Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
  1   2   3   4   5   6   7   8   9   ...   49

 

 

A N A R  

 

 

 

 

Əsərlər 

III 

 

Sizsiz (roman-xatirə) 

Həyatım ağrıyır (povest-xatirə) 

Anılar, ağrılar, ağılar 

Gecə düşüncələri 

 

 

Bu kitabın çapı 

 

 

Ekson Azərbaycan Əməliyyat Şirkəti,  

MMM EksonMobilin törəmə şirkəti 

 

tərəfindən maliyyələşdirilmişdir 

 

 

Bakı — 2004 

 

 



 

 2 

 

Redaktor: 



Arif Əmrahoğlu 

 

Rəssam: 

Azər 

 

 



 

 

 



 

 

ANAR. Əsərlər. III cild,  

Nurlan, Bakı, 2004, 689 səh. 

 

 



 

 

 



Müəllif bu cildlərin nəşrinə vəsait ayırmış  

Ekson Azərbaycan Əməliyyat Şirkətinə,  

MMM EksonMobilin törəmə şirkətinə  

dərin minnətdarlığını bildirir 

 

 



 

 

 



 

 

 



 

 

 



 3 

 

SİZSİZ 



 

(roman – xatirə) 

 

ANAM NİGARA, ATAM RƏSULA. Sizsiz qalıb sizdən  



yazdığım bu yazını sizin solmaz, sönməz,  

yadımızdan silinməz xatirənizə həsr edirəm. 

 


 4 

 

BIRINCI HİSSƏ 

 

Kim bilir? Bəlkə də... 



Bəlkə doğrudan da belədir. Bəlkə varlığın izahsız Vaxt 

düzümündə  İndi yoxdur yalnız Keçmiş  və  Gələcək var; 

Olmuşlar artıq olmuş, Olacaqlar hələ olacaq, onların – 

Arxadaqalanla  İrəlidəngələnin – rastlaşdığı yer, toqquşduqları 

nöqtə isə mövcud deyil. 

...Ya da bəlkə... 



İlk qışqırıq 

Gələcək günlərin 

vahiməsidir bəlkə! 

Son sükut 

Ömrün yorğunluğuna məlhəm, 

Sakit, sərin bir kölgə!! 

Qədim yunan müdriki "Bir çayda iki dəfə çimmək olmaz" – 

deyib. Amma bir çayda bir dəfə  də çimmək mümkünsüzdür. 

Sənin çimdiyin vaxt ərzində bu çay artıq o çay deyil; sənin 

suya girdiyin çay axıb gedib, onun axarı bir an, bir saniyə 

dayana bilməz. Çayın axmazdan fərqi odur ki, axması var. 

Vaxt kimi. "An dayan, sən nə gözəlsən!" 

An dayana bilməz. 

 

An-saniyə, Anmaq-yada salmaq, Anım-assosiasiya. 



Oxucularla görüşdə birisi soruşur; 

–Adınızın mənası nədir? 

–Anar-anmaq felindəndir, anmaq-yada salmaq, anar – yada 

salar, Anar-yada salan. 

–Bəs deyirlər adınız belə açılır: Anam Nigar, Atam Rəsul. 

–Yox, bu uydurmadır, Kim uydurubsa, maraqlı uydurub. 

Amma doğru deyil, belə  şey heç vaxt atamla anamın ağlına 

gəlməyib. Təkrar edirəm: 

–Anar-anmaq felindəndir, anmaq-yada salmaq.  


 5 

...Anıram, yada salıram. Keçib getmiş saatları, günləri 

qaytarmaq istəyirəm. Vaxtın  ətəyindən yapışıb saxlamaq 

istəyirəm. 

Saniyələri, dəqiqələri, anları dayandırmaq istəyirəm.  

An dayana bilməz. 

Vaxtın indisi yoxdur, olmuşları, olacaqları var. Yazdığım bu 

cümlələri də, heç bircə cümləni, bircə kəlməni İndi yazmıram. 

Yazacağımacan bu cümlələr, sözlər hələ yoxdur, qabaqda-

gələcəkdədir, yazıb qurtardığım hər cümlə, bitirdiyim hər söz 

isə artıq geridə qalır. Bax, bu indi yazdığım cümlənin hər 

hərfini kağıza köçürdükcə, o sözlər yeyin gedən qatarın 

pəncərələrindən görünən teleqraf dirəkləri kimi yıxılıb arxada 

qalır və yalnız cümləni tamamlayacaq nöqtə  hələ qabaqdadır 

ki, onu da indi qoyuram. 

İndi? 


Yox, o da Gələcəkdə idi – Keçmişdə qaldı. 

 

İlahi, bütün bu dayaz fəlsəfələr nəyə  gərəkdir?  İki ildən 



artıqdır ki, içimi lim-həlim dolduran, hər an məni çuğlayan, 

göynədən yazını günü günə, saatı saata sata-sata yubadıb 

uzaqlaşdırıram, neçə vaxtdan bəri yazmaq istədiyimi 

yazmaqdan, yazmağa başlamaqdan qorxuram, indi, yazmağa 

başlayanda da mətləbə keçməkdən qorxuram. 

Qorxuram qələmim qanaya. 

Gəlişi gözəl deyilmiş sözdür. 

İç Oğuzlar və Dış Oğuzlar kimi hər bir ayrı fərd də, hər bir 

insan da iki bölünür, parçalanır, haçalanır, iki dünyada yaşayır 

– dişarı dünyasında və içəri dünyasında. Mən "İç dünyası" 

deyil, "İçəri dünyası" deyirəm, çünki "iç" sözü "daxili aləm" 

anlamında çox işlənsə  də, çağdaş  şerimizin  ərköyün 

sözlərindən birinə çevrilsə  də, nəsə ürəyimə yatmır – fizioloji 

bir çalar var bu kəlmədə, "iç-içalat", "iç-qovurma"; yada düşür. 

"İçəri şəhərimiz" varsa, İçəri dünyamız ola bilməzmi? 

Doğrudur, xalq "içim özümü yandırır, çölüm özgəni" deyir. 



 6 

Bu ifadənin məna tutumuna, fikir siqlətinə valehəm. 

Dünyanın təməl mətləblərindən biri – insanın təkliyi, 

tənhalığı, özgələr tərəfindən heç vədə anlanılmaması (Sartr: 

cəhənnəm-başqalarıdır, – deyir) kontaktsızlıq, rabitəsizlik, 

əlaqəsizlik, insanın zahiri bəliriylə-çölüylə, daxili varlığı-içərisi 

arasındakı  təzad, uyğunsuzluq, uyarsızlıq – beş  kəlmədən 

ibarət bu deyimdə nə qədər qısa, yığcam ifadə edilib. Vəzndən 

yüngül, qıvraq, qiymətdən ağır bu cümlə insanın dünyayla 

münasibəti barədə böyük bir həqiqəti demirmi? 

İnsanın içəri dünyasıyla çöl dünyası daimi təmasda, 

qaynayıb-qarışmada olsalar da, bir-birindən möhkəm sədlər – 

sərhədlərlə ayrılıblar – içərimizdəki hər sözü, fikri, hissi bu 

hüdudlardan dışarı buraxmırıq, buraxanda yüz kərə götür-qoy 

edirik, düşünüb-daşınırıq, dönə-dönə fikirləşirik ki, sərhədi 

adlayıb keçən sözümüz, duyğumuz çöl dünyasında necə 

görünəcək, necə  səslənəcək, bizə dostmu qazanacaq, 

düşmənmi?  

Bizim xeyrimizə olacaq, zərərimizə? 

Şöhrət gətirəcək bizə, ya nifrət? 

Eyni cür çöl dünyamızdan içəri dünyamıza gəlmək istəyən 

hər yeni insanı, ideyanı, təəssüratı, sərhəddə çək-çevirə salırıq, 

yüz ölçüb bir biçirik-bu gələn kimə  bənzər, bu gələn nəyə 

bənzər? Casus kimi, çuğul kimi gəlir-içərimizi ələk-vələk edib 

bizi "aləmə demək" üçün? Pozucu kimimi gəlir içərimizdə 

tikdiklərimizi, qurduqlarımızı dağıdıb tar-mar etməkçün? 

Yaxud gələcək söhbətlərinə, qeybətlərinə yem axtaran, qida 

gəzən yüngülməcaz bir maraqlı kimimi? 

Seviriksə içəridən sezirik: əlbəttə, çöldə gördüyümüzdən 

düşür bu toxum daxilimizə, amma içərimizdə cücərir, 

pöhrələyir, boy atır; sevgimiz içərimizdən boylanır. "Boylanır" 

sözünün hər iki mənasında – həm ucalmaq, boy atmaq 

anlamında, həm də boylanıb baxmaq, çəpərdən o taydakı aləmi 

seyr etmək mənasında. 

İçəri dünyamız da çölümüzdəki böyük dünya qədər genişdir, 


 7 

əhatəlidir, enişli-yoxuşlu, istili-soyuqludur, əlvandır. 

İçərimizdə özümüzün bəlkə heç vaxt fəth edə bilməyəcəyimiz 

zirvələrimiz var, onların ucalığına dırmaşdıqca ciyərlərimizə 

dağ havasının sərinliyi dolur. İçərimizdə dibi görünməz 

uçurumlarımız, yarğanlarımız, quyularımız da var. Elə 

dərinliklərimiz var ki, onların dibinə bəlkə də insan heç zaman 

çata bilməyəcək;  İçərimizdə çala-çuxurlarımız var, keçilməz 

cəngəlliklərimiz var, göz-gözü görməyən zülmətlərimiz var. 

İçəri dünyayla çöl dünyası arasında çox uzaq bir yol, çox 

böyük bir məsafə var – bu yol, bu məsafə kirpiklərimiz 

uzunluğundadır. 

İki dünyamız arasında çox möhkəm bir sədd, ağır bir qapı 

var-gözümüzün qapağı. Gözümüzü açırıq-İçəri dünyamızdan 

çöl dünyasına çıxırıq. Gözümüzü yumuruq, kirpiklərimiz 

qovuşur. İçəri dünyamıza qayıdırıq. 

Qoca, çox tənha bir yazıçının  şakəri varmış – bəzən 

ətrafında çoxlu adamlar olanda, gur məclisdə, qalabalıqda 

gözlərini qapayarmış. Soruşanda: "ürəyim darıxır", deyərmiş. 

Bir gün gözlərini əbədi yumanda yeganə dostu: "görünür, ürəyi 

elə darıxıb ki, daha dözə bilməyib", – dedi. 

Çöl dünyasında nə  qədər gəzib-dolaşsaq da, son səfərimiz 

torpağa yox – İçəri dünyamızadır. Torpağa bizi bizdən sonra 

başqaları gömürlər. Biz isə özümüz yolumuzun son mənzilinə 

çatmaq üçün son səddi adlayıb ardımızca qapını bağlayırıq-

gözlərimizi yumuruq. Bu dəfə həmişəlik... 

İçəri dünyamıza-ilk və son dünyamıza qayıdırıq. 

Ancaq bir an da var "həyatla ölüm arasında bir qarış yol"da. 

İki aləm arasındakı bir an. 

İki aləm arasındayam, 

biri gerçək, 

sevincli, həyəcanlı, 

xatirəli, unudumlu, nisyanlı. 

Biri bilinməzlik,  

o yanlı. 


 8 

Kim bilir? Kim bilir nə qədər qalıb bilinməzlik mənzilinə, o 

yanın sahilinə. Nə qədər möhlətə var –"bir il, bir gün, bir saat?" 

Hələ ki, "vaxt var ikən" bu bir kirpiklik məsafəni keçirəm, 

gözlərimin ağır qapılarını örtürəm, içəri dünyama çəkilib, 

xatirələr aləminə dalıram. 

Anıram... 

 

"Xatirələr yolu ilə ötən günlərə, illərə qayıtmaq, olmuşları 



bir daha yaşamaq qəlb incidir. Hadisələr, mənzərələr, sözlər, 

baxışlar, gülüşlər yenidən canlanıb insanı heç bir qüvvə, heç 

bir möcüzə ilə geri dönməyəcək aləmə aparır. Xatirələr 

yolunun sevincli anları keçib-getdiyi, geri dönməz olduğu üçün 

təəssüf doğurur, acılı-ağrılı olanları bir daha qəlbimizi 

göynədir. Xatirələrimiz həmişə bizdən gənc olur. Onlar keçmiş 

günlərdən dinlədiyimiz tanış səslərdir". 

Yuxarıdakı şerlər də, bu sözlər də Rəsul Rzanındır. 



"Həyat qəribə  şeydir. Onun elə  səhifələri var ki, anlamaq, 

izah etmək çətin, unutmaq daha çətindir". 

Bu sözlər də onundur. 



"Biz hər zaman xatirələrimizdən daha yaşlıyıq". 

Bu da… 


 

Ömrünün son iyirmi ili bir–birindən ağır xəstəliklər, 

əsəbilik, yorğunluq, bir növ biganəlik onun binədən çox 

möhkəm olan səhhətini, həyatsevər, nikbin təbiətini, illah da 

bütün mərəzlərə  mətanətlə dözən ürəyini qəlpə-qəlpə 

parçalayır,  əridir, söndürürdü, amma ömrün möhlətindən söz 

düşəndə  həmişə: "mən mütləq XX əsrin axırını görəcəm, – 

deyirdi, – XXI əsri qarşılayacağam, təzə minillikdə heç olmasa 

bircə gün yaşayıb sonra gedəcəm". 

Biz, onun yaxınları, hətta həkim qohumlarımız da bu 

zarafatı guya ki, ciddi qəbul edirdik, "əlbəttə, hökmən" – 

deyirdik. Halbuki, bunun xülya olduğunu hamımız başa 

düşürdük. 


 9 

Özü başa düşmürdü məgər? 

"Şəhərin yay günləri" pyesinin qəhrəmanı Qiyas – onun 

təxminən 40-42 yaşı var – deyir: "Mənim ömrümün çoxu 

gedib, azı qalıb". 

Bu pyesi yazanda mənim 39 yaşım vardı.  Əlbəttə, Qiyas 

müəllifin prototipi deyil, ancaq hər tamaşada aktyorun dilindən 

bu sözləri eşidəndə mənə elə gəlirdi ki, bu, elə mənim də ömür 

möhlətimdir. Kövrəlirdim. 

Müəllifin öz əsərindən kövrəlməsi çöçün gəlir adama, 

gülməli gəlir, lağa qoyulmalı məsələdir, elə deyilmi? 

Amma bu yazıda mən nəinki hər hansı yalanı  qələmimin 

dörd həndəvərinə buraxmayacağam; nəyisə gizlətmək, nə 

barədəsə susmaq, hansı duyumunsa üstündən keçmək də 

istəmirəm. 

İndi yaşım 46-dır. Daha lap qəti bilirəm ki, ömrümün çoxu 

gedib, azı qalıb. 

Yağış mənimlə gedir. 

yumru, uzunsov damcılarla 

qonub qatar pəncərəsinə. 

Qulaq asıram qatar təkərlərinin 

yeknəsək səsinə. 

Arxada qalır taqqıltılar. 

Sanki, 

Ömür damcı-damcı düşür, qayıtmazlığa. 

Günlər gedir 

çoxluqdan azlığa. 

Barı atama qismət olmayan mənzilə çatmaq, XX əsri yola 

salmaq, III minilliyi qarşılamaq mənə nəsib olaydı. 

Amma nə  fərqi var? Tutalım, lap bu həddə də çatdım, onu 

da ötdüm, atamın yaşını – 71-i də haqladım, 80-ə, 90-a da 

yetdim. Bu halda belə, mənimçün indən belə yalnız Keçmiş 

var. 

Əgər  İndi yoxdursa, insan yalnız Keçmişlə  və  Gələcəklə 



Yaşayırsa, mənimki-Keçmişdir. 

 10 

Keçmiş – xatirələr, anımlar, Gələcək – ümidlər, 

gümanlardır, hər ikisi real olduğu qədər qeyri-real, gerçək 

olduğu qədər sirabdır, ilğımdır, mirajdır. 

Beləysə, gerçəkdən olmuşların anımlarıyla yaşamaq 

doğrulub-doğrulmayacağını bilmədiyin ümidlərə qapılmaqdan 

üstün deyilmi? 

Xatırlayıram, 

neçə belə axşamın arxasında 

ömrün uzaq sahilində 

dağ kimi 

qalaq-qalaq yığılmış illərin 

arxasında 

qalan günləri... 

 

Atamındır bu sətirlər: 



 

Xatirələrin yaxını 

ağrıdan olur, 

göynədən olur. 

Uzaqları 

daha mülayim, sakit. 

Bunlar da... 



 

...Anıram... 

 

"Anari, xoş gördük! 

Səninlə az danışdıq və deyəsən məndən, incidin. Yox, 

incimə, oğlum. Mən indi sənə  uşaq kimi yox, yetkin bir gənc 

kimi baxıram. Odur ki, istəyirəm mən olmayanda sən evin kişisi 

olasan, ananın, bacılarının qayğısına qalasan. Yaz görüm nə 

var, nə yox? Təzə nə yazırsan? 

Mən işləməyə başlamışam, ara-sıra xırda şerlər də yazıram. 

Bura işləmək üçün yaxşıdır. Ancaq adam darıxır, yaman 

darıxır. Mən də güc vuracağam işləməyə. 

...Daha nə yazım. Elə maraqlı bir şey yoxdur. 


 11 

Özün necəsən? Bakıda nə təzə əhvalat var? 

Hələlik. Öpürəm sizi. 

Mənim yaxşı balam, istəkli oğlum. Təranə ilə aran necədir? 

Bax, onu incitsən, mən burda hiss edəcəm və işləyə bilməyəcəm 

ha. 

Rəsul. 

Peredelkino". 

 

"Salam, əziz oğlum! 



Necəsən? 

Bakıda təzə  nə var? Sizə ingilislərin "Hamlet"i haqqında 

kitabçanı göndərirəm. Maraqlı şeylər var burda. 

Anari, üç dəfə  zəng eləmişəm, səni evdə tapa bilməmişəm. 

Ayrıldığımız vaxt sənə dediyim sözləri, yəni sən düz başa 

düşməmisən? Mən sənə öyüd-nəsihət vermək istəmirdim və 

istəmirəm. Ağıllı, şüurlu oğlansan, sənə təkrar söz demək lazım 

olmasın gərək. Ancaq o son sözlərimi bir də  dəqiqləşdirməyə 

məcburam. Mən dedim, özünü elə apar ki, elə bil mən evdəym. 

Əlavə eləmək lazımdırmı ki, sən əsas fikrini və vaxtının çoxunu 

dərslərinə, yaradıcılığa verməlisən. 

Əmin və sakit olmaq istəyirəm ki, sən yüngülməzac bir gənc 

kimi yox, insan kimi aparacaqsan özünü. 

Öpürəm səni. Məktub yaz. 

Səni istəyən atan. 

Peredelkino". 

 

Bu məktubların hər ikisi əllinci illərin əvvəllərində, mənim 



14-15 yaşım olanda yazılıb. Atamın otuz ilə yaxın bir 

müddətdə  mənə müxtəlif yerlərdən və müxtəlif yerlərdə 

yazdığı  və indi qırx dördü əlimdə olan məktublarından 

ilkləridir. Onları  və sonrakı  məktubları cüzi ixtisarlarla 

verirəm. 

"Anar, salam! 

Doğrudur, sənin təbiət gözəlliyindən xoşun gəlmir, ancaq 


 12 

burda olsaydın, sən də Soçinin dağlarına, yollarına, dənizə 

baxıb heyran qalardın. 

Mən "x" işarəsi ilə göstərdiyim otaqda oluram. Qabaq 

tərəfimiz dəniz, böyrümüz və arxa tərəfimiz yaşıl parkdır. 

Burda qəribə  ağaclar var. Dünyanın hər yerindən gəlmə 

ağaclar buranın parklarına, küçələrinə ayrıca bir görkəm 

verir.  Əsas küçələrdən biri təxminən 150-200 metro boyunca 

hər iki tərəfdən çinar ağacları ilə hasarlanmışdır. Göyçaydakı 

çinarlar yadındadırmı? Bunlar daha da qollu-budaqlıdırlar. 

Burda adamlar indidən dənizdə çimirlər. Havalar bir az 

yağışlıq idi, indi düzəlib. 

Hələlik bu qədər. 

Dərslərin necə gedir? Ciddi çalışırsanmı? Ani bala, unutma 

ki, yay zamanı arxayın, yaxşı istirahət edə bilməyimiz sənin 

indiki çalışmağından asılıdır. Kitab–filan oxuma, ancaq və 

ancaq dərslərinə güc ver. Öpürəm səni. Məndən hamıya, 

nənələrinə, bibilərinə, Ənvərə, Oğuzgilə salam de. 

Rəsul. 

29 /IV–54 Soçi". 

 

"Anarım! 



Buralar elə gözəldir ki, söyləməklə  təsvir etmək olmaz. 

Buradakı  mənzərələrin gözəlliyini heç olmazsa bir qədər verə 

bilmək üçün gərək Ayvazovski, Levitan və  Şişkinin üçünün 

talant və  həvəslərini bir yerə  yığıb onlara Puşkin  şerinin 

oynaqlığını, Füzulinin riqqət və həsrətini, Lermontovun hərarət 

və ehtirasını  və..–in quruluğunu  əlavə edəsən – çünki burda 

quru ağaclar, otsuz daşlar və adamda nifrət oyadan bəzi 

vücudlar da var. Yalnız belə bir əməliyyat nəticəsində bəlkə də 

bugünkü Soçi, xüsusilə  mən istirahət elədiyim sanatori 

haqqında bir təsəvvür oyatmaq olar. 

Ani bala, işin necə oldu? Dərslərin necədir? 4-lər ləğv 

olunubmu? Futbol aləmində  nə var? Bizimkilər uduzurlar, ya 

hələ yox? 

 13 

Kağız yaz. Öpürəm səni. 

Rəsul. 

18/V.54 Soçi"

 

"Anar! 



Məktubunu almamışam. Yəqin ona görə ki, sən bu məktubu 

hələ yazmamısan. Gündüzlər beş saat yatıb, altı saat böyrü 

üstə uzanandan sonra vaxtın qalsa, mənə məktub yaz. 

Buralar yaxşıdır. Dincəlirəm. Teleqramın üçün çox sağ ol. 

Rəsul. 

19/V.54 Soçi". 

 

Dərd adamı  dəyişdirir. Müdrikləşdirməsə belə  hər halda 



sinnini bir xeyli artırır. Dərdin bir günü – dərdsiz-qəmsiz 

yaşamanın yüz ilinə bərabərdir. 

1981-ci ildə yüz gün ərzində dünyada ən  əziz iki adamımı 

itirdim; Aprelin 1-də dünyanın yalan günündə,  şux zarafatlar 

günündə – atam vəfat etdi və indiyəcən bu həqiqətin 

gerçəkliyinə inandıra bilmirəm özümü. İyulun 10-da anam 

öldü. 

İkisi də mənim gözlərimin qabağında can verdilər. 



Atam yarım saatın içində keçindi. 

Aprelin 3-də onu torpağa tapşırdıq və  dəfn gününün 

sabahısı, ayın 4-də – Moskvadan gəlmiş həkimlər anamın son 

qəti diaqnozunu dedilər: ümidsizdir, – dedilər, – möhləti bir 

həftədən bir aya qədərdir, – dedilər. 

Bu hökm verilən saatdan sonra üç ay altı gün yaşadı. 

Atam anamın nicatsız xəstəliyindən xəbərsiz getdi. 

Anam atamın vəfatını bilmədi, düz yüz gün bu xəbəri ondan 

gizlətdik. Daha doğrusu, doxsan səkkiz gün-axır iki günü huşu 

özündə deyildi, heç nə dərk etmirdi. 



Bir gün 

bir saat, 

bir an 

 14 

ayrıla bilsəydim yaddaşımdan, 

dincələrdim; 

yaddaşımın ayrılığını bayram edərdim, 

hara getsəm, 

harda olsam 

yanımdadır yaddaşım, 

Bilmirəm yaddaşımın 

yapışqan sədaqətindən 

necə can qurtarım, 

hara qaçım. 

Yaddaşım yaşadıqca yaddaşımda yaşayacaq yüz gün – 

mənim yüz günüm haqqındadır bu yazım. Yüz gün və iki ölüm 

haqqında... 

...İki həyat haqqında.  İki bənzərsiz insanın son günləri 

haqqında.  İki sənətkarın böyük ömürləri haqqında, bir də 

mənim özümün kiçik ömrüm haqqında. 

Ömrümün yüz günü haqqında. 

Yüz günü və bütün başqa günləri – bu yüzlükdən qabaqkı, 

bu yüzlüyün içindəki və sonrakı günlərim, gecələrim, 

həftələrim, aylarım haqqında. 

Onların ömürləriylə keçən ömrüm, onların ölümləriylə 

keçən ömrüm, onlarsız keçən ömrüm haqqında. 

Keçən, keçmək, keçinmək – nə qəribə sözdür. Ömür keçir, 

qatar keçir, işıq keçir. Dünyada qəm də, sevinc də keçəridir. 

Dünyada birtəhər dolanmaq, başını girləmək, aza qane olub 

keçinmək olar. Amma "keçinmək" sözünün bir məşum mənası 

da var: Keçindi-öldü... 



Bir gün mənsiz olacaqsan 

Sənsiz olacağam deməyə 

gəlmir dilim. 

 

Bu sətirləri Rəsul Rza Nigar Rəfibəyliyə yazıb. 



 

Bir son bahar da düşdü 

 

  ömrümün 

təqvimindən 

 15 

Nə sənə məhəbbətim, 

  

 

nə həsrətim azaldı. 

Özüm də heç bilmirəm 

 

  niyə bir ömür boyu 

Gözüm uzaq yollarda– 

  

 

sənin yolunda qaldı. 

Bir qocaman dağ olasan 

  

 

səni vurub yıxardım. 

Ürəyimdən ən incə 

 

  teli 

necə qopardım! 

...Baharın çiçəkləri 

  

 

açıb solmasın sənsiz. 

Ömrüm sənsiz olmasın,  

  

 

şerim olmasın sənsiz. 

 

Bu misralar da Nigar Rəfibəylinindir. Biri-birisiz olmadılar 



bu dünyada. Bircə gün də. 

 

"Anar, salam! 



Nigarla sənə  bəzi materiallar göndərmişdim. Bu gün 

universitetin qəbul qaydalarını  sənə göndərirəm. Həm söhbət 

nəticəsində, həm də qəbul qaydalarından məlum olur ki, bütün 

fakültələrdə rus dili və  əcnəbi dillərə çox fikir verilir. Sən 

bütün imtahanları  əla verəndən sonra Moskvaya gəlincəyə 

qədər rus və ingilis dilləri ilə ciddi məşğul olmalısan. Bu il ali 

məktəblərə  qəbul məsələsi çətinləşdiyi və ciddiləşdiyi üçün 

daxil olmaq istəyənlər möhkəm hazırlaşacaqlar. 

Hansı institutu seçmək barəsində  mən sənə bir məsləhət 

vermədən  əvvəl aldığım məlumat  əsasında bu institutların bir 

ötəri şəklini çəkim. 

Qorki adına Yazıçılar İttifaqının institutu Puşkin meydanına 

yaxın, keçmiş "Dom Gertsena" deyilən binada yerləşir. Bilirsən 

ki, vaxtilə Mayakovski bu evin başabəla "şöhrəti" haqqında 

yazmışdı. O zaman burada Yazıçılar klubu varmış. Yazıçı 

qardaşlar burda möhkəm əyyaşlıq, pozğunluq və başqa bu kimi 

 16 

işlərlə məşğul olurlarmış. O zamandan xeyli vaxt keçib, çox şey 

dəyişib, indi bu binada institut və 2 illik yüksək tipli Yazıçılar 

kursu (aspirantura tipli) yerləşir. Lakin Mayakovskinin yazdığı 

o boqema və pozğunluqlardan ilişib qalan bir çox "əməllər" 

hələ də qalır. 

...studentlərdən bir çoxu – güclərini qızışmış  üzüm  suyu  və 

bu kimi "dəli sulara" vururlar. Amma məlumdur ki, hər sərxoş 

yazıçı olsaydı, onda bütün pivə dükanları, çaxır zavodları  və 

kabaklar yazıçı məktəbi adlanardı və bütün sərxoşlar Yazıçılar 

İttifaqına üzv olardı. Sən deyərsən ki, belələri yazıçılar 

sırasında az deyil, ancaq bilirsən ki, bu heç də belə adamların 

talant dərəcəsinin yüksəkliyinə dəlalət etmir. 

Bu işin bir tərəfidir. İkinci tərəfi odur ki, ora daxil olanların 

çoxu bu institutun ancaq "yaradıcılıq" institutu olduğunu zənn 

edir. Həm də bu yaradıcılığı çox qəribə başa düşürlər. Başqa 

dərslərə gözucu baxır, ancaq məhəbbət dastanları yazmaqla 

məşğul olurlar. Onların yazdıqları əksəriyyətlə abstrakt, həyat 

və xalq ilə heç bir əlaqəsi olmayan əsərlər olur. 

Əlbəttə, burda da elm öyrənmək, bilik və dünyagörüşünü 

genişləndirmək üçün təmkinlə  hər cürə  zəhmətə  və 

məhrumiyyətə qatlaşan tələbələr də var... 

Əgər doğrudan da, "obrazovannı" adam olmaq, ali savad 

almaq, həqiqi, ciddi yaradıcılıq üçün qüvvə toplamaq 

istənilirsə, əlbəttə, bu institutda da bunlar mümkündür. Burada 

ədəbiyyat tarixi, dil, məntiq, fəlsəfə və sair keçilir. 

Yaxşı  cəhəti odur ki, burda ciddi, əqilli, daxilən təmiz və 

nəcib adam gələcək yaradıcı iş üçün çox şey qazana bilər. 

Universitetin də  qəbul kağızını  sənə göndərirəm. Burda 

bütün  şöbələr haqqında məlumat var. Görürsən ki, burda da 

dil məsələsinə çox fikir verilir. 

Humanitar elmlər köhnə binada, dəqiq elmlər... yeni binada, 

Leninskie Qorıdadır. İlk nəzərdə əhəmiyyətsiz və sadə görünən 

bu fakt heç də təsadüfi deyildir. 

Hər cəhətdən Lenin təpələrindəki binada olan fakültələr 

 17 

daha ciddi, daha dəyərli, daha lazımlı sayılır. O fakültələr 

müəyyən sənət verir. Humanitar elmlər isə formal cəhətdən 

sənət versə  də,  əslində nisbətən az şey verir. Özün düşün, 

xüsusi təhsil görməmiş redaktor, yazıçı, tərcüməçi, hətta tarixçi 

və filosof belə  nə  qədər istəsən var, ancaq xüsusi təhsil 

görməmiş mühəndis, həkim, geoloq və bu kimi peşə ilə məşğul 

olan adam mində bir olur. Demək istəyirəm ki, "toçnıe nauki" 

daha elmi, daha konkret və daha geniş  məlumat verir. Bu 

fakültələri qurtaran adam üçün böyük Sovet İttifaqının hər 

yerində işləmək mümkündür. Bir halda ki, humanitar elmlərin 

tətbiq sahəsi daha məhduddur. Bu da yerli şərait və sairə bu 

kimi şeylərlə çox bağlıdır. 

Məsələn, universitetin geoloji şöbəsi çox maraqlıdır.  İndi 

fizikanın açdığı yeni sahələr təsəvvürə  sığmayan bir dərəcədə 

geniş və romantikdir. Bu yaxınlarda "Pravda"da akademik (adı 

yadımdan çıxıb) məqaləsi vardı. Bu məqalədə yeni hesablayıcı 

maşından danışılırdı. Sən o məqaləni tap, oxu. Adama elə gəlir 

ki, bunlar hamısı yuxudur. Mən bunları sənə yazıram ki, yenə 

də bir yaxşı-yaxşı düşünəsən. Söhbət sənin istedadın haqqında, 

yazmaq bacarığın və bacarmadığın haqqında getmir. Mən 

sənin oxuduğum  şeylərinə  əsasən deyə bilərəm ki, sənin  əsl 

ciddi mənasında yazıçı olacağına heç bir şübhəm yoxdur. 

Əlbəttə, bu mövcud talant düzgün yolla inkişaf etsə, həyat 

təcrübələri ilə  zənginləşsə, yaxşı  nəticələr verəcəkdir. Ancaq 

bunu da unutma ki, sən bir geoloq, bir həkim, bir fizik olsan, 

bu, sənin yazıb-yaratmaq istedadına yeni və son dərəcə mühüm 

əlavə sərvətdir. Ancaq sən humanitar elmlə məşğul olsan bütün 

bu əlavə imkan və sərvət sənin kisəndən gedəcəkdir. 

Mən səni könüldən salmaq istəmirəm, ancaq bütün bunları 

belə mühüm bir zamanda sənə deməyi borc bilirəm. 

Sən bilirsən ki, mənim təhsilim çox qırıq, qeyri-müntəzəm 

olub. Mən istəmirəm ki, bu cəhətdən sənin taleyin mənimkinə 

oxşasın. 

Universitetin filoloji və jurnalistika fakültələri də vardır. 

 18 

Bunlar dil-ədəbiyyat müəllimləri, redaksiya işçiləri,  ədəbi 

işçilər yetişdirirlər. Ümumiyyətlə, sənə deməliyəm ki, ali 

məktəbdə mükəmməl, ya səthi bilik almaq mühüm bir dərəcədə 

tələbənin özündən asılıdır. 

Ən gözəl ali məktəbdə pis oxumaq, az bilik kəsb etmək 

mümkündür. Hansı instituta, hansı fakültəyə girirsən gir. 

Səndən ağır, ciddi zəhmət tələb olunacaq. Sən bilməlisən ki, 

orta məktəbdə olan arxayınçılıq artıq bir xatirə olaraq geridə 

qalacaqdır. Ali məktəb sistematik dərin, yorğunluq bilməyən 

bir fədakar həyat tələb edir. Əlbəttə, burda da heç nə 

eləməmək, günü günə satmaq, birtəhər keçinmək olar. Lakin 

bunlar hamısı öz hesabına olacaq. Bunlar hamısı  sənin bilik 

sərvətinin azalması, yarımçıq qalması hesabına olacaq. Burda 

müəllim ancaq sənə  məsləhət verə bilər, sənin çalışmağına, 

səyinə  əlavə qüvvət verə bilər, lakin heç bir zaman sənə  səni 

əvəz edə bilməz. Sən deyirsən ki, bu ancaq ali məktəb deyil, 

orta məktəbdə də belədir. Doğrudur. Ancaq bu fərqi var ki, ali 

məktəbdə birə-beş  dəfə artıq səndən iradə, müstəqil hərəkət 

tələb olunur. 

Burda bilik kəsb etmək, mədəni adam olmaq, məlumat və görüş 

dairəsini genişləndirmək üçün ali məktəbdən əlavə Moskva mühiti, 

Moskva həyatı kimi böyük bir universitet də vardır. Lakin bu həyat 

bir dənizə  bənzəyir ki, onun dərin, dayaz yerlərini, küləkli, sakit 

tərəflərini öyrənməsən, onun girdabı harda, sualtı daşları harda 

olduğunu yaxşı-yaxşı yoxlayıb mənimsəməsən, o səni tez öz 

burulğanında məhv edə bilər... 

...İyul ayının birindən burda həm universitet, həm də Qorki 

İnstitutunda konsultasiyalar olacaqdır. Nigarla da məsləhət 

elə, bəlkə bu konsultasiyalarda iştirak eləmək üçün Moskvaya 

bir az tez gəlmək lazım oldu. Əgər məktəbi medalla bitirsən 

(buna  əmin olmaq istəyirəm), onda konsultasiya olmasa da 

keçər. Ancaq məktəbi nə  nəticə ilə qurtarmağından asılı 

olmayaraq rus və ingilis dilləri ilə məşğul olmaq lazımdır. 

Mütləq bir aylıq, ay yarımlıq müəllim tutmaq lazımdır, həm 

 19 

rus dili, həm də ingilis dili ilə hər gün məşğul olmaq lazımdır. 

Unutma ki, bu il institutlara medallıları da çox ciddi yoxlama 

ilə qəbul edəcəklər. Əgər yaxın zamanda medallılar haqqında 

qayda dəyişməsə  də "sobesedovanie" deyilən  şey özü bir növ 

imtahandır. Bu söhbət zamanı  tələbənin ümumi həyat görüşü 

dairəsini, inkişafını yoxlayırlar. 

Əziz oğlum! Mən sənə heç bir yüngüllük, güzəşt vəd etmək 

istəmirəm. Mənə elə  gəlir ki, sənin buna ehtiyacın da yoxdur. 

Mən səni ancaq ciddi çalışmağa,  ən ciddi imtahan, ən ağır 

zəhmətə hazır olmağa çağırıram. 

Ən sonda deyə bilərsən ki, bəs mənə hara girməyi məsləhət 

görürsən? Mən sənə  dəqiq elmlərdən birini, məsələn, 

geologiyanı məsləhət görürəm, lakin sən Qorki institutuna, ya 

MQU-nun filologiya, ya jurnalistika şöbələrinə girmək 

qərarına gəlsən, mən yox demərəm və  mənim arzuma əks 

getdin deyə  sənə heç bir məzəmmət eləmərəm. Çünki sənə 

bütün təfərrüatı yazdım. Mən inanıram ki, bütün yazdıqlarımı 

nəzərə alıb sən öz qəlbinin, öz könlünün səsini eşidər və doğru 

qərar qəbul edərsən. Bununla mən sənin atacağın ciddi bir 

addımın məsuliyyətini sənin çiyninə qoymaq istəmirəm... 

Mənim məqsədim budur ki, sənin istək və iradəni zorlamayım. 

Hələlik bu qədər. Sağ ol, oğlum! 

...Məndən Nigara salam. Məktubu ona da oxu, gör onun 

fikri nədir. 

Atan Rəsul. 

27 may, 1955-ci il. Moskva". 

 

Matəmin birinci günlərinə, ilk dövrlərinə nisbətən sonrakı 



mərhələləri daha ağır, daha göynəklidir.  İlk vaxtlar sarsıntı, 

yaranın isti-isti, hələ çox da qövr eləməyən yeri, ağrısı 

hisslərimizi bir növ dondurur, kütləşdirir, qavrama, dərk etmə, 

duyma qabiliyyətimizi korşaldır. İtkinin dibi görünməz yarğanı 

qarşımızda hələ bütün dəhşətli dərinliyiylə açılmayıb. Matəm, 

ələm, yas, necə deyərlər, rəsmiləşib, mənəvi cəhətdən 



 20 

məqbuldur, qanunidir, təbiidir, heç kəsdə  təəccüb doğurmur. 

Adət-ənənə var, əsrlərin, nəsillərin dəbi var. Şərikləri var 

dərdinin. Qırxına qədər. 

Bəs qırx birinci gün? Və bu qırx birinci gündən başlayaraq 

bütün başqa günlərin, ayların sırası? Hə, bir də il var, il vermək 

var. Dəblərin, qayda-qanunların, adət-ənənələrin matəmə 

rüsxət verdikləri daha bir gün. Son hüzür, son pəs məzar. 

Qonum-qonşuların, tanış-bilişlərin qəbir üstünə bu sayda, bu 

tərkibdə, müəyyən olunmuş, deyilmiş saatda toplanacaqları son 

matəm günü. Son borc... 

Son xatirə... 

Bəs ilin bütün başqa günləri, həftələri, ayları? Bəs başqa 

illərin dəqiqələri, saatları, günləri? 

Gecələri? 

O gündüz dəqiqələri, o uzandıqca uzanan, bitib-tükənməyən 

gecə saatları ki, dərdinlə əlbəyaxa, itkinlə təkbətək qalırsan? 

...dərdimi kimə deyim, 

dünya dolu adamdır!! 

Kimə deyəsən dərdini, kimə  ərkin çata bilər,  ərkin çatsa 

belə, yeri gəldi-gəlmədi dərdini süfrə kimi açmaq ağlağanlıq 

deyilmi? Sabir demişkən, "ağladıqca kişi qeyrətsiz olar". 

Yox,  əlbəttə, yox, ağlamaq olmaz, içinin göz yaşıyla, 

qəhərlə dopdolu olduğundan söz açmaq da yaramaz. Dərdə, 

möhnətə ayrılmış zaman möhləti, vaxt limiti qurtardı. 

Dünyada dərdsiz-qəmsiz adam yoxdur. Hərənin öz itkisi, öz 

yarası var. Əgər hamı bütün həyatı boyu elə  ağrılarını, 

yaralarını, nisgilini yaşada-yaşada ömür sürsə, dərdini onunla-

bununla bölüşsə, onsuz da min bir qayğıyla yüklənmiş insanları 

öz qəm-qüssəsiylə də yükləsə, dünyanın işi necə olar görəsən? 

...və ancaq bu zaman, bu məqamda adamlarla dopdolu 

dünyada, yüzlərlə, minlərlə insanın arasında həqiqi 

kimsəsizliyin zəhər acısını dadırsan, yalqızlığın, təkliyin, dinib-

danışmazlığın dibsiz dərinliyini görürsən – gözlərin qaralır. 

Dünyadan, dünyanın səslərindən, haray-həşirindən, ala-


 21 

bəzəkliyindən qaçmaq istəyirsən, özün-özündən qaçmaq, 

qurtulmaq istəyirsən. 

Qaçmağa yer tapmırsan. 

 

1981-ci ilin avqust axşamında doqquzuncu mərtəbənin 



eyvanında bir nəfər dayanmışdı. Mənzilində  tək idi. Ailəsi 

şəhərdə yox idi. Eyvandan aşağı – doqquz mərtəbə 

məsafəsindən görünən, üstündə belədən-beləyə maşınlar, 

adamlar şütüyən küçəyə baxırdı. 

Küçə çağırırdı onu elə bil. Liftlə, pilləkənlərlə yox, bax 

beləcə, bir anlıq sıçrayışla, tullanışla qoynuna atılmağa, 

asfaltda həkk olunmağa, həyatla ölüm arasındakı bir ömürlük 

yolu bircə anda qət etməyə çağırırdı. 

İradəni sıxıb-sıxıb toplamaq, qəti, son qərara gəlmək, bir-iki 

asanca, yüngülcə fiziki hərəkət, bir anlıq, beş anlıq uçuş... 

Qayıtmazlığı, geridönməzliyi haqqında düşünməyə belə macal 

tapmayacağın uçuş. Zərbə, ağrı, qaranlıq və son... 

Sükut və zülmət dünyası. Hamlet demişkən: sonrası – 

səssizlik. 

Nə xatirələr, nə itkilər, nə keçmişin  şirini, indinin acısı, 

gələcəyin boşluğu. Heç nə... Heç nə... 

Küçə çağırır, doqquzmərtəbəli evin ətəyi  ətəyinə  qısılmağa 

çağırır... Liftsiz, pilləkənsiz. Eyvan məhəccəri – adamın 

qurşağınacan. 

Məni dincəlməyə çağırır, 

əbədi ayrılıqla 

kövrəlmiş keçmişim. 

"İntihar zəiflikdir" deyənlərə inanmayın. Belə bir addımı 

atmaq hər adamın hünəri deyil. Amma bəlkə intiharın 

astanasında, beş qarışlıq, bir məhəccərlik, doqquz mərtəbəlik 

məsafəsində özünü tutub saxlaya bilmək də iradə istəyir. 

Mən yaşamalıyam. Özümçün yox, başqalarıyçün, 

yaxınlarım, uzaqlarımçün. Güvəndikləri, inandıqları  mən olan 

neçəsi varsa – onlarçün. Dirilərçün, qalanlarçün, olanlarçün. 



 22 

...və Onlarçün – olmayanlarçün, gedənlərçün. Ölənlərçün. Mən 

durduqca Onlar da dururlar. Bunu dost da bilir, düşmən də. 

Mən yaşadıqca Onlar da yaşayır. Buna sevinən də var, 

təəssüflənən də... 

"Göz yaddaşımda" – işıqlı çöhrələri, üzlərinin yüz ifadəsi, 

sifətlərinin kədəri, fərəhi, gülüşü, həsrəti... 

"Qulaq yaddaşımda" – səsləri, sözləri, sətirləri, danışıq 

ədaları, ləhcə xüsusiyyətləri, Göyçayın və  Gəncənin dialekt, 

şivə kəlmələri... 

"Beyin yaddaşımda" – fikirləri, amalları, inamları, 

aldanışları, "qəlb yaddaşımda"–ümidləri, nisgilləri, sevgiləri... 

Əlbəttə, bütün bunları yaşadan tək mən deyiləm. Bütün 

bunlar Onların şerlərindədir. 

Şerlər isə Ədəbiyyatındır, Xalqındır, Azərbaycanındır. 

 

Mən yolçuyam, 

Mən yoldayam. 

Od nə çəkdi, 

küldən soruş! 

Hansı şerim, 

hansı sözüm 

yaşayacaq məndən sonra 

Mən bilmirəm. 

Eldən soruş! 

  

 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin