ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

Gəlin sizə isnad verim
Salahlıda Annax bəyi. 
Kəsmək ona adət imiş 
Hər qonağa bir inəyi. 
Gecə-gündüz yığışmayıb 
Süfrəsinin bol çörəyi. 
Salahlı Məmməd Koxanın, 
Əyilməyib nər biləyi. 
Əyrilərə şılğam çəkib 
Dolaşıb aşkara deyim
55

 
Gec də olsa gəlib çıxan aşkarlıq sübut elədi ki, tarixdə elə faktlar, hadisələr 
var ki, onları yazmaq üçün müəyyən müddət gözləmək lazımdır. Dövr, zaman 
tarixi faktı təsdiq eləməlidir. Əhvalatlar, 
hadisələr olduğu kimi işlənəndə sənədli əsər ölmür, əhəmiyyətini itirmir. Olub 
keçmiş hadisələrə bu günün gözü ilə yox, məhz olan vaxtın ab-havası ilə baxmaq 
daha yaxşıdır. Quruluş xatirinə onu öz zamanından, dövründən qopardıb şişirtmək, 
tənqid və təhrif etmək ən azı insafsızlıqdır. 
Dahi Lev Tolstoy nahaqdan yazmırdı ki, mən tarixi faktları qələmə alanda, 
xırda təfsilatlara qədər həqiqətə sadiq qalmağı sevirəm. Bu mənada Mixail Şoloxov 
cəsarəti bir çox sənədli əsər yazan yazıçılara nümunə olmalıdır. O, məşhur “Sakit 
Don”u yazanda kommunistlər - Stalin və Beriya kimi əcdaha “senzorlar” 
hakimiyyətdə ola-ola əsərində bolşevikləri güllələdi. Bu olmuş faktlar müəllifə baş 
ağrısı, ağır sarsıntılar qismət elədisə də “Sakit Don” misilsiz tarixi əsər kimi dünya 
ədəbi xəzinəsinə daxil oldu. 
                                                 
55
 Bənd еl şаiri Qulu çаylının "Dеyim" müхəmməsindəndir. 

“Hacı Kərim Sanılı Gürcüstandan qoşun çəkib” - xəbərinə Məmməd Koxa 
inanmadı. “Balağı açıq müəllim hara, qoşun hara? - deyə güldü. Lakin xəbər 
səhihləşəndə “komurnat”ın fikrindən keçdi ki, Hacı Kərimə yəqin, Ağamalıoğlu 
kömək edib. Bu işdə Əliağa Şıxlinskinin də əli olmamış olmaz... Yoxsa bu 
baldırıaçıq “uçitelə” heç kim etibar edib əsgər verməzdi”. O, müxtəsər məktub 
yazdırıb Sanıoğluna göndərdi. Məktubda yazmışdı ki, Zəyəmdən o üzü sənə 
verirəm. Qazaxdan gözünü çək. Qoşunu qırdırıb özünü gülünc eləmə. Dilicandan 
Mesrop bəy min atlı ilə köməyə gəlib, İrəvandan Xatisov topxana və iki alay qoşun 
göndərib”. 
Bu kiçik epizod mərhum yazıçımız Nəsib Əfəndiyevin “Qızıl quşa atılan 
güllə” sənədli romanındandır. Burda bircə Ağamalıoğlunun menşevik olmağı 
düzdür. Qalanı qeyri-dəqiqdir: - Əliağa Şıxlinski həmin il, həmin vaxtlarda 
Azərbaycanda deyildi. O, Tiflisdə Azərbaycan korpusunu təşkil edirdi. Əgər 
Qazaxda olsaydı da, general Şıxlinski Sanılının tərəfində ola bilməzdi. Ona görə 
ki, onun mənsub olduğu Şıxlinskilər nəsli Məmməd Koxanın tərəfdarı idilər. 
Şəxsən qəza rəisi Cahangir bəy Şıxlinski öz namizədliyini geri götürüb, Məmməd 
Koxanın qubernator olmasını məsləhət bilmişdi. Sanılı ilə döyüşdə də o, Məmməd 
Koxaya yaxından kömək edirdi. İkincisi, Məmməd Koxaya nə Dilicandan Mesrop 
bəy min atlı, nə də İrəvandan Xatisov topxana və iki alay göndərməyib. Belə faktı 
Qazaxda heç bir qoca təsdiq eləmədi. Axı, biz o vaxtlarda da indiki kimi 
ermənilərlə düşmən idik... 
Ədalət naminə demək lazımdır ki, burada müəllifi o qədər də 
günahlandırmağa haqqımız yoxdur. Nəzərə almaq lazımdır ki, Nəsib Əfəndiyev 
əsərini aşkarlıqdan əsər-əlamət olmayan bir dövrdə yazıb, 1983-cü ildə isə çap 
etdirib. Bu o vaxtlar idi ki, qubernatoru, bəyi, xanı, koxanı müsbət obraz kimi 
vermək qeyri-mümkün idi. 
Əsərdə belə bir cümlə var: “O, (H.Sanıyev - Ş.N.) Məmməd Koxanın 
çapoçularından Qazax mahalını təmizləmək üçün belə qərara gəlmişdi”. İnanıram 
ki, burada da qubernator vəzifəsi, koxa titulu, koxa sözü Məmməd Koxanın başına 
qaxınc olub. Hazırda Qazaxda, Daş Salahlıda yaşayan qocaların heç biri Məmməd 
Koxanın döyüşçülərinin “çapoçular” olduğunu təsdiq etmirlər. Əksinə, onlar 
haqqında el qeyrəti çəkən, torpaq uğrunda vuruşan mərd igidlər kimi danışırlar. 
Torpağını, obasını gavura vermək istəməyən igidlər görəsən niyə “çapoçu” 
olublar? 
Bütün bunlara baxmayaraq, Məmməd Koxa şəxsiyyətinə tənqidi yanaşan 
müəllif onu müsbət obraz, igid el başçısı kimi təsvir etmədən ötüşə bilməyib. 
“Məmməd Koxa əlini çənəsinə dirək verib fikrə getdi. O, qarayanız, hündür-
boy, cüssəli və zəhmli bir adam idi. Əynində gümüş vəznəli çərkəzi çuxa, ayağında 
uzunboğaz çəkmə, başında buxara papaq; həmişə qaşqabaqlı olan Məmməd 
Koxanın iri gözləri indi daha qorxunc görünürdü. Təpədən dırnağa silahlı idi. 
Başını ülgüclə qırxdırmış, qara, qalın bığını yatımına sığallamışdı”. 
Tarix elmləri namizədi, ağsaqqal tədiqatçımız Teymur Miralayev Gəncə-
Qazax qırmızı partizanlarının inqilabdan əvvəlki fəaliyyətindən iki kitabça çap 
etdirib. 1963 və 1970-ci illərdə çap olunan hər iki kitabçada Teymur müəllim xırda 

bir epizodu təkrar verib, istehza ilə Məmməd Koxanı “güclü qolçomaq”,  
“istismarçı” adlandırır. 
1916-cı ilin avqust ayında başının dəstəsi ilə Daş Salahlıdan Qazağa gedən 
Məmməd Koxanı əsgərlikdən qaçan Aslan İsgəndəroğlu və Nəbi Əli oğlu 
tikanlıqdan atdıqları güllə ilə yüngül yaralayırlar. Əvəzində Məmməd Koxa ona 
güllə atan Nəbi Əli oğlunu vurub öldürür, Aslan İsgəndəroğlu isə qaçaq düşür. 
Çox maraqlıdır, əsgərlikdən qaçan, vergi verməkdən imtina edən, üstəlik də 
yolunu kəsib ona qəsd etmək istəyən adama Məmməd Koxa bəs nə eləməli idi? 
Müəllifin zorla “qırmızı partizan” adlandırdığı Aslan İsgəndəroğlunu bir il 
keçməmiş - 1917-ci ilin fevralında Salahlı qaçağı Matus öldürdü. Atalar demişkən, 
su çanağı suda sındı. 
Tale məni bir təsadüfdən gözəl maarif xadimi Vəli ağa Dilbazi ilə 1983-cü 
ildə Bakıda görüşdürəndə sevincimin həddi-hüdudu olmadı. Ömrünün son illərini 
yaşayan bu qoca mənim axtardığım adam idi. İlk dəfə Həmid bəyin 1913-cü ildə 
çəkilmiş fotoşəklini də onda gördüm. Üzünü çıxartdırıb özümdə indidə yadigar 
saxlayıram. Hələ o vaxtlar hiss eləmişdim ki, vaxt gələcək, Həmid bəyin faciəsini 
yazmağa imkan düşəcək. Yetmiş il Həmid bəyi “xalq düşməni” zənn edənlərin 
acığına aşkarlığın işığı onun qaranlıq taleyinə gec də olsa şəfəq saçdı. 
Rəhmətlik Vəli ağa Dilbazi gimnaziya illərindən danışanda tez-tez köksünü 
ötürər, iri ala gözlərini üzümə zilləyib sükuta dalardı. O, bəylərə məxsus bığlarını 
fikirli-fikirli qurdaladıqca sanki sözünə, danışdığı əhvalatlara da sığal verirdi. 
- Həmid bəy də yada düşərmiş, nə vaxtsa yazdıqlarını oxuyan olacaqmı? -  
Sinədolusu nəfəs alıb əlavə elədi. Heyif səndən, Həmid bəy. Səksən yaşı 
ötürmüşəm, hələ onun kimi cəsarətli oğul görməmişəm. 
Həmid bəy birinci klassik gimnaziyasında oxuyanda əvvəlki tanışlığımız 
dostluğa çevrildi. Mən üçüncü klassik gimnaziyasında oxuyurdum. İkimiz də 
Mariya Vasilyevna Obolonskayadan fransız və rus dillərində əlavə ev təhsili 
alırdıq. Bu qadın Məmməd Koxanın tanışı idi. O, bizim hər ikimizi gimnaziyaya 
qəbula hazırlaşdırmışdı. Həmid bəy iti zehinli və qoçaq bir cavan idi. Rus və gürcü 
dillərini mükəmməl bilirdi. 
Obolonskayanın çox mahir dərs keçməsi vardı: Zadəgan nəslindən olan bu 
yaraşıqlı qadın sözləri və cümlələri avazla, xüsusi ahənglə tələffüz edərdi. Həmid 
bəy onun bircə deyimindən hər şeyi qavrayıb özününkü edərdi.Mənə isə iki-üç 
dəfə təkrar söylərdi. Bir dəfə heyrətini gizlədə bilməyən Mariya Vasilyevna dedi 
ki, fəxr edirəm, Həmid bəy kimi yetirməm var. Heyif ki, tatardır (Azərbaycanlı -
Ş.N.). Gimnaziyanı qurtarandan sonrakı əzabını indidən duyuram. Bunu başa 
düşməyəcəklər. Həmid bəy də od olub özünü yandıracaq. Onda böyük 
şəxsiyyətlərə məxsus inadkarlıq görürəm. 
 Həmid bəy o vaxt söhbətlərində tez-tez Mirzə Hüseyn Əfəndi Qayıbovun, 
Firudin bəy Köçərlinin, Məmmədağa Vəkilovun, İbrahim ağa Vəkilovun, İsa bəy 
Abakarovun adını çəkər, onlarla görüşlərindən danışardı. Heç vaxt hakimiyyətə 
inanma, o fahişə qadın timsallı bir məxluqdur - deyərdi - elə ki, dediyini eləmədin 
boz üzünü göstərəcək. Ayağı çarıqlı kəndlinin etibarı daha çoxdu, nəinki, xrom 
çəkməli qrafın, knyazın, dövlət məmurunun... 

1920-ci il mayın 22-dən 30-dək olan Gəncə qiyamında Həmid bəy Musavat 
zabiti kimi iştirak etmişdi. Qiyam iştirakçılarının çoxusu rus və erməni terrorunun 
təzyiqindən qorunmaq üçün xaricə getdi. Həmid bəy isə Qazağa gəldi. Çox 
keçmədi, onu həbs edib Bakıya apardılar. Bir ay keçmədi qayıdıb gəldi... 
 
 
KİM OLSA DA, QONAQDI... 
 
1919-cu ilin sentyabrında bolşevik Əliheydər Qarayev qəzada kəndli 
qurultayı keçirmək üçün Qazağa gəlir. Meydanda çıxış edib deyir ki, möhtərəm 
kəndlilər, xəbəriniz varmı, Rusiyada fəhlə-kəndli qardaşlarımız inqilab edib, 
mülkədarın torpağını, sahibkarın zavod, fabriklərini özlərinki eləyiblər? 
Yerlərdən: 
- Bəli, xəbərimiz var - deyə, cavab verirlər. 
- Bəs onda siz kimi gözləyirsiniz, kim gəlib varlıların əlindən torpağı alıb 
sizə verəcək? deyir. 
Bu, bir para Qazax ağa və bəylərinin qəzəbinə səbəb olur. Onu kürsüdə çıxış 
edərkən vurmaq istəyirlər, amma nədənsə ehtiyat eləyirlər. Onsuz da bu bolşevik 
Qarayev gecə qatarına minmək üçün Ağstafaya gedəcək, yolda qətlə yetirərik 
deyirlər. 
Bunu Məmməd Koxa eşidir. “Kim də olsa, qonaqdı, onu öldürmək obanın 
adına ləkə gətirər”, - deyə, etiraz edir. Bir neçə etibarlı adamla bolşevik Qarayevi 
Tovuza göndərir. - Aparın, çıxardın, bizim obadan o tərəflərdə başına nə gəlir-
gəlsin, amma bizim eldə qonaq qanı axıdılmasın. Həmid bəy Gəncə qiyamına görə 
həbs olunanda yeri dara düşən Məmməd Koxa ona əl boyda bir kağız göndərir. Bu 
yaxşılığı unutmayan Əliheydər Qarayev Həmid bəyi həbsdən azad elətdirir. 
Qarayev rəsmi kağız da göndərmişdi ki, ona Qazax qəza hərbi komissarlığında iş 
verin. Mən də o vaxt hərbi komissarlıqda işləyirdim. Birgə işlədik. Həmid bəy 
bütün günü Qızıl Ordudan nifrətlə danışardı. - Bu - deyərdi, - Qızıl yox, qəlp 
ordudur, talançı ordudur, qan tökən, istilaçı ordudur. Mən özüm şahidəm, Samur 
çayını keçəndən sonra XI Qızıl Ordu bizim xalqın başına nə müsibətlər açdı. 
Dinəni yerində güllələdi. “Qalib qızıl ordu” Bakını alandan sonra bir həftə 
talançılıqla məşğul oldu. Evlərə girib ana və bacılarımızın qulağından sırğanı, 
barmağından üzüyünü zorla çıxardır. 
Həmid bəy Şura hökumətinə zərrəcə inam gətirmirdi. Mən yeni quruluşu 
tərifləyib, müdafiə edəndə sərt-sərt üzümə baxıb deyərdi: 
- Yaxşı, sən Allah, bəsdi, az təriflə, görünən dağın dibi yaxındır. Sənin də 
başını bişirib yeyəcəklər. Amma Vəli ağa, mən Şura adlı hökumət tanımıram, ona 
da qulluq etməyəcəyəm. Mən bir hökumət tanıyırdım, ona da az-çox zabit kimi 
qulluq etmişəm. O da Azərbaycan Xalq Cümhuriyyəti idi. 
İyirmi gün keçmədi, ipə-sapa yatmayan Həmid bəy yoxa çıxdı. Sorağı 
Qarayazı meşəsindən, Ceyrançöldən gəldi. Sonralar iki dəfə tutdular. Birində 
Şəkərin qalasından, o birində isə Bakıdan qaçdı. Bakı qalasını bilmirəm, amma 
Şəkərin qalasından qaçmaq hər oğulun işi deyildi. Bu sərt rejimli qaladan 
indiyədək cəmisi üç dustaq qaça bilib: 1914-cü ildə Orta Salahlı kəndinin sakini 

Cahangir Kərim oğlu, 1920-ci ildə Kosalar kəndindən Müseyib Məşədi İbrahim 
oğlu. Həmid bəy sonuncu oldu... 
 
MƏZƏM ƏHVALATI, OPERASİYA İLLƏRİ 
 
1926-cı ildə təqib olunan Məmməd Koxa qardaşı Avdını və Hasanı da 
götürüb Türkiyəyə pənah aparır. Koxa hiss eləmişdi ki, güclü tufan gözlənilir. 
“Operasiya əməliyyatı” Qazağa və onun kəndlərinə də ayaq açmışdı. Nəsli bəy 
olanların, şuralaşmadan qabaq yüksək vəzifə daşıyanların, çar və musavat 
ordusunda qulluq edənlərin “səsi alınır”, var-dövləti talan olunurdu. Gecənin bir 
vaxtı yerli milislərin köməyi ilə Qızıl Ordu əsgərləri kəndi mühasirəyə alır, zərrəcə 
şübhələndiyi adamları bir yerə toplayıb xəncəri, tüfəngi təhvil verməyi tələb 
edirdilər. Bəzilərini “troykanın” aktı ilə kənddə güllələyirdilər. Nə məhkəmə, nə də 
prokuror sorğu-sualına ehtiyac qalmırdı. Aslanbəylidə Nəcəfoğlu Mahmudu, 
Kosalarda Nəbi və Müseyib Məşədi İbrahim oğlunu, Poyluda Hacan 
Əbdülkərimoğlunu, Salahlı, Əskipara, Çaylı, Allout kəndlərində “troyka” çox belə 
günahsızları güllələdi. Onların ailələrini Qazaxıstana və Sibirə sürgün elədi. 
1929-cu ildə Türkiyədən qayıdan Məmməd Koxa da belə bir odun-alovun 
içinə düşdü. 
Məmməd Koxanın qardaşı oğlu Əvəz Mahmudov: 
Doğru deyib atalar, uşağın yadından heç nə çıxmaz. Onda on altı yaşım 
vardı. O faciəli günlər yadımda apaydın qalıb. 
1931-ci il fevralın birində şiş papaqlı əsgərlər səhər tezdən kəndimizi 
mühasirəyə aldılar. Ev-ev gəzib silahları yığdılar. Camaatı kənd meydanına 
topladılar. Atamı axtardılar, tapmadılar. O, çöldə, kolxozun pambıq yerində 
işləyirdi. Atlı əsgərlər çaparaq gedib onu atdöşü meydana gətirdilər. Camaatın 
arasından dörd nəfəri - atam Avdını, Nəziroğlu Abdullanı, Hacırəhimağa 
Miralayevi və Alı ağa Vəli ağa oğlu Halaybəyovu ayırdılar. Məmməd Koxanın 
tikdirdiyi məktəbin divarına qasnadılar. 
Komandirləri dedi ki, Koxanın qardaşı Avdı bunları başına yığıb hökumət 
əleyhinə danışdığına görə “xalq düşməni” kimi güllələnirlər. 
Atam bircə bunu dedi ki, ay camaat, haqsızlırın, yalanın özünüz şahidisiniz. 
Sizdən bircə təvəqqim var, axirət haqqımı halal eləyin. 
Mən dözə bilməyib atamın əl-ayağına düşdüm. İri gövdəli bir soldat məni 
caynağına alıb qırağa elə atdı ki, ağrıların yeri indi də gizildəyir. 
Onda əmim Məmməd Koxanı Sibirə sürgün eləmişdilər. Nəslimizin faciəsi 
bununla qurtarmadı. 1932-ci ildə əmim Mehdi ağanın iki oğlunu - Hüseyni və 
Əsədi günün-günorta çağı Qazaxda məhkəməsiz güllələdilər. Oruc əmimin oğlu 
Mahmudu, Koxanın qızı Badını, kürəkəni İlyası, bacısı oğlu Qara Vəlini, əmim 
Mehdi ağanı ailəlikcə sürgün elədilər. 1941-ci ildə növbə mənə çatdı. Səbəbi də bu 
oldu ki, əmin Məmməd Koxa Qazax qubernatoru olub, atan “xalq düşməni” kimi 
güllələnib. Mən 1947-ci ildə sürgündən qayıtdım. Amma əmim Mehdi ağanın 
ailəsindən bir nəfər belə qayıtmadı. 
Yadımdadır, 1929-cu ildə sürgün edilən əmim Məmməd Koxa 1933-cü ildə 
gəldi. Şux yerişli, dolu bədənli Məmməd Koxadan heç bir nişanə qalmamışdı. Kişi 

bərk qocalmışdı, dərd onu içəridən yemişdi. Vaxtilə xrom çəkmə, gümüş vəznəli 
çərkəzi çuxa geyinən cüssəli əmim indi daş kimi ağır kerzi sapoqda, nimdaş 
sırıqlıda camaat içinə çıxmağa utanırdı. Nəslinin darmadağın olduğunu görüb lap 
bihuş olmuşdu. Durub-oturub ağlaya-ağlaya Həmid deyirdi. Qocalar onu 
inandırmağa çalışırdılar ki, Həmid sağ-salamatdı, Türkiyədə yaşayır. O isə 
inanmırdı: 
Siz yalan deyirsiniz, - Həmid sağ olsaydı, qardaşım Avdını güllələməzdilər, 
- deyirdi. 
1933-cü ilin payızında huşunu tamam itirdi, ürəyi partlayıb öldü. 
Əvəz əmi, dedim, necə olub ki, sürgündən Məmməd Koxanı vaxtından əvvəl 
buraxıblar? 
Bunun da səbəbi var, oğul, yenə Məmməd Koxanın səxavəti, vaxtilə elədiyi 
yaxşılığı, halal tikəsi orda da ovsanata keçib. Əmim özü danışırdı ki, sürgün yerinə 
çatan günün səhərisi hamını cərgəyə düzüblər. Qalabəyi polkovnik onlarla tanış 
olmağa gəlir. Bir-bir hamıya baxa-baxa keçəndə əmimin qarşısında ayaq saxlayır. 
Ona diqqətlə baxıb yanındakı yavərinə: 
Bu kişini mənim kabinetimə apar, deyə əmr edir. 
Əmim qorxuya düşür. Polkovnik gələnə qədər ürəyini yeyə-yeyə onun 
kabinetində oturub gözləyir. Bir azdan içəri girən polkovnik: 
Koxa, sən hara, bura hara, bu nə ağır səfərdir? 
Əmim çaşıb qalır. Matı-mutu qurumuş halda polkovnikə baxır, amma bir şey 
anlaya bilmir. 
Polkovnik gülümsünüb: 
- Deyəsən məni tanımadın, yaddaşını bir yoxla, - deyib tanışlıq verir - 1915-
ci ildə Tiflisdə mənə elədiyin yaxşılığı nə tez unutdun? Biz səninlə duz-çörək 
kəsmişik. Səhərə qədər davam edən  məclisin   haqq-hesabını  da  sən verdin
dostları nə tez unutdun, Məmməd Koxa? 
- Məndə indi dost tanımağa hal qalmayıb. 
- Fikir eləmə, müdrik bir Azərbaycan məsəlində deyilir ki, igidin başı qalda 
gərək. Tale bizi gör harda görüşdürdü. Hər halda xətrinə dəymərik, nə qədər mən 
burdayam, hörmətini saxlayacağam. Çalışarıq sağ-salamat qayıdasan. 
Xeyirxah polkovnik, əmim Məmməd Koxanı mətbəxdə baş aşbaz təyin edir. 
Bir gününü üç gün yazıb, dörd ildən sonra onu buraxdırır. Əmim Kazan şəhərinə 
gəlib çıxır, biletini alıb stansiyada qatar gözləyirmiş. Burda bir nəfər ağlaya-ağlaya 
dilənçilik edirmiş, canıyanan əmim onu yanında oturdub pul-para verir. Dilənən 
deyir ki, dustağam, buraxılmışam, pulum yoxdu ki, bilet alıb evimə gedəm. 
Əmimin yazığı gəlir, ona da bilet alır, birgə yola düşürlər. Yol boyu əmim buna öz 
faciəsini, polkovnikin ona yaxşılırını, sürgündən də pullu-paralı sağ-salamat 
qayıtdığını açıb danışır.Üç sutka yol gəlirlər.  Gecə su üstünə çıxan əmim qayıdıb 
görür ki, nə bilet aldığı yol yoldaşı var, nə də özünün çamadanları. Namərd, 
əmimin nəyi varsa, oğurlayıb aradan çıxır. Əmim bu əhvalatı danışanda bərk 
sarsıntı keçirərdi, yana-yana: “Niyə insanlar korlandı, - deyərdi. İyirminci ildə var-
dövlətimi, mal-qaramı Şura hökuməti alanda heç belə sarsılmadım”. 
“Troyka”nın dalınca “Məzəm iclası” başlandı. Qəfil iki nəfər Məzəm 
kəndində peyda oldu. Özlərini Bakıdan ezam olunmuş türk nümayəndələri kimi 

təqdim etdilər. Məzəmdə oturub təbliğata başladılar ki, yaxın vaxtlarda Türkiyə ilə 
müharibə olacaq. Müharibədə Türkiyə qalib gələcək, Azərbaycanı gavur dövlətinin 
caynağından xilas edəcək. Kəndlərə təbliğatçılar göndərirdilər ki, kim hansı silahı 
almaq istəyir, üzərinə hansı vəzifəni götürürsə “Məzəm iclası”nın üzvü olsun. 
Xoşbəxtlikdən iclasın üzvlüyünə yazılan olmadı. Az sonra məlum oldu ki, 
bu, şura hökumətinin sınaq təbliğatı imiş. Şura hökuməti bilmək istəyirmiş ki, 
Türkiyəyə rəğbət bəsləyənlər kimlərdir. Ezam olunanlar da, Bakıdan yox, 
Yerevandan gəlmə, vaxtilə Türkiyədə yaşamış erməni daşnaklarıdır. 
“Məzəm iclası”nın üstünü açan iki erməni qaçağı oldu. Daş Salahlı 
qaçaqlarına sığınan qaçaq Vanoy və Hampoy God kəndində şəxsi düşmənlərini 
öldürüb qaçaq düşmüşdülər. Müsəlmanlara tələ quran da onların qan düşmənləri 
imiş. 
  
HƏMİD BƏYİN ÖLÜMÜ 
 
Şura hökuməti qurulandan sonra Həmid bəy  
ona tabe olmaq istəmədi. Dövlət orqanlarının  
heç bir təklifini qəbul etmədi. Heç kəsə toxunmur,  
qabaq kəsib soyğunçuluq da etmirdi. O, yalnız ona  
hucum edən erməni milis dəstəsinə və ona  
toxunanlara qarşı vuruşurdu. 
 
Əhməd ağa PAŞAYEV. 
 
Yeni gələn şura hökuməti Azərbaycan Demokratik hökumətinin əsgər və 
zabitləri ilə çox amansız rəftar elədi. Bakıya girən “azadlıq” ordusu Milli Ordunun 
12 generalını, 48 zabitini və çoxlu sayda əsgərini 1920-ci il mayın 25-də 
məhkəməsiz güllələtdi. 600-ə qədər zabiti olan Azərbaycan ordusunu bolşevik 
istilası pərən-pərən saldı. Onların əksəriyyəti İrana, Türkiyəyə, Almaniya və 
Fransaya qaçmağa məcbur oldu. İmkan tapıb qaça bilməyənləri Sibirə, Qazaxıstana 
və Solovetsk adalarına sürgün elədilər. 
1920-ci ildə polkovnik Rüstəm ağa Şıxlinski günahsız güllələnəndə Həmid 
bəy şura hökumətinə inamını tamam itirdi. O, İrana keçdi. Diviziya komandiri, 
general-mayor Cavad bəy Şıxlinski ilə görüşdü. Cavad bəydən öyrəndi ki, atası  
Məmməd  Koxa Türkiyənin Sarıqamış mahalındadır. Atasının yanına gəlib xeyli 
birgə yaşadılar. Bu vaxt Sovet hökuməti ölkədən qaçanların bağışlanması və əfv 
olunması haqqında fərman  verdi. Bu fərman Vətənə qayıtmaq həsrətilə üzülən 
Məmməd Koxanın  ürəyincə oldu. Amma oğlu Həmid  bəy qayıtmağa razılıq 
vermədi. 
- Ata, - dedi, - sən koxa da olmusan, general-qubernator da, amma nəsli-
nəcabətinlə rəiyyətsən. Qayıdıb kənddə əkin-biçininlə məşğul olsan, bəlkə də şura 
hökuməti sənə dəyib-toxunmaz. Unutma ki, mən musavat zabitiyəm, dövlətə, yeni 
hökumətə qarşı qiyamçı olmuşam. Yeni hökumət mənə Gəncə qiyamında 
elədiklərimi bağışlamaz. Bir də bu fərmandakı əfv olunmaya heç inanmıram. 
Səncə, bu, sənin, mənim kimisini çağırıb yenidən tora salmaq deyilmi? Gedin, 

əmim Avdı da gedir, uğurunuz xeyir olsun, yenə deyirəm, amma ehtiyatlı olun, bu 
bağışlanmadan heç gözüm su içmir. Bu, bolşevik bicliyinə daha çox oxşayır. 
Məmməd Koxa bir neçə yaxın adamı ilə geri qayıtdı. Həmid bəy isə 
Annaxoğlu Mədəd bəylə 1930-cu ilə kimi Türkiyədə qaldı. Az sonra Vətən, torpaq 
həsrəti onu da çəkib gətirdi. Onda Məmməd Koxa sürgün olunmuşdu. 
Uzaqgörən Həmid bəyin gəlişi “operasiya əməliyyatı” illərinə, güclü təqib, 
tuthatut günlərinə düşdü. O, başının dəstəsilə qaçaq kimi gəzməkdən başqa çarə 
tapa bilmədi. Yenidən Avey və Odun dağları, Ceyrançöl düzənləri, Xanlıqlar 
meşəsi onun məskəni oldu. Tale onun cavan ömrünə nöqtəni bir təsadüfdən qoydu. 
...Dustaq Məmməd Koxa nimdaş palazı yerə atdı. Dizlərini cütləyib aşağı 
çökdü. Namazını qılıb qurtardı. Ani olaraq başı aşağı sükutla dayandı. Birdən 
üzünü Allahın dərgahına tutub dua elədi. 
- Pərvərdigara, - dedi, qürbətdəki bircə oğlumu hifz edib qoru, qoy onun qışı 
mülayim, yazı yağışlı keçsin. Cəlayi-vətən olanların, həbsxana küncünə atılanların, 
yetim-yesirin dadına yet. İlahi, bircə balamı, bütün məxluqatı şeytan şərindən, 
zənən məkrindən qoru. 
Müdrik atanın xeyir-duası yeganə oğlunu 1932-ci ilin yayına kimi qoruya 
bildi. 
...Onlar bir axşam Dağ Kəsəmən meşəsindəki Hacı Yusif ağanın yataq 
damlarına gəldilər. Yataq bom-boş idi. Yaylağa qalxan el Alpout yurduna, Dəlik 
daşın yanına düşmüşdü.  İlyas o taya, Qarayazıya keçməyi məsləhət bildi: 
- Gedək, dədə-babamızın   Mehrab yatağına... 
Həmid bəy etiraz elədi: 
- Ora uzaqdı, uşaqlar yorulub, əldən düşüblər. Həmdə oranı otryad bərk 
güdür. Bura meşəlik olduğundan erməni dəstəsi qorxusundan gecələr yaxın düşə 
bilmir. 
Gecəni burda qalaq, səhər tezdən Dilbazilər meşəsinə çəkilərik. 
Gecə yarısı gözətçi qoyulan Tapdığı bərk yuxu təntitdi. Aşağı bulağın üstünə 
enib, əl-üzünü yudu. Axarın aşağısında hörüklənmiş atlara baş çəkdi. Yuxarı qaşa 
çıxıb Avey dağına, Daş Salahlıya həsrətlə baxdı. Kənddə nöqtə boyda közərən bir-
iki çıraq işığından başqa heç nə görə bilmədi. Oturan kimi yenə mürgülədi, yuxu 
ona aman vermirdi. Qayıdıb İlyası oyatdı. Yarıyuxulu İlyas gözlərini övkələyə-
övkələyə: 
- Abdullanı oyat - dedi, - o dözümlüdü. 
- Əyə, insafın olsun, o yazıq ötən gecə də yatmayıb, dur, bir azdan dan 
ağaracaq, bir tikə çimir alım, gözlərim acışıb yanır... 
İlyas tüfəngini götürüb çölə çıxdı. Yuxusunu dağıtmaq üçün damların 
arxasına keçib, sal qayanın çökəyindəki yağışdan qalma sudan üzünə vurdu. 
Kəsik-kəsik at kişnərtisi eşidəndə əli havadan asılı qaldı. Təpənin aşağısında 
yəhərli-yüyənli bir at dayanmışdı. Səksəkə ilə ona baxan atın üstündə heç kəs yox 
idi. İlyas aşağı sindi. Arxasınca adam gəlib-gəlməyəcəyini gözlədi. At gah yeri 
iyləyir, gah da kəsik-kəsik qorxu ilə gümüldənirdi. O sinə-sinə bir tikanın dalından 
o birisinə keçdi. Atın qabağına durdu. Xırdaca bir daş atıb ona ərklə, sahibisayağı  
təpindi. Aşağıda İlyasgilin atlarından biri kişnəyəndə nabələd at onlara tərəf 
götürüldü. Atlar bir-birini imsilədi. İlyas ehtiyatla yaxınlaşıb pişik cəldliyi ilə onun 

yüyənindən yapışdı. At bərk geri dartınıb ilan kimi fınxırdı, gözlərini bərəldib 
heyrətlə İlyasa baxdı. İlyas onu şirin-şirin muçqurdu, ehtiyatlı addımlarla 
yaxınlaşıb, oxşaya-oxşaya əvvəlcə üzünü, sonra yalmanını sığalladı. Cibindən bir 
tikə çörək tapıb ona uzatdı. Çörəyi yeyən at gərili ayaqlarını tamam boşaltdı. Çidar 
üçün boğazına dolanmış çatını açanda, ram olmuş at heç bir müqavimət 
göstərmədi. İlyas onu ağaca bağladı. Əyilmiş yəhərini düzəltdi, yəhərüstü zərif 
xalçaya yapışmış yabanı otları təmizlədi. Gözü xalçanın üstündəki əyri-üyrü yazıya 
sataşdı. Nə illah elədi oxuya bilmədi. Erməni atıdı - deyə fikirləşdi. 
O, geri qayıdıb yoldaşlarını oyadanda artıq dan yeri ağarmışdı. Bulaqda əl-
üzlərini yuyub atlandılar. 
- Bu nə atdı, ay İlyas,  kimindi? - Abdulla soruşdu. 
Hamı yüyəni çəkib dan qaranlığında yad ata baxdı. Tapdıq lap yaxın gəlib: 
- Bu at mənə tanış gəlir, - dedi, - qardaşlar, - bir az duruxub - Həmid, bu 
bilirsən kimindi, Ballı qaya kəndində özündən  deyən  bir  dığa  var  -  Cahan 
dığanındı bu at. Görünür, həftə bazarına gedirmiş, at onu yıxıb qaçıb. 
- Düz deyirsən, bu gün də bazardı, ola bilər. 
İlyas necə bir fəndlə atı tutmağını danışdı. Həmid bəy ona axıracan qulaq 
asmayıb: 
- Nahaq tutmusan, - dedi - gərək buraxaydın çıxıb gedəydi, nəyimizə 
lazımdır? 
- Həmid bəy, insafın olsun, belə ceyran kimi atı da əldən buraxmaq olarmı? 
- Sonra da bütün obaya, elə səs yayılacaq ki,   Həmidgilin  dəstəsi   
soyğunçuluqla məşğuldurlar. Kimi inandıracaqsan ki, at öz ayağı ilə gəlib çıxıb. 
Atları sürüb o taya keçdilər. Sola burulub, qalın meşədə görünməz oldular. 
Günəşin qızılı şüaları göyün ətəyini qızardanda Dilbazilər talasına çatıb çörəyə 
oturdular. Atları bir az aşağıda, talanın qırağında hörüyə açdılar. Həmid bəy üzü 
atlara tərəf oturmuşdu. 
- İlyas,  - dedi, - dığanın atı şeşələnib kəsik-kəsik kişnəyir, elə hey 
gümüldənir,  heç otlamır.  Ya qurd-quş görüb,  ya da çöllüyə alışa   bilmir. 
Üzülmüş elə hey boylanır... İlyas oturduru yerdə geriyə dönüb, lağla, ata 
baxa-baxa: 
- Əyə, bu köpək oğlunun atı niyə farağat durmur, bəlkə erməni dığası dalınca 
gəlib, ona gümüldənir. 
Hamı gülüşdü. Atlardan gözünü çəkməyən Həmid bəy yerində dikəlib ayağa 
durdu. O, ayağa duran kimi iki güllə dalbadal açıldı. Həmid bəy əvvəl ombasını, 
sonra qarnını tutub iki qatlandı. İlyas çörək əlində heyrətlə Həmid bəyə baxdı. Cəld 
tüfəngi götürüb ayağa durdu. 
Abdulla qışqırdı: 
- Dığadı, odu, qaçır, - deyib gülləni-güllə dalınca ata-ata üzü aşağı endi. 
Yaralı Həmid bəyi götürüb üzüaşağı endilər. Xeyli getdilər, qanı saxlamaq 
mümkün deyildi. Həmid bəy əlilə “dayanın” işarəsi verdi. 
 - Məni aparmağın xeyri yoxdu, - dedi. - Gecdi, qoyun rahatca ölüm... 
Doluxsunan İlyas aşağı əyilib onun üzündən öpdü, təsəlli verdi: 
- Ay qağa, nədi danışdığın, ölüm nədi, zad nədi, bir az da aşağı enək, 
Cəfərlidən türkəçarə həkimlərdən birini gətirərik... Səndə heç nə yoxdu. 

- Yox İlyas,  gecdi. Ölümüm çox ucuz oldu...  - Sağ əlini heysiz halda yuxarı 
qaldırdı. Ovcu al qan içindəydi. Son dəfə zorla  gülümsünüb: - Sən Allah, dığanın 
ceyran atını kor Qəniyə ver, qoy minib kef eləsin,  - deyib gözlərini yumdu. 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin