Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə



Yüklə 1.75 Mb.
səhifə1/21
tarix25.12.2016
ölçüsü1.75 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   21
MƏDƏNİYYƏT VƏ MƏDƏNİ-İDEOLOJİ HÜCUM
BÖYÜK RƏHBƏR HƏZRƏT AYƏTULLAH XAMENEİNİN ÇIXIŞLARINDA

Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


1- Mədəni hücumun mənası

Mədəni hücum siyasi, yaxud iqtisadi bir qrupun öz maraqlarından irəli gələrək bir xalqı istismar etmək üçün onun mədəni təməllərinə hücum etməsidir. Bu hücumda o xalqın milli mədəniyyəti və inamları dəyişdirilir, yeni inamlar zorla ölkəyə daxil edilir.1


Mədəni iş kimi mədəni hücum da sakit və səssiz şəkildə həyata keçir.2
Mədəni hücum gənc nəsli inamsız etmək üçün edilir; həm dinə, həm inqilabi prinsiplərə, həm də bu gün hegemon gücləri təhlükəyə və qorxuya salan azad düşüncəyə inamsız etmək üçün.3
Mədəni hücumda düşmən hücum etdiyi xalqa öz mədəniyyətindən istədiyi hissələri verir və ölkəsinə daxil edir. Düşmənin nə istədiyi də məlum məsələdir.4
Mənim dəfələrlə vurğuladığım, həqiqətən və ürəkdən həssas yanaşdığım mədəni hücum məsələsinin iki əsas və mühüm şaxəsi var. Bu iki şaxənin hər biri sizin üçün əhəmiyyətlidir. Onların biri yerli mədəniyyəti əcnəbi mədəniyyətlə əvəzləməkdən ibarətdir. Bu iş Pəhləvi dövründə azad və ucuz şəkildə görülürdü. İslam inqilabı qələbə çalanda buna son qoyuldu. Bunlar indi həmin vəziyyəti qaytarmaq üçün təzyiq göstərirlər. İkinci şaxə İslam Respublikasının və İran xalqının dəyərlərinə hücumdan ibarətdir. Bu iş bu gün bizim ölkəmizdə əcnəbilərin idarəçiliyi altında film və teatr hazırlamaqla, kitab və jurnallar çap etməklə görülür.5

2- Mədəni hücumun mövcudluğuna inanmağın və ona qarşı tədbir görməyin zəruriliyi

Biz bu gün düşmənlərimizin mədəni hücumuna məruz qaldığımıza inanmalıyıq.6


Biz dünyada hər tərəfdən əsas və mədəni düşmənlərimizin hücumuna məruz qalmışıq. Onlar bizim məqsədlərimizə mane olmaq üçün həm xalqın ümumi mədəniyyəti, düşüncəsi və mədəni işləri, həm də təhsil və kadr hazırlığı sahəsində bu işi görürlər.7
Məncə, hərtərəfli bir hücum planlaşdırılmışdır. İnqilabın əvvəldə din, iman, ruhani, təqva və bu kimi məsələlərlə maraqlanmayan ziyalı və sənətkarları cəlb edə bilməməsi təbii idi. Əlbəttə, bəziləri inqilaba cəlb olundular. Onların ayıq vicdanları olduğuna görə inqilab onları özünə çəkə bildi. Bəziləri də kənarda qaldılar və inqilab onları cəlb edə bilmədi. İnqilabın ilk illərində bunlar nəfəs almağa cürət etmirdilər. Mənim inqilabdan öncədən yaxından tanış olduğum, xarakter və xüsusiyyətlərini bildiyim bu qrup çətin, ağır və təhlükəli işlərə qoşulan deyil. Əvvəllərdə inqilab seli bunları evlərinə çəkilməyə və uzaqbaşı bağlı qapılar arxasında bir-biri ilə dərdləşməyə vadar etmişdi. Sonra tədricən jurnal buraxdılar, yazdılar, bir yerdə danışdılar, kimsə onların xeyrinə nəsə dedi, bir yerdə şeir oxudular və heç kim etiraz etmədi. Bunlar da gördülər ki, bu şəraitdə təşkilatlanmaq və işləmək olar.

Onlar inqilabın arxa cəbhəsini tamamilə öz əllərinə keçirmək istəyirlər. İnqilabın arxa cəbhəsi xalqdır. Ön xətdə məmurlar durur, sonra məmurlara möhkəm bağlı olanlar, sonra da ümumi xalq. Onlar düşündülər ki, məmurların arxasında duran ümumi xalqın boynuna kəmənd atsaq, ələ keçirə bilərik və hər şey bitər. Dorğudan da bunu bacarsalar, inqilaba güclü zərbə vurmuş olarlar. Əgər arxa cəbhədə olanların düşüncəsini, fikrini, qəlbini, meylini və bəzən əqli seçimini bir tərəfə yönəldə bilsələr, onları əllərinə keçirmiş olarlar. Bu doğrudur. Amma bunu bacararlarmı?! Məncə bu barədə qənaətləri sadəlövhcəsinədir. Onlar bacaracaqlarını güman edib başladılar. Məqsəd budur. Kinoteatrda, mətbuatda, hətta dövlətin tabeliyində olan radio və televiziyada, mədəni zallarda, festivallarda və müxtəlif mədəni mərkəzlərdə həmin qrupun bir üzvünün çalışdığı hiss olunur. Əvvəlcə sırf mədəni formada hərəkət etdilər, indi isə həm də siyasiləşmişlər; hökuməti və quruluşu tənqid edir, quruluşun keçmişini sual altına salırlar.

Bu baş vermişdir. Bu çox təhlükəli haldır. Təhlükəli dedikdə məqsəd bu deyil ki, çarəsi yoxdur, yaxud çətindir. Xeyr! Olduqca asandır. Bu şərtlə ki, xəstə və həkim xəstəliyin nə olduğunu bilsinlər. Bunu biləndən sonra müalicəsi çox asan olar. Təhlükəli olan bizim bunu dərk etməməyimizdir. Biz elm və mədəniyyət mənsubu olduğumuza görə belə şeyləri ayırd edirik. Elmi-mədəni çevrədə olan insanın bir şey anlaması üçün əl vurması, yaxud gözlə görməsi lazım deyil. Mən bu gün bunu tamamilə hiss edirəm. Bunu bizim həm jurnalistlərimiz, həm radio və televiziyamız, həm təbliğat qurumlarımız, məsələn Mədəniyyət nazirliyi, İslam Təbliğatı Komitəsi, Təhsil nazirliyi və digərləri bilsinlər. Bu gün problem budur. Qeyd etdim ki, təbiətləri zəifdir, bir pıqq eləsən, geri çəkilərlər. Sözləri gözəldir, amma iman və etiqada söykənmir. Maddi məsləkli qələm adamlarının və ziyalı təbəqəsinin xisləti belədir; danışanda yeri-göyü bir-birinə qatırlar, eşidən elə bilir ki, bu, ruhunun dərinliyindən danışan dərdli bir insandır. Yaxınlaşanda isə görürsən ki, yox, heç bir şey deyil, dildən bir qədər də o tərəfə keçmir. Bunların bir çoxu müstəmləkə, sionizm, zülm və bu kimi məsələlər haqda da yazmışdılar, amma xalqın atıldığı meydana qədəm qoymağa hazır olmadılar, hətta xalqa arxa da çevirdilər. Bunlar pul və nəfs əsiridirlər.8
Biz mədəni hücumu həqiqi və ciddi bir amil saymalıyıq. İslam təfəkkürünə və İslam quruluşuna qarşı mədəni mübarizənin çoxlu şaxələri var. Onları araşdırıb saysaq, çox geniş bir dairəni əhatə etdiyini görərsiniz. Misal üçün, mətbuatda, müxtəlif kitablarda, tərcümələrdə və hətta tarixi araşdırmalarda İslamın siyasi təfəkkürü sual altına salınır. Bu inqilab İslamın siyasi təfəkkürü üzərində dayanmışdır. İslamın siyasi təfəkkürü olmasaydı, onun əsasında inqilab baş verməz və quruluş yaranmazdı.

Hər halda, bu quruluş İslamın həmin siyasi təfəkkürü ilə formalaşmışdır və hərəkət etməyi planlaşdırır. Odur ki, müxalifsiz siyasi təfəkkür deyil, qarşısında digər siyasi düşüncə və fikirlər vardır. Biz indi şahid oluruq ki, İslam Respublikası quruluşuna hakim olan siyasi təfəkkür tərzini rədd etməyə köklənmiş çoxlu məqalə, kitab, bioqrafiya və tarixlər yazılır. Biri var ki, bir nəfər bir fikrə müxalif olsun və bu məqsədlə məqalə və ya kitab yazsın. Biz belə bir hala qarşı çıxmırıq, çünki gözlənilməz deyil və mühüm reaksiya tələb etmir. Kimsə tövhid əleyhinə də kitab yaza bilər - bunun eybi yoxdur. Onlar əleyhinə yazarlar, biz də xeyrinə yazarıq. Amma biri də var ki, insan bu işləri bir-birinin yanına qoyub kompleks şəkildə nəzər salanda onların təsadüfi olmadığını, arxalarında niyyət və iradə dayanan düşünülmüş bir planın tərkib hissələri olduğunu anlayır. Bunlar İslamın siyasi təfəkkürünə qarşı görülən işlərdir. Uyğun təfəkkürə qarşı mübarizənin başqa bir forması kitablarda, dərs vəsaitlərində və mühazirələrdə görünür, bəzi qüvvələr İslamın təməl inanclarını hiyləgər şəkildə sual altına salır və rədd edirlər. Mədəni hücumun əsas hissələrindən biri və bu mübarizənin daha mühüm forması gənc nəsli fəsada və pozğunluğa sövq etməkdir.

Təəssüf ki, mədəni hücumdan, onunla mübarizənin zəruriliyindən və pis işlərdən çəkindirməkdən danışanda nədənsə çox vaxt kiçik nümunələr üzərində dayanırlar. Bunun iki mənfi nəticəsi var: biri budur ki, sadə düşüncəli bir qrup məsələni belə nümunələrdə məhdudlaşdırır və bütün güclərini heç bir əhəmiyyəti olmayan bu kiçik hallara qarşı səfərbər edirlər; ikincisi budur ki, cəmiyyətin mütəfəkkir insanları məsələnin belə məhdud çərçivədə xülasə olunduğunu gördükdə problemin az əhəmiyyətli olduğunu düşünürlər. Bu isə nigaranlıq doğurur. Mədəni hücum küçədə bir neçə qadının üzündə və geyimində görünə və bunu heç kim mühüm hesab etməyə bilər. Lakin məsələ bununla bitmir. Həqiqət budur ki, düşmən İslam Respublikasına qarşı mədəni hücuma keçmək üçün özünün təsirli və təhlükəli vasitələri ilə, elm və texnologiyadan istifadə edərək geniş cəbhə açmışdır. Bu mübarizəyə qarşı tədbir görülməsə, heç şübhəsiz, qələbə də çalacaq. Məncə bu hücumun qarşısına ağıllı şəkildə və düzgün metodlarla çıxmasaq, çox təhlükəli və məhvedici olacaq. Bununla məşğul olmaq lazımdır. Bu sahədə hansısa mədəniyyət məmurunun üslubu meyar götürülməməlidir. Təhlükəni bütün əhəmiyyəti ilə görmək lazımdır.9

Bizim dəfələrlə təkidlə vurğuladığımız mədəni hücum məsələsi aydın bir məsələdir. Onu inkar etməklə hücumun özünü dəf edə bilmərik. Mədəni hücumu inkar etmək lazım deyil - bu var. Əmirəlmömininin (ə) sözü ilə desək, səngərdə səni yuxu aparmışsa, bu, qarşı səngərdəki düşmənin də yatması anlamına gəlmir;10 səni yuxu tutub, çalış yuxudan oyan. Biz milli və İslam mədəniyyətimizin özü kimi, mədəni inqilabın da düşmənlərin təhdidi altında olduğunu anlamalıyıq.11

Biz aydın bir məsələni inkar etməməliyik: Universitetdə, universitet xaricində, hətta bizim kütləvi informasiya vasitələrimizdə, yazılan kitablarda, tərcümələrdə, şeirlərdə, dünyada zahirən bizimlə əlaqəsi olmayan və yəqin ki, mədəni işçilər kimi siz cənabların eşitdiyi mədəni proqramlarda - hər yerdə inqilab əleyhinə çox təhlükəli mədəni müharibə başlanmışdır. Bu, yüz il öncədən olan bir məsələ deyil. Bəli, yüz il öncə də İslam əleyhinə mədəni hücum vardı, amma insan yuxulu bir düşmən qarşısında olanda bir cür hərbi vəziyyətdə olur, ayıq düşmən qarşısında olanda bir cür. O zaman İslam dünyası yuxulu, hətta kefli və məst halda idi. Bəzən düşmən ona zərbə endirirdi, damarına bir iynə vururdu və məsələ bitirdi. İndi isə İslam oyaqdır. Qərb dünyasının düşməni bu gün oyaq və pəhləvan kimi meydandadır. İmam kimi bir şəxsiyyətin dəyərli xatirəsi, bu qədər inqilabi resurs və bu qədər yaxşı gənc var. Bunlar zarafat deyil.12

Bu gün İslam əleyhinə böyük bir mədəni hücum həyata keçirilir. Bu hücum birbaş inqilabla əlaqədar olmasa da, ondan daha geniş hədəf olan İslam əleyhinə yönəlmişdir. İslam əleyhinə, hətta məsələn, Əlcəzairdə mövcud olan İslam əleyhinə çox genişmiqyaslı mədəni, ictimai və siyasi bir hücum həyata keçirilir. Burada yalnız bir istisna var, o da müstəmləkə rejimlərinə bağlı və Fəhd formasında olan İslamdır. Birbaş bu İslama bağlı yerlər uyğun hücumdan uzaq qalırlar. Bundan başqa hətta avam etiqadlara da hücum edilir, o ki qala əsl İslama, inqilab İslamına və öz sözləri ilə desək, İranın təfsir etdiyi İslama. Qəribə hücum mövcuddur. Sizin Fransada hicablı qızlara qarşı mübarizə haqda eşitdikləriniz kül altındakı oddan görünən qığılcımlardır və pərdə arxasındakı böyük işlərdən xəbər verir. Məsələ təkcə misal üçün, laik bir dövlətin hicabı istəməməsindən ibarət deyil. Xeyr! Bunlar ümumiyyətlə İslam sarıdan ciddi təhlükə hiss etmişlər. Əlbəttə, bu yeni məsələ deyil, əvvəllər Hindistanda da olmuşdur.

Mən öz kitabımda da bunu yazmışam; Hindistanın müstəqilliyindən, yəni 1947-ci ildən öncə, ingilislərin Hindistana yeni daxil olub hakimiyyəti ələ keçirdikləri zaman bu ölkədəki naibüssəltənələrdən biri demişdi ki, Hindistanda bizim problemimiz müsəlmanlarladır, ən böyük məqsədimiz onları məhv etmək olmalıdır. Bunu o zamanın naibüssəltənəsi demişdi. Bildiyiniz kimi, Qladston da demişdi ki, bu Quranı ortadan götürmək lazımdır. Onlar qədimdən İslamdan təhlükə duymuşlar. Bu da İslamdan gördükləri bəzi məsələlərdən irəli gəlir. Misal üçün, Tənbəki hadisəsini, Hindistanda, Əfqanıstanda, İranda və Misirdə baş verən müxtəlif hadisələri eşitmişdilər, lakin onların üstündən bir müddət ötdüyünə görə öz maraqlarına yönəlik bu təhlükəsini yaddan çıxarmışdılar, qlobal hegemonizm və müstəmləkəçilik daha İslama qarşı elə də həssaslıq göstərmirdi. Səbəbi bu idi ki, o zaman İslam özündən heç bir əksüləməl göstərmirdi. Buna görə də onlar bir qədər diqqətsizlik etmişdilər. Bir neçə onillikdən sonra İslam inqilabı qələbə çalanda müstəmləkəçiliyin uzun illər mütəfəkkir və casusları vasitəsi ilə İslama dair toplayıb arxivlərdə saxladığı bütün materiallar müasir tədqiqatlarla birgə yenidən gündəmə gəldi. Eşidirsiniz ki, İsraildə məsələn, İslama, yaxud İrandakı İslama, yaxud şiəliyə dair bir seminar keçirilir. Bu işlər sözügedən məqsədlə görülür. Dünyanın bir çox yerlərində İslamı yenidən öyrənmək üçün seminarlar, elmi toplantılar keçirilir və dissertasiyalar yazılır. Kapitalist və hegemon Qərb dünyası bütün vücudu ilə qorunmaqdan ötrü düşünülmüş şəkildə öz idealı istiqamətində hərəkət edir və dünya hadisələrini yönəldir. Bilir ki, düşünməsə, əlində statistika olmasa və gələcəyə dair proqnoz yürütməsə, ziyan görəcək. Ən mütərəqqi və peşəkar beyin mərkəzləri hegemon güclərin ixtiyarında olub kapitalizmin uzunmüddətli problemləri üçün 15-20 il və bəlkə daha artıq öncədən oturub düşünür, fikir yürüdür, plan cızırlar. Bütün bu qurumlar birdən-birə hiss etdilər ki, İranda çox qüdrətlə baş qaldırmış bu İslam müstəmləkəçilərin bir zamanlar qorxduğu qədim İslamdır.

1958-ci ildə İraqda çevriliş baş verdi və padşah Feysəl Baş nazir Nuri Səidi devirdi. O zaman Böyük Britaniyanın Baş naziri İden xatirələrində yazırdı: “Mən həftəsonu bir adada istirahət edərkən İraqda çevriliş xəbərini aldım. Bu zaman beynimə çox böyük zərbə toxundu və birdən hiss etdim ki, dünya tərpənir” (Onun sözləri indi dəqiq yadımda deyil). İraq çevrilişi İngiltərə və müstəmləkəçilik üçün hədsiz dərəcədə əhəmiyyətli idi. Bu nigaranlıq çevrilişdən sonra nəşr olunan bütün yazı və xatirələrdə əks olunmuşdu və zərbənin böyüklüyünü göstərirdi. Sonradan bəzi müstəmləkəçi rejimlərin onda əlinin olduğu, bəzilərinin də sonradan ondan istifadə edib əllərində saxladıqları bəlli oldu. Siz təxminən 30 il ötdükdən sonra indi də o çevrilişin təsirlərini görürsünüz. Bir ölkədə adi bir çevriliş baş verdi. Yalnız İraqın İngiltərə müstəmləkəsi olduğuna və İngiltərənin İraqı zəbt və istismar etdiyinə görə onlar üçün bu qədər ağır idi. İndi siz o çevrilişi İslam inqilabı ilə müqayisə edin; ümumiyyətlə müqayisəolunmazdır.

İslam inqilabı qəfildən Qərbin və kapitalist dünyanın müstəmləkə sisteminin bütün varlığını və dəyərlərini şübhə altına saldı; yəni gələcəklərini bütünlüklə təhdid etdi. Bu inqilab İslama əsaslandığından, harada müsəlman varsa, orada bu inqilab potensial şəkildə mövcuddur. Sonra bunun nümunələrini bir-birinin ardınca Əfqanıstandan tutmuş İndoneziyaya, Malayziyaya, Misirə, Tunisə qədər hər yerdə və hətta dırnaqarası inqilabi quruluşlarda, məsələn, Əlcəzairdə və Liviyada da müşahidə etdilər; gördülər ki, həmin İslam oralarda da baş qaldırmışdır, meydan sulayır və xalqın gələcəyini müəyyənləşdirir. Onlar vahiməyə düşdülər, bütün kapitalist və hegemon dünya buna qarşı əlbir oldu. Düzdür, sosialist dünya başqa formada çalışdı, lakin onun qərblilər kimi lazımi düşüncə institutları və proqnoz imkanları yox idi. Statistika, arxiv və təxminlər sənaye sivilizasiyanın bir sahəsinə çevrilmişdir. Şərqlilər sənaye qədər bu məsələlərdə də qərblilərdən geri qalırlar. Onlar bu qədər diqqətli deyillər. Bundan əlavə, onlar Qərbin bu inqilabdan ziyan çəkdiyini görüb inqilabla ortaq maraqlarının olduğunu düşünüb, onu özlərinə faydalı sayırdılar. İndi daha hamısı birdir, Şərq və Qərb yoxdur. Şərq və Qərb blokları da mənasızdır. SSRİ və Şərq bloku bitdi, marksist və sosialist arzu və ideallar da tükəndi.

Sözügedən təfəkkür əsl İslama, yaxud daha dəqiq desək, əsl dinə ziddir. Əsl din isə İslam inqilabından daha geniş bir məsələdir. Çünki yalnız inqilaba aid deyil, bütün İslama və hətta bir mənada prinsipiallıq duyduğu hər bir dinə aiddir. Bu baxımdan Latın Amerikasının məsihi kardinalları da Misirin, yaxud, Tunisin inqilabçı din alimləri qədər qəzəbə tuş gəlirlər. İndi bütün dünya belədir, lakin əsas mərkəz İrandır. Bunu da bilirlər.



Siyasət, sənaye, pul və müxtəlif imkanlarla təchiz olunmuş böyük bir mədəni cəbhə indi bir sel kimi üstümüzə gəlib bizimlə vuruşmaqdadır. Bu, hərbi vuruşma deyil. Onda ümumi səfərbərliyin heç bir təsiri yoxdur, xüsusiyyəti də belədir ki, biz özümüzə gəlincə gec olacaq; hiss olunmayan və səssiz kimyəvi bomba kimidir. Fərz edin, bir yerə kimyəvi raket atılır və heç kəs raketin düşdüyünü hiss eləmir, 7-8 saatdan sonra isə hamının üz və əllərinin suluqladığını görürlər. Düşmənin mədəni hücumu da belədir: siz birdən-birə məktəblərimizdə, küçələrimizdə, cəbhələrimizdə, hövzələrimizdə və universitetlərimizdə onun əlamətlərini görürsünüz. İndi də bir qədər görünür, amma sonra daha çox olacaq. Bir kitab çap olub, bir film istehsal edilib ölkəyə gəlir, hədəfi də bizik, İslam və inqilabdır. Şübhə yoxdur ki, bu hücuma qarşı tədbir görmək üçün pul, büdcə və digər dövlət dəstəkləri lazımdır. Dövlət bir düşüncənin yayılması üçün pul ayırmalıdır, bəs o düşüncə harada istehsal olunmalıdır?13
Bu gün düşmən özünün əsas səyini mədəni hücum üzərində toplamışdır. Mən bunu mədəniyyət və siyasət adam kimi deyirəm. Döyüş səhnəsinə baxdıqda bir tərəfdə İslamın və məzlumların xilasının tərəfdarı və dünya hegemonlarının düşməni olan siz İran xalqını, digər tərəfdə isə sizin düşmənlərinizin – yəni hegemon və antiislam cəbhə başçılarının, onların davamçılarının və bu arada şəxsi maraqlarına və nəfsi istəklərinə görə hegemonizm izdihamının arxasınca düşmüş rəzil adamların dayandığını görürük. İndi müharibə gedir, zarafat deyil. Hərbi müharibə bitdi. Üstəlik, düşmən – yəni qlobal hegemonizm bacarsa, yenə də hərbi müharibəyə başlayar, amma bu onun üçün asan deyil. İndi elmi, mədəni və siyasi bir müharibə gedir. Kim bu döyüş səhnəsini aydın görsə, xəbərləri anlasa, dəqiq məlumatı olsa, səhnəyə bir nəzər salmaqla indi düşmənin ən çox mədəni yollarla təzyiq göstərdiyini bilər. Muzdur qələm sahibləri, dinini, qəlbini və vicdanını satmış elm və mədəniyyət mənsubları az deyil. Əksəri ölkə xaricində və tək-tük ölkə daxilində olan bu adamlar qoyun hegemonizmin fəsad dolu süfrəsində əyləşib onların məqsədləri üçün qələm işlətsinlər, şeir də yazsınlar, iş də görsünlər; elə görürlər də.14
İndi Amerikadan, Səddamdan pul alıb İslam Respublikası əleyhinə fəaliyyət göstərirlər. Bunun üçün lazım olan mədəni şəbihgərdanlığı da jurnal və roman kitabları edir; yəni mədəni bir iş formasında onlara yol açır. Buna sırf mədəni bir iş kimi baxanlar səhvdədirlər. Baxmayaraq ki, möminlər mədəni pozuculuqla məşğul olan sırf mədəni iş qarşısında da səfərbər olmalıdırlar. Bu isə yalnız mədəni deyil, mədəni-siyasi işdir. Müəyyən mənada iqtisadi iş də sayılır və arxasında bəlli kompaniyalar, hegemon və müstəmləkəçi düşərgə dayanır. İşlər oradan başlayıb önə çatana qədər bu formaya düşür. Xalqın qarşısına çıxan ön xəttin xüsusiyyəti belədir. Xalqın qarşısına topla, tankla, tüfənglə çıxmaq olmaz, kitab, jurnal və qələmlə çıxılar.15
Bu gün dünyada inqilabi təfsiri olan düzgün İslam, böyük imamımzın sözü ilə desək, əsl Məhəmməd (s) İslamı bütün bu zorakılıqların qarşısına çıxır və düşmənlər ondan qorxurlar. Xalqları hələ də özünə cəlb edən budur. Siz bu gün dünyanın hər hansı bir yerinə - müsəlman və ya qeyri-müsəlman ölkəsinə getsəniz, uzaqdan-uzağa eşitdikləri bu İslama ümid bəsləyən çoxlu insanlar və gənclər görərsiniz. Çünki hegemonizmin, şeytanın və şeytanlığın qarşısında qüdrətlə dayanmış yeganə səngər İslam səngəridir. Bunun nəticəsi olaraq bu gün İslamla, bu məktəbi təbliğ edən və bayrağını ucaldan quruluşla düşmənlik əvvəlkindən güclüdür. Bu da məsələnin digər tərəfidir. Yəni biz bu gün hegemonizmin çox dərin və mürəkkəb düşmənliyini gözləməliyik. Keçmiş təcrübələrə əsasən, bu düşmənliyin hərbi formada olma ehtimalı azdır. Böyük ehtimalla bu iş üçün digər yollar seçirlər. Bu yolların biri iqtisadi blokadanı gücləndirmək, siyasi təzyiqləri artırmaq və daxildə fəsad yuvaları açmaqla yeni problemlər yaratmaqdır. Biz dəfələrlə demişik, yenə də deyirik ki, mədəni təxribat hazırlanır və mən onu öz gözlərimlə müşahidə edirəm. Bu, şüarçılıq deyil, buna dair dəlillər var, mən bunu görürəm. Bu müqəddimə bu gün düşmənin daxildə çox zirək üsulla bizim əleyhimizə güclü mədəni bir müharibə aparmasına dair iddiamızın izahı idi.16
Mən ona görə mədəni hücum üzərində bu qədər təkid göstərirəm ki, mədəni hücum düşmənin tanınmaz səngəri və cəbhəsidir. Odur ki, onu tanımaq lazımdır. Düşmən cəbhəsini, düşmənlərin toplandığı yeri və hücum nöqtəsini öyrənməsək, necə müdafiə oluna bilərik?! Hər halda, bu şəraitdə cəmiyyət miqyasında lazım olan amil əvvəla istiqamətləri, ikincisi imanları qorumaq, üçüncüsü isə düşmənləri unutmamaqdır.17
Bəzən bir söz çox təkrar olunduğuna, lazımi diqqətdən kənarda qaldığına, ona dair bir işin görülmədiyinə və yanından ötəri şəkildə keçildiyinə görə tərk olunur və təkrarının yorucu olduğu duyulur. Bu baxımdan mədəni hücum sözünü təkrarlamamaq kimin üçünsə lazımsız görünə bilər. Halbuki məncə bu məsələ yanından asanlıqla ötəsi məsələlərdən deyil.

Mənim vaxtım az olsa da, əksərən jurnalları vərəqləyir, çap olunan kitablara, xüsusən də ədəbi və mədəni əsərlərə, yaxşı məqalələrə baxıram. Mən onlarda mədəni mübarizəyə az diqqət ayrıldığını görürəm. Halbuki mütəşəkkil və sistemli şəkildə bizə hücum edən bir cəbhə var. Bu tərəfdə çoxlu işlər görülsə də, müdafiə üçün mütəşəkkil və müntəzəm hərəkət yoxdur. Bu baxımdan insan təhlükə duyur. Hər halda, bu məsələlərlə həqiqətən ciddi məşğul olmaq gözləntisi var.18


Bu gün düşmən İslam Respublikasına hərtərəfli mədəni yürüş etmək üçün güclü və təhlükəli vasitələrdən, həmçinin elm və texnologiyadan istifadə edərək geniş bir cəbhə açmışdır. Çox təhlükəli və dağıdıcı olan bu hücuma qarşı tədbir görmək üçün sayıqlıq, düşmənin üsullarına bənzər, yaxud əvəzedici üsullardan istifadə etmək lazımdır.19
Mədəni hücuma özü kimi qarşılıq vermək lazımdır, ona tüfənglə cavab vermək olmaz. Bu döyüşün silahı qələmdir.20
Mən yazıçılara, düşüncə adamlarına, qələm və tribuna sahiblərinə tövsiyə edirəm ki, müxalif sözdən təşvişə düşməsinlər. Biz nə üçün təşvişə düşməliyik?! Bizim məntiqimiz və əsaslandırmamız var. Bizim sözümüz təkcə öz xalqımız üçün yox, hətta dünyanın yüz milyonlarla müsəlman və qeyri-müsəlman insanı üçün məqbuldur. Bizim məntiqli sözümüz olduğu halda nə üçün kiminsə danışmasından təşvişə düşməli və iztirab keçirməliyik?! Bəli, heç bir səhv sözü cavabsız qoymaq olmaz; səhvdirsə, cavab vermək lazımdır, lakin əxlaq normalarından kənara çıxmamaq şərtilə.21

Mədəniyyət sahəsi qamçı və çomaq yeri deyil və müharibədən fərqli bir şeydir. Hər bir sahənin öz silahı var. Biz İslam Respublikasının müxaliflərinin zərif və mədəni üsullarla onun əleyhinə danışmalarından və müxalif fikirləri yaymalarından qorxmuruq. Mən bəzən bundan razı da qalıram. Çünki müxalif fikrin irəli sürülməsi və cəmiyyətdə fəallığın yaranması bizim üçün faydalı və yaxşı haldır. Bu baxımdan, bundan acığımız gəlmir, bunu yaxşı qarşılayırıq. Lakin ədib, ziyalı, yazıçı, şair, sənətkar, kinematoqraf, alim və müəllimlər arasında düşmənin mədəni hücumuna qarşı ümumi bir səfərbərlik başlamalıdır. Söhbət İran və İslamdan, bir xalqın ən əziz sərvətlərindən gedir. Düşmən bu sərvətlərlə oynamaq istəyir. Buna görə də mədəni cəbhə və səngərlər yaradılmalıdır. Bu gün iş günüdür, hamı işləməlidir. Bu gün istedadı olan hər bir kəs mədəni sahədə çalışmalıdır. Görüləsi işlər də çoxdur. Bu mənim bütün düşüncə, mədəniyyət, incəsənət, ədəbiyyat, elm və bilik adamlarına müraciətimdir. Mən bunu vacib iş sayıram.22


3- Mədəni mübadilənin mədəni hücumla fərqləri

Biz iranlı kimi axtarıb özümüzə aid olanları tapmalıyıq. Bu o demək deyil ki, digərlərinin yaxşı cəhətlərini öyrənməyək. İnsan yaxşı və gözəl olan hər bir şeyi digərlərindən öyrənir, amma yaxşı olar ki, onu öz mədəniyyəti ilə qarışdıraraq istifadə etsin. Mən bir dəfə mədəniyyət haqda danışarkən dedim ki, digərlərinin mədəniyyətini götürməyin eybi yoxdur. Lakin insanın bədəni xarici bir elementi iki formada götürə bildiyi kimi, digərlərinin mədəniyyətini də belə götürmək mümkündür. Biri var ki, insan müxtəlif vitaminləri olan bir qidanı qəbul edib mədəsinə göndərir. Mədə bədəninə münasib olan lazımlı maddələri götürür, artığını isə ifraz edir. Bu, sağlam götürmədir. Biri də var ki, bir nəfəri yerə uzadıb əl-qolunu bağlasınlar və özünün istəmədiyi bir iynəni ona vursunlar. Bu ayrı cür qəbuletmədir, qabaqkı ilə eyni deyil. Əgər iynəni vuran adam xeyirxah bir həkim olsa, deyərik ki, baş üstə. Bəs düşmən olsa necə olar?! Təəssüf ki, biz indi əncəbi mədəniyyətindən belə istifadə edirik. Yəni damarımıza bir maddə köçürürlər, biz də heç bir reaksiya vermirik. "Mədəni hücum" deyəndə də müəyyən bir qrup sözü özünə götürür. Mədəni hücum Qərbdən və düşmən tərəfindəndir və bizim ayıq olmamızı tələb edir. Düşmənə demək olmaz ki, düşmənlik etmə. Düşmənin xisləti budur. Biz ayıq olmalı və onun düşmənliyinə imkan verməməliyik. Bəli, biz Qərbdə yaxşı bir şey tapsaq, oturub bir qidanı qəbul edən, bədəni yaxşısını götürən, pisini isə dəf edən sağlam bir insan kimi götürməliyik. Yəni canlı bir varlığın xarici amillə rəftar etdiyi kimi etməliyik, ölü, cansız, yuxulu, yaxud huşsuz bir varlıq kimi yox. Bizim özümüz yaxşı olanı seçə bildiyimiz halda nə üçün əcnəbi mədəniyyətini bizə belə ötürməlidirlər?! Bu gün onlar istədiklərini ötürürlər, lakin iynə ilə deyil, radio, televiziya, moda kataloqu, jurnal və təbliğatla.23


Cəmiyyət məlumatlı olsa, onun düşmən qarşısında müqaviməti çox olar. Cəmiyyət elmə həssas yanaşsa, digər ölkə və xalqlarla əlaqə quranda birinci onların elmini öyrənməyə çalışar. Müstəmləkəçi qüvvələr illər öncədən İranda işləyirdilər. Bizim ölkəmizlə digər ölkələr arasında mübadilə məsələsi meydana çıxanda biz öz məlumatımızı və zəngin mədəniyyətimizi təqdim etmək, öyrətmək və əcnəbilərin elmini öyrənmək yerinə, sərgilərindən asmaq üçün əl işlərimizi, zavodlarını işlətmək üçün neftimizi verdik, özümüzsə oturub onların fəsad dolu mədəniyyətlərini gözlədik. İranın Qərblə mədəni əlaqəsinin tərəfdarları demədilər ki, hər bir iranlı bacardığı qədər Qərbin elmini öyrənsin. Bunu desəydilər, yaxşı olardı, biz bunu müsbət qarşılayırıq. Biz indi də deyirik ki, dünya elmdə inkişaf etmişdir. Bizi 200-300 il geridə saxladılar. Biz özümüzü çatdırmalı, onların biliklərinə yiyələnməliyik. Lakin onlar bunu demədilər, dedilər ki, İran zahiri, daxili, forma, geyim və üz baxımından qərbli kimi olmalı, onların əxlaqını, geyimini və qeyri-sağlam əlaqələrini öyrənməlidir. Nəticəni isə mənfur şah rejiminin sonlarında gördünüz. Həmin dövrün mənfi təsirləri hələ də qalır. Elm və təhsil mühüm məsələdir. Biz hər kəsdən öyrənməliyik. O zaman İslam bizə dedi ki, elm öyrənmək üçün lazım olsa, hətta Çinə belə gedin. O məsafəyə əsasən, biz bu gün yolun uzunluğunu göstərmək və elm öyrənməyin əhəmiyyətinə dair misal çəkmək üçün dünyanın heç bir nöqtəsini tapa bilmərik. Elm hətta Çində olsa da, gedin, öyrənin. Peyğəmbər (s) o zaman insanlara belə öyrədirdi. Bu gün bizim də fikrimiz budur. Biz hamıdan öyrənməliyik; lakin elmi öyrənməliyik, əxlaqsızlığı, çirkinlikləri, narkomaniyanı, təhlükəli xəstəlikləri, Amerika taunu olan AIDS-i və digər fəsadları yox. Cəmiyyətdə öyrənmək və öyrətmək ab-havası hakim olmalıdır. Təbii ki, təhsilin kənarında tərbiyə və əxlaq da olmalıdır. Və biz təhsil işini düzgün aparsaq, onda mənəvi saflıq da olar.24
Elm bizim düşmənimizdə ola bilər; yanına gedib diz üstə oturar və ondan elm öyrənərik. Bunun eybi yoxdur. Elmin dəyəri o qədər böyükdür ki, insan düşmənliyə görə ondan imtina edə bilməz. Lakin elmdən başqa məsələlərdə - siyasətdə, mədəniyyətdə və digər sahələrdə düşmənin təsiri altına düşmək olmaz. Onların üçüncü dünya üçün istədikləri və planlaşdırdıqları isə mədəni və siyasi asılılıqdır. Onlar elm və texnologiya mübadiləsinin baş tutmaması üçün işlər də görmüşlər. On illərdir indiki geriqalmış dünya üçün beyinlərin qaçışından ibarət böyük problem bu planın bir hissəsidir. Onlar bizim yaxşı və seçilmiş insanlarımızı oğurlayıb aparır, hətta bu ölkələrin özündə təhsil almış istedadlıların da öz ölkələrinə çalışmasına imkan vermirlər.25
Mədəni hücum mədəni mübadilədən fərqlənir. Mədəni mübadilə lazımdır. Heç bir xalq hər hansı bir sahədə, o cümlədən mədəni məsələlərdə başqa xalqlardan ehtiyacsız deyil. Tarixdə həmişə belə olub. Xalqlar get-gəl nəticəsində yaşayış tərzini, əxlaqı, elmi, geyimi, davranış qaydalarını, dili və dini bir-birindən öyrənmişlər. Dini mübadilə xalqların bir-biri ilə ən mühüm mübadiləsi kimi hətta iqtisadi mübadilələrdən də əhəmiyyətli olmuşdur. Bu mədəni mübadilələr çox zaman bir ölkənin dininin dəyişilməsi ilə nəticələnmişdir. Məsələn, İslamı Şərqi Asiya ölkələrinə, İndoneziyaya, Malayziyaya və Hindistan yarımadasının mühüm hissələrinə aparan ən böyük amil təbliğatçıların təbliğatı yox, İran xalqının get-gəli olub. İranlı tacir və səyyahların get-gəli nəticəsində bu gün Asiyanın bəlkə də ən böyük müsəlman xalqı olan indoneziyalılar İslamı qəbul etmişlər.

İslamı ilk dəfə oraya nə din təbliğatçıları apardı, nə də qılınc və döyüş. İslamı bu get-gəllər apardı. Bizim xalqımız da tarix boyu digər xalqlardan çox şey öyrənmişdir. Bu, bütün dünyada mədəni təlimlərin və mədəni həyatın yeni qalması üçün zəruri bir prosesdir. Bu, mədəni mübadilədir və yaxşıdır.26


Mədəni mübadilədə məqsəd milli mədəniyyəti təkmilləşdirmək, mədəni hücumda isə milli mədəniyyəti məhv etmək, kökünü kəsməkdir. Mədəni mübadilədə başqa xalqlardan bir şey götürmək istəyən xalq sevdiyi gözəl elementləri axtarır, məsələn, onlardan elm öyrənir. Fərz edin İran xalqı Avropaya gedir və görür ki, onlar çalışqan və təhlükədən qorxmaz xalqlardır. Əgər onlardan bunları öyrənsə, çox yaxşıdır. Uzaq Şərqə gedir, görür ki, oradakılar işdə vicdanlı və həvəskar, vaxtlarının qədrini bilən, nizam-intizamlı, mehriban və nəzakətli insanlardır. Əgər bunları öyrənsə və götürsə, çox yaxşıdır. Mədəni mübadilədə öyrənən xalq axtarıb öz mədəniyyətini təkmilləşdirəcək düzgün elementləri tapır və öyrənir; eynilə zəifləyib münasib qida axtaran insan kimi. O, münasib qida və dərman istifadə edir ki, sağlam olsun və bədəninin nöqsanı aradan qalxsın.

Mədəni hücuma məruz qalan xalqa verilən elementlər isə yaxşı deyil, pis elementlərdir. Avropalılar bizim ölkəyə mədəni hücuma keçdikdə, xalqımız arasında vaxtın qədrini bilməyi, cəsarəti, təhlükəli məsələlərdən qorxmazlığı, elmi diqqət və incəliyi yaymağa başlamadılar, təbliğat və tədqiqatla İran xalqının işdə və elmdə düzgün olmasına çalışmadılar. Onlar bizim ölkəmizə yalnız cinsi özbaşınalığı gətirdilər.27


Əgər mədəni mübadilədə başqa mədəniyyətdən bir şey öyrənən xalqı bazarda münasib qida və dərman axtaran bir adama bənzətsək, mədəni hücuma məruz qalan xalqı da acınacaqlı vəziyyətə düşmüş və əlindən bir şey gəlməyən xəstəyə oxşatmalıyıq. Bu zaman düşmən ona bir iynə vurur. Düşmənin vurduğu iynənin aqibəti də bəllidir. Bu onun özünün tapdığı, öz iradə və seçimi ilə qəbul etdiyi dərman kimi ola bilməz. Deməli, mədəni mübadilə bizim seçimimizlədir, mədəni hücum isə düşmənin seçimi ilə və bizim yerli mədəniyyətmizi məhv etmək üçün. Mədəni mübadilə yaxşıdır, mədəni hücum isə pisdir. Mədəni mübadilə bir xalqın qüdrətli dövründə baş verir, mədəni hücum isə zəif çağında.28
Digərlərinin mədəniyyətindən istifadə etmək insanı kamilləşdirir. Lakin insanın məlumatlı və ayıq şəkildə yüz növ dərman və qida arasından gücləndirici bir dərmanı, qidanı seçməsi ilə ziyanına olan bir dərmanın və ya qidanın məcburən ona verilməsi arasında fərq var. Fərz edin sizə C vitamini lazımdır. Siz gedib bu vitamini alır və lazım olan qədər qəbul edirsiniz. Çox yaxşıdır və burada pis bir şey yoxdur. Bu da əcnəbilərin istehsalı olsa da, sizin ona ehtiyacınız var. Lakin biri də var seçim imkanı olmasın. Biz huşsuz vəziyyətdə bir tərəfə düşmüşük, biri gəlib bizə nə olduğunu bilmədiyimiz bir iynə vurur. Bu bizə lazımdır, yoxsa yox? Qədərincədir, yoxsa az və ya çox? Zərərli, uyuşdurucu və zəhərlidirmi? Bunlara diqqət yetirmək lazımdır. Keçmişdə bizə ötürülən hər şey belə idi. Pəhləvi rejiminin sonuna qədər əcnəbi mədəniyyətini bu xalqa belə ötürdülər. O zaman əcnəbi mədəniyyətini təkmilləşmək üçün deyil, təsirlənmək üçün götürürdülər və bunun dəyəri yoxdur. İnsan öz ixtiyarı ilə seçsə, düzgündür. İndi Qərb mədəniyyətində bizim üçün həyati əhəmiyyət daşıyan və öyrənməli olduğumuz yaxşı elementlər var. Bu yaxşı elementlər olmasaydı, Qərb bu inkişaflara nail olmazdı, bütün bu fəsadlar onu kökündən məhv edər və tüstü kimi havaya sovurardı. Onların havaya sovrulmamasının səbəbi işlərində həqiqətən mühüm amillərin olmasıdır. Onlar nizam-intizamlı, işgüzar və yorulmaz insanlardır. Onların mədəniyyətinin belə müsbət və ideal cəhətlərini götürüb istifadə etmək lazımdır.29
Uzun illər ölkənin qapılarını əcnəbi mədəniyyətinin üzünə açanlar ümumiyyətlə idxal olunan mədəniyyəti tanımır və anlamırdılar. Yəni onlar bu mədəniyyəti qəbul edərək İrana daxil etmədilər, əcnəbipərəst, yadlara vurğun olduqlarına və özününkülərə nifrət etdiklərinə görə ölkənin qapılarını onun üzünə açdılar. Sanki nadan bir uşaq atasının üstün cəhətlərini görmür, sonra isə bilmədən və nadanlıqdan öz atasından aşağı səviyyədə olan başqa birinə rəğbət bəsləyir.30
Elm və texnologiya ilə mədəniyyət arasında fərq var. Bunlar ayrı-ayrı məsələlərdir. Elmin özü də mədəniyyətin şaxələrindən olsa da, bir xalq üçün xüsusi mənada olan mədəniyyət düşüncə, iman, inam, adət və ənənələrdən ibarətdir. Biz bu cəhətdən elm və texnologiyada inkişaf etmiş dünyadan nəinki geridə deyilik, hətta bir çox cəhətlərdən öndəyik də. Bunu şişirtmək və mütləqləşdirmək fikrim yoxdur. Təbii ki, xaricilər və əsasən avropalılar mədəniyyətin bəzi şaxələrində bizdən öndədirlər.31
4- İslam İranının tarixi keçmişi və elmi-mədəni kökləri

Biz böyük xalqıq. Biz kimdən qorxuruq?! Biz çox güclüyük. Bizim xalqımızın istedadı, maddi sərvətləri, tarixi keçmişi, elmi-mədəni kökləri və ən başlıcası budur ki, İslam inancı və Allaha təvəkkülü var.

Bizim xalqımız müstəqil xalqdır və özünə arxalanmalıdır. Məmurlar da xalqa və xalqın istedadlarına güvənməli və düşmənə əl açmamalıdırlar. Düşmən Quran və İslam tərəfdarı olan xalqın zəiflik və acizlik bildirməsini gözləyir. Biz düşmənə bu fürsəti verməməliyik. Bizim xalqımız arasında istedadlı gənclər və elmi kadrlar var. Bizim xalqımızın yaradıcılıq ruhu böyükdür və bu xalq öz ayağı üstə dura bilər. Düşmən möminlərə və İslama heç bir kömək etməyəcək. Bunlar İslamla düşməndirlər. Müxtəlif sahələrdə çalışan bütün məmurlar bu məqama diqqət yetirsinlər. Biz özümüzə - öz sərvətlərimizə, öz elmimizə, öz istedadımıza, öz maddi potensialımıza, öz yeraltı ehtiyatlarımıza güvənməliyik. Bu, alış-veriş yolunu bağlamaq demək deyil. Bu o deməkdir ki, düşmənin gücünə təslim və məğlub olmayaq.32
Bizim xalqımızın elm, mədəniyyət və sivilizasiyada parlaq keçmişi olmuşdur. Bu tarixin bir hissəsi - yəni son 1300 il həqiqətən uğur və nailiyyətlərlə doludur. Ondan qabaqkı dövr haqda çox məlumatımız yoxdur, amma ümumi şəkildə anlamaq olar ki, bu xüsusiyyətə malik olan böyük bir xalqın prinsipcə, üstün mədəniyyəti olmuşdur. Bəzi dövrləri çıxmaq şərti ilə onun xırdalıqlarından xəbərimiz yoxdur, dövrümüzdə baş verənləri isə bilirik. İran xalqı İslamın sayəsində həqiqətən dahilik göstərib yalnız İslam dünyasına yox, hətta bütün dünyaya böyük töhfələr verdi. Bunlar dünya tarixinin hər sətrində qeyd olunmuşdur. Bizim özümüz bundan xəbərsiziksə, onların tarixinə müraciət edə bilərik.33
Biz İslamı ərəblərdən öyrəndik, amma dost və düşmənin, hətta antiirançılıq və güclü təəssübkeşlik səbəbindən İranın adını çəkmək istəməyən, amma uyğun sahənin mütəxəssisi olduqları üçün buna məcbur olanların da etirafına görə, İslam elminə və mədəniyyətinə heç bir xalq iranlılar qədər xidmət göstərməmişdir. İbn Rüşdü və başqa bir-iki nəfəri çıxmaq şərti ilə ərəblərdən kimsə yüksək səviyyəli alim olmamışdır. Üstəlik, İbn Rüşd də ərəb deyil, Andalusdandır. Fəlsəfə və ərəb ədəbiyyatı İrana məxsusdur, Zəməxşəri, Təftazani kimi böyük ərəb ədiblərinin hamısı iranlıdırlar. Ərəb ədəbiyyatına dair ən böyük və ən dəyərli kitabları iranlılar yazmışlar. Ərəb dilinin ən böyük izahlı lüğəti olan Qamus kitabını iranlı alim Firuzabadi yazmışdır. Fiqh, üsul və hədis sahələrində də iranlılar yüksək səviyyəli alimlər olmuşlar. Təbii ki, burada məqsədim yalnız şiələr deyil.34
a) Elm və dinin və onların bir-birindən ayrılmasının tarixçəsi

Bizim ölkəmizdə elm və din min il bir-birinin yanında olub. Bizim tariximizin böyük alimləri, həkimləri, astronomları, riyaziyyatçıları, adları və kəşfləri bu gün də dünyada məşhur olan şəxslər ilahi alimlər və dini mütəfəkkirlər olmuşlar. Tibb kitabı hələ də dünyada canlı elm kitabı sayılan, özü müxtəlif sahələrdə bəşər tarixinin parlaq siması hesab olunan, bu min ildə dünyanın bütün elmi arenalarında tanınan və indi də tanınmaqda olan, elm tarixinin bəzi nailiyyətlərinə imza atan İbn Sina həm də bir din alimi olmuşdur. Lakin iki mühüm amil İslam cəmiyyətinin dünya yeniliklərindən xəbərsiz və geri qalmasına səbəb oldu. Biri budur ki, din alimləri din düşmənləri və kafirlər tərəfindən öyrədilən elmə bədbin yanaşır və onu rədd edirdilər. İkinci səbəb isə bu idi ki, həmin düşmənlər və kafirlər elmi onlara öyrətmək istəmir, öz elmlərinin dinin mərkəzi olan elm hövzələrinə daxil edilməsinə yol vermirdilər. Hər ikisi bir-birindən qaçır, bir-birinə düşmən olmuşdular. Əsas səbəb də bu idi ki, bütün dünyada, o cümlədən İslam ölkələrində elm antidin qüvvələrin əlində bir alət idi. Qərb dünyasında elmi araşdırmaların zirvəsi sayılan 19-cu əsr dindən ayrılmaq və dinin həyatdan çıxarılması əsridir. Bu təfəkkür bizim ölkəmizdə də təsirini buraxdı və bizim universitetlərimiz qeyri-dini təməllər əsasında yaradıldı. Din alimləri universitetdən üz çevirdilər, universitet də din alimlərindən və elm hövzələrindən. Bu kədərli məsələ həm elm hövzələrinə pis təsir qoydu; çünki din alimlərinin fəaliyyətini yalnız və yalnız dinə aid zehni məsələlərdə məhdudlaşdırdı və onları xarici dünyadan xəbərsiz etdi. Elmi inkişaflar onlar üçün məchul qaldı, hövzələrdə yeniliyə təmayül ruhu, İslam fiqhində və dini hökmlərin araşdırılmasında yeniliyin zərurəti yaddan çıxdı. Dinin və İslam fiqhinin tədqiqində bu yenilik həmişə mövcud olmuşdu; çünki fiqh cəmiyyətin ehtiyacını təmin etmək üçün Qurana və sünnəyə əsaslanan sahədir. Hövzələr həyat reallığından, dünyada baş verən hadisələrdən və həyata keçən nəhəng dəyişikliklərdən xəbərsiz qaldı və bir sıra fiqhi mövzularla, əksər hallarda cüzi məsələlərlə məhdudlaşdı. Fiqhin əsas məsələləri, o cümlədən cihad, hakimiyyət, İslam cəmiyyətlərinin iqtisadiyyatı, xülasə, siyasi fiqh təcrid oldu, yaddan çıxdı, tərk edildi, cüzi, çox cüzi və əksər hallarda həyatın mühüm məsələlərindən uzaq məqamlara daha artıq diqqət yetirildi. Bu, elm hövzələrinə vurulan zərbə idi. Siyasi qüvvələr də bundan istifadə etdi, təbliğatla, şeytan üsulları ilə hövzələri bacardıqları qədər həyat yeniliklərindən uzaq saxladılar. Özülü əvvəldən elm hövzəsindən və dindən uzaq qoyulmuş universitet isə dindən, dini və siyasi əxlaqdan və nizam-intizamdan tamamilə uzaq şəxslərin əlinə düşdü.35


Biz cəmiyyətin bütün təbəqələrində elmsevərlik hissi yaratmalıyıq. Bu olduqca mühüm amildir. Bəzi adamlar səhvən düşünürlər ki, elmsevərlik dindarlıqla uyğun gəlmir. Mən görmüşəm. Son bir neçə ildə bəzilərinin xüsusi siyasi məqsədi olan, (bəlkə də xalq bu şəxslərin məqsədindən xəbərsizdir, lakin biz onları çoxdan yaxşı tanıdığımıza görə bizim üçün təxmin vurmaq imkanı daha tez yaranır) bəzilərinin isə olmayan qüvvələr bu gün cəmiyyətimizdə mövcud olan dindarlığın elmlə ziddiyyət təşkil etdiyini və elmlə xalqın dindarlığına zərbə vurmağın mümkün olduğunu təlqin etməyə çalışırlar. Bunlar səhvə yol verirlər. Bu iki məsələnin bir-biri ilə heç bir ziddiyyəti yoxdur. Din bu gün bizim iman gətirdiyimiz İslam dinidirsə, bu, inqilab edən, meydanlar üçün əsgər hazırlayan və elmə dəvət edən bir dindir. Ümumiyyətlə müsəlmanların dünyada bir neçə əsr elmin bayraqdarı olmaları İslam dinindən irəli gəlmişdir. Müsəlmanları elmin zirvəsinə çatdıran əsas amil İslam dini idi. Farabidən Xacə Nəsirə qədər təxminən üç əsr bu bayraqdarlıq davam etmişdir; özü də yüksək səviyyədə, aşağı səviyyədə yox. Bu gün Xarəzminin riyazi, yaxud İbn Sinanın tibbi nəzəriyyələri qüvvədən düşmüş nəzəriyyələr deyil. Onların əsasında yeni nəzəriyyələr yaranmışdır, lakin qüvvədən düşməmiş, sıradan çıxmamışlar, düzgün fikirlərdir və sözsüz ki, təkmil olunmuşlar. Siz bilirsiniz ki, Farabidən Xacə Nəsirə qədər davam edən 3 əsrdə Avropada dinlə ziddiyyət vardı, lakin o zaman Avropada elmin ilk bayraqdarları dindar şəxslər olmuşlar. Bu məşhur Roje Bikenin (1214-1294) özü Fransisk təriqətinin keşişidir. Onlar özlərini məşhur San-Fransiskin ardıcılları sayan çox zahid keşiş qrupudurlar. San-Fransisk məşhur Müqəddəs San-Fransiskdir. Amerikanın San-Fransisko şəhəri onun adınadır. Bunlar müqəddəs adları şəhərlərə qoyurdular. Ozamankı papa rejimi bu şəxsin onların israfçı həyat tərzlərinə qarşı ifşalarından sonra onun qanlı düşməninə çevrildi. O, papa rejiminin cah-calalına, sərvət və o var-dövlət toplamasına qarşı çıxırdı, zahidliyin tərəfdarı idi. İslam firqələri arasında Roje Bikenin oxşarını tapmaq istəsək, onu, işləri dərvişçilik və dilənçilik olan Xaksar sufilərinə bənzədə bilərik. O, güman ki, 13-cü əsrdə Avropada elmin ilk bayraqdarlarından olmuşdur. Yəni Avropada elmi yeniliklərlə nəticələnən ilk işlər aydın dindarlar tərəfindən görülmüşdür.

Bizim İbn Sinamız da belə olmuşdur. İbn Sina bir din alimidir. Bildiyiniz və İşarat kitabından göründüyü kimi, o, müəyyən mənada bir arif olmuşdur. Biruni də din alimidir. O, "Hindistan həqiqətləri" kitabını yazmışdır. Bilirsiniz ki, bu kitabın adı bir şeirdən götürülmüşdür. O öz dövründə riyaziyyat, astronomiya və müxtəlif elmlər üzrə mütəxəssis olmuşdur. Tam bir ruhani olan Şeyx Bəhai də belə idi. Şeyx Bəhainin dövründə dini fənlər yalnız ruhani təbəqəsinə məxsus olmuşdu. Ondan öncə isə belə deyildi, bir ruhani bütün elmlərə yiyələnirdi. Misal üçün, İbn Sinanın özünün fəlsəfə şagirdi də olmuşdur, tibb şagirdi də. Lakin Şeyx Bəhai ruhaniliyin təbəqə formasına çevrildiyi bir dövrdə elmli və peşəkar bir minbər axundu olmuşdur. Deməli, dinin elmlə heç bir ziddiyyəti yoxdur, hətta din elmin köməkçisi və ona dayaqdır. Siz cəmiyyətdə elm, elmsevərlik, bu böyük dünyanın bütün hissələrində qanun və qaydaların olması fikrini yaymalısınız. Biz də din tərəfindən bu qanunları kəşf və nəticədə kainatı idarə etməyə əmr olunmuşuq. İnsan torpağa, təbiətə, yer üzünə və yerin altına hakim olmaq üçün gəlib, tabe olmaq üçün yox. Bəşər yaranışının fəlsəfəsi və əsas vəzifəsi olan yer üzünə hakimiyyət yalnız o zaman həyata keçər ki, siz yerin – yəni suyun, havanın və küləyin qanunlarını öyrənəsiniz. Bu qanunları öyrənmədən hakim olmaq imkansızdır. Və bu qanunları elmlə öyrənmək olar. Buna əsasən, elmsevərlik hissi mühüm bir məqsəddir.36


b) Elmi ikişafın İran İslam İnqilabının əsas məqsədi olması

Hansı amil bu istedadlı xalqın uzun illər, bəlkə də bir-iki əsr, yaxud daha uzun müddət elm və bilik karvanından bu qədər geri qalmasına bais oldu? Şübhəsiz ki, xəyanətkar qüvvələrin bu xalqa hökmranlığı. Bu illər ərzində zalım, müstəbid və yaxıngörən şahlar bu ölkənin başına bu bəlaları gətirdilər. Bir ölkədə İslam qanunları icra olunsa və İslam hökuməti qurulsa, xalqın qarşısındakı maneələr götürülər. İranda İslam inqilabı bu böyük hünəri və bu möcüzəni göstərməlidir.37

Elm və tədqiqatın gücləndirilməsi, elmi inkişaf, istedadların çiçəkləndirilməsi, ayıqlığın və ümumi məlumatın artırılması inqilabın əsas cəhətlərindən başqa birisidir. İdeal İslam cəmiyyəti elə cəmiyyətdir ki, onda hər bir cəmiyyətin ən qiymətli milli sərvəti olan bəşəri düşüncə və beyin xəzinələri çıxarılıb işlədilsin, savadsızlığa son qoyulsun, məktəblər bütün uşaqları qoynuna alsın, universitetlər və elm hözvələri rövnəqlənsin, tədqiqat mərkəzləri fəallaşsın, kitab hər yerə yayılsın, mətbuat zəngin informasiya çatdırsın, alim və müəllimlər həvəsli, yaradıcı və yenilikçi adamlar, yazıçı və sənətkarlar ümidli və səmərəli olsunlar.

Bizim ideal və məqbul İslamla məsafəmiz çox, lakin qət ediləsidir. İslam İranı bu gün də elmi dahilər yetişdirən mərkəz olduğunu sübut etməlidir. Diktatura və müstəmləkənin ikiəsrlik istismarı bu xalqın mahiyyətini dəyişdirə bilməmişdir. Əgər ötən iki əsrdə müstəmləkə və diktatura hökmranlığı istedadların çiçəklənməsinə mane olmuşdusa, bu gün xalqın azadlığı və oyanışı dövründə İslam inqilabı sayəsində geriliklər düzəldilməlidir.38


Bildiyiniz kimi, elm prosesi maksimum sürətli bir prosesdir. Sanki bir nəfər piyada yol gedir, amma başqa birisi velosiped əldə edərək sürətini artırır və tez bir zamanda avtomobilə çatır. Avtomobilə minəndə sürəti dəfələrlə artır və nəhayət, təyyarənin dayandığı yerə çatır. Təyyarəyə minəndə sürəti yüz qat artıq olur. Amma piyada olan gəlir ki, nə vaxtsa velosipedə çatsın. Bizimlə xarici ölkələr arasındakı məsafə bu şəkildə get-gedə çoxalır. İndi biz nə etməliyik? Məsafəni necə qət etməliyik? Biz qısa yol tapmalı, bu ölkənin bütün istedadlarından istifadə etməliyik. Bu ölkədə düşmənlər və müstəmləkəçi qüvvələr qarşısında hərəkət və mübarizə səmimiliyi oturuşmalıdır. Bu, inqilab olmadan mümkün deyildi və gələcəkdə də mümkün olmayacaq. Bu, ölkənin gələcəyi üçün zəruri məsələdir. Bu işləri görsəniz, Allah-Taala sizə həqiqətən böyük əvəz verər. Həqiqətən düşünürəm ki, bu quruluşun işçiləri olub belə şərt və qaydalarla işləyən siz əziz qardaşların mükafatını saymaq imkansızdır. Bu mükafat Allah yanında olduqca böyükdür.39
5- Ölkənin elm və sənaye inkişafında gənc nəslin böyük məsuliyyəti

İran İslam Respublikası bu gün malik olduqlarını öz övladlarının səyi ilə əldə etmişdir. Bizim dünyada heç kəsin minnəti altında deyilik. Düzdür, dünyanın modern imkanlarından istifadə etmişik, lakin başucalığı ilə; bundan sonra da başucalığı ilə istifadə edəcəyik. Eyni zamanda bizim ən çox ümid və etimadımız əziz İslam İranının fitri və daxili qüvvələrinədir. Bizi inkişaf etdirməli olan bizim gənclərimiz, mütəfəkkir beyinlərimiz, mahir əllərimiz, özümüzün böyük, qurucu və yaradıcı ruhlarımızdır. Mən bu gün bu torpağın sizin kimi şücaətli övladlarına deyirəm: özünüzə güvənin. Biz qapını və yolu bağlamırıq ki, dünyanın imkanlarından və mühüm texnologiyadan istifadə etməyək. Elm və texnologiya bütün bəşəriyyətə məxsusdur, heç kəs onu yalnız özünə aid edib kiməsə minnət qoya bilməz. Bugünkü sivilizasiyanın formalaşmasında bütün bəşəriyyətin rolu olmuşdur. Biz yolu üzümüzə bağlamır və bunu öz haqqımız bilirik.40


Biz digər ölkə və xalqların elm və təcrübəsindən istifadə etməyə qarşı çıxmırıq. Bizim sözümüz budur ki, bu ölkəni iranlı və özümüzünkü qurmalıdır. Əcnəbi sizin evinizə ürək yandırmaz, özünüz ürək yandırmalısınız. İradəli iranlılar, gənclər, alimlər, mütəxəssislər, peşəkar beyinlər, dəyərli insanlar, adi xalq və işgüzar qüvvələr İranı qurmağa çalışmalıdırlar. Sözsüz ki, digərlərinin təcrübə, elm və ixtisasından istifadə etmək lazımdır. Biz öyrənmək yolunu bağlamırıq. Dünyanın şərqində və qərbində harada elm və təcrübə varsa, gedib öyrənərik. Bu, İslamın tapşırığıdır, ona qarşı heç bir müxaliflik yoxdur, lakin bu gün bizim sözümüz budur ki, məsuliyyət sizin üzərinizə düşür.41
Siz elm adamları kimi, İranın elm tarixinin necə fəxrli bir tarix olduğunu bəlkə bizdən də yaxşı bilirsiniz. Bəzən nəyisə aşağılamaq üçün onun Orta əsrlərə aid olduğunu deyirlər, amma bilmirlər ki, Orta əsrlər Avropa üçün xəcalət dövrü, bizim üçün isə nur dövrüdür. Siz hicrətin dördüncü əsrinə baxın. Adam Mitsin “Dördüncü hicri əsrində İslam mədəniyyəti” kitabı göstərir ki, bütün İslam məmləkətləri dünyanın elm bazarı və onun əsas mərkəzi də İran olmuşdur; yəni İsfahan, Rey, Fars, Xorasan, Hərat, Mərv və s. Bu şəhərlər dünya elminin mərkəzi və zirvəsi olmuşdur. Təəssüf ki, bugünkü nəsil bunları bilmir. Əlbəttə, dediyim bu sözləri yüz dəfə eşidiblər, hamı kitabında yazıb, hər yerdə danışılıb, amma buna inam yoxdur. Dillə deyilməsə də, bugünkü və bundan qabaqkı nəsildə İranın keçmişinə dair inamsızlıq haləti var. Səbəbi də budur ki, Qərb sivilizasiyası və nəhəng texnologiya hər yeri o qədər bürüyüb ki, heç kim öz keçmişinə baxmağa cürət etmir.

Bu gün elm onların əlindədir - bunda heç bir şübhə yoxdur - lakin onlar xalqların elmi keçmişini də inkar etmək istəyirlər. Qərblilər və avropalılar bəzi yerlərdə, məsələn, Latın Amerikasının bəzi bölgələrində sivilizasiyaların olduğunu da inkar edirlər. Perunun keçənilki prezidenti mənə deyirdi ki, biz arxeoloji qazıntılar zamanı zəngin bir sivilizasiyanın qalıqlarını tapmışıq. Məsələn, 500 il öncə Perunun bir sivilizasiyası, qüdrətli hökuməti, elmi, sərvəti olmuşdur. Siz görün bu gün Peru dünyanın harasındadır - heç bir şeyi yoxdur. Elə bir iş görüblər ki, Peru xalqı öz keçmişindən heç nə bilmir. Qazıntı aparmaq lazım olmuşsa, özləri aparmışlar. İndi bunlar onun cüzi qalıqlarını "kəşf" edirlər. Bizdə bu qədər kitab, elmi əsər və şəffaf tarix olduğuna görə İran haqda bu işi görə bilməzdilər, amma təsirini beyinlərdən çıxardılar. Siz onu qaytarmalısınız. İndi elm dünyasının məşhurları bunu bir qədər təmin edirlər, amma həqiqətən işləmək lazımdır. Bu elmi keçmişi gənc nəslə xatırladın. Bunun bizim elmi inkişafımıza güclü təsiri var. Bu nəsil istedadlı və belə bir keçmişinin olduğunu bilsə, gələcəyə bir cür baxacaq, olan-qalan nə varsa, hər şeyin avropalıların əlində və həmişə Avropanın arxasınca düşməli olduğunu düşünməsi isə elmi inkişafa ayrı cür təsir göstərəcək. 42

Bu gün müstəmləkəçiliyin, hegemonizmin, ABŞ-ın və dünyanı fəsada tutmuş sionistlərin çox həssaslıqla yanaşdıqları məsələlərdən biri, inqilabi quruluşa malik ölkələri elmi cəhətdən inkişaf etməyə qoymamaqdır. Onlar bu baxımdan bizim ölkəyə daha həssas yanaşırlar. Çünki onların İslama və İslam inqilabına qarşı həssas mövqeləri başqa heç bir inqilaba qarşı olmayıb, yoxdur və olmayacaq.

Bu gün bu ölkədə elmi inkişaf etdirmək iqtidarında olanlar daha artıq vəzifə duymalıdırlar. Düşmən bizi öz ayağımız üstə durmağa qoymur. Biz o zaman öz ayağımız üstündə dura bilərik ki, elmi özümüz istehsal edək və biz dilənçi kimi düşmənlərimizə əl açmayaq.43




: lib -> doc
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu
doc -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hİcab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci bölmə: İslam və Elm
doc -> Tərtib edən: Əlirza Muxtarpur Tərcümə edən: Əlirza Sərablı
doc -> Tibbur-Rəsul (Peyğəmbər təbabəti)
doc -> HÜcr ibn əDİ (İdeallarla tanışlıq)


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə