Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu il tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix01.04.2017
ölçüsü2,24 Mb.
#13184
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
______________Milli Kitabxana_____________ 

 253


Qablar germetik şəkildə bağlanmış kürələrdə 800-900 

dərəcə istilikdə bişirilirdi. Onlar yaxşı bişəndən sonra kürənin 

bacası açılaraq istilik 400 dərəcəyə endirilir, kürə yenidən 

möhkəm bağlanır, ocağında yaş odun yandırmaqla onun qablar 

bişən yuxarı mərtəbəsinə istilik deşikləri vasitəsi ilə his verilirdi. 

Həmin his qabların daxili və xarici səthinə, gilə hopurdu. 

Tüstülənmə prosesində istidən genişlənmiş gil qabların səthi 

doyunca his qəbul edərək qara rəng alırdı. Bundan sonra kürənin 

ocağı tamamilə söndürülür, istilik getdikcə azalırdı.  İstilik 

azaldıqca qablar soyuyur və xarici səthi yığılır, nəticədə, qara his 

(duda) qabların divar-larında həmişəlik olaraq qalırdı. Qablar 

soyuyandan sonra təmizlənir, üzəri mumla örtülərək yumşaq parça 

ilə sürtülüb cilalanırdı. Bu prosesdən sonra qablar qara və parıltılı 

olurdu. Kürədə 800-900 dərəcə istilik olanda ona tüstü verilmirdi. 

Əks təqdirdə, duda yanar və qaralama prosesi baş tutmazdı. 

Bu dövrdə  İran Azərbaycanında da qara cilalı keramika 

həmin üsulla hazırlanırdı. 

Qaralama texnologiyasını biləndən sonra kürə şəkilli Xocalı 

qabının mürəkkəb naxış kompozisiyasının necə hazırlanması 

aydın olur. Burada qabın çiyinlərini bəzəyən günəş təsvirinin qara 

sivri ucları qab bişməmişdən qabaq bərkidilib cilalanmış 

olduğundan qabın ümumi boz rəngindən fərqlənir. 

Gil məmulatları hisə verirkən müxtəlif səbəblər üzündən, 

məsələn, kürədə (sobada) istiliyin azlığından qabların divarları 

zəruri qədər genişlənmir, nəticədə kifayət qədər his qəbul 

etmədiyindən qablar qara deyil, boz rəng alır. Gillərin tərkibində 

olan dəmir duzlarının bu və ya digər dərəcədə olması ilə əlaqədar 

olaraq qaralama prosesindən keçirilməmiş qablar bişəndən sonra 

sarı, açıq-qırmızı, tünd-qırmızı, qırmızı-kərpici rəngi və s. rənglər 

alır. Buna səbəb, qablar bişərkən həmin dəmir duzlarının dəmir 

oksidinə çevrilməsidir. Dəmir oksidi isə  qırmızı boyaq maddəsi 

kimi məşhurdur. 

Qara keramikanın bədii şəklə düşməsi üçün tunc dövrünün 

dulusçuları başqa vasitələrdən də istifadə etmişlər. Onlar qabların 

cızma təsvirlə bəzədilməsinə, cızma rəsm və naxışların ağ maddə 

ilə inkrustasiya edilməsinə  və  nəhayət, fiqurlu keramikanın 



______________Milli Kitabxana_____________ 

 254


yaradılmasına da əhəmiyyət vermişlər. 

Ağzı gen olan qabların üzərində heyvan, insan və ov 

səhnələrinin rəsmləri cızma üsulu ilə çəkilmişdir. Bu tip keramika 

Xanlar rayonu üçün səciyyəvidir. Belə qabların üzərindəki 

təsvirlər bir qayda olaraq ağ maddə ilə doldurulur. Rəsmlərin 

çəkilməsi və onların inkrustasiya edilməsi prosesi, adətən, qara 

rəngli qablar bişəndən sonra yerinə yetirilirdi, əks təqdirdə, ağ 

maddə kürədə yanıb külə dönərdi. Belə qablara misal olaraq 

Xanlar rayonundan tapılmış bir nümunəni göstərmək olar. Burada 

ritmik olaraq yerləşdirilmiş iki ovçu və iki keçi təsviri ağ maddə 

ilə doldurulmuşdur. Ağ  rəngli rəsmlər qara cilalı qabın üstündə 

daha yaxşı görünür. Keçi rəsmləri Qobustan petroqliflərini 

xatırladır.  İnsan surəti sxematik şəkildə olub, iki üçbucağın 

birləşməsindən düzəldilmişdir. Fiqur qarşı  tərəfdən göstərilir. 

İnsanın sağ əlinin üstündə başı-aşağı üçbucaq formasında olan on 

bir nöqtə onun qələbələrinin sayını göstərir. Bu, ya düşmən qəbilə, 

yaxud da heyvanlar üzərində qazanılan qələbədir. Həmin nöqtələr 

onun neçə övlad arzu etdiyini də göstərə bilər.  İnsan və heyvan 

fiqurları çoxlu nöqtələrlə doldurulmuşdur. Bu onların sayca 

çoxalmasını, artmasını, günəş allahından təmənna etməsini 

göstərir. Fiqurlar yuxarıda, qoşa  əyri xətlər arasında verilmiş, 

günəş  təsviri altında yerləşdirilmişdir. Heyvan və insan təsvirləri 

ilə günəş  şəkli nöqtələrlə  əlaqələndirilmişdir. Burada ovçu da, 

keçi də günəş allahının himayəsində verilmişdir. 

Biz bu nümunədə xronika səciyyəli piktoqramla rastlaşırıq. 

O, ya ovçunun qələbəsi, ya ölümü, ya da məhsuldarlıq, artım, 

çoxalma bayramı  və ayini münasibəti ilə konkret bir şəxsə  həsr 

edilərək yazılmışdır. Həmin şəxs öləndə piktoqram da onu qəbirdə 

müşayiət etmişdir. 

Piktoqram özünün bütün təsvir vasitələri ilə artma, çoxalma 

ideyasına həsr edildiyini göstərir və konkret bir ovçunun 

nailiyyətlərindən danışır. 

Piktoqramın hər tərəfdən oxunması üçün qabın xarici 

səthində insan və keçi fiquru iki dəfə təkrar edilmişdir. Bu prinsipi 

alban dövrünün keramik piktoqramlarında da görürük. 

Qeyd etmək lazımdır ki, qara cilalı keramikanın ağ maddə 



______________Milli Kitabxana_____________ 

 255


ilə  bəzədilməsi qədim Zaqafqaziyada ancaq Azərbaycan 

dulusçularına xas olan bir xüsusiyyət idi. 

Fiqurlu keramika bu dövrdə özünün ən nadir nümunələrini 

yaratmışdı. Fiqurlu qablar məlum texnologiyaya əsasən cilalanmış 

qara və boz rənglərdə olurdu. 

Tunc dövrünə aid fiqurlu qabların çoxu quş şəklindədir. Bu, 

o dövrün dini əqidələri ilə bağlıdır. Həmin dövrdə hazırlanmış 

tunc quş fiqurları Xanlar, Çovdar və başqa yerlərdən tapılmışdır. 

Bu içi boş quşlar ölülərin ruhunun simvolik ifadəsi olub, onların 

saxlanması üçün ən etibarlı yer idi. Ola bilsin ki, bu fiqurlar hami 

ruhlara da aid olmuşdur. Ruhların yerləşməsindən başqa, onların 

qidalanmasını da nəzərə alaraq qəbirlərə quş formalı gil su qabları 

qoyulurdu. Belə qablar ənənəvi olaraq Alban dövründə  də 

düzəldilirdi. 

Onların  ən yaxşı nümunəsi Füzuli rayonunun Molla 

Məhərrəmli kəndindən tapılmışdır. Həmin nümunədə quşun 

gözləri muncuqdandır, onlar üst tərəfdən qabarıq xətlə 

haşiyələnmişdir.  Şərti formada düzəldilmiş bu fiqurda qanadlar 

maili qabarıq xətlərlə göstərilmişdir. 

Bu dövrdə üstündə bir neçə quş başı olan qablar da 

yaradılmışdır. 

Dəmir dövrünün əvvəllərində (e. ə. VIII-VI əsrlərdə) fiqurlu 

keramikanın daha yeni bir tipi ortaya çıxır. Bu, öküz başı şəklində 

olan qablardır. Onlardan biri Gədəbəydə, ikincisi Anadoluda 

(xetlərə aiddir), üçüncüsü isə Gürcüstanda qazılıb çıxarılmışdır. 

Güman etmək olar ki, maye bu su qablarından süzülərək bədxah 

ruhlardan təmizlənirmiş. Alban dövründə bu tip qablara rast 

gəlmirik. Lakin onları  əvəz edən, onların vəzifəsini görən yeni 

zoomorf qablar ortaya çıxır. Bu yeni tipli fiqurlu qablar zoomorf 

keramikanın ikinci qrupunda nəzərdən keçirilir. Üçüncü qrupa 

daxil olan Mingəçevir ritonu da həmin vəzifəyə xidmət etmişdir. 

Öküz başlı fiqurlu qabları Türkiyə tədqiqatçısı Remzi Oğuz 

yunan ritonlarının  ən qədim tipləri hesab edir. Dəmir dövrünün 

başlanğıcında bu tipli keramikanın ortaya çıxması öküzü totem 

saymaq əqidəsi ilə bağlıdır. 

Daha sonralar (e. ə. VII-V əsrlərdə) tufit daşından yonulmuş 



______________Milli Kitabxana_____________ 

 256


geniş ağızlı və oturacaqlı qabın qoşa qoyun başı ilə bəzədilməsi də 

totemizm, xeyir və  bərəkət  əqidəsi ilə  əlaqədardır. Bu qabın 

daxilindəki qoyun rəsmləri və meandr naxışı gümüşlə inkrustasiya 

edilmişdir. Belə tipli qabın tunc dövrünə adi naxışsız, tək qoyun 

başlı nümunəsi qədim Gəncə  tərəflərdə, indiki Qasım  İsmayılov 

kəndində tapılmışdır. 

Dəmir dövründə  bədii cilalı qara keramikanın nisbətən 

zəiflədiyi özünü göstərir. Lakin alban dövrünün birinci inkişaf 

mərhələsində tunc dövrü bədii  ənənələrinin yenidən dirçəldiyi 

nəzərə çarpır. Bu dirçəlmə isə cəmisi 5-6 əsrdən çox çəkmir. 

Bədii metal. Qədim Azərbaycanda eneolit dövründə mis 

kəşf ediləndən sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, 

təsərrüfat, ictimai və  mədəni həyatında görkəmli rol oynamağa 

başlayır. Bu zaman başqa metallar da tapılıb müəyyənləşdirilir. 

Misal üçün, qurğuşun, qalay, marqanes metallarının kəşfi 

Azərbaycan tarixində yeni və mütərəqqi bir dövrün, tunc 

dövrünün başlanması ilə bağlıdır. 

Tunc dövründə  qədim  əcdadlarımız bu yeni metalların hər 

birini mislə əridərək təzə keyfiyyətli və daha bərk olan tuncu kəşf 

etdilər. Tunc yeni dövrün açarı oldu. Tunc istehsal aləti, silah və 

kult  əşyalarının yaradılması üçün daha əlverişli və daha davamlı 

bir metal idi. Onun ictimai həyatda törətdiyi inqilab ibtidai 

insanlarda metala qarşı yeni ülvi münasibətlər yaratdı. Onlar 

metalın ilahi bir qüvvə olmasına inandılar. Tuncun böyük istilik 

nəticəsində yarandığını, yəni oddan doğduğunu görən ibtidai 

insanlar onu günəşin töhfəsi kimi, günəş qüdrətli bir varlıq kimi 

qarşıladılar. Beləliklə, metal kultu ortaya çıxdı. İnsanlar ona həm 

pərəstiş edir, həm sığınır, həm də ondan kömək diləyirdilər. Odur 

ki, bədxah ruhlara qarşı mübarizə üçün hazırlanmış tunc zənglərin 

cingiltili səsindən istifadə olunur, ikibaşlı baltalara müraciət 

edilirdi. Bu xüsusiyyət Azərbaycan xalqının etnoqrafiyasına və 

folkloruna da daxil olmuşdur. Xəstələrin başı altına bıçaq, qayçı 

və ya başqa metal şey qoymaq, yaxud Günəş və Ay tutulanda sinc 

çalmaq (iki metal lövhənin bir-birinə vurulması) və s. metal 

kultunun izləridir. Folklorumuzda bu kultla bağlı olan bir sıra 

motivlər vardır. Yaxın keçmişə aid olan əfsanələrimizdə deyilir ki, 



______________Milli Kitabxana_____________ 

 257


insanlara ziyan verən çox qüvvətli və əzəmətli qulyabanını almaq 

və tabelikdə saxlamaq üçün onun tüklü dərisinə metal (sancaq) 

sancmaq lazımdır. Bu sancaq onun bədənində olduğu müddətdə 

qulyabanı insanların hər cür əmrlərini yerinə yetirir və çox müti 

olur. Sancağı  çıxaran kimi isə böyük ziyanlar verərək qaçır. Bu 

əfsanədə metalın qüdrəti, onun qoruyucu xüsusiyyəti təbliğ 

olunur. 

Tunc dövründə  təsərrüfat və  hərbi  əhəmiyyəti olan çoxlu 

tunc məmulatı istehsal edilmişdi. Bədii keyfiyyətli nümunələr isə 

əksər hallarda dini səciyyə daşıyırdı. Onlardan biri Xanlar 

rayonunda tapılmış tunc məmulatdır. Onun yarıdan iki hissəyə 

bölünmüş  bərabərtərəfli üçbucaq forması  və  aşağı üfqi haşiyəsi 

qoşa spirallarla, döymə üsulu ilə bəzədilmişdir. Bu ornamentlər ay 

allahı ilə  əlaqələndirilərək kişi cinsinin qüdrətini təmsil etməklə

guya bəd nəzərdən də mühafizə edirmiş. Üçbucaq hissə  aşağı 

haşiyə ilə 6 simmetrik saya qollarla birləşir. Aşağı haşiyənin 

zəncirlərindən içi boş  və  şəbəkəli gövdəsi olan, tökmə üsulu ilə 

hazırlanmış dörd quş fiquru asılmışdır. Çovdar qəbirlərindən də 

belə quşlar tapılmışdır. 

Bir neçə ölünün dəfn edildiyi ümumi qəbirdən tapılmış 

(Xanlar rayonu) tunc məmulat bədxah ruhlara qarşı animistik və 

magik səciyyə daşıyır. Həmin quşların içi boş  bədənlərində 

ölülərin ruhu guya əbədi «rahatlıq tapacaqmış». Tunc fiqurun 

solundan və sağından isə bədxah ruhları qovmaq üçün iki zınqırov 

asılmışdır. 

Eramızdan  əvvəl birinci minilliyin əvvəlində, yəni dəmir 

dövrünün başlanğıcında da tunc dövrü ənənələri özünü 

göstərməkdə idi. Buna misal olaraq Qarabağın Dolanlar 

kəndindən tapılmış ikibaşlı maral fiqurunu nəzərdən keçirək. Bu 

nadir metal fiqur tökmə üsulu ilə hazırlanmışdı. Maral bu dövrdə 

qədim azərbaycanlıların pərəstiş etdikləri totem-himayəkar allah 

idi. Tunc maral fiquru həmin totemə həsr edilmişdir. Bu dövrə aid 

İranda və Gürcüstanda tapılmış ikibaşlı at və sair heyvan fiqurları 

da xeyir və bərəkət kultuna həsr edilmişdir. 

Sxematik  şəkildə tunc təbəqədən hazırlanmış fiqurdan 

onşəbəkəli zınqırov, onların ortasında isə birşəbəkəli qoza 



______________Milli Kitabxana_____________ 

 258


asılmışdır. 

Bu dövrün çox yayılmış maraqlı  məmulatının bir tipini də 

tunc kəmərlər təşkil edir. 

Üzərində  cızma üsulu ilə heyvan, quş, insan, naxış  və s. 

rəsmlər çəkilmiş bu kəmərlər qədim Azərbaycan incəsənətinin 

səciyyəvi nümunələrindəndir. Bu kəmərlərin üzərində 

kosmoqonik ideyalar, kainatın od, torpaq, hava, su kimi dörd əsas 

amildən ibarət olduğunu göstərən təsəvvürlər simvolik təsvir 

motivləri vasitəsilə verilmişdir. 

Tunc kəmərlərin bir qrupunu da üzərində piktoqrafik 

təsvirlər cızılmış  əsərlər təşkil edir. Onların  ən tipik nümunəsi 

kimi Gədəbəydən tapılmış tunc kəmərin piktoqramına nəzər salaq. 

Burada bir-birini izləyən beş heyvan rəsmi verilmişdir. Sol 

tərəfdən birinci, üçüncü və beşinci yerdə üstündə günəşin svastika 

şəklində simvolik təsviri verilmiş şir fiqurları cızılmışdır. Heç bir 

işarə olmadan məlumdur ki, şir rəsmi bu dövrdə günəş  və od 

rəmzi kimi işlənirdi.  İkinci və dördüncü yerdə isə  tək buynuzlu 

fantastik heyvan rəsm edilmişdir. Bu heyvanı hər yerdə ilan rəsmi 

müşayiət edir. İlan rəsmi özlüyündə axirət dünyasının simvolu 

olduğu üçün bu heyvan da yeraltı ölülər dünyasının simvolu kimi 

qəbul edilir. Beləliklə, yazı iki heyvanın: günəşi, işığı təmsil edən 

şirlə, qaranlıq dünyanın rəmzi olan tək buynuzlu heyvanın 

mübarizəsi nəql edir. Piktoqramda işıqla qaranlığın, həyatla 

ölümün mübarizəsi təsvir edilmiş  və odun, işığın, həyatın qalib 

gələcəyi göstərilmişdir. Qədim rəssam bu fikri qəbilə üzvlərinə 

çatdırmaq üçün yazını günəş işarəli şirin təsviri ilə başlayıb, onun 

mübarizədə qalib gəlmiş  əzəmətli  şəkli ilə qurtarmışdır. Sol 

tərəfdə, birinci şirin arxasında dirilik ağacı  təsvir edilmişdir. O, 

günəşin himayəsində olan həyatı təmsil edir. Bu piktoqramda şir 

xeyir allahı Hörmüzdü, tək buynuzlu heyvan isə  şər allahı 

Əhriməni təmsil edir. 

Kəmərin sol və sağ uclarında suyun, bolluğun qoşa 

spiraldan ibarət rəmzi işarələrini də görürük. Həmin işarələr 

məhsuldarlığı, xoşbəxt həyatı  təmsil edir, kəməri isə  bəd 

nəzərlərdən hifz edirmiş. Bu işarələr ikiqat şəkildə  kəməri 

haşiyələyir. 



______________Milli Kitabxana_____________ 

 259


Piktoqramın məzmununu nəzərə alaraq demək olar ki, bu 

tipli tunc kəmərlər qəbilə vuruşmalarında, ölüm-dirim 

döyüşlərində qalib gələn, fərqlənən igidlərə verilirmiş. 

Həmin dövrdə İran Azərbaycanında bədii metal emalı daha 

yüksək səviyyəyə çatmışdı. Bu, Man dövlətinin siyasi və mədəni 

tərəqqisi ilə əlaqədar idi. Bu mədəni inkişafın parlaq nümunəsini 

Ziviyə zərgərlərinin işlərində görürük. Eramızdan əvvəl VIII əsrə 

aid olan bu cür əsərlərdə Zərdüşt dininin təsiri görünməkdədir. 

Məşhur Ziviyə xəzinəsi təsadüfi olaraq tapıldıqdan və yerli 

əhali tərəfindən vəhşicəsinə talan edildikdən sonra bəzi metal 

əşyalar, zərgərlik və zinət nümunələri Luvr muzeyində 

toplanmışdır. Onlardan qızıl yaxalıq, qızıl bilərzik, gümüş nimçə 

bütün dünyaya məlumdur. Bu əsərlərdə dini-mifoloji motivlərə 

geniş yer verilmişdir. Lakin onların mühüm xüsusiyyətləri bədii 

formaların kamilliyin-dən, qüvvətli estetik təsirə malik 

olmasından ibarətdir. 

Aypara  şəklindəki qızıl yaxalıqda təsvirlər iki qatda, iki 

zolaqda verilmişdir. Yuxarı zolaqda, mərkəzdə dirilik ağacı, 

ondan sola və sağa simmetrik olaraq dağ keçisi, daha sonra isə 

qanadlı  məxluqlar - insan başlı  şirlər və adi şirlər, aşağı qatda, 

dirilik ağacının yanında (keşiyində) dayanan qanadlı  şirlər, 

onlardan sonra isə qanadlı məxluqlar, insanlar, qrifon, qoç başlı və 

insan başlı şirlər döymə üsulu ilə təsvir edilmişdir. Hər iki zolağın 

sonunda dovşan təsvir edilmişdir. Bütün bunlar dini-mifoloji 

məxluqlardır. 

Burada dirilik ağacı  qədim cəmiyyətin müqəddəs atributu-

nişanı kimi kompozisiyanın mərkəzində, görkəmli yerdə 

verilmişdir. Onun keşiyində isə dağ keçiləri dayanmışdır. Belə 

heyvan təsvirlərini (üstündə günəş nişanı olmaq şərti ilə) Sasani 

qablarında da görürük. Bu, onların günəş kultunu təmsil edən 

günəşin simvolu olan bir heyvan surəti olduğunu göstərir. 

Beləliklə, yaxalıqda təsviri verilmiş dirilik ağacının günəşi təmsil 

edən heyvanlar tərəfindən qorunması aydınlaşır. Bu ona görə 

maraqlıdır ki, biz belə bir xüsusiyyəti tunc dövrünə aid Xanlar 

keramikasında da görürük və daha sonralar, alban dövrü 

heykəltəraşlığında da buna rast gəlirik. 



______________Milli Kitabxana_____________ 

 260


Qızıl bilərzik günəş təsviri altında üzbəüz yerləşmiş dörd şir 

fiquru ilə bəzədilmişdir. 

Bütün Ziviyə  əsərlərində dövrün ideoloji xüsusiyyətləri, 

günəş kultunun təbliği, onun atributları, Zərdüşt dinindən gələn 

əfsanəvi varlıqlar və s. əks etdirilmişdir. 

İran Azərbaycanında, Urmiya gölünün cənubunda yerləşən 

Həsənli adlı qədim yaşayış məntəqəsindən tapılmış gümüş güldan 

və qızıl cam da diqqətəlayiq görkəmli sənət əsərləridir. Onlar e. ə. 

birinci minilliyin əvvəllərinə aid olub, döymə üsulu ilə 

hazırlanmışdır. 

Gümüş güldanın xarici səthini qızıla tutulmuş qabartma 

təsvirlər bəzəyir. Təsvirlərdə piyada və süvarilərin döyüşü, at, 

öküz və  şirəoxşar heyvanları qovan insan surəti öz əksini 

tapmışdır. 

Qızıl camın qabartmaları isə iki cərgədə yerləşmişdir. 

Yuxarı cərgədə (soldan) araba sürən ay, günəş və göy allahlarının 

şərəfinə qurbanlıq qoyunların gətirilməsi göstərilir. Aşağı cərgədə 

qoşa qoç üstündə  çılpaq vəziyyətdə, yanlara açılmış  əlləri ilə 

örtüyünü tutmuş halda su, xeyir və bərəkət ilahəsi Anahid, yenicə 

doğulmuş  uşağın kahin tərəfindən dualanması, düşmən üzərində 

qələbəni xəbər verən carçı  və s. təsvir edilmişdir. Atəşpərəstlik 

məbədinə  məxsus olan bu camdan quraqlığa, sonsuzluğa və s. 

məhrumiyyətlərə qarşı keçirilən dini-sehrkarlıq ayinlərində 

istifadə edilərmiş. 

Beləliklə, qədim Azərbaycanda bədii metal istehsalı ilk 

növbədə  cəmiyyətin ülvi məqsədlərinə, ideoloji tələblərinə, dini 

təsəvvürlərinə xidmət etmişdir. Eyni zamanda, sənətkarlar təbliğ 

etdikləri ideyalara uyğun bədii formalar tapmaqda böyük məharət 

göstərdikləri üçün yaratdıqları  əsərlərin qüvvətli estetik təsir 

bağışlamasına da nail ola bilmişlər. 

Alban dövrü incəsənəti. Alban dövrünün incəsənəti iki 

inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ e. ə. IV-I əsrləri, 

ikinci mərhələ I-VII əsrləri əhatə edir. 

Birinci mərhələdə  bədii keramika, zərgərlik və s. sənətlər 

inkişaf tapmışdır. Bu dövrdə memarlıqda güman etmək olar ki, 

yuxarıda haqqında danışdığımız meqalitik tikintilər, qazımalar, 



______________Milli Kitabxana_____________ 

 261


qaradamlar və konusvarı alaçıq formalı yaşayış evləri  ənənəvi 

olaraq davam etdirilmiş və bunlardan istifadə olunmuşdur. 

Bir çox qədim  şəhərlərimizin də bünövrəsi bu dövrdə 

qoyulmuşdur. 

 Bədii keramika Qafqaz Albaniyası incəsənətinin birinci 

dövründə (e. ə. IV-I əsrləri) layiqincə inkişaf tapmış yeganə sənət 

növüdür. Bu dövrdə ənənəvi olaraq tunc dövründən gəlmiş bir çox 

dulusçuluq növləri geniş miqyasda istehsal edilirdi. Bununla 

bərabər dövrün iqtisadi-mədəni inkişafı ilə  əlaqədar olaraq yeni 

keramik formalar da ortaya çıxırdı. O zamanın dekorativ bəzək 

üsulları həm ənənəvi, həm də yeni səciyyə daşıyırdı. 

Daha qədimlərə aid dulusçuluq nümunələrinə misal olaraq, 

fiqurlu və birləşmiş qabları, bir və üç ayağı olan vaza tipli 

məmulatı göstərmək mümkündür. Belə dulusçuluq nümunələri 

dini əqidələrlə əlaqədar olaraq yaradılırdı. 

Fiqurlu keramikanın bu dövrdə çox yayılmış növü zoomorf 

qablardır. Belə qabları zahiri formalarına görə beş qrupa bölmək 

olar. Birinci qrupa maral, keçi, xoruz, tovuz və s. heyvan və quş 

şəklində olan fiqurlu qablar daxildir. İkinci qrupda isə qabların 

çiyni ilə boğazı qoyun və at fiqurları vasitəsilə birləşdirilir. 

Bəzi qablar da var ki, onların gövdəsi üzərində maral

qoyun, təkbuynuzlu heyvanların yarım fiquru və ya ancaq başı 

düzəldilmişdir. Qorelyef formalı  bəzəyi olan belə qablar üçüncü 

qrupa aiddir. Dördüncü qrupa daxil olan qabların üzərində maral, 

dovşan, qoyun kimi heyvanların qabartma formalı  şəkilləri 

verilirdi. Belə qabartmalar son dərəcə sxematik olurdu. Bu qrupda 

fiqurlu keramikanın tənəzzülə  uğradığını  əyani  şəkildə görürük. 

Tənəzzül beşinci qrupun nümunələrində özünü daha qabarıq 

şəkildə büruzə verir. Bu qrupun qablarında heyvanlar müxtəlif 

əyri, qabarıq xətlər şəklində təsvir edilir. Artıq ornamental forma 

almış bu təsvirlər qabların qulpunu, gövdəsini, lüləyini bəzəyir. 

Bu nümunələr göstərir ki, dövrün sonunda fiqurlu keramika 

tamamilə  tənəzzülə  uğramışdır. Bununla belə, ayrı-ayrı hallarda 

bu tipli qablar ikinci dövrdə də (I-IV əsrlər) yaradılırdı. 

Nəzərdən keçirdiyimiz fiqurlu keramika tunc dövründə 

olduğu kimi bu dövrdə də su, şərab və sair mayelərin saxlanması 



______________Milli Kitabxana_____________ 

 262


üçün lazım olurdu. Qablara bədxah ruhların daxil olmamağı üçün 

onlar totemlərin-himayəkar heyvanların müxtəlif  şəkilli təsvirləri 

ilə  bəzədilirdi. Belə dini təsəvvür, dövrün inkişafı ilə  əlaqədar 

olaraq ortadan çıxdıqca totemlərin plastik təsviri də, beşinci 

qrupda gördüyümüz kimi, təhrif edilərək, ornamental şəkil almış 

və ikinci dövrdə itib getmişdir. 

Fiqurlu qablar heyvanları  təmsil etdiyinə görə onlara 

zoomorf keramika, zoomorf qablar da deyilir. Mingəçevir, Xınıslı 

və s. yerlərdən tapılmış qara və  qırmızı  rəngli fiqurlu keramika 

təsvirlərin sxematikliyinə baxmayaraq, o dövrün plastika 

sənətində özünəməxsus mühüm yer tutur. 

Qafqaz Albaniyasında birləşmiş qablar istehsalı da ənənə 

şəkli almışdı. Tunc dövründə belə qabların içərisində birləşdirici 

yollar olurdusa, bu dövrdə artıq qablar süni şəkildə, zahiri forma 

etibarı ilə birləşir. Belə dəyişiklik qədim ayinin bu dövrdə ortadan 

çıxması ilə izah edilməlidir. Birləşmiş qablar deşmə nöqtələrlə 

bəzənsə  də, onların  əsil gözəlliyi orijinal formalarında və plastik 

cazibədarlığındadır. Qırmızı  rəngli belə keramika nümunələri 

Mingəçevirdə və Yaloylutəpədə tapılmışdır. 

Vaza tipli qablar qara rəngli, bir və ya iki qulplu olub, bir və 

ya üç ayaq üstə dayanır. Bu tipli qablar Mingəçevir, Yaloylutəpə, 

Xanlar, Xocalı kimi qədim mədəniyyət yerlərindən tapılmışdır. 

Onların özünəməxsus plastik gözəlliyi vardır. Lentvarı qulplar, 

gövdəni bəzəyən  şiş qabartmalar, qablara şaquli istiqamət verən 

mütənasib dayaqlar və  nəhayət, iki dairəvi lövhədən düzəldilmiş 

gövdələr vaza tipli qabların bədii keyfiyyətini qüvvətləndirir. 

Bu cür vaza tipli qablar e. d. IV-I əsrlərdə də yaradılmışdır. 

Onlar  əvvəlki mərhələlərdə olduğu kimi, bu dövrdə  də dini 

məqsədlərə xidmət etmişdir. Həmin qablarda qurban kəsilmiş 

heyvanların qanı və müxtəlif nəzirlər saxlanılırdı. İkinci dövrdə bu 

tip qablara rast gəlmirik. 

Qafqaz Albaniyasında maldarlıq və  əkinçiliyin inkişafı ilə 

əlaqədar olan matraları (flyaqaları) və Yaloylutəpə tipli qabları 

göstərə bilərik. 

Mingəçevir, Xınıslı, Yaloylutəpə  və s. yerlərdən tapılmış 

matralar  əkinçilərin, maldarların yanlarında gəzdirdikləri su 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin