Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   2   3   4   5   6   7   8   9   ...   49

*** 

Mətləbdən uzaq düşdüm. Atam Yerevana ensiklopediya 

işçilərinin müşavirəsinə getmişdi. Orda iclasda çıxış edərkən 

onu telefona çağırmış və demişdilər ki, təcili Bakıya qayıtsın. 

Qayıtdı və səhər MK-ya getdi. 

Mən kinostudiyada idim, ordan hər yarım saatdan bir telefon 

edirdim. İşdə yox idi, ev telefonları susmuşdu. Anam bağda idi. 

Nəhayət, günün ikinci yarısında telefon hay verdi. Atam artıq 

evdəydi. 

–Nə oldu? 

–Qurtardı... 

–Necə, nə cür? 

–Gəl bura, – dedi. 

On beş  dəqiqədən sonra yanındaydım. Balaca iş otağında  

oturmuşdu, gülümsünürdü. 

–Vəssalam, – dedi, – axır ki, hər şey qurtardı. 

H.Ə.Əliyevin yanındaymış,  Əliyev deyib ki, sabah büroda 

sizi işdən azad edəcəyik. Atam: 

–Bir xahişim var, – deyib, – icazə verin mən sabah büronun 


 88 

iclasına gəlməyim. 

–Bizdə heç vaxt belə olmayıb... amma sizin xahişinizi 

nəzərə alarıq. 

–Mən büroda özümü saxlaya bilməzdim, – dedi atam. Artıq 

heç nə demədi, amma mənimçün hər şey aydın idi. 

O gün bütün axşamı bir yerdə olduq. Donetsk şəhərindən 

mənim köhnə tanışım Vladimir Vasilyeviç Qajiyev Bakıya 

qonaq gəlmişdi. Toğrul Nərimanbəyova da zəng vurdum, atam, 

Qajiyev, Toğrul, mən "Azərbaycan" mehmanxanasının 

restoranına getdik. 

Qajiyev və Toğrul atamın sağlığına badələr qaldırırdılar. 

Qajiyev deyirdi ki, Azərbaycan xalqının Sizin kimi şair oğluyla 

fəxr etməyə haqqı vardır. Gündüzkü hadisədən heç birinin 

xəbəri yox idi. Biz də heç nə demədik. 

Səhəri atamın iştirakı olmadan büroda onu işdən azad 

etdilər. 

Bir neçə il keçdi və  həmin o büro üzvlərinin  əksəriyyəti 

müxtəlif vaxtlarda işlərindəki nöqsanlara görə  vəzifələrindən 

və büro üzvlüyündən azad edildilər. Hər biri də dünənki 

kolleqalarının onların ünvanına söylədikləri ittihamları 

kirimişcə dinləyir, razılaşır və qızğın təşəkkür edirdi. 

Büronun həmin iclasından sonra atamın H.Əliyevə 

göndərdiyi axırıncı  məktubunun surəti də arxivindədir 

(məktubun əsli rus dilindədir). 

"Hörmətli Heydər Əliyeviç! 

Sizinlə görüşdən qabaq mən Quliyev yoldaşla danışdım və 

dedim ki, arayışla müfəssəl tanış olmaq istəyirəm. Baş 

redaksiyanın partiya bürosu üzvləri, onun katibi, mənim elmi 

işlər üzrə müavinim Yerevandadırlar və  məsələnin 

müzakirəsini bir neçə günlüyə təxirə salmaq məqsədəuyğundur. 

Mənim dediklərimə Quliyev yoldaş heç bir reaksiya 

vermədi, mən də belə  nəticə  çıxardım ki, məsələ artıq həll 

olunub. Məhz buna görə və səhhətimi nəzərə alaraq mən sizdən 

büroda iştirak etməyəcəyimi xahiş etdim. Siz razılıq verdiniz. 


 89 

Bunu ona görə yazmıram ki, Büronun ASE haqqında qərarı 

barədə mübahisə edim. Ancaq yaxşı adımı qorumaq mənim 

borcumdur. Məlum olduğu kimi, ASE təşkil olunarkən 

respublikada müvafiq ensiklopedik kadrlar da yox idi, 

ensiklopediya yaratmaq təcrübəsi də. Baş redaksiyanın işlədiyi 

müddətdə kollektiv yarandı, bu kollektiv əsasən gənclərdən 

ibarət idi və onlar təcrübə və səriştə qazandılar. 

Qeyri-səmimi olmaq istəmirəm və odur ki, öz təəccübümü 

bildirirəm: Nə  səbəbə  məni 21-25 oktyabr 1975-ci ildə 

Moskvaya sovet və xarici yazıçılarla görüşə, dəvət olunduğum 

görüşə getməyə qoymadılar və  əvəzində  məsləhət gördülər ki, 

Yerevana, Zaqafqaziya ensiklopediyalarının müşavirəsinə 

getdim. Halbuki, artıq elə bu vaxt mənim ensiklopediyadakı 

vəzifəmdən azad edilməyim barədə  məsələ  həll olunubmuş. 

Birinci cildin buraxılmasını beş il ləngidəndən sonra, 

doğrudanmı, məni Yerevana ASE-nin baş redaktoru kimi 

göndərmək və müşavirənin ortasındaca, məruzəm vaxtı Bakıya 

geri çağırmaq vacib idi? 

Yol.  Əliyev H.Ə. Xalqıma layiqli mədəni abidə yaratmaq 

üçün  əlimdən gələni  əsirgəmədim.  Əgər müyəssər ola 

bilmədimsə, bu, mənim günahım deyil. Soruşmaq olar: əgər 

respublikanın  ən görkəmli alimlərinin böyük qrupu 

"prinsipsizlik göstəribsə"  (büronun qərarında deyildiyi kimi – 

A.) belə alimlərlə neçə  işləmək və ilk Azərbaycan 



ensiklopediyasını yaratmaq olar? 

Əgər yeni yoldaşlar  əldə edilmiş böyük təcrübədən istifadə 

edərək yaxın zamanda ASE–nin yüksək kefiyyətli çapını 

buraxarlarsa, mən şad olaram. 

Hörmətlə" 

Rəsul Rza. 

 

*** 

1973-cü ilin sentyabrında atamla bir yerdə Moskvada 

Nəsimi yubileyindəydik. Fikrət  Əmirovun "Nəsimi dastanı" 


 90 

baleti Bakıda Nəsimi yubileyində böyük uğur qazandı. Bu 

baletin librettosu mənim idi və odur ki, Moskvaya Nəsimi 

gecəsinə gedənlər siyahısına məni də salmışdılar. 

Baletdə  səhnə arxasından Nəsimi  şerləri səslənirdi. Bakı 

tamaşasında bu şerləri oxuyan aktyor Moskvaya gəlməmişdi, 

odur ki, təklif etdilər bu misraları mən oxuyum. 

Səhnə arxasından Nəsimi beytlərini oxudum: 



Dünya duracaq yer deyil, ey can, səfər eylə

Aldanma anın alına, ondan həzər eylə... 

Varı möhnətdir cahanın nə umarsan, ey könül, 

Lənət olsun bu cahana və cahanın varına. 

Tamaşadan sonra Fikrət Əmirovu təbrik edəndə mənə:  

–Axır Bolşoy teatrda da ürəyini boşaltdın, – dedi.  

Həmin gecə Bakıda Cəfər Cəfərov vəfat edibmiş... 

Moskvadan qatarla qayıdırdıq, atamla bir kupedəydik. Elə hey 

susurduq, hərdən-birdən danışanda da ancaq Cəfərdən 

danışırdıq. 

Atam özünü çox pis hiss eləyirdi. Ayağı  bərk ağrıyırdı. 

Hərarətölçəni qoyduq – qızdırması çox yüksək idi. Get-gedə 

halı da xarablaşırdı. Qatar rəisinə müraciət elədim, növbəti 

stansiyaya teleqram vurdular. Minvodda kupemizə  həkim 

gəldi. 


–Qanqrena başlaya bilər, – dedi, – qatardan düşürmək, təcili 

xəstəxanaya çatdırmaq lazımdır. Atam razı olmadı: 

–Ancaq Bakıda düşəcəm, – dedi. 

İynə vurdular, həb verdilər qızdırmasını bir azca saldılar. 

Bakıya çatan kimi yarım saatlıq evə  dəydi, ordan birbaşa 

xəstəxanaya apardıq... 

Onu müayinə edəndə cavan həkimdən təbəssümlə soruşdu: 

–Nədi, kəsəcəksiniz ayağımı?  

Həkim tutuldu: 

–Yox, niyə ki... 

Dörd aydan artıq çəkən ağır azarı belə başlandı. 

Bu üzücü xəstəliyin bütün təfərrüatını yazmayacam. Əvvəl-



 91 

əvvəl elə bil yaxşılığa doğru gedirdi – ayağında yaraya 

infeksiya düşmüşdü, diabet olduğu üçün əngəl açmışdı, 

qorxulu bir şey yox idi, amma çox gec sağalası idi. 

Amma noyabrın axırında halı birdən-birə  kəskin  şəkildə 

xarablaşdı, bütün göstəricilər – şəkər, azot qalığı, qan təzyiqi – 

təhlükəli həddə çatdı, az qala koma halına düşdü. Vəziyyəti 

gün-gündən ağırlaşırdı – yemirdi, içmirdi, bir kəlmə söz 

deməyə taqəti yox idi. 

Bütün bədəni ağrıyırdı, dərmanların təsiri nəticəsində 

keyişirdi, gecələr yata bilmirdi. İynə vurulan qolu "abses" 

eləmişdi, bu da ona çox əziyyət verirdi. Bir dəfə  həkimlərin 

yanında çaşıb abses əvəzinə "sepsis" dedi. Həkimlər 

diksindilər: 

–Nə danışırsınız, Allah göstərməsin, sepsis nədir, adicə 

absesdir, – dedilər. 

Bunacan bilməsəm də, indi başa düşdüm ki, "sepsis" çox 

qorxulu sözdür. Bir neçə gündən sonra məlum oldu ki, atamın 

vəziyyəti məhz bu qorxulu sözlə  təyin olunur: sepsis, qan 

zəhərlənməsi. 

Ağır xəstəyə baxmaq son dərəcə çətin işdir, illah da ki, atam 

kimi kür xasiyyətli adam ola. Xəstəlik xasiyyətinin  ən naqis 

cəhətlərini üzə  çıxarırdı – əsəbi və hövsələsiz, sərt, kobud, 

şıltaq olurdu. Şübhəsiz, mən də, bacılarım da bütün bunlara 

dözməyi borcumuz, vəzifəmiz bilirdik, hər bir nazını çəkməyə, 

yuxusuz gecələr keçirməyə, hər narahatlığa, zəhmətə,  əzaba 

qatlaşmağa hazırdıq. Amma hamıdan çox əziyyət anamın 

payına düşürdü. Bizim hərəmiz həftədə, on gündə bir yuxusuz 

gecə keçirirdiksə, anamın hər gecəsi yuxusuz keçirdi və  hər 

gündüzü də  ərinin yanında idi. Bir-iki saat dincəlməyə, 

gözünün çimirini almağa onu güclə  məcbur edirdik. Özü də 

xəstə olan yaşlı qadının bu mənəvi və fiziki dözümünə mat 

qalınasıydı. 

İndi, neçə illər keçəndən sonra fikrən o günlərə qayıdarkən 

düşünürəm ki, yuxusuz gecələrinin altını anam sonralar çəkdi. 


 92 

O günlərin  əzab-əziyyətləri qısaltdı ömrünü: səkkiz il sonra 

onu aparan xəstəliyin ilk rüşeymləri bəlkə  də o vaxt əmələ 

gəldi... 

Həmin elə o günlərdə anam bir dəfə mənə: 

–Ay Anar, bu İmran nə yaxşı adam imiş, – dedi. 

İmran Qasımovu neçə illərdi tanıyırdı, amma elə dedi ki, elə 

bil onu təzəcə kəşf etmişdi. 

–Nə lazım olursa, dərman, həkim, deyən kimi dərhal təşkil 

eləyir. Əlindən gələni əsirgəmir. 

Atamın halı lap xarablaşanda  İmran Qasımova dedik ki, 

Moskvadan həkim çağırmağa kömək eləsin. Bu xahişimizi o 

saat yerinə yetirdi. Moskvadan çox yaxşı bir mütəxəssis – 

Georgiy Sergeyeviç Kratovski dəvət olundu. O, müəyyən 

məsləhətlər verdi, amma xəstəliyin elə bir mərhələsi idi ki, 

mütləq reanimatorun müdaxiləsi gərəkdi... Kratovskinin 

tövsiyyəsiylə Moskvadan gənc bir reanimator (yəni elə 

Kratovski özü də cavan idi) – V.V.Rodionov gəldi. Bu iki 

həkim atamı ölümcül vəziyyətdən çıxartdılar, vəziyyəti az-çox 

düzəldi, amma yenə  ağır idi – üstəlik ağrılar, keyişmə, 

yuxusuzluq ona olmazın əziyyətlər verirdi. 

Bir gecə – mən qalmışdım yanında – qəfilcən dedi: 

–Bax, qoymayın məni Fəxri xiyabanda-filanda basdırsınlar. 

İstəmirəm. 

–Əşi, bəsdir sən Allah, – dedim, – bu nə fikirlərdir başıva 

gəlir... 

Bu sayaq şeylərdən – silk imtiyazlarından zənd-zəhləsi 

gedirdi. "Fəxri xiyaban, hələ üstəlik birincisi, ikincisi – ölüləri 

də dərəcələrə ayırmaq olar?" 

Ensiklopediyada işlədiyi vaxt xüsusi mağazadan imtina 

etmişdi. 

Anam onu bu sarıdan danlayanda, "hamı necə, biz də elə", – 

deyirdi və o da vardı ki, anam da onu çox elə sidq-ürəkdən 

danlamırdı. "Deyirsən hamı necə, axı, hamının dükanda-

bazarda tanışları var, yüz cür əlaqəsi, vasitəsi var, bunlardan 


 93 

istifadə edib hər  şey tapırlar, evlərinəcən gətirtdirirlər, bizim 

axı elə adamlarımız yoxdu"... Bu sözləri də elə-belə deyirdi, 

əminəm ki, həmin məzəmmətləri edə-edə ürəyinin 

dərinliklərində ərinin belə təbiətiylə qürrələnirdi. 

Kratovskiylə Rodionov təklif edirdilər ki, xəstəni Moskvaya 

aparaq, amma qəti qərara gələ bilmirdik. Bakı  həkimlərindən 

bir çoxu və yaxın qohumlarımızdan bəziləri bu fikrə etiraz 

edirdilər. Amma axırı  qəti qərara gəldik ki, mütləq 

aparmalıyıq. Bu qərara gəldiyimiz üçün taleyə minnətdaram. 

Moskvaya aparmaqla atamı xilas etdik. (Şübhəsiz ki, onu xilas 

edən biz yox, Moskva həkimləri oldu). 

Hər halda ömrünə yeddi il yarım əlavə olundu... 

Yadımdadır, yola çıxacağımız o yanvar günündə 

həkimlərdən biri: 

–Çox böyük risk edirsiniz, – dedi. – Siz onu heç Moskvaya 

çatdıra bilməyəcəksiniz. 

Bu sözlər vaxtilə Novikovanın anam barəsində verdiyi 

hökm qədər amansız və xoşbəxtlikdən elə o hökm qədər də 

əsassız oldu (Bakı  və Moskva həkimlərinin belə güzəştsiz 

hökmlərini bir neçə  dəfə dinləməli olmuşam və atamla anamı 

dəfələrlə ölümün pəncəsindən xilas etmiş  həkimlərə  nə  qədər 

minnətdar olsam da, bu barədə susmaq istəmirəm). 

Novikovanın sözləriylə bu həkimin dedikləri bir cəhətdən də 

oxşar idi: hər iki hökm müəyyən, çox qısa bir vaxtla 

məhdudlaşırdı. Novikova: – "Ananız operasiyadan çıxmaya 

bilər", – demişdi, bu həkim: – "Moskvaya çatdıra 

bilməyəcəksiniz", – dedi. 

İşin bir cəhəti də vardı – qatarda mən onunla olmayacaqdım. 

Mən onları – atamı, anamı, bibim oğlu, tarixçi Oqtay 

Əfəndiyevi, tibb bacısını Bakı vağzalında yola salıb elə həmin 

gecə təyyarəylə Moskvaya uçurdum – orda xəstəxanada yerini 

müəyyənləşdirmək, qatarı qarşılayıb xəstəni birbaşa ora 

aparmaqçün. 

Xəstə Moskvaya salamat gəlib çıxsaydı... 


 94 

Moskvada Kursk vağzalına Bakı qatarının qarşısına gələndə 

bilmirdim bir neçə  dəqiqədən sonra məni nə gözləyir. Xəstə 

atamımı qarşılayıram, onun iraq–iraq cənazəsinimi? 

Bu saatları, dəqiqələri elə bil duman içində qavrayırdım. 

Bakıda həkimin belə  çılpaq  şəkildə dediyi fikir hamımızın 

ürəyini gəmirirdi. Bakıda dəmiryol vağzalında onu yola 

salanların əksəriyyəti də kədərlə düşünürdülər ki, Rəsul Rzani 

son dəfə görürlər. Bəlkə bir də buna görə vağzala bu qədər çox 

adam yığılmışdı. 

Vidalaşmağa gəlmişdilər. Əbədi vidalaşmağa. 

Ötürənlərin içində rəhmətlik Məmməd Arif də vardı. Kimin 

ağlına gələrdi ki, indi kupenin aşağı yerində uzanmış, həyatı bir 

tükdən asılı olan Rəsul Rza kəfəni yırtıb çıxacaq və bir neçə il 

sonra indi onunla vidalaşmağa gəlmiş  Məmməd Arifin 

dəfnində iştirak edəcək. 

Məmməd Arif vaqona qalxdı. Görüşməkçün atama tərəf 

əyiləndə atam dodaqlarını güclə  tərpədərək: – Arif, 

ensiklopediyada gözün olsun, – dedi, – bir də Filankəsdən 

muğayat ol. Qoyma incitsinlər". 

Əlbəttə, mənim Filankəs deyə yazdığımın adını dedi atam. 

O adam ensiklopediyada işləyirdi, atam ona çox inanırdı. 

Adamlara çox inanması, etibar bəsləməsi də, yəqin ki, atamın 

zəif cəhətlərindən idi və bunun nəticəsində tez-tez aldanır, 

aldadılırdı. Amma bir yandan baxanda bu zəif cəhətdirmi? Axı, 

uşaqlar da tez inanır, asan aldadılırlar.  Şair də bir azca uşaq 

deyilmi? 

Nə isə bu adam atamın qılığına girmişdi və şair xislətindəki 

uşaqlıq təbiidirsə, təcrübəli idarə başçısının adamları 

tanımaması, şübhəsiz, nöqsandır. 

Mən bu adamı heç tanımırdım, amma tanımaya-tanımaya 

şübhələnirdim ondan. Şübhələnməyim səbəbsiz deyildi. Bir 

dəfə onun atama bağışladığı kitabını görmüşdüm. Kitabın 

üstündə bir dolu səhifə elə yağlı,  şirin, mübaliğəli sözlər 

yazmışdı ki, şübhəyə düşmüşdüm. Yox, mən demirəm, atam 


 95 

bəlkə ondan da artıq təriflərə layiq idi və bu hörmət, ehtiram, 

məhəbbət sözləri də səmimi hissdən doğula bilərdi. Amma hər 

halda işlədiyin idarənin rəhbərinə bu sayaq sözlər yazmaq 

nədirsə, məni şübhəyə salırdı və əfsus ki, gələcək məhz elə bu 

şübhələri doğrultdu. 

Bakıdan bəlkə  də  həmişəlik ayrıldığı bu son dəqiqələrində, 

ölüm ayağında, min bir ağrı  və  əziyyət içində atam o adamı 

düşünür, Məmməd Arifə ayrı heç kəsi yox, məhz onu tapşırırdı. 

Atamın xəstəliyinin  ən ağır günlərində isə ensiklopediyada 

müşavirə keçirirdilər və vicdan çəkisini özünə artıq yük bilən 

birisi atamın kölgəsini qılınclayırdı (nə  dəqiq ifadədir, məhz 

"kölgəsini"). Deyirmiş ki, ali təhsil diplomu olmayan bir adam 

(atamın, doğrudan da, ali təhsil diplomu yox idi və bu barədə 

özü dəfələrlə demiş, yazmışdı) ensiklopediyaya necə rəhbərlik 

edə bilər? Bəli, sözümün canı odur ki, bu müşavirədə həmin o 

Filankəs də  iştirak edirmiş. Yox, əlbəttə, atamın  əleyhinə 

danışmayıb, hər necə olsa, onu da, diplom haqqında danışanı 

da atam götürüb işə, amma lehinə, müdafiəsinə bir kəlmə 

deməyib, ağzına su alıb susub. 

Bir epizod da yadıma düşür. Anamın Moskvada ağır xəstə 

yatdığı günlərdə, atamla mən də Moskvada, onun yanında 

olduğum günlərdə  əlimə Bakıdan gəlmiş bir qəzet keçdi. 

Bakıda Yazıçılar  İttifaqında keçirilmiş iclasın hesabatı  dərc 

olunmuşdu. Çıxışların qısa məzmunu verilmişdi: Rəsul Rzanın 

şerlərindəki formalizmi atəşin tənqid edirdilər və bu çıxışların 

içində (redaktorun geniş 

qəlbiydimi buna səbəb, 

diqqətsizliyiydimi, bilmirəm) belə bir abzas da vardı ki, gənc 

şair Vaqif Nəsib çıxış edənlərlə razılaşmadı  və  Rəsul Rzanın 

poeziyasını müdafiə etməyə cəhd göstərdi. 

Müxtəlif dövrlərdə – 30-cu illərdə, 50-ci illərin ikinci 

yarısında, 60–cı illərin  əvvəllərində atama qarşı güclü tənqid 

kampaniyaları  təşkil olunurdu və bütün bu dövrlərdə atamın 

yalnız bədxahları, istəməyənləri deyil, dostları, ardıcılları, 

tərəfdarları, müdafiəçiləri də olub. Amma sərt Moskva qışında, 



 96 

intizarlı günlərimizdə,  əlimiz hər yandan üzülən çağımızda 

rəsmi qəzet hesabatında keçən bu bir neçə cümləlik məlumatı 

heç vədə unutmaram. Vaqif Nəsibin adı – onun istedadlı şeri və 

nəsri bir yana dursun – tək elə bir bu cəsarətinə görə  həmişə 

yaddaşımın işıqlı bucağında yaşayacaq. 

Atamı eksperimental cərrahiyyə klinikasına, məşhur həkim 

Marat Dmitriyeviç Knyazevin şöbəsinə qoyduq. İki günlük 

müayinədən sonra Knyazev mənə dedi ki, hələ analizin bütün 

nəticələrini almamışıq, amma güman edirik ki, atanızın hardasa 

şişi var. Ümumi vəziyyəti də belədir ki, operasiya eləmək 

mümkün deyil. Odur ki, görünür, yaxın günlərdə onu geri 

aparmalı olacaqsınız. Mən sizin adətlər haqqında eşitmişəm, 

mənə elə  gəlir ki, bu hadisə evdə, vətənində olsa, daha 

münasibdir. 

Bundan aydın-açıq nə demək olardı ki... Mən isə bu qərarı, 

təbii ki, məğzini gizlədərək, dəyişərək, ayrı  səbəblər gətirərək 

anama və uçub Moskvaya gəlmiş Fidana deməliydim. 

Knyazevdən xahiş elədim ki, bu barədə anama və bacıma bir 

şey deməsin. 

–Niyə ki? – deyə  təəccübləndi, sonra əlavə etdi – Ananız 

xəstə adamdı, ona bəlkə, doğrudan da, hələ demək lazım deyil. 

Bacınızın isə həqiqəti bilməyə sizin qədər haqqı var. 

İki gün də keçdi – necə iki gün, bir Allah bilir – Knyazev 

səhər-səhər mənə gülə-gülə: 

–Sizi təbrik edirəm, – dedi, – bizim gümanımız təsdiq 

olunmadı. Şiş yoxdur. Qanında stafilokok tapılıb. Bu mikroba 

qarşı güclü dərmanlarımız var. Elə bilirəm ki, hər  şey yaxşı 

qurtaracaq. 

Məndən qabaq atamın özünü təbrik edibmiş  və atama da 

yalnız onda agah olubmuş ki, sən demə, bunların  şübhələri 

şişə-filana imiş... 

Mikrobu təyin edən kimi bütün müalicəni ona qarşı 

yönəltdilər və  xəstə elə sürətlə, elə tez yaxşılaşdı, dirçəldi ki, 

Bakıdan zəng vuranlar belə  təcili sağalmaya heç cür inana 


 97 

bilmirdilər. 

Elçin də Bakı vağzalında ötürənlər arasındaydı, Moskvaya 

nə halda getdiyini görmuşdü və indi yolu Moskvaya düşmüşdü. 

Bir yerdə  xəstəxanaya getmişdik, atamın belə az müddətdə – 

on-on beş gün ərzində – bu qədər dəyişib yaxşılaşmasını görür, 

gözlərinə inanmırdı. 

Bakıdan Abbas Zamanov mehmanxanadakı nömrəmizə 

zəng vurur, bibim Surəylə danışırdı: 

–Yəni sən lap öz gözlərinlə gördün ki, yerindən durur, – 

yeriyir, gəzir? 

74-cü ilin yanvarında dörd aydan artıq sürən xəstəliyindən 

sağaldı və bundan sonra düz yeddi il üç ay yaşadı. Taleyinmi 

deyim, həkimlərinmi deyim ona hədiyyə verdikləri bu yeddi il 

üç ayda "Çinar ömrü" şerini,  Şuşa haqqında, Babək haqqında 

şerlərini, xəstəliyiylə bağlı  şerlər silsiləsini və neçə başqa 

silsilə  şerlər, "Min dörd yüz on səkkiz" və "Qız qalası" 

poemalarını, İsmayıllı və Ağdaş rayonları haqqında oçerklərini, 

Əzizə  Cəfərzadənin "Aləmdə  səsim var" romanı haqqında və 

Mövlud Süleymanlının "Dəyirman" povesti haqqında, dil 

haqqında, cavan şairlər haqqında məqalələr yazdı, neçə 

müxbirlə söhbət etdi, müsahibələr verdi, Gəncədə Nizami 

günlərində,  Şamaxıda Sabir günlərində, Bakıda Sabit 

Rəhmanın 70 illik yubiley gecəsində iştirak etdi, üç dəfə baba 

idi, beş dəfə oldu – Təranənin Nigar və Bəyaz adlı iki qızını da 

gördü, onların dil açmasından, yeriməsindən fərəhləndi, onların 

məzəli sözlərini təkrar etdi. Moskva televiziyası onun haqqında 

veriliş, Bakı kinostudiyası film çəkdi, Toğrul Nərimanbəyov 

portretini işlədi. Mənim kino və teatr premyeralarımda iştirak 

etdi,  Əkbər Babayevin, Əliağa Kürçaylının və  qızı Ülkərin 

ölümlərindən sarsıldı, onlara vida sözləri yazdı,  İmran 

Qasımovun  əlacsız xəstəliyə düçar olduğuna açıdı, Elçinlə bir 

yerdə Moskvaya yazıçılar qurultayına getdi, yenidən Yazıçılar 

İttifaqının idarə heyətinə üzv oldu, yenidən Azərbaycan SSR 

Ali Sovetinə deputat seçildi və 70 illiyində Sosialist Əməyi 


 98 

Qəhrəmanı adı aldı. 1980-cı il dekabrın 4-də Ali Sovetin 

binasında bu nişanı təqdim edərkən H.Ə.Əliyev yoldaş dedi: 

"Rəsul Rza Azərbayçan sovet ədəbiyyatının görkəmli 

nümayəndələrindən biridir. O, gözəl şairlərimiz Səməd Vurğun 

və Süleyman Rüstəmlə birlikdə Azərbaycan Sovet poeziyasının 

banilərindən biri hesab olunur... 

...Rəsul Rzanın yaradıcılığında həm Azərbaycanın tarixi, 

həm də yeni sosialist həyatı, sovet quruculuğu illərində 

respublika zəhmətkeşlərinin fəal işi  ətraflı  və yüksək bədii 

səviyyədə əks olunmuşdur. 

...Rəsul Rzanın poeziyası zəmanəmizdə coşğun inkişif edərək 

son vaxtlar respublikada baş verən müsbət prosesləri parlaq 

şəkildə  əks etdirir, zəhmətkeşlərin ideya-siyasi və estetik 

tərbiyəsinə kömək edir. 

...Rəsul Rzanın bədii yaradıcılığı respublikamızda hamı 

tərəfindən sevilmiş, ona hüsn-rəğbət və hörmət, ölkəmizdə  və 

xaricdə böyük şöhrət qazandırmışdır". 

Atam da cavab nitqi söylədi: 

–Bu gün mən Azərbaycanın  ən xoşbəxt oğullarındanam, – 

dedi. 


...Bu yüksək ad məni daha böyük ruh yüksəkliyi ilə 

çalışmağa çağırır.. Partiyamızı əmin edirəm ki, bütün qüvvəmi 

və bacarığımı xalqıma xidmət işinə sərf edəcəyəm. 

Bu atamın son çıxışı idi və Ali Sovetin binasında təltifat 

mərasimi başlamazdan qabaq həkim ona ürəyi 

möhkəmləndirən iynə vurmuşdu. 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin