Xətainin Xətası bu imiş sən demə



Yüklə 16,22 Kb.
tarix20.11.2023
ölçüsü16,22 Kb.
#164812
Xətainin Xətası bu imiş sən demə


Xətainin Xətası bu imiş sən demə..
Şah İsmayıl Xətainin şəxsiyyətinə yönəlmiş, bu gün də davam edən əsassız ittihamlara cavab olaraq bildirim ki, Xətainin-1501-ci ildə mərkəzləşdirilmiş Səfəvilər dövlətini yaratmış fenomenal şəxsiyyətin hər hansı bir müdafiəyə ehtiyacı yoxdu.
Ən azından ona görə ki, “qalibləri mühakimə etmirlər”. Amma Şah İsmayıl Xətai istisnalıq təşkil edir. Üstündən 500 il keçməsinə rəğmən Xətainin tarix səhnəsindəki yeri bu gün də qısqanclıqla qarşılanır. Haqlı sual yaranır ki, niyə gündəmə gəlmək istəyənlər hər dəfə Şah İsmayıl Xətaini hədəfə alırlar?
Tarixi-etnik baxımdan yanaşdıqda Azərbaycanı Türkiyədən, yaxud əksinə, Türkiyəni Azərbaycandan ayıracaq xüsusi bir ciddi amil nəzərə çarpmır. Fəqət, Əlisa Nicatın sözləri ilə desək, “dövlətin siyasətini xalq deyil, hakimiyyət müəyyən edir”. Nə qədər çalışsaq da, siyasi maraqlar bizim (xalqın-R.K) mənafeyimizdən üstün tutulur. Bu, həmişə belə olub, belədi və belə də olacaq.
Nəzərinizə çatdırım ki, Osmanlı dövləti və imperiyası mənbələrdə heç zaman siyasi anlam kəsb edən “Türkiyə” adıyla qeyd edilməmişdir. Belə ki, “Türkiyə” sözü coğrafi ad olaraq türklərin vətəni mənasında ilk dəfə Bizans mənbələrində Orta Asiyanı bildirmək məqsədilə işlənmişdir. IX-X əsrlərin Bizans müəllifləri Asiyanın qərbindən Orta Asiyaya qədər uzanan bölgəni məhz belə adlandırmışlar: “Qərbi Türkiyə-Xəzər ölkəsi”.
Avropalılar isə XII əsrdən etibarən Anadolunu Türkiyə adalndırmağa başlamışlar. Gördüyümüz kimi, 1923-cü ilədək Türkiyə istilahı siyasi məna daşımamış, yalnız coğrafi aspektdən işıqlandırılmışdır. Bu mənada, indiki Türkiyə ziyalıları və ictimai-siyasi xadimlərinin Şah İsmayıl Səfəvini Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vurmaqda, qardaş qırğını törətməkdə ittiham etmələri yumşaq formada desək, qərəzlidir. Ən azından yuxarıda qeyd etdiyim arayışa görə. Deyə bilərlər ki, ad dəyişib, ölkə və millət eynidi.
Məsələ ondadır ki, Osmanlı imperiyasında türklər çoxluq təşkil etsələr də, iyerarxik pillədə demək olar ki, sonuncu yerdə qərarlaşmışdılar. Bu gün qardaş ölkənin tarixçi və tədqiqatçılarının Sultan Səlimi “sudan quru çıxarmaq” cəhdlərinə baxmayaraq, tarixi faktlar Şah İsmayıla haqq qazandırır. “Sultan Səlim” məsələsində Azərbaycandan olan “türkçülər” qardaş ölkənin ziyalılarından heç də geridə qalmırlar. Qeyd edilməlidir ki, 500 ildən bəri mübahisə obyektinə çevrilmiş, nəticələri orta əsrlərin statistik göstəricilərini aşmayan Çaldıran döyüşü dövrün siyasi şərtləri baxımından labüd idi.
Bunu hər şeydən əvvəl taxtı ələ keçirmək üçün atasını zəhərləyən, hakimiyyətə gəldikdən sonra qardaşlarının körpə övladlarını belə öldürməkdən çəkinməyən Yavuz Səlimin davranışları diqtə edirdi. Şah İsmayıl Səfəvinin məşhur Topqapı muzeyində çox qiymətli eksponat kimi qorunan dörd məktubu bu döyüşdə kimin marağı olduğunu aşkarlayır.
Mənim məqsədim isə bu döyüşdə kimin haqlı, kimin haqsız olduğunu aşkara çıxarmaq deyil. Niyyətim iki dövlət arasındakı mənfi münasibətləri doğuran səbəblərə az da olsa, işıq salmaqdı. Həqiqətin ortaya çıxması üçün neytrallığı qoruyub saxlamaqla obyektiv mövqe nümayiş etdirməyə çalışmışam.
Tarixin başladığı zamandan bu günə qədər Azərbaycan və indiki Türkiyə ərazisində müxtəlif dövlətlər mövcud olub. 1299-cu ildə əsası qoyulmuş Osmanlı bəyliyindən dünyanın böyük hissəsini əhatə edən nəhəng imperiyanın meydana gəlməsi isə türk millətinin əzəmətinin nişanəsidi, desəm, yanılmaram. Deyə bilərlər ki, bundan əvvəl də, türk imperatorluqları olub, nədən yalnız Osmanlını təhlil edirik?
Məsələ ondadır ki, bəhs edəcəyimiz mövzu məhz Osmanlı dövlətinin mövcudluğuna bağlı olduğundan bu üzdən sözügedən imperatorluğu hallandırdıq. Diqqətinizə çatdırım ki, sözügedən dövlət əvvəlcə bəylik olmuş, Səlcuq sultanlarına xidmət müqabilində Osman bəyə verilmiş Domançi yaylağı əsasında yaranmışdı. Yəni ilkin dövrdə yaranma arealına görə Osmanlı dövləti Səfəvilərlə müqayisə belə oluna bilməzdi.
Səfəvilər dövlətinin mərkəzi Azərbaycan, etnik nüvə isə Azərbaycan türkləri olmuşdu. Yəqin ki, diqqətli oxucularımız hər iki türk dövlətinin yaranma tarixlərinə nəzər yetirdilər. Gördüyümüz kimi, Osmanlı və Səfəvi dövlətlərinin yaranması düz 202 illik zaman kəsiyi ilə fərqlənir. Yəni Səfəvi dövləti gənc dövlət olaraq dünya siyasətində ilk addımlarını atmağa başladığı bir vaxtda, artıq imperiyaya çevrilmiş Osmanlı özünün ən parlaq yüksəliş dövrünü yaşayır.
Əslində, Osmanlı imperiyası daha ayıq-sayıq, daha məntiqli və ağır münasibət sərgiləməli ikən, əksini görürük. 1512-ci ilə qədər-Səlim Yavuz Osmanlı taxtını ələ keçirənədək Osmanlı imperiyası öz çəkisini saxlamış, Səfəvilərə həmişə xoş münasibət bəsləmişdi.
Səlimin atası-Osmanlı sultanı Bəyazidin I Şah İsmayılla yazışmaları buna sübutdu. Hesab eləyirəm ki, bundan daha möhkəm dəlil tapmaq çətindi. Lakin Səlim taxta çıxan kimi vəziyyət mənfiyə doğru dəyişdi. Yeni sultanın cahangirlik iddialarının qarşısına sədd çəkən bir əngəl-Səfəvi dövləti və onun ilk başçısı Xətai vardı. Təbii ki, Sultan Səlimin ilk işi ciddi maneəni aradan qaldıraraq, yolunu təmizləməkdi. Buna görə də Səlim ilk növbədə ordunun gücləndirilməsi qayğısına qaldı. İkinci-mühüm iş isə din xadimlərinin köməyilə Səfəvilərin “kafir” elan edilməsi oldu.
Məsələnin hərbi və siyasi cəhətdən öz xeyrinə həll olunması Sultan Səlimin mövqeyini gücləndirdi və o, Şah İsmayılla vuruşmaq üçün “dividend” qazanmağa nail oldu. Mübahisəsi bu gün də davam edən məşhur Çaldıran döyüşündə Şah İsmayıl, elmi ictimaiyyətə bəlli səbəblər üzündən məğlubiyyətə uğradı. Mən döyüş və onun nəticələri üzərində dayanmadan qeyd edim ki, Çaldıran Səfəvi dövlətinin ərazisi idi və Osmanlı sultanı da yağı kimi sözügedən əraziyə hücum eləmişdi.
Bir haşiyə çıxmaq yerinə düşər ki, Həzrət Əli məşhur Suffeyn döyüşündə Müaviyyəyə, Hüseyn isə Kərbəla çölündə Yezidə məğlub olmuşdu. İndi bu döyüşlərin nəticəsinə görə müqəddəs şəxsiyyətləri mühakimə etməliyikmi? Çox maraqlıdır ki, haqq bu dünyada həmişə nahaqqa məğlub olub. Səbəbini isə uca Yaradandan başqa kimsə bilmir.
Vurğulamağı lazım bilirəm ki, İslam dinini Şah İsmayıl Xətai siyasiləşdirməyib. Yəni 632-ci ildə Məhəmməd peygəmbər (ə.s.ə) vəfat edəndə Səqifədə seçilən ilk xəlifə Əli ibn Əbu Talib və yaxud Şah İsmayıl Xətai olmamışdı..
Xatırladım ki, İslama siyasət gətirən, xilafət adlı dini-siyasi hakimiyyətin başçısı Əbu Bəkr olub. Təkrarçılıq olmasın, İslam dinində siyasətin ilk əleyhdarı Həzrət Əlidir. Onun məşhur “Allahdan qorxmasaydım, ərəblərdən ən böyük siyasətçi özüm olardım” kəlamı siyasətə münasibətinin parlaq nümunəsidir. Məhz bu səbəbdən Həzrət Əli ilk deyil, sonuncu Raşidi xəlifəsi oldu. Həzrət Əlidən sonrakı hadisələri xatırlatmağa isə elə bilirəm ki, ehtiyac yoxdu.
Amma məni bir məsələ düşündürür: VII əsrdə Kərbəla hadisəsinə görə Yezidi nəinki qınaq, müzakirə obyektinə çevirməyənlər, hətta ona haqq qazandırmağa çalışanlar, nədən Şah İsmayıl Xətaiyə bu qədər nifrət bəsləyirlər?
Nifrətin miqyası o qədər böyükdür ki, hətta Şah İsmayılı bütün İslam dünyasında “nifaq alması” kimi tanıtmağa cəhd göstərirlər. Sanki bu gün İslam dünyasında baş verənlərin səbəbkarı Xətaidir. Dediyim kimi, təriqət təəssübkeşliyi o qədər güclüdür ki, normal düşünməyə belə mane olur. Bu mənada, Xətai şəxsiyyətinə yönələn hər hansı bir təhqir və ədalətsiz hücum tarixi faktlarla elə tarixin özü tərəfindən təkzib olunub, olunur və olunacaq da. Bu, birmənalı olaraq belədi.

Ruhəngiz Kərimli, AMEA Tarix İnstitutunun doktorantı
Yüklə 16,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin