ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


Sual: - Nə zamandan siz Qambay Vəzirovla ailə qurmusunuz?  Cavab



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

Sual: - Nə zamandan siz Qambay Vəzirovla ailə qurmusunuz? 

Cavab: - 1920-ci ildən onunla ailə qurmuşam və onunla birlikdə o, həbs 
olunana, yəni 27 iyun 1937-ci ilə qədər yaşamışam. 
Sual: - Sizə əriniz Qambay Vəzirovun əksinqilabi fəaliyyəti barədə nə 
məlumdur? 
Cavab: - Qambay Vəzirovun əksinqilabi fəaliyyəti barədə mənə heç nə 
məlum deyil. 
Sual: - İş üzrə siz nə əlavə edə bilərsiniz? 
Cavab: - Heç nə əlavə edə bilmərəm. İfadələr mənim sözlərimlə  
yazılmışdır. Mən onun doğruluğunu öz imzamla təsdiq edirəm. 
1937-ci il noyabrın ikisində vətən xaininin arvadı kimi İzzət xanım 
Vəzirovanın istintaq işi SSRİ XDİK-in xüsusi müşavirəsinə göndərildi. SSRİ 
XDİK-i yanında Xüsusi Müşavirənin 1937-ci il 9 dekabr protokolundan çıxarış. 
Eşidildi: - 1903-cü il təvəllüdlü İzzət İsmayıl qızı müddəti 1937-ci il 
oktyabrın altısından hesablanılmaqla səkkiz il müddətinə İslah Əmək Düşərgəsinə 
göndərilsin. İş arxivə təhvil verilsin. 
Xüsusi Müşavirənin bu qərarından sonra İzzət xanım Vəzirovanı 
Qazaxıstanın Akmolinsk şəhərinə 8 il müddətinə sürgün etdilər. Oradan göndərdiyi 
məktublarda oğlu ilə maraqlanır və Vətəni üçün darıxdığını bildirirdi. 1938-ci il 
aprelin on dördündə İ.V.Stalinə yazdığı məktubda yeganə övladının günahsız 
olaraq həbs olunmasından danışır və acizanə surətdə onun buraxılmasını xahiş 
edirdi” (C.Qasımov, “Bir ailənin faciəsi” məqaləsi, “Sərhəd” qəzeti, 3 fevral 1998-
cı il). 
 
* * * 
 
Qambayın yeganə oğlu Yavuz Vəzirov sürgündə olanda Stalinə məktub 
yazır ki, atam “xalq düşməni” kimi güllələnib. Mən bir sovet gənci kimi atamın 
günahını yumağa hazıram. İcazə verin, Vətənimizin bu ağır günündə torpağımızın 
azadlığı uğrunda cəbhələrdə mən də vuruşum... 
Cəza batalyonunda döyüşən Yavuz Vəzirov iyirmi iki yaşında, 1942-ci 
ildə Stalinqrad yaxınlığında qəhrəmanlıqla həlak olmuşdur. 
1956-cı il iyulun iyirmi səkkizində SSRİ Ali Məhkəməsinin hərbi 
Kollegiyasının qərarı ilə ölümündən sonra 77-ci Azərbaycan diviziyasının 
komandiri general-mayor Qambay Məmməd oğlu Vəzirova bəraət verilmişdir. 
Bir müdrik şərq məsəlində deyilir ki, uşaqlıqda eşidilən söz, oxunan elm 
daşa yazılmış yazı kimidir. İllərin tufanı, qasırğası belə onu poza bilmir. 37-nin 
qara tufanları başlayanda Fəxrəddin Vəzirovun 12 yaşı vardı, Əmiləri Qambay və 
Heydər Vəzirovun haqsızlığın qurbanı olmaları onun uşaq qəlbinə ağır zərbə 
vurdu. Yaddaşında uşaqlıq illərinin ağrılı-acılı xatirələri yaşayır: 
Qambay Vəzirov atamın əmisi oğlu idi. Böyük qardaşı Sədrəddin maliyyə 
işçisi idi. Elmi dərəcəsi də vardı. Kiçik qardaşı Hüseyn də hərbçi idi, Rütbəsi 
polkovnik olub. Sədrəddin əmimi də xalq düşməninin qardaşı kimi 37-də 
güllələdilər. Huseyn əmim respublikadan qaçıb, deyilənə görə Gürcüstana gedib, 
Veziraşvili familiyası ilə yaşayıb. Bu günə kimi də ondan bir xəbər bilmirik... 

Bütün bunlardan sonra bizim ailəni, nəsli yenə də təqib edirdilər. Dayım 
Həqqi və Kamal Kəngərlinskiləri, babamı sürgün etdilər. Qambay əmim tutulanda 
biz yaylaqda idik. Qayıdanda evimizi dağılıb, talan olmuş gördük. Nəyimiz vardı 
çölə töküb, kitabları, əlyazmaları, evdə qiymətli nə varsa hamısını aparmışdılar. 
Bizə olmazın əzab verdilər. Bir hadisəni xatırlayanda indi də xəcalət çəkirəm. 
Altıncı sinifdə oxuyurdum. Səhər dərsə gələndə gördüm uşaqların hamısını 
məktəbin qabağına yığıblar. Direktor məni çağırıb dedi ki, gəl, sən çıxış et, de ki, 
əmilərim və dayılarım “xalq düşməni” olduqlarına görə biz onları istəmirik. Bütün 
ailəmiz adından bildirirəm ki, onlar “xalq düşməni” kimi haqlı olaraq güllələniblər. 
Yoxsa səni məktəbə buraxmayacağıq. Oxumaq üçün burnumun ucu göynəyirdi. 
Məcbur olub direktor deyənləri dedim... 
Cəmisi 17 il ordu sıralarında xidmət edən Qambay Vəzirov sıravi əsgərdən 
general-mayor rütbəsinə qədər yüksəlib. İnsafla demək lazımdır ki, bu da az-az 
hərbçiyə qismət olub. Xüsusilə milliyyətcə rus olmayan zabitin otuz üç yaşında 
diviziya komandiri və general-mayor rütbəsi alması Sovet hərb tarixində nadir 
hadisədir. Adətən başqa millətin oğluna Sovet Ordusunda ali general rütbəsini 
istefaya çıxanda, qocalıb əldən düşəndə verirdilər. O da nadir hallarda... 
1932-ci ilin baharında SSRİ Xalq Müdafiə Komissarı K.Y.Voroşilovun şəxsi 
teleqramı ilə Moskvaya çağırılan Qambay Vəzirovun Belorusiyadakı hərbi 
fəaliyyəti yüksək qiymətləndirilir. O, Xalq Müdafiə Komissarının 886 nömrəli 
əmri ilə Azərbaycan dağ-atıcı diviziyasına komandir təyin olunur. 
Qambay hərb sənətinin çətin yollarını çox böyük müvəffəqiyyətlə keçmişdir. 
Hələ 1922-ci ildə 23 yaşlı Qambay Əlahiddə Qafqaz Ordusu Hərbi İnqilab 
Şurasının əmri ilə əlaçı siyasi rəhbər kimi batareya komandiri, Frunze adına Hərbi 
Akademiyaya oxumağa göndərildi. Qambay Vəzirov hərbi akademiyada təhsil alan 
ilk azərbaycanlı idi. Üç illik hərbi təhsildən sonra o, 1925-ci ilin avqust ayından 
Birləşmiş Azərbaycan Hərbi-siyasi məktəbinin rəisi təyin olundu. Onun bir illik 
fəaliyyəti haqqında attestasiyasında Qırmızı Bayraqlı Qafqaz ordusu Ali Hərbi 
Təhsil Müəssisələrinin baş müfəttişi Artomonov yazırdı: 
“Məktəb rəisi işlədiyi bir il ərzində yalnız müsbət keyfiyyətli işinin şahidi 
olduq. Böyük iradəyə, təşəbbüskarlığa malikdir. Özünə hörmət edən, qətiyyətli, 
işgüzar və yaxşı metodist müəllimdir. Kursantların, müəllimlərin və komandir 
heyətinin hörmətini qazanıb. İctimai işlərdə, xüsusilə hərbi-elmi cəmiyyətdə fəal 
iştirak edir. Ali təhsili var. Böyük inzibati-təcrübi stacı olmasa da, öz qabiliyyəti və 
əməksevərliyi sayəsində məktəbin rəisi vəzifəsinin öhdəsindən tam gələ bilir 
(Sovet Ordusunun Mərkəzi Dövlət Arxivi, Q.M.Vəzirovun 157-871 nömrəli 
şəxsi işi. 1-ci vərəq). 
Milli hərbi kadrların hazırlanması üçün gərgin fəaliyyət göstərən Qambay 
Vəzirov məktəbin ikinci buraxılışında “Yüz on yeddi” adlı məqaləsində iftixarla 
yazırdı ki, fəhlə-kəndli balalarından hazırlanan müdavimlərimiz ordunun ən yaxşı 
ənənələrini davam etdirəcəklər. Biz inanırıq ki, yüz on yeddi müdavimin şəxsində 
hərbi hissələrimiz hərtərəfli biliyə və komandirlik qabiliyyətinə malik vzvod 
komandirləri ilə təmin olunacaqlar. 
1927-ci ilin oktyabrında ölkədə hərbi islahatın həyata keçirilməsi ilə 
əlaqədar Zaqafqaziya milli hərbi ali təhsil məktəbləri birləşdirilib Tiflisə köçürülür. 

Həmin il o, Leninakanda yerləşən üçüncü Qafqaz atıcı diviziyasında qərargah rəisi 
olur. İstedadlı komandir Qambay Vəzirovun rəhbərliyi ilə Azərbaycan atıcı 
diviziyası 1929-cu ilin avqust-sentyabr aylarında Əlahiddə Qafqaz ordusunun ilk 
manevrlərində müvəffəqiyyətlə iştirak edir. Bu manevrdə göstərdiyi komandirlik 
məharətinə görə üstüyazılı silahla mükafatlandırılır. 
1930-cu ilin noyabrında ən yaxşı döyüş komandiri kimi Qambay Vəzirova 
Belorusiya hərbi dairəsindəki 111-ci atıcı alayının komandiri kimi və həm də 
Cizdra şəhər qarnizonunun rəisi kimi məsul vəzifələr tapşırılır. 
1925-ci ildən başlayaraq, ona verilən attestasiya arayışlarında Qambay 
Vəzirovun hərb sənətini yaxşı mənimsəyən, əla inzibatçı, təmiz və sayıq bir 
komandir olduğu göstərilir. Diviziya komandiri Cəmşid xan Naxçıvanskinin, 
diviziya hərbi komissarı Hüseyn Rəhmanovun, hərbi komissar Korobkovun 
təqdimatında onun diviziyaya, hətta korpusa belə komandirlik edə biləcək bacarığı 
olduğu iftixarla qeyd olunur. 
Onu da xatırladaq ki, Qambay Vəzirovun istedadlı hərbi xadim kimi 
yetişməsində məşhur generallarımız Əliağa Şıxlinskinin və Səməd bəy 
Mehmandarovun xüsusi xidmətləri olmuşdur. Məhz onların müdrik məsləhət və 
köməklikləri ilə Azərbaycan milli diviziyasının atıcıları, topçu və süvariləri istər 
Hacıkənddə, Qarayazıda, istərsə də Şimali Qafqazda Zaqafqaziya ordusunun 
taktiki təlim-məşqlərində birinci yeri tutmuşlar. 
“Xatirələrim”də 1924-cü ili yada salan Əliağa Şıxlinski yazır ki, Azərbaycan 
komanda heyəti məktəbi rəisinin xahişi ilə məni ona müavin təyin etdilər, O biri il 
- 1925-ci ildə məktəb kollektivi Surami şəhəri yanındakı düşərgəyə getdi. Bütün 
Zaqafqaziya hərbi məktəblərinin kollektivləri buraya yığılmışdı. Ötən il burada 
hərbi məktəblərin atəş yarışı olmuşdu. Azərbaycan məktəbi hazır olmadığından bu 
yarışlarda iştirak etməmişdi. Bu, mənə çox toxundu. Silahı sevən gənclərimizin 
yarışa çıxa biləcək dərəcədə hazırlanmamaları mənə ağır gəldi. 
Elmi komitənin ilk iclasında mən göstərdim ki, belə təlim vermək olmaz. 
Hər kursanta atmağa bircə güllə verilməli və atdığı bu güllənin nəticələrini 
bildirərkən güllənin nə səbəbə boşa çıxdığını ona izah etməli, buraxdığı səhvi 
düzəltmək üçün ona ikinci dəfə güllə atdırılmalı və i.a. Məktəb rəisi əmr verdi ki, 
“müavinimin təklifi protokola qeyd edilsin və ona mütləq əməl olunsun”. Bu 
zamandan başlayaraq, biz atəş məşqində kursantlarımızı “işə çəkməyə” başladıq. 
Düşərgə toplanışının axırında bizim vzvod yarış atəşinə çıxdı və birincilik qazandı. 
Mənim azərbaycanlılıq izzəti-nəfsim təmin edilmiş oldu. 
 Diqqətli oxucu yəqin fikir verdi ki, xatirə müəllifi məktəb rəisi Qambay 
Vəzirovun bir dəfə də adını çəkmədi. Bunun da səbəbi var: Əliağa Şıxlinski 
xatirələrini 1942-ci ildə yazıb. Onda keçmiş məktəb rəisi Qambay Vəzirovun həbs 
olunmasından beş il ancaq keçirdi. Onun tərcümeyi-halında hələ də “xalq 
düşməni” damğası vardı. 
 
* * * 
 
1935-ci il dekabrın otuzunda Azərbaycan atıcı diviziyasının on beş illiyi 
qeyd olunurdu. Diviziya SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qırmızı 

Bayraq ordeni ilə təltif olundu. 1936-cı il yanvarın 27-də isə bir qrup azərbaycanlı 
əsgər və zabitin xidməti Qırmızı Ulduz ordeninə layiq görüldü. Onların arasında 
diviziya komandiri Qambay Vəzirov, komissar Cabir Əliyev, alay komandiri 
Seyfulla Mehdiyev, kiçik komandir Rəhim Aslanov və İlyas Verdiyev də vardı. Bu 
təntənəyə görə Bakıda qarnizon hissələrinin nümayişi keçirildi. 
Müasirlərinin xatırladığına görə, Qambay Vəzirov o vaxtkı komandir heyəti 
arasında ən savadlı, cəsur və hazırlıqlı bir şəxsiyyət olmuşdur. Onun döyüş dostu, 
respublikanın keçmiş hərbi komissarı polkovnik Ağəli İsmayılov yazır ki, Qambay 
Vəzirov, necə deyərlər, anadangəlmə sərkərdə idi. O, milli birləşmələrin təşkili və 
hərbi kadrların artması sahəsində bir sıra mühüm tədbirlərin hazırlanıb həyata 
keçirilməsində yaxından iştirak edirdi. Mərkəzdən təftişə gələn hərbi şuranın 
üzvləri belə onun qeyri-adi hərbi bacarığına heyran qalırdı. 
Xalqımızın general oğlu mərhum Akim Əli oğlu Abbasov ordu sıralarında 
çox şərəfli bir ömür yolu keçib. Ona xidmətinin ilk illərində şöhrətli diviziya 
komandiri Qambay Vəzirovla görüşmək və birgə işləmək nəsib olub. Komandirini 
general Akim Abbasov xoş sözlərlə xatırlayırdı: 
- Yadımdadır, 1935-ci ildə diviziyamız hərbi təlimdən yenicə qayıtmışdı. 
Bizim diviziya Böyük Qafqaz sıra dağlarına yürüşdə dörd yüz iyirmi kilometr 
məsafəni qət eləmişdi. Növbəti məşğələ keçirirdik. Bir döyüşçü yaxınlaşıb mənə 
dedi ki, yoldaş leytenant, sizi diviziya komandiri Vəzirov çağırır. Təcili onun 
yanında olmalısınız. Mən dərhal qərargaha getdim. Gördüm məndən başqa da dörd 
zabit var. Diviziya komandiri məni qəbul edib dedi: 
- Çox sağ olun, yay təlimində göstərdiyiniz fəallığa görə xalq müdafiə 
komissarı,  marşal Voroşilov sizi saatla mükafatlandırır. 
Qambay Vəzirov bizi təbrik etdi. Təlimdə və siyasi hazırlıqda yeni 
müvəffəqiyyətlər arzulayıb saatı bizə təqdim etdi. Sevimli komandirimin 
hədiyyəsini bu gün də əziz yadigar kimi saxlayıram. 
Bu yürüşdə Kazbek dağının zirvəsinə hamıdan qabaq mənim rotam 
qalxmışdı. Döyüşçüləri “hücuma” və “müdafiə döyüşlərinə” əla hazırladığıma 
görə, Qambay Vəzirov özü bu mükafatı mənə təqdim etmişdi. Qambay Vəzirovun 
xatirəsi mənim üçun son dərəcə əziz olaraq qalır. O vaxtlar onun adı hər bir 
azərbaycanlı döyüşçü üçün fədakarlıq, igidlik rəmzi idi. Siyasi məşğələlərdə, hərbi 
təlimlərdə onun hər bir sözünü belə diqqətlə dinləyirdik. O, alovlu natiq olmaqla 
bərabər, taktiki məşğələlərin də mahir bilicisi idi. Dövrünün texnikasını mükəmməl 
bilirdi. 
1935-ci ilə qədər mənim kimi çox gənc bir azərbaycanlı zabitinin dördüncü 
dağ-atıcı alayının istehkamçılar rotasının komandiri vəzifəsinə qədər 
yüksəlməyində unudulmaz komandirim Qambay Vəzirovun böyük əməyi 
olmuşdur. Qambay orduda, milli birləşmələrdə azərbaycanlı komandirlərin artması 
uğrunda var qüvvəsi ilə çalışırdı. 
“Hərbi bilik” jurnalının nəşri general Əliağa Şıxlinskinin adı ilə bağlıdır. Bu 
jurnal onun təşəbbüsü ilə yaranmışdı. “Qızıl əsgər” qəzeti isə komissar Cabir 
Əliyevin təşəbbüsu ilə nəşr olunurdu. Bakıda ilk ordu klubunun yaradılması isə 
Qambay Vəzirovun və Cabir Əliyevin adı ilə bağlıdır. Hər ikisi möhkəm dost 
idilər. Heyf ki, ikisi də otuz yeddidə günahsız güllələndi. Biz gənc zabitlər istər 

general Şıxlinskinin, istərsə də Qambay və Cabirin hərbi mövzuda yazılarını 
acgözlüklə mütaliə edərdik. 
General Qambay Vəzirov, Cəmşidxan Naxçıvanski, komissar Hüseyn 
Rəhmanov və Heyder Vəzirov hərb elmində həm də hərbi nəzəriyyəçi kimi 
yetişmişlər, Qambay rus dilində olan hərbi ədəbiyyatları, nizamnamələri 
Azərbaycan dilinə tərcümə etmişdi. Milli diviziya və birləşmələr haqqında həm 
publisistik, həm də elmi məqalələrlə “Qızıl əsgər”, “Hərbi bilik”,  “Kommunist” və 
“Bakinski raboçi” kimi mətbuat orqanlarında müntəzəm olaraq çıxış etmişdir. 
1920-ci ildən həyat və fəaliyyətini xalqının müdafiə qüdrətinin 
möhkəmlənməsinə həsr edən Qambay Vəzirov respublikanın ictimai-siyasi işində 
də fəal iştirak etmişdir. Dəfələrlə Respublika Mərkəzi Komitəsinin tərkibinə 
seçilən Qambay Vəzirov Zaqafqaziya MİK-in və SSRİ Mərkəzi İcraiyyə 
Komitəsinə də üzv seçilmişdir. 
 
* * * 
 
Təəssüf ki, belə şöhrətli sərkərdəmiz unudulmuş, yaddan çıxmışdır. Bir-iki 
dəfə anadan olma günü yetmişinci illərdə qəzetlərdə qeyd olunmuşdur. Acınacaqlı 
haldır ki, Qambay haqqında yazılan quru, ürəksiz və partiyalı olan bu məqalələrin 
müəllifi milliyyətcə erməni olmuşdur. Bu gün onun adı bircə ünvanda 
əbədiləşmişdir: Naxçıvandakı 6 saylı orta məktəb Qambay Vəzirovun adını daşıyır. 
1989-cu ilin fevralında igid komandir Qambay Vəzirov haqqında “Hünər” 
televiziya verilişinin səhifələrində söhbət açdıqdan sonra xeyli məktub aldıq. Hətta 
vaxtilə İzzət xanım Qiyasbəyli - Vəzirovanın qonşusu olmuş Zahidə Mustafayeva 
redaksiyamıza gəlib Vəzirovlar ailəsinin faciəsindən təsirli epizodlar danışdı. 
Redaksiyamıza gələn çoxsaylı məktublardan biri daha təsirli olduğu üçün onun 
qısa məzmunu ilə oxucuları da tanış etmək istərdim. Məktubu vaxtilə igid 
sərkərdənin əsgəri olmuş, indi elimizdə, obamızda yaxşı tanınan ağsaqqal aşıq 
Barat Şirvanlı göndərib. O yazır: “Yanvarın on dördündə olan verilişinizə də 
baxdım. (Tamaşaçıların xahişi ilə Q.Vəzirov haqqında üç veriliş verdik). Həm 
kədərləndim, həm də sevindim. Sevindim ona görə ki, mənim əziz komandirimi 
əlli ildən sonra da olsa efirdə görə bildim. Kədərləndim ona görə ki, o illəri 
xatırladım. Bu ahıl vaxtımda göz yaşlarımı saxlaya bilmədim. Verilişdən sonra 
bütün varlığım titrəyirdi. Sizə məktubu da əlim əsə-əsə yazıram. 
1937-ci ildə Salyan kazarmasında hərbi xidmətdə idim. Əvvəlcə mən kapitan 
Şahtaxtinskinin yavəri oldum. Diviziya komandirimiz Qambay Vəzirov idi. 
Vəzirovun Çovğun adlı bir atı vardı, ona da mən baxırdım. Bu yaraşıqlı at sanki dil 
bilirdi. Onu elə öyrətmişdim ki, hər səhər yəhərləyib-yüyənləyəndən sonra bircə 
dəfə yüngülvari təpinib deyərdim: get, komandiri gətir. Yüyəni yəhərə bənd 
olunmuş Çovğun at Salyan qazarmasından birbaşa Qambay Vəzirovun yaşadığı 
Nizami küçəsindəki mənzilinə gələrdi. Həyətdə iki-üç dəfə kişnəməyi ilə gəlişini 
sahibinə bildirərdi. Hər səhər əziz komandirimiz Qambay Vəzirovu Çovğun at 
beləcə işə gətirərdi. Bir dəfə də olsun Çovğun nə yolunu azdı, nə də yüyənini, 
yəhərini itirdi. 

Bir gün siyasi məşğələ keçirdik. Xəbər gəldi ki, komandirimiz Qambay 
Vəzirovu həbs ediblər. Səhərisi Çovğunun yəhərlənmək vaxtı gələndə 
kişnərtisindən dayanmaq olmurdu, o dartınır, yerində oyur-oyur oynayırdı. Yerə-
göyə sığışmayan Çovğunu göz yaşımla yəhərləyib, həmişəki kimi yüyənini 
yəhərinə bənd eləyib buraxdım. İzlədim ki, görüm hara gedəcək. Çovğun at yenə 
birbaşa Nizami küçəsinə, komandirimizin həyətinə getdi. Dalınca gəlib gördüm ki, 
başıaşağı sakitcə dayanan Çovğun at burnu uzunu göz yaşı tökür. Özümü saxlaya 
bilməyib məndə zülüm-zülüm ağladım. Zorla onu darta-darta kazarmaya gətirdim. 
Heç kəsi minməyə yaxın qoymurdu. Kişnəyib şahə qalxan at Salyan kazarmasının 
həyətini başına götürmüşdü. Qərargah binasına yaxınlaşır, tükürpədici səslə bir-iki 
ağız kişnəyib, götürülürdü klub tərəfə, məşq meydanına, həyətdə fır-fır fırlanırdı. 
Sanki dilə gəlib “hanı mənim sahibim?” - deyə nalə çəkirdi. Heç kəs Çovğun ata 
baxa bilmirdi. Hamı qulağını tutub içəriyə qaçırdı. Bir həftəyə yaxın heç nə 
yeməyib, nalə çəkən Çovğun çərləyib öldü. 
Bax, bu hadisə oldu, məni sizin verilişdən sonra zülüm-zülüm ağladan... 
  
KOMİSSAR HEYDƏR VƏZİROV 
 
Zülmət gecələrin birində “Çornı voron” maşını komissar Heydər Sadıq oğlu 
Vəzirovun həyətində dayandı. Maşından düşən üç kölgənin biri çöldə qapı ağzında 
dayanıb, ikisi sürətlə ikinci mərtəbəyə qalxdı. Evi ələk-vələk elədilər, qorxudan 
titrəşən körpələrə məhəl qoymadılar. Şəkilləri, əlyazma və sənədləri yığışdırıb 
kəndirlə bağladılar. Gicgahları yenicə ağarmış kişi meşin qovluğu açıb həbs 
orderini stolun üstünə qoydu, naqanın lüləsini onun son səhifəsinə dirəyib “burdan 
qol çək” - dedi. Komissar Heydər Vəzirov bir kəlmə danışmadan qol çəkdi. Bilirdi 
ki, danışmağın, müdafiə olunmağın xeyri yoxdur. “Əmioğlu Qambayı apardılar, 
ailəsini həbs etdilər. Naxçıvandakı uzaq-yaxın qohumları da apardılar... İndi də 
növbə mənimdir”. O, şinelini geyindi. Əvvəlcə dörd yaşlı qızı Elmiranı öpdü. Uşaq 
tir-tir titrəyirdi, boynuna sarılıb boğula-boğula ağladı. Onu zorla özündən qoparıb, 
anası Leylaya verdi. Öz adını qoyduğu böyük oğlu Heydərin alnından öpüb 
astadan “anandan, bacından muğayat ol. Yaxşı, ayıbdı, sən axı kişisən” - deyib, 
özü də doluxsundu. 
Qambayın əmisi oğlu komissar Heydəri beləcə sorğusuz-sualsız apardılar. 
Köpək leşə dadanan kimi onlar da harda xalqımızın yaxşı oğulları, adlı-sanlı 
nəsilləri vardısa, onlara hücuma keçib “təmizləmə” aparırdılar. Beləcə, 37-ci illərin 
ağır zərbəsi xalqımızın milli tarixinə, bütun sahələrdə - ədəbiyyat, incəsənət, kənd 
təsərrüfatı, sənaye və ən başlıcası hərb tariximizə çox dəhşətli zərbələr vurdu. Hər 
gecə bir komissar, hər gecə yüksək rütbəli zabit, hərbi komisar gedər-gəlməzə 
göndərilirdi. Əgər o illərin haqsız qırğınları olmasaydı, indi neçə-neçə general, 
admiral oğullarımızın şan-şöhrəti ilə fəxr edərdik. Stalin, Beriya və Bağırov 
vəhşiliklərinin ehtirasının qurbanı olan zabitlərimiz günahsız olaraq həbs edilib 
Sibirin, Qazaxıstanın həyat nişanəsi olmayan qarlı çöllərində, dar və havasız, bir 
nəfərlik kameralarda üstünə min cür yalan, şər atılmaqla məhkəməsiz və qanunsuz 
güllələndilər. 

İyirminci illərdə respublikamızda ilk hərbi məktəblərin yaradıcılarından biri 
və Əliheydər Qarayevdən sonra ikinci respublika hərbi komissarı (1924-26-cı 
illərdə) olan Heydər Vəzirovu 1937-ci ildə respublika torpaq komissarı işləyəndə 
“pantürkist” adı ilə həbs etdilər. 
Görkəmli şairimiz, mərhum Qasım Qasımzadənin yaddaşından: 
- Onda mənim on üç-on dörd yaşım vardı. O ilin təlatümlü günlərini indiki 
kimi xatırlayıram. Kənddə çox nüfuzlu sayılan, sözükeçən şəxsiyyətlər bir-bir 
dənlənirdi. Bir hadisə gözümün qabağından getmir. Gərək ki, Azərbaycanda Sovet 
hakimiyyətinin ildönümü idi. Kənddə təntənəli yığıncaq keçirilirdi. Klub ağzına 
kimi dolmuşdu. Biz məktəblilər yerimizi yaşlılara verib ayaq üstə dayanmışdıq. O 
zaman hər məruzədən, çıxışdan sonra yer-yerdən rəhbərliyin, xalq komissarlarının 
şəninə “yaşasın”la başlayan şüar demək dəbdə idi. Məruzə qurtarantək alqışlar 
başlandı. Bir nəfər kolxozçu - suçu Hüseyn ayağa qalxıb dedi: “Yaşasın 
Azərbaycanın torpaq komissarı yoldaş Vəzirov!”. Onun alqışı təkəmseyrək çəpiklə 
qarşılandı. Sən demə, bir gün əvvəl Vəzirov “xalq düşməni” kimi “ifşa” edilibmiş. 
Bir-iki əl çalan da bundan xəbərsizmiş. Rəyasət heyəti bir-birinə dəydi. Sədr ayağa 
qalxdı: 
- Vətəndaş, səhvini geri götür! 
Suçu Hüseyn çaşbaş qaldı: 
- Vəzirov yoldaşa nə olub ki, səhvimi geri götürüm? 
- Demək, bilmirsən nə olub? 
- Bilmirəm... 
- Başa salarlar bilərsən... 
İclas yekunlaşdı. Dağılışdılar. Suçu Hüseyn də belini götürüb, pambıq 
sulamağa getdi. Aradan iki saat keçməmiş klubun qarşısında iki maşın dayandı. 
Taxta qoburlu, onatılan tapançalı zəhmli adamlar tökülüşdülər. Az sonra şalvarı 
dizinəcən çirməkli, ayaqları palçıqlı suçu Hüseyni milisioner qabağına qatıb 
gətirdi. Əl-ayağını yudurtdular. Evindən ayaqqabısını və bir həftəlik azuqəsini 
götürtdürüb maşına mindirdilər. Kişi çaşıb qalmışdı. Elə hey soruşurdu: 
- Axı yoldaş Vəzirova nə olub ki?! 
- Gedərsən yanına, özündən soruşarsan ki, sənə nə olub? 
Suçu Hüseyn o gedəndi ki, gedib, xəbərsiz-ətərsiz... 
Otuz yeddinin acı burulğanlarında belə mürvətsiz, qansız hadisələr, həbslər 
çox olub. Çox ailələr başsız qalıb, evi talan olunub. Axşam ailəsi ilə birgə şam 
eləyib yatan ata, səhər “xalq düşməni” çıxıb. Sumbatovların, borşovların, 
markaryanların, qriqoryanların murdar əlləri suçu Hüseynlərin günahsız qanını 
axıdıb. Haqqında söhbət açdığımız nə Qambay, nə də Heydər Vəzirovların 
ailəsindən bir nəfər belə sağ qalmayıb. Sürgünlər, həbsxanalar onları sağalmaz 
xəstəliyə yoluxdurub vaxtsız məhv etdi. 
1913-cü ildən başlayaraq ömrünün sonunadək xalqına sidq ürəklə xidmət 
edən Heydər Vəzirov bu günə qədər unudulmuş, yaddan çıxmışdır. Azərbaycan 
Sovet Ensiklopediyasında onun adı heç olmasa bir cümlə ilə də xatırlanmır, 
xidmətləri nədənsə danılır. Onun unudulmağının ilkin səbəblərindən birini biz rus 
dilli sənədlərdə görürük. Çox vaxt Qambay Vəzirovla onu qarışıq salırlar. Rus dilli 
sənədlərdə Heydər adı da “Q” hərfilə yazılır, Qambay da. Hər ikisi də hərbçi olub. 

Ona görə də bir çox tədqiqatçılar Heydərin xidmətlərini bəzən Qambay Vəzirovun 
adına yazıblar. Bu günə qədər komissar Heydər Vəzirovun nə anadan olmasının 
ildönümü qeyd olunub, nə də onun adı əbədiləşdirilib. 
Heydər Sadıq oğlu Vəzirov 1893-cü ildə Naxçıvanın qədim Nehrəm 
kəndində ziyalı ailəsində anadan olub. İlk ibtidai təhsilini o vaxtın qabaqcıl maarif 
ocağı olan “Tərbiyə” adlı üsuli-cədid məktəbində alıb. Heydər Vəzirov həmin 
məktəbdə məşhur ədəbiyyatşünas Əziz Şəriflə, teatr xadimi Rza Təhmasiblə birgə 
oxuyub. Məktəbin hamisi məşhur maarif xadimi Məmməd Tağı Sidqi idi. 
Naxçıvanda üsuli-cədid məktəbini bitirdikdən sonra atası Sadıq, Məmməd 
Tağı Sidqinin məsləhəti ilə balaca Heydəri İrəvan seminariyasına qoyur. 
Seminariyanı müvəffəqiyyətlə bitirən Heydər 1913-cü ildə gimnaziyanın 
səkkizinci sinfinə imtahan verir. Birinci Dünya müharibəsi başlandığına görə az 
müddət gimnaziyada oxuyan Heydər Vəzirov səfərbərliyə alınaraq qısa müddətli 
hərbi məktəbdə təhsil alır, 1915-ci ilin iyun ayında kiçik zabit rütbəsi ilə Qalitsiya 
uğrunda döyüşlərdə əsir düşür. 
Üç il alman əsirliyində qalan Heydər Vəzirov 1918-ci ildə Rusiya ilə 
Almaniya hərbi əsirləri dəyişəndə yaralılar sırasında Türkiyədən keçərək Qafqaza 
qayıdır. 
1918-ci ilin noyabrından Azərbaycan Demokratik Respublikasının Milli 
Ordusunda kiçik komandirlər hazırlayan məktəbdə müəllim işləyir. 1920-ci ilin 
aprel inqilabından sonra Heydər Vəzirov və hərbi məktəbin kollektivi bolşeviklərin 
tərəfinə keçir. Həmin ilin iyun ayında o, partiya sıralarına qəbul edilir. 
Heydər Vəzirov bundan sonrakı bütün şüurlu həyatını milli hərbi kadrların 
hazırlanmasına sərf edir. Onu “hərbiyyə məktəbi”nin rəisi təyin edirlər. 
Hələ iyirminci illərin sənədləri göstərir ki, komissar Heydər Vəzirov 
komandir şərəfini yüksək tutmuş və bu adı hörmətlə daşımışdır. Onun böyük 
bacarıqla rəhbərlik etdiyi Azərbaycan Birləşmiş Hərbi Məktəbi Gürcüstanda 
menşeviklərə, Ermənistanda daşnaklara qarşı hərbi əməliyyatlarda fəal iştirak 
etmişdir. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun, Xalq 
Hərbi və Dəniz komissarı Əliheydər Qarayevin verdiyi əmr və sənədlərdə bunu 
aydın görmək olur. 
Əliheydər Qarayevin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə göndərdiyi 
29 iyun 1920-ci il tarixli raportda deyilir: “Mənim adımı daşıyan (həmin illərdə 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin