Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   2   3   4   5   6   7   8   9   10   ...   49

*** 

Yetmiş illiyiylə  əlaqədar radio və televiziyayla böyük 

verilişlər gedirdi, qəzet və jurnallarda məqalələr dərc olunurdu, 

Rəsul Rzanı diri klassik adlandırırdılar. Azərbaycanın və 

ölkənin hər yerindən məşhur  ədəbiyyat, sənət xadimlərindən 

tutmuş adi oxucularacan yüzlərcə teleqramlar, təbriklər, 

kağızlar gəlirdi. 

Anam: 


 99 

–Mən – heç bilməzdim ki, xalq Rəsulu bu qədər sevir, – 

dedi 

–Azərbaycan xalqı öz şairlərini çox sevir, –dedim, –



xüsusilə, o vaxtlarda ki, onları hökumət də sevir. 

*** 

Son illərdə, nəvələriynən  əyləndiyi dəqiqələrdən başqa, 

onun yeganə  həqiqətən  şad gününü – yenidən deputatlığa 

namizəd verilərkən gördüm. 

Mən bu barədə yazıram və yaza-yaza düşünürəm ki, 

şadlığının belə səbəbi kiminsə gözündə şair və şəxsiyyət kimi 

atamın obrazını kiçildə bilər. Buna baxmayaraq yazıram, 

əvvəla, ona görə ki, bu, doğrudan da, belə idi və mən də ancaq 

olanları yazmağı boynuma götürmüşəm. İkinci də, ona görə ki, 

mənim gözümdə bu sevinci onu əsla kiçiltmir. Deputat 

verilməsi, daha dəqiq desək, deputatlıqda bərpa olunması 

onunçün  ədalətsiz bir aksiyanın axır-əlbət  ədalətlə 

düzəldilməsi, haqqın, həqiqətin təsdiqi idi. Deputatlıqdan qat-

qat  şərəfli və yüksək ad sayılan qəhrəmanlıq adını çox sakit 

qarşıladı, heç bir o qədər də sevinmədi... 

Burada mən  İmran Qasımovun bütün bu işlərdə xidmətini 

qeyd etməyi özümə borc bilirəm. Atamın yenidən deputatlığa 

verilməsində  də, Sosialist Əməyi Qəhrəmanlığına təqdim 

olunmasında da İmranın böyük rolu oldu. Əlbəttə, bütün 

bunları  həll edən H.Ə.Əliyev idi. Ömrünün son ilində atama 

göstərilən bu hörmət və ehtiram aktları – ondan gəlirdi. Amma 

bütün bu işlərdə İmranın da səyi az deyildi. İmran danışırdı ki, 

Rəsulun deputat verilməsi haqqında H.Ə.Əliyevə deyəndə o, 

bu təklifi böyük rəğbətlə qarşıladı. Sosialist Əməyi Qəhrəmanı 

adı verilməsi də ancaq H.Ə.Əliyevin əzmiylə, nüfuzuyla oldu. 

Hətta H.Ə.Əliyevin haradasa dediyi bir söz də camaat arasında 

gəzirdi, deyibmiş ki, Rəsul Rzaya qəhrəman nişanı ala 

bilməsəm, bunu özümə bağışlaya bilmərəm. Deyibmi bu sözü, 

deməyibmi, bilmirəm. 

80–cı ilin aprelində yetmiş illiyinə bir ay qalmış atam yenə 



 100 

də  xəstəxanada yatırdı.  İmran mənə  zəng vurdu, dedi ki, 

Heydər  Əliyeviçin yanındaydım, Rəsulun məsələsindən 

danışırdı. Dedi ki, Sov. İKP MK-yla danışıb, Rəsul Rzanın 

Sosialist  Əməyi Qəhrəmanlığına layiq olması orda heç kəsdə 

şübhə oyatmır, amma bizim respublikanın  əhalisinə görə bura 

üç yazıçı qəhrəman çoxdur axı 40 milyonluq Ukraynada cəmi 

iki yazıçı bu adı alıb, Ermənistanda heç biri də almayıb. 

İmranın bir az küyə  və fantaziyaya aludə olduğuna bələd 

idim, odur ki, bu sözlərdən özümçün tamamilə aydın nəticə 

çıxartdım: atama bu ad verilməyib və bütün bu izahlar da 

İmranın həmin faktı ayrı səbəblərlə bəzəmək cəhdləridir. 

Amma aprelin axırlarında, gözləmədiyim halda evimə zəng 

olundu: 


–Sizinlə Heydər Əliyeviç danışacaq, – dedilər. 

H.Ə.Əliyev atamın səhhətini xəbər aldı, dedim ki, çox 

zəifdir, xəstəxanadadır. Sonra Əliyev eyniylə  İmranın mənə 

dediklərini təsdiq etdi: 

–Mən Suslov yoldaşla da, Çernenko yoldaşla da bu barədə 

ətraflı danışdım. Fikirləri belədir ki, Rəsul Rza bu ada 

tamamilə layiqdir, bu barədə heç bir şübhə yoxdur. İşin 

çətinliyi ondadır ki, bizim respublikamızda artıq iki yazıçı bu 

adı alıb, amma 40 milyonluq Ukraynada da bu ad yalnız iki 

yazıçıya verilib. Hər halda biz yoldaşları qane edə bildik və 

artıq qərar qəbul olunub. Təbrik edirəm. Bu barədə atanıza 

deyin, hər halda bu xəbər də ona mənəvi cəhətdən kömək olar. 

– Çox sağ olun, Heydər Əliyeviç, – dedim, – bütün ailəmiz 

adından Sizə dərin minnətdarlığımızı bildirirəm. 

Axşam saat doqquz radələri idi, amma mən dərhal 

xəstəxanaya cumdum. Bu axşam orda Fidan növbə  çəkirdi. 

Xəstəxananın qapısı, darvazası çoxdan bağlanmışdı, divarı aşıb 

birtəhər özümü içəri sala bildim. 

Fidan mat qaldı: 

–Bu vaxt sən hardan gəlib çıxdın bura? 

–Yatmayıb ki? 


 101 

–Yox. 


Atam güclə gözlərini açdı. Onu öpdüm: 

–Təbrik edirəm, – dedim, – qəhrəman olmusan. 

O çox zəif gülümsündü: 

–Sağ ol, – dedi və təzədən-gözlərini yumdu. 



*** 

Mayın 19-da onun ad günündə bu məlumat bütün qəzetlərdə 

də  çıxdı, elə  həmin gün atamı adi palatadan iki otaqlı lüksə 

keçirdilər. 

H.Ə.Əliyev xəstəxanaya zəng vurdu, atamla danışdı, təbrik 

elədi. Atam təşəkkürünü və minnətdarlığını bildirdi. 

Moskvadan Ali Sovetin sədri Qurban Xəlilov zəng vurdu, 

təbrik etdi. 

Hökumət üzvləri palataya gül göndərirdilər, nazirlər, 

Mərkəzi Komitənin işçiləri dəyməyə  gəlirdi, bütün raykom 

katibləri teleqram vururdular. 

Yetmiş il bundan qabaq may ayında dünyaya gəlmiş atam 

demə ömrünün axırıncı may ayını yaşayırmış, gələn ilin mayını 

görməyəcəkmiş... 



Mən güllü bir may səhəri doğulmuşam. 

Bəlkə getdim bir yanvar axşamı. 

Tabutuma ipək salmayın! 

Dəfnimə toplamayın izdihamı. 

Bir ovuc torpaq üstünə qoyun başımı, 

Mən o torpağı sevmişəm. 

Ancaq məhəbbətim 

nə sərgiyə qoyulan bir tablo olub, 

nə parıltısı diqqət çəkən üzük qaşı. 

Mənim sevgim sevgi idi 

sadə, yaxşı... 

*** 

1980-cı ili hamımız bir yerdə yola saldıq. Axır illər yeni ili 

nadir hallarda birgə qarşılayardıq. Biz – övladları, gəlini, 

yeznələri, nəvələri yeni il axşamı atamgilə  gələr, onları təbrik 



 102 

edər və yeni ili qarşılamağa hərəmiz bir ayrı məclisə gedərdik. 

Lap "Keçən ilin son gecəsi"nin personajları kimi... 

Axır illər məndə qəribə bir hiss vardı, elə bilirdim ki, yeni il 

gecəsini atamgillə bir yerdə keçirsək, bu hökmən birgə 

keçirdiyimiz son yeni il gecəsi olacaq. Niyə belə düşünürdüm, 

hardan dammışdı bu ürəyimə? Bilmirəm. Amma həqiqətən də 

elə belə oldu. 

80-cı ili bir yerdə yola saldıq. Atam da bir qurtum şampan 

içdi – demə, ömrünün son badəsini qaldırırmış. 

Bir-birimizə yeni ildə böyük xoşbəxtliklər, səadət arzuladıq. 

Saat on ikini vurdu. 

81-ci il gəldi. 1981! 

Uşaqlıqdan yadımda qalıb, həmişə yeni ildən beş-on dəqiqə 

keçən kimi atam: "Gör e, – deyərdi, – artıq təzə ildən də beş 

(ya on, on beş) dəqiqə getdi, vaxt nə yaman qaçır, ay aman". 

Sonra susub dalğınlaşırdı, elə bil nəyəsə qulaq verirdi, elə 

bil divar, ya qol saatını deyil, daxilində  işləyən,  İçəri 

dünyasında saniyələri, dəqiqələri sayan saatı eşitmək istəyirdi. 

Çıq-çıq saat işləyir 

düşür əbədiyyətə 

ömrün geri dönməyən anları. 

Zaman alıb aparır insanları 

bu günəcən heç kəsin 

qayıtmadığı uzaqlara. 

Vaxt var ikən dünyaya bax!  

Baxıb doymasan belə, 

Bir divara daş qoy! 

Çiçək iylə... 

Vaxt var ikən 

əllərinin hərarətindən 

isinsin bir insan əli. 

Nə qədər iş var görməli... 

...Düşmənə amansız ol, 

dosta xoşqılıq! 


 103 

Vaxt var ikən 

elə yaşa, elə çalış 

bir gün sən olmayanda 

hər kəsə aydın görünsün 

Yerində qalan boşluq. 

81-ci ilin elə ilk günündən atamın halı  kəskin  şəkildə 

xarablaşdı. Yanvarın ikisində onu təzədən xəstəxanaya apardıq. 

Anam da mədəsi tərəfdə  ağrılardan  şikayət edirdi. Amma 

həmişəki kimi nikbinliyini, sakitliyini, yumorunu itirmirdi. 

Xəstəxanadan Turala məzəli şer yazmışdı: 

 

Tural haqqında ballada, Oratoriya,  

Kantata və sairə Tatata  

yaxud Turalnamə 

 

Başında çalma, 



əlində alma 

yeməkdən qalma, 

ay arıq Tural, 

salma, qalmaqal.  

Boğazı bağlı, 

ye yağlı-yağlı, 

ay arıq Tural 

salma qalmaqal. 

Məktəbə getmə, 

Şuluqluq etmə, 

Güneli didmə, 

ay arıq Tural 

salma qalmaqal. 

SÖZLƏRİ 


NİGARIN, MUSİQİSİ GÜNELİN, 

"FATMABACI" HAVASI ÜSTÜNDƏ OXUYUR ANAR VƏ 

ZEMFİRA, DƏFDƏ ÇALIR RƏSUL 

29 yanvar 81-ci il. Xəstəxana. Səhər saat 900 

 

Nə biləydik ki, bu lağlağı sözlər anamın qələminin son 



 104 

məhsuluymuş. 

Fevralda atamın səhhəti yaxşılaşdı, həkimlər evə getməyə 

icazə verdilər. 

Onları evlərinə gətirdim, iki həftəlik İtaliyaya uçdum. 

Qayıdanda isə yuxarıda yazdığım kimi, onları yenə  də 

xəstəxanada gördüm. 

Martın 14-ü mənim ad günümdür. Gündüz xəstəxanaya 

getdim. Məni təbrik etdilər, anamın halı heç yaxşı deyildi. 

Atamdan da pis görünürdü – yorğun,  əzgin, zəif idi, 

ağrılarından şikayətlənirdi. 

Axşam bizə bacılarım, qohumlar, dostlar gəldi. Elə bil 

hamımızın ürəyinə dammışdı ki, ağır sınaqlar  ərəfəsində bu 

bizim axırıncı qayğısız məclisimizdir. 

Səhərə  qədər oturduq, qonaqların çoxu dağılışdı, Zemfira, 

Salehə, Emin, Vaqif Səmədoğlu və mən isə elə hey danışırdıq, 

Vaqif Mustafazadə yazığı xatırlayırdıq – bibim qızı Salehənin 

məktəb yoldaşı idi, bir sinifdə oxmuşdular. İki gündən sonra – 

martın 16-da Aktyor evində onun xatirə gecəsini keçirəcəkdik, 

mən də çıxış edəcəkdim.  

Martın 16-da günün ikinci yarsında xəstəxanaya getdim. 

Anam pal-paltarını yığışdırmışdı. 

–Məni evə apar, – dedi, – daha qala bilmirəm, halım yoxdur. 

– Heç vaxt onu belə əsəbi görməmişdim, əsəb gərginliyinin son 

həddində idi. 

Atam: 


–Üç gündən sonra məni də buraxırlar, – dedi, – Nigara, 

deyirəm üç gün də qal, bir yerdə gedək. 

Anam tələsik: 

–Yox, yox, – dedi, – mən bu gün gedirəm. 

Atam etiraz eləmədi. 

Anamı evə gətirdim və evdə hönkürüb ağladı. 

–Daha tabım qalmayıb, – dedi. Uzun illər boyu xəstəyə 

qulluq etmək və öz xəstəlikləri – diabet, hipertoniya, ürək 

zəifliyi – onun əsəblərini pozmuşdu. Özünün zarafatla dediyi 


 105 

kimi, iki dəfə ona hücum etmiş və həmləsi boşa çıxmış məşum 

xərçəng də, demə, artıq bir neçə ay imiş ki, onu içəridən söküb-

dağıdırmış. Amma hələ bundan heç kəsin xəbəri yox idi, nə 

həkimlərin, nə bizim, nə  də  təbii ki, özünün... Xəstəliyin 

altdan-altdan, gizli-gizli, oğrun-oğrun gördüyü iş ancaq bir 

neçə vaxtdan sonra üzə çıxacaqdı – daha gec olandan sonra, iş-

işdən keçəndən sonra... 

Üç gündən sonra atamı da xəstəxanadan buraxdılar, onu da 

evə  gətirdik. Anam yataqda idi, ağrıları onu hələ  də narahat 

edirdi, amma ümumi halı müəyyən qədər yaxşılaşmış, əsəbləri 

bir az sakitləşmişdi. Gülümsünürdü və  həmişəki dözümüylə, 

təmkiniylə hamımızı arxayınlaşdırırdı, ürəklərimizə ümid 

paylayırdı, hər şeyin yaxşı qurtaracağına inam yaradırdı. 

Martın 23-də başqa bir həkim çağırdıq ki, anama baxsın. 

Müayinədən sonra mənə  və bacılarıma dedi ki, bizi qorxudub 

eləmək istəmir, amma qarın nahiyəsində barmaqlarıyla  şiş 

olduğunu hiss edir. Təcili surətdə xəstəxana şəraitində analizlər 

aparmaq lazımdır. Anam heç vəchlə  təzədən xəstəxanaya 

qayıtmaq istəmirdi: 

–Bu xəstəxana day lap zəhləmi töküb, – deyirdi. Həkim: – 

Cəmisi iki-üç günlüyə, – dedi – analizləri eləsinlər, yenə evə 

qayıdarsız. 

Sabahısı gün mən kinoqrupumla Şuşaya getməliydim, 

Üzeyir Hacıbəyov haqqında filmin çəkilişinə başlayırdım və 

natura seçməliydim. 

Həkim: 

–Bəs haçan qayıdacaqsınız? – Deyə xəbər aldı. 



–İki gündən sonra. 

Anam: 


–Onda qoy Anar gedib qayıtsın, sonra aparsın məni 

xəstəxanaya. 

Razılaşdıq. 

Həkimi ötürdük, oturub söhbət edir, danışıb gülüşürdük. Elə 

bil qarşıdan kabus kimi gələn günlərin dəhşətindən qaçmaq, 


 106 

yayınmaq istəyirdik. 

İndi onu da düşünürəm ki, həmin o gün – martın 23-ü, 

baharın ilk günü bizim hamımızın – atamın, anamın, Fidanın, 

Təranənin, mənim – bu evdə – valideynlərimizin evində, bizim 

uşaqlığımızın yuvasında – bir yerdə keçirtdiyimiz son axşam 

imiş... 

Axşam saat 11-ə yaxın onlardan çıxdım, öz evimə  tərəf 

gedirdim və Xaqani küçəsiylə addımladıqca, məsafəni qət 

etdikcə beynimə qurğuşun ağırlığı dolurdu – anamı hədələyən 

təhlükənin nə dərəcədə ciddi olduğunu get-gedə daha artıq dərk 

edirdim. İsti-isti tam qavramadığım bir həqiqəti get-gedə bütün 

aydınlığı ilə anlayırdım. İlk dəfə olaraq onu başa düşürdüm ki, 

bəlkə biz anamı atamdan əvvəl itirdik. Anamı itirmək isə  hər 

ikisini itirmək deməkdi, çünki atamı yaxından tanıyanların 

hamısı təsdiq edər ki, o, Nigarsız yaşaya bilməzdi... 

 

Yaz axşamı idi, narın yağış çisələyirdi, hansı evinsə açıq 



pəncərəsindən televizorun səsi gəlirdi. Akif İslamzadə "Sarı 

gəlin" oxuyurdu: 



Saçın ucun hörməzlər, 

Gülü sulu dərməzlər, sarı gəlin. 

Bu sevda nə sevdadır, 

Səni mənə verməzlər 

Neylim aman, aman, sarı gəlin. 

...Mənə elə  gəlirdi ki, bu yağış da, bu mahnı da başqa bir 

həyatdan süzülüb, axıb gəlir və Akifin səsi də – ömrün o 

tayından gələn bir səsdir. Bütün bunlar haradasa başqa bir 

aləmdə, yaşadığımız günlərin uçurumla ayrılmış o biri 

tərəfində, o biri uzaq yamacında – yalında qalıb – sanki yer 

çatlamış, torpaq aralanmış, yarğan açılmışdı – və ömrümdə 

yaxşı, işıqlı, ilıq nə vardısa – bu yarğandan o yanda qalmışdı – 

o tərəfdən, o taydan – əbədi itirilmiş üfüqlərdən köhnə 

mahnılar, tanış  kəlmələr, uzaqlaşıb itəcək səslər gəlirdi, 

haçansa, solub unudulacaq sözləri eşidirdim: 


 107 

Bu dərənin uzunu 

Çoban qaytar quzunu, sarı gəlin. 

Nolaydı bir gün görəm 

Nazlı yarın üzünü 

Neylim, aman, aman, sarı gəlin.  

Evə gəldim, mətbəxə keçib qapını çəkdim, bu yaşımda bəlkə 

də ilk dəfə ağladım. 

Uşaqlar yatmışdı, Zemfira da səsimi eşidə bilməzdi, amma 

sövq-təbii bir qadın hissiylə duyuq düşüb mətbəxə gəldi. 

–Nə olub? 

Danışdım. Məni sakitləşdirməyə çalışırdı – analizlərsiz, 

yalnız bir baxmaqla belə şeyi necə təyin etmək olar, həm də lap 

şiş varsa da, bəlkə xoşxassəlidir və s.  

Mənim özümün də əqlim, şüurum təsəlli axtarırdı. 

Amma ürəyim amansız, qaçılmaz həqiqəti bilirdi.  

Bir Allah bilir ki, Şuşaya nə hisslərlə gedirdim. Dəstəmizə 

Əzizə xanım Cəfərzadə  də qoşulmuşdu; çoxdandır onunla 

danışmışdıq bir yerdə  Şamaxıya gedək, onun öz xərciylə 

tikdirdiyi kənd məktəbində görüş keçirdək. 

Kəndə getdik də, məktəbdə görüş keçirdik də, müdirin 

evində bir saat qonaq da olduq, amma bütün bunları duman 

içində xatırlayıram – fikrim-zikrim Bakıda, anamın yanındaydı. 

Elə  həmin günücə axşam  Əzizə xanım  Şamaxıdan Bakıya 

qayıtdı, biz isə yolumuza davam etdik. Gecə saat on birdə 

Ağdama çatdıq – Şuşaya səhər gedəsiydik. Ağdamdan Bakıya 

zəng elədim, Təranə dedi ki, qorxma, bir şey yoxdur, amma 

qərara gəlmişik ki, Nigarı xəstəxanaya sabah aparaq. 

–Bir gün gözləyin də, – dedim, – biri gün mən də Bakıda 

olacam. 

–Sənlik bir iş yoxdur ki... həkimlərlə danışmışıq, səhər  

aparacayıq. – Sonra əlavə etdi, – Sabah Abbas da gəlir. 

Təranənin yoldaşı Abbas Zeynalov Moskvada həkimləri 

təkmilləşdirmə kurslarında oxuyurdu, vaxtının qurtarmasına 

dörd-beş ay qalırdı. Bəs dərsini yarımçıq qoyub niyə  gəlirdi 



 108 

Abbas? Bu da anamın başının üstünü almış  təhlükənin bir 

əlaməti deyildimi? 

Təranə telefon dəstəyini anamın özünə verir – mənimlə elə 

şux, elə gümrah danışır ki... zarafat eləyir, and verir ki, nigaran 

qalmayım, işimi pozmayım. Sonra dəstəyi atam götürür, o da 

eyni şən, qayğısız tərzdə danışır... 

Yəqin ki, bu gecə – martın 24-dən 25-nə keçən gecə, Ağdam 

mehmanxanasının suvağı tökülmüş balaca, xəfə, rütubətli 

nömrəsində keçirdiyim gecə – ömrümün ən dəhşətli gecəsiydi. 

Hətta atamı itirdiyim günün – aprelin 1-i gecəsindən və anamı 

itirdiyim iyulun 10-u gecəsindən də dəhşətli idi. Mən onları bu 

gecə, məhz bu gecə, həm də ikisini də birdən itirdim. 

Bu gecə əbədilik ayrıldım onlardən. Bu gecə bütün müdhiş 

əyaniliyiylə mənə aydın oldu ki, tez – çox tez bir zamanda bizi 

tərk edəcəklər və dünyada bunun qarşısını alacaq heç bir qüvvə 

yoxdur. 

Gecə saat ikiydimi, üçdümü, bilmirəm. Yol yoldaşlarım 

hamısı mehmanxananın müxtəlif nömrələrində yatmışdılar:  

Ürəyim partlayırdı, istəyirdim durum, onları bir-bir oyadım, 

bir an da yubanmadan yola çıxaq, Bakıya qayıdaq. Ya da 

əksinə, heç kəsi oyatmadan, heç birinə bir söz demədən geyinib 

küçəyə çıxım, bu vaxt qatar, təyyarə yoxsa, taksi maşın, nə isə 

bir  şey tapım, lap elə piyada gedə bildikcə gedim – təki bu 

otaqda, bu çarpayıda qalmayım, özümü Bakıya yetirim. 

Bu bir "panika" idi, tamamilə başımı itirmişdim. Mənə elə 

gəlirdi ki, yalnız həftələr, günlər deyil, saatlar, dəqiqələr də say 

ilən qalıb, gecikə bilərəm, yubana bilərəm, çatmaram. 

Geyinib küçəyə çıxdım, amma gecənin bu çağı Bakıya heç 

nəylə getmək, təbii ki, mümkün deyildi. 

Yavaş-yavaş  şüurun soyuq səsi məni toxdadırdı, insanın 

əzəli təsəlli, özünüaldatma, sakitləşmə fəndləri, yalançı ümidlər 

mənə  şirin vədlər pıçıldayırdı: hər  şey sovuşub gedəcək, hər 

şey düzələcək, hər  şey yaxşı olacaq. Bütün bəd ehtimallar – 

keçən dəfələrdə olduğu kimi yalan çıxacaq, bəla sovrulandan 


 109 

sonra öz həyəcanlarımızı bir-birimizə danışıb arxayın-arxayın 

gülüşəcəyik. Yenə  də ömrün başqa çətin anlarında, qəliz 

dəqiqələrində, işim bərkə düşəndə olduğu kimi pənahım 

möcüzəyə idi: inanmaq, daha doğrusu, özümü inandırmaq 

istəyirdim ki, ötən səfərlərdəki kimi bu dəfə də tale bizi darda 

qoymaz. 

Bu günün uzaq yolu, qayğı yükləri,  əsəb gərginliyi məni 

taqətdən salmışdı, məhbəs kamerası kimi dar, uzunsov 

nömrəmə qayıtdım, çarpayıma yıxıldım, səhərə yaxın 

yuxuladım. 

İki saatdan sonra yol yoldaşlarım məni oyatdılar.  Şuşaya 

getdik. Şərt qoydum ki, bu günə nə təhər olursa-olsun Bakıya 

qayıtmalıyıq. Şuşanı atüstü gəzib, çəkiliş yerlərini təxmini olsa 

da gözaltı elədik və axşama Bakıya döndük. Zemfira dedi ki, 

bu gün səhər Nigar xalanı xəstəxanaya apardıq, Tural da Rəsul 

əmigildə, babasının yanında gecələyir. 

Sübh tezdən xəstəxanaya cumdum – anamın halı məni xeyli 

sakitləşdirdi – hətta mənə elə  gəldi ki, fələk Ağdam 

gecəsindəki yalvarışlarımı  eşidib və  hər  şey, doğrudan da, 

yaxşı olacaq. 

Səhərisi gün – martın 27-də atamı Mərdəkan xəstəxanasına 

aparmalıydıq. Atamın maşınını sürən qohumumuz Fikrət 

Ağazadə, Ənvər Məmmədxanlı, atam və mən Mərdəkana yola 

düşdük. 

Atam dedi ki, xəstəxanaya, Nigara dəyək, sonra gedək. 

Bir neçə  dəqiqə söhbət elədilər, ikisi də bir-birini 

arxayınlaşdırdılar ki, özlərini çox yaxşı, lap əla hiss edirlər, 

nigarançılığa heç bir əsas yoxdur, tezliklə sağalıb yenə bir 

yerdə olacaqlar. 

Görüşüb ayrıldılar. 

Bax, bu gün, bu cür əbədi ayrıldılar-nə biləydilər ki, son 

dəfə görürlər bir-birlərini, nə biləydilər ki, daha heç zaman, heç 

zaman görüşməyəcəklər. 

Bu mart günündən  əlli il qabaq tanış olmuş, 47 il qabaq 


 110 

nişanlanmış, 44 il qabaq evlənmişdilər, alınlarına yazılmış 

ömrün üçdə ikisini bir yerdə, bərabər yaşamışdılar,  şadlıqları 

da bir olmuşdu, dərdləri-qəmləri də... 

Üç övlad ata-anası, beş nəvə baba-nənəsi, yüz kitab müəllifi 

oldular. 

Çox şəhərlər, ölkələr gəzdilər. 

Dost da qazandılar, düşmən də.  

Hərdən sözləri çəp düşdü, küsüşdülər də, barışdılar da. 

Bəzən səfərlər, şəhərlər onları bir-birindən uzaq saldı... 



Yerdən gurultuyla qopub qalxan 

təyyarələrin dalınca 

baxa-baxa qaldım. 

Uzaq dənizlərdə 

böyük gəmilərlə səni yola saldım. 

Stansiyalardan ayrılıb gedən 

qatarların arxasınca 

kövrəlib ağladım. 

Həmişə sabaha, vüsala 

ümid bağladım. 

Havalar geniş, 

dəryalar dərin, 

nələr görür sənin işıqlı gözlərin. 

...Yaxşı yol, 

uğurlar olsun, 

Hara gedirsən get, 

Mənim dərya səbrimi qurtarma, 

Hara gedirsən get, 

mənim vətənə bağlı ürəyimi 

getdiyin uzaq yollara 

aparma, əzizim, aparma. 

Bu etiraf Nigar Rəfibəylinindir. Bu parça isə Rəsul Rzanın 

1942-ci ildə Kerçdə yazdığı şerindəndir: 

Xatirində varmı tez-tez küsüşüb 

deyərdin: – Danışma, dindirmə məni. 


 111 

İndi o sözlərin yadına düşüb 

yandırırmı səni, yaxırmı səni.. 

…Bəlkə bir gün səndən üzüldü əlim. 

"Xoş keçdi az sürən bu ömrümüz"də 

Ayrılıq dəmində, aman gözəlim 

qoy yadımda qalsın, bir yaxşı söz de! 

Mənsiz bu dünyanın olsan qonağı, 

nə olar, sevgilim, sağ ol təki sən. 

Kim görsə boyasız solğun dodağı 

Onsuz da biləcək sən mənimkisən. 

Atam yolda Fikrətə: 

–Köhnə yolla sür, dedi, bağa dəymək istəyirəm. 

Mərdəkana təzə yolla yox, Zabratdan keçən yolla getdik. 

Maştağa yanında, yol ayrıcında maşını saxlatdırdı. Bizi 

kababxanaya apardı. 

Bilmədik ki, son dəfə bir yerdə çörək yeyirik. 

Ənvərlə söhbət edirdi. 

Atamın doğma qardaşı yox idi. Amma heç bir qardaşı ona 

əmisi oğlu və xalası oğlu Ənvər Məmmədxanlı qədər yaxın ola 

bilməzdi. Ömrü boyu bir-birlərinin  ən məhrəm sirdaşları 

olmuşdular. 

Ənvərlə söhbət edirdilər. Adi şeylərdən danışırdılar. 

Bilmirdilər ki, körpə çağlarından, atamın özündən üç yaş 

kiçik Ənvərə saymaq öyrətdiyi, "yedi yox, yeddi de" – dediyi 

uzaq günlərdən bu günə  qədər – 60 il fikirləri, söz-söhbətləri 

bir olmuş, birgə  fərəhlənmiş, birgə  dərdlənmiş iki əmioğlu-

xalaoğlu axırıncı söhbətlərini edirlər. Buzovnaya – bağımıza 

gəldik, 40 ildir ki, hər yayı bu bağda keçirirdik. 

...dəniz, gömgöy dəniz, dənizin üstündə ağappaq paraşütlər, 

sahildə yayın axır günlərinin  əlvan pioner toplantıları, 

uşaqlığımız, qayğısız, min bir ümidli, keçmişin yükündən azad, 

gələcəklə hamilə illər... qayalar, qumlar, qol-budaqlı, gen-bol 

kölgəli tut ağacı,  ən iri, ən  şirin ağ tut uca, əlçatmaz 

budaqdadır, budaqları silkələyirik, altına süfrə tuturuq, tutlar 


 112 

bir-bir ora tökülür, sonra hansı  mərdümazarsa dibinə  əhəng 

töküb qurutdu bu şah tutu... 

...meynələr, elə bil üzlərini sığal üçün yumşaq, soyuq, narın 

qumlara sürtən salxımlar, qoralar, bütün üzümlərdən kiçik olan 

kişmiş üzüm, üzümlərin  ən  şirini ağ  şanı, qara şanı, avqustun 

axırlarına bal kimi şipşirin şirinləşən sarıgilə, sübh obaşdandan 

şehli  əncirlər, yaşıl qabığının içində qarpız rəngli qızartdağ 

əncirlər, bağımızın sərhədindəki qamışlıq. Atam qarğılardan 

irili-xırdalı səbətlər hörürdü, bu ustalıq ona uşaqlığından, səbət 

toxuyub sataraq ailələrinə  əl tutduğu balacalıq dövründən 

qalmışdı, səbətlərin dibinə tənək yarpaqları düzür, içinə üzüm 

yığıb qonum–qonşuya, tanış-bilişə pay göndərirdik... gecələr 

cırcırama səsləri, il-ildən ürüyüb-artan ağcaqanadlar, yuxarı 

açıq eyvanda sırayla düzülmüş  ağ miçətkənlər, atam gecə  əl 

fənərini yandırıb hardansa deşik tapıb milçətkənin içinə 

soxulmuş hünüləri ovlayırdı... uzaq qonşuların qapılarından 

gələn – gözlərimizi deşən 200-lük, 300-lük elektrik lampaları, 

elektrik qatarının fit səsi, dənizin uğultusu, sanatori 

reproduktorundan eşidilən köhnə, nimdaş tanqolar, bazar 

günləri gündüz 2-dən 3-dək bütün ətrafı  xəfif duman kimi 

bürüyən muğamlar, muğamların elə bil dəm alan mayeləri, 

oynaq təsnifləri, rəngləri, yenidən aramlı, uzandıqca uzanan 

avazları, zil zəngulələri, qəfilcə qopub qəfilcə  də yatan dəli 

küləklər, atamın, anamın cavanlığı, nənələrimin sağ olduğu 

günlər, gecələrin nağılları, böyür söhbətləri,  Ənvərgilin 

bəstəboylu, zərif qamətli anaları - İmmi xala, o biri bağ 

qonşumuz – Əvəz Sadıqgilin ailəsi, onun oğlu və kürəkəni adaş 

Azərlərlə oynadığım futbol, voleybol, şahmat, nərd,  Əvəz 

əminin məzəli zarafatları, arvadı  Əfruz xalanın  şirin Ordubad 

ləhcəsi, onların "gül-adlı" qızları – Gülarə, Gülər, Gülnar, 

Gülyaz, qəflətən gecə  gələn hay-küylü qonaqlarımız, kömürlü 

manqallar, soyuq qalmaqçün quyuya salladılmış qarpızlar, 

qovunlar, günü isti mətbəxdə keçən anamın arada qısaca bir 

vaxt tapıb istirahət etdiyi nimdaş, prujinləri cırıldayan, dəmiri 


 113 

paslı çarpayı, atamın  əlində milçəkləri vurmaqçün bükdüyü 

qəzetlər... ulduzlu, aylı gecələr, kəndirdə quruyan dəniz 

geyimlərimiz, qumların gündüzlər yalın ayaqlarımızı yandıran 

hərarəti, çimərliyin duzlu gölməçələri, dənizin insanı məst edən 

genişliyi, gözəlliyi, ləngəri, çimməkdən sonrakı susuzluq və şor 

suyun çayı; ilk gənclik çağlarımda Buzovnadan Mərdəkana – 

Zemfiragilin bağlarına piyada getdiyim boş, adamsız sahil 

yolu... Fikirlər, xəyallar, ümidlər... ömrümüzün yay çağı... 

haylı-küylü günləri... Buzovna bağımız... 

81-ci ilin 27 mart günündə Buzovna bağımız bomboş, 

kimsəsiz, unudulmuş, atılmış yurd yeri kimi həzin və 

qüssəliydi. Ya da bəlkə mənə elə gəlirdi. 

Bəlkə də mən o gün bağa atamın gözləriylə baxırdım. Axı, 

sanki atam Buzovnayla vidalaşmağa gəlmişdi. Bəlkə özünün də 

ürəyinə dammışdı ki, illər boyu qurub tikdiyi, becərib 

bəslədiyi, hərdən küləyindən, qumundan-tozundan 

gileyləndiyi, amma sevdiyi, ömrün neçə acı-şirin xatirəsiylə 

bağlı bu bağı son dəfə görür. 

Meynələri gözdən keçirirdi, bağbanın işini bəyənirdi, 

diblərini yaxşı  işləyib-deyirdi. Sonra yenə susub uzun-uzun 

dalğın-dalğın bağa baxırdı. Nə düşünürdü bu anlar? 



Küləklər harda yatır, görəsən! 

Buludlar hardan yığır göz yaşını 

Hava ayaz olanda! 

Çaylar harda dincəlir, görəsən! 

İldırımlar niyə belə tez sönür! 

Ən uzaq ulduzlardan o yana 

nə var, kim var, görəsən! 

...Qulağı çəkilmiş kimi idi bağ. 

Qulağı çəkilmiş kimi idi Buzovna. Səssiz-səmirsiz... Elə bil 

narın külək bağı silib-süpürüb dincəlmişdi, qumları hasarlar 

dibinə yığıb daramışdı. 

İlıq mart mehi qumlara ehmalca sığal çəkir, meynə 

yarpaqlarını üsulluca tumarlayır, otları, çiçəkləri həzin-həzin 


 114 

oxşayırdı. Öz dilində – meh dilində onlara nə isə danışırdı. 

Dəniz dəniz dilində, yağış yağış dilində danışan kimi... 

Nə qayıq var, nə bulud, 

nə qağayı izdihamı var bu gün. 

Qum təpəciklərindən 

sahil də düyün-düyün. 

ip kimi uzanmışdır. 

dənizin qırağında... 

...Dənizin yaxasında 

köpüklü dalğalardan 

düymə-düymə xal qonub 

titrəyən üfüqlərə 

Elə bil ki, dənizin 

Bugünkü tənhalığı 

Onun gurultusundan 

qopub düşüb bu yerə. 

İndi, il yarım sonra, 82-nin payızında bu yazını yazmaq üçün üç 

gündür ki, bura, Buzovna bağına çəkilmişəm. Təktənhayam. 

Sentyabrın 19-da gəlmişəm, bu gün 22-də bu yazının birinci 

hissəsini gecə  səhərə  qədər işləməli olsam da, qurtarmaq 

istəyirəm. 

Sabah səhər Bakıya qayıtmalıyam. Bakıda yazını qurtarmaq 

imkanı olmayacaq. 

Məsələ onda deyil ki, ölçüb-biçib gündə bir-iki saat yazı-

pozuya ayıra bilmirəm – bu yazı elə yazı deyil ki, onunla 

işarası, vaxtarası, bir-iki saat məşğul olasan. Bu yazı  mənim 

bütün vaxtımı, bütün gecə-gündüzümü, bütün fikirlərimi, 

varlığımı istəyir məndən..  

Çöl dünyasından, hamıdan – görüşlərdən, sözlərdən, hər 

çeşid işgüzarlıqdan, hər cür adiliklərdən tamamilə ayrılmağı, 

büsbütün İçəri dünyana qapılmağı tələb edir. 

Özün olmağı tələb edir. 

Tək bir özün. Bir də onlar – xatirələri, səsləri, sifətləri. 

Addım səsləri 


 115 

Nəfəsləri.  

Şerləri 

Gecədir, sakit, ulduzlu Buzovna gecəsi. Atamın səsini 

eşidirəm: 

Hərdən mənə elə gəlir ki, 

Ulduzlar göyün yaxasında 

sədəf düymələridir. 

Bu düymələri açsan 

Başqa bir aləm görəcəksən. 

Orda nə toz var, 

Nə duman. 

Nə ölüm, nə qan... 

 

Anamın səsini eşidirəm: 



 

Mən 

yuxuda durna oluram  

   gecələr 

Çırpıb qanadlarımı 

   yerdən üzülürəm, 

Geniş-geniş havalarda səf çəkən  

Durnaların qatarına düzülürəm 

Uçuruq uça bildikcə 

Torpağın ətrini aparırıq 

Ulduzların aləminə. 

Həyat səsi qatırıq 

Göydə soyuq-soyuq işıldayan 

   ayın yalqızlı qəminə. 

Səhər 

Şəfəqlər 

Oyadır məni 

Sevinə-sevinə durub 

Qalxıram ayağa; 

sonra bütün günü 

nə həvəsim olur,  

 116 

nə macalım, 

bir də yerdən üzülüb 

   durna 

olmağa… 

Bu gün yayın son günü, payızın ilk günüdür. Təbiətin 

tarazlıq günü – gündüzlə gecənin bərabərləşdiyi gün. 

Amma nə gündüz var, nə gecə... 

Mənəm, kimsəsiz bağdır, bir də keçib gedən günlər. Nazim 

Hikmət necə yazıb? "Keçib getmiş günlər gəlin, rakı için, 

sərxoş olun". Gərək ki, belədir. Burda əlimin altında Nazimin 

kitabı yoxdur ki, baxıb dəqiqləşdirim – uşaqlıqdan, o günlərdən 

yadımda necə qalıb, o cür yazıram. 

Bir mənəm, bir gecə, bir bağ. Bir də özümlə gətirdiyim radio. 

Bakıdan gecə konserti verirlər. Nərminə oxuyur... "Özünə 

qurbanam, sözünə qurbanam". 

Andrey Babayevin mahnısıdır. Andrey Babayev çoxdan 

ölüb, Nərminə  də çoxdan oxumur; köhnə lent yazılarını 

verirlər. 

Anamın Türkiyədə yaşayan böyük qardaşı Kamıl dayı 

(anam özü belə deyərdi: Kamil yox, məhz Kamıl) yadıma 

düşür və Kamıl dayıdan dolayısı atamın "Qanlıca" şeri yadıma 

düşür: 

Qanlıca bir dağ ətəyindədir 

Sakit okeandan bəri uzanan 

Asiyanın qurtaran yerində. 

Bəlkə əsrlərin çobanlara 

Bura köçəri çobanlara 

bir sığınaq, 

bir yurd olub. 

Qanlıcada bizim adicə qatıq 

Ata-baba adını dəyişib 

Yoğurt olub... 

Mən də içdim 

yoğurtunu Qanlıcanın 

doktor Kamil Arran, 


 117 

şair Nigar da. 

İtişmişdik, 

Harda tapışdıq, 

harda! 

 

Anam qardaşıyla qırx illik ayrılıqdan sonra 1968-cı ildə 



görüşmüşdü. Atamla-anamdan yeddi il sonra İzmir tərəflərdə 

Kamıl dayıyla mən də görüşdüm. 

 

...Egey dənizi sahili, Ayvalıq, dənizə  səpələnmiş saysız-



hesabsız adaların birində oturmuşuq,  şam edirik. Dayım: – 

Bax, o ada bizimdir, – deyir,– o yunanlarınkı, o da 

yunanlarınkı, amma bax o biri bizimdir. 

Balıq yeməkləri yeyirik, dayım, dayım oğlu, mənim yaşıdım 

Aydın, dayımın kürəkəni Tamer, dayımın təzəcə evləndiyi 

cavan arvadı, bir də mən. Dayımın cavan arvadı ona: həyatım – 

deyə müraciət edir, 65 yaşlı Kamıl dayım isə zövcəsinə məftun 

gözlərlə baxır: – "Məni yaşadan budur", – deyir. Aydın mənə 

göz vurur. Yaxın sahil Anadolu, üfüqün o yanı Yunanıstan. 

Dörd tərəfimiz Egey – Aralıq dənizinin bir hissəsi – antik 

mədəniyyətin beşiyidir bu yerlər. 

Qürub çağıdır, ala-toranlıqda bir-birinə qarışmış türk ya 

yunan adaları arasından yuvarlanıb sulara düşən qızılı günəş 

sözə  gəlməz dərəcədə gözəl bir axşam mənzərəsi yaradır. 

Hardansa həzin bir melodiya eşidilir. Fransız mahnısının 

türkcəyə çevrilmiş sözləri səslənir: Mutluluqla randevüm var. – 

Xoşbəxtliklə görüşüm var, yəni... 

Dayımın gözləri yol çəkir, harasa, adalardan, dənizdən, 

üfüqdən də o yanda qalmış  məchul bir nöqtəyə baxır sanki, 

sonra qəfilcən Nərminəni soruşur. Təəccüblə: 

–Sağ-salamatdır, – deyirəm, – sən onu hardan tanıyırsan? 

Dayım köksünü ötürür: 

–Eh, bilsən o qız mənə nə qədər rakı  içirdib, – deyir. 

Nazimin bayaq gətirdiyim misralarının dalı da düşdü yadıma: 



Keçmiş getmiş günlər gəlin 

 118 

rakı için, sərxoş olun. 

Tütəkdə nəğmələr çalın,  

bu kədər öldürdü məni. 

Vətənindən didərgin düşmüş  qərib doktor illər boyu 

radiosuyla Bakını tuturmuş, qabağına bir şüşə rakı qoyurmuş. 

Nərminə Azərbaycan mahnılarını oxuduqca qədəh–qədəh 

dalınca təkbaşına içirmiş. 

İstanbulda bir gün 

Saleh Gəncər adlı biri 

qonaq çağırdı evinə bizi. 

Dedi: "Razı olsanız, 

çağırım bu gecəyə 

bir neçə didərgini 

Azərbaycanlını... 

... Saleh özü gedib vətəndən 

beyninin qaynar çağı. 

Macəralar romantikası 

məst eləyib 

14-15 yaşlı uşağı... 

...Peşimanam demir. 

Güzəranım yaxşı, 

dost–aşnam. 

Ancaq Boğaziçinə baxanda 

hər axşam, 

yadıma Xəzər düşür. 

Xatirələrimlə bacara bilmirəm. 

Fikrimi, xəyalımı 

göynəklərdən qaçıra bilmirəm. 

Peşmanam demir Gəncər. 

Ancaq qırx ildən sonra yenə 

yerli türklər 

göyərtiyə "səbza" deyir 

Saleh – pəncər. 

"Peşman sözü cılız gəlir Salehə, 


 119 

yaralıyam – deyir. 

Burda evim–eşiyim 

orda ana beşiyim, 

bilmirəm haralıyam – deyir... 

 

Nərminə daha oxumur. Radioyla verilən ancaq köhnə lent 



yazılarıdır. 

Saleh Gəncər çoxdan ölüb. 

Kamıl dayı da artıq yoxdur. Atamla anamın ölümləri 

arasında keçən o yüz günlərin birində Türkiyədən vəfatı 

haqqında xəbər gəldi. 

Hər üçünün – atamın, anamın, Kamıl dayının bir-birlərinin 

ölümlərindən xəbəri olmadı. 

 

Buzovna küçələri bomboş, səssizdir. Elə bil istinin gur səsi 



varmış, havalar sərinləşdikcə sanki səslər də qısılıb, yavaşıyıb. 

Sahil adamsız, qəsəbə dinc, sakit, Bakıya gedən avtobuslar 

hərdənbir gəlir. Həm də seyrək sərnişinli... 

İl yarım bundan qabaq beləcə sakit, mülayim mart günündə 

Buzovnayla vidalaşıb Mərdəkana getdik. 

Atamı palatasına ötürdük, onu ordakı  həkimlərə, tibb 

bacılarına tapşırıb Bakıya qayıtdıq. 

Hamımızı anamın vəziyyəti düşündürürdü, həkimlər nə isə 

özlərini suçlu aparır, analizlərin nəticəsi haqqında qəti bir şey 

demirdilər. Anama onkologiya sahəsində görkəmli mütəxəssis 

Nacarov baxmalı idi. 

Martın 29-da Fikrətlə Mərdəkana – atama dəyməyə getdik. 

Əhvalı pis deyildi. Anam sarıdan da arxayın etdik onu, 

"analizlərdə qorxulu bir şey yoxdur", – dedik. (Şiş-filan 

söhbətindən atamın xəbəri yox idi). 

Atam dedi ki, bir neçə şer yazmışam, üzünü köçürüm, gələn 

səfər aparıb "Azərbaycan" jurnalına,  Əkrəmə verərsən. Sonra 

oturub məktub yazdı, "Nigara ver", – dedi, O məktub indi 

məndədir. 


 120 

"Gözəl gözlü Nigar xanım! 

Sənə  Mərdəkan salamı göndərirəm. Özümü yaxşı hiss 

edirəm. Bircə nigarançılığım səndəndir. Doktor Əliyev deyir 

ki, Nigar xanım bura gəlsin, üç gündə onu sapsağlam edərik. 

Doğrudan da! 

Hər gün səndən xəbər tuturam. Darıxma, inanıram ki, yaxın 

vaxtda görüşərik. Öpürəm. 

Rəsul 

29.03.81". 

Uzun illər boyu Moskvadan, cəbhədən, Təbrizdən, haçansa, 

ilk gənclik çağlarında Bakının özündən anama onlarca məktub 

yazıb, məktublaşmalarına aid "Səndən sənə" adlı poeması da 

var. 

Bu bir əlcə kağız isə anama yazdığı son məktubu oldu. 



Martın 30-da Nacarov anama baxdı. Anam onu üzdən 

tanımırdı, adını demədik, başqa həkim kimi qələmə verdik. 

Anamın qohumu Elmira Rəfibəyli (sənətşünas Cavad 

Rəfibəylinin qızı) Nacarovla bir yerdə işləyirdi. O da gəlmişdi 

xəstəxanaya. 

Elmira dəhlizdə mənə: 

–Necə olub ki, belə gec xəbər tutmusunuz? – dedi. – 

Xərçəngin  ən son mərhələsidir, gecdir, heç bir şey etmək 

mümkün deyil. 

Biz necə  xəbər tuta bilərdik axı, biz həkim deyildik ki... 

Anam neçə müddətdi xəstəxanada, həkimlərin nəzarəti altında 

idi. Atamı müalicə edən həkimlər vaxtaşırı anamı da müayinə 

edirdilər. Bəs necə olub ki, onlar da vaxtında duyuq 

düşməyiblər? 

Amma bütün bu gecikmiş ittihamların nə mənası vardı? 

–Bəlkə Moskvaya aparaq? – dedim. 

–Məncə, mənası yoxdur. Hər halda bir Nacarovla danışın. 

Gecə Nacarova zəng vurdum. 

–Mənimçün diaqnoz tamamilə aydındır, – dedi, – heç bir 

şübhə yeri qalmır. Amma ailənin hisslərini də başa düşürəm. 



 121 

Vicdan  əzabı  çəkməyəsiniz deyə istəyirsinizsə, Moskva 

həkimlərinə  də göstərin. – Bu qəti hökmdən sonra Nacarov 

əlavə etdi: – Kim bilir, bəlkə biz yanılırıq, hər bir şey 

mümkündür! – bu sözlərdən zəif bir ümid işığı gəlirdi. 

Elə  həmin gecə  mən Moskvaya, 71-ci ildə anamı müalicə 

etmiş həkimə – Boris Oleqoviç Toloknova zəng vurdum. Əvvəl 

çox təəccübləndi – hər halda on il keçmişdi, sonra xatırlayıb, 

tanıyıb mehribanlıqla danışmağa başladı. Deyəsən, bir balaca 

içmişdi, kefi kök idi. 

–Sizin həkimlər nə belə tez diaqnoz qoyurlar, – dedi. – 

Əlavə analizlər lazımdır, yalnız bundan sonra qəti söz demək 

olar. Nə isə, gətirin onu Moskvaya, sağaldarıq... 

Bu sözlər, yəqin ki, kefinin duru vaxtında, içkinin gücünə 

söylədiyi sözlər – bir gecəlik ümidimizə, neçə saatlıq 

sevincimizə bəs idi. 

Ən ağır, ümidsiz dəqiqələrində  də insan xoşbəxt sonluq, 

nikbin qurtuluş gümanlarından  əl çəkmir, özünü inandırmaq 

istəyir ki, axır-əlbət hər şey yaxşı olacaq, yaxşı olmalıdır, yaxşı 

olmaya bilməz. Yəqin ki, bu duyumda sırf eqoistik, özünü 

qoruyucu bir çalar da var. İnsanın xislətindədir bu cəhət. Bəlkə 

də elə budur insanları hifz eləyən, saxlayan, xilas edən. Kim 

bilir? 

Həqiqətin düz gözünün içinə baxmaq hünərdir, cəsarətdir, 



igidlikdir, amma insanın özü özünü aldatması da qüvvətli bir 

hissin – yaşamaq hissinin, həyat eşqinin  əbədi  şərti,  əzəli 

qanunudur. 

Martın 31-də bacılarımla məsləhətləşib elə  səhərisi gün,  

yəni aprelin 1-də anamı Moskvaya aparmağı qərara aldıq. 

Martın 31-də bütün gün bilet almaq (anamla mən və Fidan 

gedəsiydik), Moskvada yer tədarük etmək, pul götürmək və s. 

təşkilat məsələləriylə  məşğul olduq. Anama hələ bir şey 

deməmişdik. 

Yalnız aprelin 1-də  səhər onun yanına gələndə, "hazırlaş, 

axşam Moskvaya gedirik, – dedim – sənin sevimli həkimin 


 122 

Toloknovla danışdım, dedi, gətirin, bir həftəyə sağaldım onu". 

Anam mat qalmışdı. "Yadında, Rəsul o vaxt nə haldaydı, 

Moskvada on günə sağaldı.  İndi sən də o hala düşmək 

istəyirsən? Tez gedək ki, tez də sağalasan"... 

–Nə deyirəm ki, – razılaşdı, qızlara evdən hansı paltarlarını, 

lazım olan şeyləri gətirməyi tapşırdı. 

Fidanın yoldaşı Rauf Vəzirovla mən isə  Mərdəkana 

yollandıq – Moskvaya getməyimizi mümkün qədər yumşaq və 

ehtiyatlı şəkildə atama demək lazım idi. 

Gündüz saat on iki radələrində Raufla Mərdəkana çatdıq, 

Moskva səfərimiz haqqında birdən-birə söz açmadıq. Dedik ki, 

Nigar yaxşıdır, amma qorxuruq ki, burda müalicəsini düz 

aparmasınlar, odur ki, Moskvayla, Toloknovla danışdıq, 

məsləhət elədi ki, ora aparaq. 

Hələ haçan aparacağımızı deməmişdik, hələ ümumi şəkildə 

Moskvaya getmək ehtimalından söz açmışdıq, amma atam 

dərhal tutuldu. 

–Duzünü deyin, ciddi bir şey var? 

Hər ikimiz arsız-arsız gülüşdük. 

–Yox canım, heç bir ciddi şey yoxdur, – dedim, – yadında 

deyil, sən o vaxt, burda nə  qədər  əziyyət çəkdin, Moskvaya 

gedən kimi o saat yaxşılaşdın, xəstəliyin üstünə tez düşmək 

lazımdır ki, tez də sağalasan. 

Rauf onun fikrini yayındırmaq üçün söhbəti dəyişdi, atamın 

təzə kitabını vərəqləyə-vərəqləyə: 

–Rəsul əmi, burda iş otağınız haqqında yazırsınız,– dedi. – 

Falk, Bricit Bardonun pişik üzü, Tağı... Tağı inciməz ki... 

Atam sanki bu sözləri eşitmirdi, dupduru, aydın, göy gözləri 

düz mənim gözümün içinə baxırdı. 

–Düzünü de, Nigarda nə var? 

Bayaqkı uydurmalarımı bir daha inandırıcı olmağa çalışaraq 

təkrar etdim. 

Vaxt keçirdi, biz şəhərə qayıtmalı, səfərə hazırlaşmalı idik, 

altıda qatar yola düşürdü. 


 123 

Mərdəkana gələrkən Təranə  də, Zemfira da: – Bu gün 

getməyinizi bildirməyin, – demişdilər. – Siz gedəndən sonra 

biz ona xəbər verərik. 

Kim bilir, bəlkə belə də etməliydik. 

Amma mən o vaxt əmin idim (və indi də  əminəm) ki, o, 

anamın Moskvaya getdiyini biz yola düşəndən sonra bilsəydi, 

yenə də bu xəbərə dözməyəcəkdi... 

Həm də... nə gizlədim, fikirləşirdim ki, atam indi bizimlə 

Bakıya getməli, – Nigarı vağzalacan ötürməlidir. Axı, hiss 

edirdim ki, bir daha görüşməyəcəklər. 

Nə isə... Qərara gəlib dedim: 

–Toloknov dedi ki, yubanmağın mənası yoxdur, odur ki, 

dünən imkan düşdü, bilet aldıq, elə bu gün gedirik... 

–Bu gün? – O, bir az da tutuldu. 

Rauf dərhal futboldan danışmağa başladı, atam onun futbol 

söhbətinə qoşuldu. Nə isə deyirdi, amma görürdüm ki, indi 

fikrində yalnız eşitdiyi xəbərdir, onun içində o üz-bu üz edir 

götürüb-qoyur, çəkib-çevirir... 

Birdən ayağa durub geyinməyə başladı. 

–Mən də sizinlə şəhərə gedirəm... 

–Rəsul əmi, axı neylirsiz şəhərə getməyi? – dedi.  

–Yox, getmək istəyirəm. 

–İstəyirsən, gedək, – dedim, – özün öz gözünlə görərsən ki, 

qorxulu bir şey yoxdur. 

O, geyinə-geyinə: 

–Kim-kim gedirsiniz? – deyə soruşdu. 

Dedim. 


–Mən də sizi ötürüb sabah bura qayıdaram...  

Bu vaxt həkim otağa girdi, geyindiyini görüb: 

–Hara belə hazırlaşmısınız, Rəsul müəllim? – deyə xəbər aldı. 

–Bir günlüyə Bakıya getmək istəyirəm. Nigar Moskvaya 

gedir, onu ötürməyə… 

Həkim duruxdu, otaqdan çıxdı, bir qədərdən sonra başqa 

həkimlərlə qayıtdı. Eyni mükalimə  təkrar olundu. Atamın 


 124 

uşaqlıqdan Göyçaydan tanıdığı Ələkbər İsmayılov: 

–Onda qoy bir təzyiqini ölçsünlər, – dedi. 

Doğrudan da, atamın rəngi dəyişmişdi, nəfəsi təngiyirdi. 

Halı get-gedə xarablaşırdı. Təzyiqini ölçdülər. Bir-birləriylə 

baxışdılar. Özünə: 

–Hər halda bir az yüksəkdir, – dedilər. Neçə dedikləri 

yadımda deyil, amma Ələkbər İsmayılov işarəylə məni dəhlizə 

çağırdı, təzyiqin daha da yüksək olduğunu dedi və əlavə etdi ki, 

mən məsuliyyəti üstümə götürüb onu buraxa bilmərəm, birdən 

yolda bir şey oldu... 

Biz otağa qayıdanda halı bir az da xarablaşmışdı, ağır-ağır 

nəfəs alırdı. 

İndi o biri otaqda, çarpayısının üstündə oturmuşdu, köynəyinin 

yaxasını açmışdılar. Həkimlərin, tibb bacılarının ora-bura 

qaçmalarından vəziyyətin son dərəcə ciddi olduğu aydın idi. 

İynələr vururdular, oksigen balonları gətirirdilər. Mən atamın belə 

hala düşməsini bir neçə  dəfə görmüşdüm, odur ki, hələ  də bu 

vəziyyətin keçəcəyinə inanmaq istəyirdim. 

Gənc reanimator həkimi çağırdılar. Həkimin dodaqaltı 

deyindiyini eşitdim: 

–Ağır xəstəyə belə  xəbəri vermək olar? Gör təzyiqi hara 

qalxıb, indi reanimator, gəl çıxart onu bu vəziyyətdən, görüm 

necə çıxarırsan. 

Atam olan otaqda indi yeddi-səkkiz adam vardı – tibbi 

personal. 

Raufla mən bu biri otaqdaydıq. Qapıya yanaşdım. Atam 

mənə baxırdı. 

–Necəsən? – deyə soruşdum. 

Başının işarəsiylə və gözləriylə "yaxşıyam" – dedi. Üzündə 

gördüyüm son ifadə idi bu.  

Sonra gözləri axmağa başladı, indiyəcən heç vaxt gözlərinin 

belə axdığını görməmişdim. 

Həkimlərdən biri qolumdan yapışıb məni kənara çəkdi. 

–Vəziyyəti çox ağırdır, – dedi, – hər şeyə hazır olun. 


 125 

Otağa başqa həkimlər, tibb bacıları da gəldilər, qaçır, tələsir, 

oksigen balonlarını dəyişir, ora-bura vurnuxurdular. 

Birdən-birə hamısı elə bil süst düşdü, bütün hərəkətlər, ora-

bura qaçmalar, tələsmələr dayandı. 

Hər şeyi başa düşdük. 

Ələkbər İsmayılov qapıda durub başını bulayırdı. 

–Keçindi, – dedi. Saat ikiyə yaxın idi. 



Bir sükut, bir qaranlıq 

kəsir qarşımı. 

Dur! 

Qurtar! 

Deyirəm axı 

bitməmiş işlərim, 

nə qədər ümidim, 

arzum var.  

Soyuq bir səs 

yandırır beynimi: 

Möhlət bitdi. 

Qurtar. 

O sözləri deməyə, 

bu sözləri eşitməyə belə 

macal olmayacaq. 

Nə qədər vaxt keçdi? On dəqiqəmi, bir saat, iki saatmı, uzun 

aylar, illərmi? 

Vaxt donub qalmışdı. 

Zaman – yox idi. 

Nə edirdim, nə danışırdım, ya danışmırdım, bilmirəm. Nə 

isə həblər, dərmanlar verirdilər mənə, deyəsən. 

"Niyə, axı niyə? Biz kimə nə eləmişik ki, tale belə amansız 

cəzalandırır bizi", – deyə düşünürdüm, başımı divara 

döyürdüm, "biz indiyəcən çox xoşbəxt yaşamışıq, indi tale 

bunun  əvəzini çıxır", – deyə düşünürdüm, özümə yer tapa 

bilmirdim, anamı düşünürdüm, düşünürdüm ki, indi necə 

olacaq anamın yeganə xilas ümidi – Moskvaya getməsi necə 


 126 

olacaq və onu da düşünürdüm ki, indi bunun nə əhəmiyyəti, nə 

mənası var, onların bir-birindən ayrı ömür sürmələrini heç cür 

təsəvvür edə bilmirdim. 

Heç cür ağlıma sığışdıra bilmirdim ki, yarım saat, ya da bir 

əsr bundan qabaq bizimlə bax burda, bu otaqda, bu masanın 

arxasında oturan, danışan, təzə kitabını  vərəqləyən, Nigarı 

soruşan, pencəyini geyinən, çəkməsinin bağını bağlayan adam 

– məninçün dünyada kişilərin  ən kişisi, ataların  ən yaxşısı 

mənim atam – artıq yoxdur, həmişəlik yoxdur, bir daha heç 

vaxt olmayacaq. 

Heç bir qüvvəylə geri qaytarıla bilməyəcək heçlikdədir 

artıq, bir də heç vaxt, heç vaxt mənimlə danışmayacaq, 

dərdləşməyəcək, hirslənməyəcək, sevinməyəcək, mənə  nə isə 

tapşırmayacaqdır. 

Birinci Rauf özünü ələ alır: 

–Anar, denən, neyləmək lazımdır, hara, kimə zəng vurmaq, 

kimə xəbər vermək. 

–Zemfiraya zəng vur, qızlara o desin Ənvərə  zəng vur, 

Yazıçılar İttifaqına, Elçinə xəbər versin. 

Nə qədər vaxt keçdi – bir saat, on saat, bir əsr? Otaqda indi 

ikimiz qalmışdıq – atam və mən... Həkimlər, xidmətçilər harasa 

getmişdilər.  

Mən üzü ağla örtülmüş  cənazəyə baxırdım və düşünürdüm 

ki, uzun illərin xəstəlikləri boyu anam onun çox əziyyətini 

çəkdi, nazıyla oynadı, yuxusuz qaldı, amma indi – bu qəfil 

ölümüylə atam istər-isəməz verdiyi bütün əzab-əziyyətlərin 

"günahını" sanki yumuşdu.  

Hərənin Öz ömrü Öz taleyi olduğu kimi, Öz ölümü, yəni öz 

təbiətinə münasib ölümü də var. 

Məsələ əcəldə deyil, məsələ ondadır ki, insanların ölümləri 

də onların xarakterlərini,  şəxsiyyətlərini tamamlayan son 

nöqtədir. Atam yalnız belə ölə bilərdi – emosional sarsıntıdan, 

daxili çılğınlıqdan, narahatlıqdan, hövsələsizlikdən, Nigarının 

nigarançılığından. Ömrünün müxtəlif çağlarında onun təbiəti 


 127 

də müəyyən dərəcədə dəyişirdi. Orta yaşlarında və xüsusilə də, 

cavanlığında, qaynar həvəsli, coşğun, ağına-bozuna baxmayan 

bir dəliqanlıymış,  əsəbi, kür, köntöy vaxtları da olub. Amma 

elə sakit, mülayim, yavaş, kimsəni incitmədən öldü ki. 

Fəryadsız, haraysız, səssiz-səmirsiz... Elə bil gur bir musiqi 

ahəstə, həzin bir akkordla tamamlandı... 

Ömrünün axır illərində atam nədənsə  mənə  qədim 

əlyazmasını, çox qiymətli bir perqamenti xatırladırdı,  İllərin 

ağırlığından saçları çallaşmışdı, sifəti solğundu, bütün vücudu 

qədim  əlyazması kimi nazilmiş, kövrəkləşmişdi. Qədim 

əlyazması kimi yavaş-yavaş didildi, ovxalandı, soldu getdi. 

Sonralar bibim Sarə: 

–Elə bil tələsdi, – dedi, – tələsdi ki, Nigardan qabaq ölsün, 

onun müsibətini görməsin... 

Demirəm Göyçayda basdırın məni 

Ancaq ki, riyakar gözlərdən uzaq 

aparın bir çayda basdırın məni 

Tabutumu örtsün sərin sular. 

Qəbrimi görüb kədərlənməsin 

Sevinclilər, arzulular. 

Qəbrimin üstündən sular çağlasın. 

İnsanlar sevinsin, gülsün 

işıqlı gündüzlər! 

Gecələr də mənə, 

yaşıl saçlarını 

sulara sallayan, 

salxım söyüdlər ağlasın... 

Nə  qədər vaxt keçdi. Bir il? Beş gün? Üç saat? Birdən 

qapılar taybatay açıldı, otağa Ənvər, Elçin, Fikrət Qoca, Fikrət 

Sadıq, Hüseyn Abbaszadə, Qabil, Sabir Azəri, Aleksandr Qriç, 

Ələkbər Salahzadə, Vaqif Cəbrayılzadə,  Əhəd Muxtar, 

Allahverdi və başqa yazıçılar daxil oldu. (Kimin adını 

unutmuşamsa, üzürlü bilsin) Sonralar Fikrət Qoca bu gəlişi 

"Rekviyemdə" təsvir elədi: 



 128 

Xəbər ilan kimi çaldı qulağımı, 

Telefonun dəstəyi əlimdə boğuldu. 

Ölüm nə ucuzdu... 

  

 

nə boldu... 

Bu Mərdəkan yolu nə uzaq oldu. 

Bu, deyəsən, dünyada 

ən uzaq yoldu... 

...Bir andaca 

göyə hopmuşdu mavi gözlərinin rəngi. 

Dənizi yun kimi didirdi 

mübarizəsi-cəngi. 

Balacalanıb taxta çarpayıya sığmışdı 

şerimizin nəhəngi… 

…şair qocalmır, 

ömrü bir yaz olur qurtarır. 

Şair ölmür, 

qara qələm kimi yazılır qurtarır. 

Nə  qəribədir insan hafizəsi – o günün bir çox təfərrüatını 

sanki yuxu tək xatırlayıram, cizgiləri süd dumanı içində əriyib 

itir, amma bəzi  şeylər dupduru, apaydın qalıb. Yadımdadır 

Qabil siqaret çıxartdı, sonra birdən cənazə olan otağa tərəf 

baxıb: 


–Burda çəkmək olar? – deyə soruşdu. 

–Nə  qəribə söz danışırsan, indi onunçün nə  təfavütü var 

çəkdin, çəkmədin.  

Qabil: 


–Bağışla, Anar, sən Allah, bağışla, – dedi, – heç fikirləşmədim. 

Yadımdadır, xidmətçi qadın atamın  şeylərini yığışdırırdı. 

Sarı papkasını, tranzistorunu, bir ovuc dava-dərmanı – bu 

dərmanlar daha ona gərək deyildi. 

Yadımdadır ki, uzun müddət Mərdəkandan çıxa bilmirdik. 

Baş  həkim deyirdi ki, xüsusi icazə kağızı olmasa, cənazəni 

buraxa bilmərəm. Elçin Səhiyyə Nazirliyinə, MK-ya, Nazirlər 

Sovetinə  zəng eləyir, heç kəsi tapa bilmirdi, hamı Elmlər 



 129 

Akademiyasında hansısa iclasda idi. 

Nəhayət, baş  həkim bizi buraxmağa bir şərtlə razı oldu: 

cənazəni təcili yardım maşınında, həm də evə yox, Bakıdakı 

Leçkomissiya xəstəxanasına aparmaq şərtilə. 

Yola çıxdıq. Mən Hüseyn Abbaszadə  və Elçinlə  bərabər 

Sabir Azərinin maşınına mindik. 

Bakıda Nərimanov prospektindəki xəstəxananın qabağına 

gəldik. Darvazanın ağzında dayandıq. Atamın cənazəsi – 

darvazanın qabağında dayanmış təcili yardım maşınında, anam 

isə ondan yüz metr masafədə, binanın içində üçüncü mərtəbədə 

idi. Tapşırdıq ki, xəstəxanada xəbər yaymasınlar, anam hələ 

bilməsin.  

Cənazəni evə aparmaq üçün icazə kağızı gözləyirdik. Heç 

kəs bu problemi həll edə bilmirdi. Elçin Akademiyaya getdi ki, 

məsələni həll edə biləcək adamlarla danışsın. 

Acı külək  əsirdi. Maşında oturmuşdum – nə göz yaşım 

qalmışdı, nə sözüm. İçərimdə sonsuz bir boşluq hiss edirdim. 

Ürəyim elə bil daşlaşmışdı. Heç nə duymurdum – nə təəccüb, 

nə  ağrı, nə  dərd... Yalnız gözləyirdim, bir saat – saat yarım 

gözlədik, amma o gün –həyatımın ən uzun günü (doğrudan da, 

"gün var, əsrə  bərabər") sanki bir neçə gün uzunluğundaydı, 

hər dəqiqə, hər saniyə elə bil olduğundan üç dəfə, beş  dəfə 

uzun çəkirdi. Nəhayət, Elçin qayıtdı. Lazımi göstərişlər 

verilmişdi. Atamgilin evlərinə yollandıq. 

Bu ev üç dəfə yas yeri olmuşdu – iki nənəm və Turə 

rəhmətə gedəndə.  İndi dördüncü dəfə burda hüzr başlanırdı – 

çöl qapısı taybatay açılmışdı, qonşulardan stul daşıyırdılar, 

güzgülərin üstünə örtük çəkilmişdi, qapının ağzında, 

pilləkanda, dəhlizdə çoxlu adam vardı, amma bütün bu kişi 

sifətləri içində o an mən yalnız oğlum Turalın sifətini gördüm; 

həyatında ilk və qəfil sarsıntıdan quruyub-qalmış sifətini... 

Cənazəni həmin o böyük otaqda qoydular, o otaqda ki, orda 

haçansa, yox haçansa niyə, cəmisi bir neçə gün bundan qabaq, 

kresloda, televizorun qarşısında oturmuşdu,  əynində pijama 


 130 

şalvarı, yaşıl yun cemper. Ekranın qabağında oturmuşdu, 

gözlərini yummuşdu. 

Adamlar gəlirdilər. Hər gələn – anımlar zənciriylə bağlı idi, 

neçə-neçə xatirəni dartıb çıxarırdı yaddaşımdan. 

Balaca cürübbəz bir kişi daxil olur otağa. Mürvətdir, atamın 

ensiklopediyada sürücüsüydü... 

…bir dəfə Mürvət mənə  təklikdə  şikayətləndi ki, atam 

onunla pis rəftar edir, yeri gəldi-gəlmədi acıqlanır...  

…Bir də o yadıma düşür ki, Mürvət həmişə deyərdi: təki 

bircə bu kitabımız çıxsın (Ensiklopediyanın birinci cildini 

nəzərdə tuturdu)... 

…bir də yadımdadir, Təranənin toyunda Mürvət içib sərxoş 

olmuşdu, tullana-tullana oynayırdı, ortalıqdan çıxmaq bilmirdi, 

elə hamıya xəbər verirdi ki, "mənə də "Cin Mürvət" deyərlər", 

atam da əsəbləşirdi, "bədbəxtin oğlu lap özünü biabır elədi" – 

deyirdi... 

...və o zamandan, ensiklopediya illərindən sonra Mürvəti 

görməmişdim, neçə ildi qapımızı açmamışdı, indi ölüm 

xəbərini eşidib gəlmişdi. Mənə yaxınlaşdı,  əl verdi, için-için 

ağladı, "çox xozeyinim olub, – dedi, – amma əsl kişi bir onu 

gördüm"... 

Abbas Zamanov gəldi. 

...1942-ci ildə Kerç yolunda, gəmilərini alman təyyarələri 

bombalayanda atam ona deyib ki, bir butulka tap. 

–Butulkanı neynirsən? 

–Sənin işin deyil, dedim tap, tap! 

"Tapdım gətirdim, bir kağız yazdı,  şüşənin içinə qoydu, 

sonra butulkanın ağzını bərk-bərk bağlayıb dənizə atdı, yəni ki, 

bizim başımıza bir iş gəlsə, bəlkə haçansa kimsə bu butulkanı 

tapdı... Amma kağızda nə yazmışdı, bilmirəm"... 

Müharibə illərində, sonrakı illərdə də (və bu gün mən əlavə 

edə bilərəm – 81-ci ilin 1 aprel günündən sonrakı aylarda, 

illərdə  də!) Abbas Zamanov atama etibarlı dost idi. Atam da 

onu çox istəyirdi, amma bəzən onunla kobud da danışırdı, 


 131 

sözünü kəsirdi, acılayırdı. 

İndi Abbas Zamanov oturub yanımda, ağlayır, cənazəyə 

baxır: 


–Kaş bircə dəqiqəliyə duraydı, – deyir, – əvvəlki kimi məni 

acılayaydı... 

Teymur Əliyev gəlir. Teymur müəllimin radio komitəsində 

sədr olduğu illər və  mənim orda işlədiyim o bir il yadıma 

düşür. Onün təşəbbüsüylə yaranan "Axşam görüşləri" verilişi – 

bu verilişin redaktoru mən idim, atamın bu verilişə başlıq kimi 

"Axşam görüşləri" adlı  şer yazması, Tofiq Quliyevin həmin 

şerə mahnı bəstələməsi, Şövkət Ələkbərovanın ifasında həmin 

mahnını ilk dəfə Teymur müəllimin kabinetində dinlədiyimiz 

gün yadıma düşür. O gün atamın üzünün ifadəsi gözümün 

qarşısında dayanır. 

Təzə-təzə adamlar gəlir, onların arasında atamın 

sevmədikləri və atamı sevməyənlər də var, amma qəribədir ki, 

bu dəqiqələrdə onlar da mənə  əzizdir, onlar da qəlbimi 

titrədirlər... Səbəbini anlayıram; axı onlar da atamla 

əlaqədardırlar, onlar da anımlar zəncirinin hələqələridir, hər 

biriylə  əzablı, ya əyləncəli xatirələr bağlıdır. Onlar da atamın 

həyatının, taleyinin müəyyən səhifələri, saatları, günləridir, 

əsəbilikləri, inciklikləri, narazılıqlarıdır. İndi bütün bu sifətlər – 

dost sifəti də olsa, yad sifəti də – keçmişin qəlpələridir. O 

keçmişin ki, orda atam diridir, sevinir, dalaşır, atışır, barışır. 

O biri otağa keçirəm. Fidan qəribə söz deyir. 

–Mən eşidəndə elə bildim ki, siz yanına gələnəcən keçinib. 

Tək, özgə, yad adamların içində. Sonra biləndə ki, siz 

yanındaymışsınız, elə bil bir balaca təsəlli oldu mənə… 

Bu fikri sonralar mənə Ənvər Məmmədxanlı da dedi: – Nə 

yaxşı, axır dəqiqələrində sən yanında olmusan. 

"Nə yaxşı" – nə acıdır bu söz… 

Soruşurlar: 

–Ölüm qabağı bir şey dedimi? 

Yaxın adamlar da soruşur, uzaqlar da... 


 132 

–Yox, – deyirəm, – heç nə demədi, heç nə deyə bilmədi. 

Yalnız ölümündən beş-altı  dəqiqə qabaq başıyla, gözləriylə 

işarə elədi: yaxşıyam... 

–Nigara nə deyiblər, Moskvaya niyə getmədiyimizi necə 

izah ediblər? 

–Deyiblər ki, sənin təcili işin çıxıb, gedə bilmirsən. O da 

deyib ki, "bu Anarın heç ipinə odun yığılası deyil, səhər başı 

alovlu gəlir ki, axşam gedirik, sonra da fikrini dəyişib; ilim-

ilim itir...". 

–Kim var indi yanında? 

–Sənubər. 

Sənubər anamın dayısı  qızıdır, ona tapşırıblar ki, gözdə-

qulaqda olsun, Nigar Rəsulun vəfatından xəbər tutmasın. 

Təranə: 

–Bəs indi neyləyək? – deyir, – haçan, necə getsin 

Moskvaya? 

–İndi bunun heç bir əhəmiyyəti yoxdur, – deyirəm, – hər şey 

bitdi... 

Fidan kəskin şəkildə: 

–Niyə onu vaxtından qabaq basdırırsan? –deyir, – Nigar 

hələ sağdır və onu xilas etmək lazımdır. 

Əlbəttə, haqlıdır Fidan. Bu günün sarsıntısından sonra 

birinci özünü ələ alan odur, mənim bütün fikirlərim, hisslərim 

keyləşib, donub, buz bağlayıb və məndən beş yaş kiçik bacım 

məni bu vəziyyətdən çıxarır, silkələyib ayıldır sanki; anam hələ 

sağdır, onu yaşatmaqçün mümkün olan hər  şeyi eləməliyik. 

Amma əlbəttə, o da var ki, nə Fidan, nə Təranə, ümumiyyətlə 

heç kəs, mən biləni bilmir – Elmira Rəfibəylinin heç bir güman 

yeri qoymayan sözlərindən, həkimlərin qəti diaqnozundan, 

Nacarovun bu diaqnozu yüz faiz təsdiq etməsindən 

bixəbərdirlər. Gizlətmişəm hamıdan, həkimlərdən də xahiş 

eləmişəm heç kəsə deməsinlər... 

Kimsə təklif edir: 

–Bəlkə heç Moskvaya aparmaq lazım deyil, Moskvadan 


 133 

həkim çağırmaq olar? 

...və biz – elə atamın öldüyü gün bu istiqamətdə fəaliyyətə 

başlayırıq, cənazəni qoyduğumuz otaqdan müxtəlif yerlərə 

zəng vururuq ki, Moskvadan həkimlərin çağırılmasını  təşkil 

edək… 


 

Dünyada nə əcaib peşələr varmış! Allah adamı bu peşələrlə 

tanışlıqdan uzaq eləsin. Amma ölümsüz həyat mümkün 

olmadığı kimi, bu peşələrsiz də insanlar keçinə bilməzlər. 

"Keçinmək" sözünün hər iki mənasında. 

 

Tabut düzəldən, qəbir qazan peşələri məlumdur, amma sən 



demə, cənazəyə qulluq eləyən, ona iynə vuran, onu neçə gün 

saxlayan peşəkar da varmış. Ölünün üzündən maska çıxarmaq 

da hər adamın işi deyilmiş, bunun da xüsusi mütəxəssisi 

varmış. 


Bütün bu adamları hardansa tapırlar, gətirirlər; bu "ölüm 

xidmətçilərinin" nə  qəribə sifətləri var, ya bəlkə  mənim 

nəzərimdə elədir, onların nə peşə sahibi olduqlarını biləndən 

sonra özlərinə  də, üzlərinə  də ayrı gözlə baxıram. Mənə elə 

gəlir ki, bu adamların sifətində  nə isə başqa bir dünyanın 

nişanələri, işarələri var, elə bil batıq, çuxur gözlərinə, solğun 

bənizlərinə – ayrı bir aləmin, yoxluq, heçlik aləminin soyuq 

işığı düşüb. Elə bil bu adamlar – bizim, dirilərin arasında ölülər 

dünyasının elçiləridir. 

Bunu, bildiklərindənmi, ya da elə belə, sadəcə olaraq 

peşələrinin insanı eyməndirən tənhalığını çoxdan dərk 

etdiklərindənmi – heç kəslə qaynayıb-qarışmırlar, kirimişcə bir 

qıraqda dayanıb gözləyir, işlərini görüb qurtarandan sonra 

haqlarını alıb elə beləcə də səssiz-səmirsiz qeyb olurlar. Elə bil 

bu adamlar həyat və ölüm haqqında bizim heç birimizin agah 

olmadığı mübhəm və müdhiş bir sirri bilirlər... 

Gecənin gec saatıdır, hamı dağılışıb, ancaq özümüz qalmışıq. 

Hamımızın başında bir fikir dolaşıb-neyləyək, anama necə 

deyək, nə sayaq çatdıraq. Aydındır ki, dəfndə  iştirak edəsi 


 134 

halda deyil – iki addım atmağa taqəti yoxdur. 

Beləysə, dağın üstünə dağ çəkəkmi? Öz ağır xəstəliyinə bu 

itkinin çəkilməz yükü də əlavə olunsun, həm də dəfn gününün 

vaxtını, saatını bilib ərini basdıra bilməsin, yasını, matəmini 

xəstəxanada, yad adamların içində tutsun? Əgər sağalmasına 

cüzi bir ümid varsa, bu dərdin acı ruzigarı o zəif çırağı da 

keçirməzmi? 

Yaxşı, ona deməsək, ondan gizlətsək necə? Və gizlətsək nə 

müddət gizlədə biləcəyik? Necə, nə sayaq? Bir gün – gec-tez – 

biləndə bunu bizə bağışlayarmı? 

Qoca qarılar xeyir-dua verəndə  bəzən belə ifadə  işlədirlər 

"görüm səni neyləyim, necə eləyim deməyəsən" – Məhz bu 

vəziyyətdə idik indi. Bilmirdik neyləyək, necə eləyək. 



Nigar xala 

niyə demədim sənə: 

–Rəsul öldü 

Niyə aldım əlindən 

neçə il bir yastığa baş qoyduğun 

acıdil, alagöz ərinin üstündə 

 dil  deyib, 

  

diz  döyüb 

  

 

ağlamaq haqqını?  

Eh, Nigar xala... 

eh, Rəsul əmi... 

Fələk də ayıra bilməzdi sizi 

bu dünyada  

bir-birinizdən. 

İndi o dünyada 

Necə tapacaqsınız bir-birinizi!  

Necə tapacaqsan, Nigar xala, 

sən onun ölümündən, 

o sənin ölümündən xəbərsiz! 

Necə 

  

necə Nigar xala? 

 135 

Bəlkə gəldiyimiz bir dünyada 

  

unutduğumuz tək 

getdiyimiz dünyada da unuduruq 

gəldiyimiz bu dünyanı? 

Hələ soyumamış meyitinin yaddaşından 

çıxmayıb ki, Rəsul əmi? 

Yerişi ağır, ayağındakı yaradan azacıq axsaq, 

oturuşu xan oturuşu, 

ürəyi pambıq, 

dili bıçaq, 

gözləri ala 

Görəndə tanı, 

tanı, Nigar xala 

  

Nigar  xala... 

 

Vaqif Səmədoğlu bu yanıqlı misraları sonralar yazdı, amma 



o günlər həmin çətin problem-məhz bizim problemimiz idi: 

deyib-deməmək qərarını biz verməliydik. 

–Hər halda dəfnə  qədər bilməsin, – dedik, – sonrasına 

baxarıq. 

Əgər yanına gedib-gəlməsəydik, 

şübhələnəcəkdi. 

Ömrümüzün bu çətin çağında bacılarım dözüm və  rəşadət 

örnəyi oldular. Mən bir daha əmin oldum ki, qadınlar kişilərə 

nisbətən daha böyük iradəyə, gücə, səbrə malikdirlər. Həm də 

onlar–anasının qızları idi, ən ağır dəqiqələrdə  təmkinlərini 

saxlamağı bacarırdılar. Atamın ölümündən elə bircə gün sonra 

matəm izlərini silib təmizləyib dodaqları  təbəssümlü anamın 

palatasına girə bildilər, ona "atamdan salam" yetirdilər, mənim 

gəlməməyimin səbəbləri barəsində  nə isə bir əfsanə 

uydurdular. 

O gecə  təbii ki, gözümü yuma bilmədim. Arada bir-iki 

dəqiqəlik huşum yuxuya yuvarlananda, mənə elə gəlirdi ki, heç 

bir şey olmayıb, hər şey əvvəlki qaydasındadır, indi də yuxuda 

deyiləm, oyağam və atam da sağdır, ölümü-vahiməli yuxudur, 

məni qara basıb, vəssalam, amma dərhal, həmin andaca 



 136 

ayılırdım, dərk edirdim ki, yox, yuxu onun diriliyi imiş, ölümü 

isə yuxu deyil, acı, qaçılmaz həqiqətdir, o biri otaqda, masanın 

üstündə atamın cənazəsidir, iki gündən sonra isə bu evdə heç 

cənazəsi də qalmayacaq. Qırx dörd il sahibi olduğu bu evdə 

keçirdiyi son iki gecədən-birincisidir. 

Səhərisi gün matəmlə, dəfnlə  əlaqədar yüz cür işə qarışdı 

başımız-bəlkə də bu qədim adət-ənənə – yasla bağlı qayğılar – 

qalanlarçün müdrik bir xilas vasitəsidir. İtkinin ən yandırıcı ilk 

günlərində bütün bu cari və vacib işlər səni öz dərdinlə, 

fikirlərinlə, içərinlə baş-başa qalmağa qoymur... 

Moskvadan  Əkrəm zəng elədi, başsağlığı verdi, "əlbəttə, 

belə bir gündə mən gərək sənin yanında olaydım" – dedi. 

 

Rəsul Rzanın ölüm xəbəri məni dərindən kədərləndirdi. Biz 



böyük söz ustasını  və müdrik sənətkarı itirdik. Mən Rəsul 

müəllimi yaxşı tanıyırdım. Moskvadakı çoxillik görüşlərimiz 

zamanı o mənim  ən yaxın həmsöhbətim idi. Onun parlaq 

xatirəsi önündə baş əyirəm. 

Çingiz Aytmatov. 

 

Böyük sənətkarın,  əlçatmaz ustadın yaratdığı  şer və 

poemalar sosialist mədəniyyəti tarixinə, minnətdar oxucuların 

yaddaşına  əbədi həkk olub. Sizinlə birlikdə bu ağır itkiyə 

dərindən kədərlənirik, Kommunist Partiyasının sədaqətli oğlu, 

böyük yazıçı  və insan Rəsul Rzanın işıqlı xatirəsi bizim 

qəlbimizdə əbədi yaşayacaqdır. 

Şərəf Rəşidov, Daşkənd. 

 

...Yarım  əsrdən artıq duz–çörək kəsdiyim böyük şairin, 



mübarizə, məslək yoldaşımın və qardaşımın, ehtiraslı  həyat 

vurğununun həyatla birdəfəlik vidalaşmağına inanmaq, bu ağır 

qüssəyə dözmək nə  qədər çətindir. Rəsul Rzanın adı, Rəsul 

Rzanın böyük sənəti, gözəllik, mərdlik, cəsarət, həyatı idrak 

poeziyasının əbədi, ölməz rəmzidir. 

Mirzə İbrahimov, 

 137 

Moskva. 

 

...Çox ağır bir xəbər mənə  də çatdı: mənim istəkli dostum 



Rəsul bizi tərk etdi. Dərindən kədərlənirəm, təəssüflənirəm ki, 

bu günlərdə bir yerdə olub kədərinizi bölüşə bilmirəm. Rəsul 

Rza ölməzdi, o əbədi dost və  əbədi  şairdir. Onun xatirəsini 

həmişə qəlbimdə yaşadacağam. 

Rəsul Həmzətov, 

Mahaç-Qala. 

 

...Şərq xalqlarının parlaq poeziya ulduzu söndü. Böyük 



şairin və insanın böyük, xeyirxah ürəyi susdu. Azərbaycan 

xalqının mədəniyyətinə əvəzolunmaz itki üz verdi, onun dostları 

yetim qaldı. Əlvida, Rəsul, əlvida, əlvida... 

Qara Qarayev 

Moskva 

 

Bizə  xəbər verdilər ki, Moskva həkimləriylə danışıblar. 



Sabah uçurlar, dəfndən sonra, axşam Bakıda olacaqlar. 

Dəfn sabah – aprelin 3-də, saat 16.00-dadır. 

Axşam 9-da respublika televiziyası nekroloq verdi. Səhərsi 

gün nekroloq qəzetlərdə də çap olundu. 

Qəzetlərdə rəsmi bildirişdən, nekroloqdan, başsağlıqlarından 

başqa, bir neçə yazıçının vida sözləri də dərc olunmuşdu. 



Mən Rəsul Rza barədə düşünürəm, onun işıqlı simasını 

gözlərim qarşısına gətirirəm və  təskinliyi onda tapıram ki, 

Rəsul Rzanın güclü istedadı bütün ömrü boyu eyni təravətlə 

yaşayıb-yaratdı. O, sözün əsl mənasında, novator şairdir və 

onun yaradıcılığı – sovet mədəniyyətinin zirvələrindən olmaqla 

bərabər, Azərbaycan xalqının milli koloritilə, milli 

poeziyamızın ən yaxşı ənənələri ilə son dərəcə sıx surətdə bağlı 

idi.  

...Mən təskinliyi onda tapıram ki, Azərbaycan sovet 

poeziyasının yüksəlişində, 

şerimizin zənginləşməsində, 

saflaşmasında Rəsul Rza yaradıcılığının tarixi xidməti vardır. 

 138 

Onun poeziyası  hər cür sadəlövh fəlsəfəçiliyə, saxta xəlqiliyə, 

ucuz heyranlığa zidd olan, həyatın real hadisələrindən doğub 

mərdanə romantika ilə uzaq üfüqlərə qanadlanan poeziyadır... 

...Nə qədər ki, dilimiz yaşayır, nə qədər ki, poeziyaya mənəvi 

ehtiyacımız var, Rəsul Rza da bizimlə olacaq. 

İlyas Əfəndiyev 

 

...Bu gün tabutu qarşısında baş  əydiyimiz Rəsul Rza 



xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri idi. O, həm 

sənətdə, həm də  həyatda həmişə öz yolunu getdi, həmişə öz 

qəlbinin sözünü dedi. Biz onda heç bir yarımçıqlıq görmədik. 

O, sözündə də bütöv idi, əməlində də. Nifrətində də bütöv idi, 

sevgisində də. 

Həm ölməz əsərləri, həm də şəxsiyyəti ilə ölməzlik qazanmış 

qüdrətli sənətkarımızın ölümü onun ölumünün deyil, 

ölməzliyinin təsdiqidir... 

Bəxtiyar Vahabzadə. 

 

...Rəsul Rza xalqının ağlının,  şüurunun fəlsəfəsinin, milli 



varlığının təcəssümü olan çağdaş  şerimizin  ən yüksək dağ 

zirvələrindən biridir... 

…Rəsul dünən, bu gün olduğu kimi, "yarın da mübarizələrin 

ön sırasında" dayanacaqdır. 

Rəsul, qardaşım! Mən sənə  "əlvida" demirəm. Çünki sən 

bizimlə  də, bizdən sonrakılarla da çiyin–çiyinə yaşayacaq, 

insan səadəti, insan ləyaqəti uğrunda döyüşlərini davam 

etdirəcəksən. 

Abbas Zamanov. 

 

Rəsul Rza onu yetirən Azərbaycan torpağına bənzəyirdi. Bu 



torpağın nadir möcüzələrindən biri idi... 

Xəlil Rza

 

Aprelin 2-də səhər tezdən onun iş otağına girdim. 



...Ölülər geri dönə bilsəydi. 

 139 

Mən bu otağa gələrdim. 

Burda uzun bir dəqiqə dincələrdim... 

...O otağa yığmışdıq Mərdəkandan gətirdiyimiz şeylərini. O 

sarı papka da burdaydı. Bilirdim ki, pasportu, sənədləri bu 

papkanın içindədir. 

Həm sənədlərini götürməliydim, həm də son kağızlarını 

gözdən keçirmək istəyirdim – bəlkə elə bir sözü, arzusu, 

vəsiyyəti var ki, hökmən indi, dəfnəcən bilməliyik. 

Papkanın içində  qələmləri, elektrik ülgücü, odekalon, 

pasport, tibb kitabçası, oxuduğu son kitablar və uzunsov bir 

dəftər vardı. 

Bu dəftərə axırıncı  şerlərini yazmışdı, məhz elə bu şerləri 

"Azərbaycan" jurnalına,  Əkrəm  Əylisliyə göndərmək 

niyyətində idi. 

Şerləri oxumağa başladım. Müharibə illərinə aid silsilə idi. 

Görən, niyə görə ömrünün bu son günlərində, yaxın 

adamlarından ayrı, təklik, yalqızlıq içində, xəstə arvadının 

nigarançılığını  çəkə-çəkə, məhz o uzaq müharibə illərini 

yaşayırmış 

xəyalında, 

şerlərində o dövrü, Krımı 

canlandırırmış? 

Novorossiyskdən çıxdıq 

üzü Qara dənizə. 

Qırx ikinin birinə açılan 

gecə. 

Köhnə "Quban" gəmisində. 

Səfərlilər həmvətənlərim, 

Yolumuz – gerisiz. 

Vətən adından səfərbərdik 

biz 

Bir parça kağıza yazdım: 

"Qara dəniz Qırx ikiyə açılan gecə. 

Rəsul Rza, həmvətənlərilə". 

Bərk bağladım 

şüşənin ağzını 


 140 

"Ya bəxt" – deyib, atdım dənizə... 

Şerləri oxuyuram və birdən öz adıma ilişib diksinirəm: 



Xəyalımda 

gözü yaşlı, 

sinəsi ahlı, 

dili gileyli 

anamı görürəm 

Analar anası! 

Bir də hər dərdimə, 

qayğıma şərik 

sadiq ömür sınağımı, həyanımı, 

Nigarımı, 

Şairə anasının qucağında 

üç yaşlı oğlum Anar, 

gözləri yol çəkimli. 

Göy öskürəkdən 

dodaqları qançır. 

Kimə yaxınlaşsa 

ondan uzaq qaçır... 

Demək, bu son günlərində,  İçəri dünyasında – xatirələr, 

poeziya dünyasında – mən də varammış  xəyalında, gözləri 

qarşısında, mən də dayanmışammış, amma indiki, qırx üç yaşlı 

mən yox, üçyaşlı  uşaq. O göy öskürəkli uşaq ki, ondan hamı 

uzaq qaçırmış... 

Qəhər məni boğurdu, səhifələri bir–bir uda–uda son vərəqə 

çatdım. 


Son vərəqə – son şeri yazılmışdı. Yarıməsrlik yaradıcılıq 

yolunun son yazısı. 

Şerin altında tarixi yazılmışdı – 31 mart 1981, Mərdəkan. 

Xəstələr evi. 

31 mart-ölümündən bircə gün qabaq. 

Ölümündən bircə gün qabaq dediyi son söz: 



Ömrün qəmli günlərindəyəm 

Xəstəliyin ucundan, 

 141 

qocalığın üzündən. 

Həkim deyir: 

yorulub ürək. 

Deyirəm: 

yorulmusan, ürəyim 

Keçən günlər gözümdə 

bir xəyal dünyasıdır. 

göynədir göyüm-göyüm. 

O günlər-doğmam idi, 

Bu günlərim – ögeyim. 

Günlər var çeşid-çeşid; 

inciklisi bu yanda, 

Fərəhlisi o yanda 

Belə olurmuş demək 

ömrün-günün sonunda. 

…və birdən-birə mən bütün əyaniliyiylə o günü, o axşamı, 

ömrünün son axşamını gördüm; bizsiz–övladlarsız, Nigarsız, 

yad adamların arasında, xəstələr evinin adamın ürəyini 

qaraldan qüssəsi içində ... Qərib Abşeron axşamının 

alatoranlığı, hardansa, uzaq pəncərələrdən ögey işıqlar süzülür 

və atam da çox aydın başa düşür ki, bu – axırdır, ömür yolunun 

ən son mənzili,  ən son günləri,  ən son metrləridir və bütün 

keçmiş həyatı kino lenti kimi İçəri dünyasının ekranından axıb 

gedir – müharibə,  şerlərində  həkk olunmuş dava günlərinin 

təəssüratı  və bütün başqa günlərin anımları  və o anımlar, o 

təəssürat, o səhnələr, fikirlər, obrazlar ki, – daha onları 

poeziyada əks etməyə möhləti qalmayıb. 

...amma bəlkə  də bütün bunları yox, keçmişi yox, ötənləri 

yox, gələcəyi düşünürmüş və bu gələcəkdə də ancaq heçsizlik

qaranlıq, sükut var. 

Sağlam, gümrah, cavan vaxtlarında tənhalığı, yalqızlığı bu 

qədər çətin keçirən adam ömrünün son, ən dəhşətli yalqızlığına 

necə dözüb, görəsən? 

Ömrünün son gününün bu sonsuz kədərini, qüssəsini, 



 142 

həsrətini hansı möcüzəvi iradəylə poeziyaya çevirə bilib, həyat 

təcrübəsinin müdrikliyini, şerin xilasedici məlhəmini necə 

saxlaya bilib? 

Bu misralar insanın zəifliyi deyil, şairin güclülüyüdür. 

Fərdin məğlubiyyəti yox, sənətkarın qələbəsidir,  şəxsiyyətin 

təslimi yox, yaradıcının yenilməzliyidir. Bədbinliyin  şer 

ecazıyla dəf olunmasıdır.  Ən ağır, ümidsiz dəqiqələrində  şerə 

tapınan adam bədbinliyi də, ölümü də, heçsizliyi də üstələyir. 

Özü gedirsə  də  və getdiyini açıq-aydın bilirsə  də, sözünü, 

fikrini insanlara qoyub gedir. 

Belə olurmuş, demək 

ömrün-günün sonunda... 

Nə göz yaşı var bu misralarda, nə giley-güzar, nə etiraz. 

Ancaq həyatın faciəvi gərdişinin sakit, müdrik təsdiqi var: 

"Belə olurmuş demək..." Elə bil ki, o taydan, həyatla ölüm 

sərhədinin o tayından, bu sərhədi keçmiş adamın o tərəfdən 

söylədiyi sadə, adi bir həqiqət var bu sətirlərdə: TBelə olurmuş 

demək…U 

Ölüm, sən demə, belə imiş – sakit, səssiz, qaçılmaz. 

"Belə olurmuş demək..." 

Son  şerlərindən birini "Ədəbiyyat və incəsənət" qəzetinə 

göndərdim.  İstəyirdim ki, rəsmi yazıların, vida sözlərinin 

içindən onun öz səsi də gəlsin. İstəyirdim ki, dəfnində də hələ 

heç kəsin bilmədiyi, eşitmədiyi, oxumadığı şeri səslənsin. 

Özü olmayandan sonra da adamlar onun yeni bir şerini 

dinləsinlər; elə bil yenə bizimlə danışır! 

Aprelin 3-də cənazəni Filarmoniyanın səhnəsində qoydular. 

Qohumlar, tanışlar, müxtəlif adamlar salonda oturmuşdular. 

Radiodan öz səsi yazılmış lentləri gətirdilər – şerlərini 

oxuyurdu, qəmli musiqi parçaları çalınırdı. 

Tabutun dövrəsindən dəstə-dəstə adamlar keçirdi. Tabut 

gül-çiçəyə qərq olmuşdu. 

Güllərin altında qalmışdı ölüm... 

Çiçək tabutunda təngnəfəs olub, 


 143 

elə bil saralıb solmuşdu ölüm... 

Gözləri dolmuşdu qızılgüllərin, 

işığı sönmüşdü qərənfillərin... 

Səni tanıyandan bəri, 

belə dərdli, 

belə yazıq görməmişdim çiçəkləri. 

 

Səni addım-addım güdmüşdü ölüm... 

İndi, günorta vaxtı gül-çiçək içində itmişdi ölüm. 

Tünlükdən qorxub 

elə bil harasa getmişdi ölüm, 

Bir azdan... bir azdan qayıdacaqdı. 

Səni tanıyandan bəri 

Belə dərdli görməmişdim çiçəkləri… 

 

Fəxri qaravulda dayanan güllər 

Gizli-gizli, xısın-xısın ağlayırdı, 

Fəxri qaravulda dayanan Vətən 

Səni çiçəklərlə qucaqlayırdı. 

İsa  İsmayılzadənindir bu misralar. Filarmoniya müdirinin 

kabinetinə keçdim. Niyazi məni görüb qucaqladı, ağlamsındı. 

–Qırx iki il bundan qabaq, bax, həmin bu kabinetdə 

oturmuşdu Rəsul, – dedi, – bax, həmin o stolun dalında. 

Filarmoniyanın direktoru idi. Mən də  bədii rəhbər işləyirdim, 

mən də o biri – otaqda otururdum. Lap cavan idik, elə  də 

mehriban dost idik ki, o illər... heç ağlıma gələrdi ki, bir gün 

onu bax bu binadan götürəcəklər? 

Tofiq Quliyev yanaşdı mənə... 

...çox illər bundan qabaq, uşaq vaxtı, atamla 

Moskvadaydım. 

Mehmanxanadakı nömrəmizə bir gün Tofiq Quliyev gəldi. 

Mahnılarını çox xoşladığım bəstəkarın özünü ilk dəfə 

görürdüm. Özü heç mahnılarına oxşamırdı. Mahnıları  şən, 

nikbin, gümrah idilər, özünün isə sifəti yorğun, gözləri qəmli 



 144 

idi... Atamın xahişilə pianonun arxasına keçdi, ən yaxşı 

mahnısını – "Qızıl üzüyü" çaldı. Atamın sözlərinə yazmışdı bu 

mahnını. 

Sonralar da atamın sözlərinə mahnılar bəstələdi. Atam Tofiq 

Quliyevin təklifiylə Bakı haqqında bir neçə mətn yazmışdı. Bu 

mətnlər neçə il idi ki, T.Quliyevdə idi. Elə hey deyirdi ki, 

musiqisi hazırdır, bu yaxında ifa ediləcək. Yalnız atamın 

ölümündən sonra bu mahnılardan birini üzə  çıxartdı. Atama 

həsr olunmuş verilişdə T.Quliyevin özünün pianoda müşayiəti 

ilə Akif İslamzadə oxudu.  

Danış, danış, Qız qalası, 

Ellər sənə qulaq asır. 

Axşamların həzin olur, 

Yoxsa sükut bəsin olur? 

Mən bu şeri bilmirdim, eşitməmişdim, oxumamışdım, amma 

yüz  şairin  şeri içindən: "Qız qalası – qulaq asır, həzin olur – 

bəsin olur" qafiyələrinin atamın olduğunu tanıyardım. 

Filarmoniyanın foyesində  mənə müxtəlif adamlar yanaşır, 

başsağlığı verir, təskinlik sözləri deyirdilər. 

Bir nəfər:  

–Deyirlər, vəsiyyət eləyibmiş ki, Göyçayda basdırasınız, 

düzdür? – deyə xəbər alır. 

–Yox, – deyirəm, – belə  vəsiyyəti-filanı olmayıb. 

Ümumiyyətlə, heç bir vəsiyyət-zad eləməyib. O ki qaldı 

Göyçayda basdırmağa, bu barədə özü yazıb da: "Demirəm 

Göyçayda basdırın məni...". 

Başqa birisi yanaşır: 

–Deyirlər sən içini yeyirsən ki, Nigar xanımı Moskvaya 

aparmağınız xəbərini niyə dedim atama. Ürəyivə salma. 

–Baş üstə, – deyirəm, – salmaram. 

Dəfn günü bir yoldaş mənə: 

–Matəm mitinqində o şerin oxunması məsləhət deyil, – dedi. 

–Niyə? 


–Bədbin şerdir. 

 145 

–Məgər matəm mitinqində nikbin şerlər oxunmalıdır?  

Sonra həmin adam mənə belə bir sual verdi: 

–Sən necə bilirsən, bu Rəsul Rzanın ən yaxşı şeridir? 

–Bilmirəm ən yaxşısıdır ya yox, amma bu Rəsul Rzanın son 

şeridir. 

Belə  qərara alındı ki, mitinqdə Cabir Novruz çıxış edən 

zaman bu şeri oxusun. 

Oxudu da… 

Amma... 


...Zen-buddizm fəlsəfəsinin  ən  əsas və  mənim fikrimcə,  ən 

dürüst müddəalarından biri belədir ki, həqiqət adama birdən-

birə, qəfilcən aşkar olur, sanki bir an içində insanı öz işığına 

qərq edir və bütövlüklə, bütün dərinliyiylə insan tərəfindən 

dərhal dərk edilir. 

Cabir Novruz matəm mitinqindəki çıxışının axırında atamın 

həmin o dediyim şerini oxudu: 

Olmasın, olmasın 

könül qaranlığı. 

Ömrün qəmli günləri, 

damcı-damcı süzülür 

arzuma-ümidimə. 

Arxada qalan illər 

incikli yollar boyu 

uzaqlaşıb qərq olur 

xatirələr gölünün 

dumanlı sükutuna. 

Hər gün yaxınlaşdırır 

Axır mənzilə bizi. 

Sahilini göstərir 

artıq ömür dənizi. 

O sahildə nələr var, 

varmı xəbər gətirən, 

ordan geri qayıdan! 

Nə yel qanadlı bir quş, 


 146 

nə təyyarə, nə tren... 

Ömür bir küçədir ki, 

bir tərəfli hərəkət 

onun sərt qanunudur... 

...Günlər onu 

hər qarış udur… 

...və bu an birdən, qəfilcən mən amansız bir həqiqətin çılpaq 

sərtliyini duydum. Dərk etdim ki, cəhdlərimin hamısı  əbəs 

imiş. Bu şer güman ki, heç kəsin qəlbini tərpətmədi. 

Məhz o anlarda, o dəqiqələrdə  dərin və acı bir gerçəklik 

gözlərim qarşısında dibsiz uçurum, yarğan, girdab kimi açıldı. 

Atam bir şerində "anlamaq dərdi" ifadəsini işlədib. 

"Qınamayın  İsgəndəri, yaman olur anlamaq dərdi". Amma 

"anlamaq dərdindən" də yaman dərd varmış: "Anlanılmamaq 

dərdi"... 



Mən güllü bir may səhəri doğulmuşam. 

Bəlkə getdim bir yanvar axşamı. 

Tabutuma ipək salmayın! 

Dəfnimə toplamayın izdihamı. 

Bir ovuc torpaq üstünə qoyun başımı. 

Mən o torpağı sevmişəm. 

Ancaq məhəbbətim 

nə sərgiyə qoyulan bir tablo olub 

nə parıltısı diqqət çəkən üzük qaşı. 

Mənim sevgim sevgi idi – 

sadə, yaxşı... 

...Mən öləndə ağlamayın! 

Mən öləndə gülməyin. 

Yox, nəyə gərəkdir! 

Mən sağlığımda çox gülmüşəm, 

çox ağlamışam. 

Ancaq o həzin axşam, 

məni yalqız qoyub 

əbədi sükut evində, 

 147 

qayıdanda geri 

açın, taybatay açın 

otağımda pəncərələri! 

Çıraq yanmasın. 

Səssiz çıxın otaqdan. 

Elə çıxın ki, sükut oyanmasın.... 

... Mən xoşbəxt olardım, 

tabutumu özüm apara bilsəm! 

Adımı, xatirəmi 

yazılı nitqlərdən, 

sərin ahlardan qopara bilsəm... 

"Mən xoşbəxt olardım tabutumu özüm apara bilsəm!" - bu 

sözlərdə Rəsul Rzanın bütün təbiəti ifadə olunub – məğrurluğu, 

tənhalığı, hikkəsi... 




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin