ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə12/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
Avropa aristokratizminin dirçəlişi müşahidə olu­nur. XIX əsr Çininin Avropa tərəfindən nəzarət altına alınması­nın da ən mühüm əsası da görünür elə bu idi.

XIX əsr Qərb aristokratik ruhunun ən qüdrətli ifadəçisi Hegel oldu.

Dövlətin Hegel tərəfindən onun məşhur Hüquq fəlsəfə­sin­də irəli sürülən aristokratik konsepsiyası Platonun siyasi doktrinasını xatır­la­­dır. Bu da təbiidir. Dövləti dövlət ha­kimiyyəti ilə eyniləşdirən və onu vətəndaş cəmiyyətinə qarşı qoyan Yeni dövr politolo­giyasın­dan1 fərqli olaraq, antik siyasi fəlsəfə “dövlət hakimiyyəti – vətəndaş cəmiyyəti” qarşıqo­yulmasını tanımır, dövləti bir bütöv sosial orqa­nizm kimi tanıyır. Bu da antik siyasi fəlsəfənin aristo­kratik mənşəli olduğundan irəli gəlirdi. Platon “polis”in, yəni qədim yunan şəhər-dövlətinin fərd üzərində il­kin­liyindən çıxış edirdi. Dövlətin fərd üzə­rində üstünlüyü ideyasını Hegel də qəbul edir. Görünür elə buna görə də onların hər ikisi burjua liberalizmi tərəfindən tənqidə mə­ruz qalaraq etatizmdə günahlandırılırlar. Pla­ton, onun dövründə demos, Yeni dövrdə isə burjua adlandırılan küt­lənin dünya­duyumuna nifrət edirdi və onu rədd edirdi. Lakin, Hege­lin burjua də­yərlərinə münasibəti nigilist xarakterli deyildi. Fərdi hüquq və azadlıq ideyaları, hamının qanun qar­şısında bəra­bərlik prinsipi Hegel tərəfin­dən heç də sadəcə olaraq rədd edilmir, yalnız özünə­məx­sus şəkildə şərh edilir: Hegelin nöqteyi-nəzərində, dövlət bütöv bir sistem olsa da, birmənalı münasibətləri və xassələri özün­də daşı­yan atomlaşmış fərdlərin aqreqatı deyildir, cansız mexanizm deyil­dir, iradə azadlığına və fəaliyyət formasını seçmə hüququna malik olan fərdlərin canlı orqanizmidir. Doğrudan da, fərd özünün həqiqi həyati təyinatına uyğun şəkildə fəaliyyət gös­tərdikcə, sosial orqanizmdə özünün həqiqi mövqeyini tutmuş olur və sosial orqa­nizmin, əgər belə demək mümkündürsə, bir hüceyrəsi­nə çevri­lir. He­ge­lin, eləcə Platonun da aristokratik konsepsiyası des­potik kon­sep­siyadan əsasən elə bununla da fərqlənir. Eyni zamanda Hegelin Hüquq fəlsəfəsində burjua nəzəriyyəsi üçün səciyyəvi olan fərd-cəmiyyət, vətəndaş-dövlət qarşıdur­ma­sı da yoxdur. Burada nə eta­tizm üçün səciyyəvi olan azadlıq, yəni dövlətin, bütövün azadlı­ğı, nə də liberalizm üçün səciy­yəvi olan azadlıq, yəni fərdin azadlığı müt­ləq­ləş­di­ril­mir. Hegel aristokratik siyasi doktrinanın təqdimatını fəl­sə­fi zəmində verdiyindən iddia edir ki, əgər azadlıq öz mənbəyini ilahi zəkadan götürürsə, dövlətin azadlığı fərdin azadlığı boğmur, onu tamamlayır.

Dövlətin mövcudluğu Tanrının dünyada addımlaması­dır”, - de­­yən Hegel, reallıqda özünü iradə kimi yerinə yetirən zə­ka qüvvə­si­nin təcəssümünü dövlətdə görür. Zəka isə məlum ol­duğu kimi He­gel­də dünyanın ilahi mahiyyətini təşkil edir.

Hegel bütün bəşər tarixini ilahi zəkanın mücəssəməsi kimi nə­zər­dən keçirir.

Vətəndaş cəmiyyəti ilahi zəkanın nəzarətindən çıxaraq insani dər­rakəyə tabe olan toplum kimi Hegel tərəfindən pis­lənilir. Vətən­daş cəmiyyəti dövlətin nəzarətindən çıxarkən özünü nəinki bütöv so­sial orqanizmdən ayırmış, hətta ona qar­şı qoymuşdur. Döv­lə­tin bir bütöv sosial orqanizm kimi meydana çıxmasını obyektiv ruhun tam həyata keçirilməsi kimi dəyər­ləndirən Hegel vətəndaş cəmiyyə­tinin formalaş­ma­sını obyek­tiv ruhun özgələşməsi kimi sə­ciy­yə­lən­dirir.

Hegel vətəndaş cəmiyyətinin fabrikantlardan, tacirlər­dən və sə­nətkarlardan ibarət kütlə tərəfindən yaradıldığını qeyd edir və bu kütləni bizə yaxşı məlum olan burjuaziya termini ilə adlandırır. He­gel, burjuaziya adlandırdığı in­san­lar toplumunu sosial orqaniz­min bir orqa­nı­na çevirməyin zərurətini qeyd edir və bu orqanı ikinci silk kimi səciyyələndi­rir, onu birinci silk kimi qiymətləndirdiyi zadəgan­lara və üçüncü silk kimi qiymətləndirdiyi bürokratiyaya qarşı qoyur. Za­də­ganlıq Hegeldə təbii əxlaq silkidir, bürokratiya zadə­ganlıq­da daşınan ilahi əxlaqın icraçısı olmaqla cəmiyyətin ümumi maraq­la­rını təmin edir. Cə­miy­yətin bu silklərdən kənarda qa­­lan hissəsini He­gel formasız kütlə adlandırır və bu kütlə­dən törəyən əməllərin kortəbii, ağılsız, vəhşi və dəhşətli olduğunu vur­ğu­layır.

Hegel dövlətin ilahi mahiyyət daşıdığı ideyasından çı­xış edərək onun ilahi mənşəyə malik olduğunu qeyd edir və bu zəmində də icti­mai müqavilə nəzəriyyəsini təkzib edir. Dövlə­tin mənşəyini müqavilə prinsipi əsasında şərh edən nəzəriyyə dövləti heç də ilahi bir qurum kimi deyil, əksinə olaraq, in­sani bir qurum kimi dəyərlən­dirir. Hegel bu nəzəriyyəni ideya­dan məhrum olan abstraksiya kimi səciyyələn­di­rir və inqilabi təsəvvürləri də bu nəzəriyyə ilə bağla­yaraq onu dəh­şətli və ürəksıxıcı hadisələrə gətirib çıxardığı üçün lənətləyir və rədd edir. Döv­lət insani müqavilə əsasında deyil, “sən mənə, mən sənə” prin­sipinə uyğun şəkildə deyil, ilahi fəhm əsasında qurulmalı və inkişaf etməlidir. Görünür elə buna görə də, Hegel cəmiyyətin in­kişafında inqi­lab­la­ra deyil, zadəganlığın siyasi ins­tinkt­lərindən doğ­ma­lı olan refor­ma­lara üstünlük verir. Zadəgan­lığın siyasi instinktləri isə Hegeldə öz başlan­ğıcını ilahi zəkadan götürür.

Hegel burjua mənşəli olan təkcə ictimai müqavilə ide­yasını deyil, həmçinin burjua mənşəli olan pasifizmi də tən­qidi təhlilə mə­ruz qoyur. Hegel müharibənin əxlaqi əhəmiyyəti barəsində ideya irəli sürmüşdür. Müharibənin əhəmiyyətlili­yi­ni Hegel ilk növbədə belə bir tezislə ifadə etmişdi ki, xalqların əxlaqi sağlamlığı yalnız müharibə sayəsində saxla­nılır, müharibə insan mənəviyyatını uzun sü­rən sülh­dən, xüsusilə əbədi sülh­dən törənə bilən çürümədən mü­ha­fizə edir. Amma, Hegelin müharibəni bəşər tarixinin təbii və nəcibləşdi­ri­ci hadisəsi kimi qiymətləndirməsini, hüququ, o cümlə­dən, beynəl­xalq hüququ insanlar arasında sadəcə olaraq şərtləşmə hesab etməsini, müharibəni beynəlxalq münasibətlərdə qəti hökm verə bilən və verməli olan hakim kimi qiymətləndirməsini, haqsız­lığa və ədalətsizliyə qarşı Hegel tərəfindən ifadə olunmuş qəzəbi, Hegelin dünyanı öz həqiqi mahiyyətinə qaytarmaq əzmini və bu qayıdış yolunda eybəcərliyə qarşı amansızlı­ğını “müharibə təbli­ğa­tı” kimi qiymətləndirmək məncə bayağı olardı.

Karleyl də zadəganlığı onun cəngavər mənşəyi fonunda və cə­miy­yə­tin aparıcı amili kimi təqdim etmiş, Hegel tərəfindən zəruri­liyi inkar edilən inqilabı da cəngavər ruhunun ifadə formalarından biri kimi təsvir etmişdir.

Aristokratik siyasi doktrina Qobinonun və Lapujun şəxsində irqi-antropoloji məktəbə başlanğıc verdi, Nitşedə, Lebonda Tard­­da kütləyə qarşı çevrildi, Moskada və Paretoda elita nəzəriyyə­sinə transformasiya etdi, Şpenqlerdə burjua Qərbinin süqutu barədə nəticəyə gəldi, Mixelsdə, Ostroqorskidə və Berdyayevdə isə demo­kratik siyasi nəzəriyyənin təkzibinə çevrildi.

Berdyayev demokratizm ideyasının əleyhinə şəxsiyyət, azad­lıq azad yaradıcılıq ideyalarını qoydu. Lakin onun sevimli vətə­ni, Ru­siya demokratizm ideyasını qəbul etməsə də, heç şəx­siyyət, azad­lıq azad yaradıcılıq ideyalarını da qəbul etmədi.

Azadlığın tərənnümçüsü olan Berdyayev köləlik məkanına çev­ril­­miş vətənindən sürgün edildi.

Berdyayev Avropaya üz tutdu.

Avropadan başlayan dünya müharibələrinin hər ikisinin ərəfə­sində demokratiyanın güclü böhran keçirdiyi şəraitdə irqi-an­tro­poloji məktəbin təsiri güclənmiş və dünya müharibələrinin törədil­mə­sini şərt­ləndirən amillərdən biri və bəlkə də ən güclüsü olmuşdu.

Avropada aristokratik ideya öz intibahını da yaşadı, tənəzzü­lünü də. Əgər aristokratik siyasi doktrina Çemberlendə və Hitlerdə eybəcərləşdirilərək nasizmlə çuğlaşdırıldısa, Orteqa-i-QassetToynbi aristokratik doktrinanı faşizm çirkabından təmiz­lə­dilər, onun insani xislətini özünə qaytardılar.

Aristokratik ideya Rusiyada da dirçəldildi. Berdyayevin vətə­nin­dən sürgün olunmasında və ölümündən onilliklər keçdikdən son­ra aristokratizm bir ideya olaraq onun vətənində də yenidən dirçəldildi. Lev Qumilyov aristokratizm zəminində bəşər tarixinin tamamilə ye­ni bir mənzərəsini verdi. Bəşər tarixinin bu ye­ni mənzə­rə­sin­də Avropaya kiçik yer ayrıldı, Avropa Avrasiya içərisində əridildi.

İndi isə XIX əsrdən başlayaraq öz aristokratik ruhuna yad­laşdığı üçün və öz aristokratik ruhundan uzaqlaşdığı üçün Avropa­nın yarımmüstəmləkəsinə çevrilmiş Çinə bir daha qayıdaq. O, Çinə ki, onun bütün dünyada məşhur olan konfusiçiliyi artıq zadəgan ru­hu­nu deyil, rəiyyət ruhunu ifadə edirdi.

XIX əsrin sonlarında və XX əsrin başlanğıcında rəiyyətləşmiş konfusiçiliyin tərəfdarı və nəzəriyyəçisi Kan-Yu-vey oldu. Çinin rə­iy­yət ruhunu ifadə etmək üçün həm də Qərbin rəiyyət mənşəli ideya­la­rını əxz edən Kan-Yu-vey hesab edirdi ki, bərabərlik, xeyirxahlıq və mülkiy­yətin hamıya məxsus olması şəraitində dövlət ölüb gedəcək, insanlar xoşbəxt və icma şəklində yaşayacaqlar. Mar­ksın bizim ha­mı­mıza yaxşı məlum olan ideyalarına son dərəcə bən­zəyən bu ideyalar Marksın adından daha çox Çinin özünün təfəkkür ənənələri ilə bağladığı üçün kommunizm toxumları öz ri­şə­lərini Çin torpağın­da Azərbaycana nisbətən daha dərinlərə buraxdı.



Kan-Yu-veyin Çin gerçəkliyindəki mövqeyi və statusu müəy­yən dərəcədə Nəriman Nərimanovun Azərbaycan gerçəkliyindəki möv­qe­yi­ni və statusunu xatırladır. Azərbaycanın siyasi həyatında Məm­məd­­əmin Rəsulzadənin oynadığı rola bənzər rol isə Çində Sun Yat-sen tərəfindən son dərəcə uğurla oynanıldı.

Sun Yat-sen öz siyasi proqramının başlıca müddəaları kimi üç prinsipi irəli sürdü: Çinin milli müstəqilliyi tələ­bini ifadə edən mil­lət prinsipi, respublika yaradılması tələbini ifadə edən xalq haki­miyyəti prinsipi və xalqın maddi vəziyyətinin yüksəldilməsi tələbini irəli sürən xalq rifahı prinsipi. 1911-ci il üsyanı nəticəsində Çində monar­xi­ya devrildi, respublika elan edildi və Sun Yat-sen Respub­likanın Prezi­den­ti seçildi. Sun Yat-sen yalnız bundan sonra özünün demo­kra­tik nəzəriyyəsi ilə Çin gerçəkliyi arasında də­rin bir uçurum oldu­ğunu gör­dü. Çin xalqı demokratizmə deyil, daha çox kom­mu­niz­mə meyilli idi və bu meyil nəticə etibarı ilə Çin Xalq Res­publikasının yaradılmasına gəti­rib çıxardı. Oxşar hadisələr Azər­bay­­canda da baş verdi.

Əgər Kan-Yu-vey Çinin Nərimanov Nərimanovu idisə, əgər Sun Yat-sen Çinin Məmmədəmin Rəsulzadəsi idisə, Mao-tze-dun Çi­nin Mir­cə­fər Bağırovu oldu.

Lakin Çindən fərqli olaraq Azərbaycan XX əsri əsasən yarı­m­müs­tə­qil yaşadı. Bu, həm də ondan irəli gəlirdi ki, əsrin əvvəllərində Çində Fen Yu-lan tərəfindən görülən işi gör­mək üçün Azərbay­can­da bir kimsə tapılmadı.

Fen Yu-lan hər şeydən əvvəl Çin xalqının qüdrətli bir millətdə təşkilatlanmasının ideya mənbəyi idi. Fen Yu-lan Çin xalqının haqq və ədalət həsrətini öz zəkasının nuru ilə işıqlandırdı və bununla da xalqın haqq və ədalət həsrətini canlandırdı və gerçəkləşməsinə baş­lan­ğıc verdi, yaratdığı və yeni konfusiçilik adlandırdığı təlimi ilə iki əsrdən artıq bir müddətdə utilitarist rəiyyət ruhu tərəfindən zən­cir­lənmiş və qandallanmış zadəgan ruhunu zəncirlərdən və qandallar­dan xilas etdi və bununla da Çin həyatına bir aydın­lıq gətirdi.

Fen Yu-lan Çinin fəlsəfə nəhənglərindən sonuncusu ol­maq­la yaşı üç min ili ötüb keçmiş qocaman Çin ruhunun da­şıyıcı­sı və ifa­dəçisi idi, bu ruhu özündə yaşatmaqla Çin ger­çək­liyini bir daha Çin Ruhuna qovuşdurdu və qüdrətləndirdi. XX əsrin Çin gerçəkliyi Çin fəlsəfəsi səmasında parlayan son ulduzdan, Fen Yu-lan zəka­sından nur alaraq qüdrətlənə bil­di.

Əli bəy Hüseynzadə Əhməd bəy Ağayev əsrin əvvəllə­rində Azərbaycanın Fen Yu-lanı olmalı idilər, lakin təəssüf ki, ola bil­mədilər və olmadılar. Əsrin ikinci yarısından bu möhtəşəm missiya ilk növbədə Bəxtiyar Vahabzadənin çiyinlərinə düşdü. Azərbaycan yazıçısı İsmayıl Şıxlının ölməz Dəli Kürü keçmişdə yaşanan aristo­kratizmin bədii təqdimatını verdi. İsa Hü­se­ynov özünün ötən əsrin 80-cı illərində çap etdirdiyi İdeal Əbədiyyət romanlarında aristo­kra­tik ruhun daşıyıcısı mənasında anlaşılan ari irqinin (“odər”) Azərbaycanda yaşandığı ideyasını irəli sürdü və onun müfəssəl bədii təsvirini verdi. Əsrin sonunda millətin xi­las­ı baş verdi. Bu işin önündə gedənlər isə Bəxtiyar Vahabzadə, İsmayıl ŞıxlıSabir Rüstəm­xan­lı­ oldular. Asif Əfəndiyev millətin xi­las­olma işinin önün­də gedə bilmədi, arxasında getdi, onun irəli sürdüyü Türkel idealı isə havadan asılı vəziyyətdə qaldı.

Marksizmə qaldıqda isə o Azərbaycanda çox asanlıqla məğ­lub oldu. Mənə elə gəlir ki, bu hal ilk növbədə ondan irəli gəlirdi ki, Azərbaycanda marksizm demək olar ki, əsasən maarifçi­lik səviyyə­sin­də mövcud olmuşdu. Marksist tədqiqatçılığı isə Azər­bay­canda son dərəcə zəif inkişaf etmişdi. Ümumiyyətlə XIX-XX əsr Azər­bay­can siyasi-fəl­səfi fikrinə bir maarifçilik ruhu hakim kəsilmişdi.



Maarifçilik tədqiqatçılıq deyərkən mən bu ifadələrə Təfək­kürün fəlsəfəsində verdiyim mənanı veri­rəm, maarifçilikdə adam­la­rın bir qisminin düşüncə tərzini digər qisminin düşüncə tərzinə tabe etdirilmə vasitəsini görürəm. Maarifçiliyin özü­nün XX əsr Azərbay­ca­nın­da fəlsəfi araşdırmaların ən sevimli mövzu­la­­rı­n­­­dan biri olması heç də təsadüfi olma­mış­dır.

Hələ XIX əsrin ikinci yarısından Mirzə Fətəli Axundo­vun şəx­sində təfəkkürümüzü Yeni dövr Avropa düşüncə tərzinə tabe etdir­mək istəyi və əzmi ilə öz tarixini başlayan maarif­çi­lik ənənə­ləri­miz özünün demək olar ki bütün tarixi ərzində təfəkkürümüzü əcnəbi ideyalara tabe etdirmək məqsədinə xid­mət etmişdir, bununla da bəl­kə də müəyyən mənada xalqın mənəvi əsarəti üçün zəmin hazır­la­mışdır. Öz həyatını Avropanın təqlidi ilə başlayan Azərbay­can maa­rifçiliyi kommunist hərəkatının Rusiyada siya­si qələbəsi ilə bağ­lı marksist xarakter kəsb etdi.

Lakin Karl Marksın nəhəng elmi irsi dünyanın başqa ölkələ­rin­dən olan bir çox marksistlərə həmin bu irs əsasında təqribən eyni adlı, lakin kifayət qədər müxtəlif məzmunlu bir çox təlimləri yarat­mağa imkan verdiyi halda, Azərbaycan öz marksizmini bütöv bir sistem olaraq ya­rada bilmədi və yaratmadı. Bu sahədə Nəriman Nəri­­ma­­nov tərəfindən başlanılan iş yalnız son illərdə Əfrand Daş­dəmi­­rov tərəfindən dirçəldilməkdə və uğurla davam etdirilmək­dədir. Bir çox əcnəbi marksizm­lər isə təqribən eyni adla – marksizm adı ilə adlandırılsalar da onların hər birinin öz xüsusiyyəti və öz təfəkkür ənənələri olmuşdur. Azərbaycan öz marksizmini for­ma­laş­dırmadığından, marksizm Azərbaycanda çox asanlıqla məğlub oldu. Azərbaycan kommunistləri sovet marksizminin, yə­ni mar­ksizm-leni­nizmin təqdim etdiyi kommunizmdən fərqli bir kommu­niz­mi tanı­ma­dıq­ları üçün bu, marksizm-leninizm mar­ksizminin Rusi­yada ya­radıcılıq imkanlarının ümumiyyətlə tükənməsindən və kommu­niz­min siyasi məğlubiyyətindən sonra Azərbaycanda mar­ksist maarif­çi­liyi öz aparıcı mövqeyini demokratik maarifçiliyə ver­di. Azərbay­can­da müstəqillik dövrü ərəfəsində və müstəqilliyin ilk illərində to­tal marksist maarifçiliyinin yerini total avrosentrizm və demokratiz­min imkanlarını və üstünlüklərini həddindən artıq şişir­dən demo­kra­tik siyasi maarifçilik aldı.

Üstəlik onu da qeyd edim ki, Azərbaycanda demokratik si­yasi maarifçilik uzun müddət ərzində demokratiyanın yalnız müs­bət xa­­rak­teristikasının yayılmasına xidmət etdi. Burada de­mok­ratiya bü­tün yüksək insani keyfiyyətlərlə eyniləşdirilərək göylərə qaldırıl­dı. O, azadlığın, insan hüquqlarının, humaniz­min təcəssümü kimi şüur­lara yeridildi. Amma de­mokratizm qarşısındakı həmin heyrət və hey­­ranlıq xalqın siyasi şüurunun mənəvi köləlikdən hələ də xilas ol­madığından xəbər verdi. Hadisələrin sonrakı gedişi bunu təsdiq etdi.

Azərbaycan müstəqillik əldə etmə ərəfəsində və müstəqillik əldə etdikdən, dünya birliyinə suveren bir dövlət olaraq inteqrasiya etməyə başladıqdan sonra sosial həyatın demək olar ki bütün sahə­lərində əsaslı dəyişikliklər baş verdi. Ənənəvi ideologiya bir tarixi yanlışlıq hesab edilərək inkar edildi. Tarixi proses tərəfindən inkar edilən, arxa plana atılan dünyagörüş stereotipləri isə özlərindən sonra ideya vakuumu saxladılar. Bu vakuum gözlənildiyi kimi di­gər dəyər yönümlərinin məzmunu ilə doldurulmağa başladı. Kom­mu­nist dünyagörüşünün və ideologiyasının hökmran olduğu cəmiy­yət­dən düşüncə plyuralizminə yol verən cəmiyyətə döndükcə ən müxtəlif təfəkkür mexanizmlərinin dirçəldirildiyini müşahidə etdik. Dini təfəkkürün və həmçinin turanizm forması almış cəngavər dü­şün­cə tərzinin intibahı diqqəti daha çox cəlb etdi. Qərbin həyat və düşüncə tərzinin təqlidi də cəmiyyətdə geniş yer tutmağa başladı.

Sosial həyatın əksər sahələrində - iqtisadiyyatda, idarəolun­ma­da, mənəvi istehsalda, sosial qarşılıqlı təsirin bütün formaların­da duyulan əsaslı dəyişikliklər müəyyən mənada düşüncə azadlığı ilə bağlı idi.

Amma maraqlıdır ki, siyasi fəlsəfədə belə bir düşüncə azad­lığı demək olar ki, müşahidə olunmadı, kommunizm idealı qarşı­sın­da heyranlıq və köləlikdən, demokratik ideya qarşısında heyran­lığa və köləliyə total bir sıçrayış müşahidə olundu. Bu sıçrayış nəticəsində cəmiyyətin özünüdərk meyarları başqalaşdı, onun tərə­fin­dən bu günə, keçmişə və gələcəyə verilən səciyyələr köklü dəyişik­liklərə uğradı. Artıq həll olunduğu qəbul edilən bir çox prob­lemlər aktuallıq xarakteri kəsb etdi, aktual hesab edilən digər problemlər isə reallıq statusunu itirərək illüziya formasını aldı. So­si­al və siyasi fəaliyyət motivləri demokratizmin mütləqləşdirilməsi zəminində yenidən mənalandırıldı.

Lakin öncə bütövlükdə həm cəmiyyət tərəfindən tam səmi­miy­yətlə, həm də dövlət hakimiyyəti tərəfindən rəsmən qəbul edi­lən, demokratizm pərdəsinə bürünən yeni sosial və siyasi fəaliyyət motivləri, cəmiyyət həyatına nə mənəvi rahatlıq, nə əmin-amanlıq, nə də firavanlıq gətirmədi. Əksinə cəmiyyət özünü ədalətsizlik, səfalət, aclıq, təhdidlər içərisində hiss etdi. Cəmiyyət bütöv, mono­lit bir millət olaraq möhkəmlənmədi, əksinə parçalanmağa doğru üz tutdu, zəiflədi və hətta müstəqilliyin itirilmə təhlükəsi də ya­randı. Aşkar bir şəkildə hiss olunmağa başladı ki, demokratizmin üstün­lü­yünün etiraf və bəyan edilməsi nə qədər zəruri olsa da, kifayət deyildir. Cəmiyyətdə onu bu təhdidlərdən - ədalətsizlikdən, səfalət­dən, aclıqdan, parçalanma və müstəqilliyin itirilmə təhlükə­sin­dən xilas edə biləcək bir qüvvəyə ehtiyac yarandı, cəmiyyət bir ixtiyar sahibini, fövqəlqüdrət sahibi olan bir qüvvəni, bir şəxsiyyəti arzuladı. Bu arzu bir tərəfdən cəmiyyətdə dini hissləri gücləndirdi, digər tərəfdən isə cəmiyyəti ədalətsizlikdən, səfalətdən, aclıqdan, xilas edə biləcək bir şəxsiyyət olaraq diqqəti Heydər Əliyevə yö­nəlt­di. Heydər Əliyev hakimiyyətə gəldi və cəmiyyəti əslində sö­zün həqiqi mənasında aclıqdan və səfalətdən xilas etdi, parçalanma və müstəqilliyin itirilmə təhlükəsini aradan qaldırdı və bütün bun­ları O, həm də Azərbaycançılıq ideologiyasını irəli sürərək və ger­çək­ləş­dirərək etdi. Azərbaycanın yeni siyasi fəlsəfəsinin əsası o zaman qoyuldu.

Azərbaycançılıq ideologiyasının indi aktuallığı ondan ibarət­dir ki, o, türkçülük ideologiyası ilə bir-birini istisna etməmək şərai­tin­də inkişafda olmalıdır, bir-birini şərtləndirmə, bir-birindən asılı­lıq, bir-birinə etimad göstərmə şəraitində inkişaf etməli və inkişaf etdi­ril­məlidir. Azərbaycan xalqının bütöv və sarsılmaz millət ola­raq mövcudluğu və inkişafı bundan əhəmiyyətli dərəcədə asılıdır.

Azərbaycanda siyasi fəlsəfənin maarifçi­lik səviyyəsindən alim­lik səviyyəsinə, asılı şüur səviyyəsindən azad təfəkkür səviyyə­si­nə yük­səldilməsi üçün zaman artıq gəlib yetişmişdir. Akademik Ramiz Mehdiyev tərəfindən elita problematikasının ön plana çıxa­rıl­ma­sı­nı, demokratiyanın məhz Azərbaycan siyasi elitası konteks­tin­də mənalandırılmasını, xüsusən demokratik konsolidasiya ideya­sı­­nı həm də bu nöqteyi-nəzərdən alqışlamaq lazım gəlir. Hörmətli akademik tərəfindən son illərdə yazılan bir çox məqalələr geniş ic­­timaiyyətin diqqətini cəlb etmiş və müxtəlif səviyyələrdə müzakirə mövzusu olmuşdur. Çox yaxşı haldır ki, bu müzakirələrdə bizim Mi­lli Elmlər Akademiyası da, eləcə bizim Fəlsəfə İnstitutu da aktiv iştirak edir. Ramiz müəllimin “Zaman haqqında düşünərkən və eli­ta­nı transformasiya edərkən: varislik və innovasiyalılıq” adlı məqa­lə­si­nin bizim institutda geniş müzakirəsi də mənim yaxşı yadım­dadır. Akademikin “Azərbaycan yolu: stabilləşmədən modernləş­mə­yə doğru” məqaləsi isə Azərbaycanın tutduğu yolun uğurlu ol­ma­sı ilə birgə, həm də digər ölkələr üçün hətta bir örnək, nümunə ola bilməsi faktını ön plana çıxarır.

Bütün bunlar göstərir ki, Azərbaycan üçün ideal ola biləcək si­yasi nəzəriyyə heç cür əcnəbi ölkələrdən hazır şəkildə əxz oluna bilməz. Azərbaycan özünün siyasi fəlsəfəsinə və siyasi-fəlsəfi ənə­nə­lərinə malik olmalıdır.


MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ

YÖNƏLƏN İRADƏ ÖN PLANDA:

SİYASİ ARİSTOKRATİZM

Dünyanı, ilk növbədə isə sosial dünyanı, cəmiyyəti xaos­dan, anarxi­yadan xilas etməyi, ədalətli cəmiyyət qurmaqla Yer üzə­rində ilahi nizamı bərqərar etməyi və bununla da həyatı gö­­zəl­ləşdirməyi özünə borc bilən insan zadəgandır.

Zadəgan əmindir ki, cəmiyyət məhz onun ruhunda daşınan ide­al əsasında, məhz onun zəkasında öz təcəssümünü tapan aydın və aşkar həqiqət əsasında və məhz onun iradəsində ifadə olunan ideala və həqiqətə doğru əzmkarlıq əsasında xilas edilə bilər və ilahi niza­mın Yer üzərində bərqərar olunmasına məhz onun özü nail ola bilər.

İlahi nizamın Yer üzərində bərqərar olunması isə sözün böyük mənasında həqiqi dövlətdir. Həqiqi dövlət həqiqətən də Dünya Ruhunun, Dünya Zəkasının və Dünya İradəsinin Yer üzərində sosial ola­raq gerçəkləşməsi, Dünya Nizamının sosial mücəssəməsi və tə­cəs­sü­müdür.

Əgər cəmiyyətdə hər bir kəsin fərdi həyatı ümumi substansial həyatın üzvi tərkib hissəsi olmaqla həm də sosial həyatın üzvi tərkib hissəsidirsə, onda belə bir cəmiyyət Dünya Ruhunun Yer üzərində so­si­al olaraq gerçəkləşməsidir, həqiqi dövlətdir, insan münasibət­ləri­nin həqiqiləşərək gözəlləşməsidir. Əgər cəmiyyətdə hər bir kəsin fərdi həyatı eyni zamanda ümumi substansial həyatın üzvi tərkib hissəsi olmaqla həm də sosial həyatın üzvi tərkib hissəsi deyildirsə, onda belə bir cəmiyyət dünyanın həqiqi mahiyyətindən və ruhun­dan uzaqdır, insan münasibətlərinin yalanlaşmaqla eybəcərləşməsi­dir.

Əgər cəmiyyətdə hər bir kəsin sosial sistemin elementi olaraq aldığı ad onun həqiqi adı, təbii təyinatı ilə üst-üstə düşürsə, onda be­lə bir cəmiyyət Dünya Zəkasının Yer üzərində sosial olaraq gerçək­ləş­mə­si­dir, həqiqi dövlətdir, insan mü­nasibətlərinin əsl idrak süzgə­cin­dən keçərək gözəlləşməsidir. Əgər cəmiyyət tərəfindən insanlara verilmiş ad, obraz, maska, onlara həvalə edilmiş fəaliyyət forması və sosial rol onun həqiqi adına, təbii təyinatına uyğun deyildirsə, onda belə bir cəmiyyət özünü dərk etməmişdir, eybəcərdir.

Əgər cəmiyyətdə hər bir kəs öz işini, ürəkdən sevdiyi işi, bü­tün varlığı ilə bağlı olduğu işi görürsə, mükafatlanma xatirinə özü üzərində zorakılıq etmirsə, onda belə bir cəmiyyət Dünya İradəsinin Yer üzərində sosial olaraq gerçəkləşməsidir, həqiqi dövlətdir, insan münasibətlərinin azad edi­lə­rək gözəlləşməsidir. Əgər cəmiyyətdə hər bir kəs öz işini, ürəkdən sevdiyi işi, bütün varlığı ilə bağlı oldu­ğu işi gör­mür­sə, faydalanmaq xatirinə özü üzərində zorakılıq edirsə, onda belə bir cəmiyyət insan münasibətlərinin kölələşdirilərək ey­bə­­cər­ləşməsidir.

Əgər cəmiyyətdə hər bir kəs öz yerini, özünün təbii təyinatına uyğun gələn yeri tutursa, onda belə bir cəmiyyət Dünya Nizamının Yer üzərində sosial mücəssəməsi və təcəssümüdür,


Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin