ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


-ci il dekabrın on doqquzunda süvari qoşunu general-mayoru rütbəsi



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   2   3   4   5   6   7   8   9   ...   41

1877-ci il dekabrın on doqquzunda süvari qoşunu general-mayoru rütbəsi 
almışdır - Ş.N./ və podporuçik Kəlbalı xandan başqa müsəlmanlardan ibarət bəy 
drujinasından praporşiklər Əli xan və Paşa xanın, dörd nömrəli müsəlman 
/Azərbaycan - Ş.N./ polkundan kapitan Hüseyn Sultanın adlarını çəkməliyəm. 
İsmayıl xanla Kəlbalı xan hücum zamanı öz hissələrinin önündə gedərək onlara 
qorxmazlıq nümunəsi göstərirdilər. Onlar da döyüşlərdə bu məlumatda adları 
çəkilənlərlə bərabər iştirak edirdilər. 
... Yanımda volonter
5
 işləyən Xancan xan Məmmədqulu oğlunu da həmçinin 
müəyyən göstərişlərlə döyüşə göndərirdim... Onlar yaralanır, ancaq döyüş 
meydanını tərk etmirdilər”. 
                                                 
5
 Fədаi, könüllü əsgər 

1855-ci ildə imperator II Aleksandrın tac qoyma mərasimi günü Kəlbalı xan 
leybqvardiya Qusar polkuna komandir təyin olunur. Bundan sonra Qafqaz 
canişinliyinin sərəncamında xidmət edir. Müxtəlif batalyon və polkların komandiri 
olur. Nizami ordudakı nümunəvi xidmətinə və əla komandirlik fəaliyyətinə görə 
1874-cü ildə general-mayor kimi yüksək rütbəyə layiq görülür. 
1877-78-ci illərdə rus - türk müharibəsində general Kəlbalı xan Naxçıvanski 
nizami süvari briqadanın komandiri təyin olunur. Bütün döyüşlərdə mərdliklə 
vuruşan azərbaycanlılardan ibarət İrəvan süvari briqadasının komandiri Kəlbalı 
xan hərbi əməliyyatlarda böyük şücaət göstərmişdir. Bu müharibədə onun 
qəhrəmanlığı brilyantla bəzədilmiş qılıncla və “Müqəddəs Georgi” ordeni ilə təltif 
edilmişdir. General-mayor Kəlbalı xan Ehsan xan oğlu Naxçıvanski 1883-cü ildə 
vəfat etmişdir. 
Sənədləri araşdırarkən məlum oldu ki, Ehsan xan oğluna Kəlbalı xanın adını 
qoymuşdur. Ona görə də mənbələrdə iki Kəlbalı xan adına rast gəldik. Baba 
Kəlbalı xan Naxçıvanski haqqında Azərbaycan Sovet Ensiklopediyasının yeddinci 
cildində qısa da olsa məlumat verilir: 
  
“Kəlbalı xan Naxçıvanski /?-1823, Təbriz/ Naxçıvan xanı. Rusiyadan hərbi 
yardım istədiyi üçün altı il Tehranda həbsdə saxlanılmış, gözünün biri çıxarılmışdı. 
Fətəli şah hakimiyyət başına gəldikdən sonra İrəvan xanlığında yaşamışdır. Abbas 
Mirzə tərəfindən Naxçıvana vali təyin olunan Naxçıvanski İran hökümətinə xidmət 
etmək istəmədiyindən Məkkəyə ziyarətə getmək bəhanəsilə yerinə oğlu Ehsan xanı 
təyin edib hakimiyyətdən uzaqlaşmışdı”. 
Oxucuların nəzərinə bir maraqlı faktı da çatdırmaq istərdim: XIX əsrin 
ortalarında Naxçıvanda “Qönçeyi-ülfət” adlı ədəbi məclis fəaliyyət göstərirdi. Bu 
məclisə o vaxtlar Naxçıvan şəhər rəisinin müavini işləyən məşhur gürcü şairi 
Nikoloz Barataşvili də tez-tez gələrdi. O, burada on səkkiz yaşlı Qönçəbəyim adlı 
çox istedadlı bir qızla tanış olub dostlaşır. Lirik qoşmaları ilə bu gün Azərbaycan 
ədəbiyytında yaşayan həmin Qönçəbəyim general-mayor Kəlbalı xan 
Naxçıvanskinin bacısıdır. 
Nikoloz Barataşvili Manko Orbelianiyə yazdığı məktubunda Qönçəbəyimlə 
tanışlığını bele təsvir edir: “İndi Naxçıvanda yeni bir şer var. Bu, on səkkiz yaşlı 
Qönəçəbəyimin şerləridir. Xan qızıdır. Olduqca gözəl və vüqarlı görkəmi var. 
Təsəvvür edin, gözəllikdə lap Orlovun arvadına oxşayır. Ərindən çox yanıqlıdır. 
İndi ərindən ayrılıb, çalışır ki, boşansın. Yazıq qızın on iki yaşı olanda zorla 
veriblər. Bunların əhvalatı bir romandır. Şerlərində öz halına ağlayır. Şerlərindən 
birində deyir ki, mənim gözəl bağçam, istəyirəm gəlib sənin fəvvarən və güllərinlə 
söhbət edim. Ancaq qorxuram ərim orda olsun. 
  
Bu şeri tərcümə edib göndərəcəm. Mənə belə gəlir ki, Səttar bu mahnını 
bilir. Yenə bir mahnı var. Çox xoşa gələndir. Belə düşünürəm ki, bunu Cəfər də 
bilir, Səttar da. Onlara rast gələndə deyərsən ki, bu mahnıları oxusunlar: 
 
Ey mənim məzar çiçəkli bağçam
Gülüstan qoynuna fəvvarə vuran. 
Sularla həmsöhbət olmaq istərdim, 
Qorxuram ki, ərim çıxa o yandan”. 

 
Gözəl və fitri istedada malik olan Qönçəbəyim 1837-ci il martın on beşində 
atası Ehsan xanın Naxçıvanda açdığı qəza məktəbində oxumuşdur. İki yüzə qədər 
azərbaycanlı uşağın təhsil aldığı bu məktəbin hamisi, əvvəlcə general-mayor Ehsan 
xanın özü, sonralar isə onun iki oğlu-general-leytenant İsmayıl xan və general-
mayor Kəlbalı xan olmuşdur. Bu vətənpərvər, ziyalı oğullar ata-baba mülkünü on 
iki il müddətinə məktəb üçün pulsuz istifadəyə verməklə yanaşı, hər il Naxçıvan 
qəza məktəbinin nəfinə gümüş pulla iki yüz manat ianə də hədiyyə etmişlər. 
Təəssüf ki, ailə səadətində Qönçəbəyimin bəxti üzünə gülməmişdir. Onu 
1844-cü ildə sevmədiyi Şamil xana ərə vermişlər. O, ömrünü sərxoşluqla keçirən 
Şamil xana könül verməmiş, ondan boşanmışdır. Könül verib sevdiyi, lakin qovuşa 
bilmədiyi mayor İbrahim xanın həsrətilə yaşamışdır. 
 
Bizə sək rəqiblər deyirlər asi
6

Mövlayə bağladıq yəni ixlası. 
Mən Bəyiməm, İbrahimin butası, 
Gizlin deyil, var aşkarə, de gəlsin. 
  
 
İSMAYIL XAN NAXÇIVANSKİ 
 
Hüseyn xana qədər nəsildə üç general olmuşdur - Ehsan xan, Kəlbalı xan və 
İsmayıl xan. Sonuncu haqqında əlimizdə nisbətən az məlumat var. O, 1819-cü il 
yanvarın beşində anadan olub, 1908-ci ildə səksən doqquz yaşında doğma vətəni 
Naxçıvanda vəfat edib. Kəngərli tayfasındandır. Süvari general-mayoru Ehsan 
xanın oğludur. İlk təhsilini Tiflis hərbi gimnaziyasında almışdır. 1839-cu il mayın 
birində həmin gimnaziyanı bitirən yünker İsmayıl xan bir il sonra oktyabrın 28-də 
poruçik rütbəsi almışdır. 
Məşhur rus yazıçısı, tarixi romanlar müəllifi Valentin Pikul “Bəyazid” 
romanında İsmayıl xan Naxçıvanskinin obrazına tez-tez müraciət etmişdir. Çox 
zaman onun igidliyindən, əla komandirlik bacarığından dolğun səhnələr yaradan 
yazıçı Valentin Pikul onun müsəlmanlırını da başına qaxınc etmişdir. Görünür ki, 
bu səbəbdən də İsmayıl xana hərbi rütbələr çox ləng verilmiş ve belə qoçaq hərbçi 
az-az təltif olunmuşdur. Uzun müddət Qafqaz Əlahiddə ordusunda ləyaqətlə 
xidmət edən İsmayıl 1844-cü il martın 20-də ştabs-kapitan rütbəsinə layiq görülür. 
On bir il sonra /1855-ci il avqustun 4-də/ qvardiya rotmistri olan İsmayıl xan Krım 
müharibəsində ağır yaralanır. 1860-cı il aprelin 3-də isə alay komandiri İsmayıl 
xan Naxçıvanskiyə polkovnik rütbəsi verilir. 
On yeddi il sonra - 1877-ci ildə rus-türk müharibəsində göstərdiyi 
sərkərdəlik fəaliyyətinə görə İsmayıl xana həmin il dekabrın on doqquzunda süvari 
qoşunu general-mayoru rütbəsi verilmişdir. 
İgid sərkərdə kimi şöhrəti bütün Qafqazı dolaşan, tarixi əsərlərdə və 
sənədlərdə təriflənən eloğlumuz İsmayıl xan Naxçıvanski hansı döyüş orden-
                                                 
6
 Аsi - üsyаn еdən, itаət еtməyən 

medalları ilə təltif olunmuşdur? Bəri başdan deyək ki, tarixi sənədlərlə və 
raportlarla tanış olduqda belə qənaətə gəlirsən ki, bu təltiflər general-leytenant 
İsmayıl xanın xidməti üçün çox azdır. 
General-leytenant İsmayıl xan Naxçıvanski üçüncü dərəcəli “Müqəddəs 
Stanislav” /1856/, hərbi xidmətinin iyirmi beş illiyi münasibətilə dördüncü dərəcəli 
“Müqəddəs Vladimir” /1867/, dördüncü dərəcəli “Müqədds Georgi” /1877/, 
üçüncü dərəcəli “Müqəddəs Vladimir” /1883/ və birinci dərəcəli “Müqəddəs 
Stanislav” /1888/ ordenləri ilə təltif olunmuşdur. 
Altmış ilə yaxın döyüşən orduda ləyaqətlə xidmət edən İsmayıl xan 
Naxçıvanski demək olar ki, imperiyanın ucuz ordenləri ilə təltif olunmuşdur. 
Həmin ucuz ordenlərin taleyi haqqında “Kaspi” qəzeti 19 fevral 1885-ci il tarixli 
nömrəsində “Naxçıvan xanının oğurlanmış əşyaları tapılıb” sərlövhəli belə bir 
xəbər vermişdir: 
“Bu günlərdə qəzetimizdə Ağstafadan Uzuntalaya gedən general-leytenant 
İsmayıl xanın əşyalarının oğurlanması barədə məlumat vermişdik. Naməlum 
quldurlar faytonun arxasına vurulmuş içi bir neçə min manatlıq qiymətli əşyalarla 
dolu sandıq və zənbili açıb aparmışlar. 
Aldığımız məlumata görə, yerli hakimiyyət oğurlanmış əşyyaların tapılması 
üçün qüvvəsini əsirgəməmişdir. Axtarışlar uğurlu olmuşdur. Fevralın 10-da Qazax 
qəzası birinci ərazisinin pristavı Məlik Hüseynova general Naxçıvanskinin bütün 
şeylərini tapmaq müyəssər olmuşdur. Onlar “Şoş” yolunun qırağında, zastavanın 
altı verstliyində tapılmışdır. Sandıq və zənbilin üstü nə iləsə örtülübmüş, iki və ya 
üç orden istisna  olmaqla  bütün  əşyalar yerindədir. Ehtimal edilir ki, oğrular ələ 
keçəcəklərindən qorxaraq şeyləri “Şoş” yolunun qırağına qoymuşlar”. 
General-leytenant İsmayıl xan Naxçıvanski haqqında daha bir qısa məlumata 
hərbi Sovet Ensiklopediyasının birinci cildində rast gəldik. Orada yazılır ki, 
Bəyazid şəhəri 1877-78-ci illrdə rus qoşunları tərəfindən mühasirəyə alınanda, 
iyirmi üç gün ağır döyüşlər getdi. Bu döyüşlərə rəhbərlik polkovnik İsmyıl xan 
Naxçıvanski edirdi. Onun köməkçiləri kapitan Ştokviç və poruçik Tomaşevski idi. 
Ordudan general-leytenant rütbəsində tərxis olunan İsmayıl xan Ehsan xan 
oğlu Naxçıvanski vətənində quruculuq, abadlıq işləri ilə məşğul olmuşdur. O, 
Naxçıvan şəhərinə su çəkdirmiş, kəhrizlər qazdırmış və bu gün tarixi abidə kimi 
qorunan günbəzli hamamı tikdirmişdir. Oğlu Əman xana məhşur şairə Xurşudbanu 
Natəvanın qızı Xanbikə xanımı alıb Qarabağ xanlığı qohum olmuşdur. 
Bu qısa məlumatlardan burda ona görə istifadə etdik ki, bəzi tədqiqatçılar 
Hüseyn xanla İsmayıl xanı qarışıq salırlar. Bu səhv ondan irəli gəlir ki, bir çox 
mənbələrdə hər ikisinin adı “Xan Naxçıvanski” yazılır. Zadəgan nəslindən 
olduqlarına görə sağlıqlarında da onlara hörmət əlaməti olaraq “Xan” - deyə 
müraciət edirmişlər. Əliağa Şıxlinski “Xatirələrim”in yüz əlli beşinci səhifəsində 
Hüseyn xanın Birinci Dünya müharibəsindəki fəaliyyətindən danışanda yazır: 
“General Xan Naxçıvanskinin komandası altında olan bizim süvarilərimiz 
alman süvarilərini darmadağın etmişdilər”. 
İsmayl xan Hüseyn xanın doğma əmisidir. Rus ordusunda əvəzedilməz 
xidmətləri olan Hüseyn xana, sonralar Cəmşid xan Naxçıvanskiyə Hərb sənəti, 
yüksək sərkərdəlik bacarığı irsən keçmişdir. 

  
 
HÜSEYN XAN NAXÇIVANSKİ 
 
Peterburq zadəganlarının say-seçmə  
üzvlərindən ibarət qvardiya süvarilərinə general  
Hüseyn xan Naxçıvanski komandanlıq edirdi. 
 
A.SOLCENİTSİN, 
“14 avqust” romanından. 
 
Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir 
general kimi təsvir edirlər. İlk dəfə mən onun şəklinə 1916-cı ildə çap olunmuş 
“Niva” jurnalının yeddinci nömrəsində rast gəldim. Doqquz nəfər ali rütbəli 
hərbçinin təsvir olunduğu şəklin altında belə yazı yazılıb: Qafqaz cəbhəsinin 
Georgi duması, Qafqaz ordusunun baş komandanı, canişin əlahəzrət böyük knyaz 
Nikolay Nikolayeviç Romanov
7
, korpus komandiri, süvari generalı Kalitin, knyaz 
Qalitsin, general Xan Naxçıvanski, general Lanuşkeviç. Ayaq üstə duranlar: 
general Vatin, Çirkov, polkovnik knyaz Niceradze və polkovnik Naqorski. 
Onun rus-yapon və Birinci Dünya müharibəsindəki fəaliyyətini müxtəlif 
arxiv sənədlərindən öyrəndim. General Hüseyn xan Naxçıvanski 1863-cü il iyunun 
iyirmi səkkizində anadan olub. Atası on beş yaşlı Hüseyn xanı Peterburqdakı Pac 
korpusu məktəbinə oxumağa göndərir. O vaxtlar Peterburqda çoxlu naxçıvanlı 
ziyalılar yaşayırdı. Onların da arasında xan nəslinin nümayəndələri çoxluq təşkil 
edirdi. İmperatorun şəxsi himayəsində olan korpus məktəbini Hüseyn xan 1881-ci 
ildə əla qiymətlərlə bitirir. Çarın xususi süvari qoşununda xidmət edən kornet 
Naxçıvanski beş il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur. 
Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan 
Hüseyn xan Naxçıvanski nümunəvi zabit kimi ali orden və medallara layiq görülür. 
Rus-yapon müharibəsi başlayana qədər o, İranın “Şire-Xurşid” ordeninin ikinci və 
dördüncü dərəcəsi ilə /bahalı almazla bəzədilmiş/, zabitlərə məxsus “Rumın 
ulduzu” ilə, Avstriyanın “Dəmir xaç”, ikinci dərəcəli “Stanislav”, dördüncü 
dərəcəli “Müqəddəs Aleksandr”, “Müqəddəs Anna”, Bolqarıstanın “Döyüş 
xidmətlərinə görə” ordenləri ilə təltif olunur. 
Nizami orduda sərkərdəlik qabiliyyətinə görə Hüseyn xan 1903-cü il aprelin 
altısında polkovnik rütbəsi alır. 
İnqilabdan əvvəlki qəzetlər, müxtəlif arxiv sənədləri öz səhifələrində Hüseyn 
xan haqqında az da olsa məlumat verib. Onlarla tanış olanda istər-istəməz belə 
qənaətə gəlirsən ki, Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov artilleriya 
sahəsində hansı zirvəni fəth etmişdisə, Hüseyn xan Naxçıvanski da süvari 
birləşmələrinə komandanlıqda həmin zirvədə dayanırdı. 
1904-cü ildə Rus-Yapon müharibəsi başlananda Naxçıvanski əksəriyyəti 
qafqazlılardan təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi. 
                                                 
7
 Çаr 1 Nikоlаyın dоğmа əmisi 

Polkovnik Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də Lan-Lun-Qou kəndi 
uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən döyüşçülər 
mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək sürətli zərbə ilə onları 
kənddən vurub çıxartmışlar. Bu güclü döyüş səhnəsi məşhur rəssam 
Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir. Əsərdə alay 
döüşçülərinin qızğın həmləsi və polkovnik Hüseyn xan Naxçıvanskinin obrazı 
ustalıqla işlənmişdir. 
Məşhur rus jurnalisti A.Kvitka Port Arturda müharibə başlayanda könüllü 
cəbhəyə getmiş və döyüşlərdə jurnalist zabit kimi iştirak etmişdir. Müharibə gedə-
gedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmışdır. 1908-
ci ildə Sankt Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz polkovnik 
Hüseyn xan Naxçıvanski haqqında da maraqlı səhifələr var: 
Səhifə 181-də: “Axşam üstü Bensixuda süvari-qvardiyaçı Xan 
Naxçıvanskinin təşkil etdiyi ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan 
və süvari qvardiyasında xidmət edən zabitlərdən təşkil olunmuşdu. 
...Avanqard taqımının ardınca yüzlərlə adam polk komandiri, onların da 
ardınca uca bir ağacın zirvəsində polkovnik Xan Naxçıvanskiyə məxsus qızılı 
aypara nişanlı dalğalanan dəstə göründü. 
Alay cərgələnmiş taqımlarla kalon boyu uzanırdı. Biz isə Xanın zabitlərindəki 
atlara həsədlə baxırdıq. Mən axşam saat 10-a yaxın Xanı general Lyubavinin 
yanına ötürüb, evimə qayıtdım”. 
Səhifə 245-də: “Dağıstanlıların komandiri Xan Naxçıvanski, podpolkovnik 
Byuntiq və knyaz Tumakov həyətimə daxil olanda səhər saat 11 olardı. Onlar 
mənimlə nahar etməyə qaldılar... Dağıstanlıların əsgər və komandirləri döyüşlərdə 
hamıdan seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddəindən artıq cəsur 
olmalarında...”. 
Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak briqadasının 
cəsurları üç yapon nəqliyyatını məhv etmişlər...”. 
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı 
apardığı döyüş məharətinə görə “Müqəddəs Georgi” və dördüncü dərəcəli, bantlı, 
üstü yazılı qızıl silahla “Müqəddəs Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif 
olunmuşdur. 
Birinci Dünya müharibəsinə qədər imperatorun xüsusi qoşununda xidmət 
edən Hüseynxan Naxçıvanskiyə 1907-ci il martın otuz birində general-mayor 
rütbəsi verilmişdir. 
Müasir rus tədqiqatçısı Fyodor Nesterov “İllərin əlaqəsi” /1984-cü il/ tarixi 
publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı 
N.İ.İvanovun general qraf Kellerin və general Xan Naxçıvanskinin adlarını fəxrlə 
çəkir. O, yazır ki, çar II Nikolay manifestə qol çəkib hakimiyyətdən imtina edəndə 
belə, bu əsilzadə generallar əlahəzrətə teleqramla müraciət edərək bildirdilər ki, biz 
həmişə sənə və rus imperiyasına sadiq qalacağıq. İmperator uzun illər boyu bu 
əsilzadə generallara inanmaqda zərrəcə səhv etməmişdi. 
Hüseyn xan Naxçıvanski döyüşən ordu generalı idi. O, bütün rütbə və 
təltiflərə məhz cəbhələrdəki xidmətlərinə görə layiq görülmüşdü. O, nə buyruq, nə 
də məiyyət generalı deyildi. Hərbçilər daha yaxşı bilirlər ki, süvari qoşunu üzrə 

tam ali general rütbəsinə çatmaq nə qədər böyük istedad və sərkərdəlik bacarığı 
tələb edir. Hüseyn xan Rusiyanın o dövrdəki adlı-sanlı generalları ilə birgə 
işləyirdi. Şöhrəti bütün Rusiyanı dolaşan, adına cəbhə olan A.Brusilov, 
Y.Barsukov, M.Draqomirov, Y.Alekseyev kimi generallar onun ordu heyətindəki
müharibədəki döyüş xidmətlərini yüksək qiymətləndirirdilər. Yəqin ki, Hüseynxan 
Naxçıvanskinin Birinci Dünya müharibəsindəki xidmətlərini Dövlət mükafatı 
laureatı, hərb elmləri doktoru, professor, general-mayor Yevgeni Barsukovun 
yüksək qiymətləndirməsindən F.Nesterovun xəbəri olmamış deyil. Müharibənin ilk 
iyirmi gününü təsvir edən Barsukov, general Naxçıvanskinin müvəffəqiyyətli 
hücumu haqqında yazır: 
  
“Bir döyüşdə Xan Naxçıvanskinin süvariləri beş batalyonu, iki eskadronu, 
on iki topu İnster çayının o tərəfinə ataraq, iki top və dörd qutu mərmi ələ 
keçirmişdilər. İnster çayında, Meşken, Kraupişken və Lauqaden yaxınlığındakı 
bərələr tutulmuşdu”. 
Bu müharibədə general Naxçıvanskinin düşmənə vurduğu zərbələr çox 
müvəffqiyyətli olmuşdu. O, 1914-cü ilin avqustunda Şərqi Prussiyaya yürüşdə 
iştirak etmişdir. Onda general-leytenant Hüseyn xan rus süvarilərinin ən yaxşı 
hissələrinə birinci və ikinci qvardiya süvari diviziyalarına komandanlıq edirdi. 
Avqustun on beşindən iyirmi birinədək məşhur Qumbien döyüşlərini qələbə ilə 
başa çatdıran Naxçıvanski süvariləri, həm də birinci ordunun kəşfiyyat əməliyytını 
aparmış və döyüşdə onlara kömək etmişlər. Az sonra Hüseyn xanın qvardiya 
süvariləri Kraupişken şəhərinin ətrafında, səkkiz kilometr məsafədə özünə müdafiə 
mövqeyi tutmuş almanlarla döyüşə girdi. Bu, həlledici döyüş idi. Almanlar bir 
addım belə geri çəkilmək istəmirdilər. Onlar ilk gündən hücümu şiddətləndirib 
İnster çayının sahillərini tutmağa can atırdılar. Düşmən Naxçıvanski süvarilərinin 
güclü hücumuna tab gətirmədi. İlk dəfə süvari qvardiya alayının  
eskadronları almanların müdafiə xəttini yarıb, onların bir neçə topunu ələ keçirdi, 
çoxlu zabit və əsgər itkisi verən düşmən tələsik geri çəkildi. 
Sentyabr ayında isə düşmən cəhd edirdi ki, iki rus korpusunu birləşdiyi 
yerdə yaxalasın və onlara qəfil zərbə endirsin. Bu hiylədən onlar böyük üstünlük 
qazana bilərdilər. Düşmənin bu cəhdlərini hiss edən general Hüseyn xan 
Naxçıvanski Qordauen-Nordenberq dəmir yolu boyunca mövqe tutaraq şiddətli 
döyüşləri dayandırmadı. Almanların birinci rus ordusu cəbhəsini yarmağa imkan 
vermədi. 
Birinci Dünya müharibəsi cəbhəlrində göstərdiyi misilsiz qələbələrə və 
sərkərdəlik məharətinə görə, Hüseyn xan Naxçıvanskiyə 1916-cı il yanvarın 23-də 
tam süvari qoşun generalı rütbəsi verildi. 
Bir çox ali mükafatlara layiq görülən və zabitlərə məxsus “Müqəddəs 
Georgi” ordeninin dörd dərəcəsi ilə təltif olunan görkəmli hərbi xadim Hüseyn xan 
Kəlbalı oğlu Naxçıvanski 1919-cu ildə Petroqradda vəfat etdi. Onun məzarı 
Aleksandr Nevski monastırının qəbiristanlığındadır. 
  
 
İLK 
ADMİRALIMIZ 

 
İnsanın ata-anası olmayanda ona yetim deyirlər.  
Daha böyük fəlakətdir ki, millət yetim qalsın. Yetim  
millət kimə deyərlər? Öz tarixini bilməyən millətlər 
 yetimdir, öz dahilərindən, böyük adamlarından xabərsiz 
 yaşayanlar yetim hesab edilir. 
Biz elə xalqıq ki, böyük dahilər, dünya miqyasında 
 şöhrət tapan adamlar yetirmişik, amma başqa  
millətlər ona sahib olmaq istəyiblər. 
 
Əkrəm CƏFƏR, 
professor. 
  
İlk dəfə onun adını 1976-cı ildə Sevastopol şəhər muzeyində eşitdim. 
Bələdçi qız nəhəng bir kreyser şəklinin önündə dayanıb 1853-56-cı illər 
müharibəsinin qəhrəmanları haqqında məlumat verirdi: 
  
- 1854-cü ilin mart ayında İngiltərə və Fransa Rusiyanın Balkanlarda 
güclənməsindən bərk narahat olmuşdular. Onların məqsədi Qara dəniz boğazlarını 
ələ keçirmək və Rusiyanın ticarət yollarını bağlamaq idi. Ona görə də hər iki ölkə 
müharibəyə qoşulub Krıma qoşun çıxardı, Sevastopol mühasirəyə alındı. O 
vaxtdan da Sevastopolun qəhrəmancasına müdafiəsi başlandı. Admiral İstomin, 
Naximov, Aslanbəyov (axırıncı famili Aslambeqov kimi tələffüz edirdi) və rus 
əsgərlərinin qəhrəmancasına vuruşmasına baxmayaraq, ingilis və fransız qoşunları 
şəhəri aldılar. Təhkimçi Rusiyanın gücsüzlüyü və çürüklüyü ölkəyə baha başa 
gəldi. Bax, bu gördüyünüz şəkildəki vitse-admiral Aslambeqov 1871-ci ildə 
üçüncü donanma ekipajının rəisi olanda Sevastopola dəmir yolu çəkilməsinə 
rəhbərlik etmişdir. Bələdçi qız bir az düşünüb sözünə davam etdi. - İndi də o biri 
salona keçək.  
Tamaşaçıların bəzisi irəli durub admiralın portretinə baxıb keçirdilər. Mən 
isə şəklin önündə xeyli dayandım... Onun üzündə, gözündə qafqazlıya, daha 
doğrusu, azərbaycanlıya oxşarlıq axtarırdım. Etiraf edim ki, sövq-təbii bir hiss 
onun bizim xalqın oğlu olmasına məndə heç şüphə yaratmırdı. Əzəmətli duruşu, 
qafqazlılara məxsus burma bığları bəy nəsilli olmağından nişan verirdi. Çərçivənin 
aşağısındakı qısa məlumatı oxudum: “Vitseadmiral A.B.Aslanbeqov. 1820-1900-
cü illər”. 
Bayaqkından daha geniş bir salona keçdiyimizdən hərə bir tərəfə çəkilib 
eksponatlara baxırdı. Bir nəfər sualları ilə bələdçi qızı lap bezikdirmişdi. Mən isə 
sual vermək üçün fürsət gözlyirdim. Bələdçi qız ondan canını qurtarmaq üçün 
deyirdi: 
 
- Ay yoldaşlar, bir az yaxın gəlin, eksponatlara əl vurmayın, belə olmaz. 
Filosofluğunuzu sonraya saxlayın. Suallarınızı axırda   verməyinizi xahiş edirəm... 
Üçüncü, axırıncı salona keçməyimizi bildirəndə mən dözə bilməyib ona 
yaxınlaşdım. 
- Möhtərəm xanım, - dedim, - sizinlə bir məsələni aydınlaşdırmaq olarmı? 
Qu quşu kimi zərif olan bu incə məxluq heysiz halda: 

- Buyurun, - dedi, - amma qısa olsun. 
 
- Vitse-admiral Aslanbəyovun milliyyəti məni maraqlandırır, başqa heç nə... 
 - 
Bilmirəm, - deyib təəccüblə üzümə baxdı, - necə məgər, rus deyil? Siz 
hardansınız? 
- Bakıdanam, - dedim. - Zənnimcə admiral rus deyil. 
  
- Deyilənə görə, bakılıda deyil.Onun erməni olduğunu deyənlər də var. Əgər 
sizi maraqlandırırsa, bir azdan bizim otağa gələrsiniz. Otaqda aydınlaşdırarıq. 
Gərək ki, onun sənədləri saxlanılır... Həmin gün əsas fond bağlı oldu. Yelena ilə 
səhər görüşmək üçün vədələşdik. Əsas fondun bu gün bağlı olmağı onu da narahat 
etmişdi. Ona görə də mənə belə bir məsləhət verdi: 
- Vaxtınız varsa, bu gün “Sevastopol şəhər panoramı”na da baş çəkin. 
Admiral Aslanbəyov haqqında orada da məlumat olmalıdır. 
...Panoram-muzeydə məni pis qarşılamadılar. Amma gəlişimin məqsədini 
biləndə ağız büzdülər. Dedilər ki, admiral azərbaycanlı ola bilməz, o illərdə 
sizinkilərdən orduya, donanmaya götürmürdülər. 
- Niyə götürməyiblər? - Dedim,  - götürüblər. Bu müharibədə (1853-56-cı 
illər) hər birində beş yüz nəfər döyüşçü olan Azərbaycan süvari alayları və ayrıca 
Qarabağ cəbhəsində əldə etdiyi  qələbələrdə Azərbaycan süvariləri xüsusilə 
fərqlənirdi.  Bu qələbə Krım uğrunda gedən döyüşlərdə  vəziyyəti  bir  qədər 
yüngülləşdirdi. Müharibədə üç yüz əllidən  çox azərbaycanlı zabit və əsgər təltif 
olunmuşdur. Vuruşanların da əksəriyyəti bəy, xan və ağa nəslindən olan oğullar 
idi. 
Təəssüf ki, burada admiral Aslanbəyov haqqında heç bir sənəd tapılmadı. 
Amma muzey işçilərinin göstərdiyi ədəbiyyatdan öyrənə bildim ki, 1855-ci ildə 
Sevastopolda güclü döyüşlər zamanı admiral Naximov ağır yaralanıb. 
Mərkəzi kitabxanaya gedib, admiral Naximovla bağlı kitabların hamısını 
sifariş verdim. Yazıçı Yuri Davıdovun “Naximov” sənədli povestində belə bir 
epizoda rast gəldim: “Konsilium müəyyən etdi ki, Naximovun vəziyyəti 
ümidsizdir. Həkimlər onun bundan sonra yaşamasına inanmırdılar. Ölüm yatağında 
Naximovun əzabı qırx saat çəkdi. Qırx saat tamam olanda canvermə başladı. 
Həmin  anlar şahid kapitan-leytenant Aslanbəyovun gündəliyində dəqiq yazılıb: 
“İyunun 30-da saat on birə yaxın onun nəfəs alması daha da gücləndi. Otaqda 
sakitlik hökm sürürdü. Həkimlər mübahisəni kəsdilər və otaqdakılar çarpayıya 
yaxınlaşdılar. Sokolov ucadan və çox aydın şəkildə dedi: “Budur, ölüm 
yaxınlaşır...” 
Beləliklə, Pavel Stepanoviçin həyatının son dəqiqələri başa çatırdı.Xəstə 
birinci dəfə dartındı. Tənəffüsü xeyli zəifləmişdi. Hamının beynindən ölüm fikri 
keçdi. Lakin o, bir neçə dəfə dərindən nəfəs aldıqdan sonra yenidən dartındı və 
yavaşdan nəfəs aldı. Bu dəfəki hal o qədər aldadıcı idi ki, hətta həkimlər də səhv 
etmişdilər. Onlar qulaqlarını xəstənin ürəyinə yaxınlaşdırır və kədərli halda 
başlarını tərpədərək ölümün yaxınlaşdığını təsdiq edirdilər. Ancaq Sinopun 
qəhrəmanı hələ də ölümlə mübarizə edir, elə bil ki, həyatla heç cür vidalaşa 
bilmirdi; can üstündə olan yenə də konsilium hərəkət etdi, yenədə üç dəfə dərindən 
nəfəs aldı və bir neçə dəfə yanıldıqları üçün otaqdakılardan heç kəs onun son 
nəfəsini duya bilmədi. Lakin müəyyən an ötdükdən sonra Voyevodskinin sualına 

Sokolov bərkdən “keçindi” cavabını verdi. Hamı saata baxdı, saat on bir on dəqiqə 
idi”. 
Sonra “Naximov” əsərinin müəllifi Yuri Davıdov izah edir ki, admiralın ən 
yaxın adamı kimi kapitan-leytenant Aslanbəyovun qeydlərində heç bir fantaziya 
yoxdur. Məhz ona görə də admiral Naximovdan yazan bütün rus tədqiqatçıları 
Aslanbəyovun qeydlərinə əsaslanırlar: akademik Y.Tarle, məşhur hərbi cərrah və 
həmin müharibənin iştirakçısı N.Pirotov və başqaları. 
Sonralar “Naximovun bioqrafiyası” adlı əsərin müəllifi Aslanbəyov yazır ki, 
admiral Kornilovun həlak olmasını eşidən Naximov ona son borcunu verməyə 
getdi. Mən içəri girəndə Naximov ağlaya-ağlaya artıq ölmüş dostu Kornilovu 
öpürdü. 
 
*  *  * 
 
Sabahkı günü həyəcanla gözləməyə başladım. 
Uzun bir dəhlizdən keçib, həyətə çıxdıq. Dolama pilləkənlərlə aşağı düşüb 
qapısına “İnqilaba qədərki mühafizə” sözləri yazılmış otağa daxil olduq. Yelena 
hər şeyi təfsilatı ilə ağ saçlı qadına danışdı. Onun üzünə donuq bir ifadə çökdü. 
Əlindəki qələmi oynada oynada təəccüb və kinayə ilə məni süzdü. Dodaqaltı nəsə 
mızıldanıb yerində qurcalandı. Qadının əhvalının pozulduğunu duyan Yelena öz işi 
üçün xahiş edən adamlarsayağı: “Rica edirəm, həm öz adımdan, həm də uzaq yol 
gəlmiş bu yoldaşın xatirinə etiraz etməyəsiniz. Görünür, çox lazımdır...” 
Yerindən durmaq istəməyən müdir ağır-ağır başını qaldırıb rişxəndlə: 
- Bunun üçün Bakıdan buraya gəlmisiniz? - xeyli duruxdu:- Axı, 
Aslanbəyov erməni admiralıdır. Sizin axtarışınız məncə, mənasızdır. 
- Ola bilməz, - dedim, - əvvəla ona görə ki, admiralın familiyası 
Aslambəyov deyil, Aslanbəyov ola bilər. İkincisi də, əgər erməni olsaydı, 
Aslanyan olardı. 
- Siz bunları hansı mənbədən və nəyə əsaslanıb deyirsiniz? 
 
- O illərdə heç bir erməni familiyasında “bəy” sözü ola bilməzdi. “Bəy”, 
“xan” və “ağa” titulları ancaq müsəlman xalqlarına məxsusdur. Ermənilərin isə 
bircə titulu olub: “məlik”, o da sonradan. Fondun müdiri nə Yelenaya, nə də mənə 
bir söz demədən durub sol tərəfə buruldu, sonu görünməyən rəflər arasında yoxa 
çıxdı. Yelena əyilib arxasınca baxdı. Əlini dodaqlarının üstunə qoyub astadan 
yeniyetmə qızlara məxsus şıltaqlıqla: 
- Dənizçilər demişkən, kursu belə də tutun, hələlik biz onu məğlub eləmişik. 
Bircə Allah eləsin, familiya məsələsi siz deyən kimi olsun. 
Təxminan on-on beş dəqiqədən sonra əlində qədim boz bir qovluq geri 
qayıdan mühafizəçi yerində oturub, bizi heç görmürmüş kimi özü vərəqləməyə 
başladı. Dərin, sükutlu bu yarım zirzəmi otaqda arabir açılan vərəqin səsi mənim 
intizarımı daha da artırırdı. 
Handan-hana: 
 
- Baxaq görək, - dedi, sizin sözlərinizdə həqiqət varmı? Şəxsən mən şübhə 
edirəm ki, belə bir görkəmli admiral müsəlman ola... 

Mən daha dözə bilmədim. Düzü, qorxurdum, özü baxıb, sonra da götürüb 
geri aparsın və desin ki, sizin dediklərinizdən əsər-əlamət yoxdur. Ayağa durdum. 
Əlimi cibimə salıb, pasportumu və vəsiqəmi çıxardıb stolun üstünə qoyum. 
 
- Buyurun, - dedim, - mən bu iki sənədimi sizə etibar edirəm. Siz də 
əvəzində qovluqu verin, özüm baxım. 
Hiss elədim ki, mənim bu səbirsizliyim Yelenanın da xoşuna gəlmədi. O, 
narahatlıqla: 
- Axı, belə olmaz... 
Müdir də dözə bilməyib bir az əsəbi: 
- Nə deyirəm, buyurun, - deyib, qovluğu mənə verdi. 
Admiralın şəxsi işinə baxır və gözlərimə inanmıram. İlahi, bu qədərdə 
saxtakarlıq olarmı? Nəfəsim təngiyir, həyəcandan şəxsi iş əlimdə əsir. Dözə 
bilməyib sevincimi onlara da bildirmək istəyirəm. 
 - 
İcazə verin, sizin üçün admiralın ad-familiyasını oxuyum. Müdir dinmir. 
Amma mənim qələbəmi, sevincimi duyan Yelena: 
 
- Buyurun, oxuyun, - deyə şən səslə cavab verir. 
Oxuyuram: 
Aslanbəyov İbrahimbəy Allahverdi bəy oğlu. Əsli belədir. Lakin qara tuşla 
bu ad-familiyanın üstündən xətt çəkilib, düzəliş edilib: Aslanbeqov Avramiy 
Boqdanoviç, 1822-ci ildə Bakıda anadan olub. Əsli-nəcabəti isə ağalıqdır 
/zadəgan/. Dini müsəlmandır. Sonuncu iki sözün üstündən də xətt çəkilib, əvəzində 
“pravoslavnıy” yazılıb. 
Əgər mümkünsə, icazənizlə admiralın şəxsi işindən qeydlərimi götürüm... 
Yelena sevinclə: 
 - 
Əlbəttə olar, buyurun, əyləşib qeydlərinizi edin, mənə isə icazə verin 
mürəxxəs olum. 
Mənim səmimi təşəkkürümü məmnuniyyətlə qəbul edən Yelena gedən kimi 
müdir sərt səslə bildirir: 
- Yoldaş, qeydlər götürmək olar, amma nadir fondda saxlanan şəxsi işin 
fotosurətini çıxartmağa icazə verilmir. 
 
- Çox sağ olun, - dedim, - mənə bu qeydlər də bəs edər. 
Belə bir qadağanın olmamasını mən çoxdan bilirdim. Lakin bu dar macalda 
mübahisəyə girişməyi artıq hesab etdim. Bir də ki, bu, mənə heç lazım deyildi. 
Başlıcası o idi ki, mən həmyerlim haqqında, ilk azərbaycanlı vitseadmiral barədə 
nadir tapıntı ilə üzləşmişdim. Bu sevinc mənə bəs idi. 
  
* * * 
 
Bakı limanı getdikcə yararlı hala salınırdı... Gəmi heyətinin əksəriyyəti 
bakılılardan olurdu... Gəmiçiliyin inkişafı bakılıları dənizlə həmişəlik bağlayırdı. O 
illərdə şəhərdə çox nadir ailələrə rast gəlmək olardı ki, dənizçi olmasın. Gəmilərdə 
qara fəhlə işləyən də çox idi. 1820-ci illərdə Bakı sularında artıq altmışa qədər 
yelkənli gəmi üzürdü. 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin