Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   4   5   6   7   8   9   10   11   ...   49
*** 

Hara gedirdi o, hara çağırırdı bizi... Cavan şairləri öz 

ardınca hansı mənzilə, hansı məqsədə doğru aparırdı? O cavan 

şairləri ki, onların yolunda hər fədakarlığa, nüfuzlu düşmənlər 

qazanmağa, başının daşdan-daşa dəyməsinə hazır idi, razı idi 

və o cavan şairləri ki, rişxəndlərə, tənələrə, tənqidlərə  məruz 

qalaraq kəşf edirdi, açırdı, təqdim edirdi; iyirmi ildən sonra 

başqaları, o cümlədən vaxtilə bu cəhdlərə gülənlərin, ağız 

büzənlərin də bəziləri, həmin o şairləri, o şerləri yenidən "açır", 

bəyənir, təqdir edir, alqışlayır, üstəlik ilk kəşf edənə acıq, yanıq 

da verirdilər. 

Uzun illər sıxdı məni: 

gah çəkmələrim – 

bəzən uzunu, bəzən eni ilə, 

Gah ötüb-keçən ilə təəssüfüm 

gah ümidim yeni ilə. 

Gah dünyanın dərdi, qəmi sıxdı məni, 

gah corablarımın boğazı. 

Gah alçaq buludların qalın pərdəsi 

gah bir nadan qələmindən 


 148 

tökülən yazı... 

Qırıb çıxmaq istədim 

"olar", "olmaz" çərçivəsindən. 

Dedilər yox, yox!  

Dəblərə, qaydalara gir! 

Vərdişləri, adətləri gözlə! 

Sığallı dillə yaz! 

...pəncərələr sıxdı məni 

uzunsov dördbucaqda göstərib 

küçənin evlərlə sərhədlənmiş yarğanını. 

...Şəhərimin yaşıllığı 

ölçülüb biçilib 

salınıb rəqəmlərə.  

Dağlar darıxıb göyə qalxıb 

dərələr çöküb yerə. 

Darıxır insan 

hüdudlar, ölçülər içində. 

Yayda uzun gündüzlər, 

qışda 

uzun gecələr içində. 

Deyirəm 

öləndə atın 

ən dərin dəryaya məni, 

qaldırıb buludlardan yuxarı 

Son yolum uzun, 

son mənzilim geniş olsun barı! 

Son dəfə onun açıq tabutundakı sifətinə baxıram, bu qədər 

tanış, doğma,  əziz sifətinə. Sifətinin gözəl, mərd, nəcib 

cizgilərinə. 

Meh saçlarını tərpədir və ona görə də sifət canlı görünür. 

Tabutun qapağını örtürlər; bir də heç vaxt onu görməyəcəm. 

Şəkillərdə, fotolarda görəcəm, kinoda, teleekranda görəcəm, 

yuxularımda görəcəm, amma bax beləcə – bir əl uzadımında 

görməyəcəm,  əlimi saçlarına çəkə bilmək məsafəsində 


 149 

görməyəcəm. 

HEÇ VAXT. HEÇ VAXT. HEÇ VAXT! 

Tabutu qəbrə saldılar. Üstünə torpaq atdıq... 

Daş qoydular, suvadılar, güllərin, çiçəklərin altında qaldı. 

Milis ora-bura gedir, maşınlara yol açırdı... 

Adamlar yavaş-yavaş dağılışırdılar. 

...Məni yalqız qoyub 

əbədi sükut evində 

qayıdanda geri, 

açın, taybatay açın  

otağımda pəncərələri! 

İçimdə bu misraları səslənirdi, başqa misraları döyünürdü: 



Qar çox yağsın, az yağsın, 

bir vaxt gələcək günəş daha mehriban, 

daha canayatan, 

dağ-dərələr az duman, 

çöl-bayır al-əlvan 

olacaq. 

Küləklər daha mülayim əsəcək 

Hər il belə 

qış gedib bahar gələcək 

Bu baharlardan biri 

mənsiz gələcək, 

mənsiz gedəcək 

Barı çiçəkli, otlu olaydı yolu 

Dağında, düzündə, 

bitməyəydi qaratikan kolu. 

Belə, dünya, belə! 

Gülə-gülə! 

 

Belə vidalaşırdı dünyayla 

Belə vidalaşırdı bizimlə. 

 


 150 

İKİNCİ HİSSƏ 

 

Yenə bu yüz günün qara çərçivəsini qırıb çıxmaq istəyirəm. 



81-ci ilin kədərli xatirələrindən ayrılmaq, daha uzaq illərə 

qayıtmaq istəyirəm... 

Bu yazımın içində bir neçə  səhifəni – bir daha geri 

dönməyəcək, heç vaxt qayıtmayacaq Keçmişdə yaşamaq 

istəyirəm. 

Anamın səsini dinləmək istəyirəm... 



"Anarım! 

Bu gün dörd gündür burdayam, amma səndən heç bir şey 

yoxdur. Çox nigaranam, niyə yazmırsan? Bütün bu suallar bura 

gələndən mənim yuxumu qaçırdır. Biz lap yaxşıyıq, yerimiz, 

otağımız çox gözəldir. Fidan və  Təriş bütün günü dənizdədirlər. 

Rəsul da onlardan geri qalmır. Mən balkondan onlara tamaşa 

edirəm. Bircə dəfə çimmişəm. Ümumiyyətlə, pis deyiləm. Bircə bu 

Qara dənizin səsi olmasaydı. Çox heyvərə dənizdir, gecə-gündüz 

gurlayır. Yalvarıram ki, aman ver, dəniz, bir az düşünüm, heç 

eşitmək istəmir. Bu gecə göy gurladı, ildırım çaxdı, dəniz özündən 

çıxdı və Nigar xanım səhərə qədər yata bilmədi. Biz qalan otağın 

qapısı  və balkonu dəniz tərəfədir, pəncərəsindən isə üstü qıvrım 

saçlı meşə ilə örtülü dağlar görünür, dağların başı çox zaman 

dumanlı olur. Bu gecəki ildırım da dağlarda çaxırdı. Gündüz hava 

isti olur. Moskvadan və başqa yerlərdən xeyli adam var. Amma 

mən səni istəyirəm, lap ölürəm sənin dərdindən. Sən isə yəqin ki

ananı unutmusan. Nə isə, sənə çox başağrısı vermək istəmirəm. 

Zemfira xanımın xüsusi kefi necədir? Məndən ona çoxlu salam. 

Qoy həvəsi olsa mənə məktub yazsın, görüm necə keçinirsiniz? 

...Bilmirəm bağda daha kim var, hər kəs olsa bizimkilərdən, 

məndən atəşin Qara dəniz salamı... 

…Daha nə yazım. Səbirsizliklə məktubunu gözləyirəm. Səni bu 

Qara dənizin dalğalarının sayı, hesabı  qədər, meşəsindəki 

yarpaqların miqdarı qədər çox sevən "unudulmuş və atılmış" 

 

Anan 

 151 

17 iyul, 1963-cü il. Qaqra". 

 

O il mən Moskva təhsilimin yay tətillərinə Bakıya 



gəlmişdim, Buzovnada, bağda qalırdım, atam, anam və 

bacılarım isə Qaqraya, yaradıcılıq evinə getmişdilər! 

Zarafatyana bir gileylə yazdığı "unudulmuş və atılmış" ifadəsi 

vaxtilə yazdığı qəzəlinin misrasından gəlir: 



Unudulmuş və atılmış gülü sevda kimiyəm, 

Gözlərindən çəkilən bir dəmi röya kimiyəm. 

Neyləmişdim, sənə mən, böylə vəfasız çıxdın 

Həsrətindən üzülən bülbülü-şeyda kimiyəm. 

Hər keçən yolçudan ağlar gözüm əhval sorar, 

Hər buluddan su uman bir quru səhra kimiyəm. 

Avqustda onlar Bakıya qayıtdı, mən isə  təhsilimi davam 

etdirməkçün Moskvaya getdim. 

"Anarım!.. 

Yəqin ki, bütün günü Moskvada ayaq vurursan, balaca 

ayaqların (42 nömrə) yorulur. Fidan dedi ki, bəlkə sentyabrda 

gəldin,  əgər gəlsə idin, bir az bağda qalardın. Bağ indi çox 

gözəldir, doğrudur, mənim  başım çox  qarışıqdır, ayın 1-də 

gedənlərin tör-töküntüsünü təmizləyirəm, mürəbbə bişirirəm, 

badımcan turşusu hazırlayıram, yun yuyuram, hər gün səhər 6-

da durub axşam 11-də yatıram. Təmiz havada işləmək mənə 

zərər eləmir. Rəsul da mənimlə qalır. Nə isə görürsən ki, 

mənim həyatımda maraqlı, mədəni, mənəvi bir hadisə yoxdur. 

Arabir vaxt tapanda kitab oxuyuram və bu mənim yeganə 

mənəvi qidam olur. Sizin üçün çox darıxıram. Başqa bir 

intizarım yoxdur. Siz necəsiniz? Məndən Zemfiraya və bütün 

tanışlara – Erlona, Herlona, Neylona, Seylona, Draça, Vraça, 

və i. a. salam söylə. 

Öpürəm səni milyon kərə. 

Buzovnaqrad Villa R. R. 

Nigar 

4 sentyabr, 1963-cü il" 


 152 

 

Məktubun  əvvəlindəki bir ifadəni və sonunda salam 



göndərdiyi "tanışları" izah etmək lazımdır. 

Atam, anam, bibilərim həmişə  mənə deyərdilər ki, sən çox 

"qart uşaq" idin, elə qurd dillərin vardı ki... Gəzməyə çıxanda 

atamla anamın zəhləsini suallarla tökərəmmiş: bu nədir, o 

kimdir, niyə, neçə? və s., ya da qırqıc olarammış ki, məni 

qucağınıza götürün. İki-iki yaş yarım olanda bir dəfə çox 

yalvar-yaxardan sonra anama demişəm: "Niyal, məni qucağıva 

götür, axı mənim balaca ayaqlarım yorulub". 

İndi "42 nömrəli balaca ayaqların" yazanda anam həmin o 

uşaqlıq dillərimə  işarə edirdi. Moskvada Ali Ssenari 

Kurslarında mənim yoldaşlarım arasında gürcü yazıçısı Erlom 

Axvlediani və Ukrayna şairi İvan Draç da vardı. Qışda anamgil 

Moskvada olarkən Erlomla, Draçla və başqa yoldaşlarımla 

tanış etmişdim. Məzə üçün "Erlon, Herlon, Neylon, Seylon, 

Draç, Vraç" yazanda anam onları nəzərdə tuturdu. 

O il mən nə  iş üçünsə sentyabrda Bakıya gələsiydim, gələ 

bilmədim. Amma o aylarda atamla-anamın Moskvaya 

gəlmələri haqqında məsələ ortaya çıxdı. 



"Anarım!  Əgər istəsən ki, mən Moskvaya gəlim, gərək 

aşağıdakı şərtləri qəbul edəsən:  

1.Özünə mütləq qış paltosu al. 

2.Makintoş, yaxud plaş al. 

3.Kostyum, çəkmə alsan, pis olmaz. 3-cü şərti sonra da 

eləsən olar. Amma bir və ikini mütləq elə. Bunlar hazır olanda 

mənə yaz (çestno!). Onda mən gələrəm. Belə çıxır ki, mən səni 

yox, təzə paltonu görməyə  gələcəyəm. Eybi yoxdur, qoy belə 

olsun. Gör bu məsələ  nə  qədər mühümdür ki, bütün məktubu 

buna həsr edirəm. Dünən bizdə qonaq var idi. Zemfira da 

burada idi. Hamı sağ-salamatdır. Bakıda heç bir maraqlı 

hadisə yoxdur. Köhnə hamam, köhnə tas. 

Canım sənə qurban. 

Nigar. 

 153 

30 sentyabr, 1963-cü il" 

 

Ağır olsa da 63-cü ilin o ilıq payızından 81-ci ilin amansız 



yazına qayıtmalıyam. 

Aprelin 3-də – atamın dəfni günü-axşam Moskvadan 

həkimlər uçub gəldilər – onları Abbas qarşıladı. Gələn iki 

həkimdən biri Boris Oleqoviç Toloknov idi. 1971-ci ildə 

Moskvada Onkoloji Mərkəzdə anamı o, müalicə etmişdi və 

anam onu həmişə böyük minnətdarlıq hissilə, böyük nəvazişlə 

xatırlayırdı. Boris evlənəndə anamla atamı toyuna – 

Gürcüstana dəvət eləmişdi; arvadı Natella gürcü qızı idi. 

Dəvəti məmnuniyyətlə  qəbul etdilər, Tbilisiyə getdilər və 

sonralar uzun müddət bu şux toydan həvəslə danışırdılar. 

Aprelin 4-də 

səhər tezdən Abbasla "Moskva" 

mehmanxanasına – həkimlərin yanına getdik. Bu illər  ərzində 

Boris dəyişmişdi – axı, hər halda aradan on il keçmişdi... 

Atamın vəfatıyla  əlaqədar mənə başsağlığı verdi, mən də 

dedim ki, indi yeganə ümidimiz sizədir, on il bundan qabaq 

anamı siz xilas etdiniz... 

Boris də, onun həmkarı da sözlərimi həssaslıqla qarşıladılar, 

amma mən sezirdim ki, Abbas artıq elə dünən anamın həqiqi 

vəziyyətini onlara "həkim dilində" nəql edib. Onlar müəyyən 

qənaətə  gəliblər artıq və görünür, bu qənaətin güman gələn 

tərəfi azdır. 

Bunu duya-duya, bilə-bilə, hər halda, möcüzəyə bel 

bağlayıırdım – ən çıxılmaz vəziyyətlərdə belə ümidlə yaşamaq 

insanın həm zəifliyi, həm gücüdür. 

Xəstənin yanına girməmişdən qabaq moskvalılar bizim 

həkimlərlə konsilium keçirmək üçün bir otağa çəkildilər. 

Abbas da onlarla getdi. Mən dəhlizdə qaldım, təkbaşıma 

anamın palatasına girməyə ürək eləmirdim – sonuncu dəfə  

onunla dörd gün bundan qabaq görüşmüşdüm – ayrı bir 

epoxada, ayrı bir həyatda, ömrün o biri tayında – o tayında ki, 

orda onun əri və mənim atam sağ idi... 



 154 

Həkimlərin məşvərət keçirdikləri otağın qapısı dalında 

dayanmışdım – onlar orda indi yəqin ki, rentgen şəkillərinə  

baxır, analizlərlə, müxtəlif göstəricilərlə tanış olur, bir-birlərinə 

latın istilahları və sözləri deyir, müəyyən ümumi qənaətin qəti 

təsdiqinə yaxınlaşırdılar. Mən isə qapı dalında hökmü 

gözləyirdim, gözləyirdim və mənə elə gəlirdi ki, bu gözləməm 

heç bir vaxt bitib qurtarmayacaq. 

Qapı açıldı. Abbas otaqdan çıxdı, – onun gözlərindən 

hökmü oxumaq istədim – axı, Abbas həkim idi və ölü latın 

sözləri – həyat ya ölüm hökmünün qəti qərarı onunçün açıq-

aydın idi. 

Abbas məni içəri dəvət elədi. 

Mənə yer göstərdilər, oturdum. Uzun–uzadı görünən, amma 

yəqin ki, cəmisi bir neçə an çəkən sükutdan sonra Boris mənə 

müraciət elədi: 

–Mən sizi incitmək istəməzdim. Amma həqiqəti 

bilməlisiniz. Xərçəngin tez sürən tələsik formasıdır. Özü də ən 

son mərhələsində. 

Heç bir vaxt sözləri belə  çətinliklə deməmişdim, elə bil 

ağzımda dilim pərçim olub qalmışdı, güclə hərəkət edirdi: 

–Nə qalıb ömründən? 

–Bəlkə bir ay, ya bir az çox. Bəlkə aydan da az... Sözləri 

içimdən kəlbətinlə dartıb çıxarırdım: 

–Ağrıları olacaq? 

Boris: 


–Yox, ağrıları olmayacaq, – dedi və  şükür ki, sözü düz 

çıxdı: ağrıları olmadı. 

Bu söhbət zamanı otaqda cavan bir qadın həkim də vardı – 

bütün mükaliməni də  eşitmişdi, qəti hökmü də, müddəti, 

möhləti də… 

Onu tez-tez dəhlizdə görürdüm. Otaqdan çıxanda həmin o 

qadına müraciət elədim: 

–Xahiş edirəm, göz-qulaq olun, anamın palatasına kənar adam 

daxil olmasın, Rəsul Rzanın ölümünü deyən olmasın ona. 


 155 

Qadın həkim çox kəskin bir ədayla: 

–Mən bütün günü onun qapisının ağzında qaravul çəkə 

bilmərəm, – dedi. 

Düz beşcə  dəqiqə bundan qabaq o hər  şeyi eşitmişdi – 

hökmü də, möhləti də. Mən onun adını, familini bilmirdim və 

odur ki, indi də bilmirəm. Amma sifəti  əbədilik yaddaşıma 

həkk olundu: bu sifət, öz-özlüyündə yapışıqlı, yaraşıqlı cavan 

sifət – özgə  dərdinə biganəliyin, insan iztirablarına tam 

laqeydliyin, qansızlığın buz kimi soyuq sifəti idi… 

Anamın palatasına Moskva həkimlərilə birgə daxil olduq. 

İnsan nə  qəribə  məxluqdur. Tək özgələrə deyil, özünə belə 

əməlli-başlı  bələdliyi yoxdur. Dünən atamı basdırmışdım, 

indicə anamın ölüm hökmünü dinləmişdim və palataya irişə-

irişə, şit zarafatlarla girirdim. 

Anam artıq bilirdi ki, onun çox inandığı sevimli həkimi 

Boris Toloknov gəlib və Borisin palataya girməsi elə bil onun 

ovqatını bir az da açdı. Bəlkə də on il qabaqkı xəstəliyinin və 

sağalmasının xatirələri ona bir növ dayaq olurdu. O vaxt onu 

sağaltmış Toloknovun gəlməsi onu arxayınlaşdırır, 

sakitləşdirir, tezliklə ayağa duracağına ümidini artırırdı. Borisə 

ailəsi haqqında, arvadı Natella haqqında suallar verirdi. 

Boris: 

–Yanvarın birində qızım oldu, – dedi. 



Anam sevindi: 

–Bəs niyə demirsiniz? Yəqin ki, dünən Anarla bu hadisəni 

qeyd etmisiniz? 

Anama məlum idi ki, moskvalı həkimlər dünən gəlib, necə 

izah edə bilərdim, nə  səbəbdən dünən onları qarşılamamışam, 

onlarla olmamışam. Necə izah edə bilərdim ki, dünən mən 

hardaydım, dünənki gün ömrümüzün necə günüydü. 

–Hara apardı Anar sizi? 

Elə bil anam qəsdən bizi sorğu-suala tuturdu. 

Abbas dərhal: 

–Karvansaraya getmişdik, – dedi. Anam gülümsündü: 


 156 

–Yəqin möhkəm vurmusunuz. Hər halda, Anar belə fürsəti 

əldən verməz. 

–Hə, Borisin qızının sağlığına içdik – dedim. 

–Anam Borisə müraciətlə:  

–Mənim də beş nəvəm var, – dedi, – onlar bizə gələndə çox 

sevinirik, amma çıxıb gedəndə də çox sevinirik – zarafatından 

qalmırdı 

Sonra üzünü mənə tutdu: 

–Mütləq qonaqları evimizə apar, – dedi, Borisə baxdı – 

doğrudur, indi evimiz bomboşdur. Bilirsiz də  Rəsul 

Mərdəkandadır, odur ki, evdə heç kəs yoxdur... 

Bu sözləri söylədiyi dəqiqələrdə onun bomboş, kimsəsiz, 

bağlı saydığı evin çöl qapıları taybatay açıqdı – yüzlərlə adam 

gəlib-gedirdi. 

Boris böyük ustalıqla və peşəkar məharətlə anama 

xəstəliyinin xüsusiyyətləri haqqında danışmağa başladı: 

qorxulu bir şey yoxdur, ancaq səbir, təmkin lazımdır, gərək 

dözsün, tab gətirsin, halı çox yavaş-yavaş yaxşılaşacaq. Bir az 

yaxşılaşan kimi, Moskvaya gəlsin. Ya da bəlkə o özü, Boris, 

bir müddətdən sonra yenə Bakıya gəldi – müalicənin gedişnnə 

nəzarət etməkdən ötrü. 

Anam:  

–Mayda gəlin, – dedi. – Bakının mayı qiyamət olur. – Maya 



çıxacaqdımı? Bir ay, bircə ay qalıb – bu fikir başıma mismar 

kimi çəkiclə vurulurdu, deşirdi beynimi. 

Həkimlər ayağa durdular. Vidalaşmağa başladılar. 

–Mən də onlarla gedirəm, – dedim. 

–Yaxşı, – dedi anam. – Götür bu meyvələri də Rəsula apar. 

Xəstəxananın çöl qapısında həkimlərlə görüşdüm. Onları 

Abbas müşayiət edəcək, axşam Moskvaya ötürəcəkdi, mən isə 

atamgilə, yas yerinə qayıtmalıydım. 

Boris  əlini mənə uzatdı, nə isə deyirdi, mətanət haqqında, 

dözüm haqqında, həyatın sınaqları haqqında, nə isə ilıq, 

məhrəm sözlər deyirdi, amma mən o sözləri adda-budda 


 157 

qavrayırdım. Borislə güman ki, son görüşümüz idi, əbədi 

ayrılırdıq; yalnız bir-birimizlə deyil, 71-ci ilin xatirələriylə  də 

vidalaşırdıq – Kaşir  şosesinin sazaqlı ala-toranlığı, o günlərin 

xoşbəxt sonluqla nəticələnmiş nigarançılığı, Borisin Tbilisidəki 

toyu, anamın xəstəxana şerləri – bütün bunlarla vidalaşırdım... 

Elə oradaca Abbasla qərara gəldik ki, qızlara və 

ümumiyyətlə, heç kəsə bir şey deməyək, həkimlərə də tapşırdıq 

ki, deməsinlər. Əsl həqiqəti ailədə yalnız ikimiz bilək – mən və 

Abbas. Abbas bir şey də dedi: 

–Qoy bundan sonra yanında ancaq Fidanla Təranə qalsınlar. 

Nigar xalayla mümkün qədər çox ola bilsinlər... 

 

Assosiasiyaların – anımların gərginləşməsi, kəskinləşməsi, 



ürüyüb-artması, hər şeyi, hər yanı, bütün aləmi bürüməsi qəlbin 

qeyri-adi hallarıyla bağlıdır – biz sevəndə, qəlbimizdə 

məhəbbət oyananda və  ağır dərdə düçar olanda, dözülməz 

iztirablar içində  çırpınanda – bütün dünya yaddaşımızın 

anımlar toruna düşür – hər kücə, hər ev, hər sifət, hər qoxu, 

söz, hər rəng, hər meh qarmağa ilişmiş kimi nə  qədər yaddaş 

yükünü, hafizə qatma-qarışığını içərimizə doldurur. Sevərkən 

bütün aləm sənə sevgini, sevgilini andırırsa, ağrıyarkən də 

həyatın hər anı, bəliri ağrılarını yada salır. 

Həkimlərdən ayrılıb xəstəxanadan atamgilin evinəcən, Kitab 

passajınacan piyada gəldim və hər küçə, hər tin, ötən hər maşın, 

keçib-gedənlərin  sifətindəki hər ifadə, qulağıma dəyən hər söhbət 

qırığı atamla, anamla bağlı anımları oyadırdı... 

Vaqif kücəsiylə düşürdüm, ömrümün on ilini bu kücədə, 30 

nömrəli evdə yaşamışdım; bu mənzilimizə necə  də tez-tez 

qonaq gələrdilər atamla anam. Hər gəlişləri, bizdə dedikləri hər 

söz, oturuşları, duruşları, əyin-başları – hər şey, hər şey bircə-

bircə gözlərimin qarşısından keçirdi... 

Kommunist küçəsiylə gedirdim, bax, burda, Sabir bağının 

yerində haçansa bir bina varmış və bu binada haçansa "Maarif 

evi" yerləşirmiş  və haçansa məhz bu binada ilk dəfə  Rəsul 


 158 

Rzayla Nigar Rəfibəyli bir-birləriylə tanış olmuşlar. 

Kommunist küçəsiylə  aşağı enirəm, Nizami muzeyinin 

yanından keçirəm, muzeyin içində onların kitabları qoyulub, 

şəkilləri asılıb və haçansa mən də düz bir il bu muzeydə 

işləmişəm və yadımdadır ki, bir dəfə atam... 

Xəstəxanadan onların "Kitablar üstündəki evlərinə"cən olan 

bu 25-30 dəqiqəlik yolu keçərkən nə hisslər keçirir, nələr 

düşünür, nələri anırdım – yəqin ki, bu barədə beş-on cildlik 

kitab yaza bilərdim. Amma belə kitab mənim özüm barəsində 

kitab olardı – mənim hisslərim, düşüncələrim,  İçəri dünyam 

haqqında... 

Mən isə indi özüm haqqında yazmıram, onlar haqqında 

yazıram. 

Nə oldu, nə dedilər? – Evə girən kimi hamı üstümə bu sualla 

cumur. Səbrsizlik də var bu sualda, ümid də. Ağır itkidən sonra 

xoş müjdəli xəbərin həsrəti, intizarı da. Bəlkə  də aldanmaq 

ehtiyacı,  şirin yalanda təsəlli tapmaq istəyi... – Vəziyyəti 

ümidsiz deyil, – deyirəm, həm də elə qəti, möhkəm deyirəm ki, 

az qala özüm də dediyimə inanasıyam. – Hələ qəti bir şey deyə 

bilmirlər, amma fikirləri budur ki, ardıcıl müalicə olunsa, 

Moskvadan göndərəcəkləri təzə  dərmanları versək, hər halda 

ümid var, 

Dörd günün göz yaşlarından şişib qızarmış gözlərdə bir işıq, 

güman qığılcımı görürəm. 

Başqasına ümid sədəqə verirsənsə, ümiddən sənin özünə bir 

pay düşürmü? Kim bilir... 

"Anarım! Sən məni nə qədər sevməsən də, məktub yazmasan 

da, telefon etməsən də, mən səni yenə də sevirəm. Heç olmasa, 

"Azərbaycan qadını" jurnalının 40 illik yubileyi münasibətilə 

məni təbrik edəydin. Nə isə, çox vəfasız oğlansan. Bu məktubu 

sənə yazmaqla bəzi  şeyləri xahiş etmək istəyirəm. 1.Rəsul 

mənim kitabımı Registana verəcək – "Sovetski pisatel"ə. Mehdi 

Hüseyn də onlara kağız verib ki, kitabı plana salsınlar.  Sən 

kitabın dalınca ol, "bezprizornı" qalmasın. Həm də aralıqda 


 159 

itib-bata bilər, mən isə onu xeyli zəhmətlə tərtib etmişəm. Sənə 

zəhmət olmasın deyə burada yazdırıb düzəltdim. 2. Kitabda üç 

şer –"Durna", "Vosemğ  pətnadnadüatğ", "Svadğba" – 

şerlərinin tərcüməsi iki variantda verilib. Kitabın redaktoru 

hansı tərcüməni yaxşı hesab eləsə, kitabda o qalsın. 3. Kitabın 

həcmi 2.300 misradır,  əgər çox olsa, köhnə  şerlərdən bir 

sırasını çıxarmaq olar. 

Anarım, bilmirəm belə bir işlə məşğul olmağa sənin vaxtın 

olacaqmı? Hər halda, xahiş edirəm bu iş üçün də bir az vaxt 

ayırasan. Və nəşriyyatın cavabını mənə yetirəsən. Sizə nə lazım 

olsa yazın, göndərim. Zemfiraya salam söylə. Məktub yazın, 

unutmayın.  

Öpürəm. 

Məktubu makinada yaz. 

Anan. 

22 noyabr, 1963–cü il, Bakı" 

 

"Anarım! Səni anadan olduğun gün münasibətilə təbrik edir, 



bağrıma basır, bərk–bərk öpürəm. 26 il əvvəl sən yox idin, mən 

tək və kimsəsiz idim. Sonra sən dünyaya gəldin, təsəvvür edə 

bilməyəcəyin qədər sevinc gətirdin, ümid və məna gətirdin, sağ 

ol, oğlum, dostum və yoldaşım. Bu lirik girişdən sonra proza 

hissəsinə keçirəm, əgər bu aşağıdakı şeri–meri oxusan, mənim 

mənəvi həyatım haqqında səndə müəyyən bir təsəvvür yaranar: 

Dolma büksəm yaxşıdır, 

Çay töksəm yaxşıdır, 

Şer yazsam yaxşıdır, 

Bozbaş assam yaxşıdır. 

Çayı Təranə tökər, 

Dolmanı Fidan bukər, 

Şeri Rəsul yazar– 

Nigara qalır bazar! 

Görürsən ki, nə  zəngin yaradıcılıq işləri ilə  məşğulam. Nə 

isə, bu gün sənin 8 Mart təbrik məktubunu aldıq, evin qadınları 

 160 

adından sənə təşəkkür edirəm. Rəsul hələ Kiyevdədir. Mən bir 

sıra  şerlər yazmışan, "Azərbaycan"ın iyun nömrəsinə vermək 

fikrindəyəm.  Əgər imkan tapsam, apreldə  bəlkə  gələ bildim. 

Sənin üçün çox darıxıram. Bakıda qış bu il uzandı, soyuq bizi 

lap təngə  gətirib. Hamı, qohum-əqraba sağ-salamatdır. Araz 

(A.Dadaşzadə–A.) arabir telefon edir. Mən keçən illərə 



nisbətən bu il ürək cəhətdən pis deyiləm. Hələlik özümü yaxşı 

hiss edirəm. Bəlkə bu ona görədir ki, evdə  işim çoxdur, heç 

özümə fikir verməyə vaxtım qalmır. Anarım, hərənin dünyada 

bir ehtirası var, mənimki yalnız əməkdir, çox kiçik yaşlarımdan 

zəhmətə öyrəndiyim üçün işsiz dayana bilmirəm. Ömrümün bir 

hissəsi yazı masasının arxasında qalın-qalın kitabların 

tərcüməsi, ya mütaliəsi ilə keçib, zalım ürək vəfasız çıxdıqdan 

sonra isə  mən mətbəxə, piltə başına keçmişəm. Mən havayı 

çörək yeməmişəm.  Əgər paltar təknəsinin arxasında, piltə 

başında, yaxud yazı stolumun arxasında ölsəm, özümü ən 

xoşbəxt adam hesab edərdim. Bu günə  qədər heç kəsə yük 

olmamışam, bu gündən sonra da olmaq istəmirəm. Bu 

sözlərimin səmimi olduğuna inan. Bilmirəm bunları  sənə  nə 

münasibətilə yazıram, ancaq üzündəki istehzalı  təbəssümü 

görürəm.  Əgər yersiz söhbətdirsə, bağışla. Zemfiraya çoxlu 

salam. 

Öpürəm bərk-bərk. 

Anan. 

(10 mart. 1964-cü il. Bakı") 

Bilmirəm və yəqin ki, ömrümün axırınacan da bilməyəcəm 

– atamın ölümünü yüz gün anamdan gizlətməklə düzmü 

hərəkət etmişik, səhvmi? 

Bu itkidən xəbərdarlıq anama nə verəcəkdi? Müsibət, dərd, 

matəm, göz yaşları – özü də evdə yox, rəsmi binada

xəstəxanada, yad divarlar arasında, özgə adamlarla bir damın 

altında çəkməliydi bu dərdini, 

ələmini... Evə 

buraxmayacaqdılar, heç qəbir üstünə getməyə 

də 

qoymayacaqdılar həkimlər. 



 161 

Ancaq o biri tərəfi də var axı: üç aydı ağır xəstə yatır, necə 

olub ki, Rəsul bir dəfə də imkan tapıb ona baş çəkməyib, Rəsul 

ki bu səbrin yiyəsi deyil – bircə bu nisgilini özüylə  qəbrə 

aparmazdı anam. Əgər bilsəydi... Bilmədi. Nisgili ürəyində 

qaldı. Ömrü boyu hamıdan gizli saxladığı bütün başqa 

nisgilləri kimi bu dərdini də pünhan saxladı. Heç kəslə 

bölüşmədi. 



Könlün yenə min dərdinə bir çarə tapılmaz 

Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz. 

Axşam qızaran göylərə endikdə qaranlıq 

Könlüm evini yandıran odlarə tapılmaz. 

Aşiqlərə sordum dedilər: ey qəmi-pünhan, 

Gizlin yaradan ağrısı çox yarə tapılmaz. 

Sonralar mən bu sözlərin acı  və böyük həqiqətini öz 

təcrübəmlə öz qəlbimdə duydum. 

Doğrudan da, "gizlin yaradan ağrısı çox yarə tapılmaz"mış... 

Aprelin 1-də: – hələ Nigara deməyək, dəfnə qədər gözləyək; 

– dedik. 

Sonra: – Gözləyək, görək moskvalı  həkimlər nə  məsləhət 

bilir, – dedik. 

Daha sonra: – Rəsulun qırxını gözləyək, – dedik, – qoy 

Nigarın da halı bir az babatlaşsın, – dedik. 

Günü günə sata-sata həqiqəti ona açmaq saatını yubatdıq, 

uzatdıq. Axı, heç birimiz öz-özüylə  təkbətək daxili söhbətdə 

belə etiraf etmək istəmirdik ki, anamın halı bir daha 

babatlaşmayacaq, o, ölüm yatağından heç vaxt durmayacaq...  

Aprel və may aylarında xəstəliyi zahirən çox da şiddətli deyildi 

və mənə elə gəlirdi ki, bildiyim amansız hökmü bacılarım bilmir, 

odur ki,"gözləyək halı bir az babatlaşsın" deyəndə bu təklifdə hər 

halda bütün başqalarıyçün bir aldanış yox idi. Amma mən bilirdim 

axı – bir ay qalıb, cəmi-cümlətanı bir ay, üç gün az, beş gün çox, 

ancaq hər halda bir ay, bircə ay... 

Və bu bircə ayı, ömrünün son ayını, onsuz da ağır xəstəliklə 

çarpışmada keçən bu son ayı – vay xəbərilə cəhənnəm əzabına 



 162 

çevirmək olardımı? 

Mənə elə  gəlir ki, həqiqəti anamdan gizlətməklə biz hər 

halda, düzgün hərəkət etmişdik... 

Əgər tale onların hər hansı birini bizim vəziyyətimizə 

salsaydı, bizim qarşımızda duran məsələni qarşısına qoysaydı, 

onların özləri də məhz bizim kimi hərəkət etmiş olardı – buna 

əminəm.  

Biz düzgün hərəkət eləmişdik. Mərhəmətli, şəfqətli hərəkət 

idi bu. Həqiqəti açsaydıq, nəinki bu bir ay anamçün dəhşətli 

iztirablar içində keçərdi, bəlkə heç o qalan qısa ömür möhlətini 

də yarımçıq başa vurardı. Onsuz da az qalmış günlərinin sayı 

bir xeyli də azalardı. 

Biz düzgün hərəkət eləmişdik. İnsaflı qərara gəlmişdik. 

Amma… 

"Amma hər halda... hər halda... hər halda...".  



Anamın müsibəti mənim aləmimdə atamın ömür sonuna 

nisbətən daha faciəvidir. Atam uzun illərin xəstəsiydi, 

həyatının çırağı hər mehdən titrəyən zəif alov dilimi kimi xəfif-

xəfif şölələnirdi, bu od, bu işıq hər an keçə bilərdi. Amma bu 

keçmənin – bu keçinmənin qəti, amansız vaxt möhləti, dəqiq 

təqvim mənzili yox idi. Hər an – bu həm sabah, həm bir ay 

sonra, amma həm də bir il, beş il sonra deməkdi... Əcəlin hədəf 

seçmə oyunları da çox dolaşıqdır, izahsızdır, atam beşmi – 

onmu il artıq yaşasaydı, nə biləsən, kim kimi dəfn edəcəkdi – 

mən onu, omu məni. 

Xəstəlik atamı ölümə  məhkum etmişdi, amma bu edamın 

günü, saatı, icra vaxtı  təyin olunmamışdı – rəmzi ömür 

pasportu müddətsiz idi... 

Anamın ömür möhləti isə  qəti və  dəqiq bildirilmişdi – bir 

ay. Bircə ay. Üç gün çox, beş gün az – amma bir ay, bircə ay... 

Bundan ağır da müsibət olar? – Biləsən ki, bir ayın  ərzində 

mütləq, hökmən, qaçılmaz və  dəyişməz bir surətdə  ən  əziz 

adamını itirəcəksən və bu itkinin qarşısını heç nəylə almaq 

iqtidarında deyilsən.  Əlindən heç nə  gəlmir, heç nə  sənin 


 163 

ixtiyarında deyil. Gücsüzsən fələyin rəftarına qarşı. Ölüm 

hökmü-əfvsiz, bəraətsizdir. Labüddür. 

...Edama məhkum olunmuşun gündəlik qorxusunu mən indi 

tam aydınlığıyla dərk edirəm. Bax, hökm yəqin bu gecə icra 

olunacaq, ya sabah, ya birisi gün, amma mütləq gecə vaxtı… 

Belə də oldu. Gecə... 

Səhər – ümid deməkdir. Atam gündüzün günorta çağı 

keçindisədə, gündüzlər, anam sarıdan nədənsə, nigaran 

qalmırdım hardansa ürəyimə damımşdı ki, dünyayla mütləq 

gecə vidalaşacaq... 

Yuxuda… 


Yuxuda dünyayla vidalaşırdım, 

Dünya gözəl idi, ayrılmaq çətin. 

Deyirlər yaxşıdır qocalıb ölmək 

Belədir qanunu kor təbiətin. 

Dunyadan ayrılmaq çətindir, gülüm, 

Tez də gəlsə, gec də aparsa ölüm... 

Müxtəlif yerlərdən, müxtəlif  şəxslərdən, tanıdığım və 

tanımadığım adamlardan çoxlu məktublar, teleqramlar alırdıq. 

Onlardan bir neçəsini burda vermək istəyirəm. 



"Əziz Anar müəllim! Bu günlər bütün ədəbi içtimaiyyət, 

tamam Azərbaycan və Sizin kimi biz də  kədərliyik. Rəsul Rza 

ölümü təkcə ədəbiyyatımızda yox, bütün mənəviyyatımızda heç 

zaman dolmayacaq bir boşluq yaratdı. Ölüm – yox, bu ona 

yaraşmır – Rəsul müəllim cild-cild əsərlərdə, ürəklərdə yaşayır 

və yaşayacaq. Rəsul Rza təkcə Azərbaycan sovet ədəbiyyatının 

deyil, bütün Şərq  ədəbiyyatının sərkərdələrindəndir. Onun 

haqqında yazmaq mənim kimi azsavadlı adamın işi deyil. 

Ancaq ürək, məhəbbət Rəsul Rza haqqında elə xoş sözlər deyir 

ki, o söz, görünür, heç bir dildə  hələ yoxdur, bəlkə  də heç 

olmayacaq. Mən Rəsul müəllimin səsi yazılmış qrammofon valı 

əldə etmişəm. Anam onu qırxına qədər hər gün dinləməyi xahiş 

etmişdir. Anam ancaq latın hərfləri tanısa da, Rəsul Rza 

şerlərini ya əzbər, ya məzmununu, çox əksərini bilir. Rəsul Rza, 

 164 

sözün  əsl mənasında, Azərbaycan  ədəbiyyatının ağır yüklü 

qatarı,  əzəmətli Qoşqarıdır. Sizə  nə deyim? Əgər imkan tapa 

bilsəniz, mənə  məktub yazmağı  və  şairin kiçik də olsa, bir 

əlyazmasını göndərməyi Sizdən xahiş edirəm. Sizə, ailənizə, 

şəxsən Ananıza təskinlik və uzun ömür arzulayıram. 

Hörmətlə 

Tapdıq Alxanov.  

Laçın rayonu, Qorçu kəndi 

10.01.81" 

"Hörmətli Anar Rəsul oğlu! 

Atanızın, gözəl sovet şairinin, Azərbaycanın nəğməkarının 

vəfatı münasibətilə mənim ən səmimi başsağlığımı qəbul edin. 

Sizin atanızla 30-cu illərdə Bakıda, Azərkinonun kino-

fabrikində  işlədiyim zaman, sonralar isə Moskvada 

görüşmüşdüm və onun haqqında bir ədib və insan kimi ən xoş 

xatirələrim var. 

Mərhum  şairin kədərlənmiş oxucusu və  həmyaşı adından 

bütün ailənizə dostluq salamları göndərirəm. 

Aleksandr Kron, 

11.05.81 Moskva" 

 

"Əziz Anar. Rəsul poeziyası torpağımızdan axan nəhəng bir 



çaya bənzər. Rəsul qəlbi susdu. Rəsul nəğməsinin ömrü 

torpağımızın ömrü qədərdir.  

O, bir vulkan dağı kimi yaratdıqlarını torpağın üzərinə 

səpələyib öz qəlbinin odunu torpağın dərinliklərinə  çəkdi. 

Rəsulun itkisi əvəzedilməzdir. Təsəlli isə onun sənətinin 

əbədiliyindədir. Sənə, bütün ailənizə, Rəsul sənətini sevərlərin 

hamısına başsağlığı verirəm. Rəsul şəxsiyyətinə, Rəsul sənətinə 

dərin hörmətlə baş əyən 

Məmməd Araz". 

 

"Möhtərəm Anar bəy! 



Salamlar.  

 165 

Bu gün Abbas Zamanov bəydən almış olduğum bir məktub 

bizi  ələm və  kədərə  qərq etdi. Babanız Rəsul Rza bəyin vəfatı 

xəbəri bizləri də çox üzdü, kədərləndirdi. 

Başınız sağ olsun. Tanrı mərhuma qəni-qəni rəhmət eyləsin. 

Sizlərə başsağlığı və səbrlər dilər, acınızı paylaşarız. 

Ən dərin hörmətlərimlə, əfəndim. 

Əli Yavuz Akpinar. 

Ərzirum, Türkiyə, 17.IV.1981". 

 

"Hər vaxtınız xeyir olsun... Anar! 



Bir neçə gündür ki, mərhum xalq şairimiz  Rəsul Rzanın I-II 

cildlərini oxuyuram... Oxuyuram... Düşünürəm... 

Rəsul Rzanı ilk dəfə Naxçıvanda X sinifdə oxuyanda 

yaxından görmüşəm. Şerini dinləmişəm. Ah, əsl şair ürəyi necə 

də yanımlı, duyumlu imiş... 

...Həmişə  mərd, öz səsləri və taleləri olan sənətkarları 

canım qədər sevmişəm. 

Divarda daş ayna, 

Ordan baxır mənə, 

Məryəm oğlu, 

gözləri dolu 

Ancaq, 

nə arxasında qanlı çarmıx, 

nə başında tikanlı çələngi var.  

Sağ olun, istəkli  şairimiz, ruhunuz şad olsun! Mirzə  Cəlil 

sayağı: "Allah sizə rəhmət eyləsin!". 

...İnana bilmirəm, inanmaq istəmirəm ki, sənətkar köçüb 

dünyadan...  İnsanlara bağlı olan bir ürəyi ayırmaq olarmı 

könüllərdən? 

...İnsan ömrü... İnsan taleyi... Dinləyirəm qədim 

"Segah"ımızı. "Ana" mahnısını... 

Unudulmaz Mirzə Cəlilin "Anamın kitabı"nı və Rəsul Rzanın 

"Anamın kitabı"  şerini... Dağ da ağlayarmış acı-acı, dəli 

hönkürtülərlə... 

 166 

Təsəllini onda tapırıq kı, nə yaxşı Mirzə Cəlil var. Rəsul Rza 

var! Eşq olsun xalqa bağlı sənətkarlara! Ümidimiz, inamımız, 

bu günümüz, sabahımız onlardır! 

Hörmətli–yazıçımız Anar, Sizin ən ağır göynərtili 

günlərinizdə  mən Sizə dostum dedim. Yəqin ki, məni haqlı 

sayarsınız. 

Rəsul Rza həmişə qəlbimizdə, ürəyimizdədir! 

Acı, göynərtili kədərlə oxucu dostunuz, ədəbiyyata sədaqətli 

oxucunuz. 

Musa Quliyev 

27.04.81. Axşam saat 1100. Küləkli bir gün 

Naxçıvan MSSR. Babək r-nu Böyükdüz kəndi". 

 

"Nigar Rəfibəyliyə. 



Sirdaşınız Rəsul Rzanın ölümündən böyük bir hüznlə çox 

gec xəbər tutduq. Əziz Nigar xanım, mənim səmimi 

başsağlığımı qəbul edin. Toxtayın, həyat və poeziya sizdən hələ 

xeyli güc və igidlik tələb edəcək. 

Sizin Zülfiyyə

Daşkənd". 

Uzaq Daşkənddə özbək şairəsi Zülfiyyə xanım Rəsul Rzanın 

vəfat etdiyini eşitmişdi. Bakıda Azərbaycan  şairəsi Nigar 

xanım ömür yoldaşını itirdiyindən xəbərsizdi. 

Bir həftədən sonra mən işə çıxdım. Kinostudiyada çox ağır 

bir işə başlamışdıq. – Mərkəzi televiziyanın sifarişiylə iki 

seriyalı "Üzeyir Hacıbəyov" filmi çəkməliydik. Ssenarisini 

mən yazmışdım, rejissoru da özüm idim. 

Rejissor ssenarisi təsdiq olunmuşdu, aktyor sınaqları 

keçirilmişdi, dekorasiyalar tikilirdi. Bir sözlə, hazırlıq dövrü 

gedirdi, çəkilişə başlamaq vaxtı yaxınlaşırdı. 

Bilirdim ki, indi mənim yeganə xilasım bu işdir, nə ailə, 

qohumlar, dostlar, nə yazı masam məni tənhalığın qırılmaz 

tilsimindən qurtarmağa qadir deyildilər. Yalnız film çəkilişinin 

dolaşıq aləmi, hər saat qarşıya çıxan müxtəlif təşkilati, inzibati, 


 167 

istehsalat problemləri – kino dünyasının ipə-sapa yatmayan 

qarma-qarışıqlığı adamın fikrini yayındıra bilərdi. Yalnız bu 

əvvəli-axırı bilinməyən iş prosesi günlərimi limhəlim doldurar, 

ayrı hisslərə, ayrı düşüncələrə, adamı içindən gəmirən 

xatirələrə yer qalmazdı, məni öz–özümlə bir an belə  təkbətək 

qoymazdı.  

Doğrudan da, günlərimi beləcə – ağzınacan, dibinəcən 

doldururdum. Ancaq gündüzlərin axşamları vardı axı... 

Axşamlardan sonra isə gecələr gəlirdi... 

..və tamam başqa bir həyat başlayır. 

Gecə həyatı. Gecənin həyatı. 

Yuxusuzluq saatları var bu həyatda. Amma bərk 

yorulduğum gündüzlərin yuxulu gecələri də var. 

Yuxu gecələri. Yuxulu gecələr. Gecə yuxuları... 

və bu yuxularda – hər şey ayrı cürdür. 

Atamın vəfatından sonra mənə deyirdilər ki, indi hər gecə 

yuxuna girəcək, tez-tez səninlə uzun-uzadı söhbətlər edəcək. 

Amma vəfatı günündən qırxınacan yalnız üçcə  dəfə 

görmüşdüm onu – axır illərində  mənim evimə  də belə nadir-

nadir qonaq gəlirdi – ayda bir, ya iki dəfə. 

Birinci dəfə onu yuxuda görəndə öz evlərinin pilləkənləriylə 

qalxırdı – üzündə də mənə bu qədər tanış olan bir ifadə vardı – 

müdrik bir yorğunluq, dünyaya dalğın kədərlə baxan gözlər. 

Anam da – yuxuda hər ikisi sağdı – anam da onunladır. 

Yuxuda da düşünürəm ki, indicə pilləkənləri qalxıb evlərinə 

girəcəklər, evlərində yas nişanələrini görəcəklər, evi tələsik 

səliqəyə salmaq lazımdır ki, hüzr əlamətləri qalmasın. 

Tezcə evi əvvəlki, həmişəki halına salırıq, amma vaxtımız 

çatmır, atamın kabinetini yığışdıra bilmirik. Qorxuruq ki, 

indicə bizi sorğu-suala tutacaq: "Niyə otağımın qapısı bağlıdır, 

qabağına niyə divan qoymusunuz?" Qorxuruq ki, divanı kənara 

çəkib kabinetinin qapısını açacaq, içəri girəcək və orada – öz 

sifətindən çıxarılmış maskasını görəcək. 

Bir müddət sonra atamı ikinci dəfə yuxuda gördüm. "Üzeyir 


 168 

Hacıbəyov" filmini çəkməli olan əvvəlki operator atamın dəfn 

mərasimini də lentə almışdı. Bir gün studiyada bu materialı 

mənə göstərdi – o məşum günü sanki yenidən yaşadım: 

filarmoniya, matəm yolu, mitinq və tabutun içində atam – 

yüngül meh saçlarını tərpədir… 

Həmin gecə bütün bunları yuxuda gördüm, amma yuxuda 

bunların hamısı yalnız bir dolaşıqlıq, bir səhv idi. O, tabuta 

qoyulmuşdusa da, ölü deyildi, diriydi və bütün bu dəfn-filan da 

bir anlaşılmazlıq, vahiməli yuxuydu. Məni qara basırdı, indicə 

oyanacaqdım, duracaqdım, silkinib yuxudan çıxacaqdım və 

atamı sapsağlam, salamat görəcəkdim... Oyanarkənsə onu 

yenidən itirirdim. 

Üçüncü dəfə atamı may ayında, qırxı ərəfəsində gördüm. İlk 

dəfə mənimlə danışdı, sualıma cavab verdi. 

–Necəsən? – deyə xəbər aldım. 

–Necə olacam? – deyə küskün-küskün dilləndi. – Sənsizəm 

də. 


Gündüz Üzeyir Hacıbəyovla bağlı xronikaya baxmışdım. 

Üzeyir bəyin tabutu yanında fəxri qaravulda atamı da 

görmüşdüm, onu da bilirdim ki, Üzeyirin tabutu başında Bülbül 

"Sənsiz" oxuyub. 

Bütün bu anımlardan, təəssüratlardan, ağrılardan, 

fikirlərdən, hisslərdən, kədərli obrazlardan yuxu qəribə bir 

süjet, tükürpədən bir dialoq qurub İçəri dünyamda mənə 

nümayiş etdirirdi. 

–Necəsən? 

–Necə olacam? Sənsizəm də... 

Kinoyla yuxular nə  qədər yaxındır bir-birinə. Bütün 

sənətlərdən yuxuya ən yaxın kino, xüsusilə də müasir kinodur: 

Əyani, görümlü obrazların pərakəndəliyi, montaj kəsiklərinin 

ardıcılsızlığı, pərən-pərən düşmüş anımların qəribə düzümü, bir 

də qeyri-adi işıq, işıqlanma… 

Niyə biz vahiməli yuxulardan bu qədər sarsılırıq; axı, çox 

vaxt  ən adi bir mənzərə görürük – küçədir, bomboş  şəhər 


 169 

küçəsi, biz də tək-tənha, bu adamsız küçəylə addımlayırıq. Bəs 

ətimizi ürpərdən, bizi xoflandıran nədir bu mənzərədə? 

Küçənin işığı, bəli məhz işığı. Zülmət kimi zülmət deyil, ay 

işığı kimi ay işığı deyil, gecə kimi gecə deyil. 

Nə qəribə rəngi var bu işığın. Dünyanın, yer üzünün heç bir 

rənginə, heç bir işığına bənzəməz. Boz-mavi-kül rəngidir bu 

rəng. Küçə  də bu rəngin işığıyla işıqlanıb. Soyuq bir işıqla. 

Ölüm rəngiylə. Budur bizi vahiməyə salan. Bəzən elə yuxudaca 

mənə elə gəlir ki, bu, başqa bir aləmin, "O dünyanın" işığıdır, 

şüurumuza süzülür, İçəri dünyamıza "ölülər dünyasının" 

rəngini çiləyir.  

Kino və yuxu. 

Gözlərimizi yumuruq – zülmət dünyasına qərq olur, rəngli-

rəngsiz yuxular görürük.  

Göz-gözü görməyən qaranlıq bir salona daxil oluruq, ekrana 

baxır, rəngli-rəngsiz filmlər görürük... 

Bu günlərdə qorxduğum  şeylərdən biri də musiqidir. Neçə 

anımın açarı musiqidədir. Bir nəva, zümzümə, melodiya qırığı 

qarmaq kimi ömrün neçə ötən gününü dartıb çıxarda bilər, 

qəlbinə, beyninə, yaddaşına pərçim edər... 

Musiqidən qorxurdum bu günlər. Yaxın adamlarınla qırx 

ildən artıq bərabər ömür sürmüsənsə, dünyanın bütün 

melodiyaları, bütün təranələri sənə onların müəyyən bir 

məqamını, ilini, gününü, saatını xatırladacaq, yaxın adamlarla 

birgə sürülən ömür – anımların toplanması, çoxalması, bütün 

aləmi əhatə etməsidir. Küçələr, evlər, kitablar, adamlar, sözlər, 

səslər – hər şey, hər şey anımlar oyadır, keçmişin anımları isə 

ikiqat təsirli, yandırıcı, göynəkli olur – ötən günlər – yaxşısı da, 

pisi də – yaddaşda yalnız titrək bir həsrət yaradır. İndi dünyada 

hər  şey mənimçün xatirələr zəncirinin həlqələri – olarlı 

günlərimin anımlarıdır. 

Musiqi bu günlərdə yalnız anımlar oyatmırdı, həm də 

əsəbiliyimə, hövsələsizliyimə  səbəb olurdu. Küçədə  əlimi 

qaldırıb maşın saxlayırdım, xəstəxanaya anamın yanına, ya 


 170 

atamın qəbri üstünə gedirdim. Sürücünün mənim halımdan nə 

xəbəri var, radiosunu qurub, şux bir mahnı səsləndirir... Mənə 

isə elə gəlir ki, mahnı məhz mənim əsəblərimi qıcıqlandırmaq 

üçün qəsdən bu dərəcədə şit yaradılıb. Açıq pəncərələrdən rəqs 

musiqisi eşidirəm – mənə elə  gəlir ki, qayğısız həyat mənim 

hisslərimi təhqir edir, içəri dünyamı laqeydliyi, biganəliyi ilə 

tapdamaq istəyir. 

Amma budur bax, kinostudiyaya gəlirəm, çəkilişlə əlaqədar 

yüz cür məsələ  çıxır; mən isə bir neçə  dəqiqəlik, bir neçə 

nəfəslik fasilə düzəldirəm özümə – rejissor otağıma çəkilirəm, 

qapıları kip bağlayıram, guya ki, musiqiyə qulaq asıb qeydlər 

edəcəm, ariyaların uzunluq – qısalıq metrajının haqq-hesabını 

çəkəcəm, bir sözlə, film üçün musiqiylə işləyəcəm. Əslində isə 

işləyib eləmirəm, haqq-hesab fikrində  də deyiləm. Musiqi 

qururam, amma onunla işləmək üçün yox. Elə beləcə oturub 

musiqiyə qulaq asıram. Üzeyir musiqisinə.  

Sanki üstünü duman almış uca bir dağ başında büllur bulağa 

qapanıram. Bəlkə də bu bənzətmələr köhnədir, çeynənmişdir. 

Amma mənim, doğrudan da, o anlarda duyduqlarımı ən dəqiq 

şəkildə ifadə etmək üçün başqa təşbehlər tapa bilmirəm.  

Hardan gəldi başıma bu fikir? Bilmirəm. Amma hər halda 

bir gün xəstəxanaya, anamın yanına gələndə atamın son 

şerlərini də gətirdim və oxumağa başladım. Anam, əlbəttə, bu 

şerlərin Rəsulun son əsərləri olduğunu, ölümündən sonra çapa 

verildiyini bilmirdi. Onunçün bu şerlər Rəsulun diriliyinin, təzə 

şerlər bitirdiyinin yeni bir təsdiqi idi. Ən qəribəsi odur ki, bu 

yalnız anam üçün deyil, mənim özümçün də beləydi. 

Ölümündən 15 gün sonra atam yenə  də bizimlə danışır, təzə 

yazılarını  həmişə olduğu kimi ailə müzakirəsinə verir, sanki 

bizdən flkir, rəy gözləyirdi. Kimə deyəcəydik fikrimizi, 

kiminlə bölüşəcəydik rəyimizi?  

Bir müddət sonra bu şerlər "Azərbaycan"da dərc olunacaqdı və 

Rəsul Rzanın son şerləri  minlərlə oxucuya çatacaqdı. 

Şairin şerləri çıxdıqca, oxunduqca, səsləndikcə, diri qaldıqca 


 171 

o özü də yaşayır. Və  hər təzə tapılmış, yeni aşkar olunmuş, 

bunacan naməlum qalıb indi üzə  çıxmış  şeriylə  mərhum  şair 

sanki dirilir, oyanır, canlıların arasına qayıdır, onlara hələ 

onların eşitmədikləri sözünü deyir.  

Bütün iradəmi toplayıb anama şer oxuyuram. Atamın son 

şerləridir bunlar. Yəqin ki, anamın da həyatda dinlədiyi son 

şerləridir. 



Səhərlərim açılır, 

–Könlüm açılmır nədən! 

Nəfəs alıb verdikcə 

Ömürdür keçib gedən. 

 

Sarı–sarı yarpaqlar 

budaqlarda titrəşir 

Onları yavaş–yavaş 

Yuyur yağış–mürdəşir. 

Bacılarım bunu biləndə  məni danlamağa başladılar: "Öz–

özünü niyə çarmıxa çəkirsən axı?" 

Bəs məgər indi, bax, elə indi, bu yazımı yazarkən, bu 

yazının içində yaşayarkən mən eyniylə  həmin cür hərəkət 

etmirəmmi – özümü çarmıxa çəkmirəmmi? 

Şübhələr içimi gəmirir – bu yazımın mənası, qayəsi nədir? 

Ağır, acı günlərimizin müfəssəl təsviri – dərdin dadını, təmini 

damağında saxlamaq istəyindən doğur bəlkə? Kim bilir. Bəlkə 

də belədir. 

Gecələr  şübhələrin təzyiqi lap dözülməz olur. Yuxu, 

yarımyuxu, oyaqlıq bir-birinə sarmaşır, bir-birinə qovuşur, 

bulaşıb qarışır, onların sərhədləri solub, silinib itir və özün də 

aydın dərk edə bilmirsən oyaqmısan, yuxulumu – özün-özünü 

məhşər ayağına çəkirsən: dərdi  əzizləmək, bəsləmək, 

nazlandırmaq, dərdi bəzəməkdir sənin bu yazın, vəssalam. 

Bilirəm, həyatında itkilərin də olub, ağrıların, həsrətlərin, 

peşmanlığın da. Amma bunların heç biri həqiqi böyük dərd 

deyilmiş.  İndi bəxtinə  əsl dərd düşüb – başqalarının bəxtinə 

səadət düşən kimi. 



 172 

... və  sən də bu dərdi, bu müsibəti içində saxlamaq, 

dibinəcən yaşamaq, dərk etmək, anlamaq, araşdırmaq 

istəyirsən... Axı 

dərd həyatın 

ən böyük, əzəli 

gerçəkliklərindəndir və onu bütün dərinliyiylə, çalarlarıyla 

duymadan, mənimsəmədən, içəridən yaşamadan –"insana 

vaqifəm", "dünyayla tanışam", "hətta özümə  bələdəm" – 

deməyə də haqqımız yoxdur. 

Əgər belədirsə, sənin bu araşdırmaların, öyrənmələrin 

əxlaqa, vicdana nə  dərəcədə uyğundur? Qələmini qırmaq, 

yazdıqlarını yandırmaq, o günlərin təfərrüatını beynindən, 

yaddaşından silib atmaq daha namuslu iş deyilmi? 

Yuxudadırmı bu suallar, oyaqlıqdadırmı? 

Bəs cavabı hardan doğur – yuxumun qaranlıq üfüqündənmi, 

oyaq şüurun dolaşıq lağımlarından, çıxışsız labirintlərindənmi? 

– Yox, – deyirəm, – qələmi sındırmaq, yazdıqlarımı yandırmaq 

namərdlik olardı. Yaddaşdan qaçmaq – qorxaqlıq, acizlikdir. 

Yaddaşda saxladıqlarını kağızda həkk etməmək də xəyanətdir. 

Onlara xəyanətdir. Onların həyatları  sənə  məxsus olmadıqları 

kimi, ölümləri də  tək sənin deyil. Onların ömürləri, 

yaradıcılıqları,  şəxsiyyətləri kimi ölümləri də müasir mənəvi 

həyatımızın faktıdır və faktları bütün dəqiqliyiylə bilib, 

bildiyini gizlətmədən, ört-basdır etmədən, tərsinə çevirmədən 

dəftərə salmaq – mənim yalnız oğulluq borcum deyil, 

vətəndaşlıq vəzifəmdir. 

Amma axı kimin qarşısındadır bu borc, bu vəzifə? Əgər bütün 

mətləblər İçəri dünyamızda cəmlənibsə, deməli, bütün bildiklərim, 

gördüklərim, duyduqlarım da elə öz içimdə qalmalıdır, ordan axıb 

getməlidir-gözəgörünməz yeraltı çaylar kimi... 

Əgər bizim fərdi  İçəri dünyamızın və insanlığın ümumi 

böyük dünyasının fövqündə nəsə, ya kimsə varsa – o zaman bu 

Kim, ya Nə – dünyanın altını da, üstünü də, insanın çölünü də, 

içini də hamıdan artıq, hər  şeydən dəqiq bilir. Və  mənim 

gördüklərimi, bildiklərimi də mənim özümdən yaxşı, özümdən 

səhih bilir. Çünki mənim bilə bilmədiklərimi də bilir, görə 


 173 

bilmədiklərimi də görür. Mənə  qədər olanlardan və  məndən 

sonra olacaqlardan da xəbərdardır. 

Amma axı bir iş  də var: bilmədiklərini bilməmək də 

bilməyin xüsusi bir şəklidir, səndən  əvvəli və  səndən sonranı 

görməmək – xüsusi bir görüm nöqtəsidir... Və odur ki, bu 

bilimsizlikdən doğan duyğuların, fikirlərin, qənaətlərin yerini 

heç bir hər şeydən agahlıq, hər sirrə vaqiflik verə bilmir. 

...və mən yenə də yazımı davam etdirmək qərarına gəlirəm... 

Bir də ki... Bir də ki, bu yazı  mənim elə  dəruni ruhi 

ehtiyacımdan doğulur ki, onu bitirmədən, heç bir yaradıcılıq 

asudəliyi, təxəyyül azadlığı duya bilmərəm. 

Doğrudur, bu yazını işlədiyim vaxt ərzində fikrim, qələmim 

çox o yan-bu yana yayınıb, yolundan sapıb, hədəfdən çovuyub. 

Amma ayrı  nə yazıramsa, nədən yazıramsa yazım – iki ildir 

mən yalnız bu kitabın içindəyəm. Daha doğrusu, bu dəftərin. 

Bu dəftər – kitab olacaqmı, olmayacaqmı, bilmirəm! Kim bilir! 

Hər halda mən onun içindəyəm. Mən onun içinə  məhrəm 

olmuşam, isnişmişəm. Doğma evinin içini duymaq kimi bir 

hissdir bu hiss. Bütün başqa yazılar özgə yerlərə səfərlərindir, 

yad mehmanxana nömrələrində yaşadığın günlərdir. O 

məqamlar, o mənzillərdir ki, oradan bir gün mütləq geri 

qayıdacağına əminsən. 

Geri, yəni ora ki, orda səni doğma evin – doğma yazın, 

doğma kitabın gözləyir. 

Kitabın – sənin evindir. 

Mənim... evim – mənim kitabımdır. 

Ev-kitab. Kitab evi. 

Bir gənc şairin şerində atamgilin mənzilləri haqqında deyilir 

ki, Rəsul Rzayla Nigar Rəfibəyli kitabların üstündə 

yaşayırdılar. Doğrudan da, belədir – evləri Kitab passajının 

üstündə üçüncü mərtəbədə yerləşir. 

Qəribə anlayışdır Ev. İnsanlarsız, sakinlərsiz, canlı 

danışıqlar, nəfəslər, addım səsləri olmayan ev nədir? Dörd 

divar, tavan və döşəmə arasında boşluq... 


 174 

Bununla belə  həmin günlər onların onlarsız Evi – divarlar, 

qapılar, pəncərələr, tablolar, kitablar, stol, stullar – özləri-

özlüyündə mənimçün ilıq, doğma, diri varlıqdılar. Bacılarım da 

deyirdilər ki, gün ərzində iş yerlərində, öz evlərində onları bu 

ev – atamla-anamın mənzili ahənrüba kimi çəkir, çağırır. 

Bir dəfə  qəribə ifadə  eşitdim. "Filankəs, çox yapışıqlı 

adamdır, üzündə bir "gəlbərisi" varU. 

Evin də gəlbərisi olurmuş. 

Min bağlı-bağlı anımlar var bu evdə – su kranının yaxşı 

bağlanmamasından tutmuş qarşı evin pəncərə  pərdələrinəcən. 

Həyət tərəfdən qalxmış çinarın xışıltısından rəflərdəki kitablara 

kimi – uzaq illərimizin mütaliə aləminəcən... Onların əlləriylə 

yazılmış  hər kiçik kağız parçasından tutmuş – altmış ili əhatə 

edən fotolara qədər... 

Onları tanıyan  əşyalarla təmas bizimçün onların dostlarıyla 

ünsiyyət qədər vacibdir – son ayrılığımızın möhlətini, 

mənzilini uzaqlaşdıran yeganə vasitə indi budur. 

Ancaq bizi bu evə çağıran, çəkən, cəlb edən bir səbəb də var 

– qeyri-şüuru aldanışdır bu. Məsələ ondadır ki, onlar çox vədə 

bu evdə olmurdular əvvəllər tez-tez səfərlərə  çıxırdılar, uzun 

müddət Göyçayda, Buzovnada, son illər isə Bakı və Mərdəkan 

xəstəxanalarında yaşayırdılar. Ev isə dururdu, kirimişcə onları 

gözləyirdi... 

…bir anlığa gerçəklikdən imtina edəndə, həqiqətdən 

yayınanda illüziya yaranır – adama elə  gəlir ki, biz bura evi 

onların qayıtmasına hazırlamaq üçün toplaşmışıq – tozu 

silmək, sobanı qalamaq, çayniki piltənin üstünə qoymaq 

lazımdır. 

Onlar da bu saatca gələcəklər. 

İndicə, bax, indicə çaynik qaynayacaq, qapının zəngi 

çalınacaq... İndicə, indicə... 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin