Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

*** 

Hər cümə axşamı Bakıya gəlirdim, hər dəfə  də 

bizimkilərdən kimsə mənimlə Şuşaya gəlirdi. 

Bir həftə, dediyim kimi, Fidangil Şuşada qaldılar, bir həftə 

Zemfirayla Günel, bir həftə Ənvər Məmmədxanlı... 

Toğrul Nərimanbəyov da bu müddətdə Şuşada idi – Mərkəzi 

televiziya onun haqqında film çəkirdi. 

85 yaşlı Nəsir bəy Cavanşir həmişəki kimi bu yay da Şuşada 

dincəlirdi, bizi evinə  dəvət etdi, konyak içir, ötən günlərdən 

şirin xatirələr danışırdı. Hər yerdə  şuşalılar mənə qayğı  və 

diqqət göstərirdilər. Üzeyir haqqında film çəkdiyimə görə  də, 

itkilərimdən xəbərdar olduqlarına görə  də... Bütün bunlar 

mənimçün o günlər çox vacib idi. Həm də bu xalqımın  ən 

gözəl, ən vacib cəhətlərinin – həssaslığının, zərifliyinin ifadəsi 

idi... 

Zemfirayla Günel Şuşada olan günlər bir axşam gəzintiyə 



çıxmışdıq, yolumuz istirahət evinin ərazisinə düşdü.  Şuşada axır 

illər dəfələrlə olmuşam, amma 1952-ci ildən bəri, yəni otuz il 



 251 

ərzində nə səbəbdənsə heç yolum istirahət evinə düşməyib. 

1952-ci ildə hamımız – atam, anam, bacılarım – burda 

dincəlirdik.  İndi otuz ildən sonra qeyri-ixtiyari o uzaq illərə 

qayıtdım. Çoxdan saralıb-solmuş xatirələr elə bil birdən-birə 

dirçəldilər, oyandılar, püskürdülər, qurd olub yedilər məni...  

Bax, bu evdə qalırdıq, bu cığırla yeməkxanaya gedirdik. 

Bura kitabxana idi, həm də kinozal. Axşamlar bu ağacların 

altında oturardıq. 

Atam bax burda nərd atardı. Mən o dərədə tay-tuşlarımla futbol 

oynayırdım. O vaxt Şuşada yaman darıxırdım, ürəyim Bakıya 

tələsirdi. Doqquz yaşlı Fidan da darıxırdı. Təranəyə hələ darıxmaq 

tezdi – dörd yaşındaydı. Atam Fidanla mənim başımı qatmaq üçün 

təklif elədi ki, yol qeydlərimizi yazaq, Şuşada gördüklərimizi 

qələmə alaq. Yadımda deyil Fidan yazdı, ya yox, amma mən 

yazmağa başladım. Yol qeydləri və  Şuşa haqqında deyil... 

Amerika həyatından bir pyes yazdım. 

Bir axşam, bax, həmin o evin eyvanında yazıb qurtardığım 

pyesi bizimkilərə oxudum. Təbii ki, pyes zəif və bekara bir şey 

idi, amma atam onda nə isə görmüşdü. Oxuyub qurtaranda 

onun göy gözləri parlayırdı. 

–Heç nə, – dedi, bilmirəm sevinclə dedi bunu, ya təəssüflə. 

– Sən də yazıçı oldun. 

Məhz bax, bu gün, bu axşam, bu saat, bax, bu sözlərdən 

sonra mən yazıçı oldum. 

Ya olmadım. Belə də hesab etmək olar, sözüm yoxdur. Hər 

halda mənim taleyim bu anlarda həll olundu. 

İndi axşam toranlığında bu yerləri dolaşanda Zemfiraya, 

Günelə dedim ki, haçansa çox illər bundan qabaq bax o evdə 

qalırdıq. 

Amma bu sözlər kifayət idi ki, Günel böyrümə qısılsın. Mən 

aydın hiss-elədim: bu anlarda o da öz İçəri dünyasında mənim 

xəyalımda gördüklərimi görür, duyduqlarımı duyur. 

Sonralar da mən bu on yaşlı qızın həssaslığına mat qalırdım. 

Mən tez-tez susuram, fikirli oluram, öz içimə  çəkilirəm. Heç 


 252 

vaxt mənə mane olmur. Fikirlərimdən ayırmır. Amma o günlər 

dalğınlaşan kimi, keçmişin səhnələrini xəyalımda görən kimi 

Günel hansı daxili duyumlasa mənim  İçəri dünyamı görür, 

yanıma gəlir, məni qucaqlayır, oxşayırdı. 

–Ata, – deyirdi, – babayla, nənə düşdü yadına, hə?  

–Hə, qızım, onlar düşdü yadıma, sənin babanla nənən. 

*** 

1983-cü il aprelin 1-də atamın vəfatının ikinci ildönümündə 

qəbirüstü abidəsinin açılışı oldu. Atamın xatirəsinə son dərəcə 

vəfalı olan Elmira Hüseynova hələ sağlığında onun heykəl-

portretini yaratmışdı…  İndi, bu son heykəlini də böyük 

duyğuyla düzəltmişdi. Atamın son illərdə sifətinə çökmüş bir 

ifadəni çox dəqiq yarada bilmişdi – müdrik bir kədər, bir az 

yorğunluq, bir az təəssüf... 

Təbrizdən, Şəhriyarın adından göndərilmiş bir ovuc torpağı 

Abbas Zamanova verdim, bu barədə bir-iki kəlmə dedi və 

torpağı məzarın üstünə səpdi. 

1983-cü il iyulun 29-da anamın yetmiş yaşı tamam olan gün 

onun qəbri üstündə də abidə açdıq. Yazıçılar, jurnalistlər toplaşdı, 

əklillər qoydular, çıxış etdilər, qəzetlər, jurnallar məqalələr çap 

etdilər, radioyla, televizorla verilişlər getdi... 

Atamın beşcildliyi çıxdı. Özü görmədi. 

Moskvada "Qoslitizdat"da ikicildliyi çıxdı. Bunu da görə 

bilmədi. 

Müxtəlif yerlərdən onların adlarıyla bağlı  xəbərlər gəlir. 

Eston bəstəkarı Eugen Kapp atamın sözlərinə romans yazıb. 

Türk bəstəkarı  Təhsin  İncirçi atamın  şerinə mahnı  bəstələyib. 

Bu mahnı  Qərbi Berlində  işləyən türk fəhlələrinin xorunun 

ifasında vala yazılıb. Valı mənə də göndəriblər. 

İsveçdə, Macarıstanda, Bolqarıstanda,  İraqda atamın  şerləri 

çap olunub, Rəsul Rzanın və Nigar Rəfibəylinin ölümləriylə 

əlaqədar Türkiyədə, İranda bir neçə jurnalda məqalələr, onların 

şerləri, şəkilləri dərc olunub. Təbrizdə çıxan "İnqilab yolunda" 

jurnalının üz qabığında atamın iri şəkli verilib, Cənubi 



 253 

Azərbaycanın bir neçə  şairi – Qulamhüseyn Səbri, Hüseyn 

Tufarqanlı, Güloğlan, İmran Salehi və başqaları onun ölümünə 

şerlər həsr ediblər. 



Onun ölümünə saxladıq əza 

Ellər onu daim yada salacaq. 

Yenə sıramızda var Rəsul Rza 

Ölməz əsərləri daim qalacaq. 

Bu  şerlər haqqında "Azərbaycan müəllimi" qəzetində 

məlumat verən Abbas Zamanov "Yenə  sıramızda var Rəsul 

Rza" adlı məqaləsində yazır: 

"Son zamanlar əlimizə gəlib çatan məlumatlardan aydın olur 

ki, Rəsul Rza Cənubda ən çox oxunan və sevilən bir şair kimi 

şöhrət tapmışdır. Mənhus Məhəmməd Rza şahın zamanında 

hökm sürən terrorun qurbanı olan Səməd Behrəngi 1968-ci ildə 

gizli  şəraitdə buraxdığı "Parə-parə" məcmuəsinə  Rəsulun bir 

sıra şerlərini daxil etmişdi. Cənub mətbuatının yazdığına görə, 

o zaman bu şerlər oxucular tərəfindən maraqla qarşılanmış, 

əldən-ələ keçmiş, geniş yayılmışdır... 



Cənubi Azərbaycanın tanınmış ədiblərindən Hüseyn Sadiq qara 

günləri xatırlayaraq yazır: "Millətimizin təhsinəlayiq inqilabından 

neçə il əvvəl Rəsul Rzanın müxtəlif xalqların taleyindən danışan 

gözəl  şerlərindən bir neçəsini "Asari-əz  şüərayi Azərbaycan" 

("Azərbaycan şairlərinin əsərlərindən nümunələr") kitabında dərc 

etdirmişdim. Xain Məhəmməd Rza şahın nökərləri Rəsul Rzanın 

şerlərinin kitaba daxil olmasına görə üç il kitaba nəşr icazəsi 

vermədilər. Kitab nəşr olunandan sonra da savakçılar dərhal 

toplayıb satışını qadağan etdilər". 

Şimali Azərbaycanda da bir sıra  şairlər, nasirlər Rəsul 

Rzaya və Nigar Rəfibəyliyə  həsr olunmuş xeyli şer, hekayə 

yazıblar. Bir qismi mətbuatda, bir qismi həmin müəlliflərin 

kitablarında çap olunub. 

Radio və televiziya onlar haqqında verilişlər təşkil edir, tez-

tez efirdə şerləri, mahnıları səslənir. 

Bakı-Moskva təyyarəsinin sərnişinləri havaya qalxmaq 



 254 

ərəfəsində Polad Bülbüloğlunun atamın sözlərinə  bəstələdiyi 

mahnısını dinləyirlər: 

Gözlərinə de ki, 

girməsinlər, yuxuma: 

nə kədərli 

nə sevincli, 

nə şirin vədəli. 

Dodaqlarına de ki,  

Çəkilsinlər xəyalımdan 

pıçıltılı, 

gileyli,  

hədəli! 

Ömrün illəri 

yığılıb çiynimə qalaq-qalaq 

Nə qəm! 

Gəl bir əbədi an 

səninlə  

əl-ələ 

söz-sözə 

fikir-fikrə qalaq! 

Bəlkə bütün ötüb-keçən günlər 

ən gözəl günün müqəddiməsi imiş 

Bəlkə  

bu incimələr 

məhəbbətin sınağı 

səadətin səsi imiş... 

Bəlkə  də belədir. Bəlkə  də bu ümidli sözlərdə böyük bir 

həqiqət var. Bəlkə doğrudan da, "bütün ötən günlər  ən gözəl 

günün müqəddiməsi imiş"... Bəlkə də... Kim bilir? 



*** 

Şuşada olduğum günlərdə küçədə çox gənc, lap sütül bir 

oğlan mənə yanaşdı, utana-utana; 

–Anar müəllim, – dedi, – olar sizdən bir şey soruşum? 

–Olar, – dedim, – soruş. 


 255 

–Düzdür ki, sizin adınızın mənası belədir: Anam Nigar. 

Atam, Rəsul? 

–Düzdür, – dedim, – tamamilə doğrudur. Məhz elə belədir: 

ANAR, yəni Anası Nigar, Atası Rəsul. 

*** 

Anam Nigar, Atam Rəsul! Sizdən yazdığım bu yazını 

Sizinlə  bərabər yazdım. Yalnız ona görə yox ki, yazımın  ən 

qiymətli səhifələri sizin şerləriniz, məktublarınız, sözləriniz 

oldu. Bir də ona görə ki, bu yazını yazdığım iki uzun il ərzində 

hər an sizin doğma nəfəsinizi duydum, səslərinizi eşitdim, hər 

şeyi, dənizi, çiçəkləri, küçələri, insanları, hadisələri, hətta sizin 

vəfatınızı, dəfninizi belə sizin gözlərinizlə gördüm. Bütün bu 

iki ili mənimlə oldunuz. Canlılar kimi... 

Sizsiz qalıb yaşamağın çətin dərslərini yavaş-yavaş, tədriclə 

öyrətdiniz mənə... 

*** 

Uşaqlıqdan bizə  əziz, bayram olan günlərdə  yığışırıq – 

mayın 19-da atamın doğum günündə, iyunun 29-da anamın 

doğum günündə, fevralın 11-də onların toy günündə.  Əvvəl 

onlar özləri bizi bir yerə yığırdılar, indi xatirələri yığır. 

Onların evlərində toplaşırıq. İndi bu evdə Təranə əriylə, iki 

balaca qızıyla yaşayır; hamımızdan artıq ata ocağına Təranə 

bağlıydı. Ailənin sonbeşiyi idi. Təranə, onu xüsusi bir 

kövrəkliklə sevirdik Təranə isə hamımızdan möhkəm oldu – 

ailənin ruhunu, ocağın tüstüsünü, evin çırağını  məhz Təranə 

qorumalı, hifz eləməli oldu.  

*** 

Anamın çox cəhətlərini – zərifliyini, mülayimliyini, hər şeyi 

anlamaq qabiliyyətini – Fidanda və  Təranədə görürəm. 

Rəftarlarında bir çox cizgilər, bədii zövqləri, həyat əqidələri – 

anamdandır.  İradəsini, dözümünü, təmkinini Təranədə daha 

artıq görürəm, xəyalpərvərliyi, dalğınlığı, kövrəkliyi Fidanda 

daha artıq duyulur. 

O müsibətli günlərimizdən iki il sonra 1983-cü ilin 



 256 

payızında Fidan yoldaşı Raufla uzun müddətə  İraqa işləməyə 

getdilər. Bəlkə  də Fidan həyatında ilk dəfə 29 iyun gününü – 

anamızın doğum gününü – hamımızdan aralı, qürbətdə, uzaq 

Bağdadda keçirdi. Və bu günün ərəfəsində, yuxusuz gecədə 

duyduqları istər-istəməz şerə çevrildi. Bəlkə də Fidanın ilk və 

yeganə  şeridir bu sadə misralar. Bəlkə heç bunları  şer 

adlandırmaq da düz deyil. Qırılıb misralara tökülmüş  qəlb 

nisgilləridir.  Əkrəm  Əylisli demişkən, doğrudan da, dünyada 

elə mətləblər var ki, onları yalnız şerlə ifadə etmək olar: 



Bu gecə, bu gecə 

Keçəcək qorxular, 

 

  vahimələr, 

Gələcək yerinə xəyallar. 

Açılacaq cənnət qapıları 

 

  taybatay. 

Səni görəcəyəm 

  

sağ-salamat. 

Əlini uzadıb sığallayacaqsan 

  

 

ipək saçlarımı. 

Bağrına basacaqsan məni. 

Deyəcəksən: qorxma, 

  

 

mən yanındayam. 

Nədənsə, kəkotu ətri gələcək 

  

 

 

cənnətdən 

Ürəyimin çilik-çilik qəlpələri 

 

  cingildəməyəcək içimdə 

Boğazıma tıxanmayacaq 

  

 

yaş düyünü 

  

 

səsini eşidəndə. 

Deyəcəksən yenə: "Ay aman, 

 

  bu 

qız nə arıqdı, 

  

canına bir az fikir ver, ay bala", 

Uğunub güləcəyəm 

  

 

əvvəl mən, 

 257 

 

  sonra 

sən 

Elə-belə, səbəbsiz 

  

uğunub güləcəyik ürəkdən. 

Xoşbəxt gülüşümüz, 

Səslənəcək cənnətdə 

Qorxusuz, 

  

itkisiz, 

  

ölümsüz 

  

 

cənnətdə. 

28 iyul, 1984. İraq. 

Bu  şerdən bircə  mənim xəbərim var və Fidan xahiş eləyib 

ki, onu heç kəsə göstərməyim, məbadə, çapa verməyim. Ona 

söz verdim. ...və sözümün üstündə durmayıb  şeri "Sizsiz"ə 

daxil edirəm. Çünki Fidanın keçirdiyi və ifadə etdiyi bu 

duyğular da yalnız tək bir ona məxsus deyil, anamızın xəyali 

abidəsinin əlavə bir çaları, cizgisidir. Bəlkə də Fidan əhdə xilaf 

çıxdığımı mənə bağışladı. Bəlkə də... 

Təranəgil atamın evinə köçməmişdən qabaq, mən düşündüm 

ki, təzə ailə, yeni həyat tərzi hər halda bu mənzilin zahiri 

görünüşünü dəyişəcək. Odur ki, fotoqraf çağırdım, dedim ki, 

bu boş, adamsız otaqları necə var, o cür çəksin – qoy Onların 

vaxtında bu mənzil necə olubsa, – fotolarda o cür qalsın. 

Fotoqraf bomboş otaqları müxtəlif nöqtələrdən çəkdi və 

fotoları mənə verdi. 

Təranəgil mənzildə heç nəyi dəyişməyiblər. Hər  şey 

atamgilin vaxtında necə varsa, o cür qalıb. 

Fotoqrafın çəkdiyi  şəkillərə baxıram – onlar qəlbimin heç 

bir telini tərpətmir – ev avadanlığının,  əşyaların müəyyən 

düzümüdür, vəssalam. Fotolar – ölüdürlər. 

Atamgilə gəlirəm. İçəri dünyam min bir anımla, xatirəylə dolur 

– ev diridir. Diri evin otaqlarında səs-küy, gülüşlər eşidilir. Günel 

də, Fidanın qızı Aysel də burdadırlar, Təranənin balaca, şıltaq 

qızları Nigar və Bəyazla belədən-belə qaçırlar… 

Həyat davam edir...  

 


 258 

Amma mən fotolara baxmağı da çox xoşlayıram. Heç vaxt 

zənn etməzdim ki, fotolar bu qədər söhbətcildir. Gecənin bir 

yarısı – evimdə hamı yatanda, masamın siyirtməsini çəkirəm. 

Bir qalaq foto çıxarıb ortalığa tökürəm. Tələsmədən, aramla 

müxtəlif illərin fotolarını nəzərdən keçirirəm. 

Bunu tez-tez etmirəm ki, duyumun təravəti itməsin, təsiri 

korşalmasın. Üç ayda, dörd ayda bir... 

Onların müxtəlif vaxtlarda, müxtəlif yerlərdə  çəkdirdikləri 

şəkillər, tək  şəkilləri, cüt şəkilləri, bizimlə, başqa adamlarla, 

dostlarla, qohumlarla, tanışlarla çəkdirdiyi  şəkillər dil açıb 

danışır. 

Bu fotolardakı adamların da bir qismi artıq yoxdur, amma o 

adamların da səslərini, gülüşlərini eşidirəm. 

Bəzi  şəkillər yaman gurdur, hay-küylüdür. Gecəyarısı 

otağım səslərlə, qəhqəhələrlə, zarafatlarla, qab-qacaq səsiylə, 

qədəh cingiltisiylə dolur! Bəzi  şəkillər fikirli, dalğındır – 

sükutu dinləyirəm. Bəzilərindən musiqi sədaları  gəlir – uzaq, 

həzin musiqi. Moskva küçəsinin hənirtilərini, uzaq ölkələrin 

danışıqlarını eşidirəm. Buzovna meynələrinin pıçıltısını, Xəzər 

ləpələrini, Göyçay ağaclarının xışıltısını  eşidirəm. Bakı 

evlərinin xısın səslərini eşidirəm. 

Hər foto min bir anımla, xatirəylə bağlıdır – uzun ömrün 

çeşid-çeşid günləri, illəri, saatları. Yüz insan sifəti – əziz, 

munis sifətlər. 

Bir  foto  da  var.  Bu  foto  həmişə ürəyimə  məlhəm çiləyir, 

məni ovudur, sakitləşdirir elə bil. 

Qatar vağzalında, perronda dayanıblar. Artıq cavan deyillər, 

amma hələ qocalmayıblar da. 

Harasa gedirlər. Onları yola salırıq. Fotoda olmasaq da, 

perronda varıq, dayanmışıq, onlarla söhbət edirik. İndicə fit 

səsi eşidiləcək, onlar vaqona qalxacaqlar, qatar yola düşəcək. 

Ayrılacayıq. Amma bu əbədi hicran deyil. Müvəqqəti 

ayrılıqdır. Bir müddətdən sonra yenə görüşəcəyik. 

...Onların olmaması fikriylə barışa bilmirəm və heç zaman 


 259 

barışa bilməyəcəm. 

Bu ayrılığın əbədi olması fikrini heç cür qəbul edə bilmirəm 

və ömrümün axırınadək qəbul edə bilməyəcəm. 

Bir daha görüşməyəcəyimizi ağlıma sığışdıra bilmirəm və 

bilməyəcəyəm. 

Mənə elə  gəlir ki, harasa gediblər. Mütləq qayıdacaqlar. 

Hökmən görüşəcəyik. 

Odur ki, əlvida deyə bilmirəm onlara. Hələlik, – deyirəm. 

Görüşənə qədər, – deyirəm. Gülə-gülə, – deyirəm. 

Sağ olun – deyirəm. 

Sağ olun ki, vardınız.  

Sağ olun ki, varsınız. 

Sağ olun ki, həmişə bizimlə qalacaqsınız. 



 

1981-1983 

 

 260 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



HƏYATIM AĞRIYIR 

(povest-xatirə) 

 261 

 

 



"Həyatım ağrıyır...".  Ənvər Məmmədxanlının ifadəsidir. 

Uşaqlıq illərimdən xatırlayıram, hərdən-birdən xoş  məclisdə, 

ya şirin bir söhbət əsnasında Ənvər Məmmədxanlı birdən-birə 

öz içəri dünyasına qapılardı, elə bil gözlərinə hansısa uzaq bir 

xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: "Nə olub 

sənə, nə var?" – dalğın-dalğın cavab verərdi: – "Həyatım 

ağrıyır". Bilmirəm bu ifadə onun hansısa  əsərinə düşübmü? 

Gərək ki, yox. Hər halda çap olunmuş  əsərlərində rast 

gəlmədim. Bəlkə  hələ üzə  çıxarılmamış  əlyazmalarında, 

gündəliklərində, qeydlərində – "Qəlpələr"ində hardasa düşüb 

qalıb bu söz. O uzaq illərdə mən bu ifadəni orijinal bir obraz, 

qəribə bir təşbeh sayırdım. Hər  şeyi daha dəqiq qavramağa 

başlayandan sonra Ənvər Məmmədxanlının  şəxsiyyətini, 

bioqrafiyasını daha dərindən dərk etdikdən, özüylə və ailəsiylə 

bağlı bütün məşəqqətlərinə vaqif olandan sonra anladım ki, bu 

yalnız gəlişigözəl söz deyilmiş – Ənvər Məmmədxanlı 

taleyinin çox sərrast, çox dürüst düsturu imiş. Uşaqlıqdan mən 

ona  Ənvər  əmi, ya Ənvər müəllim deyil, sadəcə  Ənvər 

deyirdim. Atamla anama da adlarıyla müraciət etdiyim kimi. 

Özləri belə öyrətmişdilər, mən də, bacılarım da 

valideynlərimizə  Rəsul, Nigar, Ənvərə  Ənvər deyirdik. Bu 

yazıda da başqaları üçün qeyri-təvazökar, yaxud kobud görünsə 

belə, mən "Ənvər" deyib yazacam, çünki bu mənimçün daha 

təbii və real səslənir. 

Həyatsevər insan idi, gəncliyində dünyanın ləzzətlərindən 

zövq almağı bacaran adam kimi yaşlı çağında da şövqündən, 

yaşamaq, düşünmək, mübahisə etmək həvəsindən qalmamışdı. 

Amma bu nikbin təbiətli bir insanın ömrü boyu "həyatı 

ağrımışdı".  

"Həyat ağrısı"nın bəzi, mənə  məlum olan səbəblərini bu 

yazıda açıqlamağa çalışacam. 

*** 


 262 

Bu il Ənvərin 80 illiyidir. 1913-cü il fevralın 28-i Ənvər 

Məmmədxanlının doğum günüdür. 

1913-cü il fevralın 28-i Ənvər Məmmədxanlının doğum 

günü deyil. Ənvər Məmmədxanlı fevralın 29-da anadan olub 

və fevralın 29-u ancaq dörd ildən bir olur. Ailədə biz həmişə bu 

mövzuda zarafat edərdik. Bir zaman hətta elə düşünürdük ki, 

dəbdəbəni, hay-kuyü sevməyən Ənvər qəsdən, ad gününü qeyd 

eləməməkçün belə bir günü – hər il olmayan bir günü – özünün 

ad günü elan edib. Axı  sən necə fevralın 29-da anadan ola 

bilərsən ki, 1913-cü ildə fevral 28-dən olub? – deyirdik və bizə 

elə  gəlirdi ki, bu tutarlı  dəlillə onun "uydurmasını" ifşa 

edəcəyik.  Ənvər gülümsünür: – Bəs onu bilmirsiniz ki, o 

vaxtdan bəri təqvim dəyişib və on üç gün qabağa çəkilib?  

Amma  hər  halda hər il bu  gün,  yəni il  29-dan  olanda 29-

da, 28-dən olanda 28-də onun evinə gedər, təbrik edərdik.  

Nə yazıq ki, 91-ci ilin 28 fevralında onun evinə yox, 

televiziyaya getməli oldum: iki ay on gün qabaq vəfat etmiş 

yazıçının xatirəsinə  həsr olunmuş verilişdə danışmaq üçün. O 

vaxt dedim ki, Ənvər haqqında danışmaq çətindir,  əvvəli ona 

görə ki, onun vəfatı  mənimçün çox böyük itki idi. Hələ yara 

qaysaqlanmamışdı, sağalmamışdı.  İndi, on iki ildən artıq 

keçəndən sonra yenə də Ənvərdən söz açmaq mənə asan deyil: 

yara hələ  də qövr edir, incidir. Bu bir səbəbdir.  İkinci səbəbi 

odur ki, Ənvər haqqında xatirələrim çoxdur, bitib-tükənməzdir, 

mənim həyatımda  Ənvərin o qədər böyük yeri var ki, bu 

xatirələri tənzim etmək, səhmana salmaq, müəyyən bir 

ardıcıllıqla düzmək müşkül işdir. Adamı az tanıyanda onun 

haqqında bir neçə görüş  əsnasında, bir neçə ünsiyyət 

dəqiqələri, ya saatları nəticəsində xatirə söyləmək mümkündür. 

Amma bir insanı uzun illər boyu tanıyanda və o insan sənə bu 

qədər yaxın olanda xatirələri müəyyən bir məcraya sığışdırmaq 

zor işdir. Üçüncü bir səbəb də var: Ənvər Məmmədxanlı 

mənim yaxın qohumumdur, əmimdir. Əmi deyəndə çox adam 

təəccüblənir – axı bilirlər ki, Rəsul Rzanın qardaşı olmayıb.  


 263 

Ənvər Məmmədxanlı atamın həm əmisi oğlu idi, həm xalası 

oğlu. Onların ataları  İbrahim və  Qəffar qardaş idilər, anaları 

Məryəm və  İmmihanı bacı idilər. Amma bu qan 

qohumluğundan başqa – onları birləşdirən mənəvi varlıqları idi 

və heç bir doğma qardaş bir-biriylə bu qədər yaxın ola 

bilməzdi: eyni peşə sahibləriydilər, eyni məslək və  əqidə 

sahibləriydilər, ömürləri bir yerdə keçmişdi, ömrün çox 

çətinliklərinə birlikdə sinə  gərmişdilər. Mübahisə etdikləri 

vaxtlar da olurdu, amma bir-birlərini qəribə, riqqətli bir 

məhəbbətlə sevirdilər. Bu zahirən bəlkə də görünmürdü, amma 

daxildə, mən bilirəm ki, nə  qədər bir-birinə bağlı adamlar 

idilər. Ailəmizin  ənənələrindən, babalarımızın təbiətlərindən 

gələn bir sərtliklə bir-birinə mehriban sözlər deməyi, qarşılıqlı 

məhəbbətlərini nümayiş etdirməyi sevməzdilər, hətta bir-

birlərinin yaradıcılıqlarına dərin rəğbət və hörmətlə 

yanaşdıqları halda belə heç vaxt atam Ənvərin hekayələrinə, 

pyeslərinə,  Ənvər atamın poeziyasına mətbu surətdə 

münasibətlərini bildirməyiblər. Yadımdadır, atam bir dəfə 

Ənvərin "Qaralmaz günəş" hekayəsində bir obrazı bəyəndiyini 

söyləmişdi. Həmin obraz olan cümləni bura köçürürəm: 

"Axşamdan  əsməyə başlayan külək sübhə yaxın birdən 

kəsdi. Elə bil naməlum ovçu gülləsi ilə  ağac başından yerə 

sərilən bir quş, aşağıda otlar üstündə bir-iki dəfə qanad çalıb, 

sonra tamamilə susdu". 

Yalnız atamın ölümündən sonra Rəsul Rza və Nigar 

Rəfibəyli haqqında xatirələr kitabına yazdığı "ön söz"də Ənvər 

Məmmədxanlının ilk və bəlkə də gecikmiş etirafı səslənmişdi: 

"Rəsul Rza bir ömür boyu mənim üçün nəinki bir dost, bir 

yoldaş və böyük qardaş idi, o eyni zamanda uşaqlıq illərindən 

mənə müəllimlik eləmişdi və  həmişə  mənim üçün örnək 

olmuşdu". ("İki ömrün işığı", Gənclik, Bakı, 1987, səh. 4.).  

...və  mən də  uşaqlıqdan  Ənvəri  əmim kimi tanımışdım və 

bəlkə də, o atamın atabir-anabir qardaşı olsaydı belə mən onu 

sevdiyimdən artıq sevə bilməzdim, ona qəlbən bağlandığımdan 


 264 

artıq bağlanmazdım. Mənə bağışladığı ikicildliyinin üstündə 

yazdığı "Əzizim Anara, ürək dostuma..." sözləri mənimçün ən 

təmtəraqlı "izhari məhəbbətlərdən" daha qiymətlidir.  

İndi onun haqqında düşünəndə, həm də çox tez-tez, sıx-sıx, 

müxtəlif məqamlarda, müxtəlif hadisələrlə bağlı olaraq 

düşünəndə bir yandan öz xatirələrim canlanır xəyalımda – 

onunla bağlı saysız-hesabsız günlər, aylar, illər... Atamgilin 

sağlığında demək olar ki, həftədə bir, ya iki dəfə onlara gələrdi, 

orda görüşərdik. Buzovnada bağlarımız qonşu idi və hər il yay 

ayları  hər günü bir yerdə keçirərdik: gündüzlər və axşamlar 

söhbətlər, şahmat yarışları, gecələr radio dalğalarında "düşmən 

səslərini" – "Amerikanın səsini", "Azadlığı", "Alman 

dalğasını" aradığımız, dinlədiyimiz saatlar... 

Sonra, mən ayrı yaşamağa başlayanda hərdən bizə  gələrdi 

və daha tez-tez mən onun evinə gedərdim. Bakıda olduğum 

zaman demək olar ki, hər həftə ona baş çəkərdim. Moskvadan, 

ya başqa uzaq səfərdən qayıdandan sonra da mütləq Ənvərgilə 

gedərdim. Birlikdə  səfərə  çıxdığımız vaxtlar da az olmayıb. 

Dəfələrlə Moskvaya, Azərbaycanın müxtəlif  şəhər və 

kəndlərinə  bərabər getmişik, başqa respublikalarda birlikdə 

səfərlərdə olmuşuq. Bütün bu dediklərimin nəticəsində mənim 

bitib-tükənməz xatirələrim,  şəxsi təəssüratım onun özünün öz 

həyatı haqqında, öz keçmişi, uşaqlığı, gəncliyi haqqında 

söylədikləriylə qovuşur, qaynayıb-qarışır. Bura Ənvər 

haqqında başqalarının söhbətləri, xatırladıqları da əlavə olunur 

– atamın, anamın,  Ənvərin bacılarının, qohum-qardaşın, 

tanışların, yazıçıların söhbətləri... Və nəhayət, Ənvər haqqında 

düşüncələrimin, xatirələrimin bir qaynağı da var – onun öz 

yazıları, bədii  əsərləri... Çünki onun yaradıcılığında, xüsusilə, 

hekayələrində avtobioqrafik ünsürlər az deyil. Bu ünsürlər 

"Bakı gecələri"ndə  də var, "Ayrıldılar" hekayəsində  də, başqa 

əsərlərində də... 

"Ayrıldılar" hekayəsinin qəhrəmanı  İlyasın ömrü boyu 

həsrətində olduğu at – dayısının atını çapıb məhv eləməsi, 


 265 

"Babək" romanında da eyni çılğın ehtirasla köhlənin belinə 

sıçrayıb uçuruma atılan gəncin aqibəti – Ənvərin gənclik 

xatirələrilə bağlıdır. Dayısı  Məhəmmədhüseyn Rzayevin 

Qaragöz və Ceyran adlı atlarını çapmaq istəyən balaca 

Ənvərin, yeniyetmə Ənvərin arzularının əksidir. 

Uşaqlıq və  gənclik illərində at çapmağı sevən və bacaran 

Ənvər çox illər sonra, ahıl yaşında "Leyli və Məcnun" filminin 

çəkilişi zamanı at belinə  sıçramasını da danışmışdı  mənə: 

"Özümü saxlaya bilmədim bu cins atları görəndə, bir az çapdım 

belədən-belə, qurdumu öldürdüm". Odur ki, bütün bunlar elə 

qaynayıb-qarışır, elə birləşir ki, sonucda məndə  qəribə bir 

duyum baş qaldırır. Sanki mən  Ənvəri uşaqlıqdan, yəni onun 

uşaqlığından tanıyıram, yaşımdan çox qabaq ötüb-keçənləri öz 

gözümlə görmüş kimi xatırlayıram. 

"Uşaqlıq illərimizin  ən böyük arzusunu yada salmaq 

istəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuz 

səyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik, 

turşəng, quşəppəyi yığmağa gedəndə, hansı bir təpə başındasa 

uzaqlara baxarkən, Rəsul mənə demişdi ki, heç kəsə demə, bu 

yaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyanı 

gəzərik..." (Ənvər Məmmədxanlı  "İki ömrün işığı" kitabına 

yazdığı "Ön söz"dən). 

Elə bil öz gözlərimlə görürəm bu səhnəni – Göyçayın quru 

boz təpələrinin birinin başında iki uşaq dayanıb – biri qıvırcıq 

saçlı, biri ondan üç yaş böyük – göygözlü, harasa uzaqlara 

baxır və içəri aləmlərində uzaq ölkələri – böyük-böyük 

şəhərləri, dənizləri, okeanları, gəmiləri görürlər... 

Bu romantik xəyal onların hər ikisinin xislətində idi. Hər 

ikisi dünyanı  gəzmək, dünyanı görmək, dünyanı dolaşmaq 

eşqilə yaşayırdılar. Hər ikisi mühitlərinə  sığmırdılar və  hər 

ikisini mühit, şərait, yaşadıqları dar məkan çərçivəsi, zamanın 

məhdudluğu sıxırdı. Atamın "Darısqallıq"  şeri də elə bu 

barədədir... Hər ikisi bütün dünyaya qovuşmaq istəyirdi və hər 

ikisi dünyadan doymurdular... Bu narahatlıq, doyumsuzluq, dar 


 266 

bir həyat ülgüsü içində darıxmaq  Ənvərin bir çox 

hekayələrində  əks olunub – onun qəhrəmanları karvanlara 

qoşulur, baş götürüb uzaqlara getmək istəyiylə  çırpınırlar. 

Gəncliyində yazdığı "Karvan dayandı" hekayəsində  də, 

qocalığında tamamlamaq istədiyi "Babək" romanında da... Axı 

Babək də  Ənvər Məmmədxanlını ilk öncə dünyaya sığmayan 

bir adam kimi, məhdud ehkamlarla barışmayan bir şəxsiyyət 

kimi, sərgərdanlıq ruhuyla yaşayan, azadlıq odunda yanıb 

qovrulan bir səməndər quşu kimi cəlb edirdi. "Babək" 

romanının böyük hissəsini – uzaq karvan yolunun təsviri tutur. 

"Əfsanəli dağlar" hekayəsinin qəhrəmanı da adiliklər 

mühitindən  əfsanələr aləminə qaçır, uzaq və uca dağ 

zirvələrində  bəlalı  məhəbbətini tapır və itirir. "Ay işığında" 

hekayəsində qoca aşiq sənətinin ecazıyla gəncliyini, cavanlıq 

ehtiraslarını, həvəslərini, hisslərini qaytarmaq istəyir və bu 

cəhdin mümkünsüzlüyündən üzülür... Və 

nəhayət, 

"Ayrıldılar"da bu insanı sıxan, bıkdıran adiliklər mühitinə qarşı 

üsyan iki sevgilinin qəribə, ilk növbədə izahsız və  məntiqsiz 

görünən ayrılmalarıyla nəticələnir. Vaxtilə  Səməd Vurğun bu 

hekayəni bəyənməmişdi, qəbul eləməmişdi və hətta "Axı niyə 

ayrıldılar?" adlı bir məqalə də yazmışdı. Amma onu deyim ki, 

Səməd Vurğun, ümumiyyətlə,  Ənvərin  şəxsiyyətini də, 

yaradıcılığını da sevirdi. "Şərqin səhəri" haqqında ayrıca bir 

məqalə  də yazıb  əsəri yüksək qiymətləndirmişdi.  Ənvərə 

ərkyana bir zarafatla "Peçorin" deyərdi və məncə, hər ikisinin 

xasiyyətlərində, xüsusilə, cavanlıq çağlarında oxşar cəhətlər 

çox idi. Gəncliklərində  hər ikisi xəyalpərvər, romantik idilər. 

Birlikdə 

səfərlərdə, Moskvada, çox-çox məclislərdə 

olmuşdular.  Ənvərin Səməd haqqında canlı detallarla zəngin 

olan xatirələri vardı, heyf ki, özü yazmadı. Mənim yadımda 

qalanları burda gətirirəm. Bu xatirələrin məzəli məqamları da 

var. Və qəribədir ki, bu məzəli xatirələrdə Mir Cəfər Bağırovun 

kabus kimi vahiməli surəti də yumor işığında görünür. "Bir 

dəfə Bağırov Mehdiylə  məni çağırmışdı, Səməd də o vaxt 


 267 

Yazıçılar İttifaqının sədri idi, biz bir az gecikmişdik, Mərkəzi 

Komitənin qarşısında Səməd əsəbi var-gəl edir, papiros çəkirdi, 

bizi görən kimi üstümüzə düşdü: – Mənim kimi aslan, – dedi 

bura gələndə dizlərim titrəyir, siz hələ gecikirsiz də... 

Bağırov bizi Moskvaya oxumağa göndərmək istəyirdi, biz 

imtina edəndə: "əlbəttə, Bakıda bulvar qalır,  İnturist qalır, 

gəzib-dolanmaq qalır, Moskvaya gedib oxumağı neyləyirsiz?" 

– dedi.  

"Bir dəfə yenə köhnə  "İnturist"də idik, Səməd, Rahim, 

mən... "İnturist"in o vaxtkı  məşhur metrdoteli İvan  İvanoviç 

bizə yaxşı stol düzəltmişdi, yeyib-içdik. O vaxtlar da yazıçılar 

"İnturist"ə gedən kimi Bağırova xəbər verərdilər.  

Nə məsələyçünsə yenə yanındaydıq, birdən düşdü üstümüzə 

ki, Tbəli, gününüzü restoranlarda keçirirsiniz, içirsiniz filan-

bax bu günlərdə yenə  Səməd Vurğun, Rəsul Rza, Ənvər 

Məmmədxanlı "İnturist"də kef edirlərmiş. Rəsul isə orada yox 

idi, nə o gün bizimlə "İnturist"ə getmişdi, nə də indi Bağırovun 

yanında yox idi. "İnturist"də  də bizimlə Rahim idi, burda da 

vardı, amma Bağırov onun adını  çəkmirdi, Rahim də üstünü 

vurmurdu. Gördüm bu dinmir, dedim: – Yoldaş Bağırov, Rəsul 

Rza orda yox idi! – Bəs kim vardı? Dedim: – Məmməd Rahim. 

Rahim dərhal sıçradı: Yoldaş Bağırov, içmişdim, amma lülüşqə 

deyildim. – Sadis, durak – deyə Bağırov onun üstünə çəmkirdi. 

Gülüşdük və vəziyyət bir az yumşaldı, sonra cəsarətə gəlib: – 

axı rus yazıçıları lap betər içir, – dedik. – Şoloxov, Fadeyev. 

Bağırov çox məntiqli cavab verdi: Onların dədə-babaları da 

içib, sizə nə düşüb?" 

Ənvərin Səməd Vurğunla və Bağırovla bağlı başqa bir 

xatirəsi daha dramatik idi... "40-cı illərdə bir şayiə 

buraxmışdılar ki, (güman ki, bunu qəsdən, provakasiya üçün 

ediblər) Cavid sağdır, qayıdır və Cavidin köhnə dostu Abdulla 

Şaiq vağzala, onu qarşılamağa gedib. Ənvər deyirdi ki, bu 

xəbəri Səməd mənə deyəndə yanımızda üçüncü bir adam da 

vardı və mən ondan şübhələnirdim ki, bu adam yoncadır1.  


 268 

Səməd bu sözü təzə başlamışdı, stolun altında onun ayağını 

vurdum ki, danışmasın. Səmədin də bütün həyat təcrübəsiylə, 

zəkasıyla bərabər, bir az sadəlövhlüyü də vardı, qayıtdı  mənə 

ki, ayə, nə olub, ayağımı niyə vurursan? Bildim ki, xəbəri 

Bağırova çatdıracaqlar. Doğrudan da, bir müddət sonra 

Bağırov Şaiqin bu hərəkətinə görə Səmədi də bərk məzəmmət 

eləmişdi, – O qocaya nə düşüb vağzala gedir, – demişdi – 

yaxşı, tutalım lap Cavid gəlir, hardan gəlir? Həcdən, Məkkədən 

gəlir? 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin