ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


MARAĞA QARNİZONUNUN POLKOVNİKİ QULU SÜBHİ



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

MARAĞA QARNİZONUNUN POLKOVNİKİ QULU SÜBHİ 
NURİNİN (1907-1947) DAR AĞACI ALTINDA SON SÖZLƏRİ: 
- Bu titrək bina çox da yaşamayacaqdır. Bu qanlı üsuli-idarə daha davam 
etməyə qadir deyildir.  Ölüm üçün heç kimdən minnət götürmək fikrində deyiləm. 
Xalq uğrunda, azadlıq yolunda ölümə getməklə əbədi bir şərəfə qovuşmaq, ucuz 
yaşamaqdan  min dəfə xoşdur. 
Sübhini dar ağacına qaldırıb ipi boynuna salırlar. İp dərhal qırılır. Yerdən 
çəld qalxan polkovnik Qulu Sübhi Nuri qəzəblə qışqıraraq deyir: 
- Cəlladlar, indi mənim dediklərimə inandınızmı? Sizin hətta dar ağacınızın 
ipi də çürümüş və davamsızdır. 
 
Ana yurdumsan, ey şanlı Vətən, 
Həmişəlik yaşa Azərbaycan... 
 
Bu, mərd polkovnik Qulu Sübhinin son sözləri oldu... 
 
HƏBS OLUNMUŞ MƏRD FƏDAİ DADAŞ TAĞIZADƏNİN (1902-1947) 
SON NİTQİ: 
- Mən Azərbaycanın ləyaqətli oğluyam, budur,  Azərbaycan xalqının  
azadlığı uğrunda başı uca can verirəm. Güman etməyin ki, mənim və yoldaşlarımın 
ölümü ilə azadlıq boğulacaqdır. Şübhəsiz ki, bizi   muhakiməyə çəkib dar ağacına 
tərəf aparan cinayətkarlar millət məhkəməsində cavab verməli olacaqlar. 
Cavan NƏZMİYYƏ ZABİTİ SƏDİNİ anasının gözü qabağında küçədə 
güllələdilər. Təbrizin fədakar həkim oğlu Bağırının evini güllə-boran elədilər, 
Tankla evi dağıdıb, həkim Bağırını küçədə xeyli sürüdülər, onu müqavimət 
göstərdiyinə görə balalarının yanında avtomatla dəlik-deşik etdilər. Beş gün 
mühasirədə qalıb təkbaşına cəlladlara qarşı vuruşan igid ŞAHSEVƏNLİ QIZI 
SƏRİYYƏNİ aldatdılar ki, əfv olunacaqsan, səngərdən çıx və silahı yerə qoy. 
Səngərdən çıxan kimi güllələnməyə gətirilən Səriyyə üzünü cəlladlara tutub 
demişdi: 
  
- Bu, sizin üçün qələbə deyil. Tarix əhd-peyman pozanların adını nifrətlə 
yad edəcəkdir. Adam öldürən canilər bu işdən xeyir görə bilməyəcəklər. 

Azərbaycan oğulları mənim intiqamımı alacaqlar. Azadlıq ağacı şəhidlərin qanı ilə 
suvarıldıqca daha çox bar verəcəkdir. 
Meşkin şəhər FƏDAİ BAŞÇISI ŞEYX POLAD ƏHMƏDİNİN (1886-
1946) dar ağacı altında son sözləri: - Mən qocalmışam, bu gün də ölməsəm, sabah 
öləcəyəm. Lakin mən mübarizə yolunda, azadlıq uğrunda öldüyümə görə iftixar 
edirəm. 
Şahın əmrilə iyirmi altı nəfər azərbaycanlı zabitlə birlikdə Təbrizdə 
güllələnən polkovnik CƏFƏR SULTANİ azad (1917-1947): 
- Mən biganələr nümayəndəsi olan Şah əlindən aldığım dərəcəni atıb, 
qəhrəman Azərbaycan xalqının azad əli ilə yaradılmış xalq qoşunlarının şərəfli 
dərəcəsini qəbul etməklə şadam! Mən yenə də var qüvvəmi Azərbaycanın azadlığı 
uğrunda sərf edəcəyəm. 
Hadisələrin iştirakçısı FƏDAİ ABBAS CƏFƏRİNİN “Azərbaycan, 
xalqımızın mübarizəsinin ön səngəridir” məqaləsindən: 
“Şaxta kəsirdi, qar yağırdı, canilər isə Azərbaycanın qəhrəman oğullarının 
cənazələrini küçələrin daşları və xiyabanın asfaltı üzərində sürüyürdülər. 
Qarətgirlər zərrəcə utanmadan elm və sənət ocaqlarına da hüçum etdilər. Əyalət 
Əncuməninin kitabxanası, filarmoniya və dövlət teatrı qarət edildi”. 
 
* * * 
 
Vəziyyətin ağırlığından bir çox fədailər kimi general Cəfər Kavian da bu tay 
Azərbaycanına pənah gətirdi. Ömrünün axırınadək - 1975-ci ilədək o taylı Vətənin 
həsrətilə yaşadı. 
Generalın üç oğlu və üç qızı Bakıda yaşayır. Maqsud Cəfər oğlu atasının o 
tay Azərbaycanımızdan çox çətinliklə gətirdiyi tarixi əhəmiyyətə malik sənəd və 
şəkilləri ən əziz, ən müqəddəs yadigar kimi hifz edib saxlayır. Bunların arasında 
xalqımızın mətin oğlu Seyid Cəfər Pişəvərinin general Cəfər Kaviana yazdığı 
məktublar, sənədlər, əmr və nizamnamələrin surəti, Səttarxanla babası 
Məhəmmədəlinin birgə çəkilmiş nadir fotoşəkli var. 
1944-cü il iyunun on birində Seyid Cəfər Pişəvəri yazırdı: 
“Kavian həzrətləri! Ümid edirəm ki, özünüz, uşaqlar və bütün dostlar hamı 
səlamətdir. İşlərimin çoxluğundan əlim gəlmədi bundan tez sizə məktub yazım. 
Özün də bilirsən ki, məktub yazmaqda əvvəldən bir az tənbələm. Amma əməldə 
dostlarımı heç vaxt unutmamışam. İstəyirdim ağayi Çavuşiyə də məktub yazım, 
ünvanını mənim üçün yazın. Bütün dostlara mənim tərəfimdən salam söyləməyə 
sizə icazə verirəm və deyərsiniz ki, Pişəvəri məktubunda sizə rəsmən xüsusi salam 
göndərir. Göndərdiyin yataq dəsti çatdı. Çox sağ ol. İşlərim haqqında ola bilsin ki, 
“Acir” qəzetində oxuyubsunuz. Məclisdəki nitqim “Ajir” də ixtisarla çap olunub. 
Verin dostların hamısı oxusun. Əgər Zəfiri bacara bilsə, ayrılıqda onu çap edib, 
pulsuz xalqa çatdırsa yaxşı olar. Pulum olmadığından bu mövzunun üstündən 
keçirəm. Ola bilsin ki, Biriya və Padeqan bacara bilsinlər, onu karigərlərin 
məcələsində oxusunlar. Əlbəttə, başqa qəzetlər də müxtəsər olsa da bu haqda 
yazmışlar. Biz “Ajir” də bir az müfəssəl yazdıq. Nəqdən biz məsləhət görmüşük ki, 
Azadlıq fraksiyonunda olaq. Tudə partiyası üzvlərinin bir qədər xoşları gəlmədi. 

Ancaq çarə yox idi. Təbrizin bütün nümayəndələri Müctəhididən başqa hamımız 
bir fraksiyondayıq. Ümidim var ki, bacara biləm qeyrətli Təbriz camaatının 
arzusunu yerinə yetirəm. Sərtibzadə də Azadlıq fraksiyonundadır. Rəsmi şəkildə 
Salam-əleykimiz var. Bir-birimizin əleyhinə olmasaq da, yaxın da deyilik. Oranın 
vəziyyətindən məni xəbərsiz qoyma. Sizə qurban Mircəfər”. 
General Cəfər Məmmədzadə Kavianın ölümündən bir ay sonra Hizbi-Tudeyi 
İranın Azərbaycan Demokrat Partiyasının orqanı  “Azərbaycan” qəzeti 1975-ci il, 
iyirmi səkkiz fevral sayında şəkli ilə birlikdə onun haqqında nekroloq vermişdi. 
Azərbaycan oğlunun azadlıq yolunda çəkdiyi əziyyətlər qəzetdəki bu yazıda da öz 
əksini tapıb: 
“Cəfər Kavian gənc yaşlarından ölkənin əsarətdə olmasını və xalqın 
məşəqqətli həyatını müşahidə etmiş, minlərlə gözüaçıq Azərbaycan oğlu kimi 
mübarizəyə qoşulmuşdur. O, Azərbaycan Demokrat firqəsinin müəssisələrindən 
biri idi. Xalq nehzətinə və azadlıq yolunda fəaliyyətini nəzərə alaraq, Azərbaycan 
Milli Məclisi, milli hökuməti Kaviana generallıq dərəcəsi verərək onu xalq 
qoşunları vəziri təyin etmişdir. “21 Azər” nehzətinin nailiyyətlərini qoruyub 
saxlamaq uğrunda geniş mübarizədə Cəfər Kavianın da böyük xidmətləri vardır. 
Azərbaycanda milli demokrat hərəkat qan dəryasında boğulduğu zaman 
minlərlə demokrat və fədai kimi Cəfər Kavian mühacirət etməyə məcbur olub. 
Lakin mühacirət illərində də Kavianın bütün fikri Vətənin və xalqın həyatı ilə bağlı 
olmuşdur. O, xalqın qalib gələcəyinə, azad, xoşbəxt İranın yaranacağına dərin 
inam bəsləyirdi. Bu yolda bu inamla mübarizə aparırdı. Kavianın ölümü ilə azadlıq 
nehzəti və İran zəhmətkeşləri sabiqədal yoldaşlarımızdan birini itirdi”. 
Generalın şəxsi sənədləri arasından dörd bəndlik şer yazılmış bir vərəq də 
çıxdı. Şerin müəllifi onun mübarizə yoldaşı şair Məhəmməd Biriyadır. Müəllif 
“Yadigar” adlı şerinin ithaf yerində öz dəst-xətti ilə belə yazmışdır: 
“Məhəmməd Biriyadan öz tarixi dostu, milli qoşunların şanlı vəziri Ağayi 
Cəfər Kaviana yadigar. Bakı, 19 oktyabr, 1969-cu il”. 
 
Xalqımın uğrunda illərdən bəri, 
Döyüşdən, vuruşdan dönmədin geri. 
Vətən iftixarı, elin əsgəri, 
Ürəkli, hünərli rəşid Kavian. 
 
Çoxdur siyasətin mərdi, məciri, 
General içində yoxdur naziri. 
Milli qoşunların şanlı vəziri, 
Əqilli, elmli, qoca Kavian, 
Çox əllərdən əli uca Kavian. 
 
Ana yurdumuzun iftixarısan, 
Şərəfi, şöhrəti, etibarısan. 
Milli hökumətin yadigarısan, 
Düşmənə verməyən aman Kavian, 
Bizi ayırmasın zaman, Kavian. 

 
Uzaqdan-uzağa tanırsan məni, 
Biriya ömründə unutmaz səni. 
Yadından çıxarma əziz Vətəni, 
Cəfər iradəli, adı Kavian, 
Dostlu, aşinalı, yadlı Kavian. 
 
Noyabr, 1998-ci il. 
 
 
GENERAL - MAYOR 
MAHMUD ƏBİLOV 
 
Şahdağın döşünə sığınmış Qusar rayonunun Ukur kəndini ilk dəfə görəndə 
ulu Zərdüştün sözlərini xatırladım: “Ormanı sevirəm. Şəhərlərdə yaşamaq pisdir, 
oralarda azğın çoxdur”. 
Hələ Sovetlər vaxtı general Mahmud Əbilov haqqında televiziya üçün veriliş 
hazırlamağa gedəndə bu kəndin əsrarəngiz təbiəti məni valeh eləmişdi. Göyləri 
dələn xan çinarları, min bir boran görmüş, yenilməz qəhrəmanlar kimi məğrur 
dayanan qocaman palıdları adamı heyran edirdi. Xoş simalı, şirin ləhcəli, 
qonaqpərvər insanları isə bu kəndin yetirdiyi sərvətdir. Səfər yoldaşım, şair Oqtay 
Rzanı da ilhama gətirən bu yerin gözəlliyi oldu. Şair oradaca “General” şerini 
yazdı. 
 
Vüsala yetməyə səbrim tükəndi, 
Xatirə çiçəyi dərdim, general! 
Ərzə göz açdığın səfalı kəndi, 
Mən də öz gözümlə gördüm, general! 
 
Müdrik, unudulmaz, fədakar insan! 
Ən gözəl abidən mərd elindədir; 
Özün Bakıdakı xiyabandasan, 
İlk izin Uğurçay sahilindədir. 
 
General Mahmud Əbilovun anadan olmasının 80 və 90 illiyi münasibətilə 
veriliş hazırlamağım xoş xatirəyə döndü. Hər gün, hər il sürətlə Samur və Uğur 
çayının dum-duru suları kimi gəlib keçdi. Zaman da, quruluş da dəyişdi... 
1898-ci il sentyabrın 15-də Əbdülrza kişinin ocağında dünyaya gələn general 
Mahmud Əbilovun müstəqillik qazandığımız bir şəraitdə yüz yaşı tamam oldu. 
Uşaqlıq və gəncliyi əzablı keçən Mahmud Əbilovun orta məktəb yoldaşları 
onda sağ-salamat idi. Ağsaqqal Məhəmməd Əşrəfovun, Pirseyid Heybətovun, 
Şövkət Həsənovun generalın uşaqlığından danışdıqları nağılabənzər xatirələrini 
indi də unuda bilmirəm. 
Məhəmməd kişi nağıl edirdi ki, 1908-ci ildə kəndimizdə tif xəstəliyi 
yayılmışdı. İnsanlar milçək kimi qırılıb məhv olurdu. Bu xəstəlikdən balaca 

Mahmudun əvvəl atası, sonra da anası vəfat etdi. Kəndimizin mollası Nəcməddin 
Əşrəfov bir qırmızı inəyi kəndin dörd yanına dörd dəfə dolandırıb qurban kəsdi. 
Bununla da xəstəlik dayandı. 
Pirseyid Heybətov: - On yaşlı Mahmudun ata-anası vəfat etdikdən sonra 
mənim atam onu öz himayəsinə aldı. O vaxt kəndimizdə rus-tatar məktəbi vardı. 
Onu 1912-ci ildə şamaxılı müəllim Hüseyn Musayev açmışdı. Atam Mahmuda 
ibtidai təhsil verdikdən sonra Yalamaya apardı. 1920-ci ilə kimi Mahmud atamın 
himayəsində yaşadı. 
  
Təlatümlü illərdə, qarışıq zamanda Bakıya gələn gənc Mahmud Vətənin 
müdafiəçisi olmaq kimi şərəfli bir peşə seçir. O, 1921-ci ilin fevral ayında Tiflisə 
gedib komandirlər məktəbinə daxil olur. 
Gənc zabit Mahmud Əbilov 1924-cü ilin yayında Hərbi İnqilab Şurasının 
əmrilə 77-ci Azərbaycan atıcı diviziyasında rota komandiri kimi fəaliyyət göstərir. 
Bu diviziyada o, general Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Qambay 
Vəzirov, Cəmşid xan Naxçıvanski kimi görkəmli sərkərdələrin rəhbərliyi ilə hərb 
elminin sirlərinə daha mükəmməl yiyələnir. Hərbçi taleyi, hərbçi işi gənc zabit 
Mahmud Əbilovu xüsusi tapşırıq dalınca ölkənin bir guşəsindən o birinə 
göndərirdi. İstər Qorki şəhərində,  istərsədə Uzaq Şərqdəki Voroşilov adına 
korpusun tərkibində qulluq edən kapitan Əbilov prinsipiallığı, hərbi nizam-intizamı 
ilə nümunəvi zabitlər sırasında olurdu. 1928-ci ildə Moskvada Baş Qərargahın ali 
akademik kursunu mayor rütbəsində bitirən Mahmud Əbilov alay komandiri təyin 
olunur. O, Monqolustanın qızmar səhralarında, Xasan gölünün sahillərində 
əsgərləri ilə yapon samuraylarına qarşı vuruşmuşdur. 
Uzaq Şərqin sərt iqlimində qazandığı hərbi əzmkarlıq Böyük Vətən 
müharibəsi illərində podpolkovnik Mahmud Əbilovun karına gəlmişdir. Cəbhədə 
Qafqazın mərd oğlu adını qazanmış 70-ci atıcı diviziyanın komandiri, general 
Mahmud Əbilov 1943-cü ildə Smolensk və Roslavl şəhərlərini düşməndən azad 
edir. Bu hərbi əməliyyatı Sovet qoşunlarının uğuru kimi qiymətləndirən Ali 
Sovetin sədri M.İ.Kalinin yazırdı: 
  
“Hörmətli Mahmud Əbdülrza oğlu! Smolensk və Roslavl şəhərlərinin 
alınması əməliyyatına bacarıqla rəhbərlik etdiyinizə və faşist işğalçılarına qarşı 
döyüşlərdə qazandığınız müvəffəqiyyətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyəti 
Sizi 1943-cü il 28 sentyabr tarixli fərmanı ilə ikinci dərəcəli “Kutuzov” ordeni ilə 
təltif etmişdir. 
Həmin ordeni sizə göndərir və əlinizi möhkəm sıxıram. 
 
M.İ.Kalinin”. 
 
Böyük Vətən müharibəsi cəbhələrində mərdliyi, şəxsi nümunəsi və yüksək 
komandirlik bacarığı ilə fərqlənən general Mahmud Əbilov Brandenburq darvazası 
önündə qələbəni qarşılıyanlardan olmuşdur. Burada onun diviziyası müttəfiqlərin 
qoşunları ilə görüşmüşdür. (General Əbilovun qvardiyaçıları birincilər sırasında 
Elba sahilinə çıxmış və ona Amerika ordeni təqdim edilmişdir. ABŞ prezidenti 
Harri Trumenin imzaladığı sənədin surəti hazırda Qusar rayon diyarşünaslıq 
muzeyində saxlanılır. Orada yazılır: 

“Ağ ev, Vaşinqton. İnformasiya legionu üçün sitat. Qızıl Ordunun diviziya 
komandiri Mahmud Əbilov 1943-cü ilin avqustundan 1945-ci ilin may ayınadək 
çox böyük mərdlik göstərmiş və ona etibar olunan döyüşlərə bacarıqla rəhbərlik 
etmişdir. 
Diviziya onun komandanlığı altında döyüşə-döyüşə Desna çayını keçmiş, 
Narev çayının sahillərini tutmuş və faşist qoşunlarının böyük bir qrupunu 
darmadağın etmişdir. Bununla da ordunun əsas qüvvələrinin Berlinə doğru  
irəliləməsini asanlaşdırmışdır.  
General    Mahmud    Əbilovun    cəsur hərəkəti,  şəxsi nümunəsi,  rəşadəti 
və mərdliyi diviziya qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinə çox 
kömək etmişdir...” 
General Əbilov hünərinə və qəhrəmanlığına görə Amerikanın fəxri 
“Legionof-merit” ordeni ilə təltif olunmuşdur. 
İgid sərkərdə “Lenin” və beş dəfə “Qırmızı Bayraq”, sərkərdələrə məxsus 
“Kutuzov”,  “Suvorov”,  “Boqdan Xmelnitski” və Polşa Xalq Respublikasının  
“Virtuti-Millitari” ordenləri və çoxlu medallarla təltif olunmuşdur. 
İki xalqın - Azərbaycan və ləzgi xalqlarının igid oğlu general Mahmud 
Əbilov istefaya çıxdıqdan sonra Bakı Dairə Zabitlər evi yanında hərbi-elmi 
cəmiyyətin üzvü olmuşdur. O, 1972-ci ildə yetmiş dörd yaşında vəfat etmişdir. 
Qədirbilən xalqımız Mahmud Əbilovun xatirəsini daim əziz tutmuşdur. 
General-mayor Mahmud Əbilovun 100 illik yubileyinin keçirilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin 22 avqust 1998-ci il tarixli sərəncamı ilə 
əlaqədar görülən tədbirlər də bu ehtiramın təzahürüdür. 
 
İyun, 1998-ci il.   
  
 
Vaxt gələr, açılar bağlı qapılar, 
Əsrin arxivindən nələr tapılar. 
 
Məmmədhüseyn ŞƏHRİYAR. 
 
 
UNUTSAQ, UNUDULARIQ... 
  
El şairlərinin sözləri o qədər narın, o qədər incədir ki,  
insanın ürəyi o sözlərdən öz payını almamış sovuşa bilmir.  
Onların bəzisini oxuyanda adamın könlü qızılgül qönçəsi kimi 
çıtlayıb, dodaqlarında gülümsənmək görünüb, gözləri də şəhlalanır.  
Qəmli, qussəli bir parçası söyləndikdə, qayğı oxları kimi, qulaq  
asanların qəlblərini dəlik-dəlik edib ilan kimi qıvrıldır. 
 
Solman MÜMTAZ, 
Tədqiqatçı-ədəbiyyatşunas. 
  

 
NÖVCAVANLAR VAR OLSUN... 
 
Biz türklərdə hissiyyat və qədrşünaslıq yoxdur. Şan və şərafətimizə, Vətən 
və millətimizin sərəfrazlıqına səbəb olan, dilimiz və ədəbiyyatımıza rövnəq verən 
əziz və möhtərəm vücudların qədr və mənzilətini bilmirik. Onların asari-güzidələri 
ilə iftixar etmirik. Milliyyət hissi bizlərdə ayılmayıbdır, Vətənimizin, dilimizin və 
ədəbiyyatımızın qədrini bilmirik. 
 
Firidun bəy KÖÇƏRLİ, 
Ədəbiyyatşünas. 
  
Uzaq mənzil gedəcək qonaqlar obaşdan durdular. Cilovdar atları yəhərləyib 
yüyənləmişdi. Qaynana Tükəzban, gəlini Pəri Soltanla xurcunları qabğarırdı. 
Tənha tutun altında çilovdar Vaqifin yəhərli-yüyənli atını oxşaya-oxşaya 
gəzdirirdi. 
İki dost isə bir az aralıda sakitcə söhbət edirdilər. Vaqifin dediklərini 
başıaşağı dinləyən Vidadi sükuta getmişdi. O, ahəstəcə qaldırdığı əlini ustadının 
çiyninə qoyub: 
- Gəl, sən məndən incimə, - dedi ustad, Mələk Cahanı uzağa vermək 
istəmirəm. Məni düzgün başa düş, balalarıma fərq qoymuram. Dörd balam var, 
dördüdə mənim üçün əzizdi, doğmadı. Bir də, elə düşünərsən   ki,   Pəri   Soltanın   
sizin ocağa düşməyinə peşimanam. Yox, vallah, əsla elə deyil. Axı, mən də 
qoçalmışam, qəlbim   nazikləşib,   düşkün   könlümdə Mələk Cahan balama ayrıca 
istək var. Ona görə də balamın uzağa düşməyindən ağzım yanıbdı... 
Söz tapmayan Vidadi: 
- İşi düzəltməməyin xatirinə sən də özünü qoca sanırsan, a Mehdioğlu? Səni 
anlayıram, rəhmətlik Mədinə xanımın son yadigarıdır, yəqin ona görə... - deyən 
Vidadi ilk dəfə şagirdini məzəmmət elədi. 
- Ustad, bəlkə də sən deyən kimidir. Axşam da bir işarə vurdun, mən də 
bütün gecənib düşünüb-daşınmışam. Hey fikirləşirəm, görürəm   yox... Mələk 
Cahan anamın, həm də Mədinə xanımın tən oxşarıdır ki,  mənə təsəlli üçün 
dünyaya gəlib. Hər ikisinin iyini ondan alıram. Ona görə də istəməzdim uzağa 
düşsün. 
Molla Vəli incik halda: 
  
- A saqqalı ağarmış, nə vaxtdan doğulduğun el-oba sənin üçün uzaq oldu? 
Gəncliyindəki şıltaqlıq hələ də qalıb haa... Birdə ki, özgə evinə gəlmirki... öz 
babası evinə, öz ocağına gəlir də... Sən məni anlamadın, yəni bizim Qazax, 
Borçalıda qız qəhətliyidi, amma mən istəyirəm ki, Osman ağaya halal adamın 
südünü əmmiş bir gəlin rast düşsün. - Başını yırğalayıb, təsbehini əsəbiliklə çəkən 
Vidadi - Yox, yox, səni başa düşə bilmirəm. Onda açıq de, bəlkə başqasına söz 
vermisən? 
Vaqif oğul ərkilə ustadını qucaqlayıb: 
- Yaxşı, yaxşı, sən Allah, incimə, - dedi, - Ondan ümid və intizarla cavab 
gözləyən qocanın kefini açmaq üçün zarafatla: - Günah qızım Pəri Soltandadı... 

- Niyə - deyə Vidadi dərhal sərt səslə soruşdu  - Mənim   gəlinimin   günahı 
nədədi?.. 
- Günahı odu ki, sizə yaxşı baxıb, əgər Pəri  Soltan  sizin   pişiyinizi   ağaca 
dırmaşdırsaydı Mələk Cahana da elçi düşməzdiniz. Sonra ciddi görkəm alıb, - Axı,   
bir ailədə iki bacının gəlin olmağına xalq, el-oba necə baxar, ustad? Üstəlik   də   
mən kimsəsiz və yetim qalıram. Mən necə də olsa qürbətdəyəm, ustad məni də 
düşün. Bir dərdim-sərim olanda kimin yanına gedim, kimlə bölüşüm? 
- Bunlar hamısı xırda-xuruş bəhanələrdir. Nə sən yetimsən, nə Qarabağ 
qürbət deyil. İkincisi də, ay saqqalı ağarmış, iki könül bir olandan sonra kimin ona 
sözü ola bilər. İki bacının bir evdə gəlin olmağı isə tək bizdə görünməyib ha. 
Bu, bütün müsəlman dünyasında var, eldə-obada olan adətdir. Osman istəyir, 
Mələk Cahan da razıdır. Səndən, məndən gizlin uşaqlar işi düzəldiblər. Bir də ki, 
bunun nəyi pisdi, daha yaxşı, bir evdə iki hava yox, bir hava olar. Dedi-qodu da 
olmaz, mehribançılıq daha çox olar. 
- Sən elə həmişə sakitlik axtarmısan. Azacıq aşım, ağrımaz başımdı, səninki. 
Söz  vermirəm. Qayıdım Qarabağa, Qızxanıma qızın ağzını aradım. Bu xəbəri   ilk  
dəfə sizdən eşidirəm. Doğmaca atası mənəm, bu işdən xəbərim yoxdu. Sən isə 
deyirsən ki, cavanlar sövdələşiblər. Kefi durulan Vidadi arxayınçılıqla: 
- Biz elə hazırlaşırdıq gəlməyə, yaxşı oldu,  sən özün gəlib çıxdın, danışdıq 
ürəyim rahat oldu. 
- Ay ustad, deyəsən siz elə toy tədarükündəsiniz? 
- Bilmirəm, nə eləyirsən elə, qayıdanda Qarabağa səs sal ki, Mələk Cahana 
Şıxlıdan nişan gəlir. Qoy Qarabağ igidləri ondan gözünü çəksin. Sən də məni 
sinnimin ağır vaxtında incitmə, özgə qapısına göndərmə. Danışdıq, vəssalam, - 
deyib Vaqifə yol tədarükü görənlərin yanına getdi. 
Vaqif heç nə demədi. Dan üzünün təmiz havasını udub səmaya boylandı. 
Açıq səmada yanan alaseyrək ulduzlardan xeyli aşağıda pənbə buludlar sürünürdü. 
Rütubətli, sərin meh çiskin ətri gətirirdi. Gəmi qayasına yaxınlaşıb dayandı. Çılpaq 
at üstündə, camışların belində o tay Qarayazıya keçdiyi uşaqlıq, gənclik günlərini 
xatırladı. Ağzı qaralan Qurd damı tənha gözü ilə bu geniş vadinin keşiyini çəkirdi. 
Yarğanın dibini yalayıb keçən Kür təbiətin dərin yuxusunu pozmamaq üçün 
sakitcə axıb gedirdi. Kəndin bir neçə yerində xoruzlar ağız-ağıza verəndə o, geri 
qayıtdı. Səhər dumanından hələ sıyrılıb çıxmayan kəndə baxa-baxa: 
“Doğma  yurd  əzəlim  də sən  olmusan, axırım da sən olacaqsan. Ya qismət!!!” 
Vidadi onun qoluna toxunanda diksindi. 
- Yenə öz-özünə nə gümüldənirsən? Yəqin doğma yerlər səni ilhama gətirib 
- Bu yerlər kimi ilhama gətirməyib ustad, şər deməsən, xeyir gəlməz. Birdən 
başıma bir iş gəlsə, istərdim ki, əzəlim olan yerdə axırım da olsun. 
- O nə sözdü, oğul, səfər üstəsən, ağzını xeyirliyə açsana, heç olmasa ya 
qismət de... 
- Demişəm. Fələyin işini bilmək olmaz. Toxuduğu tor yaman sıxdı. Dünya 
yaman qarışıb, ustad. Qabağından yeməyənlər, mənəm deyənlər farağat durmur. 
- Eh, oğul, doxsan ildi bu dünyanı belə qarışıq görmüşəm. Düzələn   tərəzi 
döyül... 

Onlar asta addımlarla qapıya qayıtdılar. Vaqif hamı ilə görüşüb cilovdarın 
tutduğu ata yaxınlaşdı. Dəri iyi verən yəhərin quşqunundan tutub bir anlığa 
dayandı. İçəridən sürətlə çıxan Pəri Soltan kəlağayısını düzəldə-düzəldə: 
- Ata, bəs mənnən görüşmürsən? -deyib onun boynunu qucaqladı. Bir anlığa 
atasının boynunu buraxmayıb qulağına pıçıltı ilə nəsə dedi: 
Vaqif qızının alnından öpüb kövrək səslə: 
- Bəs mənə yazığınız gəlmir, qızım? Mən tənha qalım?.. Of, Mədinə, məni 
yetim qoydun... -  deyib hirslə yəhərə sıçradı. 
...Bir aydan sonra Vaqifdən gələn məktub Vidadinin kefini durultdu. Salam-
kəlamdan sonra onun yazdığı bircə bənd qoşma Qoca Vidadinin qəddi qamətini 
düzəldib, kefini xoşhal eləmişdi. 
 
Novcavanlar qoy həmişə var olsun
Amma ki, bizlərdən xəbərdar olsun. 
Vaqifin duası sənə yar olsun! 
Səni, haqq saxlasın ömrü dövlətdə. 
 
* * * 
 
Molla Pənah Vaqifin Qafqaziyada vücuda gələn şairlərin babası, ustadı 
adlanmağa haqqı vardır. Tamam Qafqazda ondan müqəddəm və müqtədir ədib, 
xoşkəlam və mövzuntəb şair zühur etməyibdir ki, ibtidai-süxən onun adı ilə 
başlansın. 
 
Firidun bəy Köçərli, 
 Ədəbiyyatşünas. 
 
Ədəbiyyat tariximizdə Vidadi və Vaqifin dostluğundan çox yazılıb, çox da 
danışılıb. Hətta namizədlik dissertasiyası da müdafiə olunub. Lakin Vidadi ilə 
Vaqifin həm də qohum olduqları indiyədək araşdırılıb oxuculara çatdırılmayıb. 
On səkkizinci əsrin ortalarında Qazax və Borçalı camaatı tez-tez II İrakli 
hökumətinə qarşı üsyana qalxırdılar. Üsyanın əsas səbəbi ağır vergi və sərhəd 
məsələləri idi. 1736-cı ildə Nadir şah tərəfindən Gürcüstana ilhaq olunan Qazax
57
 
torpağından gürcü tavatları ağayana istifadə etmək eşqinə düşmüşdülər. Onlar 
Qarayazı meşəsini sərbəst ov yerinə, Ceyrançölü isə mal-qaraları üçün otlaq 
eləmək istəyirdilər. Bu da Qazax camaatının haqlı narazılığına səbəb olurdu. 
Basqınlardan, qarət və müharibələrdən cana doyan Qazağın Salahlı, 
Dəmirçihəsənli, Alpout, Qızılhacılı, Kəngərli, Qaraçarlı, Qaraqoyunlu, Xəlfəli, 
Boyəhmədli, Səfikürd, Cinli kəndləri Qarabağa köçdü. 
                                                 
57
 Həmin ili Qаzах mаhаlı оnа görə Gürcüstаnа ilhаq оlunmuşdu ki, Nаdir şаh Əfşаrın Мuğаnın Cаvаd şəhərində 
kеçirdiyi şаhsеçmə qurultаyınа qаzахlılаr gəlməmişdilər. Şаhsеçmə qurultаyınа Gəncə хаnı Ziyаdхаnоğlu dа 
gəlmədiyinə görə Nаdir şаhlıq tахtınа əyləşdikdən sоnrа оnun gücünü zəiflətmək nаminə Qаrаbаğın Кəbirli, 
Cаvаnşir, Оtuzikilər və bаşqа аdlı-sаnlı tаyfаlаrını Хоrаsаnın Sərəхs vilаyətinə köçürmüşdür. Bоrçаlı, Qаzах 
mаhаllаrını isə Gürcüstаnа ilhаq еtmişdir - müəl. 

1759-cu ildə bu keçənlər arasında məşhur şair Molla Pənah Vaqifin ailəsi də 
vardı. Onda Molla Pənah qırx iki yaşında idi. Vaqif Qarabağa köçəndən bir il sonra 
arvadı Mədinə xanım vəfat edir. Vaqifin yaxın dostu, qazaxlı şair İsrafil Sail onun 
arvadının ölümünə mərsiyə yazmışdır. Həmin mərsiyənin yaddaşlarda ikicə misrası 
qalmışdır: 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin