ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə30/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

Mətləb MAHMUDOV: Adil müəllim, Siz Asif Əfəndiyevi nədən belə ehti­ram­la xatırlayırsınız?! Sizin ideyalarınız daha cəsa­rət­li, daha orijinal, daha dərindir.

Firudin KÖÇƏRLİ: Asif Əfəndiyev istedadlı alim idi, orijinal təfəkkürə malik idi, amma onun qəribəlikləri, xüsusən də, yeni bir din yarat­­maq iddiası bütün bunların üzərinə kölgə saldı.

Telman ƏLİYEV: Asif Əfəndiyevin qəribəlikləri, düşünürəm ki, onun isteda­dından daha çox idi. Nə isə, gəlin mövzuya qa­yıdaq.

Zakir QASIMOV: Adil müəllim, Siz demokratik doktrinanı nöqsanlı hes­ab edirsiniz. Belə olduğu halda təbii olaraq bir sual yaranır: Siz to­ta­lita­riz­minmi tərəfdarı­sı­nız?

Adil ƏSƏDOV: Mən totalitarizmin deyil, aristokratik prinsip üzərində qu­rul­muş dövlətin tərəfdarıyam.

Telman ƏLİYEV: Adil müəllim, aristo­kra­tik hakimiyyət nə vaxtsa olub­mu?

Adil ƏSƏDOV: Mütləq mənada heç bir hakimiyyət tipi mövcud olma­yıb. Aristo­kra­tik hakimiyyət də həmçinin bir idealdır. Amma aris­to­­kra­tik ideala yaxın olan cə­miy­yətlər isə tarixdə kifayət dərəcədə olub. Cə­miy­yət bu ideala nə qədər çox yaxındırsa, onun üzvləri bir o qə­dər də xoşbəxtdirlər. Məsələn, VII əsrdə Məhəm­məd Pey­­­ğəm­bə­rin başçılığı altında Mədinədə mövcud olan mü­səl­­man icması əsa­sən belə bir ideal cəmiyyət olub. Əgər cəmiy­yət­də insanlara onların təbii təyinatlarını ifadə edən işlə, öz sevimli işləri ilə məşğul olmaq imkanı yaradılıbsa, bu, aristo­kratik prinsip üzərində qurulmuş cəmiy­yətdir. Cəmiy­yət bun­dan nə qədər uzaqlaşırsa, bir o qədər də zülmə məruz qalır. İnsana zülm etmə ona istəmədiyi bir işi gör­dürmədir. Ola bilsin ki, bir adam sosial status daşıyıcısı olaraq kölə­dir, amma, əslin­də öz sevimli işi ilə məşğul olur. Bu, zülm deyil­dir. Zülm odur ki, insana istəmədiyi işi gördürürlər. Zadəgan insanı zülmdən xilas edən şəxsdir, ona onun təbii təyinatını ifadə edən işlə, öz sevimli işi ilə məşğul olmaq imkanını yaradan şəxsdir. Əs­lin­də hər bir adamın təbii təyinatı və bu təyinatı gerçəkləşdirmək üçün potensial im­kan­ları var. Lakin əksəriyyət öz təbii təyinatını anla­maq üçün zəruri olan idraki qabiliyyətə və onu gerçəkləşdirmək üçün zəru­ri olan qətiyyətə malik deyildir. İnsanlara onların təbii təyinat­larını göstərmək və bu təyinatı gerçəkləşdirməkdə onlara dəstək ver­mək gərəkdir. Hər bir adama onun qabiliy­yəti­ni və təbii təyina­tını göstərilməlidir. Hər kəs cəmiy­yətdə qabiliyyətinə və təbii təyi­na­tına uyğun yer tutma­lıdır. Bunu gerçəkləşdirmək isə zadəga­nın təbii təyinatıdır.

Əli ABASOV: Doğrusu, təbii təyinat və zadəgan ideyalarını mən də qəbul edə bilmirəm. Belə olduğu halda bir sıra xalqlar id­dia edib­lər və id­dia etməkdə davam edirlər ki, onlar öz təbii təyinatlarına görə zadə­gan xalqdırlar.

Adil ƏSƏDOV: Hər hansı bir xalqı bütövlükdə zadəgan xalq kimi qiymətləndirmək, əlbəttə ki, düzgün olmazdı. Xalqın yalnız za­də­gan təbəqəsindən danışmaq mümkündür. Lakin bu təbə­qə nə qədər qalındırsa və həqiqətən zadəgan ruhlulardan ibarətdirsə, xalq bir o qədər də güclüdür. Əgər elitanın qüd­rəti xalqı himayə etmək üçün kifayətdirsə, bu xalq həqiqətən suverendir. Əgər elitanın qüd­rə­ti xalqın himayəsi üçün lazım olandan daha çox­dur­sa, bu elita özgə xalqların da hima­yəçi­si­nə çevrilə bilir, bəzən mədəniyyət sa­hə­sində, bəzən iqtisa­diy­yat sahəsində, bəzən də elə siyasi sahədə. Səhv etmirəmsə, bir dəfə Siz özünüz də qeyd etdiniz ki, ölkələrin bəzi­si kişi xa­rakterli, bəzisi isə qadın xarak­terlidir. Yox, əgər elitanın qüd­­­rəti xalqı himayə etmək üçün ki­fayət deyildirsə, bu xal­qın suveren­liyi həqiqi suverenlik deyildir, ölkə BMT-nin üz­vü olsa da belə.

Telman ƏLİYEV: Adil müəllim, mümkündürsə, bəlkə «zadəgan»la «aris­­to­krat»ın qarşılığını izah edəsiniz?

Adil ƏSƏDOV: «Zadəgan» sözü dilimizə çox yəqin ki, farslardan keç­miş­dir. Farsların özləri isə bu sözü ərəb dilindən götürdükləri “əsil” sözünə özlərinin “zadə” sonluğunu birləşdirərək yaratdıq­ları “əsil­zadə” sözünün bir sinonimi olaraq işlədirlər. “Əsil” sözü ərəb dilin­də əsilli, əsil-nəcibli, əsil-nəcabətli mənasını verir. “Zadə” sözü isə fars dilindən tərcümədə doğulmuş, törəmiş mə­na­sını verən “zad” sözünün bir qədər başqa cür yazılışı və deyilişi olmaqla yanaşı, həm də məlum olduğu kimi soyadlarının axırına gətirilən bir sonluq kimi də işlədilir. Bu sonluğu farslar da işlədirlər, biz də işlədirik. Beləliklə, eyni semantik yük daşıyan «zadəgan» və “əsilzadə” söz­ləri fars və ərəb dillərindən tərcümə­də əsil-nəcabətli insanların öv­la­dı mənasını verir. Yunan mənşəli «aristokrat» sözü isə etimolo­giya baxımından bu mənanı vermir. Bu mənanı, yəni əsil-nəcabətli insanların övladı mənasını yunan di­lində daha çox evp­atrid sözü verir. «Aristokrat» sözünün eti­molo­­giyası isə «aristokra­tiya» sözü­nün etimologiyasından irəli gəlir. «Aristokratiya» yunan dilindən tərcümədə hərfi olaraq «yaxşıların ha­ki­­miy­yəti» deməkdir. «Aristokrat» sözü bu mənada «ha­ki­miy­yətin ləyaqətli sahibi» məna­sı­nı verir. «Aristokrat» sözü­nün bu anlamından irəli gələn belə bir para­doks da diqqəti cəlb edir: mən zadəganı, sözün geniş mənasında həm də «aristo­krat»ı öncə də vurğuladığım kimi, ha­ki­miy­yət sahibi statusunda deyil, himayə sahibi statusunda səciyyə­lən­dirirəm. «Aris­tok­rat» sözündə isə bir hakimiyyət mənası da daşı­nır. Lakin aristokratik haki­miy­yət haki­miy­yətin digər formalarından prinsipial bir əla­mət­lə fərqlənir. Hakimiyyətin digər formalarının əksəriy­yətində bir-birini şərtləndirən iki tərəf vardır: hakimiyyətdə olan tərəf və hakimiyyət altında olan tərəf. Əgər bir adam başqası­nın iradəsini həyata keçirirsə, bunlardan birincisi hakimiyyət altında olan tə­rəf, yəni ağa, ikincisi isə hakimiyyətdə olan tərəf, yəni kölədir. Çünki əgər bir adam başqa bi­risi­nin iradəsinin icraçısıdırsa, kölə­dir. Buna görə də hakimiyyətin digər formaları əksər hallarda kö­lə­liyin əks tərəfidir. Aristokratik haki­miy­yət isə bir qədər başqa cürdür. Aristokrat özgəni özünün rasional iradəsinə tabe etdir­mir. Öz­gə­ni özgənin özünün ürə­yində daşınan yönümə tabe etdi­rir, ona onun öz həqiqi həya­tını yaşatdırır. Bu səbəbdən də, aris­to­kratik haki­miy­yətdə köləlik yoxdur, himayə var.

Telman ƏLİYEV: Liberalizmimi nəzərdə tutursunuz?

Adil ƏSƏDOV: Liberalizm də bir qədər başqadır. Başqalığı isə on­­dan ibarətdir ki, liberalizm insana deyir: sən nə cür düz­gün bilirsən­sə, elə də yaşa. Ancaq insanların əksəriyyəti nə­­y­in düzgün oldu­ğu­nu, nəyin isə düzgün olmadığını bilmirlər. Qəlb­ləri­nin də­­rinlik­lərin­də olan hissləri, öz həqiqi həyati təyinatla­rını aydınlaşdıra bilmirlər. Ona görə də insanların ürəyini onla­rın özündən yaxşı oxuyub, onla­ra göstərmək lazımdır. Ən ide­al hakimiyyət – aristo­kra­tik haki­miy­yətdir. Aristokratik ha­ki­­miy­­yət elə bir cəmiyyətə nail olur ki, bu cəmiyyətin içə­ri­sin­­də olan hər bir kəs öz işi ilə məşğuldur. Alim ol­maq üçün do­ğulan kəs alimdir, mühəndis ol­maq üçün doğulan kəs mü­hən­disdir, hökmdar olmaq üçün doğulan kəs isə hökm­­­dar­­dır. Cəmiy­yətdə hər bir kəs içərisin­də yaşatdığı idealı ger­çək­ləşdirirsə, bu cəmiyyəti idarə edən haki­miy­yət aristo­kratik ha­ki­miy­yətdir. Aristokratik haki­miy­yəti mən ən təmiz və bəlkə də, müəyyən məna­da, ən gözəl haki­miy­yət he­sab edirəm.

Müşfiq ŞÜKÜROV: Adil müəllim, aristokratik hakimiyyətin gerçək­ləş­­dirə­cəyi cəmiyyətin gözəlliyindən bəhs edərkən, hərdən bil­­­mək olmur, siz utopik fəlsəfə mövqeyindəsiniz, yoxsa real­lığı da nəzə­rə alırsınız? Real praktika bu cür idealistik ger­çək­ləş­mə­­yə icazə verə­cəkmi? Açığı mən bəşərin ictimai sə­viy­yəsindən tə­zə qabiliy­yət və mərifət gözləmirəm. Minillik­lə­rin ta­rixi təcrübəsi Sizə təz­yiq et­mirmi?

Firdovsiyyə ƏHMƏDOVA: Adil müəllim, Sizin aristokratik siyasi ide­ya ilə yoğurulmuş bu əsərinizin, Siyasətin fəlsəfəsinin birinci nəşrin­dən necə il keçdi. Bu müddət ərzində ideyalarınızın cəmiy­yə­tə bir təsiri oldumu?

Tofiq KÖÇƏRLİ: O əsəri mən oxumuşam. Düşünürəm ki, Siyasətin fəl­sə­fəsi həqi­qə­­tən də qiymətli əsərdir.

Adil ƏSƏDOV: Tofiq müəllim, Sizin verdiyiniz qiymət mənim üçün çox dəyərlidir, təşəkkür edirəm.

Ağamusa AXUNDOV: Siyasətin fəlsəfəsini mən də oxudum. Çox yük­sək səviyyədə yazılmış bir əsərdir.

Adil ƏSƏDOV: Mənim kitabım hörmətli ağsaqqal alimlərimizin diqqə­tini artıq cəlb etdiyi üçün özümü xoşbəxt hiss edirəm. Bununla belə, mən eyni zamanda Firdovsiyyə xanımın da sualını cavabla­maq istərdim. Firdovsiyyə xanım! İdeya ilə onun tarixi gerçəkliyi, tətbiqi arasında müəyyən bir fasilə həmişə olub. Amma ən azı bir sevin­dirici məqam hər halda var. Siyasətin fəlsəfəsinin 2001-ci ildə çap­dan çıxan birinci nəşri siyasətin aristokratik ideya nöqte­yi-nəzərin­dən fəlsəfi mənalandırılmasının müstəqil Azərbaycan Respublika­sın­da ilk nümunəsi idi. İndi isə elita nəzəriyyəsi Azər­bay­can­da aparılan siyasi-fəlsəfi araşdırmalarda görkəmli yer tut­maq­da­dır. Yəqin ki razlaşardınız ki, elita nəzəriyyəsinin özü də əslində siya­sətin aristokratik ideya nöqteyi-nəzərindən mənalan­dırıl­ma­sı ilə sıx bağlıdır. Azərbaycanın filosofları içərisində ən yük­sək siyasi statusa malik olan akademik Ramiz Mehdi­­yevin 2009-cu ildə çap olunan Zaman haq­qın­da düşünərkən və elitanı trans­for­masi­ya edərkən” adlı böyük məqa­lə­si­ni xatırlayın. Aristo­kratik ideyanın Azərbaycanın siyasi ger­çək­li­yi­nə tətbiqi ilə bağlı mənim hər hansı bir təklifimin olub-olmadığını soruşmaq istəyir­si­nizsə, onda mən konkret bir təklif olaraq aristokratizmin siyasi dayağı olan Senat institutunun ya­ra­dıl­ması ideyasını irəli sürər­dim. Belə bir siyasi institutun yara­dıl­ması cəmiyyətdə daşınan aristokratik resurs­ların daha artıq dərəcədə təyinatı üzrə istifadə olunmasına və bununla əlaqədar eyni zamanda həm də xalqın intellektual resurs­ları­nın da səfər­bər edilməsinə yardım etmiş olardı. Mən Senat institutunu Parla­men­tin yuxarı palatası olaraq üzvləri sahələr üzrə - indiki Milli Məclisin Daimi Komissiyalarının əhatə etdiyi sahələrə analoji olan sahələr üzrə - hər bir sahədən həmin sahə üzrə alimlik də­rəcəsinə malik olan və həmin sahədə çalışan ali təhsilli mütəxəs­sislər tərəfindən seçilən senator­lardan ibarət yaradıl­ma­sı, Parla­men­tin aşığı palatası kimi sə­ciy­yə­lən­di­rilə bilən nümayən­dələr palatasıisə üzvləri ərazi üzrə, hər bir inzibati bölgədən həmin bölgədə yaşayan və həmin bölgənin əhalisi tərəfindən seçilən bir nəfər olmaqla deputatlar­dan ibarət yaradıl­masını təklif edər­dim. Dövlətin qanunları döv­lətin əslində alimləri tərəfindən yara­dılmalı olduğundan, alimlərdən ibarət Senat qanun yaradıcılığı üçün ən ideal məkan olmuş olardı.

Habil QURBANOV: Senat ideyası Azərbaycanda dəfələrlə irəli sürülüb, am­ma gerçəkləşdirilməyib.

Adil ƏSƏDOV: Senat ideyası Azərbaycanda irəli sürülüb, amma Senatın sahələr üzrə seçkilər əsasında və alimlərdən ibarət təsis olunma­sı ideyası heç zaman irəli sürülməyib, indi bunu mən edirəm. O ki, qaldı ideyanın gerçəkləşdirilməsi məsələsinə, alimin işi ideya­nı irəli sürməkdir, gerçəkləşdirmək deyildir. Mən Azərbaycanın bir alimi ola­raq yalnız öz işimi görürəm.

Emin ŞƏKİNSKİ: Senat institutunun təsisi ideyasını nə üçün hüquq­şünas­lar deyil, filosoflar irəli sürür?

Adil ƏSƏDOV: Unutmaq olmaz ki, hüquqi təsisatlar barədə bir çox ideyaları məhz filosoflar irəli sürmüşlər. Hüquqi təsi­sat­lar barədə qədim yunan filosofu Platonun “Dövlət” və “Qa­nun­lar” əsərlə­rində, yunan filosofu Aristotelin “Siyasət” əsə­rin­də, fran­sız filo­sofu Monteskyönün “Qanunların ruhu haqqın­da” əsə­rində irəli sürülən ideyalar düşünürəm ki, sualınıza tutarlı cavab­lardır.

Mirağa CƏFƏRQULİYEV: Adil müəllimin ikipalatalı sistem barədə ideyası yaxşı ideyadır. Amma bu ideyanı gürçəkləş­dir­mək son də­rə­cə çətindir. Bunlar 100 il qabağa hesablanmış tək­liflərdir.

Tahirə ALLAHUAROVA: Adil müəllim, Senat institutu ilə bağlı Sizin irə­li sürdüyünüz ideya bir qədər öncə adlarını sadaladığınız filo­sofların irəli sür­dük­ləri ideyalardan köklü surətdə fərqlidir. Senat institutunun məhz Sizin irəli sürdüyünüz qaydada təsis olunması hansısa öl­kə­də olubmu?

Adil ƏSƏDOV: Senat institutunun məhz mənim təklif etdiyim qaydada təsis olunması hələ ki heç bir ölkədə olmayıb. Amma düşünürəm ki, biz öz dövlətmizi inkişaf etdirdiyimiz zaman digər ölkələrin təcrübəsindən daha çox, öz zəkamıza güvənməliyik. O ki, qaldı mən­im ideyamın adları sadalanan digər filosofların ideyaların­dan fərqli olmasına, qeyd edim ki, elə onların da hər birinin ide­yaları da digərlərinin ideyalarından fərqlidir.

Əlikram TAĞIYEV: Mən də düzü düşünürəm ki, Adil müəllimin ideyası maraqlı ideyadır.

Lətif HÜSEYNOV: Senat ideyasının müzakirəsi nəzəri olaraq mümkün­dür.

Mirağa CƏFƏRQULİYEV: Senat institutunun Adil müəllimin təklif etdi­yi qaydada təsis olunması üçün Azərbaycan bir sıra praktik əsaslar da mövcuddur. Məsələn hüquqşünasların hal-hazırda mövcud olan ictimai birlikləri hüquqşünaslar gildiyasının yara­dıl­ması üçün əsas ola bilər.

Əbülhəsən ABBASOV: Mənə elə gəlir ki, istər Senat olsun, istər nümayəndələr palatası, istər də Milli Məclis, qanunverici haki­miy­­yətə seçkilərdə ilk növbədə mənəvi keyfiyyətlərə diqqət yeti­rilməli­dir.

Adil ƏSƏDOV: Əbülhəsən müəllim, mənim həm indi müzakirəyə çıxardığım Siyasətin fəlsəfəsi, həm də bütövlükdə fəlsəfi sistemim spiritualist aristokratizm fəlsəfəsidir. Spiritualist aristokratizm bir qədər sadə dillə ifadə edilərsə, elə mənəvi aristokratizmdir. Azərbaycan dilindəki mənəviyyat sözü məsələn ingilis dilindəki spirituality sözünün verdiyi mənaya son dərəcə yaxın mənanı ve­rir. Yeri gəlmişkən onu da qeyd edim ki, mən ona görə “mənəvi aristokratizm” terminindən deyil, “spiritualist aristokratizm” ter­mi­­nin­dən istifadəyə üsrünlük verirəm ki, birinci termin ikincidən fərqli olaraq ümumfəlsəfi kontekstə deyil, başlıca olaraq əxlaqi kontekstə malikdir. Qayıdaq “mənəvi” termininin üzərinə. Mənə­viy­yattermini elə ingilis dilindəki spirituality”, və ya rus dilin­dəki “духовность” terminləri kimi insanın özünü və başqalarını sözün tam mənasında insan olaraq, “ümumiyyətlə insan” olaraq, insani ruhun təcəssümü olaraq, insani mahiyyətin canlı mücəssi­məsi olaraq başa düşməsi ilə bağlıdır və başqasına verilən əzab­ları “ümumiy­yətlə insan”a verilən əzab kimi qavrama, başqasının çəkdiyi iztirabların ağrısını öz üzərində hiss etmək məqamlarını ifadə edir. Hər hansı konkret insanı, hər hansı halı və ya hər hansı hadisəni mənəvi nöqteyi-nəzərdən qiymətləndirmək onu “ümu­miy­yət­lə insan”ın, daha doğrusu, “insan idealının canlı təcəssümü olan kəs”in nöqteyi-nəzərindən qiymətləndirmək deməkdir. Bu kəs o insandır ki, özünü sadəcə olaraq başqasının yerinə qoymur, başqasının çəkdiyi əzabları insana verilən əzab kimi öz üzərində hiss edir. Başqasının çəkdiyi əzabları ümumiyyətlə insana verilən əzab kimi qəbul etmək və insanı bu əzablardan xilas etmək yönümündə fəaliyyət göstərmək elə aristokratizmdir, mənəvi aristokratizm, və ya spiritualist aristokratizm.

Tahirə ALLAHYAROVA: Adil müəllim, aristokratik ideal tipdə Siz nə tama, nə də hissəyə üstünlük verməyərək dəqiq və sərrast model yaratmısınız. Bu ideal modeldə tam-hissə həmrəyliyi və vəhdəti özünün ən düzgün ifadəsini tapmışdır. Müxtəlif siyasi-fəlsəfi tə­lim­­lər qiymətləndirildiyi zaman isə, vəziyyət dəyişir. Xüsusən Platon və Aristotelin müqayisəli təhlili ilə bağlı. Platonun dövlət və cəmiyyəti statik, dəyişməz cəmiyyət idi. Aristotel isə siyasəti və dövləti dinamik anlamda şərh edirdi. Platon olanın, Aristotel isə ya­ra­nışın, prosesin fəlsəfəsini formalaşdırdı. Etikanı və Poli­tika­nı prak­tiki elm hesab edən Aristotel «praktika» sözünü «dav­ra­nış», «ünsiyyət» mənalarında işlədirdi. «Ən ali ünsiyyət siyasi ünsiy­yətdir və bu ünsiyyət dövlət adlanır» - Aristotel belə deyirdi. Aristotel döv­lə­tin statik, mütləq qərarlaşmış vəziyyətini deyil, orta həddin, nizam və vəhdətin fəlsəfəsini yaratmışdır. Si­ya­sətdə orta həddin və ünsiy­yə­tin vacibliyi bu gün Qərbdə adı Frank­furt məktəbi ilə, başlıca olaraq Habermasın adı ilə assosia­siya olunan kommunikativ rasionallıq kimi çox geniş siyasi fəlsə­fə­nin əsasını təşkil edir. Ona görə də, düşünürəm ki, Sizin aristo­kratik mo­delinizə Platon deyil, Aristotel və onun dövlət nəzəriy­yə­si daha çox uyğun gəlir.

Ağayar ŞÜKÜROV: Adil müəllim, mən də öz növbəmdə deyim ki, Sizin verdiyiniz Sokrat-Platon qarşıdurması mənə bir qədər ziddiyyətli görünür. Platonun zadə­­gan kimi, Sokratın isə təbəə kimi verilmə­si məncə qanunauyğun deyildir. Sokrat Platonun müəllimi deyil­di­mi? Biz Sokrat haqqında elə Platonun əsərlərindən öyrənmi­rikmi?

Adil ƏSƏDOV: Platonu Sokrata yaxınlaşdıran ən mühüm amil demo­kratiz­mə qarşı onların hər ikisi üçün ümumi olan barışmazlıq idi. Lakin bu heç də onların hər ikisinin ümu­mi bir dünyagörüşə malik olmasından xəbər vermir. Platonun dünyagörüşü aristo­kra­tik, Sokra­tın dünyagörüşü isə icmaçı xarakterli idi. Sokrat dün­yanı ədalətliləş­dir­məyi transsendental Tanrıdan umurdu. Platon isə dün­yanı əda­lətli­ləş­dirməyi özünün vəzifəsi bilirdi.

Firdovsiyyə ƏHMƏDOVA: Siz qeyd edirsiniz ki, Sokrat fəlsəfəsi qədim mifik təfəkkürdən orta əsr dini təfəkkürünə keçidin mühüm mərhə­ləsi­ni təşkil edirdi. Bəs, dövrlər ardıcıllığının əvvəlki - qədim, yeni, orta - mənalandırılmasını necə, unutdunuzmu? Bura­da bir ziddiyyət yoxdurmu?

Adil ƏSƏDOV: Mənə elə gəlir ki, yoxdur. Çünki Sokratın yaşadığı əsr yu­nan tarixinin klassik dövrü idi. Həmin bu klassik dövrün yunan tarixinin yeni dövrü olduğunu öncə qeyd etmişdim. Sokrat öz dövrü­nün praqmatik ruhuna müxalif idi və sonrakı dövrün, orta əsrlərin dünyagörüşünü yaradırdı. İndi isə Hörmətli Tahirə xanımın qoyduğu suallara qayıdaq. Hörmətli Tahirə xanım! De­yir­si­niz ki, Platon döv­lə­ti statik anlamda, Aristotel isə dinamik anlamda şərh edirdi. Mən­sə düşünürəm ki, Platon dövlət idealını təqdim etdiyi halda, Aristo­tel real olaraq mövcud olan dövləti şərh edirdi. Platon olanın təsviri­ni deyil, olmalı olanın layihəsini verdiyi halda, Aristotel mövcud siya­si reallığın izahını verirdi. Mövcud siyasi reallıq isə hüququn siyasət və eləcə də əxlaq üzə­rin­də getdikcə artmaqda olan üstünlüyü ilə səciyyəvi idi. Aristo­telin nəinki Politikası, həmçinin Metafizikası və Orqanonu da əslində elə bu siyasi reallıqdan qaynaqlanmışdı. Aristotelin ən sadə sillogizmi ilə məsələn məhkəmə hökmü arasında paralel apa­­rın. Belə halda sillogizmin böyük müqəddiməsi olaraq qada­ğan olunmuş əməlin təsviri, kiçik müqəddiməsi olaraq qanunun təqdimatı, nəticəsi olaraq isə konkret cəzanın təsviri çıxış etmiş olur.

Füzuli PƏNAHOV: Aristotelin sillogizmi ilə məhkəmə hökmü arasında Adil müəllim tərəfindən aparılan bu paraleli mən də bir hü­quq­şünas olaraq və bir hakim olaraq təsdiq edərdim.

Adil ƏSƏDOV: Qanun hüquqi nöqteyi-nəzərdən ümumiyyətlə cina­yət və cəza, xidmət və mü­ka­fat arasındakı sanksiya­laş­dı­rıl­­mış birmənalı münasibət­lə­ri ifadə edir.

Hidayət BABAYEV: Buraya bir əlavəm var. Hüququn vəzifəsi yalnız cinayət baş verdikdən sonra onu törədəni cəzalandırmaq de­yil, həm də cinayət baş verməzdən öncə onun qarşısını almaq­dır, profilaktikadır.

Adil ƏSƏDOV: Razıyam. Hüququn əlavə olaraq profilaktika vəzifəsi də var və bu yaxşı haldır. Amma yəqin ki, razılaşardınız ki, bu, hüququn əlavə funksiyasıdır. Cəza və mü­ka­fat yalnız o zaman qanun və hüquq çərçəvəsində olur ki, bir tərəfdən cinayət və cəza, digər tərəfdən isə xidmət və mü­ka­fat arasında sanksi­ya­laş­dırılmış birmənalı münasibət­lə­rdən çıxış etmiş olur. O ki, qaldı Aristotelin Tahirə xanım tərəfindən xatırladı­lan orta hədd konsepsi­ya­sına, bu konsepsiyanın özü ideala qarşı inamsızlığın bir ifadə formasıdırид'и. Aristotelin siyasi nəzəriyyəsi Pla­ton nəzəriy­yə­sindən fərqli olaraq idealdan deyil, reallıqdan çıxış edirdi və elə buna görə də heç bir aristokratik modelə uyğun deyildi.

Tahirə ALLAHYAROVA: Hər halda, mənə elə gəlir ki, Sizin aristokra­tiz­mə verdiyiniz təriflə Platonu aristokrat adlandırmağınız ziddiy­yətli­dir. Platon dövründə və sonralar da yunan dilində şəxsiyyət sözü olmamışdır, ən azı antik fəlsəfənin mükəmməl bilicisi A.Lo­sevin nöqteyi-nəzərindən. Buna görə onu heç nəzərə almağa da ehtiyac yox idi. Popper elə bu səbəbdən də Platonu totali­tarizmin mənəvi ata­sı adlandırır. Şəxsən mən Platonun ideyalar alə­mini tam qəbul edirəm, onun dövlət konsepsiyası isə nata­mam­dır və Si­zin aristok­ratizmə verdiyiniz mükəmməl tərifə yerləşmir.

Adil ƏSƏDOV: Losev də, Popper də əlbəttə ki, böyük filosoflardırlar. Lakin onların söylədiklərini də həqiqətin sonuncu instansiyası kimi qəbul etmək olmaz. Şəxsiyyətin olmadığı şəraitdə liberalizm yəqin ki mümkündür, lakin totalitarizm mümkün deyildir. Platon dövrün­də və sonralar, elə əvvəllər də yunan dilində şəxsiyyət sö­zü əvəzinə tiran sözü vardı. Yunanlar əvvəllər şəxsiyyət olan insana çox böyük hörmət və ehtiramla yanaşırdılar və buna görə də tiran sözü əvvəllər müsbət məna kəsb edir və müsbət emosi­yalar yaradırdı, Platon dövründə və sonralar isə şəxsiyyət olan insana qorxu və nifrətlə yanaşırdılar və buna görə də tiran sözü indi daha müsbət məna kəsb etmir və müsbət emosiyalar yarat­mır­dı. Platonda Sizin bəyəndiyiniz ideyalar aləmi də elə şəxsiy­yətli­lik ifadəsidir. Şəx­siyyət olmaq ideyaya malik olmaq və ger­çək­­liyi ideyaya uyğunlaşdırmaq demək­dir. Platon Sokratdan fərq­li olaraq öz içərisində duyduğu ideyaları ger­çəkləşdirmək və bununla da dünyanı və cəmiyyəti gözəlləşdir­mək əzmində idi.

Nurqələm MİKAYILOV: Siz cəmiyyətin gözəlliyindən söh­bət açırsınız. Gözəl cəmiyyət isə keçdi, qurtardı.

Yusif RÜSTƏMOV: Adil müəllim, Siz «cəmiyyətin gözəlliyi – mahiy­yə­tə insani qayıdışdır», deyirsiniz. Hansı mahiyyətə?! Siz ma­hiy­yəti özü­nə­məxsus mühakimələrlə açmağa çalışırsınız. Ma­raq­lı, həm də mübahisə doğuran fikirdir.

Adil ƏSƏDOV: Gözəl cəmiyyət – şəxsiyyət içərisində daşınan ma­hiy­yə­tə uyğun şəkildə qurulmuş cəmiyyətdir.

Zavər QAFAROV: Mən əksini düşünürəm: şəxsiyyətin özünü ob­yek­tiv şərait formalaşdırır. Böyük Fransa İnqilabı olmasaydı Napoleon bir tarixi şəxsiyyətə çevrilməzdi, adi bir vətəndaş olar­­dı. Onu tarixi şərait yetişdirdi. Yeni bir dinin ya­ran­ması­na ehtiyac ol­masay­dı onda Məhəmməd Peyğəmbər­in özü də bir şəxsiyyət ola­raq yetişməzdi.

Adil ƏSƏDOV: Əgər Napoleon olmasaydı, bəlkə də heç müa­sir Fransa da olmayacaqdı. Əgər Məhəmməd Peyğəmbər­ ol­ma­­saydı, onda belə bir möhtəşəmlikdə müsəl­man dünyası da çox yəqin ki, heç olmaya­caq­dı. Düşünürəm ki, şəxsiyyəti ob­­­yek­tiv dünya yaratmır, əksinə, şəxsiy­yət obyektiv dün­­­yanı ya­radır.

Aytən QULİYEVA: Adil müəllim, mən Sizi təkzib etmək üçün Sizin öz həyatınızdan bir nümunə çəkmək istəyirəm. Yadınızdadırmı, Siz Gözəlliyin fəlsəfəsindən öncə Varlığın fəlsəfəsini yazmağı planlaş­dırır­dınız. Lakin Sizin təzə aldığınız ev, ora­dan Bakının gözəl görü­nüşü, öz sözlərinizlə deyilərsə, Bakı ge­cə­lərinin romantikası Sizi o qədər valeh etdi ki, Siz Varlığın fəl­səfəsini deyil, Gözəlliyin fəlsəfəsini yaratdınız. Məgər bü­tün bunlara Sizi bir şəxsiyyət ola­raq şərait vadar et­mə­dimi?

Adil ƏSƏDOV: Gözəlliyin fəlsəfəsini yazacağımı mən elə əvvəlcədən də planlaşdırmışdım. Şərait mənim işimi planlaşdırmadı, planlarıma yal­nız bir qədər düzəliş verdi.

Məhərrəm ƏHMƏDOV: Bakının o uca nöq­təsində o qədər adam yaşayır ki… Heç birisi də Gözəllik fəlsə­fəsini yaratmır.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin