ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


GENERAL  HƏSƏN BƏY AĞALAROV



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə9/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

GENERAL  HƏSƏN BƏY AĞALAROV 
 
8 avqusq 1944-cü il. Bu gün qəzet buraxdıq… Vətəndən 
gələn hədiyyələr arasında rus ordusunun general-leytenantı 
Əliağa Şıxlinskinin “Xatirələrim” kitabına 
rast gəldim. Bu qoca generalın kitabı mənə çox gözəl 
təsir bağışladı. O, bu kitabı ölümündən bir qədər 
əvvəl diqtə etmişdi. Ancaq hərbi tariximiz üçün 
böyük əhəmiyyəti var. Azərbaycanın belə generalları 
çox olmuşdur. Hanı onların adı? Niyə onlar haqqında yazılmır? 
 
Məmməd ARANLI, 
“Cəbhə gündəliyi “. 
 
Bir dəfə Azərbaycan Dövlət Tarix Muzeyində axtarış aparanda heç vaxt 
görmədiyim bir general şəklinə rast gəldim. Maraqlanıb kimliyini soruşdum. 
Muzeyin elmi işçisi Sara xanım Cavanşirova dedi ki, bu yaxınlarda əldə etmişik, 
haqqında çox az məlumatımız var. Deyilənə görə, portret yuz qızıl pula işlənib... 
General-mayor Həsən bəy Ağalarovun portreti naməlum rəssam tərəfindən 
çəkilib. Portretin hündürlüyü səksən beş, eni isə yetmiş santimetrdir. Yeni tarix 
fondunda saxlanan bu portretə zərli çərçivə o qadər yaraşıq verir ki, bir müddət 
ondan ayrıla bilmirsən. 
“Qafqaz hərbi-tarix muzeyi”nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir 
nömrəli “Soraq kitabçası”nı səhifə-səhifə vərəqləyirəm. Bu kitabçada inqilabdan 
əvvəlki yüksək rütbəli zabitlər və generallar haqqında məlumatlar var. Siyahı üzrə 
244-cü bölmədə general-mayor Həsən bəy Ağalarov haqqında az da olsa, 
məlumata rast gəlirəm. 
Həsən bəy Ağalarov 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub. O, 
1830-cu ildə kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-süvari polkunda 
xidmət edib. Az sonra bölük komandiri Həsən bəy Ağalarovun fərasəti və hərbi 
işdəki nizam-intizamı general-leytenant knyaz Vasili Osipoviç Behbudovun 
diqqətini cəlb edir. Ona görə də general, poruçik Həsən bəy Ağalarovu qərargah 
işləri üzrə ən yaxın köməkçisi təyin edir. 
1833-cu ilin noyabrında azərbaycanlılardan ibarət Qafqaz süvari diviziyası 
Varşavaya ezam olunanda onun sıralarında general İsmayıl bəy Qutqaşınlı. 
Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı general Cəfərqulu ağa Bakıxanov, 
kapitan Həsən bəy Ağalarov da vardı. 
  
1840-cı ildə ştabs-kapitan rütbəsində olan Həsən bəy əla xidmətinə görə 
dördüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunub. 1849-cu ildə onun 
alayı Debreçin şəhəri uğrunda gedən döyüşlərdə macarların bir rotasını darmadağın 

edib dörd topunu alanda, polkovnik Həsən bəy Ağalarov döyüşdə göstərdiyi 
igidliyə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülüb. 
1852-ci ildə isə polkovnik Həsən bəy Ağalarov Qafqaz müsəlman süvari 
polkunun komandiri təyin olundu. Bir il sonra Krım  müharibəsi  başlananda  
Qafqaz oğulları da silaha sarıldılar. Xüsusi döyüş dəstələri yaradıldı. “1853-56-cı 
illər   şərq   müharibəsinin   təsviri” kitabının müəllifi A.F.Qeyrot yazır ki, təkcə 
gəncəlilərdən ibarət iki süvari dəstəsi yaradılmışdı. Onların ümumi sayı min nəfər 
cəsur atlılardan ibarət idi. Bu süvarilər hansı cəbhəyə göndərilirdisə,  oradan  
igidlik  və  rəşadətləri  haqqında xoş  sözlər eşidilirdi. 
1853-cü il noyabrın 2-də Bayandur kəndi uğrunda gedən döyüşlərdə general-
mayor İlya Orbelianinin komandanlığı altında qafqazlılar mərdlik və mətanətlə 
döyüşürdülər. Bu döyüşlərdə gürcü Kavtaradzenin və azərbaycanlı Ağalarovun 
əsgərləri xüsusilə fərqlənirdilər. Bütün hücumları dəf edən rus və azərbaycanlı 
döyüşçülərinin sarsılmaz dəyanəti düşməni qorxuya salacaq dərəcədə idi. 
Tarixçi  A.F.Qeyrot kitabının  191-192-ci səhifələrində Bayandur kəndi 
yaxınlığında gedən ölüm-dirim vuruşmasında mərd babalarımızın hünəri haqqında 
iftixarla söhbət açır: 
  
“Orbeliani dəstəsi gözlənilmədən 40 topdan atılan güclü atəşlə qarşılandı. 
Rus artilleristləri dərhal cavab atəşi açdılar, lakin qüvvələr bərabər deyildi. Güclü 
top atəşi və düşmən süvarilərinin hücumu başlandı. İkinci Azərbaycan süvari 
dəstələri top atəşi ilə müdafiə olunan düşmən atlılarının güclü hücumuna məruz 
qaldı. Tixotski özünün draqun diviziyası ilə vaxtında azərbaycanlı döyüşçülərin 
köməyinə çataraq düşməni ciddi-cəhdlə əzməyə başladılar. Draqun diviziyasının 
və Azərbaycan atlılarının zərbələri altında əzilən düşmən süvariləri qaçmağa üz 
qoydular”  
1857-ci ildə general-mayor rütbəsinə layiq görülən Həsən bəy Ağalarov 
əlahiddə ordusunun zabiti kimi ömrünün axırına qədər döyüşən hissələrdə hərbi 
borcunu şərəflə yerinə yetirmişdir. 
General Həsən bəy Ağalarovun sənədləri ilə tanış olduqda görürük ki, o, 
Tiflisdə yaşayan mütərəqqi fikirli Azərbaycan ziyalıları ilə dostluq etmişdir. O 
zaman canişinlikdə müşavir və tərcüməçi işləyən Ağabəy Yadigarovla, general-
mayor İsrafil bəy Yadigarovla, general İsmayıl bəy Qutqaşınlı ilə, böyük 
dramaturq Mirzə Fətəli Axundovla və görgəmli şairimiz Qasım bəy Zakirlə 
yaxından əlaqə saxlamışdır.  
Qasım bəy Zakir 1850-ci ildə nahaq böhtana düşüb sürgün ediləndə general 
Həsən bəy Ağalarov şairi xilas etmək üçün xeyli çalışmışdır. Zakir bir şerində onu 
xeyirxah insan, cəsur bir zabit kimi yad edir: 
 
Həvadisi-dövran gərdişi-fələk, 
Salmışdı binəyə kəbki
22
 yepələk: 
Tülək  tərlan kimi, qafil Həsən bəg, 
Şığıyıb cənkinə götürdü bayaq. 
                                                 
22
 Кəklik 
 

  
  
NƏSLİ QAYİBDƏN... 
  
  
Qayib oğlu ilə olmuşuq məşhur, 
Nəsli Qayibdən etmişik cü hüzur. 
Nəsli Qayib zükur ünas tamam, 
Talibi-elmü fəzl olubdu müdam. 
 
Abbas ağa Nazir. 
 
* * * 
 
Öz ata-babalarının şöhrəti ilə fəxr etmək, 
nəinki olar, lazımdır. Onlarıi şöhrətinə hörmət  
etməmək ayıbdır və qorxaqlıqdır. 
 
Aleksandr PUŞKİN. 
 
 
VƏTƏNİM QƏRYƏYİ  
SALAHLI 
 
Qazaxdan Tbilisiyə gedən yolun on  səkkiz kilometrliyində qədim bir kənd 
var. Dünyaya Molla Pənah Vaqifi, Səməd Vurğunu, Məqsud Şeyxzadəni, general 
İbrahim ağa Vəkilovu, İbrahim ağa Usubovu, polkovnik Əsəd ağa Vəkilovu, 1900-
cü ildən Qafqaz Tibb Cəmiyyətinin həqiqi üzvü, məşhur tibb alimi Məmmədrza 
ağa Vəkilovu, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovu, maarifçi 
Əhməd ağa Mustafayevi, Məmməd bəy Qarayevi, 1916-cı ildə Tiflisdə dar 
ağacından asılan igid Cahangir Kərim oğlunu bu kənd bəxş edib. Ötən əsrin rus 
tədqiqatçısı B.Veniaminov 1883-cü ildə Tiflisdə “Qafqaz ərazi və tayfalarının 
təsviri üçün materiallar məcmuəsi”ində /SMOMPK-da/ nəşr etdirdiyi “Salahlı 
kəndi və həmin kənddə yazılmış tatar /Azərbaycan - Ş.N./ nağılları” məqaləsində 
kəndin qədimliyindən söhbət açır. 
Hələ XI-XIII əsrlərdə Kür qırağında Salahlı qəryəsini Salah adlı bir 
müdrikin saldırdığından xəbər verir. Veniaminov yazır ki, Yuxarı, Orta və Aşağı 
Salahlını birləşdirən səkkiz yüz evli bu qəryədə XIX əsrdə beş mindən çox əhali 
yaşayırdı. Kənddə on səkkiz dükan, yeddi dəyirman, üç dəmirçixana, iki məscid və 
bir məktəb vardı. Kənddə ucaboylu, igid cüssəli və sağlam adamlar yaşayırdı. 
Ayrı-ayrı sakinlərdən söhbət açan müəllif kəndin ağsaqqalı, bayatı, şer və nəğmə 
gecələrinin təşkilatçısı Pənah ağa Vəkilovun vətənpərvərliyindən də məlumat verir. 
Qazaxda dörd Salahlı kəndi var: Daş Salahlı, Yuxarı Salahlı, Orta Salahlı və 
Aşağı Salahlı. Yerli ağsaqqalların dediyinə görə, ilkin kənd Daş Salahlı olub. 
Qalan üç Salahlı sonralar ondan ayrılıb. Etnoqraf və tarixçilərində bir qismi bu 

fikirdədir. Zənnimcə, burda həqiqətə uyğunluq var. Çünki Daş Salahlı çox qədim 
kənddir. Mənası da daş silahlılar deməkdir. Buna kəndin yaxınlığındakı qədim 
Avey dağından tapılan daş silahlar şahiddir. Tarixçilər, səyyahlar və etnoqraflar bir 
də sübut edirlər gi, salahlılar qədim türk nəsilli peçeneqlərin bir qolunu təşkil edən 
Kəngərli tayfasındandırlar. 
Böyük Səməd Vurğun kəndini unutmamış, ölməz poeziyasının bir yerində, 
ikicə sətirdə təsvirini vermişdir. 
 
Salahlı kəndidir o kəndin adı, 
Hər yerdə sahilə söykənir ardı. 
 
Yuxarı Salahlı kəndində ulu nəsillər çoxdur. Sədəflilər, Vəkilovlar, 
Mustafayevlər, Şeyxzadələr, Məmmədşəriflilər, Usubovlar və başqaları. Onlardan 
biri də Qayıbovlar nəslidir.  Qazaxda bu nəsilə “cütcü Qayıbovlar” da deyirlər. 
Əfsanəyə görə, ilk dəfə obada cüt tutan, yer əkən bu nəslin oğulları olublar. 
Nəslin ulusu Qayıb haqqında bir el bayatısı əsrlərin sınağından keçib gəlib. 
Bu gün də yaşayır. 
 
Yar, yar demək ayıbdı 
Yarın adı Qayıbdı. 
Desə gəlinlər desin, 
Qızlar desə ayıbdı
  
Müdriklər haqlı demişlər ki, keçmişi nə qədər gözəl bilsək, hazırda 
yaratdıqlarımızın böyük əhəmiyyətini o qədər asan, o qədər dərin və sevinclə başa 
düşərik. Ona görə də bir maarifpərvər babamızın ulu nəsli haqqında məlumatları 
nəzərinizə çatdırırıq. 
  
 
SÖZÜ ƏLAN MÜFTİYİ  
QAFQAZ 
 
Müfti Mirzə Hüseyn Əfəndi Qayıbov əsası XVI yüzilliyin əvvəllərindən 
başlayan, maarifə və mədəniyyətə daha çox rəqbəti olan bir nəsilə məxsusdur. Bu 
nəsil Azərbaycan ədəbiyyatına Molla Vəli Vidadini, Mirzə Məhəmməd Qayıb oğlu 
Fədaini, Mirzə Nəbi Əfəndi Qayıbovu, İsgəndər ağa Qayıbbəyovu /təxəllüsü Şair/, 
Abbas ağa Nazir kimi şairləri vermişdir. XIX əsrin görkəmli riyaziyyatçısı, iki 
cildlik  “İslam təqvimi” kitabının müəllifi Əbdülkərimağa Qayıbov ilk 
azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbov, ilk azərbaycanlı pianoçu 
qadınlardan biri Xədicə xanım Qayıbova da bu nəslin yetişdirmələridir. 
Hələ 1884-cü il oktyabrın iyirmi altısı tarixli nömrəsində “Kəşkül” qəzeti 
yazırdı: “Paytaxt şəhərində böyük vəzifədə çalışan, ali savadlı Əbdülkərim ağa 
Qayıbov başqa millətlərdə olduğu kimi, bizim millətə məxsus bir teatr cəmiyyəti 
təşkil etməkdədir...” 

          Süleyman ağa Qayıbov isə 1883-cü ildə Tiflisdə M.F.Axundovun “Müsyö 
Jordan və dərviş Məstəli şah”  komediyasını tamaşaya qoyanlardan biri olmuşdur. 
Dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun məşhur “Leyli və Məcnun” 
operası ilk dəfə 1908-ci ildə tamaşaya qoyularkən simfonik orkestrin heyəti əsas 
etibarilə Üzeyir bəyin seminariya yoldaşlarından ibarət idi. Bu heyətdə Fərhad bəy 
Ağayev, Əli Terequlov, Ağaəli Qasımovla birgə Səməd ağa Qayıbov da iştirak 
edirdi. Dövrünün tanınmış ziyalısı olan maarifpərvər Səməd ağa Qayıbov böyük 
sənətkarımız Cəlil Məmmədquluzadə ilə bir müddət “Şərqi Rus” qəzeti 
redaksiyasında işləmişdir 
“...Mən idarəyə daxil olan zaman o /M.Şahtaxtlı - Ş.N./ idarədə əyləşən 
qələm şərikləri Ömər Faiq Nemanzadə və Səməd ağa Qayıbov idi... Səməd 
Qayıbov Qori darülmüəllimini bitirmişlərdən biri idi və indi Bakıda o üçüncü şura 
məktəbinin müəllimlərdəndir” /C.Məmmədquluzadəəsərləri III c., səh.657/. 
Peterburq və Xarkov universitlərində İlyas Qayıbov, Tiflisdə Aleksandr 
Müəllimlər İnstitutunda Hacı Rəhimbəy Qayıbov, Kadet korpusunda Əbdülkərim 
və Fərrux ağa Qayıbovlar təhsil almışlar. Təkcə Qoridəki Zaqafqaziya Müəllimlər 
Seminariyasıda Qayıbov familiyalı on beş nəfər oxumuşdur. 
XIX əsrin sonu XX əsrin əvvəllərin nəslin ən məşhur şəxsiyyəti elm 
mədəniyyət və din xadimi Mirzə Hüseyin Əfəndi Yusif oğlu Qayıbov olmuşdur. 
Altı yaşında ata-anadan yetim qalan Hüseyn ibtidai təhsilini müdərris Musa 
Əfəndizadədən almışdır. O, əmisi İbrahim əfəndinin himayəsində böyümüşdür. 
Salahlının baş molla olan İbrahim əfəndi qardaşı oğlu kamil ruhani təhsili vermişdi 
Hüseynin on yeddi yaşı olanda mollaxanada çərəkədən dərs deməyi o tapşırır. 
1857-ci ilin qışında Zaqafqaziya müftisi, şair Molla Vəli Vidadinin nəvəsi 
Məhəmməd əfəndi Müftiza, /1805-1872/ qəzadakı ruhani məktəblərini təftişə 
gələndə cavan müəllim Hüseynin və onun dərs dediyi uşaqların 
müvəffəqiyyətlərindən çox razı qalır. Bir il sonra Tiflisə dəvət olunan Huseyn 
Qayıbov Qafqaz canişini knyaz A.İ.Baryatanskinin 31 yanvar 1858-ci il tarixli 
sərəncamı ilə Tiflis Müsəlman məktəbinə Şərq dilləri müəllimi təyin olunur. O, 
burada çalışdığı illərdə doğma kəndi Salahlını unutmamışdır. Hər il yay fəsli kəndə 
gələndə yaxşı oxuyan, lakin maddi çətinlik içində yaşayan uşaqları Tiflisə aparıb 
mədrəsəyə qəbul etdirmişdir. Mirzə Huseyn Qayıbov 1875-ci ildə Tiflisdə kasıblar 
üçün xüsusi məktəb açmışdır.  
O vaxtlar Zaqafqaziyanın mədəni mərkəzi olan Tiflis ədəbi mühiti çox şey 
verdi. Yaradıcı ziyalılarla tanış oldu, maraqlı adamlarla bağladı. Gürcü şairi İlya 
Çavçavadze, Mixail Kipiani, Nikolay Lomouri, şərqşünas alim Adolf Berce və 
böyük mütəfəkkir Mirzə Fətəli Axundovla dostluğu onu maarifə, gənclərin təlim-
tərbiyəsi ilə daha yaxından məşğul olmağa sövq etdi. 
Zaqafqaziya müftisi Məhəmməd əfəndi Müftizadədən ərəb və fars dillərini 
daha kamil öyrəndi, hər iki dildə olan nadir təzkirələri, cüngləri qeyri-adi istedadı 
ilə az vaxtda mənimsədi. Gənc Hüseyn Tiflis ruhani məktəbinə Şərq dilləri 
müəllimi vəzifəsinə dəvət edildi. O, həm də M.F.Axundovla birgə Qafqaz 
Arxeologiya Komissiyası” üçün ərəb, fars dillərindən tərcümələr edirdi. Mətnlərin 
seçilməsi də ona etibar olunmuşdu. 

1860-cı ildə Qafqaz Ordusunun baş qərargahının ştabs-kapitanı Nikolay 
Qriqoryeviç Stoletovla
23
 tanış olub, dostlaşır. Stoletov Hərbçi olsa da, Şərq 
ədəbiyyatına, Şərq hikmətinə böyük maraq göstərirdi. Şərq xalqlarının ədəbiyyatını 
və tarixini orijinaldan oxumaq istəyirdi. Ona görə də Stoletov ona rus dilini, Mirzə 
Hüseyni isə kapitana ərəb-fars əlifbasını öyrətmək haqqında şərt kəsirlər. Bu yolla 
Mirzə Hüseyn rus dilini də kamil öyrənir. 
Məşhur general Əliağa Şıxlinski 1944-cü ildə nəşr olunmuş “Xatirələrim” 
kitabında yazır: 
“...Mirzə Hüseyn Tiflisə gəlir və burada biliyini artırıb, tez bir zamanda fars, 
ərəb dillərini, bütün fars ədəbiyyatını və ərəb dilində yazılmış elmi kitabları 
öyrənir. Onun rus dili müəllimi Baş Qərargahın kapitanı Nikolay Qriqoryeviç 
Stoletov idi. Stoletov özü isə şagirdindən Azərbaycan dilini öyrənirdi. Bu bir-
birinə dərsvermə üsulu istənilən nəticəni verirdi. Mirzə Hüseyn rus dilini, 
N.Q.Stoletov isə Azərbaycan dilini mükəmməl öyrənmişdilər. 1908-ci ildə mən 
Çarskoe Seloda olduğum zaman piyada generalı, hərbi Şuranın üzvü 
N.Q.Stoletovla görüşdükdə, o, hər dəfə mənimlə saf Azərbaycan dilində 
danışardı”. 
General Şıxlinskinin kitabının başqa bir səhifəsində isə oxuyuruq: “Mirzə 
Hüseyn Qayıbov Mirzə Fətəli Axundovun çox yaxın dostu idi. O, ərəbcə kitab və 
təzkirələri oxumağı Mirzə Fətəlidən daha yaxşı bilirdi”. 
Mirzə Hüseynin Mirzə Fətəli Axundovla yaxın dostluğunu təsdiq edən bir 
sənəd də var. Axundov əsərlərinin üçüncü cildində /səh.121/ “Şərtnamə”ni 
imzalayanlardan biri də titulyarni sovetnik /münşi - katib/ Mirzə Hüseyn 
Qayıbovdur.  
Mirzə Hüseyn Qayıbov zəmanəsinin açıqgözlü, savadlı ziyalılarından biri 
olmuşdur. Ərəb və fars dillərində gözəl təhsilə malik olan M.H.Qayıbov bir 
müddət Tiflisdə ruhani idarəsinin müsəlman mədrəsəsində şəriət və Azərbaycan 
dillərindən dərs demiş, Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin 
açılması üçun Mirzə Fətəli Axundovla birgə fəaliyyət göstərmişdir. Bu nəcib 
təşəbbüs dramaturqun ölümündən bir il sonra həyata keçəndə Mirzə Hüseyn 
seminariyanın Azərbaycan şöbəsində Şərq və Azərbaycan dillərindən, şəriətdən 
dərs deməyə başlayır. Mirzə Hüseyn Əfəndi seminariya üçün dövlətdən əlavə 
olaraq min manat xərclik alır və maddi köməyə ehtiyacı olan qırx üç nəfər 
seminaristi beş il öz xərcinə oxudur. 1879-cu il, sentyabrın iyirmi üçündən Qori 
Müəllimlər Seminariyasında müəllim işləyən Mirzə Hüseyn 1884-cü il yanvarın 
birində Qafqaz canişinin dəvəti ilə Zaqafqaziya sünni məzhəbi idarəsinin sədri 
təyin edilir. O, bu vəzifədə otuz üç il fəaliyyət göstərmişdir. 
Müfti vəzifəsinə seçilərkən Mirzə Hüseyn demişdir: “Mən heç bir vaxt 
ruhani olmamışam və heç bir dini ayin icra etməmişəm. Bundan sonra da icra 
etməyəcəyəm, lakin mənə təklif olunan vazifəni qəbul edirəm. Çünki bu vəzifədə 
xalqıma daha böyük fayda verə biləcəyimi  güman edirəm”. 
                                                 
23
 Sоnrаlаr gеnеrаl оlmuş, 1877-78-ci illərdə rus-türk mühаribəсində Şipkа müdаfiəsinə kоmаndаnlıq еtmişdir - 
müəl. 
 

Mirzə Hüseyn ömrünün sonuna kimi bu vəzifədə çalışmış, yüzlərlə 
azərbaycanlı gənci maarif və mədəniyyətə cəlb etmişdir. O, elmi-pedaqoji 
fəaliyyətlə yanaşı, dini islahatlar keçirməyi zaruri sayırdı. Doqquz bölmədən ibarət 
“Tövsiyyənamə”sində göstərirdi ki, bütün insanlar mənşəcə eyni xilqətdən yaranıb, 
insan məxluqu başqa millətlərə rəğbət bəsləməlidir. 
Mirzənin bu vəzifədəki fəaliyyəti barədə görkəmli maarifpərvər yazıçı 
Soltan Məcid Qənizadə yazır: 
“...Mən Həbib bəylə /H.Mahmudbəyov - Ş.N. /əvvəlcə bir yerdə müftinin, 
sonra şeyxülislamın salamına gedib onlardan xeyir-dua alardıq. Bizim bu iki şeyx 
umumən Tiflis tələbələrinə çox xeyirxah və şəfqətli idilər. Müfti Hüseyn Əfəndi 
Qayıbov nəhayətcə maarifpərvər bir kişi idi. Sair şəhərlərdən gəlmə tələbələrə 
mənəvi cəhətcə köməkliyi çox olurdu”. /S.M.Qənizadə, “Gəlinlər həmayili” 
kitabı, Bakı, 1986, səh.233/. 
Qori Seminariyasının Azərbaycan şöbəsində elmi-ilahiyyatın tədrisi, ana 
dilimizdə ilk əlifba dərsliyinin yaradılması və maarif sahəsində bir sıra mühüm 
tədbirlərin həyata keçirilməsi xalqımıza təmənnasız xidmət iki eloğlumuzun adı ilə 
bağlıdır. Seminariyanın Azərbaycan şöbəsində ilk dəfə bu çətinliklərin öhdəsindən 
iki məşhur din xadimi gəlmişdir. Tiflis ruhani məktəblərinin elmi-ilahiyyat 
müəllimi /sünni təriqəti üzrə/ qazaxlı Mirzə Hüseyn Əfəndi Qayıbzadə və Salyanlı 
şeyxül-islam Əbdüssəlam Axundzadə. 
Mirzə Hüseyn seminariyada işlədiyi illərdə /1879-1884/ seminaristlərə atalıq 
qayğısı göstərmiş, Rəşid bəy Əfəndiyevin, Firudin bəy Köçərlinin, Teymur bəy 
Bayraməlibəyovun, Məmmədağa Vəkilovun, Səfərəli bəy Vəlibəyovun və başqa 
ilk seminaristlərin mənəvi atası olmuşdur. O, qabaqcıl maarif xadimlərinin böyük 
bir dəstəsini yetişdirmişdir. 
1884-cü ilin aprelində imperiyanın maarif naziri qraf İ.D.Delyanov 
ermənilərin fitvası ilə gizli bir əmr vermişdi: “Məhəmməd dininə mənsub olanlar 
ali tipli xalq məktəblərinə ən zəruri hallarda buraxılsın və institutu bitirən 
müsəlman müəllimlərinə şəhər məktəblərində işləmək hüququ verilməsin”. 
Şovinist nazirin bu ədalətsiz göstərişi o dövrün bütün müsəlman ziyalıları kimi 
Mirzə Hüseyn Qayıbzadəni də hiddətləndirmişdi. Sonralar görkəmli maarif xadimi 
kimi tanınan Abdulla bəy İsmayıl Əfəndi oğlu Əfəndiyev Aleksandr Müəllimlər 
İnstitutuna qəbul olunmaq üçün beş ildən çox get - gələ salınmışdır. Mirzə Hüseyn 
Əfəndi Qayıbzadə uzun müddət yuxarılarla yazışdıqdan sonra 1895-ci ildə Abdulla 
bəyi Aleksandr Müəllimlər İnstitutuna qəbul etdirə bilmişdir. 
Ötən əsrin sonunda isə Mirzə Hüseyn Zaqafqaziya canişinliyinin tabeliyində 
kasıb azərbaycanlı balalarının oxuması üçün xüsusi məktəb açmışdı. Bu nümunəvi 
məktəb Azərbaycan pedaqoji tarixinə “Müfti məktəbi” adı ilə daxil olmuşdur. 
Məktəb 1917-ci ilə kimi fəaliyyət göstərmişdir. Təkcə Tiflisdə deyil, 
Zaqafqaziyanın müsəlmanlar yaşayan kəndlərində Mirzə Hüseynin təşəbbüsü və 
atalıq qayğısı sayəsində onlarla ibtidai kənd məktəbləri açılmışdır. 
1901-ci il oktyabrın yeddisində xeyirxah Hacı Zeynalabdin Tağıyevin 
Bakıda ilk qız məktəbinin rəsmi açılışı oldu. Məktəbin açılışı münasibətilə 
Peterburqdan, Simferopoldan, Baxçasaraydan, Orenburqdan, Xarkovdan, 

Saratovdan, İsfahandan, Rəştdən, Tehrandan və dünyanın müxtəlif ölkələrinin 
nüfuzlu şəxslərindən təbrik teleqramları alınmışdı. 
Tiflisdən Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadə Hacının 
adına göndərdiyi teleqramda yazırdı:  “Artıq şadlıq və xoşbəxtlik hesab etməklə 
müsəlmanların təlimi barəsində təsis olunan məktəbin güşadını
24
 məxsusən 
özümün və mənə mütəəliq ruhanilərin tərəfindən təbrik edirəm. Bu böyük və 
xeyirli işiniz gələcəkdə də bizə ağıllı və mərifətli analar və övrətlər mücdəsinə 
şamildir...” 
  
  
ELMİN ÇƏTİN YOLLARINDA 
 
Müfti Hüseyn Əfəndi Qayıbov “Azərbaycanın  
məşhur olan şüərasının əşarına məcmuədir”  
təzkirəsini düzüb qoşmaqla millətin mənəvi  
sərvət xəzinəsində iftixar doğuran və  
təqdirəlayiq olan sənət nümunələrini  
aşkara çıxarıb nişan verdi. 
 
Xeyrulla MƏMMƏDOV, 
professor. 
 
 
Mirzə Hüseyn Qayıbov iyirmi iki il /1864-1886/ Qafqaz Arxeoqrafiya 
Komissiyasının üzvü olmuşdur. “Aktı” məcmuəsinin tərtibində M.F.Axundov, 
Adolf Berce, Məmmədağa Şahtaxtlı və Səid Ünsizadə kimi görkəmli şəxslərlə 
birgə çalışmışdır. Cəmi on iki cilddən ibarət olan məcmuənin M.F.Axundovun 
sağlığında yeddi cildi çap olunmuşdu. Axundovun ölümündən sonra Mirzə Hüseyn 
Qayıbov qalan beş cildin tərtibində daha yaxından iştirak etmişdir. O, Qafqaz 
müsəlmanlarının rəvayətlərini, şifahi xalq yaradıcılığından nümunələri, xüsusən 
azərbaycanlıların həyatı, məişəti, ədəbiyyat və mədəniyyəti haqqında materiallarla 
çıxış etmişdir. 
Tədqiqatçı Məhyəddin Sultanov iki dostun - M.F.Axundovun və 
M.H.Qayıbovun arxeoqrafiya sahəsindəki fəaliyyətini araşdırarkən haqlı olaraq bu 
qənaətə gəlir: “Cəsarətlə deyə bilərik ki, M.F.Axundov, M.H.Qayıbov ilk 
Azərbaycan arxeoqrafları idilər”. 
Mirzə Hüseyn Əfəndi Qayıbovun təşəbbüsü ilə Qori Seminariyasının  
tələbələri tətil günlərində doğma kəndlərindən topladıqları folklor nümunələrini 
arxeoqrafiya komissiyasına göndərirdilər. O, həm də məktub vasitəsilə məscid və 
mədrəsələrdəki mollalara müraciət edir, onlardan əfsanələri, rəvayətləri və şifahi 
xalq yaradıcılığı nümunələrini yazıb göndərməyi xahiş edirdi. 
                                                 
24
 Аçılmаsını, аçılmа. 
 

Belə nadir məktublardan biri fars dilində yazılmışdır. Məktubu 1872-ci ildə 
Mirzə Hüseyn Qayıbov Qocori yaylağından Adolf Berceyə göndərmişdi. 
“Mirzə Fətəlini /M.F.Axundov - Ş.N./ üç gün bundan əvvəl Baranovski 
yanına çağırıb “əsasnamə”nin tərcüməsini ona vermişdir. Mirzə onunla məşğuldur. 
Əlavə Hacı Əfəndinin formulyar siyahısını tərtib edir. Hacı Cəmil Əfəndi 
xəstələnmişdi, indi yaxşılaşıb və yazır ki, bir cindar tapıb cin və devlərin əhvalatını 
toplayır, xatircəm olun ki, salyanlı Mirzə Əbdüləli bəy Əlimirzeyev talış, Bakı, 
Dərbənd evləri barədə müfəssəl məktub yazıb göndərəcəkdir. Mirzə Mustafaya da 
yazmışam ki, Qarabağın əhvalatını ətraflı yazsın, Hacı Cəmil Əfəndiyə yazıb 
bildirmişəm ki, Gəncədə olan dostlarından öyrənsin və oraların həyat tərzini təsvir 
etsin”. 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin