Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

BİR NEÇƏ SÖZ 

 

Ülkər! Qızımmı deyim sənə – qızımdan xeyli böyüksən, 



bacımmı deyim – bacımdan xeyli kiçiksən. Cavan və əbədilik 

cavan qalacaq qələm dostum desəm, daha yaxşıdır. 

Cəmisi bir neçə hekayən dərc olunmuşdu, ancaq istedadını 

bəyan etmək üçün onlar da kifayət idi. Bu yazılarda istedadın 

ümdə  bəlirlərindən biri – həyatı erkən duyub qavramaq, 

dünyanı bütün mürəkkəbliyiylə, qəlizliyiylə anlamaq və anlada 

bilmək cəhdi hiss olunurdu. 

Bizi atan – gözəl  şairimiz  Əliağa Kürçaylı tanış etmişdi. 

Arabir tamaşalarda, yığıncaqlarda rastlaşardıq, ötəri 

salamlaşırdıq, bəlkə heç kəlmə də kəsməmişdik səninlə. Amma 

bu gün sənin haqqında bir neçə söz deməyə daxili tələbat 

duyuram. 

Kövrək, bir qədər ürkək təbəssümlü çöhrən yaddaşıma həkk 

olunmuşdu. Hekayələrin xoşuma gəlmişdi. Hərəkətin sarsıtdı 

məni.  Hərəkətini təqdir, ya tərənnüm etmək istəmirəm, 

əttövbə, bu yolu kimsəyə örnək saymaq fikrindən çox uzağam. 

Ancaq eyni zamanda böyük ehtirasın, hissin, o zərif 

vücudundakı inadın və iradən qarşısında sarsıntımı gizlətmək 

də istəmirəm.  Əziz dostumuz. Əliağanın itkisini iki qat 

müsibətə, ağrıya çevirdin. Gənc idin, çox gənc idin. Bu gənc 

yaşında çox şeyi dərk etmişdin, bircə onu dərk etməmişdin ki, 

zaman  ən acı yaraları belə ovudur, yaşa dolduqca itkilərə 

alışırıq, həyat bizi ən yaxın adamlarımızla ayrılmağa hazırlayır 

və biz özümüz də  əzizlərimizi bir gün bizsiz yaşayacaqlarına 

yavaş-yavaş hazırlayırıq. Sən buna hazır deyilsənmiş, Ülkər...  

Bu uğursuz xəbəri alandan bəri düşüncələrim onun müdhiş 

cazibəsindən qurtara bilmir. 

Axşam Xəzər sahilinə getdim. Əfsanəli Qız qalasının 

yaxınlığından dənizə baxdım.  Əfsanə yadıma düşdü. Qalanın 


 389 

başından dənizə atılan və qalaya öz adını vermiş qədim gözəli 

xatırladım. Kim nə deyir desin, bu əfsanəni qəbul edə 

bilmərəm. Xalqımızın milli təfəkkür tərzinə, dünyaduyumuna, 

əxlaq dəyərlərinə uyuşmayan bir məqam var bu əfsanədə. 

Xalqımın başqa mənəvi keyfiyyətlərinə inanıram: insani 

bağlılığa, ailə mehribançılığına, ata-övlad, ana-övlad, bacı-

qardaş,  ər-arvad münasibətlərinin saflığına, möhkəmliyinə, 

həqiqətinə... 

Doğrudur,  əfsanələrin, dastanların, nağılların çoxu cavan 

aşiq-məşuqların faciəli məhəbbətindən dəm vurur. Ancaq 

dünyada məhəbbətin, hissin, könül həmdəmliyinin başqa 

bağları, başqa telləri də var və bəzən məhz bu tellərin qırılması 

– taleyin alt-üst olmasıdır. Öz əlinlə taleyini parçalayıb tar-mar 

etmək əzmi ancaq qeyri-adi daxili ehtirasdan doğa bilər. 

...və bu elə bir ehtirasdır ki, hər  şeydən güclüdür – həyat 

sevincindən də, ölüm qorxusundan da, dünyanın min bir 

marağından, macərasından da... 

Axşam, adamsız sahildə, Qız qalasından bir az aralı 

dayanmışam,  əfsanələr, faciələr  şahidi Xəzərə baxıram və 

düşunürəm ki, ən qəribə  əfsanələrin, ağlagəlməz dastan 

süjetlərinin mayasında heç bir uydurma, yalan yoxdur. Bütün 

dastanlar, əfsanələr nə qədər əcaib-qəraib şəkillərə düşsələr də, 

olmuş hadisələrdən törəyir, gerçəklikdən mayalanır, bizimlə bir 

səma altında, bir Yer kürəsində yaşayan insanların 

ehtirasından, yanğısından, aldanışından, ağrılarından doğur. 

Əfsanələrin necə  və  nədən yarandığını bu axşam daha dürüst 

başa düşdüm.  

Heyf sənə, Ülkər... 

 

13 fevral, 1980 

 


 390 

 

 



BİR DOSTUM VARDI 

Rəssam Yuran   Məmmədovun   xatirəsinə 

 

Yaxın dost, yaşdaş, nəsildaş, həmsöhbət itirməyin acısını 



mən bilirəm axı, Yuran, bir daha niyə bizi bu nisgilə saldın? 

Sənin ölən yaşın deyildi axı... Beynin, qəlbin rənglərlə, 

cizgilərlə, mənzərələrlə, insan surətləriylə, yeni-yeni tabloların 

əlvan boyalarıyla dolu idi... Arzuların, niyyətlərin aşıb-daşırdı. 

Məgər sənin ölmək vaxtın idi? Ölüm həmişə vaxtsızdır. Sənin 

gözlənilməz, qəfil ölümünə, həyat eşqilə dolu ürəyinin 

etibarsızlığına heç cür inana bilmirəm. Ölüm sənə yaraşmır, 

Yuran. İndi, sənin gülər üzünü, mehriban çöhrəni xatırlayanda, 

o da yadıma düşür ki, sifətində  həmişə xoş  təbəssüm olsa da, 

gözlərində gizli bir kədər də var idi. Həmişə gümrah 

görünürdün, nikbin adam idin, idmançı idin, gəncliyində 

boksçu kimi ad çıxarmışdın, orta yaşa dolandan sonra da 

sağlam, qıvraq görkəmin vardı. Həmişə deyib-gülərdin. Bircə 

gözlərinin dalğın qəmində ötüb-keçən illərin ağrısından, 

acısından iz qalmışdı. Ya da bəlkə dünyayla belə erkən 

vidalaşacağın qabaqcadan ürəyinə dammışdı, bu gələcək 

ayrılığın fəraqı idi gözlərinə çökən... 

Təsəvvür edə bilmirəm ki, Naxçıvana gələcəm, səninlə 

görüşməyəcəm, ancaq məzarını ziyarət etməli olacam. Təsəvvür 

edə bilmirəm ki, daha Bakıya gəlməyəcəksən, Toğrula, mənə zəng 

vurmayacaqsan, görüşüb söhbət etməyəcəyik.  

Ürəyin sənə vəfasız çıxdığı o uğursuz gündən bir ay qabaq 

Bakıda, fotoqraf Hüseyn Hüseynzadənin emalatxanasında 

görüşmüşdük. Hüseyn Naxçıvan MSSR-in 60 illiyinə  həsr 

olunmuş fotoalbom hazırlayırdı. Sənin də  şəkillərin vardı bu 

albomda. Həm öz şəklin, fotoqrafiyan, həm də  əlvan 

tablolarının rəngli reproduksiyaları – köçürtmələri. Naxçıvanın 

bayramına fərəhlə, həvəslə hazırlaşırdın, iri bir divar rəsmi 



 391 

çəkməyə sifariş almışdın. Sənətdə ustadın, böyük qardaş 

saydığın Toğrul Nərimanbəyovla məsləhətləşirdin. Qarşıda 

səni bir sevinc də gözləyirdi – fərdi sərgin açılmalıydı. "Ailəmi 

Baltika sahillərinə aparıram – dedin. – Onları orda rahatlayıb 

gələcəm. Qayıdım, bir yerdə Naxçıvana gedək". 

Belə  də sözləşdik: Qayıt Baltik sahillərindən, gedək 

Naxçıvana. Toğrul, sən, mən. Baltik sahillərindən qayıtmadın. 

Ürək böhranı  səni Azərbaycanımızdan uzaqlarda haqladı. 

Naxçıvana tabutunu gətirdilər... Səni doğma torpağa tapşırdılar. 

Sən bu torpağı sevirdin, onun təkrarsız mənzərələrini sevirdin, 

əməkçi adamlarını sevirdin, keçmişini sevirdin, bu gününü 

sevirdin. Sevirdin və sevdiklərini kətan uzərində, kağız, karton 

üzərində ifadə edirdin. Böyük bir divarda da ifadə etmək 

istəyirdin – qismət olmadı. 

Leninqradda ali təhsil aldın. Naxçıvanda yaşayıb-yaratdın, 

Bakıya hər gəlişinlə dostlarını sevindirdin. Baltik sahillərində 

əbədi yumdun işıqlı və qəmli gözlərini. 

O gün, H.Hüseynzadənin emalatxanasında gələcək 

görüşümüz, Naxçıvan səfərimiz haqqında vədələşib ayrılanda, 

nədənsə birdən-birə  mənə bir qələm uzatdın. – Bu nədir belə 

Yuran? – Ruçkadır. Sənə bağışlayıram.   

Nə biləydim, nə biləydim ki, bu son görüşümüzdür. Nə 

biləydim ki, mənə bağışladığın qələmlə bir aydan sonra sənin 

haqqında acıdan-acı vida sözləri yazmalı olacam. Nə biləydim 

ki, qələmin mayesi qurtarmamış, sənin ömrün sona çatacaq. 

Əlvida, Yuran, əlvida, dostum!  

 

28 iyul, 1984 



 392 

 

 



VAQIFLIK 

 

Bir neçə ay bundan qabaq "Bakı" qəzetində Vaqif İbrahimin 



şer kitabı haqqında   resenziyam çıxmışdı. Vaqif "Qobustan"a 

gəldi, təşəkkür elədi, təzə poemasının makina yazısını verdi, 

oxuyun, dedi, fikrinizi bilmək istərdim. 

Bu görüşün üstündən ay yarım, iki ay keçəndən sonra zəng 

elədi, təbiətinə xas olan utancaqlıqla, təvazökarlıqla xəbər aldı: 

hələ oxumamısınız ki? 

–Yox, Vaqif, – dedim – bağışla, başım yaman qarışıqdır, 

amma mütləq oxuyacam. 

Macal tapan kimi poemanı diqqətlə oxumaq, müəllifə 

fikrimi müfəssəl çatdırmaq istəyirdim. 

İnsan ömrünün yaş möhlətindən başqa, taleyin öz möhləti 

varmış. Vaqif cavan idi, sağlam idi, qaynar həvəsli adam idi. 

Kimin ağlına gələrdi ki, bütün ömrü hələ irəlidə olan bu gözəl 

şairin, sadə, səmimi, etibarlı dostun əsəri haqqında fikrimi 

təxirə salmaqla bu fikri ona demək imkanını əbədi itirirəmmiş. 

Bir də heç vaxt Vaqifin yazısı haqqında rəyimi onun özünə 

deyə bilməyəcəyəm. Onunla ovunuram ki, Vaqifin şer kitabı 

haqqında xoş sözlərimi müəllifə  mətbuat vasitəsiylə çatdıra 

bildim. Ona acıyıram ki, "Yer məhəbbəti" poeması haqqında 

fikrimi Vaqifin özünə deyə bilmədim. Ona acıyıram ki, bu 

poemanı müəllifin ölümündən sonra oxudum. Ona ağrıyıram 

ki, bir daha Vaqif İbrahim imzalı yeni yazıları oxuya 

bilməyəcəm,  şairin həmişə xoş ifadəli sifətini bir də 

görməyəcəyəm. Ona ağrıyıram ki, Vaqif İbrahim aramızdan 

belə tez, çox tez, tələsik, vaxtsız getdi. 

Öz qeydindən də göründüyü kimi, "Yer məhəbbəti" poeması 

üzərində müəllif 20 ilə yaxın bir müddət ərzində işləyib, çapına 

hövsələsizlik eləməyib, əsəri barədə ruhlandırıcı fikir eşitsə də, 

özünü bir də, bir də yoxlayıb, yazısını dönə-dönə vaxtın məhək 

daşıyla sınayıb. 



 393 

Əlbəttə, bu poema, məncə, çoxdan çap olunası  əsərdir, 

amma hər bir ilhamla yazılmış əsər kimi "Yer məhəbbəti"ni də 

vaxtın axarı soldurmayıb, köhnəltməyib.  Əksinə, bu gün – 

nüvə  təhlükəsi dünyamızı daha artıq  şiddətlə  hədələyəndə 

poemanın da kəsəri artır, o bizə vaxtında deyilmiş söz kimi 

çatır. Poema çağdaş dövrün nigarançılıqlarından, düşünən 

vətəndaş beyninin, həssas  şair qəlbinin narahatçılığından 

doğulub. 

Doğrudan da, Vaqif İbrahim sözün həqiqi mənasında, 

həssas, düşünən və  nəcib insan idi, ziyalı idi. Ziyalı  nəcabəti, 

ziyalı missiyası, məncə, iki əsas cəhətlə bağlıdır – keçmişə 

sədaqətlə  və  gələcəyə  sədaqətlə. Keçmişi unutmamaq və 

gələcəyi düşünmək. Keçmişin dəyərlərini yaşatmaq, dünyadan 

gedənləri ehtiramla yad etmək və  gələcəyin özülünü 

hazırlamaq, gələcək zövqləri, anlayışları, dünyaduyumunu 

yetişdirmək. Vaqif İbrahim bu iki cəhətə bütün varlığıyla, 

həyatının hər günü, hər anıyla bağlıydı. "Yaddaş 

mədəniyyətdir"– deyirlər.  Əli Kərimin erkən vəfatından sonra 

Vaqif  İbrahim  əsl fədakarlıqla  Əlinin xatirəsiylə bağlı çoxlu 

xeyirxah işlər gördü. Elə tək Sumqayıtda yaranmış Əli Kərim 

poeziya klubunun işini götürsək, həmin klubun bütün ölkə 

daxilində, beynəlmiləl  əlaqələrini nəzərə alsaq, aydın olar ki, 

bu fəaliyyət həm mərhum  şairin xatirəsini yaşatmaq, həm də 

yeni, gənc istedadları  pərvazlandırmaq yolunda Vaqif 

İbrahimin təmənnasız, umacaqsız xidməti idi. 

Vaqif İbrahim yaxşı bilirdi ki, Dünəni unudanın Sabahı yoxdur. 

Dünəni unudursansa, Sabah da səni unudaçaq. Vaqif Dünəni 

Sabaha calamaq üçün Bu günü hər ikisiylə – Keçmişlə  və 

Gələcəklə bağlayırdı. Rəhbərlik etdiyi ədəbi dərnəyi həqiqi 

ədəbiyyat ab-havasında, yüksək sənət prinsipləri ruhunda tərbiyə 

etmək istəyirdi. Vaqif İbrahimin özünün xatirəsinə ən layiqli töhfə 

– onun ədəbiyyatda, mətbuatda, dərnək məşğələlərində izlədiyi 

nəcib amallara sadiq qalmaqdır.  

Vaqif  İbrahim xalqa, ədəbiyyata, mənəviyyata gündəlik, 


 394 

təmtəraqsız, hay-küysüz xidmətin sirlərinə bələd idi, vaqif idi.   

Doğrudan  da,   Vaqif   idi.   Həm   kiçik  hərflə,  həm   

böyük hərflə. 

 

1984 


 395 

 

 



ŞERİMİZİN BAŞI SAĞ OLSUN 

 

Acıdan acı  xəbər: çağdaş  şerimizin  ən dəyərli 



nümayəndələrindən biri – İsa İsmayılzadə dünyasını dəyişdi. 

İsanın ölümü də ədəbiyyata gəlişi kimi qəfil oldu. 60-cı illərdə 

şerimizə birdən-birə daxil oldu, orijinal üslubuyla, oxşarsız ifadə 

tərziylə, obrazlarının gözlənilməzliyiylə  dərhal nəzərə çarpdı, 

tanındı, parladı və bir də bənzərsiz istedad kimi haqsız hücumların 

hədəfinə çevrildi. Şerlərinin bir çoxuna ağız büzdülər, rişxənd 

etdilər, maraqlı tapıntılarını lağa qoydular. Amma çox qısa bir 

surətdə kimin kim olduğu da aydınlaşdı. İsanın şerimizdə nə kimi 

mühüm yer tutduğu bilindi. Mətbuatda təşkil olunmuş məktublar 

yazan "oxucuların" saxta qəzəbi zamanın ruzigarında sovrulub 

getdi. İsanın incə, kövrək poeziyası isə yaşadı, hər sınaqdan çıxdı, 

boy atdı, özünü təsdiq etdi. 

Ədəbiyyatımıza yalnız  şair kimi deyil, savadlı, səriştəli, 

tələbkar, məsuliyyətli redaktor kimi də xidmət göstərdi, bu çətin 

zamanlarda belə "Azərbaycan" jurnalını  bədii meyarlarla seçilən 

yazılarla təmin etmək üçün əlindən gələni  əsirgəmirdi. Gənclərə 

qayğı ilə yanaşdı, ağsaqqalın-ağbirçəyin hörmətini saxladı, 

böyüyün böyük, kiçiyin kiçik yerini bildi. Özünü oda-közə vurub 

balalarını layiqli insanlar kimi böyütdü. 60-cılar nəslinin yaşı 60-a 

çata bilməmiş bu nümayəndəsi sonrakı onilliklərdə də gəncliyinin 

ümidlərinə  və ideallarına, bədii anlayışlarına və axtarışlarına 

dönük çıxmadı, unutqanlıq mərəzinə tutulmadı, sona qədər 

dostlara vəfasını, inanclarını, etibarını qorudu, təmkinini, 

mövqeyini, abırını, ləyaqətini həmişə saxladı. Zahiri sakitliyində, 

mülayimliyində əyilməzlik, sərtlik, sözü kəskin demək bacarığı da 

vardı. 


Əlvida  İsa, uzaq gəncliyimin  əqidə dostu, saf və  təmiz qələm 

sahibi,  ədəbiyyatımızın zəhmətkeş  və  əzabkeş  fədaisi. Yerin çox 

görünəcək, yoxluğun çox yandıracaq, çox göynədəcək hamımızı. 

Allah sənə rəhmət eləsin. Ailənin, balalarının başı sağ olsun, 



 396 

şerimizin başı sağ olsun.  



14 iyul 1997-ci il 

 

 397 

ELMİRA HÜSEYNOVANIN XATİRƏSİNƏ 

 

Dost itirmək çox ağırdır. Şair: nəslimin yarpaq tökümü başladı 



desə də, bu labüdlüklə heç cür barışmaq istəmirsən. 

İstedadlı heykəltaraş, xoşxasiyyət, mülayim insan, ailəmizin 

etibalı dostu Elmira Hüseynova vəfat etdi. Onun ölümylə biz 

də  həyatımızın bir parçasını, sanki elə  də uzaq olmayan 

gəncliyimizin bir hissəsini itirdik. İndi dost ünsiyyətimizin xoş 

günləri, saatları yalnız xatirələr aləmində qalacaq. O günlərin, 

o saatların ki, heç nə ömrün gələcək ağır sınaqlarından soraq 

vermirdi. 

Elmira güclü və vüqarlı insan idi, ağrı-acılarına mətanətlə, 

mərdliklə dözə bilən incikliklərini gizli saxlamağı bacaran 

insan idi. Son illərdə taleyinin və səhhətinin ağır yaralarını elə 

bil heç vecinə almayaraq hər görüşdə dost-tanışlarını 

təbəssümlə qarşılayar, hamıda elə təsəvvür yaratmaq istərdi ki, 

hər işi  əladan  əladır. Gileylərin,  şikayətlərin yerinə  həvəslə 

nəvəsindən danışmağa başlardı. Nəvəsi çətin həyatının bəlkə də 

son və yeganə sevinci idi. Bir də zərif rəssam, incə və kövrək 

varlıq olan qızı Əsmərin uğurlarıyla öyünürdü. 

Uzun illər hamımız – bütün dostlar  bir yerdəydik. İndi Elmira 

heykəllərini yaratdığı insanlarladır – Həsən bəy Zərdabiylə, Cəfər 

Cabbarlıyla, Səttar Bəhlulzadəylə, Rəsul Rzayla. O, indi elə bir 

dünyadadır ki, istəkli adamlarının, yaxınlarının çoxusu da ordadır 

– babası  şair Səməd Mənsur, atası, anası, bacısı,  əmisi – yazıçı 

Mehdi Hüseyn, dayısı – rejissor Tofiq Kazımov. 

İnanmaq istəyirəm ki, onlarla Elmira rahatdır. Və onlar 

Elmiranı qoruya da, ona təsəlli verə də biləcəklər. Əfsus ki, biz 

bunu bacarmadıq. 

Əlvida  əziz Elmira. Sənin gözəl  əsərlərin, xeyirxahlığın, 

mehribanlığın, bir qədər utancaq təbəssümün həmişə 

yaddaşımızda yaşayacaq. Nə qədər ki, yaddaşımız var. 

 

25 yanvar, 1995 



 398 

 

 



ARAZSIZ QALDIQ 

 

Arazsız qaldıq. Nə  ağırdır, nə  çətindir bu sözləri yazmaq. 



Qardaş verməyib mənə Allah. Yarım əsrə qədər bir müddətdə 

Araz mənim qardaşdan yaxın dostum olub. 

M.P.Vaqifin nüfuzlu araşdırıcısı, aşıq  şerinin mükəmməl 

bilicisi idi. Hərdən, kefimizin duru çağında, onun yadına Molla 

Cumanın məşhur misrasını salardım: dost mehriban ya bir olar, 

ya iki. 


Araz duyurdu ki, bu misranın həqiqətini mən məhz ona 

şamil edirəm, uşaqlıq, gənclik illərində  və bütün ömrümüz 

boyu davam edən dostluğumuzu nəzərdə tuturam. Tanış-biliş 

bolluğunda dost kasadlığı daha aydın sezilir. İnsan ömründə əsl 

dost, doğrudan da, "ya bir olur, ya iki". Araz əsl dost, əsl insan, 

əsl ziyalı idi. "Ziyalı" sözünün az qala söyüş kimi işlədildiyi bir 

zamanda – bizim bu günümüzdə ziyalı  ləyaqətini, ziyalı 

qürurunu qoruyub saxladı. Yetişdiyi Məmməd Arif ocağının 

mənəviyyat işığını yaşatdı, övladlarına təhvil verdi. 

İşıqlı insan idi Araz. Ürəyində zərrə qədər xılt, kin-küdurət, 

paxıllıq duyğuları yoxdu. Gücsüz həsəd hissi gəmirmirdi içini. 

Dostlarının irili-xırdalı  hər uğuruna öz sevincindən artıq 

sevinərdi. Təkrarsız gülüşü vardı. Bəzən ən adi sözə, ən kiçik 

hadisəyə, ən sadə  hərəkətə elə ürəkdən, elə sürəkli gülərdi ki, 

ona qoşulub gülməmək olmurdu. Hər  şeyə marağı vardı – 

siyasətdən tutmuş  şahmatacan. Filarmoniyanın simfonik 

konsertlərindən – futbol yarışlarınacan. 

Dostlarıyla zarafatlaşmağı xoşlardı  və özü də dostlarının 

zarafatından heç vaxt inciməzdi. Arazın ad günlərində həmişə 

Arif  əmigildə  yığışardıq və belə ad günlərindən birində 

yazdığım zarafatyana qəzəlin nüsxəsini saxlamışam. Bu 

qəzəlin yazıldığı il qeyd olunmayıb və indi də mən o ili dəqiq 

təyin edə bilmərəm. Amma hər halda mətndən görünür ki, Araz 


 399 

o zaman hələ doktorluq dissertasiyasını müdafiə etməmişdi və 

həyat yoldaşı Aida xanım kimi o da hələ elmlər namizədi idi. 

Şerin bir misrası  məhz buna işarədir. Başqa bir işarə Arazın 

kinostudiya ilə  əlaqədar fəaliyyətiylə bağlıdır. Araz, 

Zöhrabbəyovun "Odlu diyar" romanı  əsasında  ədəbi ssenari 

yazmış və kinostudiyamıza təhvil vermişdi. O vaxt studiyanın 

direktoru görkəmli sənətkarımız, danışığında "qada" sözünü 

bol-bol işlədən  Ədil  İskəndərov idi. Arazın ssenarisinin 

müzakirəsi yubadılırdı və qəzəldə buna da bir eyham vurulur. 

Bax, bu kiçik şərhlərdən və izahlardan sonra o uzaq illərin 

zarafatlı qəzəlini oxucuya təqdim edirəm: 



Səni təbrik edirik, biz bu gün Araz, ay Araz!  

Kefin olsun həmişə çağ, həmişə saz, ay Araz! 

Doktor ol, banketinə bizləri də dəvət elə  

Axı bir evdə iki kandidat olmaz, ay Araz! 

"Odlu yurdun" alovu yandıramaz balü-pərin  

Bu cür işlər de "qada" çox belə qalmaz, ay Araz! 

Orta əsr şöbəsinin cənnəti bustanında  

Ucalırsan necə ki, canani-tənnaz, ay Araz! 

Bizə söhbət yaraşar, amma ki, qeybət yaramaz,  

Qeybəti hərdən edək, həm də ki, lap az, ay Araz! 

Mən sənə öz sözümu şer ilə çatdırmadayam  

Eşidibsənmi denən, sən belə avaz, ay Araz! 

Dostun Anar gətiribdir sənə bu xoş gündə  

Həm qəşəng, həm bahalı bax belə bir vaz, ay Araz! 

*** 

Gəncliyimiz hərəkətsiz, tərpənişsiz, donuq bir dövrə, səssiz-

səmirsiz ictimai səhraya, mənəvi həyatın alatoranlığına 

düşmüşdü. 

50-ci illərin ikinci yarısında tez yanıb, tez sönən ümid 

çıraqları, qısa haray çəkib qısılan səslər – bu toranlığı, bu 

sükutu daha da qatılaşdırırdı, daha da ümidsizləşdirirdi. 56, ya 

57-ci ilin küləkli bir payız günü Arazla Bakı küçələrini dörd-

beş saat dolaşmağımız uzun illərin saysız-hesabsız görüşləri 


 400 

içində xüsusi yadımda qalıb. 

Uşaqlıq və yeniyetməlik çağından sonra bu tələbəlik 

illərimizin bəlkə  də ilk ciddi ünsiyyəti, ürəyimizdəkiləri bir-

birimizə açdığımız çox vacib söhbət idi. Nədən danışırdıq o 

axşam? Nədən danışmırdıq? Siyasət, ədəbiyyat, xalqımızın acı 

taleyi, ictimai mühitimizin boğucu havası, sənətdə bayağılıq, 

zövqsüzlük, səviyyəsizlik,  ətrafımızı sarmış  əliəyrilik, 

yaltaqlıq, riyakarlıq, yalan... Ürəyim bütün mətləblərlə, 

fikirlərlə, sözlərlə dolu idi və ürəyimdəkiləri açıb deyə 

biləcəyim, qəlbimin qızdığı iki-üç adam vardısa, biri Araz idi. 

Tay-tuşlarım arasında o illər, bəlkə  tək yeganəsi Araz idi. 

"Dost-mehriban ya bir olar, ya iki". Adi fikirlərimizi siyasi sirr 

kimi içimizdə gizlətdiyimiz o illərdə "sirrini aləmə 

deməyəcəyinə"  əmin olduğun bir dost tapmaq, onunla 

düşündüklərini bölüşmək nə böyük səadət idi! Həqiqi, səmimi, 

mənəvi ünsiyyət acıydıq, bir-birimizi tapmışdıq. 

"Molla Nəsrəddin-66" adlı satirik hekayələr silsiləmdə 

içkibazlar simpoziumu haqqında məlumatı Araz dürüst 

anlamışdı  və duyduğunu mənimlə bölüşdü.  İçkibazlar 

qurultayında səhnəni niyə  məhz üç portretin bəzəməsi bəlkə 

başqalarına da çatmışdı, amma o vaxt mən bu mətləbi Arazdan 

başqa heç kəslə söhbətdə açıb-ağarda bilməzdim. 56-cı ilin 

payızında Macarıstanın işğalına, 68-ci ilin avqustunda 

Çexoslovakiyaya təcavüzə Arazla münasibətimiz tam uyğun 

idi. 56-cı ilin ümid qırıqlığından 68-ci ilin mənəvi 

çıxılmazlığına gedən yolu bərabər keçmişdik. 

Son gümanımızı itirmişdik. Nə biləydik ki, illər keçəcək və 

90-cı ilin qanlı Yanvarında Azərbaycanımızı 

Çexoslovakiyadan da ağır yaralayacaqlar və Araz da doqquz ay 

sonra bu dərdi özüylə torpağa aparacaq. 

O uzaq gün – 56, ya 57-ci ilin o küləkli payız söhbətinin isə 

hafizəmdə bir şer qəlpəsi də qalıb. Hər halda gənc idik, hər 

halda tamam inamsız yaşaya bilməzdik və Araz o uzun, 

üzüntülü, ağrılı  mətləblərlə dolu söhbətimizi Vidadinin 


 401 

"təsəllisiylə" yekunlaşdırdı: 

...Bu dövran belə qalmaz 

Tən bir gün olur xak ilə yeksan, belə qalmaz... 

Hər  şey dəyişdi, "elə qalmadı", dövran dəyişdi insanlar 

dəyişdi, anlayışlar, dəyərlər, bütlər dəyişdi. Qaraya ağ 

deyənlər, indi də  ağa qara dedilər. Suyu üfürə-üfürə içənlər 

birdən-birə Armudan bəy sayağı elə qoçaq oldular ki, gəl 

görəsən. Ömrü boyu ətrafa çəhrayı eynəklə baxanlar, indi də 

qara gözlüklər taxdı. Dünən beynəlmiləlçilikdən danışanda 

ağızlarına çullu dovşan sığmayanlar bu gün ağızdolusu 

millətdən dəm vurmağa başladılar. Dünən deyilənlər büsbütün 

unuduldu, elə bil heç dünən yox imiş. Srağagün isə yerli-dibli 

olmayıb. Elə bil tarix bu gün səhərdən başlanıb. Hər  şey 

dəyişdi. Araz dəyişmədi. Ad çıxarmağın asan, şirnikdirici 

yolları  məst-xumar etmədi Arazı. Qeyrəti, kişiliyi, 

vətənsevərliyi dilinin ucunda yox, gündəlik əməlində oldu. Hər 

havada, hər iqlimdə fəhlə və fədai məsuliyyəti ilə gördüyü işi 

yenə gördü. 

Gurultulu bəyanatları sevməzdi, ensiklopedik biliyini, 

yüksək savadını, işgüzarlığını milli mədəniyyətimizin qarış-

qarış genişlənməsi, kərpic-kərpic yüksəlməsi yolunda sərf və 

səfərbər edirdi. 

Birdən görürsən hirslənib özündən çıxmağı, hövsələsizliyi 

də vardı Arazın. 

Uşaqlıqda, futbol oyunlarımızda çığallığı da vardı, hərdən 

qeybət qırmağa da həvəslənərdi. Canlı insan idi. Bir az 

vasvasıydı. Görüşməyimizi vədələşirdik, məsələn, axşam 

səkkizdə, Nizami muzeyinin tinində. "Səkkizdə  də, yeddidə 

(yaxud doqquzda) yox" – deyə dəqiqləşdirirdi Araz. 

–Bəli, səkkizdə. 

Bir azdan zəng vururdu: – Deməli, səkkizdə. Nizami 

muzeyinin tinində, Nazmi kinosunun yox. 

Bir azdan yenə  zəng çalardı: – Deməli, səkkizdə, Nizami 

muzeyinin tinində. Yaxşı. Hansı tinində? – Ay Araz, insafın 


 402 

olsun, Nizami muzeyinin dörd tininin arasında nə böyük 

məsafə varmış axı.... Uğunub gedirdi, görüşəndə isə  ən dərin

ən mürəkkəb məsələləri elə  məntiqlə izah edirdi ki, mat 

qalırdın... Bir ağsaqqal müdrikliyi vardı Arazda, bir uşaq 

sadədilliyi, körpə sadəlövhlüyü. Yalnız ona, Araza məxsus 

sözləri, ifadələri, ibarələri vardı. İti müşahidəsi vardı. Çox incə 

yumor hissi vardı. 

Vardı... vardı... vardı... 

İndi yoxdu, yoxdu, yoxdu.... 

Cəmisi onca gün bundan qabaq Moskva xəstəxanasına, ona 

dəyməyə getmişdim. Arıqlayıb çöpə dönmüşdü. Bənizi sapsarı, 

sifəti yorğun idi, müalicədən, müayinələrdən, diaqnozun qeyri-

müəyyənliyindən zara gəlmişdi, amma gözləri həmişəki tək 

işıqla dolu idi, uğunub gülürdü, zarafatından, nikbinliyindən 

qalmırdı. Yaşayacağına, işləyəcəyinə, doğma Bakısına, 

ailəsinin, istəkli nəvəsinin yanına qayıdacağına inanırdı. 

İndi bütün bunlar acı anımlar, yandırıb-yaxan xatirələrdir. 

Dost-taleyin bizə bəxş  etdiyi  ən böyük sevinclərdəndir. 

Dost itkisi – taleyin  bizə  vurduğu  ən ağır yaralardandır. 

Molla Cumanın o qoşmasında belə misralar da var: 

Bir gün ölsəm, hamı deyər: – yazıqdır  

Canı yanan ya bir olar, ya iki. 

Əlvida Araz, əlvida, dostum, qardaşım.  

 

4 noyabr, 1990-cı il. 

 


 403 

 

 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin