D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

Folklor, mifologiya, etnoqrafiya

96
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qırx incəbelli qızla Burla xatunu, oğlu Uruzu dustaq aparması təsvir 
edilir. Əsas ideya talançılığın pislənməsidir.
Poema Salur Qazanın yaşadığı obanın təsviri ilə başlayır:
Sonsuz Oğuz
Düzləridir.
Dədə Qorqud keçən yerlər
Mərmər donlu
Sal qayalar
Məxmər otlu
Çəmən yerlər
Bu düzlərdə məclis qursan,
Ulduzlara səsin düşər.
Nəğmə deyən xoş küləklər
Şiş dağların nəfəsidir. (7, 62)
N.Xəzrinin  istedadı  bütün  çalarları  ilə  «Dədə  Qorqud»  dasta-
nının deyim tərzindən qətiyyən uzaqlaşmır. Həmin ritmi və poetik 
ahəngi saxlamağa çalışır. Məsələn, Burla xatunun çayla söhbəti buna 
ən bariz misal ola bilər:
Pırıl-pırıl uçan suyum,
Uçan suyum,
Daşan suyum.
Böyük-böyük gəmilərə
Məğrur qanad taxan suyum,
Şahbaz atlar əyilərək,
Qurtum-qurtum içdi səndən.
Qara saçlı başım qurban,
Ağ köpüklü suyum, sənə,
Göyərçintək sən qanad aç,
Mən dərdimi deyim sənə. (7, 65)

97
«Yuxuda bir ana gördüm» adlı ikinci yuxu bütünlükdə Burla xa-
tun obrazının bir ana kimi keçirdiyi ağrılı-acılı hisslərə, duyğulara 
həsr olunub. «Kitabi-Dədə Qorqud» dastanındakı hadisə poemada 
təkrar olunur. Ancaq Nəbi Xəzri ana ürəyinin nə iztirablar keçirdiyi-
ni və daxili sarsıntılarını daha qabarıq nəzərə çatdırır.
«Yuxuda bir çoban gördüm» üçüncü yuxu belə adlanıb. Bu bö-
lüm Qaraca çobanın düşmənlə vuruşunu əks etdirir. Burada N.Xəzri 
poeziyasına xas olan bədii təsvir ustalığı, obrazın gücünü, əzəmətini 
bariz nəzərə çatdırmışdır.
«Yuxuda bir ana gördüm» dördüncü «yuxu» isə poemada təsir 
gücü və emosionallığı ilə yaddaqalan bölümdür. Burada ana ilə oğu-
lun  son  söhbəti  təqdim  olunur. Ana  başa  düşür  ki,  sabah  oğlunun 
ətindən doğrayıb onun da qarşısına qoyacaqlar. Bu zaman Uruz ana-
sına deyir:
Mənim təkcə bir arzum var,
Son anımda
Öz yanımda
Mən anamı igid görüm,
məğrur görüm.
Mən anamı
Min kişiyə əvəz görüm. (9, 84)
Beşinci  və  altıncı  «yuxu»lar  Salur  Qazanın  qəhrəmanlığından 
bəhs edir. «Kitabi-Dədə Qorqud» dastanında olduğu kimi, Salur Qa-
zan düşməni məğlub edib Burla xatunu və oğlunu xilas edir. Nəbi 
Xəzri  boydakı  hadisəyə  heç  bir  müdaxilə  eləmir.  Lakin  poemanı 
müasir şeirin poetik təfəkkürünün imkanları ilə yenidən canlandır-
mışdı.
«Kitabi-Dədə Qorqud»un bir boyu «Salur Qazanın evinin yağ-
malanması  boyu»  poeziyada  öz  layiqli  yerini  tapdı.  Nəbi  Xəzri 
Azərbaycan ədəbiyyatında Dədə Qorquda müraciət edən ən ardıcıl 
Folklor, mifologiya, etnoqrafiya

98
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bir müəllif kimi diqqəti cəlb etdi və rəğbətlə qarşılandı. Nəbi Xəz-
rinin «Torpağa sancılan qılınc» dramatik poeması və «Burla xatun» 
mənzum dramı onun dramaturgiyada «Kitabi-Dədə Qorqud» dastan-
larına müraciətinin uğurlu nəticələri oldu. Bu poemalar öz yüksək 
şeiriyyəti və bədii kamilliyi ilə diqqəti cəlb etdi. Nəbi Xəzri «Ki-
tabi-Dədə  Qorqud»  boylarındakı  vətənpərvərlik,  ana  məhəbbəti, 
yurd sevgisi onu daha çox özünə cəlb etmiş və birdən-birə bir şa-
irin qələmindən eyni mövzuda üç əsər meydana çıxmışdır. Əlbəttə, 
bu əsərlər arasında bir-biri ilə sıx bağlılıq və eyni zamanda fərqli 
cəhətlər diqqəti cəlb edir. Belə ki, «Əfsanəli yuxular»la «Torpağa 
sancılan qılınc» arasında müəyyən oxşarlıqlar var. Ən əsası odur ki, 
Nəbi Xəzri demək olar ki, boydakı hadisələri həm poemada, həm də 
pyesdə olduğu kimi saxlamışdır. Poemada olan surətlərə biz pyesdə 
də rast gəlirik, yalnız cüzi dəyişikliklər nəzərə çarpır.
Nəbi Xəzrinin «Torpağa sancılan qılınc» pyesi səkkiz şəkildən 
ibarətdir.  Bu  pyesdə  müəllif  vətənpərvərlik  mövzusunu  ön  plana 
çəkmişdir. Təsadüfi deyil ki, əsər Dədə Qorqudun bu sözləri ilə baş-
layır:
Eşidin insanlar, sizə sözüm var,
Bu dağda, bu daşda mənim izim var.
Elin pir oğluym mən Dədə Qorqud,
Xalqımla uluyam mən Dədə Qorqud. (8, 116)
Pyesdə müasirlik xətti çox güclüdür. Bu xətt təkcə vətənpərvərlik 
və ana məhəbbəti kimi əbədi mövzuların bu gün də müasir səsləşmə-
sidir. Pyesin bir yerində Şöklü Məlik deyir:
Tanrı, Azərbaycan necə torpaqdır,
Bu necə tayfadır, bu necə xalqdır!
Millət görməmişəm bu millət kimi.

99
Udur yalanı da həqiqət kimi.
Axirət dünyası bu günmü, tanrı,
Bunlarla bacarmaq mümkünmü, tanrı! (8, 155)
«Kitabi-Dədə  Qorqud»  dastanında  heç  bir  boyda  Azərbaycan 
adı çəkilmir. Məlumdur ki, bu dastanın əsas iştirakçıları Azərbaycan 
xalqının  söykökündə  böyük  rol  oynamış  oğuz  tayfalarıdır.  Qədim 
oğuz tayfaları ilə sonradan formalaşmış xalqlar arasında təbii və qı-
rılmaz  əlaqə  mövcuddur.  Nəbi  Xəzri  bu  mənada  xalqımızın  tarixi 
yolunun başlanğıcında məruz qaldığı problemlərə müraciət etmişdir. 
Şair belə bir fikri də aşılayır ki, Azərbaycan xalqının əsrlər boyu qo-
ruyub saxladığı mənəvi keyfiyyətlər ilkinlikdən-başlanğıcdan-kök-
dən gəlir. Dastanda Qazan xan öz dəstəsi ilə hücuma keçib Şöklü 
Məlik üzərində qələbə qazanır.
«Kitabi-Dədə Qorqud» dastanında deyilir: «Qazan bəyin qardaşı 
kafirin tuğu ilə sancağını qılıncladı, yerə saldı. Dərələrdə, təpələrdə 
kafirə qırğın gəldi. Leşinə quzğun uyuşdu. On iki min kafir qılıncdan 
keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldu. Qaçanı Qazan bəy qovma-
dı, aman deyəni öldürmədi. Qalın Oğuz bəyləri toyum oldu. Qazan 
bəy ordusunu, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndü. Altun 
taxtında yenə evini tikdi. Qaracıq çobanı əmiraxur elədi. Yeddi gün, 
yeddi gecə yemə-içmə oldu. Qırx baş qul, qırx qırnaq oğlu Uruz ba-
şına azad elədi. Cilasın qoç yigidlərə qalaba ölkə verdi. Şalvar, cüb-
bə, çuxa verdi». (12, 41)
Nəbi Xəzrinin «Torpağa sancılan qılınc» pyesində isə final səh-
nəsində  Qazan  xan  Şöklü  Məliki  öldürmür.  Budur  Qaraca  çoban 
Şöklü Məliki tutub gətirir. Qazan xan Şöklü Məliklə üz-üzə gəlir, 
onlar döyüşür və qılınc Şöklü Məlikin əlindən düşür, Qazan xan dö-
yüşü saxlayır. Bundan sonra Qazan xan Şöklü Məliki hamının gözü 
qarşısında  qılıncla  şaqqalaya  bilərdi.  Lakin  o,  böyük  alicənablıq 
göstərərək deyir:
Folklor, mifologiya, etnoqrafiya

100
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qazan xan (hamıya):
Düşməni əfv etməyə 
Mənim varmıdır haqqım,
Sən ey qartal ürəklim,
Qartal vüqarlı xalqım?
Kim ki, bu torpağa qılıncla gələr
Elə onun özü qılıncdan ölər. (8, 201)
“Torpağa sancılan qılınc” pyesi Dədə Qorqudun, Ulusun və Bur-
la Xatunun Torpaq, Vətən və Azərbaycan şərəfinə oxunduğu nəğ-
mələrlə başa çatır.
Burla Xatun:
Ötsün qanlı aylar, əzablı illər,
Ucaldaq mərdliyi, məhəbbəti biz.
Ey gələn əsrlər, gələn nəsillər
Sizə yadigardır sədaqətimiz!
Qəlbimiz qəlblərdə yanan atəşdir.
Bizə Azərbaycan uca günəşdir! (8, 204)
Nəbi  Xəzrinin  “Torpağa  sancılan  qılınc”  pyesi,  “Kitabi-Dədə 
Qorqud” mövzusuna müraciətin ən uğurlu nümunələrindən biri kimi 
bədii ədəbiyyatda yüksək qiymətləndirildi.
Nəbi Xəzrinin “Kitabi-Dədə Qorqud” mövzularına üçüncü mü-
raciəti də yenə “Salur Qazanın evinin yağmalanması boyu” ilə bağ-
lıdır. Şair iki hissəli “Burla Xatun” mənzum dramını qələmə aldı. 
“Burla Xatun” dramı Nəbi Xəzrinin “Əfsanəli yuxular” poemasın-
dan  və  “Torpağa  sancılan  qılınc”  dramından  seçilir.  “Kitabi-Dədə 
Qorqud”  dastanındakı  boyda  təsvir  olunan  hadisənin  –  Burla  Xa-
tunun və oğlu Uruzun Şöklü Məlik tərəfindən dustaq edilməsi pye-
sin süjetində əsas motiv olaraq qalır. Ancaq Nəbi Xəzri bu motivi 

101
saxlasa da, pyesdə bəzi dəyişikliklər etmişdir. O, bütün hadisə və 
əhvalatları Burla Xatun obrazı üzərinə yönəltmişdir. Pyesdə Burla 
Xatunun mərdliyi ilə bir ana kimi keçirdiyi iztirablar Şöklü Məlikin 
qarşısında ərinin və oğlunun şərəfini qoruması təqdim edilir. Bəli, o, 
mərd qadındır, lakin elə bir çıxılmaz vəziyyətə düşmüşdür ki, burada 
mərdlik və cəngavərlik kara gəlmir. Son anda “Kitabi-Dədə Qorqud” 
boylarından fərqli olaraq özünün Burla Xatun olduğunu Şöklü Mə-
likə bildirir. Ancaq hamının gözü qarşısında qəfildən dəhrəni Şöklü 
Məlikin əlindən alır və onu qətlə yetirir.
 
Nəbi  Xəzri  “Burla  Xatun”  pyesində  müstəqil  və  sərbəst 
hərəkət etmiş, boydan fərqli olaraq süjeti öz istədiyi kimi qurmuş-
dur. Lakin “Kitabi-Dədə Qorqud” ruhu bu əsərdə hifz olunmuşdur.
Nəbi  Xəzri  Burla  Xatun  obrazını  yenidən  yaratmaqla  illərdən 
bəri arzuladığı, bəzi şeirlərində yaratdığı Ana obrazlarının hamısını 
bir yerdə ümumiləşdirmişdi. Şair onları ideal bir obrazda – Burla 
Xatunda cəmləşdirmişdir. Əgər diqqət yetirilsə, “Burla Xatun”dakı 
Ana  “Əfsanəli  yuxular”  poemasında  və  “Torpağa  sancılan  qılınc” 
pyesindəki Ana obrazları ilə müqayisədə daha güclüdür. “Burla Xa-
tun” pyesindəki Ana obrazının daxili dünyasının, iç aləminin daha 
dərin qatlarına nüfuz etməyə imkan yaradır.
Pyesdə Burla Xatun oğlunu xilas etmək üçün hər bir əzaba, iş-
gəncəyə hazırdır. O, oğlunun qarşısında diz çökür:
Ulus:
Dur, ay ana!
Qalx, ay ana.
Sən ki, mənə uca dağsan,
Diz çökərmi, dağ, ay ana!
Burla Xatun:
Yox, ay bala, ana üçün,
Folklor, mifologiya, etnoqrafiya

102
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Övlad özü uca dağdır.
Onunçün də övlad dağı
Dünyada ən böyük dağdır.
Düşmək oğul ayağına
Alçalmaq yox, ucalmaqdır. (12, 42)
Pyesdə Burla Xatun – Ulus münasibətində ana-oğul sevgisi Nəbi 
Xəzri tərəfindən böyük ustalıqla verilmişdi. Bu, əvəzsiz gözəl sev-
gidir. Ana istəmir ki, oğlu düşmən əlində məhv olsun. Buna görə də 
Burla Xatun oğlunu ölümdən qurtarmaq üçün Şöklü Məliki öldürür.
“Kitabi-Dədə Qorqud” boylarından, “Əfsanəli yuxular” poema-
sından, “Torpağa sancılan qılınc” pyesindən fərqli olaraq Qazan xa-
nın özünü yetirib düşməni məhv etməsinə heç bir ehtiyac qalmır. Bu 
qisası Burla Xatun özü həyata keçirir. Oğlu Ulusun xətrinə! Qazan 
xanın xətrinə! El-obanın xətrinə!
Pyesdə  Burla  Xatunun  Şöklü  Məliki  öldürməsi  Dədə  Qorqud 
boylarındakı  ərlik-ərənlik-bəylik  missiyasının  üzərinə  kölgə  salır. 
Çünki Dədə Qorqud boylarında qadının bu hərəkəti çox pis qarşılanır 
və qəhrəmanlar bunu özlərinə bağışlamırlar. “Kitabi-Dədə Qorqud” 
dastanının  altıncı  boyuna  “Qanlı  Qoca  oğlu  Qanturalı”  hissəsinə 
diqqət  yetirək.  Qanturalı  görüb  sevdiyi  Selcan  Xatunu  götürüb, 
Vətənə dönür. O, dincini almaq üçün yolda yatır. Bu zaman Trabzon 
hökmdarı – Selcanın atası onların arxasınca 600 adam saldırır, vuruş 
başlanır və bu vuruşda Selcan Xatunla Qanturalı bir-birindən ayrı 
düşürlər. Selcan sevgilisini yaralı vəziyyətdə tapır və onun əvəzində 
düşməni qabağına salıb qovur. Sonra o, Qanturalını tərkinə alıb vu-
ruş meydanından çıxarır. Bu isə bir ər igid kimi Qanturala ağır gəlir.
Nəbi Xəzrinin “Burla Xatun” pyesi “Dədə Qorqud” mövzusunda 
son illərdə meydana çıxan əsərlər içərisində öz bədii sanbalı ilə seçi-
lir və qiymətləndirilir.
“Kitabi-Dədə Qorqud” dastanının yazılı ədəbiyyatımıza təsirin-

103
dən söhbət getdikdə ilk növbədə, xalq yazıçısı Anarın “Dədə Qor-
qud” kino-dastanı xatırlanır. Əlbəttə, bu mövzuda əsər yazan çox-
lu yazıçılarımız var. Lakin etiraf etmək lazımdır ki, Anarın “Dədə 
Qorqud” əsəriylə “Kitabi-Dədə Qorqud” eposuna maraq və diqqət 
daha da çoxaldı. Anarın zəhməti sahəsində həm də bu əsər əsasında 
iki seriyalı bədii film çəkilmişdir. Məhz Anarın bu əsərindən sonra 
müasir ədəbiyyatımızda “Dədə Qorqud” mövzusuna xüsusi bir ma-
raq oyandı. Heç şübhəsiz, bu əsəri yazana qədər Anar “Kitabi-Dədə 
Qorqud” eposu ilə bağlı xeyli araşdırmalarla tanış olmuşdur. Böyük 
türk xalqlarının bu tipli dastan yaradıcılığını diqqətlə nəzərdən ke-
çirmiş, eposla bağlı bütün bilgiləri mənimsəməyə çalışmışdır.
“Dədə Qorqud dünyası” əsərində Anar yazır: “Azərbaycan xalqı-
nın şah əsəri, ana kitabı Dədə Qorqud dastanıdır. Bu sayaq kitablar 
bütün dövrlər üçün bir dahi fərd tərəfindən – Homer, Firdovsi, Rus-
taveli, Dante, Servantes, Şekspir, Puşkin tərəfindən yaradılır. Ya bir 
çox nəsillərin, bir çox ortaq yaradıcıların süzgəcindən keçərək cila-
lanır, müəlliflərin adları bilinməz olur, onların dünyaya gətirdikləri 
əsər isə əsrlərdən adlayaraq daim yaşayır. Bu cür əsər folklor örnəyi 
də ola bilər, yazılı ədəbiyyat nümunəsi də. Əsərin haçan yaranması 
da  əsas  deyil  –  o  min  illər  qabaq  da  meydana  çıxa  bilərdi,  keçən 
əsrdə də. Poetik janra da mənsub ola bilərdi, nəsrə, dramaturgiyaya 
da... Əhəmiyyətli cəhət odur ki, belə əsər müəyyən bir xalqın tarixi, 
mənəvi və estetik varlığını ifadə edir” (3, 126).
Anarın “Dədə Qorqud dünyası” əsərində “Kitabi-Dədə Qorqud” 
eposu ilə bağlı çox maraqlı və zəngin məlumatlar diqqəti cəlb edir. 
Yazıçı hər bir yanaşmada dastanın mətninə müraciət edir, dastanın 
mətni  isə  eposla  bağlı  olan  digər  məsələləri  də  əhatə  edir.  Bu  el-
mi-publisistik əsər ilə kinodastanı, yəni sırf bədii əsəri bir vəhdət 
halına gətirən Anarın “Dədə Qorqud” eposu haqqında böyük fikir və 
mülahizələrinin bəhrəsidir.
Anar  “Dədə  Qorqud”  kinodastanında  Dədə  Qorqud  dünyasını 
Folklor, mifologiya, etnoqrafiya

104
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bədii sözdə reallaşdırmışdır. Kino-dastanda “Kitabi-Dədə Qorqud” 
eposunun  bir  neçə  boyundan  istifadə  olunmuşdur:  bunlar  əsasən 
“Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandı-
ğı boy”, “Bayburanın oğlu Bamsı Beyrəyin boyu”, “Basatın Təpəgö-
zü öldürdüyü boy”, “Salur Qazanın dustaq olub oğlu Uruzu çıxardığı 
boyu” əhatə edir. Lakin bu boylar heç də bütünlüklə kino-dastana 
köçməmişdir. Anar ayrı-ayrı boyları və onların qəhrəmanlarını bir 
yerə  toplamış,  boylarda  təsvir  olunan  və  məqsədinə  müvafiq  ha-
disələri vahid süjet ətrafında birləşdirmişdir. Əsərdə bir neçə prob-
lem xüsusilə qabardılır: bunlardan biri oğuz tayfalarının birliyi ide-
yasıdır, ikincisi ölüm və həyat problemidir, üçüncüsü qəhrəmanlıq 
və sevgi problemidir. Bu problemlərin üçü də kino-dastanda öz bədii 
həllini  tapmışdır.  Əsərin  başlanğıc  hissəsində  Oğuz  ellərinin  ağır 
günü təsvir edilir. “O gün Oğuz ellərinin ağır günüydü. Oğuz oğulla-
rı bir-birinə qarşı qalxmışdı. Dost-dostla, qohum-qohumla cəng edir-
di. Qardaş qardaşdan. Ata oğuldan ayrılmışdı. Bu qanlı qada Oğuz 
elinin başına hardan gəlmişdi? Deməklə qurtarmaq olmaz” (2, 415).
Anarın əsərində Oğuz ellərinin – Oğuz qəbilələrinin artıq bir-bi-
rinə yağı kəsildiyi, bir-birinin qanına susadığı məqamdan başlayır. 
El ağsaqqalı, yurdun müdrik bilicisi Dədə Qorqud da bu qırğını sax-
lamağın qarşısında acizdir, ona məhəl qoyan, qulaq asan yoxdur. Heç 
vaxt Dədə Qorqudun bir sözünü iki eləməyən igidlərin ağılları çaşıb, 
nə etdiklərini bilmirlər. Əsərdə Oğuz ellərinin vahid birliyini, bir-bi-
rinə həyan olduqlarını nümayiş etdirən səhnələr çoxdur. Əsərin əv-
vəlində xanlar xanı Bayandır xan buyruq verir ki, uca dağın başında 
tonqal qalasınlar. Bu zaman Dədə Qorqudun səsi gəlir: “Oğuz elinin 
adəti vardı. Oğuz igidlərini, xatunlarını şənliyə, toya çağıranda Uca 
dağın başında bir tonqal qalanırdı. Başqa dağlardan bu alovu görüb 
orda  da  tonqal  qalayırdılar,  bütün  el-oba  bilərdi,  geyinib,  bəzənib 
şənliyə gələrdi. İki tonqal qalayanda bilərdilər ki, elin başında qəza 
var, təhlükə var, düşmən basqını gözlənir, onda da igidlər yaraqlanıb 

105
yığılardı” (2, 421).
Buradan  görünür  ki, Anar  boylardakı  ictimai-siyasi  mənzərəni 
çox aydın görür. “Dədə Qorqud” dastanında Oğuz ellərinin bəzi qə-
bilə birləşmələri var ki, onlar öz adət-ənənələrində sərbəstdir. La-
kin bu qəbilələrin birinə hücum edildikdə dərhal başqa bir qəbiləyə 
köməyə gəlir.
Xalq yazıçısı İsmayıl Şıxlı yazırdı: “Anar “Dədə Qorqud” oğuz-
larının başqa oğuzlardan fərqli olduğunu öz adət, psixologiya, əxlaq, 
ailə münasibətləri, məhəbbət və sədaqət anlayışları ilə seçildiyini, 
bizim torpaqda ta qədimdən yaşadıqlarını, bir sözlə, özümüz və kö-
kümüz olduğumuzu, bəzi bədxahlarımızın dediyi kimi, heç yerdən 
buraya  gəlmədiyimizi,  elə  burada  kök  atıb  bitdiyimizi  sübut  edir. 
“Dədə  Qorqud”  bizimdir,  onun  oğuzları  isə  əcdadımızdır,  özü  də 
Azərbaycan torpağında eramızdan çox-çox əvvəl, bəlkə də qədim-
dən, qədim vaxtlardan yaşamışlar.” (17, 30)
Qəbilələrin  həyat  tərzi  bir-birinə  çox  bənzəyir,  belə  ki,  onlar 
əsasən əkinçilik və maldarlıqla məşğul olur, qoyun, mal, at, dəvə sü-
rüləri saxlayırdılar. Lakin dastanda bütün bunlar o qədər də əhəmiy-
yət kəsb etmir, əsas diqqət qəhrəmanların şücaət və igidliyinə, ov 
səhnələrinə  verilir. Ancaq  qəbilə  başçıları  arasındakı  münasibətlər 
də dastanda mühüm yer tutur və Anar dastandan gələn bu motivi öz 
əsərində əsl sənətkarlıqla mənalandıra bilmişdir. Bayandır xanın son 
anlarını təsvir edən yazıçı oğuz birliyinin sarsılmasını da o gündən 
başlayır.
“Bayındır xan deyirdi:
– İgidlər, son sözümü dinləyin, vəsiyyətimi bilin, lazımdır ki, mən 
öləndən sonra məmləkət pozulmasın, xaniman dağılmasın, yağılar 
elimizi başsız görüb üstümüzə ayaq açmasınlar. Lazımdır ki, taxt-ta-
cıma bir alp igid sahib olsun.
Alp Aruz son dərəcə böyük gərginliklə dinləyirdi. Bayandır xan 
sözün bitirdi:
Folklor, mifologiya, etnoqrafiya

106
DƏDƏ QORQUD ARAŞDIRMALARI
– Taxt-tacımı kürəkənim Salur oğlu Qazana vəsiyyət edirəm, - 
dedi.
Alp Aruzun biğlarından qan dammağa başladı” (2, 436).
Oğuz daxilində münaqişə də elə bu səbəbdən başlayır. Qazanı 
aparıb Bayandırın taxtında əyləşdirəndən sonra Alp Aruz – Bayandır 
xanın  vəziri  basqınçı  köçəri  tayfanın  başçısı  Qıpçaq  Məliklə  gizli 
ittifaq bağlayır. Qıpçaq Məlik bu təklifi qəbul edir. Beləliklə, qəbilə 
başçıları arasında nifaq düşür. Alp Aruz Qıpçaq Məlikin hələ fürsət 
gözlədiyini, tələsmədiyini görüb başqa tədbirə əl atır. Qazanın daya-
ğı-dirəyi Beyrəyi  aradan götürür. “Kitabi-Dədə Qorqud” dastanında 
“Bayburanın oğlu Bamsı Beyrəyin boyu”ndakı Beyrəyin oğurlanma 
səhnəsi Anarın əsərində də təkrar olunur. Beyrək Bayburd hasarının 
xaqanı Qara Arslanın əsirinə çevrilir. Qara Arslan obrazına “Bamsı 
Beyrək” boyunda rast gəlmirik. Dastanda Beyrəyi əsir götürən kafir-
lərdir ki, Parasarın Bayburd hasarında yaşayırlar.
Anar Beyrəklə bağlı “Dədə Qorqud” dastanında olmayan Des-
ninə Xatun obrazına müraciət edir, daha doğrusu, dastanda “kafir bə-
yinin bir bikr qızı” burada Desninə Xatunla əvəz edilmişdir. “Dədə 
Qorqud” dastanında həmin qız Beyrəyi sevir, hər gün Beyrəyi gör-
məyə gəlir. Burada isə Desninə Xatun Qara Arslanın arvadıdır. Des-
ninə Xatun Beyrəyin atıldığı dərin quyuya düşür, qəbirlərdən birinə 
yanaşır, özüylə ət, süd, cürbəcür ləziz yeməklər, şərab gətirir, hamı-
sını qəbrin yanına düzür, sonra qəbri örtərək çıxıb gedir. O, çıxıb 
gedəndən sonra Beyrək həmin yeməkləri yeyir.
Beyrəklə  bağlı  “Kitabi-Dədə  Qorqud”  dastanında  olmayan  bir 
epizod da diqqəti cəlb edir. Dastanda Selcan Xatun “Qanlı Qoca oğlu 
Qanturalı  boyu”ndadır. Anarın  əsərində  isə  Selcan  Xatun  adlı  qız 
dastanda olduğu kimi Sarı donlu Qara Arslan xaqanın qızıdır. Xaqan 
şərt qoyub ki, qızına elçi düşənlər onun aslanı, buğası və erkək dəvə-
si ilə döyüşsün. Hələ bu üç əjdahanı basan olmayıb. Beyrək bu əj-
dahaları basır və xaqan “Qızı bu igidə verdim deyir”. Amma Beyrək 

107
onun təklifini rədd edir, “mənim öz elimizdə göz açıban gördüyüm, 
könül verib sevdiyim adaxlım var” deyir, gecə Selcan onun yanına 
gələndə Selcanın qılıncını qızla öz arasına qoyur. Beyrəkdən sonra 
düşmən fürsət tapıb Qazan xanın ovda olmasından istifadə edib el- 
obanı talan edirlər. Qırx incə belli qızla Burla Xatunu əsir götürürlər.
Anar, göründüyü kimi “Kitabi-Dədə Qorqud” boylarına müstəqil 
yanaşaraq  müxtəlif  boyları  və  bu  boylardakı  ayrı-ayrı  obrazları 
məqsədinə müvafiq olaraq əsərə gətirir. Dastanda baş verən kiçik bir 
hadisə Anarın əsərində əsas ideyanın qabardılması üçün bir vasitəyə 
çevrilir.  Dastanda  “Salur  Qazanın  evinin  yağmalanması”  boyunda 
Qaraca çoban – Qazan xətti daha çox qəbilə başçısı və onun rəiyyəti 
səviyyəsində təqdim olunur. Anarın əsərində isə bu xətt daha qaba-
rıq nəzərə çarpdırılır. Dastanda Qazan Qaraca çobana deyir ki, “Al-
lah mənim evimi qurtaracaq olarsa, səni əmiraxur eləyərəm.” Ana-
rın əsərində isə belə bir “sövdələşmə” yoxdur. Qaraca çoban xalqın 
təmsilçisi kimi çıxış edir. Qazan xan Qaraca çobanı acılayır, özümə 
nə gəlib ki, mənim evimi sən qurtarırsan, deyir. Ancaq bundan sonra 
dastanda olmayan bir epizod gəlir: “Qaraca çoban onun toz qaldırıb 
getdiyi  dolama  yollara  baxdı,  sonra  özü  də  atlandı.  Qazan  xanın 
dalınca çapdı. Qazan xan onu görmədi. Amma gediyi aşanda Çoban 
birdən dayandı, geri döndü. Uca dağın zirvəsinə qalxdı, atasının və-
siyyət elədiyi kimi iki tonqal çatdı, çaxmaq daşı ilə alışdırdı. Tonqal-
lar alovlandı. Qaraca çoban yenidən Qazanın ardınca çapdı” (2, 
472).
“Dədə Qorqud” dastanında tonqal yandırmaq isə birliyə çağırış-
dır. Anarın əsərinin sonu da tonqal səhnələri ilə bitir.
“...Uzaq bir dağın zirvəsində də üç tonqal alovlanırdı.
...Başqa bir dağın başında da eləcə ...uzaq-uzaq dağların başla-
rında üç-üç tonqallar alovlanırdı.
İnsanlar, dağlar işıqlarıyla bir-birinə hay verirdi” (2, 503).
Anarın əsərində ikinci əsas problem ölüm və həyat problemidir. 
Folklor, mifologiya, etnoqrafiya

108
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin