Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3.02 Mb.
Pdf просмотр
səhifə4/49
tarix24.01.2017
ölçüsü3.02 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   49

 

*** 

1973-cü ilin sentyabrında atamla bir yerdə Moskvaya 

Nəsimi yubileyinə getdik. 

Bu illər ailəmiz üçün çətin vaxtlar idi – bizə çox əziz olan üç 

adam – atamın  əmisinin və xalasının oğlu Niyazi 

Məmmədxanlı, Fidanın qaynatası Süleyman Vəzirov və atamın 

o zaman həyatda olan dostlarından  ən yaxını  Cəfər Cəfərov 

ağır, ümidsiz xəstə idilər. 

Ənvər Məmmədxanlının kiçik qardaşı Niyazinin başı çox 

bəlalar çəkmişdi. Davanın ilk günlərindən - 26 yaşındaykən 



 64 

cəbhəyə getmiş, Sevastopolun odundan-alovundan keçmiş, əsir 

düşmüş, faşist zindanlarında olmazın əzab-əziyyətlər çəkmişdi. 

Bir dəfə mənə: "Aclığın bütün növlərinə bələd oldum, – dedi, – 

ən ağır şəkli dilinə bir qırıq çörək vurub ac qalmaqdır, amma ac 

qalmaq ondan asandır". Müharibə illərində evlərinə qara kağızı 

gəlmişdi, yasını saxlamışdılar. Qələbədən sonra qayıtdı, bir 

neçə ay ailəsinə qovuşandan sonra Sibirə sürgün edildi. Stalin 

dövrü qurtarandan sonra Bakıya qayıtdı, öz ixtisası üzrə – neft 

mühəndisi işlədi. Subay idi, evlənmədi də... Binədən qara 

yazılmış  bəxti ömür möhlətini çox qısa müəyyənləşdiribmiş. 

Diaqnozu qəti və amansız idi. 

Təqribən həmin vaxtlarda əlacsız xəstəlik Süleyman 

Vəzirovun da, Cəfər Cəfərovun da hökmünü vermişdi. 

Cəfər Cəfərov bir neçə il Mərkəzi Komitənin katibi 

işlədikdən sonra 1971-ci ildə  vəzifəsindən azad edilmişdi. O, 

işdən çıxarıldıqdan sonra tez-tez evlərinə gedərdim, uzun-uzun 

söhbətlər edərdik. Bir dəfə dedi: "Ömrüm boyu başıma çox 

işlər gəlib, amma heç vaxt indiki kimi bədbinləşməmişəm. 

Yəqin ki, bu yaş xüsusiyyətimlə  əlaqədardır.  Əvvəllər belə 

sarsıntılardan sonra dərhal özümü toplayırdım, çalışmaq, 

işləmək əzmim qat–qat artırdı, bilirdim ki, bir müddət keçəcək 

yenə  fəal ictimai mövqe tutacam. Amma bu səfər heç bir 

ümidim yoxdur"... 

C.Cəfərov işləri təzə  təyin olunmuş katibə  təhvil verəndə 

D.P.Quliyev: "Cəfər müəllim, o qədər təriflədiniz məni ki, 

gətirib sizin yerinizə qoydular," – deyib. 

Danil Piriyeviç Quliyevin ideoloji işlər üzrə katib təyin 

olunmasıyla bir çox məsələlər dəyişdi. Ensiklopediyaya və 

"Qobustan"a hücumlar başladı. 

"Qobustan"a, yaxud mənə qarşı hücumlar "Kommunist" 

qəzetindən "Kirpi" jurnalınacan müxtəlif mətbuat səhifələrini 

bəzəyirdilər. Müxtəlif müşavirələrdəki çıxışları, başqa "şifahi 

janrları" hələ demirəm. 

Budur, D.P.Quliyev yoldaşın kabinetindəyik. Məni və iki 


 65 

nəfər görkəmli filosof-alimi çağırıb. "Qobustan"ın təzə-köhnə 

nömrələrini onların qabağına qoyub, onların mötəbər rəyini 

soruşur. 

Alimlərdən biri başını tutub: 

–Vay, vay, vay, Danil Piriyeviç, bir görün burda nə yazıblar, 

– deyir, – yazıblar ki, Şuşada Pənah xana abidə qoymaq 

lazımdır. 

D.Quliyev: 

–Yox  əşi, – deyir, – yoldaş Anar, bəs siz buna necə yol 

vermisiniz? 

–Moskvada bu şəhərin  əsasını qoyan knyaz Yuri 

Dolqorukinin, Leninqradda Peterburqun əsasını qoyan çar 

Pyotrun, Tbilisidə Tiflisin əsasını qoyan Vaxtanq Qorqasilinin 

abidələri var, – deyirəm, – Şuşada bu şəhərin binəsini qoyan 

Pənah xana heykəl ucaltmaq təklifində nə qəbahət var ki? 

İkinci adam: 

–Danil Piriyeviç, özü də görün bu təklifi kim verir? Elturan! 

–Elturan kimdir ki? 

–Bilmirəm kimdir, amma bu adamın adı Elturandır. Elturan 

bilirsiniz də  nə deməkdir: yəni Turan eli – pantürkistlərin 

xülyası… 

D.Quliyev məzəmmətlə başını bulayır, mənə baxır. 

–Axı, mən bu adama necə deyim ki, adını  dəyişsin? – 

deyirəm. 

On il sonra, 1982-ci ildə H.Ə.Əliyev yoldaşla birlikdə 

Şuşada Vaqifin məqbərəsinin açılışına gedənlər arasında mən 

də vardım. Qonaqları  şəhərin mədəniyyət abidələriylə tanış 

edirdilər. Qədim qala divarları üzərində  Pənah xanın  şəkli 

çəkilmişdi. "Qobustan"ın on il əvvəl verdiyi təklif həyata 

keçmişdi, düzdü başqa janrda, heykəl yox, şəkil (əfsus ki, 

bayağı və zövqsüz şəkil) janrında. Onu da deyim ki, qonaqlara 

izahat verən həmin o memar Elturan Avalov idi – adını dəyişib 

eləməmişdi. Onu da deyim ki, D.P.Quliyev çoxdandı ki, katib 

deyildi... 


 66 

O vaxt katibin kabinetində isə filosof-alimlərin rəyləri 

diqqətlə dinlənilir və tam ciddiyyətlə qəbul edilirdi. Hər yerdə, 

hər sözdə "pantürkizm" axtarırdılar. "Qobustan"ın üz 

qabığındakı "toplu" sözündən, ensiklopediyada bu ya digər 

istilaha verilən işarələrin sayına qədər. Anamın bu zamanlar 

çıxmış Türkiyə haqqında yol xatirələri də ailəmizin 

"türkpərəstliyinə" yeni bir "sübut" olmuşdu. Yalnız "türkçülük" 

yox, başqa günahlarımız da damğalanırdı. 

Aktyor evində jurnalistlərin qurultayı çağırılmışdı. Mən 

gecikmişdim, özüm eşitmədim, amma dərhal qulağıma 

çatdırdılar ki, D.Quliyev çıxışında səni möhkəm vurdu. Məsələ 

ondaydı ki, bir neçə gün qabaq mənim "Literaturnaya 

qazeta"da məqaləm çıxmışdı. Tənqidimizə aid bəzi 

mülahizələrimi yazmışdım. 

D.Quliyev çıxışında bu məqalədən danışmış, qurultaya 

Moskvadan qonaq gəlmiş  məşhur jurnalist V.Peskova 

müraciətlə: "Ümumiyyətlə  mərkəzi mətbuatda Anarı çox çap 

edirlər, – demişdi, – xahiş edirik ora bizim fikrimizi çatdırın ki, 

az çap etsinlər". 

Səhərisi gün mən telefon edib D.Quliyevin qəbuluna getdim. 

–Mənim məqaləmdə  nə  səhv var ki, siz onu qurultay 

kürsüsündən rüsvay edirsiniz? – dedim. 

D.Quliyev: 

–Doğrusu, sənin məqaləni oxumamışdım, – dedi, – mənə 

çox pis qələmə vermişdilər. Bu gün oxudum, axı nə varmış ki, 

orada belə... 

Buna baxmayaraq "Literaturnaya qazeta" üç nömrə dalbadal 

mənim yanlış fikirlərimi təkzib edən yazılar verdi – bu adi bir 

məqaləyə görünməmiş diqqət deməkdi. Yazılardan biri – 

Əkbər Ağayevin məqaləsi mənə cavab olaraq, xüsusi göstərişlə 

təşkil olunmuşdu. Yanılmıramsa bu Əkbər Ağayevin 

"Literaturnaya qazeta" səhifələrində  dərc olunmuş ilk və  hələ 

ki, axırıncı yazısıdır. 



*** 

 67 

1972-ci il martın 6-da Natəvan klubunda tənqid 

məsələlərinə  həsr olunmuş müşavirə çağırılmışdı. Məruzəçi 

atamın şerlərini tənqid edirdi, ürəyini boşaldıb doyanda mənim 

yazılarıma keçir, onları alt-üst edirdi, deyib-deyib yorulanda 

yenə qayıdırdı atamın nöqsanlarına. 

Ürəyim səksəkəliydi, elə bil iynə üstə oturmuşdum. 

Məruzəçinin bəlağətinə görə yox, ayrı  səbəbdən. Başqa 

şeydəndi nigarançılığım! 

Budur, foyeyə telefona çağırırlar. Evdən zəng vurublar, 

sevincək səslə: "Təbrik edirik, qızın oldu", – deyirlər.  

Salona qayıdıram, atamın qulağına: "bir  qız nəvən də oldu" 

– deyirəm. 

Qucaqlaşıb öpüşürük. Salondakılar mat-mat bizə baxır. 

Məruzəçi də bir an susub duruxur, udqunur. Görəsən onun 

sıyrılmış tənqid qılıncının altında mən nə fənd işlətmişəm, hara 

yol tapmışam, kimdən və hardan şad xəbər gətirmişəm. Bu nə 

xəbərdir belə ki, iclasın  şıdırğı yerində ata-bala öpüşüb 

görüşürük:  

Məsələdən agah olan Bayram Bayramov: 

–Elə bu da məruzəyə cavab idi, – deyir, – ölü fikirlərə, ölü 

sözlərə həyatın verdiyi cavab. 

Axşam evdə anam:  

–Gərək bu qızın adını Tənqidə qoyaq, – dedi, – yaman top-

tüfəngli iclas günü gəlib dünyaya. 

Qızın adını Tənqidə yox, Günel qoyduq.  



*** 

Bir geniş iclas yadıma düşür.  İdeoloji məsələlərə  həsr 

olunub, partiya və  mətbuat işçiləri, yaradıcılıq təşkilatlarının, 

nazirliklərin nümayəndələri, alimlər, yazıçılar toplaşıb, 

D.Quliyev çıxış edir. Sov. İKP MK-da keçirilmiş müşavirə 

haqqında məlumat verir. Gürcüstan KP MK-nın işində 

millətçilik təzahürləri kəskin tənqid edildi. Bizim ideoloji 

işlərimizdə beynəlmiləlçilik təqdir olundu. Gürcüstanın ideoloji 

katibinin çıxışı yaxşı  təsir bağışlamadı. O, öz işlərinə  bəraət 


 68 

qazandırmağa çalışırdı, sübut etmək istəyirdi ki, Gürcüstanda 

heç bir millətçilik təzahürü-flan yoxdur. Mən isə özünütənqid 

mövqeyindən çıxış elədim. Dedim doğrudur, bizim 

beynəlmiləlçilik sahəsində 

işimiz burda yüksək 

qiymətləndirildi, amma bu o demək deyil ki, biz özümüz öz 

nöqsanlarımızı görmürük. Bizdə  də müəyyən belə  təzahürlər 

var, məsələn, "Qobustan" jurnalının işində. Yoldaşlar: – yəni 

siz "Qobustan"ın redaktorunu ipə-sapa yatırda bilmirsiniz? – 

dedilər. (Çıxış rus dilindəydi odur ki, bu son ifadəni dəqiq 

gətirmək istəyirəm: neujeli vı ne mojete obuzdatğ redaktora 

"Qobustana?") 

İclasdan birbaşa D.Quliyevin kabinetinə getdim. 

–Sizə deyirlər ki, məni "obuzdatğ" eləmək lazımdır. Necə 

aydır ki, işdən azad olunmağım haqda ərizə vermişəm. Bu 

ərizəyə haçan baxacaqsınız? 

–Yəni doğrudan getmək istəyirsən? 

–Lap doğrudan. 

–Niyə? 


*** 

Bir səhər məni telefon zəngi oyatdı. D.Quliyevin yanına 

çağırırdılar. Rəssam Toğrul Sadıqzadəni tapıb onu da özümlə 

gətirməliydim. "Qobustan"ın üz qabığında T.Sadıqzadənin bir 

tablosunu vermişdik. Tabloda Nərimanov, Kirov, Orconikidze 

və Mikoyan təsvir olunmuşdu. Bizi də  məhz elə bu məsələyə 

görə çağırırdılar. 

MK-nın liftində Toğrul Sadıqzadə: 

–Kimin yanına çağırıblar bizi? – deyə xəbər aldı. 

–İdeoloji katib Danil Quliyevin yanına. 

– Bəs katib Cəfərov deyil? 

Məni gülmək tutur; Cəfərov artıq neçə vaxtdı katiblikdən 

çıxarılıb. Rəssamlar bəzən dünyadan bixəbər olurlar. Nə isə... 

Bütün bu mərəkəyə səbəb nə idi? Sən demə, kiminsə ağlına 

gəlib ki, şəkildə Nərimanov Kirova, Orconikidzeyə, Mikoyana 

görə ön planda verilib. Bu isə kobud siyasi səhvdir. 



 69 

–Axı o ön planda deyil, bir balaca çiyni qabağa çıxıb, – 

deyirəm. 

–Kobud siyasi səhvdir. 

–Şəkil İçəri şəhərin küçəsini təsvir edir, Nərimanov yerlidir, 

yerli adam, şübhəsiz, qabağa keçib bələdçilik etməlidir, – 

deyirəm. Məntiqimin absurdu vəziyyətin absurdundan doğur. 

–Ciddi siyasi səhvdir. 

Toğrul Sadıqzadə: 

–Mən bu şəkli tarixi fotolar əsasında çəkmişəm, – deyir. – 

Bax bu da fotolar. Görürsünüz burda da Nərimanov bir az 

qabaqda dayanıb. 

–Kobud səhvdir. 

–Bu  şəkil Bakıda və Moskvada sərgilərdə olub. 

"Qobustan"dan qabaq "Kommunist" qəzetində qat–qat daha 

böyük tirajla çap edilib. 

Eyni cavab.  

Toğrul Sadıqzadə: 

–Bu lap ona oxşayır ki, – deyir, – bir rəssamı incidirlərmiş, 

sən nöş cücələri bikef çəkmisən? 

Məni gülmək tutur. D.Quliyevin dodağı da qaçmır. 

"Qobustan"ı göstərib: 

–37-ci ildə sizə (yəni mənə – redaktora və Sadıqzadəyə – 

rəssama) bilirsiz neylərdilər? Tutub basardılar! 

Toğrul yaxşı cavab verir, xoşuma gəlir: 

–Narahat olmayın, – deyir, – tutulanımız da olub (Toğrul 

Sadıqzadənin atası Seyid Hüseyn və anası  şairə Ummigülsüm 

şəxsiyyətə pərəstiş dövrünün gedib qayıtmayanlarındandır). 

–Bir söz, bu üz qabığını dəyişmək lazımdır. 

–Mən bunu edə bilmərəm,– deyirəm, – tiraj çap olunub. 

–Mən sizə göstəriş verirəm. 

–Onda yazılı surətdə verin,– deyirəm. – Şifahi göstərişlə 

mən belə  iş edə bilmərəm. Mən mətbəədə  fəhlələrə – 

naborşiklərə necə başa salım – nə səbəbə dörd nəfər görkəmli 

inqilabçının şəkli jurnaldan çıxarılır? 


 70 

Əlbəttə, heç bir yazılı göstəriş-filan olmadı, "Qobustan" 

beləcə  də  çıxdı  və heç kəsin ağlına gəlmədi ki, Nərimanovun 

çiyninin bir azacıq qabağa çıxması kobud siyasi səhvdir. 

Mən bütün bu söhbətləri, mükalimələri bir kəlmə artırıb 

əksiltmədən, olduğu kimi yazıram, amma belə nəticə çıxmasın 

ki, D.P.Quliyevi sırf mənfi səciyyələndirmək və ondan, necə 

deyərlər, gecikmiş hayıfımı çıxmaq istəyirəm. Mən də bilirəm 

ki, daldan atılan daş topuğa dəyər və mən heç kəsin ardınca daş 

atmaq fikrində deyiləm. Demək istədiklərimi, 

razılaşmadıqlarımı, etirazlarımı D.Quliyev iş başında olanda 

onun özünə demişdim. 

Bu qəmli yazıda belə söhbətlərin yeridirmi? Bilmirəm! Axı, 

hadisələr özü də indi mənə gülməli gəlir, o vaxtlarsa əsəb 

gərginliyi, qan qaraltısıydı. Amma mən bütün bunları çox da 

ürəyimə salmırdım. Cavan idim, səhhətim sağlam idi, həyata 

ümidim çox idi. O da mənə  təsəlli idi ki, keçmişlərdə  də, 

indinin özündə  də bir çox yazıçıların, redaktorların 

rastlaşdıqları böyük əziyyətlərin müqabilində mənim bu xırda-

para çətinliklərim boş bir şeydi. 

Bir də ki, nə  mənim  ərizəmə baxıb redaktorluqdan 

götürürdülər, nə  də "Qobustan" bağlanırdı (belə gümanlar da 

var idi). Hətta "toplu" sözünü də saxlaya bildik. 

Katib işləyərkən "Qobustan"ın yaranmasının və  mənim 

redaktor təyin edilməyimin təşəbbüskarı olmuş  Cəfər Cəfərov 

ölüm yatağında mənə dedi: 

–Hər halda "Qobustan" bütün sınaqlara davam gətirdi və 

qaldı. 


*** 

Amma ensiklopediyayla bağlı  məsələlər qat–qat mürəkkəb 

və daha dramatik idi. 

Şəksiz, mənim özümü atamla müqayisə etməyim gülməli 

çıxar, ancaq onu qeyd etmək istəyirəm ki, əgər "Qobustan"ın 

təşkili, yaxşı  çıxması üçün bütün səylərim təqdir olunmaq 

yerinə  tənələrlə qarşılanırdısa və bu mənə yer eləyirdisə, gör 


 71 

onda atam nə  çəkirmiş. Axı onun ensiklopediya kimi ağır bir 

işin yükünü öz üstünə götürməsi, həm də sinninin bu yaşında, 

səhhətinin bu vəziyyətində bütün canını bu yolda qoyması əsl 

fədakarlıq idi. Azərbaycan tarixində ensiklopediya nəşrinin heç 

bir təcrübəsi yox idi, bu işdə  nə  ənənə vardı, nə  səriştə, nə 

kadrlar. Dəqiq terminologiya, bir çox sahələrə aid istilahlar, 

coğrafi adların qəti təsdiqliyi ilə müəyyənliyi yox idi, hələ heç 

Azərbaycan dilinin tam izahlı lüğəti də  nəşr olunmamışdı. 

(Yəni elə indiyəcən bu lüğətin nəşri tamamlanmayıb – 4 

cilddən yalnız ikisi çıxıb). 

Coğrafi xəritələrə, tarix problemlərinə aid həll olunmamış 

mübahisəli məsələlər də az deyildi. Xalqın mənşəyi, dilinin 

yaranması, təşəkkülündən tutmuş adına qədər – bir çox 

problemlərə aid hər ağızdan bir səs gəlirdi. Tarixə, coğrafiyaya, 

mədəniyyətə, hətta məişətə aid bir çox hadisələrə, 

şəxsiyyətlərə, yerlərə, istilahlara qonşularımız ya şərik çıxır, ya 

etiraz edirdilər. 

Bütün bu mürəkkəb məsələləri məhz ensiklopediya 

cildlərində qəti və mötəbər şəkildə, partiyalılıq, vətənpərvərlik, 

beynəlmiləlçilik mövqeyindən həll etmək lazım idi. Baş 

redaktorun azərbaycanlı, kommunist, ziyalı və Xalq şairi adına 

layiq şəkildə həll etmək...  

Həm də bütün bunlar Azərbaycan ictimai həyatının spesifik 

xüsusiyyətləri  şəraitində  həll olunmalıydı. Ziyalılarımız 

arasında yuxarıda haqlarında bəhs etdiyim filosoflar kimiləri az 

deyildi. Ancaq filosof niyə – tarixçilər, dilçilər, yarımçıq şairlər 

arasında belələri tapılmazdı  məyər? Özü də bu irad küləkləri 

hər tərəfdən  əsirdi – sağdan da, soldan da, yuxarıdan da, 

aşağıdan da. Xəzrisi də vardı, giləvarı da, gicəvarı da... 

Hazırlanmış, yığılmış, cildlənmiş birinci cildin buraxılıb 

buraxılmaması haqqında rəy verən tarixçilərdən bəziləri kitabın 

çıxmasının qəti  əleyhinə olduğunu yazırdılar. Belə  rəylərdən 

biri və  həm də çox səciyyəvisi indi qarşımdadır. Müxtəlif 

məsələlərə irad tutan İqrar  Əliyevin  ən böyük etirazına səbəb 


 72 

"Azərbaycanlılar" məqaləsi idi: 

"Azərbaycanlılar" məqaləsində çoxlu məntiqsizliklər var. 

Müəllif nəyin bahasına olursa olsun, türkdilli qəbilələrin 

Qafqaz sahələrində olmalarının qədimliyini sübut etmək 

istəyir. Qeyd etməliyəm ki, neçə deyərlər, "türkpərəstlik" son 

vaxtlar bizim diletantlıq edən ziyalılarımızın bir qismi içində 

əsl azara çevrilib. Türkləri hər yanda axtarırlar... Skifləri türk 

elan edirlər. Qafqaz albanları arasında türkləri görmək 

istəyirlər və s. və i.a." 

Burada insaf və  ədalət naminə onu deməliyəm ki, erməni 

yazıçısı Sero Xanzadyanın Babəkin  şəxsiyyətilə  və atamın 

"Babək" şerilə əlaqədar olaraq föhş və böhtan dolu məktubuna 

(S.Xanzadyan bu məktubu Azərbaycan KP MK-ya və Sov. 

İKP-ya göndərərək Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı 

adı verilməsinə etirazını bildirirdi) tutarlı cavab verənlərdən 

biri də  İqrar  Əliyev idi. Təbii ki, onun cavabı atamla yox, 

Babəkin tarixdə yeri və roluyla bağlıydı. S.Xanzadyan Babəki 

cani, quldur, qaniçən, uşaq  əti yeyən qatil adlandırır, onun 

haqqında Azərbaycanda film çəkilməsi, adına rayon qoyulması 

münasibətilə  qəzəblənirdi. Tarixi məxəzlər  əsasında Babəkin 

şəxsiyyətinə qiymət verən  İ.Əliyev cavabında yazırdı: "Rəsul 

Rzanın Səhl ibn Sumbat haqqında dediklərini Xanzadyan 

xunveybin ifadələri adlandırır. Bu xalis fitnəkarlıqdır... Rəsul 

Rza "Babək"  şerində tamamilə haqlı olaraq Səhlin adını 

həqarətlə  çəkir və onu xain məxluq sayır. Xanzadyanın "öz 

knyazı" üçün inciməsinin heç bir əsası yoxdur. Əgər Rəsul Rza 

xain və satqın Səhl ibn Sumbatı damğalayırsa, bunun erməni 

xalqına nə  dəxli var? Gərək büsbütün vicdanını itirəsən ki, 

Rəsul Rzanın Səhl ibn Sumbata aid olan sözlərini ermənilərə, 

erməni xalqına şamil edəsən. Odur ki, biz Xanzadyanın "Rəsul 

Rza "Babək" kimi şerləriylə Lenin milli siyasətinin ruhunu 

ləkələyir, həm də birbaşa SSRİ Konstitusiyasını pozur, erməni 

xalqının tarixini, erməniləri təhqir edir" kimi ittihamlarını yerli-

dibli rədd edirik… 


 73 

Biz Xanzadyanın Rəsul Rzanın tarixi təhrif etməsi haqqında 

iddialarını da rədd edirik. Rəsul Rza tarixi təhrif etmir, 

Xanzadyan Azərbaycan xalqının tarixinə böhtan atır... Bütün 

dediklərimizi əsas tutaraq Rəsul Rzayla bərabər biz də Babəki 

tam haqla qəhrəman adlandırır və  şairin Babəkə aid sözlərini 

qürurla təkrar edirik: "İnsan var ki, işlərilə böyüyür". (İqrar 

Əliyevin rusca yazılmış  məktubunun surəti mənim 

arxivimdədir – A.) 

Sero Xanzadyanın başdan-başa iftiralar və  təhqirlərlə dolu 

bədnam məktubuna "Babək" filminin ssenari müəllifi  Ənvər 

Məmmədxanlı da kəskin cavab yazmışdı: "S.Xanzadyanın 

qəhrəman Babəki ləkələmək və qaralamaq cəhdi – hər han  sı 

məsuliyyət hissini itirmiş bir millətçinin növbəti fitnəkarlığıdır" 

(sentyabr, 1980). 

"Türkpərəstliyi" bilmirəm, amma ensiklopediyaya daş 

atmaq – daş atanın gücündən, iqtidarından asılı olaraq iri, ya 

xırda daşlar atmaq, – doğrudan da, bəzi tarixçilər, filosoflar, 

dilçilər, yazıçı – şairlər arasında azara çevrilmişdi. 

Ensiklopediyanı kökündən baltalamaq, heç vəchlə  işıq üzünə 

çıxmağa qoymamaq üçün mötəbər ziyalılarla yanaşı, həvəskar 

rəyçilər, öz şəxsi təşəbbüsüylə  pəl vurmaq istəyənlər də 

canfəşanlıq edirdilər. Çox təəssüf ki, indi bütün bu son dərəcə 

səciyyəvi sənədlər  əlimdə yoxdur. Belə  rəylərdən, 

məktublardan, danoslardan ensiklopediyanın bir cildi həcmində 

qalın bir kitab tərtib etmək olardı. Kim bilir, bəlkə haçansa belə 

bir kitab, doğrudan da, tərtib olunacaq. Bir sıra ziyalıların 

adlarını tarixə salacaq belə kitabı oxumaq nəyə desən dəyər... 

Ən kəskin mübahisələr "azəri" terminiylə bağlıydı. Bəzi 

rəyçilər "azəri xalqı", "azəri dili", "azərilər" və s. ifadələrinin, 

bir sözlə, "azəri" termininin işlədilməsinə etiraz edirdilər. Bu 

qəbildən olan iradlara cavab olaraq Rəsul Rza Mərkəzi 

Komitəyə göndərdiyi məktubda (çünki iradlar da məhz 

Mərkəzi Komitəyə göndərilirdi) qeyd edirdi: 



"Azəri" məfhumunun işlədilməsi ensiklopediyanın nəşrindən 

 74 

çox əvvələ, hətta keçən əsrə aiddir. "Azəri" termininin elmi və 

praktik baxımdan "azərbaycanlı" məfhumuna nisbətən daha 

düzgün və münasib olması haqqında fikrimizi hələ maket 

çapdan çıxmamış MK-ya etdiyimiz arayışda bildirmişik;. 

Respublikamızda dilçiliyə dair ədəbiyyatda xalqımız və 

dilimizlə  əlaqədar "azəri" məfhumu işlənir. "Azəri" termini 

elmi  ədəbiyyatdan başqa mətbuatda, radio və televiziya 

verilişlərində  də çoxdan geniş  işlədilir. Xalqımızın yaşadığı 

ölkənin "Azərbaycan"ın adında da "azər" sözü var. Bu söz 

"atar", "atər" və b. formalarda ölkəmizin adı ilə  əlaqədar  ən 

qədim zamanlardan indiyə  qədər işlədilir. Dilçi alimlərimizin 

"azəri" termini əleyhinə nəinki bir monoqrafiyasına, hətta belə 

sanballı bir elmi məqaləsinə də rast gəlməmişik. 

Bununla belə ensiklopediyanın Baş redaksiyası "azəri" 

termini ilə  əlaqədar respublikanın görkəmli tarixçilərinin iki 

gün davam edən müşavirəsini keçirmişdir. ("Azəri" 

məfhumundan narazı olduğunu nəzərə alaraq E.Əlibəyzadəni 

də müzakirəyə dəvət etmişdik). Müşavirənin iştirakçıları (hətta 

əvvəl "azəri" məfhumuna çox kəskin etiraz edən mərhum prof. 

M.Şərifli də) "azəri" termininin elmi olduğunu təsdiq etdilər. 

E.Əlibəyzadə mövqeyində qaldı. Bütün bunları bir kənara 

qoyaq. Ola bilsin ki, E.Əlbəyzadə sadəcə olaraq öz 

"mövqeyindən" çəkilmək istəmir. Bu o qədər təəccüblü deyil. 

Təəccüblü budur ki, o, "azəri" termininin fars mənşəliliyini 

sübut etmək üçün İran hökumətinin hakim fars millətçiliyi 

siyasətinin məddahı  və bunu elmi şəkildə  əsaslandırmağa 

çalışanlardan biri olan İran tarixçisi Əhməd Kəsrəviyə isnad 

edir. Məgər Kəsrəvi "azəri" terminini başqa cür izah edərmi? 

Nə üçün biz Kəsrəvinin yolu ilə gedib, onun Azərbaycanın ta 

qədimdən irandilli xalqların ölkəsi olması, burada irandilli 

azərilərin yaşaması haqqında bədnam iddiasını  qəbul 

etməliyik?" (Məktubun surəti Rəsul Rzanın arxivindədir – A.). 

Atamın "azəri" terminini belə israrlı təkid etməsinin səbəbi 

xalqımızın adının yerli adı kimi deyil, millət adı kimi təsdiq 


 75 

olunması idi. Çünki "azərbaycanlı", yəni Azərbaycanda 

yaşayan rus da ola bilər, ləzgi də... Ermənistanlı ruslar, 

Gürcüstanlı ermənilər olan kimi, Özbəkistanlı taciklər, 

Tacikistanlı özbəklər, Türkmənistanlı qazaxlar, Qazaxıstanlı 

qırğızlar, Qırğızıstanlı tatarlar, Tatarıstanlı başqırdlar, 

Başqırdıstanlı çuvaşlar və s. olan kimi.  

Ancaq erməni – yalnız erməni, gürcü – yalnız gürcü, rusca – 

yalnız rus, özbək – yalnız özbəkdir. Türkmən, qazax, qırğız, 

tacik, tatar, başqırd, çuvaş və s. də elə. Azəri də ancaq azərilər 

ola bilərdi. Ola bilərdi, olmadı. Qoymadılar. 

Yadımdadır, "azəri" sözünün damğalanıb aradan 

götürüldüyü günlərdə Moskvadan Böyük Sovet 

Ensiklopediyasının cildi gəldi bizə. Atamın təşəbbüsü, səyiylə 

burada millətimizin adı "Azərbaycanlı, azəri" kimi getmişdi. 

Yadımdadır, Mərdəkanda xəstəxanada yatırdı. Həmin cildi ora, 

xəstəxanaya apardım. Necə  də  uşaq kimi sevinirdi, ilahi! Elə 

bil dünyanı ona bağışlamışdın. Fərəhindən sanki azar-bezarını 

da unutmuşdu. 

Ensiklopediyanı isə  hər tərəfdən didib-tökürdülər, belə 

çətinliklə qurulmuş binanı (yeri gəlmişkən deyim ki, sözün 

hərfi mənasında da ensiklopediya binasının tikilməsi də, 

binanın qarşısında H.Zərdabinin abidəsinin ucaldılması da 

atamın xidmətidir, amma onun gücünə ucalmış binada işləmək 

yerinə  gələnlərə qismət oldu) daş-daş, kərpic-kərpic sökməyə, 

dağıtmağa çalışırdılar. Ensiklopediyaya dəyən zərbələr atamın 

qəlbinə, səhhətinə, ömrünə vurulan zərbələr idi... 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   49


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə