Vətən hardan başlayır



Yüklə 16,33 Kb.
tarix03.05.2020
ölçüsü16,33 Kb.
#31055
Vətən hardan başlayır

Vətən hardan başlayır...

27 aprel. Hər günki kimi sıradan bir günə başladım. Yuxudan qalxar-qalxmaz əlimin altında hazır şəkildə var olan bütün nemətlərdən rahatlıqla istifadə etdim. Öncə yemək yedim və dünən pedaqoji təcrübə rəhbərimiz Şəfiqə xanımla əlaqə saxlayıb getməli olduğumuz yer üçün hazırlaşmağa başladım. Praktika yoldaşlarımızla birgə “Elmlər metrosu”nun çıxışında görüşdük. Yol boyu qəlbimdə tərif edilə bilməyəcək, səbəbini tam anlaya bilmədiyim bir həyəcan.. görüş məkanına çatdıq, bizdən əlavə daha neçə universitetin tələbəsi də bizimlə bir səbəbdən orda idi. Bu gün Vətən yolunda, Torpaq yolunda “Vətən sənə canım fəda!” deyən şəhidlərimizi ziyarətə gedəcəkdik. Hər kəsin tam tərkibdə hazır olduğunu görən müəlliməmiz artıq gedə biləcəyimizi söylədi. Yolumuz düşünmək üçün kifayət qədər uzun idi. Səhər tezdən qəlbimdə yaranmış bu səbəbsiz həyacana anlam verməyə çalışır, düşünürdüm: “Şəhidlərin dəfn olunduğu İkinci Fəxri Xiyabana gedirik. Nə üçün biz tələbə, digərləri müəllim, bəziləri əsgər, amma onlar Şəhid adlandırılır? Onların uğruna can verdikləri bu Vətən nədir ya da bəlkə hardan başlanır?”. Bu suallar ağlımı məşğul etdiyi bir anda irəlidə əlində qərənfillərlə irəliləyən tələbə yoldaşlarıma baxdım. Adətən güllər xoşbəxtlik və sevinc qaynağı olur insanlar üçün, amma qərənfillər istəmsiz bir şəkildə boynu bükük qalmışdı. Qırmızı və məsum qərənfillər. O an anladım niyə şəhidlərə qərənfil hədiyyə etdiyimizi. Onların qanıtək qırmızı, onların özləritək məsum və gözəl. Hələ də düşünürdüm. Axı niyə bir qarış torpaq üçün minlərlə can fəda olunur? Onsuz da bir gün hamımız torpağa qarışacağıqsa nədir bu müharibə, bu savaş? Elə o an anladım. Torpaq altında yatanlar, torpaq üstündə gəzənlər də bizik! Torpağın sahibi də bizlərik. Amma sahib olduğumuz yerlərdən çox-çox uzaqlardayıq. Bu eynilə oyuncağı əlindən alınmış körpənin həsrətinə bənzəyir. O qədər məsum və o qədər yerində. Bəli, indi anladım, onların qüruruna sığdıra bilmədikləri şeyləri. Bizim olana dil uzatdılar, əl uzatdılar, yetmədi can alıb canımızdan can qopartdılar. Anladım Mübarizləri, Fəridləri, Təbrizləri. “Mənim anam, bacım, qardaşım, atam boynu bükük, gözü kölgəli yaşayacaqsa nəyə lazımam mən?”- deyə düşündü bəlkə də çoxları. Biz hər həqiqətdən bixəbər, bizim üçün böyük görünən “Bu mənim sevdiyim yemək deyil; İnternetdən istifadə edə bilmirəm; Dərs oxumaq istəmirəm” kimi problerimizlə “mübarizə” apararkən, Mübariz düşünürdü: “Vətən darda, mən burda. Anam namaz üstə, atam yolda. Sevdiyim qız intizarda. Bəs mən bu rəsmin harasında? Oğul deyərmi Vətən, qorxub qaçan namərdə? Vətən darda olan anda, özünü düşünən birinə?”. Mübarizlər dözmədi, sərhədlərdən keçdi, dərdini anlatmaq istədi. Bura mənim torpağımdır! Vətən burdan başlanır! Mənim qəlbimin atdığı, gözümü oxşayan bu torpaqlar mənim Vətənimdir! deyə hayqırdılar. Gəlişimizin məqsədi tarix yaxınlaşması ilə əlaqədar 1-5 aprel döyüşlərində şəhid olan oğullarımızın məzarlarını ziyarət etmək idi. Vətən qarşısında, onlar qarşısında kiçik də olsa öz borcumuzdan çıxmaq idi. Artıq yavaş-yavaş Xiyabana doğru yaxınlaşırdıq. Indi anlayırdım insanların dəfn olunduqları yerlərin niyə yol kənarlarında olduğunu. Bu insanlar üçün bir ibrət idi əslində. Hər birimizin bir gün öləcəyini, bu fani dünyada sadəcə insanlara və Vətənə verdiyimiz tövhələrin bizə yoldaş olacağını anlatmaq üçün idi hər biri. Beləliklə, bu düşüncələr içərisində Xiyabana daxil olduq. Məşhur tarixçimiz Nazim müəllimin şəhidlər haqqında verdiyi məlumatla düşüncələrimdən sıyrıldım. O Qarabağ uğrunda gedən döyüşlərdən bu yana 20 000-dən artıq şəhid verdiyimizin statistikalarından bəhs edərkən, mən sadəcə 20 000 gözüyaşlı ana, beli bükülmüş ata, yol gözləyən yar düşünə bilirdim. Bu məlumatlardan sonra aprel döyüşlərində də 100-dən çox şəhid verdiyimizi söyləyərkən, onların bəziləri haqqında danışarkən gözlərim doldu. O Müşviqin 600-dən yuxarı bal topladığını deyir, mən isə özündən sonra cavabsız qoyduğu suallar haqqında düşünürdüm. Samirin heykəltaraş olduğundan danışırdı amma söyləmirdi indi onun özünə heykəl qoyulacağını. Seymurun özündən geriyə oğlu Amini qoyduğunu, Əbdülməcidin sərhədə gedərkən cibindəki pulu, qolundakı saatı yoldaşlarına verib: “Bunu qardaşıma çatdırın, mən gedirəm şəhid olmağa” dediyini söyləyirdi. Amma Nazim müəllim bunlardan bəhs edərkən bircə bu acıya necə dözülməli olduğunu, bu vəhşətin nə vaxt sonlanacağını söyləmirdi. Məlumat verildikdən sonra məzarlara doğru getdik. Azərbaycan və Türk bayraqları ilə bəzədilmiş məzarlara baxdıqca bunu xatırladım: “Türkün türkdən başqa dostu yoxdur!”. Doğurdan da belə deyildimi? Bir zamanlar süfrəmizin artıqları ilə dolanan üzdəniraq məxluqlar indi onlara verilən duz-çörəyi əzib keçir, onlara edilən yaxşılıqlara qanla, ölümlə cavab verirdilər. Qəlbimin bir an bu qədər nifrətlə dolması məni çox qorxudur, elə o an anlayırdım şəhid olanların bunu edənləri canlı-qanlı qarşılarında gördüklərində keçirdikləri qəzəb və nifrət hissini. O an sanki burda-yanımızda olsalar onlara sarılıb, sağolun ki, tökülən qanları yerdə qoymadınız deyərdim. Nazim müəllim yenə məlumat verir, o danışdıqca məni qəhər boğurdu. Anlayırdım o zaman Məmməd Arazın : “Nə yatmısan, qoca vulkan səninləyəm! Ayağa dur, Azərbaycan səninləyəm!” misralarında nə demək, nə hayqırmaq istədiyini. Artıq vədə yetişmiş, buranı tərk etmək üçün hazırlanmışdıq. Son dəfə dönüb onlara, bir-birinə arxa olan bu igidlərin yan-yana düzülmüş bu məzarlarına baxdıqca demək istədiyim cümlələr bunlar idi: “Bağışlayın bizi! Sizin adınıza, şanınıza layiq ola bilmədiyimiz üçün! Tariximizi, sizləri bu qədər az tanıyıb, az bildiyimiz üçün! Bağışlayın “Vətən mənə oğul desə, nə dərdim?” misralarını sizlər kimi anlaya bilmədiyimiz üçün! Altında sizlərin uyuduğu bu məzarın üstündə gəzsək də ona layiq ola bilmədiyimiz üçün bağışlayın bizi!”. Amma əmin olun ki, o günlər yaxındadır! Sizə gəlib, “Gözünüz aydın bu gün sizlərin xatirənizi Qarabağda bir dəqiqəlik sükutla yad etdik!” deyəcəyimiz günlər yaxındadır! Amma o günədək səbr edin. Çünki biz elə millətik ki, birləşsək Yeri yerindən oynadar, düşməni öz yuvasına, gəldikləri cəhənnəmə göndərərik! Odur ki, Vətən hardan başlanır bilirsən mi? Vətən səndən başlanır! Vətən sənsən, Vətən bizik, Vətən bizdən başlanır!
Yüklə 16,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin