Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   22
______________Milli Kitabxana_____________ 

 112


Belə bir şəraitdə Qudea tikinti işləri ilə daha çox məşğul 

olurdu. Məbəd inşasına diqqət verilirdi. Abidələrin birindəki 

təsvirdə Qudea oturmuş halda, dizi üzərindəki tikiləcək məbədin 

layihəsini nəzərdən keçirir. Məbəd tikintisində şumerlərdən başqa 

qonşular da iştirak edirdilər. Mənbə qeyd edir ki, məbəd 

tikintisinə «elamlı Elamdan gəlirdi, Suz sakini Suzdan gəlirdi». 

Qudea bir sıra ölkələrlə ticarət  əlaqələri yaratmışdı. Ticarət 

vasitəsi ilə ölkəyə taxta, xüsusilə sidr, inşaat daşı, qızıl, mis, qır və 

s. gətirilirdi. Məbəd tikintisi Laqaş, Nippur, Adab, Nqirsu və 

başqa  şəhərlərdə  həyata keçirilirdi. Kişi və qadınlar məbədə 

qurban göndərməli idilər. Məbəd tikintisi nəinki qurban verməni 

genişləndirir, eyni zamanda vergilərin artırılmasına gətirib 

çıxarırdı. 

Bəzi mülahizələrə görə, Qudeanın hakimiyyəti dövründə 

Şumer  ədəbiyyatı  və incəsənəti çiçəklənmə dövrünü keçirirdi. 

Şumer kənar ölkələr ilə iqtisadi və ticarət  əlaqələri saxlayırdı. 

Yuxarı  dənizdən (Urmiyyə gölü) Aşağı  dənizə (Fars körfəzi) 

qədər uzanan ticarət yollarından sərbəst istifadə edirdi. Qudea 

suvarma kanallarının çəkilməsinə,  əkinçilik və bağçılığın 

inkişafına da diqqət yetirirdi. Onun dövründə  məbəd təsərrüfatı 

müstəqil iqtisadi sahəyə çevrilmişdi. Mənbələr kutilərin 

hakimiyyəti dövründə  əkin sahələrinin məhsuldarlığından, taxıl 

bolluğundan, mal-qaranın saysız-hesabsız olmasından bəhs edir. 

Kuti sülaləsi səksən ilə yaxın  İkiçayarasını rahat və 

münaqişəyə rast gəlmədən idarə etmişdi. Bu müddət  ərzində 

İkiçayarası  işğalçılıq müharibələri aparmamışdı. Təkcə canişin 

Qudeanın Elamın Anşan vilayətinə  hərbi dəstələr göndərməsi 

məlumdur. Utuhenqalın adına çıxılan kitabədə kutilərin ünvanına 

mənfi ifadələr işlətmişdir. Kitabə onları «dağların zəhərli ilanı, 

allahlara əl qaldıran, Şumer hakimiyyətini dağlara aparan, Şumeri 

ədavətlə dolduran, arvadı  ərindən ayıran, övladı valideynindən 

ayıran, ölkədə  ədavət və hiddət yayan» adamlar kimi qələmə 

vermişdi. Lakin kutilərin ünvanına deyilmiş ittihamları  təsdiq 

edən heç bir əlavə tarixi sənəd qalmamışdır.  

Ur sülaləsi. Ur-Nammu III Ur sülaləsinin (e.ə. 2112-2003-cü 

illər) banisi kimi məlumdur. III Ur sülaləsi sonuncu Şumer dövləti 



______________Milli Kitabxana_____________ 

 113


idi. Ur-Nammunun dövləti  Şumer və Akkad ənənələrini davam 

etdirirdi. O, «Ur hökmdarı, Şumer və Akkad hökmdarı» rütbəsini 

qəbul etmişdi. Ur-Nammu Şumer və Akkad hökmdarlarına xas 

olan  ənənəvi inşaat işlərini davam etdirirdi. O, bütün Şumerdə 

məbəd tikintisini genişləndirmiş, əzəmətli və bürclü Ur məbədini 

(zikkuratı) tikdirməyə başlamışdı. Bu tikinti onun oğlu  Şulqi 

tərəfindən başa çatdırıldı. Min beş yüz il sonra Babil hökmdarı 

Nabonid  əzəmətli Ur zikkuratını yenidən bərpa etdirmişdi. Ur-

Nammu yeni kanallar çəkdirdi. Bunlardan Ur-Eredu su kanalı 

daha əhəmiyyətli idi. Bu kanal Fars körfəzinə gətirib çıxarırdı. Ur-

Nammu qanunlar külliyyatı  tərtib etdirmişdi. Bu indiyə  qədər 

məlum olan ən qədim qanunlardan hesab edilir. 

Ur-Nammu qanunları 1952-ci ildə Nippur qazıntıları zamanı 

tapılmışdı. Kitabə  zədələndiyindən qanunlar tam qalmamışdır. 

Qanunlar külliyyatı giriş  və maddələrdən ibarətdir. Giriş 

hissəsində qanunların allahların iradəsi ilə verildiyi qeyd 

olunurdu. Urnammu «allahın lütfü» sayəsində hakimiyyətə 

gəldiyini söyləyir. Qanunların verilməsi və ya hakimiyyətə sahib 

olmaq qədim dövrdə bir qayda olaraq allahın adı ilə bağlanılır. Ur-

Nammu «ədalətli qayda-qanun» yaratdığını söyləyirdi. Onun 

qanunları «qoy güclü dul qadınları  və yetim-yesiri incitməsin» 

ifadəsi ilə başlayırdı. Ur-Nammu sabit ölçü və  çəki qaydaları 

müəyyənləşdirdi, bununla bazar qiymətlərinin kortəbiiliyini 

aradan götürməyə nail olmaq istədi.  Şumer cəmiyyətində artıq 

mülkü bərabərsizliyin geniş vüsət alması müşahidə olunur. 

Qanunlarda bunu qabarıq şəkildə göstərən maddə vardır. Maddədə 

deyilir ki, «Bir şekel (pul vahidi) sahibi bir mina (60 şekel) sahibi 

tərəfindən istismar edilməməlidir». Göründüyü kimi, varlı 

təbəqələr azad icmaçıların əməyindən məcburi istifadə edirmişlər. 

Ur-Nammu qanunları müxtəlif hüquq normalarını qaydaya 

salmışdı.  Şumer cəmiyyətində cadugərlik geniş yayılmışdı. 

Cadugərliyin qarşısını almaq üçün qanunlarda xüsusi maddə 

nəzərdə tutulmuşdu. Maddəyə görə, cadugərlikdə təqsirlənən şəxs 

öz günahsızlığını sübut etmədi idi. Onun günahsız olub-

olmamağını ordaliya vasitəsilə yoxlayırdılar. Ordaliya - su ilə 

sınama hüquq forması idi. Müqəssiri suya atırdılar,  əgər o, 



______________Milli Kitabxana_____________ 

 114


salamat qalırdısa, günahsız hesab olunurdu. Ur Şumer 

cəmiyyətində bir sıra hallarda varlıları da cadugərlikdə 

təqsirləndirirdilər. Varlıların cadugərliyi sübut olunardısa, onda 

onun malı ittihamçı  şəxsə verilirdi. Əsassız ittihamların qarşısını 

almaq üçün böhtançılara da su ilə  sınama (ordaliya) tətbiq 

olunurdu. Şumer cəmiyyətində cadugərlik təqib olunurdu. 

Maddələrin birində qulların vəziyyətindən bəhs olunurdu. 

Qullar ağır istismara düçar idilər. Buna görə onlar ağa 

təsərrüfatından qaçırdılar. Maddə qaçqın qulu ağasına qaytarana 

mükafat vəd edirdi. Qul-kənizi öldürən onun əvəzini, yaxud 

qiymətini ödəməli idi. Bəzi maddələr xəsarət üçün cəza nəzərdə 

tuturdu.  Əgər azad adam kiməsə  bədən xəsarəti yetirərdisə, ona 

pul  əvəzi verməli idi. Qanunlarda ailə münasibətlərinə toxunan 

maddələr də vardı. Qadının ərə xəyanəti ölüm ilə cəzalandırılırdı. 

Ər arvadını boşayarkən, onu müəyyən pul məbləği ilə  təmin 

etməli idi. Sənədləşdirilməmiş nikah qanunsuz hesab edilirdi. 

Evlənən gənc qızın atasına nikah hədiyyəsi (başlıq) verməli idi. 

Əgər qızın atası  vədinə  əməl etməyib onu başqasına versəydi, 

nikah hədiyyəsi sahibinə ikiqat məbləğdə qaytarılmalı idi. 

Qanunlarda torpaq münasibətləri də  əks olunmuşdu. Özgə 

torpağını  zəbt edib becərmək qadağan edilirdi. Belə hallarda 

məhsul müsadirə olunur, torpağı özbaşına tutmuş adam isə cərimə 

edilirdi.  İcarədar götürdüyü torpaq sahəsini becərməli və torpaq 

sahibinə  əvvəldən müəyyənləşdirmiş miqdarda məhsul verməli 

idi. Sahə  işlənməmiş qalsaydı, icarədar torpaq sahibinin zərərini 

ödəməli idi. 

Erkən  Şumer dövlətləri «en» (ağa, dini hakim) adlanan ali 

kahin tərəfindən idarə olunurdu. En dövlət və  məbəd işlərinə, 

suvarma kanallarının çəkilməsinə, ölkənin təsərrüfat həyatına, 

hərbi işlərə  rəhbərlik edirdi. İbtidai demokratiya əlamətləri öz 

varlığını  hələ saxlayırdı. Tədricən  Şumer dövlətlərində hökmdar 

hakimiyyəti meydana gəldi. Dövlətin başında «ensi» (tikinti 

zamanı xalqa rəhbərlik edən kahin), yaxud «luqal» (böyük adam, 

hökmdar) dayanırdı. Adətən luqal, hökmdar kimi, daha böyük 

şəhər-dövlətlərinə başçılıq edirdi. Vahid Şumer dövləti mövcud 

olan zaman luqal ancaq hökmdara, ensi ona tabe olan canişinə



______________Milli Kitabxana_____________ 

 115


yaxud ali kahinə  şamil edilirdi. Erkən sülalələr dövründə 

ağsaqqallar  şurası  və xalq yığıncağı öz mövqeyini saxlayırdı. 

Mülki bərabərsizliyin inkişafı ilə  əlaqədar olaraq xalq yığıncağı 

dövlət idarə orqanı kimi öz əhəmiyyətini itirdi. Tədricən hökmdar 

hakimiyyəti iqtisadi, siyasi və  hərbi cəhətdən möhkəmləndi. 

Bunun da nəticəsində  ağsaqqallar  şurasının idarə orqanı kimi 

əhəmiyyəti azaldı. Erkən sülalələr dövründə müstəbid monarxiya 

hakimiyyət forması meydana gəldi, hökmdar qeyri-məhdud 

hakimiyyətə malik oldu. Hökmdar hakimiyyətinin güclənməsi ilə 

yanaşı onun dayağı olan ordu da meydana gəldi. Erkən sülalələr 

dövrünün sonunda artıq daimi ordu yaranmışdı. 

Erkən  Şumer dövlətləri  şəhər və onun ətrafındakı 

kəndlərdən ibarət olmuşdu.  Şumer  şəhər-dövlətlərində istehsal, 

ərzaq və  əmtəə mübadiləsi aşağı  səviyyədə inkişaf tapmışdı. 

Şəhər-dövlətləri arasında geniş iqtisadi əlaqələr mövcud deyildi. 

Bunların nəticəsində sinfi ziddiyyətlər kəskin  şəkil almışdı. 

Qulların sayı az idi. Erkən sülalələr dövrünün sonunda 

İkiçayarasında siyasi hegemonluq uğrunda mübarizə başlandı. 

Hökmdar hakimiyyətinin rolu artdı. Bütün Şumeri siyasi və 

iqtisadi cəhətdən birləşdirmək meyli gücləndi. 

Erkən sülalələr dövründə və sonralar ölkənin iqtisadi əsasını 

əkinçilik təşkil edirdi. Əkinçilik təsərrüfatı süni suvarmaya 

əsaslanırdı. Süni suvarma sisteminin inkişaf etdirilməsi e.ə. III 

minillikdə  Şumer və Akkad hökmdarlarının başlıca vəzifəsi 

olmuşdur. Suvarma kanallarının çəkilməsində  iştirak ictimai 

vəzifə idi və bunu bütün icma üzvləri həyata keçirirdi. 

İkiçayarasında sənətkarlıq, daxili və xarici ticarət inkişaf etmişdi. 

Şəhərlər sənətkarlıq və ticarət mərkəzlərinə çevrilirdi. 

Mülki bərabərsizliyin və sinfi ziddiyyətlərin kəskinləşməsi 

nəticəsində quldarlıq münasibətləri inkişaf edirdi. E.ə. III 

minilliyin ikinci yarısında bu daha da gücləndi. Qul əməyi məbəd, 

hökmdar (dövlət) və xüsusi təsərrüfatlarda tətbiq olunurdu. 

Qulların mal-qara kimi baş-baş sayırdılar.  Əsir qullar «yad 

ölkəli», yaxud «saq» («baş» deməkdir), xüsusi qullar «urdu», 

yaxud «ere» adlandırılırdı. Qul sahibkarın xüsusi mülkiyyəti 

hesab olunurdu. 



______________Milli Kitabxana_____________ 

 116


III Ur sülaləsi dövründə  xırda istehsalçılar arasında 

müflisləşmə genişləndi. Yoxsullar öz övladlarını köləliyə satmağa 

məcbur olurdular. Bunun nəticəsində borc köləliyi meydana gəldi. 

Artıq yerli əhali kölə halına salınırdı.  Şulginin hakimiyyəti 

illərindəki məhkəmə  sənədindən görünür ki, bir sıra hallarda 

qullar öz köləlik mənşəyini danırdılar. Sənədlərdə Ahuma adlı bir 

qulun məhkəmə məsələsi təsvir olunur: ağası vəfat etdikdən sonra 

əmlak bölgüsü zamanı Ahuma elan edir ki, «Mən qul deyiləm». 

Məhkəmə şahidlər vasitəsilə onun qul olduğunu təsdiq edir. Lakin 

bir müddət keçəndən sonra Ahuma yenidən elan edir: «Mən qul 

deyiləm». Məhkəmə əvvəlki hökmü qüvvədə saxlayır. Maraqlıdır 

ki, Ahumanın qardaşı  məhkəmədə istintaqa cəlb olunmuş  şahid 

sifəti ilə  çıxış edirdi, deməli, onun qardaşı azad adam olmuşdu. 

Yəqin ki, Ahuma ailə  tərəfindən vaxtilə köləliyə satılmışdı. 

Sənədlərdən görünür ki, qul ilə ağa arasında mübahisə 15 il davam 

etmişdi. 300 il sonra Hammurapi qanunları (282) belə hallarda 

ağır cəza tətbiq edirdi: öz ağasından imtina edən qulun qulağı 

kəsilirdi.  Şu-Suenin hakimiyyəti dövrünə aid sənəddə Pana adlı 

qadının məsələsi əks olunmuşdu. Papa elan edir ki, «nə o, nə də 

onun qızı kölə deyillər». Məhkəmə müəyyənləşdirir ki, Pana və 

onun qızı ərinin cinayətinə görə köləliyə verilmişlər. 

III Ur sülaləsi dövründə azad adamların müflisləşməsi 

nəticəsində köləliyə düşməsi prosesi güclənmişdi. Bu zaman 

qulların sayı çox olduğundan, bir qulun qiyməti 9-10 şekel idi. 

Hər bir azad icmaçı, sənətkar ailəsində bir neçə qul vardı. Adətən 

fərdi təsərrüfatda işləyən qullara ailə  və  əmlak saxlamağa icazə 

verilirdi. Onlar müəyyən ödəmə verib azadlığa çıxa bilərdilər. Qul 

ağasından məhkəməyə şikayət edə bilərdi. Qulu bəzən şahid sifəti 

ilə  dəvət edirdilər. Qullar alınıb-satılırdı. Ailə icmaçılarının 

müflisləşməsi övladların köləliyə satılmasına şərait yaradırdı. 

Məbəd və hökmdar təsərrüfatında işləyən qulların vəziyyəti 

ağır idi. Hökmdar (dövlət) təsərrüfatında işləyən kişi qullar 

«quruş», qadın qullar «nqeme» adlanırdı. Dövlət təsərrüfatında 

işləyən qullar xüsusi düşərgədə yaşayır, gündəlik azuqə alırdılar. 

Kişi qullarla 1.5 litr, qadın qullara 0,75 litr gündəlik arpa payı, 3-4 

litr bir aylıq bitki (küncüt) yağı və günə 1.5 kq  hesabından birillik 



______________Milli Kitabxana_____________ 

 117


un verilirdi. Quruşlar istehsal alətlərinə malik deyildilər, qeyri-

iqtisadi istismara düçar olmuşdular. Fərdi və dövlət qulları 

istismar olunan sinfə mənsub idilər. 

İkiçayarasında icma idarəsi öz varlığını saxlayırdı.  İcmalar 

suvarma kanallarının çəkilməsi və  təmiz saxlanılmasında 

yaxından iştirak edirdilər.  İcma üzvlərinin müflisləşməsi icbari 

əmək prosesinə cəlb olunmuş adamlarının sayını artırırdı. İcmanın 

torpaq ehtiyatı vardı. Bu torpaq icma mülkiyyəti hesab olunurdu. 

Daha geniş torpaq sahələri dövlət təsərrüfatına mənsub idi. III Ur 

sülaləsi dövründə dövlət torpaq mülkiyyəti əvvəlki dövrə nisbətən 

daha çox sahələri  əhatə edirdi. Məbəd təsərrüfatı da tədricən 

möhkəmlənməyə başlamışdı. Təsərrüfat həyatında kahinlərin 

mövqeyi güclənmişdi. Kahin təbəqəsi dövlətin dayağı idi. Onlar 

dövlət idarələrində, icma təşkilatlarında xidmət edirdilər. 

Məhkəmə işlərinə baxılması kahinlərin iştirakı ilə keçirilirdi. 

Şumer və Akkad şəhər-dövlətləri, eləcə  də bütövlükdə 

Babilistan mədəniyyəti «tunc əsri mədəniyyətinin» tipik nümunəsi 

hesab edilir. Mesopotamiya ərazisində elm çox tez meydana 

çıxmışdı. Tapılmış yüzlərlə riyaziyyat mətnləri  ən qədim 

Babilistan padşahlığı dövrünə aiddir. Burada vurma cədvəli, 

kəmiyyət, kvadrat, say, xüsusilə  məsələlər və onların həlli 

yazılmış yazılar müasir dövrə qədər gəlib çıxmışdır. Qədim Babil 

astronomları səma cisimlərini sistemli şəkildə müşahidə edirdilər. 

Makedoniyalı İsgəndərin dövründən 2250 il qabaq ayın tutulması 

cədvəlini yaratmışdılar. E.ə. II minilliyin başlanğıcında Ay-Günəş 

təqvimi yaradılmışdır. Hammurapinin əlavə ay haqqında verdiyi 

fərman bizə  gəlib çatmışdır. Tapılmış tibbi mətnlər təbabətin 

müalicə magiyasından ayrıldığını göstərir. 

Elmlə əlaqədar təfəkkür vərdişləri də meydana gəlir. Lakin 

hər halda fəlsəfə sistemli şəkildə Babilistanda yarana bilməmişdir. 

Daha dəqiq desək, onlar geniş  şəkildə  qəbul olunmuş  fəlsəfə 

yarada bilməmişlər. Onların heç vaxt ağlına da gəlməzdi ki, 

şeylərin həqiqi təbiəti, yaxud da onların  şeylər haqqında 

təsəvvürləri  şübhə doğura bilər. Onlarda fəlsəfənin qnoseologiya 

(idrak nəzəriyyəsi) sahəsi demək olar ki, olmamışdır. Bununla 

yanaşı, Şumerlər təbiət haqqında, dünyanın yaradılması qanunları 



______________Milli Kitabxana_____________ 

 118


haqqında fərziyyələr irəli sürürdülər. Artıq e.ə. III minillikdə 

Şumerdə elə mütəfəkkirlər və pedaqoqlar meydana gəlmişdi ki, 

bəşəri sualları irəli sürür və ona cavablar axtarıb tapmağa 

çalışırdılar. Onlar özlərinin kosmologiya və teologiyasını 

yaratmışdır. Həmin mütəfəkkirlərin yaratdığı baxışlar sistemi o 

qədər inandırıcı olmuşdur ki, Yaxın  Şərqin  əksər ölkələri həmin 

sistemi etirazsız qəbul etmişlər. 

Qədim  Şumer  ədəbiyyatında  şumer kosmologiya və 

teologiyasının sistemli fəlsəfi şərhini axtarmaq mənasızdır. Çünki 

Şumer mütəfəkkirləri idrakın  əvəzedilməz silahı olan 

müəyyənetmə  və ümumiləşdirmə kimi elmi metodlarına 

yiyələnməmişdilər. Gündəlik həyatın bu asılılıq haqqında minlərlə 

nümunə verməsinə baxmayaraq, Şumer mütəfəkkirləri həmin 

nümunələrdən hər  şeyi ümumi və  hərtərəfli  əhatə edən qanunu 

çıxara bilməmişdilər. Qədim  Şumer fəlsəfəsi, teologiya və 

kosmologiyası haqqında məlumatın ayrı-ayrı  ədəbi  əsərlərdən, 

miflərdən, epik əsatir və himnlərdən toplanması heç də  təəccüb 

doğurmur.  Şumerlərin fəlsəfi və teoloji nəzəriyyələrinin, habelə 

dünya haqqında təsəvvürlərinin ilkin və  əsas ünsürləri torpaq və 

səma (yer və göy) idi. Onlar kainatı «an-ki»-»yer-göy» 

adlandırırdılar. 

Şumerlərə görə yer yastı disk, göy isə boş  məkan olub 

aşağıdan və yuxarıdan möhkəm səthə söykənmişdir. Onlar bu 

səthin hansı materialdan hazırlandığını bilmirdilər. Yerlə göy 

arasında üçüncü element - «külək» - hava, «ruh» yerləşirdi. Bu, 

bizim anlayışla atmosferə uyğun gəlirdi. Günəş, ay, planetlər və 

ulduzlar atmosferin yarandığı şeydən yaranmışdır və fərqi ondadır 

ki, işıq sala bilirlər. «Göy-Yer» aşağıdan, yuxarıdan, hər iki 

tərəfdən ucsuz-bucaqsız okeanlarla əhatə olunmuşdur. 

Şumer mütəfəkkirləri özlərinin kosmoqoniyasını bu əsas 

təsəvvürlərlə qururdular. Onların fikrincə, birinci okean olmuşdur. 

Okean «birinci hərəkətverici» olmuşdur. Lakin onlar okeanın 

zamanda və  məkanda mövcudluğunu fikirləşmirdilər. Sonra 

atmosfer yaranır, atmosferdən isə işıq verən cisimlər - günəş, ay, 

planet və ulduzlar yaranır. Göyün yerdən ayrılmasından sonra 

bitkilər, heyvanlar və  nəhayət, insan meydana gəlmişdir. Kainatı 



______________Milli Kitabxana_____________ 

 119


kim yaratmışdır və onu gündən-günə, ildən-ilə  hərəkət etməyə 

kim məcbur edir? Şumer teoloqları allahlar panteonunda hər bir 

allahın öz iş-gücü və funksiyası olduğuna inanırdılar. Allahlar 

birlikdə Kainatı da hərəkətə gətirirdilər. Şumer filosoflarına görə 

allahlar öz niyyətlərini sözlə ifadə edən kimi həmin iş baş verirdi. 

Yəni onlar sözün yaradıcı qüdrətinə inanırdılar. Təsadüfi deyildir 

ki, allah sözünün həllediciliyi  Şərqdə  qəbul edilmiş, sonrakı 

dinlərdə əsas yeri tutmuşdur. Şumerlərin fikrincə, insanın taleyinə 

həyatını yaşamaq və ölmək düşür. Tanrıların taleyi isə başqadır. 

«İnsan ayran kimidir, tanrılarsa yağ kimi, 

Adam saman kimidir, tanrılar buğda kimi».  

Şumer filosoflarının fikrincə, insan həyatı əbədi ola bilməz. 

Əcəl hamının qapısını döyməlidir. İnsan ölümə məhkumdur. 

Qədim şumer şair-mütəfəkkiri fikirlərini sual-cavab şəklində 

belə qururdular: 

Qəzəbli, qəddar əcəl adama verməz aman,  

Əbədimi tikirik evləri tikən zaman? 

Əbədilikmi vurur məgər möhür vuranlar? 

Əbədimi ayrılır qardaşlar qardaşından? 

Əbədidirmi məgər nifrət hissi insanda? 

Əbədi axır məgər çaylar suda daşanda? 

Mütləqdirmi cücünün cırcırama olmağı? 

Ayna əvəz edərmi əbədilik günəşi? 

Dünya bina olanda belə şey görünməmiş. 

Ölüyə bənzəmirmi, söylə əsir olanlar. 

Ölümün sifətini məgər göstərmir onlar? 

Hökm edən insandırmı?  

Böyük Enlil onlara xeyir-dua verəndə 

Bəs niyə toplaşırlar bir yerdə Annunaklar, 

Maraet, ulu tanrılar? Talelər yaradanı 

Məgər sorğu-suala tutmurmu taleləri? 

Onlar təyin eyləmiş ölümü və həyatı, 

Ölüm saatınısa söyləmişlər qəti.  

Beləcə buyurmuşlar: «Qoy yaşayan yaşasın». 

Şumer allahları da insanlara bənzəyir, onlar bir-birindən 

küsür, barışır, bir-biri ilə dalaşır. Bir sözlə, insanlara xas olan 



______________Milli Kitabxana_____________ 

 120


bütün keyfiyyətlər allahlara da aid edilir. Əslində yunanların 

allahları adlarını  dəyişmiş  və nisbətən təkmilləşdirilmiş  Şumer 

allahlarıdır. Şumerdə baş allah və ikinci dərəcəli allahlar var idi. 

Yüzlərlə allahların içərisində  ən başlıcası  səma allahı An, hava 

allahı Enlil, su allahı Enki və böyük allah-ana Ninhursaq idi. 

Həmin dörd allah allahlara başçılıq edir və çox vaxt bir yerdə 

fəaliyyət göstərirdilər. Onlar yığıncaqlarda və  məclislərdə yuxarı 

başda əyləşirdilər. 

Şumer mütəfəkkirləri dəqiq ifadə olunmuş  fəlsəfi təlim 

yaratmamışlar. Bu, onların əxlaqi prinsiplərinə, öyüd-nəsihətlərinə 

də aiddir. Onlarda xüsusi etik normalar məcmuəsi olmadığından 

etika haqqında fikirləri ancaq ayrı-ayrı  əsərlərdən toplamaq 

mümkündür. 

Şumer filosofunu heç vaxt mürəkkəb bir problem olan iradə 

azadlığı problemi qətiyyən maraqlandırmırdı. Onlara görə

allahlar insanları öz kefləri xətrinə yaratmışdılar. Odur ki, insanlar 

ölümə məhkum, allahlar isə əbədidir. Onlara görə, yüksək əxlaqi 

keyfiyyətlər insanlara allahlar tərəfindən bəxş edilmişdir. 

Doğrudur,  şumerlər həqiqəti və xeyirxahlığı, qanun-qaydanı, 

ədaləti və azadlığı, mərhəməti və s. yüksək qiymətləndirmişlər. 

Təbiidir ki, onlar şər və  bəd  əməlləri, özbaşınalığı, yalanı, 

haqsızlığı, pozğunluğu, amansızlığı  rədd etmişlər. Qədim  şumer 

filosoflarının fikrincə, böyük allahlar öz təbiətinə görə 

xeyirxahdır. Bununla yanaşı, onlar belə hesab edirlər ki, bəşər 

sivilizasiyasını yaradan allahlar şəri, yalanı, zorakılığı, bir sözlə 

bütün qüsurları özləri cəmiyyətin həyatına gətirmişlər. “Allahlar 

nə üçün belə hərəkət edirlər?” sualına onlar cavab tapa bilmirdilər, 

əslində heç axtarmırdılar. Eyni zamanda şumer mütəfəkkirləri çox 

vaxt allahları yer üzərində hökmranlıq edən padşahlarla 

eyniləşdirirdilər. Yəni  şahlar necə  hər bir adama kömək 

etmirdilərsə (yaxın adamları istisna olmaqla), allahlar da onlardan 

kömək diləyən ayrı-ayrı adamlara kömək etmirdilər. Elə buna 

görə  də ayrı-ayrı  «şəxsi allahlar», «qoruyucu mələklər» ideyası 

meydana çıxırdı. Şumerlərə görə, insanlar allahlara xidmət etmək 

üçün gildən yaradılmışlar.  

Qədim İkiçayarası mədəniyyəti Cənubi İkiçayarasının əkinçi 



______________Milli Kitabxana_____________ 

 121


tayfalarının və  şumerlərin nailiyyətləri  əsasında yaranmışdır. Bu 

mədəniyyət müstəqil inkişaf yolu keçmiş, Yaxın  Şərqin bir çox 

xalqlarının mədəniyyətinə müəyyən təsir göstərmişdi. İkiçayarası 

xalqlarının memarlıq, incəsənət,  ədəbiyyat, yazı, elmi biliklər 

sahəsində  əldə etdikləri nailiyyətlər Qədim  Şərqin bir sıra 

ölkələrinin mədəni həyatında öz əksini tapmışdı. 

Qədim cəmiyyətlərin ideologiyasının 

əsasını dini 

təsəvvürlər təşkil edirdi. Dini təsəvvürlərin totemizm, animizm və 

fetişizm növləri hələ erkən  əkinçi tayfalarının həyatında mühüm 

yer tuturdu. Yer və göy təbii hadisələri, insan taleyi və güzəranı 

qeyri-təbii qüvvələrin əməlləri ilə bağlanılırdı. Tədricən belə təbii 

qüvvələrə adlar verilmiş, bu və ya digər təbii hadisəni onların adı 

ilə bağlamışdılar.  İkiçayarasının erkən  əkinçi icmaları ayrı-

ayrılıqda bu və ya digər allaha sitayiş edirdilər. Bu icmaların dini 

təsəvvürlərini bərəkət və məhsuldarlıq bildirən ilahə təşkil edirdi. 

Erkən dövrdə allah və ilahələr heyvan görkəmində  təsvir 

olunurdular. Təbiət qüvvələri ilahiləşdirilirdi. Hər bir icma özünün 

himayəçi allahına sitayiş edirdi. Erkən  əkinçilərin etiqadı üçün 

politeizm, yəni çoxallahlılıq səciyyəvi idi. Bu hal ilkin sinifli 

cəmiyyətdə öz varlığını saxlayırdı  və  İkiçayarasında vahid 

dövlətin meydana gəlməsi nəticəsində dini ibadətlərin 

birləşdirilməsi zərurətini ortaya atmışdı.  İkiçayarasında bütün 

allahları və ibadətləri birləşdirən ümum Şumer panteonu yaradıldı. 

Şumer  əsatirləri  İkiçayarasının dini və allahları barədə 

məlumat saxlamışdır. Qaynaqlarda e.ə. III minillik üçün bir neçə 

yüz allahın adı  çəkilir.  Şumerlərin təsəvvürünə görə, ilk əvvəl 

bütün dünya başdan-başa suya qərq olmuşdu. Okean suyunun 

dərinliyində bütün varlığın «böyük anası» ilahə Nammu 

yaşayırmış. Nammunun bətnindən yarımkürə  şəkilli dağ 

qalxıbmış. Dağın başında «böyük ata» allah An, dənizdə yastıvarı 

lövhə üzərində ilahə Ki yaşayırmış. Hər iki ilahi qüvvə bir-birinə 

bitişik imiş. Bu iki allahın nikahından allah Enlil (Ellil) dünyaya 

gəlmişdi. Onun ardınca bu cüt allah xeyli uşaq törətmişdi. Onların 

içərisində yalnız yeddi allah öz qüdrəti və müdrikliyi ilə 

fərqlənirmiş. Bunlar allahların  şurasını  təşkil etməklə bütün 

dünyanı idarə edirmişlər. Enlil allahların başçısı  və  ağsaqqalı 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin