ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə23/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

mükalİmə ÖNCƏSİ TEZİSLƏR
1
Dünyanın Platon, Hobbs, Hegel, Kont, Spenser kimi bir çox məş­hur filosofları cəmiyyəti, sözün geniş mənasında, dövləti canlı orqanizmə bənzətmişlər. Bu bənzətməni ən azı metaforik mənada qəbul etməmək isə mümkün deyildir. Elə həmin metaforik mənaya söykənərək belə bir fikir irəli sürülə bilər ki, əgər siyasi fəlsəfə bu sosial orqanizmin beyni rolunda çıxış edirsə, siyasi hakimiyyət onun ürəyi olaraq çıxış edir. Həmin mövqe platformasında dayana­raq təsdiq etmək olar ki, əgər siyasi fəlsəfə və onun təmsilçiləri sosial orqanizmin zəkasını təcəssüm etdirirlərsə, siyasi hakimiyyət və onun təmsilçiləri sosial orqanizmin iradəsini təcəssüm etdirir­lər. Zəka və iradə arasındakı münasibətlər necədir­sə, ideya və qətiyyət arasındakı münasibətlər necədirsə, siyasi fəl­sə­fə və siyasi hakimiyyət arasındakı münasibətlər də elədir. Güclü iradə dərin zəkanı tələb edir. Əgər iradə güclüdürsə, o, daimi olaraq zəkadan qidalanmanı, idraki təminatı, gerçəkləşdirilməli olan yeni ideyala­rın yaradılmasını, intellektual resursların aktuallaşdırılması­nı, məf­ku­rə­vi bazanın zənginləşdirilməsini tələb edir. Və əksinə, əgər zəka daimi olaraq inkişafdadırsa, gerçəkləşdirilməsini, deməli ki, güclü iradəni tələb edir. Bu mülahizələri fərd müstəvisindən cəmiyyət müs­təvisinə keçirsək, inamla təsdiq edə bilərik ki, əgər siyasi hakimiyyət sosial iradənin təcəssümü olaraq güclüdürsə, o, sosial zəkanın inkişafını, gerçəkləşdirilmək üçün yeni ideyaların yaradıl­ması­nı, yeni sosial məqsədlərin müəyyənləşdirilməsini və bunun əsasında da hüquqi və ideoloji bazanın daim yeniləşdirilərək möh­kəm­ləndirilməsini, başqa sözlə, siyasi fəlsəfənin daimi inkişaf­da olmasını tələb edir. Bu məqamın əksinin də analogiyası möv­cud­dur. Əgər siyasi fəlsəfə məhz sosial zəkanın təcəssümü olaraq inki­şaf edirsə, gerçəkləşdirilmə təyinatından qopub-ayrılmayıbsa, sosi­al iradənin təcəssümü olan güclü hakimiyyəti tələb edir.
2
Siyasi fəlsəfənin hər bir tarixi tipi sona qədər inkişaf etdi­rildikdə, uyğun siyasi doktrinanı törədir. Belə siyasi doktrina­la­ra kommunistik siyasi doktrina, tiranik siyasi doktrina, aristokra­tik siyasi doktrina və demokratik siyasi doktrina aid edilə bilər.
3
İdeal dövlət kommunistik siyasi doktrinada əxlaq ideyasının, tiranik siyasi doktrinada mərdlik ideyasının, aristokratik siyasi doktrinada insanın təbii təyinatı ideyasının, demokratik siyasi dok­tri­nada isə qanun ideyasının təcəssümüdür.
4
Qanun – siyasi fəlsəfənin konkret nəticələrinin hakimiyyət tərəfindən tanınması, sanksiyalaşdırılması və icraya qəbul edil­məsidir, siyasi fəlsəfənin o konkret nəticələrinin qəbul edilmə­si­dir ki, onların daimi bir prinsip olaraq gerçəkləşdirilməsi üçün məsu­liyyəti hakimiyyət öz üzərinə götürür. Qanun bu nöqteyi-nəzərdən, sosial iradənin sosial zəka ilə ortaq məxrəcə gətirilməsi­dir. Qanu­nun bir siyasi alət olaraq meydana çıxması ilə siyasi hakimiy­yət və siyasi fəlsəfə arasındakı münasibətlər sosial zəkanın və sosial ira­dənin artıq yalnız konkret canlı təmsilçiləri arasında ünsiyyət xarakterini daşımayıb, həm də siyasi hakimiyyətin canlı təmsilçiləri ilə siyasi fəlsəfənin artıq cansız, ehkamlaşdırılmış nəticələri arasın­dakı münasibətlərə transformasiya olunmuş şəkildə öz ifadəsini tapmış olur. Amma qanun bütövlükdə siyasi fəlsəfənin siyasi haki­miy­yət tərəfindən bir vaxt, vaxtilə tanınmış, sanksiyalaş­dırıl­mış və icraya qəbul edilmiş cansız, ehkamlaşdırılmış nəticələri olaraq da qalmamalıdır. Sosial zəka dərinləşdikcə və eləcə də sosial iradənin təcəssümü olan siyasi hakimiyyət gücləndikcə, onların or­taq məx­rə­cə gətirilmə məqamı, yəni qanun da zənginləşdirilməli, inki­şaf etdirilməlidir, əlbəttə ki xalqın özünün siyasi fəlsəfəsi əsasında, xaricdən zorla qəbul etdirilən prinsiplər əsasında yox. Görünür həm də elə bu səbəbdəndir ki, bəşər tarixində öz möhtə­şəm­liyi ilə se­çi­lən ölkələrdə siyasi fəlsəfə bir canlı zəka olaraq həmişə yaşadılır.
5
Dövlət özlüyündə, özünün xalisliyində və ilkinliyində nə qanu­nun, nə də hakimiyyətin mücəssəməsi olmamışdır, nə qanunun müdafiəçisi kimi, nə də hakimiyyətin öz təsir dairəsini genişləndir­məsi prosesinin nəticəsi kimi meydana gəlməmişdir, nə qanunun, nə hakimiyyətin, nə də hakimiyyət orqanlarının meydana çıxması ilə yaranmamışdır. Dövlət, qanundan və qanunvericilikdən, haki­miy­yət­dən və hakimiyyət orqanlarından daha görkəmli və daha əzə­mətli bir hadisədir. Çünki dövlətin mahiyyəti əslində onun hakimiyyət sistemi deyil, himayə sistemi olmasındadır. Çünki o, özünün xalisliyində və ilkinliyində insanın zülmdən və zülmkardan himayə məkanıdır.
6
İnsanlar zülmə, təzyiqə və azğınlığa məruz qaldıqları zaman özləri üzərində siyasi və ya qeyri-siyasi diktaturanın varlığını, zülm­­dən, eləcə də azğınlıq­dan və təcavüzdən mühafizə olunduqları halda isə özləri üzərində icmanın və ya dövlətin varlığını hiss edir­lər. Ən azı elə bu səbəbdən də, sosial həyatın dövlət struk­turunun ix­tirası insan zəkasının ən görkəmli nailiyyətləri sırasına aid edil­mə­lidir.
7
Hakimiyyətin və siyasətin ən mükəmməli himayəni, ən eybə­cəri zülmü xatırladır. Əgər insanın gördüyü iş onun təbii təyinatını gerçəkləşdirməyə istiqamətləndirilibsə, onun təbii təyinatı­nı ifadə edirsə, onun özünütəsdiqinə yönəlibsə və onun bu işdən zorla qo­pa­rı­lıb ayrılmasına yol verilmirsə, bu insan himayə altındadır. Yox, əgər insanın məşğul olduğu iş onun ürəyincə deyildirsə, onun təbii təyinatının ifadəçisi deyildirsə, onda bu iş bütün hallarda insan üzərində zülm və zorakılıqdır, az və ya çox dərəcədə olub-olma­masından asılı olmayaraq. Zülm, zorakılıq – insanın sevmə­diyi işi ona gördürmədir. İnsanları zorakılıqdan xilas etmə isə onlara onla­rın həqiqi həyati ideallarını açıb göstərmədir, onlara öz həqiqi təbii təyinatlarını gerçəkləşdirmək, öz sevimli işləri ilə məşğul ol­maq inamını və şüurunu vermədir.
8
Əgər cəmiyyətdə insanlar öz yerlərində de­yillərsə, əgər insan­lar öz təbii təyinatlarını gerçəkləşdirmirlərsə, bu cəmiyyət çir­kin cəmiyyətdir, ədalətsiz cəmiyyətdir, eybəcər cəmiy­yətdir. Bədən üçün xəstəlik adlandırılan eybəcərlik cəmiyyət üçün ədalət­sizlik kimi özünü göstərir.
9
Dövlət, nə marksizmin güman etdiyi kimi, bir sinfin di­gər si­nif üzərində hökmranlıq aparatı, nə anarxizmin güman etdiyi kimi, insan azadlığı üzərində zorakılıq sistemi kimi, nə də nasiona­lizmin güman etdiyi kimi, ari xalqının qeyri-ari xalq üzərində hakimiyyəti kimi yaranmamışdır. Həm marksizmin, həm anarxiz­min, həm də nasionalizmin təqdim etdiyi səciyyə ümumiyyətlə dövlətə deyil, öz mahiyyətinə yadlaşmış, eybəcərləşmiş dövlətə aiddir.
10
Xalis dövlət aristokratik təfəkkürün, hakimiyyət dövləti isə praqmatik təfəkkürün təcəssümü və nəticəsidir. Dövlətin himayə sistemi formasında meydana çıxması ideyasına söykənən aristo­kra­­tik siyasi təfəkkürdən fərqli olaraq mahiyyəti etibarı ilə praq­ma­tik təfəkkür üzərində qurulan potestar konsepsiya dövlətin lap başlan­ğıc­dan hakimiyyət sistemi formasında meydana çıxmasını iddia edir. Dövlətin hakimiyyət və hakimiyyət orqanları formasını alması əslindəsə onun praqmatikləşməsinin məhsuludur. Praqma­tik təfək­kür üzərində formalaşan konsepsiyaya ən xarakterik nümunə olaraq Makiavellinin siyasi nəzəriyyəsi göstərilə bilər. Ma­kia­vellinin nəzəriyyəsi praqmatik xarakterli siyasi konsepsiyasının ən bariz və ən ilkin formalarından biridir. Üstəlik onu da diqqətə çatdırmaq lazım gəlir ki, Makiavelli dövləti vətəndaş cəmiyyətin­dən fərqlən­dirər­kən və ona qarşı qoyarkən dövləti dövlət haki­miyyəti ilə eyniləşdirmiş və elə buna görə də dövlətin potestar konsepsiyasının əslində banisi olmuşdur. Marksizmin dövlət nəzəriyyəsi də potestar konsepsiyasının qəbul edilməsi üzərində qurulur. Marksizm ancaq hakimiyyət forması almış dövləti tanıyır və üstəlik dövlətin mey­dana çıxmasını ondan da daha mühüm hesab etdiyi və ondan daha əvvəl mövcud olduğunu qəbul etdiyi digər bir hakimiyyətlə, iqtisadi hakimiyyətlə, bir sinfin digər sinif üzərində mülkiyyət hakimiy­yəti ilə bağlayır. Maraqlıdır ki, praqma­tiz­mə ruhən yad olan anarxizm də dövləti əslində hakimiyyətlə ümumiləşdirdiyi üçün dövlətin təbiətinin ümumən anlaşılmasında potestar konsepsi­ya mövqeyindən çıxış edir. Lakin, anarxizm haki­miyyətin meydana çıxmasını azadlığın boğulmasının başlanğıcı ki­mi qiymətləndirə­rək, onu rədd edir və onunla mübarizə aparır, onu köləliyin mənşə­yi və sosial daşıyıcısı hesab edir, potestar konsep­siya bütövlükdə praqmatik təfəkkür üzərində qurulduqda isə anar­xizmdən fərqli ola­raq, hakimiyyətin gətirdiyi köləliyi zəruri hesab edir və ondan faydalanmağa çalışır.
11
Həqiqi dövlət həqiqi aristokratizmlə eyni vaxtda doğulur.
12
Dövlətin yaranması, təkamülü və süqut etmə mexanizmləri ailə­nin yaranma, təkamül və süqut mexanizmlərini xatırladır. Ailə­nin yaranması zamanı kişi hər şeydən öncə qadının həyatı üçün, onun bir qadın olaraq təbii təyinatını gerçəkləşdirmək üçün məsu­liy­yəti öz üzərinə götürür və qadının öz təbii təyinatını gerçəkləş­dir­­mə­sinin başlanğıcını qoyur. Qadın bununla da onda daşınan generativ resursların sui-istifadəyə məruz qoyulmaması üçün, yəni övladtörətmə təyinatı ilə istifadə olunması üçün, və eləcə də ümumiyyətlə qadına xas olan altruistik meyillərin də həmçinin təyinatı üzrə gerçəkləşdirilməsi, yəni bu meyillərin övlad böyüdüb boya-başa çatdırması yönümündə gerçəkləşdirilməsi üçün imkan əldə etmiş olur. Bu mənada ailənin yaranması ilə qadın kişinin himayə məkanına qaxil olmuş olur1.

Ailənin maskulin (Kişi) və feminin (Qadın) başlanğıcların fərd­lər səviyyəsində, daha doğrusu əks cinslərdən olan fərdlər səviyyə­sin­də bir sosial sintez forması olaraq meydana gəlməsinə bənzər bir hadisə dövlətin yaranması zamanı bütövlükdə cəmiyyət miqya­sında baş verir. Dövlət sosial həyatda maskulin və feminin başlan­ğıc­la­rın vahid bir axına qoşul­ma­sı ilə öz tarixini başlayır, amma maskulin və feminin başlanğıc­ların vahid bir axına qoşul­ması, sintezi bu halda fərdlər səviyyəsin­də, əks cinslərdən olan fərdlər səviyyəsində deyil, sosiumlar səviy­yə­sində, əks qütblü sosiumlar səviyyəsində baş verir. Maskulin təbiətli cəngavər mədə­niy­yəti ilə feminin təbiətli icma mədəniy­yəti­nin əks qütblü sosiumlar olaraq sintezi dövlətin əsasını qoyur. Bu məqamın daha konkret, daha sadə ifadəsi isə belədir ki, təbiətləri etibarı ilə sülhsevər və zəhmətkeş olan kəndli icmaları təbiətləri etibarı ilə döyüşkən və mübariz olan köçərilər tərəfindən üzülərək məhv olma təhlükəsi altında ikən köçəri tayfalardan birinin himayəsinə sığınır, onun va­sitə­si­lə di­gər köçəri tayfaların təcavüzündən mühafizə olu­nur­lar. Kəndli himayəyə sığındığı an­dan rəiyyətləşir və vergi ödəyicisi olur. Cəngavər himayəçi olduğu andan zadəganlaşır və vergi hesabına mütəmadi təminat mənbəyinə malik olmuş olur. Rəiyyətin sosial statusu və dünyaduyumu, bir qədər kobud termin­lərdən istifadə edilsə, kəbinli arvadın sosial statusunu və dünya­duyumunu xatırladır. Zadəganın sosial statusu və dünya­duyumu isə, indi bir qədər kobud deyil, bir qədər sadə terminlərdən istifadə edilsə, ailə qurmuş gəncin sosial statusunu və dünya­duyumunu xa­tır­ladır. İki insanın ailə adlı vahid bir sosial strukturda birləşməsin­dən yeni insanlar, yəni övladlar, – oğullar və qızlar mey­dana gəldiyi kimi, yuxarıda adları çəkilən iki mədə­niyyətin - cəngavər və icma mədəniyyətlərinin - dövlət adlı vahid bir sosial strukturda birləş­məsindən yeni mədəniyyətlər – zadəgan və şəhər mədəniyyətləri - meydana gəlir.



Ailənin təbii sonu valideynlərin övladtörətmə qabiliy­yətləri­nin, dünyaya yeni insan gətirmə qabiliyyətlərinin tükənməsi ilə şərt­ləndiyi kimi, dövlətin də təbii sonu, bir tərəfdən, atanın təcəs­sümü olan hakimiyyətin gücdən düşməsi ilə, iqtidarın haqqı gerçək­ləşdirmə qüdrətinin üzülməsi ilə, siyasi aristokratizmin yaradıcılıq imkanlarının tükənməsi ilə, digər tərəfdən isə, ananın təcəssümü olan, əkinçi həyat tərzi zəminində formalaşan icma mə­də­niyyətinin təkamül imkanlarının tükənməsi ilə və analıq rəmzi olan torpağın və bütövlükdə təbii mühitin eroziyası ilə şərtlənir.
13
Dövlətin yaranması üçün iki ən mühüm müqəddəm şərtlərdən biri olan cəngavər mədəniyyəti köçərilik prinsiplərinin mütləq­ləşdi­rilməsi üzərində qurulmuşdur, sosial həyatın maskulin başlan­ğıcı­nı özündə təcəssüm etdirməklə, kişi əxlaqının dəyərlərinə söy­kənir, onun başlıca əxlaqi keyfiyyətləri cəsarət və ürəklilikdir, ürə­yin çağırışına inam və ürəyə sədaqətdir. Cəngavər ağlına deyil, ürəyinə daha çox inandığından, onun üçün əməlin nəticəsi deyil, əməlin özü dəyərlidir. Nəticənin qorxusundan ürəyin səsinin bo­ğul­­ması cəngavər üçün yolverilməz olduğundan, Tale kultu cənga­vər davranışının nüvəsini təşkil edir. Burada rəiyyət yoxdur, bura­da vətəndaş yoxdur, burada igidlər vardır. Burada varlı yoxdur, kasıb yoxdur, burada yalnız mərd və onun əksliyi olan namərd vardır. Cəngavər dəyərləri çərçivəsində mərd olmayan kəs insan deyildir. Burada namərd insan kimi deyil, nəsə iyrənc bir əşya kimi qavra­nılır. Cəngavər mədəniyyətinin ən əyani təsvirlərindən biri ilə biz bizim doğma Kitabi-Dədə-Qorqud-da rastlaşırıq. Kitabi-Dədə-Qor­qud bu mədəniyyəti son dərəcə gözəl təqdim edir.
14
Dövlətin yaranması üçün iki ən mühüm müqəddəm şərtdən ikincisi olan icma mədəniyyəti əkinçi həyat tərzi zəminində təşək­kül tapmışdır, sosial həyatın feminin başlanğıcının mücəssə­mə­si ol­maq­la qadın əxlaqının dəyərlərinə söykənir, onun başlıca əxlaqi keyfiyyətləri xeyirxahlıqmərhəmətdir. İcma mədəniyyəti­nin hi­ma­yə­yə sığınmaq istəyi də onun qadın təbiətli olmasından irəli gəlir. İcma mədəniyyəti üçün səciyyəvi olan dünyagörüş mahiyyət etibarı ilə dini xarakter daşıyır. Əkinçi həyat tərzi zəmi­nin­də for­malaşan xalis icma mədəniyyəti daxilində igid yoxdur, bəndə vardır. Burada varlı-kasıb qarşıdurması da yoxdur, mömin-kafir qarşıdurması vardır. İcma mədəniyyətinin əxlaqi dəyərləri fonunda bəndəlik həqiqi insanlıq, kafirlik isə insanlığın öz mahiyyətinə yadlaşmasıdır. Tanrının bəndə üzərində hidayəti icma şüurunun başlıca ehkamlarından birini, bəlkə də, ən başlıcasını təşkil edir. İc­ma şüurunun başlıca ehkamlarından ikincisi isə Axirət gününə inam­dır. Axirət Tanrının bəndə üzərində mütləq himayəsi kimi qavranılır. Burada Tanrının bəndə üzərində hidayəti dövlətin rəiy­yət üzərində himayəsindən daha mühümdür və dövlətin rəiyyət üzərində himayəsi bir çox hallarda Tanrının bəndə üzərində hida­yətinin bir simvolu kimi qavranılır.
15
Dövlət oturaq əkinçi həyat tərzi üzərində qərarlaşan icma mə­də­niyyəti ilə köçəri həyat tərzi üzərində qərarlaşan cəngavər mədə­niy­yətinin sintezi nəticəsində özünün ilkin və əzəli formasın­da, himayə dövləti olaraq tarix meydanına çıxması anında mədə­niy­­yə­tin üçüncü tipini - zadəgan mədəniyyətini formalaş­dırır, hətta dövlətin bir himayə sistemi olaraq meydana çıxması zadəgan mədəniyyətinin formalaşması ilə əslində ifadə olunur demək daha düzgün olar. Dövlətin yaranması ilə köçəriliyin başlıca əxlaqi sər­vəti olan cəsarət icma əxlaqının başlıca dəyəri olan xeyirxah­lığın təsiri altında yeni status kəsb edir və maskulin əxlaqın yeni kodeksini formalaşdırır. Zadəgan bu kodeksin daşıyıcısı olur. Son­radan aristokratizm adını alan bu davranış kodeksində cəsarət mərdlik səviyyəsinə, xeyirxahlıq isə ədalət səviyyəsinə yüksəlir. Za­də­gan mədəniyyətinin başlıca əxlaqi dəyəri isə ləyaqətdir. Ləya­qət obrazlı şəkildə ifadə edilsə, mərdlik və ədalət adlandırılan ata-ana­dan törəmişdir. Zadəgan mədəniyyətinin başlıca əxlaqi dəyəri olan ləyaqət mübarizəni və cəmiyyət həyatına aktiv müdaxiləni nəzərdə tutduğundan, zadəgan mədəniyyəti maskulinlik prinsipləri üzə­rin­də qurulmuş mədəniyyətdir, daha doğrusu maskulinlik prinsipləri üzərində qurulmuş mədəniyyətin ikinci tarixi formasıdır.
16
Dövlət fenomeninin meydana gəlməsi şəhər adlı mühüm bir sosial strukturun və şəhər mədəniyyətinin meydana gəlməsinin də tarixi müqəddiməsi olur. Əgər mədəniyyətin üçüncü tipinin - zadə­gan mədəniyyətinin - əsası dövlətin yaradılmasının başlanğıc mə­qa­mın­da qoyulursa, mədəniyyətin dördüncü tipinin - şəhər mədə­niyyətinin - əsası zadəgan mədəniyyətinin doğuluşundan sonra, da­ha dəqiq deyilərsə, himayə dövlətinin hakimiyyət dövlətinə çevril­məsi prosesində qoyulur. Heç də təsadüfi deyildir ki, ilk şəhərlər ilk dövlətlərin mövcud olduğu ərazilərdə salınmışdır. Eramızdan əvvəl IV-III minilliklərdə Misirdə, Mesopotamiyada, Hindistanda və Çində böyük su hövzələrində tikilmiş hökmdar iqamətgahları sonradan salınmış şəhərlərin əsasına çevrilmişdir. Bu prosesdə hökm­dar­ların yanında xidmətdə olan məiyyət kütləsinin rolu xüsusilə həlledici olmuşdur. Həmin o məiyyət şəhər mədə­niyyə­tinin insani resurslarını təşkil etməklə, şəhərlinin ilkin tarixi tipi olmuşdu. Mə­iyyət kütləsi kənd təsərrüfatı ilə məşğul olmaq zəru­rətin­dən azad olunsa da, öz mövcudluğunu başqa qəbildən olan amillərdən asılı vəziyyətdə qoymuşdu. Bu kütlə özünü özgə ehtiyaclarının ödənil­mə vasitəsinə çevirməklə bunun əvəzində ve­ril­miş mükafatla yaşa­yan insanlardan ibarət formalaşdırılmışdı. Şə­hərli­nin ilk tarixi nü­mu­nəsi - hökm­darların yanında xidmətdə olan məiyyət olsa da, sonradan məiyyətin ixtisaslaşması baş verir, məiyyət kütləsi içəri­sin­dən əvvəlcə sənətkar, tacir və qasid tarixi tiplərinin, sonra isə məmur tarixi tipinin ayrılması baş verir. Mə­iyyət kütləsi özünün tarix meydanına atılması ilə həm icma, cəngavər və zadəgan mədəniyyətləri ilə artıq yanaşı duran dördüncü mədəniyyət tipini – şəhər mədəniyyətini - formalaşdırır, həm bu mədəniyyətin konkret daşıyıcısının - şəhərlinin - tarix mey­da­nına çıxmasını şərtləndirir, həm də sənətkar, tacir, qasid və məmur tarixi tiplərinin formalaş­ma­sı üçün əsas olur. Şəhər mədə­niy­yətinin başlıca əxlaqi dəyəri isə ağıllılıqdır. Ağıllılıq bu mə­dəniy­yət kontekstində yalnız nəticəsi faydalı olan işlə məşğul olmaq, nəticəsi faydalı olmayan işdən isə çəkin­mək mənasına ma­lik­dir. Şəhərli üçün ürəyinin istədiyini deyil, faydalı olanı etmək mühümdür. Şəhər mədəniyyəti femininlik prin­sipləri üzərində qurulmuş mədəniyyətin ikinci tarixi forması olur. Şəhər mədəniy­yətinin yuxarıda xatırlanan başlıca əxlaqi sərvəti – ağıllılıq - və bü­tün digər dəyərləri feminin xarakterlidir, qadın dav­ra­nış üslubunun sosial müstəvidə bir mücəssəmə formasıdır.
17
Mədəniyyətin dörd tipi ailənin dörd üzvünü xatırladır. Cən­gavər mədəniyyəti atanın, əkinçi həyat tərzi zəminində formalaşan icma mədəniyyəti ananın, zadəgan mədəniyyəti oğulun, şəhər mə­də­­niy­yəti isə qızın mücəssəməsidir. Hər bir ailə üzvünün statusu xalqın bədii təfək­küründə özünün yığcam və səlis təsvirini tap­mışdır: Ata – düşmən çəpəri, ana doğma ocağın qoruyub sax­layanı, evin dayağı, oğul – evin tacı, qız isə – yaraşığıdır.
18

Mədəniyyətin hər bir konkret tipi öz siyasi idealını hakimiy­yətin bu və ya digər formasında tapır. İcma mədəniyyəti üçün daha çox avtoritet prinsipi üzərində qurulmuş hakimiyyət forması səciy­yəvidir. Cən­gavər mədəniyyəti tiranik hakimiyyət forması ilə, zadəgan mədəniyyəti aristokratik hakimiyyət forması ilə, şəhər mədəniyyəti isə demokratik hakimiyyət forması ilə daha doğmadır. Tiranik hakimiyyətlə demokratik hakimiyyət arasında ke­çid formaları olaraq despotik hakimiyyət və monarxik hakimiy­yət çıxış edir. Demokratik hakimiyyətlə aristokratik hakimiyyət arasında aralıq element olaraq isə liberal hakimiyyət dayanır.


19
Avtoritet prinsipi üzərində qurulmuş hakimiyyət bir hakimiyyət forması olaraq özünün xalis görkəmində meydana çıxır. Bu halda icraçı təkcə iradəsini deyil, həm də zəkasını hakimiyyət sahibinə tabe etdirir. Özü də belə bir tabeolma könüllü və təmən­nasız olaraq baş verir. Amma nə zor prinsipinə istinad edən hakimiyyətdə, nə də demokratik prinsipinə söykənən hakimiyyət­də tabeolma nə könüllü, nə də təmənnasızdır.
20
Tiranik hakimiyyət yalnız iradə üzərində hakimiyyətdir. Burada yalnız hakimiyyət sürən öz ürəyinə, öz hisslərinə, öz zəka­sına etibar edir. Tiranizm şəraitində hakimiyyətin obyektləri isə öz ürəklərinə, öz hisslərinə, öz zəkalarına əslində etibar etmir­lər, onlar əslində heç hakimiyyət sürənə də bir o qədər, tam olaraq etibar etmirlər, ona yalnız müəyyən dərəcədə ümid bəslə­yirlər və həm də ondan sadəcə olaraq qorxurlar. Tiranizm ümid və qorxu hisslərinə istinad edir. Tiran hakimiyyət altında olanların öncədən rəiyyət durumunda olanlarını da, zadəgan durumunda olanlarını da eyni statusa - təbəə statusuna salır. Rəiy­yət özünü bütövlükdə himayəçinin ixtiyarına verən kəs olmaqla özünü hakimiyyətin ixtiyarına verən kəs statusunu, təbəə statusunu demək olar ki çox asanlıqla qəbul edir, zadəgan isə özü üzərində himayəçini və haki­miy­yəti qəbul etməyə çətinliklə də olsa məcbur edilir. Tiran zadə­gana da, rəiyyətə təbəə statusunu qəbul etdirməklə onları vahid bir toplum kimi formalaşdırır. Həmin bu toplum isə xalqdır.
21
Despotik hakimiyyət tiranik hakimiyyətə oxşar olaraq yalnız iradə üzərində hakimiyyətdir. Lakin despotizm tiranizmdən fərqli olaraq, hakimiyyət sürənin emosional iradəsinə deyil, artıq rasio­nal­­laş­­dırılmış iradəsinə istinad edir. Despotizmin tiranizmdən ən mühüm fərqi isə ondan ibarətdir ki, despot özünü təbəənin yalnız bir hissəsinin himayəçisi edir, özünü təbəənin yalnız bir hissəsinin hamisi kimi hiss edir, hakimiyyət altında olan digər təbəələr üzə­rin­də isə özünü sözün pis mənasında hökmdar kimi, yəni bir ağa kimi dərk edir, bütövlükdə xalqı məzlum insanlar toplumuna, yazıq bəndələr yığnağına çevirir. Əgər tiranizm ümid və qorxu hissləri üzərində qurulursa, despotizm yalnız qorxu hissinə istinad edir. Üs­tə­lik burada despot hakimiyyətin tək sahibi statusunda olsa da, əslində öz məxsusi iradəsindən, öz hisslərindən, öz zəkasından da­ha çox, himayə etdiyi və əslində mənafeyinə xidmət etdiyi azlığın dəstəyinə etibar edir və bundan daha pis olanı isə odur ki, xalqı himayə etdiyi azlığın caynağına da verir. Dövlət hakimiyyəti despo­tizm formasını əslində insanların bir qisminin digər qismi üzərində zorakılıq aparatına çevrildiyi zaman kəsb edir. Praktikada isə des­pot əksər hallarda və əslində xalqı bürokratiyanın pəncəsinə verən kəsdir.
22
Monarxik hakimiyyət hakimiyyət sürənin hakimiyyət altında olanla həm də razılaşdırılmış iradəsinə istinad edir, psixoloji olaraq gözlənti qaydasında və təhtəlşüur səviyyəsində, hüquqi olaraq isə, təsisat və təyinat qaydasında razılaşdırılmış iradəsinə. Monarxiya­da da həmçinin hökmdar xalqı öncə olduğu kimi bir təbəə kütləsi olaraq tanısa da, amma, burada təbəə onun ən aktiv və ən təşəb­büs­kar hissəsinin timsalında hakimiyyətə tam etibar etməsə də, haki­miy­yətə xidmət göstərməyə və bu xidmətin əvəzində hakimiy­yət­dən faydalanmağa daha çox çalışır. Burada hakimiyyə­tin irsi olma­sını da əslində təbəənin məhz hakimiyyətdən mütəmadi ola­raq faydalanan və hakimiyyətdən mütəmadi olaraq öz payını götü­rən hissəsi, yəni məmur statusunda olan hissəsi şərtləndirir.
23
Aristokratik hakimiyyət hissiyyat, şüur və iradə üzərində ha­kimiyyətdir. Aristokratik lider sıravinin, necə deyərlər, «haki­miy­­yət altında olanın» ürəyini onun özündən də daha yaxşı duya bil­diyi üçün, onun beynində daşınan həqiqəti ondan daha yaxşı dərk etdiyi üçün, onun həyati instinktlərini ondan daha yaxşı ifadə edə bil­­diyi üçün, ona ürəyin instinktlərinə etibar etməni təlqin edir. Hakimiyyət altında olan ifadəsini ona görə müəyyən qeyd-şərtlə veri­rəm ki, aristokratik lider insanları əslində aksidental iradənin deyil, həqiqətin sərəncamına verir və bununla da onları yaşadır, insanlara həqiqi həyatı bəxş edir. Aristokratik hakimiyyət ürəkdə daşınan həqiqətin hakimiyyətidir.
24
Demokratik hakimiyyət hakimiyyət sürənin rasional və ha­kimiyyət altında olanla verbal olaraq razılaşdırılmış iradəsinə isti­nad edir. Demokratizm, despotizmdən fərqli olaraq, hakimiyyə­tin subyekti ilə hakimiyyətin obyekti arasında razılaşdırmanı artıq yalnız tərəflərdən birinin fiziki təzyiqi altında və təhtəl­şü­ur qorxu hissiyyatı səviyyəsində deyil, həm də könüllülük qaydasında və daha pisinin hakimiyyət əldə etməsinin qarşısını almaq şüuru səviyyəsində həyata keçirir. Demokratizm onunla ən azı bir ümumi əlamətə, hakimiyyətin təsisat və təyinat qaydasında həyata keçiril­mə­si əlamətinə malik olan monarxizmdən fərqli olaraq isə, haki­miy­yət sürənlərlə hakimiyyət altında olanlar arasındakı münasi­bət­­lə­ri həm təsisat, həm də təyinat baxımından yalnız birtərəfli qay­dada deyil, həm də qarşılıqlı və canlı razılaşdırma qaydasında hə­yata keçirir. Demokratizm hətta hakimiyyətin hakimiyyət altında olanların iradəsini yerinə yetirdiyini də bəyan edir. Bu bəyan etmə siyasi reallıqda öz ifadəsini dövlətdə əsas vəzifə təsisatlarının refe­rendum qaydasında konstitusiya qəbul edilməsi yolu ilə müəyyən­ləş­dirilməsi və əsas vəzifə təyinatlarının seçki qaydasında həyata keçirilməsi faktlarında tapır.
Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin