Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   2   3   4   5   6   7   8   9   ...   49

 

  

İş günü 

 

İstər yağış çiləsin, 

istər qızmar gün olsun 

istər şaxta, 

 44 

bu gün də iş günüdür, 

sabah da. 

İnsanın iş günü  

azalsa da, çoxalsa da, 

insanlığın iş günü bitməyəcək 

İnsan orbit–orbit gəzəcək 

ulduzların beşiyini. 

Səhralara bahar səpək, 

günəş tökək yuvamıza! 

Qaralmasın ömrümüzün 

nə bir anı, nə beş günü,  

Ulduzlar yanır 

Dəryalar dalğalanır. 

Güllər cücərir torpağın qoynunda. 

Yer kürəmiz fəsil-fəsil 

təzələyir dəyişəyini. 

Dünən də iş günü idi, 

Bu gün də iş günüdür! 

Sabah da olacaq həyatın iş günü. 

Nə yorğunluq, nə intizar, 

nə təqvimi müxtəlif rənglərə ayıran olsun. 

Ömrümüz iş günü, 

Hər iş günümüz bayram olsun. 

14 fevral 1963. 

 

Məni Balakən rayonundan deputatlığa namizəd veriblər. 



Həyat belədir, oğlum: gün çıxır, göy buludlanır, yaz olur, qış 

olur.  İnsanın  ən böyük ləyaqəti ondadır ki, bütün bu istilər, 

soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu İnsan kimi keçsin. 

Bəlkə  də  ədəbi mığmığalar bu sözləri oxuyub ağız büzərlər. 

"Yenə də mücərrəd İnsan" – deyə dızıldayarlar. Olsun. Konkret 

heyvan olmaqdan müçərrəd İnsan olmağın nəyi pisdir? 

Hələlik.  Öpürəm. 

Rəsul Rza 

 45 

16/XI.63 

 

"Oğlum! Anar! 



İndicə Filarmoniyadan türk bəstəkarlarının konsertindən 

gəldik. Yerin boş idi. Biz hamımız – anan, bacıların,  Ənvər 

oturub xeyli natanış musiqiyə qulaq asırdıq, sən yox idin. 

Simfoniya və orkestr üçün yazılmış konserti dinlədikcə 

düşünürdüm: dünyadan nə  qədər xəbərsizik. Axı bizim 

təsəvvürümüzdə aləm çox məhduddur. Biz evimiz, eyvanımız, 

küçəmizdən başqa nə görmüşük? Yeni illərin qırdığı çərçivələr 

hələ zehnimizə uyuşub bərkiməyib. Çalınan  əsərlərdən ikinci 

mənə daha xoş gəldi, Fidana əksinə. Nigar, Təranə hər ikisini 

bir az bəyəndilər. Mən musiqi haqqında mülahizə yürüdüb 

hökm verməkdə özümü haqlı hesab etmirəm. Lakin mən 

anlamağa çalışıram. "Bu gecədə dinlədiyim əsərlər bütünlüklə 

– mənə aydın idi" – deyə bilmərəm. Ancaq duman arxasında 

silueti görünən dağlar kimi mən bir əzəmət, nə isə  rəngləri, 

biçimləri adiləşmiş aləmə  bənzəməyən bir varlıq mövcud 

olduğunu duydum... 

...İndi gedib duş (çilək) qəbul edəcəyəm. Sonra yatacağam. 

Burda hamı sağ-salamatdır. 

Öpürəm. 

Rəsul. 

20/XI.63" 

 

"Ədəbiyyat və incəsənət", 30 mart 1963. "Məqsəd aydınlığı 



və sənətkarlıq" adlı məqalədən: 

..."Yenilik" pərdəsi altında düşmən ideologiyasının 

mədəniyyətimizə nüfuz etməsinə, kommunist tərbiyəsində 

qüdrətli vasitə olan ədəbiyyat və incəsənət silahımızın pas 

atmasına kəsərdən düşməsinə laqeyd qalmaq olarmı? Əlbəttə, 

yox. Qəribə burasıdır ki, formalizmi, abstraksionizmi əsaslı 

surətdə  tənqid edən qiymətli partiya sənədlərindən söhbət 

gedərkən: "Bəs bizim ədəbiyyatımızda necə? Mücərrədçiliyi və 

 46 

onun müxtəlif təzahürlərini andıran əsərlər yoxdurmu?" – deyə 

sual etdikdə, yazıçı yoldaşların bəziləri "məsələnin bu şəkildə 

qoyulmasından" narazı olurlar. "Şərt deyil ki, hər yerdə 

mücərrədçilik axtarıb tapasan?" – deyir, tənqidin diqqətini 

qüsurlardan, səhvlərdən yayındırmaq istəyirlər (Bizim estetika 

dərnəyinin bir məşğələsində olduğu kimi). Sual olunur: 

–Hörmətli yoldaş, hərgah belə qüsurlar varsa, onları 

"axtarıb tapmaq", yəni göstərmək qəbahətdirmi? Bir də ki, 

əgər belə  səhvlər uzaq keçmişdə deyil, bu yaxın zamanlarda 

baş vermişsə, onlar çox köhnə kitab və jurnallarda deyil, bizim 

öz orqanımız "Azərbaycan" jurnalının 1962-ci il 12-ci 

nömrəsində çap edilmişsə, daha onları "axtarıb tapmağa" nə 

ehtiyac var. Onlar "tapılmışdır", daha doğrusu, onları hamımız 

oxumuşuq. Jurnalımızın yuxarıda göstərilən nömrəsində xalq 

şairi Rəsul Rzanın "Rənglər" başlığı altında 27 yazısı 

verilmişdir. Mən bu parçaları diqqətlə oxudum, bunlarda 

həyatımız üçün, cəmiyyətimiz üçün xeyirli bir məna, faydalı bir 

məzmun axtarmağa çalışdım, çox təəssüf ki, tapa bilmədim. 

...R.Rza "Rənglər"i çap etdirməklə indi çıxılması çətin olan 

bir vəziyyətə düşmüşdür. Əlbəttə, müəllif deyə bilər ki, burada 

bir çətinlik yoxdur. Bu nədir ki, mən bundan çətin vəziyyətlərə 

düşüb çıxmışam, hələ neçə il bundan qabaq formalizmə meyl 

etməyim üstündə  məni möhkəm tənqid etdilər, nə oldu, nə 

itirdim? 

...Novatorluğu "novatorluq" xatirinə deyil, əsərlərimizlə 

xalqımızın böyük işlərinə daha yaxından və daha layiqli kömək 

göstərmək xatirinə etməliyik. "Rənglər" müəllifi necə, beləmi 

etmişdir? Çox təəssüf ki, yox! Bəlkə müəllif yuxarıda göstərilən 

səhvləri səmimiyyətlə etiraf edəcəkdir. Yaxud bəlkə o: "İmkan 

verin düşünüm, o səhvlərin nədən ibarət olduğunu özüm üçün 

aydınlaşdırım; görüm qatıq həqiqətən ağdır, yoxsa qara, qurum 

qaradır, yoxsa ağ, qum yeməlidir, yoxsa yeməli deyildir" 

deyəcəkdir? Bu müddət  ərzində formalizmin, mücərrədçiliyin 

tənqidinə bir çox məqalə həsr olunmuşdur. Hərgah R. Rza yoldaş 

 47 

"Rənglər" haqqında olan tənqidlərə  kəmetina olmasaydı, indiyə 

kimi "rəngləri" özü üçün aydınlaşdırar, müəyyənləşdirər,  əslində 

qatığın ağ, qurumun qara rəngdə olduğu haqda qəti fikir söyləyə 

bilərdi. Məlumdur ki, həyat həqiqətlərindən uzaq, bədii 

keyfiyyətlərdən məhrum olan bu "rənglər"in "çalar"larının bizim 

üçün heç bir ictimai-siyasi, tərbiyəvi  əhəmiyyəti yoxdur. Əksinə, 

formalizm, abstraktsionizm kimi zərərli meyllər və onların müxtəlif 

"çalarlar"ı lazımınca tənqid olunmasa, döyülüb ədəbi mühitdən 

qovulmasa, oxucularımızda şerə, sənətə ikrah hissi doğurar, sənət 

aləminə hərc-mərclik gətirər. 

"Azərbaycan" jurnalı bu cür yazıları qeydsiz-şərtsiz çap 

etməklə həm bu yazıların müəllifinə, həm də oxuculara çox pis 

xidmət göstərmişdir. 

(30 mart 1963). 

 

6 aprel. 1963. "Şer, yoxsa tapmaca" adlı məqalədən: ... 



"Rənglər" 

şeri başdan-ayağa qədər bənzətmələr, 

müqayisələr üzərində qurulmuşdur. Lakin bu bənzətmələr, çox 

qəribə, gözlənilməz və mücərrəd görünür. Nə  qədər baş 

sındırsan da, "Səbir kasasını daşdıran bir damla" ilə boz 

rəngin əlaqəsini, "bir aylıq balası kəsilmiş bir inəyin mələməsi" 

ilə narıncı rəngin uyğunluğunu, "namərdin tövbəsi" ilə sürməyi 

rəngin oxşarlığını tapa bilməzsən. Məhz hansı əlamətinə görə 

gərək "ilk dərs günü" badımcanı  rəngə, "Təsəllisiz dərd" 

xurmayı rəngə, "sallaqxana qapısından girən qafil öküzlər" də, 

"insan  əməli" də sarı  rəngə uyğun gəlsin? Bilmirsən niyə 

"boynuburuq yetim" bənövşeyi rəngdə, amma "gözəllər" və 

"qəzəllər" məhz püsteyi rəngdə olmalıdır? Bilmirsən niyə 

"kiçiyin ögey qardaşı  məhz kürən olmalıdırU, "bir udum su" 

ancaq yaşıl rənglə tutuşdurula bilər və i. a. və s. 

 

Müxtəlif parçalar içərsində  işlənmiş "soyuq tənhalıq", 

"cansız barmaqlar", "boş ürəklər", "kədər çökmüş üzlər", 

"dəryalarla göz yaşı", "milyonlarla qəbir daşı", "yanmış ürək", 

 48 

"şaxta qorxusu", "hicran qorxusu", "yanıqlı göz yaşı", "gecənin 

tabutuna salınmış örtük", "buz nəfəsli qaraltı", "ömürlük 

dustaq", "həsrətli gözlər", "pərişan saçlar", "titrək dodaqlar", 

"nəğməsiz dağlar", "kor bulaqlar", "ovsuz ovlaqlar", "odsuz 

ocaqlar" və bir sıra başqa ifadələr şerlərə bir ümidsizlik əhval-

ruhiyyəsi, qüssə və soyuqluq gətirmişdir. 

Qoca  Şərqin böyük mütəfəkkiri Nizami Gəncəvi  əsrlərin 

arxasından baxa bilsəydi, yəqin ki, müasir şerimizin bəzi 

nümayəndələrinə üzünü tutaraq deyərdi: Axı, mən də, bir 

zaman təbiətin hər an dəyişən gözəlliklərini, təravət və 

rayihəsini həyəcanla müşahidə etmişəm, sevilməyə layiq olan 

əsl insana da ürəyimdə yer vermişzm. Mən də  rənglərdən 

yazmışam: qara, sarı, yaşıl, qırmızı, göy, səndəli, ağ... Amma 

insansız bu gözəlliklər nəyə gərəkdir? Əgər bu rənglər insanın 

itirilmiş  səadətindən doğan məyusluğunu, onun dərin 

səmimiyyətini elmin gücü ilə tilsimləri açmaq qüdrətini, həyat 

eşqini, yaxşılıq, mənəvi saflıq kimi sifətlərini aşkara çıxarmağa 

kömək etmirsə  nəyə lazımdır?  Əgər bu rənglər xalqın böyük 

həyat təcrübəsindən, müdrik sözlərindən qida almazsa necə 

yaşaya bilər?  (Göründüyü kimi, fərdi üslubu və düşüncə 

səviyyəsi etibarilə  məqalə müəllifindən fərqlənməyən Nizami 

də "Rənglər" silsiləsinin fəal əleyhdarları cəbhəsindəymiş–A.). 

 

"Bakı, 17.IV.63. 



Oğlum məktubunu aldım. Sağ ol! 

Doğrudur xətti oxumaq üçün nüfuzlu mütəxəssislərdən 

ibarət bir komisyon düzəltməli olduq. Komisyonun işi 

(komisyon üzvləri: Təranə, Fidan, Nigar və  mən idim) böyük 

müvəffəqiyyətlə  nəticələndi; yazının demək olar ki, 60%–i üç 

saata, qalan 40%-dən 5–6%-ni təxmin şəklində müəyyən etmək 

mümkün oldu. Bir təsəllimiz var ki, sən də  mənim xəttimi 

oxumaqdan az zəhmət çəkməyəcəksən... 

...Burda işlər yaxşıdır. Ev-eşik yerində, adamlar sağ–

salamat,  ədəbiyyat gül, bülbül, pərvanə  və kaman qaşlar 

 49 

arasında çaşıb qalıb. Bilmir əsrin həqiqətinə inansın, kosmos 

əsrinin çağırışına qulaq versin, ya hüsn-camal aləmində ilişib 

qalsın, budağından üzülmüş bir yarpaq kolluqda ilişib qalan 

kimi. Bu məsələnin həlli müşküldür... 

...Telefona çağırdılar... 

Məktubu dünən başladım, bu gün davam edirəm. Telefonda 

yol. Sabit Rəhmanov idi. Bir xeyli çərənlədik, sonra da yuxum 

gəldi, yatdım. Dünən bütün günü yağış yağıb. Bu gün yaxşı gün 

çıxıb. 

Lənkəran səfərim çox yaxşı oldu. Səni xatırladım.  Əsgər 

olduğun zaman görüşdüyümüz qonaq otağında qalırdıq. Bütün 

həyət gül iyinə  qərq olmuşdu. Bülbüllərin səsi (şerə doluşan 

bülbülləri demirəm ha) adamı gecə yatmağa qoymurdu. Bir 

kəndə  də getdik (Volodya Qafarov və  Əli Kərim də  mənimlə 

getmişdi). Bu kənd Dibol1 adlanır. Talışca bolluq kəndi 

deməkdir.  Şəkər Aslanov adlı bir cavan şair var, onların 

kəndidir. O da bizimlə getmişdi. 

Çay becərirlər, düyü əkirlər, mal-qara saxlayırlar. Bu il 

Azərbaycanda yağan yağışlar bir təbii fəlakət halını alıb. 

Deyirlər yüz ildi bu vaxt belə yağış görünməyib. Bir çox 

yerlərdə çiyidi yerdə çürüdüb, cücərməyə qoymayıb. Təzədən 

əkməli olublar. Bu da çəkilən ağır zəhmətə əlavədir. Görünür, 

Allah ateizmin və din əleyhinə mübarizənin hayıfını bizdən 

çıxır. 

Təzə  nə yazırsan? Televiziyaya söz verdiyim pyesi 

qurtarmaq istəyirəm. Bu günlərdə Neft daşlarına gedəcəyəm. 

Görək nə  çıxır. Sən neyləyirsən? Nə yazmısan? "İlin son 

gecəsi" necə oldu? Povest nə haldadır?  İşləyə bilirsənmi? 

Məktub yaz, pul lazım olsa yaz! 

...Qohum-qardaş hamısı sağ-salamatdır. 

Öpürəm. 

Rəsul. 

18/V.63". 

 


 50 

Atamın və anamın vəfatından sonra onların uzun aylar boyu 

davam edən xəstəlikləri ilə bağlı binanın – Nərimanov 

prospektindəki xəstəxananın yanından keçmək mənimçün çox 

ağır idi. Amma hər halda, gündə, ya günaşırı keçirdim, çünki 

hər ikisinin məzarlıqlarının yolu bu evin böyründəndir. 

Hətta xəstəxananın içinə də – nə qədər çətin olsa da getdim. 

Böyük bibim Kübra xanım burda yatırdı, ona dəyməyə 

gedirdim. Bibim: " – Bir bu yaya çıxa bilsəydim", – deyirdi. Nə 

qədər tanış idi bu sözlər, nə qədər tanış idi bu hisslər. 

Xəstəliyi ümidsizdi. Özü bilmirdi, biz bilirdik. – Bu nə 

sözdür, maşallah, səndə  nə var ki, bir-iki həftəyə sağalıb 

duracaqsan, – deyirdim. 

Nə  qədər tanış idi bu təsəllilər dilimə, nə  qədər vərdişli 

yalandı bu dediklərim. 

Bibim atamın ölümündən bir il on gün sonra 82-ci il aprelin 

10-da vəfat etdi. 

Xəstəxananın, atamın diliylə desək "xəstələr evinin" tanış 

dəhlizləri, palataları, həkimləri, tibb bacıları min bir acı 

xatirəmlə bağlıydılar, min bir göynəkli anımlar oyadırdılar. 

Amma dəhlizlərdə yumşaq divanlarda əyləşmiş, çəliklərinə 

dayanıb oturmuş  xəstələri görəndə sanki çox yaxın, məhrəm 

adamlarımı görürdüm; axı, onların bir çoxu hələ o vaxtdan, 

atamın burdakı günlərindən qalmışdılar, onunla hal-əhval 

tutmuş, iki kəlmə söz kəsmiş, bir-birlərinə "sabahınız xeyir", 

"gecəniz xeyrə qalsın" demişdilər. Gecələr "xeyrə qarşı" deyib 

səhərə çıxmayanlar da vardı. 

Bir gün qonşum Əziz gəldi, 

Həkim Əziz. 

Ümidli, təsəllili sözlər dedi: 

"Nə var ki, səndə, 

  

Çox  adam  əhvalsız olur 

Bakımızın məşhur küləyi 

əsəndə". 

Getdi 


 51 

"Yaxın gün şadlıq məclisində 

görüşərik" – dedi.. 

Demə ömründən bir neçə ay, 

neçə gün, neçə saat qalıbmış 

Nə ağrılı, incikli keçdi 

bu qış! 

Qəribədir insan taleyi, qəribə. 

Kim bilir nə vaxt, 

Hardan dəyəcək zərbə. 

Düşünürəm: özünün 

günləri sayılı ikən, 

bəlkə də onun inamlı 

sözlərindən, 

bir çimdik də olsa 

qüvvət aldım mən, 

Belə olur insanın 

insana əvəzsiz hədiyyəsi. 

Bir xoş baxışı, 

bir ümidli sözü, 

bir inamlı səsi. 

Bu  şerdə söhbət atamgilin ev qonşusu həkim  Əziz 

Talışınskidən gedir. Xəstəxanaya atama dəyməyə  gəlmişdi. 

Gümrah, sağlam,  şən idi. Atama ürək-dirək verirdi, dəhlizdə isə 

bizə: – Vəziyyəti çox ağırdır, – dedi, təəssüflə başını buladı. 

Bir müddət sonra Əzizin ölüm xəbərini eşitdik. 

"Ölüm gözlə qaş arasındadır" – deyirlər. 

"Gözlə qaş arasındakı ölüm" mənim  şüuruma, beynimə, 

ömrümə ilk dəfə haçan daxil olmuşdu? 

Əlbəttə, ömrün bütün başqa illəri kimi uşaqlıq illəri də fəsillərlə 

bölünür. Amma mən indi – uşaqlığımı içəri dünyamda 

canlandıranda həmişə aləmi yay fəslində görürəm. 

1951-ci ilin yayıdır, Buzovnada bağdayıq. Anam şəhərdədir. 

Atam, iki bacım və  mən eyvanda oturmuşuq. Bol günəşli, 

amma mülayim bir gündür. İlıq meh əsir. Dəniz sakit, göy 


 52 

apaçıqdır. Atam bizə Mark Tvenin hekayələrini oxuyur. Hansı 

hekayələri oxuduğu da dəqiq yadımda qalıb: "Tennesidə 

jurnalistlik", "Mən ziraət qəzetini nə sayaq redaktə edirdim", 

"Saatsazlar". … Gülürük, uğunub gedirik. 

Elə bu dəqiqələrdə "Saatsazlar" hekayəsinin sonluğuna 

çataçatda, sürətlə  gələn maşın darvazamızın qarşısında 

xırıppadan dayanır, qapımız şiddətlə döyünür.  

Qapıya qaçırıq. Gələn anam və  Cəfər Cəfərovun yoldaşı 

Zübeydə xanımdır. Hər ikisi həyəcanlıdır. 

Mənim on üç yaşım var; atamın rənginin dəyişməsindən, 

anamın təlaşından hiss edirəm ki, nə isə olub. "Turənin halı 

xarablaşıb" sözlərini eşidirəm. 

Turə – atamın ən kiçik bacısıdır, məni tez-tez kinoya aparan, 

mənə tez-tez dondurma alan istəkli bibimdir. 

Atam otağa keçib paltarını dəyişən vaxt Zübeydə xanımdan 

soruşuram: "Düzünü deyin, nə olub?". O, cavab vermir, üzünü 

tutub ağlayır. 

Beş dəqiqədən sonra maşınla şəhərə yola düşürük. Yol boyu 

heç kəs dinib-danışmır. 

Bakıda, evimizin qabağında maşından düşəndə atam 

anamdan soruşur: – Hər şey qurtarıb? 

Anam: – Bilmirəm, Rəsul, bilmirəm, – deyir, – biz bağa 

getdiyimiz müddətdə hər şey ola bilər. 

Hər şey bir neçə saat bundan qabaq, onlar hələ şəhərdəykən 

bitib, qurtarıb. – Turə keçinib. 

Anamgil bağa gələndə bunu bilirmişlər, amma bu xəbəri 

atama hələ birbaşa çatdırmadan, onu Bakıya gətirməkçün 

gəliblər. Evimizə qalxırıq. Çöl qapımız taybatay açıqdır, ev 

adamla doludur. İlk dəfə yas görürəm, ağlaşma görürəm, xalqın 

əsrlər boyu yana-yana, göynəyə-göynəyə yaratdığı  ələm 

sözlərin, ağı və oxşamalarını eşidirəm. İlk dəfə ömrümə Ölüm 

daxil olur. 

Otaq. 

Masa. 


 53 

Masanın üstündə 

bir cənazə. 

Hansı həyat lövhəsi, 

hansı sənət əsəri 

var ki... 

bir-an içində 

çökə, ağır dağ kimi, 

insanı birdən əzə 

Cənazə sapsarı mum, 

Mən bir yanda qurudum. 

Bir yanda, 

bir yanda da... 

Əgər allah var isə, 

külli ixtiyar isə, 

ağsaçlı bir ananın 

qarşısında diz çöküb 

gərək üzr istəyəydi  

"Yoxdur, 

yoxdur xəbərim, 

bu şeytani-ləinin 

əməlidir" deyəydi...  

..Anamın gəlin qızı! 

On ildən artıq olur 

bu şeri başladığım 

Yazıb-yazıb pozuram. 

Heç qurtara bilmirəm.  

Yanıqlı xatirələr 

Hey gəlir axın-axın. 

Hara qaçım onlardan 

Hara, hara bilmirəm! 

…ünvanını bilsəydim, 

düz yanına gələrdim. 

Sən getdiyin yollardan 

kim geri qayıdıb, kim... 

 54 

Bilmirəm ki, tabutun 

şamdır, yoxsa arçandır; 

Sənin son səfərindir; 

bizim səfər haçandır!! 

Əlbəttə, on üç yaşlı  uşaq ölümdən xəbərsiz ola bilməzdi. 

Tez-tez evimizin qabağından dəfn mərasimləri keçirdi. Anam 

qadağan eləsə  də, eyvana qaçıb maraqla küçəyə baxırdım, bir 

dəfə hətta açıq tabutda ölü sifəti də görmüşdüm və bu yuxuma 

girmişdi. "Ölülərə maraq edir çocuqlar" – Nazim Hikmətin bu 

müşahidəsi çox dəqiqdir. 

Dəfnlərdə  Şopenin "Matəm marşı" çalınırdı. Nədənsə, 

körpəlikdə bu marşı yaman sevirəmmiş. Bizdə bu marşın valı 

varmış – pianoçu Emil Gilelsin ifasında. Özümün, şübhəsiz, 

yadıma gəlmir, amma atam danışardı ki, balaca olanda – iki-üç 

yaşında həmişə bu valı qoydurardın, "ləsul, ölüm malşını 

çaldıl" – deyərdin, özün də  gəlib oturardın dizimin üstündə, 

üzünü üzümə qoyub qulaq asardın. 

Səkkiz yaşında olanda ölümlə daha yaxından tanış oldum. 

Atamın dayısı  Məhəmmədhüseyn Rzayev 1946-cı ildə 

vərəmdən vəfat etdi. Onun oğlu, məndən altı yaş böyük Oğuz 

səhər tezdən bizə  gəldi: "Baba (atasına "baba" deyirdi) 

keçindi", – hıçqırıb ağladı. 

Atam Moskvada idi. O vaxt kinematoqrafiya naziri 

vəzifəsində işləyirdi. Kino işçiləri ilə birlikdə mən də aeroporta 

onu qarşılamağa getmişdim. 

Həmişə Moskvadan qayıdarkən məni görüb gülümsəyən 

atam indi üzümə də baxmadı. 

Evə  gəldik. Otağa daxil oldu, anasını, xalasını, bacılarını 

gördü və bərkdən hönkürüb ağladı. 

Atamı ilk dəfə  ağlayan gördüm və kişinin, həm də atamın 

ağlaması, özü də belə hönkürüb ağlaması ömrüm boyu 

qulaqlarımda qaldı. 

Ancaq hər halda, bu ölümün təfərrüatı hafizəmdə 

solğunlaşmışdı. Turənin vəfatı isə ölümün nə  qədər yaxın 


 55 

olduğunu beynimə həkk etdi.      

Ölüm yaxındadır, "bir əl uzadımındadır", ən yaxın adamını, 

səni öpən,  əzizləyən, kinoya, gəzməyə aparan bibini birdən-

birə, 37 yaşında dünyadan qopara bilər. 

...Aydın ilıq bir səhər 

şəhərdən gəldi bağa 

sevincli, gözəl xəbər. 

Elə lap darvazadan 

səs gəldi: 

Oğlan! 

Oğlan! 

Sağlıq! 

Muştuluq, filan! 

Dünən Buzovnada bibimin salamat qurtarması, oğlu olması, 

təhlükənin sovuşması müjdəsinə sevinmişdik, anam şəhərə, 

onu görməyə getmişdi, bizim də kefimiz kök, damağımız çağ 

idi, Mark Tvenin hekayələrinə gülürdük. 

Demə, biz Tennessi jurnalistlərinin başıpozuqluğundan 

şənlənəndə Turə yazıq artıq dünyayla vidalaşıbmış. 

...İndi on bir yaşlı  qızım Günel Mark Tvenin həmin 

hekayələrini oxuyur, uğunub gedir, ayrı-ayrı parçaları  təkrar 

edib gülüşünü, sevincini mənimlə də bölüşmək istəyir. Mən isə 

bu hekayələrə gülə bilmirəm; Turənin sifəti gəlib durur 

gözlərim qarşısında. 

Amma ölüm insan ömrünə  əsl mənasında o vaxt girir ki, 

onun qorxusunu, xofunu, vahiməsini duyursan. 



–Min-min ana içində, 

anamı tanıyıram 

gözlərimi bağlasalar belə. 

Tanıyıram 

ayaq basdığı torpağın qoxusundan, 

qəlbimə dolub, boşalan 

onu itirmək qorxusundan. 

Mən bilmirəm anasını itirmək qorxusu atamın ürəyində 



 56 

haçandan yuva salıbmış, amma həmin adamı – yəni atamın 

anasını – nənəmi, Məryəm xanımı – biz ona atamın, 

bibilərimin diliylə "Ciji" deyərdik-Cijini itirmək qorxusu 

mənim qəlbimə Turənin vəfatıyla daxil oldu. 

Ömrümdə ilk dəfə olaraq balasını itirmiş ana dərdi gördüm. 



Neçə-neçə il keçib  

o gündən və bu gündən. 

Ürək yüngülləşməyib 

bu itkinin yükündən. 

Toy da, bayram da olur, 

şənlik də, ad günü də. 

Ancaq ki, ürəyimdə 

damğa yanığı kimi 

qalıb sənsiz ananın 

"Verin mənim balamı!"  

deyən fəryad günü də. 

Anamın gəlin qızı! 

Turənin yeddisindən, qırxından sonra da nənəmi tez-tez 

xısın-xısın ağlayan görürdüm, özü də çalışırdı ki, bizim 

gözlərimizdən yayınsın, bir bucağa çəkilib dərdini tək özü 

çəksin, heç kimlə bölüşməsin. O da yaxşı yadımdadır ki, 

nənəm bəzən saatlarla sakit-sakit susur, sonra birdən köksünü 

ötürüb, heç kəsə müraciət etmədən, öz-özünə: "nə bilim, vallah, 

sən bilən yaxşıdır" – deyirdi. 

Çox illər sonra, daxili monoloqun nə demək olduğunu 

qavramaq istərkən mən nənəmin bu halını xatırlayırdım. 

Deməli, o saatlarla içəri dünyasında özü-özüylə danışır, 

danışırmış, fikri qaynayırmış, sonra bu daxili mükalimənin, bu 

"düşüncələr axınının" nəticəsi, yekunu kimi ah çəkir, içindən 

gələn bir səslə  bərkdən "nə bilim, vallah, sən bilən yaxşıdır" 

deyə Allaha müraciət edir, bu izahsız zərbənin məntiqindən, 

mənasından baş açmayıb, səbri, təvəkkülü yenə  də Tanrının 

dərgahıyla bağlayırdı. 

Nənəmin təngnəfəsliyi vardı, qızının ölümü xəstəliyini 



 57 

şiddətləndirdi və o, sonbeşiyinin fərağına yalnız bircə il dözə 

bildi. 52-ci ilin yayında mətbəxdə əl-üzünü yuyarkən birdən elə 

bil quruyub qaldı. Az qala yıxılacaqdı. 

Anamla mən yüyürüb qolundan tutduq. Mənə baxıb 

gülümsünən kimi oldu, hətta hansı daxili bir qüvvəyləsə  əlini 

azacıq qaldırıb başıma çəkdi, saçımı sığalladı – bu öz iradəsinə 

tabe olan son hərəkəti idi: nənəmi iflic vurmuşdu. 

Bir neçə gündən sonra gözlərini həmişəlik yumdu. Qızının 

yanında basdırdılar. 

Üç ildən sonra o biri nənəmi – anamın diliylə biz də ona 

Ana deyirdik – itirdik. 

Bu ölümlərdən sonra ürəyimdə öz ata-anamı itirmək 

qorxusu yuva saldı. Elə bil ölümün də yaş növbəsi, ardıcıllıq 

sırası varmış. Elə bil ki, ürək qorxular üçün darısqaldır, orda 

yalnız bir, ya iki adamı itirmək qorxusu üçün yer var. 

Qəribədir, atamla-anamın vəfatından sonra mən bu 

qorxunun Günelin qəlbində yuvalandığını görürəm.  İlk dəfə 

yaxın adamlarını – babasını, nənəsini itirmiş  qızcığaz – öz 

valideynləri üçün nigaranlıq keçirir. 

1956-cı ildə on səkkiz yaşım tamam oldu, necə deyərlər 

həddi-buluğa çatdım. Həmin il bir çox mühüm ictimai-siyasi 

hadisələr baş verdi. Mənə elə gəlir ki, tək mənim deyil, bütün 

bizim nəslimizin yeniyetməlik çağı məhz bu il qurtardı. 1968-

ci ildə gəncliyimiz qurtaran kimi. 

1956-cı ildə XX qurultay keçirildi. Stalin və  şəxsiyyətə 

pərəstiş dövrü haqqında bir çox həqiqətlər aşkara çıxdı. 

Macarıstan hadisələri bu il cərəyan etdi. A.A.Fadeyev bu ilin 

mayında intihar etdi. Böyük şair, böyük insan Səməd Vurğun 

bu il rəhmətə getdi. 

Bu il sanki ictimai həyatda müəyyən bir dövr sona yetir, 

başqa bir dövr başlanırdı. 

Bu il ilk dəfə atamın dilindən təsadüfən və ötəri  şəkildə 

qaçırtdığı sözləri eşitdim: "Mənim nə ömrüm qalıb ki, bir il – 

iki il..." 


 58 

Bundan sonra 25 il – əsrin bir çərəyini yaşadı. Və bu 25 ildə 

onun ölüm haqqında fikirləri də, mənim qorxularım, 

nigarançılğım, qəlbimin səksəkəsi də ömrümüzə sarmaşıb 

bizimlə birgə yaşadılar: 

Əvəzi Yola saldıq 

xəstəliyi: diabet. 

Bir gün Mikasız qaldıq 

xəstəliyi: diabet. 

Su oymuş qaya kimi 

uçulur dörd bir yanım. 

Bilirəm gec–tez gəlib 

çatacaq mənə növbət. 

Hələlik növbətə var 

bir il, bir gün, bir saat. 

Yaşamaq istəyirəm, 

sənə eşq olsun, həyat! 

Düşünürdüm ki, hər  şey ola bilər, mən atamdan tez ölə 

bilərəm. Bu məni sevindirmirdi, yaşamaq, çox uzun yaşamaq 

istəyirdim, cavan idim, həyat hərisi, dirilik acıydım, amma 

məni həmin fikirdə ovudan o idi ki, heç olmasa onun ölümünü 

görməyəcəyəm. 

Kim bilir, bəlkə  də  zəlzələ, fəlakət, müharibə, maşın, ya 

təyyarə  qəzası hamımızı birdən aparacaqdı.  Şübhəsiz, mən 

neçə-neçə başqa insanın müsibətinə bais olacaq zəlzələ, fəlakət, 

müharibə, qəza istəyini ömrümdə  ağlıma belə  gətirməzdim, 

amma bir gün atamsız qala biləcəyim də mümkünsüz, 

"dünyasında ola bilməz" bir şey kimi görünürdü mənə. 

Yəqin ki, çox adamın uşaqlıq xəyalında yaşayan, bəzən 

böyüyəndə büsbütün vidalaşmadığı bir xülya – bəlkə bir gün 

ölümsüzlük dərmanı tapıldı və bizə də qismət oldu – xülyası da 

şüurumun hansı küncündəsə qıvrılıb qalmışdı. 

Atamın xəstəlikləriylə, səhhətinin vəziyyətilə bağlı qorxu elə 

bil anam sarıdan nigaran olmağa qoymurdu. Dünyada hamıdan 

çox, hətta atamdan da çox anamı istəyirdim, amma onunçün belə 


 59 

nigaranlıq çəkmədim, – bəlkə doğrudan da ürək darısqaldır, iki 

qorxuyçün, iki narahatlıqçün yer yoxdur orda.  

"Anar bala, xoş gördük! 

Buralar sağ-salamatlıqdır. Sən necəsən? Zökəmin keçdimi? 

Ani bala, ssenarini ("Torpaq. Dəniz. Od. Səma" ssenarisini 

– A.) oxudum, diqqətlə, aramla. Ümumi təsirdən deməmiş bir 



neçə qeydimi sənə yetirmək istəyirəm. Ssenarinin bir çox 

yerində janr xüsusiyyətlərini nəzərə almamısan. Proza yolu ilə 

getmisən. Doğrudur, kino bütün ədəbi növlərdən  ən çox 

prozaya yaxındır, ancaq eyni deyil, məhz yaxındır. Qayaların 

təsvirində kompanovka yoxdur. Burda və bütün əsər boyu 

unutma ki, hər söz, hər cümlə lenta metri, metrləridir... 

...Eyni sözləri Kərim kişinin arabada gəlməsi haqqında 

demək olar. Sən bu epizodda bir boşluq, cansıxıcı  ətalət, 

fərəhsiz həyat mənzərəsi vermək istəmisən. Tapdığın detallar 

arasında yaxşıları az deyil. Ancaq bütün uzun gəliş  səhnəsi, 

ağaçlar, onları  əkmək və sairə artıqdır, kinematoqrafik deyil. 

Bu səhnə çox sonradan başlaya bilər... 

...İndiki halda qocanın ağac əkmək məsələsi təsadüfi olur... 

...Azərin Ağca ilə görüşü də uzadılmışdır. Xüsusilə, ritual 

çox vaxt aparır... 

...Nəğmə formasını aydın saxlamaq lazımdır. Bu əsər gərək 

dörd "tonalğnostğ"da, dörd rəngdə, ahəngdə, avazda, xal 

düzümündə yazılmış  nəğmələr olsun. Burda gərək torpağın 

sakitliyi, təmkini, doğmalığı, ayaq altında söykənəcək olduğu 

və s. göylərin dərinliyi, soyuqluq və  tənhalığının insan nəfəsi, 

insan gözləri ilə isindiyi, əzizləşdiyi, Dənizin  əzəməti, suyun 

həyat mənbəyi olduğu, odun amansız gözəlliyi, yandırıcı, 

təmizləyici qüdrəti aydın hiss olunsun. Bütün bunlar ümumi və 

mücərrəddir. Ancaq daxili məna belədir, bunun əyani 

əvəzliyini, ifadə formasını tapmaq, vermək lazımdır. Bir sıra 

yerdə bunlar var. Ancaq tapılmamış, fikri yayındıran,  əsas 

ideya və  məqsədə xidmət etməyən yerlər çoxdur. Mən 

səhifələrdə bir çox qeydlər eləmişəm ki, əsasən belə cəhətlərə 

 60 

aiddir. 

...Əsərdən ümumi təsirim belədir ki, yaxşı düşünülmüş 

orijinal bir şeyin konkret ifadəsində  tələsmisən.  Əsərdə 

əvvəldən axıra davam edib getməli olan xətt – dörd nəğmənin 

poetik, fəlsəfi ifadəsi (voploşenie) çox yerdə  qırılır. Texniki 

detallar, bıtovoy təfərrüatla dumanlanır, yolundan çıxır. Rəngli 

boya ilə  çəkilmiş lövhələrdə qrafik cizgilər görünür, bəzən 

fırça ilə  çəkilmiş olan kənar xətlər – konturlar, düzçəkən xətt 

taxtası (lineyka) ilə  çəkilib. Bu ideal düz xətt  əsərin 

mahiyyətinə uymur, bu xətlərdə olmayan kələ-kötürlük, əyrilik 

əsərdən qoparılmış canlı bir parça kimi hiss olunmur. 

Dialoqlarda mümkün qədər hiss olunmalıdır ki, rusca 

danışan bu adamlar rus deyillər. Başqa xalqın 

nümayəndələridirlər. Onların düşüncəsində-dilində ümumi 

cəhətlərlə bərabər, xüsusi ştrixlər də vardır. 

Rəsul. 

1964". 

1970-ci ildə Moskvaya ikinci dəfə təhsil almağa getmişdim. 

Rejissor emalatxanasında oxuyurdum. 

Bir gün Bakıdan atam zəng elədi, dedi ki, Nigar bir az 

xəstələnib, qorxulu heç bir şey yoxdur, amma hər halda 

Moskvaya gətirmək istəyirəm. Elə gümrah səslə danışırdı ki, ta 

onlar Moskvaya gələnəcən işin nə yerdə olduğunu bilmədim. 

Hətta Moskvada onları – atamı, anamı, Təranəni vağzalda 

qarşılayanda da, mehmanxanaya gətirəndə  də anamın həmişə 

sakit sifətində nigarançılığa  əsas verə biləcək bir şey 

sezmədim. 

Yalnız səhərisi gün atam telefonda səsi  əsə-əsə: "Nigarın 

epikrizi çox pisdir, lap başımı itirmişəm", – deyəndə təhlükənin 

nə  qədər ciddi olduğunu dərk etdim. İndiyəcən atamdan "lap 

başımı itirmişəm" sözlərini eşitməmişdim. 

Bakıda həkimlər anamda şiş tapmışdılar. Moskvaya, Kaşir 

şosesindəki onkoloji mərkəzə getməyi məsləhət bilmişdilər. 

Orada operasiya olunmalıydı. 



 61 

Anamı  xəstəxanaya apardıq, qəbul otağında ona xalat 

verdilər. Anam fürsət tapıb məni kənara çəkdi: 

–Sənin ürəyin daha möhkəmdir, – dedi, – Rəsuldan, 

Təranədən muğayat ol, qoyma fikir eləsinlər. 

Sonra hamımızla öpüşdü, gülə-gülə bizdən ayrıldı. Onun 

paltarını bizə verən tibb xidmətçisi: 

–Nu proşaytesğ – dedi, – vı ee bolğşe ne uvidete. – Elə bil 

başımızdan qaynar su tökdülər. 

Əlbəttə, bunu o mənada deyirdi ki, cərrahiyyə əməliyyatına 

qədər və  əməliyyatdan bir neçə gün sonra, əməliyyat uğurlu 

keçərsə, xəstəylə görüşmək mümkün olmayacaq. Amma bu 

sözü elə kobud, elə köntöy dedi ki, uzun zaman özümüzə gələ 

bilmədik. 

Şaxtalı, çovğunlu Moskva qışının erkən axşam qaranlığına 

çıxdıq. 


Sonralar anam bu günlər haqda "Kaşir yolu" adlı silsilə 

şerlər yazdı. Amma bu şerlər Kaşir yolu haqqında yox, bu 

küçədəki bina haqqında, onun içindəki adamlar haqqında, əlac 

gözləyən xəstələr və  şəfa verən həkimlər haqqında idi. Kaşir 

yolunun dastanını isə biz – atam, Təranə, mən yaza bilərdik – 

bu yollarda biz qalmışdıq. 

Saat dörddə-beşdə qaralan dekabr axşamlarının cansıxıcı 

kədəri, havaya sovrulan qarların arasından görünən böyük 

binanın zəif, solğun işıqlı pəncərələri... 

Bu kədərli, məhzun pəncərələrin birinin dalında mənim 

anam yatır, amansız ehtimallar, dəhşətli fərziyyələr içində 

operasiya gününü gözləyir. 

Bu cərrahiyyə əməliyyatı onu yenidən həyata qaytara bilər. 

Ya da... 



...Yuxuda dünyayla vidalaşırdım, 

Dünya gözəl idi, ayrılmaq çətin... 

Atam: – Novikova səninlə danışmaq istəyir, – dedi, – ona 

zəng vur... Mənə düzünü demir, bəlkə sənə dedi. 

Professor Lüdmila Alekseyevna Novikova anamı operasiya 



 62 

edəcək cərrah idi. 

Novikova mənə: 

–Atanız da xəstə adamdır, – dedi, – ona demək düz olmaz, 

amma siz bilməlisiniz, ananızın ürəyi zəifdir, operasiyaya 

dözməyə  də bilər. Operasiya uğurla keçsə  də, yalnız kistoloji 

analizdən sonra qəti demək olar – şiş  bədxassəli idi, ya 

xoşxassəli... 

Bütün bunları atama, Təranəyə, Bakıda qalıb hər gün, hər 

saat bizdən xəbər gözləyən Fidana, başqa qohumlara necə, nə 

şəkildə deyə bilərdim? 

Ömrün xəzan çağındayam, 

  

 

Təranə, 

Payız bağındayam... 

Xatirəli günlər 

qızıl-qızıl yarpaqlar kimi tökülür, 

ömrümün çılpaq budaqlarında 

şəfəqli bir ümid gülür. 

O sənsən, Təranəm, 

 

  o 

sənsən... 

Ruzgarda yaşıl budaq kimi əsən, 

O sənsən, Təranə, 

 

  o 

sənsən... 

1971-ci il yanvarın 4-də  əməliyyat uğurla keçdi, bir neçə 

gündən sonra kistoloji analizin nəticəsi də  məlum oldu – şiş 

xoşxassəli imiş. 

Bir neçə il atamın təşəbbüsüylə bu günü – yanvarın 4-ü 

anamın yenidən dünyaya gəldiyi gün kimi qeyd elədik. 

Bundan neçə il qabaq da həkimlər anamda bu məşum 

xəstəliyin  əlamətlərindən  şübhələnmişdilər. Anamın dayısı 

oğlu, mahir cərrah Səlahəddin Rəfibəyli onda bir mütəxəssis 

kimi bizdən artıq narahatlıq keçirirmiş. O, bunu bizə ehtimalın 

yanlış olduğu aydınlaşandan sonra dedi. 

1971-ci ilin yanvarında isə anam: "Xərçəng iki dəfə  mənə 

hücum çəkib, bir, şey eləyə bilməyib, – dedi, – Allah 


 63 

üçüncüsündən saxlasın". 

Xərçəng üçüncü hücumunda onu apardı, amma anam özü 

bilmədi, bilmədi ki, xəstəliyi həmin o gülüb zarafata saldığı 

amansız, qəddar, əlacsız azardır. 

"Anar bala, xoş gördük. 

Sənin  əlvan məktubunu güc-bəla oxudum, təxminən sən 

mənim məktublarımı oxuyan kimi. 

Tural xanın əməlləri hələ ilk başlanğıc dövründədir, (oğlum 

Turalın onda bir yaşı vardı – A.) qoy bir az dil açsın, onda 



sənin Nigara və  mənə tutduğun divanın "nədir", "niyə"lərin 

hayıfını səndən çıxacaq. 

Buralarda üç gün dəhşətli istilər oldu 38–40°. Sonra da 

başladı yağış, soyuq. Bu gün bir balaca gözümüzü açmışıq... 

...Bu gün Ağadadaş Qurbanovun dəfninə getmişdim. 

Salyanda mehmanxananın eyvanı uçub, bu bədbəxt, qızı və üç 

nəfər başqa adam yıxılıblar. Bir oğlan uşağı tamam salamat 

qurtarıb. Qalanlar yaralanıb, bir qolu sınanlar olub, bu zavallı 

bərk zədələnib, gecə  xəstəxanada operasiya zamanı keçinib. 

Fəxri xiyabanda basdırdılar. (Bu Fəxri xiyaban da eybəcər bir 

anaxronizm heykəlidir. Ölüləri yaxşıya, pisə bölmə  nə  qədər 

mənasız və kobud bir işdir). 

Rəsul. 

24/VII.65". 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin