ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə20/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
Senatın hakimiyyət strukturu olaraq yenidən meyda­na gəl­məsi də aristokratik təsisatın bir imitasiyası olaraq qiymətlən­diri­lə bilər, aristokratik təsisatın ona görə bir imitasiyası olaraq ki, se­nat indi varisi olduğu tarixi qurumun hüquqi səlahiyyətlərini demək olar ki bütövlükdə mənimsəsə də, onun aristokratik təsisat olması ən azı birmənalı deyildir.

Senatın yenidən meydana gəl­məsi ilə parlamentin öncə malik olduğu hüquqi səlahiyyətlərin çox və daha mühüm hissəsi bir sıra digər səlahiyyətlər də əlavə edilməklə indi Senata aid edilir və Senat parlamentin yuxarı palatası statusunu kəsb edir. Parlamentin öncə malik olduğu səlahiyyətlərin qalan hissəsinin hüquqi subyekti olmaq üçün isə bu səlahiyyətlərin onun tərəfindən həyata keçiril­məsi­nə bir sıra məhdudiyyətlər də qoyulmaqla parlamentin aşağı palatası təsis edilir və bu aşağı palata nümayəndələr palatası adı ilə adlandırılır.

Nümayəndələr palatası təsis olunarkən bu palatanı təşkil edə­cək kəslərə ilkin olaraq xalqın nümayəndəsi mənası verilir, ən azı rəsmi səviyyədə. Bu bir faktdır, və mən bunu qətiyyən inkar etmək fikrində deyiləm. Amma mən buraya belə bir faktın da konstatasiya­sı­nı əlavə etməyi zəruri hesab edirəm ki, oliqarxiyanın tarix meyda­nı­na çıxması ilə xalq adından təkliflər vermək və ideyalar irəli sür­mək imkanına real olaraq xalqın heç də sıravi nümayəndəsi deyil, böyük maliyyə resurslarına malik oliqarx tərəfindən dəstəklənən nümayəndəsi sahib ola bilir. Bu səbəbdən də oliqarxiyanın bir siyasi sistem olaraq təbii təkamülü prosesində xalqın nümayəndəsi tədri­cən əslində oliqarxın nümayəndəsi olur, xalqın qanun sifarişçisi hü­quqi statusu, imtiyazları və səlahiyyətləri də əslində əsasən elə oliqarxa aid olur, qanun sifarişçisinin hüquqi statusu olmasa da, imti­yazları və səlahiyyətləri bütövlükdə oliqarxa məxsus olur.

Parlamentin yuxarı palatası, Senat təsis olunduğu ilk zamanlarda oliqarxlararası razılaşmaların əldə edilməsi üçün rəsmi məkan statusunda olmuşdur. Bu baxımdan Senatın təsis olunması oliqarxların qeyri-rəsmi toplantılarına rəsmi status verilməsi kimi də dəyərləndirilə bilər. Oliqarxlar burada kardinal məsələlər ətrafında rəsmi razılaşmalara nail olmuşlar.

Senat təsis olunduğu ilk zamanlarda bir çox hallarda oliqarx­ların özlərindən ibarət formalaş­dığı halda, parlamentin aşağı pala­ta­sı­nın əksər hissəsi bir qayda ola­raq oliqarxların etibar etdikləri in­san­­lar­dan, onları təmsil edə bilən­lər­dən, onların nümayəndəsi ola bi­­lən­­lərdən formalaşmışdır. Aşağı pala­ta­nın məhz nümayəndələr pa­latası adlandırılması həmçinin elə bu kontekstdə də mənalandırı­la bilər. Parlamentin aşağı palatasına məhz nümayəndələr palatası adı­nın verilməsi bəlkə də oliqarxların nümayəndələrinin palatası kon­teksti­nə malik olmuşdur və onun təsis olunmasının əsasında da bəl­kə elə məhz bu məna, oliqarxların nü­ma­yən­də­ləri­nin palatası məna­sı dururdu, bu təhtəlşüur olaraq da baş verə bilərdi, elə şüurlu olaraq da.

Oliqarxik sistemdə parlamentin yuxarı palatasının aristokratik sistemin senatına bən­zərliyi isə yuxarıda qeyd olunduğu kimi, əsa­sən zahiri xarakter daşısa da, bununla belə, həqiqi aristokratik ruhlu iri maqnatların mümkünlüyü və siyasi həyatda aktiv iştirakı bir sıra hallarda, bəlkə də bir çox hallarda bu bənzərliyə həqiqi xarakter də verə bilir.

Oliqarxın ruhən aristokratik təbiətli olması ideal bir situasiya­dır. Doğrudur, reallıqda bu ideal situasiya yaran­maya da bilir, amma yarana da bilir. Nəzərə alınmalıdır ki, burjuanın və irsi aristokratiya­nın kəskinliklə qarşı-qarşıya durması yalnız Yeni dövrün başlanğıcı üçün səciyyəvi idi. Həm Yeni dövrün başlanğıcından öncə, həm də Yeni dövrün sonrakı, daha çox inkişaf etmiş mərhələlərində burjua ilə irsi aristokratiya arasında çox ciddi yaxınlaşma meyilləri müşahi­də olunmuşdu. Əgər Yeni dövr ərəfəsində burjua aristokratik titulla­rın mənimsənilməsinə meyilli idisə, Yeni dövrün sonrakı, daha çox inkişaf etmiş mərhələlərində irsi aristokratiyanın mənəvi deqrada­si­ya­­dan xilas olan hissəsində xalis nəzəri fəaliyyət sferasına çəkilmə meyilləri ilə yanaşı, burjualaşma meyilləri də müşahidə olundu və ir­si olaraq aristokratik mənşəli olan bu insanların burjualaşma isti­qamətin­də inkişafı hətta kifayət qədər geniş miqyasda yer almış­dı.

İrsi aristokratiyanın mənəvi deqradasiyadan xilas olaraq xalis nəzəri fəaliyyət sferasına çəkilən hissəsi bilik iqtisadiyyatının ön plana çıxması ilə səciyyəvi olan müasir dövrdə mühüm əhəmiyyət kəsb etməkdədir. İndiki postindustrial dövrdə iqtisadi fəaliyyət sfe­ra­sı­nın üstün mövqeyinin intellektual fəaliyyət sferasının üstün möv­­qe­yi ilə əvəzlənməsi baş verir və bununla bağlı olaraq belə bir fakt da xüsusu əhəmiyyət kəsb edir ki, Amerika Birləşmiş Ştatları milyarderlərin sayına görə dünyada birinci yerdə olsa da, hal-hazir­da Amerika Birləşmiş Ştatlarının nə Senatında, nə də nümayəndələr Palatasında bircə nəfər də milyarder yoxdur.

Elə bu səbəbdəndir ki, aristokratik resursların istifadəsi indi getdikcə daha çox intellektual fəaliyyət sferasında baş verdiyindən, Senat aristokratik resursların təmərküzləşmə məkanı kimi onların üzə çıxarılmasında və real siyasi problemlərin həllinə cəlb olunma­sın­da əhəmiyyətli rol oynaya bilən bir qurum da ola bilir və aristo­kra­tik mənşəli bir təsisat kimi əslində elə olmalıdır da.
***

Dövlətin ümumiyyətlə təkamülünün nəzəri-fəlsəfi baxımdan təqdimatından Azərbaycanın siyasi reallığına bir dönüş etmək istər­dim. Bu dönüş Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və 29 dekabr 2012 tarixli Fər­manı ilə təsdiq edilən “Azər­bay­can 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlıdır və həmin Konsepsiyanın “Qanunve­rici­liyin təkmilləşdirilməsi və insti­tusional potensialın gücləndiril­məsi” adlı 8-ci bölümündə irəli sürülən vəzifələr kontekstində mənim təklif etdiyim bir doktrina ətrafında düşüncələrimi özündə ehtiva edir.

Bu kontekstdə təklif etdiyim həmin doktrina son dərəcə sadə konstruksiyalı bir mülahizənin təqdimatı və əsaslandırılması kimi də qiymətlən­diri­lə bilər. Bu sadə mülahizə isə belədir: Azərbayca­nın qanunlarını Azərbaycanın alimləri yaratmalıdırlar.

İrəli sürülən doktrinanın və onun çıxış nöqtəsini təşkil edən bu mülahizənin əsaslandırılması vasitəsi olaraq mənim istinad etdi­yim başlıca arqument isə belədir:

Dövləti, əslində bütövlükdə həm də xalqı idarə etməli olan qanunların ən mükəmməllərini təbii ki o kəslər yarada bilərlər ki, onlar həmin bu xalqdandırlar, bu xalqdan olduqları üçün xalqda da­şı­nan intellektual resursların, şüuru və qeyri-şüuru mental dəyər­lərin daşıyıcılarıdırlar və üstəlik həmin bu intellektual resursları hə­rəkətə gətirə bilmişlər və eləcə də xalqda da­şı­nan şüuru və qeyri-şüuru mental dəyərlərin özlərinə maksimum dərəcədə yaradıcı xarakter verə bilmişlər. Bu səbəbdən də xalqı bütövlükdə idarə etməli olan qanun­la­rın yaradılması da məhz onlara etibar edilməli­dir. Düşünürəm ki, belə olduğu halda xalq öz mövcudluğundan, ide­al­larından və inkişafından doğan problemlərin ən optimal həllinə nail ola bilər.

Bəs, bunu necə etmək olar?

Düşünürəm ki, bunu etmək Azərbaycanın qanunverici haki­miyyətinin ikipalatalı sistem olaraq təsis olunması vasitəsilə müm­kündür.

Azərbaycanın hazırkı birpalatalı qanunverici hakimiyyət orqanı olan Milli Məclis qanun yaradıcılığı prosesində Azərbaycan alimlərinin intellektual potensialından müəyyən dərəcədə istifadə edir. Azərbaycan alimləri Milli Məclisin qanun yaradıcılığı fəaliy­yə­tin­­də həm Milli Məclisin uyğun komissiyasına dəvət olunmuş ekspertlər qismində iştirak edirlər, həm Milli Məclisin aparatında müəyyən dərəcədə təmsil olunmuşlar, və həm də Milli Məclisin üzvlərin bir qismi alimlərdirlər.

Lakin, bu vəziyyət Azərbaycan qanunlarının yaradılmasında Azərbaycan alimlərinin intellektual potensialından yalnız qismən və sporadik bir şəkildə istifadə olunmasına imkan yaradır. Əvvəla, ona görə ki, Azərbaycan qanunlarının yaradılmasında iştirak edən Azərbaycan alimlərinin yalnız bir qismi - Milli Məclisin üzvləri olanları - qanunvericilik təşəbbüsü hüququna malikdirlər. Bundan fərqli olaraq, Azərbaycan qanunlarının yaradılmasında iştirak edən dıgər alimlər - nə Milli Məclisin uyğun komissiyalarına ekspert qismində dəvət olunanlar, nə də Milli Məclisin aparatında təmsil olunanlar - qanunvericilik təşəbbüsü hüququna malik deyillər. İkincisi, Azərbaycan qanunlarının yaradılmasında Azərbaycan alimlərinin iştirak mexanizmləri bir sistem halında olmadığından, onların seçim və təyinat mexanizmi sporatik xarakter daşımaqla heç də ən optimal deyildir.

Düşünürəm ki, Azərbaycanın qanunverici hakimiyyətinin yu­xa­rı­da qeyd olunduğu kimi ikipalatalı sistem olaraq təsis olunması Azərbaycan qanunlarının yaradılmasında Azərbaycan alimlərinin iştirakının permanent və daha optimal olması üçün mümkün vasitə­lərdən biri və hətta mən deyərdim ki, ən optimalı ola bilər. Bu palatalardan birinin ərazilər üzrə əhali tərəfindən seçilən nüma­yəndə­lər­dən ibarət, digərinin isə sahələr üzrə mütəxəssislər tərəfin­dən seçilən alimlərdən ibarət təsis edilməsi təklif olunur.

Təklif etdiyimiz sxemdə Qanunverici hakimiyyətin palataları­nın adlandırılmasının dünyada artıq formalaşan ənənələrə uyğun şəkildə aparılması nəzərdə tutulur: Qanunverici hakimiyyətin şərti olaraq aşağı palata kimi səciyyələndirilə bilən birinci palatası­nın Nümayəndələr Palatası, şərti olaraq yuxarı palata kimi səciyyələn­diri­lə billən ikinci palatasının isə Senat adlandırılması təklif olunur. Nümayəndələr Palatasının üzvləri deputatlar, Senatın üzvləri isə senatorlar adlandırılır. Qanunverici hakimiyyətinin özünün bütöv­lük­də isə əvvəlki adının, Milli Məclis adının saxlanılması məqsədə­uy­ğun hesab edilir.

Nümayəndələr Palatasının üzvləri (deputatlar) inzibati-ərazi vahidləri üzrə, Senatın üzvləri (senatorlar) isə fəaliyyət sahələri üzrə seçilir.

Nümayəndələr Palatasının üzvlərini seçmək hüququna Azər­bay­can Respublikasının inzibati-ərazi vahidlərinin birinin ərazisin­də yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar, həmin ərazidə yaşayan vətəndaşların nümayəndəsi (deputatı) olaraq seçil­mək hü­qu­qu­na isə həmin ərazidə yaşayan və ali təhsilə malik olan Azər­baycan Respublikası vətəndaşları malikdirlər.

Senatın üzvlərini seçmək hüququna uyğun sahə üzrə bakalavr və ya magistr səviyyəsində ali təhsil almış və həmin sahədə çalışan, və ya həmin sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respub­li­kası vətəndaşları, Senatın üzvü olaraq seçilmək hüququna isə həmin sahə üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərə­cə­si­nə malik olan və həmin sahədə çalışan Azərbaycan Respublikası vətəndaşları malikdir­lər.

Nümayəndələr Palatasının üzvləri seçildikləri ərazi vahidinin əhalisinin nümayəndəsi hesab olunurlar və həmin əhalinin adından çıxış edirlər. Senatın üzvləri isə təmsil etdikləri sahənin yüksək ixtisasları ekspertləri olaraq fəaliyyət göstərirlər.

Nümayəndələr Palatasının üzvləri seçildikləri ərazi vahidinin əhalisinin maraqları və tələbləri əsasında həmin ərazi vahidinin məsul vəzifəli şəxslərinə deputat sorğusu göndərmək, qənaətbəxş ca­vab almadığı halda isə onların cəzalandırılması barədə yuxarı təşki­lat­lar qarşısında, və buna zərurət olduğu halda Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər. Eləcə də, Senatın üzvləri təmsil etdikləri sahənin inkişaf perspektivləri baxımından həmin sahənin məsul vəzifəli şəxslərinə sorğu göndərmək, onların cəzalandırılması barədə yuxarı təşkilatlar qarşısında, və buna zərurət aşkar olduğu halda Azərbaycan Respub­likası­nın Prezidenti qarşısında vəsatət qaldırmaq hüququna malik­dirlər.

Nümayəndələr Palatasının üzvləri olan deputatlar zonalar üzrə regional deputat qruplarında, Senatın üzvləri olan alim-ekspertlər isə təmsil etdikləri sahələr üzrə daimi komissiyalarda birləşirlər.

Nümayəndələr Palatasının üzvləri Senatın daimi komissiya­ları­nın işində və Senatın ümumi iclaslarında məşvərətçi səslə iştirak etmək hüququna malikdirlər. Eləcə də Senatın üzvləri Nümayəndə­lər Palatasının ümumi iclaslarında və redional deputat qruplarının işində məşvərətçi səslə iştirak edirlər.

Hər iki palatanın üzvləri, həm Nümayəndələr Palatasının üzvləri olan deputatlar, həm də Senatın üzvləri olan alim-ekspertlər qanunvericilik təşəbbüsü hüququna malikdirlər. Lakin, qanunverici­lik təşəbbüsü hüququ təbii ki, yalnız onlara mənsub deyildir. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası­nın Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşınin, Azərbaycan Respublikası Prokurorluğu­nun və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qanunveri­ci­lik təşəbbüsü hüququna malik olması barədə Azərbaycan Respub­lika­sı­nın Konstitutsyasında indi təsbit olunan məqam düşünürəm ki elə 2020-ci il üçün də mütləq dəyər kəsb edəcəkdir. Əgər Azərbay­can Respublikasının Prezidenti qanunvericilik təşəbbüsü hüququn­dan bütövlükdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin inkişafı və maraqlarının qorunması üçün istifadə edirsə, qanunve­rici­lik təşəbbüsü hüququnun digər sahibləri, o cümlədən Nümayən­də­lər Palatasının və Senatın üzvləri qanunvericilik təşəbbüsü hüqu­qundan Azərbaycan xalqının və Azərbaycan dövlətinin inkişafının və maraqlarının qorunmasının konkret aspektləri üzrə is­ti­fadə edirlər. Nümayəndələr Palatasının üzvləri seçildikləri ərazinin və­tən­daş­larının maraqları baxımından, Senatın üzvləri isə təmsil et­dik­ləri sahənin inkişaf perspektivləri baxımından qanunve­ricilik təşəbbüsü ilə çıxış edirlər.

Nümayəndələr Palatasının üzvü olan deputat tərəfindən qanunvericilik təşəbbüsü ilə irəli sürülən qanun layihəsi ilkin olaraq həmin deputatun daxil olduğu regional deputat qrupunda müzakirə olunur, məqbul hesab edildiyi halda qanun layihəsi müzakirə zama­nı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə ekspert qiymətləndirilməsi üçün Senatın uyğun daimi komissiyasına, və ya, qanun layihəsi iki və ya daha artıq da­imi komissiyanın kompetensiyasına aid olduğu halda, qanun layihə­sinin predmetinə uyğun sahələr üzrə daimi komissiyalara göndərilir. Qanun layihəsi Senatın uyğun daimi komissiyasında (və ya, komis­siyalarında) müzakirə olunduqdan sonra müvafiq ekspert qeydləri ilə qanun layihəsinin müəllifinin daxil olduğu regional deputat qrupuna göndərilir və göstərilən ekspert qeydləri nəzərə alınmaqla həmin regional deputat qrupunda yenidən müzakirə edilir, məqbul hesab edildiyi halda burada müzakirə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə Nümayəndələr Palatasının ümumi müzakirəsinə verilir. Nümayən­dələr Palatası qanun layihəsini müzakirə edir, məqbul hesab edildiyi halda onu burada müzakirə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə Senatın ümumi müzakirəsinə göndərir. Senat qanun layihəsini növbəlilik qay­dasında müzakirə edir və onun qəbul edilməsi və ya, yenidən uyğun da­imi komis­siyaya və ya komissiyalara göndərilməsi, ya da həmin qanun layi­həsi ilə bağlı müzakirələrin dayandırılması barədə qərar qəbul edir. Senat qanun layihəsini tamamlanmış və hazırkı gün üçün mükəm­məl hesab etdiyi və bu səbəbdən də onun qəbul olunması barədə Qərar qəbul etdiyi halda Qanun layihəsi və onun Senat tərəfindən qəbul edilməsi barədə Qərar Azərbaycan Respub­lika­sı­nın Prezidentinə göndərilir. Azərbaycan Respublikasının Pre­zi­den­ti qa­nun layihəsini ölkənin ümumi maraqları baxımından qiymət­ləndi­rərək ya təsdiq edir, ya uyğun düzəlişlərin edilməsi üçün yenidən Senatın müzakirəsinə qaytarır, ya onun tətbiq sahəsinə müddətli və ya müddətsiz məhdudiyyətlər qoyur, ya da onun tət­biqinin ümumiy­yətlə istisna olunması barədə qərar qəbul edir. Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfin­dən təsdiq edildiyi halda Qanun statusunu alır və Azərbaycan Res­pub­li­kasının Prezidenti tərəfindən təyin olunan zamandan etibarən qanuni qüv­vəyə minir.

Nümayəndələr Palatası Senata göndərdiyi qanun layihəsi üzrə müzakirələrin dayandırılması barədə Senatın qəbul etdiyi qərardan Azərbaycan Respublikasının Prezidentinə protest verə bilər.

Senatın üzvü tərəfindən qanunvericilik təşəbbüsü ilə irəli sürü­lən qanun layihəsi də oxşar prosedurlara məruz qoyulur. Se­nato­run irəli sürdüyü qanun layihəsi ilkin olaraq onun daxil olduğu daimi komissiyanın iclasında müzakirə olunur, məqbul hesab edildiyi hal­da müzakirə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə Senatın ilkin ümumi müzakirəsinə çıxarılır və burada müzakirə olunduqdan sonra mü­zaki­rə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edil­məklə onun birinci oxunuşda qəbul edilməsi və ya, yenidən uyğun komissiyaya və ya, komissiyalara göndərilməsi, ya da həmin qanun layihəsi ilə bağlı müzakirələrin dayandırılması barədə qərar qəbul edir. Senat qanun layihəsini birinci oxunuş mərhələsi üçün məqbul hesab etdiyi halda onu regionların maraqları baxımından müzakirə olunmaq üçün Nümayəndələr Palatasına göndərir. Nüma­yən­də­lər Palatasının üzvləri qanun layihəsini seçildikləri ərazinin əhalisinin maraqlarına uyğunluq baxımından müzakirə edirlər və qanun layi­hə­sinə müvafiq dəyişiklikləri edərək onu yenidən Senatın müzakirə­sinə göndərirlər. Senat qanun layihəsini növbəlilik qaydasında mü­za­ki­rə edir və müzakirə zamanı söylənilən və müna­sib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə onun ikinci oxunuşda qəbul edilməsi və ya, uyğun komis­siyaya və ya komis­siyalara göndəril­məsi barədə qərar qəbul edir. Se­nat qanun layihə­sini tamamlanmış və hazırkı gün üçün mükəm­məl hesab etdiyi və bu səbəbdən də onun ikinci oxunuşda qəbul olunması barədə Qərar qəbul etdiyi halda Qanun layihəsi və onun Senat tərəfindən qəbul edilməsi barədə Qərar Nümayəndələr Pala­tası­nın üzvü olan deputat tərəfindən qanunvericilik təşəbbüsü əsasında irəli sürülən qanun layihəsi halında olduğu kimi Azərbay­can Respublikasının Preziden­tinə göndərilir. Qanun layihəsininin Azərbaycan Respublikasının Pre­zi­denti tərəfindən ölkənin ümumi maraqları baxımından qiy­mət­­lən­diril­məsi və müvafiq qərar qəbul edilməsi analoji qaydada həyata keçirilir.

Analoji qayda həmçinin Azərbaycan Respublikasının Ali Məh­kə­mə­si, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min və­tən­daşı, Azərbaycan Respublikası Prokurorluğu və Naxçıvan Mux­tar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəb­büsü əsasında təqdim olunan qanun layihələrinə də tətbiq edilir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanun­verici­lik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri ilə bağlı prosedur qaydaları Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azər­baycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı, Azərbaycan Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respubli­kası­nın Ali Məclisi və eləcə də, Senatın və Nümayəndələr Palatasının üzvləri tərəfindən təqdim olunan qanun layihələri ilə bağlı prosedur qaydalarından başlıca olaraq onunla fərqlənir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü əsa­sın­da təqdim olunan qanun layihələrinin müzaki­rəsinin dayandı­rılması barədə qərar qəbul edilə bilməz, onların tətbiq sahəsinə müddətli və ya müddətsiz məhdudiyyətlər qoyula bilməz, onların tətbiqinin istisna olunması barədə qərar qəbul edilə bilməz.

Mənim təklif etdiyim başlıca sxem budur. Bu sxemin bəzi konkretləşdirmələri tələb edən bir sıra əlavə təfərrüatları da vardır ki, bu təfərrüatlarla bağlı düşüncələrimi möhtərəm oxucumla və mə­nim konsepsiyam ətrafında müzakirələrə qatılan hörmətli həm­kar­­larımla bölüşmək istərdim. Amma dərhal qeyd edim ki, bu təfər­rüat­lar təklifin yuxarıda təqdim etdiyim başlıca məzmunu ilə mü­qa­yi­sədə ikinci dərəcəli əhəmiyyətə malikdir və təklifin başlıca məz­mu­­nu­na əlavə kimi nəzərdən keçirilə bilər.

Bu təfərrüatların bir qismi seçkilərdə iştirak edən elektoratın təsnif edilmə (qruplaşdırılma) prinsipi ilə, digər qismi palataların formalaşdırılma qaydaları ilə, üçüncü bir qismi isə səslərin hesab­lanması prinsipləri ilə bağlıdır.

Mən bu təfərrüatlarla bağlı mülahizələrimi möhtərəm oxucu­mun diqqətinə hər bir palata üzrə ayrıca təqdim edirəm:

Öncə Nümayəndələr Palatasına seçkilərdə iştirak edən elek­tora­­tın təsnif edilmə (qruplaşdırılma) prinsipi, Palatanın özünün formalaş­dırıl­ma qaydaları və üzvlərinin səslərin hesablanması prinsipləri ilə bağlı.

Nümayəndələr Palatasına seçkilərdə iştirak edən elektoratın qruplaşdırılmasının ümumi prinsipini mən belə görürəm:

Nümayəndələr Palatasının üzvlərinin indiki kimi, 40 000 sayda əhalinin yaşadığı ərazi üzrə yaradılan seçki dairələri üzrə deyil, inzibati rayonlar üzrə seçilməsini təklif edərdim. Bir qədər də konkretləşdirilsə, ölkənin paytaxtının da rayonları daxil olmaqla hər rayondan bir deputat və paytaxt və rayon mərkəzi statusunda olan şəhərlər istisna olmaqla digər bütün Respublika tabeliyində olan şəhərlərin hər birindən bir deputat olmaqla seçilməsini məqsədə­uyğun hesab edərdim.

Nümayəndələr Palatasının formalaşdırılma qaydalarından bi­rin­ci­si və ən mühümü artıq şərh edilmişdir: Nümayəndələr Pala­tası­nın üzvləri (deputatlar) regional deputat qruplarında birləşir­lər.

Mən həmin regional deputat qruplarının aşağıdakı kimi təşkil olunmasını məntiqi hesab edərdim.



Bakı-Abşeron regional deputat qrupu. Bu regional deputat qrupuna Böyük Bakı inzibati vahidinə daxil olan rayonlarının hər birindən, və eləcə də Böyük Bakı İnzibati vahidinə daxil olmayan Abşeron rayonunun seçki hüququ­na malik əhalisi tərəfindən seçilən bir deputat, Respublika tabeliyin­də olan Sumqayıt şəhərindən şə­hərin seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində ya­şa­yan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azər­bay­can Respublikasının Prezidenti tərəfindən təyin edilən bir depu­tat və regional qeyri-hökumət təşki­latları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 16 de­putat).

Şimal regional deputat qrupu. Bu regional deputat qrupuna Xaçmaz, Xızı, Quba, Qusar, Siyəzən, Şabran rayonlarının hər birin­dən həmin rayonlarının seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaş­lar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərə­findən seçilən bir deputat daxildir (bütövlükdə, 8 deputat).

Şimal-Qərb regional deputat qrupu. Bu regional deputat qrupuna Ağsu, Balakən, İsmayıllı, Qax, Qəbələ, Qobustan, Oğuz, Şama­xı, Şəki (Respublika tabeliyində olan Şəki şəhəri də daxil olmaqla), Zaqatala rayonlarının hər birindən həmin rayonlarının seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 12 deputat).

Cənub regional deputat qrupu. Bu regional deputat qrupuna Astara, Lerik, Lənkəran (Respublika tabeliyində olan Lənkəran şə­hə­ri də daxil olmaqla), Masallı, Yardımlı rayonlarının hər birin­dən həmin rayonlarının seçki hüququna malik əhalisi tərəfindən se­çi­lən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaş­lar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən tə­yin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfin­dən seçilən bir deputat daxildir (bütövlükdə, 7 deputat).

Aran regional deputat qrupu. Bu regional deputat qrupuna Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Göyçay, Hacı­qabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar, Yevlax (Respublika tabeliyində olan Yevlax şəhəri də daxil olmaqla), Zərdab rayonlarının hər birindən həmin rayonları­nın seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, Res­publika tabeliyində olan Mingəçevir və Şirvan şəhərlərinin hər birindən seçki hüququna malik əhali tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 22 deputat).


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin