ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix03.02.2017
ölçüsü4,07 Mb.
#7453
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

İkinci söyləmə 

 

Deyirlər  bir  zaman  bir  kənddə  gecələr  qurd  gəlib  uşaqları 



apararmış.  Kənd  əhalisi  kəndin  ətrafında  gecələr  səhərə  təkin 

keşik  çəkərmiş.  Amma  genə  də  bu  iş  davam  tapar,  gecədə  bir 

uşaq yox olarmış.  

Kəndlilərin  biri  bu  barədə  öz  arvadından  şübhələnir.  Gecə 

oyaq qalaraq, güdüb arvadın yerindən durub eşiyə çıxmasını görür. 

Kişi  də  onun  dalısınca  durub,  onu  pusur.  Görür  ki,  arvad  qalağın 

içinə  girdi.  Amma  bir  az  sonra  qalağın  içindən  bir  qurd  çıxıb 

duvardan atılıb getdi. Səhər işıqlananda isə gördü ki, qurd qayıdıb 

gəlib,  qalağa  daxil  oldu,  az  müddətdən  sonra  isə  arvad  qalaqdan 

çıxıb gəlib yerinə girdi. Səhər arvad kəhrizə su gətirməyə gedəndə 

kişi qalağa girib, onun qurd donunu yandırır. Donun yanmaq iyisi 

kəhrizdə arvadın burnuna dəydikdə, səyənki yerə çırpıb evə qaçır. 

Amma don yanıb qurtarmış, arvad isə rahatlığa çıxmışdı.  

 

Cinlər ilə bağlı söhbətlər 

 

Keçmiş  evlərdə  hamam  yox  idi.  Ümumi  hamamlar  kişilər 



üçün olub. Arvadların ayrıca hamam günü olardı. Kişilər, xüsu-

sən  namaz  qılanlar  qüsul  etmək  üçün  səhər  tezdən  durub  ha-

mama gedərdilər. 

Bir  nəfər  səhər  tezdən  durub  hamama  gedir.  Gedir  görür 

hamam açıqdı, gəl-get var, bu da gedir bir tərəfdə soyunub içəri 

girir.  Əvvəl  xəzinəyə  girir,  sonra  çıxıb  bir  guşədə  kisə  çəkmək 

istəyir. Birdən gözləri çimənlərdən birinin ayağına sataşır. Görür 

ki,  bunların  ayaxları  keçi  ayağı  kimidi.  O  birilərə  baxır  görür 

bəli...  hamısının  keçi  kimi  dırnaqları  var.  İşi  anlayıb  tələsik 

durub  eşiyə  qaçıb  paltarlarını  geyir.  Üzünü  hamamçıya  tutaraq 

deyir: – Usta içəridəki adamların hamısının dırnaqları var.  

Camadar  qıçını  altından  çıxardaraq  deyir:  –  Yəni  bu 

cürdürlər?  

Kişi görür ki, onun dırnağı var, qorxudan yıxılıb huşunu itirir. 



 

334 


Hacı ilə şeytan 

 

Bir  gün  bir  lotu  adamın  işi  çox  dala  düşmüşdü.  Günü  çox 



pis keçirdi. Şeytanın ürəyi lotuya yandı. Yanına gəlib dedi: 

– Lotubaşı niyə belə qəmginsən?  

Lotu  dedi:  –  Vallah,  bir  yandan  gəlirim  gəlmir,  xərcliyim 

yoxdu, bir yandan borclu düşmüşəm, güzaranım çox pis keçir.  

Şeytan dedi: ─ Qüssə eləmə, mən bir yaxşı ərəbi at olaram, 

apar məni sat, xərclə. Şeytan bunu deyib,  vird oxuyub  bir  ərəbi 

at  oldu.  Lotu  sevincək  atın  cilovundan  yapışıb,  şəhərə  çıxartdı. 

Bir  dövlətli  Hacının  qapısının  qabağına  gətirdi.  Hacı  eşiyə 

çıxanda gözü bir gözəl ata sataşdı.  

Hacı dedi: – Lotubaşı, bu atı haradan almısan? Nə yaxşı atdı.  

Lotu  dedi:  –  Hacı  ağa,  bu  atı  əmirlərdən  biri  mənə  bağış-

layıb, satıram.  

Hacı dedi: – Neçəyə deyirsən? 

Dedi: – On min tümənə. 

Hacı dedi: – Yaxşı atdı, amma bu qiymətə dəyməz. 

Lotu dedi: – Hacı ağa, bundan artığa dəyər, pula ehtiyacım 

var ona görə satıram. 

Oyan- buyan Hacı atı lotudan 8 min tümənə alıb evə apardı. 

Hacı  atın  şövqündən  yerdə-göydə  durmurdu.  Bir  təmiz 

otağı  boşaldıb,  atı  oraya  bağladı.  Pərvanə  kimi  onun  başına 

dolanırdı, sığallayıb tumarlayırdı. 

Axşamçağı  özü  atın  cilovundan  yapışıb,  onu  suvarmağa 

gətirir. At ağızını su axan  lüləyə dayayıb  içməyə  başlayır. Hacı 

da  ləzzət  ilə  ona  baxaraq,  ağzı  ilə  fışqırıq  çalırdı.  Bir  də  gördü 

atın  ağzı,  burnu  su  lüləsinin  içinə  girib.  Hacı  gördüyünə  inana 

bilmirdi.  O  yekəlikdə  atın  başı  bu  darlıqda  su  lüləsinə  necə 

girirdi.  Dili  tutulub  mat  qalmışdı  ki,  bir  də  gördü  atın  başı 

tamamilə  su  lüləsinin  içindədi.  Hələ  atın  boynu  da  yarıya  kimi 

lüləyə  girmişdi.  Hacı  hər  nə  gücü  var  idi  cilovu  çəkdi.  Atın 

qabaq ayaqları da lüləyə girdi. Hacı çığırıb haray çəkdi. Uşaqlar 

Hacının dövrəsini alıb, işin nə yerdə olduğunu soruşdular.  


 

335 


Hacı  dedi:  –  Nə  olacaq,  evim  yıxılıb,  səkkiz  min tümənlik 

atım su içərkən girdi su lüləsinə.  

Uşaqlar qah-qah çəkib güldülər, Hacını huya basaraq dedilər: 

–  Hacı,  dəli  olmusan,  ya  nədi?  O  yekəlikdə  at  nə  cür  bu 

darlıqda lülənin içinə girə bilər? 

Hacı hirslənib uşaqları qovaladı ki: 

–  Dəli  özünüzsüz,  cədd-əbadızdı,  hələ  mənim  öz  dərdim 

özümə bəs deyil, mənə dəli adı da qoyursuz... 

Bu zaman böyüklər yığılıb Hacını danlayıb dedilər: 

 – Hacı, sənin saqqalın ağarıb, nə üçün uşaqlara baş qoşursan? 

Hacı dedi:  –  Axı  bilmirsiz,  mənim atım su  içəndə, su  lülə-

sinin içinə giribdi. İndi bular da mənimlə baş-başa qovuşurlar ki, 

Hacı dəli olubdu. 

Dedilər:  –  Axı,  Hacı,  sən  özün  bir  fikirləş,  gör o yekəliklə 

at  nə  cür  bu  darlıqda  lülənin  içinə  girə  bilər.  Bu lüləyə  barmaq 

da girə bilməz.  

Hacı dedi:  – Vallah,  mən də bilirəm ki, ağıla sığışan  iş de-

yil,  amma  nə  eləyim.  Mən  öz  gözüm  ilə  gördüm  ki,  at  bu  su 

lüləsinə girdi. 

Camaat dedilər: – Biçarə Hacı dəli olubdu. 

Hacı bu sözü eşitdikdə, genə də hirslənib xalqa hücum gəti-

rərək  yamanlanmağa  başladı.  Xalq  da  onu  huya  basıb,  oynat-

mağa  başladı.  Bu  zaman  məmurlar  gəlib,  Hacını  tutub  idarəyə 

apardılar.  Orda  davanın  səbəbini  soruşduqda,  Hacı  qəziyyəni 

onlara da nəql elədi. Qazi başını tovlayıb dedi:  

– Hacını dəlixanaya aparın, qalar evdə arvad-uşağa sədəmə 

vurar. Yaxşı olandan sonra evinə qaytarın. 

Hacı  dəlixanada  özünü  dəlilər  arasında  gördükdə,  vəhşətə 

düşüb çığırıb səs salmağa başladı ki: – Axı, mənim haram dəlidi, 

məni niyə buraya salmısız? 

Məmurlar  dedilər:  –  Hacı,  eyb  eləməz,  inşallah  tezliklə 

toxtarsan. 

Sabah  doktor  gəlib  Hacı  ilə  keyf-əhval  etdikdən  sonra  biri

ı  d  Hacı,

d   

kd


 

336 


Doktor  dedi:  –  Hacı,  məncə  səndə  heç  nə  yoxdu,  mən 

təəccüb edirəm ki, səni buraya salıblar. 

Hacı dedi: 

– Doktor, vallah,  mənim  heç  nəyim  yoxdur, fəqət bir  haqq 

söz danışdığım üçün məni gətirib buraya salıblar. 

Doktor dedi: 

– O haqq söz nədi? 

Hacı dedi: 

–  Sözün  düzü  bir  gözəl  at  almışdım.  Apardım  suvaram, 

əvvəlcə  başı,  sonra  da  tamam  bədəni  su  lüləsinin  içinə  girərək 

qeyb oldu. 

Doktor gördü ki, ağlı çox da salim deyil. Gətirib bir neçə iynə 

vurdu.  Sonra  da  neçə  nəfər  Hacının  dostlarından  onun  dəli  ol-

duğunu  soruşmaq  üçün  gəldilər.  Çoxlu  söhbət  etdikdə,  hamısı 

təəccüb etdilər ki, Hacı bu ağıl-huşu ilə nə üçün dəlixanaya salınıb. 

Ancaq fəqət at barəsində dediyi sözlər onun dəliliyini göstərirdi. 

Onlardan  bir  neçəsi  doktorun  yanına  gəlib,  ona  dedilər  ki, 

Hacının  hər  zadı  düzgün  və  öz  yerindədi,  fəqət  bu  at  barəsində 

danışanda çaşır. İndi bir cürlük ilə, o kəlməni başından çıxardın 

getsin işinin dalınca. 

Sabah doktor gəlib Hacıdan soruşdu: 

– Hacı, at necə oldu? 

Hacı dedi: – At girdi su lüləsinə. 

Doktor  göstəriş  verdi,  iki  nəfər  Hacını  yerə  uzadıb  yoğun 

ağacla  döyməyə  başladılar.  Hacının  bağırtısı  göyə  çıxdı.  Sabah 

doktor genə gəlib, Hacıdan soruşdu ki: – Hacı, at hara girdi?  

Hacı dedi: – Su lüləsinə. 

Doktor genə əmr elədi, Hacını saldılar kötək altına.  

Bir  aya  qədər  hər  gün  doktor  Hacıdan  bu  sözü  soruşdu. 

Hacı da bu cavabı verirdi və doktor da onu ağac altına saldırırdı 

ki,  bəlkə  bu  sözü  başından  çıxarda.  Bir  gün  dostlardan  biri 

Hacının yanına gəldi, gördü Hacı bir dəri, bir sümük olubdu. 

Soruşdu ki: – Hacı niyə belə olubsan? 

Hacı dedi: – Bəs ki, məni döyüb incidirlər. 



 

337 


Dostu dedi: – Nə üçün səni vururlar? 

Hacı  dedi:  –  Mən  bir  at  almışdım.  At  su  içəndə  girdi  su 

lüləsinə.  Odu  ki,  gündə  məni  vururlar  ki,  niyə  deyirsən  at  girib 

su lüləsinə. 

Dostu dedi: – Hacı elə şey olmaz ki... 

Hacı dedi – Axı mən öz gözümlə gördüm ki, at girdi su lü-

ləsinə. 

Dostu  dedi:  –  Tutax  ki,  düz  deyirsən.  Amma  sən  görürsən 

ki, bu söz üstə gündə səni döyürlər, demə,  yoxsa, bu kötəklərin 

altında ölərsən. 

Hacı bir az düşünüb, dedi: – Sən düz deyirsən, bunlar məni 

öldürərlər.  Sabahdan  daha  demərəm.  Sabah  doktor  gəlib 

soruşduqda Hacı dedi: 

– At əlimdən qurtarıb qaçıb. 

Doktor dedi: – At su lüləsinə girməyibdi? 

Hacı dedi: – Əlbəttə ki, yox. O yekəlikdə at necə su lüləsinə 

girə bilər? 

Doktor  sevinib  dedi:  –  Hacı  yaxşı  olubdu,  daha  boşlayın 

getsin.  Hacı  evinə  qayıtdıqda,  su  lüləsinin  qabağından  keçəndə 

bir  də  gördü  ki,  atın  qulaqları  və  burnu  su  lüləsindən  eşiyə 

çıxıbdı. Dedi: 

–  Mən  bilirəm  ki,  sən  oradasan,  amma  o  kötəklərin  qor-

xusundan daha deyə bilmərəm. 

 

 



 

338 


NAĞILLAR 

 

AĞ AT, QARA AT 

 

Biri var idi, biri yox idi. Allahdan qeyri heç kəs yox idi. Bir 



padşah  var  idi.  Bu  padşahın  bircə  qızı  var  idi  ki,  çoxları  elçi 

gəlmişdilər. Amma şahın qızı bir şərt qoymuşdu. O da ibarət idi 

bir neçə tapmacadan, demişdi hər kim bu tapmacaların cavabını 

verə  bilsə,  ona  gedəcəm.  Padşah  da  hər  yerindən  duran  qızına 

elçi gəlməsin deyə tapmacanı tapa bilməyənlər üçün ölüm cəzası 

nəzərdə  tutmuşdu.  Bir  neçə  nəfər  gəlib  tapmacanı  tapa  bilmə-

dikləri  üçün  həbsə  alınmışdılar.  Müntəzir  idilər  ki,  onların  sayı 

qırxa yetişəndə hamısının bir yerdə boyunlarını vursunlar. 

Bu zaman bir div tanınmamaqdan ötrü özünü adam şəklinə 

salıb şəhərə gəlmişdi. Amma ölüm cəzasından qorxurdu, çalışır-

dı ki, bir təhər o tapmacaların cavabını ələ gətirsin, sonra elçiliyə 

getsin, o gözəl qızı ələ gətirib yesin. 

Hər gün gedib qızın bağının ətrafında gəzərək qızı görürdü. 

Bir  gün  qız  bağa  gəlib  bir  duvarın  ayağında  köşkdə  oturub  öz-

özü  ilə  danışırdı.  Div  də  duvarın  o  biri  tərəfində  gizlənib  qulaq 

asırdı ki, bəlkə onun sözlərindən bir şey ələ gətirə bilə. Qəzadan 

qız ki öz-özünə danışırdı, birdən öz elçiləri yadına düşdü ki, heç 

birisi dediyi tapmacaları aça bilməmişdilər. Qız ki özünü bağda 

tək  gördü,  uca  səslə  gülərək,  dedi,  axı  bu  tapmacaları  açmaq 

çətin  deyil,  qara  toyuq  qarnı,  qarnı  yarıq,  haman  buxarıdır  da. 

Bunu  bilməyə  nə  var?  Bizim  evdən  sizin  evə  yol  salmış  da 

siçandır da, bunun da bir çətinliyi yoxdur ki. 

Bunu da deyək ki, qədimdə kəndlərdə damın duvarında bir 

ocaq  qayırıb  divarın  içindən  də  tüstü  çıxmaq  üçün  bir  lülə  yol 

dama  düzəldərdilər.  Buna  buxarı  deyilərdi.  Onun  içi  qaralardı. 

Bu tapmaca o buxarıya aid idi. 

Hər  halda  div  duvarın  dalısından  bu  sözləri  eşitcək,  haman 

xoşhal  olub,  sabah  şahın  sarayına  gedib  qızına  elçi  olduğunu  bil-

dirdi. Padşah əvvəlcə ona nəsihət verdi. Dedi cavansan özünə rəhm 


 

339 


elə.  Çoxları  gəlib,  bu  müəmmanı  aça  bilməyərək,  həbsə  düşüb 

ölümlərinin intizarındadılar. Div israr elədi ki, yox mənim qanım o 

birilərindən qırmızı deyil. Nəhayət, padşahın qızı gəlib arada çəki-

lən bir pərdənin dalında oturub, müəmmalarını şərh elədi: 

– Qara toyuq, qarnı yarıq? 

Div cavab verdi ki, bu duvar buxarısıdı. 

Qız təəccüb etdi, amma bir söz deyə bilməzdi, çünki bu şər-

ti  o  özü  qoymuşdu.  Çarəsiz  qalaraq  ikinci  tapmacanı  belə  şərh 

elədi: 

– Bizim evdən sizin evə yol salmış? 



Div dedi: – O da siçandı. 

Hamı heyrətdə qaldı, qız təəccübdə qaldı, atasına dedi: - Mən 

bu  adama  getmək  istəmirəm.  Atası  dedi  bu  qeyri-mümkündü, 

mən  neçə  nəfəri  bu  məsələ  üstündə  zindana  salıb  məhbus  et-

mişəm. İndi ki bu cavan o tapmacaları açıbdı, sən ona getməlisən.  

Beləliklə, div gedib iki at, biri ağ, biri qara gətirdi. Əvvəlcə 

ağ atı qabağa gətirdi. Qız minmək istədikdə, qara at səsləndi ki, 

ona minmə, yoxsa dərdi-sərə, bədbəxtliyə düşərsən, mənə min.  

Qız qara ata sarı gəlib ona mindi. Div ağ ata minib padşahla 

görüşüb  yola  düşdü.  Yolda  div  qıza  dedi  sən  get,  mən  atdan 

yenirəm  ki,  patavalarımın  bağını  bağlayım.  Qız  qara  atın 

üstündə getməkdə oldu. Qara at qıza dedi: – Dön bir dalıya bax, 

gör nə görürsən? Qız baxıb gördü ki, bir div gəlir, alt dodağı yer 

süpürür, üst dodağı göy süpürür. Qara at dedi ki, o, haman sənin 

ərindi ki, öz həqiqi qiyafəsini tapıbdı. İndicə gəlib, səni  bir tikə 

eləyib, yeyəcək.  

Qız dedi: – Bəs nə etməliyik? 

Yol üstə bir ağac  var  idi. Qara at onun  yanında durub qıza 

dedi:  –  Sən  çıx  ağacın  başına,  mən  burada  olsam,  qoymaram 

sənə bir ziyan yetişsin. O, səni öz qəsrinə aparıb axırıncı otaqda 

zəncirə çəkəcək, sonra rahatlıqla gəlib səni yeyəcək. Amma mən 

hər  nə  cür  olsa,  sənə  nicat  verməyə  gələrəm.  Nə  vaxt  mənim 

səsimi  eşitdin,  bil  ki,  qapıları  sındırıb  eşiyə  çıxmışam.  Üçüncü 

səsdən sonra sənin yanındayam. 



 

340 


Qız atın üstündən əlini uzadıb, bir budaqdan yapışıb ağacın 

başına çıxdı. Div gəlib gördü ki, əli qıza çatmayacaq, bir yandan 

da  qara  atdan  qorxurdu.  Qara  atın  noxtasından  yapışıb,  öz 

imarətinə aparıb, altı otağın içindən keçirib, yeddinci otaqda onu 

zəncirlədi,  qızın  yanına  qayıtdı,  dişlərini  qayçı  kimi  ağaca  çək-

məyə başladı. Bu zaman qara atın səsi eşidildi. Qız bildi ki, qara 

at  zəncirləri  qırıb.  İkinci  səsi  eşidəndə  bildi  ki,  qara  at  qapıları 

sındırıb,  imarətdən  eşiyə  çıxıbdı.  Div  dişlərini  hələ  ağaca  çək-

məkdə  idi.  Ağac  yerə  yıxılan  zaman  qara  at  üçüncü  dəfə  səslə-

nərək  özünü  yetirib,  iki  ayaqları  ilə  divin  kəlləsinə  elə  çaldı  ki, 

div  yerə  düşüb  huşdan  getdi.  Qız  tez  atılıb  qara  atı  minərək, 

oradan  uzaqlaşdı.  Onlar  yolda  bir  çobana  rast  gəldilər.  Qız  hər 

nə  qızıl  bəzəyi  var  idi,  çobana  verib,  onun  paltarını  alıb  əyninə 

geydi, öz paltarlarını isə çobana bağışladı. Gəlib-gəlib bir şəhərə 

çatdı. Hər kəs adını soruşdu dedi: “Alı”. Gedib o şəhərin padşa-

hının sarayında, şahzadəyə nökər oldu. Şahzadə onun gözəlliyin-

dən heyrət qalmışdı. Onun barmağında üzük yeri və biləklərində 

bilərzik  yerini  gördükdə,  şəkkə  düşdü.  Anasına  dedi:  –  Ana 

bunun barmağında üzük yeri, qollarında bilərzik yeri var. 

Anası dedi: – Bir zad dəyil, onu imtahan edərik. Ona güldən 

yataq düzəlt, qız olsa, güllər ölüşgüyər, amma oğlan olsa, yox. 

 Şahzadə  onun  yanına  gəlib  dedi:  –  Alı,  bu  gecə  yataq- 

larımızı güldən düzəldib, gül üstə yatacağıq.  

Qız  gəlib  bu  sözü  qara  ata  dedi.  Qara  at  dedi:  –  Sən 

səhərədək  yerdə  yat,  səhərə  yaxın  durub  güllərin  üstündə  yat, 

beləliklə, güllər ölüşgəməz. 

 Qız elə o cür elədi.  

Şahzadə  səhər  gəlib,  baxdı  gördü  güllər  təzə  qalıbdı. 

Anasına dedi ki: – Ana, güllər əsla ölüşgəməmişdir. Amma onun 

əllərində  bilərzik  yeri,  barmağında  üzük  yeri  var,  mən  yəqin 

bilirəm ki, Alı qızdı.  

Anası  dedi:  –  Sabah  onunla  güləş,  o  zaman  bilərsən  ki,  o 

qızdı, ya oğlan. 

 Şahzadə Alıya dedi ki, sabah mənimlə güləşəcəksən.  



 

341 


Qız genə gəlib macəranı qara ata danışdı. Qara at dedi: – İki 

cəviz  ilə  bir  yerkökü  şalvarında  gizlət,  o,  sənə  əl  atacaq,  onda 

sənin  oğlan  olduğunu  yəqin  edəcək.  Bu  hadisə  də  o  cür  oldu. 

Şahzadə gəlib macəranı anasına söylədi, lakin dedi ki, mən hələ 

də  inanmıram.  Çünki  onun  qolunda  bilərzik  yeri,  barmağında 

üzük yeri var. Ana, vallah, Alı qızdı. 

 Anası  dedi:  –  Belə  olsa,  sabah  onu  göl  başına  apar,  ikiniz 

də soyunub göldə çimin. Onda daha səndə şübhə yeri qalmaz.  

Qız genə qara atın  yanına gəldi. Qara at dedi:  – Daha çarə 

yolu qalmayıb, sözün düzünü ona de. Sabah qız şahzadəyə dedi 

ki,  o  qızdı.  Lakin  divin  macərasını  ona  demədi.  Şahzadə  bu 

xəbəri eşitdikdə sevindi. Ona arvad paltarı geyindirib onu aldı. 

Yeddi gün, yeddi gecə toy tutdurdu. Bir müddət keçdikdən 

sonra şahzadə padşahlığa çatdı. Məmləkətə baş çəkmək  məqsə-

dilə bir uzun səfərə getməli oldu. Qız boylu idi. Doqquz ay, doq-

quz gün, doqquz saat, doqquz dəqiqə keçdikdən sonra gözəl bir 

oğlan  dünyaya  gətirdi.  Şahzadənin  anası  bir  kağız  yazıb,  bir 

nökərin  vasitəsi  ilə oğluna göndərdi. Yazdı ki, oğlun olmuşdur, 

tezliklə  evə  qayıt.  O tərəfdən  div  qızdan  bir  xəbər  bilmək  üçün 

yeddi yolun üstündə bir ev salıb gəlib-gedənlərdən qızı sorağla-

şardı.  Haman  nökər  oradan  keçəndə,  div  onun  hara  getdiyini 

soruşdu. Əhvalatdan xəbər tutdu. Ona gecə orada qalmağı dəvət 

etdi.  Gecə  durub  onun  ciblərindən  kağızı  tapıb  oxudu.  Sonra  o 

kağızı  cırıb,  bir  ayrı  kağız  anasının  dilindən  yazdı  ki:  –  Oğul, 

aralıq  qızı  elə  bundan  artıq  olmaz.  Sən  gedən  gündən  hər  gün 

biri  ilə  oyan-buyandadır.  Daha  bizdə  abır-həya  qoymayıbdır. 

Kağızı  qoydu  nökərin  cibinə.  Səhər  nökər  gedəndə  sifariş  elədi 

ki,  qayıdan  baş  da  gəlib  ona  qonaq  olsun.  Nökər  getdi  kağızı 

şahzadənin  əlinə  yetirdi.  Şahzadə  kağızı  oxuduqda  çox  narahat 

oldu. Həm də çox təəccüb elədi. Cavabında yazdı ki, mən tezlik-

lə qayıdacağam,  mən gəlincə  bir təhər keçinin, ta gəlim, görüm 

qəziyyə nədi? Nökər kağızın cavabın alıb yola düşdü. Gecə genə 

gəlib  divə  qonaq  oldu.  Div  oyanandan  sonra  kağızı  onun 

cibindən  çıxardıb  bir  ayrı  kağız  onun  yerinə  qoydu  ki:  “Mən 



 

342 


gəlincə, onun uşağını da ətəyinə qoyub, evdən eşiyə qovun. Mən 

gəlib onu orada görsəm, hamınızın boynunu vurdutduracağam”. 

Kağızı  anaya  verdilər,  ana  da  gəlinə  verdi  ki,  oxusun.  Gəlin 

kağızı oxuyub ağladı. Kağızın məzmununu anaya dedi. Ana bil-

mirəm  nə  üçün  belə  yazıbdı.  Amma  ki,  o  şahdı,  gəlsə  məni  də, 

səni  də,  oğlunu  da  öldürər.  Sən  başın  sağ  qalmaq  üçün  uşağını 

götürüb bu diyardan çıx get.  

Qız ağlar gözləri ilə qara atı minib, uşağını qucağına alaraq, 

baş  alıb  getdi.  Bir  biyabandan  keçərkən  qara  at  dedi:  –  Mənin 

ömrüm başa çatmışdır. Sən daha tək qalacaqsan, ölümə dünyada 

çarə  yoxdur.  Lakin  mən  öləndən  sonra  mənim  qarnımı  yırt  və 

bağırsaqlarımı  dövr-ha-dövr  hasar  kimi  ətrafına  çək,  özün  də 

uşağın ilə mənim qabırğalarımın arasına gir. Beləliklə, hər xətər-

dən, amandan qalarsan. 

Qara  at öldü.  Qız  o  dediyi  kimi  onun  qarnını  söküb  bağır-

saqlarını  dövriyə  çəkdi.  Özü  də  uşağı  ilə  onun  qabırğalarının 

arasına  sıxıldılar.  Səhər  göz  açıb  gördü  atın  qabırğaları  böyük 

bir  imarət  olub,  bağırsaqlar  da  uca  bir  hasar  divarına  çevrilib. 

Arada  bir  bağ  gülşən  olub,  hər  cür  meyvə  ağacı  desən  onda 

tapılar. Beləliklə, qız orada yaşamağa başladı.  

O tərəfdən şahzadə səfərdən gəlib arvad-uşağını görmədik-

də  macəranı  soruşdu.  Anası  kağızı  göstərib  dedi  ki,  özün  yaz-

mışdın.... 

Şahzadə  dedi  bu  mənim  yazdığım  kağız  deyil.  Nökərdən 

təhqiqat  etdikdə  məlum  oldu  ki,  o  gedib-gələndə  gecələri  bir 

yerdə  qonaq  qalmışdı.  Adam  yollayıb  divi  tutdurub  öldürtdü. 

Amma daha qızdan, oğlundan bir xəbər almadı. 

 Bir gün şah şikara çıxmışdı. Bir şikar  vurdular, amma od-

ocaq olmadığı üçün yaxında bir imarət gördükdə oraya sarı yol-

landılar. Lakin imarətin əzəmətindən heyrətə gəldilər. Fikirləşdi-

lər kimdir ki, biyabanda belə bir imarət saldırıb, şəhərdən, kənd-

dən  uzaq  yaşayır?  İmarətdən  tüstü  çıxdığını  gördükdə  nökər-

lərinə dedi ki, o şikarı aparıb, o evdə kabab edib gətirsinlər. Nö-

kər gəlib qapını döydü. Qız qapını açdı. Nökər ağasının xahişini 



 

343 


dedi.  Qız  dedi  gəl  bişir.  Nökər  tərif  etdikdə,  o  şəxsin  onun  əri 

olduğunu  başa  düşdü.  Nökər  imarəti  görüb  ağzı  açıla  qalmışdı. 

Bir  də  gördülər  ki,  kabablar  yandı.  Qız  dedi:  –  Ey  ağasından 

ağıllı, kabablar yandı. 

Qız dedi ki, yoldaşlarına de ki, bu gecə mənə qonaq olsunlar. 

Nökər yanıq kabablarla ağasının yanına qayıtdı, xanımın dediklərini 

ona  dedi.  Şah  başının  adamları  ilə  imarətə  getdi.  Qız  üzünə  niqab 

salıb  onları  qəbul  etdi.  Onlar  yatandan  sonra  meyvələrdən  dərib, 

şahzadənin  xurcununa  doldurdu.  Qonaqlar  getmək  istədikdə  qız 

bildirdi  ki,  xurcunlarınızı  axtaracağam,  görüm  buradan  bir  şey 

götürüb  aparmırsınız  ki.  Yoxlayanda  şahın  xurcunundan  meyvələr 

çıxdı.  Qız  şaha  dedi  ki,  sən  burda  oğurluq  eləmisən.  Bunlar 

getsinlər,  amma  sən  burada  qalmalısan.  Şahın  yoldaşları  eşiyə 

çıxandan sonra qız üzünü açdı. Şah gördü ki, bu, onun öz arvadıdı. 

Şah  çox  üzrxahlıq  elədi.  Məktubun  dəyişilməsini  də  nağıl  elədi. 

Dedi bəs bu oğlan da mənim oğlumdu? Arvadı dedi, bəli. 

Onlar  oradan  çıxıb  şəhərə  gəldilər,  şadlıq  elədilər.  Onlar 

yedilər,  içdilər,  qara  yerə  keçdilər.  Siz  də  yeyin-için.  Mətləbi- 

muradınıza yetişin. 

 

YEDDİ QARDAŞ BİR BACI 



 

Biri  vardı,  biri  yoxdu,  bir  arvadın  yeddi  oğlu  vardı.  Bu 

arvad  genə  də  boylu  olur,  oğlanlar  şikara  gedirlər,  deyirlər  ana 

bu dəfə də oğlan doğsan bir daha bu evə ayax qoymayacayıq.  

Ana deyir: – Əgər qız doğsam qapıdan bir ələk asaram. Yox, 

əgər oğlan doğmuş olsam, qapıya bir tüfəng asaram ki, biləsiz.  

Arvad  bir  qız  doğdu,  qonşunun  arvadına  dedi  ki,  qapıdan 

bir ələk as, çünki oğlanlarıma demişəm qız doğsam qapıya ələk 

asacam,  oğlan  doğsam  tüfəng.  Əgər  tüfəng  assam,  oğlanlarım 

qoyub gedərlər, bir daha bu evə qədəm qoymazlar. 

Qonşu arvad çox paxıl  idi,  ələk əvəzinə qapıdan bir tüfəng 

asdı.  Oğlanlar  şikardan  qayıdanda  uzaxdan  tüfəngi  görüb  qa-

yıtdılar. Gedib uzaxlarda dam-daş tikib orada qaldılar. Günüzlər 

şikara gedir, ovladıqlarını gətirib yeyirdilər.  



 

344 


Bu  qız  böyüdü.  Bir  gün  bir  qoyun  qarnı  almışdılar,  apardı 

su  başında  yusun.  Birdən  bir  qarğa  gəlib  qarını  götürüb  apardı. 

Qız  quşun  dalısınca  qaçdı.  Qarğa  gəlib  qardaşların  duvarına 

qondu.  Qız  hər  tərəfə  baxdı,  gördü  duvarlar  ucadır.  Darvaza  da 

bağlı  idi.  Su  gilifi  vardı,  ordan  həyətə  girdi,  qarnı  qarğanın 

ağzından aldı, amma qayıdanda axtardı, su yolunu tapa bilmədi. 

Otaqların  qapısı  açıq  idi.  İçəri  girib  evi  tör-töküntü,  toz-torpaq 

basmış  gördükdə  ev-eşiyi  silib-süpürüb,  təmizlədi.  Evdə  ət 

vardı, qazana töküb bişirdi, qardaşlar gələnə yaxın gedib döndər-

mənin  altında  gizləndi.  Oğlanlar  evə  gəldikdə  xörəklərini  hazır 

görüb  təəccüb  qaldılar.  Bunun  kimin  işi  olduğunu  bilmədilər. 

Qərara gəldilər ki, sabah qardaşlardan biri damda gizlənsin,  ba-

cadan evi güdsün, görsün xörəyi bişirən kimdi? 

Böyük qardaş dedi: – Mən qalaram, siz gedin şikara.  

Böyük  qardaş  damda  oturub,  gözlərini  bacadan  içəriyə  zil-

lədi.  Bir  müddətdən  sonra  yuxusu  tutdu.  Qız  döndərmənin  al-

tından onun yatdığını gördükdə eşiyə çıxıb, evi təmizləyib, xörəyi 

bişirib, genə də döndərmənin altında gizləndi. Qardaşlar gəlib evi 

genə  təmiz  görüb,  xörəyi  hazır  gördükdə  böyük  qardaşlarından 

bunun səbəbini soruşdular. Amma o dedi ki, heç kimi görməyib. 

Bir zaman gördüm ki, ev süpürülüb, xörək isə bişibdir.  

Sabah  ikinci  qardaş  dedi  mən  qalacağam,  görüm  bu  işləri 

görən  kimdi,  haradan  gəlir?  Sabah  o  da  bir  müddət  bacadan 

gözlərini evin  içinə zillədi, sonra onu da yuxu apardı. Qız çıxıb 

evi-eşiyi  süpürüb-təmizləyib,  xörəyi  bişirib,  genə  də  gedib 

döndərmənin  altında  gizləndi.  Altı  qardaş  bu  cür  oldular.  Kiçik 

qardaşa  növbə  yetişəndə,  dedi  mən  bu  gün  bu  işin  üstünü 

açaram.  O  da  bir  müddət  bacadan  içəri  baxdı,  bir  zaman  gördü 

gözlərini  zilləməkdən  yuxusu  tutur.  Barmağını  kəsib,  üstünə  az 

duz  tökdü,  onun  acışmasından  daha  yuxusu  qaçdı.  Amma 

yalandan  özünü  yuxuya  vurdu.  Bir  zaman  gördü  ki,  bir  qız 

döndərmənin altından çıxıb, evi süpürməyə başladı. Tez damdan 

aşağıya yenib, qızdan soruşdu ki: – “Sən kimsən?”  


 

345 


Qız  başına  gələnləri,  oraya  girməsini  nağılladı.  Axşam 

qardaşlar  qızı  evdə  görəndə,  dedilər  elə  biz  yeddi  qardaşa  bir 

bacı lazımdır. Belə yaşamağa başladılar.  

Bir  gün  bacı  naxoşlayıb  ölüm  ayağına  düşdü.  Qardaşların 

əllərindən bir  iş gəlmirdi. Bir dəvə gətirib üstünə xurcun qoyub 

qızı  bir  taya,  o  biri  taya  da  qızıl-gümüş  doldurdular.  Bir  kağız 

yazıb içinə qoydular ki, hər kim bu dəvəni tapsa, bu pulları qızın 

sağalmasına, ya əgər ölsə, onu “kəfən və dəfn” etməyə xərcləsin. 

Dəvəni  gətirib,  bir  yola  ötürdülər.  Dəvə  baş  alıb  getdi,  bir 

şəhərdə bir şahzadə dəvəni görüb ovsarından yapışıb öz sarayına 

apardı.  Orda  yükü  açdıqda,  bir  qızın  cənazəsini  və  bir  tay  dolu 

qızıl-gümüş  gördülər.  Kağızı  oxudular.  Bir  ayna  gətirib  qızın 

burnunun  qabağına  tutdular.  Gördülər  ki,  qızın  hələ  nəfəsi  var, 

ölməyibdir.  Həkim  gətirib  dava-dərman  etdikdə  qız  sağaldı. 

Şahzadə qızı aldı. Bir ildən sonra bir oğlan sahibi oldular. Oğlan 

böyüyüb  yeddi  yaşına  çatdı.  O  tərəfdən  də  qardaşlar  bir 

müddətdən sonra bacılarından bir xəbər tutmaq fikrinə düşdülər. 

Hər biri bir libas ilə hərəsi bir tərəfə düşüb bacılarını ölmüş bilib 

onun  qəbrini  axtarmağa  başladılar.  Kiçik  qardaş  çoban  paltarı 

geymişdi,  gəlib  həmən  bacısı  olan  şəhərə  çatdı.  Orada  bir  neçə 

uşaq  oynayırdı.  Uşaqların  biri  udmuşdu,  lakin  o  biri  uşaqlar 

bunu  qəbul  etmirdilər.  Biri  dedi:  –  “Get,  ey  anası  nə  bəlli, 

naməlum udmamısan”... 

 Oğlan anasının yanına qayıdıb vəziyyəti ona danışdı. Kiçik 

qardaş bunu eşidib maraqlanır, işin nəticəsini bilmək üçün orada 

oturur.  

Oğlanın  anası  ona  deyir:  –  Get,  uşaqlara  de  ki...  yeddi 

dayımın canı, udmuşam, ey udmuşam.  

Uşaq qayıdıb, bu sözü dedikdə, dayısı bilir ki, bu elə bacısının 

oğlu olmalıdı. O, saraya gedir, bacısını görüb tanıyır. Sonra düşüb 

qaradaşlarını  axtarıb  tapır,  bacılarının  yanına  gətirir.  Deyirlər  ki, 

bizim  atamız-anamız  indi  qocalıb,  biz  onların  yanlarına  getmək 

istəyirik. Qız deyir mən də gedirəm. Gəlib görürlər ata-ana qocalıb 

yerə  yapışıblar.  Ana  qızını  gördükdə,  tanıyır,  deyir  ki,  bu  sizin 



 

346 


doğma  bacınızdı.  Beləliklə,  hamı  xoşhal  olub,  şadlıqla  yaşayırlar. 

Siz də sağ-salamat olun, arzularınıza yetişin. 

 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin