Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

*** 

 238 

Xaqani küçəsindəki ZAQS idarəsinə getdim. Hər ikisinin 

pasportunu təhvil verdim. 

Həmin o pasportları ki, orda doğulma tarixləri haqda, 

evlənmə tarixləri haqda, mənzilləri haqda qeydlər var. 

Moskvanın, səfər etdikləri başqa  şəhərlərin möhürləri var. 

Övladlarının adları var. 

Bütün ömürlərinin nişanələri toplanmış iki nazik kitabçanı 

təhvil verdim – əvəzində  mənə ölümləri haqqında iki 

şəhadətnamə təqdim etdilər. 



*** 

Televiziyada rejissor Ramiz Mirzəyev anam haqqında çox 

təsirli bir veriliş hazırladı. 

Zemfira verlişə baxa-baxa ağlayırdı: 

–Hər halda xoşbəxt adam idilər, – dedi, – bir-birlərini 

sevirdilər, övladlarından razıydılar, nəvələrini gördülər.  İndi 

özləri yoxdur, şerləri, mahnıları, kitabları qalıb, səsləri qalıb.  

Küçədə tanımadığım bir nəfər məni saxladı: 

–Rəsul müəllim axıracan öz sözünü dedi getdi: "Vətəndən 

də püşk olarmı, pay olarmı?" Niyə başa düşmək istəmirdik ki, 

şairlər başqa insanlara bənzəmir, şairin bəzən nazını da çəkmək 

lazımdır, şıltağına da dözmək lazımdır. 

Bir idarədə işləyən yaşlı qadın mənə bu cür təskinlik verirdi. 

–Çox da ürəyinizə salmayın, – deyirdi. – Müğənni X-in lap 

cavan oğlunu öldürüblər, bax, bu yaman dərddir. Amma sizin 

atanızı bir gör necə büsatla, cah-cəlalla dəfn elədilər. Siz də 

deyirsiz... 

–Mən heç nə demirəm, – onun sözünü yarımçıq kəsdim, – 

xahiş edirəm, siz də heç nə deməyəsiniz... 

Elə bil birinin dərdini başqasının dərdiylə tutuşdurmaq, 

hansı ümumi ölçülərləsə ölçmək olar. Guya itkinin ağırlığı 

yaşın, sinnin azlığı – çoxluğuyla ölçülür. Guya kiminsə  ən 

dəhşətli müsibəti sənin möhnətini kiçildə bilər... 

Bir gecə kitablarımı sahmana salarkən vərəqlər arasından bir 

kağız düşdü. Anamın xəttiydi. Haçansa atama yazmışdı: 


 239 

"Termos mətbəxdə, çörək isə qazandadır", 

Atamın "Qədim əlyazması" adlı bir şeri var. 

Varaqlar solğun, sarı. 

Səhifələrin neçəsi pozulub; 

neçə-neçə varağın kənarı 

illərin ağırlığına dözməyib, 

ovxalanıb, toz olub. 

Lakin 

xəfif bir təbəssüm, 

bir gilə göz yaşı, 

arzular, ümidlər qalıb. 

Anamın bu xırda məişət kağızında nə təbəssüm var, nə göz 

yaşı, nə ümid. Hardansa gecə gec qayıdan atam üçün adi bir 

məlumat yazıb: termos mətbəxdədir, çörək – qazanda. 

...bu bir əlcə kağız mənə  ən qədim  əlyazması  qədər 

qiymətlidir. Atamın o gecə evə  gəldiyini – kağızı gördüyünü, 

mətbəxə keçdiyini, termosdan çay süzdüyünü, bir parça çörək 

yediyini – gözlərim qarşısında canlandırıram. 

Başımı  qırxdırmaqçün kitab pasajının yanındakı balaca 

bərbərxanaya girirəm. Dəllək: 

–Atan rəhmətliyin də başını, üzünü həmişə mən qırxardım, – 

deyir. 


İşə başlayır. Düşünürəm: bir neçə ay bundan qabaq bu əllər 

atamın başına, üzünə toxunub. 

 

"Hörmətli Anar! 

Yəqin ki... yazılarınız üçün oxuculardam çoxlu məktublar 

alırsınız. Demək olar ki, bütün yazılarınızı oxumuşam. Amma 

etiraf edim ki, mən poeziyanı nəsrdən daha çox sevirəm. Mənə  

elə  gəlir ki, mənim poeziyaya vurğunluğum sevimli şairim 

Rəsul Rzanın: 

"Hər kim nə deyir, desin 

şer dili aydındır. 

İstəyirsən sevincdən, 

istəyirsən qəmdən yaz, 


 240 

Elə aydındır bu dil 

Nadan yüz yol oxusun 

Yenə bir şey anlamaz. 

şerilə başlanmışdır. Füzulini də, Sabiri də mənə bu gözəl şair 

sevdirmişdir. Nigar xanım öz vüqarı – ilkinə, qızları  və 

nəvələrinə  həsr elədiyi  şerlərilə öz ailəsini mənə çoxdan 

doğmalaşdırmışdır... 

İstər Nigar xanımın, istərsə  də onun könül dostu şair 

R.Rzanın ömrü "Çinar ömrü"ndə yazıldığı kimi "Heç kəsə baş 

əyməyən, yoxuşu  şərəfli, enişi dözümlü" həmişə xatirələrdə 

yaşayacaq bir ömürdür. 

Qərəz, mən onlardan birini şairliklə yanaşı, incə, zərif bir 

qadın, ürəyiəsimli bir ana, vəfalı yar-yoldaş, o birini qartal 

qanadıyla gənc  şairləri mühafizə edib yollarına mayak olan, 

bütün insani sifətləri özündə  cəm etmiş qranit bir heykəl kimi 

könlümün dərinliyində yerləşdirmişəm.. 

...Çox xahiş edirəm, mümkün hesab etsəniz...  ən çox 

sevdiyim  şairləriminn kitablarını adınızdan mənə  hədiyyə 

göndərin. Mən onları kitab rəflərimin Füzuli qəzəlləri, 

"Hophopnamə"min yanına qoyub, nərgiz və yasəmənlə, bir də 

onlara olan sonsuz məhəbbətimlə bəzəyəcəm, inanın. 

Hörmətlə 

Rəisə Heydərova 

layihəçi–mühəndis 

Bakı" 

"Əziz Anar. Qəlbimə munis olan Rəsul Rzanın və onun 

arvadının vəfatını ancaq indicə bilmişəm. Dərindən 

sarsılmışam. Böyük dərdinizi sizinlə bölüşürəm. Ürəkdən arzu 

edirəm ki, təsəllini yaradıcılıqda tapasınız. Unudulmaz atanızın 

yaradıcılığı kimi yüksək və xalqa gərəkli yaradıcılıqda. 

Sizin 

   Marietta 

Şaginyan". 

 

"Salam əziz Anar qardaşımız! 



Mən sizin ata-ananızın... ülvi ana dilindən süzülən 

 241 

saflıqlarla müqəddəsləşən, kamilləşən, Sizdən xəbərsiz yetişən 

sizlərdən çox-çox uzaqlardakı oxucunuz, qərib bacınızam! 

Uzun illər bu tayda Şahinin vasitəsilə sizlərin  əsərlərinizi 

oxuyub ağlamışam!  Şahin, mənim qardaşımdır.  İki ay əvvəl 

Şahin mənə bir lent yazısı göndərmişdi. SSRİ xalqları 

ədəbiyyatı  dərsində onu qurub dinlədim. Fonda daxil etdim! 

Mən ancaq onda bildim. Ağladım. Ailə üzvlərinizin və Sizin 

dərdinizə şərik oluram! Əziz bacılarınıza və həyat yoldaşınıza 

salam söyləyin. 

Keçən payız Təbrizdən Bülbülə  qəsəbəsinə bir qoca arvad 

getmişdi. O, sizin ananız Nigar xanımı çox istəyirdi. Sizi 

axtarıb görə bilməyib. Şahin onu çox çətinliklə Nigar xanımın 

məzarı üstünə aparıb. Məzar üstə gül qoyub nənə! 

...Mən Şəhriyarın nəvəsinə ana dilindən dərs deyirəm! 

Bu torpağı  Rəsul Rzanın ev muzeyinə qoymaq üçün onun 

nəvəsi gətirib mənə verdi... Sizdən  Şəhriyar və  mən hər iki 

şairin və sizin öz əsərlərinizdən birini xahiş eləyirik  Şahinin 

vasitəsilə bizə göndərəsiniz. Çox sağ olun. 

Hörmətlə,  

Çinarə Təbrizdən" 

 

Əziz Anar! 



Sənin gözəl qəlbinə dəyən zərbələrə qarşı möhkəm və mətin 

dayan. Bağışla ki, başına gəlmişlər və  gələnlərə  dərhal hay 

vermədim. Abbas Abdulla burda idi, onunla sənin haqqında, 

sənin ailən haqqında, Rəsul Rza haqqında xeyli danışdıq... 

həmişə hay verməsəm də, həmişə səninləyəm. 

Məhəbbətlə, 

Sənin dostun İvan Draç". 

"Əziz qardaşımız Anar! 

Azərbaycan sovet poeziyasının görkəmli nümayəndəsi, sadə 

və böyük insan, istedadlı  və nikbin ruhlu şair, xalqımızın 

ləyaqətli oğlu, sevimli atanız (əgər etiraz etməsiniz, həm də 

bizim atamız) Rəsul Rzanın ölümü bütün Azərbaycan xalqı kimi 

 242 

məktəbimizin müəllim və şagird kollektivini də hədsiz dərəcədə 

kədərləndirmişdir. 

...Şagird qələmim mənim sözümə baxmaq istəmir, sanki o da 

bu dərd–qəmli ifadələrə inanmır, onları yaza bilmir. 

Rəsul Rza elə bir şair idi ki, onun yoxluğuna inanmaq 

çətindir. Böyük şairimizin ölümü bütün Azərbaycan xalqını 

sarsıtmışdır. Bu qəfil zərbə mənim qəlbimə sağalmaz bir yara 

vurdu. O, ana torpağın oğlu idi – ondan ilham alırdı, məzarı 

da orda oldu. 

Ölüm onun adına yaddır,  şairin həyatını xalqımız davam 

etdirəcək. Rəsul Rza cismən bizim aramızdan getsə  də, 

ürəyimizdən heç vaxt getməyəcəkdir. 

Bu itki nə qədər ağır olsa da, hər halda iradəli adam buna 

dözməyi bacarmalıdır və belə iradə yazıçılar üçün daha 

vacibdir. Axı onlar cəmiyyətin fikrini çəkirlər. Yazıçılar 

əsərlərini nikbin ruhda yazmalıdırlar. Biz yaxşı bilirik ki, 

əsərlərinin süjeti bugünkü həyatımızdan götürülür. Buna görə 

də yazıçılar həyatın axınına xələl gətirməmək üçün, öz əsərləri 

xatirinə ən böyük kədərlərini belə unutmalıdırlar. 

Odur ki, hörmətli yazıçı, biz oxucular sizdən nikbin ruhlu 

əsərlər gözləyirik. Nikbin ruhda yazmaq üçün nikbin ruhlu 

olmağı bacarmaq lazımdır. 

Qoy bu ağır itki Sizin yaradıcılıq  əzminizi qırmasın. Rəsul 

Rzanın ölümü qoy Sizi bədbinləşdirməsin və Sizin onun idealını 

rəhbər tutaraq, onun kimi müvəffəqiyyət əldə etmənizi və daha 

böyük uğurlar qazanmağını arzu edirəm. Qardaşımız Anar, 

Sizə tükənməz səbr, möhkəm iradə  və böyük yaradıcılıq 

müvəffəqiyyətləri arzu edirik. 

Məktəb kollektivi adından dərin hüzn və kədərlə 

Dilşad Osmanova. 

Balakən rayonu, N. Nərimanov adına 

Mahamalar kənd məktəbi". 

 

Mənim balaca bacım Dilşad. Sadə, mehriban şagird diliylə 



 243 

yazdığın kağızındakı  təsəlli sözlərinçün çox sağ ol, mənə 

verdiyin ürək-dirək üçün çox sağ ol. Sözlərinə riayət etməyə 

çalışaram, iradəmi toplayıb bədbinləşməməyə  səy göstərərəm, 

nikbin  əsərlər yazaram. Atamla anamın ölümündən il yarım 

sonra "Evləri köndələn yar" adlı komediya da yazdım hətta, 

daha bundan o yana nikbin, şən əsər ola bilməz… 

*** 

Mənə elə gəlir ki, valideynlərimə yaxşı oğul olmuşam: bəlkə 

lap uşaqlıq çağlarımda "bu nədir?", "o nədir?", "bu niyə 

belədir?" suallarımla bir az zəhlələrini aparmışam. Bəlkə 

dəcəlliyim,  şıltaqlığım hərdənbir onları yorub. Bəlkə  məktəb 

illərində pis, ya orta qiymətlərim, tənbəlliyim, illah da musiqi 

dərslərindən axsamağım, müəllimlərin tənələri atamı 

əsəbiləşdirib, anamın qəlbini ağrıdıb. 

Amma böyüyəndən bəri çalışmışam ki, onları heç nəylə 

incitməyim.  Əgər mən sarıdan nigaranlıq, narahatlıq saatları, 

xətərələri olubsa, mənim günahım yoxdur burda. Əlbəttə, mən 

tənqid və tənələrə hədəf olanda onlar da ürəklərinə salırdılar.  

1967-ci ilin iyulunda "Ağ liman" haqqında kəskin tənqidi 

məqalə çıxanda anam mənə bir şer yazmışdı: 



Körpəlikdə ayağına daş dəysə 

ürəyimə dəysin deyərdim. 

Küləyin, tufanın nəfəsi 

sənə toxunmasın  

məni əysin deyərdim.  

İndi ürəyimi yaralayırlar 

dinə bilmirəm.  

Niyə yaşadım qaldım 

bu günə bilmirəm. 

Mənə müxtəlif səviyyəli, müxtəlif səpkili hücumlar olanda 

atam da bunu ürəyinə salırdı. Amma bu mənim günahım 

deyildi. Mən həmişə çalışırdım ki, onları mümkün qədər öz 

uğursuzluqlarımdan təcrid edim, mənə atılan daşlardan 

mümkün qədər xəbərsiz olsunlar. Çalışırdım ki, onları hər cür 



 244 

ürəkbulandıran söhbətlərdən qoruyum. 

İmkanım daxilində Bakıda da, Moskvada da onların  ədəbi 

işləriylə  məşğul olurdum. Xəstələnəndə qayğılarını  çəkirdim, 

sağalmaları üçün əlimdən gələni edirdim. Vəfatlarından sonra 

da xatirələri üçün bacardığımı elədim. Nəyi bacarmadımsa, 

bacarmadım, Allah şahiddir... 

Hər halda mən onlara heç vaxt pis oğul olmamışam. 

Amma... 

Amma hər an, hər saat onlar qarşısında günahkar, təqsirkar 

olduğumu duyuram. Bu hiss daima mənimlədir, bir an belə 

məni tərk etmir, içimi didib tökür. 

Özümü günahlı hiss edirəm ona görə ki, sağ qalmışam, 

diriyəm, yaşayıram, nəfəs alıram, yeyirəm, içirəm, səfərə 

çıxıram, lətifələrə gülürəm, özüm lətifələr danışıram, 

dostlarıma, həyata, günəşə, məhəbbətə sevinirəm, kitab 

oxuyuram, yazı yazıram: bir halda ki, atamla anam artıq 

yoxdurlar. 

Həyatın hər bir təzahürü, diriliyimin hər bir bəliri mənim 

onlara, dünyadan getmişlərə xəyanətimdir. 

Həmin duyumun dəhşəti ondadır ki, bu daimi bir hissdir – 

həyatın fasilələri yoxdur, yalnız sonu var. Mən isə nə qədər ki, 

sona çatmamışam, yaşamağımın hər anı onlara, yaşamayanlara 

xəyanətimdir. 

Hətta bu yazım da. Onlardan yazdığım bu yazı da. Onlarsız 

yazdığım bu yazı da... 



Hərdən gülüşün düşür yadıma,  

Hərdən qəmin, məlalın, 

Hər şeyi sezə bilən

Hər şeyə dözə bilən 

qəlbin, pərişan halın. 

Sakit axan sular kimi 

axıb getdin. 

Dostlarının ürəyində ağrı buraxıb getdin. 

Yenə gələcək bahar, 

 245 

yenə çiçək açacaq çəmən. 

Budaqlardan sallanacaq 

salxım-salxım yasəmən. 

Quşlar 

qatar-qatar 

Qürbətdən vətənə dönəcək 

Günəş yenə dənizdən doğacaq,  

dağların dalında sönəcək!  

Ağ göyərçin balası kimi 

çırpınan kiçik qızın 

sevgilisinin sinəsinə yaslanıb 

isti göz yaşları 

tökəcək səninçin.  

Yanıb-yaxılacaq  

İçin-için 

Sonra həzin bir təbəssümlə 

qaldıracaq başını 

siləcək göz yaşını. 

Yenə dünyada vüsal olacaq. 

olacaq acı hicran 

Bircə sən dönməyəcəksən, 

Dönməyəcəksən getdiyin əbədi yoldan. 

(Nigar Rəfibəyli ) 

"Üzeyir Hacıbəyov" filmi üzərində iş həm xilasım idi, həm 

xəyanətim. Xilasım idi, çünki kinonun qarmaqarışıq, hay-

küylü, adamla qaynaşan aləmindən başqa heç bir iş məni içimi 

gəmirən fikirlərdən, xatirələrin acısından, bir-birindən ağrılı 

anımlardan qurtara bilməzdi. Kino xilasım idi... 

Amma kino həm də  xəyanətim idi. Axı kinoçəkmə onların 

müsibətlərilə birgə başlamışdı, bu müsibətlərlə paralel zaman 

yoluyla gedirdi, yüz gün içində bir ölümün itki acısıyla, ikinci 

ölümün gözləmə  dəhşətiylə qoşa addımlayırdı. Anam sağ idi, 

amma bilirdim ki, çəkilişin axırına o da qalmayacaq. Bilirdim 

ki, çəkiliş müddətində anamı itirəcəm, basdıracam, yasını 



 246 

tutacam və kino işimi davam etdirəcəm, tamamlayacam. Mən 

bunu nəinki bilirdim, mən ayıq, amansız bir praktisizmlə bunu 

studiyanın rəhbərliyinə  də çatdırmışdım: kino – istehsalatdır, 

studiyaya rəhbərlik edənlər  əmin-arxayın olmalıdırlar ki, 

quruluşçu rejissorun heç bir qəlb sarsıntıları film üzərində  iş 

qrafikini poza bilməz. 

Bilmirəm, zəifliyim idi bu, ya gücüm idi – ancaq çalışırdım 

ki, mənim daxili iztirablarım heç vəchlə görməkdə olduğum və 

görəcəyim yaradıcılıq işinə  təsir göstərməsin. Bu işi – Üzeyir 

Hacıbəyov haqqında film yaratmağı – vacib, gərəkli iş 

sayırdım. Və sayıram. 

Həmin ağır günlərdə filmi çəkməli olan operator mənə zərbə 

vurdu. Çəkilişə bir həftə qalmış  işləməkdən boyun qaçırdı – 

xəstəyəm – dedi. 

Məsələ onda deyil ki, hələ neçə ay qabaq mən həmin 

operatorla danışmışdım, o, böyük məmnuniyyətlə razılıq 

vermişdi. Bu zaman ayrı filmdə  məşğul olduğu üçün, mən də 

çəkiliş vaxtını məhz elə onun xatirinə neçə ay yubatmışdım və 

bu yubadılmış müddət  ərzində tale məni belə  çətin imtahana 

çəkmişdi. Həmin operatorla o ağır günlərdə  Şuşaya, natura 

seçməyə getmişdim, aktyor sınaqlarını o çəkmişdi. Pavilyonlar 

tikilmişdi, çəkiliş başlanmalıydı  və elə bu zaman operator 

ürəyinin xəstə olduğunu elan etdi... 

Filmi dayandıra bilərdilər. Bunu istəyənlər də vardı. Filmin 

bağlanması  təhlükəsi reallaşırdı. Mən düşünürdüm ki, başıma 

gələn bütün bəlalara baxmayaraq, filmi çəkmək əzmindəyəmsə, 

kiminsə etibarsızlığı üstündə bu işi bada vermək olarmı? 

Operatordan xahiş elədim: 

–Onca gün ərzində pavilyonları  çək, sonra get istirahətə, 

müalicəyə. 

Çünki hazır pavilyonların istifadəsiz qaldığı  hər gün 

qruppaya amansız ziyan verirdi. 

Operator razı olmadı. Cavan oğlandı – ziyalı, tərbiyəli, 

oxumuş. Rəftarı  həlimdir, özü nəzakətli, qanacaqlıdır, yüksək 


 247 

səviyyəli professionaldır – buna söz ola bilməz. Sifətdən də 

sifayidir, yapışıqlıdır. 

Amma onun sifəti də – son dəfə  qəti boyun qaçırdığı 

dəqiqələrdə gördüyüm sifəti – o xəstəxanada "mən burda bütün 

günü növbə  çəkə bilmərəm" deyən cavan, yaraşıqlı  həkimin 

sifəti kimi hafizəmə əbədi həkk oldu. 

Yayda filmlər istehsalının ən qızğın dövründə bütün operatorlar 

məşğuldurlar, məşğul olmayanlar da dincəlir, təzə iş üçün qüvvə 

toplayırlar. Mənimçün son dərəcə ağır və çətin olan bu günlərdə 

studiyada bir nəfər operator tapılmadı ki, yıxılıb böyrü üstə qalmış 

filmimizə yardım  əlini uzatsın. Tək bircə Zaur Məhərrəmovdan 

başqa. Zaur bu vaxt başqa filmdə  məşğul idi, amma studiya 

müdriyyəti vəziyyəti ona izah edən kimi razılaşdı, iş prosesinə 

ortada müdaxilə etdi, (bu isə operator üçün xüsusilə  çətin 

məsələdir) və  qəliz, mürəkkəb bir filmi layiqli şəkildə  çəkdi. Bu 

yoldaşlıq və insanlıq hərəkəti idi. 

Özgə etibarsızlığına aludə olub öz xəyanətimdən gen 

düşdüm. Anamın əlacsız xəstə yatdığı günlərdə – ömrünün son 

günlərində – kinostudiyada keçirdiyim hər saat anama xəyanət 

deyildi məgər? Bəlkə bütün işimi-gücümü təxirə salsaydım, 

gecə-gündüz yalnız anamın yatağı yanında olsaydım, günah 

hissini bu qədər kəskin duymazdım... "Təxirə salmaq" dedim. 

Deməli, çəkilişdən tamam imtina etmirdim, deməli, təxirə salıb 

anamın yanında oturmaqla onun sonunu, sonucu – ölümünü 

gözləməli olurdum. Gözləyirdim ki, ölümündən sonra çəkilişə 

başlayım. Bu da mümkünsüz idi. Oturub gözləmək, ölümü 

gözləmək olmazdı... 

Anamın dəfn günü əvvəlcədən planlaşdırılmış qrafik üzrə 

çəkiliş dəstəsi Şuşaya getdi. Bir həftədən sonra mən də onların 

yanına gedəcək və  hər cümə axşamı  Şuşadan Bakıya 

gələcəkdim. 

Bir həftədən sonra Şuşaya yola düşdük. Fidangil də 

mənimlə getdi. 

Axşama yaxın Göyçaya çatdıq, Göyçaydakı evdə – onların 


 248 

evində qaldıq. Alatoranlıq idi. İşıqları, nədənsə, yandırmadıq. 

Darvazadan həyətə girib, ev qapılarını açıb otaqlara keçəndə 

keçirdiyimiz hissləri təsvir etmək çətindir. Qapının qabağında 

onların yumşaq məstləri düzülmüşdü. Rəflərdə  dərman 

şüşələri, masanın üstündə  kənarında qeydlər etdikləri kitablar 

vardı, əlyazmaları vardı. 

Həyətə düşdüm. Fidan alatoranlıqda ağacların birinin altında 

tək-tənha oturmuşdu. İçəri dünyasına çəkilmişdi. 

Elə bil ev, həyət Onların danışıqlarıyla, nəfəsləriylə, addım 

səsləriylə, ruhlarıyla dolu idi. Yazda həyətdə ağaclar çiçək açardı – 

gilas, albalı  dəyərdi. Payızda nar, xurma yetişərdi. Atamla-anam 

ildə iki-üç ay burda yaşayardılar. Bazar günləri biz də gələrdik – 

ətraf nəvələrin səs-küyüylə, qışqırıqlarıyla, gülüşləriylə dolardı, 

balacalar ora-bura qaçışırdılar. 

İndi buranın yeganə sakini onların yoxluğu idi. 

Bakıda, onların evlərinə toplaşarkən bəzən bizdə belə bir 

qeyri-iradi illüziya oyanırdı ki, onlar yalnız müvəqqəti 

yoxdurlar evdə, hardasa ayrı yerdədirlər, bəlkə elə 

Göyçaydadırlar. 

İndi biz Göyçaya gəlmişdik. Burada da yox idilər. 

*** 

Uşaqlığımızın yay aylarını ara-sıra Şuşada keçirərdik. 

Dünyada  ən çox sevdiyim şəhərlərdən biri də  Şuşadır. 

Amma mənə elə  gəlir ki, Şuşa heç zaman o yaralı yayımızda 

olduğu qədər gözəl, cazibəli olmayıb. 

Bakının ağır bürküsündən sonra Şuşanın saf, təmiz havası – 

ciyərlərimizin bayramı idi. 

Qədim, yaraşıqlı evlərin "qaşqa suvağı", meşələrin sərin 

bulağı – qeyri-ixtiyari şerə keçdim, çünki elə bu bulaqların adı 

da  şer kimi səslənir – İsa bulağı, Saxsı bulağı, Səkili bulaq, 

Gəlin bulağı, Çarıq bulağı, Ayğır bulağı, Şirlan... O yanda Qırx 

qız dağları, bu yanda Topxana meşəsi, uzaqda Kirsin zirvəsi, 

bu tərəfdə Bağrığan dağı, Cıdır düzündən Daşaltı çayına enən 

Qırx pilləkən,  İbrahim xanın sığnağı, Ağ qaya, Ərimgəldi 



 249 

yamacı, tayı-bərabəri olmayan xarıbülbül gülü, kəkotu, 

qantəpər, çobanyastığı, quzuqulağı, sarı çiçəyin  ətirli çayı, 

gecələrin  İsaq-musaq quşları, Natəvan bağında  ətrafı bürüyən 

qızılgül rayihəsi, tez yağıb tez kəsən çobanaldadan yağışlar, 

dərələr boyu dizin-dizin sürünüb qalxan, sonra eləcə  də 

ehmalla çəkilən süd rəngli dümağ dumanlar, gündüzün-gecənin 

hər vaxtında, hər yandan, hər bucaqdan ucalan musiqi sədaları 

– radiolardan, televizorlardan, maqnitofonlardan axan, ya da 

məclislərdən, İsa bulağı meşəsindən, Cıdır düzündən yüksələn 

canlı avazlar – Şuşa! 

O yay elə bil Qarabağın bütün gözəl səsləri  Şuşaya 

toplaşmışdı – sanki nəvalar, zəngulələr havanın özünə 

hopmuşdu. Uşaqlıq hafizəmdə yaşayan balaca dükanlarla 

səflənmiş Rasta bazar indi hündür mehmanxana binalı, 

fontanlı, güllüklü geniş xiyabana çevrilmişdi. Natəvan bağında 

Niyazi simfonik konsert verirdi, xanəndələr oxuyurdu – 

muğamatsız  Şuşada konsert olar? Biz də özümüzlə musiqi 

gətirmişdik. Üzeyir haqda filmin epizodlarını onun ölməz 

musiqisinin hazır fonoqrammaları altında çəkirdik. Üzeyirin 

mayası burdan götürülmüş  əsərləri indi lentlərə  həkk olub 

qayıtmışdı  Şuşaya. Bu epizodlar böyük bəstəkarın uşaqlıq 

illərini canlandırırdı – ən məşhur Qarabağ xanəndələrini 

dinlədiyi uzaq illəri. 

Cabbar Qaryağdıoğlu rolunda Qədir Rüstəmovu çəkirdik. 

Bakıda aktyor sınaqları zamanı bu rola Qədiri nəzərdə tutanda 

da, hətta səsini qabaqcadan lentə yazanda da heç kəs inanmırdı 

ki, Qədir çəkiləcək. Mən özüm də qəti bilmirdim. Danışırdılar 

ki, kefi istəməsə, heç kəs, heç bir rütbə sahibi onu oxumağa 

məcbur edə bilməz. Hər bir əsl sənətkar kimi müstəqil, öz 

ləyaqətini saxlayan adam idi və nədənsə, xoşu gəlməyəndə hər 

hansı məclisdən – ona boyun olunan haqqın miqdarından asılı 

olmayaraq – yarımçıq çıxıb gedirmiş. 

Bütün bunlar öz yerində, amma danışdığımız gün, danışdığımız 

saatda öz maşınıyla Ağdamdan Şuşaya, çəkilişə gəldi. 


 250 

–Qədir, doğrusu, qorxurdum vədinə xilaf çıxasan, – dedim. 

–Boy, bu nə sözdür danışırsan? – dedi. – Sənə söz verdim 

axı, gələjəm. – Sonra əlavə etdi. – Yəqin sənin də qulağına 

çatıb ki, Qədir dəlidir. Qardaş, Qarabağda dəli olmasan, baş 

çıxarda bilməzsən. 

Adət eləmədiyi çəkiliş intizamsızlığı onu bəzən lap 

darıxdırırdı; qapalı salonda, pirotexnik Vasya çəkiliş üçün 

lazım olan tüstünü buraxanda lap hövsələdən çıxırdı: 

–Ay urus, Allaha bax, – deyirdi, – boğdun bizi tüstüdə... 

Onu Məcnun sifətində qrim edəndə,  əyninə  cır-cındır 

geyindirəndə etiraz etmirdi, dözürdü, amma mənə: 

–Bax, canınçün, ancaq sənin xətrinə bu hala düşürəm ha, – 

deyirdi. 

...elə  səhərisi gün zirək fotoqrafın Qədiri Məcnun 

qiyafəsində  əks etdirmiş  şəkillərini aşağıda, "benzinkolonun" 

yanında biri beş manata satırdılar... 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin