Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   2   3   4   5   6   7   8   9   ...   16

KƏRBƏLA SƏFƏRİ 
 
Fəqr imiş fəqr, Füzuli şərafi-əhli vücud,  
Özünə eyləmə həmdəm füqəradan qeyri. 
 
Ötdü aylar, fəsillər;  
İllər, qanadlı illər  
Şairin komasında  
Görün nələr yaratdı.  
O, sənət aləmində,  
Hələ heç görünməmiş,  
Möcüzələr yaratdı.  
Onun şeir odundan  
Yandı bağrı yerin də.  
Doğdu yeni bir günəş  
Sənət üfüqlərində.  
Bir balaca komanın,  
Dünyalara sığmayan,  
Dünya qədər sirri var.  
Bu balaca komada  
Qələmin çıxardığı  
Xoş, həzin xışıltılar  
Səs saldı dünyalara,  
Ağlatdı göyü, yeri.  
Çıxıb dağlı ürəkdən  
Dağladı ürəkləri.  
Ay kimi Füzuli də  
İşıqlatdı hər yeri.  
Ancaq qəlbində qaldı  
Öz dərdi, öz kədəri.  
Ay da bütün cahana 
  

________________Milli Kitabxana______________ 
57 
 
İşıq salır, nur yayır,  
Ləkələri yenə də  
Sinəsində saxlayır.  
Hanı dedi: görəsən,  
Bu böyük sənətkarın  
Ustadı kim olubdur?  
Bəlkə anadan bele  
O, şair doğulubdur?  
Yox, yox!  
Onun ustadı  
Sonsuz dərdi, qəmidir,  
O, kədər aləmidir,  
O, kədər aləmidir.  
O, bütün insanlığın  
Şərəfidir, şamdır,  
O, göylərin şimşəyi,  
Yerlərin üsyaınıdır.  
İldirımın çaxışı,  
Bir ahunun baxışı,  
Göyün dumanı, sisi,  
Ruzgarın iniltisi,  
Bir körpənin şənliyi,  
Göylərin ənginliyi,  
Bir yetimin naləsi,  
Könüllərin ah səsi,  
Arzusu, şikayəti,  
Babaların hikməti,  
Düşünsək dərin-dərin  
Ustadıdır şairin...  
Onun hər sətirində  
Torpağin öz səsi var,  
Dünya görmüş bir elin  
Dərdi, faciəsi var.  
Ürəyindən od alıb  
Qızdı soyuq kəlmələr.  
O hər qəzəli üstdə  
Gecələr sübhə qədər  
Əritdi öz canını, 
  

________________Milli Kitabxana______________ 
58 
 
Önündəki şam kimi,  
Açıldı səhərkimi,  
Tutuldu axşam kimi.  
Aylar, illər ötüşdü,  
Ömrünün hər gününə  
Bir şeir incisi düşdü.  
Zamanın dalğaları  
Gah qalxdı, gah da endi.  
Sənətin yollarında  
Füzulinin başına  
Ağ çiçəklər ələndi.  
Şükr eyləyib həyatda  
Çoxa-aza Füzuli,  
-Qocaldı, dərdlərini  
Yaza-yaza Füzuli.  
Oldu illər yorğunu,  
Şeir, sənət yormadı,  
Zəmanə yordu onu.  
Dedi: - Mənim qeydimə  
Bu yerdə bir qalan yox.  
"Rüşvət deyildir deyə  
Salamımı alan yox".  
Aylar, illər ötüşdü,  
Doğulduğu Kərbəla  
Bir gim yadına düşdü.  
- Uşaqlıq, ay uşaqlıq,  
Sən bir çiçəkli yazdın,  
Uzaqdır hər qayğıdan,  
Sən kədər tanımazdın.  
O illərmiş ömrümün  
Ən fərəhli illəri.  
Bu həyatı, varlığı  
Mən dərk edəndən bəri  
Üzüm bir an gülmədi.  
Bəzən güldüm, üzümə  
Ancaq zaman gülmədi.  
Zaman, mənə verdiyin- 
  

________________Milli Kitabxana______________ 
59 
 
Elin dərdi-səridir;  
Alnımın qırışığı,  
Saçlarırnın ağlığı,  
Qəlbimin kədəridir. 
 
Zaman, məndən aldığın -  
Uşaqlığım, gəncliyim,  
Rahatlığım, dincliyim,  
Mənim azadlığımdır;  
Sevincim, şadlığımdır. 
Kərbəlanın yolları karvanlarla doludur, 
Bu yol neçə yüz ildir "müqəddəslər" yoludur. 
Bircə içim suya da burda həsrətdir insan, 
Yollar cadar-cadardır, zəvvarların ahından. 
Əsən səmum yeli də onların ah-vayıdır. 
Bu yolla gəlib-gedən "şərəf' alıb qayıdır 
Nəcəfdən, Kərbəladan. 
Aldadır öz-özünü bu yollarda müsəlman. 
O, elə zənn edir ki, onun bu ziyarəti, 
Satın alır cənnəti. 
Zənn edir ki, saxlayıb imamların yasını, 
Qazanır bu dünyada o biri dünyasını. 
 
Dodağında qəzəli: "Dərd çox... Tale zəbun..."  
Məhəmməd Füzuli də yolçusudur bu yolun.  
Qafilədən kənarda o, tək gedir, tək gedir.  
Bu yolların dərdini ürəyinə həkk edir.  
Füzuli də könlünü imamlara verdimi?!  
Xeyr! Zəvvarlar kimi  
Füzuli getmir ancaq şərəfçün  
Kərbəlaya, özü şərəf aparır o, bu gün Kərbəlaya.  
Baş çatlayır istidən... Göydən yerə od yağır.  
Dəvələr də təngiyib yeriyir ağır-ağır.  
Karvan gedir, yol boyu uzanıb qatar-qatar.  
Yeridikcə dəvələr, səslənən zınqırovlar,  
Əruzun ahəngini xatırladır şairə...  
Xəyalında düzülür kəlmələr sətirlərə: 
  

________________Milli Kitabxana______________ 
60 
 
"Mənəm ki, ğafiləsalari-karivani-ğəməm.  
Müsafiri-rəhi-səhrayi möhnətü öləməm.  
Həqir baxma mənə, kimsədən sakınma, kəməm,  
Fəqiri-padişahasa, gədayi-möhtəşəməm..." 
 
Birdən yağış başladı, hərə qaçdı bir yana,  
Bir budaq da tapılmır adamlar daldalana.  
Sular qalxıb-enirdi, sular aşıb-daşırdı,  
Bu vaxt şair bir kiçik kəndə yaxınlaşırdı.  
Yaman qaraldı qanı,  
Şairin üzündəki o kədər tozlarını  
Yağan o gur yağış da silə bilmədi fəqət  
Onun kədərlərinə dəm tutmuşdu təbiət.  
Təbiət də elə bil bu dəm ona ağladı,  
Füzulinin dərdinə, qəminə yas saxladı.  
Onun ağ saqqalından damcılar süzülürdü.  
Elə bu vaxt qarşıda bir böyük qəsr gördü.  
Darvazaya sığındı, yox, yağış kəsilmədi  
-Şair gedə bilmədi.  
Birdən açıldı qəsrin pəncərəsi...  
Bu zaman  
Bir səs gəldi: 
- Ey qoca, qapıda nə durmusan? 
İçəriyə gəlsənə. 
- Sağ olun! 
O kəs yenə 
Əl çəkmədi. 
- Buyurun, sizə qurbandır varım, 
Allahın qonağına açıqdır qapılarım. 
Ev sahibi hərlənib özü gəldi: 
-Gəl bəri! 
Füzulinin qolundan çəkib saldı içəri.  
Onlar qəsrə girdilər,  
O dincəldi...  
Şairə nahar da gətirdilər,  
Bütün nahar dəstgahı qızıl qablarda gəldi,  
Qızıl piyalələrdə ləzzətli mey verildi.  
Cariyələr, nökərlər düşdülər əl-ayağa, 

________________Milli Kitabxana______________ 
61 
 
  
Hərəsi bir tərəfdən qulluq etdi qonağa.  
Qəsr zinət içində pırıl-pırıl yanırdı.  
EIə bil hər divardan bir Günəş boylanırdı.  
Tavanda çil-çıraqlar, döşəmədə xalçalar,  
Qəsrdəki zinətə şahlar belə əl çalar.  
Ev sahibi qonaqdan sordu: 
- Kimsən, nəçisən? 
- Adi müsafirəm mən. 
- Çox gözəl, ey müsafir, əntiqbazam mən düzü, 
Nadir şeylər yayınmaz mənim gözümdən düzü. 
Gedək, sənə göstərim qiymətli şeylərimi. 
Qoruyuram onları gözüm, bəbəyim kimi. 
Onlar durub keçdilər bir bəzəkli otağa, 
Ev sahibi gözaltı nəzər salıb qonağa 
Dedi: - Qonaq, yaxşı bax burdakı daş-qaşlara. 
O, bir üzük götürüb şüşə rəfdən bu ara, 
Dedi: - Bax, bu üzüyün qaşına, yaxşı bax, sən, 
Şahın da barmağında olammaz bu üzükdən. 
Qiyməti min dinardır, 
Belə nadir bir inci, 
De, harda, kimdə vardır? 
Füzuli göz ucuyla baxıb qaytarır yenə 
Üzüyü sahibinə. 
- İndi bax, bu qılınca, yaxına gəl, yaxşı bax. 
Dəstəyinin bir daşı mincə dinardır ancaq. 
Füzuli qılınca da baxaraq saymazyana
Qaytarır sahibinə. 
Kişi pərt olur yenə: 
- İndi də diqqət elə bu şətrəncə, müsafir, 
Özü fil sümüyündən, daşları incidəndir, 
Bir daşını inan ki, yüz dinara verərəm. 
Bunları sultana da, şaha da göstərmərəm. 
Cildi qızıl suyuna çəkilmiş bir divanı 
O, göstərir şairə.  
Əntiqfuruş - Belə bir kitab hanı? 
Cildindəki qızılın min dinar qiyməti var.  
İçindəki rəsmlər ağılı heyran qoyar. 
  

________________Milli Kitabxana______________ 
62 
 
Füzuli    - Kiminkidir bu divan? 
Əntiqfüruş - Kişi, insafın olsun, özün indi hardasan? 
Füzuli - Sənin evindəyəm mən. 
Əntiqfüruş - Demək, onda kitab da mənimdir. 
Füzuli - Səhv edirsən! 
Bunun cildi sənindir, 
İçindəki duyğular, yəqin ki, özgənindir.  
Əntiqfüruş  - Aha, indi anladım, ey müsafir, haqlısan! 
Mövlana Füzulinin divanıdır bu divan!  
Füzuli - Onu çoxmu sevirsən?  
Əntiqfüruş - Oxumaq bilmirəm mən! 
Ev sahibi cürbəcür əyləncələr, bəzəklər, 
Xara şallar, ipəklər, 
Kəlağaylar göstərir müsafirə dalbadal, 
Qucağında gəzdırir şairisə min xəyal. 
Ev sahibi görür ki, öz qəlbinə dalaraq, 
Onun dediklərinə fikir vermir heç qonaq.  
 Əntiqfuruş  - Sən ey, naməlum insan, sənə bir sualım var. 
Göstərdiyim şeylərə şah özü heyran qalar. 
Bu daş-qaşlar, bu süslər 
Sənə bir zərrə qədər 
Əsər etmədi ancaq, 
Səndəki daş qəlbə bax. 
Bəlkə, bəlkə, ey insan, 
Sən məndən də varlısan?  
Füzuli - Xeyr, mən çox yoxsulam.  
Əntiqfuruş - Elə isə, bəs neçin, 
Baxırkən bu şeylərə 
Qamaşmadı gözlərin?  
Füzuli - Üzü dönük dünyada 
Çox şeylər gördüyümdən, 
Axır kor olmuşam mən. 
Mən bu qoca dünyada dərd satıb, qəm yeyirəm, 
Odur, belə şeyləri mən görə bilməyirəm. 
Sən daş-qaş göstərirsən mənə, söylə, ürəyin 
Daş deyilmi bəs sənin? 
Qanlı göz yaşlarıyla ömrü ötüb geçənin, 
  

________________Milli Kitabxana______________ 
63 
 
                            Gözündə bir quruşa dəyərmi üzük qaşı? 
Mənə daş göstərənə sən, göstər isti göz yaşı! 
Yoxsul dolansam da mən, vüqarım əyilməmiş, 
Məni dünya süsləri heyran edə bilməmiş. 
Zinətə çox vurulma, zinət dünya malıdır, 
İnsan özü dünyanın zinəti olmalıdır. 
Bir də... Düzünü bilsən əşyanı görmürəm mən. 
Bütün bu zinətlərin arxasında gizlənən 
Böyük hadisələri, mənaları görürəm. 
Mənalar aləmində mən ki ömür sürürəm. 
Bax bu üzük, yəqin ki, vaxtilə bir gözəlin 
Barmağında parlayıb... Hanı indi o gəlin? 
Bəlkə onun ürəyi artıq çoxdan dayanmış, 
Ondan sonra bu üzük neçə barmaqda yanmış? 
Bunu satan o bədbəxt neçin satmış görəsən? 
Bu üzüyü alanda düşündünmü bunu sən? 
Bu üzüklə neçə toy, neçə büsat qurulmuş? 
Ah! Bu üzük kimlərin nişan üzüyü olmuş? 
Görəsən hardan gəlib düşmüş sənin qəsrinə? 
Bəlkə mənim sözlərim qəribə gəlir sənə? 
Bax, bu qılınc... bu yaraq kimə töhfə verilmiş?  
Bu, bansı bədbəxtlərin köksünə endirilmiş?  
Bu qılıncın ustası 
Görəsən nə gözləmiş?  
Öz çirkin əməlindən,  
Bunu düşünürəm mən.  
Özünü məhv etməyə silah yaratmış insan...  
Bəlkə də bu qılıncdır İbrahimi doğrayan?  
Çaldıranda parlamış bəlkə birinci kərə,  
Qan çiləmiş bu qılmc dərələrə, duzlərə?  
Bəli, düzünü bilsən, əşyanı görmürəm mən,  
Bütün bu zinətlərin arxasında gizlənən  
Hikmətləri görürəm, mənaları gorürəm.  
Mənalar aləmində mən ki, ömür sürürəm.  
Füzuli divanını qızıla tutdurmusan,  
Həşyəsinə, cildinə min cür bəzək vurmusan.  
Sənin fikrincə, ey dost, şeir, sənət heç nədir, 
  

________________Milli Kitabxana______________ 
64 
 
Bu kitabın qiyməti bəzək-düzəyindədir.  
İndi görək şairin özü nə deyir - deyə  
Başladı asta-asta divanı çevirməyə-,  
Tapıb axtardığını o, oxudu ucadan.  
(Ev sahibi süzürdü qonağı heyran-heyran.)  
"Çox təxafür qılma, cəmi mal ilə, ey xacə kim,  
Simuzər cəmiyyəti, əbli-qürur eylər səni.  
Barigahi qürbdən, cəmiyyəti-malu mənal,  
Hər nə miqdar olsa ol miqdar dur eylər səni".  
-Kifayətdir, ey qoca, kifayətdir! - deyərək,  
Ev sahibi qışqırır... Bir dəyirman daşıtək  
Ev başına dolanır, o, itirir özünü,  
Öyündüyü şeylərə zilləyərək gözünü,  
Düşünür... Kəsik əllər, kəsik başlar bir anda  
Fəryad edir, səslənir onun qulaqlarında.  
Bu qılıncla doğranan kamsız ölən cavanlar,  
Dilə gəlib elə bil deyir: "Sənə sözüm var,  
Bizi neçin yığmısan, bura, tez ol, cavab ver?"  
Bu daş-qaşlar, qılınclar qocaya hücum çəkir.  
Kamsız gedən ürəklər,  
Üzüklrin qaşında yanan arzu, diləklər  
Məlul-məlul boylanıb, qan ağlayır elə bil.  
Üzüklərin qaşları 
İnsan baxışlarıdır, 
Bunlar soyuq daş deyil. 
Dəhşət alır qocanı.  
Basir onu soyuq tər. 
Bütün bu cahi-cəlal, bu daşlar, bu bəzəklər 
Özü öz ayağıyla toplanmamış bu qəsrə. 
O, qabıqdan çıxıbdır hər biriyçün min kərə. 
Min fırıldaq, min hiylə, min iftira, min yalan. 
Burdakı zinətlərin asılıb qulağından 
O, bunları düşünür, o, bunları düşünür. 
Gözümdə heçə dönür, 
Min hiylə hesabına topladığı bu şeylər,  
Düşür onun gözündən bu zinətlər bir anda,  
Qulağında səslənir bu şeyləri alanda  
Eşitdiyi nalələr, şikayətlər, gileylər. 
  

________________Milli Kitabxana______________ 
65 
 
Təzə görürmüş kimi 
Heyrətlə seyr eləyir 
O solunu, sağını. 
Təəccüblə, diqqətlə süzür öz qonağını.  
O, ərinə-ərinə 
Gözlərini zilləyir qonağın gözlərinə.  
Bu gözlərdə o görür hər xilqətin sirrini  
-Göyün, yerin sirriııi, təbiətin sirrini.  
Yox, yox, görmür, o duyur.  
Bu gözlərdə oxuyur: 
Bir ürəyin dünyadan sonsuz təmənnasını,  
İnsanın ilk eşqini, həyatın mənasını;  
Səslənir qulağında hikmət dolu sətirlər,  
Bu gözlərdə oxuyur başdan-ayağa qədər  
Oxuya bilmədiyi Füzuli divanını.  
Səksənir, bir üşütmə tutur onun canını.  
Birdən o, xəbər alır: 
- Deyin, adınız nədir? 
- Məhəmməd! 
- Sənətiniz? 
- Şairəm. 
- Şair, şair! 
Aman Allah, işə bax!  
Füzulisən yoxsa sən? Sükut... 
- Sən gərdişə bax! 
Dayan, deyə o keçdi yan otağa... 
Bir azdan əlində bir medalyon o, qayıtdi. 
- Ah!.. Aman! 
Medalyonu görüncə şair dondu yerində,  
Tərpənə də bilmədi, o uçundu yerində.  
Bu, cavan Məhəmmədin 
Bu dünyada yeganə 
Dövlətiydi, varıydı.  
Leylaya bəxş etdiyi ana yadigarıydi. 
- Söylə, bu sənə hardan? 
  

________________Milli Kitabxana______________ 
66 
 
Mənim Leylam sağmıdır?  
O, bu qərib diyarda yenə də dustaqtmdır?  
- Səbr eləyin, - deyərək, o açdı medalyonu,  
Şair gəldi dəhşətə,  
sarsıtdı heyrət onu. 
Medalyonun içindən Füzuli boylanırdı.  
Onun şair gözləri məşəl kimi yanırdı.  
Əntiqfüruş - Bir bura bax, bura bax, 
Bu dalğın gözlərə bax, bu qövsi qaşlara bax,  
Adam da öz şəklinə oxşayarmış bu qədər?!  
Zillənir şəklə gözlər: ... 
Başında göy araxçın, duruşunda əzəmət,  
Üzündə qəm izləri, gözlərində məhəbbət.  
Məhəbbət, bu məhəbbət toplamış yığın-yığın  
Bir şairin qəlbinə dərdini insanlığın.  
O, bu dərdi, möhnəti özünə dərd sanmamış  
Əzablara yar olmuş, əzabdan usanmamış.  
Dodağında eşqinin həzin iniltisi var,  
Başında bu möhnətin dumanı var, sisi var.  
Baxıb məchul nöqtəyə o düşünür dərindən,  
Arzuların şöləsi süzülür gözlərindən.  
Nələr keçir şairin xəyalından bu anda,  
Onun o düyümlənən müqəvvəs qaşlarında  
Ağsaçlı qoca Şərqin dərdi yatır elə bil.  
Alnındakı qırışlar adicə qırış deyil,  
Öz xalqının keçdiyi iztirab yollarıdır!  
Gözdən axan incilər dovlətidir, varıdır.  
Quşqonmaz zirvələri andırır bu halında,  
Göz yaşı həlqələnmiş elə bil saqqalında  
Vətən qayalarının üzündə kölgəsi var,  
Onun qulaqlarında "Vətən", "Vətən" - səsi var,  
Bir gözüylə gülürsə, bir gözüylə ağlayır,  
Elə bil qollarıyla dünyanı qucaqlayır.  
Dünyanın ağır yükü toplanaraq bir yerə  
Yüklənibdir elə bil həmin bu çiyinlərə.  
Nakam məhəbbətinin zündə kölgəsi var,  
Onun qulaqlarında "Vətən", "Vətən" - səsi var. 
  

________________Milli Kitabxana______________ 
67 
 
- Bu mənim əksimdir, ah! 
Bunu kim çəkmiş görən? 
- Bunu satan uşaqdan soruşmuşdum onda mən. 
O dedi ki, bu şəkli anam çəkmiş. 
- Bəs hani? 
O sağdırmı? 
- Yox, ölmüş... 
EIə bil ki, dünyanı, 
Tərpətdilər yerindən - 
O, ah çəkdi dərindən. 
Bu ahdan göy tutuldu, yel əsdi, yer titrədi.  
Qara geydi bağçalar, gül-çiçəklər titrədi. 
- Alovlardan insanı keçirir yalnız ümid. 
Düz qırx il ürəyimdə yaşatdığım bir ümid 
Quş olub uçdu getdi bircə anın içində; 
Söndü ümid ulduzum kəhkəşanm içində. 
Bəs hardadır o uşaq? 
- Bu yaxın kənddəndir o. 
-Adı? 
- Adı Fəzlidir. 
- Taleyin qurğusunu dərk eyləmək çətindir. 
Ya rəbbim, işə bax bir! 
Leyla iraq olsa da, qırx il mənim gözümdən. 
Övladının adını almış təxəllüsümdən. 
Sən bir təsadüfə bax, 
Mən də Fəzli qoymuşam öz oğlumun adını; 
Adıa oxşadaraq... 
Ah!.. O, mənim şəklimi necə çəkmiş görən? 
Bu sirri, bu möcüzü anlaya bilmirəm mən. 
O ki məni görməmiş axı o vaxtdan bəri. 
Necə də yerindəir üzümün cizgiləri. 
Bəli, yenə məhəbbət!.. Məhəbbət dada çatmış, 
Məhəbbətin gücüylə xəyalında yaratmış 
O mənim surətimi, 
Bu gün olduğum kimi. 
Məzarıstan... 
Dəhşətlidir bu ölülər ölkəsi. 
  

________________Milli Kitabxana______________ 
68 
 
Qaş qaralır əyri-üyrü daşiarın sıx kölgəsi. 
Qəbirlərin üstü ilə sürünür ilan kimi 
Burda illər, qərinələr ötüşür bir an kimi, 
Gün döndükcə bir qəriblik çulğalayır hər yeri. 
Sivri məzar daşlarının uzanan kölgələri 
Dolandıqca hey dolanır qəbirlərin başına.  
Burda zaman əsər etmir  
Bir zaman insan olan - 
Bu daşların yaşına. 
Bu kölgələr... Bu kölgələr bir röyamı, 
yuxumu? 
Ölülərin xəyalımı, ruhumu? 
Bir əbədi suallardır bu, əbədi sükunət: 
"Hardan gəlib, hara gedir əzəl gündən bu xilqət?" 
Bir məzarın başı üstdə dayanmışdır üç nəfər, 
Bu pərişan, uçuq qəbrə zillənibdir nəzərlər. 
Yatır burda Füzulinin məhəbbəti, sevgisi, 
Yatır burda bir ürəyin əbədi hicran səsi, 
Yatır burda dodaqlarda nəğmə olan bir dilək, 
Yatır burda əsrlərə haray salan bir dilək. 
Qoca şair əllərini çarpazlayıb dayanmış, 
Altmış illik ömrü onun elə bil ki, bir anmış. 
Yaşadığı aylar, illər göz yaşına donərək 
Axdı onun gözlərindən bir andaca incitək. 
İlk gənclikdən o, dağlandı, dağ gətirdi yüz dağı. 
Qadir eşqin, məhəbbətin əli ilə yazdığı 
Həsrət, hicran kitabı - 
Bütün dərdi, əzabı 
Varaqlandı gözündə, 
Tamamlandı bu gündə. 
Gözlərindən axan yaş 
Düşdü qəbir daşına; 
Dəlik-dəlik oldu daş. 
Gözlərindən axan yaş 
Onun hicran kitabına nöqtə qoydu, qapandı. 
Sevənlərə timsal oldu bu eşqin ilk, son andı! 
Kölgə düşür üzlərə. 
 
  

________________Milli Kitabxana______________ 
69 
 
 
Leyla ilə son kərə 
Vidalaşır Füzuli, 
Öpür qəbir daşını. 
Küləklərmi qurudur 
Gözlərinin yaşını? 
Yollar, izlər qaralır, 
Qəbristanlıq boş qalır. 
Onlar gedir, arxadan 
Bir səs gəlir bu zaman, 
O, nə deyir? Bəlkə də o, rahudur Leylanın? 
Füzulini səsləyir, işinə bax dünyanın. 
Şair dönür arxaya, qəbirlərə baş əyir, 
Ayaqları getsə də, qəlbi gedə bilməyir. 
Əntiqfuruş yapışıb qonağının qolundan, 
Qonaq gedir fikirli hey pərişan-pərişan. 
Qoca bu vaxt çıxarıb medalyonu cibindən: 
- Oğul, bunu sənə mən 
Bağışlayıram, - deyə, 
Verir onu Fəzliyə. 
 
 
TAUN 
 
Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən  
Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən... 
 
Müqəddəs Kərbəlaya bəla gəldi, bir bəla.  
Bir həftədə qocalib əldən düşdü Kərbəla.  
Taun geldi, nə gəldi, bu bəlanı, bu dərdi,  
İlahinin özümü bu diyara göndərdi?  
Qiyamədir bəlkə bu?  
Çatıb dünyanın sonu?  
İlahinin özümü müqəddəslər yurdunu  
Belə çapdı, taladı, onun qara nəfəsi  
Dilsiz daşa çevirdi toxunduğu hər kəsi.  
Bir dirilik qoymadı bir həftədə ölkədə,  
Bu, göylərin yerlərə qəzəbiydi bəlkə də.  
Bəlkə də Kərbəladan "şərəf' alıb ucalan, 
 
  

________________Milli Kitabxana______________ 
70 
 
Hörməti satın alan 
Vicdan tacirlərinin əməliydi bu bəla?  
Oldu ölüm yatağı bu müqəddəs Kərbəla!  
Küçələri, evləri taun gəzir birbəbir,  
Bir qara kabus kimi o, hər yerə baş çəkir.  
Obalardan-obaya, eldən-elə keçir o.  
Hər gözünə dəyəni oraq kimi biçir o.  
Bu yerdə taun oldu yerin, göyün hakimi,  
Göydə uçan quşu da vurdu ildırım kimi.  
Quruyur gur çeşmələr, quruyur axar sular,  
Yataqlarda mələşir yetim qalan quzular.  
Təpələrdə böyürür sağılmamış inəklər,  
Solur bağda ağaclar, bağçalarda çiçəklər.  
Taun sarır çölləri bir qara bulud kimi,  
Gedə-gedə adamlar səpələnir tut kim.  
Baxın can verənlərin donuq baxışlarına,  
Ulu ziyarətgahın o dilsiz daşlarına  
Üzünü sürtüb ondan nicat istəyir onlar  
-Laxta-laxta qan qusur tauna tutulanlar.  
Zəvvarlara ölümdən bu yer ərməğan verir,  
Şərəf üçün gələnlər "şərəf' alıb can verir. 
 
Bir daxmanın önündə topa-topa adamlar; 
Onlar durub baxışır gözlərində sual var: 
Şair yatır xəstədir, 
Deyirlər can üstədir. 
Əsmə, külək, ötmə, quş, qanad saxla, amandır. 
Hardan gəldi bu andır, 
Bu taun, bu zəhrimar? 
Hər baxışda sual var: 
- Görən şair necədir?.. 
Qayalarda səslənən küləklər də inləyir, 
Göy də, yer də inləyir. 
İnləyir həzin-həzin, 
Elə bil xəbər alır halını Füzulinin. 
Pıçıldaşan yarpaqlar sorur biri-birindən: 
- Şair necədir görən? 
 

________________Milli Kitabxana______________ 
71 
 
Onun halı yamandır, 
Əsmə külək, ötmə quş, qanad saxla amandır. 
İnsafınız bəs hanı? 
Şeiriylə milyonları yuxudan qaldıranı, 
Yuxudan eyləməyin; 
Bu balaca daxmanın qarşısında baş əyin! 
Sənin gücün, ey taun, neyləyəcək şairə? 
Zəhmət çəkmə boş yerə! 
O, ölümü öldürüb sənətiylə, sözüylə, 
O, bir cahan gətirib bu cahanda özüylə... 
Leylaya çatmasa da, o, çoxdan kama çatmış, 
Axan göz yaşlarıyla o, bir çeşmə yaratmış, 
Ona "eşqin çeşməsi" dedi bütün ozanlar. 
O çeşmədən su içən, bu dünyanı tez anlar. 
Şair yatır, amandır, 
Onun halı yamandır. 
Onun ömrü əbədi, 
Taununku bir andır. 
Daxmanın qabağında topa-topa adamlar... 
Hər gözdə bir sual var. 
Yaman baha oturdu taun bu bədbəxt elə, 
Onun dəhşətlərini yazmaq üçün də belə 
Füzuli sözü gərək, Füzuli şeiri gərək! 
Hanı elə bir hünər, hanı elə bir ürək?.. 
Taun yüz-yüz insanı bir gündə verdi bada. 
Taunun dəhşətləri hamını sarsıtsa da, 
Şairin daxmasından əl çəkməyir bir nəfər, 
İçəriyə zillənib sual dolu nəzərlər. 
Hamı dikib gözünü ağ çalmalı həkimə, 
Həkim xəcalətindən baxa bilmir heç kimə. 
O, nə desin, nə desin? 
Necə çarə eyləsin 
Bu çarəsiz xəstəyə? 
Güman gəlmir bir şeyə - 
Onun gücü zəifdir xəstəliyin gücündən, 
Onun yanaqlarına axır göz yaşı dən-dən. 
  

________________Milli Kitabxana______________ 
72 
 
Elə bu vaxt daxmadan yanıqlı bir səs gəlir, 
Hamı, hamı heyrətlə səsə tərəf çevrilir: 
- Mən indi o dünyaya uçacağam quş kimi, 
Həkim, sənin yerinə qoy mən deyim dərdimi: 
"Eşqdən canımda bir pünhan mərəz var, ey həkim. 
Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim. 
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə. 
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim. 
...Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl, 
Kim olam bu dərdə artıqraq giriftar, ey həkim!.. 
... Rənc çəkmə, sihhət ümmidin Füzulidən gotür, 
Kim, qəbuli-sihhət etməz böylə bimar, ey həkim..." 
Qapadı gözlərini yana-yana Füzuli, 
Zülmündən usandığı bu cahana Füzuli. 
O, hər cövrə, cəfayə sinə gərdi, dayandı, 
Yanmadı tək həyatda, öləndə də o, yandı! 
Yandı, yandı sənətkar, 
Külə dönər yananlar. 
Külə dönmədi ancaq, günə döndü Füzuli. 
Yalnız gündüzlər deyil, gecələr də dəmadəm 
Gözlərində bir aləm, 
Vətənin göylərində gülümsündü Füzuli. 
Bütün şəhər yana-yana 
Bir sel kimi axıb gedir qəbristana,  
qəbristana. 
Füzulinin arxasınca gedir hamı bu son dəmdə,  
Elin dərdi, elin qəmi birləşibdir bu matəmdə.  
Tabut gedir... Bu ağr ıdan ürəklər də qana dönür,  
Cənazənin arxasınca aram-aram el sürünür.  
Bir ora bax, bir ora bax; Meyitləri adlayaraq  
Bir meyiti dəfn etməyə gedir onlar.  
Gedir, gedir insan seli qatar-qatar.  
Hindistandan, Türkiyədən, Azərbaycan ellərindən,  
İran, özbək mahalından, Türkəmənistan çöllərindən  
Min-min insan seli gəlmiş "o mənimdir, məniın" - deyə; 
  

________________Milli Kitabxana______________ 
73 
 
Füzulini qəbir evinə - son məskənə ötürməyə.  
Şair gedir... Bu gün dua əvəzinə həzin-həzin  
Oxuyurlar "Şəbi-hicran"qəzəlini  
Füzulinin. 
"Şəbi-hicran"... yanar canım, tökər qan çeşmi-giryanım,  
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?"  
Bu bir qəlbin səsi deyil, milyon qəlbin bir səsidir,  
Ömrü-günü əsarətdə keçən xalqın naləsidir.  
"Şəbi-hicran", qoca Şərqin öz varlığı öz adıdır.  
Məhkum olan millətlərin "yandım" deyən fəryadıdır.  
Könül qəmli, gözlər nəmli, baş aşağı gedir hamı,  
Şairə el məhəbbəti aparır bu izdihamı  
Çoxu elə gedə-gedə yıxıldığı yerdə qalır,  
Taun gülür qəhqəhəylə, ölümlərə o, əl çalır.  
Ölüm belə gələ bilmir izdihama qorxu, hədə.  
Şairə el məhəbbəti qalib gəlir, ölümə də.  
"Şəbi-hicran" deyə-deyə çatır onlar qəbristana.  
Şərqin qoca bülbülünü dəfn edirlər yana-yana. 
Bəs o kimdir, o purvüqar?  
Qəbrin üstə son torpağı səpələyən o ixtiyar?  
Saqqalından damcı-damcı axır onun göz yaşları,  
O, əyərək qamətini qəbrə sarı;  
Öpür qəbrin torpağını, birdən-birə  
Üzü üstə dəyir yerə. 
Ah! Odamı təslim etdi öz canını bu tauna!  
Bəli, dostun qəbri üstə çatdı onun ömrü sona.  
Dostlar, gəlin, bir taniyın siz də onu,  
Əbdül Kərim məzarda da tək qoymadı öz dostunu.  
Füzulinin dərdləridir, - dedi, - mənim öz dərdlərim,  
Füzulinin dərdlərini ömrü boyu ötdü Kərim.  
Könül yaxan ney səsində, o, nəğməylə ömür sürdü,  
Öləndə də həmin o ney köksü üstə görünürdü. 
  

________________Milli Kitabxana______________ 
74 
 
Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin