ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

İyul, 1991-ci il. 
  
  
 
GENERAL-QUBERNATOR MƏMMƏD 
KOXANIN ACI TALEYİ 
 
  
Ömrün yollarında çox əsrarəngiz mənzərələrin 
şahidi olmuşam: keçilməz meşələr, yamyaşıl talalar, 
başı buludlara dəyən dağlar görmüşəm. Gördükcə, seyr 
etdikcə gözümdə Avey yaşayıb, Avey ucalıb. Avey dağı 
varlığıma hopub, səyyar xəyalım ildırım sürətilə ona 
qanadlanıb, ona uçub, Bu anlarda Daş Salahlı igidlərilə 
həmdərd, həmsöhbət olmuşam. 
 
Müəllif 
  
Gözlərindən qəm yağan qocanın fotoşəkli bir müddət yazı stolumun 
üstündən “mənə baxdı”. Düşünürdüm onu otağımın harasından asım ki, bizə gələn 
qonaqlar dərhal görsünlər. İstəyirdim və çox arzu edirdim ki, bu şəkildəki qocanı 

hamı görüb tanısın. Mənim nəslimdə onun ancaq adı yaşayırdı, bir də mərdliyi 
barədə danışılan əfsanəyə bənzər əhvalatlar. Amma indiyədək heç kəs, hətta yaxın 
qohumlar belə onun fotoşəklini görməmişdi. Onu görüb xatırlayan qocaların 
çoxusu həyatdan getmişdi. Nəvə-nəticələrin yaddaşında isə mərd babamız yavaş-
yavaş unudulurdu. Tapılan yeganə şəkil bizə onu elə bil yenidən qaytardı. Üstəlik 
də yaralarımızı göynətdi. 
Milli Təhlükəsizlik Nazirliyinin arxivindən aşkar olunan keçmiş Qazax 
general-qubernatoru Məmməd Koxa Mahmud oğlunun (1859-1933) fotoşəkli 
danışa bilsəydi, biz çox mətləblərdən hali olardıq. Bu nadir fotoşəklin bizim nəslə 
və bütün Daş Salahlı camaatına nə qədər sevinc bəxş etdiyini təsəvvür etmək 
mümkün deyil. 
Altmış beş il əvvəl 1929-cu ildə çəkilən bu fotoşəklə baxanda adamın ürəyi 
göynəyir. İnsanın üzündə, baxışında nə qədər qəm, kədər olarmış,  İlahi... ovuc içi 
boyda şəkli böyütdürdüm. Sənətkar dostum Seyfəddin Məmmədvəliyev onun 
surətini elə ustalıqla çıxartdı ki, üstündən zərif ağ xətlər gedən köynəyinin rəngi 
belə indi aydın seçilir. Biri üzbəüz, digəri yandan çəkilən şəkildə Məmməd 
Koxanın bütün dərdi-qəmini kilidlənmiş dodaqlarından, adamın yeddi qatını dəlib 
keçən baxışlarından görmək olurdu. Köynəyinə yapışdırılmış “801” rəqəmi onun 
dustaq nömrəsidir. Bəli, Daş Salahlının dustaq koxasının, Qazax general-
qubernatorunun bəxtinə belə bir nömrə düşüb. 1929-cu il sentyabrın 14-də yetmiş 
yaşlı qocanı Sovet hökumətinin düşməni kimi həbs ediblər. Vaxtilə Qarayazıda, 
Ceyrançöldə, Mehrab düzündə kəhər at belində gəzən igidin əl-ayağı 
qandallanaraq dustaq edilib. Niyə, nə üçün, hansı günahın sahibi idi Məmməd 
Koxa? 
Siyasi idarənin əməkdaşı Revaz Xaçikyan bu suallara “əsaslı” cavab tapıb: 
1918-20-ci illərdə general-qubernator olub, mülkədar - ağa nəslindəndir və ən 
başlıcası, Qazax mahalındakı “Həqiqət Ordusu” adlı gizli antisovet təşkilatının fəal 
iştirakçısıdır. Ona görə də Daş Salahlı sakini, yetmiş yaşlı Məmməd Koxa 
Mahmud oğlu, yenə həmin kəndin sakini, səksən yaşlı Miralayev Mustafa ağa, 
Poylu kənd sakini Rəhim bəy Hacıqasımov, Aslanbəyli kəndinin ağası, doxsan 
yaşlı Aşır Heyne oğlu, Dəmirçilər kənd sakini Mehdiyev Mustafa ağa Mehdi ağa 
oğlu cinayət əməllərinə görə (26 nəfərlə birlikdə) Azərbaycan SSR Cinayət 
Məcəlləsinin 64-cü maddəsilə həbs ediliblər. 
Məmməd Koxa əhvalatının mübahisə doğuracağını bəri başdan bildiyim 
üçün bu yazıda Qazax ağsaqqallarının xatirələrinə arxalanmışam. Çalışmışam ki, 
olub-keçənləri olduğu kimi yazım. Ona görə də uzun illər boyu tələsmədən, 
arxivlərdə araşdırmalar aparmışam. O hadisələrin şahidi olan qocalarla görüşüb 
söhbət etmişəm. Nə yaxşı ki, aşkarlıq da gəlib çıxdı. Yoxsa tarix bu əhvalatların 
üstündən sükutla keçər, el arasında danışılan bu hadisələr də həmişəlik bağlı 
qalardı. 
İşdir, müəyyən fakt və hadisələrlə bağlı ziddiyyət doğuran fikirlər ortaya 
çıxsa, təhriflər müəyyən edilsə, bu barədə mənə məlumat verəcək yoldaşlara 
irəlicədən təşəkkürümü bildirirəm. Mərd babamız Məmməd Koxa Mahmud oğlu 
barədə susmağa haqqım olmadığı üçün bu əhvalatları qələmə almağı özümə borc 
bildim. 

 
MƏMMƏD KOXA ƏHVALATI 
 
Daş Salahlı kəndində uzun illər 
koxalıq etmiş çox müdrik, nüfuzlu bir 
şəxs vardı. Onun adına Məmməd Koxa 
deyərdilər. 
 
Mirvarid DİLBAZİ  
Xalq şairi 
 
 
 
Qiymət qoyar aca, toxa, 
Alardı hədəfə, oxa, 
Daş Salahlı Məmməd Koxa, 
Səni açıq bazar gördüm. 
 
Həsənəli bəy ƏSGƏRXANOV  
Qazax pristavı 
 
Daş Salahlıda nər biləkli, düz qamətli, əyrilərə yağı kəsilən bir kişi olub. El 
qeyrəti, oba təəssübü çəkən Məmməd Koxa Mahmud oğlu Mahmudovu müdrik 
yaşlı qocalarımız xeyir-şər məclislərində “qeyrətli kişi, çörəkli kişi” kimi tez-tez 
yad edirlər. 1914-20-ci illərdə daşnak dəstələrinin burnunu ovduğuna, haqq 
sözündə dönməz olduğuna görə ona el arasında Boz Məmməd də deyiblər. 
Otuzuncu illərdə cah-cəlalı dağılan, sürgün olunan Məmməd Koxanın günahı 
hürriyyət vaxtı Qazaxda qubernator olmağı idi. 
Qırx ilə yaxın Daş Salahlıda kənd koxası olan Məmməd baba doğma 
kəndinin xoş güzəranı üçün az iş görməyib. O, ötən əsrin sonlarında Tiflisə, Qoriyə 
gedib Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadə ilə, Qori 
Seminariyasının Azərbaycan şöbəsinin müdiri Aleksey Osipoviç Çernyayevski və 
görkəmli maarif xadimi Firudin bəy Köçərli ilə görüşüb, öz xərcinə kənddə səkkiz 
otaqlı ibtidai məktəb açmağa nail olub. Vaxtilə həmin məktəbin məzunlarından sağ 
qalanlar var. 
Məmməd Koxanın xeyirxah əməllərinin nişanələri indi də qalır. O, Daş 
Salahlıda dəftərxana binası tikdirib, 1914-cü ildə Avey dağından kəndə bulaq 
çəkdirib - daş salahlılar indi də bu bulağın suyundan içirlər. Bulağın açılışına 
məşhur el aşığı Əsəd Rzayevi dəvət edib. Üç gün, üç gecə keçən bu el şənliyində 
aşıq Əsəd Qazax bəylərinin, Daş Salahlı igidlərinin vəsfini saza-sözə çəkib. 
 
Daş Salahlı Məmməd Koxa, 
Gəl səni mərdanə deyim. 
Eşidib hər qubernat 
Əvvəl İrəvana deyim. 

Gizlətməyim bu vəsfini, 
Şəril
53
-Naxçıvana deyim. 
Kəmərini qurşamağı 
Ol şahi-mərdanə deyim. 
 
... 1917-ci ildə, fevral-burjua inqilabından sonra imperiyanın hər yerində 
olduğu kimi, Azərbaycanın qərbindəki Qazax mahalında da hərc-mərclik yaranır, 
oğurluq, soyğunçuluq həddini aşır. Hamı tüfəngli gəzir, kimin kimdən xoşu 
gəlmirsə, yerindəcə güllələyir. Basqınlar, ev yarmaq, naxır-sürü oğurlamaq dəb 
düşür. Obada talançılıqdan fəlakətlər törəyir. Ziyalılar, başbilənlər kimi qubernator 
seçirlərsə də, vəziyyət düzəlmir ki, düzəlmir... Mahalda ikitirəlikdən günahsız 
qanlar, haqsız ölümlər çoxalır. 
Obanın tarixinin mahir bilicisi, Daş Salahlı ağsaqqalı Əhmədağa Paşayev: 
Belə bir vaxtda Tiflisdəki menşevik hökuməti iddia irəli sürür ki, Şəmkir 
çayından bəri olan sahələr Gürcüstana qatılmalıdır, çünki Nadir şahın 1736-cı il 
fərmanına
54
 əsasən həmin ərazilər Gürcüstan valisinin ixtiyarına verilib. 
Xalq belə qarmaqarışıqlıqlardan, ərazi iddiasından hiddətlənmişdi, Qazağın 
məşhur bəyləri, vurub-yıxan qoçuları daha dözə bilməyib xalq arasında tanınmış 
şəxs olan Yuxarı Salahlı kənd sakini Məmmədağa Vəkilovun yanına məsləhət-
məşvərətə yığışdılar. Məclisdə təklif olundu ki, bir nəfər rəhbər seçilsin və belə bir 
ağır zamanda qəzanı idarə etsin. Yerbəyerdən qəza pristavı vəzifəsində işləmiş 
Cahangir bəy Şıxlinskinin namizədliyi irəli sürüldü. Cahangir bəy isə öz 
namizədliyini geri götürdü və məsləhət gördü ki, bu vəzifəyə bəylərdən yox, 
rəiyyətdən seçilsin, çünki indiki vəziyyət belə tələb edir. 
Qazax mahalı quberniya olmasa da, nəhayət, çox söz-söhbətdən sonra daş 
salahlı Məmməd Koxaya qubernator adı verərək Qazax mahalına inzibati rəhbər 
seçdilər. Məmməd Koxa gecəni gündüzə qataraq çalışırdı ki, əmin-amanlığı 
qorusun. O, cəzaları özü təyin edirdi. Prokuror da, məhkəmə də özü idi. Quldurluq 
edənlərin gözünü qorxutmaq üçün bir nəfəri soyğunçuluq üstündə qulağından 
teleqraf dirəyinə mıxlatmışdı. 
Tiflis menşevikləri qazaxlıların onların əmrlərinə tabe olmamaqlarından, 
özbaşınalıqlarından qəzəblənir, torpaq iddiasını daha israrla irəli sürürdülər. 
Məmməd Koxa savadsız olsa da, çox böyük milli qürura malik idi. Ona görə də 
gürcüləri saya salmırdı. Hətta bir dəfə torpaq iddiası ilə yanına gələn gürcü 
elçilərini qovmuş, vaxtilə Qazağı Gürcüstana ilhaq edən Nadir şahı da söymüşdü. 
Gürcüstan menşevik hökuməti hərbi müdaxiləyə hazırlaşmağa başladı. 
Gürcü zabitləri Tiflisdən və ətraf kəndlərdən gürcülərin əlaltısı olan 
müsəlmanlardan əsgəri hissə düzəldib, qısa təlimdən sonra Ağstafa tərəfdən 
Qazağa hücum etdilər. Şiddətli mübarizə başlandı. Məmməd Koxadan narazı olan 
oğrular, əyrilər də ayağa qalxdı. 1918-ci ilin may ayında olan döyüşlərdə gürcülər 
şəhərin bir sıra mühüm obyektlərini ələ keçirdilər. Axşam qaranlıq çökəndə 
                                                 
53
 Şərur 
54
 Nаdir şаh bеlə bir fərmаnı оnа görə vеrib ki, 1736-cı ildə Мuğаnın Cаvаd şəhərində kеçirdiyi özünü şаhsеçmə 
qurultаyınа qаzахlılаr  gəlməmişdi müəl. 
 

Qazağın din xadimi Mirseyid ağa əlində ağ bayraq Məmməd Koxanın qərargahına 
gəldi. Dedi ki, ay Məmməd Koxa, çıx şəhərdən, arada camaat qırılır, görürsən ki, 
bu həna o hənadan deyil. Bədbəxt müsəlman özünü içəridən “yeyir”, qardaş-
qardaşı qırır. Arada gavur barmağı var... İgid Məmməd Koxa bir qədər 
məsləhətdən sonra cavab verdi ki, heç vaxt təslim olmayacağam, amma gecə yarı 
müvəqqəti şəhərdən çıxaram. Ona görə ki, düşmən gülləsini atan 
özümüzünküdür... 
Beləliklə, qubernator Məmməd Koxa mərdi-mərdanə çıxıb getdi. Qazax 
şəhəri isə topun, pulemyotun və satqın adamların köməyi ilə gürcülər tərəfindən 
müvəqqəti alındı. 
MƏMMƏD     KOXANIN     səxavəti: 
1911-ci ildə Sibir sürgünündən qayıdan bir qaraçöplü Qazağa kimi zor-güclə 
gəlib çıxır. O qədər yoxsul imiş ki, evinə gedib çatmaq üçün çibində bir qəpiyi də 
yoxmuş. Bir xeyirxah ona məsləhət görür ki, bu gün bazardı, get ora. Daş salahlı 
Məmməd Koxanı soruş, tap. Pul-para üçün ağız açsan, əl tutan adamdı, kömək 
eləyər. Daş salahlı Məmməd deyə-deyə axtaran qaraçöplüyə Cəbioğlu Məmmədi 
nişan verirlər. 
Cəbioğlu Məmməd şübhəli-şübhəli yuxarıdan-aşağı sürgündən qayıdana 
baxır. Elə zənn edir ki, bazarın lotuları sataşmaq üçün bu yoxsulu onun üstünə 
göndəriblər. Fəqirlə bir neçə kəlmə kəsəndən sonra: 
Oğul, - deyir, - gəlməyinə düz gəlibsən, sənə düz nişan veriblər. Pulum, 
varım boldu. Qapımda yüzə yaxın qızıl yelinli inəyim sağılır, kəhər erkək atlarım 
kişnəşir, subay malımın, qoyun sürümün sayını-hesabını bilmirəm... Amma mənim 
əlim pul verməyə öyrəşməyib, almağa, yığmağa öyrəşib. Mən Cəbioğlu 
Məmmədəm. Pul verən, əl tutan bizim əmizadə koxa Mahmudoğlu Məmməddi, 
pulunun dəlisi odu. Bəri dur, onu göstərim. Odey, xəz kürklü, qarayanız, qara bığlı 
Məmməd Koxadı, iki nəfərlə söhbət edir. Get, pulu ondan istə. 
Qaraçöplü gözləyir ki, Məmməd Koxanın yanındakılar aralanıb getsin, sonra 
yaxınlaşıb sözünü desin. Məmməd Koxa bir az aralıda gəzinən fəqirin ona nəsə 
demək istədiyini hiss edib: 
- Oğul, - deyir, - nəsə sözlü adama oxşayırsan, yaxın gəl görüm kimsən, nə 
istəyin var?  
- Ay ağa, dustaqlıqdan qayıdıram, yol pulum qurtarıb, mənə bir az xərclik 
ver, gedim evə çıxım. 
Məmməd Koxa kürkünün ətəyini geri atıb əlini cibinə salır, bir dəstə pul 
çıxardıb saymadan hamısını ona verir. 
Dustaq özünə bir dəst paltar alıb yola düşür. Bir ay sonra geyimli-gecimli, 
boynu qotazlı erkəklərlə dörd fayton adam Daş Salahlıya gəlib Məmməd Koxanın 
qonağı olurlar. Onlar dustaq qaraçöplünün qohumları idi. Sən demə, sürgündən 
qayıdan qaraçöplü də əsilli-nəsilli ailədən imiş. Bu əsl-nəcabətli ailənin dostluğu 
1920-ci ilə qədər davam edib. 
1912-ci ildə Məmməd baba yeganə oğlu Həmid bəyi Tiflisdəki birinci 
klassik gimnaziyaya oxumağa göndərir. Həmid bəy həmyerlisi Vəli ağa Dilbazi ilə 
birgə təhsil almışdı. Onların 1913-cü ildə birgə çəkilmiş fotoşəkli də yadigar qalıb. 
1918-ci ildə Tiflis gimnaziyasını bitirən Həmid bəy atasının məsləhəti ilə 

azərbaycanlı gənclər üçün Gəncədə yenicə açılmış “hərbiyyə məktəbi”nə qəbul 
olunur. 
1919-cu il mayın beşində həmin məktəbin ilk buraxılışı oldu. Hərb naziri 
Səməd bəy Mehmandarovun 236 nömrəli əmri ilə bir qrup yunker praporşik 
rütbəsilə təltif edildi. Məktəbi birinci dərəcə ilə bitirən Həmid bəy Mahmudova da 
praporşik rütbəsi verildi. Hərbi xidmətini davam etdirmək üçün o, üçüncü Şəki 
süvari alayına göndərildi. 
İyirminci ilin aprelində zabit Həmid bəy Gəncə üsyanında iştirak edir. 
Vətənini yadlardan xilas etmək istəyən Həmid bəyin faciəsi də o gündən başlayır. 
O, Vətənində qaçaq düşür. Başına topladığı zabit dostları ilə Qarayazı, Tatlı 
meşələrində, Avey və Odun dağlarında düşmənə qarşı vuruşur. Şura hökumətinin 
təşkil etdiyi erməni milis dəstəsi onun dəstəsini qarabaqara təqib edir. Həmid bəyə 
görə atası Məmməd Koxa Sibirə sürgün olunur. Nəslin başıpapaqlıları günün-
günortaçağı məhkəməsiz güllələnir. Bir sözlə, 1926-cı ildən başlayaraq, Məmməd 
Koxanın nəslinə kor gözlü bəla gəlir 
 
İDEYA SİLAHDAN GÜCLÜ İDİ 
 
Hər dəfə xeyir-şər məclislərində Həmid bəyin faciəsindən, Məmməd 
Koxanın mərdliyindən danışılanda ürək ağrısı ilə qulaq asır və düşünürdüm ki, nə 
üçün bunlar “xalq düşməni”dirlər. Axı, Vətəni yadlardan qoruyan oğul da düşmən 
olarmı? Suallarıma cavab tapa bilmirdim. Ona görə ki, beş-üç il əvvəl bəzi adamlar 
məclislərdə Məmməd Koxanın qeyrətindən, Həmid bəyin dönməzliyindən danışır, 
söhbətinin yekununda isə “hökumətin düşmənidirlər” deməkdən çəkinmirdilər. 
Onların danışığından belə məlum olurdu ki, bəy, ağa, xan, koxa, qubernator
pristav titullu adamların hamısı dövlətin, xalqın düşməni olublar. “Həmid bəy 
musavat zabiti olub” sözlərini partiyaçının, komsomolçunun, hətta kolxoz sədrinin 
iştirfk etdiyi məclisdə demək belə mümkun deyildi. 
Amma tez-tez görüşdüyüm aqsaqqal ziyalılar və hadisələrin şahidi, 
iştirakçısı olan Daş Salahlı sakinləri Əmrahoğlu Mədəd, Əhməd ağa Paşayev, 
Əbdüləzim Həsənov, Zuraboğlu Məcid, Əvəz Avdıoğlu, Rəsul dayı, Seyidoğlu  
Həsən və başqaları Məmməd Koxanın, Həmid bəyin “düşmən” olduqlarını 
tamamilə inkar edirdilər. Fəxrlə deyirdilər ki, kişi kimi yaşayıb, igid kimi də 
öldülər. Xüsusilə, doxsan dörd yaşlı Zuraboğlu Məcidi dinləyəndən sonra 
düşünürdüm ki, Azərbaycan Demokratik hökumətinin zabitlərində ideya silahdan 
da güclü olub. 
- Gürcülərin Qazağı almasının səbəbkarı özümüzünkülər oldu. Qubernator 
Məmməd Koxa az vaxtda Qazaxda tam əmin-amanlıq yaratdı. Qoçuların, 
başıpozuqların əl-ayağını yığışdırdı. Onun sərtliyi, məğrur səsi yaramazların 
hamısını elə bil zərərsizləşdirdi. Ev yaranlar, oğrular yoxa çıxdı. Ona Kosalardan 
Süleyman uşağı, Salahlı bəyləri, Söyünbəyli Söyünağa, Kəsəmənli Hacan, 
Alsöyün, Molla Zal uşağı çox kömək elədilər. Koxa Sınıq körpüyə gözətçi dəstəsi 
qoydu. Bütün Qazax sərhədləri möhkəmləndi. İcevan, Dilican tərəfdən bəd xəyala 
düşən bir erməni başını qaldırıb bəri baxa bilmirdi. Özünə güvənən cavanları 
səfərbər edib sərhəd kəndlərinə göndərdi. 

Məmməd Koxanın şərti belə idi: kim Qazağı dağıtmaq xəyalına düşsə, 
əlində oğurluq tutulsa, güllələdəcəm. Özgə cür mümkün də deyildi. 
Başıpozuqların, yetim malı yeyənlərin, ev yaranların və bir neçə bəyin gözü 
bunları götürmədi. Çünki onların atişləməz yollarını Məmməd Koxa bağlamışdı. 
Belə olanda onlar gürcü menşeviklərinə yaltaqlanaraq, torpaq iddiasını irəli atdılar. 
İki polk, top və silahlı əsgər gətirdilər. Bir bəy və bir uçitel Qazağa yiyələnmək 
istədi. 
Bizim kənddən bu döyüşdə gürcülərə qarşı Mahmud Qaragözoğlu, 
Seyidoğlu Mikayıl, Avdı Mahmudoğlu, İlya Osman oğlu, Həmid bəy 
Məmmədoğlu igid kimi vuruşurdular. Mən, İlya Osmanoğlunun dəstəsində 
döyüşürdüm. Yazbaşı, taxılın sünbüllənən vaxtı idi. Gecə Ağstafa çayını keçib 
kəndə gəldik. Həmid bəynən İlya çox fikirli idilər. Sabah kəndə hücum 
gözlənilirdi. Axşam üstü Ürkməzli bozunda, Məhəd bəyin təpəsi deyilən yerdən 
gürcü qoşunu top atəşinə başladı. Əsas hədəf Məmməd Koxanın imarəti idi. 
Tüfənglə qabağını alammadıq, bizim topumuz yox idi. Evdən arvad-uşağı çıxardıq. 
Koxa salahlılı Annax bəyə və Xanoğlu İsmayıl ağaya pənah apardı. Bir para 
nanəciblər evinə basqın eləyib, var-dövlətini dağıtmaq istəyirdi. İsmayıl ağa 
qoymadı. Dedi ki, Koxa yoxdu, onun hörməti-izzəti burdadı. Kim irəli yerisə 
güllələyəcəyəm. Koxanın heç nəyinə toxunmadılar. 
1914-cü ildə Məmməd Koxanın kəndə bulaq çəkdirməyi də çox yaxşı 
yadımdadır. Qazıntı vaxtı bulağın gözündən iri bir qaya çıxdı. Usta dedi ki, bu sal 
qaya çıxarılsa su bütün kəndə bəs eləyər. İki qardaş - Səməd və Əsəd Qurbanoğlu 
daşı çıxartdılar. Məmməd koxa onların hərəsinə bir sağmal inək bağışladı... 
Sonralar Şura hökuməti Məmməd Koxanı incitməkdə çox haqsız iş gördü. 
O, yetimlər atası, elin oğlu, obanın ağsaqqalı idi. İndinin özündə də bizim Daş 
Salahlını Məmməd Koxa kimi igid, xeyirxah kişiyə görə tanıyırlar. 
Doxsan dörd yaşım var, bir ayağım gordadı. Yalan danışa bilməyəcəyəm. 
Koxanın özünə layiq, özü kimi də igid, qorxmaz oğlu vardı. Bu günə qədər Həmid 
kimi əla tüfəng atana, cəld igidə rast gəlməmişəm. O, savadlı bir zabit idi. Yazbaşı 
taxıllıqnan kəndə gələndə Həmid bəylə yanaşı gedirdik. Mənə elə gəlirdi ki, Həmid 
bəyin yerişindən, zəhmindən yer titrəyir... 
 
NAMUSLU DÜŞMƏN 
 
Yazımızın əvvəlində Məmməd Koxa haqqında xalq şairi Mirvarid xanım 
Dilbazidən epiqraf verdiyimiz onun şifahi söhbətindən deyil. Mirvarid xanım da o 
döyüşlərin şahididir. O, həmin hadisələrdən “Namuslu düşmən” adlı xatirə-hekayə 
də yazıb (Bax. M.Dilbazi “Abşeron bağlarında” kitabı, Bakı, 1984-cü il, səh,61). 
Xatirə hekayənin məzmunundan məlum olur ki, hürriyyət vaxtı Məmməd 
Koxa ilə Mirvarid xanımın babası Mustafa ağanın yeniyetmə əmisi oğlanları 
arasında qan davası duşür. Qan düşmənçiliyinin həmişə əleyhinə olan, kəndin 
hörmətli ağsaqqallarından biri Mustafa ağa tündməzac, ehtiraslı cavanları yola 
gətirə bilmir. Hər iki nəsildən ölən və yaralananlar olduğuna görə düşmənçiliyin 
kökü daha da dərinləşir. Musavat dövründə isə Hacı Kərim Sanılı Gürcüstandan 
gətirdiyi qoşunun köməyi ilə Məmməd Koxanın evini top atəşinə tutur. 

Onda atam ölmüşdü, biz babamgildə idik. Top güllələri tez-tez Avey dağa da 
gəlib çatır, dağı söküb dağıdırdı. 
Belə vəziyyətdə arvad-uşağın ələ keçməməsi və top atəşilə məhv edilməməsi 
üçün Məmməd Koxa qohumlarını başına yığıb deyir: 
- Namussuz dostdan namuslu düşmən yaxşıdı. Mustafa ağa düşməndir, lakin 
namusludur. 
 Məmməd Koxa arvad-uşağını və evdə qiymətli nə varsa arabalara yüklədir. 
Bu hadisə mənim yadımdadır. 
Axşam şər qarışmışdı. Bir də gördük qapımızda arabalar dayandı. 
Arabalarda al-şal içində qızlar, ahıl arvadlar bər-bəzəkli oturmuşdular. O biri 
arabalarda xalı-zili, ev avadanlığı  yüklənmişdi. 
Əhvalatı gələnlər babama, nənəmə danışıb dedilər: 
- Məmməd Koxanın ailəsidi. 
Arvad-uşağı hörmətlə qarşılayıb, onları qonaq otağına apardılar. Gətirdikləri 
əşyaları da himayə etdilər. Arabaçıları da yedirtdilər. Dərhal qoyun kəsildi, 
samovar buğlandı. Arvadlar ağlaşırdılar, nənəm onları sakit etdi. 
Bir neçə gündən sonra ara sakitləşdi, gələnlər ehtiramla yola salındı, keçmiş 
kişiləri mən belə xatırlayıram”. 
Mirvarid xanımın kiçik xatirə hekayəsində hadisə real verilib. Buna söz 
yoxdur. Lakin qoy, anamız  Mirvarid xanım bizdən inciməsin, onun bircə 
cümləsinə iradımız var: “Məmməd Koxanın bir sözündən inciyib, özünü təhqir 
edilmiş hiss edən Hacı Kərim Sanılı günlərin birində yaxın məsafədən onun evini 
top atəşinə tutdurdu”. 
Məmməd Koxanın evi Sanılıya dediyi təhqiramiz sözə görə topa tutulmayıb. 
Aravuran casuslar Sanılıya demişdilər ki, Qazaxdan çıxan Məmməd Koxa Daş 
Salahlıdakı evinə yenidən qoşun yığır. Ona görə də Sanılı Koxanın evini atəşə 
tutdurdu. O vaxtlar sol menşevik partiyasının üzvü Hacı Kərim Sanılı gürcülərin 
köməyi ilə Qazaxda qubernator oldu. Amma bu vəzifənin ömrü onun üçün çox 
gödək oldu. Ay yarımdan sonra türklər gəldi. Yerli əhalinin tələbi ilə türklər 
Sanılını vəzifədən azad edib yenidən Məmməd Koxanı Qazağa qubernator təyin 
etdilər. 
Gürcülərin birinci hücumunu qubernator Məmməd Koxa 1918-ci ilin 
yazında Sınıq körpünün yanında Şıxlı, Salahlı, İncə dərəsinin say-seçmə igidləri ilə 
geri oturtdu. Bu döyüşdə İncəli Uzun Allahverənin, kosalardan Müseyib Məşədi 
İbrahim oğlunun, Orta Salahlıdan Mədəd bəy Annax bəy oğlunun, Şıxlıdan Tomtu 
oğlu Əmiraslanın, Qara Məşədinin, Qiyas bəy Şıxlinskinin, Körpülüdən Süleyman 
ağa Naziroğlunun və başqa igidlərin süvari dəstələri xüsusilə fərqləndilər. İkinci 
dəfə dəmir yolu ilə hücuma keçən menşevik zirehli qatarının qabağını Soyuqbulaq 
stansiyasında ağac kötükləri ilə kəsib, əsgərləri tərksilah etdilər. Bir nəfərin belə 
burnunu qanatmadan geriyə -Tiflisə qaytarırlar. Üç yüz nəfərlik menşevik alayı 
Tiflisə tərksilah olunmuş, üzü qara, gülünc vəziyyətdə qayıdır. Bu, menşevik 
hökumətini bərk qəzəbləndirir. 
Üçüncü hücumda qoşunun sayı artırılır. Bir neçə xırda çaplı yüngül “Don” 
markalı toplar əlavə olunur. Bu dəfə hərbi eşalonu arxadan köməkçi topçu zirehli 
qatar da müşayiət edir. Qoşuna daha təcrübəli gürcü menşevik zabitlərinin 

komandanlığı tapşırılır. Sanıoğlunu, Tat Əbdüləlini, Kəsəmənli Taharı da onlara 
qoşub bərk-bərk tapşırırlar ki, gürcü zabitlərini qoruyun, gərək onlardan birinin 
belə burnu qanamasın. Hərbi eşalon o taydakı Salahlı stansiyasına çatıb dayanır. 
Top və pulemyotların lülələrini Kür sahilindəki binələrə tuşlayıb, həyəcanla fit 
verirlər. Danışığa gələn nümayəndələr tələb edirlər və şərt qoyurlar ki, on gün 
əvvəl eşalonu tərksilah edib aldığınız silahları qaytarın, yoxsa binələri yerlə-yeksan 
edəcəyik. Onlar şərtə əməl olunmadığını görüb Ağstafa tərəfdən hücuma 
başlayırlar... 
İllər keçib, milli qürurlu Məmməd Koxanın ərazi iddiası üçün yanına gələn 
gürcü nümayəndələrinə verdiyi sərt cavabı qazaxlılar hələ də zərb-məsəl kimi 
danışırlar. 
Məmməd Koxa onlara demişdir: 
- Sizin Tiflis menşeviklərinin atının üzəngisini basmağa bizim təhərimiz 
yoxdur. Buna qeyrətimiz yol vermir. Biz göstərişi özümüzün Musavat 
hökumətimizdən alırıq. Bizə göstərişi Bakıdan və Gəncədən verirlər, Tiflisdən yox. 
- Bəs Nadir şahın fərmanı? Ona əməl olunmalıdır... 
- Elə bir fərman verməkdə Nadir şah çox böyük qələt eləyib, ata-babası ilə... 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin