ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə14/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

O, el üçün keçdi candan
O, yaşadı insan kimi. 
Demə oldu o qəhrəman, 
O müqəddəs diləklərdə, 
Bir də təmiz ürəklərdə 
Yaşayacaq dastan kimi. 
 
İlk təyyarəçimiz Fərrux ağa Qayıbovdan yazmaq, tədqiqat aparmaq ilk dəfə 
mənə 1975-ci ildə müyəssər oldu. 
O vaxtlar, yəni 70-ci illərdə qeyri-rəsmi də olsa çar zabiti Fərrux ağa 
haqqında yazmaq, onu təbliğ eləmək o qədər də yaxşı qarşılanmırdı. 
Fərrux ağa haqqında ilk dəfə 1942-ci ildə general Əliağa Şıxlinski balaca bir 
məqalə yazıb. Mən həmin məqaləyə 1977-ci ildə arxivdə rast gəldim. Şübhəsiz ki, 
generalın məqaləsi köməyimə gəldi. Belə bir igid haqqında axtarış aparmalı oldum. 
Çünki generalın məqaləsi çox qısa idi. Tiflis arxivinə getdim. Qazaxdakı bəzi 
qocalarla görüşdüm. Bir müddət 1916-cı il qəzet və jurnallarını vərəqlədim. O vaxt 
1914-cü ildə nəşr olunmuş “Müharibənin salnaməsi”ni oxudum. Peterburq 
arxivlərində axtarış apardım. Ən çox köməyimə gələn mərhum Zülfüqar Qayıbov 
oldu. Hətta Zülfüqar müəllim dedi ki, nahaq zəhmət çəkirsən, bu yazını heç kim 
dərc etməyəcək. Nə isə... Bir çap vərəqi həcmində “İlk səma şahinimiz” adlı yazını 
“Azərbaycan ” jurnalına təqdim etdim. Baş redaktor İsmayıl Şıxlı şəxsən özü 
yazını oxuyub “Azərbaycan” jurnalının 1978-ci il ikinci nömrəsində dərc etdi. 
Sonra Kinostudiya ilə Fərrux ağa haqqında on dəqiqəlik sənədli film çəkdik. 
Kinostudiyanın o vaxtkı rəhbərliyi filmi ekrana buraxmadı. “Olmaz - dedi - Lenin 
Birinci Dünya müharibəsi haqqında belə deyib, elə deyib. Həm də Fərrux ağa çar 
zabiti olub”. Film indi də arxivdə qalır... 
1971-ci ildə aviasiya marşalı Pavel Kutaxov Qazax-Tovuz bölgəsindən SSRİ 
Ali Sovetinə deputat seçilib. Bir il sonra seçiciləri ilə görüşə gələn marşala Qazax 
ağsaqqalları, ziyalıları deyiblər ki, Birinci Dünya müharibəsində təyyarəçi 
həmyerlimiz igidliklə həlak olub. Marşal inanmayıb. Ona sənəd, şəkil tapıb sübut 
edə bilməyiblər. Onda marşal deyib ki, Moskvaya qayıdanda arxivi yoxlatdıraram. 
Əgər doğrudan da sizin həmyerliniz təyyarəçi olubsa, mən ona bir heykəl, bir 
nişangah qoydurmağa söz verirəm. Arxivi yoxlatdırıb dəqiqləşdirəndən sonra bir 
nömrəli heykəl-təyyarə göndərib. Üzərində də belə bir lövhə: “İlk Azərbaycan 
təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə”. 
Lakin o vaxtı raykom katibi Fərruxun adına olan lövhəni sökdürüb əvəzində 
belə bir yazı həkk etdirib: “Böyük Vətən müharibəsində həlak olanların 
xatirəsinə”. 
Lakin Qayıbovdan başqa Qazax rayonundan Böyük Vətən müharibəsində 
təyyarəçi kimi vuruşub həlak olan nə əsgər var, nə də zabit. 
Həmin səhv vurulmuş lövhə indi də qalır. 
Fərrux ağa çox gənc yaşında həlak oldu. İyirmi üç yaşında. Onun 
qəhrəmanlığı, igidliyi bu günkü gənclərimizə nümunə qaldı. Bir də 1913-çü ildə 
Peterburq Mixaylovsk hərbi məktəbini bitirəndə ona əla qurtardığına görə 

İsveçrənin “Pavel-Bure” firmasında hazırlanmış saat bağışlanıb. Üstündə belə bir 
yazı ilə: “Əlaçı yunker Fərrux ağa Qayıbova, 1913-cü il”. Saat hazırda Fərruxun 
bacısı oğlu Turan Seyidovda saxlanılır. Bir də muzeydə bir yaylıq saxlanılır. Onu 
muzeyə general Şıxlinski təqdim edib. Üstündə yazılıb ki, bu yaylıq ilk pilotumuz 
Fərrux ağa Qayıbova məxsusdur. 
Hazırda Fərrux ağanın maarifçi nəsli haqqında kitab yazıram. Bir neçə ildir 
ki, bu sahədə axtarışlar aparıram. Kitabımın adı “Nəsli Qayibdən...”dir. Bu nəsil 
Azərbaycan tarixinə çox böyük maarifçilər verib. Bu nəsildən Qori və Qazax 
Seminariyalarında 20-yə yaxın adam oxuyub. O da məlumdur ki, Qori 
seminariyasında Azərbaycan şöbəsinin 1879-cu ildə açılmasına ilk dəfə təşəbbüs 
göstərən məşhur din alimi və maarifçi Mirzə Hüseyn Əfəndi Qayıbzadə olmuşdur. 
Onun dörd cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı 
çax sanballı əsəri var. Mirzə 1860-cı ildə yazdığı bu kitabı maddi vəsaiti 
olmadığına görə nəşr etdirə bilməyib. Həmin kitabın birinci cildi 1986-cı ildə, 
ikincisi isə 1989-cu ildə professor Cahangir Qəhrəmanov və Şamil Cəmşidov 
tərəfindən  nəşr olundu.  Bu nəsildə iki nəfər   hərbçi   olub.   Əbdülkərim   ağa 
Qayıbov,   bir  də  Fərrux  ağa  Qayıbov. Qayıbovlar nəslinin  oğlu,  qızı  bütün 
varlığı   ilə  xalqımıza   baş  ucalığı gətirib. Bu o Qayıbovlardır ki, general İsmət 
Qayıbov kimi oğulları, ilk pianoçu qadın   Xədicə   xanım   Qayıbova   kimi qızları 
ilə tarixdə yaşayırlar. Taleyin hökmünə bax ki, Fərruxdan 80 il sonra Vətəninin,   
xalqının   səadəti   uğrunda İsmət Qayıbov da təyyarədə həlak oldu. Rəhmətlik 
İsmət deyərdi ki, Şəmistan, bizim nəsildən kitab yaz, özüm nəşr etdirəcəyəm. 
Qismət olmadı... 
 
* * * 
 
Deyirlər, qədim Misirin qəbirüstü abidələrinin çoxunda belə bir yazı var: 
“Həlak olanın adını yad etmək onu həyata qaytarmağa bərabərdir”. Bəli, şərəflə 
ölənlərə ölümsüzlük qismət olur. Əgər oğul döyüş meydanında həlak olursa, o, 
dirilərin and yerinə çevrilir və xatirəsi əbədiləşir. Ən qorxulu cəza unudulmağa 
məhkum olunmaqdır. Bu mənada ilk təyyarəçimiz Fərrux ağa Qayıbovun qısa 
ömrünə, bioqrafiyasına nəzər salsaq, onun ölumsüzlüyünün şahidi olarıq. Fərrux 
ağa Qayıbov həlak olandan sonra Baş Qərargahın verdiyi məlumatın ikinci 
cümləsini oxuyanda istər-istəməz fəxr edirsən: “Poruçik Qayıbovu şərəfli ölümü 
münasibətilə almanlar hərbi ləyaqətlə dəfn ediblər. Məzarı üstündə  
yaylım atəşi açıblar”. 
Əlbəttə, düşmən də olsa cəngavərlərə məxsus hərbi əxlaqi ədalətlə 
eloğlumuzu 1916-cı il sentyabrın 12-də dəfn etmişdi. Düşmən də olsa, almanlar 
eloğlumuz Fərrux ağa Qayıbovu öz əsgəri, öz igidi kimi ehtiramla torpağa 
tapşırmışdı. Bu, bizim Azərbaycan hərb tarixinin solmayan səhifəsi oldu. Təəssüf 
ki, biz belə qəhrəmanlarımızı və qəhrəmanlıq səhifəmizi nə az, nə çox - düz səksən 
ilə yaxındı unutmuşuq. Hətta rus marşalının onun xatirəsini əbədiləşdirmək üçün 
göndərdiyi bir nömrəli heykəl təyyarənin üstünə Fərrux ağa Qayıbovun adının 
yazılmasına belə razılıq verilməyib. Böyük şairimiz M.Ə.Sabir bu yerdə demişdir: 
 

Dindirir əsr bizi, dinməyiriz, 
Atılan toplara diksinməyiriz, 
Əcnəbi seyrə balonlarla çıxır, 
Biz hələ avtomobil minməyiriz, 
Quş kimi göydə uçur yerdəkilər, 
Bizi gömdü yerə minbərdəkilər. 
 
M.Ə.Sabirin “göylərə balonlarla çıxmaq” kimi işıqlı arzusunu Azərbaycanda 
ilk dəfə Fərrux ağa Qayıbov həyata keçirmişdi. Bunun da səbəbi var: Fərrux ağanın 
əmisi, məşhur maarifçi Səməd ağa Qayıbov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, 
M.Ə.Sabir, S.M.Qənizadə, F.Köçərli kimi xalqının gələcəyini, tərəqqisini düşünən 
görkəmli adamlarla yaxın dost idi. Fərrux ağanın atası Kərim ağa cavankən vəfat 
etdiyindən o, əmisinin himayəsində böyüyüb tərbiyə almışdı. Böyük M.Ə.Sabir də 
bu şeri yazdığı illərdə Tiflisdə müalicə olunurdu. Bu yandan da həmkəndlisi 
“Artilleriyanın Allahı” general Əliağa Şıxlinski Fərrux ağanın bu arzusuna dayaq 
olmuşdu. 
Azərbaycanda təyyarəçilik, aviasiya tarixi 1910-cu ildən ilk şahin Fərrux ağa 
Qayıbovun adı ilə bağlıdır. 
Yaxşı ki, əlyazmaları, arxiv sənədləri yanmır, məhv olmur. İstəyirsən ki, 
tarixin yaşasın, arabir arxaya da boylanmalısan. Onda Azərbaycan Dövlət Tarix 
Muzeyinin nadir fondunda saxlanan bir fotoşəklin arxasındakı yazını oxuyacasan: 
“Birinci Dünya müharibəsi illərində paraşütdən tullanan azərbaycanlı zabit Soltan 
Əhmədov. 1915-ci il”. Bu da say etibarilə ikinci təyyarəçimizdir, səksən ildən 
sonra yalnız foto-şəklini aşkar etmişik. Tarix isə tükənmir, amma tarixin təkəri 
fırlanır. Onu irəliyə, gələcəyə fırlatmaq üçün güclü qol, bir də sinədə Vətən üçün 
döyünən ürək olmalıdır. Yaxşı ki, qehrəmanlıq unudulmur. Səməd Vurğun 
demişkən: 
 
Unutmaz tarixin böyük günləri, 
Dünyaya mərd gəlib, mərd gedənləri. 
  
 
CÜMHURİYYƏTİN SƏMA 
ŞAHİNLƏRİ 
 
Azərbaycan dövləti, hərbi hava quvvələrini 
möhkəmlətmək üçün 1920-ci ildə on iki 
hidro-plan və altı aeroplan almalı idi. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Arxiv sənədi 
 
 
1918-20-ci illərdə Milli Ordumuzda hərbi təyyarəçilərimiz olubmu? Bu 
barədə Azərbaycan Dövlət Yeni Tarix Arxivində məlumata rast gəlmək olur. 
Müdafiə naziri, general Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 22-də 

Gürcüstan Respublikasının nəzdində ADR-in diplomatik numayəndəsi Məmməd 
Yusif Cəfərovun adına belə bir məktub göndərmişdir: 
“Əlahəzrət Məmməd Yusif bəy! 
Bizim qoşunların təşkili işində yaxından iştirak etdiyinizə görə Sizdən 
razıyam və minnətdaram. Radioteleqraf işinin təlimi üçün iki zabiti və ya giziri, 
lazımi təhsili olan on iki cavanı Sizə ezam edə bilərəm. Onların məktəbə gəlmək 
vaxtını əvvəlcədən xəbər verməyinizi xahiş edirəm. 
Bununla yanaşı, xahiş edirəm aydınlaşdırasınız ki, azərbaycanlıların da 
Tiflisdə yerləşən təyyarəçilik məktəbinə həmin şərtlərlə qəbulu mümkündürmü?” 
Həmin il sentyabrın 14-də hərbi nazir orduda aviasiya dəstəsini yaratmaq 
haqqında əmr verib. Gürcüstanda doqquz nəfər Tiflis Aviasiya məktəbində üç aylıq 
kurs bitirib Azərbaycana qayıtmışdır. Bunlar ikinci Bakı alayının praporşikləri 
Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, birinci Cavanşir piyada 
alayının podporuçiki Əliyev, birinci artilleriya briqadasından kapitan şahzadə 
Firidun bəy Qacar, üçüncü Gəncə süvari alayından praporşik Həsənzadə,   
praporşik   Qaraşarov   və başqaları idi. 
Arxivdə general S.Mehmandarovun və M.Sulkeviçin imzaladığı 370 nömrəli 
əmr də saxlanılır. 1919-cu il avqustun 19-da verilən əmrdə göstərilir ki, hərbi 
təyyarəçi podporuçik Xan Teymurçin Əfşar Azərbaycan Ordusunun Baş Qərargah 
İdarəsində aviasiya dəstəsinin rəisi təyin edilsin. Ona hərbi təyyarəçi kimi maaş 
verilsin. 
Bu barədə Baş Qərargah rəisi, general Məmməd bəy Sulkeviçin 1920-ci il 
yanvarın 28-də Şuşadan Bakıya, kvartir-meyster   generalının    adına    vurduğu 
teleqram saxlanılır: 
“Gürcü təyyarəçilərinin Svanetidə üsyanı yatırmaq üçün təcrübəsi, çətin 
keçilə bilən dağ  yerlərində bu üsulun əlverişli olduğunu subut etdi. Gürcü 
təyyarəçilərinin arasında beş pudluq bombanı üsyan etmiş kəndin uzərinə atmış 
leytenant Makayev də var idi. Bu təcrübədən elə o cür, tez, qəti nəticələr baş verə 
bilən Zəngəzurda da istifadə etmək olar. Telefon vasitəsilə Tiflislə əlaqə saxlayıb, 
məsələni aydınlaşdırın, Zaxaryadze ilə gürcü dilində danışın. Bir aeroplan 
göndərmək olar, özü də təyyarəçi Xan Əfşar Teymurçin ola bilər. Beləliklə, 
gürcülər gürcü zabitlərinin bizim daxili ekspedisiyalarda iştirakını qadağan edən 
hərbi konvensiyanı pozmurlar. Uçuşlar qısa olacaq, uçuş radiusu 100 verstdən uzaq 
olmayacaq. Aviasiya bazası Şuşada və ya Xankəndindədir. Cavabı mənə teleqrafla 
çatdırın. Yanvarın 29-da Xankəndində, 30-da Yevlaxda, 31-də isə Bakıda 
olacağam, bu halda cavabı mənə evə çatdırın. Yevlaxa vaqon göndərmək üçün 
komendanta tapşırıq vermişəm. 
 
Baş Qərargah rəisi M.Sulkeviç”. 
 
Qanlı-qadalı iyirminci ilin apreli gəldi. Bu tarixdə daşnak-bolşevik qoşunu 
ölkəmizə soxuldu. Bu igidlərin də payına sürgün, ölüm və təqiblər düşdü. ÇK-nın 
qəddarlığı ilə yüzlərlə azərbaycanlı əsgər və zabitin şöhrəti unudulub yaddan çıxdı. 
Onların adı yalnız məhkəmə protokollarında və xatirələrdə qaldı. 

Milli Ordumuzun hərbi təyyarəçisi Xan Əfşar Teymurçin haqqında rast 
gəldiyim daha bir sənəd görkəmli pianoçu və Bakıda Şərq konservatoriyasının 
yaradıcısı Xədicə xanım Qayıbovanın dindirilmə protokoludur. 1933-cü ildə 
“casus” kimi həbs edilən ilk pianoçu Xədicə xanım 1938-ci ildə ikinci dindirilmədə 
demişdir; “Təyyarəçi zabit Xan Əfşar Teymurçinlə məni indi xalq düşməni kimi 
ifşa olunmuş Çingiz İldırım tanış etmişdir”. 
“Dəstəmizə hərbi kadrları könüllülərdən yığırdıq. Onların çoxusu 
yoxlanılmamış və naməlum adamlar olub. Sənin əqidən Qızıl Orduda xidmət 
etməyinin ziddinə deyil ki sualıma o, belə cavab verdi: 
- Mənim əqidəm mənə veriləcək pulun miqdarından asılıdır. 
Bu cavabdan məlum oldu ki, Əfşar etibarlı adam deyil, ona görə də biz onu 
təyyarəçi vəzifəsinə götürmədik. O, Azərbaycan hava donanmasında işə düzəldi. 
Bir xeyli işləyəndən sonra Əfşar həkim işləyən həyat yoldaşı ilə qaçıb İrana getdi”. 
/Marşal S.A.Krasovski, “Jizni v aviasii” kitabı, 1960-cı il, səh. 46/. 
Vəssalam. Təyyarəçi Xan Əfşar Teymurçinin son taleyi necə olub, məlum 
deyil. 
 
* * * 
 
1919-cu ildə Milli Ordumuzda təyyarəçi kimi xidmət edən Mahmud 
Mahmudzadənin 1927-ci ildə Solovki həbs düşərgəsindən yazdığı məktubdan 
sətirlər: 
“...1896-cı ildə Lənkəranda anadan olmuşam. On üç yaşına qədər məktəbdə 
oxumuşam. Ərəb və fars dillərini öyrənmişəm. İki il Lənkəran üçillik məktəbində 
ibtidai təhsil almışam, sonra gimnaziyaya daxil olmuşam. 1918-ci il fevralın 23-də 
gimnaziyanı ekstern yolu ilə bitirmişəm. Ali təhsilimi yarımçıq qoyub əlimə silah 
alaraq, millətimi, torpağımı təcavüzkarlardan xilas etmək məcburiyyətində 
olmuşam. 
Süvari praporşikliyindən başlayaraq, artilleriyaya keçib 1919-cu ildə Tiflisdə 
aviasiyaya düşdüm.
34
 1920-ci ildə Bakıya qayıtdım. Azərbaycan Ordusunun Baş 
Qərargahı məni və dörd dostumu hərbi hava məktəbinə göndərdi. 
Məktəbin rəisi, hərbi təyyarəçi Pavlov bizim aviasiya biliyimizi yoxlayandan 
sonra hamımızı nəzəriyyədən təcrübəyə keçirdi. Bizə M-5 hidro-təyyarəsini 
starşina Karpuxinin rəhbərliyi ilə yığmağı tapşırdılar. Mənim yoldaşlarım Teymur 
Mustafayev, Əlihüseyn Dadaşov, Əhədəli Əjdər Həsənzadə, Məlik Mikayıl Mirzə 
idi. 
M-5 sınaq təyyarəsini yığandan sonra növbə ilə uçmağa başladıq. 1921-ci 
ildə ilk uçan Teymur Mustafayev oldu. O, məşq edib hərbi təyyarəçi rütbəsini aldı. 
1922-ci il sentyabrın 22-də mən də uçdum. Məndən sonra Əlihüseyn Dadaşovu və 
kursant Əsəd Əliyevi uçuşa buraxdılar. Əlihüseyn Dadaşov və mən əlavə imtahan 
verib hərbi təyyarəçi rütbəsi aldıq. 
                                                 
34
 Аrхivdə gizir М Маhmudzаdənin охumаsı hаqqındа Аzərbаycаn Rеspublikаsının hərbi аttаşеsinə göndərdiyi bеlə 
bir rаpоrt sахlаnılır: "Diqqətinizə çаtdırırаm ki, iyulun 4-də Тiflis şəhərinə çаtdım və аviаsiyа məktəbində dərslərə 
bаşlаdım" -müəl. 
 

1923-cü ildə məni Sevastopol yaxınlığındakı Kaçinski hərbi aviasiya 
məktəbinə göndərdilər... 
1926-cı il oktyabrın 25-də həbs olundum. Səbəbini soruşdum, dedilər ki, 
1920-21-ci illərdə xalq arasında milli məsələ ilə bağlı söhbətlər aparmısan. 
Məndən bir az əvvəl Əlihüseyn Dadaşovu və Teymur Mustafayevi həbs etmişdilər. 
Bizi əlli ikinci maddə ilə beş il müddətinə Solovki adalarındakı həbs düşərgələrinə 
göndərdilər”. 
 
* * * 
 
Gərgin axtarışlardın sonra Mahmud Mahmudzadənin haqqında danışdığı 
azərbaycanlı təyyarəçilərdən ancaq birinin kimsəsini tapa bildim - Teymur 
Mustafayevin qardaşı, ağsaqqal İsrafil müəllimi. Unudulmuş, yaddan çıxmış 
qardaşının adını eşidəndə qocaman müəllimin uşaq kimi kövrəldiyini təsvir etmək 
çətindir... 
Qardaş həsrətli İsrafil müəllim: 
- Qardaşımın adı iyirminci illərdə dastan idi, - dedi, - hamı - böyük də, kiçik 
də onunla fəxr edirdi. Atam, anam isə bu şöhrətdən bərk narahat idilər. 
 “Bu xoşbəxtliyi bizə çox görmə, ay Allah” deyib dua edirdilər. Kasıb ailə 
idik. Teymur işləyəndən  sonra güzəranımız yaxşılaşdı. O, məndən böyük idi. 
1896-cı ildə Bakıda anadan olub. Atam dülgər; idi.  1919-cu ildə hökumət onu 
pulsuz-parasız məktəbə götürəndə atam xoşbəxtliyindən özünə yer tapa bilmədi. 
1922-ci ildə əlaçı pilot Teymur Mustafayevə iki mükafat verildi. Noyabrın 
on dördündə yüz səksən nömrəli əmrlə Respublikanın Qırmızı Bayraq Ordeni ilə 
təltif olundu. Həmin il aprelin iyirmisində Respublika Hərbi Dəniz Komissarlığının 
yüz otuz iki nömrəli əmrilə Teymur uçuşda qazandığı müvəffəqiyyətlərə görə üstü 
yazılı qızıl saatla mükafatlandırıldı. 
Təyyarəçi Teymur Mustafayev 1924-cü ildə Xəzərin üstü ilə beş yüz - altı 
yüz  metr məsafədən uçarkən dəniz səthinin bir sahəsində yağlı neft ləkələri 
müşahidə edir. O, bu barədə Neft Təsərrüfatı Nazirliyinə məlumat verir. Həmin 
illərdə respublikamızda hərbi xidmətdə olan, sonralar Sovet İttifaqı Marşalı, Sovet 
İttifaqı Qəhrəmanı Stepan Akimoviç Krasovski yazır ki, Xəzərdə ilk dəfə neftin 
olmasını azərbaycanlı təyyarəçi Teymur Mustafayev kəşf etmişdir, desək, 
yanılmarıq. 
İyirminci illərin sonunda ölkədə ilk siyasi proseslərdən birinə başlandı. Gizli 
anti-sovet təşkilat olan “prom-partiya” /sənaye partiya/ ittiham edilirdi. Guya bu 
təşkilat burjua-texniki ziyalılarından ibarət yuxarı təbəqənin bir hissəsini birləşdirir 
və sərhədin o tayının köməyinə, digər əksinqilabi qüvvələrin yardımına 
arxalanaraq SSRİ-nin sənaye və nəqliyyat sahələrində pozuculuq fəaliyyəti 
göstərirmiş. Həmin iş üzrə ölkədə bir çox məşhur aviasiya konstruktorları, 
təyyarəçi və mühəndislər həbs edildilər. 
Azərbaycanlı təyyarəçi Teymur Mustafayev də guya “sərhəddin o tayının 
köməyinə” gedənlərdən biri olub. Yalan və haqsızlığın qurbanı olan Teymur 1926-
cı ildə həbs edilərək əvvəl Solovki adalarına, sonra isə Qazaxıstanın Karaqanda 
şəhərinə sürgün edilir. Şəxsiyyətə pərəstiş dövrünün ilk qurbanlarından olan 

həmyerlimiz burada da fəaliyyətini dayandırmır. O, Karaqandada yenicə açılan daş 
kömür mədənlərinin inkişafında yaxından iştirak edir. T.Mustafayev “Karaqanda-
kömür” mədənlərində müxtəlif məsul vəzifələrdə qaz generatorları qurğusunun 
hazırlanması və Böyük Vətən müharibəsi illərində cəbhə üçün yük 
avtomobillərinin əsaslı təmirində böyük əmək sərf etmişdir. 
Dövlət onun müharibə illərindəki və müharibədən sonrakı xidmətlərini 
nəzərə alaraq “Böyük Vətən müharibəsində fədakar əməyinə görə”, “Əməkdə 
fərqlənməyə görə” və “Xam torpaqların istifadəyə verilməsinə görə” medalları ilə 
təltif etmişdir. Həmyerlimiz həm də “Üçüncü dərəcəli dağ mühəndisi”fəxri adına 
layiq görülmüşdür. 
Ömrünün axırına kimi Vətəndən uzaqlarda yaşayıb işləyən Teymur 
Mustafayevin səksən illik yubileyini 1976-cı ildə Karaqanda ictimaiyyəti 
keçirmişdir. 
 V.Jilkin familiyalı müəllif  “İndustrialnaya Karaqanda” qəzetinin 27 oktyabr 
1976-cı il tarixli nömrəsində “Yaxşı insan haqqında” məqaləsində yazır: 
“Ucaboy, çevik və həmişə gülümsər sifətli Teymur Mustafayevi mədənçilər 
şəhərində hamı qayğıkeş bir adam kimi tanıyır. O, kiminə xeyirxah məsləhəti ilə, 
kiminə də mənzil və məişət məsələlərinin həllində kömək edir. Artıq uzun illərdir 
ki, Teymur şəhər sovetinin xalq nəzarəti şöbəsində ictimai müfəttişdir. O, həm də 
rayon komitəsində mənzil-məişət komissiyasının üzvüdür. Bizim şəhərdə o, demək 
olar ki, yarım əsrdir yaşayır və işləyir. 
1930-cu ildə Qazaxıstanda daş kömür sənayesinin əsası qoyuldu. Bu sahədə 
ilk və fəal çalışanlardan biri də Teymur Mustafayev idi. Böyük Vətən müharibəsi 
illərində o, yük avtomobillərini təmir edib cəbhəyə göndərən sexin rəisi idi. Onun 
təşəbbüsü ilə yük avtomobillərinin mühərrikləri qaz generatorları ilə işləməyə 
uyğunlaşdırılmışdı. Bu təşəbbüs cəbhənin ehtiyaclarını ödəmək üçün yüz tonlarla 
benzin yanacağına qənaət etməyə imkan vermişdi. 
Müharibədən sonra Teymur Mustafayev Tixonovski, Novomaykudski, 
Prişaxtinski avtobazalarının və avtotəmir emalatxanalarının tikintisinə rəhbərlik 
etmişdir”. 
Heç bir günahı olmadan sevimli hərbi təyyarəçilik sənətindən ayrılaraq 
doğma Azərbaycandan uzaqda yaşayan Teymur Mustafayev yetmişinci illərdə bir 
neçə dəfə öz Vətəninə qonaq kimi gəlib qayıtmışdır. Bir neçə dəfə köçüb Vətəni 
Azərbaycanda yaşamaq üçün yuxarı dairələrə müraciət etsə də, “yox, sən siyasi 
dustaq olmusan, xalq düşmənisən...” kimi ədalətsiz ittihamlarla onu məyus 
qaytarmışlar. 
1981-ci ildə qurbətdə Vətən həsrətilə vəfat edən Teymur Mustafayevin 
hazırda Karaqanda şəhərində iki oğlu yaşayır. Böyük oğlu Yusif dağ mühəndisidir, 
kiçiyi İsgəndər isə atasının ilk gəncliyində yarımçıq qalmış arzusunu davam etdirir 
- təyyarəçidir. 
Hər şeyin ilki, əzəli və əbədidir. Tarixin müəyyən mərhələlərində onlar 
unudulsalar da, gec-tez yada düşür, xatırlanırlar. 
Haqq nazilir, amma üzülmür. Bu gün adı, şöhrəti doğma xalqına qaytarılan 
ilk təyyarəçilərimizin - Fərrux ağa Qayıbovun, Xan Əfşar Teymurçinin, Mahmud 
Mahmudzadənin, Teymur Mustafayevin, Əlihüseyn Dadaşovun, Məlik Mikayıl 

Mirzənin, Əsəd Əliyevin, Əjdər Əhədəli Həsənzadənin ömür yolu öyrənilməklə 
adları əbədiləşdirilməlidir. 
  
 
“SƏMƏD BƏY  NAMINDA BİR 
KİŞİ GÖRDÜM” 
 
“Borçalı elində bir şəxsi izzət, 
Gedib qoca köydə xoş ülfət gördüm”. 
 
Aşıq ŞENNİK. 
  
Qənsələrin yanında avtobusdan düşdük. Qaranlıqda minib, qaranlıqdada 
düşdüyümüzə görə sərnişinlərdən heç biri bizi tanımırdı. Soyuq, çiskinli dekabr 
havasında hamı evinə, isti ocağına dağılışdı. Çöldə qalan ikimiz olduq. Geniş bir 
prospektin başında dayanıb Aranın evini soruşmağa adam axtardıq. Yol yoldaşım 
Mahmud əmi əllinci illərdə burada müəllim işləmişdi. Ötüb-keçən illərin 
dəyişikliyi, üstəlik də axşamın sazağı, tor qaranlığı onu da çaşdırmışdı. İns-cins 
olmayan yad küçədə hara istiqamət götürməyə çətinlik çəkirdik. Arxadan gələn 
ayaq səslərini eşidib geriyə döndüm. İki nəfər düşmən dilində nəyinsə qarasınca 
deyinə-deyinə ötüb keçdi. Mahmud əmi təəssüflə: 
- Əyə, onlardan niyə soruşmadın? - dedi. 
- Onların  göstərdiyi  yoldan  xeyir tapmarıq, - dedim. 
- Niyə? 
- Ermənicə danışırdılar... 
- Ə, bu qırılmışları hələ burdan rədd eləməyiblər? 
Qarasına prospekt boyu bir az irəlilədik. Sağ tərəfə dönən yolun 
başlanğıcında, iki yük maşınının işığında da doğma dilimizdə danışıq eşidəndə 
eynimiz açıldı. 
Mahmud əmi irəli durub; 
- A qardaşlar, - dedi, - Ağanın evinə yol hardan dönür? 
- Düz gəlmisiniz, elə bu küçədir, - dedilər, - odey, darvazasına  gur işıq 
düşən Ağanın mülküdür. 
Qazaxdan ta Sarvana /indiki Marneuli - Ş.N./ kimi Mahmud əmi mənə 
Daşdəmir ağa Rüstəm ağa oğlu Paşayev və onun nəsli-nəcabəti haqqında 
danışmışdı. Demişdi ki, Borçalı mahalında hamı ona “Ağa” deyə müraciət edir. 
Mənə ləzzət verən də yolda soruşduqlarımızın cavabı oldu. Onlar demədilər ki, 
hansı ağa... 
Ağanın görüşünə getməkdə iki məqsədim vardı: biri ulu babası Səməd ağa 
haqqında olan əhvalatları eşitmək, biri də onun ana tərəfdən Səməd Vurğunla 
qohumluğunu öyrənmək. 
Evə çathaçatda Mahmud əmi dedi ki, kef bundadı gedək görək Ağa evdə 
yoxdu. 
Həyəcanımı gizlədə bilməyib: 

- Nə danışırsınız, - dedim, - bunu Qazaxda desəydin, bu sazaqlı qış 
havasında, dörd-beş maşın dəyişə-dəyişə bu əziyyətlə gəlməzdik. 
- Gəl görək, - dedi, - qardaşoğlu, əziyyətdən keçib, daha gəlib çatmışıq, ya 
qismət... 
- Mahmud əmi, - dedim, - hanı Sarvan camaatı, hələ axşamdandı, amma iraq 
olsun, elə bil köçüblər? 
- Qorbaçovun aşkarlığının işığına yığışıblar, oğul, - köksünü ötürüb - Allah 
pis rəhbərin evini yıxsın, - dedi, - yıxacaq da... Başıpozuqluqdan burda oğru, 
quldur çoxalıb. Adam girov aparmaq, ev yarmaq bu saat dəbdi. Ona görə də hamı 
axşamdan ocağının başına yığılıb. Bir fikir ver, qapı-pəncərə dəmir barmaqlıqlarla 
necə bərkidilib... 
Gur işıq düşən darvazaya çatıb dayandıq. Mahmud əmi: 
- Ay ev yiyəsi, ay Ağa - deyib bir-iki ağız çağırdı. 
Eyvanın o başında qucağı uşaqlı bir gəlin göründü. 
- Qızım, Ağaya de, bir eşiyə çıxsın. 
- Ağa yoxdu evdə, kimdi soruşan? 
- Hardadı? - Mahmud əminin səsi özü də hiss eləmədən hirsli çıxdı. 
 - Toya   gedibdi.   Kimdi   ki,   Ağanı soruşan? 
- Mənəm, Mahmudam, Qazaxdan gəlirəm... 
- Bıy, a Mahmud müəllim, sizsinizmi, qoy darvazanı açım, bircə dəqiqə... 
İlahi, insan insana necə oxşarmış... Ata-babalarımız yox yerdən deməyib ki, 
insan ekiz doğulur. Kəndində-kəsəyində olmasa da, hardasa onun oxşarı, tən yarısı 
var. Şən əhval-ruhiyyə ilə toydan gələn Ağanı bilmirəm iki qardaşdan hansına   
oxşadım.   Səməd   Vurğunamı, yoxsa Mehdixan Vəkilovamı? 
Boy-boxunda Mehdixan müəllim, danışıqda, təmkində isə Səməd Vurğun 
idi,  dip-diri qarşımda durmuşdu. 
- Anamın  dediyinə   görə, mən  süd qohumlarım Vəkilovlara çəkmişəm. 
İki gün qonağı olduğum Daşdəmir ağa bunu bircə dəfə təvazökarlıqla, həm 
də iftixarla etiraf elədi. 
- Daşdəmir ağa, - dedim, - qohumun Səməd Vurğunla görüşünüz olubmu? 
- Olub, çox gec. O da bircə dəfə. 1955-ci ildə gürcü şairi David 
Quramişvilinin 250 illik yubileyinə gələn Səməd Vurğun və Osman Sarıvəlli bizim 
qonşu Hidayət Bayramovla Tbilisidə görüşür. Söhbət zamanı Hidayət müəllim 
deyir ki, sizin   bir   qohum   Sarvanda   bizimlə qonşudur. Saquramoya yubiley 
şənliyinə gedən Səməd Vurğun Hidayət müəllimə deyir  ki,   bizim   qohuma   
salam   söylə, deynən, onun görüşünə gələcəm. 
Bir gün xəbər gəldi ki, Səməd Vurğun və Osman Sarıvəlli Faxralı kəndinə 
gediblər, sabah Sarvana gələcəklər. On-on beş kişi maşınlara minib Qızılhacılı 
yolunda onları qarşılamağa getdik. 
Hamımız cərgə ilə durmuşduq. Maşından düşən şairlər hamı ilə əl tutub 
keçirdilər. Səməd Vurğun mənimlə görüşüb dayandı, üzümə diqqətlə baxıb: 
- Bizim qohum sən olarsan? - dedi. 
- Bəli, - deyən kimi qollarını açıb məni qucaqladı. Öpüşdük, kövrəldik. Niyə 
kövrəldik, bu günədək özüm də bilmirəm. Onun od kimi isti, xəstəhal nəfəsini indi 
də üz-gözümdə hiss edirəm. Şair bir  addım   geri   atıb   mənə  başdan-ayağadək 

bir də baxdı: - Ayə, - dedi, sən elə mənim gəncliyimsən ki, qoca Səməd Vurğunla 
üzbəüz durubsan. 
Qonaqları Hidayət müəllimin evinə apardıq. O, əvvəlcədən hazırlıq 
görmüşdü. Çünki Hidayət müəllim mənə demişdi ki, sizin ailə ilə çox maraqlanır, 
ananla görüşmək istəyir. Mən nisbətən cavan olduğumdan onlarla çox da 
həmsöhbət ola bilmirdim. Yemək-içmək başlandı. Elə birinci badələr qaldırılanda 
Səməd Vurğun hiss elədi ki, bizim evdə deyil. Onda dedi: 
- İçin, nuş olsun. Belə çıxır ki, mən buraya   Hidayətin   evini   görməyə   
gəlmişəm, qohumumun yox... 
Durub bizə gəldik. Anamla görüşüb öpüşdü. Yanaşı oturub xeyli söhbət 
elədi. 
- Ay Fatma xanım, - dedi, - bilirsən sən kimə oxşayırsan? 
- Bilirəm, niyə bilmirəm, sənin nənən, mənim də xalam Aşa qarıya. 
- İcazə ver, səni bir də öpüm. Səni gördüm, elə bil rəhmətlik nənəmlə 
görüşdüm. Torpağı sanı yaşayasan, - sonra üzünü məclisdəkilərə tutub: - Hə, 
dostlar, - dedi. Allaha şükür ki, özümün ağalıq evinə qonaq gəldim. İndi özümü 
burda rahat hiss edirəm. 
Bizim raykom katibi Səmədə qıyğacı baxıb kinayə ilə: 
- Nə ağabazlıqdır, - dedi, yoldaş Vurğun, ağaynan, bəynən çoxdan 
qurtarmışıq. 
Səməd təfərrünclə ona baxa-baxa: 
- Yoldaş, - dedi, - sən  hansı vəzifədə işləyirsən? 
Bir yaltaq dərhal: 
- Bizim raykom katibidir, - dedi, - Səməd müəllim. 
Səməd Vurğun iti və sərt baxışlarını katibdən yayındırmadan: 
- Danışığından və hərəkətlərindən demaqoq adama oxşayırsan. Təsadüfən 
bizim ağalığımızı yuxarılara yazmazsan ki... 
- Yazardım, şair, nə qabiliyyətim, nə də dəftər-qələmim yoxdu. 
Cəməd Vurğun gur və şaqaraq səslə:  
- Ayə, onda çalın oynayaq, - dedi, -raykom katibiniz savadsız çıxdı. 
Bu, Səməd Vurğunun bizə birinci və axırıncı gəlişi oldu. 
  
* * * 
  
Daşdəmir ağanın ana babası Həsən Əfəndiyev 1905-ci ildö Sankt-
Peterburqda universitet bitirir. Rus qızı ilə evlənib Salahlıya qayıdır. 
Atası Musa əfəndi oğlunun gavur qızına evləndiyinə bərk əsəbiləşir. Övlad 
kimi onu vərəsəlikdən məhrum edir. Hirslənən ata: 
- Çıx, - deyir, - mənim evimdən, kəndimdən. Sən mənim pak evimə qara 
ləkə saldın. Eldə-obada məni rüsvay elədin. 
  
Oğlu Həsən yalvar-yaxarla bircə gecə qalmağa rüsxət istəyir. Allahın 
qəzəbindənmi, yoxsa tərslikdənmi gecə ot tayası uçur, arıq bir camış altda qalıb 
ölür. 
Musa əfəndi haray salıb: 

- Oğlum kafir qızı aldığına görə evimə bəla gəldi, - deyib Həsəni evdən 
qovur. 
Türkmənistana  gedən  Həsən   1908-ci ildə   ilk   dəfə   Aşqabadda   rus-
tatar məktəbi açır. 1937-ci ildə Ali Təhsil Nazirliyində yüksək vəzifədə işləyən 
Həsəni nəslən ağa olduğuna görə güllələyirlər. Onun üç oğlu - Aman, İsgəndər və 
Cavad indi də Aşqabadda yaşayır. Nəslin bir qolu da orada davam edir. 
Otuzuncu ildən başlayaraq, Daşdəmir ağanın Qasımlı nəslinə çox zülmlər 
olub. Hər iki tərəfdən - ana və ata tərəfindən nəslən ağalıq olduğuna görə onları 
Borçalıda “xalq düşməni” kimi qələmə veriblər. Arada su bulandıranların, yaltaq 
və buqələmunların əlinə girəvə düşüb. Çuğulların fitvası ilə 1930-cu ildə atası 
Rüstəm ağa, əmisi İsgəndər ağa güllələnib. Əmiləri Şəmi və Balabəy isə sürgün 
olunub. 
- Nəslimizin başıpapaqlılarının hamısını yığışdırdılar, Mən 1944-cü 
ildə güc-bəla ilə Sarvan Dövlət Bankında şagird kimi işə düzəldim. Bir il əvvəl 
babam Səməd ağanın fotoşəklini tapmışdım. Onu Aşa nənəm qorxudan 
həyətimizdə daşın altında basdırmışdı. Bir az solan şəkli bərpa elətdim, başıma 
bəla açdım. 
Qonşulardan kimsə NKVD-yə xəbər verir ki, ağa nəvəsi Daşdəmir babası 
Səməd ağanın şəklini saxlayır. Gecə saat ikidə qapımız çox kobudcasına döyüldü. 
Qapını açan kimi dörd nəfər içəri soxuldu. Podpolkovnik Parikyan, Oruc 
Məmmədov, milis Göyü Zamanov, Molla adlı birisi də Qızıl - Hacılıdan idi. Oruc 
içəri girən kimi: 
- Əyə, köpək oğlu, - dedi, - Səməd ağanın şəkli hardadı? 
- Niyə söyürsən, - dedim, - şəkli istəyirsən bu saat verərəm. 
Kamoddan şəkli tapıb verdim. Qəfildən soldat kəməri ilə sol gözümün üstünə 
vurdular. Səntərləyib kamoddan tutdum. Yıxılmadım, hansısa: “köpək oğlunda 
doğrudan da ağa gücü var” - dedi. Əməllibaşlı geyinməyə qoymadılar. Maşına 
basıb Tiflisə apardılar. İki gün sorğu-sual elədilər. Elə sənəd düzəltmişdilər ki, 
guya mən hökumət çevrilişi eləməyə hazırlaşıram. Bir gecə “rəisin qəbuluna” - 
dedilər. Üç nəfər oturmuşdu; yuxarı başda general Rapava /millətcə meqrel idi/, 
mayor Karanidze və Naçqebia da yanında. 
General Rapava diqqətlə mənə baxa-baxa astadan gürcücə dedi ki, bu ki, çox 
uşaqdır. 
Onda mənim on dörd yaşım yenicə tamam olmuşdu. 
Naçqebia məni azərbaycanca sorğu-suala tutdu: 
- Hansı kənddənsən, oğlan?- dedi. 
- Qasımlıdan. 
- Hansı   nəsildən,   hansı   famildənsən? 
- Ağalıq nəslindənəm, - dedim. - Dəli  Səməd ağanın  qardaşı oğluyam. 
İsgəndər ağanın da əmizadəsi. 
- İşləyirsənmi? 
- Bəli, yeddinci sinfi bitirmişəm. 
Atam güllələnəndən sonra dolana bilmədik, işə girdim. 
- Komsomolçusanmı, kim səni komsomola götürüb? 
  
- Bəli, Cəlal Məmmədov komsomola qəbul edib. 

- Oğlan, görürəm çox dilli-dilavərsən, sənə bir sual verəcəm, düz cavab 
desən, canını qurtararsan... 
- And içirəm  ki, Sizə düz cavab verəcəm. Onsuz da mənə olan olub. Cavan 
yaşında atam güllələnib, evimizi hökumət alıb məktəb eləyib. Anamı məcbur 
elədilər ki, ya sürgünə, ya da ayrı ərə getməlisən ki, ağalıq familini daşımayasan. 
Anamın getdiyi ikinci əri 1941-ci ildə öldü, dəyirmançı idi. Ondan da üç uşaq 
qaldı. Mən də yetim bacı-qardaşımı saxlamaq üçün dəyirmanda işlədim. İndi də... 
- Bəs sən bilmirsən ki, keçmiş çar zabitinin, ağanın fotoşəklini saxlamaq 
olmaz? Axı, sən komsomolçusan? . . 
- Bu şəkil mənim babamındır. Siz də generalsınız. İllər keçib quruluş 
dəyişsə,  nəvəniz Sizin  şəklinizi  saxladığına görə onu soldat kəməri ilə başına 
vurub bihuş etsələr, bu, Sizə xoş gələrmi? 
Naçqebia susdu. Köksünü ötürüb mənim dediklərimi general Rapavaya 
tərcümə elədi. Üzünə xoş təbəssüm qonan Rapava: 
- Okro bici var - dedi, yəni qızıl kimi oğlandır. Bununla işiniz olmasın. 
Bir kapitan çağırdılar. Dedilər get, bir dəst paltar gətir. Paltarı mənə 
geyindirdilər. Məni gecəylə aparanda tuman-köynəklə aparmışdılar. Məni 
gətirənləri içəri çağırdılar, mənə isə dedilər ki, çöldə gözlə. Səhər saat altıdan 
səkkizə kimi gözlədim. Onların dördü də suyu süzülə-süzülə çıxanda biri dedi ki, 
mən sizə demədimmi ki, bu çox uşaqdı, bu qədər sənədi niyə hazırlamısınız? 
  
Geri qayıdanda mənə hədə-qorxu gəlib dedilər: 
- Bax ha, səni hara apardığımızı gərək heç kəs bilməsin, yoxsa yenə... Yazılı 
surətdə dilindən iltizam verməlisən. 
Namərdlərin planlarının baş tutmamasından ayağım yer almışdı. Bir tərəfdən 
də general Rapavanın “okro bici var” - deməyi məni ürəkləndirmişdi. Ona görə də 
cəsarətlə dedim: 
- Necə deməyim, vurub gözümün üstünü partlatmısınız,  sabah  mən  işə  
çıxmalıyam. Hələ bir yoxsa yenə deyirsiniz... 
Səhər işə çıxanda bankın direktoru Həsröt İsmayılov məni yanına çağırdı. 
Özümu saxlaya bilməyib uşaq kövrəkliyi ilə ağladım. Əhvalatı danışdım. Həsrət 
məni raykom katibi Qoçladzenin yanına aparıb dedi: 
- NKVD gecə ilə bunu aparıb döyüb, gör nə kökə salıb. 
Qoçladze orqana zəng elədi. Bir az danışıb sarısını udmuş halda dedi ki, hədə-
qorxu gəlirlər, deyirlər, siz qarışmayın. 
1949-cu il yanvarın iyirmi birində məni yenə həbs elədilər. Bu dəfə nə 
evimizi axtardılar, nə də şəkil-zad istədilər. Günahım nə idi, bilmirdim. 
Mənim Givi Çaparidze adlı bir gürcü dostum vardı, atalığı Valiko Loladze 
rayon prokuroru idi. Kameradan Giviyə məktub yazıb xahiş elədim ki, atalığına 
desin, mənə kömək eləsin. Givi görüş alıb yanıma gəldi. Valiko deyib ki, qırx 
dördüncü ildə məni siyasi dustaq kimi aparanda ona görə buraxıblar ki, on səkkiz 
yaşım tamam deyilmiş. O vaxtdan səni həbs etmək üçün sənəd hazırlayıblarmış.   
İndi on səkkiz  yaşın tamam olan kimi həbs ediblər. 
- Doğrudan da həbs olunan günü -yanvarın iyirmi birində on səkkiz yaşım 
tamam olmuşdu. 

Mənə beş il iş verdilər. Məhkəmədə üzümə elə adamları şahid elədilər ki, 
heç onlarla salam-kəlamım yoxuydu. Üzümə elə şeylər oxudular ki, heç yatsam 
yuxuma da girməzdi. Beş il Volqa-Don kanalında siyasi dustaq kimi işlədim. Üç il 
də səsimi aldılar. 
 
*** 
 
Daşdəmir ağanın bu günlərindən olmuş bir əhvalat: 
1981-ci ildə ailənin böyük oğlu Nazim Moskvada Ali Milis məktəbini bitirib 
orqanda işləyir. Nadürüstlərin “yuxarılara” imzasız danos və şikayətləri axışır, nə 
axışır. Nəhayət, bir gün Gürcüstan Daxili İşlər naziri, general Qevatadzenin özü 
şikayətə baxmaq üçün Nazimi yanına çağırır: 
- Leytenant Paşayev, sənin keçmişin hansı nəsildəndir? 
Nazim qürurla: 
- Ağalıq, - deyə cavab verir. Cavabdan xoşu gələn general bığaltı 
gülümsünüb: 
- Səndən  öz julikləriniz  şikayət yazıblar, - deyir, - özü də nə az, nə çox - bir 
kisə. Cavabından xoşum gəldi, kişi kimi boynuna aldın. Mən də Tavat 
nəslindənəm... Get, işlə, heç kəsin səninlə işi ola bilməz... 
İllər,   haqsız   təzyiqlər   Daşdəmir ağanı çox sıxıb, güzəranı pis də olub, 
yaxşı da, özü demiş, elə-belə, ortabab da. Əzizlərini, yaxın-uzaq qohumlarını itirib,   
amma   şah   vüqarı   sınmayıb, ağalıq dəyanətini qoruyub saxlayıb. Ona görə 
saxlaya bilib ki, nəsli-nəcabəti saf olub. Xoş saatda dünyaya gələn bu insanda 
yaxşı keyfiyyətləri qısa müddətli görüşdə də aydınca hiss etmək olur. Onun bircə 
nisgili, bircə intizarı var: nəslimin, kökümün adı itib-batmasın. 
 
* * * 
 
Yüz ilə yaxındı Borçalı mahalında bu nəslin ulusu Səməd ağa haqqında 
danışılan rəvayət var. Amma bu barədə yazılı heç bir sənəd-filan yoxdu. Artıq 
yaddaşlarda kök salmış bu rəvayət xalq arasında inanılmış həqiqətə dönüb. Bu gün 
bizim də ona inanmamağa haqqımız yoxdu. Mən də onu dönə-dönə Qazax və 
Borçalı aşıqlarından, ağsaqqallarından eşitmişəm. 
...Ali bir məclisdən sonra Tiflis zadəganları Nəbatat bağında gəzə-gəzə 
xanım-xatın gözəllərlə söhbət edirmişlər. Səməd ağa da nəcib bir gürcü gözəli ilə 
əylənirmiş. Onun yanından keçən erməni generalı Karqanov kinayə ilə söz atır: 
- Görəsən, bu gözəllikdə qız vəhşi türkdən nə zövq alır? 
Hirslə ayağa duran Səməd ağa general Karqanovu qılıncı ilə yarıya bölür. 
Səməd ağanı həbs edirlər. Divan məhkəməsi uzun çəkir. Generalı öldürdüyünə 
baxmayaraq, şəxsiyyəti təhqir olunan Səməd ağanı məhkəmə müəyyən mənada 
müdafiə edirmiş. Məsələni həll etməkdə çətinlik çəkən Qafqaz canişini Səməd 
ağanın ərizəsini çar I Nikolaya göndərir. İmperator Səməd ağanın ərizəsinə belə bir 
dərkənar qoyur: 
  
“Min düşmənimi məhv edən dostum Səməd ağa bir təəbəmi öldürüb. Ona 
görə də əfv edirəm”. 

Çar Səməd ağanı müharibələrdə göstərdiyi igidliyinə görə bağışlayıb. 
Əfvetmə ilə bağlı el arasında belə bir əhvalat da var: 
Deyilənə görə, çar Səməd ağanın müharibədə göstərdiyi qəhrəmanlığına 
heyran qalıb deyir: 
- Səməd ağa, bir şey istə, diləyinə sərəncam verərəm. 
Qürurlu Səməd ağa isə belə cavab verir: 
- Əlahəzrət, iltifatınız artıq olsun. Mənə heç nə lazım deyil, sayənizdə 
bəndənizin hər şeyi var. Mənim atamın qızılı çanaqla ölçülür. Beş at mənzili torpaq 
sahibiyəm. Sizdən bircə diləyim var: acıqımı, hirsimi özümə verin. 
Çar məmnuniyyətlə razı olub deyir: 
- Səməd ağa, bu mərdliyi ki, səndə görmüşəm,    haqsız    iş   tutmayacağına 
əminəm. Amma ədalət naminə hirslənib Qafqaz canişinini doğrasanda, səni yenə 
də cəzalandırmaram. Get, acığın, ədalətin, bir də igidliyin sənə yar olsun! 
 
* * * 
 
El qəhrəmanı Səməd ağa Qasımlı haqqında Borçalı və Qazax ellərində 
danışılan əhvalatlar çoxdur. 
1970-ci ilin qışında Ləmbəli Molla Məhəmməd Əfəndiyevin görüşünə 
getmişdim. Səksən yaşlı Məhəmməd dayının keçmiş igidlər və aşıqlar haqqında 
məlumatı çoxdur. Səməd ağa haqqında belə bir əhvalatı ondan yazıb götürmüşəm. 
...İmperator I Nikolayın ölümündən sonra Səməd ağanı dolaşdırıb Sibirə 
sürgün edirlər. O, Sibirdən qaçıb Türkiyəyə pənah gətirir. Başında bir dəstə 
yaraqlı-yasaqlı, özü kimi qoçaq, vuran-tutan igidləri. 
Türkiyənin bir kəndində Kərim adlı kişinin evinə qonaq düşürlər. İgidlər 
kürd Kərimə deyirlər ki, bu qışı bizi evində qonaq saxla. Görünür, kürd ya xəsis 
olub, ya da kasıb. Odur ki, etiraz edib deyir: 
- Mən sizi necə saxlayım, bu qədər at, adam, məndə bunlara yem hardandı? 
Səməd ağa cavab verir ki, kürd qardaş, sən bizim burada qalmağımıza razı ol. 
Yemək   sarıdan   fikir   eləmə.   Mənim igidlərim  Türkiyədən, Ursiyyətdən, 
İrandan çalıb-çapıb gətirəcəklər. Sənə də bəs edər, bizə də. 
Bu zaman aşıq Şennik də gəlib həmin kəndə çıxır. Xəbər Səməd bəyə çatır. 
O, kürd Kərimi çağırıb deyir: 
- Eşitmişəm,  aşıq  Şennik sizin kənddədi. Get, onu gətir, bu gecə bizə bir 
söhbət eləsin.   Qürbət eldə  kefimizi açsın. 
Kürd Kərim gedib aşığı gətirir. 
Çuğulun evi yıxılsın, adamın şirin söhbətini yarımçıq qoyandı. Çarığının 
dabanını bərkidib ajana xəbərə qaçır, Şennik çalıb-çağıran vaxtı kürdün evi üzük 
qaşı kimi araya alınır. Mühasirəni görən Səməd bəyin adamları türk ajanları ilə 
vuruşmaq istəyirlər. Bunu görən qeyrətli igid Səməd bəy yoldaşlarına deyir: 
- Aya, ay uşaqlar, elə eləyin ki, bircə damcı da insan qanı tökülməsin. 
Dinbir, dilbir qardaşlarımızı öldürməyin. Taqqıltı-tuqqultu salın,  bir təhər aradan 
çıxaq. 

İgidlər mühasirədən çıxandan sonra türk zabiti başında da əsgərləri evə girir. 
Görür ki, burada əli sazlı bir adam var. Əmr verir ki, tez tutüb qollarını bağlayın. 
Aşığı qolları bağlı türk paşasının yanına gətirirlər. 
Paşa soruşur: 
- Yavrum, sən də eşkiyasanmı
35

- Yox, əfəndim, mən yanşağam. 
- Bəs onda söylə, görək    bu qarapapaqlılar kimdi, sən bunlara niyə 
qoşulubsan? 
- Əfəndim, paşam sağ olsun, əmr ver, qollarımı açsınlar, sazla deyim. 
  
Aşığın qollarını açırlar. Şennik sazı sinəsinə sıxıb deyir: 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin