D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

DƏDƏ QORQUD ARAŞDIRMALARI
Göründüyü kimi, çox zaman xalq çobanlara pənah aparmış, inam 
və etiqad göstərmiş, onlar haqqında əfsanələr, rəvayətlər yaratmış-
lar. Müqəddəs kitab «Qurani-Kərim»də Musa və Yusif peyğəmbərin 
də çoban olduğu qeyd edilir. Çobanlar haqqında ən qədim dövrün 
nümunələrində,  hətta  Şumer  kitabələrində,  yunan  tarixlərində  tez-
tez  rast  gəlirik.  Nizami  Gəncəvi  yaradıcılığında  çoban  haqqında 
istənilən qədər maraqlı fikirlər sadalamaq mümkündür. Nizami Gən-
cəvi «Yeddi gözəl» əsərində Bəhramı dastan boyu ağıllı, bacarıqlı, 
qoçaq təsvir edir. Lakin Bəhram birdən dəyişərək eyş-işrətə qoşu-
lur.  Gecə-gündüz  şadlıq  dalınca  getdi,  xalqın  işinə  fikir  vermədi. 
Ona görə gözü Bəhramın dövlət və məmləkətində olan Çin padşahı 
fürsəti əldən verməyib, çoxlu qoşun ilə Çindən İrana tərəf hərəkət 
etdi. Bəhram qəflət yuxusundan ayılsa da, bu, fayda vermədi. Çün-
ki ordu dağılmış, xəzinə boşalmışdır. Əlacsız qalan Bəhram dərdini 
dağıtmaq üçün tək-tənha ova çıxır. Pələng, şir ovladıqdan sonra evə 
qayıtmaq  istəyir.  Lakin  susuzluq  onu  haldan  salmışdır. Təsadüfən 
yaxınlıqda tüstü qalxdığını görür, su tapmaq qərarı ilə həmin yerə 
gedir. Bəhram oraya çatanda qoyun sürüsü və bu sürünün yanında 
əl-ayağı bağlanmış, başıaşağı ağacdan asılmış bir it görür. Bəhram 
çadıra girir və orada qoca bir çoban görür. Çoban tez ayağa qalxır və 
ədəb-ərkanla onu qəbul edir. Bəhram çobandan soruşur ki, o zavallı 
heyvanı nə üçün asıbsan? Çoban olub keçənləri olduğu kimi danışır. 
Deyir ki, bu it sürünün keşikçisi idi. Mən sürünü ona ümid edirdim. 
Nə qədər ki, mənə keşikçilik etmişdi, əli və ayağı düz idi. Bir gün sü-
rünü saydım, yeddi baş əksik gəldi. Gecələr keşik çəkdim. Lakin heç 
bir şey hiss etmədim. Bir gün gördüm ki, bir dişi qurd uzaqdan gəl-
di. İt isə onun qabağına getdi. Sonra isə qurd sürünün başı olan bir 
yekə qoyunu götürüb qaçdı. Bildim ki, it eşqbazlıq yolunda sürünü 
qurban verib. Nəhayət, böyük günahı ucundan iti ağacdan asmışam. 
O, əmanətə xəyanət etmişdir. Cinayətkarlarla belə rəftar etməyən bir 
adama heç kəs afərin söyləməz. Nizami deyir: 

85
Folklor, Mifologiya, Etnoqrafiya
Xəyanət işləmiş o, əmanətə
Satır əminliyin min xəyanətə.
Bu işin üstündə asıb ağacdan,
Dedim ki, açmaram, verməyincə can.
Günahkarla belə rəftar etməsən
Kimsə deməz sənə! Afərin, əhsən.
Çobanın sözündə var idi hikmət.
Bu arif qocadan şah aldı ibrət. (14, 261)
Bəhram şah bu hadisədən ibrət dərsi alır. Şəhərə qayıdır. O, Alla-
hın dərgahına şükr eləyib bir daha qəflət etməyəcəyinə, səltənətinin 
işini özgələrə tapşırmayacağına söz verdi. Bəhram şah öz-özünə de-
yir ki, bu qoca çobandan mən şahlıq öyrəndim. Mən çobanam, rəiy-
yət isə mənim sürüm. Nizami Gəncəvi «Yeddi gözəl» əsərində Bəh-
ramı dastan boyu ağıllı, bacarıqlı, qoçaq, qorxmaz təsvir edir. Lakin 
çoban surəti əsərdə gec gəlib, tez getməsinə baxmayaraq öz zəkası 
ilə oxucu qəlbində dərin izlər buraxır. Bu da şairin xalqa, onun folk-
loruna, mifologiyasına, qədim adət-ənənəsinə ürəkdən bağlı olma-
sından irəli gəlmişdir (10, 174)
«Kitabi-Dədə Qorqud» boylarının Nizami Gəncəvi əsərlərindəki 
izləri və təsiri «İsgəndərnamə» əsərində də maraqlı və geniş təsvir 
olunmuşdur. Nizami Gəncəvi «İsgəndərnamə» əsərində şah və ço-
ban  haqqında  yenə  də  bəhs  etməyi  vacib  hesab  etmişdi.  Şair  «İs-
gəndərin çobanla əhvalatı» adlı yaddaqalan bir hekayə yaratmışdır. 
Hekayənin qısa məzmunu belədir:
Bir gün İsgəndərin sevgilisi xəstələnir və az qalır ki, həyatı tərk 
etsin.  Qəm-qüssə  əsiri  olan  şah,  taxtından  düşüb,  dağlara,  daşlara 
nəzər  salır.  Bu  zaman  xeyirxah  qoca  bir  çoban  görür.  Şah  çobanı 
gördüyü üçün çox sevinir. Yüksək eyvanda oturmuş şah əmr verir 
ki, həmin qoca çobanı hüzuruna gətirsinlər. Çoban şahın qarşısına 
gəlib baş əyir. Bu zaman çoban şahın İsgəndər olduğunu bilir. İsgən-

86
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dər çobanı yanında əyləşdirib söhbətə başlayır və çobana deyir ki, 
zamanın gərdişindən maraqlı hadisə danış ki, bəlkə sıxılan ürəyim 
açıla. Çoban İskəndərin ürəyinin nəyə görə sıxıldığını soruşur. Şah 
çobana sevgilisinin xəstə olduğunu bildirir. Çoban şaha baş əyib belə 
bir əhvalat danışır:
Mərv  şəhərində  sərvi-xuramana  bənzər  bir  Məlikzadə  var  idi. 
Ona xidmət edən gözəllərdən biri xəstələnir. O gözəlin xəstəliyinə 
çox çarə etdilər, amma heç bir faydası olmadı. Məlikzadə gördü ki, 
gözəli əcəl yaxalayıb, ondan ümidini üzüb, qəm-qüssə dəryasına ba-
tır. O, ağır dərdə dözməyib «Ölüm biyabanı» deyilən çölə tərəf gedir.
Məlikzadənin vəfalı bir dostu var idi. O əlinə qılınc alır və Mə-
likzadənin arxasınca yollanır. Yolda dostunu tapıb əl-qolunu və göz-
lərini bağlayıb öz evində xəlvəti gizlədir. Məlikzadənin dostu xəstə 
gözələ çarə axtarır və sonda həkim çarə tapıb gözəli sağaldır. Buna 
görə də o, şahanə məclis təşkil edir və gözəli də aparıb orada əyləş-
dirir. Daha sonra dostu Məlikzadəni gözübağlı həmin məclisə gətirir. 
Məlikzadə gözəli görüb çox sevinir.
Çobanın söylədiyi bu hadisə İsgəndəri heyran edir. Onu qəm-qüs-
sədən uzaqlaşdırır. Elə bu zaman İsgəndərə xəbər gəlir ki, onun sev-
gilisi  ağır  xəstəlikdən  sağaldı.  İsgəndər  buna  görə  çox  sevinir  və 
qoca çobanı şahlıq dərəcəsinə layiq bilir.
Nizami Gəncəvi xalqın uzaq keçmişinə, onun inam və etiqadı-
na, adət və ənənələrinə bir müdrik şəxsiyyət kimi fikir vermiş, yeri 
gələndə bunlardan istifadə etmişdir. Sadə xalqın nümayəndəsi sayı-
lan çoban öz müdrikliyi, uzaqgörənliyi, ağlı ilə İsgəndər kimi dünya 
fatehinin, Bəhram kimi cəngavərin qarşısında qat-qat yüksəlir. Birisi 
şahlığı, o birisi səbri, ağlı və kamalı çobandan öyrənir. Təlatümlü 
dəqiqələr xoş arzu və əməllərlə, istək və arzularla əvəz olunur (10, 
176)
«Kitabi-Dədə Qorqud» dastanlarında «Dirsə xan oğlu Buğac xan 
boyu» və «Bayburanın oğlu Bamsı Beyrək boyu»nda Dirsə xanın 

87
Folklor, Mifologiya, Etnoqrafiya
və Baybura xanın övladsızlıq dərdi olur. Dastanda deyildiyi kimi, 
Allah bir ağzı dualının alqışı ilə onlara övlad verdi. Bundan başqa 
«Tahir-Zöhrə» dastanındakı Hatəm Soltanla, onun vəziri Əhmədin, 
«Qurbani»  dastanında  Mirzalı  xanın,  «Novruz»  dastanında  Kərim 
paşanın, «Alı xan» dastanında Hacı Sayadın, «Əsli-Kərəm» dasta-
nında Ziyad xanın və onun vəziri Qara keşişin əvvəl övladı olmur. 
Bir çox nağıl və dastanlarımızda övladsızlıqdan söhbət gedir, onların 
hər birinin övladı çətinliklə dünyaya gəlir. Xalq dastanlarında olan 
övladsızlıq  Nizami  Gəncəvinin  «Yeddi  gözəl»  əsərində  də  oxşar 
məzmunda verilmişdir. «Yeddi gözəl» əsərində övladsızlığın dastan-
larda verilən övladsızlıqdan bircə fərqi var. Dastanların birində öv-
lad dünyaya gəlir, sonradan ölür. O birinin isə, ümumiyyətlə, övladı 
olmur. Daha açığını desək, «Kitabi-Dədə Qorqud» dastanlarının tə-
siri ilk anlardan başlayır, özünü göstərir. Nizami Gəncəvinin «Yeddi 
gözəl» əsərində də dastanın təsiri duyulur. Lakin Nizami Gəncəvi 
elə burada süjeti dəyişir. Yəzdikürdün övladsızlığının və ya doğulan 
övladının ölməsinin əsas səbəbini onun zülmkarlığında görür. Ona 
görə də Nizami yazır:
Bəhramın taleyi belə düzəldi,
Xoş bir iqbal ilə dünyaya gəldi.
Görüb taleyini, öz iqbalını,
Atası tərk etdi xam-xəyalını.
Bildi bişirdiyi çiydir ya bayat,
Zülmün toxumundan göyərməz nəbat.
İyirmi ildi ki, onun evladı
Olan tək ölərmiş, qalarmış adı. (14, 39) 
Nizami Gəncəvi bildirmək istəyir ki, Yəzdikürd ədalətli olsaydı, 
onun başına bu hadisə gəlməzdi. Bir neçə övladı ölməzdi, nəticədə 
sonsuzluq bəlasına düçar olmazdı. Azərbaycan şifahi xalq ədəbiy-

88
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yatından bəhrələnərək Nizami Gəncəvi ədalətli şah, ədalətli hakim 
məsələsini ortaya atır. Ədalətsizliklər, haqsızlıqlar pislənmiş, ədalət 
və haqq tərəfdarları təqdir edilmişdir. 
Azərbaycan  şifahi  xalq  yaradıcılığının  əfsanə,  rəvayət,  nağıl, 
dastan, atalar sözü, nəsihət və bir çox zəngin nümunələrinin Nizami 
Gəncəvinin bütün əsərlərinə çox təsiri olmuşdur. Nizaminin yaratdı-
ğı yüksək səviyyəli sənət əsərləri öz təravətini xalqdan aldığı üçün 
özünə əbədilik qazanmışdır.
«Kitabi-Dədə  Qorqud»  dastanının  şifahi  və  yazılı  ədəbiyyata 
təsiri  alimlərimiz  tərəfindən  öz  elmi  həllini  tapmışdır.  Bu  sahədə 
M.Təhmasibin, Ə.Sultanlının, Ş.Cəmşidovun, X.Koroğlunun, T.Ha-
cıyevin, M.Seyidovun, O.Əliyevin, N.Ələkbərlinin dəyərli xidmət-
ləri olmuşdur. Adları çəkilən tədqiqatçılar «Kitabi-Dədə Qorqud» və 
sonrakı xalq dastanlarımız arasında çox sıx bağlılıq görmüş, eposda-
kı ayrı-ayrı epizod və əhvalatların «Aşıq Qərib», «Novruz və Qən-
dab», «Tahir və Zöhrə», «Koroğlu», «Əsli və Kərəm» və s. dastan-
larda təkrar edildiyini göstərmişlər. Mərhum Vaqif Vəliyev yazırdı: 
«Dədə Qorqud boyları sonrakı dastanlarımıza mühüm təsir göstər-
mişdir. Əvvəla, onu qeyd edək ki, qəhrəmanlıq dastanlarımız forma 
etibarilə «Kitabi-Dədə Qorqud» kimi qurulmuşdur. Buna ən yaxşı 
sübut «Koroğlu» dastanıdır. «Dədə Qorqud» boyları xalq romanla-
rının da formalaşmasına kömək etmişdir. «Aşıq Qərib» dastanı öz 
süjet xətti, qəhrəmanların taleyinin təsviri nöqteyi-nəzərdən «Bam-
sı  Beyrək»  boyu  üzərində  qurulmuşdur.  «Kitabi-Dədə  Qorqud»da 
«Basatın Təpəgözü öldürməsi» boyu vardır. «Novruz» dastanında da 
Kəlləgöz qəhrəmana rast gəlirik. O da yol kənarında durur, gələn-ge-
dəni söyüb qarət edir. Novruz onunla vuruşur və onu öldürür» (19, 
206-207) 
«Dədə  Qorqud»  dastanlarının  tədqiqi  sahəsində  mərhum  pro-
fessor Mirəli Seyidovun da xidmətlərini xüsusi qeyd etmək lazım-
dır.  Onun  «Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları»  əsərində 

89
Folklor, mifologiya, etnoqrafiya
təbiət  kultu  ilə  bağlı  azərbaycanlılar  arasında  yayılmış  inamların, 
adət-ənənələrin  mənşəyi  xalqımızın  soykökündə  iştirak  edən  qə-
bilələrin, qəbilə birləşməli silsilələrinin tarixi və etnoqrafiyası təd-
qiq obyektinə çevrilmiş, ilkin sənət yaradıcılığının mifik təfəkkürlə 
əlaqəsi aydınlaşdırılmışdır. Bu əsərin əksər materialları, tədqiq sahə-
si «Kitabi-Dədə Qorqud» eposu ilə bağlıdır (16)
«Kitabi-Dədə Qorqud» dastanı 1939-cü ildə Bakıda Həmid Aras-
lı tərəfindən nəşr edildi. Bundan sonra bu mövzuda bədii əsərlərin 
yaranmasına böyük təkan verildi. Ötən əsrin 40-cı illərinin əvvəllə-
rində bu istiqamətdə ilk addımlar atıldı. Bu sahədə birinci təşəbbüs 
yazıçı Mikayıl Rzaquluzadəyə məxsusdur. O, dastanda olan üç boyu 
«Dirsə xan oğlu Buğacın boyu», «Salur Qazanın evinin yağmalan-
dığı boyu», «Bayburanın oğlu Bamsı Beyrəyin boyu» - «Ana ürəyi - 
dağ çiçəyi», «El gücü» və «Dəli ozan» adı ilə nəşrə çevirmiş, bunlar 
uzun müddət orta məktəb dərsliklərinə də daxil edilmişdir. Mikayıl 
Rzaquluzadədən öncə Mehdi Hüseyn «Mübarizə və qalibiyyət mah-
nıları» (1942) adlı məqaləsində «Kitabi-Dədə Qorqud» boylarındakı 
qəhrəmanlıq motivləri haqqında söz açmışdır. Bu məqalədə Mehdi 
Hüseyn Böyük Vətən Müharibəsi dövrünün ədəbiyyatı üçün örnək 
olacaq  nümunələrdən  söz  açır  və  ədəbiyyatımızı  da  həmin  örnək-
lərdən öyrənməyə  səsləyirdi.  Maraqlıdır ki,  Mehdi  Hüseyn  həmin 
məqalədə «Dədə Qorqud»dan sitat gətirdiyi parçaların məzmununu 
dastanda olduğu dildə təqdim edirdi:
«İrəli gəl, axmaq kafir, siz hələ igid zərbəsi görməmişsiniz. Gö-
rün, sonra danışın!
Kafirlər at sürdülər, ox çəkdilər…
Ərənlər ərəni Qaracıq çoban sapanının gözünə daş qoyub atırdı. 
Birini atanda, ikisini -  üçünü yıxırdı. Kafirin gözünə qorxu düşdü» 
(6, 364).
Bu məqalə daxilində olmuş olsa da, eposa məxsus süjetin yazıçı 
tərəfindən hekayələşdirilməsinə ilk cəhd sayılmalıdır.

90
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Mehdi Hüseyn «Mübarizə və qalibiyyət mahnıları» məqaləsində 
«Dədə Qorqud» boylarındakı qəhrəmanlıq səhnələrinə xüsusi diqqət 
yetirir, bu boyların xalqın məğlubedilməz mənəvi qüdrətini, mərdlik 
və igidliyini əks etdirdiyini nəzərə çarpdırırdı. Ədib boylardakı düş-
mən surətlərini təhlil edərkən onları müasir dövrün faşist istilaları ilə 
müqayisə edirdi.
M.Hüseyn həmin məqalədə Uruzun qəhrəmanlığını müasir gənc-
lərə nümunə göstərir, daha sonra ədəbiyyatımızda bu tipli qəhrəman-
ların yaranmasında həmin obrazın rolunu xüsusi qeyd edir.
Müharibənin ilk illərində nağıl və dastanlarımızdakı qəhrəman 
obrazlarına müraciət etmək çox mühüm əhəmiyyət kəsb edirdi və 
həmin dövr üçün aktual səslənirdi. Mikayıl Rzaquluzadə də məhz bu 
niyyətlə «Dədə Qorqud» boylarına müraciət etmişdi. Adlanı çəkdi-
yimiz boylar «El gücü» adı ilə 1948-ci ildə «Uşaqgəncnəşr» tərəfin-
dən ayrıca kitab şəklində çap edildi.
M.Hüseynin  «El  gücü»  kitabındakı  hekayələr  «Dədə  Qorqud» 
dastanlarının  nə  müasir  dilə  tərcüməsi,  nə  də  təbliğindən  ibarət 
deyildir. Burada müəllif dastanlardakı mövzu və məzmundan isti-
fadə etməkə ədəbi növ etibarilə yeni hekayələr yazmışdır. Bu he-
kayələrdəki başlıca hadisələr və qəhrəmanlar dastanlardakı hadisə 
və  qəhrəmanlar  olmaqla  bərabər  onlar  xeyli  dəyişdirilmiş,  hadisə 
və qəhrəmanların səciyyələrinin ictimai kök və səbəblərini düzgün 
göstərməyə çalışılmışdır.
«Kitabi-Dədə  Qorqud»  boyları  ilə  Mikayıl  Rzaquluzadənin  bu 
boylar  əsasında  yazdığı  hekayələrin  oxşar  və  fərqli  xüsusiyyətləri 
vardır. M.Rzaquluzadə boylara müraciət edərkən əsərdə təsvir edilən 
hadisələrlə bağlı müəyyən dəyişikliklər eləsə də, bunlar boylardakı 
əsas süjetə xələl gətirməmişdir. «Ana ürəyi - dağ çiçəyi» hekayəsin-
də əsas məqsəd ana-oğul məhəbbətidir. Dastanda da bu, əsas xətdir. 
Hətta deyə bilərik ki, hekayədə həmin xətt bir qədər lirik planda təq-
dim olunur. 

91
Folklor, mifologiya, etnoqrafiya
«Ana atını sürüb xanla üz-üzə gəldi. Sağına-soluna baxdı. Bu-
ğacı görmədi. Ürəyindən sanki bir tel də qopdu. Həyəcan və təlaşla 
dilə gəldi:
– Bəs mənim balam hanı?!
Bağrım çatladı, xan dillənsənə, söyləsənə, hanı mənim balam? 
Qoşa getdin, tək qayıtdın, xan, balam hanı?» (15, 20)
Eposun  «Dirsə  xan  oğlu  Buğacın  boyu»ndakı  həmin  məqam, 
demək olar ki, hekayədəkinə bənzər şəkildədir:
– Yalnız oğul xəbərin, Dirsə xan, degil mana!
Qarşu yatan ala dağdan bir oğul uçurdunsa, 
degil mana!
Qamın axan yüyrək sudan bir oğul aqıtdınsa, 
degil mana!
Aslanla qaplana bir oğul yedirdinsə, degil mana!
Qara tonlu azğın dinli kafirlərə 
bir oğul aldırdınsa, degil mana! (11, 38)
M.Rzaquluzadənin  digər  iki  hekayədə  də  dastanın  əsas  süjeti 
buna bənzər şəkildə saxlanılmışdır. «Salur Qazanın evinin yağma-
landığı boy»da əsas ideya birlikdir. Bu ideya «El gücü» hekayəsində 
də bariz nəzərə çarpır. «Bayburanın oğlu Bamsı Beyrəyin boyu»un-
da isə əsas ideya insanın həyata, məhəbbətə, sevgiyə inamıdır. Bu 
inam «Dəli Ozan» hekayəsində Beyrəyin məşəqqətli taleyi ilə bağlı-
dır. Hekayədə məhəbbət yolunda qəhrəmanlıq təqdir olunur.
M.Rzaquluzadə Dədə Qorqudun üç boyunu nəsrə çevirərkən nis-
bətən gənc oxucuları nəzərə almışdır. Ona görə də hər üç boyda mət-
ni mümkün qədər sadələşdirmiş və bəzən özü bildiyi kimi ixtisarlar 
etmiş, yaxud əlavələr artırmışdır. Hər halda «El gücü» kitabı 40-cı 
illərdə «Dədə Qorqud» mövzusunun bədii nəsrdə inikası sahəsində 
çox mühüm addım idi. 

92
DƏDƏ QORQUD ARAŞDIRMALARI
«Kitabi-Dədə  Qorqud»  mövzusu  poeziyada  və  nəsrdə  olduğu 
kimi  dramaturgiyada  da  öz  uğurlu  bədii  həllini tapmışdır.  Özü  də 
maraqlıdır ki, yazılı bədii ədəbiyyat sahəsində ilk addım da məhz 
dramaturgiyaya məxsusdur. Bu haqda məlumat verən ədəbiyyatşü-
nas Nazif Ələkbərli yazır ki, «Kitabi-Dədə Qorqud» mövzusunda ilk 
bədii əsər Ə.Dəmirçizadənin 1943-cü ildə qələmə aldığı librettodur. 
Ə.Dəmirçizadənin Ş.Şeyxovla müştərək yazdığı bu libretto «Salur 
Qazanın evinin yağmalandığı boyu» əsasında qələmə alınmış, Azər-
baycan  Dövlət  Filarmoniyasında  uğurla  tamaşaya  qoyulmuşdur 
(mart, 1943). Librettonun əsas ideya xətti yurdun düşməndən müda-
fiəsi ilə bağlıdır. Uruz xanın ova getməsindən istifadə edən düşmən 
Oğuz yurduna soxulur. Lakin Dədə Qorqud tərəfindən ruhlandırılan 
Qaraca çoban və onun köməyinə gələn Uruz xan tərəfindən məğ-
lub edilərək geri qovulur. Uruz xanın gözəllərin ən gözəli Gülçinə 
məhəbbəti əsərin aparıcı məhəbbət xətlərindən biridir» (4, 14).
1945-ci ildə Ə.Dəmirçizadə təkrar bu mövzuya qayıtmış, «Qa-
raca çoban» adlı pyesini qələmə almışdır. Bu əsərdə Qazan xanın 
sarayının qarət edilməsi və Qaraca çobanın igidlikləri təsvir olun-
muşdur. «Qaraca çoban» 1946-cı ilin aprelində Azərbaycan Dövlət 
Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
Ə.Dəmirçizadənin «Dədə Qorqud» dastanlarına müraciəti həm 
bədii,  həm  də  elm  sahəsində  ilk  təşəbbüslərdən  olmuşdur. Alimin 
«Kitabi-Dədə Qorqud» dastanının dili (1959) monoqrafiyası isə abi-
dənin dilinin tədqiqi sahəsində ən sanballı əsərlərdən biri kimi hesab 
edilir.
«Kitabi-Dədə Qorqud» dastanları elə bir abidədir ki, o həm şeir, 
həm nəsr, həm də dramaturgiyanın mövzusuna çevrilir. Biz dastan 
motivləri və süjetlərin poeziyada və nəsrdə təsir gücünü çox görü-
rük.  «Kitabi-Dədə  Qorqud»  mövzularının  dramaturgiyada  əksi  də 
maraqlı nümunələrlə zəngindir. Dastanın istənilən bir boyuna müra-
ciət etsək, orada dramaturji elementlərin bolluğu ilə rastlaşa bilərik. 

93
Hər hansı boyda dramın əsasını təşkil edən, bütün hadisələri öz ətra-
fında toplayan konfliktlərlə üzləşirik.
«Dədə Qorqud» dastanları bu mənada əsl konfliktlə yüklənmiş 
əsərlərdir. Daha doğrusu, klassik və müasir dram əsərlərinə xas olan, 
öz gərginliyi və ziddiyyətlərin toqquşması ilə diqqəti cəlb edən konf-
liktləri dastanın hər bir boyunda izləmək olar. Dastanda bütün dünya 
dastanları üçün səciyyəvi olan ümumi mövzular var. Məsələn, «Ata 
ilə oğulun vuruşu», «Qəhrəmanın Təpəgözlə vuruşu», «Ər öz nişan-
lısının toyunda» və başqalarını demək olar.
«Dədə Qorqud» dastanları Şifahi və yazılı ədəbiyyatda öz möv-
zularının hər biri ilə gözəl əsərlərin yaranmasına çox böyük təkan 
verir.  «Dədə  Qorqud»  boylarının  hər  biri  eyni  zamanda  qüvvət-
li xarakterlərlə zəngindir. Dastanın hər bir boyunun öz qəhrəmanı 
var və bu qəhrəmanların adı da boyların adına köçüb: «Dirsə xan 
oğlu Buğacın  boyu», «Salur Qazanın evinin yağmalandığı boyu», 
«Duxa Qoca oğlu Dəli Domrulun boyu», «Basatın Təpəgözü öldür-
düyü boy» və s. çox maraqlıdır ki, «Dədə Qorqud» qəhrəmanlarının 
heç  biri  bir-birinə  bənzəmir.  Doğrudur,  onların  çoxu  Oğuz  bəylə-
rindən ibarətdir. Lakin fərdilikləri ilə seçilirlər. Beyrək Qazan xana 
sədaqəti və igidliyi ilə diqqəti cəlb edir. Dəli Domrul bir az xudbin 
və məğrurdur, heç kəsdən, hətta əzrayildən belə qorxmur. Basat mi-
fik qəhrəman olmağı ilə fərqlənir. Qazan xan çox içir, keflənir, ov 
düşgünüdür, lakin həm də qəbilə başçısı və igid sərkərdədir. Qara-
ca çoban bəy olmasa da, ağasına sədaqətli və el-oba təəssübkeşidir. 
Heç şübhəsiz, dastanın hər boyunda «boy boylayan, söy söyləyən» 
müdrik Ozan - Dədə Qorqud da tamam fərqli və özünəməxsusdur. 
Prof. Kamal Abdulla «Gizli Dədə Qorqud» kitabında yazır: «Ədə-
biyyat aləmində belə bir məşhur bənzətmə var. Görünməyən tərəfi 
görünən tərəfindən böyük olan hər hansı bir şey aysberqə - okeanda 
üzən nəhəng buz dağına bənzədilir. Dədə Qorqud da belə bir ays-
berqi xatırladır. Dastanda özünü göstərən Dədə Qorqud aysberqin 
Folklor, mifologiya, etnoqrafiya

94
DƏDƏ QORQUD ARAŞDIRMALARI
üzdə  olan,  görünən  hissəsidir.  Bu  Dədə  Qorqud  Oğuz  dünyasının 
mənəvi başçısı kimi köhnə qanun-qaydanın, Mif üsul-idarəsinin qo-
ruyucusudur» (1, 90-91). Ümumiyyətlə, boylardakı qəhrəmanların 
hər biri fərdi xüsusiyyətləri ilə seçilir. Bu da dram əsəri üçün çox 
vacib olan fərdiləşdirmə prinsipinin reallaşması üçün imkan yaradır. 
Dədə  Qorqud  dastanlarında  fəlsəfi,  psixoloji  məqamlar  da  diqqəti 
cəlb edir. Bu boylar əsasında fəlsəfi, psixoloji və mistik, həmçinin 
yarı real - yarı mistik pyeslər qələmə almaq olar.
«Dədə Qorqud» dastanları həm nəzmlə, həm də nəsr səpkisində 
dram  əsəri  üçün  material  verir.  Boylarda  şeiriyyəti,  həm  də  nəsrə 
məxsus epik təmkinliliyi ilə dram əsərinin janrını müəyyənləşdirə 
bilər. Bu da boylar əsasında pyes yazan müəllifin istedadından ası-
lıdır.
«Kitabi-Dədə Qorqud» dastanlarındakı hər bir boy əsasında yeni 
bir bədii əsər yaratmaq mümkündür. Dastanların elə boyu var ki, hə-
min boy ayrı-ayrılıqda həm şeirin, həm nəsrin, həm də dram əsərləri-
nin materialına çevrilmişdir. Bu «Salur qazanın evinin yağmalanma-
sı boyu», bir də «Bayburanın oğlu Bamsı Beyrəyin boyu»dur, hər iki 
boy bədii ədəbiyyatda geniş yayılmış boylardır. Lakin elə boy da var 
ki, ayrılıqda bədii ədəbiyyatda özünə yer tapa bilməmişdir. Əlbəttə, 
burada təbii seçimdən əlavə, hər bir müəllifin hansı boya müraciət 
edərək uğur qazanacağı ehtimalı əsasdır.
Xalq  şairi  Nəbi  Xəzrinin  «Kitabi-Dədə  Qorqud»  dastanlarına 
müraciətinin uğurlu nəticələri oldu. O, «Salur qazanın evinin yağ-
malanması boyu» əsasında «əfsanəvi yuxular» adlı poema qələmə 
almışdı. Nəbi Xəzrinin bu poeması Azərbaycan ədəbiyyatında «Ki-
tabi-Dədə Qorqud» mövzusunda yazılmış ən uğurlu əsərlərdən biri-
dir. Nəbi Xəzri belə izah edir: «Ana» poeması üzərində işləyirdim. 
Məndə belə bir fikir doğdu: «Bu gün XX əsrin qoynunda qürurla 
yaşayıb ömrünü başa vurmuş anamın mənəvi bacıları kimlər olmuş-
dur? Xəyalım uzaq əsrlərə getdi. Xatirimə Burla Xatun gəldi. Nüşabə 

95
göz önündən keçdi. Məhsətini düşündüm. Həcərin qəhrəmanlığını 
xatırladım. Mənə elə gəldi ki, anam öz bacılarının saf analıq duy-
ğularını, qadın müdrikliyini, qadın şairanəliyini və qadın mərdliyini 
özündə  cəmləşdirmiş  və  mənim  əsrimə  qədər  gətirib  çatdırmışdır. 
Onun üçün də mən «Anamın bacıları» adı altında silsilə poemalar 
yazmaq fikrinə düşdüm.
Azərbaycan mədəniyyətinin qədim və ədəbi abidəsi «Kitabi-Də-
də  Qorqud»a  müraciət  etdim.  Burla  Xatun  göz  önündə  canlandı. 
Onun təkcə oğlu Uruzun yolunda keçirdiyi ağlasığmaz kədər və iz-
tirabların ağrısı elə bir əks-səda kimi mənim ürəyimdə səsləndi. Və 
«Əfsanəli yuxular» poeması yazıldı». (7, 61)
Nəbi Xəzrinin «Əfsanəli yuxular» poeması doğrudan da «qəhrə-
manlıq dastanı» ölçü və meyarları ilə səsləşir. Çünki poemada baş-
lıca qayə məhz qəhrəmanlığı vəsf etməkdir. «Kitabi-Dədə Qorqud» 
dastanlarının həmin boyunda da əsas mövzu və diqqəti cəlb edən ən 
başlıca ideya məhz qəhrəmanlığın tərənnümüdür. Həm də Nəbi Xəz-
ri bu ideyanı müasir bədii-poetik təfəkkürün, bu günün fəlsəfi-əxlaqi 
meyarları ilə həyata keçirir.
Nəbi Xəzri «Kitabi-Dədə Qorqud» dastanlarındakı «Salur Qaza-
nın evinin yağmalanması» boyunu təkcə nəzmə çəkməmiş, həm də 
ona yeni bir poetik həyat - nəfəs vermişdir. Yüksək şeiriyyət, poetik 
incəliklər, bədii əlvanlığı ilə diqqəti cəlb edir. Poema məhz bu xüsu-
siyyətlərinə görə müasir Azərbaycan poeziyasının incilərindən sayı-
lır. «Əfsanəli yuxular» altı yuxudan ibarət iki hissəli poemadır. Yuxu 
əslində rəmzi-simvolik bir mahiyyət daşıyır. Yuxu, mifik-simvolik 
səciyyə daşısa da, yuxuda baş verən əhvalatlar tarixi reallığı əks et-
dirir. Hər bir «yuxu» boyun müəyyən bir hissəsini əhatə edir, digər 
«yuxu» bu ardıcıllığı təmin edir. Lakin «yuxu» həm də əsərin ümu-
mi ideyasından doğan ayrı-ayrı problemlərə işıq salır. Birinci yuxu 
belə adlanır: «Yuxuda bir talan gördüm». Burada Salur Qazanın ova 
getməsi, bundan xəbər tutan Şöklü Məlikin obaya hücum çəkməsi, 
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin