ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə19/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
tiraniya dövrü vahid personal baş­lan­ğı­cın mütləqləşdirilməsi əsasında cəmiyyət həyatının ümumən canlanması, bütövlükdə cəmiyyətin vahid başlanğıcdan idarə olunan sanki bir sosial orqanizm məzmununu kəsb etməsi və per­sonal başlanğıcın intelletual və iradi resursları tükənincəyə qədər cəmiy­yə­tin bu zəmində gur funksinal inkişafı ilə yanaşı, digər tərəf­dən həm də sosial özünüdərkin bədii ifadə formaları kimi poeziya­nınmusiqinin, xüsusən də melodiyanın gur inkişafı ilə də xarakte­rizə oluna bilirsə, əgər monarxiya dövrü dövlətə xidmətin artıq yalnız canlı tabeçilik qaydasında deyil, eyni zamanda təsisatlar və təyinat­lar qaydası ilə aparılması ilə yanaşı, digər tərəfdən həm də sosial özünüdərkin bədii ifadə forması kimi cəmiyyətin ümumi həyatında dramın, xüsusən də faciənin geniş yer alması və gur inkişafı ilə də xarakterizə oluna bilirsə, əgər politiya dövrü dövlətə xidmətin döv­lətdən hakimiyyət payı alınması ilə yanaşı, digər tərəf­dən həm də sosial özünüdərkin bədii ifadə forması kimi prozanın və təsviri incəsə­nətin, xüsusən də portret mənzərə janrlarının gur inkişafı ilə də xarakterizə oluna bilirsə, əgər demokratiya dövrü insanlar üzərində siyasi hakimiyyət əldə etmənin hakimiyyətin zorakı yolla ələ alınması ilə deyil, hakimiyyətin irsən keçməsi yolu ilə deyil, eləcə də hakimiyyət sahibindən hakimiyyət payı alınması, yəni təyinat yolu ilə deyil, seçki yolu ilə baş tutması ilə yanaşı, digər tərəfdən həm də sosial özünüdərkin bədii ifadə formaları kimi əvvəlki siyasi rejimlərin ön plana çıxardıqları bədii formalarının əksliklərinin – sirkin, klounadanın, buffonadanın, satiranın, kome­di­ya­nın, lətifənin, karikaturanın, daha konkret deyilərsə, cəngavər tur­nir­lə­rinin və rəqsin əkslikləri kimi sirkinklounadanın, melodiya­nın əksliyi kimi buffonadanın, poeziyanın əksliyi kimi satiranın, dra­mın və faciənin əksliyi kimi kome­di­ya­nın, prozanın əksliyi kimi lə­tifə­nin, idealın obrazını yaradan təsviri incəsənət formalarının - portret və mənzərə janrlarının əksliyi kimi karikaturanın və eləcə də onlarla paralel həm də siyasi aktivli­yin, hüququn və qanun yara­dı­cılığının gur inkişafı ilə də xarakterizə oluna bilirsə, əgər oliqarxi­ya dövrü sənayenin gur inkişafı və maliyyə kütlələrinin sürətli axını ilə yanaşı, həm də bir tərəfdən, sosial özünüdərkin bədii ifadə forması kimi arxitekturanın və şəhərsalmanın və digər tərəfdən, elmin və texnikanın gur inkişafı ilə də xarakterizə oluna bilər.

Texnikanın inkişafının oliqarxiya dövründə son dərəcə yüksək səviyyəyə gəlib yetişməsi görünür heç də təsadüfi deyildir. Çünki texnikanın özü əslində təbiətin insan iradəsinə, insan hökmünə tabe etdirilmiş hissəsidir. Oliqarx təkcə digər insanlar, digər vətəndaşlar üzərində deyil, həm də hətta təbiətin özü üzərində də müəyyən hakimiyyətə malik olur. Üstəlik oliqarx digər insanları həmin bu texnikanın əlavəsinə çevirərək onlar üzərində əlavə hakimiyyətə də malik olmuş olur.

Bu fikirlərin bir qədər geniş izahını verməyə çalışaq. Təbəə­lik­dən vətəndaşlığa doğru, sonradan isə vətəndaşlıq şüurunun dərin­ləş­məsi istiqamət­ində baş verən tarixi prosesdə şəhərli özünün nə­in­ki cəmiyyətdəki rolunu, hətta bir insan olaraq Kainatdakı rolu­nu belə yenidən mənalandırmağa başlayır. Oliqarxiyada vətəndaş özü­­nün doğma əvəz prinsipinin tət­biqi üçün cəmiyyətdən və dövlət­dən də daha geniş meydan axtarır və belə bir meydanı əslində bütün Kainatın timsalında tapır. Əvəz prinsipi Kainat miqyasına tətbiq edi­lərkən ümumiləşir, determinizm prinsipi formasını alır. Əgər şəhərli həyat tərzinin ən mühüm elementi olan əvəz prinsipi əvvəlcə adi insan münasibətlərinin əsasına qoyulursa və sonradan mühüm siya­si prinsipə, qanunun aliliyi prinsipinə çevrilirsə, daha sonra bütün Kai­natın ontoloji əsasına bağlanaraq qavranılır. Qanun kultu üzərin­də qurulmuş klassik – deterministik – elm şəhər mədəniyyəti­nin mütləq bilik tipi mənasını kəsb edir. Unutmaq olmaz ki, təbiət qanunlarını öyrənmək əslində bu qanunlardan istifadə edərək təbi­ətin özü üzərində hökmran olmaq məqsədinə də xidmət edir. Əgər hüquqi qanunlar həm də dövləti vətəndaşa tabe etdirmək vasitəsi kimi qavranılırsa, təbiət qanunları həm də təbiəti insana tabe etdirmək vasitəsi kimi qavranılır. Oliqarxlar isə təbiəti özlərinə tabe etdirmək istəyən insanların birinciləri sırasındadırlar. Təbiət insan iradəsinin vasitəsinə, daha doğrusu, süni vasitəsinə, yəni texnikaya çevrildikdən sonra, həmin texnikanın özü də oliqarxın cə­miyyət üzərində üstünlüyünün əlavə vasitəsinə çevrilir. Oliqarxiya­da siyasi hakimiyyətin subyektinin siyasi hakimiyyətin obyekti üzərindəki nəzarəti, üstünlüyü, artıq yalnız dövlət maşınının vasitəçiliyi ilə de­yil, həm də mexaniki maşının vasitəçiliyi ilə həyata keçirilir.

Oliqarxiyada siyasi hakimiyyətin formal subyekti onun faktiki subyektindən fərqlidir, burada eləcə də siyasi hakimiyyətin formal obyekti də onun faktiki obyektindən fərqlənir, əvvəlcə bir qədər, sonra isə əsaslı surətdə.

Sözün geniş mənasında oliqarxiya sistemində siyasi hakimiy­yətin faktiki subyekti olaraq iri sənaye və maliyyə maqnatları, faktiki obyekti olaraq isə, əsas etibarı ilə muzdlu işçi çıxış edir, özü də burada söhbət marksizmdə olduğu kumu yalnız kapitalistdən və muzdlu fəhlədən getmir, ümumiyyətlə iri sənaye və ya maliyyə maq­na­tın­dan və ümumiyyətlə muzdlu işçidən gedir. Bununla belə, marksizmin bütövlükdə dövlətə aid etdiyi səciyyə, yəni dövlətin istismarçının istismar olunan üzərində hakimiyyət aparatı kimi sə­ciy­yəsi oliqarxiyaya münasibətdə özünü demək olar ki, tam şəkildə doğruldur və tam çılpaq bir şəkildə də özünü büruzə verir. Siyasətin iqtisadi baza üzərində üstqurum olması barədə marksist müddəa da oliqarxiyanın ruhuna son dərəcə uyğundur.

İri sənaye və maliyyə maqnatları arasındakı həm iqtisadi mü­ba­rizə, həm də onların öz aralarında əldə etdikləri razılaşmalar oli­qarxik dövlətin bu və ya digər transforma­si­yası­nı şərtləndirir. Sərt siyasi rejimdən tutmuş yumşaq siyasi rejimə qədər, dövlətin ərazisi­nin genişləndirilməsindən tut­muş parçalanmasına qədər, özgə döv­lət­ləri öz dövlətinin təsir dairə­si­nə salınmasından tutmuş öz döv­ləti­ni özgə dövlətlərin təsir dairə­si­nə salınmasına qədər, özgə döv­lət­lərdə dövlət çevrilişlərinə, separatizmə və milli-azadlıq hərə­kat­ları­­na təhrik etmədən tutmuş onların mövcud siyasi hakimiy­yətlə­rinin möhkəmləndirilməsinə, separatizmin qarşısının alınması­na və milli-azadlıq hərəkatlarının boğulmasına dəstək göstərməyə qədər geniş diapazonlu siyasi gerçəkliklər öz əksini həmin bu transfor­masiyada tapır.

Digər tərəfdən, maqnatlar dövlət vergisinin çox hissəsini ödə­yən kəslər olmaqla, dövlət hakimiyyətinin vergilər hesabına maliy­yə­ləşdirildiyi faktına söykənərək hakimiyyətin onların ödədik­ləri ver­gilər hesabına mövcud olması qənaətindədirlər, və bu əsasda da hət­ta dövlət hakimiyyətini özlərinin müəyyən dərəcədə xüsusi mül­kiy­yəti kimi, dövlət hakimiyyətinin nümayəndələrini isə özləri­nin muzdlu işçiləri kimi belə təsəvvür edirlər, üstəlik bir sıra hallar­da bu­nu yalnız təsəvvürdə deyil, həm də gerçəklikdə, əməldə də edirlər.

Hüquqi olaraq ümumiyyətlə vətəndaşın siyasi hakimiyyətinin obyekti statu­sunda1 qalan dövlət aparatı oliqarxiyada artıq məhz bu transformasi­ya­nın həyata keçirilməsi üçün iri sənaye və maliyyə maqnatlarının ixtiyarında bir alətə çevrilir, maqnatların əldə etdik­ləri iqtisadi status, yəni maqnatların maqnat olmayanlar üzərində iqtisadi hakimiyyəti, bir qədər də sadələşdirilmiş şəkildə deyilərsə, maq­nat olmayanların ehtiyaclarının ödəmə vasitələrinin maqnat olan­la­rın əlində toplanması nəticəsində maqnatların həm dövlət hakimiyyəti orqanlarına seçkilərdə faktiki olaraq maqnatların mə­na­feyi mövqeyində dayanan namizədlərin seçki kompaniyasını sə­rən­camlarında olan maliyyə resurları ilə və inhisarlarında saxla­dıq­ları iri informasiya şəbəkələri vasitəsilə dəstəkləməklə bu nami­zəd­lə­rin dövlət hakimiyyəti orqanlarına seçilməsinə nail olmaq yolu ilə, həm də mövcud hakimiyyətdə təmsil olunan dövlət məmurları­nın ələ alınması, korrupsiya yolu ilə maqnatların nail olduqları si­yasi status, siyasi hakimiyyətinin faktiki subyekti statusu get­dik­cə art­maqda olan templə inkişaf edir. Maqnat olmayan vətəndaş isə siyasi hakimiyyətinin yalnız formal subyekti ola bilir.

Maqnat olmayan vətəndaş burada siyasi hakimiyyətin ona görə yalnız formal subyektidir ki, siyasi hakimiyyətin faktiki subye­kti statusu oliqarx tərəfindən mənimsənilmişdir. Oliqarx olmayan və­tən­daş bu dövr üçün siyasətdən daha mühüm olan sferada, iqtisadi sferada oliqar­xın muzdlu işçisi olduğundan, siyasi olaraq da dolayısı ilə onun iradəsinin icraçısı olmaq yönümündə köklənmiş olur. Burada dövlət aparatı hüquqi olaraq ümumiyyətlə vətəndaşın iradə­si­nin icraçısı olduğu halda, faktiki olaraq maqnatların iradəsinin icra­çısı olur. Elə buradan da görünür ki, oliqarxiya üsul-idarəsində oliqarx olan kəs oliqarx olmayan kəsdən daha artıq dərəcədə vətən­daşdır və deməli ki, dövlət aparatı üzərində də daha çox hüquqa malikdir və eləcə də qanun yaradıcılığı təşəbbüsündə olmaq da da­ha artıq dərəcədə onun imtiyazlarına aiddir.

Maqnatlar qanun yara­dı­cı­lığı üzərində üstünlük əldə etməklə dövləti özlərinə leqal yolla tabe etdirə bilirlər və bunun üçün də öz imkanlarından məharətlə istifadə edə­rək parlamentin həm forma­laş­­ma­sı­na, həm də fəaliyyətinə güclü təsir göstərirlər və öz təsir im­kan­larını daimi olaraq genişləndirirlər. Onlar dövləti bilavasitə idarə etmək öhdəliyini öz üzərilərinə götür­məsə­lər də, hər şeydən öncə parlament vasitəsilə siyasətə iqtisadi təsir mexanizmlərini həyata keçirirlər və bununla da bütövlükdə dövlət strukturlarının fəaliy­yəti­­ni öz nəzarəti altına almaq imkanı əldə edə bilirlər və bu fəaliyyəti nəzarət altında saxlaya bilirlər. İri sənaye və maliyyə maqnatları malik olduqları maliyyə resursları vasitəsi ilə müəyyən siyasi partiyaları, siyasi institutları, siyasi re­jim­ləri, siyasi kampaniyaları, siya­si aksiyaları, informasiya vasitələ­ri­ni, deputat qruplarını maliy­yə­ləş­dirə bilirlər və məhz bu yolla leqal bir şəkildə hakimiyyətin fəaliyyətini istiqamətləndirə bilirlər və istiqamətlən­dirir­lər. Maqnat­lar parlamentə və parlamentdə öz təsir imkanlarını genişləndirdikcə isə parlament əslində iri sənaye maqnatlarının iradəsinin getdikcə daha artıq dərəcədə ifadəçisi olur.

Üstəlik, hakimlərin əhali tərəfindən seçilməsi prinsipi iri səna­ye və maliyyə maqnatları­na dövlətin yalnız idarəetmə funksiyası və qanunvericilik funksiyası üzərində deyil, həm də cəza funksiyası üzərində də güclü təsir imkanlarına malik olmaq üstünlüyünü verir. Nəticədə idarəetmə və qanunvericilik hakimiyyətləri ilə yanaşı, həm də məhkəmə hakimiyyətinin başlıca məzmununun, tərkibinin və isti­qamətinin müəyyənləşdirilməsi hüququ formal olaraq ümumiy­yət­lə vətəndaşa, faktiki olaraq isə, müstəsna hüquqlu vətəndaşa, yə­ni iri sənaye və maliyyə maqnatı­na mənsub olur, maqnatlar haki­miy­yətin hər üç qolunun demək olar ki, tam hüquqlu subyekti kimi çıxış etmiş olurlar.

Əvəz prinsipini fəaliyyətinin başlıca aləti edən maqnat haqqı­nı ödə­mək­lə siyasi hakimiyyətin hamısını olmasa da, böyük bir his­sə­si­ni əslində almış olur. Oliqarxiya elə buna görə də, bir siyasi sis­tem olaraq mahiyyət etibarı ilə haqqı ödənilməklə alınan hakimiy­yətdir.

Əvəz prinsipini fəaliyyətlərinin başlıca aləti olaraq tətbiq et­mək­­lə maqnatların bütövlükdə siyasi hakimiyyəti özlərinə tabe etdir­mə üsullarından ən mühümləri isə əlbəttə ki, korrupsiya yolu ilə idarəetmə hakimiyyəti üzərində üstünlük əldə etmələri və seçkilərtin maliyyələşdirilməsində aktiv iştirak etməklə həm qanun yaradıcılığı üzərində, həm də məhkəmə hakimiyyətinin əsas tərkibi­nin müəy­yən­ləş­di­ril­­mə­­sin­­də təşəbbüsü ələ almalarıdır.

Elə bu səbəblərdəndir ki, maqnatların siyasi hakimiyyət üzərin­də üstünlüyünün azaldılması da iki yolla – dövlətin effektiv antikor­rupsi­ya fəaliyyəti ilə və davamlı antiinhisar siyasəti ilə - baş verir. Dövlətin antikorrupsiya fəaliyyəti və antiinhisar siyasəti oliqarxiya­nın kəskinliyini azaldır, amma onun mənfiliklərini bütövlükdə ara­dan qaldırmır. Burada parlament bütöv­lük­də əlbəttə ki yalnız maq­nat­larının iradəsini ifadə edənlərdən iba­rət olmur, maqnatların ira­dəsini ifadə edənlərin burada üstünlük təşkil etdiyini desək, bu, daha doğru olar.

Qərb dövlətləri XIX əsrin ikinci yarısından başlayaraq mahiy­yət etibarı ilə oliqarxik xarakter daşımışlar. Burada real hakimiyyə­tin mənbəyi rolunda Rok­fel­lerlərin, Mellonların, Rotşildlərin, Mor­gan­lar­ın və digər iri maq­nat­la­rın çıxış etməsi faktı heç vaxt ciddi olaraq şübhə altına alınmamışdır.

Lakin, müasir dünyada oliqarxik siyasi sistemin mənfilikləri təbii XIX əsrdə və ya XX əsrin başlanğıcında olduğu kimi kəskin deyildir. Görünür həm də bununla əlaqədardır ki, müasir oliqarxik siyasi sistem özünü heç də olduğu kimi, yəni oliqarxik sistem kimi tanıtmaq istəmir, özünü öz adı ilə, yəni oliqarxiya adı ilə, yaxud qədimlərdə işlənildiyi kimi, timoktatiya adı ilə adlandırmaq və bu adla tanınmaq istəmir, özünü oliqarxiya adı ilə deyil, başqa adlarla, əsasən res­pu­blika, və ya demokratik respublika adları ilə tanıdır, oliqarxik sistem kimi deyil, demokratik sistem kimi özünü səciyyələndirir.

Oliqarxiya respublika kimi səciyyələndirildiyi halda, onun tə­bii inkişafında yer alan iki mərhələ, yəni parlamentli respublika pre­zi­dent­li respublika mərhələləri çox maraqlı cizgilərlə bir-birin­dən fərqlənir. Ona görə maraqlı cizgilərlə ki, burada mətləb heç də ilk baxışda təsəvvür oluna biləcəyi kimi deyildir, və həmçinin ümu­mən qəbul olunmuş izah çərçivələri daxilində də deyildir, parla­ment­­li respublika ilə prezidentli respublika arasındakı fərqin ümu­mən qəbul olunmuş izahının əsasən doğru olmasına baxmayaraq. Be­lə ki, həmin izahda parlamentli respublikanın prezidentli respub­lika­dan fərqi heç də prezident institutunun bu mərhələlərin birində olma­sın­da, digərində isə guya olmamasında axtarılmır, oliqarxiya bir siyasi sistem olaraq hətta prezident təsisatının siyasi gerçəklikdə yer aldığı halda da parlamentli respublika statusunda ola bilir və üstəlik prezidentli respublika heç də bütün hallarda prezident insti­tu­tu­nun təsis edilməsi ilə başlamır, bəzən və bəlkə də bir çox hallar­da prezident institutunun tə­sis edilməsindən fərqli bir zamanda başlayır. Parlamentli respubli­ka­nın prezidentli respublikadan fərqi­nin ümumən qəbul olunmuş izah çərçivələri daxilində öz tam ifadəsini tapa bilməməsinə qaldıq­da isə, bununla bağlı belə bir məqamı vurğulamaq kifayətdir ki, par­la­men­tli respublikada prezi­den­tin səlahiyyətləri yalnız dövlət başçısı adını daşımaqla və yaradı­la­caq hökumətə başçılıq etmək üçün baş nazir postuna namizədin irəli sürülməsi ilə və hətta parlament eti­mad­sızlıq votumu ifadə etməklə hökuməti istefaya göndərmək barə­də qərar qəbul etdiyi hald­a hökumətin təklifi ilə parlamentin özünü buraxmaq və vaxtın­dan əvvəl seçkilər elan etmək hüququ ilə ta­mam­­lan­mır. Parlamentli respublikada prezidentin statusunu müəy­yən edən səlahiyyətlər bü­tün bunlardan daha çoxdur, və burada sada­lanmayan səlahiy­yətlər­­dən biri isə burada sadalananların hamı­sından əslində daha mühüm­dür.

Həmin bu səlahiyyətin nədən ibarət olduğuna və nə üçün oldu­ğu­na diqqət yetirək.

Parlamentin suveren rolunda çıxış etdiyi istənilən dövlətdə təh­lükəsizlik üçün həmişə hədə vardır. Çoxadamlı və çoxsəsli parla­ment suveren statusunda olduqda faktiki olaraq təhlükəsizliyin qarantı ola bilmir və prezident institu­tu­nu da əslində elə bu səbəb­dən, təhlükəsizliyin etibarlı qarantı ola­raq, bütün silahlı qüvvələr üzərində ali baş komandan səlahiyyətləri ilə təsis edir.

Prezident institutunu təsis etməklə oliqarxik sistem müəyyən mənada ənənəvi monarx statusunu bərpa etmiş olur. Lakin, monar­xın ənənəvi olaraq, monarxiyada malik olduğu status prezidentin oliqarxi­yada malik olduğu statusdan prinsipial olaraq fərqlənir. Mo­narxiyada monarxın malik olduğu hakimiyyət mütləq və müd­dət­siz, oliqarxi­yada prezidentin malik olduğu hakimiyyət isə nisbi və müddətlidir. Bu meyarlar, yəni mütləqlik və müddət meyarları baxı­mın­dan, monarxiyada monarxın malik olduğu status oliqarxi­yada oliqarxların malik olduğu statusa yaxındır. Lakin dövlətdə birinci şəxs olmaq, üstəlik həm də bütün silahlı qüvvələrin koman­danı ol­maq meyarları baxımından, monarxın monarxiyada malik olduğu status prezidentin oliqarxi­yada malik olduğu statusa həqiqə­tən də yaxındır.

Amma bu da bir həqiqətdir ki, oliqarxi­yada iri maqnatlara mən­sub olan hakimiyyət mütləq və müddətsiz, prezidentə mənsub olan hakimiyyət isə nisbi və müddətli olduğundan, maqnatların hakimiy­yəti sülaləvi, prezidentin hakimiyyəti isə seçkili və müvəq­qəti xarak­ter daşıyır.

Lakin, prezident institutunu formalaşdırmaqla oliqarxik sis­tem ümumiyyətlə dövlətin təhlükəsizliyini möhkəmlətsə də, dövləti da­ha dayanıqlı etsə də, özünün bir siyasi sistem olaraq sonunun başlanğıcını qoymuş olur. Parlamentli respublikadan prezidentli respublikaya keçid isə oliqarxik sis­temin öz sonuna doğru irəliləyi­şin­də növbəti addım olur.

Belə ki, prezident tarix meydanına təhlükəsizliyin qarantı ki­mi çıxdığından, təhlükəsizliyin qarantı statusunda ölkənin bütün silah­lı qüvvələri üzərində ali baş komandan səlahiyyətlərinə malik olması son dərəcə ciddi bir amil olaraq ona əslində hökumətin də, elə par­lamentin də fövqünə yüksəlmək imkanını verir. Onun höku­mətin fövqünə yüksəlişi parlamentli respublikadan prezidentli res­pub­li­kaya keçidin faktiki şərti, parlamentin fövqünə yüksəlişi isə bu keçidin hüquqi şərti olur. Prezident dövlətin mülki işlərinin idarə olunmasında başlıca sima olan baş nazir üzərində üstünlük əldə etdikdə dövlət parlamentli respublikadan prezidentli respublikaya əslində artıq trans­formasiya etmiş olur. Bu halda prezidentin siyasi statusu əhə­miy­yətli dərəcədə artır. Onun parlamentin fövqünə yük­səlişi, yəni prezidentin parlament tərəfindən deyil, xalq tərəfin­dən, ümumxalq seçkiləri əsasında seçilməsi artıq baş vermiş bu trans­formasiyanı yalnız leqallaşdırır.

Dövlətin parlamentli respublikadan prezidentli respublikaya trans­formasiya etməsi ilə prezident politiyada hökmdar statusunu xatırladan hakimiyyət sahibliyindən, klassik monarxiyada monarx statusunu xatırladan hakimiyyət sahibliyinə yüksəlir. Əgər parla­ment­li respublikada prezidentin siyasi statusu ənənəvi olaraq müt­ləq mo­narxiya adlandırılan politiyada hökmdarın malik olduğu siyasi statusuna yaxındırsa, onun prezidentli respublikada siyasi statusu hökmdarın klassik monarxiyada malik olduğu siyasi statusa yaxın­dır.

Prezidentli respublika elə bu əsasda da hər an monarxiyaya dönüş edə bilir. Əgər bunu həyata keçirmək inamını və imkanını özündə yaşadan insan ölkənin təhlükəsizliyini və firavanlığını uzun illər ərzində təmin etmək üçün kifayət edəcək qədər aristokratik resursları da özündə bir genetik kod olaraq yaşadırsa, bu, birmənalı olaraq yaxşı haldır, yox əgər ölkənin və xalqın təhlükəsizliyini və firavanlığını təmin etmək üçün kifayət edəcək qədər aristokratik resurslara malik deyildirsə, bu, birmənalı olaraq qarşısı alınmalı olan bir haldır.

Amma bu da bir danılmaz həqiqətdir ki, prezidentli respublika klassik monarxiya ilə respublikanın klassik tipi, yəni parlamentli respublika arasında aralıq mövqe tutur.

Prezidentli respublika ideyası və gerçəkliyi özü-özlüyündə res­pub­likanın klassik tipi olan parlamentli respublikanın xarakteris­ti­ka­sın­da son dərəcə səciyyəvi və mühüm yer tutan parlamentarizm prinsipinin üstündən inamla qələm çəkir. Parlamentarizm bir prin­sip olaraq prezidentli respublikanın xarakteristikasında əslində yox­dur, hakimiyyət bölgüsünün həmin məşhur prinsipi burada öz qüvvəsini və mənasını əslində itirir.

Hakimiyyətin parlamentarizm prinsipi əsasında bölgüsü yal­nız parlamentli respublikada tam həcmdə həyata keçiri­lə bilir, yəni parlamentin hökumət üzərində üstünlüyü və məhkəmə orqan­ları­nın icra hakimiyyətindən asılı olmaması yalnız burada təmin edilə bilir. Baş nazirin rəhbərlik etdiyi bütün hökumət burada parla­men­tin nəzarəti altındadır, parlamentə hesabat verir, baş nazir höku­mə­tin başçısı olmaqla və deməli ki, icra hakimiyyəti1 təmsilçisi olmaqla qanunverici hakimiyyətdən (parlamentdən) tam şəkildə ası­lı­dır. Burada hökumətə bilavasitə rəhbərlik edən baş nazirlə yanaşı həmçinin prezident də tamamilə əsaslandırılmış bir şəkildə icra ha­kimiy­yətinə aid edilir, dövlətin bilavasitə idarə olunmasından əs­lin­də kənarda qalsa da, parlament qarşısında məsul olan və ona hesabat verən baş nazir kimi o da parlament tərəfindən təyin edilir, parlamentin nəzarəti altında olur və parlament qarşısında hesabat verir. Məhkəmə orqan­ları­ burada həm hökumətdən, həm də prezi­dent­dən müstəqil olmaqla icra hakimiyyətindən asılı deyildir.

Prezidentli respublika üçün səciyyəvi olan hakimiyyət bölgü­sü isə parlamentli respublika üçün xarakterik olan hakimiyyət böl­gü­sü kimi deyildir, hər şeydən öncə məhz o səbəbdən ki, prezidentli respublika parlamentarizm prinsipinin tələblərinə cavab vermir. Hər şey­dən öncə ona görə ki, prezidentli respublikada prezident parla­men­tin nəzarəti altın­da deyildir. Əksinə, burada prezident sözün yalnız simvolik məna­sın­da deyil, həm də həqiqi mənasında dövlət başçısı olmaqla, əslində bütün dövlətin başçısıdır, o cümlədən də onun qanunverici­lik qolunun, parlamentin. Bu, ən azı iki səbəb ucbatından belədir. Birinci və başlıca səbəb odur ki, parlamenti təşkil edən hər bir deputat müəyyən regionun əhalisi tərəfindən seçi­lir və həmin region əhalisinin iradəsinin ifadəçisi olmalıdır, prezi­dent isə bütün əhali, bütün xalq tərəfindən seçilir və buna görə də bütün əhalinin, bütün xalqın iradəsini ifadə etməyə təyinatlıdır. De­mo­kratiyanın öz prinsipinə görə, bütün xalqın ira­dəsi əhalinin müəyyən hissəsinin iradəsi fövqündə durduğundan prezident ayrılıq­da hər bir deputatın və deməli ki, bü­töv­lükdə elə parlamentin də fövqündə durmalıdır. İkinci səbəb isə odur ki, prezident burada qanunvericilik təşəbbüsü hüququnun əslində başlıca subyekti olduğundan, qanunverici haki­miy­yə­tin də əslində başlıca subyekti olmuş olur.

Prezidentli respublikada prezident ümumiyyətlə dövlətin başçısı olmaqla həm də məhkəmə hakimiyyətinin fövqündədir. Əv­və­­la, ona görə ki, burada hakimləri prezident təyin edir və prezi­dent də onları vəzifəsindən kənarlaşdırır. İkincisi, ona görə ki, məhkəmə hakimiyyətinin maliyyələşdirilməsinin forma və miqdarı­nın müəy­yən­ləşdi­ril­məsi faktiki olaraq prezidentin preroqativlərinə aiddir. Üçün­cüsü, prezidentin bağışlama və amnistiya hüququ onun təkcə qa­nunverici hakimiyyətin fövqün­də deyil, həm də, məh­kəmə ha­kimiy­yətinin fövqündə durduğuna daha inandırıcı bir işarədir.

Prezidentli respublikada elə buna görə də, prezidentin yalnız icra hakimiyyətinin başçısı hesab edilməsi qətiyyən düzgün deyildir. Prezident burada həm sözün simvolik mənasında, həm də həqiqi mənasında dövlət başçısıdır, deməli ki, bütün dövlətin başçısıdır, dövlət idarəetmə funksiyasının ifadəçisi olduqda da, qanunvericilik funksiyasının ifadəçisi olduqda da, cəzavermə funksi­yasının ifadəçi­si olduqda da onun başçısıdır.

Əgər parlamentli respublikanın son dərəcə mühüm dəyər ver­diyi parlament tarixən vətəndaş cəmiyyətinin hakimiyyətlə ortaq məxrəcə gəlmə məkanı kimi yaranırsa, prezidentli respublikada prezident parlamentin föv­qün­də durmaqla həm də vətəndaş cəmiy­yəti ilə hakimiyyətin vahid bir millət olaraq orqanik bir topluma çevrilməsində mühüm rol oynaya bilir.

Bir daha o məqamın üzərinə qayıtmaq istərdim ki, oliqarxiya bir siyasi sistem olaraq özünü əslində olduğu kimi, yə­ni oliqarxik sistem kimi deyil, demokratik sistem kimi səciyyə­lən­­di­rir. Bu halda demokratiyanın əsas prinsipi olaraq isə hakimiy­yə­­tin, ilk növbədə isə parlamentin seçkili olması şərti nəzərdə tutu­lur.

Parlamentin oliqarxik sistemdəki siyasi statusu onun demo­kra­tik sistemdəki siyasi statusunu doğrudan da xatırladır, amma bu xa­tırlatma daha çox imitasiya xarakterini daşıyır. Parlamentin oli­qar­­xik sistemdəki siyasi statusu öz mahiyyəti etibarı ilə onun daha çox politiya sistemindəki siyasi statusuna yaxındır. Politiyada hökm­dara məxsus olan rol isə oliqarxiyada əlbəttə ki, oliqarxlara məxsusdur.

Oliqarxiya bəzən təkcə demokratik hakimiyyət strukturlarını deyil, həmçinin həm də aristokratik hakimiyyət strukturlarını da imi­ta­si­ya edir.


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin