Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan



Yüklə 222,58 Kb.
tarix17.04.2017
ölçüsü222,58 Kb.
#14315
Azərbaycan
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan

Səndən uzaq düşsəm də mən eşqinilə yaşayıram,


Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan.

Vətən eşqi məktəbində can verməyii öyrənmişik,


Üstadımız demiş heçdir vətənsiz can, Azərbaycan !

Övladların nə vaxtadək tərki-vətən olacaqdır ?


Əl-ələ ver, üsyan elə, oyan oyan Azərbaycan !
Yetər fəraq odlarından od ələndi başımıza,
Dur ayağa ! Ya azad ol, ya tamam yan, Azərbaycan !

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,


Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan !

Məhəmməd hüseyn Şəhriyar
ƏSİR AZƏRBAYCANIM

Hanı məni göl qoynunda doğuran,


Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam" çağıran...
Azərbaycan, mənim baxtsız anam oy...
Neçə ildir həsrətinlə yanam oy...

Salam desəm, ruzgar alıb götürsə,


Ağrı dağından Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy...
Hökm etsə, bu sərsəm gediş dursa oy...

Könlümə tək Kə'bə etdim səni mən,


Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən...
Azərbaycan, mənim tacım, taxtım oy...
Oyanmazmı kor olası baxtım oy...

Almas İldırım

Ana vətən qucağında daş olum
Ana vətən qucağında daş olum.
Havalanıb göy üzünə uçunca
Qurbət elə yol arıyı, açınca
Pərkilənib bu torpağa qaçınca
Ana vətən qucağında daş olum.

Əvvəli var, qoy bilsinlər axrımı


Deşik-deşik ələsinlər bağrımı
Mən daşiya bilmirəmsə ağrımı
Ana vətən qucağıda daş olum.
Yaşamaqdı bir saat da, bir gün də
ömrüm , günüm gəlib keçir düyündə
Gül olmadım şəhidlərin üstündə
Ana vətən qucağında daş olum.

Gözlərindən axan yaşa ölmədim


Dərd sinəmdə çiçək açdı, bölmədim
Bir yaxşılıq eliyə də bilmədim
Ana vətən qucağında daş olum.

Bir qurşuna döndərərdim ömrümü


Səngərlərə göndərərdim ömrümü
Açanmadım öz vaxtında könlümü
Ana vətən qucağında daş olum.

Axtaran kim, öldürən kim, ölən kim


Bu torpağı böldülər kim, bölən kim
Varlığımı, yoxluğumu bilən kim,
Ana vətən qucağında daş olum.
Ana vətən qucağında daş olum…….

VƏTƏN YANDI

O qədər nalə etdim ki, qızardı lalə tək bağrım,


Baxıb öz dövrəmə gördüm qərənfil, yasəmən yandı.

Ürəkdə min yaram vardır, yazıq millət, yazıq millət!


Sənə hər ləhzədə öz canını qurban edən yandı!

Qonub damlarda asudə ötür heybətlə bayquşlar,


Əlində haqqı bayraq eyləyən, düz yol gedən yandı.

Dolubdur nəmli zindanlar, yanır odlarda azadlıq,


Nəçün dinmirsən, ay qardaş, soruş bir gör nədən yandı!

Durubdur başım üstündə, əlində xəncəri, cəllad,


Nə gül qaldı, nə bülbül qaldı, bağ yandı, çəmən yandı.

Yadımdan çıxdı bülbül tək qəfəsdə güllərin rəngi,


Qəmin, dərdin əlindən od tutub, axır bədən yandı!

Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən,


Cinayət aşdı həddindən, haray sal ki, Vətən yandı!

Təbriz, 1941

Süleyman Rüstəm


VƏTƏN

"Biriya" könlüm olub aşiqi-rüxsari-vətən


Başıma düşdü yenə, nəş'eyi-gülzari-vətən.

Hər ürək bir qəmə dünyada giriftar oldu


Varmı bir qəlbi-mübarək, ola qəmxari-vətən?!

Hər mərəz oldu əgər qabili-dərmanü əlac,


Nə rəva, gördü, şəfa tapmadı bimari-vətən?

Vətənin oğlunu qürbətdə ölüm dərk eləsə


Can verər tazədən övladına didari-vətən.

Deyişir məzhəbü tarix, nəsil, hükmi-zaman


Deyişilməz yaradan Haqq kimi, asari-vətən.

Şairəm, xəstə diləm, yurdumu istər ürəyim,


Bağlıdır taleyimə taleyi-əfkari-vətən.

1951
Məhəmməd Biriya

VƏTƏN
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,


Sonra vermiş vətənim nəşvü nüma.

Vətənim verdi mənə nanü nəmək,


Vətəni məncə unutmaq nə dəmək?!

Anadır hər kişiyə öz vətəni:


Bəsleyib sinəsi üstündə onu.

Südüdür kim, dolanıb qanım olub,


O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,


ölərəm, əldən əgər getsə vətən.

Vətənin ne'məti nisyan olmaz,


Naxələflər ona qurban olmaz.

Vətən - əcdadımızın mədfənidir,


Vətən - övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,


Olsa, ol şəxsdə vicdan olmaz.

1909
Abbas Sehhət

AZƏRBAYCAN DEYƏNDƏ

Vətən mənim bu günüm,


Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

"Hər ölkəyə, hər elə,


Olsun hörmət", deyirəm.
"Vətənindir, vətənin,
İlk məhəbbət", deyirəm.
"Onun şöhrət tacıdır,
Şe'r-sənət" deyirəm.
Mən vətənə, "Füzuli,
Abbas Sehhət" deyirəm!
Mən vətənə, "Sabiri
Doğan qeyrət", deyirəm!
Mən vətənə, "Üzeyir,
Müşfiq, Səməd", deyirəm!
"Günəş kimi müqəddəs
Bir həqiqət", deyirəm,
Azərbaycan deyəndə.
"Dünya məni dinləsin,
- Diqqət, diqqət!",
deyirəm.
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
"Haralısan?" sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!

Dostdan sovqat, muştuluq,


Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!

Azərbaycan! - Bu nida


Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!

Tovfiq Bayram

VƏTƏNİM

Mən sənin torpağından


Boy atmışam, vətənim...
Dirçəlmişəm, qalxmışam,
Dənli sünbül olmuşam.
Eşqini ürəyimdə
Yaşatmışam, vətənim.
Min nəğməli, min sözlü
Coşğun könül olmuşam.
Mən səndən öyrənmişəm:
Eşqi də, nifrəti də,
İnsana, təbiətə
Sonsuz məhəbbəti də...
Bir gün sinəmdə əgər
Çırpınmasa bu ürək,
Torpağın altda belə
Sənin böyük eşqinlə
Həmişə döyünəcək...

Nigar Rəfibəyli

MƏNƏ VƏTƏN YOLU..."

Mənə vətən yolu


dar gəlir yenə,
Üzümə bahar yox,
qar gəlir yenə...
Yəqin qar üstündə iz qoyub getmək,
qar üstə yıxılıb, üz qoyub getmək,
Getmək dağlar aşıb,
Aranlar keçib,
Və bilmək, və bilmək, bilmək ki, gecdir,
karvan çoxdan keçib,
köç çoxdan köçüb.
Sən bel bağladığın,
ümid sandığın
bulağın suyunu özgələr içib...
Bulaqlar qupquru,
səma dupduru,
bu yurda çox gördü Tanrı uğuru...
İndi hansı səmtə, haraya doğru
üz tutub gedəsən qar yağa-yağa?
Tale görə-görə, baxt baxa-baxa
üzümə bahar yox,
qar gəlir yenə,
mənə vətən yolu
dar gəlir yenə...

1993

Vaqif Səmədoğlu
ÖLKƏM

Şiş ucları buludlarla döyüşən,


Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən,
Tarlaları, düzləri var ölkəmin.

Verimli torpağı, geniş çölləri,


Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Kəçidləri, rizləri var ölkəmin.

Göllərində ördəkləri üzərlər,


Çöllərində maralları gəzərlər,
Güllərindən gələnlər tac düzərlər,
Ceyran gözlü qızları var ölkəmin.
Coşğun Xəzər oynar ayaqlarında,
İşıq saçan nəfti torpaqlarında,
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.

Cəfər Cabbarlı

Bir çiçək də bəs edər

Dostum, mənə çiçək göndər,


Vətən ətrini duyum ondan.
Öz əlinlə dəstələ, dər
Ərgünəşin dağlarından.
Demirəm ki, qucaq-qucaq
Mənim üçün sən çiçək dər;
Yox, a dostum
Vətən ətri duymaq üçün
Uzaq eldə
Bir çiçək də bəs eleyər...

Lətif Vəlizadə

AZƏRBAYCAN

Əziz Azərbaycan, ey gözəl diyar,


Anamın mehriban qucağı sənsən.
Könül tərlan'ının uçub qonduğu,
Onun çox sevdiği budağı sənsən.

Sənsən düşündüğüm sənsən andığım,


Mən bu dünyada arxalandığım.
Yetər alışdığım, yetər yandığım,
Şirin qəlbimin sorağı sənsən.

Qoy açsın könlümü sözlərim mənim,


Səndən nəcat umur gözlərim mənim.
Hələ əyilməyib dizlərim mənim,
Çünkü o dizlərin dayağı sənsən.
Desəmdə vurğunam divanə sanma,
Mən ki, öz oğlunam biganə sanma.
Bir şəmısiz, atəşsiz, pərvanə sanma,
Yandığım odların ocağı sənsən.

Qoy bilsin ey vətən bu alçaq yağı,


Solmaz baxçamızın yaşıl yarpağı.
Sən Babək yurdusan, Azər torpağı,
Aslanlar oylağı, Yatağı sənsən.

Balaş Azəroğlu

AZƏRBAYCAN: DÜNYAM MƏNİM

Azərbaycan: qayalarda bitən bir çiçək,


Azərbaycan: çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyleyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan: mayası nur, qayasi nur ki...


Hər daşından alov dili ox ola bilər.
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər!

Oğulları Kür gəzdirər biləklərində,


Oğulların göz atəşi, gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində,
Qütb ulduzu, dan ulduzu gözəlləridir.
Tariximə qara xətlə hicri, miladi,
Qılıncların qan ağzıyla yazılmadımı?!
Babaların boz çöllərə bənzər muradı,
Qızıl bayraq
dalğasından yaz almadımı?!

İllər olub, kürrələrdə dəmir olmuşuq,


Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zəhmətlərə yollar açıqdı,


Dalğalandı Sabirlərin
ümman dünyası.
Azərbaycan qatarı da yollara çıxdı,
Dağılanda qoca şərqin duman dünyası.
Azərbaycan: mayası nur,
qayasi nur ki...
Hər daşından alov dili ox ola bilər.
"Azərbaycan" deyiləndə
ayağa dur ki,
Ana yurdun üreyinə toxuna bilər!
Məmməd araz


VƏTƏN

Arama, bir ovuc torpağam indi,


Vətən torpağına qarışmışam mən.
Elə yaşayıram, görənlər deyir:
Qəmli taleyimlə barışmışam mən.

İnsanam, çağırsan döyüş olaram,


Dənizlər üstündən atlı keçərəm.
İnqilab çağırsa yürüş olaram,
Yenə də döyüşkən tale seçərəm.

İndi bir arıyam bal pəteyində,


Vətən ətri verir balımın dadı.
Ən xoşbəxt bir insan olsam da yenə
Dönməz bu dünyada, vətən inadım.
Ağacam, budayın budaqlarımı,
Əkin, yollar boyu, yeriyim mən də.
Yaşıl körpü edin yarpaqlarımı,
Doğma torpağımda, doğma vətəndə.

Vətən söylədikcə dilim yorulmur,


Parlayır gözümdə bir qoşa almaz.
Allahlar vətənsiz olur,
qoy olsun
Şair heç bir zaman vətənsiz olmaz!

Söhrab Tahir

VƏTƏN VAR

Hardaysa bu dəmdə


Dəryada batan var.
Vardırsa köməksiz
Fəryada çatan var.
Dünyada alandan
Əvvəlcə satan var.

Atəş öz üzündən


Birdən birə yanmır.
Bir şey bu cahanda
Adsız və səbəbsiz,
Bihudə yaranmır.
Vardırsa yaranmış:
Mütləq yaradan var!
Varsansa...
özündən
Əvvəlcə atan var.
Dünyada quru bir səs,
Qəm çəkməyə dəyməz.
Yüz-yüz itən olsun,
Min-min də bitən var.
Şükr eyləyək ki,
Bizdən həm əvvəl,
Həm sonra vətən var.

Bəxtiyar Vahabzadə

QÜRBƏTDƏ VƏTƏN HƏSRƏTİ

Bu torpaqdan, sudan, oddan,


Yaranmısan, Azərbaycan!

Məhəbbətdən, cəsarətdən,


Ürəklərdə sədaqətdən,
Diləklərdə hürriyətdən,
Şüurlarda həqiqətdən,
Əməllərdə ədalətdən,
İztirabdan, əziyyətdən,
Göz yaşından, əsarətdən,
Qovuşmağa, birləşməyə
Ümidsiz dəli həsrətdən,
Yer altında hərarətdən,
Yer üstündə bərəkətdən
Doğulmusan, Ana Vətən!

Kür Arazla birləşəndə,


Xəzər durub gərnəşəndə,
Babadağa çən düşəndə,
Xoş iqlimdən, təbiətdən
Doğulmusan, Ana Vətən!

Dədə Qorqud kitabında,


Nəsiminin xitabında,
Xətayinin gur səsində,
Füzulinin naləsində,
Vaqifin xoş qoşmasında,
Vidadinin ağlaşmasında,
Mirzə Fətəli dərdində,
Zərdabinin qeyrətində,
Natəvanın ismətində,
Ələsgərin qismətində,
Acı Sabir fərydaında,
Mirzə Cəlil ah-dadında,
Hadinin qəmli günündə,
Cavidlərin sürgünündə,
Dözümdən və mətanətdən
Doğulmusan, Ana Vətən.

Xanəndə avazında,


Aşığın telli sazında,
Xalıların ilməsində,
Dilimin hər kəlməsində,
Arazın iki tayında,
Bakının isti yayında,
Qarabağın yaylağında,
Qaf dağının ayazında,
Lənkəranın payızında,
Laləli Gəncə yazında,
Oyanırsan sən yenidən
Doğulursan, Ana Vətən.

Yanıq Kərəm atəşində,


Nəsrəddinin gülüşündə,
Köhlənlərin yarışında,
Çayların aşıb daşanda,
Torpağın hər qarışında,
Torpağa tər qarışanda,
Yaşayırsan, ucalırsan,
Keçib gəlib əsrlərdən
Ölməz Vətən: Ana Vətən.
Qalaların vüqarı var,
Şahdağın təmiz qarı var.
Göyçayın çinarı var,
Qışı, xəzanı varsa da,
Novruzu var, baharı var.
Doğma yurdu hər gün, hər an
Yada salan Anarı var.
Zənginlərin zənginisən,
Gözəl Vətən - Ana Vətən.

İstanbul, fəvral 1991

Anar


Ey VƏTƏN

Ey vətən! Torpağın əzizdir mənə,


Mən səndə tapmışam səadətimi.
Könüldən mahnılar qoşmuşam sənə,
Çevirib bayrağa məhəbbətimi.

Gözümü dünyada açanda ilkin


Anamı görmüşəm, səni görmüşəm.
Əhdinə vəfalı bir oğul təkin
Döyünən qəlbimi sənə vermişəm.

Şöhrətim ey vətən, şanım ey vətən


Sən mənim adımı ellərə yaydın.
Ürəyim ey vətən, canım ey vətən
Mən şair olmazdım, sən olmasaydın.
Süleyman Rüstəm

AZƏRBAYCAN DEYƏNDƏ

Könlümə sə´da düşür,
Keçmişim yada düşür,
ürəyim oda düşür
Azərbaycan deyəndə.
Ay doğanda gecələr,
Ruhum sənlə dincələr,
Incələr düşüncələr
Azərbaycan deyəndə.
Keçmişini anıram,
Gələceyin sanıram,
Bu günə yanıram
Azərbaycan deyəndə.
Bitər acı günlərin,
Açılar düyünlərin,
Gələr ərköyünlərin,
Azərbaycan deyəndə.

Miyanali-Alirza


GÖRÜN O ŞƏHİDLƏR NƏ DEYİR SİZƏ

Mən türkəm, ləzgiyəm, kürdəm, talışam, -


Bu Azərbaycanın balasıyam mən.
Vətən göylərində alıcı quşam,
Yurdun alınmayan qalasıyam mən.

Gəlin bölünmeyək doğmaya, yada, -


Hamı bir ağacın yarpağıyıq biz.
Axı hər birimiz başdan-ayağa
Doğma Azərbaycan torpağıyıq biz.

Türk dəyil, tat dəyil alçaq adamlar


Onlar hər millətə böyük dərddilər.
Şeytan törəməsi alim - nadandır
Namərdlər hamısı bir millətdilər.
Aranlı, yaylaqlı ellər, obalar
Mehriban dolanıb verib baş-başa.
Neçə min illərdir bizim babalar
Evləri qonşudur, məzarı qoşa.

Satqınlar yetişib düşmən bağında,


Cırır yaxasını "mən yetim" - deyir.
Yalançı millətçi yad barmağında, -
Barmaq tərpəndikcə "millətim" deyir.

Qanımız qarışıb qardaş qanına,


Bu torpaq əmanət verilib bizə.
Siz gəlin Şəhidlər Xiyabanına,
Görün o şəhidlər nə deyir sizə

Fikrət Qoca

SƏNİN TORPAĞINAM

İlk dəfə şe'rimdə adını yazdım,


Dedim: Torpağınam, vətən, daşınam.
Ağır günlərinə, dərdinə dözdüm,
Dözdüm, fəxr etdim ki, vətəndaşınam!

Mən sənin yolunda oda atıldım,


O günlər ömrümdə mə'nalı gündür.
Fədai də oldum, şair də oldum,
Gözümə hər yerdə, vətən göründü.

Haraya getdimsə, mənimlə getdin:


Köksümün içində apardım səni.
Səndən ayrılsaydım ölərdim, yəqin,
Haradan axtarıb tapardım səni
Dilimdən düşmədi, adın bir gün də,
Həsrətin qəlbimdə umuda döndü.
Çox zaman ürəyim döyünməyəndə,
Köksümün içində, vətən döyündü.

Döyündün, eşitdim, dedin: - Varam mən,


Oldun arxam mənim, pənahım mənim.
Şahların yanında "günahkaram" mən,
Sənin sevgin olub günahım mənim.

İlk sevgim sən oldun bu yer üzündə,


Yəqin son sevgim də sən olacaqsan
Bir dünya mə'na var, "vətən" sözündə,
Sən babamdan qalan odsan, ocaqsan.

Özün atəşlərdə alışan zaman,


Odundan yoluma nur çiləyibsən.
Sən oldun ilk dəfə dilimi açan,
Sən məni böyüdüb, mən eliyibsən.

Mən də ilk şe'rimdə adını yazdım,


Yazdım: Torpağınam, vətən, daşınam.
Nə yaxşı adına oxşayır adım,
Nə yaxşı ən sadə vətəndaşınam!
Balaş Azəroğlu
Qürbətdə

Ömründə qəriblik çəkməyən bilməz-
Bir saat bir ilə dönür qürbətdə.
eynimi,qəlbimi gəmirir bir səs:
Ömrümüz şam kimi sönür qürbətdə.

Qurbanı olduğum Vətən nə uzaq !


Sinəmdən od çıxır,gəl tüstümə bax.
Vətənsiz sovuşan ağ günümdən ağ-
Cəhənnəm qaralı kömür qürbətdə !

Ağaran saçıma baxıb çəkdim ah,


Eldən ayrı düşmək - ən böyük günah.
Həsrətdən mum kimi əriyir vallah,
Vücudum olsa da dəmir qürbətdə !

Əlibala Hacızadə

Odlar vətəni
odlar vətəni

ey babəki səttari becərmiş qucağında

tarix boyu olsanda azadlıq sorağında

yox indi adın ellərin üsyan varağında


ey tərk eləyib ərki uçanlar

ey baş götürüb hər biri bir səmtə qaçanlar

dönsəz vətənə məhv olacaqdır bu dumanlar

sel tək axışın birgə gəlin doğma diyarə

tənha ananın bəlkə ola dərdinə çarə

illər boyu zəncirdə qalsam da varam mən

qəlbimda mənim sarsımamış zərrəcə iman

bir gün qara zəncirimi axır qıraram mən

ərkin başına qanla qızarmış qanadımdan

bayraq vuraram mən


Məhəmməd tağı zehtabi(kirişçi)

MİLLƏTİM

Niyə bu günə düşdün


Ay mənim məmləkətim?
Özümə düşmən olub
Aşıb-daşan sərvətim.

Bir vaxt sən də xan idin,


Vaxta hökmüran idin,
Dövlətlər quran idin,
İndi sənə nə nə oldu
A qullaşan millətim?

Daşından da zər bitər,


Yeddi arxana yetər.
Dilənçidən beşbetər
Yoxsullaşan millətim.

Namusuyla, arıyla,


Keçdiyi yollarıyla,
Böyük oğullarıyla
Oğullaşan millətim.

Savaş hünərləriylə,


Qəhrəman ərləriylə,
Böyük zəfərləriylə
Nağıllaşan millətim.

Dəmir qıran dişiylə,


İgidlik verdişiylə,
Öz şanlı keçmişiylə
"Sağollaşan" millətim.

Bu xalqın öz övladı


Öz-özünü ovladı.
Səbrini buxovladı
Səbri daşan millətim.

Necə dözdün bir belə


Müsibətə, müşkülə?
Çəkdiyi sitəm ilə
A yollaşan millətim?
Nə gündəsən, nə gündə?
Qor qalmayıb külündə.
Qeyrətsizlər əlində
Bu gün çaşan millətim.

İstəyirəm çaşmaya,


Dərdiylə yollaşmaya,
Bir daha qullaşmaya
Xan oğlu, xan millətim.

Bəxtiyar vahabzadə

May, 1998

Babək
oğurlanıb ulu babək yasaq sarıldı bizə

və damla damla Rüstəm basıldı beynimizə


bu boy buxun qala təmsilidir ürək babək

yanı əyilməyəcək türk xalqı birdə sizə


bəli bizim suçumuz var oda bu ki bir gün

şoranlıq ölkənizi biz düyünlədik dənizə


sümüklərizlə itilldərik bu dırnaqları ay

azadlıq aşiqiyik qurdu satmarıq öküzə

nə qədr biz boyun əydik bəşər huquqlarına

darışdilar ağalar qudrətə qılınca mizə


biz alp ər tunqa tümrüsün nəfəslariyik

nə vardı saxta kuruşlar axı nə vardı sizə


Məhəmməd riza ləvai

GÜLÜSTAN

Azərbaycanın birliyi və istiqlaliyyəti


uğrunda çarpışan Səttar xan,
Şeyx Məhəmməd Xiyabani
və Pişəverinin əziz xatirəsinə

I-ci Hissə

İpək yaylığıyla o, asta-asta


Silib eynəyini gözünə taxdı.
eyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,


Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm


Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,


Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.

Əyləşib kənarda topsaqqal ağa,


Hərdən mütərcimə suallar verir.
Çevrilir gah sola, baxır gah sağa,
Başını yellədib təsbeh çevirir.

Qoyulan sərtlərə razıyıq deyə,


Tərəflər qol çəkdi müahidəyə...
Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin,


Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları?


Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi, əlbət,


Bizə əmanətdir, böyük əmanət...
Yoxmu qanımızda xalqın qeyrəti?
Belə saxlayarlar bəs əmanəti?
Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən
coşsun, partlasın.
Daim haqq yolunda qılınc qaldıran
İgid babaların goru çatlasın.

Qoy əysin başını vüqarlı dağlar,


Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axar bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli dəyil,


Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağa,


əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.

Onların birləşən bu əllərilə


Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!


Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri,-
Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?


Qocadır bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?
Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz doğma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən-


Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,


Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..

Göy də guruldamış deyirlər o gün,


Çölləri, düzləri buludlar sarmış.
O göy gurultusu ulu Babəkin Ruhuymuş,
hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləri


Bir günün içində soldu-saraldı.
"Gülüstan" bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu "Yanıq Kərəmin"


Tellər inildədi, yandı, nə yandı.
Aşığın sazında daha bir həzin,
Daha bir yanıqlı pərdə yarandı.

Həmin gün ölkəni apardı sel, su,


Tutuldu çöhrəsi günün, ayın da.
Qoca Nəbatinin eşqi, arzusu,
O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,


Bu məşum xəbəri aləmə yaydı.
Sanki dilə gəldi güllər, çiçəklər:
"Bu isə qol qoyan qollar sınaydı".

Arazın suları qəzəbli, daşqın,


Sirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər, qanadlarının
Biri bu taydırsa, biri o taydır.
Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?
Ürəklər bu dərddən tüğyana gələr,
Axar gözümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü?


Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu göz dağını?..

Başı kəsiləndə bu məğrur elin


Qəlbin ağrısını hiss etdinizmi -
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düsünün, nələrə qol çəkmişsiniz?
Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.

Min ləkə vurdular şərəfimizə


Verdik, sahibimiz yenə "ver" - dedi.
Lap yaxsı eləyib doğrudan, bizə
Biri "baran" - dedi, biri "xər" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmüş anın


Möhür də basdılar varağa təkrar.
Yox, varağın dəyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar.
İmzalı, möhürlü ey cansız varaq,
Nə qədər böyükmüs qüvvətin, gücün.
Əsrlər boyunca vuruşduq, ancaq
Sarsıda bilmədik hökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,


Yazılıb, qollanıb yoxdan var oldun.
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə paraladın sən


Özün kağız İkən paralanmadın.
Köksünə yazılan qəlb atəşindən,
Niyə alıçmadın, niyə yanmadın?

Araz sərhəd oldu, əsdi küləklər,


Sular yatağında qalxdı, köpürdü.
Üstü dama-dama taxta dirəklər,
Çayın kənarında səf çəkib durdu.

Sular, sizdən təmiz nə var dünyada?


Ləkədən xalidir axı qəlbiniz.
Bağrınız alışıb niyə yanmadı
Bu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən göz yaşı sən də,


Keçdikcə üstündən çölün, çəmənin.
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?
Dayanıb Arazın bu tayında mən
"Can qardaş" deyirəm, o da "can" deyir.
Ey zaman, sorğuma cavab ver, nədən
Səsim yetən yerə, əlim yetməyir?..

Qarışıb gözümdə, qarışıb aləm


Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.

Taxta dirəkləri torpağa dəyil,


Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyim,


Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular ax, ax!


Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük, ağladıq, yenə də ancaq
Bir sazın, bir telin, bir simin üstə.

Ürəkdən ürəyə körpü? Bir dayan!


Dərdimiz dinirsə, bir sazın üstə
Şəhriyar yaralı misralarından
Körpü salmadımı Arazın üstə?!
Bu taydan o taya axışdı sel tək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaq


Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,


Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qoşundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!
Ayırmaq kimsəyə gəlməsin asan
Bir xalqın bir olan dərdi-sərini.
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,


Şairlər od tökdü yenə dilindən.
Vurğunun o həsrət nəğmələrinə
Şəhriyar səs verdi Təbriz elindən:

"Heydər baba, göylər qara dumandı,


Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın, amandır,
Yaxşılığı əlimizdən aldılar,
Yaxşı bizi yaman günə saldılar.

Bir uçaydım bu çırpınan yelinən,


Qovuşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı".

Bəxtiyar vahabzadə

1959


Səttərxana

Hali-məczubim görüb, qarə demə divanədir,


Nareyi-şüridəmi zənn etmə bir əfsanədir,
Şairəm, təbim dəniz, sheri-tərim dürdanədir,
Bəhcətim, eyshim, sürurim, vəcdim, əhrararənədir,
          İncizabım cürəti-mərdaneyi-mərdanədir,
          Afərinim himməti-valayi-Səttarxanədir.
Ta ki millət məcməin Tehranda viran etdilər,
Türklər Səttar xan ilə əhdü peyman etdilər,
Zülmü istibdadə qarshı nifrət elan etdilər,
Millətə milliyətə can nəqdi-qurban etdilər,
          Ayeyi-Zibhi əzim itlaqi ol qurbanədir,
          Afərinim himməti-valayi-Səttarxanədir.
Həq mədədkar oldu Azərbaycan ətrakına,
Ali-Qacarın protest etdilər Zöhnakina,
Ol shəhidanın səlam olsun rəvani-pakına
Kim tökülmüsh qanları Təbrizü Tehran xakına
          Onların cənnət dəyildir mənzili ayə nədir?
          Afərinim himməti-valayi-Səttarxanədir.
İshtə Səttarxan, baxız,bir növ iqdimat edib,
Bir vəzirü shahı yox, dünyanı yeksər mat edib,
Ərzi-islamı, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyəti-milliyətin isbat edib,
          İndi dünyanın təvəccöh nöqtəsi İranədir,
          Afərinin himməti-valayi-Səttarxanədir.
İshtə Səttarxan,baxız,İranı ihya eylədi,
Türklük, iranlılıq, təklifin ifa eylədi,
Bir rəshadət, bir hünər göstərdi, dəva eylədi,
Dövlətin bir eynini dünyada risva eylədi,
          Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,  
          Afərinin himməti-valayi-Səttarxanədir.
Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!
Düstü düshmən əl çalıb eylər sizə səd mərhəba!
Çox yasha, dövlətli Səttarxan, əfəndim, çox yasha!
Cənnəti-əladə Peyğəmbər sizə eylər dua,
          Çün bu xidmətlər bütün islamədir, insanədir,
           himməti-valayi-Səttarxanədir.

Mirzə ələkbər sabir

AZADLIQ MARŞ

Qorxma! Sönməz bu şəfəqlərda üzən al sancaq;

Sönmədən yurdumun üstündə tütən ən son ocaq.

O, mənim millətimin ulduzudur, parlayacaq,

O, mənimdir; o, mənim millətimindir ancaq!
Çatma qurban olayım, çehrəni ey nazlı Hilal,

Qəhraman ırqıma bir gül!.. Nə bu şiddət bu cəlal?

Sənə olmaz, tökülən qanlarımız sonra həlal.

Haqqıdır, Haqq'a tapan millətimin istiqlal.


Mən əzəldən bəridir hür yaşadım, hür yaşarım;

Hansi çılgın,mənə zəncir vuracaqmış? Şaşarım.

Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, açarım.

Yırtarım dağları, ənginlərə sığmam, daşarım.

Gərb'ın afaqını sarmışsa çəlik zırhlı duvar;

Mənim, iman dolu köksüm kimi, sərhaddim var.

Ulusun, qorxma! Necə böylə bir imanı boğar,

“Mədəniyət" dediğin tək dişi qalmış canavar?


Arxadaş, yurduma alçaqları uğratma sağın;

Sipər et gövdəni, dursun bu həyasızca axın.

Doğacakdır sənə və'detdigi günlər Haqq'ın,

Kim bilir, bəlkə yarın, bəlki yarından da yaxın.


Basdığın yerləri ,,torpaq" diyərək geçmə, tanı!

Düşün altındaki minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə yazıkdır atanı,

Vermə, dünyaları alsan da bu cənnət vətənı.

Kim bu cənnət vətənın uğruna olmaz ki fəda?

Şühəda fışqıracaq toprağı sıxsan şühəda!

Canı, cananı, bütün varımı alsın da Huda,

Etməsin, tək vətənımdən məni dünyada cüda.


Rühumun səndən, İlahî budur ancaq əməli:

Dəyməsin mabədimin köksünə na-məhrəm əli,

Bu əzanlar - ki şəhadətləri dînin təməli –

Əbədî yurdumun üstündə mənim inləməli.


O zaman vəcd ilə min səcdə edər - varsa - daşım;

Hər cərihəmdən, İlahî, boşanıb qanlı yaşım,

Fışqırır, rüh-u mücərrəd kimi yerdən nə'şım!

O zaman yüksələrək ərşə dəyər, bəlkə başım!

Dalgalan sən də şəfaqlər kimi ey şanlı Hilal!

Olsun artıq tökülən qanlanırım həpsi həlal!

Əbədiyyən sənə yok, ırqıma yox izmihlal:

Haqqıdır, hür yaşamış bayrağımın hürriyət,

Haqqıdır, Haqq'a tapan millətimin istiqlal.
Söz: Məhmət Akif Ərsoy / Müzik: Zəki Üngör

QARADƏNİZ MARŞI

Çırpınırdın Qaradəniz baxıb Türk'ün bayrağına

Ah ölmədən bir görsəydim, düşəbilsəm ayağına.


Ayrı düşdüm dost elindən, illər var ki çarpar sinəm,

Vəfalı Türk gəlir yinə, qurban Türk'ün bayrağına.


Sırmalar taxsam qoluna, incilər düzsəm yoluna

Fırtınalar dursun yana , yol ver Türkün bayrağına.


Həmiyətli öz Türk qanı, bax heç bitməz onun şanı

Kazbək oldu ilk kurbanı, səlam Türkün bayrağına.


Türk elindən əsən yellər, sənə indi səlam söylər

Olsun bütün qafqaz ellər, qurban Türkün bayrağına.

Müzik: Üzeyir Hacıbəyli

dağ BAŞINI DUMAN ALMIŞ

Dağ başını duman almış,

Gümüş dərə durmaz axar

Günəş ufuqdan indi doğar,

Yürüyəlim arxadaşlar.
Səsimizi yer, göy, su dinləsin;

Sərt adımlarla hər yer inləsin.


Bu göy, dəniz harda var,

Harda bu dağlar, daşlar.

Bu ağaclar, gözəl quşlar,

Yürüyəlim arxadaşlar.


Səsimizi yer, göy, su dinləsin;

Sərt adımlarla hər yer inləsin.


Hər gecəni günəş boğar,

Ölkəmizin günü doğar;

Yol uzun da olsa nə var,

Yürüyəlim arxadaşlar.


Səsimizi yer, gök, su dinləsin;

Sərt adımlarla hər yer inləsin.



Əli Ulvi ƏLÖVƏ

SALAMDARAĞACI
Yolumu gözlədin hər səhər-axşam,

Salam, darağacı... Əleyküm salam!

Əcəllə ölməyə doğulmamışam...

Salam, darağacı... Əleyküm salam!


O hansı millətdir, taleyi sırdır?

Yüz adla bölündü... Yenə də birdir.

Məni huzuruna bu dərd gətirdir,

Salam darağacı... Əleyküm salam!


Xəzər'i, Baykal'ı, Aral'ı gördüm,

Gördüm can üstədir, yaralı gördüm.

Tanrı'nı bəndədən aralı gördüm,

Salam, darağacı... Əleyküm salam!

Çərxı tərs fırlanır fələk qarının,

Turan kölgəsində budaqlarının,

Rəngi bayrağımda yarpaqlarının

Salam, darağacı... Əleyküm salam!


Əvvəlin axırı, sonun əvvəli,

Buymuş, bilməmişəm bunu mən dəli.

Qorxum yox, nə olsun boyun göy dəli,

Salam, darağacı... Əleyküm salam!


Eli yağmalanan, bölünən, bölən,

Çayları quruyan, gölləri ölən.

Həq-hesab çəkməyə gələn mənəm, mən.

Salam, darağacı... Əleyküm salam!

Danış, Əmir Teymur, bu son nəydi bə?..

Boynumda ağ kəfən, dilimdə tövbə.

Dərsini tərs bilən, mənimdi növbə,

Salam, darağacı... Əleyküm salam!


Səni mən əkmişəm... Mənə sən qənim,

Səni suvarmağa halaldır qanım.

Yarpağın rəng alsın qanımdan mənim.

Salam, darağacı... Əleyküm salam!


Ey darın ağacı. Kimdən kəməm... Kəm?

Ya səni yendirrəm, ya sənə yennəm,

Ya da budağında yarpağa dönnəm.

Salam, darağacı... Əleyküm salam!


Qırgız'am, Özbək'əm, Qazaq, Türkmən'əm,

Başqırd'am, Kərkük'əm, elə görk mənəm,

Sənin gözlədiyin qərib Türk mənəm,

Salam, darağacı... Əleyküm salam!
Qəbul et, növbəti qurbanın mənəm,

Mənim canın səndə; bil, canın mənəm,

Elə qurrələnmə... Hər yanın mənəm,

Salam, darağacı... Əleyküm salam!


Rüstəm Berhüdi


Yazanmasam öləcəyəm
Azərbaycan, ruhum canım.
Varlığımsan, necə danım,
Kür-Araz’ı axan qanım, -
Mən sanmasam öləcəyəm.

Nisgilimdi gəlib dilə,


İstəmirəm yadlar bilə.
Azadlığı qanım ilə,
Qazanmasam, öləcəyəm.

Vətən, dilin şirin, incə,


Sevincini istəyincə,
Qəmlərini bəs deyincə
Yazammasam, öləcəyəm.
Yuxuda bir körpə bala,
İstəyirdi körpü sala,
O yuxumu mən vüsala
Yazammasam, öləcəyəm.

Öz –özümü tapmaq üçün,


İçim yandı için için,
Doğulmuşam yanmaq üçün,
Mən yanmasam, öləcəyəm.

1970

Rüstəm Behrudi

Şaman Duası

Bu günüm də beləcə
Ötüşüb geçib, gedər
Bu yaşımda neylədim,
Ey Tanrım, ömür yarı.
Məni rahat buraxmır,
İçimdəki qəm-kədər,
Bir də ki, şəhidlərin
Gecə gəzən ruhları.

Boylanır qərib -qərib


Gecələr başım üstən,
Sonsuzluq-Tanrı kimi
Ayıynan , ulduzuynan
Şaman kimi göylərə
Üz tutub durmuşam mən,
-Durub qabaq-qabağa
göyüzü
yalqzıynan.

Bu cür qərib çağımda


Gəlib mənnən dilləşən
Ağacın yarpağına,
Gülünə inanıram.
Yurd yerində dayanıb,
Sönən ocaqların mən
İçində gor saxlayan
Külünə inanıram.
Yarama duz tək basır
Sevdalar öz odunu
Bugün –sabah kül ollam..
Qalmışam yana-yana:
Tövbə duası kimi
Pıçıldadım adını,
Səsim sənə çatdı mı
Eşitdin mi, ay ana? !

Tanrı olmaq istərəm


Dediyim sözdə-bəndəm,
Sözə tilsim etmişəm
Ürəyimin ahını.
Mən canımı verməyə
Bir təzə sözə bəndəm,
Ey mənə can verən kəs,
Bağışla günahımı.

Şaman kimi sözlərdən


Mən tale toxyuram,
Ürəyimdə səksəkə
Ruhumda bir zəlzələ....
Hər gecə göy üzünə
Mən dua oxuram
İlahi, bu milləti
Yox olmaqdan hıfz ələ
Rüstəm Bhrudi

Bozqurd
Şair yuxsuna gül-çiçek görər,
Yenər yuxsuna göydən mələklər.
Yuxumda nə gördüm? !
Onun ucundan,
Nə çəkdim...
İlahi! Bilməyəcəklər......

Hər gecə, hər gecə yuxularımda


Çadırı dağılmış, ocağı sönmüş,
Tanrı qarqışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhəddinin
Bir ucu günbatan, biri gündoğan-
Dağından, çayından, adamlarından,
Hətta otundan da qəriblik yağan;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən
Bölünə bölünə yox olub itən-
Sevgili bir yurd
Sevgili bir yurd-
Hər gecə,hər gecə yuxularımda.……..
Hər gecə,hər gecə yuxularımda.……..,
Bu yurdla yanaşı,bu yurd boyunca
Ulaya-ulaya dolaşıb gəzən,
Ob'u,Yenisey'i,İtil'i keçib
Altay tək,Ağrı tək dağ aşıb gəzən
Üzü mavi…..,
Gözü göydən daha mavi…….,
Ağzı atəş kimi bir qurd…….
Və sevgili bir yurd…….
Hər gecə,hər gecə yuxularımda.……..
Üstümə qəm gələr əjdahalar tək
Yuxumdabir ağız qurd ular, keçər.
Nədənsə, həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər.
İndi gizli gizli gəlir yuxuma bir vaxt
Ulaşa ulaşa ordular basan.
Uluslar, 'Bay Göllər', Göyçələr səni
Məndən soruşurlar, Boz Qurd hardasan?

Gəl,mavi işiq tək ələn başımdan,


Gəl,çıx uğruma qaba ağac tək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar gərək.
Gözündən od yağan övladlar gərək.

Eşidirsiniz mi? ! .


Qara qazlıq atların
Kişnərtisi gəlir misralarımdan.
Nə olsun səsimə yox qulaq asan?
Dalınca getməyə hazır durmuşam,
Səni gözləyirəm, Boz Qurd, hardasan? !

Hər gecə, hər gecə yuxularımda………,


Her gecə, hər gecə yuxularımda……..,

Üzü mavi………,


Gözü göydən daha mavi……..,

Ağzı atəş kimi bir qurd…….

Və sevgili bir yurd………
Hər gecə,hər gecə yuxularımda…….. .

Şair yuxusuna gül-çiçək görər,


Yenər yuxusuna göydən mələklər.
Yuxumdanə gördüm? !
Onun ucundan,
İlahi! Nə çəkdim...
Bilməyəcəklər......
Rüstəm behrudi

Atlar
Atlanıb Atlara atlıya-atlıya,
Atları dördnala,çapdıra-çapdıra,
Batıdan,doğuya,doğudan batıya,
Taqqırrı-tuqquru çaptırı-çupduru,
Çapaçapa gəldik biz!

ərgənəkondan doğduq, Börtəçinə ularkən


Ildırımlar susardı Qılınclarımız oynarkən,
Çin xaqanı şaşırdı,çine duvar yapdırdı,
Qurdbaşlı tuğ ellərdə,sagsoldan axınırkən!

Gökdə Tanrı yerdə biz dəlıqanlı Türkləriz!


Yerlə gök arasında,diz qırıb,yurdsalan biz!
Atlanıb Atlara atlıya-atlıya,
Atları dördnala,çapdıra-çapdıra,
Batıdan,doğuya,doğudan batıya,
Taqqırı-tuqquru,çaptırı-çupduru,
Çapaçapa gəldik biz!

Altaylardan,Baykaldan,doğulan günəşiz biz!


Orxundan,Yeniseydən,hayqıran varlığız biz!
Tanrının daglarından,səslənən türküləriz!
Bu düzənsiz dünyanı,düzənləyən Türkəlriz!

Gökdə Tanrı yerdə biz dəliqanlı Türkləriz!


Yerlə gök arasında,diz qırıb,yurdsalan biz!

Araz Elsəs

əgər bu kitab haqqda bir səhv görsəz və ya gələn basısı üçün önəriz var



Adsiz_sansiz@yahoo.com

Mail göndərin.






Yüklə 222,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin