Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

*** 

Qəribə, unikal yaddaşı vardı Ənvərin. Mən ondan çox cavan 

olduğuma baxmayaraq, dünən oxuduğumu bu gün yada sala 

bilmirəm. Amma o haçan nə kitab oxumuşdusa, nə  məlumat 

almışdısa, kimlə haçan görüşüb nə söhbət eləmişdisə, bir sözlə, 

nə bilirdisə, nə öyrənmişdisə  həyatda – hamısı yadında idi. 

Azərbaycan və Dünya tarixinə,  ədəbiyyatına, fəlsəfəsinə, 

müasir siyasətə aid ensiklopedik biliklərə malik idi və onunla 

söhbət eləmək bir universitet qurtarmaq qədər zənginləşdirirdi, 

savadlandırırdı adamı. İslam tarixini Azərbaycanda ən dərindən 

bilən adamlardan idi. İslam tarixiylə, xilafətin quruluşuyla, 

ərəb istilalarıyla Babək haqqında roman üzərində  işlədiyi 

zaman belə geniş tanış olmuşdu. Xanlıqlar dövrünə – 

Azərbaycan  tarixinin  XVIII əsrin axırı – XIX əsrin əvvəlinə 

aid dövrünə  də – Mirzə  Fətəli haqqında  əsər üzərində 

işləyərkən – qaynaqlara, ilk mənbələrə, arxiv materiallarına 

əsaslanaraq ətraflı bələd olmuşdu. Yadımdadır, bir dəfə Mirzə 

Fətəlinin mötəbər bilicilərindən olan Mikayıl Rəfili Axundov 

barəsində söhbətləri  əsnasında  Ənvərə: "səndə  əməlli-başlı 

tədqiqatçı damarı var – dedi. O da yadımdadır ki, Rəfili: – 

amma Mirzə Fətəlinin bioqrafiyasına daha yaxşı bələd olduqca, 

deyəsən, ondan bir az soyuyursan," – demişdi.  Ənvər 

gülümsünüb cavab verməmişdi. Axundov mövzusunu 

tamamlamaması  bəlkə, doğrudan da, bu səbəblərlə bağlı idi. 

Amma həqiqət naminə onu da deməliyəm ki, hələ o zamanların 

özündə Mirzə  Fətəliyə qarşı yönəldilən ittihamları (indi bu 

ittihamlar baş alıb gedir) heç cür qəbul etmirdi. Yəni bu 

ittihamların  əsas məğzi Mirzə  Fətəlini guya çar Rusiyasının 

siyasətinə xidmət edən bir adam kimi, az qala çar casusu kimi 

qələmə vermək cəhdidir. "Belə deyil, – deyirdi Ənvər. – Bu 

məsələ daha qəlizdir. Mirzə  Fətəlinin oğlu Rəşidə yazdığı 

məktubları – o vaxt hələ bu məktublar çap olunmamışdı – 



 311 

tapın, oxuyun. Görəcəksiniz ki, Mirzə  Fətəli necə ayıq başla, 

"şəkili bicliyiylə" oğluna ruslarla ehtiyatlı davranmağı tövsiyə 

edir. Yəni rus siyasətinin mahiyyətinə aid heç bir illüziyası 

olmayıb.  İntəhası, xalqın taleyini, inkişaf prosesini rus 

mədəniyyəti və rus mədəniyyəti vasitəsilə Avropa mədəniyyəti 

yönündə görürdü. Şərq ətalətindən, dinin, xurafatın əsarətindən 

qurtuluş yollarını burada arayırdı". 

Hər halda hansı səbəbdən olursa olsun, doğrudan da, Mirzə 

Fətəli mövzusundan soyudu və ömrünün son illərini Babəkə 

həsr elədi. Amma Mirzə  Fətəli dövrüylə tanışlığı da onunçün 

çox önəmli idi – çar siyasətini, Rus–İran münasibətlərini, 

Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsini – kiçik 

ayrıntılarına, faktlarına qədər bilirdi. İran  şahzadəsi Abbas 

Mirzədən, rus generalları Patskeviçdən, Yermolovdan, o 

dövrün başqa tarixi şəxsiyyətlərindən elə danışırdı ki, elə bil bu 

adamları öz gözüylə görüb. 

Bu dövrlə əlaqədar nəslimizin tarixinə aid geniş bilikləri də 

vardı. Şahsevənlər tayfasından olan ulu babamız Məmmədxan 

çar hakimiyyətiylə toqquşan və ruslar tərəfindən təqib edilən 

ilk Azərbaycan feodallarından biri olub. 

Həbibə xanımın anasından eşitdikləri: "Bir gün 

Məmmədxanın yanına qonşu kənddən bir çapar gəlir, xanın 

ayağına yıxılır: – başına dönüm, xan, – deyir – bizə kömək elə, 

kəndimizə bir dəstə urus soldatı  gəlib. Yerləşdirdik, 

əppəklərini, çaylarını verdik. İndi də yapışıblar ki, bizə qadın 

gətirin, gəlinlərinizi, qızlarınızı  gətirin. Ümidimiz bir sənədir. 

Bizi bu rüsvayçılıqdan ancaq sən qurtara bilərsən. Məmmədxan 

bir qədər fikrə gedir, sonra, çapara deyir ki, "get deginən, bu 

saat gətirəcəyik". Çapar kor-peşman geri qayıdır. Məmmədxan 

oğlanlarına əmr edir ki, atlanın. Yeddi oğul silahlanıb atalarına 

qoşulurlar. Həmin kəndə  gəlirlər. Deyilənə görə soldatlardan 

bir nəfəri də olsa qaçıb qurtara bilmir, hamısını  qılıncdan 

keçirirlər. Bu hadisədən sonra rus generalı Məmmədxanı tutub 

gətirən adama böyük ənam vəd edir. (Yüz il sonra nəticəsi 


 312 

Qəffar Məmmədxanlı kimi Məmmədxan da  neçə müddət asi 

kimi, qaçaq kimi hökumət tərəfindən axtarılırmış – A.) heç cür 

tuta bilmirlərmiş onu. Günlərin bir günündə  Məmmədxanı 

şamaxılı Mahmud ağa qonaq çağırır. Kimsə satqınlıq edib bu 

barədə ruslara xəbər verir. Evi əhatə edib Məmmədxanı 

tuturlar. Bir neçə gündən sonra ölüm xəbəri gəlir. Onu 

qazamatda zəhərləyib öldürürlər. Bu hadisədən sonra 

oğlanlarının hərəsi bir tərəfə dağılır. Xanlıq məhv olur. Bir 

rəvayətə görə kəndlər Təbatəbaiyə verilir". 

Həbibə xanımgildə Ənvərin iştirakıyla lentə aldığım yazıdan 

bir parça: 



ƏNVƏR: Bir iranlı vardı, Qivami. Abırlı kişilərdən biri idi, 

çox da bilikli adam idi. Bir dəfə  mənə bulvarda rast gəldi, 

söhbət elədik o yan-bu yandan, birdən dedi ki mənə, sizin 

nəslinizin tarixini bilirəm. Dedim ağayi Qivami, hardan? 

Danışdı  mənə. Özüm də  bəzi  şeyləri bilirdim, uyğun gəldi. 

Demək Məmmədxanın ki oğlanları qaçır  İrana, hamısı qaçır, 

bizim ulu babamız, Məmmədxanın böyük oğlu Mahmud ağadan 

başqa, Məmmədxanın bütün kəndlərini – Çiynini, Qaziyanı, 

başqalarını alırlar. Ruslar təzə bəylər zümrəsi yaradırdı. Kim 

qaçırdısa  İrana hamısının yerlərini, kəndlərini alırdılar. 

Patskeviç Təbrizdə olanda Təbrizi ona verənlərdən biri məşhur 

müctəhid olub – Mirfəttah ağa Təbatəbai. Təbatəbai nəsli 

İranda çox məşhurdur. Həmin bu Mirfəttah ağa kömək eləyib 

Patskeviçə Təbrizi alsın. Nikolaya xəbər gəlib çatanda ki, bəs 

məsələ belədir, Patskeviç o vaxt bir polknan gedib bütün İranı 

ala bilərdi, Nikolay deyib ki, Tehrana getməyin, geri çəkilin, 

sərhəd olsun Araz çayı, mən istəmirəm ki, Qacar sülaləsi məhv 

olsun... Görürsən, necədir məsələ, hər halda o sinfi hiss var da, 

bir padşah düşmən olsa da, o biri padşahın tamam məhv 

olmasını istəmir. Nə isə, Patskeviç geri çəkiləndə daha o 

Mirfəttah ağa da İranda qala bilməzdi, Abbas Mirzə onu 

öldürəcəkdi. Gəlir o da bu taya. Patskeviç ona çoxlu şey verir, 

bağ-zad, yeddi kəndi – Bərgüşadı, Çiynini, Qaziyanı – 

 313 

Məmmədxanın kəndlərini də ona əta eləyir. Amma Mirfəttah 

ağa çox savadlı adam imiş, böyük kitabxanası varmış, 

kitabxanasının bir hissəsini Tiflisdə qoyur. Tiflisdə o məşhur 

müctəhid bağı var e, o da həmin o Mirfəttah ağanın adınadır, 

kitabxanasının bir hissəsini də gətirir Qaziyan kəndinə, bir də 

başqa bir kəndə, adını hardasa qeyd etmişəm. Orda bir ev 

tikdirir, yığır ora kitablarını, əlyazmalarını... Bu hadisə də niyə 

görə düşüb aktlara – bir gün, düşmən düşübmüş kimləsə, od 

vurub bütün kitabxanasını yandırırlar... Gör indi o kitabxana 

nə xəzinə imiş e...". 

*** 

Tez-tez 37-ci il hadisələrini yada salırdı. Hələ lap gənc 

yazıçı ikən Yazıçılar  İttifaqında keçirilən o qanlı iclasların 

şahidi olub. "Yadımdadır, Sultan Məcid Qənizadə lap qoca kişi 

idi – o vaxtkı proletar yazıçılarından biri – adını deyirdi Ənvər, 

mən yazmıram – qocanın az qala boğazını üzürdü ki, ver bura 

üzvülük biletini, səni  İttifaqdan çıxartmışıq. O qoca yazıq da 

zəif səslə: vermərəm, – deyirdi, bu kitabçaya Maksim Qorki 

özü imza atıb... Nə fayda, tutub aldılar  əlindən... Qoca kişini 

tutdular, məhv etdilər, amma az bir müddətdən sonra həmin o 

bileti ondan alanı da tutub basdılar, o da qayıtmadı... Nə isə... 

bu bir dövr idi ki, onun faciəsini ancaq Şekspir qələminə sahib 

olan bir sənətkar yarada bilər...". 

Stalin haqqında deyirdi: şineli rəngdə boz bir həyat qoyub 

getdi bizə... 

* * * 

68-ci ilin avqustunda Zuğulbada dincəlirdik. Hər gecə xarici 

radionu dinləyirdim. Bir yerdə yazmışam ki, 56-cı ildə 

Macarıstanın işğalı zamanı bizim nəslin yeniyetməlik dövrü 

bitdi, 68-ci ildə Brejnev Çexoslovakiyaya qoşunları yeridəndə 

isə  gəncliyimizlə vidalaşdıq. Praqa baharı, Çexoslovakiyada 

"gülər uzlü sosializm", "insani sosializm" qurmaq cəhdləri 

şəxsən mənim sosialist ideyasına son ümidim, son gümanım idi 

və bilirdim ki, Praqa reformaçılarının  bu təşəbbüsləri də sovet 


 314 

tanklarının tırtılları altında darmadağın edilsə, daha bu ideyaya 

heç bir inam qala bilməz. Ümumiyyətlə, bizim nəsil bu 

hadisələri çox böyük həyəcanla izləyirdi və Praqa baharının 

süqutunu çox ağır qəbul etdi. Rüstəm İbrahimbəyov o günlərdə 

Praqada idi, sonra mənə danışırdı ki, sovet qoşunlarını 

çaşdırmaq üçün praqalılar küçələrin adları yazılmış lövhələri 

qoparırdılar, mən də onlara qoşulub bir neçə lövhəni öz əlimlə 

qopardım. Avqustun axırında Moskvada Rüstəmlə görüşdük, 

Araz Dadaşzadə də Moskvadaydı, saatlarla Moskva küçələrini 

dolaşıb Çexoslovakiyanın dərdinə acı-acı yanırdıq. Dubçekin 

işdən uzaqlaşdırıldığı  xəbəri gələndə  Əkrəm  Əylislinin 

hönkür–hönkür ağladığı yadıma gəlir. Vaqif Səmədoğlunun da 

o vaxt yazdığı  şerlərinin birində "yuxuma girir rus çarının 

tankları" misrası vardı, amma o dövrlərdə  təbii ki, dərc edilə 

bilməyən bu şer, nədənsə, indiyə qədər də çap olunmayıb. Mən 

də o vaxt çap olunmuş Fransa haqqında yazımda senzuranı 

aldadaraq ürəyimi boşaltmışdım: guya ki, Parisin XIX əsrdəki 

bələdiyyə  rəisi baron Osmanın ünvanına söylədiyim sözlər, 

əlbəttə ki, Praqanı yaman günə qoymuş sovet tankları haqqında 

idi: "Osman indi yaşasaydı, yəqin üsyan etmiş insan ləyaqətinə 

qarşı toplarla yox, tanklarla çıxardı. Ancaq xalq qeyrəti  şahə 

qalxanda, dözüm və  səbr kasası dolanda, millət haqqını  tələb 

etmək üçün küçələrə  çıxanda nə toplara baxır, nə tanklara. 

Tankın, topun zirehi bəlkə də tarixin qısa bir keçidində xalqın 

ləyaqətinə, iradəsinə, sözünə üstün gəlir, amma keçmişin və 

indinin baronları bilməlidir ki, tankın  şüur, söz üzərində 

üstünlüyü müvəqqəti, keçəri və aldadıcı bir qələbədirU 

("Azərbaycan" jurnalı  № 5. 1970). Sovet qoşunlarının 

Çexoslovakiyaya girdiyini eşitdiyim gün Zuğulbada qala 

bilmədim, ürəyim partlayırdı, nədənsə, məhz  Ənvəri görmək 

istəyirdim. Buzovnaya, bağa, onun yanına gəldim. Kül 

rəngindəydi sifəti, içində boğulmuş adam təsiri bağışlayırdı: 

"Vallah, – dedi – imkanım olsaydı, bu saat Çexoslovakiyaya 

gedərdim, sovet qoşunlarıyla əlisilahlı mübarizə etmək üçün. O 


 315 

vaxt neçə-neçə ölkədən adamlar İspaniyaya gedib respublikanı 

müdafiə etdikləri kimi... Bu imkanı da alıblar  əlimizdən". 

Ənvərin bu qədər həyəcanlı danışdığını az-az görmək olardı... 

İçindəkiləri, düşündüklərini, duyduqlarını yazılarında demək 

imkanına malik olmaması da onu bir tərəfdən sıxırdı, boğurdu, 

həyatını ağrıdırdı. 

"İndi adamların evinin içindən çox beyninin içində axtarış 

aparırlar". "Hər tərəfdə maqnitofon var, nə deyirik yazılır. 

Xahiş edirəm mümkün qədər idealizmdən uzaq ol". "Düşünən 

üçün son fikir yoxdur, dost və hər şey ki, boğulanda ölür, fikir 

boğulduqca dirilir"... "Düşünən həmişə belədir. Azadlığa 

qovuşanda bir az dəli olur". (Lap elə bil bu gün üçün deyilib – 

A.) "Ey ölüm, gəl ki, bu həyat bizi öldürdü", "Ey yazıqlar, siz 

heç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir. 

O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir". "Böyük 

gələcək və yaxud bərabərlik dünyası  məgər bir nağıl deyilmi 

uşaqlar üçün? Və  əgər  ədalətli keçmiş birinci yalandırsa, 

ədalətli gələcək də ikinci yalandır". "Xırdaca kəndlər gördüm 

ki, yuxarı başı  aşağı başla vuruşurdu. Böyük şəhərlər gördüm 

ki, aşağı  məhəllə yuxarı  məhəllə ilə döyüşürdü. Və yüz dəfə 

lənət olsun o kiçik balıqlara ki, didirlər böyük balığın qarnında 

bir–birini!". 

Müxtəlif əsərlərinə səpələnmiş bütün bu atmacalar Ənvərin 

demək istədiklərinin və deyə bilmədiklərinin qısa və boğuq 

fəryadlarıdır. Bugünkü rüsxətli cəsarət mövqeyindən keçmişin 

bu sayaq etiraz səslərini lağa qoyanlar başa düşmürlər, ya başa 

düşmək istəmirlər ki, tariximizin böyük bir dövründə  ən 

namuslu şairlərimiz, yazıçılarımız əsərlərini yalnız Azərbaycan 

dilində deyil, həm də Ezop dilində yaratmağa məcbur idilər... 

Bunu böyük Nazim Hikmət bilirdi. Bir dəfə Bakıdan 

Moskvaya qatarla gedərkən  Ənvərlə bir vaqonda olublar və 

yolda Nazim "İnək" pyesini Ənvərə,  Ənvər isə  "Şirvan 

gözəlini" Nazimə oxuyub. Nazim bu əsəri dinlədikdən sonra: 

"Siz  kiçik millətlərin (kiçik deyəndə o da, Ezop diliylə qeyri-


 316 

müstəqil, millətləri nəzərdə tuturdu) yazıçılarında həmişə bir 

qurnazlıq (fəndgirlik, biclik, hiyləgərlik) var, demək istədiyiniz 

mətləbləri dolayı yolla deyirsiniz". Doğrudan da, sözün yaxşı 

mənasında, yüngül bir komediya olan "Şirvan gözəlin"də yad 

fikirlərin, uyğun olmayan nəzəriyyələrin zorla başqa mühitə 

təlqin olunmasından, zorakılıqla yeridilməsindən söhbət 

gedirsə, aydındır ki, məsələ yalnız alma sortlarında deyil, daha 

ciddi mətləblərdədir. Moskvadan gəlmiş rus alimi Mudrov, 

Azərbaycandakı  həmkarlarına müraciətlə: "Dostlar, mənim 

yetişdirdiyim  o ağaclar aranda, öz vətənində yaxşıdır, amma 

burda, dağ  ətəyində, Göytəpə bağlarına yaramır" (kursiv 

mənimdir – A.) – deyəndə  təbii ki, söhbət yalnız nəbatatdan 

getmir. Və Mudrov son nöqtəni də qoyur: "Burda, Göytəpə 

bağlarında baş verən hadisələr üçün mən də cavabdehəm, ona 

görə... bütün Göytəpə bağbanlarından üzr istəyirəm"... 

"Şirvan gözəli" o dövrün mətbuatında kəskin tənqidə məruz 

qalmışdı. Daxilən  Ənvər həmişə mövcud quruluşa qarşı 

dissident duyumuyla, dissident düşüncəsiylə yaşamışdı, ancaq 

Rusiyadakı dissidentlik hərəkatından – həmişə dünya ictimai 

fikrinin diqqət mərkəzində olan hərəkatdan fərqli olaraq 

Azərbaycanda dissidentlik passiv xarakterdə, daha çox daxili 

narazılıq, tərənnümlərə  və  təntənələrə qoşulmamaq  şəklində 

olmuşdur.  İctimai həyatdan kənara çəkilmək, mənəvi 

sığınacağı sükutda tapmaq Ənvərin də özünəməxsus daxili 

etirazı idi. Əlbəttə, Stalin dövründə, başının üstündə bayaq 

dediyim Domokl qılıncı, daha doğrusu, Domokl qılıncları,  ən 

azı iki qılınc – atasıyla və qardaşıyla bağlı təhlükələr asılanda 

Ənvər də Lenin, Stalin haqqında hekayələr yazmışdı, Aprelin 

28-ni "Şərqin səhəri" kimi tərənnüm etmişdi... Bunlar da var, 

bunları da danmaq olmur və yazılana da pozu yoxdur. Kamal 

Abdullayevlə söhbətində Ənvər bu barədə də tam səmimiyyətlə 

danışır və deyir ki, "Şərqin səhəri"ni yazanda onun əlində olan 

sənədlər həqiqətin, cüzi və  təhrif olunmuş hissəsini  əks 

etdirdiyini çox sonralar dərk edib. O vaxt nə 18-20-ci illərdəki 



 317 

milli hökumətimiz haqqında dürüst informasiya vardı, nə onu 

yıxanların əsl niyyətləri haqqında. Həqiqət Ənvər üçün də, bir 

sıra başqa nəsildaşları kimi ildən-ilə, pillədən-pilləyə, 

addımdan-addıma açılmağa başladı... Bir də axı, 20-30-cu 

illərin də müəyyən hüsnü, inqilabi romantikası vardı, bunu da 

inkar etmək olmaz. Mənim nəslimlə Ənvərgilin nəslinin dünya 

duyumunda əsas fərqi də bəlkə elə bundadır. Biz yetişib bir şey 

dərk etdiyimiz vaxt bu quruluşu qoca bir fahişə kimi 

tanımışdıqsa, Ənvərgilin nəsli bu idbar qocanın gənc, cazibəli 

qız vaxtlarını da yaşadırdılar yaddaşlarında... Hər halda o vaxt 

onlara elə görünmüşdü. Aşıq Bəsti demişkən, "Qoca cadugərdi, 

aldadar səni, cavanlıq donunda qalan bu dünya". 

Onu da düşünürəm ki, Ənvər ilk hekayələrinin müəllifi kimi 

otuzuncu illərdə  nə  səbəbdənsə, Allah eləməmiş dünyasını 

dəyişməli olsaydı, bu gün onu məsələn, tutalım musiqidə Asəf 

Zeynallı, rəssamlıqda Rüstəm Mustafayev kimi çox erkən vəfat 

etmiş nadir bir istedad kimi xatırlar və qiymətləndirərdilər.  

Atasına  görə,  öz çılğın hərəkətlərinə  görə 37-ci ilin qurbanı 

olsaydı, indi daha da artıq bütləşdirilərdi. Vətən müharibəsi 

cəbhələrində  həlak olsaydı, Azərbaycan nəsrinin unudulmaz 

müharibə qurbanı kimi anılardı. 

Amma  ədəbiyyatda həqiqi, güzəştsiz meyarlara əsaslanan 

yerini tutması üçün o bütün ömrünü, bütün ağrıyan həyatını 

yaşamalıymış... Və  əgər kiminsə çox doğru söylədiyi kimi, 

yazıçılıq yalnız peşə deyil, həm də dünyada yaşamaq tərzidirsə, 

Ənvərin mənəviyyatımızda yeri bu gün təyin olunmuş 

səviyyəsindən qat-qat yüksəkdir.  Ədəbiyyat tariximizdə ona 

ayrılmış guşədən dəfələrlə böyükdür.  

Başqa bir cəhət də var. Ənvərin son və  ən böyük əsəri 

"Babək" oxuculara yalnız indi çatdırılır. Mirzə Fətəli haqqında 

yazdığı romandan nələr qaldığını  hələ bilmirik. Bir neçə çap 

olunmamış çox maraqlı hekayələrini mənə oxumuşdu, onlardan 

da  ədəbi ictimaiyyət xəbərsizdi. Və  nəhayət, ilk gənclik 

illərindən ömrünün sonuna qədər mütəmadiən gündəliklər 


 318 

aparırdı. "Qəlpələr" adlanan bu gündəliklər onun daxili 

aləminin, daxili həyatının, mütaliəsindən, müşahidələrindən, 

fikirlərindən doğan dəruni, gizlin ömrünün aynası idi. Mənə elə 

gəlir ki, bütün bu zəngin irs tapılıb, araşdırılıb, çapa hazırlanıb 

meydana qoyulandan sonra ədəbiyyatımızda tamamilə yeni, 

indiyəcən yaxşı tanımadığımız bir yazıçını  kəşf edəcəyik. 

Ənvərin indiyə qədər məlum olan yaradıcılığı nə qədər maraqlı 

və  əlvandırsa, bundan sonra açılacaq irsi ondan da rəngarəng, 

parlaq və mühümdür, şübhəsiz. 

Son illərdə  Ənvər çox istədiyi anası  İmmi xanımı, sürgündən 

qayıdıb yalnız bir neçə il sakit həyat yaşayandan sonra xərcəngdən 

vəfat etmiş kiçik qardaşı Niyazini, İnşaatçılar prospektində maşın 

altında qalmış bacısı Vahidəni itirdi. Bacısı  Həbibənin və xalq 

rəssamı Tağı Tağıyevin oğlu, özü də  rəssam olan Namiq gənc 

yaşında qəfil xəstələnib keçindi. 

Rəsul Rzayla Nigar Rəfibəylinin ölümləri Ənvərin tənhalıq 

çəmbərini daha da daraltdı. Əsərlərinin birində elə bil özü özü 

haqqında demişdi: "Sən o qədər təksən ki, heç vaxt təklik nə 

olduğunu bilməyəcəksən"... 

...Son illərdə yalnız bircə  dəfə guşənişinliyə qapıldığı 

yuvasından çıxıb Yazıçılar İttifaqına, "dava iclaslarının" birinə 

gəlmişdi. "Dəyirman" povestini, haqsız, nadan hücumlara 

məruz qalmış Mövlud Süleymanlını, istedadını  təqdir etdiyi 

Mövlud Süleymanlını müdafiə etmək üçün. Deyirdi ki, Mövlud 

məni  əsərləriylə onu oxumağa məcbur edir. Və bu iclasda 

bizim başqa yazıçı adını daşımağa layiq olan yazıçılarımızla bir 

yerdə Mövludu qanadı altına almışdı. Bunu özünün yazıçılıq, 

vətəndaşlıq borcu sayırdı. 37-ci ildə Azərbaycan ziyalılarını 

təpiklə, yumruqla döyən NKVD müstəntiqlərinin varislərinə 

həmin iclasda: "Bəsdir daha, keçməz o məşum illərin oyunları, 

– demişdi. – O illəri qaytara bilməyəcəksiniz, – demişdi. 

...və: – mən sizdən heç vaxt qorxmamışam" – demişdi. 

Bunu deməyə mənəvi haqqı vardı. Bu sözləri Ənvərin bütün 

ağrıyan həyatı təsdiq edə bilərdi... 


 319 

*** 

Ənvərin vəfatı həyatımda elə bir boşluq yaratdı ki, mən bu 

boşluğu heç nəylə doldura bilmirəm. Elə gün olmur ki, 

düşünməyim: bax bu məsələni  Ənvərlə danışmalıyam, 

müzakirə eləməliyəm, fikrini bilməliyəm onun. 

Onunla söhbət eləmək, təkrar edirəm, universitet qurtarmaq 

kimi bir şeydi. 

*** 

Böyük bir arzum vardı. Həmişə  nədənsə adam ən yaxşı 

arzularında yubanır. Çoxdan belə niyyətim vardı  və 91-ci ilin 

lap əvvəlində bu niyyəti həyata keçirməyi planlaşdırmışdım. O 

vaxt SSRİ Ali Sovetinin deputatı kimi ilin çox hissəsini 

Moskvada keçirirdim, amma dekabr ayında rotasiya olasıydı, 

Ali Sovetin tərkibindəki Azərbaycan deputatlarının heyəti 

dəyişməliydi, mən də Ali Sovetdən çıxmaq haqqında  ərizə 

vermişdim və bu məsələni deputat heyətimizin ağsaqqalı, 

rəhmətlik Tofiq İsmayılovla da razılaşdırmışdım, çünki iki il 

idi Moskvayla Bakı arasında qalmışdım... Ənvərlə danışmışdıq, 

qərarlaşdırmışdıq ki, Moskvayla üzülüşəndən sonra Bakıda bir 

istirahət evinə gedəcəyəm  Ənvərlə bir yerdə. Maqnitofon 

götürəcəm və saatlarla onun söhbətlərini həm maqnitofona, 

həm dəftərə yazacam. Bunu 91-ci ilin yanvarında etmək 

istəyirdim. 

Qismət olmadı. Dekabrda Moskvadaydım, ayın axırına 

sessiya qurtarmalıydı. Dekabrın 18-də mehmanxanadakı 

otağıma zəng çalındı. Elə bil ürəyimə  nə isə dammışdı, 

telefonu uzun zaman götürmədim. Nəhayət qaldırdım dəstəyi. 

Arif  Əsədov idi, Moskvada yaşayan qohumumuz. Dedi ki, 

Ənvər vəfat edib. 

Elə bil ki, həyatımın yarısını itirdim. Atamla anamın 

vəfatından sonra ən böyük itkim idi... Ümumiyyətlə, bu 90-cı il 

həyatımın ən məşum illərindən biriydi. Qanlı yanvar faciəsiylə 

başlamış bu ilin ərzində  əziz, yaxın dostumu – Araz 

Dadaşzadəni itirmişdim və onun dəfnində Ənvər də vardı. İndi, 


 320 

ilin sonunda Ənvəri itirdim. 

Həmin gecə təyyarəylə Bakıya uçdum. Dəfn elədik. 

Yasını verdik. 

Mənə dedilər ki, xəstəxanada olanda axır nəfəsinə yaxın 

çağırdığı adamlardan biri də  mən olmuşam. Deyib ki, Anarı 

görmək istəyirəm, ona sözüm  var. 

Nə sözü vardı mənə, nə deyəcəkdi, bunu mən daha heç bir 

vaxt bilməyəcəm. Bəlkə özümü çatdırsaydım, "necəsən?" – 

deyə soruşsaydım, son dəfə deyəcəkdi: "həyatım ağrıyır"... 

 

Yanvar, 1993 


 321 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



ANILAR, AĞRILAR, AĞILAR 

 

 322 

 

 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin