ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə25/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

58
Əkinçilik üçün daha yaralı olan coğrafi mühit monarxiyanı, tica­rət üçün daha yararlı olan coğrafi mühit klassik demokratiyanı və sənaye üçün daha yararlı olan coğrafi mühit isə oliqarxiyanı ön pla­na çıxarır və daha uzunmüddətli edir.
59
Normal inkişafda olan hər bir dövlət kimi və həmçinin də normal inkişafda olan hər bir ailə kimi bir fərd olaraq normal inki­şafda olan hər bir insan da öz ömrünün təbii axarında hakimiy­yət tiplərinin təbii ardıcıllığını yaşayır və üstəlik bu ardıcıllıq eyni zamanda həm də fəsillərin təbii ardıcıllığını xatırladır1. Siyasi təka­mü­lün hər bir mərhələsi həm fərdi insan ömrünün təbii inkişaf mər­hə­lələrini, həm də fəsillərin təbii ardıcıllığını yada salır. Fərdi insan ömrünün təbii inkişaf mərhələləri içərisində aristokratik hakimiy­yətin himayəsi altında olma dövrünün ən uğurlu nümunəsi olaraq dölün ana bətnində həyatı göstərilə bilər. Döl burada, ana bətnində, öz mütləq himayə məkanında özünün bir fərd olaraq təbii inkişafını yaşamaqla bərabər, həm də insanın təşəkkülü kimi möhtəşəm bir pro­sesi də yaşayır, bir insan olaraq yoxluqdan varlığa, yox olmadan var olmaya gəlib yetişir, özü də bütün həyatın və bütün bəşəriyyətin təşəkkül prosesini imitasiya etməklə. Üstəlik burada o, bütün həyat­ın və bütün bəşəriyyətin təşəkkül prosesini nəinki yalnız imitasiya edir, həm də gedişi insani təşəkkülün məzmunundan ibarət olan pro­­se­­sin daşıyıcısı olmaqla öz genetik yaddaşında insan idealını da daşı­yır və yaşadır, və hətta üstəlik həyatın və bəşəriyyətin bu vaxta qədər əldə etdiyi təcrübənin böyük bir hissəsinə qeyri-şüuri və təhtəlşüur səviyyələrdə sahib olur, təbii ki, onun mənsub olduğu nəsillərin həyatın yaranışından üzü bəri təhtəlşüur, qeyri-şüuri və şüur səviyyələrində mənimsəyə bildiyi və mənimsədiyi ölçüdə. Bü­tün həyatın və bütün bəşəriyyətin milyard illərlə gəlib keçdiyi tə­xəy­yül və idrak yollarından döl bir bioloji varlıq olaraq və gedişi insani təşəkkülün məzmunundan ibarət olan prosesinin daşıyıcısı olaraq bir daha gəlib keçir, bu dəfə bütövlükdə müqayisə olunmaz dərəcə­də daha etibarlı himayə altında və əvvəlki ilə müqayisə olun­maz dərəcədə daha asanlıqla. Yer üzərində həyatın milyard illərlə gəlib keçdiyi tarixi yolu fərd belə bir mütləq himayə altında doqquz ay ərzində gəlib keçir. Bu, ömrün bahar çağından, yəni mayalanma mərhələsindən başlayaraq doğuluşa qədər davam edir və tam hüquqla ömrün yay çağı, daha doğrusu, ömrün yay çağının birinci, əsas mərhələsi adlandırıla bilər. Çünki ömrün yay çağı insanın sö­zün tam mənasında bir insan olaraq, yetkin bir insan olaraq yetişmə dövrü hesab edildikdə o, doğuluş məqamı ilə tamamlanmır. Ana bətnində yaşanan həyat prosesinin nəticəsində insan bir bioloji növ olaraq artıq yetişsə də, təşəkkül tapsa da, o, sözün tam məna­sında yet­kin bir insan olaraq əlbəttə ki, hələ yetişməmişdir, özünün tam təşəkkülünü hələ ki tapmamışdır. Görünür elə bununla bağlıdır ki, təzə doğulmuş körpəni insan adlandırmaq bir qədər gülməli də görünür, o, insan adlandırılarkən istər-istəməz dodaqlarda bir tə­bəs­­süm də yaradır. O, sözün tam mənasında insan olmaq üçün hələ bun­­dan sonra da inkişaf etməlidir, özü də müstəqil olaraq yox, yenə də himayə altında, himayəyə onun bundan sonra da və bəlkə də da­ha çox ehtiyacı vardır. Amma əvvəlki mütləq himayə məkanından o, təbiətin hökmü ilə artıq çölə atılmışdır, indi ana ona yalnız nisbi himayə məkanını təqdim edə bilir. İndi ana ona yalnız öz məxsusi varlığından kənarda, lakin öz məxsusi varlığının lap yaxınlığında, ana qoynunda, təbiətən elə onunla təmas üçün nəzərdə tutulmuş mə­kanda himayə təqdim edə bilir, ana bir himayə məkanı olaraq öz qoynunu ona açır. Ana qoynu himayə məkanı olaraq nə qədər əziz ol­sa da və nə qədər qiymətli olsa da, amma əlbəttə ki, əvvəlki qədər mütləq deyildir, və hətta əvvəlki qədər etibarlı da deyildir. Çünki in­di ananın özünün də himayəyə ehtiyacı vardır. Ana yalnız özünün hi­ma­yəyə ehtiyacı ödənildikdə öz körpəsini himayə edə bilir, ona sahiblik edə bilir. Buna görə də körpə həm anasının himayəsinə və üstəlik həm də anası ilə birgə digər yaxınlarının himayəsinə möhtac olmuş olur. İndi ona mütləq xarakterli bioloji himayədən fərqli bir himayə, nisbi xarakterli sosial himayə, anasının və digər yaxınların, və ümumiyyətlə digər insanların qayğısı təqdim oluna bilir. Belə bir himayənin olduğu halda o, bəslənilib böyüdülə bilir, yəni öz möv­cudluğunu qoruyub-saxlaya bilir. Belə bir himayənin olmadığı halda isə onun mövcudluğuna hətta son da qoyula bilir. Lakin körpə özünün bu həssas durumundan büsbütün xəbərsiz olduğundan, ana qoynunu və yaxınların qayğısını sanki bir tiran olaraq tələb edir, özünün qışqırtısı, gur səsi ilə. Körpəsi olan ailə körpəni nə qədər sev­sə də, özünü əslində sanki bir tiranizm şəraitində hiss edir1. Uşaq dünyaya elə əslində bir tiran olaraq gəlir. Çağalıq dövrü in­sa­nın genetik yaddaşında daşınan idealının gerçəkləşdirilməsi üçün dünyaya hökm etdiyi dövrdür, öz gur səsi ilə ətrafını buna məcbur etdiyi dövrdür, ona ətrafı üzərində tiran olmaq hüququnun verildiyi dövrdür. Çağalıq – insanın öz reallığını ideala yüksəltmək inamında və qətiyyətində olduğu dövrdür, bu inam və bu qətiyyət yalnız təhtəl­şüurun dərinliklərində yer alsa da. Şüurun onda formalaşma­ğa doğru üz tutması, onun dil açmağa başlaması isə əvvəlcə, ilk mər­hələdə ona dünya üzərində daha çox üstünlük və daha çox hakimiy­yət əldə etmək üçün əlavə imkanlar versə də, bu, gələcəkdə həm də və getdikcə daha çox, dünyanın onun üzərində üstünlük və hakimiy­yət əldə etməsi üçün əlavə imkanlara malik olmasına gətirib çıxarır. İnsan dil açmağa başlamazdan, şüurun onda formalaşmasından ön­cə o, dünya üzərində hökmranlıq etmək qətiyyətində, öz təhtəlşüur məqsəd­lərini həyata keçirmək üçün dünyanı bir vasitəyə çevirmək əzmində idi, amma o, dil açdıqdan, onda şüurun formalaşmasından son­ra, dünya da onun üzərində hökmranlıq etmək və onun özünü bir vasitəyə çevirmək imkanlarını əldə edir. Maraqlıdır ki, öz şüurlu həyatının uşaqlıq dövrünə təsadüf edən hissəsini yaşayan insan özü onda bir insan olaraq daşınan potensialı və daxili meyilləri ətraf dünya­nın vasitəçiliyi ilə bu və ya digər dərəcədə uğurla gerçəkləş­dir­mək­lə və öz təhtəlşüurunda daşınan idealı bu və ya digər adek­vat­lıq dərəcəsində duruldaraq aydınlaşdırmaqla paralel ola­raq, əslin­də həm də dünyanın işlərinə də bu və ya digər dərəcədə və getdikcə daha çox yarınmağa da başlayır, əvvəlcə həyatın bir zahiri imitasi­yası olaraq, bir oyun olaraq, sonra isə özü də bir o qədər dərk etmə­dən həyatının bir işi olaraq, həm onun daxili meyillərin­dən qaynaq­lanan həyatının, eləcə həm də zahirdən, ətraf dünyadan qaynaqlanan həyatının, özü də ətraf dünyanın onun üzərində hökm­ran­lıq etmək və onu bir vasitəyə çevirmək imkanlardan yararlan­ma­ğa başlama­sın­dan daha öncə. Onun üzərində üstünlük və müəy­yən mənada hökmranlıq əldə etmiş ətraf dünya isə əldə etdiyi bu imkanlardan bilə­rək­dən və şüurlu olaraq bir müddət sonra yarar­lan­­ma­­ğa başlayır və öz mövqeyindən yararlanma dairəsini bir çox hallarda sonradan hətta getdikcə genişləndirir də. Şüurlu həyatının uşaqlıq dövrünü yaşayan insan isə bununla da bir tərəfdən, həm on­da genetik olaraq daşınan potensialın və daxili meyillərin, hətta onun təbii təyinatının belə bu və ya digər dərəcədə uğurla gerçək­ləşdirilməsi üçün, həm də onun təhtəlşüurunda daşınan idealının getdikcə durularaq aydınlaşması üçün və digər tərəfdən isə, əksinə olaraq həm onun daxili meyillərinin boğulmaya məruz qoyulması üçün, həm də onun təhtəlşüurunda daşınan idealın təhrif olun­ma­ya uğradılması üçün istifadə oluna bilən təsir imkanlarına malik dünya ilə üz-üzə qalmış olur, elə bir dünya ilə üz-üzə qalmış olur ki, onu şüurlu olaraq müstəsna dərəcədə himayə də edə bilir, yəni onun hər hansı bir sui-istifadəsinə yol vermədən onu həm bəsləyib böyüt­mək­lə davam edir, həm də həyatda düzgün, öz təbii təyinatına uy­ğun oriyentasiya götürə bilməsi üçün ona tərbiyə və təhsil verir, və bu himayəni uşaqlıq dövrünün sonuna qədər davam etdirir, ya da onu belə bir himayədən məhrum edərək, fiziki və ya mənəvi məhv­olmaya düçar edir və yaxud ən yaxşı halda vaxtından qabaq müs­təqilləşməyə təh­rik edir. Müstəqilləşmə - əslində bütün hallarda uşaqlıq dövrünün so­nu­dur, gənclik dövrünün isə başlanğıcıdır. Müs­təqil ola bilməyən kəs həyatının gənclik dövrünü əslində yaşamır, yaşa dolsa da əslin­də elə uşaq olaraq da qalır. Gəncliyin başlanğıcı müstəqil həyatın başlanğıcı, himayədə olma dövrünün isə sonudur. Gənc onun öz məxsusi təxəyyülü sayəsində artıq durularaq aydınla­şan idealını müstəqil olaraq, yəni kənardan göstəriş olmadan, öz ağlı və öz iradəsi ilə gerçəkləşdirmə əzmində olan kəsdir. Gənclik sözün tam və böyük mənasında əslində - idealın gerçəkliyidir, insan idea­lının gerçəkliyidir, insanın təhtəlşüurunda minilliklər boyunca yatan idea­lın durularaq aydınlaşması və gerçəkləşməsidir, insanın bir ilahi ideya olaraq gerçəkliyidir, əgər o, həqiqətən gənclikdirsə. Gənclik insanın sözün tam mənasında bir insan olaraq artıq yetişmə­sidir, yəni ömrün yay çağının son məqamıdır. Onun beynini daha çox məhəbbət macəralarının məşğul etməsi isə heç də və qətiyyən onun öz ömrünün bahar çağında olmasından xəbər vermir, onun ömrü­nün artıq payız çağının yaxınlaşmasından xəbər verir, ömrün payız çağının yaxınlaşmasına bir işarədir. İnsan bu işarənin göstərişi əsa­sında öz himayə məkanını, öz ailəsini qurmaqla isə öz ömrün payız çağına artıq yetişmiş olur. Ömrün payız çağı əslində insanın öz fərdi varlığında daşınan ideala bağlılıqdan tədricən əl çəkərək, öz fərdi varlığından uzaqlaşdırdığı idealın xidmətində durması ilə səciyyələndirilə bilər1. Ömrün payız çağını yaşayan insan öz fərdi var­lı­ğında daşınan idealın gerçəkləşdirilməsinə birbaşa olaraq yö­nəm­li olan həyat sürmədiyindən sözün birbaşa fəlsəfi mənasında ar­tıq gənc deyildir, amma o, özünün fərdi varlığından uzaqlaşdırdığı idealın gerçəkləşdirilməsinə yönəmli olan həyat sürdüyündən qoca da deyildir. Çünki qocalıq müəyyən fəlsəfi kontekstdə anlaşıldıqda, daha konkret deyilərsə, mənim nöqteyi-nəzərimdən baxıldıqda, in­san­­da idealı gerçəkləşdirmək əzminin qırılması mənasını daşıyır. Əgər gənclik dövrünün sonu olaraq insanın öz fərdi varlığında daşı­nan idealını gerçəkləşdirmək əzminin qırılması başa düşülsə, onda yetkin insan gənclikdən sonrakı dövrün təmsilçisi olmaqla, sözün bir­ba­şa fəlsəfi mənasında gənc deyilsə də, sözün vasitəli fəlsəfi mənasında gəncdir. Çünki insan bu halda öz fərdi varlığında daşınan idealını gerçəkləşdirmək əzmini tükəndirsə də, ümumiy­yətlə insani idealı gerçəkləşdirmək əzmi onda hələ ki tükənməmiş­dir, o, idealı öz fərdi varlığından ayırsa da, uzaqlaşdırsa da, onun gerçəkləş­diril­­mə­­si üçün real iş görür. Amma onun gördüyü real iş idea­lın gerçək­ləşdirilməsinə bilavasitə deyil, bilvasitə aid olduğun­dan, daha kon­kret deyilərsə, onun başlıca fəaliyyət sferası idealın bilavasitə ger­çək­­ləş­di­ril­məsi prosesi deyil, idealın gerçəkləş­dirilmə­si üçün vasitə­lə­rin bilavasitə yaradılmasına yönələn proses deyil, bu vasitələrlə əvəzlə­nə bilən, dəyişdirilə bilən, mübadilə edilə bilən vəsaitlərin əldə olun­ma­sına yönələn proses olduğundan, o, ideala bağlılıqdan get­dik­cə daha çox dünyaya bağlılığa üstünlük verir. Elə bu səbəb­dən­­dir ki, insan həyatının payız çağı real dünya ilə insani ideal ara­sındakı mübarizədə insani idealın real dünyaya əslində təslim olma­ğa üz tutması ilə başlayır və faydalanma xatirinə dünya ilə sövdələş­mə zəminində, demokratizm zəminində inkişaf edir. Bu dövr utili­tarist meyillərin ölgünləşməsi ilə isə başa çatır. Dünyaya qarşı dö­züm­lülü­­yün nümayiş etdirilməsi ilə səciyyələndirilə bilən qocalıq isə idealın dünyadan qoparılıb ayrılması ilə başlayır və onun başqa dünya üçün qorunub saxlanılması ilə başa çatır. Bu isə ömrün həqi­qətən də soyuq qış çağıdır.
60
Çox maraqlı bir faktdır ki, siyasi təfəkkürün tarixi dinamikası ilə bədii təfəkkürün tarixi dinamikası arasında diqqəti son dərəcə özünə cəlb edən müəyyən ümumiliklər mövcuddur. Siyasi sistem­lər­dən hər hansı birinin gur inkişaf dövründə olduğu zaman bədii yaradıcılığın konkret bir növünün də gur inkişafı müşahidə olunur. Dövlətin bir himayə sistemi olaraq meydana çıxması rəqsin, hima­yə­nin hakimiyyətlə əvəzlənməsi məqamı isə musiqinin doğuluşu ilə səciyyəvidir. Rəqs himayə olunanın himayə edənə, himayəçiyə nazlanmasını səhnələşdirə bildiyi kimi, musiqi də hakimiyyət altın­da olan insanın sıxıntılarını bir qədər yumşalda bilir, ürəyindən ol­ma­yan işi icra etməsini bir qədər asanlaşdıra bilir. Tiraniya dövrü poe­zi­yanın, monarxiya dövrü dramaturgiyanın, politiya dövrü pro­za­nın, demokratiya dövrü onların əks tərəflərinin – satiranın, ko­me­­di­­ya­­nın, lətifənin, oliqarxiya dövrü arxitekturanın və şəhərsal­ma­nın, imperiya dövrü təsviri incəsənətin gur inkişafı ilə səciyyəvi olduğu halda, teokratiya peyğəmbərlər barədə rəvayətlərin gur in­ki­­şa­fı ilə səciyyəvidir.
61
Sirkə, tamaşaya, əyləncəyə ehtiyac bir qayda olaraq o za­man yaranır ki, əməlin olacağına ümid qırılmış olur, əməlsizlik­dən do­ğu­lan gərginlik əməllə aradan qaldırıla bilmir, amma tamaşa ilə, əyləncə ilə, sirklə bir qədər yumşaldıla bilir. Sirkin, tamaşanın ön planda olduğu hallarda cəngavər mədəniyyətinin dəyərləri - cə­sa­rət, qüvvət, iradə, çeviklik, dözüm, dəqiqlik - həyata tətbiq oluna bilmədi­yi üçün, gerçək düşmənlə mübarizəyə, özünütəsdiqə tətbiq oluna bilmədiyi üçün, oyuna tətbiq olunur, özünütəsdiqə deyil, özü­nü­bəyəndirməyə xidmət edir. Həyati instinktlər həyatda nüma­yiş etdirilə bilmədiyi üçün, oyunda nümayiş etdirilir, kütlə hadisə yara­da bilmədiyi üçün hadisə görüntüsünün tamaşaçısı olur, millət ola bilmədiyi üçün publika olur. Kütlə xalq, millət ola bildikdə isə sirkə, tamaşaya, əyləncəyə, şouya ehtiyacı son dərəcə azalır, demək olar ki yox olur.
62
Dünyanın bütün xalqları, millətləri və eləcə də dövlətləri həqiqi cəngavər təbiətini və aristokratik ruhu özündə daşıyan və çox za­man genetik olaraq da bir-biri ilə bağlı olan insanlar tərəfindən ya­ra­dıl­mışdır. Bu insanların milli mənsubiyyətləri onların heç də ge­netik mənsubiyyətlərindən deyil, gerçəkləşdirdikləri məxsusi əməl­­lə­­rin­­dən qaynaqlanmışdır, çünki onların özləri milli və siyasi mən­subiyyətin yaradıcılarıdırlar. Onlar qədim yunan dövlətlərinə baş­lan­ğıc verməklə kütləni yunanlaşdırmış və özləri də yunanlaş­mışlar (Zevs başda olmaqla), Roma dövlətini yaradarkən kütləni roman­laşdırmış və özləri də romanlaşmışlar (Romul başda olmaqla), Frank dövlətini yaradarkən kütləni franklaşdırmış və özləri də frank­laşmışlar (Merovey başda olmaqla), Rus dövlətini yaradarkən kütləni ruslaşdırmış və özləri də ruslaşmışlar (Rürik başda olmaq­la), İtaliya dövlətini yaradarkən kütləni italyanlaşdırmış və özləri də italyanlaşmışlar (Lotar başda olmaqla), Fransanı yaradarkən kütləni fransızlaşdırmış və özləri də fransızlaşmışlar (Karl başda olmaqla), Almaniyanı yaradarkən kütləni almanlaşdırmış və özləri də almanlaşmışlar (Alman Lüdovik başda olmaqla), Amerika Birləşmiş Ştat­ları­nı yaradarkən kütləni amerikanlaşdırmış və özləri də ameri­kan­laşmışlar (Vaşinqton başda olmaqla). Xalqlar dövlətləri yarat­mır, dövlətlər xalqları yaradır.
63
Dövlət onun sərhədləri daxilində məskunlaşan əhalini vahid prinsiplərə uyğunlaşdırdığından əslində vahid bir xalqın formalaş­ma­sı­nı şərtləndirir. Xalq hakimiyyətdə olan tayfanın dili əsasında ol­ma­sa da, güclü iradəsi əsasında formalaşır. Etnogenez ən azı elə bu səbəbdən də yalnız dövlət fenomeni kontekstində şərh olunduqda məna kəsb edir.
64
Həqiqi aristokratik ruhu özündə daşıyan hakimiyyətin himayə məkanı dövlətin sərhədləri ilə hüdudlanan məkandan kiçik ola bil­məz. Hakimiyyətin himayə məkanı dövlətin sərhədləri ilə hüdud­la­nan məkandan kiçik olduqda, dövlət öz mahiyyətinə yadlaşır, quldur yuvasına çevrilir. Hakimiyyətin himayə məkanı dövlətin sərhəd­lərini aşdıqda isə dövlət xilaskar xarakterini kəsb edir.

65
Dövlət insan ləyaqətinin gerçəkləşməsidir, ədalətin təş­nəsi olan xalqın mərd ədalətin sosial daşıyıcısı olan cəngavərə sığınma­sıdır.
66
Hər bir xalqın qüdrətlilik və suverenlik ölçüsü onda daşınan aristok­ratik resursların ölçüləri ilə müəyyən olunur.
67
Aristokratik hakimiyyət resursları tükəndikcə siyasi həyat təd­ri­­cən öz mahiyyətinə yadlaşır, tiranizm, despotizm, monarxizm, de­mokratizm, liberalizm və həmçinin də anarxizm formalarına trans­­for­ma­siya edir. Anarxizm onun bir siyasi nəzəriyyə olaraq yara­dıcı­­larının nöqteyi-nəzərindən, hakimiyyətin yoxluğu olmaqla yanaşı, həm də siyasi hakimiyyətin əxlaqla əvəzlənməsini nəzərdə tutdu­ğun­dan, bu kontekstdə anlaşıldıqda aristokratik paradiqmanın bir addımlığındadır. Əgər anarxist doktrinada sosial həyatın özülünə qo­yul­ması nəzərdə tutulan əxlaq insanın xaricindən, transsendent dünyadan qaynaqlanmayıb, daxildən, immanent dünyadan qaynaq­la­nır­sa, anarxizm hakimiyyətin yoxluğu kimi qiymətləndirilsə də, sadə­cə olaraq hakimiyyət resurslarının tam tükənməsi demək de­yildir, aristokratik hakimiyyət resurslarının hələ də mövcudluğu­na əslində bir işarədir.
68
Dövlət yalnız aristokratik resurslar əsasında fəaliyyət göstər­dik­də öz mahiyyəti və mövcudluğu arasında uyğunluğa nail olur. Tiranik, demokratik və kommunistik təfəkkür əsasında fəaliyyət gös­­tə­­rən dövlətin mahiyyəti və mövcudluğu arasındakı münasibət isə ziddiyyət xarakterlidir. Tiranizm, demokratizm və kommunizm xarakterini kəsb etməklə, siyasi təfəkkür özünün tarixi təhrif for­ma­ları­nı yaradır. Əgər cəmiyyəti hərəkətə gətirən siyasi instinktlər nəcib təbiətlidirsə, xilaskar təbiətlidirsə, ədalətli əxlaqa istinad edir­­sə, intellektual qüdrətdən doğursa və yenilməz iradə ilə ger­çək­­ləş­diri­lirsə, dövlət öz həqiqi mahiyyətinə qovuşmuş olur, əks halda isə ədalətsizliyin dayağına çevrilərək eybəcərləşir. Zadəgan gücsü­zün himayəçisi deyildir, ədalətin və haqqın himayəçisidir. Bu­na gö­rə də, təkcə öz haqqını deyil, həm də digərlərinin də haqqını müda­fiə etməyi bacarır və müdafiə edir. Zadəgan özünü bir hima­yə­çi kimi, hakimiyyət altında olanları isə özünün doğmaları kimi dərk edir. Doğma o kəsdir ki, onun problemlərini öz problemlərin kimi, onun arzularını öz arzuların kimi yaşayırsan, yad isə o kəsdir ki, onun problemləri sənin üçün maraqlı deyildir, onun arzuları sənin üçün gülüncdür.

69
Aristokratik lider qorxutmur, sevdirir. Aristokratizm məhəb­bət üzərində qərarlaşır. Zadəgan sevdirmə yolu ilə, tiran və despot qorxutma yolu ilə, monarx şirnikləndirmə yolu ilə, demokratik li­der isə vəd və inandırma yolu ilə hakimiyyət sürür. Cəmiyyəti idarə etmək, onu nəzarətdə saxlamaq üçün zadəgan ilhamlandırır, tiran və despot hədələyir, monarx stimullaşdırır, demokratik lider isə inandırır.
70
Aristokratik prinsipin gerçəkləşdiyi cəmiyyət ən ideal cəmiy­yət­dir, ona görə ən ideal cəmiyyətdir ki, burada insanlar öz təbii təyinatlarını gerçəkləşdirdikləri üçün xoşbəxtdirlər, fəaliyyətləri xa­ri­ci determinizm üzərində deyil, daxili həyat üzərində kökləndiyi üçün azaddırlar, üstəlik həyati ideallarını reallaşdırdıqları üçün gözəl­dirlər. Elə bu səbəbdən də hakimiyyətin ən ədalətlisi, əgər belə demək mümkündürsə, ən gözəli aristokratik hakimiyyətdir. Həm də o səbəbdən ki, aristokratik hakimiyyət insanlar üzərində zora­kılı­ğa deyil, insanların zorakılıq­dan xilas edilməsinə yönəlmiş­dir. Aristokratizm elə buna görə də siyasi təfəkkürün ilkin və əzəli forması kimi çıxış edir.
71
İnsanların özünütəsdiqi üçün şərait yarada bilən siyasət dol­ğun, insani resursların sui-istifadəsinə, istismarına yol verməyən si­ya­sət isə təmizdir. Gözəl siyasət dolğun və təmiz siyasətdir. Əgər si­ya­sət həqiqətən də dolğun və təmizdirsə, onda bunun ən əyani və ən dəqiq göstəricisi o olacaqdır ki, onun nüfuz dairəsində olan cə­miy­­yət gözəl cəmiyyət olacaqdır, hər şeydən öncə o mənada gözəl cəmiyyət olacaqdır ki, bu, insanları gözəl olan cəmiyyət ola­caqdır. Ən gözəl siyasət insanları sözün birbaşa mənasında gözəl­ləş­dirən siyasətdir. Çünki insan öz təbii təyinatını gerçəkləşdir­dikdə gözəl olur.
72
Siyasət cəmiyyətdə iradənin təmərküzləşmə məkanıdır, tə­xəy­yülün təmərküzləşmə məkanı incəsənət olduğu kimi, və təfək­kürün təmərküzləşmə məkanı elm olduğu kimi. Qüdrətli təxəyyül sahibi olmayan kəs əsl sənətkar ola bilmədiyi kimi, qüdrətli təfək­kür sahibi olmayan kəs əsl alim ola bilmədiyi kimi, qüdrətli iradə sahibi olmayan kəs də əsl hökmdar, əsl siyasətçi ola bilməz. Əsl sənətkar xalqın təxəyyülünün mücəssəməsi olduğu kimi, əsl alim xalqın təfəkkürünün mücəssəməsi olduğu kimi, əsl siyasətçi, əsl hökmdar xalqın iradəsinin mücəssəməsidir.
73
Əgər siyasət çirkindirsə, bu təkcə siyasətçilərin, hökmdarla­rın günahı deyildir, bu həm də sənətkarların günahıdır ki, xalqın həqiqi ideallarını göstərə bilməyiblər, bu həm də alimlərin günahı­dır ki, xalqın həqiqi problemlərinin həlli üçün düzgün ideya verə bil­məyiblər.
74
Siyasətin fəlsəfəsi ən ümumi halda qətiyyət yaşantısını for­ma­laş­dır­malı olduğundan fəlsəfənin yerinə yetirdiyi əsas işdə, yəni dünyanı və insan həyatını mənaya yüksəltmə işində son sözü deyir. Dünya və cəmiyyət heç də bütün hallarda mənalı deyildir, çünki heç də bütün hallarda mahiyyətdən qaynaqlanmır. Mahiy­yətdən qaynaq­lan­mayan dünya, mənaya köklənməyən cəmiyyət həqiqi deyildir və ədalətli deyildir. Dünyanın və cəmiyyətin mahiyyət üzə­rin­də köklənməsi və deməli, həm də, həqiqiləşdirilməsi işi dünyanı daxildən saran həyat axınının birbaşa istiqaməti və bila­vasitə tə­yi­natıdır. Adi şüurun Tale adlandırdığı, fəlsəfi şüurun isə Dünya İra­də­si kimi səciyyələndirdiyi bu axın əlbəttə ki, ilahi mənşəlidir. Lakin dünyanın mahiyyətə qaytarılması işinin bir insa­ni istiqaməti də, əlbəttə ki, mövcuddur. Bu, qaynaqlanan insan ira­də­sidir. İradə təxəy­yülün başladığı və təfəkkürün davam etdirdiyi işi başa çatdırır. Təxəyyül idealı, təfəkkür ideyanı, iradə isə qətiyyəti forma­laş­dırır.
75
Qətiyyət bu və ya digər dərəcədə olsa da, məkanın və zama­nın bu və ya digər ölçüləri ilə məhdudlaşsa da, əslində insanları təzə­dən, yeni bir qaydada cəm edir, yeni bir cəmiyyəti və müəyyən mənada yeni bir dünyanı yaradır. Əgər ideal özünün epistemoloji, nəzəri gerçəkliyini ideyada tapırsa, praktik gerçəkliyini cəmiyyətdə tapır. İdealın siyasi gerçəkliyi nizamla qurulmuş cəmiyyət, iradənin gerçəkliyi isə hadisədir. Hadisə yeni bir cəmiyyətin, insan münasi­bət­lərinin yeni bir formasının başlanğıcıdır. Belə bir başlanğıc ola bilməyən sosial dəyişiklik hadisə deyildir.
76
Əgər indiki halda qətiyyətlisənsə, bu o deməkdir ki, edəcəyin əməlin məqsədi və mənası sənə aydındır, nəyə güvəndiyini bilirsən, bunu necə edəcəyin sənə aydındır, bunu etməmək üçün heç bir mənəvi əsasının olmadığını bilirsən və üstəlik, nəyin nəyin xatirinə etdiyin sənə aydındır. Siyasət fəlsəfəsi qətiyyət yaşantısını formalaşdıran bir amil olaraq insan həyatını yalnız o halda məna­sına qaytara bilir ki, onun doğurduğu qətiyyət hissi fəlsəfi yaşantını tamamlamış olsun, Gözəl­lik fəlsəfəsindən doğulan ideal duyumu­nun, Varlıq fəlsə­fə­sin­­dən doğulan inam hissinin, Təfəkkür fəlsəfə­sin­dən doğulan hə­qi­qət his­si­nin, Əxlaq fəlsəfəsindən doğulan təmizlik hissinin və nəhayət, Siyasət fəlsəfəsindən doğulan qətiyyət hissinin sintezin­­dən bütöv bir müdriklik yaşantısı formalaşmış ol­sun. Müdriklik və ya hikmət – əməl üçün əsas ola bilən bilikdir. Həqiqi xoşbəxtlik yalnız müdriklik xarakterini kəsb edən qətiyyətin ger­çəkləşməsidir. Belə bir gerçəkləşmə olmadıqda, müdriklik bütöv bir duyğu olaraq malik olduğu məzmunu tədricən itirməyə başlayır. Bu məzmunun başlıca hissəsini təşkil edən bir əlamət – gerçəkləşdirilmə zərurəti itirildikdə, onun qalan hissəsi başqa bir yaşantını – ümid yaşantısı­nı formalaşdırır.
77
Siyasət fəlsəfəsi qətiyyət hissi ilə ta­mamlanmayaraq, yalnız ümid yaşantısı ilə məhdudlaşmışsa, yalnız ona nail olur ki, bir vaxt, ha­çan­sa, qətiyyəti doğura biləcək bilikləri, yəni bu və ya digər siya­si doktrinanı törədir. Siyasi doktrina ümid yaşantısı ilə məhdud­laşan Siyasət fəlsəfəsinin özünüifadəsidir. Siya­si doktrina siyasət fəlsəfəsinin bir nəticəsi olaraq meydana gəlsə də, əslində politoloji problemin bir konkret həlli kimi mövcuddur.
Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin