Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

HET MƏDƏNİYYƏTİ 

 

Het dövləti Anadolunun (Kiçik Asiyanın)  şimal-şərq 

hissəsində Halis (hazırda Qızıl  İrmaq) çayının hövzəsində 

meydana gəlmişdi. Kiçik Asiya hələ  qədim zamanlardan diqqəti 

cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları 

Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. 

Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və 

assur tacirləri məskən salmış  və metal ticarətinin  əsasını 

qoymuşdular. Assurlular buraya mixi yazı  və akkad dilini 

gətirmişdilər. 

Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş  və 

Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri 

gümüş, mis, tunc, dəmir alış-verişi ilə  məşğul olurdular. Assur 

şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu. 

Təsərrüfatın inkişafı ilə bağlı Anadolunun şərq hissəsində artıq 

e.ə. II minillikdə bir sıra siyasi birləşmələr meydana gəlmişdi. 

Bunlar  şəhər-dövləti  şəklində mövcud olmuşlar. Burusxan, Nesa 

(Kaniş), Kussar və Hattuşa  şəhər-dövlətləri Assur tacirlərinin 

gətirdiyi mixi yazı və akkad dilindən istifadə edirdilər.  

Əməklə bağlı olan bütün işlər icbari əmək adamlarının 

üzərinə düşürdü. Onlar əmək mükəlləfiyyəti daşımalı idilər. Het 

cəmiyyətində belə adamlar əsas istehsalçılar kimi cəmiyyətin 

aşağı ictimai təbəqəsinə  mənsub idilər. Belə adamların tərkibi 

qullardan, təsərrüfatdan    asılı        təhkimçilərdən,    muzdlu    

işçilərdən    ibarət olmuşdu. 

Het cəmiyyətinin hüquqi və iqtisadi həyatı het qanunlarında 

öz  əksini tapmışdı. Het qanunları sinfi xüsusiyyət daşıyırdı. 

Qanunlar xüsusi mülkiyyəti qoruyur, onun sahibi olan azad 

adamın hüququnu daha da möhkəmləndirirdi. Het qanunlarında 

qullara müxtəlif cəza tədbirləri nəzərdə tutmuşdular. Qanunun bir 

maddəsində deyilir: “Əgər qul evdə  oğurluq edərsə, o, 

oğurladığını olduğu kimi qaytarmalıdır. Oğurluq etdiyi üçün o, 6 

şekel gümüş verməlidir. Qulun burnu və qulağı kəsilməlidir, özü 

isə sahibinə qaytarılmalıdır...”.  Əgər sahibi desə "mən onun 



______________Milli Kitabxana_____________ 

 81


əvəzini ödəyərəm”, onda o, ödəməni verməlidir.  Əgər o imtina 

etsə, onda quldan məhrum olur”. 

Qanunlar qul sahibinin mənafeyini güdürdü. Oğurluq etmiş 

quldan o məhrum olmurdu, oğurluq malın əvəzini ödəyib yenə də 

öz quluna sahib olurdu. Qulun həyatına qəsd heç bir cəza ilə 

nəticələnmirdi. Maddələrin birində deyilir: "Əgər kimsə qulu, 

yaxud kənizi vurarsa, o da ölərsə  və bunu həmin kəs qəsdən 

etməmişsə, onda o, qulun əvəzinə bir adam verməlidir. Təminat 

üçün  əmlak da verməlidir" Köləliyin  əsas mənbəyi müharibələr 

olmuşdur. Uğurlu müharibələr ölkəyə xeyli əsir verirdi. Əsirlər 

het mətnlərində arnuvala, yəni "Əsir aparılmış adam" adlanırdı. 

Əsirləri qul kimi satır, bir hissəsini mükəlləfiyyətə cəlb edirdilər. 

Het qanunlarında ailə məsələlərinə müəyyən yer verilmişdir. 

Ata ailədə qeyri-məhdud hakimiyyətə malik idi. Qadının hüquqi 

vəziyyəti ağır idi. Ümumiyyətlə, qanunlarda qadın və kişi 

münasibətlərinə  həsr edilmiş bir sıra maddələr vardı. Məsələn: 

"Əgər kişi qadını atırsa, onda onu sata bilər. Qadını alan adam 12 

şekel gümüş verməlidir". Başqa maddədə qadının kişiyə eyni 

münasibəti əks olunmuşdur: "Əgər qadın kişini qovursa, uşaqları 

ona verməlidir. Kişi övladlarını özü ilə götürməlidir". Ailədə 

nəinki övlad, eləcə  də  əmlak müəyyən hüquqi qaydalara əsasən 

ərə, yaxud arvada çatırdı. Buna görə qanunun bəzi maddələri 

arvadın ata evindən gətirdiyi cehiz barədə  də hüquq normaları 

müəyyən etmişdi. Maddələrin birində deyilir: "Əgər kimsə evlənir 

və arvadı (öz evinə) gətirir, onda həmin adam onun cehizinə  də 

sahib olur. Əgər qadın vəfat edərsə, onun əmlakı kişinin (ərin) 

olmalı  və cehizi həmçinin kişiyə çatmalıdır.  Əgər qadın atası 

evində  vəfat edərsə  və  uşaqları qalarsa, onda kişi (əri) cehizi 

almamalıdır". Qanunlar ərin vəfatından sonra dul arvadın qaynı ilə 

(ərin qardaşı ilə) kəbin kəsdirməyə  və ona ərə getməyə icazə 

verirdi.  Əgər mərhumun qardaşları yox idisə, onda dul arvad 

qayınatasına  ərə gedə bilərdi. Bunlar göstərir ki, qız  ər evinə 

həmişəlik köçürülürdü, əri vəfat etsə belə həmin evi tərk etməməli 

idi. Məsələ ailə daxilində  həll olunurdu. Het ailəsində patriarxal 

qaydalar hökm sürürdü. Hakim sülalə ailələrində isə hakimiyyətə 

vərəsəlik Elam və Misirdə olduğu kimi, ana xətti ilə aparılırdı. 



______________Milli Kitabxana_____________ 

 82


Bunu ibtidai icma quruluşu nikah formalarının qalığı kimi qəbul 

etmək olar. 

Het cəmiyyətində  sənətkarlıq  inkişaf tapmışdı.  Qanunlarda 

müxtəlif peşələrin  (metalişləmə,  dülgərlik,  gönçülük  və s.)  adı 

çəkilmişdir. Alət, silah və başqa əşyalar hazırlamaq üçün mis və 

tuncdan    istifadə   edirdilər.    Anadoluda  dəmirdən   hələ   e.ə.    

III-II minilliklərdə istifadə  olunurdu.  Bu  dövrün arxeoloji  

təbəqələrindən  dəmir  heykəlciklər,      ibadət  xüsusiyyətli yazılı 

lövhələr aşkar edilmişdir. Hetlər dəmirdən müxtəlif  əşyalar, o 

cümlədən üzük, sırğa, silsilə, qalaydan kişi, qadın, heyvan, quş 

heykəlləri (fiqurları) hazırlayırdılar. Dəmirdən silah (xəncər, 

qılınc, bıçaq, toppuz, nizə), təsərrüfat alətləri (oraq, balta, çəkic, 

mismar) və s. düzəldirdilər.  E.ə.  XIV-XIII əsrlərdə  dəmirdən 

hazırlanmış  əşyalar het hökmdarlarının varidatı içərisində böyük 

sərvət hesab olunurdu. Dəmir qızıldan 5, gümüşdən isə 40 dəfə 

baha idi. Het qaynaqlarında  müxtəlif çəkili (45 kq  qədər) dəmir 

külçələri yad edilirdi.  

Het məhkəməsi  şifahi və yazılı  ənənəyə  əsaslanırdı. Het 

qanunlarında yazılı  məhkəmə qaydaları, cəza normaları  əks 

olunmuşdu. Mübahisələrə adətən ağsaqqallar  şurasında baxılırdı. 

Məhkəmə  işlərində dövlət nümayəndəsi iştirak edirdi. 

Nümayəndəyə xüsusi təlimat verilirdi. Bir təlimatda ona 

tapşırılmışdı:  “Haqq işi nahaq eyləmə,  nahaq işi haqq eyləmə. 

Ədalətli ol”. Məhkəmədə şəhər rəisi və ağsaqqallardan ibarət yerli 

idarə nümayəndələri də  iştirak edirdilər. Mürəkkəb məhkəmə 

işləri hökmdarın səlahiyyətinə verilirdi. Qanunu pozan adam 

cəzalandırılırdı. Sənəddə deyilir: “Əgər kimsə hökmdarın qərarına 

əks getsə, onun evi məhv edilməlidir. Əgər kimsə əyanın qərarına 

əks getsə, onun başı kəsilməlidir”. Het məhkəməsi faktların dəqiq 

seçilməsinə diqqət verirdi. Səhlənkar təsərrüfatçı məhkəməyə cəlb 

olunurdu. Onun özbaşına at və qatırları başqa adamlara verməsi 

sorğu-sual  əsasında ayırd edilirdi. Hökmdar təsərrüfatı 

heyvanlarının hesaba alınmadan başqasına verilməsi bu işə baxan 

adamın təqsiri kimi qiymətləndirilirdi.  

Qazıntılar zamanı aşkar edilmiş müxtəlif incəsənət abidələri, 

silah və  əmək alətləri, Boğazgöydə (Hattuşa) tapılmış het 



______________Milli Kitabxana_____________ 

 83


hökmdarlarının yazılı  sənədlər arxivi het mədəniyyəti barədə 

müəyyən təsəvvür yaratmağa imkan vermişdir. Het 

mədəniyyətinin təşəkkülünə bir sıra etnosların təsiri olmuşdur. 

Het mədəniyyətində hat ənənələri üstünlük təşkil edirdi. 

Het mədəniyyətinə hurri etnosları, hind-Avropa 

tayfalarından luvi və palaylar müəyyən təsir göstərmişdilər. 

Şumer-Akkad mədəniyyətinin bir çox cəhətləri het 

mədəniyyətində öz əksini tapmışdı. Vaxtilə het aləmində 

prototürk etnik ünsürlərinin iştirakı barədə də fikir söylənilmişdi. 

Lakin het etnik və dil aləmi bu səpkidə  dərin və ciddi tədqiqat 

obyektinə çevrilməmişdi. Hind-Avropa tayfalarının ən qədim türk 

etnik qrupları ilə ünsiyyətini göstərən bir sıra leksik dəlillər 

müəyyən edilmişdir. 

Məlum olduğu kimi, Sarqon (e.ə. 2316-2261-ci illər) və 

Naram-Suen (e.ə. 2236-2200-cü illər) Akkad sülaləsinin  ən 

görkəmli nümayəndələri olmuşlar. Onların adı ilə bağlı 

rəvayətlərə het ədəbiyyatında rast gəlinir. "Döyüş hökmdarı" adlı 

əfsanədə Akkadlı Sarqon tacir tayfasının müdafiəçisi kimi təsvir 

olunmuşdur. Tacirlər Kiçik Asiyanın Buruşhattum (hetcə 

Purushanda) şəhəri hakimlərinin onlara alver imkanı yaratmamağı 

barədə Sarqona şikayətlə müraciət etmişdilər. Rəvayətə görə 

Sarqon tacirlərinin mənafeyi naminə  həmin  şəhərə yürüş  təşkil 

etmişdi. 

Akkad və het dilində  tərtib olunmuş digər mətn Naram-

Suenin adı ilə bağlıdır. Mətnlərin mövzusu eynidir, lakin 

hadisələrin təhlilində müəyyən fərqlər olduğunu göstərir. Het 

rəvayətinə görə, umman-manda adlanan tayfalar 17 müttəfiq ilə 

Hatti ölkəsinə hücum edib, onun bir çox şəhərlərini talan edirlər. 

Umman-manda adı Naram-Suenə həsr olunmuş "Kuta hökmdarı" 

rəvayətində də əks olunmuşdur, lakin orada 70 hökmdarın ittifaqı 

yad edilir. Bu hadisələr  İkiçayarasında baş vermişdi. Mənbələrin 

sonrakı  məlumatını  nəzərə alsaq, umman-manda İkiçayarasının 

şimal və  şimal-şərqində yaşayan  əhalini təmsil edirdi. Güman 

etmək olar ki, het ədəbiyyatında  əks olunmuş  rəvayət 

İkiçayarasının "Kuta hökmdarı"  əfsanəsinin azca dəyişmiş 

variantıdır. Rəvayətin het variantı Naram-Suenin 17 hökmdar 



______________Milli Kitabxana_____________ 

 84


ittifaqı üzərində qələbəsini şərh etmişdir. Bununla əlaqədar, Hatti 

və Kaneş hökmdarlarının adı  çəkilmişdir. Bu rəvayətin 

yaranmasına  İkiçayarasında baş vermiş  həqiqi tarixi hadisə  təsir 

göstərmişdir. Orada Naram-Suenin "Qələbə abidəsi" daş 

kitabəsində Lullubi hökmdarı da daxil olmaqla düşmən ittifaqının 

məğlub olunmasından bəhs edilir. Beləliklə, het rəvayətlərinin 

kökləri  İkiçayarasında baş vermiş siyasi hadisələrlə bağlı 

olmuşdur. Məhz buna görə  də,  İkiçayarası etnik terminologiyası 

(umman-manda) olduğu kimi təkrar olunmuş, lakin hadisələr 

qədim Anadolu mühitinə uyğunlaşdırılmışdır. Rəvayətin het 

variantı  əsasında ehtimal edilir ki, hələ e.ə. III minilliyin ikinci 

yarısında qədim Anadoluda erkən dövlət qurumları mövcud 

olmuşdur. Bunlar şəhər-dövlətləri şəklində meydana gəlmişdilər. 

Het  ədəbiyyatında  Şumer-Akkad təsiri başqa sahələrdə  də 

özünü göstərmişdi. Hetlər mixi yazı sistemini İkiçayarasından 

mənimsəmişdilər. "Gilqameş haqqında dastan" het dilinə tərcümə 

edilmişdi. Şumer-Akkad mətnlərindən istifadə etmək və dili başa 

düşmək üçün üçdilli lüğətlər tərtib olunurdu. Bunlardan biri 

şumer-akkad-het lüğəti idi. Hurri əfsanələri (Kumarva əsatiri) het 

dilinə  tərcümə olunmuşdu. Hurri təsiri onomastika və dini 

təsəvvürlərdə özünü təzahür edirdi. Dərs vəsaitləri tərtib olunurdu. 

Mitanni mənşəli Kikküli atçılığa həsr olunmuş vəsait yazmışdı. 

Hetlər rəsmi  ədəbiyyat nümunələri yaratmışdılar. III 

Hattuşilin "Tərcümeyi-hal" xüsusiyyəti daşıyan yazısı erkən 

ədəbiyyat nümunələrindən biri hesab edilə bilər. Hadisələr birinci 

şəxsin adından nəql edilir. Burada Hattuşili uşaqlıq dövrünü 

göstərir, zəif səhhətə malik olduğunu söyləyir və  İştar ilahəsinə 

ithaf olunmasını qeyd edir. O, əyalət hökmdarı olanda ilahə İştar 

ona arxa olur, paxıl və qarınqulu düşmənlərinin öhdəsindən 

gəlmək üçün ona qüvvət və mətanət verir. Hattuşilin qardaşı Urxi-

Teşub onun rəqiblərinin tərəfinə keçib, idarə etdiyi şəhərləri 

əlindən alanda, Hattuşili qardaşının tabeliyindən çıxır və üsyan 

qaldırır. O, üsyanın səbəbini belə izah edirdi: "Lakin mən ona 

qarşı üsyan qaldırsam da, bunu qüsurlu vasitə ilə, yəni xaincəsinə 

etmədim, onun cəng arabasına həmlə etmədim, evdə ona hücum 

etmədim, mən ona (açıq) müharibə elan etdim (və dedim): - Sən 



______________Milli Kitabxana_____________ 

 85


mənimlə dava-dalaşa başladın, sən böyük hökmdarsan, mən isə o 

adamam ki, sən ona bir qala qoymuşsan qalsın, mən məhz bu 

qalanın hökmdarıyam. Haydı döyüşə! Qoy Samuxi şəhərinin 

ilahəsi  İştar və Nerik şəhərinin tufan allahı (Taru) bizim 

haqqımızda hökm versinlər". Hattuşili hakim ailəyə  mənsub idi, 

onun hakimiyyətə hüquqları tapdalanırdı. Maraqlıdır ki, o özünün 

hakimiyyətə  gəlməsini də ilahə  İştarın iradəsi ilə bağlayır və 

deyir: "Necə ki, mənim ilahəm  İştar vaxtilə  mənə taxt-tacı  vəd 

etmişdi, indi o, arvadımın yuxusuna girərək (demişdir): - Mən 

sənin ərinə kömək edərəm və bütün Hattuşili sənin tərəfinə keçər". 

Hattuşili qələbə çaldıqdan sonra qardaşını  və  rəqiblərini edam 

etdirmir, sadəcə olaraq ölkədən qovur. "Tərcümeyi-hal" göstərir 

ki, III Hattuşili mübahisəli məsələləri ancaq müharibə yolu ilə həll 

etməyi üstün tuturdu. Eyni zamanda o, həqiqət və  ədalətin son 

məqamda qələbə çalacağı inamına biganə yanaşmırdı. Lakin 

mətndən göründüyü kimi, III Hattuşili, bəlkə  də mövcud olan 

vərəsəlik qaydalarını pozaraq, hakimiyyətə zorla sahib olmuşdu. 

Mətn III Hattuşilinin müraciəti ilə sona yetir: "Gələcəkdə kim 

olursa olsun - Hattuşilin oğlumu, nəvəsimi, yaxud nəticəsimi-

hakimiyyətə irsən yiyələnərsə, qoy allahlar içərisində Samuxi 

şəhərinin ilahəsi  İştara ehtiram göstərsin". Hetlərin dini 

dünyagörüşündə akkadların  İştar ilahəsinə sitayişi geniş  təmsil 

olunmuşdu. Ümumiyyətlə, İştar ilahəsinə sitayiş nəinki het hakim 

dairələri arasında, eləcə  də  İkiçayarasına söykənən başqa 

ölkələrdə  də, məsələn Cənubi Azərbaycanın kuti və lullubi 

hökmdarları arasında da geniş yayılmışdı. 

Het  ədəbiyyatı nümunələri cərgəsinə I Hattuşilinin siyasi 

vəsiyyətini də daxil etmək olar. Burada I Murşilin hakimiyyətə 

varis təyin edilməsindən bəhs edilir, üsyan qaldırmış digər 

övladlar hakimiyyətdən uzaqlaşdırılır. I Hattuşili  əyanlara 

müraciət edir: "Baxın, indi Murşili mənim oğlumdur... Nə zaman 

ki, silah götürməyə çağırış olsa, onda siz, mənim bəndələrim və 

əsilzadə  vətəndaşların (mənim oğluma yardım göstərmək üçün 

əlçatanda) hazır olmalısınız. Üç il keçəndən sonra o, yürüşə 

getməlidir... Siz onu yürüşə aparsanız (nə  qədər ki, o uşaqdır), 

onun sağ-salamat geriyə qayıtması qayğısına qalın". Het 



______________Milli Kitabxana_____________ 

 86


hökmdarlarının kitabələri və salnamələri  ədəbiyyat nümunələri 

kimi də  əhəmiyyətə malikdir. Bunlar "Anittanın kitabəsi", I 

Hattuşilin, I Suppiluliumun "salnamələri" və s. ibarət olmuşdur. 

Din və  əfsanələr. Hetlərin, eləcə  də başqa qədim xalqların 

ictimai həyatından olduğu kimi, təsərrüfat və ideoloji həyatında da 

din və dini təsəvvürlər böyük əhəmiyyətə malik idi. Het 

cəmiyyətində çoxallahlılıq mövcud idi. Het panteonunda bir çox 

qədim etnos və xalqların sitayiş etdiyi allahlar cəmləşmişdi. 

Burada het və hat, hurri, akkad, hind-Avropa (luvi, nesi, pala, 

Hind-İran), prototürk və hələlik mənşəyi naməlum qalan etnos və 

xalqların dini ideologiyası əks olunmuşdu. Təsadüfi deyil ki, Het 

mənbələri "Hatti ölkəsinin min allahı" ifadəsini işlədirdi. 

Het ölkəsinin hər bir vilayəti və icmasında yerli ibadətlər 

mövcud idi. Allah və ilahələrə xüsusi ibadətgahlarda sitayiş 

edirdilər. Het hökmdarı və onun arvadı ildə iki dəfə keçirilən yaz 

və payız bayramları zamanı ölkəyə  səfərə  çıxır, dini ziyarət 

məqsədilə şəhərləri gəzir, və hər yerdə allahlara qurban kəsirdilər. 

Ehtimal ki, ölkəni gəzib dolanmaq adəti hatlardan miras qalıbmış. 

Yerli dinlərin müəyyən hissəsi dövlət dini cərgəsinə daxil edilirdi. 

Hetlərin  ən nüfuzlu allahlarının  şərəfinə  məbədlər tikilirdi. Belə 

dini ibadətgahlardan biri Boğazgöyün yaxınlığında Yazılıqayada 

aşkar edilmişdir.  İbadətgah qaya oyuğunda yerləşirdi. Onun 

divarlarında het allah və ilahələri təsvir olunmuş, biri-birinə doğru 

irəliləyən dini mərasim yerişi qabarıq  şəkildə divara həkk 

edilmişdi. Yazılıqayada allahlar cəmini hurrilərə  mənsub edirlər. 

Allahlara ibadət hökmdar hakimiyyətinin ideoloji əsasını  təşkil 

edirdi. 

Het panteonu allahlarının əksəriyyəti hat mənşəli olmuşdur. 

Səma tufan allahı  və onun arvadı, Arina şəhərinin Günəş ilahəsi 

Vurusem panteonun baş allahları hesab edilirdilər. Ehtimala görə, 

tufan allahı Taru adlanırdı. Hurri panteonunda onun və Vurusemin 

bənzəri Teşub və arvadı Hepat idi. Taru müqəddəs öküz üzərində, 

Henat isə  şir üzərində  təsvir olunurdular. Nerin şəhərinin tufan 

allahı  da  Taru  adlanırdı. Bəzən tufan allahı öküz, yaxud dağ 

sifətində təsvir olunurdu. 

Het ölkəsində geniş hurri ilahəsi Sauşka böyük nüfuza malik 



______________Milli Kitabxana_____________ 

 87


idi, akkad məhsuldarlıq ilahəsi  İştar isə onun müqabili hesab 

edilirdi. Hetlər  İkiçayarası panteonundan Antu, Anu, Enlil, Eya, 

Ninlil və s. allahlara ibadəti mənimsəmişdilər.  İştar  şir üzərində 

qanadlı  təsvir olunurdu. Telepin hetlərin  əkinçi allahı idi. O, hat 

dini təsəvvürlərinin qalığı kimi qəbul edilir. Telepin "ölən və 

dirilən" allahı  təmsil edirdi. Təbiətdə mövsümün (qış  və bahar) 

dəyişilməsi onun adı ilə də bağlanılırdı. 

Dini təsəvvürlər kimi, ovsun (magiya) da hələ ibtidai insan 

cəmiyyətində mövcud olmuşdur. Ovsun həmişəlik insan həyatına 

daxil olmuş  ən qədim təfəkkür formasını özündə saxlamışdı. 

Hetlərin ictimai və iqtisadi həyatında ovsunlamaq adəti dərin kök 

salmışdı. Het ədəbiyyatında ovsunlama qaydaları öz əksini 

tapmışdı. Xəstəlikləri ovsunla müalicə etmək cəhdləri göstərilirdi. 

Ovsun həyatın müxtəlif sahələrində  tətbiq olunurdu. Bol məhsul 

arzusu, ailə ixtilafını yatırma,  şər qüvvələri qovma, düşmənlərə 

lənət, dostlara uğur və s. arzuların gerçək olması üçün ovsuna 

müraciət edirdilər. Bu qəbildən bir neçə nümunə misal gətirək: 

Xəstənin müalicə ovsunu: "(xəstə) qulağına qara yun 

tıxayır... və qara paltar geyinir". Cadugər arvad bir sıra ovsun 

əməlləri etdikdən sonra onun qara paltarını yuxarıdan aşağıya 

qədər cırır, qulağından yun parçasını  çıxarır və deyir: "indi isə 

mən onu natəmizliyin törətdiyi cəhalət və keylikdən, ona cəhalət 

və keylik gətirən natəmizlik vasitəsilə azad edirəm, günahı 

uzaqlaşdırıram". Sonra xəstənin toxunduğu hər bir şeyi qara 

paltarlarla birlikdə çaya atır. 

Belə ibtidai ovsun vasitəsilə müalicə üsulları müxtəlif 

xəstəliklərə  tətbiq olunurdu. Sonsuz qadının övlad arzusunu 

ovsunçu söz və hərəkətlə "yerinə yetirirdi". Ovsunçu arvad boğaz 

inəyin buynuzundan yapışıb deyirdi: "Günəş allahı, mənim ağam, 

bu inək boğaz olduğu kimi, zəngin pəyəni öküz və inəklə (doğub) 

doldurduğu kimi, qoy bu xəstə də övladlı olsun, qoy öz evini oğul! 

və  qızlarla, nəvə  və  nəticələrlə doldursun". Andına sadiq 

qalmayan və dövlətə  xəyanət edənləri də ovsun vasitəsilə 

lənətləyirdilər. Ovsunçu mum və qoyun piyini oda atıb deyirdi: 

"Bu mum əridiyi kimi, bu piy dağlandığı kimi, qoy Hatti 

hökmdarına andını pozan və  xəyanət edən mum kimi ərisin və 



______________Milli Kitabxana_____________ 

 88


qoyun piyi kimi dağlansın". Qədim hetlər ovsunun təsirinə 

inanırdılar. 

Het dövründə varlığını saxlayan əfsanələrin bir hissəsi hat 

ənənəsi ilə bağlıdır. "İlluyank haqqında əfsanə" hat mənşəli hesab 

edilir. Əfsanədə tufan allahının əjdaha, yaxud ilan əndamlı əjdaha 

İlluyank ilə mübarizəsi əks olunmuşdur. Adətən bu hekayət Yeni 

il (yaz) bayramında söylənilirdi. Guya əjdaha  İlluyankın 

öldürülməsi ilə Yeni il başlanırmış. Əfsanəvi hekayət iki rəvayət 

şəklində mövcud idi. Bir rəvayətə görə, tufan allahı  İlluyankla 

mübarizədə  məğlub olur. Bu halda Tufan kömək üçün bütün 

allahlara müraciət edir. İlahə  İnara ona köməyə  gəlir.  İnara 

müxtəlif içki növləri hazırlayır və  İlluyankı balaları ilə birlikdə 

ziyafətə  dəvət edir. İçkidən  şişmiş  İlluyank öz yuvasına girə 

bilmir. İlluyankın əl-qolunu bağlayırlar. Tufan gəlib onu öldürür. 

İkinci rəvayətə görə,  İlluyank tufan allahı üzərində  qələbə çalır, 

onun ürəyini və gözünü çıxardır, evində saxlayır. Tufan ürək və 

gözünü qaytarmaq üçün hiylə işlədir. O, yoxsul bir adamın qızına 

evlənir, ondan bir oğlu olur. Oğlan həddi-buluğa çatandan sonra, 

əjdaha  İlluyankın qızına evlənir. Tufan oğluna tapşırıq verir ki, 

"arvad evinə gedəndə, mənim ürəyimi və gözümü ondan istə". 

Beləliklə, Tufan ürək və gözünü geriyə alır. Bundan sonra o, 

İlluyanka qalib gəlir. 

Hat əsatirləri ilə bağlı olan digər folklor nümunəsi "ölən və 

dirilən allah Telepinin" adı ilə bağlıdır. Rəvayətə görə, bitki allahı 

Telepinin atası tufan allahı ilə mübahisə edir, nədənsə qəzəblənir 

və qeyb olur. O, qeyb olmağa elə  tələsir ki, "sağ başmağını sol 

ayağına geyinir, sol başmağını sağ ayağına geyinir". Telepin qeyb 

olandan sonra sanki həyat dayanır. Rəvayət nəql edir: "duman 

pəncərələri tutdu, evi tüstü bürüdü. Ocağın közü sönmüş, 

allahların nəfəsi kəsilmişdi, qoyunlar, öküzlər pəyədə 

qurumuşdular. Qoyun quzunu, inək buzovu yaxına buraxmırdı. 

Buğda və taxıl göyərmirdi, inək, qoyun daha döllənmirdi, qadınlar 

hamilə olmurdu, olan da doğmurdu. Dağlar quruyur, ağaclar 

quruyur, heç nə göyərmirdi. Otlaqlar qurudu, bulaqlar qurudu, 

ölkədə aclıq başladı, adamlar və allahlar acından ölürdülər". 

Yəqin ki, folklorda qışın gəlməsi və quraqlıq mövzuları  əks 



______________Milli Kitabxana_____________ 

 89


olunmuşdur. Belə  şəraitdə "Günəş allahı ziyafət verir və min 

allahı  dəvət edir. Onlar yeyir, lakin doymurlar, içir, lakin 

yanğılarını söndürə bilmirlər". Onda tufan allahı  oğlu Teiepini 

yada salır: "Telepin ölkədə yoxdur, o qəzəbləndi və getdi. Böyük 

və kiçik allahlar Telepini axtarmağa getdilər". Hətta qartal da onu 

tapmayıb geriyə qayıdır. Tufan allahının axtarışları uğursuz oldu. 

Belə halda bal arısı dağı-daşı, çay və bulaqları uçub keçdi, 

Telepini çəmənlikdə yatmış gördü. Arı Telepini sancdı. Telepin 

oyanıb öz məbədinə qayıtdı. Həyat yenidən canlandı. Adətən 

"Telepin haqqında  əfsanəni" qış  və yaz mövsümlərinin 

dəyişilməsi ilə  əlaqələndirirdilər. Bu əfsanə  də bahar şənlikləri 

zamanı söylənilirdi. Kumarva əfsanəsi hurrilərə mənsub idi. Hurri 

əsatirlərində Kumarva allahların atası hesab olunur, şumer-babil 

allahı Enlilə  bənzədilirdi.  Əfsanədə  səma allahı Alalu və 

şumerlərin baş allahı Anu arasında mübarizədən, sonra 

Kumarvanın bu mübarizəyə qoşulmasından bəhs edilir. Kumarva 

onun ayağından yapışıb yerə endirdi, onun "dizini" dişlədi və 

sevincdən uğundu. Anu isə ona müraciət edib dedi: - Dişlədiyinə 

çox da sevinmə, mən sənin qarnına üç müdhiş allah toxumu 

saldım. Biri tufan allahıdır, o biri Aransax (Dəclə) çayıdır, digəri 

Tasmisudur. Bunu deyib Anu səmada qeyb oldu. Kumarva 

tüpürdü, bununla torpaq mayalandı və üç "müdhiş allahı" törətdi. 

Kitabənin ardı zədələndiyindən əfsanənin sonu naməlum qalır. 

İncəsənət. Hetlərə  qədərki mədəniyyət saxsı-gil qablar, 

əşyalar istehsalı ilə  fərqlənirdi. Qablar təsvirli və  təsvirsiz 

hazırlanırdı.  İbadət məqsədilə hazırlanan qablar heyvan əndamı 

(fiquru), uzunboğaz çəkmə  şəklində düzəldilirdi. Tunc və 

qurğuşundan insan əndamı tökürdülər. 

Yeni Het padşahlığı dövründə artıq  əzəmətli daş heykəllər 

yaradırdılar. Təsvirlər qabarıq  şəkildə yonulurdu. Belə abidələr 

het hökmdarlarının saraylarında, yaxud qayalıqlarda yonulub 

düzəldilirdi. Daş heykəllərin  əksəriyyəti het hökmdarlarını  təsvir 

edirdi.  Əzəmətli Yazılıqaya dəsti (kompleksi) dini mərasimi  əks 

etdirirdi. Yazılıqayada "ilahi-qılınc" heykəli yonulmuşdu. Onun 

tutacaq hissəsi dörd şir şəklini təsvir edir, yuxarısında insan başı 

yonulmuşdur. Ehtimala görə, qılınc yeraltı allahı  təmsil edirdi. 



______________Milli Kitabxana_____________ 

 90


Alaca-Hüyük sarayı divarlarında müxtəlif səhnələr yonulmuşdu. 

Burada ud və tuluq zurnası çalan musiqiçilər, ov, qurban 

kəsilməyə aparılan qoyunlar və s. təsvir olunmuşdur. Boğazgöy 

sfinksi və Alaca-Hüyük şirləri öz əzəmətli görkəmi ilə 

fərqlənirdilər. Het şəhərləri istehkam kimi tikilirdi, bir neçə iç qala 

ilə  əhatə olunurdu. Onun daxilində saray və baş  məbədlər 

yerləşirdi. 

Hetlər möhür düzəltmə  işində mahir idilər. Bu möhürlər 

İkiçayarası möhürlərindən həm formaca, həm də  təsvirlərin 

məzmunu ilə  fərqlənirdi. Möhürlər dairəvi və dördbucaq şəkildə 

hazırlanırdı. Möhür üzərində hökmdar təsvir olunurdu. Belə 

möhürlərin qırağına heroqlif işarələri yazırdılar. 

Hetlərin özünəməxsus və  bənzəri olmayan mədəniyyəti 

Assur və Urartu mədəniyyətlərinə də güclü təsir göstərmişdi. 



______________Milli Kitabxana_____________ 

 91


 

 

 



 

 


______________Milli Kitabxana_____________ 

 92


Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin