ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə29/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

Adil ƏSƏDOV: Bəs, xalqın mənəviyyatın­da­kı zənginlikləri Azərbaycan gerçəkliyinə hopdurmadan, bizə yalnız Qərbdən daşınan dəyər­lər­lə cəmiyyəti gözəlləşdirə bilərikmi? Azərbaycanın dövləti Azər­baycan mənəviyyatın­ın mücəssəməsi olmalıdır.

Yusif RÜSTƏMOV: Adil müəllimin mülahizələri ümumən qəbul olun­muş fikirlərə uyğun deyildir, amma, ümumən qəbul olun­­­muş fikir­lər­dən daha düzgündür. Xüsusən, indi müzaki­rə olunan mövzu ətrafında.

Müşfiq ŞÜKÜROV: Adil müəllim, Asif Ata ömrünün sonlarına yaxın çox din, din deyirdi. Bu məni qorxutdu. Elə buna görə də on­dan uzaq­laşdım. İndi Siz də elə dövlət, dövlət, hökmdar, hökm­dar deyir­siniz.

Adil ƏSƏDOV: Amma, ümid edirəm ömrümün sonuna hələ çox var.

Müşfiq ŞÜKÜROV: Doğrusu bir məsələ məni narahat edir. Adil mü­əl­lim, cəmiyyəti əsas qayğı obyekti götü­rən filosof üçün Müt­ləq Həqiqət əsas olaraq qala bilərmi? Mə­­nə elə gəlir ki, bu halda filosof hakim təfəkkürü üstdə köklənir.

Adil ƏSƏDOV: Qoyduğunuz sualı müsbət cavablandırıram. Sonun­cu cüm­ləniz ilə isə tamamilə razıyam, amma ona Sizin ver­diyiniz mə­na yox, mənim verəcəyim məna verilsə. Mən aris­to­kra­tik dün­ya­­gö­rü­şün bir ifadəçisi olaraq, bəlkə də, ha­kim təfəkkürünün nəzəriy­yə­çisi­­yəm. Bu, birmənalı olaraq be­­lə­­dir. Mənim təfəkkü­rüm əslin­də, öz təbiəti etibarı ilə hakim təfəkkürüdür. Yeri gəl­mişkən mən ümumiyyət­lə hakim təfəkkürünü müxalifətçi təfək­kü­rün­dən fərqlən­dirər­dim. Bu fərq, düşünürəm ki, siyasi səciyyə daşımaqdan daha çox, psixoloji səciyyə daşıyır. Müxalifətçi təfək­kürünün daşıyıcısı hər zaman və hər yerdə, bir qayda olaraq, yalnız pis cəhətləri ax­tarır və həmin bu pis cəhətləri də müt­ləqləşdirir, onun diqqət mərkəzində dünyanın gözəlliklərin­dən daha çox, dünyanın eybəcərlikləri daya­nır. Hakim təfəkkürünün daşıyıcısı isə bir qayda olaraq uğurları, müvəffəqiyyəti, gözəllik­lə­ri görməyə meyillidir, eybəcərlikləri isə müt­ləqləşdirməyə de­yil, daha çox aradan qaldırmağa qərarlıdır.

Müşfiq ŞÜKÜROV: Hakim üçün kəmiyyət keyfiyyətdən önəmlidir. “Cə­min xatirinə təkcəni qurban vermək olar”, düşünür hakim. Əsil Həqi­qət «cəm həqiqəti», haradasa, statistik, inteqral həqi­qət ilə əvəz olu­nur bu məntiqdə. Dostoyevski isə bəşərin xi­lası üçün bir körpə­nin göz yaşlarına da qıya bilmirdi…

Adil ƏSƏDOV: Cəmiyyətin himayə prinsipi üzərində təşkilatlan­ma zərurəti və bu zərurəti ifadə edən aristokratik siyasi dok­trina elə kör­pə­nin, müdafiəyə möhtac olanın himayəsini nə­zərdə tutur. Kör­pə yırtıcının pəncəsinə verilməsin deyə, aris­to­­kra­tizm lazım­dır, aris­tokratizmin – insanları himayə etmə, qoruma instinktinin sosial mücəs­səməsi­dir.

Müşfiq ŞÜKÜROV: Adil müəllim, Sizin ideal situasiya kimi təsvir etdi­yi­niz himayə, yalnız anonimlik şəraitində, məsələn, döv­lət himayə­si şəraitində müəyyən qiymətə malikdir. Əksər tə­za­hür forma­ların­da himayəçi ilə himayə olunan münasibət­ləri qeyri-sağlam situasiyanın yaranması ilə nəticələnir. Vali­de­yn – övlad, həkim – xəstə, müəllim – tələ­bə… mü­na­sibət­lə­ri heç də idillik münasibət­lər deyil, ən nümunəvi hal­ları gö­tür­dük­də belə. Zəruri, həyati münasibətlərdir, am­ma mütləq mü­nasibətlər deyildir. Şərq mis­tik­ləri ayaq üstə qo­ya bildik­lə­ri tələbələrini özlərindən uzaq­laşdırır­dılar. Hi­ma­yə­nin ağır yük olduğunun fərqində idilər.

Adil ƏSƏDOV: İnsanları himayə etmək, onların həyatı və xoşbəxt­liyi üçün məsuliyyəti öz üzərinə götürmək, əlbəttə ki, ağır yükdür. Lakin məsələnin başqa bir tərəfi də, əlbəttə ki, var­dır: Müəlli­minin birbaşa himayəsi, qayğısı, nəzarəti altında olan tələbəni müəllim heç zaman, sözün böyük mənasında, «ayaq üstə qoya» bilmir. Bir müəllimi onu özündən ayırsa da, o, özünə həmişə baş­qa, təzə müəllimlər axtarır. O ki, qal­dı dövlət himayəsinin ano­nim­liyi ilə bağ­­lı Sizin qeydinizə, döv­ləti anonim hesab etmək, məncə, naşükür­lükdür. Dövlət – onsuz da, öz-özünə, insani müdaxilə olmadan da möv­cud olan bir şey deyildir, gərgin siyasi yaradıcılığın məhsulu­dur.

İsaxan VƏLİYEV: Adil müəllim döv­ləti himayə sistemi kimi təqdim edir. Bu, çox maraqlı nəzəriyyə olmaqla yanaşı, həm də yeni nə­zə­­riy­yədir. Nə fəlsəfədə, nə də hüquqda belə bir nəzəriyyə hələ ki olma­mış­dır.

Müşfiq ŞÜKÜROV: Amma Adil müəllimin bütün fikirləri ilə də razılaş­maq olmaz. Adil müəllim qeyd edir ki, «aristokratik lider sırav­inin…ürəyini onun özündən daha yaxşı duyur». Bu fi­kir çox məsu­liy­yət­li mühaki­mədir. Teymur Nəsimini, Napo­le­on Tolstoyu onla­rın özündən daha yaxşı duyur demək­dir. Mən tarixi liderləri misal götürürəm, çünki bəşəri prakti­ka bunları «istehsal etmək» iqtidarın­da­dır. Teymurlar Nəsi­mi­lə­rin mahiyyətindən xəbərsiz­dir­lər. Onların nə be­yin­lə­ri­nin, nə də ürəklərinin parametr göstə­ri­ciləri kifayət elə­mir ki, təfəkkür yiyələrini axıra qədər anlaya bilsinlər. Onlar nəsi­mi­lə­ri hakimiyyətlərinə yal­­­nız təhlükə meya­rı ilə qiymətləndirirlər. Bu yolla mütəfəkkiri dərk etmək isə onu tərəzidə çək­mək­lə dərk etmək qədər uğursuzdur. Hakimin həqi­qəti haki­miy­yətdir, o, başqa bir şeyə uymağa, onu dərk etməyə meyilli deyil. Dərk etmədə ümumiyyətlə aşırı iradə maneədir, Sizə elə gəlmirmi?

Adil ƏSƏDOV: Yox, mənə qətiyyən elə gəlmir. Əmir Teymur Nəsimini hi­ma­­yə edirdi. Bu, bir tarixi faktdır. Nəsiminin düşmənləri onu yal­nız Teymurun ölü­mündən sonra edam edə bildilər. Dövlət ümumiy­yətlə insanların bir qismini digər qisminin təcavüzündən hi­ma­­yə etməyə təyinatlıdır. Dövlətin belə bir səciyyəsi müəyyən dərə­cədə marksizmdə də vardır. Marksizm belə güman edir ki, döv­lət istehsal vasitələri üzərində mülkiyyət sahibi olanları is­teh­sal vasitələri üzərində mülkiyyət sahibi olmayanlardan quru­yur, hi­ma­­yə edir. Lak­in dövlət marksizmin güman etdiyi kimi, yalnız və sadəcə olaraq istehsal vasitələri üzərində mülkiyyət sahibi olanları, bir qə­dər sadələşdirilmiş şəkildə desək, var-döv­lət sahiblərini var-dövlət sahibi olmayanlardan, var­lı­ları kasıb­lar­dan xilas etməyə təyinatlı deyildir. Dövlət ümumiyyətlə haqlını haqsızın təzyiqindən xilas etməyə, himayə etməyə tə­yinatlıdır. Buraya onu da əlavə etmək olar ki, dövlət bir çox hallarda həyatda uğur qazananları həyatda uğur qazanmayanla­rın təzyiqindən, uğursuzluğa düçar olanların qəzəbin­dən də xilas etməli olur. İstedadlı­ları istedadsızlardan, Tanrı vergisi­nə sahib olan­ları Tanrı vergisinə sahib olmayanlar­dan himayə e­mək öhdəliyi də bir çox hallarda məhz dövlətin üzərinə düşür. Bu bir. İkincisi, nə Nəsimi, nə də Tolstoy sıravi deyildilər, ək­si­nə, lider idi­lər. Onların hər biri zəkalar hökmdarı idi. Əl­bət­tə ki, Nəsimi­nin də, Tolstoyun öz sıraviləri də vardı: Nə­simi üçün – dərvişlər, Tolstoy üçün isə tolstoyçular. Özü də təkcə onlar yox. Nəsimi də, Tolstoy da milyonlarla insani zəka üzərində nüfuza və haki­miyyətə malik­dir­lər. Həmçinin elə Tey­mur və Napoleon da. Nəsi­mi və Tols­toy milyonlarla zəkalar üzə­rin­də hökmdar olduqları halda, Əmir Tey­mur və Napole­on milyonlarla iradə üzərində hökm­dar idi­lər və bəlkə də, tarixin canlı bir nümunəsi kimi elə indi də hökmdar olaraq da qalırlar. «Bəşəri praktika onları isteh­sal etmək iqtidarın­da­­dır», deyirsi­niz. Bu, yəqin ki, elə belədir, doğ­rudur. Qəhrə­man­lar haqqın­da əfsanələr yeni qəhrəman­ları doğurduğu kimi, hökmdarlar tarixi də yeni hökmdarları doğurur. Hökm­­darlar tarixi möh­təşəm insan iradəsinin təsvirçisi olmaqla insani iradənin qüdrətinə olan insani inamı bəşərin şüurunda əbə­di olaraq yaşatmaq üçündür.

Müşfiq ŞÜKÜROV: İradə daxildə uğultu yaradır, başqasını eşitməyə ma­­ne olur. Başqasını eşitmək üçün özünü dəf etməyi bacara­san gərək. Sizin fəlsəfənizin dili ilə deyilərsə – feminin olmağı da bacarasan gərək. Amma iradə yiyələri yalnız və yalnız mas­­ku­lin olurlar, yəni özlə­ri­ni eşidirlər, başqalarına qulaq asanda belə. Doğrudan da, çox qə­ri­bə «qulaq asma» üsuludur. Lider anlamağa başlayanda lider­li­yini itirir. Bu xarakterli məğlubiyyət onun üçün yolverilməzdir. Tari­xi liderləri, hökmdarları, şahları məh­dud adam hesab edirəm. Onların cəmiyyətə gətirdikləri nisbi xeyri danmasam da.

Adil ƏSƏDOV: Ötən söhbətlərimizin birində, Gözəlliyin fəlsəfəsinin mü­za­ki­rəsi zamanı Siz Taqoramı, yoxsa Tolstoyamı münasibətdə şah sözü­nü necə ehtiramla tələffüz etdiyinizi yaxşı xatırlayıram. Siz deyə­sən Tolstoyu və Taqoru şah «prozaiklər» adlandırmış və onları Şeks­­pir və İbsen kimi şah «dramaturqlara» qarşı qoymuş­du­nuz. Siz tarixi liderlərin, hökmdarların, şahların, və ən nəhayət totalitarizmin nə qədər əley­hinə olsanız belə, şah sözünü necə də bir ehtiramla işlətdiyinizə diqqət yetirin?! Bu ehtiram Sizin ürəyinizin səsini, tota­li­tarizmlə barış­maz­lıq isə Sizin real prob­lem­lərin həllin­dən yayın­mağa meyilli olan, elə etiraflarınızdan göründüyü kimi femi­nin yö­nüm­lü ağlınızın səsini ifadə edir. Ən azı, elə bu səbəbdən də, tarixi liderləri məhdud adam hesab etmə­yi­niz­­də, açığını desəm, on­­lara qarşı yalnız bir həsəd hissinin ifadəsini görürəm. Sıra­vinin liderə olan münasibətində, küt­lənin şəxsiy­yətə olan münasibətində, və, ümumiyyətlə, özündə maskulin başlanğıcı daşımalı olduğu hal­da, feminin baş­lan­ğıc daşıyıc­ı­sı olanın maskulin başlanğıc daşıyı­cısı­na olan münasibə­tin­­də, təəssüf ki, həmişə heyranlıq hissləri ilə ya­na­şı, həsəd hiss­ləri də yaşanmışdır. Deyirsiniz, feminin olmağı bacarasan gə­rək. Özü də bu mülahizəni mə­nim fəlsə­fə­mə iqtibas edə­­rək söyləyir­si­niz. Mənsə, bunun ta­mamilə əksini düşünürəm. Mən yalnız qa­dı­nın feminin ol­ma zərurə­tini vurğulamışam. Kişinin feminin xüsusiyyətlərin daşı­yı­cısı olması eybəcərlikdir. Qadın isə yal­nız feminin baş­lan­ğı­cın mücəssəməsi olduqda idealdır, gözəl­dir. İcazə ve­rin, qadın tə­bi­əti ilə bağlı mövqeyimi bir daha dəqiq­ləşdi­rim. Qa­dın - sözün tam mənasında Qadın olmalı­dır, incə, zərif, məla­hət­li, şəfqətli, mülayim, mədəni bir xa­nım olmalıdır, mehriban­lı­­ğın və xoş rəftarın qoruyucusu ol­ma­lıdır, əgər o, kör­pə­dirsə, kiçik­dir­sə, şıltaq, qılıqlı bir qız­cığaz, əgər o öz uşaqlıq dövrünü artıq başa çatdırıbsa, ailə qurmaq üçün is­mət­li, hə­yalı, bir qədər də, naz­lı, işvəli, yetkin bir qız, əgər o, bir ər oğulun artıq evinin dirəyi­dirsə, onun qan yaddaşına əbədiyyət bəxş etmə­yi ba­car­ma­lı­­dır, onun oca­ğı­nı sönməyə qoymamalıdır, səda­qət­li bir xanım olmalı­dır, əgər o, artıq bir anadır­sa, balasını qayğıya qərq edən, onun üzərində yarpaq tək əsən, ağrıları­na dözən, əzabları­na qatla­şan, ən kiçik uğuruna belə uşaq tək se­vi­nən müqəddəs bir varlıq olmalıdır. Qadın – insani ma­­hiy­yətin hə­lə ki gerçək­ləş­məyən məzmununun itirilməmə­si üçün onu qəbul etməyə, öz bətnində, qoynunda, qayğı mə­ka­nın­da bəs­lə­məyə tə­yinat­lı­dır. Qa­dın bir ana olaraq, unikal­dır, təkrarolunmaz­dır. Ana­­lıq öhdə­lik­lərini özünə yük bi­lən qa­dın isə adiləşir. Adi­ləş­­mə – öz unikal­lığını itirmədir, ço­x­­­­­­say­lı insanlardan bi­ri­nə çevrilmədir. Ki­şi və qadın psixolo­gi­ya­ları arasında mə­nim göstərdiyim bir fərqi isə düz­gün anla­mısınız: kişi daha çox ürəyinin səsini eşidir, qadın isə daha çox ətrafına diq­qətlidir.

Aytən QULİYEVA: Mənim xəyalımda isə ideal qadın – Azərbay­can men­ta­­lite­tinə uyğun olan bir qadındır. Azərbaycan men­ta­liteti­nə uyğun olan bir qadın dedikdə isə, ilk növbədə, göz­lər­im önündə ağ­bir­çək bir ana canlanır. Onun hündür boyu, dolu, ağ vücudu, ağ saç­ları, boyasız və nura boyanmış siması vardır, başı örpəklidir, hə­yalı­­dır, abırlıdır, namusludur, is­mət­lidir, hər şeyin yerini bilən­dır.

Adil ƏSƏDOV: Bu xarakteristika nədir? Mənim ideal qadın obra­zına ver­di­yim səciyyənin davamımı? İdeal qadının son yaş həd­dində təsviri­mi, yoxsa, Azərbaycanın bir simvolumu?

Aytən QULİYEVA: Məncə, Sizin ideal qadın obra­zına verdiyiniz səciy­yə­­nin davamı.

Tural MƏHƏRRƏMOV: Adil müəllim, mənim də Sizə bir sualım var. Siz qeyd edirsiniz ki, aristokratizm – maskulin təbiətlidir, demokra­tizm isə – feminin təbiətli. İndiki dövr də demokratizmin getdik­cə daha çox inkişaf etdiyi dövr­dür. Bütün bunlardan belə bir nə­ticə çıxmırmı ki, indiki dövrdə hökmdarlar daha çox qadın olma­lıdırlar.

Adil ƏSƏDOV: Demokratik lider özündə bir qədər feminin baş­lan­ğıcı da daşıyır. Lakin elə əslində də, mahiyyəti etibarı ilə, demokratik olan və mahiyyəti etibarı ilə feminin olan hökm­dar – təhlükəlidir.

Ləman SƏMƏDOVA: Qadının dövlətdə hökmdar olması, qadının evdə hökmran olmasına bənzəyir və bu da bir eybəcərlikdir.

Mətanət ABDULLAYEVA: Etiraz edirəm. Adil müəllim, mən Sizin öncə söylədi­yiniz fikirlərə qayıtmaq istərdim. Kişi və qadın başlan­ğı­c­ları, hər halda, hər bir kəsdə olmalıdır. Bunlardan hər biri – insa­ni baş­lan­ğıcdır.

Adil ƏSƏDOV: Kişi və qadın başlanğıclarının hər ikisini özündə birləş­di­rən insanı cins psixologiyası qarışıq tip adlandırır. Nə­zə­rinizə çat­­dı­rım ki, psixologiya qarışıq tipdən başqa cinsiyyət baxımın­dan daha üç tipi tanıyır: maskulin, feminin və qeyri-müəyyən tiplər. Qarışıq tip özündə həm kişi, həm də qadın xüsusiyyətlərini daşıdığı halda, maskulin tip yalnız kişi xüsusiyyətlərini, ilk növbədə, əlbəttə ki, mərdliyi, cəsarəti, qə­tiyyəti, feminin tip isə yalnız qadın xüsusiy­yət­lərini, ilk növbədə, əlbəttə ki, incəliyi, zərifliyi, xeyirxah­lığı, mədə­niy­­yətliliyi, nəzakəti, nəvazişi daşıyır. O ki, qaldı qeyri-mü­əy­yən ti­pə, onda nə kişi xüsusiyyətləri, nə də qadın xüsusiy­yətləri aşkar bir şəkildə görünmür, nə mərdlik nümayiş etdirə bilmir, nə də nəvaziş, xalis maskulin tipdən və xa­lis feminin tipdən fərqli olaraq.

Mətanət ABDULLAYEVA: Adil müəllim, Sizin xalis maskulin tip xalis feminin tip adlandırdıqlarınız – yarımçıq, tamamlan­ma­mış insan­lar­dırlar.

Adil ƏSƏDOV: Xalis maskulin tip xalis feminin tipin yanaşılığı ilə ta­mam­lanmalıdır. Azərbaycan dilində yaryarı sözləri arasında ox­şar­lığa fikir verin. Ruslar bir kəsin xanımı haqqında danışanda Ваша вторая половина deyirlər. Və nə­ha­­yət, Platonun o məş­hur Ziyafətini yada salın: Dünyada hər bir kəsin öz yarısı var, həyatın məna­sı da, bəlkə, özünün ikin­ci yarısını tapmaqda və ona qovuş­maqdadır, Sizin dediyiniz yarımçılıqdan, tamamlan­ma­mış vəziyyət­dən qurtulmağın yolu, məncə, budur.

Vidadi ƏHMƏDOV: Adil müəllim, mən bir hüquqşünas olaraq kon­kret bir məsələdə Sizin mövqeyinizi bilmək istərdim: Ailə münaqişə­ləri­­nə səbəb nədir? Kişi və qadın arasında ağıl fərq­i­­mi, yoxsa, kişinin hakimiyyətinə qadının bir etirazımı, kişi hakimiyyəti ilə barışmaz­lığı­mı? Məsələn, bu bir elmi faktdır ki, qadının beyni ki­şi­nin bey­nin­dən daha kiçikdir.

Adil ƏSƏDOV: Doğrusu, mən kişinin qadından daha ağıllı oldu­ğu­nu söy­­lə­yə bilmərəm. Kişinin və qadının malik olduqları zehni qabi­liy­yət­­lər, sadəcə olaraq, bir-birindən fərqlidir. Kişi­nin ağlı daha çox daxili instinktlərdən qidalanır, Kanta və sonradan həm də Hegelə mənsub olan terminologiyadan istifadə edilsə, zəka xa­rak­ter­li­dir. Qadının ağ­lı isə daha çox xarici mənbələrdən – ictimai şüurdan, ictimai rəy­dən qi­da­la­nır, elə həmin terminologiyadan bir daha istifa­də edil­sə, dərrakə xarakterlidir. Ailədə kişi ağlının da, qadın ağlının da öz yeri var. Qadın ağlı – ictimai prak­tikanın, cəmiyyətin əldə etdiyi təc­rü­­bə­nin ailə problemlərinin həlli üçün istifadə olunmasın­da son dərəcə əhəmiyyətlidir. Qərar qəbul et­mə məsuliyyəti isə həmişə ki­şi­nin­dir, qərar üçün əsas ola bilən ideya kişinin özündən də gəlsə, qadından da gəlsə. İndi isə qadı­nın kişi ha­ki­miyyəti ilə barışmazlığı ilə bağlı Sizin söylədiyiniz mülahi­zə­yə də bir münasibət bildi­r­mək istərdim. Əgər ailə – gö­zəl ailədirsə, ideal ailədirsə, bu­ra­da belə bir barışmazlıq, düşü­nü­rəm ki, yoxdur. İdeal ailədə qadın ərinin hör­mət­li olma­sın­dan, hakimiyyətli olma­sın­dan, bir qədər, zəhmli olma­sın­­dan, hökmlü olmasından qürur duyur. Ərinin hörmətli ol­ma­sı­nı, hakimiyyətli olmasını, bir qədər, zəhmli olmasını, hökm­lü olmasını istəməyən qadın ideal həyat yoldaşı olmaq­dan çox uzaqdır. Ərini hör­mətsiz, hakimiyyətsiz görmək istəyən qadın idealın tam əksliyi­dir. İdeal ailə – məhəbbət üzərində qurulan ailədir. Məhəbbət isə eqoiz­­min tam inkarı­dır, özünü unutma və özünü tam təslim etmə demək­dir, özü­nü tam könlü ilə başqasının ixtiyarına vermə demək­dir. Se­vən adam – bütün qəlbi ilə etibar edən adamdır. Sevən adam sev­diyi kəsin təkcə rasional iradəsinin deyil, həm də təhtəl­şü­ur ira­dəsinin gerçəkləşdiricisidir. Sevən adam sevdiyi kəsin tək­cə dediyi, dilə gətirdiyi arzularının deyil, həm də, hələ de­mə­di­yi, dilə gətirmə­di­yi, bəlkə də, hələ ki sona qədər hələ anlamadığı arzularının yerinə yetiril­məsi­nə müntəzirdir. Əgər xatırlayır­sınız­sa, belə bir ailəni mən aris­­to­kratik ailə adlandırmışam və onu demo­kratik və tira­nik ailə­lərə qarşı qoymuşam. Aristokratik ailə – məhəbbət his­si üzərində bərqərar olduğu halda, tiranik ailə qorxu hissi üzərində, demokratik ailə isə hörmət hissi üzə­rində bərqərar olur. O ailədə ki, kişi­ni nə sevirlər, nə ondan, necə deyərlər, qorxur­lar, nə də ona hör­mət bəsləyirlər, bu artıq ailə deyil. Ailə münaqişələri de­di­yi­­niz həmin o hadisə yalnız bu halda və bu məkanda baş verir.

Ləman SƏMƏDOVA: Adil müəllim, Sizin bütün bu fikirlərlə razılaş­mamaq qətiyyən mümkün deyil.

Vidadi ƏHMƏDOV: Ən ideal ailə – qarşılıqlı hörmət hissi üzə­rin­də qu­rul­muş ailə deyilmi?

Adil ƏSƏDOV: Tolstoy özünün o məşhur Anna Kareninasında An­na Kare­ni­nanın dilindən gözəl bir fikir irəli sürür: hörmət sözünü insanlar ona görə yaradıblar ki, məhəbbətlə dolmalı olan boşluğu ifa­də edə bilsinlər. Anna Karenina bir insan ola­­raq idealdan çox uzaq­­dır, bəlkə də, hətta idealın antipo­du­dur. Lakin, onun dilin­dən söy­lə­nilən bu sözlərdə dərin bir məna daşınır.

Müşfiq ŞÜKÜROV: Adil müəllim, Siz bir yerdə qeyd edirsiniz ki, adə­tən güclü kişilərin xanımları gözəl olurlar. Bunu necə ba­şa düş­mək olar? Yəqin ki, güclü olanlar – daha imkanlı­lar­dır. Buna görə də, bir qədər birbaşa və kobud deyilərsə, gözəl qız­lar məhz onları seçirlər.

Adil ƏSƏDOV: Xeyr, mən bunu nəzərdə tutmuram. Kişi güclü olmadığı halda, hətta, ən gözəl bir qızla ailə qurduqda belə onu bədbəxt edir, və bununla da, onu əslində, eybəcərləşdirir.

Ləman SƏMƏDOVA: Elədir.

Adil ƏSƏDOV: Güclü kişi – problemlərini həll edə bilən və bunu­­n­­la da həm də öz xanımını və bütövlükdə öz ailəsini xoş­bəxt edə bilən kəs­dir. Kişi gücləndikcə onun xanımı və bü­tün ailəsi xoşbəxt olur və gözəl görünür. Kişi nə qədər güc­lüdür­sə, onun xanımı bir o qədər də xoş­bəx­tdir və elə buna görə də, bunun nəti­cəsində də, gö­zəl­dir. Xanımın gözəl­liyi – kişi gücünün bir ölçüsü və ifadə­sidir.

Bəkir NƏBİYEV: Ola bilməz. Qadının gözəl olması ilə kişinin qüd­rətli və qüdrətsiz olması arasında heç bir əlaqə yoxdur.

Tofiq KÖÇƏRLİ: Adil müəllimin fikirlərini bəşərin bütün təcrübəsi təkzib edir. Belə bir şey ola bilməz.

Ləman SƏMƏDOVA: Amma doğrusu, Adil müəllimin öncə dediyi sözlər mənim çox xoşuma gəldi, kişi güclü olanda ailədə hər bir şey ye­rin­də olur, xoşbəxtlik də, gözəllik də. Bu ailəni ideal və xoş­bəxt say­maq olar.

Müşfiq ŞÜKÜROV: Adil müəllim, bir arqumentə də münasibətinizi bil­­mək maraqlıdır. Fəlsəfənizlə tanışlıqdan belə təəssürat ya­ra­nır ki, Sizə görə yalnız zadəgan psixologiyasının daşıyıcısı insan kimi özü­nü tam realizə edə bilər, sufilərin dili ilə desək, ka­mil insan ola bilər. Əgər belədirsə, bu, gerçəkliyin insan üzə­­rin­dəki dikta­tu­rası­nı artırmağa, insanın isə daxili azad­lığını azaltmağa xidmət etmirmi? Psixologiyaya gəlincə isə... Lao tszı kəndli psixologiyası­nı, Sokrat şəhərli psixologi­ya­sı­nı, Kə­bir sənətkar psixologiyasını bir paltar kimi daşıdı, «pal­­tarla» eyniləşmədən.

Adil ƏSƏDOV: Zadəgan o kəsdir ki, həqiqi həyatı həm özü yaşa­yır, həm də özgələrinə yaşatdırır. Zadəgan – zadəgan kimi, şəhərli – şəhərli kimi, kəndli də – kəndli kimi özünü reallaş­dır­malıdır. Lao-tszı, doğ­ru­dan da, kəndli psixologiyasını fəl­sə­filəşdirdi. Kəbir də sə­nətkar psixologiyasını tərənnüm et­­di. O ki, qaldı Sokrata, o heç zaman, söz­ün həqiqi məna­sın­da, şəhərli olmadı, nə şəhərli pal­tarı­nı geydi, nə də şəhərli psixo­lo­giyasına sahib durdu. Yeri gəlmişkən qeyd edim ki, şəhər­li­lik, kəndlilik və həmçinin də, zadəganlıq və cənga­vər­­lik hadisələri təkcə sosial mənşəli hadisə­lər deyildir, daha ümumi səciyyə daşıyan hadisələrdir, mən hətta müəyyən mənada deyərdim ki, bütün Yer üzünə, bütün Kainata, zamanın müxtəlif mə­qamlarına xas olan hadisələrin təzahür for­ma­larıdır, ən azı simvollarıdır. Zadəgan – səhərin simvolu, kəndli – gündüzün, şəhər­li – axşamın, cəngavər isə – gecənin simvoludur. Görünür heç də təsa­dü­­fi deyildir ki, in­gi­lislər cənga­vər gecə mənalarını verən knight night sözlərini bir qədər müxtəlif cür yazsalar da, eyni cür tələffüz edir­lər. Knight (cənga­vər) night (gecə) sözləri arasında oxşarlıq bir də o səbəbdən­dir ki, gündüz kənardan işıq almaq mənasına malik olduğu halda, gecə kənardan işıq almamaq mənasına malikdir və cəngavər həm də işığı öz daxilindən alan kəsdir. Ən ümumi cizgilərdə götü­rül­sə, gecə - ideyanın təbii təşək­kül prosesidir, səhər - ideyanın doğuluş çağı və qərar qəbul etmə məqamı olduğu halda, gündüz - qərarı gerçəkləşdirmək zamanı, ax­şam isə - görülən işi təhlil et­mək, yekunlaşdırmaq, nəti­cə çıxar­maq çağıdır. Bir qədər geniş, və bir qədər də məcazi mənada fikir yürüt­sək, gecə ana bətnində baş verən formalaşma, yetişmə, təşəkkül prosesi­nin bir simvolu, səhər doğuluşun simvolu, gündüz yaşa dolma­nın, axşam isə qoca­lı­ğın və ölümün simvolu kimi mənalan­dı­rıla bilər. Başqa bir paralel: Gecə - dünyanın öz daxili işığına, mahiy­yəti­nə qayıdışı­nın, özünəqa­pan­ma­sının, səhər dünyanın nura qərq olaraq gö­zəl­ləşmə çağının, gündüz - gur işığa bürünərək aydın­la­şan dün­ya­dan faydalan­ma çağının, axşam isə – dünyanın zahirdən gələn gur işıqdan artıq yorulması və özünü ondan qoparıb ayırması çağının rəmzləridir. İstərdim ki, bu fikrin illüstrasiyası üçün yunan ta­ri­xi­nə bir ekskurs edək: Axey döv­rü gecənin təcəssümü ola­raq cəngavərlik dövrüdür, arxaik dövr saba­hın təcəssümü ola­raq zadəgan dövrüdür, klassik dövr gündüzün tə­cəs­sü­mü olaraq şəhərli­nin, son əsrlər axşamın təcəssümü olaraq kəndlinin döv­rü­dür. Axey dövrü xalqın talanlara məruz qaldığı və buna görə də xoşbəxt ola bilmədiyi dövr idi, başqa cür, estetik termino­lo­gi­ya­nın dili ilə deyi­lər­sə, eybəcər dövr idi. Klassik dövr xalqın zahiri təmtə­raq­la bəzən­diyi, lakin, mə­ruz qaldığı mənəvi sarsıntılar uc­ba­tın­dan xoşbəxt ola bilmədiyi dövr idi, mənəvi eybəcərlik dövrü idi. Son əsrlər xalqın transsendent dünyada özünə mənəvi bir dayaq tapdı­ğı, lakin, real dünyada isə xoş­bəxt ola bil­mədiyi bir dövr idi, idealı transsendent dünyaya atılan reallığın ey­bə­cərliyə düçar olduğu bir dövr idi. Dünya isə yalnız zadəgan ruhunun hök­­mü ilə qurulduqda gözəl olur.

Müşfiq ŞÜKÜROV: Fəlsəfə mütləq harmoniya axtarışındadır. Lakin Sizə elə gəlmirmi ki, Sizin mütləqləşdirdiyiniz aristokratik dok­trina nisbi harmoniyaya xidmət edir. Zadəgan bir fövqəl­­insan olaraq yaşayır, qalan­ları isə onun gözəl və mənalı həyatının təminatçısı «səadətinə» qovuşur. Heç yerdə qeyd olunmur ki, hə­ya­tı­nın məna­sını özgədən alanın həqiqi səa­dəti ola bilməz. Müs­təqil olmayan yaşamır, əslində (A.Ata)! Problem budu! Və bu tən­li­yin mütləq həlli yoxdur. Nisbi, təxmini həllər ola bilər. Dünya­nın öz imkan­sızlığına ilişir hər şey. Və bu sədd aşılmazdır.

Adil ƏSƏDOV: Dünyanın imkanları sonsuz və tükənməzdir. İnsanın im­kanları isə, bir daha vurğulayıram ki, onun ağlının ölçüləri qədər­dir. Zadə­gan həm də ona görə lazımdır ki, insani ağılın imkanları­nı insan­ların özlərinə açıb göstərsin və bu­nun­la da, nəticədə onların həm də real imkanlarını da bir qədər də genişləndirsin. Bu, bir. İkincisi, mən dəfələrlə eşit­mi­şəm ki, məni Sizin Ata adlandırdığınız Asif Əfəndiyevlə müqayisə edirlər, mə­nim­lə Asif müəllim arasında ümumi cə­hətlər axtarırlar. Hət­ta, Si­zin özünüz də bunu dəfələrlə etmi­si­niz. Bu səylər, doğ­ru­su, məndə ziddiy­yət­li hisslər yaradır. Mən Asif müəllimə bö­yük ehtiramla yanaşı­ram, lakin, digər tərəf­dən, onun tale­yi­ni də yaşamaq istəmirəm. İndi Siz Asif müəllimin fikirləri­ni mənə qar­şı qoyursunuz. Xahiş edirəm, öz sözlərinizlə danı­şın.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin