ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ


fateh zadəganın ilkin tarixi tipidirsə, hakim



Yüklə 3.52 Mb.
səhifə14/37
tarix07.01.2017
ölçüsü3.52 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
fateh zadəganın ilkin tarixi tipidirsə, hakim onun ikinci tarixi tipi, əmir üçüncü, aristokrat isə dördüncü tarixi tipidir. Fateh xalqın xilaskarıdır, hakim onun daxili ziddiyyətlərini həll edəndir, əmir isə onun aparıcısıdır, lideridir, başçısıdır.

Əmir də fateh kimi hakimiyyət sahibi olmadığı üçün hökmdar deyildir. Hökmdar-təbəə münasibətləri tarixi olaraq əmir-sıravi mü­na­si­bətlərindən doğulmur və onlardan köklü su­rətdə fərqlənir. Əmir və sıravi arasındakı münasibətlər haki­miy­­yət münasibətlərin­dən da­ha çox, əgər belə demək müm­kün­dürsə, böyük və kiçik qar­daş arasındakı doğma münasibətləri xatırladır. Çünki buradakı iye­rarxi­ya forması rasional xarakterli hakimiyyət deyildir, deyilən sö­zün mütləqləşdirilməsinə əsaslanmır, bu iyerarxiya poetik dil­lə deyi­lər­sə, ürəklərin birgə vurmasına əsaslanır. Ürə­yin səsini daha yaxşı başa düşən və daha yaxşı ifadə edən kəs əmir, onu icra edən kəs isə sıravi olur. Hökmdar-təbəə münasibətlə­rində isə iyerarxiya haki­miy­­yət xarakterlidir və bu hakimiyyət sözün müsbət olmayan mənasında rasional­dır, qeyri-səmimidir və ikitərəfli qaydada insan üzə­rində məc­buriyyətə əsasla­nır. Hökmdarın hakimiyyəti zora və zorakılığa, insan təbiətinin özgələşdiril­mə­si­nə istinad etdiyi halda, əmirin üs­tünlüyü av­to­ritetə və insan mahiyyətinin təsdiqinə yönəlir. Əmirin baş­çı statusu nə seçki yolu ilə, nə irsi yolla, nə inqilabi yol­la, nə də vəzifə bölgüsü zamanı pay kimi verilmir. Əmir baş­çı statusunu ha­mının hiss etdiyi, hamının ürəklərində saxla­dı­ğı ədalət his­sini hamı­dan yaxşı ifadə et­mək­lə və gerçək­ləş­dirməklə qaza­nır. Əmir kütlə­ləri ədaləti gerçəkləşdir­mək əzmi ilə hərəkətə gətirir.

Lakin ədaləti gerçəkləşdir­mək əlbəttə ki heç də hər əmirə və hər zaman nəsib olmur.

Bu, xüsusən o halda baş verir ki, hər bir əmirin ayrıca malik olduğu hərbi qüdrət əhalinin və ərazinin təhlükəsizliyini təmin et­mək üçün kifayət etmir. Xarici təhlükənin dayanıqlı və sürəkli oldu­ğu halda isə birgə müdafiə haqqında əmirlərarası razılaşmalara da­ha tez-tez zərurət yaranır və bu isə əmirlərin mütəmadi olaraq məs­lə­hət­­ləş­məsi­ni və birgə qərar qəbul etməsini şərtləndirir. Sonradan senat formasını kəsb edən Əmirlər Şurası həmin bu zərurətdən doğulur. Xarici təhlü­kə davam etdikcə və artdıqca Əmirlər Şurası­nın da əhə­miy­yəti artır və bu şura tədricən suveren1 statusunu kəsb edir.

Nəticədə, əmir­lərin başçılıq etdikləri ayrı-ayrı minidövlətlə­rin2 əraziləri tədricən vahid bir dövlətin ərazisinə transformasiya edir və əmirlərin başçılıq etdikləri minidövlətlərin vahid, əgər belə de­mək mümkün­dürsə, konfederasiyada sintezini şərtləndirir.

Dövlət beləliklə, Platonun, Aristotelin, Polibinin, Siseronun və Hobbsun başa düşdüyü məna­da aristokratiya xarakterini alır. Bi­zim tarixşünaslıqda buna çox zaman tayfa ittifaqı da deyilir. Bu dövlət, müasir politoloji terminologiya ilə ifadə edilsə, öncə xatır­lan­dığı kimi, konfederasiyaya bənzəyir. Əmirlər Şurasının fəaliyyət üs­lubu müəy­yən qədər indiki BMT Təhlükəsizlik Şurasının fəa­liyyət üslubunun kiçikmiqyaslı modelini də da xatırladır.

Əmirlər Şurasının bir qurum olaraq tam müstəqil olduğu siya­si rejimin ilkin çağında, öz xalisliyini hələ ki itirməmiş dönəmində Şuranın hər bir üzvü hamisi­ olaraq qaldığı vilayətin suveren əmiri olaraq da qalır. Şura suveren olaraq qaldıqca, əmir də bu vilayət üzə­rində öz suveren statusunu saxlayır. Şuranın digər üzvləri onun razı­lığı olmadan bu vilayətlə bağlı heç bir qərar qəbul edə bilməzlər. Burada ümumdövlət əhəmiyyətli qərarlar heç də səsçoxluğu prin­sipi əsasında de­yil, yalnız yekdillik prinsipi əsasında qəbul edilə bi­lir. Şuranın hər bir üzvünün, müasir hüquqi terminologiya ilə deyi­lər­sə, veto hüququ vardır.

Əmirlər Şurasının suveren statusunda olduğu siyasi rejim yal­nız o qədər də böyük olmayan coğrafi məkanda mövcud ola bilir. Əmir­­lə­rin rəhbər olduqları minidövlətlər haradasa bir mahal ölçülə­rində, Əmirlər Şurasının suveren statusunda olduğu siyasi rejim isə bir qəza ölçüsündə olan ərazidədir1.

Üstəlik, Əmirlər Şurasının suveren olduğu ölkədə əsasən kənd təsərrüfatı üstünlük təşkil edir. Aristokratik dövlətin başlıca vəzifəsi həmin bu kənd əhalisinin təhlükəsizliyinin təminatıdır. Burada tica­rət, sənətkarlıq və sənaye son dərəcə məhduddur və zəif inkişaf etmişdir. Məmurluq institutu rüşeym halındadır, daha dəqiq deyi­lər­­sə, burada əslində Şuranın hər bir üzvünün əhatəsində müəyyən azsaylı insan kütləsi vardır. Amma bu kütlə hələ ki, sözün tam mənasında nə məmur kimi, nə də tacir, sənətkar və ya konkret xid­məti öhdəliyi olan işçi kimi formalaşmamışdır. Bu insanları Şuranın deyil, onun ayrı-ayrı üzvlərinin məiyyəti hesab etmək olar. Doğru­dur, tamamilə mümkündür ki, bu məiyyət kütləsindən sonra­dan, siyasi təkamülün növbəti mərhələlərində məmur kütləsi forma­laş­sın. Amma hələ ki, bu insanlar yalnız məiyyət kütləsini təşkil edir­lər, özü də dövlətin ali orqanı olan Əmirlər Şurasına aid olan məiyyət kütləsini deyil, Şuranın ayrı-ayrı üzvlərinə aid olan məiyyət kütləsini. Bu insanlar amorf, hələ ki, qəti olaraq diferensia­siyaya uğradılmamış topluma daxil olmaqla ayrı-ayrılıqda əmirin adamı olmaqdan qeyri başqa bir sosial statusa malik deyillər.

Lakin, bununla yanaşı belə bir məqamı da qeyd etmək lazım gəlir ki, məiyyət kütləsi əmirin məxsusi iradəsinin icraçısından daha çox, onun yaxın ətrafı olduğundan əmir bu halda da, Əmirlər Şurası­nın üzvü statusunda da özünü sözün tam mənasında hökmdar kimi hiss etmir.

Əmirlər Şurasının suveren olduğu dövlət Morqanın «hərbi de­mo­kra­tiya» adlandırdığı siyasi hadisədir.

Əmirlər Şurasının hər bir üzvü əmiri olduğu vilayətin himayə­çi­si olaraq qalmaqla yanaşı, həm də əmiri olduğu ordunun başçısı ola­raq da qalır. Əmiri olduğu ordu ona tabedir, ona sədaqətlidir, bu ordu başqa bir sərkərdənin ixtiyarına verilə bilməz. Orduların birgə fəa­liyyəti isə yalnız əmirlərin qarşılıqlı razılığı əsasında mümkün­dür. Ordu birləşmələrinə – legionlara ümumi rəhbərlik isə əmirlə­rin hər birinin razılığı ilə onlardan birinə həvalə edilir.

Amma ordu birləşmələrinə ümumi rəhbərliyin əmirlərdən han­­sı­­sa birinə daha tez-tez həvalə edilməsi halı sürəkli olduqca və davamlı yer aldıqca həmin o rəhbər tədricən hökmdara çevrilməyə başlayır.

Beləliklə, himayə dövləti hakimiyyət dövlətinə, hökmdarın ha­ki­miy­yət maşınına çevrilir. Dövlət himayəsinin yerini getdikcə daha geniş miqyasda dövlət hakimiyyəti alır.






MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN

İRADƏNİN ARXA PLANA ATILMASI:



DÖVLƏT HAKİMİYYƏTİ

Cəmiyyətin potestar1 təşkilinin başlanğıc məqamını, dövlət hi­ma­yəsindən dövlət hakimiyyətinə keçidi şərtləndirən amil olaraq suveren statusunun artıq Əmirlər Şurasına deyil, ordu birləşmələri­nə ümumi rəhbərliyi ələ alan hökmdara məxsus olması faktı çıxış edir və bu halda konfederasiyadan federasiyaya doğ­ru təkamülə bən­zər siyasi hadisə baş verir.

Əmirlərdən biri tədricən hökmdara çevrildikcə, digər əmirlər onun vassalına çevrilməyə başlayırlar, daha çox onun lazım bildiyi döyüşlərdə iştirak etməli və ona vergi ödəməli olurlar. Əmirlər Şu­ra­sı­nın hər bir üzvü öncə əmiri olduğu vilayətin indi artıq bir əyalət rəhbəri, yerli idarə başçısı statusunu kəsb etməyə başlayır, öncə əmi­ri olduğu orduya indi artıq ordu komandanlarından biri statu­sun­­­da rəhbərlik edir və üstəlik öz üzərində hökmdarın ağırlığını və haki­miyyətini də hiss edir.

Bu halda Şuranın digər üzvləri - öncə öz vilayətləri və öz orduları üzərində suveren hüquqa malik olan əmirlər tədricən müt­ləq müstə­qilliklərini itirir və artıq əmirlərin suveren olmayan şurası­nın - senatın üzvünə, hörmətli şəxslərdən birinə, aristokrata çevrilirlər.

Aristokrat tarixi olaraq senat institutunun meydana çıx­ması ilə, daha dəqiq deyilərsə, Əmirlər Şurası institutunun Senat insti­tutu­na çevrilməsi ilə paralel olaraq formalaşır. Belə ki, Senat tarixən Əmir­lər Şurasının transformasiyası kimi yara­nır və əmirlərin özlə­rinin razılığı ilə önə keçən hökmdardan asılı olmuş olur və bu hadisə həm də zadəgan himayəçiliyinin dövlət hakimiyyəti forması­nı kəsb et­mə­si hadisəsi ilə ümumu tarixi kontekstdə baş verir.

Əgər zadəganın birinci tarixi tipi olan fateh, əgər onun ikinci tarixi tipi olan hakim, əgər zadəganın üçüncü tarixi tipi olan əmir yal­nız himayəçi olaraq qalırdılarsa, onun dördüncü tarixi ti­pi olan aris­tokrat fatehdən, hakimdən və əmirdən fərqli olaraq artıq həm hakimiyyət altındadır və həm də müəy­yən qədər hakimiyyət sahibi­dir. Lakin, aris­tokratların hakimiyyəti aristokratiya sözü­nün dilimi­zə hərfi tərcüməsində olduğu kimi ən yaxşıların hakimiyyətidir1.

Aristokrat rəiyyətə münasibətdə yenə də himayəçi, onun xid­mə­tində dayanan məiyyət kütləsinə münasibətdə isə himayəçi ol­maq­­la yanaşı, həm də yarımhökmdar rolunu oynayır. Onun sosial sta­­tusu əmirin sosial statusu ilə hökmdarın sosial arasında sanki bir aralıq mövqe tutur. Bununla belə, aristokrat ruhu hökmdar ruhun­dan öz təbiətinə görə fərqləndiyindən, aristokrat heç vaxt qəti ola­raq hökm­dar­laşmır.

Amma bu da bir həqiqətdir ki, aristokrat sarayla bağlı olan, sa­ra­yın malik olduğu hakimiyyətdən faydalanan və üstəlik özü də saraydan himayə olunan və əvəzindəsə saraya xidmət göstərməli olan və göstərən zadəgan olaraq tarix meydanına çıxır.

Sarayın meydana çıxması özü-özlüyündə isə himayə dövləti­nin dövlət hakimiyyətinə doğru təkamülünün davamı olur və əslində hökmdarın digər əmirlər üzərində üstünlüyünün simvollarından biri­nə çevrilir. Bu halda hökmdara öncə bir əmir olaraq məxsus olan mə­­iy­yət kütləsi indi artıq suverenə məxsus olan məiyyətə çevrildi­yin­dən bu kütlənin də siyasi çəkisi əhəmiyyətli dərəcədə artır. Hökm­­­dar əslində digər əmirlərin müqavimətini ilk növbədə məhz bu kütlənin, özünün getdikcə güclənməkdə və genişlənməkdə olan məiyyətin aktiv dəstəyi ilə qırır.

Xatırladaq ki, suveren statusunda Əmirlər Şurasının çıxış etdi­yi halda isə məiyyət kütləsi hələ ki suverenə deyil, ayrı-ayrı əmirlə­rə məxsus idi. Əmirlərdən birinin digər əmirlər üzərində üstünlük əldə edərək, suveren statusunu kəsb etməsi isə ona məxsus olan mə­iy­yət kütləsini bilavasitə dövlət hakimiyyətinin obyekti edir. Üstün­lük əldə edən, ön plana keçən həmin əmir öncə yalnız öz məiyyətinə münasibətdə lider idisə, indi o, həm də digər əmirlərə münasibətdə lider olur və tədricən dövlətin bütün əhalisinə münasibətdə liderə çevrilir. Hökmdar burada əhaliyə münasibətdə lider və himayəçi, mə­i­y­yətə münasibətdə isə onun üzərində həm də sanki bir mülkiy­yət­çi, bilavasitə olaraq sanki bir ağa2 statusundadır.

Hökmdar tabe edən, məiyyət isə tabe olan və tabe olmağı ilə fəxr edən kəsdir.

Məiyyət ümumiyyətlə özgə iradəsinin icraçısı kimi meydana gəlir və meydana gəldiyi tarixi andan bəri öz fərdi iradəsini kütləş­di­rir.

Hökmdar-məiyyət münasibətləri ağa-qul münasibətləri ilə bəl­kə də eyni təbiətlidir. Məiyyət öhdəliklərini tam olaraq öz üzərinə götürmüş insan artıq işləmir, xidmət edir, daha doğrusu, qulluq edir. Qulluq sözü öz ilkin mənasını son dərəcə dəqiqliklə qoruyub saxlamışdır. Məiyyət öz işindən ayrılaraq daha çox fayda götürmək üçün özgə işini görmək istəyənlərdən formalaşır.

Məiyyət özgə iradəsini yerinə yetirməli olan bir alət kimi mey­da­na gəldiyindən, dövlət hakimiyyətinin yaranması qul düşüncə tər­zinin, kölə psixologiyasının tarixi təşəkkülünə başlanğıc verir. Döv­lət doğrudan da heç də marksizmin güman etdiyi kimi qul­dar­lıqdan törəmir, əksinə, sözün həqiqi məna­sın­­da quldarlığı və kö­lə­liyi törə­dir.

Azadlıq və köləlik təkcə sosial stratifikasiyaya aid olmayıb, qeyri-aşkar formada cəmiyyət həyatının bütün sahələrində, xüsusən dövlət hakimiyyətində özünü göstərir. Köləlik ümumiyyətlə bir in­sa­­nın öz iradə və zəkasını başqa bir insanın iradə və zəkasına tabe etdirməsidir. Kölə öz ürəyinin səsini eşitmək istəmir və onu boğur, öz instinktlərinin gerçəkliyinə inanmır və onlardan utanır. Azadlıq­dan köləliyə keçid öz ürəyinin səsinin boğulması ilə, öz instinktlə­rinin korşalması ilə başlayır, özgə iradəsinin həqiqiliyinə və qüdrəti­nə, özgə zəkasının mütləqliyinə və kamilliyinə inamın qərarlaşması ilə başa çatır. Öz işini ataraq məiyyətləşən hər bir şəxs kölələşir.

Məiyyət kütləsi içərisində prinsipial olaraq iş bölgüsünün mey­dana çıxması, daha konkret deyilərsə, öncə ümumi məiyyət küt­ləsini təşkil edən insanların içərisindən bəzilərinin sənətkar və tacir kimi ixtisaslaşmaları və ümumi kütlədən ayrılmaları ilə isə tarix meydanına yeni bir fenomen – şəhər fenomeni daxil olur. Şəhər hökmdarın saraydankənar ətrafının yaranması ilə meydana gəlir.

Amma şəhər cəmiyyət həyatının inkişafında bir hadisə olaraq öz təşəkkülünü Əmirlər Şurasının suveren statusunda olduğu za­man­­dan götürür və ilkin olaraq legionun düşərgəsində, əmirlərin bir­gə qərar qəbul etdikləri ştabda öz formalaşma dövrünün başlan­ğı­­cı­nı yaşayır. Ştab həm rudimentar bir dövlət aparatına, həm də bir protoşəhərə çevrilir. Əgər Əmirlər Şurasının özü müəyyən qədər hərbi ştabı xatırladırsa, ilk məiyyət kütləsi ştab işçilərini, kvartir­meys­­ter isə ilk dövlət məmurunu xatırladır. Belə ki, əmirlər öz təbi­ət­ləri etibarı ilə hərbçi olduqlarından o qədər də bələd olmadıqları və əslində heç rəğbət də bəsləmədikləri mülki işləri (təsərrüfat işlə­rini) idarə etmək məcburiyyətində qaldıqları zaman mülki işlərə rəh­bərlik etmək üçün məiyyət kütləsi içərisindən ən bacarıqlı hesab et­dik­ləri birisini seçirlər, ona mülki işlərə rəhbərlik etmək səlahiy­yəti­ni verirlər. Kvartirmeyster həmin bu şəxsdir. Beləliklə, bütün ştab işçiləri onun sərəncamına verilmiş olur və ona tabe olmaq onla­ra bir vəzifə olaraq tapşırılmış olur. Bununla da, idarəetmənin haki­miy­yət­dən fərqlənməsinin və tədricən həm də qopub ayrılmasının əsası və başlanğıcı qoyulur, hakimiyyətin idarəetmədən ayrılması ilə isə dövlətə başçılıq edən şəxsin dövlətin bilavasitə gördüyü işlər­dən ayrı düşməsinin ən ibtidai bir səviyyədə təməli qoyulmuş olur. Belə­liklə, mülki işlərə rəhbərlik edən kvartirmeyster həm məiyyət kütlə­si üzərində müəyyən hakimiyyətə malik olur, həm də dövlətin xəzi­nəsi­­nə ödənilən vergilər nəticəsində meydana çıxan sərvət üzə­rin­də sərəncam vermək hüququna da müəyyən dərəcədə malik olur. Bu­nun­la da kvartirmeyster dövlətin rüşeym halında ilk məmu­ru olmuş olur və dövlətin təkamülünün sonrakı mərhələlərində əvvəlcə xəzi­nə­­dar, sonra vəkil və sonra hətta nazir statuslarını kəsb etməklə onun əhəmiyyəti və siyasi çəkisi getdikcə artır.

Əmirlərdən birinin hökmdara çevrilməsində də onun mühüm ro­­lu olur, ştabın tədricən əvvəlcə saray, sonra isə şəhər olmasında da.

Avropa dillərində ştabştat sözlərinin bir-birinə bənzəməsi isə onların eyni mənşəli olmasından xəbər verir. Dövləti siyasi haki­miyyətlə eyniləşdirən qərb siyasi təfəkkürü üçün ştabştat sözlə­ri­nin etimologiya nöqteyi-nəzərindən ştabştat mənalarından baş­qa, həm də şəhərdövlət mənalarını verməsi də bu baxımdan heç də təsadüfi deyildir1.

Şəhərin meydana çıxması aristokratizmin olmasa da, aristo­kra­­tik idarəetmə üsu­lunun aparıcı mövqeyinin sonunu şərtləndirir, aristokratik idarəetmə üsu­lu ən azı idarəetmənin üstün, aparıcı for­ma­sı kimi öz əhəmiyyətini itirir. İdarəetmə artıq aristokratizm prin­si­pi əsasında deyil, daha çox determinizm prinsipi əsasında baş verir.

Aristokratik idarəetmənin böhranı özünü həm də onda göstərir ki, rəiyyət zadəgan işlərini görməyə başlayır, ən başlıcası isə müha­ri­bə­yə cəlb edilir, zadəgan isə öz növbəsində rəiyyət işlərinə girişir, tacirlik edir.

Şəhərlinin düşüncə tərzi və əxlaqi prinsipləri zadəganın dü­şün­­cə tərzinə və əxlaqi prinsiplərinə yad olduğu üçün, şəhərli kütlə­si­nin formalaşması özü-özlüyündə, artıq bir qədər digər aspektdə olsa da qeyd olunduğu kimi, cəngavər, icma və zadəgan mədəniy­yət­ləri ilə yanaşı duran dördüncü bir mədəniyyət tipini – şəhər mə­də­niyyə­tini – formalaşdırır. Şəhərli kütləsi əsasən kəndli kütləsi əsasında forma­laşsa da, şəhər mədəniyyəti yarandığı gündən bəri icma mədəniy­yətin­dən fərqlənməyə başlayır və özünün tarixi inki­şaf prosesində onun tam əksliyinə, fərdiyyətçi əxlaqın gerçəkliyinə çevrilir. İcma mə­də­niy­yəti altruistik təbiətli olduğu halda, şəhər mə­də­niy­yəti lap başlanğıcdan bu və ya digər dərəcədə utilitar xarakter daşıyır. Şəhər mədəniyyətini daxilində müşahidə olunan xeyirxahlıq əkinçi həyat tərzi zəminində formalaşan icma mədəniyyətinin daxi­lin­də olduğu kimi təmənnasız deyildir, xeyirxahlıq burada həmişə öz əvəzini göz­lə­yir, insanlara yaxşılıq etmək insanları asılı vəziyyə­tə salmaq, mü­əy­yən mənada, onları kölələşdirmək məqsədinə xid­mət edir. Özü də burada köləlik qarşılıqlı və könüllü xarakter kəsb edir. İstəmədiyin əməlləri edirsən ki, başqaları sənin istədiyini etsin­lər. Elə buna görə də şəhərli əxlaqı daxilində məhz naşükürlük ən baş­lı­ca qəbahətə çevrilir. Burada müşahidə olunan cəsarətlilik və risk də cəngavər mədəniyyəti üçün səciyyəvi olan cəsarətlilikdən və qətiyyətdən fərqlənir. Risk və cəsarət burada həmişə müəyyən faydanı nəzərdə tu­tur. Əxlaq şəhər mədəniyyəti daxilində öz müt­ləq­li­yini itirir, adət­lə­rin təcəssümü kimi qavranılır, zahiri xarakter kəsb edərək etika, daha dəqiq deyilərsə, etiket formasını alır.

Şəhərin formalaşması hakimiyyət dövlətinin formalaşması ilə paralel baş verir və hakimiyyət dövlətinin özünə də getdikcə daha çox artmaqda olan utilitar və determinist xarakter verir.

Dövlətin utilitar və determinist xarakter alması həm də o de­məkdir ki, burada məiyyətin fəaliyyəti ümumən xalqın qarşısında du­­ran problemlərdən deyil, daha çox hökmdarın rasional iradəsin­dən qaynaqlanmağa başlayır və məiyyət hökmdarın iradəsinə tabe ol­­du­ğu üçün əvəzində dövlət hökmdarın adından ona mükafat ola­raq bu və ya digər şəkildə haqq verilir. Məiyyət hökmdar iradəsinin ye­rinə yetirilmə prosesinin özünə biganədir, bu proses onun ürəyin­dən deyildir, hökmdar iradəsinin yerinə yetirilməsi zamanı o, müka­fat xatirinə özü üzərində zorakılıq edir. Hökmdar məiyyəti mükafat­la həvəsləndirərək və eyni zamanda həm də cəza ilə qorxudaraq ida­rə edir. Məiyyət üçün fəaliyyətin özü yox, onun nəticəsi əhəmiy­yət­li­­dir.

Müqayisə üçün utilitar və determinist idarəetmə üslubu ilə əmi­­rə xas olan idarəetmə üslubu arasında bir daha paralel aparaq. Əmi­rin hakimliyində utilitar və determinist idarəetmədən fərqli ola­raq fəaliyyətin bilavasitə icraçısı olan sıravi üçün fəaliyyətin nəticə­si deyil, fəaliyyətin özü əhəmiyyətlidir. Çünki bu fəaliyyət ürəkdən keçən əməlləri, ədaləti ifadə edir. Əmir sıravinin ürəyindən keçəni sıravinin özündən daha yaxşı ifadə etdiyi üçün onu idarə edə bilir. Əmir burada ədalətin ifadəçisidir. O, bütün sıravi kütləsinin təbii, içə­ridən gələn fəaliyyətini tənzimləməklə ədalətin bərqərar edilmə­si­nə, təntənəsinə nail olur. Əmir-sıravi sistemində «sərəncamverən-icraçı» münasibətləri hökmdar-məiyyət sistemində olduğu kimi ko­bud və qeyri-təbii deyildir. Əslində «sahibkar-kölə» xarakterli olan hökmdar-məiyyət sistemi insan ləyaqətini aşkar surətdə alçaldır. Əmir-sıravi sistemi ürəyin səsinə ehtiram və insan ləyaqətinə hör­mət prinsipi üzərində, hökmdar-məiyyət sistemi isə faydalılıq prin­si­pi üzərində qurulmuşdur. Əmirin iradəsi insan daxilindən axıb gə­lən həqiqət selinin gerçəkləşməsinə yönəlmişdir. Əmirin gözündə sıravi onun özü kimi insandır. Məiyyət hökmdarın gözündə isə onun iradəsini yerinə yetirməli olan bir alətdir. Əmirin iradəsi emosional, hissi təbiətlidir, indidən qaynaqlanır və səmimidir, hökm­darın iradə­si isə rasional xarakterlidir, keçmişdən qaynaqlanır və əksər hallarda ürəyin səsi ilə uyuşmur. Əmir üçün söylədiyi söz deyil, ürəyinin səsi əhəmiyyətlidir. Hökmdar üçün isə əksinə olaraq ürə­yin səsi az əhə­miy­yətli­dir, dediyi söz isə son dərəcə mühüm­dür. Son söz demək an­caq onun səlahiyyətidir. Onun sözündən çıx­maq, sözü­nün üstün­dən söz demək, sözünü eşitməmək, sözünün qarşısında söz danış­maq qadağandır. Bu qadağanın pozulması cəzalanma ilə nəticələnir. Əmirin sözü ümumi iradəni ifadə edir və buna görə də hamının ürə­yin­dən xəbər verir. Əmirin sözü ideyadır. Bu ideya inkişaf etdikcə özünün söz qabığını hər an dəyişə bilə­r. ­Hökm­­darın sözü isə ideyanı ifadə etmir, təsadüfə əsaslanan şı­l­taqlığı ifadə edir. Əmir-sıravi sis­te­mində sıravi əmir­in söylədiyi ideyanı suya təşnə olan torpaq kimi udur. Əmirdən fərqli olaraq hökmdar ideya söylə­mir, söz deyir, hökm­­­da­rın idarəetmə üslubu despotik, əmirin idarə­et­mə üslubu isə aris­tokratikdir. Əmir hərbçidir, hökmdar isə artıq yarıhərbçidir, hə­ya­tı­nın əksər hissəsində mülki şəxslərlə ünsiyyətdə olduğundan və onlarla əhatə olunduğundan, mülki şəxsin mahiy­yəti­ni və təbiəti­ni və bir çox əlamətlərini mənimsəmişdir. Başçı statusunun əmirdən mül­ki şəxslərin əhatəsində və təsir dairəsində olan hökmdara keç­mə­si hərbçi üzərində hökmranlığın mülki şəxsin ixtiyarına verilmə­sinin başlanğıcı kimi də dəyərləndirilə bilər.

Cəmiyyətin potestar təşkili eyni zamanda xüsusi mülkiyyətin formalaşması ilə paralel baş verir.

Hakimiyyət münasibətləri müəyyən qədər mülkiyyət münasi­bət­lə­ri­ni xatırladır. Hakimiyyətə malik olmaq əslində başqaları üzə­rin­də sahiblik hüququna malik olmaq deməkdir. Mülkiyyətə malik ol­maq isə dünyanın müəyyən hissəsi üzərində hakimiyyətə malik ol­maq­dır. Hakimiyyət insanlar üzərində mülkiyyətdir. Mülkiyyət – dün­­ya üzərində hakimiyyətdir, dünyanın insan iradəsinə tabe etdiril­miş hissəsidir.

Həqiqi dövlət zadəgan ruhunun təcəssümü, daha dəqiq deyilər­sə, insanların öz təbii təyinatlarını gerçəkləşdirməsinə yardım etmə­yə yönələn personal başlanğıcın törəməsi olduğu halda, dövlə­tin haki­miy­yət formasını alması və bu yönümdə təkamül etməsi onun za­dəgan ruhundan və personal başlanğıcdan qoparaq, ayrılaraq öz­gə­ləşməsi və bir qədər də eybəcərləşməsidir.

Dövlətin yaranması zadəganlığın yaranması ilə eyni zamanda baş verdiyi halda, dövlət hakimiyyətinin meydana gəlməsi zadəgan­lı­ğın yaranmasından çox sonra baş verir və mahiyyəti etibarı ilə on­dan daha miyanə və daha az fundamentaldır. Əgər mahiyyətin ger­çəkləşdirilməsinə yönələn iradə zadəganlığın təşəkkülü məqa­mın­da və dövlətin yaranması prosesində ön planda olursa, dövlət hakimiy­yə­tinin formalaşması mahiyyətin gerçəkləşdirilməsinə yö­nə­lən ira­də­ni arxa plana atır.

Dövlət hakimiyyətinin öz hüdudlarını genişləndirərək siyasi hakimiyyət formasını alması isə tarixi olaraq tiraniyanın doğuluşu ilə eyni zamanda baş verir.



ZƏBT EDİLƏN HAKİMİYYƏT:



TİRANİYA

Tiraniya dövlət hakimiyyətinin zor tətbiq etməklə ələ keçiril­mə­si, zəbt edilməsi nəticəsində meydana çıxsa da, bir çox hallarda döv­lə­tin öz həqiqi mənasına və mahiyyətinə yadlaşmasının ən aş­kar ifadə formalarından birinə çevrilə bilsə də, tiranizmin doğu­lu­şu siyasi hakimiyyətin doğuluşunu şərtləndir. Siyasi hakimiyyə­tin ən aşkar, ən xalis və yəqin ki, ən ilkin tarixi forması əslində elə tirani­yadır.

Əgər hakimiyyət ümumiyyətlə bir adamın öz iradəsini başqa bir adama qəbul etdirməsidirsə, tiraniyada həmin bu başqa adam ro­lunda ölkənin bütün əhalisi, o cümlədən irsi aristokratiya çıxış edir.

Əgər tiraniyanın bir siyasi gerçəklik olaraq ilkin tarixi təzahü­rü mərkəzi dövlət hakimiyyətinin zəbt edilməsidirsə, onun ikinci ta­ri­xi təzahürü tiran tərəfindən aristokratik senatın ləğv edilməsidir. Ti­raniya siyasi hakimiyyətin özülünün qurulmasını əslində elə bu­nunla gerçəkləşdirir. Tiran siyasi hakimiyyətin yeganə subyekti sta­tu­su­nu davamlı olaraq saxlamaq və digər siyasi qüvvələri siyasətin real səhnəsindən silmək üçün aristokratik senatı keçmişin bir qalığı kimi ləğv edir, bununla da yerlərdə danılmaz hakimiyyətə malik olan irsi aristokratiyanı mərkəzi hakimiyyət payından məhrum edir, öncə irsi aristokratiyaya tabe olan və əslində həm də məxsus olan vilayətləri bilavasitə mərkəzin tabeliyində olan əyalətlərə çevirir, yer­lərdə öncə danılmaz hakimiyyətə malik olan irsi aristokratiya təmsilçilərinin malik olduqları hakimiyyət və nüfuz dairələrinin belə bir qaydada kiçilməsi ilə razılaşmadıqları və buna müqavimət gös­tər­dik­ləri halda isə, onların müqavimətini qıraraq əyalətlərə rəhbər­lik etməli olan yerli idarə başçılarını özü, onun özünə tabe olan qo­şun hissələrinin komandanları içərisindən təyin edir.

Tiran bununla da özünün ölkə və əhali üzərində malik olduğu siyasi hakimiyyətin özülünü möhkəmlətmiş olur.

Dövlət hakimiyyətindən fərqli olaraq, siyasi hakimiyyətin nü­fuz dairəsi, obyekti artıq yalnız məiyyət kütləsi deyildir, bütün ölkə əhalisidir. Tiran bütün ölkə əhalisi üzərində hakimiyyət sahibidir. Əgər bir hökmdar olaraq ona aid olan dövlət hakimiyyətinin obyekti onun zorla özünə təslim etdirdiyi və artıq onun sərəncamında olan məiyyət kütləsidirsə, onun yaratdığı siyasi hakimiyyətinin obyekti bü­­­tün əhali olur.

Tiran məiyyət üzərində artıq formalaşmış hakimiyyəti zorla istila edən və sonradan bütün əhalini öz hakimiyyətinin təsiri altına salaraq, ölkə əhalisini təbəəyə çevirən, təbəələşdirən şəxsdir. Tiran təbəə kütləsini yaradandır.

Təbəə kütləsi yalnız qismən məiyyət kütləsi əsasında forma­laşır. Təbəəliyin başlıca mənbəyi isə kəndlidir. Təbəəliyin for­ma­laş­ması dövrün­də kəndlilər dövlətə xidmət sferasına cəlb edilir və təbəəliyin başlıca sosial bazasını təşkil edirlər.

Tiran ilkin olaraq yalnız məiyyət üzərində hökmran olsa da, son­radan rəiyyətin – hökmdara və dövlətə xidmət sferasına cəlb edil­məmiş əhalinin – əməllərinə qadağalar qoyur, məiyyətin nə etməli olduğunu müəyyənləşdirməklə yanaşı, həm də eyni zamanda rəiyyətin də nə etməməli olduğunu müəyyənləşdirir. Tiranın rəiyyət üzərində hökmranlığının qərarlaşması rəiyyətin verəcəyi vergi for­ma­sının və miqdarının rəiyyətin özünün razılığı olmadan dəyişdir­diyi andan başlayır, klassik təbəəliyin qərarlaşması ilə, bütün əhali­nin aktiv siyasi hakimiyyət sferasına daxil edilməsi ilə isə başa çatır.

Tiran əhalini özünün xalqı, ölkəni isə öz səltənəti kimi qav­rayır və edir. Xalq da, ölkə də, əslində, başlıca olaraq, elə məhz tiraniya şəraitində formalaşır.

Tiraniya xalqın bir nəfərin iradəsinə tabe olduğu halda möv­cud­dur. Lakin tiranın iradəsi son məqsədi hakimiyyət olan iradə de­yil­dir, bu, çılpaq hakimiyyət istəyi deyildir. Tiranın iradəsi hər şey­dən öncə ədalətin bərqərar olmasına yönələn iradədir, ədalət hissin­dən qaynaqlanan iradədir, ən azı onun özü buna səmimi ola­raq ina­nır. Hakimiyyət isə burada özlüyündə məqsəd deyil, vasi­tədir.

Heç də təsadüfi deyildir ki, tiraniyanın bir çox tarixi nümunə­lə­rin­də xalq tiranı ədalətli hökmdar kimi tanıyır. Əgər tiraniyaya qə­dər hökmdar məiyyəti əsasən mükafatlandırma və qismən də cəza­lan­dır­ma vasitəsi ilə idarə edirdisə, tiran məiyyəti və həm də xalqı başlıca olaraq xalqın sevgisini qazanaraq idarə edir.

İdarəetmənin mükafatlandırma və cəzalandırma vasitələri ti­rani­ya­da əlbəttə ki yer alır, amma həmin vasitələr burada ikinci də­rə­cəli əhəmiyyətə malikdir. İdarəetmənin başlıca olaraq cəzalandır­ma vasitələri üzərində qurulması isə, tiraniya deyildir, despotiya­dır. Despot xalqı cəzalandıraraq, qorxu içərisində saxlayaraq idarə edən şəxsdir.

Doğrudur, siyasi hakimiyyətin bir nəfərin iradəsinə tabe edil­di­yi bütün hallarda despotiya əlaməti, yəni xalqı cəzalandırma yolu ilə, qorxu içərisində saxlayaraq idarə etmə əlaməti müəyyən dərəcə­də mövcuddur. Amma despot və tiran arasında prinsipial fərq, əvvə­la, hər şeydən öncə ondan ibarətdir ki, xalqı cəzalandırma yolu ilə, qorxu içərisində saxlamaqla idarə etmə əlaməti despot üçün birinci dərəcəli əhəmiyyətə malik olduğu halda, tiran üçün ikinci dərəcəli əhəmiyyətə malikdir. İkincisi, despotun iradəsi onun iç dünyasından deyil, onun xaricindən, onun ətrafından qaynaqlandığı halda, ədalə­tin gerçəkləşdirilməsinə deyil, əhalinin ayrı-ayrı təbəqələrinin mə­na­felərinin güdülməsinə yönəldiyi halda, tiranın iradəsi daxildən qaynaqlanır, daxili inam üzərində qurulur, hökmdarın özü iradəsi­nin ədalətin gerçəkləşdirilməsinə yönəmli olduğuna inanır. Despot haqq hissini itirmiş insanların bir qisminin digər qismi üzərində zorakılıq vasitəsi olduğu halda, tiran özünü daxilində duyduğu haqq hissinin gerçəkləşdiricisi kimi dərk edir. Üçüncüsü, despotiyada hakimiyyət özlüyündə məqsəd olduğu halda, tiraniyada hakimiyyət özlüyündə məqsəd deyil, vasitədir. Tiran hakimiyyətin vasitəsi ilə ədaləti bərpa etdiyi əqidəsindədir, despot üçün isə insanlar üzərin­də hakimiyyət sür­məyin özü bir məqsəddir.

Təbiəti etibarı ilə despot olan kəs hakimiyyətə dövlət çevrilişi yolu ilə də gətirilə bilər, irsi olaraq da, siyasi razılaşma yolu ilə də, hətta tarixdən məlum olduğu kimi seçki yolu ilə də hakimiyyətə gələ bilər. Hakimiyyətin seçki və ya qeyri-seçki yolu ilə qazanılıb-qaza­nıl­ma­masından, dövlət çevrilişi və ya sülh yolu ilə əldə edil­mə­sin­dən, hətta, irsi və ya qeyri-irsi olaraq mənimsənilməsindən asılı olmayaraq dövlət despotik və ya qeyri-despotik təbiətli ola bi­lər. Buradan görünür ki, despotun fəaliyyət prinsipləri heç də onun hakimiyyətə gəlmə üsulu ilə müəyyənləşmir.

Bu nöqteyi-nəzərdən, hakimiyyətin zor tətbiq etməklə qaza­nılma­sının müəyyənləşdirilməsi hökmdarın tiranmı, yoxsa despot­mu olub-olmamasını müəyyənləşdirmək üçün bəlkə də ən səciyyə­vi əlamət deyildir. Səciyyəvi əlamət burada odur ki, zor tətbiq etməklə hakimiyyətə gətirilən insan




Поделитесь с Вашими друзьями:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə