Sərhədyanı ölkələrin turizm potensialının birləşdirilməsində arxeoloji turizmin yeri



Yüklə 46.5 Kb.
tarix14.01.2017
ölçüsü46.5 Kb.
Sərhədyanı ölkələrin turizm potensialının birləşdirilməsində

arxeoloji turizmin yeri (Orta əsr Ağsu şəhəri nümunəsində)
Dr. Fariz Xəlilli

Dr. Rəşad İbrahimov
Turizm və istirahətə baxış fərqli olur. Kimsə səs-küylü, tozlu meqapolis və istidən əriyən asfaltdan sonra çimərliyə və ya meşəyə üz tutaraq burada dincəlmək istəyir. Kim isə tətildən sonra memarlıq abidələrinin fonunda çəkdirdiyi şəkillərinə baxaraq, tarixi yerlərə səfər etdiyini xatırlamağı üstün tutur.

Arxeoloji turizm arxeoloji ekspedisiyalarda iştirak etmək, arxeoloji abidələri gəzmək kimi başa düşülür. Bu mədəni-tarixi məkanlar, memarlıq abidələri, muzeylər, arxeoloji qazıntılarla tanışlığa, onların qorunmasına istiqamətlənmiş turizmin bir formasıdır. Əsl arxeoloji ekspedisiyada iştirak etmək, tarixin sirlərinə toxunmaq, qədim əşyaları və xəzinələri tapmaq istəyənlər, tarixçi və arxeoloq olmayanlar üçün arxeoloji turizm mövcuddur.

Arxeoloji turizm dünyada yeni turizm sahələrindən olub, Azərbaycanda hələ fəaliyyətə başlamamışdır. 2008-ci ildə Perunun Lima şəhərində keçirilən IV Beynəlxalq arxeoloji turizm konfransında iştirak etmək üçün Azərbaycanın antik dövr zənginliklərini göstərən məruzə təqdim etdik. Perunun uzaqlığı və bizim bu sahədə təcrübəsizliyimiz 4 ildən bir keçirilən bu konfransda iştirakımıza mane oldu.

Lakin bu sahədə təşəbbüslərimiz getdikcə mütəşəkkil forma aldı. Mədəni irs abidələrimizin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində ictimai fəallığı artırmaq üçün 2010-cu ilin yanvarında MİRAS Mədəni İrsin öyrənilməsinə Kömək İctimai Birliyini təsis etdik, Birliyimiz 2010-cu ilin martında Ədliyyə Nazirliyində qeydiyyata alındı.

Uzun zaman torpaq altında uyuyan keçmişimiz, tariximiz arxeoloji qazıntılardan sonra kitablarda və muzeylərin fondlarında uyumağa məhkum edilir. Qazılmış sahələr bir neçə ildən sonra nəinki turistin, heç qazıntı aparan arxeoloqun da tanımayacağı hala gəlir. Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsini hazırlayanda son məqsədimizin Azərbaycanın turizm marşurutundan kənarda qalmış bu bölgəsinə ölkəmizin və dünyanın turistlərinin diqqətini çəkmək idi. Hər şeydən əvvəl 200 il əvvəl tərk edilmiş şəhəri yenidən oyatmaq lazım idi. Ağsu arxeoloji ekspedisiyası 2 il ərzində 9000 kv.m. ərazidə 3 qazıntı sahəsi qoyaraq qala divarı, cümə məscidi, hamam, sənətkar dükanları, yaşayış evləri, su xətləri, kanalizasiya sistemi, iri küçələri aşkar etməklə mərkəzi muzeylərdə belə oxşarı olmayan minlərlə eksponatı da gün üzünə çıxarmışdır. Layihənin ikinci mərhələsi aşkar olunmuş qalıqların konservasiyası və turistlərin yaxından görə bilmələri üçün nümayişə hazır vəziyyətə gətirilməsi idi. Tezliklə III və IV qazıntı sahələrinin üzəri örtüldü və ətrafı abadlaşdırıldı, sərgi kompleks yaradıldı. Turistlərin rahat yetişə bilmələri üçün müasir Ağsu şəhərindən orta əsr Ağsu şəhərinə asfalt yol çəkildi. Layihənin paralel aparılan üçüncü mərhələsi 3 cildlik ikidilli “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomu, agsuexpedition.org internet səhifəsi, minlərlə eksponatın elektron pasportlaşdırılması, rayon, paytaxt və xarici ölkələrdə “Ağsu möcüzəsi” sərgilərinin keçirilməsi, III və IV qazıntı sahələrinin 3D vizuallaşdırılması, İTV və ATV-nin tarixə dair silsilə verilişlərində nümayiş olunan televiziya sənədli filmlərinin istehsalı, KİV-lərin qazıntı yerinə infoturunun təşkil edilməsi, Bakıda universitet, orta məktəb, muzey və kitabxanalarda tanıtım seminarlarının keçirilməsi və s. təbliğat və piar işləridir. Gənc və intellektual insanların geniş istifadəsində olan sosial şəbəkələrdə apardığımız piar işləri bizim təşəbbüsümüz olmadan turist qruplarının bölgəyə səfərini də intensivləşdirmişdir.

Qafqaz ekspedisiyası belə təşəbbüslərdən biridir. 2011-ci ilin 27 sentyabr-13 oktyabr tarixlərində Türkiyə, Gürcüstan və Azərbaycanı avtobusla gəzən 32 nəfərlik avropalı sənətşünas, prodüsser, fotoqraf və yazıçılar qrupu – Qafqaz ekspedisiyası Şəkidən sonra MİRAS İctimai birliyinin qonağı olmuş, Basqalda İpək Muzeyinə və emalatxanasına, Qaya otelində Böyük Qafqazın təmiz havasında gecəlikdən sonra 9 oktyabrda Ağsuya gəlmişlər. Ağsuda Qəhrəmanlar abidəsini ziyarət etdikdən sonra Orta əsr Ağsu şəhərinə getmişlər. Orada abidə ilə tanışlıqla yanaşı, qazıntıda işləyən fəhlələrlə və ekpedisiya üzvləri ilə açıq havada çay süfrəsi başında söhbət etmişlər. Maraqlı görüş Ağsu rayonu Çiyni kəndində yerli sakinlərin hazırladığı ənənəvi yeməklə davam etmidşir. Bu cür təşəbbüslər turizmdə transsərhəd əməkdaşlıq üçün gözəl nümunədir.

MİRAS 2011-ci ildə “Turizm ili” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dəstək Dövlət Şurasının maliyyə dəstəyi ilə “Arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində “Azərbaycan abidələr diyarıdır” sənədli filmi çəkilmiş və 5 arxeoloji abidənin (Göytəpə, Qala, Qəbələ, Şəmkir və Ağsu) arxeoloji turizm baxımından perspektivlərindən bəhs edilmişdir. Həmin abidələri əhatə edən “Azərbaycan inciləri” bukleti nəşr olunmuş və arxeoloji turizm haqqında maraqlı məlumatlarla zəngin archaeotourism.az internet səhifəsi hazırlanmışdır. Keçirilən seminarlar gənclərin bu sahəyə marağını artırmışdır. Birliyimizə Türkiyə və Almaniyadan arxeoturizmlə bağlı seminarlar və reportajlar haqqında təkliflər gəlmişdir. Hal-hazırda Google axtarış sisteminə “arxeoloji turizm” ifadəsini daxil etmişdir. İngilis dilində də axtarış zamanı archaeological tourism ifadəsi araşdırılarkən 5-6 məlumat bizim tədqiqatlar və məlumatlardır. Sevindiricidir ki, layihənin cəlbediciliyi bərabərində digər təşəbbüsləri də gətirmişdir.

Hal-hazırda yerli və xarici turistlərə tərəfdaşı olduğumuz iki tur paket təklif edirik: “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turları və “Orta əsr Ağsu şəhəri” arxeoturları. Hər iki tur 7 günlük nəzərdə tutulmuşdur. Bu turlar çərçivəsində tarixi Şirvanşahların mədəni irs abidələrini - Lahıc və Basqal qəsəbələrini, Gülüstan, Buğurt və Fitdağ qalalarını, Kələxana, Diri-Baba və Yeddi Günbəz türbələrini, Ağsu, Şabran orta əsr şəhərlərini, Bakı qalalarını, hətta Dərbəndi gəzmək, görmək mümkündür. “Orta əsr Ağsu şəhəri” arxeoturlarına qoşulan turist açıq və təmiz havada arxeoloqların nəzarəti altında arxeoloji qazıntı prosesinə tamaşa edə, qazıntılarda iştirak edə, tapıntıların təmizlənməsində, qeydiyyata alınmasında yaxından iştirak edə bilər. Tura qoşulan xarici turistlər yerli sakinlərin evində qala, onlarla ünsiyyətdə ola və ətrafdakı abidələri də gəzə bilər. Bu cür turları digər abidələrdə və sərhəd ölkələrdə qarşılıqlı şəkildə də etmək mümkündür.



Keçən il III Avrasiya Arxeologiyası Türkiyənin Manisa ilinə bağlı Dəmirçi qəsəbəsində keçirilirdi. Türkdilli xalqların etnomədəniyyəti əsas mövzu olub, çoxlu sayda alimin iştirakı ilə gerçəkləşmişdi. O zaman Ağsu qazıntıları haqqında bu konfransda məruzə etmişdik. IV Avrasiya Arxeologiyası konfransının Azərbaycanda Ağsuda keçirilməsini arzu etdiyimizi bildirdik. Bu təşəbbüs konfransı təşkil edən İzmirdə fəaliyyət göstərən Kafkasya-Orta Asya Arkeoloji Araştırmaları Merkezinin İdarə Heyətində müzakirə olunmuş və Ağsuda keçirilməsinə razılıq verilmişdir. “Avrasiya regionunda arxeoloji turizmin perspektivləri (Qədim dövrdən son orta əsrlərə qədər tarixi-mədəni irs əsasında)” mövzusunda IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransının Ağsuda keçirilməsi bölgənin arxeoloji abidələrinin turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynayacaqdır.

9 dekabr 2011-ci ildə Bakıda keçirilən “Sərhədyanı turizmin inkişaf perspektivləri” beynəlxalq konfransında məruzə olunmuşdur.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə