Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

*** 

Kiprdə bizi yüksək səviyyədə qəbul etdilər. Prezident Rauf 

Denktaşla, Parlamentin – Məclisin sədri, Müdafiə  və Xarici 

işlər Naziriylə görüşdük,  şərəfimizə ziyafətlər verildi, Rauf 

Denktaşa Kipr türk şairlərinin  şerlərini də daxil etdiyim "Min 

beş yüz ilin Oğuz  şeri" antologiyasının birinci cildini təqdim 

etdim. 

Bütün görüşlərdə gah açıq, gah eyhamla qaldırılan ağrılı 



məsələ dünya ölkələrinin, o cümlədən Azərbaycanın Quzey 

Kipr Türk Cümhuriyyətinin bir dövlət kimi tanınması məsələsi 

idi. Hətta "bəlkə  Rusiya  ya  ABŞ bu məsələdə sizi təhdid  

edirlər" fikri də səsləndi. Başqa deputatlarımızla bir yerdə mən 

də  çıxış etdim, – məsələ  təhdiddə-filanda deyil, – dedim – 

qəlbimizlə, bütün varlığımızla sizi çoxdan tanıyır, sevir və 

dəstəkləyirik. Mədəni, ticari əlaqələrimiz var. Bu gün 

Azərbaycan Milli Məclisinin 14 deputatı ürək dolu sevinclə 

sizin bayramınızda iştirak edir. Amma Azərbaycan rəsmi, 

diplomatik yolla Quzey Kipri tanısa, səhərisi gün Yunanıstan, 

sonra Ermənistan və  bəlkə başqa ölkələr qondarma Dağlıq 

Qarabağ respublikasını tanıyacaqlar. Bu arqument 

həmsöhbətlərimizi az-çox qane edirdi, amma əlbəttə, 


 419 

ürəklərində bir inciklik də qalırdı. Bu məsələ Kipr türklərinin 

həssas və yaralı yeridir. Aeroportda pasportlarımıza Quzey 

Kipr Türk Cümhuriyyətinin möhürünü vuranda və bizlərdən 

kimsə: – bu möhürlə daha bizi heç vaxt Yunanıstana 

buraxmazlar – deyə  əndişələnəndə ev sahiblərinin pərt 

olduqlarını sezdim. 

*** 

Girnədə, qədim qalanın  ətəyində, Aralıq dənizi sahilində 

kiçik bir lokantada balaca Rəsulun on yaşını qeyd etdik. 

Görmədiyim  bu bir il ərzində  nəvəm böyüyüb, maraqları 

yetkinləşib. Mənə kosmos haqqında, yer kürəmizə başqa 

planetlərdən gələnlərin izləri haqqında, uçan boşqablar 

haqqında bitib-tükənməyən suallar verir. O biri nəvəm 5 yaşlı 

Anarın fikri-zikri köpəklərdə idi. Valideynləri söz veriblər ki

ad günündə ona it alacaqlar. – Neyləyirsən köpəyi? – deyə 

soruşuram. – Rəsulun üstünə buraxacam. 

Rəsul bizimlə Azəri türkcəsində, məktəb yoldaşlarıyla xalis 

Türkiyə türkcəsində danışır.  Balaca  Anar  isə gözünü açandan 

Türkiyə mühitində böyüyür və dilimizi bilsə  də, Türkiyə 

türkcəsiylə daha sərbəst danışır. 

Kiprdə bir gün bizi gəmi gəzintisinə apardılar. Bir sahildə 

gəmi dayandı – 1974-cü ildə Türkiyə  əsgərləri adaya buradan 

çıxıblar. Balaca Anar gəminin niyə dayandığı ilə maraqlandı, 

kapitan duran göyərtəyə qalxdı  və bir azdan qayıtdı. 

Həyəcanla: "Kötü bir haberim var – dedi – Kapitan yokdur". 

Gülüşüb onu sakitləşdirdik. Deniz nəvəm isə: – Baba, sən 

dağın başından o buludu dərə bilərsən? – deyə soruşdu. 

Hamımız bir yerdəydik – həyat yoldaşım, balalarım, gəlinim, 

nəvələrim… Son illər nadir hallarda bir yerdə oluruq. Xoş 

saatlarımız, xoş günlərimiz idi. Axır illərin bitib-tükənməz qayğılı 

günləri içində (amma uşaqlıqdan bəri hansı illərim qayğısız olub 

ki?) tale bizə bir neçə qayğısız gün, bir həftə xoş ovqat, sevinc 

bəxş etmişdi. Amma əvvəllərdə yazdığım kimi bizə sevinc 

düşmür. Bir gözümüz güləndə, biri ağlayır. 



 420 

Kiprdən döndüyümüzdən 15 gün sonra yeznəm, kiçik bacım 

Təranənin həyat yoldaşı Abbası itirdik. 

*** 

İyulun 26-da Kiprdən qayıtdıq. Avqustun 1-də Zuğulbaya, 

bağa köçdük. Bazar günü idi. Səhərisi gün, ayın 2-dən roman 

üzərində  işə başlamaq istəyirdim. Son illər bu bizimçün çox 

nəhs aydır. Allah eləsin bu yay başımıza bir iş  gəlməsin, 

yazımı qurtarım – deyə düşünürdüm. 2-də  səhər saat 11-də 

dəftərimi açdım, yazıya başlamaq istəyirdim ki, telefon zəng 

çaldı. Arif Əmrahoğlu idi. – Anar müəllim, pis bir xəbər var – 

dedi. – Fikrət Qocanın anası rəhmətə gedib. 

Dəftəri büküb, qələmi bir yana qoyub Bakıya gəldim. Fikrət 

mənim  ən  əziz,  ən yaxın, illərin sınağından çıxmış  ən etibarlı 

dostlarımdandır. Bu günlərdə onun yanında olmalıydım. 

Zərxara ananın üçünü, yeddisini verdik. Yeddisi bazar gününə 

avqustun 8-nə düşürdü. Bazar ertəsi Zuğulbaya qayıtmalıydıq 

və  mən işə başlamalıydım. Günellə Denizi də özümüzlə 

aparmalıydıq. Dörddə evə  gəldim. Zemfira: – Nə  qədər zəng 

edirəm Günel cavab vermir – dedi – axı danışmışdıq ki, dörddə 

bizi gözləsin. 

–Yəqin telefonları xarabdır. Gedək onu evdən götürək. 

Evlərində də yox idi. Günelin həyat yoldaşı İlkinə zəng elədim. 

–Günel Təranəgildədir – dedi. – Bəs bilmirsiz? Abbasın 

beyninə qan sızıb. 

Dərhal Təranəgilə  gəldik. Demə  səhər 9-da Təranə Abbası 

hamam otağında yerə  yıxılmış, huşunu itirmiş halda tapıb. 

İnsult. Abbasın diabeti və yüksək qan təzyiqi vardı. Neftçilər 

xəstəxanasında, reanimasiya palatasında yatırdı. Neftçilər 

xəstəxanasına gəldik. Abbasın qardaşları, həkim dostları 

burdaydı. Reanimator həkim Fikrət Əfəndiyev: – Ümid azdır – 

dedi – ancaq hələ ki, göstəricilər yaxşılığa doğru gedir. Təzyiqi 

xeyli düşüb, iki-üç gün həlledici olacaq. Göstəricilər belə qalsa 

qurtara bilər. 

Bizi bir qədər sakitləşdirdilər. Axşam 8-də Zuğulbaya 



 421 

gəldik. Bir saatdan sonra bacım Fidanın qızı Aysel zəng elədi. 

Dəstəyi Zemfira götürdü, səsi dəyişdi: – Nə danışırsan? 

Hər şeyi başa düşdüm. Abbas keçinmişdi. Bakıya gəldim. 

Abbasla Təranə iki qızları – Nigar və  Bəyazla Kitab 

passajının üstündəki mənzildə, valideynlərimizin evində 

yaşayırlar. Yenə də neçə dəfə bundan əvvəllərdə olduğu kimi – 

mənzilin qapıları taybatay açıqdı, yenə  də bu evə matəm 

gəlmişdi. Təranəni qucaqladım. Bacım: – Abbas yoxdur – dedi, 

ağladı, amma az sonra özünü ələ aldı. Mən yenə  də  balaca 

bacımın nə qədər böyük iradə sahibi olduğunu gördüm. Təranə 

hamımızdan artıq dərəcədə  ən ağır dərdini içində  çəkməyi 

bacaran adamdır. 

Belə gənc yaşlarında – biri 24, biri 21 atadan yetim qalmış 

bacım qazlarını – Nigarı və Bəyazı bu ağır dərd içində görəndə 

dözə bilmirdim, ürəyim parçalanırdı. 



*** 

Abbas nadir insanlardan idi. Xeyirxah, mehriban, xeyrə-şərə 

yarayan, çətinə düşmüş, xəstələnmiş, köməyə möhtac olan hər 

kəsin dadına çatan, hər kəsə əlindən gələn yardımı edən həkim 

idi. Gəncliyindən dost seçdiyi adamlarla ömrünün sonunacan 

sadiq dostluq elədi, onların yolunda hər bir fədakarlığa hazır 

idi. Yüksək bədii zövqü, geniş mütaliəsi vardı. Elmin, sənətin 

müxtəlif sahələriylə maraqlanırdı. Siyasi hadisələrə, 

siyasətçilərə dəqiq qiymət verərdi. 

Mənim hər hansı kiçik uğuruma ürəkdən sevinir, mənə olan 

hücumları ürəyinə salırdı. Son günlərin hücumlarından 

hardansa xəbər tutmuş, mənə  zəng eləmişdi. – Fikir vermə, it 

hürər karvan keçər – deyirdi. – Bəs niyə  mənə heç nə 

deməmisən? – Çox xoş  xəbərdir ki, sənə  də deyim? Sən də 

nəbadə Təranəyə deyəsən. 

Abbasa zarafatla "ailəmizin səhiyyə naziri" deyirdik. 

Doğrudan da ən uzaq qohumlarımızın, tanışlarımızın belə 

səhhətləriylə bağlı bir məsələ olan kimi Abbasın üstünə 

qaçırdıq. Hamımız az qala zökəm olanda da Abbasa müraciət 


 422 

edirdik. Anamın, atamın ağır xəstə olduqları illərdə Abbas 

mənə yaxından yaxın qardaş, dayaq və arxa oldu. 

Uzun illər boyu ailəsindən, istirahətindən, dost 

məclislərindən, gənclik  əyləncələrindən qopardığı vaxtı 

Səhiyyə Nazirliyində gecəsi-gündüzü bilinməz işə  sərf etdi. 

Sonra öz ərizəsiylə bu vəzifədən getdi və Birinci Poliklinikanın 

Baş həkimi oldu. Burda boş vaxtı daha çox idi və qəribədir, elə 

bil bu asudəlik onu sıxırdı. Daima qaynar fəaliyyətlə  məşğul 

olan, enerjisi, həvəsi aşıb daşan bir insan üçün iş yerində 

işsizlik saatlarını krossvord doldurmaqla keçirmək ağır mənəvi 

işgəncəymiş. 

...Və Abbas qırıldı, bədbinləşdi.  Əvvəllər yüz maraqla 

yaşayan, hər işdən həvəslə yapışan yeznəm, elə bil həyatın 

dadını qaçırmışdı. Diabeti şiddətləndikcə bu andıra qalmış 

xəstəliyin nazını çəkmək məcburiyyətinə də məhəl qoymurdu. 

Nə  pəhriz saxlayırdı, nə rejiminə diqqət yetirirdi, hərəkətsiz, 

oturaq həyat sürürdü ev-iş, kürsüdən kürsüyə. Neçə  dəfə onu 

rayonlara aparmaq istəmişdim. – Gedək, bir az havamızı 

dəyişək. Əvvəllər belə təklifləri həvəslə qəbul edən Abbas indi 

cürbəcür bəhanələrlə boyun qaçırırdı. Tez-tez ölümdən söz 

salardı, yaxınlarda öləcəyini deyirdi. – Bəsdir bu qızların 

ürəyini üzdün – deyə onu ərklə məzəmmət edirdim. – Bax sən 

düz on yaş məndən kiçiksən. Özün də həkimsən. Hər ikimizin 

şəkər xəstəliyi var. Sən belə bədbinləşəndə, ölümü gözləyəndə, 

mən nə etməliyəm? Özümə tabut sifariş verməliyəm?  

–Səndə diabetin daha yüngül formasıdır – deyirdi. 

–Axı sən də həkim ola-ola bu xəstəliyin heç bir şərtinə əməl 

eləmirsən. Sənə baxanda mən təbabətə olan-qalan inamımı da 

itirirəm. 

İyulun 30-da Zuğulbaya köçməyimiz 

ərəfəsində 

vidalaşmağa onlara getmişdim. Bu yay vidalaşması demə 

Abbasla ömürlük vidalaşma imiş. 

Mənzillərində neçə aydan bəri çəkən təmir bitmişdi. 

Döşəmənin parketi par-par parıldayırdı, rənglənmiş divarlar, 



 423 

qapılar, silinib-təmizlənmiş çılçıraq... 

–Axır ki, remontdan canınız qurtardı. Payızda Allah qoysa 

bunu yuyarıq, – dedim. 

Abbas: 

–Payızda öz yerində. – dedi – Hamını qonaq çağıracayıq. 



Amma bəlkə indidən başlayaq? 

Soyuq araq gətirdi. Şüşənin yarısı boş idi. 

–Mən bu mənzil üçün hər şeyi etdim – dedi. 

Doğrudan, da, beləydi. 81-ci ildən, atamla-anamın 

vəfatından sonra Abbas bu evin həm sahibi, həm də layiqli 

varisi kimi köhnə  mənzili daima təzə saxlamaq üçün, yüz cür 

"yırtıq-yamağını" düzəltmək üçün çox zəhmətlər çəkmişdi. Elə 

bil son saatını da təmirin bitməsinə, böyük qızı Nigarın 

səfərdən qayıtmasına, kiçik qızı Bəyazın əla diplomla dördüncü 

kursu bitirib magistraturaya imtahansız daxil olmasına, nəhayət 

bizim Kiprdən dönməyimizə saxlayırmış. Bəlkə elə 

düşünürmüş ki, bu dünyada görməli işlərinin hamısını görüb 

qurtarıb: ailə qurub, qızlarını böyüdüb, boya-başa çatdırıb, ali 

təhsil verib. Ata-anasının məzarlarının üstünü layiqli şəkildə 

götürüb. Cəmiyyətə  də verə biləcəklərini verib, verə 

bilmədiklərində isə təqsirkar deyil. 

Bəlkə  həyatının beləcə bitib-tükənməsi fikri imiş onu bu 

qədər bədbinləşdirən. Bəlkə  həkim kimi öz xəstəliklərinin 

sonucunu və zamanını tibbi dəqiqliklə duyurmuş. Kim bilir? 

Son görüşümüzdə  təmir vaxtı evdəki arxivi, köhnə kağız-

kuğazı saf-çürük etdiyini də söylədi. – Öz məktublarımın 

hamısın cırıb atdım – dedi. 

–Niyə? 

–Kimə, nəyə lazımdır? Mən məgər Motsartam ki, hər 



kağızımın dəyəri olsun? 

Nədənsə, məhz bu adı çəkdi – Motsart. 

–Motsartın buna nə  dəxli var – dedim – hər insanın keçmişi 

onun özü üçün, ailəsi üçün əhəmiyyətli, qiymətlidir. Keçmiş isə ən 

çox mətnlərdə, o cümlədən məktublarda yaşayır. 


 424 

–Eh, ondansa gəl içək. Sənin sağlığına. 

–Sağ ol. Sənin sağlığına. 

Nə bileydim ki, Abbasın sağlığına sonuncu dəfə içirəm. 

Yarımçıq şüşəni başa vurduq. 

–Birini də açım – dedi – Soyuducuda biri də var. 

Təranə, qızlar hay-küy qaldırdılar:  

–Bu istidə...Canınıza yazığınız gəlsin. 

–O da qalsın gələn səfərə – dedim. 

Nə bileydim ki, gələn səfər bir də heç vaxt olmayacaq.  



*** 

Bu növbəti nəhs avqustun 10-da Abbası atasının, anasının 

yanında torpağa tapşırdıq. Dəfndən qabaq çadırda oturmuşduq. 

Məndən bir az aralı qohumumuz, mənim uşaqlıq dostum Fikrət 

Ağazadə  əyləşmişdi. Birdən onu harasa çağırdılar, getdi. Bir 

azdan məni çağırdılar. Fikrətin oğlu İlkinin beyninə qan sızıb – 

dedilər. Kürəkənim kimi Fikrətin oğlunun da adı İlkindir.  

Kiminsə mobil telefonuyla "Medikal klab" təcili yardım 

xidmətinə, sonra Semaşkonun baş  həkiminə  zəng elədik. 

Əvvəllər belə tibbi məsələlər Abbasın öhdəsində olardı. 

Semaşkonun Baş  həkimi Pənah müəllimlə danışdım. – Tez 

reanimasiyaya gətirsinlər – dedi. 

Fikrətə xəbər elədim: – Semaşkoda gözləyirlər. 

Abbası  dəfn edib qayıtdıq. Kişilər çadırın qabağında 

dövrələmə dayandı, ovuclara gülab səpməyə başladılar. 

Dayım oğlu Rüstəmin oğlu mənə yanaşdı: Ailəmizə bir 

müsibət də üz verdi – dedi – Fikrətin oğlu keçindi. Elə evdə, 

heç xəstəxanaya apara da bilməyiblər. 

Fikrətgilə getdim.Uşağın anası Maya özündə deyildi, dil 

deyirdi, diz döyürdü, özünü öldürürdü. Fikrət isə sanki sadəcə 

yuxuya getmiş İlkinin sakit və tərtəmiz sifətini oxşayıb: – Axı 

Allah niyə bizə belə zülm elədi? – deyirdi. – Ömrümüz boyu 

işləmişik, çalışmışıq, heç nəyimiz yoxdur. Bircə  oğlumuz 

vardı, Allah onu da əlimizdən aldı. 

İlkin 27 yaşındaydı. Dörd ay bundan əvvəl evlənmişdi. 


 425 

Toyda Fikrət də, Maya da necə sevinirdilər, ay Allah! Maya: – 

Zeynəb xanım oxuduğu mahnı  mənə aiddir – deyirdi. – 

Dünyanın xoşbəxti mənəm dünyada. 

Meyiti yumağa məscidə aparmaq lazım idi. Fikrət 

qucaqlayıb buraxmırdı. – Qoymaram, qoymaram – deyirdi – o 

ölməyib. Necə ola bilər, üç saat bundan qabaq sağ idi, 

danışırdı, gülürdü. İndi iynə vuracaqlar, duracaq ayağa. 

Fikrəti bir təhər həyətə  çıxardıq, meyiti məscidə apardıq. 

Neçə gün sonra Fikrət bir az toxtamışdı, danışırdı ki, İlkin 

eynən Abbas kimi insult olub, amma ilk dəqiqələrdə  hələ dili 

tutulmayıbmış. Həkimlərə: – Məni qoymayın ölüm, axı  hələ 

cavanam – deyirmiş. Sonra birdən öldüyünü dərk edib, 

kəlmeyi-şəhadətini oxuyub. 

Bəlkə iki gün ərzində bu iki itki – həm də eyni simptomlu 

xəstəliklərin nəticəsi olan ölümlər – o günlər havanın qeyri-adi isti 

keçməsi, günəş radiasiyasının artmasıyla  əlaqədardır. Axı 

deyirdilər ki, avqustda gözlənilən gün tutulması da yer üzündə 

böyük fəlakətlərə səbəb olacaq, hətta Paris dağılacaq. 

Paris,  şükür, dağılmadı, amma nə yazıq ki, Türkiyədə 

dəhşətli zəlzələ baş verdi. Bu gün bu yazını yazarkən artıq 14 

mindən artıq adamın həlak olduğu, neçə minin isə  hələ  də 

tapılmadığı haqqında məlumat verilir. Ölənlərin sayı 30 minə 

çata bilər. Bu avqust nə nəhs ay imiş… 

Zəlzələ günü Zuğulbadaydıq. Hələ heç nədən xəbərimiz 

yoxdu. Səhər tezdən zəng olundu. Ankaradan Tural idi. 

–Telefon etdim ki, nigaran olmayasınız, biz sağ-salamatıq. 

–Nə olub ki? 

–Zəlzələdən xəbəriniz yoxdur? Televizoru qurun. 

*** 

Avqustun 16-da Yusif Səmədoğlunun ilini verdik. Bütün bu 

müsibətlərdən doğan duyğular atamın məhşur  şerini yadıma 

salırdı. Yalnız iki adı və bir neçə sözü dəyişərək, öz-özümə bu 

şeri təkrar edirdim. 

Yusifi yola saldıq 


 426 

 

 

xəstəliyi diabet  

Bir gün Abbassız qaldıq 

 

 

xəstəliyi diabet  

Tək qalmış qaya kimi 

   uçulur 

sağım-solum  

Bilirəm gec-tez bir gün  

 

 

mənə çatacaq möhlət 

Hələ ki, möhlətə var – 

   beş il, beş ay, beş saat.  

Yaşamaq nə şirinmiş,  

Necə qısaymış həyat. 

*** 

Kədərli hadisələr, ailə müsibətlərimiz və Türkiyədə  zəlzələ 

fəlakətiylə bağlı bu haşiyəni romanıma salmaqla təhkiyəmin 

xronoloji düzümünü pozsam da, başımıza gələnləri isti-isti 

qələmə almağa çalışdım, çünki bunları yazmadan ayrı, uzaq 

mətləblərə  keçməyi  də  bacarmazdım. Bəlkə  də bu yazımın 

xüsiyyəti və qisməti belədir: o yaşanıla-yaşanıla yazılır və 

yazıla-yazıla yaşanılır. 

Deyəsən, doğrudan da, mən bu yazımı taleyimlə çarpışa-

çarpışa yazıram. 

 

avqust, 1999


 427 

 

 



ŞUŞALI, 

YALÇINLI GÜNLƏR 

 

Yalçın haqqında xatirə yazmaq mənimçün çətindir.  Əvvəla 



ona görə ki, bu xatirələr 1981-ci ilin yayını – ömrümün ən ağır 

çağını – yüz gün içində atamı  və anamı itirdiyim ayları yada 

salır.  İkinci ona görə ki, bu xatirələr müvəqqəti itirdiyimiz 

Şuşayla bağlıdır. Üçüncü də ona görə ki, Yalçının özünü də 

çox erkən, həyatının, sənətinin çiçəkləndiyi vaxt itirdik. 1981-

ci ildə quruluşçu rejissor kimi öz ssenarim əsasında Üzeyir 

Hacıbəyov haqqında iki seriyalı bədii film çəkdim. Filmin bir 

hissəsi Üzeyir bəyin  Şuşada keçən uşaqlıq illərinə aid idi. 

Balaca Üzeyir roluna sınaq çəkilişləri üçün assistentlərim 

onlarla məktəblini kinostudiyaya gətirmişdilər. Uşaqların 

əvvəlcə  şəkillərinə baxır, seçdiklərimizin kino sınaqlarını 

keçirirdik. Fotolarında ifadəli gözləri ilə diqqətimi cəlb edən 

Yalçının kino sınaqları da uğurlu oldu. Yalnız onu bu rola 

təsdiq edəndən sonra bildim ki, Yalçın  Əfəndiyev yaxın 

dostum Elçinin qardaşı Timurçinin oğlu, görkəmli sənətkarımız 

İlyas Əfəndiyevin nəvəsidir. 

Filmin çəkilişində Şuşaya getdiyimiz zaman balaca Yalçını 

ana nənəsi müşayiət edirdi, ara-sıra  İlyas müəllim 

mehmanxanaya mənə telefon edir, nigarançılıq içində nəvəsini 

soruşurdu. Yalçının sapsağlam olduğunu, çəkilişlərin normal 

getdiyini deyirdim. 

"Üzeyir Hacıbəyov, Uzun ömrün akkordları" filminin 

özəlliyi ondan ibarət idi ki, bədii olsa da, böyük bəstəkarın və 

digər tarixi personajların əsərdə söylədikləri hər cümlə, hər söz 

sənədli mətnlərə  əsaslanırdı. Təbii ki, Üzeyirin uşaqlığına aid 

belə  mətnlər, yəni onun dediyi sözlər, cümlələr  şahidlərin 

xatirələrində əks olunmamışdı.  

Odur ki, Yalçın qəbul etdiyimiz bədii prinsipi pozmamaq 



 428 

üçün obrazı danışıqlar, sözlər, mətnlə deyil, səssiz baxışlarıyla 

yaratmalı, davranışıyla açmalıydı.  İlk dəfə filmdə  çəkilən 

balaca Yalçın bu çətin aktyorluq vəzifəsinin öhdəsindən uğurla 

gələ bildi. Onun bu filmdə açılan aktyorluq qabiliyyəti 

zənnimcə iki epizodda daha çox yadda qalır. 

Dediyim kimi, Üzeyirin uşaqlıq illərinə aid əlimizdə heç bir 

sənəd yox idi. Ancaq bəstəkarın öz xatirələrində ömrünün bu 

dövrü haqqında çox vacib bir hadisədən bəhs olunur. Üzeyir 

bəy xatırlayır ki, ilk dəfə  Şuşada məşhur xanəndə Cabbar 

Qaryağdıoğlunun ifasında "Məcnun Leylinin məzarı üstündə" 

səhnəciyi ona çox böyük təsir göstərmiş və gələcəkdə musiqili 

tamaşa – yəni opera yaratmaq fikri məhz bu zaman ağlına 

gəlmişdir. 

Filmimizdə  həmin səhnəciyi Cabbar Qaryağdıoğlu rolunun 

ifaçısı, təkrarsız müğənni Qədir Rüstəmov canlandırır. Bu kiçik 

səhnəcikdə balaca Üzeyir də başqa uşaqlarla birlikdə xor oxuyur. 

Ancaq Cabbarın – Qədirin ifası balaca Üzeyiri – Yalçını o qədər 

əfsunlayır ki, o, öz oxumasını unudub Məcnunun TSegahUına 

bayılır. Bu sözsüz, danışıqsız səhnəni musiqinin həssas çocuq 

qəlbinə təsirini Yalçın ancaq üzünün ifadəsiylə, qəmli gözləriylə, 

mənalı  və dalğın baxışlarıyla oynamalıydı. Və balaca aktyor bu 

çətin vəzifənin öhdəsindən məharətlə  gəldi. Filmi görənlər bu 

səhnədə Yalçının nə  qədər daxilən dolu, həyəcanlı  və mütəəssir 

göründüyünü təsdiq edər. 

İkinci vacib bir epizodda isə Yalçın başqa duyğunu – fərəh, 

sevinc hissini səssiz-sözsüz oynamalıydı. Filmin finalında bir 

şərtiliyə yol vermişdik: Uşaqlıqda Şuşanı tərk edib Qoriyə, Tiflisə, 

Bakıya, Moskvaya – böyük dünyaya getmiş Üzeyir çox illər sonra 

doğma  şəhərinə, musiqisiylə – ölməz  əsərləriylə qayıdır. 

Unudulmaz dirijorumuz Niyazinin rəhbərliyi ilə o yay Şuşada 

çıxış edən simfonik orkestrimizin konsertini lentə aldıq. Üzeyir 

Hacıbəyov çoxdan dünyasını  dəyişmişdi, amma dediyim kimi, 

şərti bir üsuldan istifadə etdik: Şuşanın füsunkar təbiəti qoynunda 

çalan orkestrin ifasını dinləyənlərin arasında balaca Üzeyiri – 


 429 

Yalçını da görürük. 

Məhz bu şəhərdə balaca Üzeyir ilk dəfə musiqinin sehrini 

duymuş, gələcəkdə bəstəkar olacağına qərar vermişdi. Sonralar 

bu böyük niyyətini dahiyanə  şəkildə – klassik əsərləriylə 

həyata keçirmişdi. 

Uzun ömrü boyu başqa, böyük şəhərlərdə yaratdığı əsərlərin 

akkordları doğma yurdunda – uşaqlıq vətənində  səsləndiyi 

zaman sanki balaca Üzeyir – Yalçın keçmişdən gələcəyə 

boylanır, dünəndən bu günə gəlir və uzaq cocuqluq arzularının 

çin çıxmasına sevinir, fərəhlənir, bir az da heyrətlənir. Yalçın 

bu epizodda heyrətini, fərəhini, sevincini elə canlı şəkildə ifadə 

edir ki, çox sonralar onu boylu-buxunlu, yaraşıqlı, yetkin bir 

cavan kimi görmüşdümsə  də, yaddaşımda məhz o görkəmi, o 

çöhrəsi, üzünün–gözünün o ifadəsiylə yaşayır: Şuşa ağaclarının 

yarpaqlarını aralayıb heyrət, fərəh və sevinclə orkestrə, bizə, 

tamaşaçılara baxan məsum, daxilən zəngin və istedadlı çocuq, 

sənətdə böyük gələcəyi olan uşaq. 

Nə yazıq ki, bu böyük gələcək, çox erkən keçmişə, xatirələrə 

çevrildi, olacaqlar olub bitdi. Acı bir xəbər qəlbimizi sarsıtdı: gənc 

rəssam Yalçın Türkiyədə qəfil ürək böhranından keçinib. 

1981-ci ilin yayındakı Üzeyirli, Yalçınlı, valideyn 

itkilərimdən mənimçün dərdli, möhnətli, amma həmişəki kimi 

gözəl  Şuşam – bu gün bizim deyil. Cıdır düzünün, Vaqif, 

Nəvvab məzarlarının, Natəvan bulağının, Üzeyir, Bülbül 

evlərinin,  Ərimgəldinin, Səkili bulağın yad tapdağı altında 

olduğunu düşünəndə təpəmdən tüstü çıxır. 

İnanıram, inanmaq istəyirəm və özümü inandırıram ki, bu 

itki müvəqqətidir.  Şuşamızın hökmən azad olunacağına, ana 

torpağımıza qovuşacağına inandığım kimi Yalçınla haçansa bir 

daha görüşəcəyimizə  də inanıram. Çünki Allaha inanıram, 

həmişə inanmışam və  həmişə inanacam. Allaha inanıramsa, 

deməli,  ədalətin sonda zəfər çalacağına da – Şuşanın xoş 

iqbalına da inanıram. Allaha inanıramsa, deməli, başqa bir 

dünyada bu dünyada bitən həyatlarımızın hansısa ayrı bir 


 430 

şəkildə davam edəcəyinə də inanıram. 

Və heç kəsin bilmədiyi, amma mütləq mövcud olan bir aləmdə 

itirdiyimiz unudulmaz insanlarla yenidən görüşəcəyik. O 

cümlədən "balaca Üzeyirlə" – əziz, mehriban Yalçınla. 


 431 

 

 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin