ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


Qonağın meyvə ilə nəziralığı



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   19   20   21   22   23   24   25   26   27

Qonağın meyvə ilə nəziralığı 

 

Keçmişdə  hər  meyvədən  bir  boşqab  doldurub  beş-altı 

nəfərın  qabağına  qoyurdular.  Meyvəni  elə  qoyurdular  ki, 

hamının  əli  çatsın.  Qovunu  qabığının  üstə  iç  elərdilər.  Onları 

qaba  qoyub,  hər  iki  nəfərin  qabağına  ayrılıqda  qoyardılar. 

Qarpız vermək istəsəydilər, hər beş nəfərə bir qarpız kəsərdilər. 

Bir  müddətdən  sonra  meyvəni  bulutlara  yığıb  dolandırmaq 

dəb  oldu.  Hər  meyvədən  bir  bulut,  ya  dövri  yığar,  qonaqların 

qabağına  tuturdular.  Hər  kəs  hər  növ  meyvə  istəsəydi  götürərdi. 

Bundan sonra da böyük meyvə qabı işlətmək dəb oldu. Meyvələrin 

hamısını bir böyük qaba yığıb, qonaqlardan nəzirallıq edərdilər. 

Mərhum  Ağa  Mirzə Tahir Tahiri, onun oğlu Həsənağa Ta-

hiri Məscidi-cameənin  müctəhidi  idilər. Onlar ruhani ailəsindən 

idilər. Onun qalan nəvə, nəticələri də çox nəcib, şərəfli  insanlar 

olub bəziləri fərhəngi işlərdə cameəyə xidmət edirdi. 

 Ağalar bir yerə gedəndə nökərləri də gedərdi. Onlar ağanın 

çubuğunu, tütününü aparardı. Nökərlər gedib, dəhlizdə dayanar-

dı. Ağa çubuq istəyəndə nökər fövrən tirmə kisədən tütün çıxar-

dıb, çubuğu doldurub yandırar, aparıb ağaya verərdi. 

 Mərhum  Həzrəti-Müstətab  Hüccət-ül-İslam  və-l  Müslimin 

Hacı Axund Molla İbrahim imami-Cümə imam-cümə xanəvədə-

sinin  böyüyü  idi.  O  mərhum  təqribən  1207-ci  hicri-qəməridə 

Ərdəbil  nahiyəsində  doğulub.  On  üç  yaşında  elmlə  əlaqəsi  ol-

duğu üçün İsfahan şəhərinə gedib, 25 il o elm mərkəzində təhsil 

alıb,  dini  elmləri,  o  cümlədən  hikmət  fəlsəfəsi  öyrənib.  Sonra 

Tehran şəhərinə gedib, orada bir müddət qalıb. Bir gün o vaxtın 



 

434 


sultanı bir məclis qurmuş, ruhaniləri, biliciləri dəvət etmişdi. Bir 

mühüm  mövzu,  müəmma  çevrəsində  bəhs  gedirmiş,  hazır 

olanlardan  hər  birisi  öz  rəyin  elan  edir,  amma  dürüst  cavabı 

Molla İbrahim verirmiş. 

Padşah  bu  şəxsin  zəkasına  afərin  deyib  Ərdəbilin  12  kilo-

metrliyində  bir  kiçik  kəndi  ona  bağışlayır.  O  kəndin  adı  Təzə-

kənd idi. 

 Molla  Muhərrəməli  axund  Molla  İbrahimin  atası  idi. 

Babası  Molla  Bahaəddinin  də  kənddə  malikiyyəti  var  imiş.  O 

mərhum  ali  təhsilatını  qurtarandan  sonra  Ərdəbilə  qayıdıb. 

Muhəmmədcəfər  küçəsində  namazi-camaat,  vaiz,  xitabəyə  ilə 

məşğul  olub.  Sonra  tələbələrinə  dini  dərs  verib,  tələbələri  çox 

olduqları  üçün  özü  bir  dini  mədrəsə  düzəltdirməyə  təşəbbüs 

göstərir.  O  mədrəsəni  öz  səliqəsi  ilə  tikdirir,  adını  da  “Mədrə-

səyi- Molla İbrahim” qoyur. 

Mərhumun  doğum  və  vəfat  tarixi  bir  kətibədə  həkk  olub. 

İbrahimabad məscidinin divarına vurulmuşdur. Sonralar kətibəni 

artıq  qurulmaq  üçün  məscidin  içinə  müntəqil  ediblər.  O 

kətibənin üstündə  məscidin tikilən tarixi 1275-ci  il  hicri-qəməri 

qeyd  olunub.  Axundun  doğum  tarixin  1207-ci  il,  vəfat  tarixin 

1307-ci  il  yazıblar.  Mədrəsənin  də  tikiliş  tarixi  1267-ci  il  hicri-

qəməri olub.  

Mərhum  Ağa  Seyid  Muhəmməd  Cəbəl  Amoli  Amol  şəhə-

rindən gəlmişdi. Onun 2 övladı varmış. Mərhum ağayi-ayətüllah 

Hacı  Mirsaleh,  ağayi-Hacı  Seyid  Yunis,  Ağayi-Hacı  Mirməh-

yəddin,  Hacı  Mirağa  onun  övladları  idi.  Seyid  Muhəmməd 

Cəbəl  Amoli  Məşhəd  şəhərində  dəfn  olub.  Mərhumun  nəvələri 

artıb.  Onların  hərəsi  gedib,  bir  şəhərdə  qalıb,  birisi  Məşhəddə, 

biri Ərdəbildə, biri Tehranda.  

 

Boyluluq (ikicanlı) 



 

 Azərbaycan  qızları  bütün  başqa  qızlar  kimi  bəxt  evinə 

gedib  “gəlin” olandan sonra səbirsizliklə  boylu (ikicanlı) olmaq 

arzusu  ilə  yaşayırdı.  Toydan  bir  müddət  sovuşandan  sonra 



 

435 


boyluluq  nişanələrini  görməyincə  təşvişə  düşüb  çarə  aramaq 

fikrinə  düşürdülər.  Uşağın  Allah  vergisi  olduğuna  inandıqları 

üçün  nəzir-niyazla  Allahdan  uşaq  diləməyin  uğurlu  olmadığını, 

bu  yolla  dünyaya  gələn  uşağın  öz  ata-anasının  başını  yediyinə 

baxmayaraq  boylu  olmaqdan  sarı  heç  bir  işdən  çəkinməzdilər. 

Çünki  uşaqsızlıq  ailə  ocağının  soyuqluğuna,  nəslin  qırılmasına, 

dedi-qodulara səbəb olmaqdan  əlavə, kişiyə arvadını  boşamağa, 

ya onun üstünə evlənməyə haqq qazandırırdı. 

Həyat  boyunca  təşvişə,  qaxınca  səbəb  olan  bu  sonsuzluğa 

son qoymaq üçün aşağıdakı təşəbbüslərə qatılırdılar. 

1.  İmamlara,  imamzadələrə,  müqəddəs  ocaqlara  baş  vurar, 

onlardan  hacət  (murad)  dilərdilər.  Bu  yol  ilə  uşağı  olanlar- 

arvadlar, o  imamın  adını  uşaqlarına  qoyur,  uşağı  oraya  ziyarətə 

aparırdılar. 

2.  Falçılara,  duayazanlara  baş  vurur,  onlardan  boylu  olmaq 

duası diləyirlər. Bu dualar, tasa baxmaq, kitab açmaq, göbək duası 

yazmaqdan başlayıb, cürbəcür döşək altına qoyma, suya salıb içmə, 

parçaya tikib yanında saxlama kimi yollarla həyata keçirilərdi. 

3. İmamlar, övliyalar adına, o cümlədən, İmami-Zeyna-  la-

bidin, Həzrəti  Əbülfəzli, Xanım Ruqiyyə, Bibi Şəhrəbanu adına 

ehsan süfrəsi açar, ya müqəddəs ocaqlarda yemək paylayardılar. 

4.  Qəbiristanda  ölü  yuyan  yerə  gedib,  qüsl  üçün  ölünün 

üstünə tökülən sudan bir stəkan alıb, gəlin (boylu olmaq istəyən 

cavan  arvad)  hamamda  yuyunandan  sonra  onun  başına  töküb, 

hamamdan çıxardardılar. Bunun adına çillə tökmək deyirdilər. 

5. Dabbaqxana suyundan gətirib, onun üz-gözünə səpər, ya 

içirdirdilər. 

6. Nəzir süfrəsinin tör-töküntüsünü onun başına silkərdilər. 

7.  Hamamda  10  nəfər  zahının  yuyunma  suyundan  alıb, 

onun başına tökərdilər. 

8.  Əgər  on  nəfər  zahının  yuyunma  suyundan  bir  yerə  yığ-

maq  mümkün  deyildisə,  yaxın  arvadlar  ona  bildirmədən  hama-

mın  4  bucağından  su  yığıb,  qəflətən  onun  üstünə  səpərdilər. 

İnanırdılar ki, o, bu çirkabdan diksinib, çilləsi töküləcək. 



 

436 


9.  Onu  bir  əza  yerinə  aparır,  cənazəni  yerdən  götürmədən 

üç kərə onun (cənazənin) üstündən atladardılar. 

 

Uşaq salmaq 

 

Qadınlar  yoxsul, çoxuşaqlı ailələrdə  boylu olmaqdan çəkinir-

dilər.  Boylu  olduqları  halda  uşağı  dünyaya  gətirməkdən  əvvəl 

salmağa çalışırdılar. Uşağı salmaq üçün bu kimi işlərə əl atırdılar: 

1. Üç gün səhər tezdən bir kasa zərinc suyu içirdilər. 

2. Ağır şeylər qaldırırdılar. 

3. Cəfərini  əzib  onun  suyunu  səhər  yeməyindən  qabaq 

içirdilər. 

4. Üç  gün  dalbadal  bir  misqal  zəfəranı  bir  neçə  noxud  ilə 

suda qarışdırıb içirdilər. 

5. Boyağı,  soğan  qabığını  bir  yerdə  qaynadıb,  üç  gün 

içirdilər. 

Bunun əksinə olaraq, bir çox qadınlar Allahın qorxusundan 

uşaqlarını  salmaqdan  çəkinirdilər.  Uşaq  düşürmə  təhlükəsi  əsa-

sən boylu arvadın  ağır şeyi götürməsindən, bərk  qorxmasından, 

əsəbiləşməsindən,  yıxılmasından,  başqa  bu  kimi  hadisələrdən 

törəyirdi.  Uşaq  düşürmə  qana  düşmə  ilə  başlayırdı.  Onun 

qabağını almaq üçün nişasta halvası bişirib xəstəyə yedirdirdilər. 

İnanırdılar ki, bununla uşağın düşməsinin qabağını alarlar. 

 

Boylu arvadın qorunması 



 

Bir  arvad  boylu  olarsa,  xüsusən  əgər  ilk  uşağıdırsa,  həm 

özü, həm də yaxın adamları onu bir para şeylərdən qorumalıdır. 

Boylu arvada əl vurmaq, ya onun üstündən atlamaq olmaz. Boy-

lu  arvadı  ağır  işlərə  girişməkdən,  ağır  hərəkətlərə  qatılmaqdan, 

atılıb-düşməkdən,  ağac  altında  yatmaqdan,  qaynar  suyu  yerə 

tökməkdən,  dəvəyə  minməkdən,  gün,  ya  ay  tutulanda,  bədənini 

qaşımaqdan çəkindirərdilər. 

 


 

437 


Yerikləmə 

 

Boylu  arvadların  bir  çoxu  boyluluğun  ilk  aylarından  baş-

layaraq  “yerikləmə”  haləti  tapırdı.  Yerikləmə  bir  çox  hallarda 

ürək bulanması ilə başlayır. Yeriki olan qadın bir para gündəlik 

xörəklərdən,  gündəlik  qoxulardan  iyrənir.  Adi  yeməklərdən 

iyrənən  boylular  olduğu  kimi,  təzə  gördüyü  yeməkdən,  ya 

duyduğu qoxudan xoşlanan, ondan yeməyə həvəs göstərən, hətta 

o yemək ələ çatmasa, umanlardan olur. Bunlardan bəziləri hətta 

xam  düyü,  kömür,  torpaq,  təbaşir  yeyirlər.  Bir  çox  cavan 

gəlinlər yerikləmə halında konülləri istəyən xörəyi onların üstü-

nə  qarınqulu  adı  qoyulmasın  deyə  dilə  gətirməz,  gizli  saxlar-

dılar.  Bəzi  dünya  görmüş  qadınlar  bunu  sezincə  bişirdikləri 

xörəkdən bir az götürüb, ona çatdırar, ya qəfildən onun kürəyinə 

vurub, “umduğun bu olsun” deyərdilər. 

Ailə  buna  görə  də  boyluluq  aylarında,  məxsusən,  əgər 

gəlinin  ilk  doğuşu  olsaydı,  ona  yerikləmə  göndərərdilər.  Bu 

yemək  üstü  örtülü  qabda,  göyərti,  turşu  ilə  birlikdə  aparılardı. 

Onu  aparan  yerikləməni  verib,  dayanmadan  qayıdardı.  Bunun 

ardınca kürəkənin ailəsi (oğlan evi) qabı şirə, ya gül ilə doldurub 

qaytarardılar.  Onun  yanında  bir  neçə  dənə  sikkə  də  qoyardılar. 

Bu sikkələr yerikləməni aparan adama çatardı. 

Baharda  yerikləyənə  yarpaq dolması  bişirib, ona bəzən sirkə, 

şirə,  hətta  göy  alça  tökərdilər.  Yarpaq  dolması  yerinə  kələm 

dolması, badımcan dolması, bibər dolması da göndə- rirdilər.  

 

Oğlan, yoxsa qız? 

 

Uşağın  oğlan,  yoxsa  qız  olması  bir  çox  ölkələrdə  olduğu 

kimi  Azərbaycanda  da  xüsusilə,  kəndlərdə  köçərilər  arasında 

hələ də çox əhəmiyyətli sayılır. Uşaq dünyaya gəlməyincə, onun 

oğlan,  yoxsa  qız  olduğunu  iddia  edər,  hətta  öz  iddiaları  üstə 

çəkişirdilər.  İlk  uşağı  qız  olan,  xüsusilə  bir-birinin  ardınca  qız 

doğan  qadınlar  ərləri,  yaxınları  tərəfindən  qaxınca  qalır,  başıa-


 

438 


şağılıq çəkir, atmacalara, dodaqbüzmələrə məruz qalır, bir sözlə 

bu töhmətə qatlanırdılar. 

Çox  qız  doğulan  ailədə  qızların  adını  “Qızqayit”,  “Qız-

bəsdi”, “Qızqurtar”, “Qıztamam” qoyurdular. 

Oğlan  doğmaq  arzusunda  olan  arvad  boyluluğun  hiss 

edəndə toyuq, bal, üzüm şirəsi, mürəbbə kimi qüvvətli yeməklər 

yeyirdi.  Yerikləyənin  qulağına  “ya  Muhəmməd,  ya  Əli”  adını 

çağırırdılar.  Bundan  əlavə,  körpənin  oğlan,  ya  qız  olmasını 

aşağıdakı inamlarla bilməyə çalışırdılar. 

1.  Boylunun  başına  astaca  bir  çimdik  duz  töküb,  sonra 

gözləyirdilər.  Boylu  bilməzdən  əlini  saçına  çəksə  qız,  üzünə 

çəksə oğlan doğacaqdır. 

2.  Boyluluq  aylarında  boylunun  üzü  səpgi  töksə,  uşaq  qız 

olacaqdı. 

3. Boylu küçədə-bacada iynə tapsa uşaq oğlan, sancaq tapsa 

qız olacaqdı. 

4. Yuxuda at, ya qılınc görsə, oğlan doğacaqdı. 

5. Yuxuda mirvari görsə, qız doğacaqdı. 

6.  Boylu  gündəlik  işlərini  yerbəyer  edib,  hərəkətdə  olursa 

oğlan, yeyib yatırsa qız olacaqdı. 

7. Uşaq bətndə balıq kimi üzürsə oğlan, yumurlanıb qalırsa 

qız olacaqdı. 

8. Turş şeylərə yerikləyirsə qız doğacaqdı.  

 

Doğum 



 

El inanclarından boylu qadının doğum sancısı 9 ay, 9 gün, 9 

saat,  9  dəqiqə,  9  saniyədən  sonra  başlayır.  Qadının  yaxın 

adamları  otağın  o  biri  tərəfində  yataq  salıb,  onu  yatırdırlar.  Ev 

adamlarından biri mama dalınca göndərilir. Hər məhəllənin, hər 

obanın  öz  maması  olur.  Mamalar  savadsız  olsalar  da  işin  yol-

yolacağına bələd adamlar olurlar. 

Mama gəlib çatınca hal-əhval tutub, zahını yoxlardı. Doğu-

mun  yaxınlaşmasını  duyunca  o,  badam  yağı,  ya  yeməli  yağ  ilə 

zahının  qarnını  yağlar,  uşaq  tərsə  düşmüş  olsa,  onu  çevirərdi. 



 

439 


Mamanın  işarəsilə  bir  böyük  mis  məcməyi,  ya  dəri  süfrə  açılır, 

onun  ortasına  ələnmiş  kül  töküb  zahını  külün  üstündə 

oturdurdular. Mama zahıya özünə güc verməyi, ucadan “ya Əli” 

çağırmağı  tapşırırdı.  Mama  zahının  dal  tərəfində  oturub,  yaxın 

qadınlardan  birini  də  zahının  qabaq  tərəfində  oturdurdu  ki, 

zahıya dayaq olsun. Zahı qarışıq səslə “ya”Əli” deyirdi. Belə bir 

inanc  var ki,  zahı doğanda  nə qədər dərd çəksə, günahları daha 

çox  bağışlanacaq.  Əgər  doğum  uzun  çəksə  ev,  ya  qapı  qonşu 

kişilərdən biri əzan verməyə başlar. Küçədən keçənlər əzan səsi 

eşitməklə bir zahının doğacağını başa düşüb, dua edərlər ki, zahı 

rahat olsun. Evində olanlar da  hər  birisi soğan, sarımsaq qabığı 

yandırar, manqala üzərlik salar, dua oxuyub püfləyərdilər. 

Doğum  gecikdikdə  onu  yaxınlaşdırmaq  üçün  qövzəban 

gülü  ilə  şüyüd  toxumunu  qaynadıb,  bir  az  da  ona  nabat  artırıb, 

zahıya içirdərdilər. Bununla birlikdə onun qarnının üstünə türbət 

suyu sürtürdülər. Uşaq gələndə mama onu tutub, kül üstə qoyur, 

cüftün  gəlməsini  gözləyirdi.  Cüft  düşəndən  sonra  zahını  astaca 

doğum  ocağından  qalxızıb,  yatağına  aparırdılar.  Zahıya  üstünə 

zirə,  zəfəran,  hil  səpilmiş  dağ  quymaq  verirdilər.  Uşağı  duz 

artırılmış  ilıq su  ilə  yuyundururdular. Suya duz artırmaq uşağın 

ətinin  bərkiməsi,  eyni  halda  onun  duzlu  olması  üçündür.  Uşağı 

yuyundurandan sonra onun həm sinəsini, həm də kürəyini tutan 

əndazədə şalvar geydirirdilər. Bu olduqca sadə geyimə “qiyamət 

köynəyi” deyirlər. Uşağı bələyib ananın yatağı yanında yatırdır-

dılar. Uşaq  yerbəyer olandan sonra  mama ana  ilə  uşağı al arva-

dından  qorumaq  üçün  qayçı  ilə  zahının  yatağının  dörd  tərəfinə 

cızıq çəkər, sonra da bir soğanı  bıçağa,  ya dəmir şeyə taxıb za-

hının  yatağı  yanına  qoyurdular  ki,  ziyan  yetirənlər  ona  yaxın 

düşməsin.  Zahının  başı  üstə  Quran  qoymaq  vacib  işlərdən  biri-

dir.  Doğum  zamanı  zahının  yanında  olanlardan  başqa  özgənin 

zahı  yatan  otağa  girməyə  icazəsi  yox  idi.  Birinin  ora  girməsi 

gərək isə, əvvəl uşağı otaqdan çıxarır, sonra yerinə qaytarırlar.  



 

440 


Zahını  hamama getməyincə otaqdan çıxmağa qoymazdılar. 

Əgər  otaqdan  çıxmaq  icbarında  qalsa,  başına  soğan  taxılmış 

bıçaq, ya şişi özü ilə götürməlidir. 

 

Zahının altısı 



 

Zahı  ilə  uşağı  zahı  hamamına  qədər  tək  buraxmazdılar. 

Xüsusilə  6-cı  gecəni  qorxulu  sanardılar.  İnanardılar  ki,  bu  gecə 

bizdən  yeylər uşağın  yanına gəlir, onu həmzadı  ilə dəyişdirmək 

istəyir.  Buna  görə  onları  yaxına  buraxmamaq,  qorxudub 

qaçırmaq  üçün  qapı  qabağına  dəmir  əsbab  töküb,  səs-küy  salır, 

oxuyur,  əl  çalır,  qapı-bacanı  tüstü  ilə  doldururdular.  Bu  arada 

mama da gəlib çıxırdı. Onun gəlməsi ilə çoxlu üzərlik salardılar. 

Onun  tüstüsünü  zahı  ilə  uşağın  otağının  hər  tərəfinə 

püfləyirdilər. Mama zahını bəzəyirdi. Bir dənə üzərlik xalı onun 

alnına,  bir  dənə  sol  döşünə,  bir  dənə  sağ,  bir  dənə  sol  ovcunun 

içinə,  bir  dənə  sağ  ayağının,  bir  dənə  sol  ayağının  altına 

qoyardılar.  Uşaq  oğlan  olsa,  onun  da  alnına,  gözlərinə  sürmə 

çəkərdilər.  Bu  işlərdən  sonra  yeddi  iynə  zahının,  yeddi  iynə  də 

uşağın  ləçəyinə  taxardılar  ki,  al  çəkinib  onlara  yaxınlaşmasın. 

Bu arada mama oradakı arvadlardan biri ilə ovcunun içinə bir az 

düyü töküb 7 qövl-həvalə oxuya-oxuya onu otağın  hər tərəfinə, 

hətta  zahının  döşəyinin,  yastığının  qıraqlarına  səpərdilər.  Belə-

liklə, əcinnənin qarşısına hasar çəkərdilər. 

 

Adqoyma 



 

Uşağa  adqoyma  doğumdan  sonra  altıncı  gecədə  olurdu. 

Qohum-qonşudan  bir  neçəsini  adqoyma  yeməyinə  çağırardılar. 

Bir sıra ailələrdə  məhəllə  mollasını çağırırdılar. Şamdam qabaq 

uşağı kişilər oturan otağa gətirib  mollanın qucağına  verir, xahiş 

edirlər ki, ona ad seçsin. O da uşağa müqəddəs adlardan neçəsini 

yazıb  Quran  arasına  qoyub,  uşağın  qulaqlarına  əzan  oxuyandan 

sonra  Quran  arasındakı  adlardan  birini  çəkib,  ucadan  oxuyub 



 

441 


deyərdi:  İnşallah,  bu  ad  sənə  mübarək  olsun,  sağlıq  olsun,  ata-

ananın sayəsində böyüyəsən. 

Molla  çağrılmayanda  uşağın  adını  ailənın  ağsaqqalı,  ya 

nənə  babası,  ya  dədə  babası  verərdi.  Əgər  qabaqcadan  ad 

seçməsəydilər, məşvərətlə bir ad seçib Qurana yazardılar. Adlar 

ümumiyyətlə  müqəddəs  adlardan,  xüsusilə,  imamların  adları 

arasından seçilirdi. 

Buna görə də ən müqəddəs adlar Muhəmməd, Əli,  Fatimə, 

Hüseyn, Bağır, Sadiq.... olardı. 

 Bunlardan  əlavə  bir  sıra  adlar  uşağın  doğulduğu  ay  adları 

ilə  əlaqədar  qoyulurdu.  Məs:  el  bayramı,  məzhəbi  bayramlarda 

olanlara Bayram, Bayraməli, Qurban, Qədir, o biri ayda olanlara 

Muhərrəm,  Səfər,  Rəcəb,  Şəban,  Ramazan  qoyurdular.  Qurban 

ayında  olanlara  Hacı  adı  verir,  ad  da  versələr,  Hacı  sözünü 

qoyduğu adın başına artırardılar. 

Bir  sıra  ailələrdə  uşağa  dünyadan  getmiş  baba,  nənələrinin 

adını  qoyurdular  ki,  onların  xatirəsi  unudulmasın.  Bir  sira 

savadlı  ailələrdə  uşağın  adını,  doğulduğu  tarixi  Quranın,  ya 

başqa dini kitabın astar kağızına yazırdılar. 

Adqoyma  mərasimi  qurtarandan  sonra  şam  verirdilər.  O 

şamdan zahıya da verirdilər.  

 

Zahı hamamı 



 

 Uşaq doğulandan sonra zahı hamama gedərdı. Zahı məriz-

əhval,  ya  hava çox soyuq olanda zahı  hamamını  dala salardılar. 

Zahı  hamamına  aparılacaq  günün  axşamı  mama,  əgər  mama 

olmasa  iş  bilən  ev  adamlarından  biri  yumurta  sarısını  noxud 

unu,  göy  zirə,  qəhvə,  üzərliklə  qatıb,  onun  xəmirini  hazırlayıb 

zahının  başına, saçına  yaxardılar ki, onun tükləri  qüvvət tapsın. 

Sonra  bir  xəmir  də  yumurtanın  ağı,  kömür  tozu,  bir  para  isti 

ədviyyatdan  düzəldib  zahının  belinə  salardılar.  Zahının  belini 

bal  ilə  möhkəm  ovuşdurub,  döyülmüş  kömürün,  qovrulmuş 

üzərliyin  tozunu  üstündən  səpib  bağlar,  zahını  səhərə  kimi 

yerində yatızdırardılar. 



 

442 


Səhər tezdən  hamam  işçilərindən biri gəlib zahının  hamam 

ləvazimatını aparırdı. Bunun dalınca, zahı, mama, yaxınlarından 

bir  neçəsi  hamama  yollanırdılar.  Hamama  getməmiş  otağı 

süpürür, yatağı yığışdırırdılar. 

Zahı bu işlər başa çatdıqdan sonra ucuna soğan taxılmış bı-

çaq,  ya  qayçını  özüylə  götürüb  yola  düşürdü.  Zahı  ilə  ayaqla-

şanlardan biri uşağı, bir ayrısı da bir az sarı yağ, bir şüşə abqora, 

duz, yumurta, azca sarıkök, mumya, şüyüd toxumu götürürdü. 

Zahı hamamın astanasına çatanda soğanı bıçaq, ya qayçının 

ucundan  çıxarıb  ayağının  altına  salır,  əzir,  beləliklə  də  qada-

balanı özündən uzaqlaşdırırdı. 

Hamamda zahını  soyundurub  içəri aparır, uşağı ahıl arvad-

lardan  biri  eşikdə  saxlayırdı.  Hamamın  içində  yenə  zahını 

üzüqoylu salıb, belini mumya, bəlsan yağı ilə yağlayıb möhkəm 

ovurdular. Hamamın istisi, masajın təsiri ilə zahı tərləyir, bədəni 

yumşalırdı.  Zahı  tərləyəndən  sonra  onu  arxası  üstə  uzadıb,  sinə 

sümüyündən  göbəyin  aşağısına  qədər,  yuxarıdan  aşağıya  masaj 

edirdilər ki, doğumdan sonra bədəndə yığılan sular aşağı ensin. 

Zahı  paklanıb,  hamamın  soyunma  yerinə  çıxmağa  yaxın 

evdən ona meyvə, şirni, qovut, şərbət gətirərdilər. Sonra bir qaba 

su töküb ora iki qurşum halqa salır, sonra da halqanı çıxarıb, göz 

aydınlığı kimi uşağın qulağına taxırdılar. 

 

Qurbanlıq 

 

Bir  para  ailələrdə,  uşağa  xüsusilə,  uşaq  oğlan  doğulanda 

qurbanlıq  kəsmək  vacib  sayılırdı.  İnanırdılar  ki,  uşağa  kəsilən 

qurbanlıq  qiyamət  günü  bir  dəvəyə  çevrilər,  uşağı  dalına 

mindirib,  Sirat  körpüsündən  keçirdər.  Uşaq  üçün  kəsilən  qur-

banlıq evdə, ya evə yaxın yerdə kəsilərdi. Onun qanını, dərisini, 

içalatını  haman  yerdə  qoyurdular.  Onun  ətindən  yekə  qazanda 

bışirib,  ona  istiot,  sarıkök  töküb  kasa-kasa  paylayardılar.  Bu 

qurbanlıq sümüklərini qurbanlıq kəsilən yerdə basdırardılar. 

 


 

443 


Dayə 

 

Uşaq  yuyundurulub  bələndikdən  sonra  bir  ağbəxt  ana  bar-

mağının ucu ilə uşağın ağzına kərə sürtərdi. Onun ardınca uşağa 

çay  qaşığı  ilə  qəndab  verirdilər.  Bu  işi  edən  adam  az  yeyən 

olmalı idi ki, uşaq böyüyəndə yeyimcil qarınqulu olmasın. 

Üç gün uşağa kərə ilə şuvərən, türüncü, nabat xakəsi verir-

dilər. Kərə uşağın qarnını təmizləmək üçün verilirdi. 

Dördüncü  gündən  uşağa  süd  verilərdi.  Bir  neçə  gündən 

sonra  ana  südü  gəlirdi.  Ana  südü  gec  gəlsə,  ya  uşaq  əmcəyi 

tutmasa o ac qalır, çığır-bağır salırdı. 

Əyanlar  körpə  uşağı  saxlamaq  üçün  taya  (dayə)  tutardılar. 

Uşağa  inək  südü  vermək  istəməzdilər.  Bu  süd  uşağın  sağlam-

lığını pozurdu. 

Belə  bir  inancdan  asılı  olaraq,  uşağa  dayə  axtaranda  çalı-

şırdılar  dayə  mümkün  qədər  nəcib,  xoşxasiyyət,  sağlam,  boy-

buxunlu, südlü olsun. 

 Dayənin yeməyinə çox diqqət yetirər, ona qüvvətli yemək-

lər verirdilər. Başının üstə noğul, paxlava, peşmək, mürəbbə, bu 

kimi enerji doğuran yeməklər qoyardılar. 

Dayələri  uşağı  olub  qalmayan,  südü  aşıb-daşan, öz  uşağın-

dan əlavə ayrı uşağı da əmizdirən anaların içərisindən seçirdilər. 

Bu dayələr uşağın süd anası kimi tanınardı. 

Uşağı  öz  doğma  anasından  savayı  öz  uşağına  süd  verən 

qadın əmizdirəndə, bu uşaq həmin arvadın yaşıd qızı, ya oğlu ilə 

süd bacısı, ya süd qardaşı sayılırdı. Bir sira ailələrdə bu qardaş-

bacılığa çox hörmət qoyulardı. 

 

Qulaq dəlmək 

 

Uşaq qız olursa, elə həmin gün, ya ad qoyma axşamı mama, 

ya  zahının  yaxınlarından  biri  uşağın  hər  iki  qulağını  dəlirdi. 

Qulağı  dəlmək  üçün  əvvəl  onu  yumşaq  kül  ilə  ovur,  sonra 

yeməlı  yağla  sarı  küldə  yoğrulmuş  sapı  iynəyə  saplar,  qabaq-

cadan ucu odda yandırılmış iynənin ucu ilə qulağı dələr, sapdan 



 

444 


qırıb halqa kimi düyünləyirdilər. Bu iş deşiyin yenidən örtülmə-

məsi  üçün  idi.  Neçə  gün  sonra  uşağın  anası  sapı  kəsib  uşağın 

qulağını təmizləyirdi. 

  


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin