ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə26/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

78
Siyasət fəlsəfəsinin politologiyadan fərqi, son nəticədə, qə­tiy­yət yaşantısının siyasi şüurdan fərqi qədərdir. Siyasi şüur qə­tiyyət yaşan­tısından fərqli olaraq insanı öz doğma, immanent iradəsinə de­yil, yad, transsendent iradəyə tabe etdirir(1). Siyasətin fəlsəfəsi cəmiyyəti ideyada layihələndirdiyi halda, cəmiyyətqur­ma­­nın fəlsəfi əsası olduğu halda, politologiya artıq qurulmuş cəmiyyətin qorunub saxlanılması üçün bir rasional nəzəriyyə­dir(2). Siyasətin fəlsəfəsi siyasətin ümumiyyətlə dünyanın və həyatın mənakontekstində izahına yönəldiyi halda, onun mahiy­­yət baxımından mənalandırılmasından, dünyanın, həyatın və eləcə də, insanın və cəmiyyətin mahiyyətinin mənalandırılmasın­dan çıxış edilərək anlaşıqlı edilməsinə xidmət etdiyi halda, politolo­giya siyasətin mövcud cəmiyyətdən çıxış edilərək izahına yönəl­mişdir, mövcud siyasətin anlaşıqlı edilməsinə xidmət edir(3). Siya­sət fəlsəfəsi, həm də, eyni zamanda, bu və ya digər siyasi doktrina­nın təşəkkül prosesi olduğu halda, politologiya onu tamamlan­mış, başa çatmış bir rasional nəzəriyyə olaraq cəmiyyət və siyasi hakimiyyət qarşısında irəli sürür, siyasi doktrina hakimiy­yət tərəfindən tamamlanmış, başa çatmış bir rasio­nal nəzəriyyə kimi rəs­mən qəbul edildikdən sonra isə onu cəmiyyətə bir ideologi­ya kimi təqdim edir. Siyasi doktrina siyasət fəlsəfəsinin bir nəti­cəsi olaraq qətiyyət hissinin bütün çılpaqlığı ilə yaşadılması üçün, ideologiya isə ümid hissini bir məmnunluq duyğusu kimi yaşatmaq üçündür(4). Yekunlaşdırılmış şəkildə deyilərsə, siyasət fəlsəfəsi siyasəti ümu­miy­yətlə dünyanın və həyatın mə­nası kontekstində, ümumən semantik kontekstdə izah edirsə, politologiya siyasəti möv­cud siyasi empirika, mövcud siyasi ger­çək­lik əsasında izah edir, siyasət fəlsə­fəsi cəmiyyət quruculuğunun yeni metodologi­ya­sı­nı yaratdığı halda, politologiya cəmiyyət quru­cu­luğu­nun mövcud metodolo­giyasının təqdimatı ilə öz məzmununu praktik olaraq qapayır və bu qapama fərdi iradə ilə sosial iradə ara­sındakı uyğun­suzlu­ğun miqdarı ölçü­sündə tamamlanmamış fəlsəfi yaşantının məzmununu müəyyən­ləş­dirir. Məhz bu məzmun siyasi hakimiyyəti zəruri edir.
79
Siyasətin fəlsəfəsi ilə politologiya arasında aralıq element ola­raq siyasi sosiologiya dayanır. Əgər siyasətin fəlsəfəsi siyasi haki­miy­yət­lə xalqın iradəsi arasında uyğunluq yaratmaq təyinatını da­şı­yır­sa, politologiya siyasi hakimiyyəti ümumən xalqa qarşı ol­ma­sa da, ümumən xalqla yanaşı mövcud olan siyasi hakimiyyətin özünün məxsusi xüsusiyyətlərini, onun xalqla yanaşı mövcudluq üslubunu öyrənir, siyasi sosiologiya isə siyasətin fəlsəfəsi ilə polito­logiya ara­sın­da aralıq mövqe tutaraq ümumən xalqı, ümumən cəmiyyəti səciy­yələndirərkən bunu konkret empirik material əsa­sın­da həyata keçirir. Əgər siyasətin fəlsəfəsi siyasi hakimiyyəti xalqın iradəsinin, sosial iradənin ifadəçisi kimi təqdim edirsə, politologiya siyasi hakimiyyətin məxsusi xüsusiyyətlərini onun mövcud olduğu cə­miy­yət kontekstindən demək olar ki kənarda mü­əy­yənləşdirir və həmin bu kontekst siyasətin fəlsəfəsi ilə yanaşı həm də siyasi sosiologiyada diqqət mərkəzində dayanır. Əgər siyasətin fəlsəfəsi insanın daxili təlatümlərini siyasi yaradıcılıq rakursunda mənalan­dır­maq üçündürsə, politologiya sosial reallığı siyasi haki­miy­yət fo­nun­da öyrənmək üçün, siyasi sosiologiya isə əksinə olaraq siyasi hakimiyyəti sosial reallıq fonunda öyrənmək üçün mü­hüm əhəmiy­yət kəsb edə bilir (2). Əgər siyasətin fəlsəfəsi cəmiy­yətin mahiyyət baxımından mənalandırılmasından, insanın və cəmiyyətin, eləcə də, dünyanın və həyatın mahiyyətinin mənalandı­rıl­ma­sından çıxış edərək əslində cəmiyyətqurma işini həyata keçir­mək üçün və bun­dan ötrü isə hər şeydən öncə cəmiyyətqurma işinin ümumi məqsə­di­ni, məramını müəyyənləşdirmək üçündürsə, politologiya eyni zamanda həm də cəmiyyətqurma işini gerçəkləş­dir­mək­dən ötrü dəyərli analitik material olaraq istifadə oluna bilən biliklərin, bu vaxta qədər artıq qurulmuş cəmiyyətlərin mühüm bir plastının - siyasi hakimiyyətin araşdırması nəticəsində əldə edilmiş biliklərin yaradılması üçün, siyasi sosiologiya isə bu qəbildən olan biliklərin ayrı-ayrı fərdlərin və kiçik sosial qrupların davranış nor­ma­larını və münasibətlərini xırda təfərrüatlara vararaq öyrənilməsi yolu ilə yara­dılması üçündür(2). Əgər siyasətin fəlsəfəsi siyasəti dünyanın və həyatın mənası kontekstində, ümumən semantik kon­tekstdə izah edirsə, politologiya siyasəti mövcud siyasi empirika əsasında, siyasi sosiologiya isə həm siyasəti, həm də siyasi haki­miy­yəti cə­miy­yət haqqında ümumi nəzəriyyə, ümumi sosiologiya kontekstdə izah edir(3). Əgər Siyasətin fəlsəfəsi hər hansı bir situasiyada qərar qəbul etmənin ümumi mexanizmləri aşkarlamağa səy edirsə, siyasi sosiologiya qərar qəbul etmənin konkret, empirik mexanizmlərinə - konkret durumda məmurların psixoloji vəziyyə­tinə, qərar qəbul edən insanların əxlaqi prinsiplərinə diqqət yetirir, politologiya isə qərar qəbul etmənin artıq aşkarlanmış mexanizm­lərini populyar­laş­dırır(4).
80
Əvvəlcə siyasətin fəlsəfəsi yaranır, sonra dövlət, necə ki, əvvəl­cə gözəlliyin fəlsəfəsi yaranır, sonra incəsənət, əvvəlcə varlı­ğın fəlsəfəsi yaranır, sonra din, əvvəlcə təfəkkürün fəlsəfəsi yara­nır, son­ra elm, əvvəlcə əxlaqın fəlsəfəsi yaranır, sonra etik norma­lar. Sə­nət idealın aydınlaşdırılması missiyasının bir ifadəçisi kimi gö­zəl­lik fəlsəfəsinin bir nəticəsi olduğu halda, elm ideyanın forma­laşdırılma missiyasının bir ifadəçisi kimi təfəkkür fəlsəfəsinin bir nəticəsi olduğu halda, siyasət - iradənin ifadəçisi, siyasət fəlsəfəsi isə, son nəticədə, qətiyyətin qurucusudur.
81
İnsanın özü olması üçün, özünü həyatda təsdiq edə biləcək qə­dər qüdrətli olması gərəkdir, güclü iradə sahibi olması, qətiyyət sahi­bi olması gərəkdir. Qətiyyət hissi isə insanın öz ideyaları və imkanları ilə reallığı ideala yüksəldəcəyinə əminlik duyğusudur. Fəlsəfə məhz ona görə siyasətin fəlsəfəsi ilə tamamlanır ki, siyasət fəlsəfəsi insan həyatına qətiyyət hissi kimi həqiqətən də bir xoş­bəxtlik yaşantısı gətirir.
***
Güman edirəm və ümid edirəm ki, möhtərəm oxucumda mə­nə veriləsi çoxlu suallar yaranmışdır. Yaranan sualları cavablan­dır­ma­ğa həmişə hazıram. Hələlik isə əsərin birinci nəşrinin çapa hazır­lan­dığı vaxtdan, yəni 2000-ci ilin sentyabr ayından başlayaraq bu vaxta qədər verilən sualları və onlara verilən cavabları, on iki ildən bir qədər çox zamandır ki, müəyyən fasilələrlə davam edən mükali­məni möhtərəm oxucumun diqqətinə çatdırıram.


ƏSRİMİZİN İLK ƏKS-SƏDALARI:

MƏZMUN ƏTRAFINDA CANLI MÜKALİMƏ

Akif ƏLİZADƏ: Siyasətin fəlsəfəsi. Mövzu özlüyündə çox cazibəli görünür. Görünür siyasətin dərinliklərində bir fəlsəfə varmış. Çox maraqlıdır.

Bəxtiyar VAHABZADƏ: Adil Əsədovun yazıları ilə elə ilk tanışlıqdan sezdim ki, bu tamamilə yeni və tamamilə baş­­qa bir üslubdur.

Yaşar QARAYEV: Müəllifin orijinal təfəkkür üslubu ilə mən də kifayət qədər tanışam. Amma bu əsərin əlyazması mənə xüsusən möh­təşəm görün­dü. Sadəcə olaraq vərəqləyib üstündən keçə bil­mə­dim.

Həsən QULİYEV: Adil müəllim, Sizin düşüncə və yazı üslu­bu­nu­zun başlıca xüsusiyyətlərindən biri ondadır ki, is­tər-istəməz oxucunu mükali­mə­yə dəvət edir. Mən Sizin kitabın əlyazmasını maraqla oxu­­dum və məndə çoxsaylı suallar meydana gəldi. Bu suallardan mən­­tiqi olaraq birincisi belədir. Yəqin ki razılaşardınız ki, hər bir müəl­li­fin öz audi­toriyası, hər bir kitabın öz oxucusu vardır. Belə olduğu halda bəs Sizin auditoriyanız kimlərdən ibarətdir? Si­zin oxu­cu­nuz kimdir? Siz kitabı kimə ünvanlamısınız?

Adil ƏSƏDOV: Bu ünvan annotasiyada göstərilmişdir: fəlsə­fi elmlər üz­rə mütəxəssislər, siyasətçilər və siyasətşü­nas­lar, ali məktəb tələ­bələ­ri, həmçinin siyasət və fəlsə­fə mövzuları ilə maraqlanan ge­niş oxucu kütləsi.

Həsən QULİYEV: Mən bu sualı nəyə görə verirəm? Mənə elə gəlir ki, kitab üç müxtəlif janrda yazılmışdır: dialoq jan­rında, akademik janr­da və esseistik janrda. Bu janrların hər birində verilən mate­rialın öz uyğun auditori­ya­sı vardır. Dialoq janrında verdiyiniz Ötən əsrlərin mü­ka­liməsi əsasən tələbə auditoriyası üçün, esse­is­tik janr­­da verdiyi­niz Müqəddimə əsasən geniş oxucu kütləsi üçün, kitabın məzmunu­nun akademik janrda verdiyiniz qalan hissəsi isə əsasən ziyalı auditoriyası üçün daha çox oxunaqlı və müva­fiqdir.

Adil ƏSƏDOV: Mənə elə gəlir ki, bu janrların hər üçü həm tələbə auditoriyası, həm geniş oxucu kütləsi, həm də ziyalı auditoriyası üçün faydalı ola bilər. Esse­is­­­tik adlandırdığınız janrda verilən mate­ri­al həm tələbə auditoriyasını, həm də geniş oxucu küt­lə­sini özünə cəlb etməklə onlarda daha dərin fəlsəfi təhlilə ehtiyac yarada­caq və bununla da akademik janra maraq oyada­caqdır. O ki, qaldı ziyalı auditoriyasına, esseistik və dia­loq janrlarında veril­miş material onun üçün ağır akademik üslubla ünsiyyətdən öncə xoş bir istirahət olacaqdır. Di­gər tərəfdən, dialoq janrında veril­miş, Ötən əsrlərin mükali­mə­si adlandı­rı­lan başlanğıc hissə oxu­cuda ümumiy­yətlə problem situa­siyasını yaradır. Akademik və es­seistik janrlarda veril­miş material isə bu situasiyanın konkret həl­lərini verir.

Həsən QULİYEV: Burada Sizin verdiyiniz dialoq doğrudan da prob­lem situasiyasını yaradır. Bu, həqiqətən də belə­dir. Lakin Sizin ya­ratdı­ğı­nız həmin bu problem situa­siyası daha çox ümumi xarak­ter daşı­yır, Sizin öz ideya­larınızın təqdimatına başlanğıc verə bi­lə­cək kon­kret problem müəyyənliyi ilə az bağlıdır.

Adil ƏSƏDOV: Ötən əsrlərin mükaliməsinin təyinatını da mən məhz belə bir ümumi problem situasiyasının yaradılmasında görürəm. Si­zin indi söylədiyiniz həmin bu qeyddən sonra isə öz başlanğıc niyyətimi artıq həyata keçirdiyimi hesab edirəm. Siyasi klassika­nın bu ilkin təqdimatını mən ona görə vermişəm ki, Azərbaycan oxucusu­nu Azərbaycanda bu gün artıq formalaşmış mövcud siyasi fikir kontekstindən qoparıb ayırım və siyasi təfəkkür azad­lı­ğını ona bir daha qaytarım. Mənim öz ideya­larımın təqdimatı isə Müqəd­dimədən sonra başlayır.

Qunnar SKİRBEKK: Mən dünya fəlsəfəsinin yarandığı gündən bu günə qədər keçdiyi yolu əhatə edən iri həcmli fəlsəfə tarixinin müəllif­lə­rin­­­dən biriyəm. Sizi əmin edim ki, Adil Əsədovun irəli sürdüyü üslubda yazılmış başqa bir əsərə bu vaxta qədər rast gəlmə­mi­şəm.

Müşfiq ŞÜKÜROV: Mən diqqəti Ötən əsrlərin mükaliməsi, xəyali dialoq ideyasına yönəltmək istərdim. Bu, özlüyündə pis ideya deyil. Si­ya­si fikir sa­hə­sində mövcud yanaşmalar mü­əllifin doğma, canlı dilin­də ortaya qo­yu­lur. Lakin bu dialoqda ev yiyəsinin özünün işti­­rak etməməsi oxucuda mü­əyyən qədər pərtlik hissini yaradır. Yaxşı ki, müəllif son­radan da olsa ötən əsrlərin siyasi ideyaları ilə bağlı öz mövqeyini oxucuya ümumi şəkildə olsa da çatdırır.

Əlikram TAĞIYEV: Dialoq müəllifin adi olmayan fikirlərini əsaslandır­maq­dan ötrü tapdığı çox incə bir üsuldur. Bu, müəyyən mənada həm yeni, həm da artıq sınaqdan çıxmış bir üsuldur. Hər iki halda müəlli­fi ancaq alqışlamaq lazımdır. Müxtəlif alimlərin siyasə­tə ver­dik­­ləri təriflərdə bir subyektivlik duyulur, necə deyərlər, hərə gözü öz tərə­fi­nə çəkməyə çalışır. Platona görə, siyasət – birlikdə yaşamaq məha­rəti­dir. Platon görünür o zamanın kiçik şəhər-döv­lət­lərini – “po­lis”lə­ri - bir yerə toplamağa səy göstərirdi. Aristo­tel zamanında isə vəziy­yət dəyişir. Filipp, sonra da, İsgəndər polis­ləri, həm də üstəlik Asiyanı da bir imperiyada birləşdirdi. Aristo­tel bu imperiyanın idarə olunmasının ideoloji əsaslarını verdi. Aris­totelə görə, siyasət – idarə etmək sənətidir. Orta əsr islam dövlətlərində hər iki tərif öz qüvvəsini saxladı, çünki hər ikisi lazım idi. İntibah dövründə Maki­avel­li siyasəti ölkənin və millətin maraq­ları naminə əxlaqa nisbətən önə çəkdi və ona birinci dərə­cəli əhəmiyyət verdi. XIX əsrdə siyasət – «gecə gözətçisi» idi. Mar­ksizmdə siyasət – hakimiy­yət­lə bağlı fenomen kimi meydana çıxır. Müasir dünyanın ziddiyyətləri beynəl­xalq aləmdə siyasətin huma­nist­ləşdirilməsi ideya­sı­nın ortaya atılması zərurətini yaratdı. Adil Əsədovun bu əsəri həmin zərurətin ən gözəl ifadə formala­rından biridir.

İlham MƏMMƏDZADƏ: Əsərin əlyazmasında ciddi xassəli pozitiv ola­raq bir momenti də xüsusi olaraq qeyd etmək istərdim. Siya­sət haqqında bu vaxta qədər yazılan siyasiləşmiş kitablardan fərq­li ola­raq, burada siyasətin problemləri yalnız obyektiv elmi prob­lem kimi təhlil olunurlar. Siyasət haqqında bu vaxta qədər yazı­lan bir çox kitab­larda isə məhz belə bir yanaşma çatmırdı.

Teymur VƏLİYEV: Elm ideologiyadan, sinfi yanaşmadan, siyasətdən azad olmalıdır və bu əsərdə elə bunu da görürük.

Əlikram TAĞIYEV: İnsanı daim siyasiləşdirməyə çalışıblar, bu isə əs­lində insana yalnız zərər vurmuşdur. İnsanın azadlığı, sərbəst­li­yi əlin­dən alınıb, o kənardan ona yüklənən siyasi problemlərlə çulğaş­dırı­lıb. Görürsünüz, kommunist ideologiyasının hökmranlı­ğı illərin­də nə qədər fikir beşiyində boğulmuş, yeni ideyaların, filosofların yaranmasının qarşısı alınmışdır. Adil müəllim, Sizin bu gün söylədi­yi­niz bu azad fikirləri o vaxtlar söyləmək mümkün deyildi. Amma indi Siz deyirsiniz, özü də necə cəsarətlə, necə inamla. Sizi alqışlamaqdan bezmirəm. Əslində fəlsəfə də, filosof da elə belə olma­lı­dır. Filosofluq azad mühakimə yürüdə bilmə simvoludur.

Adil ƏSƏDOV: Təşəkkür edirəm. Amma mən hər halda istərdim ki, tari­xi praktikanın ortaya qoyduğu faktlara mənim söylədiyim fi­kirlərin uyğun gəldiyinə və ya nə dərəcədə uyğun gəldiyinə əmin olum. Ona görə də üzümü görkəmli tarixçimiz İqrar Əliyevə tu­taraq soruşmaq istərdim. Hörmətli İqrar müəllim, Siz Midiya kimi nəhəng bir döv­ləti yaranışından ölümünə kimi bütün xırda detalları ilə öyrən­misiniz. İndicə nəzərinizə çatdırdığım konsep­siya həmin bu konkret tarixi faktlara uyğundurmu?

İqrar ƏLİYEV: Mən Azərbaycan ərazisində mövcud olan bir çox dövlət­ləri öyrənmişəm və öyrənməkdə davam edirəm. Lakin mən başlıca olaraq tarixi faktlarla məşğulam. Tarixin nəzəri məsələ­ləri ilə professional olaraq daha çox Əfrand müəllim Daşdəmirov məşğul olmuşdur. Mənə o da məlumdur ki, siyasətin fəlsəfəsi ilə bağlı Siz­dən daha öncə Əfrand müəllim öz konsepsiyasını irəli sürmüşdür. Əfrand müəllimin konsepsiyası Sizə tanışdırmı? Əgər tanışdırsa, Əfrand müəllimin fikirləri ilə Sizin fikirləriniz arasında bir ziddiyyət varmı?

Adil ƏSƏDOV: Əfrand müəllimin konsepsiyasını əlbəttə ki, mənə kifayət qədər yaxşı tanışdır. Lakin Əfrand müəllimin fikirləri ilə mənim fikir­lə­rim arasında heç bir ziddiyyət yoxdur, əksinə, siyasi ifadələr və ter­minlər arasında olmasa da, siyasi instinktlər ara­sın­da ümumi­lik vardır. Xüsusən, siyasi gerçəkliyin doğurduğu intellektual ehti­yac­la­rı Əfrand müəllim də, mənə son dərəcə doğ­ma və yaxın olan bir mövqedən ifadə edir.

Nizami MƏMMƏDOV: Siz siyasəti fəlsəfi olaraq məna­landırarkən eko­loji problemə praktik olaraq toxun­mur­sunuz. Bu, nə dərəcədə doğ­rudur?

Adil ƏSƏDOV: Siyasi strukturların bu və ya digər tipinin formalaş­ma­sında təbii mühitin rolu ilə bağlı öz mövqeyimi monoqrafiyada vermişəm. Əlavə edə bilərəm ki, həqiqi dövlət ümumiyyətlə bir total himayəçi olaraq öz fəaliyyətini təkcə insanla­rın bir qismini digər qismindən mühafizə etməklə məhdudlaşdırma­yıb, həm da təbiəti insanlardan qoruya bilməlidir. Yaxşı ki, bu sualı verdiniz. Beləliklə, siyasət və ekologiya arasındakı münasibətlərin hər iki aspekti nəzər­dən keçirilmiş oldu. İndi isə mən bir daha Həsən müəllimin qaldır­dığı problem müəyyənliyi məsələsinə qayıtmaq istərdim. Həsən müəl­lim, belə bir müəyyənlik Müqəddimədə veri­lir.

Əli ABASOV: Adil müəllim, mən Sizin, demək olar ki, bütün əsərlərinizi oxumuşam. Bu əsərlərin əsasında ümumi konsepsiya aşkar ola­raq görü­nür. İndi Sizin haqqında söhbət açdığınız Müqəddimədə isə hə­min bu konsepsiya bir fəlsəfi sistemə çevrilməkdədir. Mən Sizin bu sistemə konservativ fəlsəfə adını verərdim. Sizin fikirləri­niz maraq­lı fikirlərdir. İndi təqdim etdiyiniz əsər da son dərəcə maraqla oxu­nur. Amma, mən bu fikirlərin bir çoxu ilə razı deyiləm. Konserva­tizm, bir qayda olaraq, dəyişiklikləri görmür, tərəqqiyə yaddır.

Adil ƏSƏDOV: Əli müəllim, mahiyyətdən qopub ayrılmanı həqiqi tərəqqi hesab etmirəm.

Əlikram TAĞIYEV: Adil müəllim, Sizin verdiyiniz Müqəddimənin əvvəlləri təq­dim etdiyiniz siyasət fəlsəfəsi ilə əlaqələndirilmir, söh­bətin mövzusu öz istiqamətini dəyişir. Nə üçün? Girişdə siya­sət fəlsə­fə­si və onun tarixi inkişafı ilə əlaqədar kiçik bir tarixi eks­kurs versəy­diniz, yaxşı olmazdımı?

Ağayar ŞÜKÜROV: Doğrudan da, monoqrafiyanın kifayət qədər bö­yük olan baş­lanğıc hissəsi siyasi hakimiyyətin fəlsəfi mənalan­dırılması ilə bilavasitə bağlı deyildir. Burada Çin fəlsəfəsinin, qə­dim yunan fəlsə­fəsinin son dərəcə ori­ji­nal səciyyələri verilir. Bu səciyyələrin hər biri ayrılıqda müstəqil və orijinal fəlsəfi əsər kimi də təqdim olu­na bilər. Amma burada müqəddimə zəminin­də verilən materialla­rın bir çoxu monoqrafiyanın bilavasitə mövzusuna aid deyildir.

Adil ƏSƏDOV: Tamamilə belədir. Bu ondan irəli gəlir ki, mən elmdə mövzudan məzmuna doğru deyil, əksinə məzmundan mövzuya doğ­ru istiqamətlənən idrak yolunu daha düzgün hesab edirəm. Elə bura­da da, monoqrafiyanın əvvəlcə məzmunu formalaşmış və sonradan bu məzmun mövzunu və strukturu müəyyənləşdirmiş­dir.

Rəna ABDULLAYEVA: Siyasi fəlsəfənin problemləri həm antik dünya­da, həm də sonrakı bütün dövrlərdə mütəfəkkirlərin diqqət mərkə­zin­də olmuşdur. İrəli sürülən postulatların dürüstlüyü, siyasi təfəkkür məntiqinin aydınlığı, siyasi qərarların gözəlliyi və əxlaqi­liyi… və beləcə bütün bunlar siyasəti və fəlsəfəni qırılmaz əlaqədə təhlil edən əsər üçün, əlbəttə ki, zəruridir. Mən Adil müəllimin əsərinin yalnız müəllif tərəfindən iltifatla mənə təq­dim olunmuş hissəsi ilə tanış ola bilmişəm. Həmin hissəni mən böyük məmnuniy­yətlə oxudum. Bu, siyasi fəlsəfənin mənəvi-əxlaqi aspektlərinə həsr olunmuş hissədir. Burada verilən estetik və etik müqəddimədə mən siyasi fəlsəfənin zərif strukturunu gördüm.

Ariz GÖZƏLOV: Kitabın başlanğıc hissəsi həm də gözəl ensiklopediya­dır. Buradan qədim yunanlarından tutmuş indiyə qədər yaşayan bü­tün görkəmli filosofların siyasi ideyaları ilə bağlı ən mühüm məlu­mat­ları almaq olar.

Tahirə ALLAHYAROVA: Cazibədar olduğu qədər də mücərrəd təzahür­lü fəlsəfəni hər bir insan zəkasına anlamlı etmək üçün Adil Əsədov fəlsəfi ənənələrimizdə artıq çoxdan ehkama çevrilən, hələ də mütləq qəbul edilən, suala yer qoymayan müddəalara sırf mahiy­yətə varmaqla zərbə endirmiş, nəzəri fəlsəfəni uzun illərin şablon, quru məzmunundan xilas etmiş, onu doğma ana dilimizin şirinliyin­də oxunaq­lı etmişdir. Müəllif ana dilimizin leksikonunu fəlsəfi­ləşdir­miş, onu fəlsəfi idrak statusunda qüdrətli etmişdir. Başlanğıcda müəl­lif siyasi aksiomatika, yəni, dövlət, cəmiyyət və azadlıq, siyasi statika, yəni, üsuli-idarə, dövlət quruluşu və dina­mi­kaya, yəni, elitaların bir-birini əvəz etməsi səbəb­lə­rinə dair politoloji klassika ilə oxucunu tanış edir. Problemin tarixinə dair lakonik ensiklopediya təsiri bağışlamaqla, bu hissə mü­əl­lifin siyasi fəlsəfəsinə daxil ol­maq­dan ötrü astana rolunu oynayır.

Ağayar ŞÜKÜROV: Adil müəllim, Siz Siyasi fəlsəfəni fəlsə­fənin son sözü kimi qiymətləndirirsiniz. Nə üçün, son söz? Burada son söz nə deməkdir? Bəs, son sözdən sonra nə olacaq?

Adil ƏSƏDOV: Axırıncı sualınızı cavablandırmaqdan başlayım. Sualını­zın cavabı belədir: son sözdən sonra əməl olacaq. Son söz odur ki, on­dan sonra daha növbəti söz söylənilmir, artıq inamla zəru­ri addım atılır. Fəlsəfənin son sözü dedikdə mən həyatın mənası ilə bağlı məsələnin fəlsəfə tərəfindən verilmiş hər hansı yeni həllini nəzərdə tuturam. Həyatı mənalandıran hər hansı bir nəzəriyyəni ver­məklə fəlsəfə öz missiyasını növbəti dəfə yerinə yetirmiş olur və uyğun fəlsəfəyaratma prosesi başa çatır. Həyatının mənasını həmin bu fəlsəfə əsasında dərk edən insan isə artıq tərəddüd, çıxılmazlıq zülmündən xilas olur, həyatının zəruri addımını inam­la atır. O ki, qaldı, məhz siyasi fəlsəfəni fəlsəfənin son sözü kimi qiymətlən­dirmə­yimə, siyasi fəlsəfə nəticə etibarı ilə cəmiyyətin ideal təşkilat­lan­dı­rılması işinə xidmət edən iradəni formalaşdırır. Cəmiy­yəti ideal təşkilatlandırma işi isə öz-özlüyündə həyatın mə­na­sı ilə bağlı məsələnin bir qədər rasional-sosioloji dildə ifadəsi­dir. Bir daha verdiyiniz axırıncı suala qayıdıram. Soruşursunuz ki, bəs son sözdən sonra nə olacaq? Son sözdən sonra – mənalı hə­yat, inamla atılmış addımlar olacaq.

Ağayar ŞÜKÜROV: Yalnız hakimiyyət cəmiyyətə öz siyasi fəlsəfəsini qə­bul etdirə bilir.

Adil ƏSƏDOV: Hakimiyyət cəmiyyətə öz siyasi fəlsəfəsini de­­yil, öz siya­si doktrinasını qəbul etdirə bilir. Belə halda hakimiyyətin siyasi nəzəriyyəsi fəlsəfə deyil, ideologiya olur.

Tamilla MƏMMƏDOVA: Siz siyasi terminologiyanı bir qədər geniş miqyasda, fəlsəfi kontekstdə təqdim edirsiniz. Bu, əlbəttə ki, yax­şı haldır. Amma belə bir yanaşma ilə bağlı məndə bir sənətkar və sənətşünas olaraq konkret bir məsələdə konkret bir sual yaranır. Siz hər bir fərdin öz həyatında gəlib keçdiyi təbii mərhələlərin hər birin­də müəyyən hakimiyyət tipinin aparıcı olduğunu qeyd edirsiniz və bu mərhələlərlə ilin fəsilləri arasında paralellər apa­rırsı­nız. Amma Siz ömrün bahar çağı olaraq nədənsə dölün ana bətnindəki həyatını ön plana çəkirsiniz. İncəsənət isə bunun ta­mamilə əksinə olaraq ömrün bahar çağını birmənalı olaraq gənc­likdə görür.

Adil ƏSƏDOV: Gənclik ömrün baharını duyur, lakin öz fərdi ömrünün baharını yox. O, bu zaman cinsi yetkinlik dövrünü yaşayaraq özü­nün daxilində özündən ayrılmaq istəyən yeni ömrün baharını duyur. Bahar yeni həyatdır, yeni həyatın başlanğıcıdır, başlanğıc­dır, var olmanın başlanğıcıdır, yoxluqdan varlığa keçiddir. Gəncin öz məx­su­si fərdi həyatı isə heç də yeni həyat deyildir, o, nə qədər gənc olsa da, onun həyatı yeni həyat deyildir, çoxdan başlanan bir həyatdır. Gənc insan ona görə baharın ətrini duyur ki, gəlməkdə olan yeni həyatın onun daxilində yaratdığı təlatüm, coşqunluq, gurultu onun öz həyatına da bir yenilik, təravət, gurultu, təlatüm, və coşqunluq gətirir. Onun başlanğıc verəcəyi, yaradacağı həyat ondan yaradıl­ması­nı gözləyir və istəyir, buna görə də onun üzünə hələ ki gülür.

Qara MUSTAFAYEV: Adil müəllimin bu mülahizələri bioloji nöqteyi-nəzərdən də tamamilə məntiqidir. Baharla bağlı mülahizələri də, elə payızla bağlı mülahizələri də. Payız sözün həm də geniş mənasında məhsul vermə dövrüdür. Ana bətnində keçən həyatın ömrün yay çağı kimi qiymətləndirilməsi də düşünürəm ki ağlaba­tandır, çünki burada dölün həqiqətən də bir insan olaraq yetiş­məsi baş verir. Ana bətninin «aristokratik hakimiyyət»in ən xalis məkanı kimi qiymət­lən­diril­məsi məsələsinə qaldıqda isə, bu, mənim bir bioloq olaraq kompetensiyamdan kənar bir məsələdir.

Adil ƏSƏDOV: Ana bətni aristokratik hakimiyyətin ona görə ən xalis məkanıdır ki, burada hakimiyyət və köləlik yoxdur, insanın dün­ya nizamı üzərində mütləq himayəsi vardır.

Fuad QASIMZADƏ: Siz hakimiyyətin əks qütbü kimi həmişə köləliyin çıxış etdiyini qeyd edirsiniz. Eyni zamanda, köləliyi ümumiyyətlə bir insanın öz iradə və zəkasını başqa bir insanın iradə və zəkasına tabe etdirməsi kimi qiymətləndirirsiniz. Bu mənanı ifa­də etmək üçün Siz köləlik sözü əvəzinə mütilik sözünü işlətsəy­diniz daha yaxşı olmazdımı?

Adil ƏSƏDOV: Ola bilər, mümkündür.

İlham MƏMMƏDZADƏ: Həsən müəllim söhbətin lap başlanğıcında müəl­lifin düşüncə və yazı üslubunun başlıca xüsusiyyətlərindən biri kimi onu qeyd etdi ki, bu üslub öz-özlüyündə oxucunu istər-istəməz mükaliməyə dəvət edir. Həcm­cə kifayət qədər böyük olan bu əsəri oxuduqca məndə də müəllifə vermək istədiyim bir sıra suallar ya­randı. Əsərin bəzi hissələrində onun metodologiya­sı belə bir təəssü­rat yaradır ki, XX əsrin Paretodan, Merlo-Ponti­dən başlayan və Sar­tori­yə kimi davam edən siyasi fəlsəfəsi elə bil ki, heç olmamışdır. Hegel ruhu və Nitşe ideyaları öz-özlüyündə maraqlıdır, siyasi fəl­səfə­də isə – yox. Bu günün siyasi fəlsəfəsi tamamilə konkretdir və sosiolo­jidir. «Millətin ruhu» hansısa müt­ləq ma­hiyyətlə əlaqələn­diril­məməlidir. Bu, Hegelin ideyasının ehkamlaşdırılması olardı. Siyasi anlayışlar diferensiasiya edilməli və müxtəlif səviyyələrdə əlaqələndi­rilməlidir, bu isə əlbəttə ki, elmin inkişafına gətirib çıxa­ra­caq­dır.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin