bu qəmdir ki, bu elin qəlbinə, eşqinə də,  
Dilinə, ruhuna da qəsd edələr, ay aman!  
Ələmlərin, dərdlərin hamısından bu, yaman!  
Bax, belə bir zamanda, 
Günəş kimi parlayıb, 
Qalxdı göyə Füzuli,  
Saldı şəfəqlərini hər ölkəyə Füzuli.  
Yada düşdü ürəkdə qövr eləyən acılar;  
Hərəsi bir diyara düşən qardaş, bacılar,  
Füzuli şeiriylə də tanıdı bir-birini.  
O, çatdırdı qardaşa qardaşın əllərıni,  
Könüllərə bir üınid, nəşə verdi Füzuli;  
Parçalanmış bir eli - 
Böyük Azərbaycanı 
Birləşdirdi Füzuli! 
İllər ötdü, ölkəyə yenə düşdü qan-qada,  
Fateh Sultan Süleyman hücum çəkdi Bağdada.  
Şadlıq səltənətindən şah Təhmasib qovuldu  
Səlim oğlu Süleyman Bağdada hakim oldu.  
Gah onun, gah da bunun üzünə güldü iqbal,  
Şahlar əvəz eylədi bir-birini dalbadal.  
Füzuliysə əyləşib söz mülkünün başında,  
Gəldi-gedər şahlara güldü qoca yaşında.  
Neçə-neçə sultanı, xanı yola saldı o,  
Söz mülkünün başında əbədilik qaldı o.  
Onu yıxa bilmədi zamanın küləkləri.  
Bir əvəzsiz şah olub qəsb etdi ürəkləri.  
Sultanları məhv edib zaman aldı kamıın,  
Füzuliysə zamandan aldı intiqamını.  
Ulduzlar baxışları, buludlarsa ahıdır,  
Əbədidir şahlığı, o, könüllər şahidir! 
  

________________Milli Kitabxana______________ 
45 
 
"ŞİKAYƏTNAMƏ" 
 
Könlüm odu çıxdı yanə-yanə  
Ahəngi-şəfəqtək asimanə. 
 
Qoyub qabağına "Leyli-Məcnunu"  
Kərim min həvəslə oxuyur onu.  
Məcnun! Füzulinin başqa adıdır,  
O, böyük şairin öz fəryadıdır.  
Hər beytin üstündə Kərim dayanır,  
Yanan sətirlərdən od alıb yanır.  
Düşünür, düşünür, o, dərin-dərin – 
Bu böyük kitabla yanan şairin  
Közərib qəlbindən söz, zahir olmuş,  
Qanından rəng alıb cəvahir olmuş.  
Ağladır göyləri, ağladır yeri  
Böyük bir şairin şikayətləri:  
"Bir dövrdəyəm ki, nəzm olub xar,  
Əşar bulub kasadi-əsar..."  
"Mənim bu dərdimi axı kim anlar,  
Ah! Qədim əyyamlar, köhnə zamanlar,  
Hanı qiymət qoyan şeirə, sənətə?  
Zaman dara düşüb, insan möhnətə.  
Bir qarın çörəyə qul olan insan,  
Keçir öz eşqindən, arzularından.  
Tökürəm kağıza ələmlərimi,  
Büzülür yer-yerdən yüz dodaq mənə.  
Gündüz şölə çəkən bir çıraq kimi  
Qalır öz içimdən alışmaq mənə.  
Açılmış cığırla mən yol getmədim,  
Özgə qismətinə göz də dikmədim,  
Ürək sındırmadım, qəlb incitmədim,  
Paxıllar yüz yerdən çəkdi dağ mənə". 
 
* * * 
Oyatdı yerindən Kərimi sözlər,  
O qalxdı, gəzindi evdə bir qədər.  
Düşündü halını şair dostunun, 
  

________________Milli Kitabxana______________ 
46 
 
Bəli, güzəranı pis keçir onun.  
Neçin belə sakit oturmuşam mən?  
Bəs bir şey gəlməzmi mənim əlimdən?  
Kərim çox düşündü, qəmlər içində,  
Parladı üzündə ümid şöləsi. 
                                           Zamanın dolaşıq kəşməkeşində 
Gərək boğulmasın şairin səsi! - 
Deyə burmaladı şeşə bığını, 
Geyərək əyninə arxalığını, 
Fikirlər içində yola düzəldi, 
Alçala-alçala saraya gəldi. 
Qoy mən əyilsəm də, o, əyilməsin, 
Şairin üstünə saray gülməsin. 
Gözünün altına aldı hər şeyi - 
Sultanın önündə baş endirməyi, 
Qulların önündə bir qul olmağı, 
Alçaqlar önündə alçaldılmağı, 
"Onun güzəranı pis keçir" – deyə, 
O gəldi sultandan vəqf istəməyə. 
Füzulinin bir səhər 
Qapisını döydülər. 
O özü çıxdı çölə, 
Qayıtdı gülə-gülə. 
Əlindəki kağıza zilləyərək gözünü, 
Həyatında bəlkə də o, ilk dəfə özunü 
Xoşbəxt sanırdı bu gün - 
Kəsmət kəsmişdi sultan doqquz axca onunçün. 
O, baxmaqdan doymayır əlindəki barata, 
O, inana bilməyir, bu "böyük" mükafata. 
Bu kağızla bərabər 
O, zənn etdi bu səhər, 
Od gəldi ocağına. 
Su goldu bulağına 
Taqət gəldi qoluna, 
İşıq düşdü yoluna. 
Düşündü: "Sultanın mən 
Yadına hardan görən 
  

________________Milli Kitabxana______________ 
47 
 
Düşmüşəm birdən-birə?  
Bunu yazan əllərə  
Afərin! Bir xəttə bax,  
Hər nöqtəsi bir ulduz  
Hər sətri bir çilçıraq".  
Əfsus, bu fərəh də uzun sürmədi,  
Şair bu kəsmətdən bəhər görmədi.  
Neçə ay süründü idarələrdə,  
Dinləyən olmadı onu heç yerdə.  
Hey gedib-gəlməkdən o, yorulmadı.  
Salamım belə alan olmadı.  
Şair inadından dönmədi yenə,  
Hökm etdi, güldülər onun hökmünə.  
Dedi: - Gəlin, məni incitməyin siz.  
Dedilər: - Gücsüzdür bu vəsiqəniz.  
Dedi: - Sultan özü veribdir bunu.  
Dedilər: - Bilirik nə olduğunu.  
Dedi: - Axı vəqfi yemək vəbalıdır.  
Dedilər: - Bilirik, bizə halaldır.  
Dedi: -Neylərsiniz hesab çəksələr?  
Dedilər: - Bir dodaq, bir də diş bilər.  
Hesab çəkənləri razı salmışıq.  
Şairin bir sözü qalmadı artıq,  
Döndü birdəfəlik öz inadından,  
Qayıtdı evinə o, kor-peşiman.  
Yaman ağır gəldi bu, Füzuliyə,  
"Sultan neçin məni aldatsın" - deyə.  
Mən ki, ondan heç nə istəməmişdim,  
"Az aşım, ağrımaz başım" - demişdim.  
Bəs neçin o, məni oynatdı belə?  
İsticə aşıma su qatdı belə?  
Məni aldatmaqla o, nə qazandı,  
Məni dilənçimi, ya qulmu sandı?  
Çeynədi haqqımı o, hansı haqla,  
Mənim mənliyimi o, tapdamaqla  
Nə demək istəyir görəsən, Allah?  
Şahid ol, şahid ol buna sən, Allah! 
  

________________Milli Kitabxana______________ 
48 
 
Şahların hörməti mənə bu oldu, 
Mənliyim, vüqarım lağa qoyuldu. 
Güldü şöhrətimə, güldü adıma. 
Bu barat, şeirimə, istedadıma 
Sultanın tənəsi, istehzasıdır, 
Deyirlər: göylərə şeirim asidir. 
Ah, asi olmuyum bəs neyləyim mən? 
Bezməyib dünyanın işgəncəsinə, 
Hər cövrə, cəfaya mən dayanmışam, 
Şeirimdə özümü sultan sanmışam. 
Mən "gör nə sultanəm..." dedim hər zaman, 
Yəqin qəzəblənib şeirimə sultan, 
Yerimi göstərmək istəmiş mənə. 
Xeyr, mən şeirimlə sultanam yenə!.. 
Sözlərlə qızınır şair, sözləri 
Könül atəşində döndərib oda, 
Evi qızdırmağa payızdan bəri, 
Onun ocağında odun yoxsa da. 
Gəlmədi dilinə yalan, şairin - 
Aldı el dərdindən odunu sözlər. 
Atəşi qəlbindən alan şairin 
Odu ürək oldu, odunu sözlər... 
Əlində qələmi, ev boş, ev soyuq. 
Bircə şam almağa tavanası yox. 
O yazır şeirini Ay işığında, 
Qızınır otaq da, qızınır can da. 
O böyük sənətkar bilmədi ancaq, 
Dilsiz əsrləri işıqladacaq 
Ürək qanı ilə gecələr yarı 
Qaranlıq otaqda yaratdıqları. 
Kərim öz dostuna, məsləkdaşına 
Yaxşılıq istədi, yamanlıq oldu. 
Vurdu dizlərinə, vurdu başına, 
Şairin sevinci bir anlıq oldu. 
Sızlatdı qəlbini bu qəm, bu möhnət, 
Dostunun yanında çəkdi xəcalət. 
Şairsə əyləşib otağında tək 
  
 

________________Milli Kitabxana______________ 
49 
 
İşlədi gecələr bəzən sübhədək;  
Yazdı bu baratın hekayətini,  
Yazdı zəmanədən şikayətini.  
Yazdı, cahan oldu bundan xəbərdar,  
Sultanlar alçaldı, qalxdı sənətkar.  
Verdi ədalətlə hökmünü zaman,  
Dindirdi sözüylə zamanı şair.  
Tək özü gülmüşdü şairə sultan,  
Sultana güldürdü cahanı şair. 
 
 
BİR DƏSTƏ ÇİÇƏK 
 
Bülbüli-zarım, deyil bihudə əfqan etdiyim,  
Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm. 
 
Axşam şər qarışıb, qaş qaralanda  
Şairin qapısı döyüldü birdən.  
İlhama gəlmişdi şair bu anda  
Yanar qəlbindəki döyüntülərdən.  
Qapı vurğusunu heç eşidərmi  
Qəlbin vurğusuna dalan sənətkar?  
Çəməndə açılan lalələr kimi  
Kağızın üstündə açır misralar.  
Baş-başa verərək dərdi-qəmiylə,  
Sənət göylərində üzür Füzuli.  
Könül bağçasından öz qələmiylə  
Al-əlvan çiçəklər üzür Füzuli.  
Darvaza döyülür, döyülür bir də,  
Şair xəyallarda, düşüncələrdə.  
Həyat bir dəryadır, xəyalı yelkən,  
Qaynayır ilhamı gur bulaq kimi.  
Ayrıbr Füzuli öz aləmindən  
Ağacdan ayrılan bir budaq kimi.  
Qəzəl qurtarmayır, çatmayır sona,  
Qoyub qələmini davat qabına,  
Çıxır darvazaya. 
 
  

________________Milli Kitabxana______________ 
50 
 
- Kimdir? 
- Mənəm, mən. 
O, açır qapını 
- Füzuli, sənsən? 
- Bəli, mənəm! 
- Şükür, şükür Allaha. 
Ürəkdə qalmadı nisgilim daha. 
Sənin həsrətinlə gözlərim doldu. 
Şükür ki, mənim də qismətim oldu 
Səninlə, ey şair, üz-üzə durmaq - 
Deyə, salavat da çevirdi qonaq. 
Füzuli qonağı evə apardı. 
Qonağın qəribə görkəmi vardı; 
Əynində boz çuxa, belində kəmər, 
Çuxanın üstündə gümüş düymələr. 
Başında çal papaq, çiynində xurcun, 
İldırım çaxırdı gözündə onun. 
Yerli camaata oxşamır qonaq, 
Doğmalıq tökülür üzündən, ancaq. 
-İnan bu görüşlə, ey böyük insan, 
Sən bu gün cənnəti satın almısan. 
Vətəndən gəlmişəm, eloğlunam mən, 
Salam gətirmişəm sənə Ərəşdan. 
-Vətəndən? Gəldiyin yollara qurban, 
Öpüm Vətən deyən dodaqlarından. 
Deyə qonağını basdı bağrına, 
Dünyanı verdilər elə bil ona. 
Onu qucaqladı, elə bil, bu an  
Vətənin boynuna qol saldı şair.  
Onu qucaqlayan öz qollarıyla  
Bağdaddan Vətənə yol saldı şair.  
Başdan-ayağadək süzüb qonağı,  
Üzündən, gözündən öpür, öpürdü.  
Qonağın üzündə ana torpağı,  
Qaynar gözlərində Göygölü gördü.  
Kaman inləyirdi onun səsində,  
Vətən həsrətiylə qəlbi doluydu. 
  

________________Milli Kitabxana______________ 
51 
 
Vətən elçisinin xoş nəfəsində,  
Vətən güllərinin ətrini duydu.  
Şair eloğluna baxır, baxırdı,  
Onun duruşundan vüqar yağırdı.  
Bu vüqar yaraşır vətən oğluna,  
Bu vüqar Qoşqarı andırır ona. 
-Zəvvaram, dedim ki, qoy əvvəlcə mən, 
Gedim eloğlunun ziyarətinə. 
-Bu kasıb komaya sən xoş gəlmisən, 
Canım da, evim də qurbandır sənə. 
İzin ver, əzizim, öpüm-öpüm mən, 
O tozlu çuxanın ətəklərindən.  
Ah!.. Vətən sevgisi, Vətən sevgisi,  
Həsrət özümüzə qaytarır bizi.  
Ömrünü qürbətdə keçirməyən kəs,  
Bu hissin gücünü bəlkə də bilməz!  
Zamanın tozları sirrini gizlər,  
Bu qoca dünyanın, sirli həyatın.  
Daşların üstündə açılan izlər  
Ayaq izləridir bəlkə Qıratın.  
Demə ki, sevirəm mən vətənimi,  
Çox azdır "Vətəni sevirəm" - demək.  
Vətənin yolunda babalar kimi,  
Canını, qanını verəsən gərək.  
Yedirir, içirir, geydirir bizi,  
Bizə həyat verir bu ana torpaq.  
Dünyaya nə üçün gəldiyimizi  
Bizsə düşünmürük, bilmirik, ancaq  
Yurdu özümüzə borclu da sanır,  
Onu düşünmürük yalnız bir kərə.  
Vətənin qışından bəzən usanır,  
Yayından qaçırıq yaylaq yerlərə.  
Elə ki, vətəndən ayrılırq biz,  
Vətənçin qışqırır ürəklərimiz.  
-Danış, ay eloğlu, danış vətəndən,  
Danış sözlərinlə qanadlanıram mən.  
Uçum görmədiyim dağlara sarı, 
  

________________Milli Kitabxana______________ 
52 
 
Dolansın boynuma Vətən yolları.  
Anamın taxdıği həmayil kimi.  
Həsrət "nun" eylədi "əlif" qəddimil  
Danış, şirin-şirin, dilinə qurban,  
Danış, camaatın güzəranından.  
Budur, asta-asta danışır qonaq  
-Elə bil yel əsir Muğan düzündə.  
Çinar xışıldayır, səslənir qovaq,  
Ulduzlar sayrışır göyün üzündə.  
Təmkinlə,-ürəklə danışır qonaq,  
Canlanır xəyalda o ana torpaq,  
Şairin gözünə görünür Muğan.  
Xəzərin sinəsi qalxıb - enirdi.  
Qonaq cani-dildən danışdığı an  
Araz hayqırırdı, Kür səslənirdi.  
Vətən duyğu kimi könüldən keçir,  
O, Muğandan keçir, o, Mildən keçir.  
Gəlir qulağına bayaqdan bəri  
Ceyranın, cüyürün ayaq səsləri.  
Samux, meşəsində alaçıq qurur,  
Sərin "Qırxbulaqdan" o, cam doldurur.  
Çoban dəyəsində qonaq da qalır,  
Bu qəlbi dağlardan əzəmət alır.  
Yeyir ləzzət ilə çoban dürməyi.  
Könülə dağ çəkir köks ötürməyi.  
Necə də xoş gəlir bu anlar ona,  
Sinəsi xəzinə ozanlar ona Babəkdən danışır,  
Bamsıdan deyir, Zurna haray çəkir, tütək inləyir.  
Arzular səyriyir şair gözündə,  
Qoltuğunda "Xəmsə" Şeyx düzündə  
Nizami qəbrinə o, baş endirir,  
On ikinci əsrə o, salam verir.  
Şirin söhbətini çatdırıb sona,  
Qonaq əl uzadır dolu xurcuna.  
-Vətəndən, ey şair, sənə hədiyyə  
Bunu gətirmişəm, bax, bunu - deyə  
  

________________Milli Kitabxana______________ 
53 
 
Şairə bir dəstə gül-çiçək verir,  
Güllərin ətriylə çəkib gətirir  
İraq ölkəsinə Azərbaycanı.  
(Vətən həsrətindən böyük dərd hanı?)  
Şair çiçəkləri basır bağrına,  
Nələr pıçıldamır çiçəklər ona?!  
İyləyir gülləri o, yavaş-yavaş  
Qəlbə hücum çəkir qüssələr yenə.  
Şairin gözündən iki damla yaş  
Düşür çiçəklərin üsküklərinə.  
Çiçəklər su içib göz yaşlarından,  
Sanki cana gəldi, dirçəldi yenə  
Can gəldi şairin baxışlarından  
Vətənin qurumuş çiçəklərinə.  
Baxdı hədiyyəyə o, yana-yana,  
Gözləri önündən nələr ötüşdü.  
Şair çiçəkləri qoyub güldana,  
Dedi: - Bir əfsanə yadıma düşdü:  
Deyirlər, keçmişdə bir qoca Loğman  
İnciyib yurdunun hökmdarından,  
Bir daha vətənə dönmərəm deyə,  
Gedir yad ölkəyə, uzaq ölkəyə.  
İllər ötüb keçir... Dəyişir ruzgar,  
O, elin rəyincə fərmanlar verir,  
Loğmanın dalınca elçi göndərir,  
Deyir: Vətən onu gözləyir hər an,  
Qürbətə qapanıb qayıtmır Loğman,  
Məktub da göndərir hökmdar ona,  
Çağırır Loğmanı ana yurduna.  
Yazır: Qulluğunda hazıram sənin,  
Yolunu gözləyir ana vətənin.  
Məktubla bərabər neçə min dinar,  
Qızıl da göndərir ona hökmdar.  
Şahın xələtləri, hədiyyələri,  
Gəldiyi kimi də qayıdır geri.  
Loğmansa Vətənə qayıtmır yenə,  
Deyir: - Üz tutmaram bir də vətənə. 
  

________________Milli Kitabxana______________ 
54 
 
Hökmdar düşünür, düşünür hər gün;  
Loğmanı Vətənə qaytarmaq üçün  
Çarələr axtarır, tapa bilməyir,  
Loğman "İnadımdan dönmərəm!" - deyir.  
Ölkəyə səs düşür, bir gün bir çoban  
Gəlib hökmdara deyir:  
- Sən dayan, Loğmanı vətənə mən gətirdərəm. 
- Necə? 
- Bunu sorma, qibleyi-aləm! 
Ancaq sən bir qədər rüsxət ver mənə 
Loğmanı qaytarram öz vətəninə. 
Bircə ay keçmərniş bu əhvalatdan 
Bir gccə qayıdır vətənə Loğman. 
Şah bunu bilincə qaralır qanı, 
Çağırır saraya dərhal Loğmanı. 
Deyir: Bu nə işdir, ey böyük insan, 
Sən üstünmü tutdun çobanı şahdan? 
Saymadın, məhəl də qoymadın mənə, 
Çobanın sözüylə gəldin vətənə. 
Ey Loğman, bu sirri, gəl, mənə anlat...  
Əlini cibinə salıb, o saat  
Bir yovşan çıxarır Loğman cibindən,  
Deyir: Vədələrə gəlməmişəm mən,  
Bax, bunun ətrinə gəldim vətənə,  
Bəxşişlər, ənamlar nə gərək mənə!  
Ancaq, düz düşünmüş, o yoxsul çoban  
Mənə torba-torba pul göndərərəmiş;  
O, yaxşı bilir ki, bu qoca Loğman  
Dünyanın malına könül verməmiş,  
O mənə göndərdi, bax, bu yovşanı,  
Torpağın ətriylə dolu yovşanı.  
İyləyib mən onu birtəhər oldum,  
Bilmədim şad oldum, mükəddər oldum.  
Dumanlandı gözüm, hərləndi başım,  
Yovşanın üstüııə axdı göz yaşım.  
Sızladı ürəyim, əsdi bədənim,  
Durdu göz önümdə bu dağlar mənim. 
  

________________Milli Kitabxana______________ 
55 
 
Bir anın içində illər ötüşdü,  
Şıltaq uşaqlığım yadınıa düşdü.  
Bülbüllü meşələr, sonalı göllər,  
Kəklikli qayalar, yoncalı çöllər.  
Reyhanlı, yarpızlı şır-şır bulaqlar,  
Başı ağ çalmalı bu qəlbi dağlar,  
Çiçəkli güneylər, qavlı quzeylər  
Gördüm "gəl-gəl" deyə mənə əl eylər.  
Yalnız bax bu səsə mən qulaq asdım,  
Yovşanı öpərək bağrıma basdım.  
Demərəm, qürbətdə şad olmuşam mən,  
Axı bu torpaqda doğulmuşam mən.  
Vətən həsrətiylə külə dönmüşəm,  
Qəlbən ağlasam da, şad görünmüşəm.  
Torpağa bağlıdır, torpağa insan,  
İnsana hər şeydən torpaq əzəldir.  
O qərib ellərin od-ocağından  
Vətənin tüstüsü daha gözəldir.  
Ənama, xələtə uymamışam mən,  
Bu dağdan getmişdim, bu dağa gəldim.  
Uzağa uçmuşdum ovçu əlindən,  
Təzədən qayıdıb budağa gəldim.  
Uzaqkən dünyanın dərdi-sərindən,  
Qürbətdə hər dərdi duydum dərindən.  
Ana torpağımın çiçəklərindən  
Qoparıb döşümə taxmağa gəldirn.  
Bir yovşan ətriylə murada çatdım,  
Vətənim "gəl" dedi, qürbəti atdım.  
Gəzdim bu çölləri mən addım-addım,  
Ayaq izlərimə baxmağa gəldim...  
Füzuli qurtarıb hekayətini Deyir:  
- Ay eloğlu, ağlatdın məni.  
Sən öz hədiyyənlə - çiçəklərinlə,  
Dinlə, ürəyimdən keçəni dinlə.  
Mənim də bir töhfəm, bir bəxşişim var,  
Apar, divanımı vətənə apar.  
Bu dərd ağır gəlir, çox ağır mən - 
 
  

________________Milli Kitabxana______________ 
56 
 
Mənim də vətəndə görünür yerim;  
Nə deyim taleyə... ana vətənə  
Qoy özümdən əvvəl getsin sözlərim.  
"Can sözdür, əgər bilirsə insan,  
Sözdür ki, deyirlər özgədir can..." 
 
Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin