ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   19   20   21   22   23   24   25   26   27

Ölüm və cəza 

 

İnsan həyatında doğum şadlıq yaratdığı halda, ölüm həsrət, 

qəm  gətirir.  İnsan  iki  yolla  dünyadan  gedir:  Biri  yatdığı  yerdə, 

yataq  içində  yaşın  çoxluğundan.  Ya  sağalmaz  naxoşluqdan 

vücudun  sarsılması,  ölgünləşməsi  ilə,  ikincisi,  ayaq  üstə 

vücudunda  həyat  çağladığı  halda  ölür.  Bu  ikinci  yolla  ölənlərin 

içində təsadüfə uğramaq kimi gözlənilməz ölümlər olduğu kimi, 

bu saya göz yumanların çoxunu, din, haqq, xalq, vətən  yolunda 

canından  kecən  şəhidlər  təşkil  edir.  Doğmaq  halında  dünyadan 

gedən  analar,  səğir  uşaqlar  da  bu  şəhidlər  sırasında  olur. 

İnanclara  görə  şəhidlər  bağışlanmış  olur,  onlar  sual-sorğusuz 

behiştə gedir. Kərbala şəhidləri övliyaların  himayəsi altında  yer 

tuturlar.  Din,  haqq,  vətən  yolunda  şəhid  olanların  torpağa 

tapşırılma,  əza  mərasimi  el  mərasiminə  çevrilir,  bunların 

cənazəsini el yola salır, əzasını da el saxlayır. 

Bir adamın can üstə olduğunu duyunca, istər kişi  olsun,  ya 

qadın,  xüsusən,  yorğan-döşək  olsa,  mümkün  surətdə  onu 

təmizləyir,  alt  paltarlarını  dəyişir,  əl-ayağına  həna  qoyarlar. 

Çünki  həna  peyğəmbərdən  qalmadır.  İnkir-minkir  ölünün 

sorağına gələndə hamıdan qabaq onun  əlinə-ayağına baxır,  əgər 

həna  qoyulmuşsa  onun  peyğəmbər  ümməti,  Əli  şiəsi  olduğuna 

inanıb  qayıdır.  Bir  para  dünya  görmüşlər  can  üstə  olan  adamın 

simasında,  səsinin  xırıltısından  onun  canını  tapşırmaqda 

olduğunu bilirlər. Can verməkdə olan adamı üzü qibləyə üzadır, 

yastığı  onun  başının  altından  götürürlər.  Can  tapşırmaqda  olan 

adamı  tək  başına  buraxmaq  olmaz.  Lakin  arvad  xeylağı  onun 

yanında  tək olmamalıdır.  Can  verməkdə  olanın  yanında  ucadan 

danışmaq,  ya  bərkdən  ağlamaq  olmaz.  Onda  can  bezikməsi 

yaratdığına  görə  caiz  sayılmaz.  Bu  halda  ölüm  yatağında  olan 

adamın  dişləri  qayırma  olsa,  ağzından  çıxarırlar.  Çay  qaşığı  ilə 



 

445 


ağzına  suda  çalınmış  Kərbala  türbəti  damızdırarlar.  Kəlmeyi-

şəhadəti  ona  dedirdirlər,  ruhun  bədəndən  rahat  çıxması  üçün 

mümkün qədər ona əl vurmazlar. 

Can bədəndən çıxanda, ulduz göy üzərindən axandan sonra, 

onun  gözlərini,  ağzını  yumar,  çənəsi  düşməsin  deyə  bağlarlar. 

Ayaqlarını,  əllərini  düz  uzadırlar.  Ayaq-baş  barmaqlarını  bir-

birinə  bağlayıb  üstünə  ağ  parça  çəkib,  üstündən  bir  tirmə  şal 

salırlar.  Bütün  bu  işləri  yerinə  yetirəndə,  çalışarlar  əlləri  ölüyə 

toxunmasın.  Əlin,  ya  bədənin  ölüyə  toxunması  ölü  qüslü 

tökməklə pak ola bilər. 

İnsan  axşam  öləndə,  onu  məhəllə,  ya  kənd  məscidinə  apa-

rıb, orada əmanət qoyurdular. Lakin gecə ölsəydi, evdə saxlayıb, 

səhər tezdən evdən çıxardırdılar. Ölünün  yerdən tez qalxmasına 

tələsir, onun yüngül qalxması savabkarlıq əlaməti sanılırdı. 

O  ec ə 

b


 

446 


Ölünün  evdən  çıxarılması  nə  qədər  lazımdırsa,  onun  tez 

yuyunub-təmizlənməsi, kəfənə tutulması da bir o qədər lazımdır. 

Qəbiristanlıqda  ölü  yumaq  yeri  olmurdu.  Hal-hazırda  bir  cox 

kəndlərdə  ölü  evdə  yuyulur.  Ölü  evdə  yuyulanda  həyətin  açıq 

yerində çadır qurulurdu. 

Ölü adi camaatdan olanda parçadan,  ya çadradan bir pərdə 

çəkilirdi ki, gəlib-gedənin gözü ölüyə sataşmasın. 

Ölü  məhəllə  məscidindən  əmanət  gətirilən  taxta  tabut  üstə 

yuyulurdu.  Əgər  ölü  yuyan  olmasa,  bir  nəfər  yaxın  adamla-

rından  soyunub,  belinə  fitə  tutar,  lazım  gəlirsə,  bir  ayrıca  adam 

da ona su tökməyə yardımçı olardı. 

Qüsl  başlamamış  ölünün  yaxınlarından  biri  ölünü  soyun-

durub, yuyulmasına icazə verir. Ölünün üstünə suyu ilk dəfə onun 

yaxınlarından  biri  töküb,  ölünün  adını  çağırıb  deyərdi:  –  Heç 

qorxma, biz sənin qohumların, yaxınların, hamımız burdayıq. 

 Bu  sözdən  sonra  ölünü  yuyub-arıdıb,  əvvəl  sidr  suyu,  sonra 

kafur suyu, üçüncü dəfə xalis su ilə qüsl verirlər. Qüsl qurtarandan 

sonra  bir  miqdar  kafur  onun  alnına,  əllərinin  içinə,  dizlərinin 

gözünə,  ayaq  barmaqlarına  sürtürlər.  Bu  kafur  ölüdən  yaxşı  qoxu 

qalxmaq,  qəbr  evində  həşaratların  ona  yaxın  düşməməsi  üçün 

sürtülür.  Ölünün  lazım  olan  yerlərinə  pambıq  qoyurlar,  sonra  da 

söyüd ağacından bir cüt qoltuq ağacı onun sağ ilə sol qoltuğu altına 

qoyurdular ki, sual-cavab başlayanda onlara dayansın. Kişi ölüsünü 

kişi,  arvad  ölüsünü  arvad  yuyardı.  Ölü  kişi  olanda  yanına  möhür 

qoyur, arvad olsa, boynuna türbət təsbehi salardılar. 

Qüsl  mərasimi  qurtarandan  sonra  ölü  kəfənə  tutulurdu. 

Kəfən hətmən ağ çəlvardan olmalı idi. Kəfən kişilərdə beş tikə-

dən, arvadlarda yeddi tikədən təşkil olunurdu. Bir çox möminlər 

ölməkdən  qabaq  Məşhəd,  Kərbala,  Məkkə  kimi  müqəddəs 

yerlərə  ziyarətə  gedəndə  özləri,  yaxınları,  habelə  tapşıranlar 

üçün  apardıqları,  ya  aldıqları  kəfən  parçasını  təbərrük  etməyə 

(zərihə sürtməklə) lazım olan günə qədər saxlayırdılar. 

Ölünün  əynindən  çıxarılan  paltarlar  ölü  yuyanlara  çatır. 

Onlar qabaqcadan həmin paltarların cibinə qoyulmuş pulu muzd 



 

447 


olaraq götürürlər. Bundan əlavə ölü yiyəsi bacardıqca onları razı 

salır. 


Qüsl,  kəfən  işi  qurtarandan  sonra  ölünü  əbədi  evinə  apar-

maq  üçün  tabuta,  ya  taxtadan  qayrılmış  qutuya  qoymazdan 

qabaq üç kərə onu yerdən qalxızıb tabuta yaxınlaşdırır, yenidən 

yerə qoyurlar. 

Dördüncü dəfə qaldırıb tabuta qoyur, üstünə bir taqə, şal, ya 

bir  xalça  salırlar.  Cənazəni  üç  kərə  qaldırıb,  yerə  qoymağın 

səbəbi budur ki, onun ruhu tabutun üstündə uçur və deyir:- Məni 

ev-eşiyimdən, əhli-əyalımdan ayırıb hara aparmaq istəyirsiniz? 

Tabut,  ölünün  yaxın  adamları,  onu  uğurlamağa  gələnlərın 

birgə  “Lailəhəillah” səsilə dörd tərəfdən qaldırılır, ona  yapışan-

lar tez- tez bir-birlərini dəyişir. Yoldan ötənlər savab qazanmaq 

üçün yoldan ayrılıb, 7 qədəm tabuta yardım göstərir, yenə qayı-

dıb  yollarına  davam  edirlər.  Qəbiristanlıq  yaxın  olanda,  xüsu-

silə,  kəndlərdə  cənazə  çiyində  aparılır.  Uzaq  olanda  maşınla, 

kəndlərdə bu kənddən o biri kəndə dəvə, ya at üstə aparılırdı. 

Qəbrin dərınliyi 2 metr olur. Arvad qəbri kişi qəbrindən bir 

az da dərin qazılır. 

Ölünün  namazı  evdə  qılınmamış  olsa,  bir  axund  onun 

namazını  qılır.  Namaz  qurtarandan  sonra  ailə  adamlarından 

birisi  ölü  qadın  olursa,  mərhəm  kisilərdən  biri  ayaqyalın-

başıaçıq  qəbrin  içinə  girir, o  biriləri  cənazəni  tabutdan  qaldırıb, 

yenə üç dəfə yerə qoyub, götürürlər. Dördüncü dəfə baş tərəfdən 

qəbrin  içindəki  adama  verirlər.  O  da  cənazəni  sağ  böyrü  üstə, 

üzü  qibləyə  yatırdır,  başı  altına  da  bir  kərpic  qoyur,  kəfənin 

ölünün üzünə tərəf hissəsini açır, sonra qəbrin aşağısından çıxır. 

Axund təlqın verir. Sonra qəbirqazanlar böyük daş, ya kərpic ilə 

qəbrin üstünü örtürlər. Dəfndə olanlar da hər biri qəbrin üstə bir 

miqdar  torpaq  atırlar.  Arvadlardan  qəbir  üstünə  gələn  olsa, 

qəbrin üstünə döşənib, şivən qoparır, ondan ayrılmaq istəmirlər. 

Baş barmaqlarını qəbir torpağına qoyub, fatihə oxuyurlar. 

Sonra  qəbrin  üstünə  su  səpib,  qayıtmaq  istəyəndə,  bir  neçə 

adam qəbirdən uzaqlaşıb, yenə qayıdır. Kəndlərdə çox vaxt qəbrin 



 

448 


üstündə  od  yandırırlar  ki,  torpaq  qurusun,  yerin  təzə  qazıldığı 

bilinməsin.  Ölünün  torpağa  tapşırıldığı  günün  axşamı  məhəllə 

mollası, ya hər mömin hazır olsa, ölüyə məhşət namazı qılır ki, ölü 

təklikdən, yaxınlarından uzaq düşdüyündən vəhşətə düşməsin. 

Haman gecə yenə ölənin evində, bəzən də məsciddə “şamı-

qəriban”  məclisi qurulur. Məclisdə “Quran”oxunur, qapı-qonşu, 

eşidib-bilənlər baş sağlığı verirlər.  

 

 



 

 


 

449 


MƏMMƏDƏLİ FƏRZANƏ 

(1923-2006) 

 

Altmış  ildən  bəri  Məmməd-



əli  Qövsi  Fərzanə  adı  ilə  tanınan 

ədəbiyyatşünas,  tənqidçi  və  icti-

mai  xadim  1923-cü  ildə  elm  və 

mədəniyyətin  beşiyi  olan  Təbriz 

şəhərində çoxuşaqlı və yoxsul bir 

ailədə  həyata  göz  açmışdır.  İqti-

sadi cəhətdən kasıb, mənəviyyat-

ca  zəngin  olan  bu  ailə  balaca 

Fərzanə  üçün  ilk  məktəb  rolunu 

oynamışdır.  Belə  ki,  bu  məktəb-

də  doğma  ana  dilimizin  incəlik-

lərinə  yiyələnmiş,  bu  dilin  əzə-

mətini  uşaq  yaşlarından  dərk  et-

mişdir. 


M.Ə.Fərzanə  gənc  yaşların-

dan  xalq  ədəbiyyatı  xəzinəmizin  zənginliklərinə  heyran  qalmış, 

milli-mənəvi dəyərlərimizi  böyük  məhəbbətlə sevərək təbliğ et-

mişdir. O, Təbrizdə orta məktəbi bitirmiş və burada da pedaqoji 

texnikuma daxil olmuşdur. Fərzanə 1942-ci ildən əmək fəaliyyə-

tinə  başlamış,  Təbriz  kitabxanasında  işə  girmişdir.  Kitabxanada 

işləmək,  çoxsaylı  ədəbiyyatla  tanışlıq  onun  həyata  baxışında, 

dünyagörüşünün  formalaşmasında  yeni  bir  səhifə  açmışdır.  Elə 

həmin illərdən elmi və bədii yaradıcılığa başlayan M.Ə.Fərzanə 

müxtəlif  mövzularda  dəyərli  elmi  məqalələr  yazaraq  çap  et-

dirmişdir.  

Uzunömrlü “Varlıq” dərgisi nəşrə başladığı 1979-cu ilin ilk 

günlərindən M.Ə.Fərzanə bu dərgi ilə əməkdaşlıq etmiş, klassik 

və müasir ədəbiyyatın, folklorun toplanılıb araşdırılmasında bö-

yük  xidmətləri  olmuşdur.  O,  by  fəaliyyəti  ilə  yanaşı,  milli  mə-


 

450 


dəniyyətin  digər  sahələri  ilə  bağlı  dəyərli  elmi  məqalələri  ilə 

“Varlıq” dərgisində tez-tez nəşr olunmuşdur.  

İlk  məqalələrindən  özünəməxsus  üslubu  ilə  seçilən 

M.Ə.Fərzanə getdikcə daha çox ictimai-siyasi, ədəbi yaradıcılığı 

ilə  tanınmağa  başlamışdır.  Onun  ilk  məqalələrindən  sayılan 

“Füzuli  lirikasına  bir  baxış”  və  “Divani-lüğət-it-türk”  əsərində 

olan atalar sözü və məsəllər “Vətən  yolunda” (bu qəzet 1941-ci 

ilin oktyabrında nəşrə başlamışdır) qəzetində nəşr etdirmişdir. 

M.Ə.Fərzanə  iyirmi  yaşından  milli  azadlıq  hərəkatının 

iştirakçısı olmuş, qələmi ilə də bu yolda xalqına xidmət etmişdir. 

Milli  azadlıq  hərəkatının  canlanması  ictimai  fikir  və  xəyalların 

gerçəkləşməsi dövrü olmuşdur. Həm də bu dövrdə milli ədəbiy-

yatın və  incəsənətin,  ən  başlıcası doğma dilimizin inkişafı üçün 

hər cür şərait yaranmışdır. 

M.Ə.Fərzanə  bu  dövrdən  istifadə  edərək  (1945-1946-cı  il-

lərdə) daha böyük vüsətlə yazıb-yaradaraq Azərbaycan dastanla-

rı və Azərbaycan şifahi xalq ədəbiyyatının digər sahələri ilə bağ-

lı silsilə məqalələrini qələmə almışdır. O, təkcə bu bir il içərisin-

də həmin mövzuda 40-a yaxın məqalə yazıb çap etdirmişdir. O, 

İranda,  eyni  zamanda,  Bakıda  da  nəşr  olunurdı.  “Azərbaycan 

ədəbiyyatı tarixi”nin  iki  cildliyinə dair araşdırma xarakterli  mə-

qalələr yazıb həmin məqalələri “Şəfəq” jurnalında çap etdirmiş-

dir. 

Bu bir ildə xalqımız böyük nailiyyətlər qazanmış, lakin bu-



na  baxmayaraq  milli  hökumətin  süqutu  çoxları  kimi  M.Ə.Fər- 

zanənin  də  həyatına  öz  təsirini  göstərmiş,  o,  Təbrizdə  işlədiyi 

kitabxana  işindən  kənarlaşdırılmışdır.  Bütün  kitabları  anbara 

yığıb  kitabxananın  qapısını  möhürləmişlər.  Lakin  gənc  Fərzanə 

təkcə  “Kitabi-Dədə  Qorqud”  dastanlarını  gizli  şəkildə  əldə 

edərək  qoruyub  saxlaya  bilmişdir  (Azərbaycanın  görkəmli  mə-

dəniyyət  xadimlərindən  sayılan  Məhəmmədəli  Tərbiyət  “Dədə-

Qorqud”  dastanlarını  İrana  gətirmiş  və  yeni  üslubda  qurulmuş 

bu kitabxanaya vermişdir). Bu elə bir zaman idi ki, dilimizin ya-

saq  olunması  və  bir  dil  kimi  aradan  çıxarılması  üçün  çox  şey 



 

451 


edilir,  ana  dilində  olan  bütün  kitablar  müxtəlif  yollarla  məhv 

edilir  və  yandırılırdı.  Amma  bunu  edənlər  bilmirdilər  ki,  millə-

timizin, xalqımızın ana dilini unutdurmaq mümkün deyil. 

Folklorşünas  alim,  fədakar  tədqiqatçı  M.Ə.Fərzanə  İkinci 

Dünya savaşından sonra ədəbi-bədii düşüncəmizin əksi qaynaq-

larından  olan  “Kitabi-Dədə  Qorqud”  dastanı  barədə  ilk  söz  de-

yənlərdən  olmuşdur.  Belə  ki,  o,  “Azərbaycan  milli  dastanları” 

adı  altında  dastanın  xeyli  hissəsini  çap  etdirərək  İranda  tanın-

masına  səbəb  olmuşdur.  Çətin  dövr  olsa  da,  Fərzanə  bu  illərdə 

bir neçə kitab və monoqrafiya, ictimai-siyasi mövzularda məqa-

lələr də nəşr etdirmişdir. 

Milli  hökumətin  süqutu,  onun  nailiyyətlərinin  məhv  olun-

ması, ana dilli  ədəbiyyatın, dərs vəsaitlərinin tonqallarda  yandı-

rılması,  Fərzanənin  həyatında  heç  vaxt  unudulmayan  acı  xati-

rələr kimi “Ana dilimiz və varlığımız uğrunda mübarizələr” adlı 

xatirələr  kitabının  yazılmasına  səbəb  oldu.  Belə  silsilə  yazıları 

ilə  Fərzanə  ana  dilimizin  zənginliyindən,  milli-mənəvi  dəyərlə-

rindən,  folklorundan  bəhs  edərək  xalqımızın  qarşısına  sipər 

çəkənlərə cavab vermişdir. 

Onun  folklorla  bağlı  yazılarına  diqqət  etdikdə  bir  neçə  cə-

hətdən özünəməxsus keyfiyyət kəsb etdiyini görərik. Hər şeydən 

əvvəl, onun məqalələrində dərin müşahidəçilik özünü büruzə ve-

rir. Bu müşahidənin arxasında isə milli bədii təfəkkürə dərindən 

bələdlik açıq hiss olunur. Buna  misal olaraq qeyd etmək  lazım-

dır  ki,  o,  anasını  xatırlayaraq  yazırdı:  “Anam  savadlı  olmadığı 

halda,  sinəsi  tükənməz  söz  xəzinəsi  idi.  Əqlə  sığmaz  qədər  na-

ğıl,  dastan,  məsəl,  bayatı,  tapmaca,  qoşma,  gəraylı,  daha  nə  bi-

lim nə... bilirdi”. 

Məhz  elə  bu  xüsusiyyətlər  nəticəsində  də  onun  yazılarında 

elmiliklə bədiilik, xatirə düzümü  ilə publisist çalar bir-birini ta-

mamlayır.  Belə  ki,  onun  doğma  xalqına  bağlılığını  əks  etdirən 

belə silsilə məqalələrində dərin milli ruh duyulur. 

Fərzanə o illəri ürək sıxıntısı ilə belə xatırlayırdı: “Bir para 

alim  və  tədqiqatçı  adı  daşıyanlar,  kimlərinsə  diktəsi  ilə  yazılan 



 

452 


kitablarında  Azərbaycana  qondarma  tarix  yazaraq  ana  dilimizi 

rabitəsiz bir dil, ləhcə adlandırmışlar”. 

M.Ə.Fərzanə onu da qeyd etmişdir ki, Cənubi Azərbaycan-

da xalq  ədəbiyyatının  nisbi  halda olsa da, səmərəli toplanıb çap 

edilməsi  1945-1946-cı  illərdə  olmuşdur.  Bu  illərdə  Güney  və 

Quzey Azərbaycanı birləşdirən musiqi, teatr, mətbuat və nəşriy-

yat  körpuləri  yaranmışdır.  Təbrizdə  dərc  olunan  “Vətən  yolun-

da”  qəzeti  xalqa  yadırğamış  olduğu  dilini  anlatmışdır.  Fərzanə 

həm də onu xatırlatmışdır ki, azərbaycanlıların dilinin və mədə-

niyyətinin  yasaq edildiyi  illərdə onu yaşadıb qorumaqda xalqın, 

xüsusilə  də,  anaların  rolu  çox  böyük  olmuşdur.  Başqa  nə  qədər 

dözülməz olsa da, xalq küçə-bacada, iş yerlərində bayatı, qoşma, 

yetim sevdalı təranə və tiringə oxumaqla, analar evdə öz körpə-

lərinə  layla  çalıb  nağıl  deməklə  bu  milli  varlığı  qoruyub  yaşat-

mışdır. 

Folklorşünas alim 1948-ci ildən sonra bir neçə kitab və mo-

noqrafiya,  ictimai-siyasi  mövzularda  məqalələr  yazmış,  həm  də 

fars dilli  mətbuatda dəyərli kəskin  yazıları  ilə də nəşr olunmuş-

dur. O, həm də bu illərdən başlayaraq tərcüməçilik sahəsində də 

qələmini sınamışdır. 

Azərbaycanın dahi klassik şairi N.Gəncəvinin 850  illiyi  ilə 

bağlı  yazdığı  və  Təbriz  qəzetində  nəşr  etdirdiyi  məqalələr  elmi 

dəyərinə  görə  maraqla  qarşılanmışdır.  Fərzanə  o  vaxt  Təbriz 

Universitetinin  nəşr  etdirdiyi  “Nəşriyyə”  haqqında  tənqidi  mə-

qalələrini yazmışdır ki, həmin məqalələrdə Azərbaycan əleyhinə 

olan fikirlər tənqid olunurdu.  

Fərzanənin xalqına olan xidmətlərindən biri də böyük çətin-

liklər  bahasına  yaranmış,  iki  qardaşı  ilə  birlikdə  açdığı  “Fərza-

nə”  nəşriyyatı  olmuşdur.  Bu  nəşriyyatın  yaranmasında  əsas 

məqsəd  qırxıncı  illərdə  məhv  edilmiş  dərs  vəsaitlərinin,  milli-

mənəvi dəyərlərimizi  əks etdirən əsərlərin çap olunması olmuş-

dur.  M.Ə.Fərzanə  bu  yolda  yorulmadan  çalışaraq  mövcud  boş-

luğu  doldurmaq  üçün  əlindən  gələni  əsirgəməmiş,  30-dan  artıq 

kitabın  çapına  nail  olmuşdur.  Fədakar  alim  özünün  neçə-neçə 



 

453 


kitabının çapa ehtiyacı olduğu halda, digər müəlliflərin kitabları-

nı  ön  plana  çəkmişdir  ki,  bu  da onun  xalqına  xidmətinin,  nəcib 

hisslərinin bariz nümunəsidir. 

1964-cü  ildə  Məmmədəli  Fərzanə  uzun  illərin  zəhmətinin 

bəhrəsi  olan  “Bayatılar”  kitabını  geniş  müqəddimə  ilə  nəşr 

etdirmişdir. Elə həmin ildə həmçinin “Azərbaycan dilinin qram-

matikası”  kitabının  iki  cildliyini  çap  etdirmişdir.  Bu  nəşrlər 

müxtəlif  mübahisə  və  rəylər  doğurmuşdur.  Kitabı  M.Ə.Fərzanə 

böyük  məhrumiyyətlər  içərisində-həbsxanada  yazmışdır.  Fər- 

zanənin  bu  kitabı  böyük  marağa  səbəb  olmuşdur.  Hətta  onun 

sorağı  Almaniyaya  da  gedib  çatmışdır.  Burada  kitabın  dəyəri 

haqqında  fikirlər və  mülahizələr söylənilmiş, kitab alman dilinə 

tərcümə  edilmişdir.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 

Nəsimi adına Dilçilik İnstitutu da bu əsərə müsbət rəy vermişdir. 

Onun  istər “Bayatılar”,  istərsə də “Azərbaycan dilinin qramma-

tikası”  kitabları  Pəhləvi  rejimi  şəraitində  yalnız  bir  dəfə  nəşr 

edilmişdir.  1979-cu  il  inqilabından  sonra  isə  ayrı-ayrı  vaxtlarda 

“Bayatılar” doqquz, “Azərbaycan dilinin qramma- tikası” kitabı 

dörd  dəfə  nəşr  edilmişdir.  Fərzanə  “Azərbaycan  dilinin  qram-

matikası”  kitabında  ilk  dəfə  olaraq  dilin  fonetik  səs  tərkibini 

latın qrafikası ilə vermişdir. 

1964-cü  ildən  sonra  Azərbaycan  dili  İranda  yenidən  qada-

ğan  olunduğu  üçün  M.Ə.Fərzanə  də  fars  dilində  yazmağa  baş-

lamış, xüsusilə, tərcüməçilik sahəsində fəaliyyətini davam etdir-

mişdir.  1963-cü  illərin  sonu,  1970-ci  illərin  əvvəllərində 

“M.H.Şəhriyarın  “Heydərbabaya  salam”  mənzuməsinin  bədii 

xüsusiyyətləri” adlı geniş məqaləsini, habelə Səhəndin “Sazımın 

sözü” kitabına  həm  farsca, həm də azərbaycanca  müqəddi-  mə-

lərini yazmışdır. 

1979-cu  il  inqilabından  sonra  M.Ə.Fərzanənin  bir  sıra  ki-

tabları  və  tərcümələri  işıq  üzü  görmüşdür.  “Kitabi-Dədə  Qor-

qud”,  C.Məmmədquluzadənin  “Molla  Nəsrəddin”  xatirələri  və 

novellaları, Şəhriyarın şeirləri və “Heydərbabaya salam” poema-

sı, “Hopopnamə”nin yeni çapı, Ələviyyə Babayevanın “Harada-



 

454 


san, dost, haradasan?”, Əziz Nesinin “Belə gəlmiş, belə getməz” 

romanları müəllifin tərcüməçilik fəaliyyəti ilə bağlı olmuşdur. 

Səksəninci illərdə isə M.Ə.Fərzanə 1945-1946-cı illərdə ya-

zılmış  bəzi  dərslikləri  yenidən  nəşr  etdirmişdir.  “Varlıq”  dərgi-

sinin səhifələrində onun aşağıdakı elmi məqalələri də nəşr olun-

muşdur: Azərbaycan fars dillərində geniş müqəddimə ilə “Molla 

Nəsrəddin lətifələri”, “Azərbaycanın el sözləri”, “Atalar sözləri, 

məsəllər  və  deyimlər”,  “Azərbaycan  ədəbiyyatı  antologiyası”, 

“Dilimizin fonetik sözlüyü”, “Azərbaycanın əsas inciləri” və s.  

O,  Azərbaycan  dilindən  fars  dilinə,  fars  dilindən  Azərbay-

can  dilinə  onlarla  əsər  tərcümə  etmiş,  100-dən  artıq  elmi  və 

publisistik məqalənin, neçə-neçə kitabın müəllifi olmuşdur. 

M.Ə.Fərzanə  bütün  bu  xidmətlərinə  görə  uzun  illər  Azər-

baycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnsti-

tutunun elmi  əməkdaşı olmuşdur. O, Azərbaycan  Yazıçılar Bir-

liyinin üzvü, Azərbaycan Pedaqoji Universitetinin fəxri doktoru 

olmuşdur.  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  adına 

Ədəbiyyat İnstitutunun hazırladığı folklor antologiyasının Cənu-

bi  Azərbaycan  folklorunu  əhatə  edəcək  3  cildini  Fərzanə  tərtib 

etmişdir. 

Ümumiyyətlə,  M.Ə.Fərzanənin  elmi-ədəbi,  bədii  yaradı- 

cılığına  nəzər  salanda  görürük  ki,  o,  əsərləri  və  bütövlükdə  ya-

radıcılığı  ilə  ana  dilimizin  inkişafına,  zənginliklərinin  üzə  çıxa-

rılmasına, öyrədilməsinə yorulmadan xidmət etmişdir. 

Zəngin  yaradıcılıq  yolu keçən M.Ə.Fərzanə ahıl çağlarında 

belə,  ömrünün  sonunadək  əlində  qələm  xalqının  rifah  halının 

yüksəlməsində fəallıq göstərmişdir. 

 

Nəzakət İsmayılova.  



Cənubi Azərbaycan ədəbiyyatı müasir mərhələdə, 

yaxud “Varlıq” ədəbi məktəbinin nümayəndələri,  

Bakı, “Elm və təhsil”, 2010, s. 70-78 

 

 



 

455 


BAŞLIQLAR 

 

Ön söz əvəzi................................................................ 3 

 

I  İnanclar .................................................................... 17 



II  Alqışlar, qarğışlar, andlar ........................................ 31 

III  Sayalar, holavarlar ................................................. 47 

IV  Nağıllar ................................................................. 53 

V  Atalar sözü və məsəllər ........................................... 120 

VI  Tapmacalar ............................................................ 146 

VII  Bayatılar............................................................... 153 

VIII  Lətifələr .............................................................. 175 

IX  Yuxuyozmalar ....................................................... 204 

X  Uşaq folkloru .......................................................... 244 

XI  Xalq mahnıları....................................................... 262 

XII  El deyimləri.......................................................... 283 

XIII Yekanat və Həmədan folkloru .............................. 302 

XIV  Etnoqrafik cizgilər .............................................. 375 

 

Məmmmədəli Fərzanə ............................................... 449 

 

 



 

 

 



 

456 


  

Güney Azərbaycan folkloru,  

I kitab (Təbriz, Yekanat və Həmədan  

ərazilərindən toplanmış folklor örnəkləri). 

Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013 

 

 

 



 

Nəşriyyat direktoru: 



Prof. Nadir Məmmədli 

 

Kompyuterdə yığdı: 



Ülviyyə Əliyeva 

 

Korrektoru: 



Sönməz Abbaslı 

 

Kompyuter tərtibçisi və 

texniki redaktoru: 

Ramin Abdullayev 

 

 

Kağız formatı: 



Mətbəə kağızı: №1 

Həcmi: 456 səh. 

Tirajı: 300 

 

 



Kitab AMEA Folklor İnstitutunun 

Redaksiya-Nəşriyyat şöbəsində yığılmış, səhifələnmiş, 

“Elm və təhsil” nəşriyyatında hazır diapozitivlərdən 

ofset üsulu ilə çap olunmuşdur. 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin