Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
______________Milli Kitabxana_____________ 

 233


minillikdən) başlamağa imkan verdiyi üçün dünyəvi  əhəmiyyətə 

malik tarixi abidələrdir. 

Azərbaycanın coğrafi mövqeyi və  təbii zənginlikləri 

memarlığın təşəkkülünə  və inkişafına müsbət təsir göstərmiş 

amillərdəndir. Ölkədə müxtəlif növ inşaat materiallarının, 

cürbəcür daşların və ağacların, gil, əhəng və gəcin bolluğu tikinti 

işləri üçün şərait yaratmışdır. 

Mağaralar. Azərbaycan  ərazisində tapılmış mağaralar  ən 

ibtidai və  ən qədim insan məskənləri kimi qiymətlidir. Belə 

abidələrə misal olaraq, Qazax rayonunda Aveydağda tapılmış iki 

mağaranı  və Fizuli şəhərinin yaxınlığındakı Azıx mağarasını 

göstərmək olar. 215-220 m uzunluğunda olan Azıx mağarası 

Azərbaycan  ərazisində  ən böyük mağaradır. Onun böyük 

otaqlarında çoxlu qaya rəfləri vardır ki, bunlardan bəzilərinin 

altında 100-150 adam yerləşər. Bu əzəmətli mağaranın divarlarını 

çoxlu təbii stalaktit formalar bəzəyir ki, bunlardan sonralar orta 

əsr memarlığımızda da geniş surətdə istifadə edilmişdir. 

Qobustanın «Böyükdaş» deyilən hissəsində  də mağaralar 

vardır. Burada təbii mağaralarla yanaşı, qayaların irəliyə doğru 

uzanmış  çıxıntılarının  əmələ  gətirdiyi süni mağaralar da 

tapılmışdır. Bu tipli mağaraların qara dam yaşayış evlərinin  ən 

ibtidai forması olduğu güman edilir. 

Daş dövrü üçün xarakterik olan təbii və süni mağaralar 

Gəncəçay  ətrafında, Qubadlı, Zəngilan, Qonaqkənd, Zuvand, 

Mərəzə və başqa yerlərdə aşkar edilmişdir.  

Meqalitik abidələr. Yunanca meqa - böyük, litos - daş 

deməkdir. Ona görə də böyük qaya parçalarından qurulmuş qədim 

abidələrə meqalitik abidələr deyilir. Meqalitik abidələrin bir çox 

növləri vardır. Onlardan menhirləri, dolmenləri, kromlexləri, daş 

qutuları, daş xiyabanları, qalereyaları göstərmək olar. Bəzən 

siklopik tikintiləri də meqalitik abidələrə aid edirlər. 

Meqalitik abidələr Avropanın bir çox ölkələrində və Krımda 

aşkar edilmişdir. Qafqaz ərazisində  də meqalitik abidələrin 

müxtəlif tipləri tapılmışdır. Belə abidələr Azərbaycan  ərazisində 

də çox yayılmışdır.  Əksər hallarda onlar dəfn kultu ilə  əlaqədar 

olaraq yaradılmışdır. Belə nəhəng abidələrin daşlarının ağırlığı 40, 



______________Milli Kitabxana_____________ 

 234


100, 300 ton olduğunu nəzərə alsaq, onların yaradılmasında külli 

miqdarda insan qüvvəsinin sərf edildiyi aydın olar. Ona görə  də 

onların icma abidələri olduğu və ictimai xüsusiyyət daşıdığı 

güman edilir. Meqalitik abidələr daş dövrünün sonunda meydana 

çıxmış, tunc dövründə isə daha çox yayılmış memarlıq 

nümunələridir. 

Menhirlər  şaquli olaraq yerə basdırılmış daşlara deyilir. 

Menhir fransız sözü olub, (men-daş, hir-uzun) uzun daş 

mənasında işlənir. Azərbaycanda çoban daşı adı ilə  məşhur olan 

belə abidələrə dağ  və dağətəyi zonalarında rast gəlmək olur. 

Onların hündürlüyü əksər hallarda bir metr və bəzən də daha çox 

olur. Menhirlərə ancaq qəbiristanlıqda təsadüf edilir. Arxeoloqlar 

müəyyən etmişlər ki, menhirlər tunc dövründən sonra öz 

əhəmiyyətini itirmiş tarixi abidələrdir. Qədim qəbiristanlıqlarda 

cərgələrlə düzülmüş bu şaquli, yonulmamış daşlar ölülər kultu ilə 

əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı 

təmsil edərək onu bu dünyada guya əbədi olaraq yaşadacaqmış. 

Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəli 

abidələrdir. Maraqlıdır ki, tədqiqatçılar belə daşlar arasında, 

ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəlmişlər. 

Qədim Azərbaycanda uzun zaman istehsal alətlərinin 

sabitliyi, ictimai formasiyaların dəyişməməyi nəticəsində  əmələ 

gəlmiş konservatizm, köhnəliyə, keçmişə pərəstiş əhval-ruhiyyəsi 

qüvvətli  şəkil alır və ibtidai insanların mənəvi aləminə,  şüuruna, 

ideologiyasına təsir edirdi. Bunun nəticəsində ortaya çıxmış atalar 

kutu ibtidai icma, qəbilə  ağsaqqallarına, başçılarına qarşı daimi 

hörmət və pərəstişi qanuniləşdirmişdi. Ağsaqqallara sözsüz tabelik 

və  pərəstiş onlar öləndən sonra da davam edirdi. Tez-tez onların 

qəbrinə yemək qoymaq, çətin günlərdə  məsləhət almaq üçün 

onların qəbrinə müraciət etmək atalar kultunun, əcdad kultunun 

nəticəsi idi. Odur ki, qədim insanlar qəbiristanlıqdakı menhirlərin 

altında dəfn edilmiş babaların köməyinə inanır, torpağın 

münbitliyi, yağışın çoxluğu, məhsulun bolluğu işində onların 

iradəsinin həlledici roluna etiqad edirdilər. Bu etiqad ikinci bir 

əqidəni - ölülər kultunu yaratmış oldu. Ənənəvi olaraq davam 

etmiş bu ideologiyanın, konservatizmin təsirinin nəticəsidir ki



______________Milli Kitabxana_____________ 

 235


Azərbaycanın bir çox rayonlarında qədim menhirlər 

müqəddəsləşdirilmiş və indi də pir kimi tanınmaqdadır.  

Menhirlərin Azərbaycanda dəmir dövrünün sonunda (e. ə. I 

minilliyin sonu, eramızın ilk əsrləri) yaradılmış insan heykəlləri 

ilə müəyyən yaxınlığı vardır. Bunu aydınlaşdırmaq üçün bir daha 

ulu babalarımızın yaratmış olduğu və  Şamaxı rayonundan 

(Xınıslı, Dağkolanı  və digər kəndlərdən) tapılmış daş heykəlləri 

nəzərdən keçirək. Belə heykəllər döyüşçülərin qəbri üstündə 

qoyularmış. Menhirlərdə olduğu kimi, bu heykəllər də ölmüş 

döyüşçünün özünü təmsil edirdi. Bu heykəllərin qoyulmasından 

məqsəd elən adamın ruhunun gəlib həmin daş fiqurda qərar 

tutması üçün şərait yaratmaq idi. Beləliklə, qədim dəfn ayininə 

əsasən mərhumun özü də öz dəfn mərasimində iştirak edə bilirdi. 

Göründüyü kimi, menhirlər ilə  qədim türk heykəllərinin 

ideoloji əsası eynidir. Hər ikisi animistik təsəvvürə, insan öləndən 

sonra onun ruhunun əbədi yaşayacağı  təsəvvürünə  əsaslanır. Bu 

baxımdan güman etmək olar ki, haqqında danışdığımız oğuz 

heykəlləri daha qədim olan menhirlərin davamıdır. Menhirlər və 

daş heykəllər xalqımızın 

ən qədim memorial-xatirə 

abidələrindəndir. 

Azərbaycan  ərazisində menhirlərə  bənzər, lakin başqa kult 

ilə, fallos kultu ilə  əlaqədar olaraq yaradılmış daşlar da vardır. 

Fallekolit daşlara Ağdam rayonunda təsadüf edilir. Onlar su 

arxları, bərəkət və məhsuldarlıq əqidəsi ilə bağlı abidələrdir. 

Balıq kultu Azərbaycanda  ən qədim kultlardandır. O, su 

təsərrüfatı  və  əkinçiliyin inkişafı ilə  əlaqədar olaraq ortaya 

çıxmışdır. Balıq bolluq, bərəkət və var-dövlət simvolu kimi 

həmişə bahar və  məhsuldarlıq bayramında süfrəmizin bəzəyi 

olmuşdur. 

Qədim menhirlər və fallekolit daşlar sonralar yaranmış, hər 

dərdin  əlacını «verən», hər arzunu yerinə «yetirən» pirlərin 

ideoloji  əsası  və onların ilk ibtidai formaları olmuşdur. Belə 

«müqəddəs» abidələrin  şərəfinə qurban kəsmək  ənənəsinin də 

kökləri çox qədimdir.  

Dolmenlər daşların  şaquli vəziyyətdə yerə basdırılması 

nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq qəbirlərdir. 


______________Milli Kitabxana_____________ 

 236


Onların üstü sal daşla örtülür. Dolmen termini tol (masa) və men 

(daş) fransız sözlərinin birləşməsindən alınmışdır. Onların 

qurulmasında 10 t ağırlığı olan nəhəng daşlardan istifadə 

edilmişdir. Bu qəbirlər tək, ikimərtəbəli və  dəhlizlə birləşən 

qəbirlər sırası  şəklində olur. Belə abidələr tunc və ilk dəmir 

dövrünün maraqlı memarlıq tiplərindəndir. Dolmenlərdən ibtidai 

icma quruluşunun məbədləri kimi də istifadə edilmişdir. 

Dolmenlər icma ağsaqqallarının axirət evi kimi yaradılmışdır. Ona 

görə də onların ön tərəfindəki daşda dairəvi və ya oval şəkilli çox 

kiçik bir pəncərə nəzərə çarpır. Ölülərin ruhu guya bu pəncərədən 

həm içəri girib çıxırmış, həm də buradan onlara yemək və içmək 

verilirmiş. Güman edilir ki, qədim insanlar dolmenlərdən yaşayış 

mənzili kimi də istifadə edirmişlər. 

Belə abidələrə Avropa, İran, Hindistan, Koreya, Yaponiya, 

Krım, Qafqazın Qara dəniz sahilində  və Azərbaycanda rast 

gəlmək olur. Fransız alimi Jak de Morqan Lənkəran rayonunun 

Görükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenləri tapmış və ilk 

dəfə onların elmi, tarixi və dini mahiyyəti haqqında məlumat 

vermişdir. 

Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyasına 

və ruhun ölməzliyinə inanmaq ideyası ənənəvi olaraq zəmanəmizə 

qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı «Dədə-

günəş» pirinə  gəlmiş ziyarətçilərin gedərkən balaca daşlardan 

evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən 

sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş. 

Bu pirin adı 

təsadüfi olaraq «Dədə-günəş» 

adlandırılmamışdır. Günəş kultu Azərbaycanın  ən qədim 

kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi 

tapmışdı. Dədələr (atalar) kultu ortaya çıxandan sonra, dədələr də 

günəş qüdrətli, onun kimi himayəkar hesab edilir və ona görə də 

onların adı çox zaman günəş sözü ilə yanaşı çəkilirdi. Sonralar pir 

şəklinə düşmüş  qədim abidənin hər iki kultun adı ilə adlanması 

göstərir ki, onlar çox yaxın və bir-birini əvəz edən  ən qədim 

kultlar olmuşdur. 

Kromlexlər neolit və başlıca olaraq tunc dövründə 

yaradılmış çevrə boyu, şaquli şəkildə əzəmətli daşlardan düzəlmiş 


______________Milli Kitabxana_____________ 

 237


abidələrdir. Kromlex fransızca krom (çevrə) və lex (daş) 

sözlərinin birləşməsindən alınmışdır. Onlar bir çevrə və yaxud bir 

neçə konsentrik çevrələr formasında olur. Belə abidələrin 

hündürlüyü 6-7 metr, diametri isə 100 metrə  qədərdir. Bəzən 

kromlexlərin ortasında dolmen və yaxud menhir də olur. 

Kromlexlərin yanında menhirlər sırasına da rast gəlmək olur. 

Kromlexlərin sahəsi qazılarkən qəbirlər, daş baltalar, gil qablar, əl 

dəyirmanı daşı və s. tapılır. Belə abidələr Asiya, Amerika, Avropa 

və Zaqafqaziyada aşkar edilmişdir. Güman edilir ki, kromlexlər 

dəfn mərasimlərinin icra edilməsi və yaxud dini ayinlərin 

keçirilməsi üçün icma tərəfindən qurulmuş abidələrdir. Onların 

günəş kultu ilə  əlaqədar olması  və günəş  məbədi vəzifəsini 

daşıması haqqında da nəzəriyyə mövcuddur. Kromlexlərin çevrə 

formasında olması, görünür, onların günəş kultu ilə olan 

yaxınlığından irəli gəlmişdir. 

Kromlexlərə Azərbaycan  ərazisində  də  təsadüf edilir. 

Qobustanın «Böyükdaş» adlanan hissəsində qayalıqların ətəyində 

nisbətən düzənlik sahədə diametri 21 m olan belə bir abidə 

mövcuddur. Onun mərkəzində  tək daş,  ətrafında isə çevrə boyu 

daşlar qoyulmuşdur. Hələlik bu abidənin daxilində  və  ətrafında 

arxeoloji qazıntı  işləri aparılmadığından onun haqqında  ətraflı 

danışmaq mümkün deyil, Belə kromlexlər Abşeronda,  Şüvəlan 

kəndinin kənarında, «Ağ daş» deyilən yerdə daha çox tikilmişdir. 

Bir-birinə yaxın məsafədə qurulmuş bu kromlexlərin daşları üzə-

rində müxtəlif ayinlərlə  əlaqədar olan cızma üsulu ilə  çəkilmiş 

heyvan və insan rəsmləri vardır.  

Siklopik tikintilər Azərbaycanda daha geniş miqyasda 

yayılmış meqalitik abidələrdir. Belə abidələr qədim Yunanıstanda 

da çox olmuş və yunan əsa-tirləri ilə əlaqələndirilmişdir; guya bu 

əzəmətli tikintilər siklop adlanan nəhəng və  təkgöz (təpəgöz) 

insanlar tərəfindən yaradılmışdır. Elə buna görə  də  həmin 

tikintilər siklopik tikintilər adlanır. Siklopik tikintilər inşaat 

məhlulu işlədilmədən çox böyük daşlardan  əmələ  gəlmişdir. 

Daşların uzunluğu bəzən 2 metrə qədər olur. 

Siklopik tikintilərə dünyanın hər yerində, o cümlədən 

Zaqafqaziyada, Krımda, Tacikistan və Sibirdə rast gəlmək olar. 



______________Milli Kitabxana_____________ 

 238


Zaqafqaziyadakı  ən qədim siklopik tikintilər tunc dövrünə 

(e.  ə. III-II minilliklər) aid edilir. Urartu dövlətinin Tuşpa, 

Topraqqala, Teyşebaini və s. siklopik abidələri isə ilk dəmir 

dövrünün (e. ə. X-IX əsrlər) məhsuludur. 

Azərbaycanın dağlıq rayonlarında 120-yə  qədər,  əsasən, 

dairəvi formada, nəhəng daşlardan, suvaqsız tikilmiş siklopik 

abidələr nəzərdən keçirilmişdir. Onlar Naxçıvan, Gədəbəy, 

Şəmkir, Tovuz rayonlarında daha çox yayılmışdır. Xalq arasında 

belə tikintilərə «qalaça», «qalacıq», «hörük» və «hörükdaş» 

deyilir. Həmin tikintilər bəzən bir, bəzən də iki-üç divarla əhatə 

olunur. Azərbaycan  ərazisindəki siklopik tikintilər yonulmamış 

kobud daşlardan hörülmüşdür. Lakin nadir hallarda yonulmuş 

daşlarla sıx hörülmüş abidələrə də rast gəlirik. Bu tipli abidələrin 

daha sonralar (dəmir dövrünün ortalarında və eramızın 

başlanğıcında) tikildiyini güman etmək olar. 

Azərbaycanın siklopik tikintilərinin nə  məqsədlə tikildiyi 

haqqında müxtəlif fikirlər vardır. Arxeoloqlarımız bu abidələri üç 

qrupa bölmüşlər: 

1. həcmcə çox böyük olan istehkamlardan dinc dövrdə 

yaşayış  məskəni kimi, müharibə zamanı isə  əhalinin və mal-

qaranın müdafiəsi üçün istifadə edilmişdir. 

2. həcmcə kiçik olan siklopik tikintilər müharibə vaxtı qala 

vəzifəsini görüb, müdafiə xarakteri daşımışdır. 

3. Dağ yerlərində müvəqqəti məqsədlərə xidmət etməkdən 

ötrü yaradılmış kiçik siklopik abidələrdən isə mal-qaranı 

saxlamaq, qorumaq üçün bir ağıl (çəpər) kimi istifadə edilmişdir. 

Daş qutu qəbirlər. Yuxarı Qarabağda, Gədəbəy, Lənkəran və 

başqa rayonlarda yayılan 3 min illik tarixə malik olan bu abidələr 

meqalitik abidələrin xüsusi bir növüdür. Bu nəhəng qəbirlərin 

içərisi səliqə ilə yonulub sandıq halına salınmış və üstü tava daşla 

örtülmüşdür. Güman etmək olar ki, bu qəbirlər ilk siklopik 

tikintilərlə bir zamanda yaradılmışdır.  İbtidai icma quruluşunun 

adamları yaşamaq, dini mərasim keçirmək, müdafiə olunmaq üçün 

əzəmətli tikintilər yaradarkən elə  təsəvvür edirdilər ki, onların 

ölüləri də axirət dünyasında belə  nəhəng daş evlərdə 

yaşamalıdırlar. Bunun nəticəsidir ki, qədim əcdadlarımız ölülərini 



______________Milli Kitabxana_____________ 

 239


nəhəng daş qutularda dəfn etməyi lazım bilirdilər. Belə daş qutu 

qəbirlərin üstündə isə daha əzəmətli görünən kurqanlar tikirdilər. 

Kurqanlar. Kurqan türk sözüdür. O öz mənşəyinə görə kor 

(qəbir), qurğu, qoruq sözləri ilə  əlaqədardır. Kurqanlar ölülərin 

qəbirləri («axirət evləri») üzərində ucaldılmış konusvarı 

təpələrdən ibarətdir. Qədim Azərbaycanda belə bir formanı  əldə 

etmək üçün içərisində bir və bir neçə meyit dəfn edilmiş  qəbrin 

divarları düzbucaqlı formada daşla tikiləndən sonra onun üstünə 

kvadrat  şəkilli ağac haşiyələr qoyulurmuş. Belə ki, kurqanın 

konusvarı formada alınması üçün aşağıdan birinci haşiyə böyük, 

onun üstündəki haşiyələr isə yuxarı getdikcə daha kiçik ölçülü 

olmalı idi. Nəticədə əmələ gəlmiş pilləli ağac konus əvvəlcə taxta 

ilə, daha sonra isə torpaqla örtülürdü. Konusvarı kurqanlar bizə 

qədim Misir piramidalarını xatırladır. Yuxarı Qarabağda üstü çay 

daşı ilə örtülmüş kurqanlara da rast gəlirik. Onların hündürlüyü 

müxtəlifdir. Çox zaman hündür bir kurqanın  ətrafında alçaq 

kurqanların yerləşdiyi də müşahidə olunur. 

Azərbaycanın dağətəyi və düzənlik yerlərində geniş 

yayılmış kurqanlar müxtəlif dövrlərin məhsuludur. İctimai dövrlər 

dəyişdikcə bu qəbirlərin forması da bir qədər dəyişilmiş  və 

yeniləşmişdir. Məsələn, eneolit, mis-daş dövrünün (e. z. IV 

minillik. və III minilliyin birinci yarısı) kurqanlarında qəbirlər 

dairəvi  şəkildə qazılandan sonra divarları daşla hörülərdi və 

xəndəklə  əhatə olunardı.  İlk tunc dövründə (e. ə. III minilliyin 

ikinci yarısı) kurqanların içindəki qəbirlər kvadrat şəklini almış, 

son tunc dövründə (e. ə. II minilliyin ikinci yarısı) isə qazıma 

qəbirlər  əvəzinə süni qəbirlər-kvadrat formalı qazıma daxmalar 

yaradılmışdır. Həmin daxmalar bəzən bir neçə  mərtəbəli olurdu, 

birinci mərtəbədə ölü dəfn edildiyi halda, ikinci, üçüncü 

mərtəbələrdə mərhumun «axirət dünyasında» rahat yaşaması üçün 

lazım olan avadanlıq qoyulurdu. Bu dövrün kurqanlarında 

qəbirlərdən başqa qurban qoyulan yerlər-qurbangahlar üçün də 

xüsusi yerlər ayrılırdı ki, bu da daşla haşiyələnmiş kvadratşəkilli 

çalalardan ibarətdir. Bu qurbangahlarda əcdadların, ölülərin ruhu 

və xeyirxah ruhlar üçün yemək, içmək  şəklində qurbanlar 

qoyularmış. 



______________Milli Kitabxana_____________ 

 240


Azərbaycanda rast gəldiyimiz kurqanların hündürlüyü I 

metrdən 14-16 metrə  qədər olduğu halda, onların diametri əksər 

hallarda, 2-3 metrdən 18-22 metrə qədər çatır. Nadir hallarda isə 

onların hündürlüyü 25 metrə çatır. 

Kurqanlar «axirət dünyası» ideyasına xidmət edən memarlıq 

abidələridir. 

Arxeoloq Y. İ. Hummel Xanlar rayonunun kurqanlarını 

tədqiq edərkən, onların səpələnmiş halda deyil, müəyyən ərazidə 

toplanmasına diqqət yetirmişdir. O, qərara gəlmişdir ki, bütün 

qəbirlər müəyyən bir nöqtə ətrafında - günəş şüasının çevrə boyu 

yayılması istiqamətində tikilmişdir. Onun kəşf etdiyi bu 

qanunauyğunluq «şəfəq sistemi» adını almışdır. Alimlər bu 

sistemin Orta Asiya kurqanlarına da aid olduğu fikrini irəli 

sürmüşlər. 

Maraqlı  cəhət burasıdır ki, kurqanların quruluşu, ağac 

haşiyələrlə  və onun üstündən də torpaq ilə örtülməsi, onları 

Azərbaycanda geniş yayılmış qaradam adlı yaşayış evləri ilə 

bağlayır. Ayrımların yaşayış evi olan qaradamların üstünün bu 

üsulla örtülməsi göstərir ki, onlar da kurqanlar qədər qədim 

tikintilərdir. Məlum olur ki, qədim əcdadlarımız ilk qaradamlarda 

yaşadıqları vaxtlarda «axirət evlərini» - qəbirlərini, kurqanlarını 

da qaradama bənzətməyə çalışmışlar. Ruhun əbədiliyinə, 

ölməzliyinə inanan ibtidai insanlar qəbirləri öləndən sonra özləri 

üçün daimi mənzil hesab edirdilər. 

Yaşayış tikintiləri. Arxeoloqlar müəyyən etmişlər ki, 

Azərbaycanın qədim yaşayış binaları qazıma və qara-damlardan 

ibarət olmuşdur. 

Tunc dövründə, eramızdan min il əvvəl tikildiyi güman 

edilən qazımaların yarısı torpağın altında yerləşirdi. Divarları  və 

arakəsmələri yonulmamış çay daşından tikilmiş bir qazıma aşkar 

edilmişdir. Bu binanın içərisi çox böyük, yəni uzunluğu 17-18 m 

olduğu üçün onu «çox-ailəli» evlər tipinə daxil etmişlər. Lakin 

həmin qazmanın ancaq bir giriş yolu olması onun bir ailəyə 

məxsus olduğunu göstərir. Binanın dörd bölmədən ibarət tikilməsi 

orada yaşamış ailənin böyüklüyünə, ailə başçısının oğlanları ilə 

birlikdə yaşamasına işarədir. 



______________Milli Kitabxana_____________ 

 241


Süni mağaralardan yarandığı güman edilən qaradamların 

Azərbaycanda yayılması tunc dövrünə təsadüf edir. Çiy kərpicdən 

tikilmiş belə binalar Mingəçevirdə tapılmışdır. Onların 3500-4000 

illik qədim bir tarixi vardır. 

Qaradam tipli yaşayış evlərinin qalıqlarına indi də rast 

gəlmək olar. Onların qaradam adlanması güman ki, evin içərisinin 

qaranlıq olması ilə əlaqədardır. Belə evlərdə xarici mühitlə əlaqə 

ancaq qapı və baca vasitəsi ilə yaradılırdı. Evlər bir qayda olaraq 

yoxuşa söykəndiyindən xaricə pəncərə açmaq mümkün olmurdu. 

Bu tip evlərin tikilməsində yerin relyefindən istifadə edilməsi, 

onların təpələrə söykədilməsi mənzilin yayda sərin, qış-da isə isti 

olmasına kömək etmişdir. Qaradamın təpə şəkilli damından aşağı 

axan yağış sularının evə tökülməməyi üçün qapının üstündə 

xüsusi örtük qoyulurdu. 

Tunc dövründə, eramızdan iki min il əvvəl Azərbaycanda 

çiy kərpicin geniş yayılmış inşaat materialı kimi işlədilməsini 

göstərən tikintilər də tapılmışdır. Ağdamın «Üzərliktəpə» deyilən 

yerindən qazılıb çıxarılmış tikintinin qalıqlarını buna misal 

göstərmək olar. Onun 20 metrə qədər uzanan enli divarları vaxtilə 

buranın yaşayış yeri olduğunu göstərir. Divarların çiy kərpiclə 

tikilməsində məhluldan istifadə edilmişdir. 

Şimali Azərbaycanda olan qədim tikintiləri öyrənmək üçün 

yaşayış binalarının tikinti qalıqlarından  əlavə qaya təsvirlərinə, 

müxtəlif tipli modellərə də müraciət etmək lazımdır. Bu cəhətdən 

Mingəçevirdən tapılmış tunc dövrünün araba modelləri 

səciyyəvidir. həmin modellərdə o dövrün yaşayış binalarının bir 

çox əsas xüsusiyyətləri əks olunmuşdur. Bu modellərdən görünür 

ki, ikitəkərli arabaları quraşdırarkən insanlar yaşadıqları evlərin 

xüsusiyyətlərini nəzərə almışlar. 

Mingəçevir araba modellərinin quruluşu,  əksəriyyətlə, 

konus şəklində olub, alaçıqları xatırladır. Onların aşağı hissəsində 

qapısı, yuxarısında isə baca kimi istifadə olunan sivri formalı 

damı vardır. Gildən hazırlanmış belə araba modellərinin xarici 

səthi dairəvi cızma xətlərlə bəzədilmişdir. 

Daha sonrakı Midiya dövləti dövründə (e. ə. VII-VI əsrlər) 

Cənubi Azərbaycanda nəhəng və  bəzəkli müdafiə tikintiləri ilə 



______________Milli Kitabxana_____________ 

 242


yanaşı saraylar və yaşayış binaları da yaradılmışdır. 

Qədim yunan tarixçisi Herodotun verdiyi məlumata görə, 

Midiyanın paytaxtı Ekbatan (indiki Həmədan) şəhərində əzəmətli 

bir saray var imiş. Bu sarayda hündür taxta sütunlardan, memarlıq 

ünsürlərinin bəzəyində  qızıl və gümüşdən istifadə edildiyindən 

bina olduqca cazibədar bir görkəmə malik idi. 

Mütəxəssislər güman edirlər ki, bu dövrdə ant tipli yaşayış 

binaları yaranmağa başlamışdır. Qarşısında eyvan olan evlərə ant 

tipli binalar deyilir. Bu tikintilərdə eyvanların əmələ gəlməsi üçün 

fasadda ön tərəfdən kənar divarlar irəliyə doğru uzadılmışdır. 

Sonrakı dövrlərdə ant tipli binalar Azərbaycanda çox geniş 

yayılaraq bir və ikimərtəbəli eyvanlı yaşayış evlərinin ortaya 

çıxmasına səbəb olmuşdur. Bundan başqa, qülləvarı yaşayış evləri 

də tikilirmiş. Məsələn Kişessu adlı Midiya şəhəri qülləli 

binalardan ibarət olmuşdur. 

Qədim Midiya ərazisində çox geniş yayılmış tikintilərə 

misal olaraq, qaya məqbərələrini və atəşpərəstlik məbədlərini də 

qeyd edə bilərik. 

Qayalarda qazılmış  məqbərələrin fasadı ant tipli yaşayış 

binalarını xatırladır. Onların divarları insan təsvirlərindən ibarət 

olan qabartmalarla bəzədilirdi. Məqbərənin qarşı  tərəfində 

yerləşən dəhlizdən sərdabə hissəsinə daxil olmaq üçün yol 

düzəldilirdi. Bəzi qaya məqbərələrinin dəhlizində sütunlar 

qoyulurdu. Onların yuxarısı, yunan memarlığında olduğu kimi, 

antablement hissə ilə bitirdi. 

Midiya atəşpərəstliyin mərkəzi hesab edilirdi. Bununla 

əlaqədar olaraq dini binalar-məbədlər, atəş ibadətgahları o vaxtın 

çox yayılmış memarlıq tikintilərindən hesab edilir. Belə 

ibadətgahlar kiçik kürsülük üzərində ucalırdı.  İbadətgahın ön 

tərəfində bir taxça tikilir və taxçanın yuxarısı karniz şəklində 

olurdu. Dini mərasimlər, ayinlər belə atəşgahların qarşısında, açıq 

havada keçirilirdi. 

Midiya  ərazisində çoxlu şəhər olması, orada şəhərsalma 

işlərinin geniş miqyasda aparıldığını  nəzərə çarpdırır. Yunan 

tarixçilərinin  əsərlərində Ekbatan (paytaxt), Zombis, Patiqran, 

Qazata (ərəb mənbələrində  Ğənzə), Kiropolis, Evron, Arzakiya 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin