ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ


dövlət öz adına daha çox uyğun olur, var-dövlət



Yüklə 3,52 Mb.
səhifə18/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
dövlət öz adına daha çox uyğun olur, var-dövlət xarakte­rini kəsb edir. Dövlətdə təmsil olunmaq var-dövlət sahibi olmaq mənasını verməyə başlayır.

Mülkiyyət, ən əsası isə torpaq dövlətin nəzarətindən çıxır, xü­susiləşir, alqı-satqı obyektinə çevrilir. Bununla da, təkhakimiy­yət­li­liyin iqtisadi əsasları sarsılır.

Politiyanın siyasi resursları tükəndikcə və politiya özü­nün siyasi sonuna doğru irəlilədikcə hakimiyyətin cəmiyyət və dövlət qarşısında borc kimi deyil, imtiyaz kimi anlaşılması daha da güclə­nir.

Hakimiyyətin faydalı bir şey kimi qavranılması cəmiyyətdə geniş miqyas aldıqca xalq hakimiyyətə can atır. Cəmiyyətdə demo­kra­tiya meyilləri cücərir.


VƏDLƏ ALINAN HAKİMİYYƏT:



DEMOKRATİYA

Əgər politiyada xalq yuxarıların etimadını qazanaraq haki­miy­yət əldə edirsə, demokratiyada bunu o, vəd etməklə ələ aldığı aşağı­ların etimadını qazanaraq edir. Xalq politiyada dövlətin idarə olun­ma­sına cəlb olunur, demokratiyada isə dövlətin idarə olunma­sını ələ alır1.

Bunun necə baş verdiyinə diqqət yetirək.

Hər şeydən öncə onu qeyd edək ki, demokratiya bir siyasi sistem olaraq şəhərin gur inkişafı ilə bağlı meydana gəlir. Demo­kratiya o şəraitdə formalaşır ki, hakimiyyət onun idarəetmə sfera­sın­­dan bütövlükdə kənarda qalan şəhərli kütləsi üzərində nəzarəti­ni tədricən itirməyə başlayır. Mənşəyi etibarı ilə təbəəlikdən törə­yən şə­hər­li kütləsi ilə ali hakimiyyət arasında subordinasiya müna­sibət­ləri itir və hakimiyyətdən qopub ayrılan kütlə özünü artıq müstəqil bir toplum olaraq, öz mövcudluğunu hakimiyyətdən müs­tə­qil olaraq davam etdirə bilən bir vətəndaş cəmiyyəti olaraq dərk etməyə baş­layır. Demokratiya da öz təşəkkülünü elə buradan götü­rür.

Şəhərli artıq təbəə statusunun hüquqi çərçivələrinə sığmır, özünün davranış prinsiplərinin özünə yad olan hakimiyyət tərəfin­dən müəyyənləşdirilməsi ilə qane olmur, öz davranış prinsiplərinin ona yadlaşan hakimiyyət tərəfindən müəyyənləşdirilməsinin zəruri­li­yi­ni hər vəcdlə inkar etməyə başlayır, belə bir müəyyənləşdirilmə­nin əhəmiyyətini hər vəcdlə azaltmağa çalışır, ona rişxənd edir və özünün davranış prinsiplərinin özü tərəfindən müəyyənləşdiril­məsi­­ni arzulayır, qanunların yaradılmasında iştirak etmək istəyir. Demo­kra­tiya da elə bu arzunun, elə bu istəyin reallaşdırılması prosesində gerçəklik statusu qazanır, siyasi həyatda məhz bununla yer alır.

Demokratiya dövrü real həyatda siyasi aktivliyin, hüququn və qanun yaradıcılığının gur inkişafı ilə səciyyələndirilə bildiyi halda, incəsənətdə sarkazm yaradıcılığının gur inkişafı ilə səciyyələndirilə bilər. Tiraniya dövrü poeziyanın, monarxiya dramaturgiyanın, poli­ti­ya dövrü prozanın gur inkişafı ilə səciyyəvi olduğu halda, demo­kratiya dövrü onların əksliklərinin, yəni satiranın, komediyanın və lətifənin gur inkişafı ilə səciyyəvidir, əlbəttə ki qanun yaradıcılığı­nın gur inkişafı ilə paralel olaraq.

Qanun burada artıq əvəz prinsipinin ifadəçisindən dövlət üzə­rin­də üstünlük əldə etmə vasitəsinə çevrilir.

Qanun ideyası vətəndaşlıq ideyası ilə vəhdətdə şəhərli kütləsi­nin hakimiyyət üzərində hikkəsinin tarixi təzahür formalarından biri olur. Heç də təsadüfi de­yil­dir ki, bir çox dillərdə vətəndaş sözü şəhərli mənasını verir: ingilis dilindəki city (şəhər) sözündən törə­yən citizen (vətəndaş) ifadəsində və ya rus dilindəki горожанин (şə­hər­li) sözündən törəyən гражданин (və­təndaş) ifadəsində oldu­ğu kimi.

Bu vaxta qədər başlıca olaraq hökmdar iqamətgahının yerləş­diyi məkan mənasını daşıyan şəhər (town), indi tədricən həm də vətəndaşın məskunlaşdığı məkan (city) mənasını kəsb edir1.

Təbəəlik­dən vətəndaşlığa doğru istiqamətlənən tarixi təkamül demokratiz­min doğuluşunu və hətta qələbəsini mümkün edən mü­hüm müqəddəm şərtə çevrilir.

Bu tarixi təkamül prosesində bir tərəfdən, dövləti problemlər yalnız hökmdar hakimiyyətinin problemləri kimi deyil, həm də vətəndaş cəmiyyəti durumunda olan xalqın problemləri kimi məna kəsb edir və bu halda xalq əslində xalq olmaqdan qalaraq millət­ləşir, millət statusunu kəsb edir.

“Xalq” və “millət” arasındakı fərq, əgər əyanilik xatirinə bir qədər kobud şəkildə ifadə olunsa, “sürü” və “dəstə” arasındakı fərq kimidir. Sürü sürülür, dəstə üzvləri isə qərarın qəbul edilməsi prose­sində iştirak edirlər.

Xalq və millət arasında başqa bir fərq isə ondan ibarətdir ki, əgər xalq kəndin əsasında formalaşırsa, millət şəhərin əsasında formalaşır. Lakin şəhərin özü əsasən kəndin insani resursları üzə­rində qurulduğundan, icma dəyərlərini müəyyən dərəcədə və müəy­yən formada özündə ehtiva edir. Millət ideyasının özü də şəhər mədəniyyətinin icma mənşəli olduğunu bir daha xatırladır.

Əgər kənd və onun əsasında formalaşan xalq özü üzərində tiranik dövlətin himayəsinə etibar edirsə, şəhər demokratik dövlətin himayəsinə etibar edir.

Əgər tiraniyada dövlət hökmdarın qüdrəti ilə qüdrətlənir və möhkəmlənirdisə, hökmdarın qüdrətsizliyi isə onu zəiflədirdisə, de­mo­kratiz­m şəraitində dövlət artıq vətəndaşın, xalqın, millətin qüd­rə­ti ilə qüdrət­lənir, zəifliyi ilə isə zəifləyir.

Vətəndaşın fikri, mövqeyi siyasi əhəmiyyət kəsb etdikcə, başqa sözlə, təbəə vətəndaşa və bütövlükdə xalq millətə çevrildikcə vətən­daşın və xalqın öncə fikrinın və mövqeyinin, daha sonra isə hətta iradəsinin ifadəçisi olan mətbuat siyasi hakimiyyətə bir təzyiq vasi­təsinə, və ya son onilliklər ərzində deyildiyi kimi, dördüncü haki­miy­yətə çevrilməyə başlayır. Mətbuat cəmiyyətdə, xüsusən də cəmiyyətin ayrı-ayrı sahələrində vəziyyətin necə olduğunu göstərməklə, dolayısı yolla həm də haki­miy­yətin harada və nə etməli olduğunu göstərmiş olur. Mətbuat başlıca olaraq derektiv xarakterli olmasa da, faktual və bir çox hallarda isə əslində qeyri-şüuri hesabat xarakterli informasiyanın daşıyıcısı və mənbəyi olmaqla cəmiyyətin idarə olunmasında iştirak edir. Məhz mətbuatın, kütləvi-infirmasiya vasitələrinin inkişafı sayəsində cəmiyyət, xalq, millət dövləti necə idarə et­mək barədə hakimiyyətə məsləhət vermə­yə daha çox ehtiyac duyur.



Digər tərəfdən, cəmiyyət, xalq, millət dövləti necə idarə et­mək barədə hakimiyyətə məsləhət verməyə ehtiyac duyduğu bir zamanda hakimiyyət də dövləti idarə etmək üçün kənardan məsləhət almağa ehtiyac duyur və demokratikləşmənin təşəkkülü prosesində bu ehtiyacı ödəməyə başlayır.

Ümumxalq, daha doğrusu, ümummilli problemlər hakimiyyə­tin hüdudları daxilində həll edilə bilmədiyindən, bu hüdudları aşır, siyasi xarakter daşımağa başlayır.

Siyasətçi heç də həmişə hakimiyyətə malik olan adam olma­dığı kimi, ali hakimiyyətə malik olan adam - hökmdar da heç də həmişə siyasətçi deyildir. Siyasətçi ali hakimiyyətə malik olan ada­mın - hökmdarın əməlləri haqqında mühakimə yürüdən kəsdir, bir qədər kəskin və birbaşa deyilərsə, hökmdarın qeybətçisidir. Siyasət o zaman başlayır ki, insanlar ali hakimiyyətin özünü necə aparması və aparmalı olması barədə mühakimə yürüdürlər, elə bil ali hakimiy­yətə məsləhət vermək istəyirlər.

Sözün tam mənasında siyasətin özü də məhz o zaman mey­dana gəlir ki, hökmdar öz siyasi qüdrətinin məhdudiyyətini, çərçivə­lərini hiss etdikcə dövləti problemlərin həlli üçün xalqla məs­ləhət­ləşməyə ehtiyac duyur1.

Dövlətin demokratikləşməsi yolunda birinci konkret tarixi ad­dım isə Parlamentin təsis olunmasıdır. Parlament hökmdarın döv­ləti problemlərin həlli üçün «xalqla məsləhətləşmə» ehtiyacın­dan yaranır və özünün tarix meydanına çıxarılması ilə dövlətin demo­­kra­tiya məcrasında təkamülündə əslində başlanğıc tarixi mə­qam olur.

Dövlətin idarəolunma işi demokratikləşmənin elə ilk addımın­dan başlayaraq siyasi xarakter alır. Çünki hökumət ona məsləhət verən­lə­rin və onun üzərində nəzarət edənlərin sayının çoxalması ilə bağ­lı artıq yalnız idarə etməklə kifayətlənə bilmir, həm də müntə­zəm olaraq öz fəaliyyətini bəraətləndirməli, əsaslan­dır­ma­lı, qiymət­lən­dir­məli və rasionallaşdırmalı olur. Hökumət bura­da təkcə idarə etmir, həm də öz idarəetmə fəaliyyəti barədə müntə­zəm olaraq hesa­bat verir.

Parlament özlüyündə isə vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında razılaşma və müvazinət aləti kimi meydana çıxır. Vətəndaş cəmiyyəti tabe olacağı qanunların və verəcəyi vergilərin hakimiy­yət­lə razılaşdırılması işini rəsmi olaraq məhz parlament vasitəsilə həyata keçirir. Bununla da məhz parlament vasitəsilə həm vətəndaş cəmiyyətinin hakimiyyətdən azad olması faktı rəsmən tanınır, qanu­niləşdirilir, həm də vətəndaş cəmiyyətinin hakimiyyətlə birgəyaşa­yış prinsipləri razılaşdırılır.

İlkin halda parlament hələ ki hakimiyyətin bir qolu deyildir, hökmdar hakimiyyətinin bir davamıdır, parlament bu halda hökm­da­ra tabe olur, yalnız məşvərətçi orqan kimi çıxış edir və silki xa­rak­ter daşıyır.

Demokratik təkamülün ilkin mərhələsi olan silki monarxiya ənə­nəvi tarixşünaslıqda qəbul olunduğu kimi mütləq monarxiya ad­lan­dırılan dövlət formasından əvvəl deyil, sonra yaranır. Ənənəvi olaraq mütləq monarxiya adlandırılan siyasi sistem isə əslində po­liti­ya­dır və silki monarxiyadan daha öncə mövcud olur. Ənənənin müt­ləq monarxiya adı verdiyi dövlət formasında monarx hakimiyyə­tin mütləq subyekti kimi qələmə verilsə də, reallıqda bu siyasi sistem baş nazir tərəfindən idarə olunur və həmin bu siyasi sistem silki əsaslar üzrə təşkilatlandırılan parlamenti öz tərkibinə daxil etməklə silki monarxiya statusunu kəsb edir və bununla da himayə etdiyi şəhərli kütləsinin dövlət üzərində hikkəsini qanuniləşdirir.

Lakin Parlamentin özünün yaranması ilə baş nazirin statusun­da ciddi dəyişikliklər baş verir. Çünki Parlament hökmdarın verəcə­yi qərarlara, təsisatlara və təyinatlara təsir göstərmək səlahiy­yətinə və gücünə malik olduğundan, idarəetmədə baş nazirin və ümumiy­yətlə nazirlərin müəyyən dərəcədə şəriki olmuş olur.

Hakimiyyətə iddialı olan insanların hələ monarxiyanın sonla­rında formalaşan və siyasi partiya adlandırılan birliyi isə bu vaxtdan başlayaraq, yəni parlament institutunun hakimiyyət meyda­nı­na çıx­ması ilə xüsusi məna kəsb edir. Siyasi partiyalar yalnız Parlament tərkibinin seçilməsində deyil, həm də nazirlərin hökmdar tərəfin­dən seçimində də mühüm əhəmiyyətə malik olurlar. Lakin bununla yanaşı, belə bir faktı da qeyd etmək lazım gəlir ki, siyasi partiyalar layiq olan insanların irəli çəkilməsində əhəmiyyətli rol oynamaqla bərabər, eyni zamanda layiq olmayan insanların da irəli çəkilməsin­də əhəmiyyətli rol oynamışlar, bunun üçün isə şantajı, insanları düşünülmüş şəkildə çirkaba batırmanı, insanları yalana baş əyməyə məcbur etməni, iftiranı və ikiüzlülüyü mühüm siyasi vasitə­lərə çe­vir­miş­lər. Siyasət çirkin işdir kəlamı burada əsasən özü­nü doğruldur. Siyasət sözü çirkin iş, hiylə işlətmək, aldatmaq mənala­rını məhz parlament institutunun hakimiyyət meydanına çıxması ilə daşımağa başlayır.

Lakin parlament üsul-idarəsində müşahidə olunan çirkab əlbəttə ki siyasətin hamısı deyildir, onun bir hissəsidir, bəlkə də cüzi bir hissəsidir. Unutmaq olmaz ki, parlament və bütövlükdə demo­kra­tik­ləş­mə rəsmi dövlət hakimiyyətinin hüdudlarından kənarda qa­lan aristokratik resursların ümummilli problemlərin həllinə cəlb olun­­ması üçün də mühüm vasitə ola bilir.

Parlamentə sonradan hökmdar tərəfindən qanunverici orqan statusunun verilməsi ilə demokratikləşmə özünün ikinci tarixi addı­mını atmış olur. Əgər hökmdar bu vaxta qədər malik olduğu hakim­iy­yətdən etibar etdiyi kəslərə müəyyən hakimiyyət payı verirdisə, indi, Parlamentin məşvərətçi orqandan qanunverici orqa­na çevril­mə­si ilə hökmdar, artıq malik olduğu hakimiyyəti qanunve­rici orqan statusunu verdiyi Parlamentlə bölüşür.

Parlament qanunverici orqan olaraq nazirlərin və digər dövlət məmurlarının siyasi statuslarının müəyyənləşdirilməsində mühüm rol oynayır, nazirlər və hətta baş nazir üzərində indi daha böyük nüfuza malik olmuş olur, öz siyasi inkişafında hökmdarla nazirlər arasına mühüm həlqə mövqeyini qazanmağa da nail olur.

Parlament özünün sonrakı tarixi təkamülündə nazirlər üzərin­də, xüsusən də baş nazir üzərində öz nüfuzunu o dərəcədə gücləndi­rir ki, kontrasiqnatura prinsipini və bəzən hətta onun siyasi daşıyı­cı­sı olan baş nazir institutunu ləğv edir, bununla da baş nazir statu­sunu və səlahiyyətlərini əslində öz üzərinə götürmüş olur. Bu halda kontrasiqnatura prinsipi öz hüquqi statusunu ratifikasiya prin­sipinə verir.

Parlament özündən yuxarıda qalan siyasi strukturların – hökm­darın və həmçinin də Dövlət Şurasının – fəaliyyətini tədricən məh­dudlaşdırarkən isə demokratikləşmə özünün üçüncü tarixi addı­mını atmış olur.

Monarxın və Dövlət Şurasının fəaliyyət azadlığının məhdud­laş­­dırıl­ması prosesi özlüyündə isə indi artıq qanunun aliliyi prinsipi­nin, eləcə də hüquqi dövlətkonstitusiya ideyalarının meydana çıx­ma­sı və getdikcə daha çox əhəmiyyət kəsb etməsi ilə müşayiət olunur.

Qanunun aliliyi prinsipinin ortaya çıxması ilə hakimiy­yətin artıq faktiki olaraq itirilmiş mənbə və obyekt müəyyənliyi arxa plana atılır, bu itki leqallaşdırılır. Hökmdar və təbəə aşkar şəkildə ol­ma­sa da bəzən özlərinin sərəncam verənicraçı statuslarını də­yi­şirlər. Obrazlı şəkildə deyilərsə, sözə baxmalı olan təbəə qanunun aliliyi prinsipini ortaya çıxarmaqla hökmdarı söz verməyə məcbur edən vətəndaşa çevrilməyə başlayır. Təbəə sanki hökmdarın sözün­dən istifadə edə bilmək üçün ondan söz çəkir. Bir çox hallarda hətta sözün mənbəyi də hökmdarda deyil, təbəədə daşınır. Təbəə hökm­dar­dan söz almağa cəhd göstərir, onu söz verməyəsözünün üstün­də durmağa məcbur edir, başqa sözlə ondan qanunun aliliyi prin­si­pini qəbul etməyi tələb edir. Qanunun aliliyi prinsipi əslində Sözü nə qədər ki deməmisən, ağasısan, dedin qulusan məsləhətinin hü­qu­qi qüvvəyə mindirilməsidir.

Hüquqi dövlətkonstitusiya ideyaları isə özlüyündə qanu­nun aliliyi ideyasını müşayiət edirlər. Əgər hüquqi dövlət ideyası vətən­daş cəmiyyətini canlı hakimiyyətdən xilas edirsə, konstitusiya icti­mai müqavilə mənasını kəsb edir.

Konstitusiya vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında özü­nə­məx­sus müqavilə kimi formalaşır. Konstitusiyanın mövcud oldu­ğu bütün hallarda siyasi hakimiyyətlə xalq arasında müəyyən bir ra­zı­laş­ma mövcuddur. Ya xalq elə bir hakimiyyəti qurur ki, bu haki­miyyət ondan asılıdır. Ya da hakimiyyət xalqı elə dəyişdirir ki, xalq hakimiyyətlə razılaşmaq məcburiyyətində qalır.

Əgər qanunun aliliyi, hüquqi dövlətkonstitusiya ideyaları monarxın və Dövlət Şurasının fəaliyyətini məhdudlaşdırırsa, Mo­nar­xın və Dövlət Şurasının belə bir məhdud azadlıqla barışması bu ide­yaları gerçəkləşdirir və dövlət bununla da, konstitusiyalı monar­xiya formasını alır.

Monarxın hakimiyyətdən tamamilə kənarlaşdırılması və Döv­lət Şurasının ləğv edilməsi ilə isə demokratikləşmə özünün dördün­cü tarixi addımını atmış olur. Parlamentin suverenə çevrilməsi ilə döv­lət respublika formasını, daha dəqiq deyilərsə, parlamentli respub­lika formasını alır.

Demokratiyada beləliklə bütövlükdə hərbçi mənşəli olmayan siyasi hakimiyyət formalaşır. Demokratikləşmə prosesində hərbçi ümu­miy­yətlə öz üzərindəki mülki hakimiyyətin getdikcə daha çox artmasını hiss edir və demokratikləşmə pro­sesi özünün dördüncü tarixi mərhələsində, Spenserin terminologiyası ilə deyilərsə, hərbi cəmiy­yəti bütövlükdə sənaye cəmiyyətinə çevirir.

Parlamentin Xalq Yığıncağına doğru təkamülü isə demokra­tik­ləş­mə­nin beşinci sonuncu tarixi addımıdır. Suveren statusu­nun Xalq Yığıncağına məxsusluğu dövlətə klassik mənada Demo­kra­­tiya xarakterini verir.

Parlamentin suveren olduğu siyasi rejimlə Xalq Yığıncağının suveren olduğu siyasi rejim arasında aralıq element kimi Polibinin oxlokratiya1 adlandırdığı siyasi rejim çıxış edir, o siyasi rejim çıxış edir ki, onu Polibidən əvvəl Aristotel, Polibidən sonra isə Lebon ox­lo­kra­tiya adlandırmasalar da, ustalıqla təsvir etmişdilər. Xalq Yığın­ca­ğının suveren olduğu siyasi rejimin özü qeyri-stabil olduğundan o, bir qayda olaraq oxlokratiya ilə çuğlaşır.

Demokra­tizmin meydana çıxması və dərinləşməsi hakimiy­yət­­də və göz qabağında olan aristokratiyanın siyasi qüdrətinin əhəmiy­yətli dərəcədə tükənməsi ilə şərtlənir. Demokratikləşmə pro­se­sinin gedişi zamanı bütövlükdə irsən və ruhən zadəgan olmayan, lakin zadəgan rütbələrini əldə edən silki aristokratiya ümumiyyətlə aris­to­kra­tiya ilə eyniləşdirilir, buna görə də lənətlənir və nifrətlə dam­ğala­nır, bir çox hallarda sürgünə, hətta edama belə məruz qalırlar.

Lakin demokratikləşmədə və onunla paralel baş verən inqilabi sarsıntılarda daşınan tarixi zərurət heç də və qətiyyən haki­miyyətin «aristokratiya»dan «xalq»a ötürülməsində deyil, əksinə hakimiyyə­tin həqiqətən aristokratikləşməsindədir, hakimiyyətdə hə­qi­qi aristo­kra­tiya boşluğunun həqiqi aristokratizmlə doldurulması­dır. İnqilabın sosial təlatümləri təkcə göz qabağında və hakimiyyət­də olan zadə­gan­lıqda həqiqi aristokratizmi üzə çıxarmaqla tamam­lan­ma­yıb, həm də gizli, xalqda daşınan və görünməyən, lakin həqiqi olan aristokra­tiz­mi aşkarlamaqdır. İnqilabı zəruri edən yeganə əsas məhz budur.

Yeni dövrün burjua inqilabları adlandırılan təlatümlərin əsası­nı təşkil edən sosial ziddiyyətlərin qütblərində ilkin olaraq heç də bur­jua və aristokratiya deyil, burjuanı öz himayəsinə almış həqiqi aris­tokratiya ilə burjuaya düşmən kəsilən və əslində burjua mənşəli olan yalançı aristokratiya dururdu. Lakin inqilab onu da sübut etdi ki, aristokratiyanın həqiqiliyinin əsl meyarı heç də ədalətin onun tərəfindən sadəcə olaraq müdafiə edilməsində deyil, həm də ədalə­tin real olaraq gerçəkləşdirilməsindədir. Bu gerçəkləşdirilməni müm­­kün edə bilən həqiqi aristokratizm inqilabın əzabları içərisin­dən do­ğul­malıdır. Bu doğuluşun baş verib-verməməsindən asılı ola­raq, döv­lət öz həqiqi mahiyyətinə qayıda da bilər, cəmiyyəti öz ağu­şuna alan sosial ziddiyyətlər dərinləşə də bilər. İnqilabdan həqiqi aristo­kratizm doğulmadıq­da, bir tərəfdə aclıq və səfalət, digər tərəfdə isə azğınlıq və ləyaqətsizlik hökm sürür. Xalq ədalətsizlik içərisində boğu­lur. Siyasi həyatda isə insanlar layiq olduqları möv­qe­lə­rə yox, daha çox fayda götürə biləcəkləri mövqelərə can atdıq­larından cə­miy­yətin təbii nizamı pozulmaqda davam edir.

Antisfen afinalılara eşşəyi at hesab etmələrini məsləhət görür. «Niyə təəccüblənirsiniz, siz səsvermə yolu ilə gədanı sərkərdə etmə­yə öyrəşməmisinizmi?» – deyərək öz təklifini əsaslandırır.

İnqilabi dövrün demokratik hökuməti son dərəcə qeyri-stabil, zəif və azğındır. Dövlətin stabilləşdirilməsi, gücləndiriləsi və həm­çi­­nin də azğınlıqdan müəyyən dərəcədə xilas edilməsi indi artıq iqti­sa­di cəhətdən ən qüdrətli olan iri sənaye və maliyyə maqnatları vasitəsilə həyata keçirilir, dövlət bu halda oliqarxiya formasını alır. Oliqarxiya isə lap başlanğıcdan haqqı ödənilməklə alınan haki­miy­yət olsa da, dövlətin oliqarxiya formasını ala­raq stabilləşməsi de­mo­kratikləşmənin dağıdıcı təmayülünün dayandırılmasını və bü­töv­lük­də inqilabın sonunu şərtləndirir.


HAQQI ÖDƏNİLMƏKLƏ ALINAN HAKİMİYYƏT:



OLİQARXİYA1

Oliqarxiya formalaşarkən burjuanı real olaraq öz nəzarətində saxlaya bilən, iqtisadi cəhətdən ən qüdrətli olan iri sənaye və maliy­yə maqnatları ilə ordu hissələrini real olaraq öz nəzarətində saxlaya bilən güclü və nüfuzlu komandanlar arasında ilkin olaraq dövlətin yaranması zamanı cəngavər tayfa və kənd icması arasında əldə olun­muş razılaşmaya bənzər razılaşma əldə edilir. Belə bir razılaş­ma bir çox hallarda həm iri sənaye və maliyyə maqnatlarını, həm də silahlı dəstə başçılarını bir araya gətirə bilən fövqəladə nüfuz sahibinin vasitəçiliyi ilə də əldə edilə bilir. Bu razılaşmaya görə, təhlü­kəsiz­liyin təminatı funksiyasını ordu hissələrini öz real nəzarətində sax­laya bilən komandanlar, maddi təminat funksiyasını isə iri maqnat­lar öz üzərinə götürür. Həmin razılaşmadan kənarda qalan həm silah­lı dəstələrin, həm də maqnatların müqaviməti isə zor gücü­nə qırılır. Bu razılaşmadan kənarda qalan silahlılar ya döyüş meydanın­da məhv edilir, ya həbsə atılır, ya da, sadəcə olaraq silahı yerə qoymağa təhrik edilir. Bu razılaşmadan kənarda qalan maqnatlar isə ya iqtisadi sanksiyalara məruz qoyularaq müflisləş­dirilir, ya da hü­qu­qi sanksiyalara məruz qoyularaq neytral­laşdırılır, müsadirə yolu ilə əmlakdan məhrum edilməklə yanaşı, bir çox hal­larda həm də həbsə və ya sürgünə, hətta edam olunmaya məhkum edilərək cəmiy­yətdən kə­nar­laş­dırılır. İri kapital sahibləri ilə ordu hissələrini öz real nəzarətində saxlaya bilən komandanlar arasında yuxarıda xatırlanan razılaşma mövqeyində duran maqnat­la­ra və silahlı dəs­tə­lərə qaldıq­da isə, birincilər bu razılaşmaya uy­ğun şəkil­də yeni əsaslar üzərində təşkil edilən hökumətin himayəsi altına alınır, ikincilər, yəni həmin bu razılaşma mövqeyində duran silahlı dəs­tə­lər isə bu hökumətin nəza­rə­ti altında olan vahid koman­danlığa tabe etdirilir.

Amma ilkin olaraq dövlətin yaranması zamanı cəngavər tayfa və kənd icması arasında əldə olunmuş razılaşma nəticəsində qərar­laş­­mış birgəyaşayış sistemindən fərqli olaraq, burada üstünlük və suveren statusu təhlükəsizlik funksiyasını yerinə yetirənlərə deyil, əks qütbdə və üçüncü mövqedə dayananlara, yəni maddi təminat funk­si­­ya­­sı­nı yerinə yetirənlərə və barışdırıcıya, bir qədər də kon­kret­ləş­di­ril­­sə, iri sənaye və maliyyə maqnatlarına və bu maqnatlarla silahlı dəs­tə başçılarını bir araya gətirə bilən fövqəladə nüfuz sahi­binə məx­sus olmuş olur.

Buraya belə bir məqamı da əlavə etmək istərdim ki, üstünlük və suveren statusu əldə edən həmin bu tərəf­lərdən birincilərin həm üstünlüyü və həm də suveren statusu başlan­ğıc məqamda bir qədər kölgədə qalsa da, əslində daimidir, ikincinin üstünlüyü və suveren statusu isə başlanğıc məqamda bir qədər par­laq görünsə də, müvəq­qəti­dir. İri sənaye və maliyyə maqnatları üs­tün­lük və suveren statu­su­nun daimi daşıyıcıları olaraq həmişə olmasa da, artıq əksər hallar­da siyasi hakimiyyətin də əsl fakti­ki subyekti statusunda çıxış etmə­yə başlayırlar və tədricən onun əsl subyektinə də çevrilirlər, siyasi hakimiyyətə getdikcə daha cox maqnatların siyasi hakimiyyəti, sö­zün birbaşa mənasında oliqarxik ha­ki­miy­yə­t xarakterini verirlər. İkincinin üstünlüyü və suveren statusu isə yalnız o halda daimi ola bilir ki, onun özü də bir maqnatın malik olduğu iqtisadi baza əldə etmiş olur, onun özü də bir maqnat qüdrətini kəsb etmiş olur. Bu halda o, maqnatlar içərisində ən parlağı və ən qüdrətlisi olur.

Aristokratik hakimiyyətin subyektləri tarixən aristokrat adlandırıldıqları kimi oliqarxik hakimiyyətin subyektləri də bir sıra hallarda oliqarxlar adlandırılırlar. Heç də təsadüfi deyildir ki, oliqar­xik hakimiyyətdə əs­lin­də suveren rolunda çıxış edən sənaye və maliyyə maqnatlarının özləri də bəzən sənaye və ya maliyyə oli­qarx­ları və ya sadəcə olaraq elə bir qədər öncə vurğulandığı kimi oliqarxlar adlandırılır.

Aristokratiyanın başlıca siması zadəgan, tiraniyanın başlıca siması tiran, monarxiyanın başlıca siması monarx, politiyanın başlı­ca siması məmur, demokratiyanın başlıca siması tacir olduğu kimi, oliqarxiyanın da başlıca siması iri sənaye və maliyyə oliqarxlarıdır.



Əgər aristokratiya dövrü insanların bir qisminin özlərini cə­miy­yəti zorakılıqdan xilas etmək missiyasının daşıyıcıları kimi, in­san­ların digər qisminin isə özlərini birincilərin qüdrəti sayəsində zo­rakı­lıqdan xilas edilmiş kimi hiss və dərk etmələri əsasında qurulan hakimiyyətin xilaskarlıq resursları tükənincəyə qədər, bu resursların zorakılıq reallıqlarını üstələməsi şəraitində və ölçüsün­də cəmiyyətdə baş verən gur inkişaf ilə yanaşı, aristokratiya dövrü digər tərəfdən həm də sosial özünüdərkin məxsusi bədii ifadə for­ma­ları­nın, cəngavər turnirlərinin və rəqsin1 gur inkişafı ilə də xarak­te­rizə oluna bilirsə, əgər

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin