Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

EMİNƏ AĞI 

 

Bir həftə bundan qabaq Emin Sabitoğlu Ali məktəblərinin 



birində dərs dediyi İstanbuldan Bakıya gəlmişdi. Noyabrın 21-

də Milli Dram teatrında keçirilməsi nəzərdə tutulan tədbirdə – 

atası Sabit Rəhmanın 90 illiyi yubileyində iştirak etmək üçün. 

Üç həftə bundan qabaq Eminə Xalq artisti adı verilmişdi, 

Noyabın 17-də Akif Rəfiyevin təklifi və  dəvətiylə  Eminin 

gəlişini və ad almasını qeyd etmək üçün dost məclisinə 

yığışmışdıq: Fikrət Qoca, Vaqif Səmədoğlu, Akif, Emin, mən. 

Eminin sağlığına badələr qaldırırdıq. O özü içmirdi, amma son 

illərdə ilk dəfə olaraq Emini belə  şən, nəşəli görürdüm. 

Vaqiflə, mənimlə bir yerdə oxuduğumuz məktəbi, məktəb 

illərini, gəncliyimizi xatırlayırdıq. Vaxtsız itirdiyimiz 

dostlarımızı – Arazı, Yusifi yada salırdıq. Ötüb keçən illərin 

gah kədərli, gah məzəli günlərinə qayıdırdıq. Fikrət, Vaqif 

köhnə  və  təzə  şerlərini oxuyurdular. Emin də onlara qoşulub 

gəncliyimizdən sevdiyi və  əzbər bildiyi bir şeri – Mikayıl 

Rəfilinin "Pəncərə" şerini oxudu: 



Fikrim bir sap kimi 

ilişirdi parıldayan bir xəncərə,  

Qarşımdakı böyük şəhər – 

bir pəncərə. 

Axşam saat 11-də ayrıldıq. Mən evimin tinində maşından 

düşdüm, maşın Vaqiflə Emini  evlərinə apardı. Heç əl verib 

görüşmədik də...  İki gün sonra Yazıçılar Birliyində 

görüşəcəyimizi vədələşdik. Emin atasının yubileyinə 

dəvətnamələri gətirəcəkdi. Mən maşından çıxanda Emin mənə 

və Vaqifə  qələm bağışladı. Belə  şakəri vardı – hər dəfə 

Türkiyədən Bakıya gələndə hərəmizə bir qələm hədiyyə edərdi. 

Evə  gəldim, saat ikiylə-üç arasında yuxuladım. Yuxuda 

gördüm ki, Emin ölüb. 



 432 

Səhər saat doqquzun yarısında qızı Ceyran zəng elədi və 

dedi ki, gecə saat dörd radələrində Eminin ürəyi dayanıb. 

Əlli beş illik dostum 

Niyə, niyə axı sən 

Həyatdan doydun, bıqdın? 

Sən ki etibarlıydın, 

Niyə vəfasız çıxdın? 

Niyə belə tələsdin, 

Qürbətdən betər olan 

Ayrılığın acısın 

Bilə-bilə tələsdin... 

Sənsiz qalan bu dünyam 

həsrətli bir aləmdi, 

Kədərdi, dərddi, qəmdi, 

hıçqırıqdı, ələmdi. 

Əlimdə bu qələm də 

Sənin son hədiyyəndir – 

QARA YAZAN qələmdi.... 

Eminin məhşur bir mahnısı var. Sözləri Fikrət Qocanındır: 

"Payız gəldi, uçdu getdi quşlar". Dünyaya payızda gəlmişdi – 

noyabrın 2-də, payızda da uçdu getdi. Son dostluq məclisimiz 

haqqında Fikrət dedi: – Sən demə, Emini yola salmağa 

yığışmışdıq. 

Neçə il Türkiyədə  işlədi, sanki bayatımızın müdrikliyini 

təsdiq eləmək üçün Bakıya döndü: 

"Gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır". 

Əlvida Emin, əlvida  əzizim, həmdəmim, munisim, məktəb 

və  sənət yoldaşım, uşaqlıq, gənclik, qocalıq dostum. Bir 

Niyaziyə, bir də sənə maestro deyərdim. 

Əlvida, maestro... Əlvida Emin... Əlvida Eminciyim... 

 

20 noyabr, 2000 



 433 

 

 



ƏLVİDA 

 

Gözəl bir insanı, etibarlı dostu, böyük alimi, həqiqi ziyalını, 



ədəbiyyat fədaisini itirdik. Mən həmişə bu fikirdə olmuşam ki, 

ədəbiyyatın  ən çətin janrlarından biri tənqid janrıdır. Və bu 

janra xüsusi istedad lazımdır. Bu xüsusi istedada geniş biliklər 

əlavə olunmalıdır. Bu xüsusi istedada yüksək bədii zövq əlavə 

olunmalıdır. Bu xüsusi istedada, bəlkə də, ilk öncə ədəbi əxlaq

ədəbi vicdan, obyektivlik hissi əlavə olunmalıdır. Bütün bu 

dediyim keyfiyyətlər  ən parlaq şəkildə Yaşarın  şəxsiyyətində, 

yaradıcılığında təcəssüm olunmuşdu. 

Yaşar Firidun bəy Köçərlidən, Məmməd Arifdən üzü bəri 

Azərbaycanın  ən böyük tənqidçiləri,  ədəbiyyatşünasları 

sırasında şərəfli bir yer tutur və bu gündən sonra əbədiyyən bir 

yer tutacaqdır. 

Yaşarla çox səfərlərdə olmuşuq. Onun insan kimi 

keyfiyyətləri, özünəməxsus yumoru, həlim xasiyyəti, insanlara 

qarşı xeyirxah olması, dünyada heç kəsin  əleyhinə bir kəlmə 

söz danışmaması, eyni zamanda ədəbi mübarizələrdə,  ədəbi 

ölçülərdə prinsipiallığı, barışmazlığı uzun zaman örnək olaraq 

qalacaqdır. 

Bir neçə gün bundan əvvəl Fikrət Qocayla, Arif 

Əmrhoğluyla Yaşara dəyməyə getmişdik. Çox zəifləmişdi. 

Yaşarı tanımaq olmurdu. Amma cismən zəifləmiş bu adamın 

iradəsi, zehni, ağlı, mühakiməsi əvvəlki kimi diri, canlı idi. Və 

özünəməxsus cümlələrlə danışanda arabir dedi ki, "necədir, 

fikrim yerində qalıbmı?" Dedik: – Tək fikrin yox, üslubun da 

yerindədir, Yaşar. Və tezliklə sənin bu yeni kitabının – əlbəttə, 

bilərək ki, bu bir aldanışdı, – sənin bu yeni kitabının birlikdə 

təqdimatını keçirəcəyik. 

Dedi ki, özü də sən keçirəcəksən, çünki sən həmişə mənim 

tədbirlərimdə iştirak eləmisən və bəzən hətta unudub mənə söz 


 434 

də verməmisən. 

O yadıma salırdı ki, onun yubiley gecəsində nədirsə, hamıya 

söz verdim, Yaşara söz vermədim. Bir də mən ona söz vermək 

səadətinə  nəsib olmayacağam. Amma Yaşarın xatirəsi 

mənimçün ən əziz insanların xatirəsi sırasında əbədi yaşayacaq. 

Nazim Hikmət Rəfilinin ölümünə  həsr etdiyi şerdə 

"Nəslimin yarpaq tökümü başladı" – deyib. Bizim nəslin 

yarpaq tökümü çoxdan başlayıb. Və indi bəlkə budaqlarda tək-

tük yarpaqlar qalıb. Bu yarpaqlardan biri də bu gün aramızdan 

gedib. Amma onun ruhu, onun ədəbiyyatımız qarşısında olan 

xidmətləri, onun tələbələri, onu unutmayan dostları,  əsas isə 

onun qədrini bilən bu xalq həmişə yaşayacaqlar. 

Əlvida, Yaşar, qəbrin nurla dolsun... 

 


 435 

 

 



ELƏ BİL HEÇ YOX İMİŞ 

 

Fotoların kino lentlərindən və videokadrlardan bəzi 



üstünlükləri də var – özəlliklə xatirələrimizi  əyani  şəkildə 

canlandırmaq istədiyimiz zaman. Doğrudur, sənədli kino, ya 

video kadrlarda insanlar hərəkət edir, danışır, onların 

güldüyünü ya qəzəbləndiyini görürük, səslərini eşidirik. Amma 

sürətlə ötüb keçən həyatı dayandıra bilmədiyimiz kimi, bu 

kadrları da saxlaya bilmirik. Yox, əlbəttə, hər hansı kadrı 

durdura bilərik, buna stop-kadr deyirlər. Amma bu artıq kino 

ya video deyil: yenə də fotodur, səssiz, hərəkətsiz. 

Bilmirəm, ən əziz, ən yaxın adamlarımdan biri haqqında, bu 

ilin fevralında itirdiyimiz bibim qızı Salehə (biz ona Sasa 

deyərdik) haqqında yazdıqlarımı niyə belə uzaqdan başlayıram. 

Bu itkinin reallığına hələ  də  çətinliklə inanıram və elə buna 

görə  də onun haqqında yazmaq istədiklərimi bu qədər 

yubatdım, yeddi ay keçdi. Yara hələ də çox göynədir. 

Fotolara gəlincə – onlanı bir-bir gözdən keçirirəm və Sasalı 

fotolar xəyalımda min bir xatirəmi canlandırır. Salehə atamın 

kiçik bacısı Surə  Məmmədxanlının və kinoaktyor, rejissor 

İsmayıl  Əfəndiyevin övladı idi. Bibim qızıydı, amma bibim 

qızından artıq böyük bacım idi. Yaşca yox, yaşca məndən iki 

yaş kiçik idi. O, mənim ilk bacım idi. Çünki ana-bir, ata-bir 

bacılarım Fidan və Təranədən daha qabaq gəlmişdi dünyaya və 

mən də ta uşaqlıqdan əvvəl-əvvəl bacım kimi onu görmüşdüm. 

Budur qarşımda 45 ilin fotosu, atamın yanında mən durmuşam, 

onun dizləri üstə isə beş yaşlı Salehə və iki yaşlı Fidandır. Bu 

foto mənim foto-albomumda da nəşr olunub. Rəsul Rza və 

Nigar Rəfibəyli foto-albomunda isə başqa bir foto var: Surə 

xanım, İsmayıl Əfəndiyev və iki qızları – Salehə, kiçik bacısı 

Zabitə. Bibim zarafat edərdi: – İsmayılın qohumları bizi 

soruşanda deyirlər: Salehə xanım necədir, Zabitə xanım 


 436 

necədir, Surə necədir? Qızlarım – xanımmış, mən – xan nəvəsi 

– sadəcə Surə. 

Amma sonra gülüb izah edirdi ki, məsələ bir az ayrı cürdür. 

İş ondadır ki, Salehəyə İsmayılın vaxtsız vəfat etmiş bacısının 

adını qoyublarmış – Salehə xanım. Zabitə xanım da hansısa 

başqa qohumunun adıymış. 

Dördünü – Surəni, İsmayılı, Salehəni, Zabitəni – əks etdirən 

fotoda hamısı gülümsüyürlər, amma məni bu fotoda ən çox 

riqqətləndirən Salehənin üzündəki ifadədir. Yeniyetməlik 

çağında olan qızın işıqlı gözlərində, üzündə, təbəssümündə o 

qədər məsudluq var, o qədər daxili saflıq, nikbin bir ruh 

görünür ki, ürəyim ağrıyır. Axı Salehənin sonrakı  həyatının 

ağrı-acıları durur gözlərim qarşısında, uğursuz taleyinin 

vurduğu zərbələri bir-bir yada salıram. Bu şəkli çəkdirdikləri 

zaman ağıllarına gələrdimi ki, həyata, gələcəyə, məhəbbətə 

gülümsəyən bu qızcığazın alnına nələr yazılıb. 

Atamın böyük bacısı Sarə  Məmmədxanlıya həsr etdiyi 

şerində acı bir sual var: Tale niyə belə öc olur adamla? Bu sualı 

Salehənin taleyinə  də aid etmək olar. Niyə  qəlbi insanlara 

sevgiylə dolu, hamıya yalnız yaxşılıq etmək, hər zaman 

xeyirxahlıq göstəmək istəyən, hamının dadına çatmağa can 

atan insana tale belə qənim kəsilir? Bütün uşaqlığımız bir yerdə 

keçmişdi. Hətta qızılcanı da bir yerdə çıxarmışdıq və üçümüz – 

Fidan, Salehə, mən bizim evdə keçirirdik bu xəstəliyi. 

Yeniyetməlik, gənclik illəri... Bacılarımın artıq mənimlə 

bölüşmədikləri söhbətləri, sirrləri... Çox sonralar etiraf edirdilər 

ki, o vaxtlar mən onlara göz verir, işıq vermirəmmiş – belə 

geyinmə, belə danışma, ora getmə, bura get – hər hərəkətlərinə 

nəzarət edirmişəm demə. Özümün belə  qəddar olmağım, 

əlbəttə, yadıma gəlməz. Salehə zarafatla: ömrümüz boyu 

Zemfiraya minnətdar olmalıyıq – deyirdi – onunla görüşməyə 

başlayandan sonra daha bizi bir az rahat buraxdın. 

Salehə, Fidan o vaxt on üç-on beş yaşında idilər. Neçin və 

haçan uzaqlaşmağa başladıq? Bəlkə  də Salehənin nikahından 


 437 

sonra. Heç bir cəhətdən ona layiq olmayan bir insana rast 

gəlmişdi. Qızı öz xoşuna qoysan ya dümbəkçiyə gedər, ya 

zurnaçıya – deyən xalqın sözündə müəyyən həqiqət də var. O 

adama rast gələndə Salehə  hələ çox gəncdi, həyat təcrübəsi 

yoxdu, çox sadəlövhdü. O sənə layiq deyil – çox dedik, 

eşitmədi. Atam uzun zaman Salehəni dindirmədi, yalnız çox 

illər sonra barışdılar. 

O adam indi sağmıdır, ölübmü, bilmirəm, son illər 

Moskvada yaşayırdı, sonra müəmmalı  şəkildə qeyb oldu, gah 

dedilər, Amerikadadır, gah dedilər ölüb. İçən idi, ayıq vaxtı 

olmurdu və içib itkin düşməsi də mümkündür. 

Ailənin israrlı etirazlarına baxmayaraq evləndilər, bir müddət 

Bakıdan uzaqda yaşayıb işlədilər, Minskdə. Bir dəfə Salehəylə 

təsadüfən Moskvada, Qorki küçəsində rastlaşdıq, birlikdə nahar 

etdik, söhbətləşdik və başa düşdüm ki, xoşbəxt deyil. Daha 

doğrusu çox peşmandır. Amma artıq ana olmuşdu. Sonra Bakıya 

döndü və axır ki, ayrılmalı oldular. 

Televiziyada işə düzəldi. Musiqi redaksiyasındakı  işini 

həvəslə görürdü, müxtəlif maraqlı verilişlər hazırlayırdı. Elə iş 

yerindəcə Vahidə rast gəlmişdi. Bir-birini sevmiş, 

evlənmişdilər, Vahid əsl kişi xasiyyətli, alicənab və  ləyaqətli 

insan idi. Hamımız sevinirdik ki, Salehə axır ki, ailə rahatlığına 

qovuşub. Həssas həyat yoldaşı, oğlu, sevdiyi peşəsi. Bu 

rahatlığın belə  qısa sürəcəyini bilmirdik. Bir səhər Təranə 

mənə telefon etdi: – Vahid daha yoxdur – dedi. 

Elə bil başıma qaynar su tökdülər, axı Vahid heç vaxt 

səhhətindən şikayət eləməzdi, xəstə–filan da yatmamışdı. Qəfil 

ürək krızı və belə amansız ölüm! 

Gəncəliydi, aparıb Gəncədə  də  dəfn etdik. Vahidin gəncəli 

qohumları dil deyir, sinə döyür, ağılar çağırırdılar. Salehə – 

şəhər övladı isə bu qadınların arasında dinməz-söyləməz 

öturmuş, sanki daşa dönmüşdü. Bacımın bu halına dözmək çox 

çətindi. 

Oğul sarıdan da yarımadı, bu da ömrünün axır illərinin 


 438 

müsibətinə çevrildi. Evdə  nə vardı satıb qurtarmışdı, ağır 

maddi çətinliklər içində yaşayırdı. Biz, xüsusilə  də Fidanla 

həyat yoldaşı Rauf, ona imkan daxilində kömək göstərirdik, 

mən oğlunun müalicəsi üçün vəsait tapa bilmişdim. Amma 

Salehənin qara bəxti ona yeni-yeni yaralar vururdu. Axır özü 

də  xəstələndi. Və yenə  də bir uğursuz sabah üzü acıdan–acı 

xəbər aldım: Salehə öldü. 

İztirabları, məşəqqətləri axır ki, bitdi. 

Ehsanında televiziya əməkdaşlarından biri mənə dedi: – 

Kimin hünəri vardı Salehənin yanında sizin haqqınızda artıq bir 

söz danışsın, boğazını üzərdi. 

Bir də oğlu Orxan mənə dedi: – Məni tək qoymayın. 

Bir neçə yaxın,  əziz adamımın itkisini yaşamış, onlar 

haqqında vida sözü yazmışam. Bu yazıların çoxunda məlum 

ifadələri təkrar edirəm: səni unutmayacayıq, qəlbimizdə 

yaşayırsan və s. və i.a. 

Amma onu da dəqiq bilirəm ki, bunlar yalnız təsəlli 

aldanışıdır. Dəfn etdiklərimiz artıq yaşamır.  

Salehə də yoxdur.  

Elə bil heç yox imiş... 

 

26 oktyabr, 2003 

 


 439 

 

 



QALİB GƏLDİ, QALİB GETDİ 

 

Neçə aydır ürəyimiz səksəkədə idi. Vaxtaşırı  səhhətinin 



yaxşılaşdığını, tezliklə geri dönəcəyini eşitsək də, 

nigarançılığımız səngimirdi. Onun xəstə çağının görüntülərinin 

– kino-video kadrlarının, adicə fotolarının meydana 

çıxmamasını başa düşürdüm, çünki xasiyyətinə az-çox bələd 

idim. Xəstə, həm də  ağır xəstə, həm də yaşı 80-ni ötmüş bir 

insanın vücudunda da, sifətində  də, təbii ki, bir üzgünlük, 

zəiflik seziləcəkdi. Heydər Əliyev dostlarına da, düşmənlərinə 

də, doğma xalqına da bu şəkildə, bu halda görünməyə heç cür 

razı olmazdı. O, yaddaşlarda həmişəki kimi şax yerişli, məğrur 

duruşlu, xoş sifətli, gülərüzlü, bəzən də sərt, iti baxışlı bir insan 

kimi qalmaq istəyirdi. Və elə beləcə  də qaldı. Bu günlərdə 

müxtəlif telekanallarda nümayiş etdirilən kadrlarda onun yalnız 

rəsmi sürətini yox, çox təbii, çox səmimi, çox insani cəhətlərini 

də gördük, şux zarafatlarını da eşitdik, dalğınlıq anlarının, 

qəmli-qüssəli məqamlarının, musiqidən təsirlənib gözlərinin 

yaşardığının da şahidi olduq. Əvvəllər gördüyümüz kadrlara da 

indi ayrı gözlə baxırıq. Neçə ayın həyəcanları, təlaşları içində 

bir an da ümidimi itirmirdim. İnanırdım ki, bir gün Bakı hava 

limanında uçaqdan enib üstünə cuman jurnalistlərə təbəssümlə 

baxaraq: – mətbuat səhifələrində  məni neçə  dəfə  dəfn 

etmisiniz, – deyəcəkdi. – Görürsünüz ki, sağ-salamatam – 

deyəcəkdi. 

Dekabrın 12-dən 13-nə keçən məşum gecə ümidlərimiz puç 

oldu. ANS televizyonu qara xəbəri bütün Azərbaycana yaydı, 

xalqımız yetim qaldı.  İlham  Əliyev və Sevil xanım atalarını, 

Azərbaycan böyük oğlunu, mən isə çox doğma, çox yaxın, çox 

əziz adamımı itirdim.  

Bu sözləri tam səmimiyyətlə deyirəm. Heydər  Əliyevə  nə 

qohumluğum çatırdı, nə də yaş fərqi, ictimai mövqe etibarı ilə 


 440 

dost ola bilərdik. Amma ömrüm boyu onun diqqətini və 

qayğısını, isti münasibətini duymuşdum. Bilirdim ki, istər sovet 

dönəmində, istərsə  də müstəqillik dövründə  məndən ona pis 

niyyətlə deyənlər də az olmayıb. Yazıçıların XX qurultayında 

çıxış edərəkən özü bu barədə danışdı. Amma onu da bilirəm ki, 

bütün bu danoslar mənə olan münasibətinə zərrə qədər də təsir 

etmirdi və edə  də bilməzdi. Çünki insan sərrafı idi. Və kimin 

kim olduğunu da yaxşı bilirdi. Boğazdan yuxarı  təmənnalı 

sözləri də gerçək əməllərdən seçib ayırırdı. Elə adamlar var ki, 

özləri lakey xislətli ola-ola özgəsinin səmimi hislərinə heç cür 

inana bilmir. İnana bilmirlər ki, sevgi təmənnasız da ola bilər, 

hörmət qarşılıqlı da ola bilər. Mənim heç bir vəzifə sahibindən 

heç vaxt şəxsi umacağım olmayıb. Və Heydər  Əliyev iş 

başında olanda da, olmayanda da, ona eyni hörmət və  rəğbət 

hissləri bəsləmişəm. Amma hisslərimi sağlığında ürək dolusu 

deyə bilməmişəm, təmtəraqlı, gurultulu sözlərlə ifadə 

etməmişəm. Düşünmüşəm ki, bunu ayrı cür yozacaqlar. 

Halbuki, Heydər  Əliyevin mənim haqqımda, ayrı-ayrı 

əsərlərim haqqında, 60 illiyimlə bağlı dediyi xoş sözlər, mənim 

onun haqqında dediklərimdən və yazdıqlarımdan az deyil. 

Yalnız bir dəfə 75 illiyində "Oqonyok" jurnalının sifarişi ilə 

onun barəsində  "Şəxsiyyətin miqyası" adlı ayrıca bir məqalə 

yazmışdım. 

İndi bu böyük şəxsiyyətin miqyasının o vaxt mənim 

yazdığımdan da böyük olduğunu etiraf edirəm. Və  şübhə 

etmirəm ki, illər ötdükcə bu miqyasların çox-çox daha böyük 

olduğunu da dərk edəcəyik. 

Heydər  Əliyevi tanıyanda çox gənc idim. Sonrakı illərdə 

Azərbaycan rayonlarına səfərlər zamanı, müxtəlif vaxtlarda 

Gəncədə, Naxçıvanda, Şuşada, habelə İstanbulda və Ankarada, 

Moskvada, Romada, Pekində  və  Şanxayda, Alma-Atada, 

Bişkəkdə, dövlət başçılarıyla söhbətlərində, sənətçilərlə 

ünsiyyətində, tarlalarda ya küçələrdə adi adamlarla 

görüşlərində onu yaxından müşahidə etmək imkanım olub. 


 441 

Saysız-hesabsız toplantılarda, yubileylərdə onu dinləmişəm, 

yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, iki-

üç dəfə isə  təkbətək çox ətraflı, məhrəm söhbətlərimiz olub. 

1997-ci ilin payızında  İtaliyadan qayıdarkən təyyarədə ta 

Romadan Bakıyacan üç saatdan artıq ikilikdə danışmışıq. Bu 

söhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqliklə 

isti-isti qeyd etmişəm.  

İndi mənim bu böyük insanın xatirəsi qarşısında borcum – 

hafizəmdə  və kağız üzərində qalmış bütün təfərrüatları, uzun 

illər müşahidə etdiklərimi və  məhrəm söhbətlərimizin tam 

mətnini, eləcə  də Heydər  Əliyev fenomeni haqqında 

düşündüklərimi iri bir yazı  şəklində  qələmə almaqdır və  mən 

mütləq bunu edəcəm. 

Ağır itkimizin təsiri altında yazdığım bu kiçik qeydlərdə isə 

Heydər Əliyev taleyinin yalnız bir əsas cəhəti üstündə durmaq 

istəyirəm. Zənnimcə Heydər Əliyev bu dünyaya həmişə qələbə 

çalmaq üçün gəlmişdi.  

O, heç bir vaxt qarşısına çıxan heç bir çətinliyin qabağından 

qaçmazdı.  Ən qorxulu vəziyyətlərdən belə  zəfər çalaraq 

çıxardı. Xalq Cəbhəsi hakimiyyətdə olan vaxt rus qoşunlarının 

Azərbaycandan çıxarılmasını böyük tarixi uğur hesab edirlər. 

Razıyam. Amma çıxarılan ordunun yerini tutacaq milli zabitlər 

korpusunun əsasını axı Heydər Əliyev çox-çox qabaqlar Sovet 

dönəmində Naxçıvanski hərbi məktəbini yaratmaqla, neçə-neçə 

gənci SSRİ-nin ali hərbi məktəblərinə göndərməklə qoymuşdu. 

Sirr deyil ki, Sovet dövründə Azərbaycanın hərbi 

çağırışçıları orduda ya tikinti batalyonunda, ya mətbəxdə 

işlədilirdilər. Böyük əhəmiyyətini yalnız 15–20 il sonra, – 

Qarabağ davası başlananda, tam dərk etdiyimiz bu iş – milli 

hərbi kadrların yetişdirilməsi – sovet ehkamları üzərində 

qələbə idi. Azərbaycanı yalnız xammal ərazisi kimi görmək 

istəyənlərə qarşı – ən yeni sənaye ocaqlarının qurulması – 

SSRİ-nin iqtisadi ətalət siyasətinə qalib gəlməkdi. 37-ci ilin 

milyonlarla repressiya qurbanlarından yalnız birinin – böyük 


 442 

Hüseyn Cavidin nəşinin tapılıb vətənə  gətirilməsi hələ  də 

zehinlərdə hökm sürən Stalin buzlaqlarının əridilməsi deməkdi. 

Azərbaycanın görkəmli sənətkarlarının yüksək ümumittifaq 

mükafatlarına, təltiflərinə nail olmaq yalnız o konkret şəxslərin 

deyil, ümumən  ədəbiyyatımızın, sənətimizin və deməli, 

Azərbaycanın nüfuzunu ucaltmaqdı. Bütün bunlar – Heydər 

Əliyev vətənsevərliyinin, Heydər Əliyev zəkasının, iradəsinin, 

uzaqgörənliyinin qələbəsi idi. 

Və bütün bunlar bədnam qonşularımızı  qıcıqlandırır, 

qızışdırır, qəzəbləndirir, yuxularını qaçırırdı.  

Moskvaya, mərkəzi dairələrə danos-danos dalınca gedirdi. – 

"Heydər  Əliyev Naxçıvanı ermənilərdən təmizlədi, indi də 

Qarabağı təmizləmək niyyətindədir" – danosların əsas mövzusu 

bu idi.  

Heydər  Əliyev bunu bilirdi. Və bunu bilə-bilə  məhəl 

qoymurdu. Brejnevlə xoş münasibətlərinin bir səbəbi də özünü 

və xalqını, respublikasını mikoyanlardan, baqramyanlardan və 

onların tör-töküntülərindən siğorta etmək idi.  

Şuşada  əzəmətli Vaqif məqbərəsini, Natəvan heykəlini 

ucaltmaqla, Üzeyir Hacıbəyli, Bülbül muzeylərini açmaqla, 

Şuşada təntənəli beynəlxalq sənət tədbirləri keçirməklə Heydər 

Əliyev bu qədim Azərbaycan  şəhərinin milli simasını 

müəyyənləşdirirdi. Axı 50-ci illərdə  Şuşada yeganə iki 

heykəlin Nelson Stepanyanın və Tevosyanın büstləri olduğunu 

mən yaxşı xatırlayıram. Heydər  Əliyev Azərbaycan KP MK-

nın Birinci katibi olduğu illərdə Dağlıq Qarabağda erməni 

millətçiliyi meyllərinə qarşı  çıxarılmış partiya qərarı da 

yadımdadır. Nə bundan əvvəl, nə sonra erməni millətçiliyi 

meyllərinə qarşı bu kəskinlikdə partiya qərarı qəbul olunmayıb.  

Bütün bunlara rəğmən Heydər  Əliyev iki dəfə Sosialist 

Əməyi qəhrəmanı adına da layiq görülür, Siyasi Büronun 

tərkibinə düşür. Ermənilər yanıb-yaxılmasın neyləsin? Məni isə 

yandırıb-yaxan odur ki, Heydər  Əliyev haqqında Moskvaya 

gedən danosların böyük bir qismi elə onun öz vətənindən, 


 443 

Azərbaycandan gedirdi. Onun öz soydaşları, azərbaycanlılar 

verirdilər bu danosları.  

Səd heyf ki, yalnız ermənilərin deyil, bəzi "özümüzünkülərin" 

də Heydər  Əliyevə bu bədxah münasibəti bizim günlərdə, 

müstəqillik dövründə  də davam edir. Heydər  Əliyev ermənilərlə 

mübarizə aparırdı, "Özümüzünkülər" isə onun özüylə. Bu nə milli 

şakərimizdir belə, anlaya bilmirəm. Azərbaycanın hər hansı bir 

görkəmli övladı  – istər siyasət sahəsində olsun, istər elm, sənət, 

ədəbiyyat – xalqına  şöhrət gətirirsə, ölkəmizin sərhədlərindən 

kənarda ad qazanırsa, millətini beynəlxalq aləmdə layiqincə təmsil 

edirsə, həmin elə bu xalqın, bu millətin bir para insanları ona 

qənim kəsilir.  

1987-ci ildə ermənilərin, erməni  dairələrinin güclü təsiri 

altında olan Qorbaçovun birgə səyləri ilə Heydər Əliyev SSRİ-

nin siyasi Olimpindən uzaqlaşdırıldı. Düz bir həftə sonra isə 

adıbədnam akademik Aqanbekyan Parisdə Qarabağ 

kompaniyasına start verdi.  

H.Əliyev istefaya göndərildi, ailə üzvləri basqılara məruz 

qaldı, Moskva qəzetlərində böhtanlar, iftiralar dərc olundu, 

barəsində cinayət işi açmaq üçün qurdalanmağa başladılar. 

Təkləndiyi, yaxşılıq etdiyi adamların çoxunun dönük çıxdığı 

(bu da milli şakərimizdi?) bir məqamda Heydər  Əliyev heç 

nədən və heç kəsdən qorxub-çəkinmədən Moskvadakı 

Azərbaycan nümayəndəliyinə  gəlir, 90-cı ilin qara Yanvarını 

lənətlə damğalayır, bütün dünya mətbuatı qarşısında 

Qorbaçovu ittiham edirdi. Bu da onun qələbəsi idi. 

O vaxt Moskvada Heydər  Əliyevə telefon etmişdim. 

Moskva mətbuatındakı iftira dolu yazılardan ürək ağrısıyla 

danışırdı. – Belə yazılara fikir verməyin, – dedim, – Siz tarixi 

şəxsiyyətsiniz və bunu hamı bilir.  

Bu telefon söhbətinin bir başqa vacib məqamı və nəticələri 

haqqında gələcəkdə ətraflı yazacam. İndi isə ancaq onu deyim 

ki, bu söhbətdən Heydər  Əliyevin daha Moskvada qalmaq, 

orada yaşamaq istəmədiyini başa düşdüm.  


 444 

Əfsuslar olsun ki, Heydər  Əliyevə  nəinki Moskvada, heç 

Bakıda da yaşamağa imkan vermədilər. Tikilib qurulmasında 

bu qədər böyük zəhməti olan adama Bakıda bir mənzil də 

tapılmadı, doğulduğu yerə – Naxçıvana getməli oldu. Soyuq, 

şaxtalı, yanacaqsız Naxçıvan qışında  ətrafındakı etibarlı 

insanlara – "ölsək də bir yerdə öləcəyik, qalsaq da bir yerdə 

qalacayıq" – dedi. İlk baxışda belə görünə bilərdi ki, siyasi 

karyerası bitmiş Heydər  Əliyev axır ki, məğlub edilib. Belə 

amansızlıqlarla üzləşmiş, belə dözülməz şəraitə düşmüş başqa 

birisi bəlkə  də  məğlub olardı. Hər hansı başqa birisi. Heydər 

Əliyev yox.   

Cəmisi bir-iki il keçdi, Qorbaçovun özü də, ölkəsi də yerlə-

yeksan oldu, indi SSRİ-nin ilk və son prezidenti vaxtını 

öldürmək üçün radioda uşaq nağıllarını  səsləndirir və cibini 

doldurmaq üçün TMakdonaldUsı reklam edir. Heydər  Əliyev 

isə XX əsrdə müstəqilliyini ikinci dəfə qazınmış milli 

dövlətinin düz on il ərzində Prezidenti oldu. Özü də elə bir 

Prezident ki, ərazisi və əhalisi baxımından kiçik ölkənin dövlət 

başçısıyla ən böyük məmləkətlərin rəhbərləri hesablaşırdı. Kim 

qalib çıxdı? Nəinki öz hakimiyyətini qoruya bilən, başçılıq 

etdiyi dövləti belə bada verən Qorbaçovmu, ya parçalanmaqda 

olan ölkəsini xilas edən, sonrakı çeviriliş cəhdlərinin qarşısını 

alan, bir gecə yarısı televiziya çıxışı ilə Prezident sarayı 

ətrafına minlərlə insanı toplaya bilən Heydər Əliyevmi?  

Bəziləri Heydər  Əliyevi atəşkəs sazişinə görə suçlayır, 

Qarabağ problemini həll etməməkdə təqsirləndirirlər. 

Azərbaycanın hələ güclü ordusu olmadığı bir vaxtda Bişkək 

protokolu imzalansaydı, Rus ordusunun açıq və gizli dəstəyilə 

ermənilər gəlib Yevlaxa çatsaydılar, Azərbaycan və Gürcüstan 

arasında yeni bir işğal zonası yaransaydı  və neft boru kəməri 

əbədi olaraq gündəmdən çıxsaydı, bu ittihamçılar görən onda 

nə deyəcəkdi? 

Qarabağ probleminin gec-tez həll olunacağına, 

Azərbaycanın  ərazi bütövlüyünün bərpasına, işğal edilmiş 


 445 

torpaqlarımızın qaytarılacağına qəti inamım var, amma bu 

problemin nə  qədər çətin olduğunu da aydın dərk edirəm. 

Postsovet məkanının bu səpkili hansı problemi həll olunub – 

Moldova-Dnestrbasar problemi? Gürcüstanın Abxaziya, 

Cənubi Osetiya indi də Acarıstan problemi? Və  nəhayət 

Rusiyanın Çeçenistan problemi? Hələ yarım əsrdən artıq sürən 

İsrail-Fələstin qarşıdurmasını demirəm. – Siyasət mümkün 

olana  əsaslanmaq sənətidir – deyiblər. Hər halda Qarabağla 

bağlı danışıqlarda, hər yöndən güclü təzyiqlər altında Heydər 

Əliyev Azərbaycanın mənfeynə zidd olan heç bir güzəştə 

getmədi. Və siyasətin mümkün olan əsasları baxımından bu da 

qələbə idi.  

2003-cü ili – ömrünün son ilini də Heydər Əliyev qalib kimi 

başa vurur. Geniş infakt keçirmiş, gecəsi-gündüzü olmayan, nə 

şənbə, nə bazar, nə məzuniyyət, nə istrahət bilən, yaşı səksənə 

çatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddi 

qabırğası  sınır və dözülməz ağrılara tab gətirərək yenidən 

səhnəyə qayıdır, sözünə davam edir. Bir də  yıxılır və yenə 

görünməmiş, inanılmaz bir iradə ilə  səhnəyə dönür, xalqı ilə 

vidalaşmağa özündə güc tapır. Bu da onun yıxılması haqqında 

hərzə-hərzə danışan və yazan mənəviyyatsız düşüklər üzərində 

qələbə idi.  

Şayiələr, dedi-qodular, ara söhbətlərinə  əsaslanaraq insanı 

diri-diri bastıranlar, görəsən, öz yazdıqlarına inanırdımı? 

Türkiyə  və Amerika kimi açıq ölkələrdə  məşhur siyasi 

xadimin, ölkə başçısının ölümünün aylarla gizlin saxlanmasına 

kim inanar? Və  əgər bunu yazanların özləri inanmırsa, 

oxucularını niyə ağılsız sayırlar? 

Heydər  Əliyev həqiqətən dünyasını  dəyişən gün "biz bunu 

hələ dörd ay bundan qabaq xəbər vermişdik" deyə yazanlar 

özlərini nə qədər gülünc vəziyyətə saldıqlarını dərk edirlərmi? 

Ucuz mətbuat  şoularına Heydər  Əliyev bu mənhus 

xəbərlərin bazara çıxarılmasından sonra neçə ay yaşamasıyla, 

xəstə-xəstə belə Azərbaycanı idarə etməsiylə, Prezident 


 446 

seçkilərində  iştirakı  və vaxtlı-vaxtında namizədlikdən imtina 

etməsiylə, seçkiləri izləməsi və  nəticələrindən arxayın 

olmasıyla qələbə çaldı. Bəlkə də bu gün yeganə təsəllimiz odur 

ki, Prezidentimiz dövlətinin taleyindən arxayın getdi. 

Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi.  

Heç kəsin xidmətini danmadan Müstəqil Azərbaycanın 

qorunmasında, qurulmasında və yaşamasında Heydər Əliyevin 

müstəsna rolu insafı olanların hamısına açıq-aşkardır. Bir 

jurnalist doğru yazıb ki, Heydər  Əliyev Qulliver, ona çirkab 

atanlar isə liliputlardır. 

Bütün keçəri, ötücü narazılıqlar, umu-küsülər, giley-güzar 

unudulub gedəcək, Heydər Əliyevin möhkəmləndirdiyi, inkişaf 

etdirdiyi ölkə-sabit, istiqrarlı, söz, mətbuat azadlığı  təmin 

olunmuş, müxtəlif siyasi qurumların, o cümlədən müxalifət 

partiyalarının fəaliyyət göstərdiyi, senzurasız, ölümhökmsüz, 

sivil dünya ailəsində layiqli yer tutan demokratik Azərbaycan 

qalacaq.  Əlbəttə, Azərbaycan, yaxın gələcəyin Azərbaycanı 

daha da gözəl, firavan, daha əzəmətli və daha ədələtli ola bilər 

və olacaq. Amma bu xoşbəxt gələcəyin təməlini bütün şər 

qüvvələriylə mübarizədə qalib çıxan Heydər Əliyev qurdu, əl-

ayağa dolaşanlara rəğmən çətin doğulan  əsər kimi yaratdı. 

Çağdaş Azərbaycan, doğrudan da, Heydər  Əliyevin  əsəridir. 

Bizim borcumuz bu əsəri yaşatmaq, qorumaq, cilalamaq və 

gələcək nəsillərə yetirməkdir. Bütün siyasi çəkişmələr, 

dartışmalar, toqquşmalar – Xalqın talyi qarşısında çox cılız 

görünür, böyük Tarix önündə çox kiçik həvəslər, hərisliklər, 

hikkələrdir. 

Heydər Əliyev hər xalqa bəlkə də əsrdə bir dəfə qismət olan 

nadir şəxsiyyət idi.  

Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan, 

sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər 

Əliyev ölümüylə  də  zəfər çaldı. Kim nə deyir desin, nə yazır 

yazsın, qalib gəldi, qalib getdi. 



16 dekabr, 2003 

 


 447 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin