ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


Biçarə Vaqifin - Molla Pənahın



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

Biçarə Vaqifin - Molla Pənahın, 
Hayıf oldu, Mədinəsi yıxıldı. 
 
“Azərbaycan gəncləri” qəzetinin 24 iyun 1978-ci il tarixli nömrəsində 
Ələmdar Fərzəliyev “Naməlum bir müxəmməs haqqında” məqaləsində yazır: 
“Vaqif şerlərində Mədinə həm şəhər, həm qadın adı mənalarında işlənmişdir. 
“Riyazül-aşiqin” təzkirəsinin müəllifi Məhəmməd ağa Qarabaği, görkəmli 
tədqiqatçı Salman Mümtaz Mədinəni Vaqifin arvadı hesab etmişlər. Sonrakı 
tədqiqatçılar da bu mülahizənin doğruluğunu təsdiq etmişlər. “Mədinə” rədifli 
müxəmməs bu fikrin düzgünlüyünü bir daha sübuta yetirir... Şer 1935-ci ildə 
Şuşada yazıya alınıb. Respublika Əlyazmaları İnstitutunda saxlanılır”. 
 
Vaqifəm, cün ona mən canımı 
qurban deyərəm,  
Dəhanə, abi-həyat, çeşmeyi-heyvan 
deyərəm. 
 Taqi-əbruyə kəman, kirpiyə 
peykan deyərəm, 
 Bu sifətdə adəm olmaz, 
ona qılman deyərəm,  
Müxtəsər, türfə mələkdir, 
degil insan Mədinə. 
 
Mədinənin Vaqifin birinci arvadı olması faktını Vaqifin müasiri Aşıq Əli 
Kəlibəri Qaracadaği də təsdiq etmişdir: 
 
Əli çəkər gecə-gündüz ahü zar, 
Kəsildi müdəra, getdi ixtiyar, 
Vaqif olsun bu mənadan xəbərdar, 
Mədinə kuyinə Səkinə gəlmiş. 
 
Firidun bəy Köçərli yazır ki, Səkinə Aşıq Əlinin arvadının adıdır. 
Qaracadağdan Qarabağa gələndə Aşıq Əli öz hərəmini özü ilə gətirmişdi və Molla 
Pənahın övrəti Mədinə ilə Səkinə görüşübdür. 
Molla Pənah Vaqif ikinçi dəfə Cinlu Dürbənd bəyin qızı Qızxanımla 
evlənmişdi. Dürbənd bəy çox zəngin, varlı bir şəxs idi. Torpaq mülkünün böyük 
bir hissəsi Yevlax ərazisində olub. Ötən əsrin sonlarında həmin torpaqları məşhur 
milyonçu Hacı Zeynalabdin Tağıyev almışdır. 

Görkəmli tədqiqatçımız Salman Mümtaz yazır ki, Qızxanım hüsnü kəmalı 
ilə öz vaxtının ən məşhur gözəli hesab olunurdu. Onu istəyənlər çox olsa da 
Dürbənd bəy həmşəhərlik münasibətilə Vaqifə verilməsini məsləhət bilmişdi. 
Vaqif fövqəladə gözəlliyə malik olan Qızxanımla evləndikdən sonra oğlu 
Qasımağa dünyaya gəlir. 
Bəzi tədqiqatçılar arxiv sənədlərində Vaqifin Qasımağa adlı oğlu olduğuna 
rast gələndə onu möcüzəli bir tapıntı kimi mətbuat səhifələrinə çıxarır və az qala 
Səməd Vurğunu ittiham edirlər ki, o, “Vaqif” pyesində Qasım ağanı dəyişib Əliağa 
edib. Guya qafiyə xatirinə. Bu, dayaz tədqiqatın nəticəsidir. Vaqifin birinci arvadı 
Mədinədən olan oğlunun adı Əliağa, ikincisi Qızxanımdan olan oğlu isə Qasım ağa 
idi. Əliağa “Alim” təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi 
Qayıbzadə “Məcmuə”sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. 
Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci 
ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında “Vaqifin birinci arvadından 
olan oğlu” sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında 
saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində “Əlibəy Vaqifin 
oğlu” yazmaqla kifayətlənmişlər. 
1950-ci il avqustun 1-də Osman Sarıvəlli Kislovodskidə istirahət edən 
Səməd Vurğuna yazırdı: “ ...Pyeslərin ikinci korrekturası gəldi, səninlə görüşüb 
məsləhətləşmək istəyirdim. Nə etməli, görüşə bilmədik. Özüm bildiyim kimi 
düzəltməli oldum. 
Səməd! Pyeslərin orijinalında “iştirak edənlər” yox idi (düşmüşdü), yalan-
yanlış özüm yazmalı oldum”. 
  
“İştirak edənlər” möhtərəm Osman Sarıvəlli tərəfindən yalan-yanlış 
yazıldığına görə Vaqifin oğlu Əli bəy pyesin Azərbaycan nəşrinin hamısında 
səhvən “Vaqifin oğlu” kimi verilmişdir. Rusca nəşrində Əli bəyin “Vaqifin birinci 
arvadından olan oğlu” kimi verilməsindən məlum olur ki, Səməd Vurğun bu faktı 
bilirmiş, hətta bu fakta “Vaqif” əsərinin özündə də rast gəlirik. 
Əli bəy biləndə ki, ögey anası şöhrət naminə İbrahim Xəlil xana ərə getmək 
istəyir, onda atasına - Vaqifə deyir: 
- Ata, qoy öldürüm o mürvətsizi! 
 
VAQİF: 
- Əli bəy, alçaldar cinayət bizi: 
Bir bax əllərinə, yaraşarmı qan? 
Oğlum, yaşatmağa yaranmış insan.  
 
ƏLİ BƏY: 
- Bunda qalmamışdır nə namus, nə ar, Vəfasız olurmuş ögey analar... İkinci 
arvadı Qızxanımın vəfasızlığını Vaqif öz poeziyasında  
açıq- aydan bildirir. O, məşhur “Görmədim” müxəmməsinin son bəndində yazır: 
 
Baş ağardı, ruzigarım oldu 
gün-gündən siyah,  
Etmədim, səd heyf kim, bir mahi 

ruxsarə nigah, 
Qədr bilməz həmdəm ilə eylədim 
ömrü təbah
58
;  
Vaqifə, ya Rəbbanə, öz lütfünü 
eylə pənah,  
Səndən özgə kimsədə 
lütfü-inayət görmədim. 
 
Bəs, Molla Pənah Vaqifin birinci arvadı Mədinə xanımdan neçə, övladı 
olmuşdurmu? 
Tədqiqat göstərir ki, iki qızı, bir oğlu olmuşdur. Pəri Soltan, Mələk Cahan və 
Əliağa. Vaqif hər iki qızını yaxın dostu Molla Vəli Vidadinin oğlanlarına ərə 
vermişdir. Vaqiflə Vidadi şer, sənət dostluğundan başqa iki dəfə quda olmuşlar. 
Vidadinin böyük oğlu Məhəmməd ağa Vaqifin böyük qızı Pəri Soltanla, kiçik oğlu 
Molla Osman isə Vaqifin kiçik qızı Mələk Cahanla ailə qurmuşdur. 
XIX əsrin tanınmış ədəbiyyatşünası, məşhur maarif və din alimi Mirzə 
Hüseyn Əfəndi Qayıbzadənin “Azərbaycanda məşhur olan şüaranın əşarına 
məcmuədir” dörd cildlik toplusunda Yəhya bəy Qazaği adlı şairin bir neçə şeri 
verilib. 
Kimdir Yəhya bəy Qazaği? Ədəbiyyat tariximizdə çox az şerləri qalan bu 
şair nədənsə unudulub, tədqiq olunmayıb. 
Şair Yəhya bəy Qazaği Vidadinin oğul, Vaqifin isə qız nəvəsidir. Onun atası 
Məhəmməd ağa, anası isə Pəri Soltandır. Bu qohumluq haqqında Firudin bəy 
Köçərli daha dəqiq məlumat verir. O “Azərbaycan ədəbiyyatı” kitabında yazır: 
“Yəhya bəy mərhum Molla Vəli Vidadinin fərzəndi Məhəmməd ağanın oğludur ki, 
əhli elm və sahibi-təb olduğu ilə belə, bir az zarafatcıl və hərzəku imiş... Mərhum 
Yəhya bəy rövşənzəmin və xoştəb bir şair imiş və özü də iki böyük şairin nəvəsi 
olduğu üçün babaları Vidadi və Vaqifin təbi-şeriyyəni irsən almışdır” (1-ci səh. 
282,283-də). Yəhya bəy cavan yaşında, 1841-ci ildə vəfat etmişdir. Məzarı Birinci 
Şıxlı kəndindəki qədim qəbristanlıqdadır. Yəhya bəyin müasiri, məşhur şair Kazım 
ağa Salik Şıxlinski onun ölümündən ağır sarsıntı keçirmişdir. Bunun əyaniliyi 
Kazım ağa Salikin şairin qəbir daşına yazdırdığı altı misralıq şeridir. 
 
Bu məzarın sahibi Yəhya bəki – 
rövşənzəmir, 
Şairi-kani-süxən hüsnü-kəlami 
binəzir. 
Ol Vidadi Xəstənin fərzədinin 
fərzəndidir. 
Vaqif ol kim, Vaqifin həm bintinin 
peyvəndidir,  
Çünki, getdi bu cəhandan, buldu 
                                                 
58
 Тəbаh - puç, məhv, hеç, çürük 
 

rəsmi-məğfirət,  
Oldu tarixi-vəfatı, Salika, 
no axirət. 
 
Kazım ağa Salik Yəhya bəyin ölümünə təkcə şer-sənət dostu kimi yanmırdı. 
Yəhya bəy həm də onun kürəkəni idi. Kazım ağanın qızı Xeyransa xanım Yəhya 
bəyin həyat yoldaşı idi. Yəhya bəyin ölümünə dözməyən Xeyransa xanım düz bir 
ildən sonra -1842-ci ildə dünyasını dəyişəndə dərdli Salik yazırdı: 
 
Cahan, Salik, bizə çünki fədadır, 
Duadır, xeyrimiz, ancaq fənadır. 
Ağarmış saqqalım gər sürx
59
 görsən, 
Dü çeşmim qanıdır, sanma hənadır. 
 
Mirzə Hüseyn Əfəndi Qayıbzadənin məcmuəsində Kazım ağa Salikin şair 
dostu Yəhya bəy Qazağiyə ünvanlanmış beş nəsihət şeri var. Şerlərin 
məzmunundan hiss olunur ki, Yəhya bəy ədalətsizliyə dözməyən, həmişə haqqın 
tərəfini saxlayan kəskin ruhlu bir şair imiş. Mahalda dərəbəylik edənləri həcvə 
tutduğuna görə onu ölümlə hədələyənlər də az olmamışdır. Salik ona nəsihət 
edərək deyirdi: 
 
Yəhya bəy, əl götür hərcayi sözdən, 
Bir şey hasil eylə olmadan həlak, 
Kedər cani pak. 
Bir gün səndən oğul-uşaq yad olur, 
Salıb gedər səni anda dərnak, 
Yəni ziri xak. 
Yəni ziri-xakə qoyarlar səni, 
Mürdəşirlər tamam soyarlar səni, 
Anda oyum-oyum oyarlar səni, 
Olur qərargahın bir dərin məğak, 
Görünməz əflak. 
 
Cavan olmasına baxmayaraq, Yəhya bəy Qəzaği dövrünün görkəmli şairləri 
Dağkəsəmənli Mustafa ağa Nasirlə, Mirzə Məhəmməd ağa Qayıbovla, Kazım ağa 
Saliklə, Şıxlı Əbdürrəhman ağa ilə, Kəmərli İbrahim ağa Qiyasbəyovla, Salahlı 
Sədəfoğlu Süleyman koxa ilə sənət meydanında şerləşmişdir. 
Araşdırmalar vasitəsilə öyrənə bildik ki, şair Yəhya bəy Qazağinin yeganə 
qızı Fəxrənsə xanım şair Mirzə Nəbi əfəndi Qayıbzadənin (1810-1869) həyat 
yoldaşı olmuşdur. Mirzə Nəbinin oğlu isə XIX əsrin məşhur şairi Abbasağa Nazir 
Qayıbzadədir. 
                                                 
59 Sürx - qırmızı. 
 

Respublika Əlyazmaları İnstitutunun elmi arxivində şair Abbasağa Nazirin 
çap üzü görməmiş “Bəyani halım” adlı qiymətli bir poeması saxlanılır. Nəsli-
nəcabətini, doğulduğu mahalın tərifini nəzmə çəkən şair yazır: 
 
Min səkkiz yüz idi, qırx doqquz 
Ki, vücudum ədəmdən etdi büruz. 
Doqquzuncu günündə oktyabrın 
Məskənim oldu səfhəsi dəhrin
Adımı qoydular mənim Abbas, 
Şöhrət etdim bu adla bəynünnas. 
İsmi Mirzə Nəbi idi atamın, 
Adı Fəxrünnisə idi anamın. 
Əsrin əllaməsidi
60
 desəm atam, 
Zənn olunmaz mübaliğə bu kəlam. 
Bir xirədmənd mərdi-danəmənd 
Zirəkü durbinü qeyrətmənd 
Sahibi elm, əhli fəzlü-kəmal 
Nitqi şirin, çox fəsihməqal. 
 
1993-cu il. 
 
 
ŞİRVANLI  
ŞAİR NASEH 
 
1903-cü ildə Firidun bəy Köçərlinin “Azərbaycan türklərinin ədəbiyyatı” 
kitabı Tiflisdə nəşr olundu. Kitabı ədəbi ictimaiyyət çox böyük maraqla qarşıladı. 
“Tiflisskiy listok” qəzeti yazırdı: “Müasir oxucunun böyük əksəriyyətinə 
Azərbaycan ədəbiyyatı haqqında heç bir şey məlum deyildir. Onunla ancaq bəzi 
mütəxəssislər tanışdırlar. Buna görə də bir neçə gün əvvəl haqqında müxtəsər 
məlumat verdiyimiz Firidun bəy Köçərlinin yenicə çıxmış, azərbaycanlıların 
ədəbiyyatına həsr olunan kitab xüsusi maraq doğurur”. 
Araşdırmalar göstərir ki, Firidun bəyin “Azərbaycan türklərinin ədəbiyyatı” 
kitabının nəşr olunması ziyalılar üçün tam bir sevinc olmuşdur. Kiyevdə təhsil alan 
azərbaycanlı tələbələr, Bakı, Tiflis, İrəvan ziyalıları, Dərbəndin bir qrup din 
xadimi, Novorossiya imperator Universitetinin tələbəsi Nəriman Nərimanov, Omsk 
şəhərinin sakini Məhəmmədov və başqaları Firidun bəyin bu zəhmətini millətimiz 
və xalqımız üçün əvəzsiz töhfə kimi qiymətləndirirdilər. 
Kitabı qəza mərkəzində yaşayan ziyalılar da maraqla qarşıladılar. Onlar 
vaxtilə şairlik etmiş ata-babaları haqqında Firidun bəyə məlumat verir, 
sandıqçalarda saxlanan əlyazmalarını, cünkləri ona göndərirdilər. 
                                                 
60
 Dərin bilikli, аlim, bilici - müəl. 
 

Şamaxıdan Ağaəli bəy Əfəndizadə Şirvan şairlərinin bir bağlama şerlərini 
göndərmişdi. Onların arasında Naseh təxəllüslü şairin də bir neçə qəzəli vardı. 
Firidun bəy bağlamadakı şerlər içərisində ən çox Nasehin qəzəllərini bəyənmişdi. 
Ona görə də Ağaəli Əfəndizadəyə məktub yazıb rica edirdi ki, yeni kitabına daxil 
etmək üçün Naseh təxəllüslü şairin qəzəllərindən bir neçəsini yenə göndərsin. 
Bir neçə gündən sonra Abbas Səhhətdən aldığı məktub Firidun bəyi heyrətdə 
qoydu. Səhhət yazırdı ki, Sizə şerlərini Naseh təxəllüsü ilə göndərən Ağaəli bəy 
Əfəndizadənin özüdür. Ağaəli bəy utancaq və təvazökar olduğuna görə Sizə özü 
barədə məlumat verməmişdir. 
Sonralar Firidun bəy Köçərli “Azərbaycan ədəbiyyatı” kimi sanballı əsərinin 
“Şirvan şairləri” fəslində şamaxılı Ağaəli bəy Nasehi hörmət və məhəbbətlə yad 
edirdi: 
“Ağaəli bəy Naseh şerləri qayət dərəcədə gözəldir. Ol şəxsin özü isə farsca, 
rusca savadlı bir şəxsdir. Hətta ərəbcəni də yaxşı bilir. Xüsusən Ağaəli bəy 
Nasehin haqqı bizim boynumuzda artıq dərəcədədir ki, Şamaxı şüərasının 
tərcümeyi-hallarına dair bir çox məlumat bizə cəm edib göndərmişdi. Bu barədə ol 
cənaba səmimi-qəlbdən razılıq izhar edib, Cənabi-həqqdən ona xoşbəxtlik və 
tuliəmr mərhəmət olunmasını təmənna edirik”. 
Müasirlərinin xatırladığına görə, Firidun bəy Köçərlinin bu sözləri Ağaəli 
bəy Nasehə verilən ən düzgün qiymətdir. 
İndiyədək ədəbiyyatşünaslığımızda tədqiq olunmayan Naseh təxəllüslü şair 
Ağaəli bəy Hacı Məhəmməd oğlu Əfəndizadə 1856-cı il sentyabrın 10-da 
Şamaxıda anadan olmuşdur. İlk təhsilini Şamaxıdakı “Üsuli-cədid” məktəbində 
almışdır. Atası tacir olduğundan ona ticarət işlərində köməkçi olan Ağaəli bəy on 
altı yaşına çatdıqda fars və türk dillərində aldığı təhsillə kifayətlənməyib rus 
dilində də oxumağa həvəs göstərmiş və üç sinifli şəhər məktəbində dörd il təhsilini 
davam etdirmişdir. 
Respublika Əlyazmalar İnstitutunun xəzinəsində “Nasehin tərcümeyi-halı” 
adlı əlyazma saxlanılır. Əlyazmanın müəllifi göstərilməsə də, üslubundan və 
faktlardan onun müəllifinin məşhur maarifçi Camo Cəbrayılbəylinin olduğunu biz 
şəkk-şübhəsiz təsdiq edirik. Çünki Camo Cəbrayılbəylinin 1966-cı ildə nəşr 
olunmuş “Xatirələrim” dəki faktlarla Əlyazmalar İnstitutunda saxlanan “Nasehin 
tərcümeyi-halı”ndakı faktlar arasında çox böyük oxşarlıq var. Camo xatirələrində 
etiraf edir ki, Nasehin tərcümeyi-halını ondan yaxşı bilən yoxdu. “Mən hələ uşaq 
ikən ailəmiz Nasehgil ilə yaxınlaşmış, Naseh böyük bacımla evlənmişdi”. 
Camo Cəbrayılbəylinin Əlyazmalar xəzinəsində saxlanan yazısı Nasehin ilk 
gəncliyi haqda daha “maraqlı faktlarla zəngin olduğu uçün bir parçanı diqqətinizə 
çatdırırıq: 
“Babası Hacı Baba Əfəndi zəmanəsinin adlı adamlarından olub öz övladları 
üçün bir qədər maddi ehtiyat qoymuşdu. 
Hacı Məhəmməd bir müddət ticarətlə məşğul olduqdan sonra kasıblığa 
düşüb vəfat etmişdir. Ağaəli bəy yalnız öz təşəbbüsü ilə uyezdnoye uçilişe adlı 
məktəbə girib orada oxumağa başlamış, bərabər olaraq türk, ərəb və farsca dəxi 
Molla Camı adlı şəxsin mədrəsəsində təhsilə davam edirmiş. 

Rusca məktəbə girməsindən qoca anası və əqrəbası məmnun deyillərmiş. 
Çox vaxt anası Pərizad rus dilində yazılmış kitabları gizlədərmiş, ya da çölə 
tullarmış. Bununla belə az bir zamanda təhsilində müvəffəqiyyət qazanıb yavaş-
yavaş fars kitabları oxumağa başlamışdır. Ehtiyac məcbur etdiyi üçün təhsili 
buraxmış və uyezdnoye uçilişenin üçüncü sinfindən çıxıb qulluq etməyə məşğul 
olmuşdur. Bir müddət əvvəl Kürdəmirdə, sonralar Şamaxıda silistçi dilmancı 
vəzifəsində çalışaraq dolanmışdır. Həm rusca, həm də türk, ərəb və farsca mütaliə 
edərək təhsilini daim artırmağa çalışmışdır. Nəhayət, rus və türkcə mükəmməl 
savadlı olduğu üçün o vaxtkı mülahizələrə görə, bir qədər də tərəqqi edərək 
mirovoy sudda katib müavini vəzifəsinə cəlb olunumuş. 
Hələ çocuq ikən şer yazmağa həvəsi olduğu üçün doqquz yaşında yazdığı 
məktubu nəzmlə yazmağa can atmışmış. Bir tərəfdən çarizm siyasətinin boğucu 
təsiri, o biri tərəfdən zəmanəsinin şairlərlə rəqabətsizliyi, nəhayət, ən cüzi bir 
dolanacaq ehtiyacı vaxtını əsər yazmağa sərf etməyə imkan verməmişdir. Şerlə 
yalnız imkan bulduğu zaman məşğul olurmuş. Ərəb və farsca biliyi o dərəcədə idi 
ki, istər ərəbcə, istərsə də farsca kitabların üzərilə göz gəzdirib hekayə kimi nəql 
edərdi. 
Çocuq ikən başına toplanıb “Min bir gecə” dən hekayə söyləməsini rica 
edərdik. Şerlərini Sabir, Səhhət, Tərrah, Hacı İsmayıl Veysov və bir-iki nəfər sair 
yaxın adamlardan ibarət olan məhramanə məclisdə oxuyurdu. 
Çox zaman Firidun Köçərli ilə yazışaraq öz əsərlərini ona göndərərdi. İlk 
zamanlar Naseh Köçərliyə kim olduğunu söyləməyib Nasehin şerləri haqqında 
onun rəyini sorurdu. Köçərlinin məktubunun birində “Nasehin şerləri fil-həqiqət 
qüvvətlidir və xoşuma gəldi” yazısını şəxsən özüm 1912-ci ildə oxumuşam. 
Səhhət, Sabir, Tərrah da öz şerlərini Köçərliyə Naseh vasitəsilə göndərirdilər. 
Zatən çox utancaq və başıaşağı bir adam olduğu üçün yazdıqlarını hələ-hələ 
meydana çıxarmazdı və yalnız ən yaxın adamlar üçün oxuyurdu”. 
Naseh çox gənc ikən Şamaxıdakı “Beytüs-səfa” şairlər məclisinin fəal iştirakçısı 
olmuşdur. “, Məhəmməd Səfa, Ələkbər Qafil, Qafar Rağib, Molla Ağa Bixud, 
Ağababa Zühuri, Mirzə Mahmud Zui, Mirzə Məmmədhəsən Nalə, Salik Şirvani 
kimi klassik üslubda yazan şairlərlə şerləşmişdir. 
Şerdə, sənətdə ən yaxın dostları Mirzə Ələkbər Sabir, Abbas Səhhət, 
Məhəmməd Tərrah və Məhəmməd Hadi olmuşdur. Məclislərdə oxunan şerlərə ən 
düzgün qiyməti Naseh verdiyinə görə dostları onu öz aralarında Mizanüşşüəra - 
şairlərə qiymət verən ən düzgün tərəzi adlandırırdılar. Seyid Əzim Şirvanidən 
sonra Şamaxı şairlər məclisinin rəhbəri Ağaəli bəy Naseh olmuşdur. 
Nasehin qaynı, məşhur maarifçi Camo Cəbrayılbəyli xatirələrində yazır ki, 
Mirzə Ələkbər Sabirin rus dilini az-çox öyrənməsində hamıdan çox Nasehin təsiri 
olmuşdur. 
Nasehin məsləhətilə Abbas Səhhət tədriclə rus dilində oxuyur, klassikləri 
öyrənirdi. Onun üçün aydın olmayan cümlələr və kəlmələrin izahı haqqında 
Nasehə müraciət edirdi. Naseh isə hər bir sözün həqiqi və məcazi, dar və geniş 
mənasını cümlə içərisində konkret misalla izah edirdi. Nasehlə Səhhət arasındakı 
belə elmi mübahisədən mən daha çox qazanırdım. Birindən rus dilinin 
incəliklərini, o birindən Şərq ədəbiyyatının qüdrətini öyrənirdim. 

Abbas Səhhət də bu yaxşılıqları unutmamış, 1912-ci ildə məslək dostuna 
“Naseh” adlı gözəl bir şer həsr etmişdir. 
 
Naseh, ey nüsxeyi-kübrayi-kamal: 
Naseh, ey gövhəri-dəryayi-kamal! 
Lütf ilə bizləri şad etmişdiz. 
Sabiri, bəndəni yad etmişdiz. 
Oldu məktubi-şərifiz vasil – 
Dəsti-şükranımıza, əlhasil. 
Oxuduq cümlə nəsihətlərizi, 
O gözəl, dadlı məzəmmətlərizi. ... 
Doğrudur, sözləriniz, can Naseh, 
Ey hünərməndi-süxəndan, Naseh! 
 
Ağaəli bəy Naseh təbiətən çox ciddi adam olmuşdur. Həmişə qəmli və fikirli 
gəzən Naseh Şamaxı divanxanasında katib vəzifəsində işləmişdir. Altı nəfərdən 
ibarət ailəsini güclə saxlayan şair həm də mirzəlik etmişdir. 
1911-ci ildə Jupranski adlı bir nadanın Şamaxı qəza rəisi və qaragüruhçu, 
şovinist Kolomentyev familiyalı bir rusun divanxana rəisi təyin olunması bütün 
Şamaxı maarifçilərinin ruhdan düşməsinə səbəb oldu. Heç kəslə hesablaşmayan, 
kimsəni belə saymayan Jupranski qulluqda olan azərbaycanlıları incidir, yersiz 
bəhanələrlə şərə salıb işdən çıxarır, söyüb təhqir edirdi. “İdarəmiz rus idarəsidir, iş 
başında da mütləq ruslar olmalıdır” - deyən Jupranski bacarıqlı, savadlı 
azərbaycanlıları xidmətdən kənar edirdi. Ömrünün otuz ilini məhkəmə idarəsində 
keçirən əlli beş yaşlı Nasehi də nadan Jupranskii yaramaz sözlərlə təhqir edir, onu 
qulluqdan qaçırmağa çalışırdı. Saf qəlbli Naseh nə Jupranskinin, nə də 
Kolomentyevin şovinist hərəkətlərinə dözə bilmirdi. Bu millətpərəstləri şerlə 
qamçılamaqdan başqa çarəsi yox idi. 
 
Basıb aləmləri bidadu ədalət yoxdur, 
Qövllər kizb, əməl ləğv, 
sədaqət yoxdur, 
Həsədü büğzdən özgə dəxi adət yoxdur, 
Heç bir kəsdə vəfa, 
sidqü dəyanət yoxdur, 
Nasəza föhşü iza, qeybətü 
böhtan görürəm. 
Çəkilib hər biri bir guşəyə 
ərbabi-ədəb, 
Matü heyran dayanıb, qönçə kimi 
açmaz ləb, 
İtib ortada nəcabət, yox olub 
əsli nəsəb, 
Kim ki, bir şapka geyib, gördü də 
üç gün məktəb, 

İddiasında onu saniyi-loğman 
görürəm. 
 
Naseh bu müxəmməsində yana-yana deyir ki, dünyanın işlərini nadanlar 
idarə edir, haqqın yerini nahaq tutub, ədalət və mürvət əvəzinə zülm, yalanlar 
meydan oxuyur. İnsanlar daş qəlbli olub, məhəbbət və ülfətdən qeyb olublar - 
deyə, şair fəryad edir. 
Lakin bu nikbin şairin təsəllisi də var. İnsana, əsl-nəcabətli adamlara inamı 
da. 
Ülfəti, sədaqət və dəyanəti də şair Naseh nücabə insanlarda görür və bununla 
da özünə “Səbr eylə” mürəbbesində təsəlli verir.  
 
Məhəbbət əhli, Naseh, 
təneyi-əğyardan qaçmaz, 
Cəfalar gəlsə güldən bülbülə, 
gülzardan qaçmaz, 
Yanar hicran ilə pərvanələr tək, 
nardan qaçmaz, 
Vəfa göstər, nisar et canını canana, 
səbr eylə! 
 
Təəssüf ki, klassik şairimiz Ağaəlibəy Nasehin bir neçə şer, qəzəl və 
mürəbbeləri, müxəmməsləri qalmışdır. Onun əsərləri 1902-ci ildə Şamaxı 
zəlzələsində və 1918-ci ildə ermənilər Şamaxını yandıranda itib-batmışdır. Onun 
Seyid Əzim Şirvaninin ölümünə yazdığı “Getdi” qəzəli saf dili, məna tutumu ilə 
oxucunu heyrətdə qoyur. 
 
Qan ağla, gözüm, 
sərvəri-dövran getdi, 
Sərdəftəri-əhli-fəzlü ürfan getdi. 
Əfsus o şairi ədəbü kamil, 
Əhbabı edib zarü pərişan getdi. 
Ayineyi-ovqat idi ol zati-şərif, 
Səngi-əcəl ilə sındı əlan getdi. 
Heyrətdəyəm, ey xak, necə sığdırdın 
Ağuşuna, ta o bəhri-ümman getdi. 
Cufində çox idi gərçi 
kani-zərü ləl, 
Dəfn olmağa səndə başqa 
bir kan getdi. 
Etmişdi qəza gər səni əmvatə məqam, 
Fəxr et ki, bu dəm cismin üçün 
can getdi. 
Naseh dedi tarixi-vəfatın qəm ilə, 
Səd heyf ola, Seyyidi-Şirvan getdi. 

 
Şamaxıda məhkəmə katibi vəzifəsində çalışan Ağaəli bəy Naseh Əfəndizadə 
1914-cü ildə vəfat etmişdir. Onun vəfatının şahidi olan qaynı Camo cəbrayılbəyli 
xatırlayır ki, Naseh bir dəfə evə çox əsəbi gəldi. Hirslənərək dedi ki, bu qulluq 
adamı lap inək edərmiş... Vicdansız Kolomentyevin üzünə tüpürüb istefa üçün 
ərizəmi verdim, həqarətdən qurtardım, başqa çarəm yox idi. Əsəbləri pozulan saf 
qəlbli Naseh yatağa düşdü. 
Bir gün eşitdim ki, çox ağırdır. Əhval-pürsan olmağa getdim. Naseh şiddətli 
hərarətin təsirindən sayıqlamaqda davam edirdi. Azca ayılan kimi uşaqlarını 
çağırıb üzlərinə güldü. Bu zaman gözlərinin dolduğunu gizlətmək üçün üzünü 
divara çevirdi. 
Beş-altı gün ağır xəstə yatdı. Nəhayət, ürəyi davam gətirmədi və altı xırda 
uşağını gözü yaşlı qoyub bizi həmişəlik tərk etdi. 
Şer-sənətdə böyük Sabirin, Səhhətin, Hadinin xeyirxah məsləhətçisi olan saf 
qəlbli Nasehdən bizə şerləri ilə bərabər Respublika Əlyazmaları İnstitutunda 
saxlanan bircə fotoşəkil qaldı. 
Nasehin son oğul yadigarı Cümşüd Əfəndizadə ötən il işıqlı dünyamızı tərk 
etdi. Əlli ildən çox Bakı Dövlət Universitetində çalışan Cümşüd müəllimlə 
görüşüb söhbət etmək bizə qismət oldu. Şair atası Naseh haqqında məlumatları da 
bizə rəhmətlik Cümşüd müəllim verdi. 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin